Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


UNUDULMAZ SƏNƏTÇİLƏR
 

AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


 
Rac Qapur:

«Kino-sənətin yeganə növüdür ki,
milyonlarla insanın malı ola bilir,
bax, mən elə buna görə də
milyonların baxa biləcəyi
filmlər çəkməyə çalışıram.» (1985)

Məşhur hind aktyor və rejissoru Rac Qapur 1924-cü ildə doğulub – dekabrın 14-də. Əcdadları Pəncabda hərbçi-döyüşçülər kimi tanınıblar. Atası Prithvirac Qapur sonralar bombeyə gəlib öz teatrını – «Prithibvi-tietr»i yaradaraq bu sevdiyi işlə məşğul olub. Qətiyyətliliyilə seçilən bu adam hərbçi nəslindən olduğunu unutmayaraq teatrında dəmir intizam yaradıbmış. Özünə və ətrafdakılara çox tələbkarmış. Onun bu xasiyyəti olğu Raca keçibmiş. Sonralar Rac xatırlayırmış ki, «bir dəfə atam dənizdə çiməndə məni qəfil götürüb suya atdı. Sahildə bunu görən anam qışqırdı ki, «oğlumuzun boğulmağını istəyirsən nədi? Atamsa tükü tərpənmədən suda çapalamağımı seyr edirdi. Nəticədə mən tez bir zamanda üzməyi öyrəndim.»
Atası R.Qapuru teatrına ilk dəfə 6 yaşında ikən aparıb. Uşağın teatra marağını, burada olduğu müddətdə nümunəvi davranışını görüb onu axşam tamaşalarında iştirakına da izin verib. Amma balaca Rac çoxsaylı tamaşaçı nəzərlərilə qarşılaşarkən qorxaraq qucağında kuklası səhnədən qaçıbmış. Amma çox keçmədən səhnə onu çəkib, özünü epizotik rollarda sınamağa başlayıb. Atası güzəşt eləmədən onu nəinki aktyor, işıqçı, texniki işçi, hətta sil-süpür işlərini tapşırmaqdan belə çəkinməyib. Racın 14 yaşı tamam olanda qabiliyyətindən razı qalan ata axır ki dillənib: «Bu gün görən, görən səni Prithibi Racın oğlu kimi tanıyır, amma günlərin birindəsə deyəcəklər: bax, budu, Rac Qapurun atasıdı gələn.»
…Bu hadisəyəcən Racın 11 yaşı olanda ilk dəfə kinostudiyaya gəlmişdi. Atasının dostu Kidar şarma onu «İnqilab» filmində kiçicik bir rolda çəkmişdi. Get-gedə ona tapşırılan rolların sanbalı da artırdı. 27 yaşında ona «Kamalanın ölümü» filmində baş rol həvalə olundu. Sonra daha bir filmdə, özünün rejissoru olduğu – «Od»da çəkildi. Bu filmdə ilk dəfə Nərgiz də (Fatimə Rəşid) iştirak edirdi. O, Nərgizlə bir neçə il qabaq bir təsadüf nəticəsində tanış olmuşdu. Hansı bir iş dalıncasa tanınmış aktrisa Cadda-bainin yanına gedəndə qapını gözəl bir qız açmışdı. Rac onda dərhal qərara almışdı ki, gələcək filmlərində bu qız hökmən çəkilməlidi. Doğrudan da sonralar onlar bir çox filmlərdə ayrılmaz tərəfdaş oldular.
Rac Nərgizlə tanış olanda yaxın qohumu 16 yaşlı Krişna ilə evləndiyinə görə ürəyindən yəqin ki, bir təəssüf hissi keçmişdi…
Bir çox filmlərdə onlar qoşa çəkilmişdilər, ayrı təsəvvür olunmurdular, haqlarında müəyyən şayiələr dolaşırdı. Amma yəqin ki, belə deyildi. Bir kərə Rac girəvə tapı bonu öpmək istərkən Nərgiz ona elə bir təpik ilişdirmişdi ki, Rac bir xeyli müddət özünə gələ bilməmişdi. Sonralar şayiələrə son qoymaq üçün Rac belə söyləmişdi: «Yox, Nərgiz mənim sevgilim deyil, hərçənd ki, mən bunun belə olmağını istərdim. Həqiqətsə belədi: Krişna – mənim arvadım və övladlarımın anası, Nərgiz isə filmlərimin anası». O vaxtlar Racın artıq Randhir və Rişi adlı oğlanları, Rita və Rima adlı qızları vardı. Raciv adlı oğlu isə lap sonralar doğulmuşdu.
Nərgiz bütün dedi-qodu və şayiələrə biryolluq son vermək aktyor Sunil Datta ərə getmiş, bir az sonrasa daha filmlərə çəkilməyəcəyini elan eləmişdi: «Bizim duet artıq tamaşaçıları bezdirib, nəfəs dərmək zamanıdır.» Rac onu fikrindən döndərmək, çox yalvarıb-yaxarsa da Nərgiz sözünün üstdə durmuşdu. Onun gedişilə Rac Qapurun oyununda nələrsə itdi, layiqli tərəfdaşı olmadığından daha az səmimi göründü.
Racın artıq öz kinostudiyası vardı – «Rac Qapur films». İndi onun qabiliyyətinə bel bağladığı, arxalandığı baş qadın rollarının mahir ifaçısı vardı, xəyalında onu ulduz kimi görürdü. Ürəklə, əmin-arxayın yeni-yeni filmlərin çəkilişinə başlamaq olardı. Üstəlik onun Xoca Əhməd Abbas kimi ssenariçi, gözəl melodiya ustaları Şankar və Caykişan kimi bəstəkar dostları da vardı.
…«Yağışlar mövsümü»ndən sonra 1949-cu ildə məşhur «Avara» filminin çəkilişinə başlanıldı. Film yarıyacan çəkiləndə yaradıcı heyət gözlənilməz bir manne ilə qarşılaşdı. Ssenariçi – ciddi realizm tərəfdarı X.Ə.Abbas filmi Pavilyon dekorasiyaları ilə deyil Bombey məhəllələrində naturadan çəkilməsini tələb edirdi. Olan-qalan pul-para sərf olunub qurtarmışdı. Çəkilişi dayandırmalı olmuşdular. Bu məqamda dada Nərgiz çatmışdı. Toplayıb saxladığı puldan bu şərtlə keçmişdi ki, gələcəkdə filmin gəlirindən ona da pay verilsin: «Bilirəm ki, film uğur qazanacaq, sözümdən çıxma razılaş…» Rac da razılaşmışdı.
Doğrudan da bu filmin taleyi uğurlu oldu. «Avara» ilə gənc hind kinematoqrafiyası ilk böyük addımını atdı. Həm Hindistanın özündə, həm də xaricində milyonlarla tamaşaçı «Avara»nı görməyə kinoteatrlara axışdı. Racın «Avara» mahnısı dildən-dilə düşdü. Film ötən əsrin 50-ci illərinin ortalarında Moskvada, keçmiş sovet respublikalarında da göstərilməyə başlandı. Racın «Avara» mahnısını o zamanlar rus dilində böyük müğənni Rəşid Behbudov səsləndirmişdi. Rac Qapurun özü də Moskvada (ilk dəfə 1954-cü ildə), həmçinin Bakıda da olmuşdu.
Bu illərdə R.Qapurun aktyor və rejissor kimi də şöhrəti artır. 1955-ci ildə onu «Cənab 420» satirik filminə görə Hindistanın ən yaxşı rejissoru elan eləmişdilər. «Avara»dan sonra bu film də böyük uğur qazandı, bir sıra prizlərə layiq görüldü. Növbəti «Gecə qaranlığında» filmi Karlovı Varı kinofestivalında «Xrustal qlobus»la mükafatlandırıldı.
R.Qapur haqqında yazan tənqidçilər onu dəfələrlə Çarli Çaplinlə müqayisə edirdilər. Məşhur fransız kinoşünası Jorj Sadul yazmışdı: «Rac Qapurun aləmi bədbəxt, eyni zamanda fəndgir, sadəlövh varlı-karlı bığlı ağalarıyla, gözəl xanımlarıyla Çaplin dünyasını xatırladır».
Bütün bu uğurlar, əldə etdiyi gəlir onu ruhlandırdı, tam gücüylə az qala gecə-gündüz işləməyinə səbəb oldu. onun iş günü səhər saat beşdən başlayırdı. Saat yeddidə artıq kinostudiyada iş başında olur, günortadan sonra yeni filmləri üçün pul dalınca banklara və dövlət idarələrinə gedirdi. Axşam qayıdıb dərhalçəkiliş meydançasında öz yerini tuturdu.
Deyilənlərə görə o, oynadığı rolun sözlərini öyrənməyə çox vaxt itirmirdi, tez əzbərləyib yadda saxlayırdı. Musiqi təhsili olmasa da çox yaxşı oxuya bilir, az qala bütün musiqi alətlərində çalmağı bacarırdı. Rəqs eləməyi xüsusi olaraq öyrənməsə də, oynamağa, balet artistindən geri qalmırdı. Uğurlarının sirrilə maraqlananlara belə cavab verirdi: «Sadəcə, mən kinonu çox sevirəm.»
O, uğursuzluqlara da düçar olurdu. «Mən klounam» filmində Rac bunun acısını kifayət qədər dadmışdı. Filmin ssenarisini özü yazmışdı, özü də bu beş seriyadan ibarət olmalıydı. Onun qəhrəmanı seriyadan-seriyaya böyüyə-böyüyə getməliydi, əvvəlcə ingilis müəlliminə, sonra da rus sirk artistinə, lap sonra da kino ulduza çevrilən cavan avara qıza vurulmalıydı. Film çox uğursuz alınmışdı. Olduqca mürəkkəb və uzundu, tamaşaçıların onun əvvəlki filmlərində görməyə alışdığı şən zarafat, mahnı və rəqslər bu filmdə yox idi. Nəticədə film iflasla üzləşdi, sonrakı son iki seriyanı çəkməyə ehtiyac qalmadı. «Bobbi» də daxil olmaqla Rac Qapur kommersiya filmləri çəkməyə girişdi. Bunlar artıq ona elə bir şan-şöhrət qazandırmadı. Dostu X.Ə.Abbas «Bobbi» filmi üstdə ondan küsdü. (Abbasın kasıb qəhrəmanları filmdə sonda varlı-karlı adamlara çevrilmişdi ki, bu da ssenariçinin xoşuna gəlməmişdi). Elə bu zamanlarda bəstəkar Cankişan dünyadan köçdü, Rac üçün gözəl mahnı mətnləri yazan şair Şaylendra özünə qəsd elədi. 1981-ci ildə ağır xəstəlikdən sonra nərgiz də öldü… Doğrudur, Rac bu ağır itkilərin acısını yaşasa da, köhnə və sınanmış köməkçi həmkarları olmadan da işləyə bilirdi. O bunu 1981-ci ildə çəkdiyi «Məhəbbət illəti» və «Qanq, sənin suların bulanıb» filmlərilə sübut etdi, həm də göstərdi ki o, Hindistanın ən istedadlı rejissoru olaraq qalır.
Maraqlıdır ki, onun bütün qardaşları və övladları, kürəkənləri kino sahəsində külüng çalırdılar. Onların arasında istedadıyla ancaq Rişi seçilirdi. Bəlkə də elə buna görə də «Rac Qapur films» rəhbərliyində atasını məhz o, əvəz eləmişdi.
Rac Qapur son filmlərində daha çəkilmirdi. O, kinoda son dəfə ingilislərin R.Kiplinqin romanı əsasında çəkdiyi «Kim» filmindən epizodik bir rola göründü.
1988-ci ildə R.Qapur kinematoqrafiyadakı xidmətlərinə görə hind kinosunun banisi D.Phal adına mükafata layiq görüldü. Mükafatı ona Hindistan prezidenti Venkataraman təqdim etdi. Salonda yüzlərlə adımı görən R.Qapurun sevinci aşıb-daşırdı: onu hələ də sevir, xatırlayırlar.
…O. astma xəstəliyindən əziyyət çəkirdi. Günlərin birində bu xəstəlik ucundan qəfil yerə yıxılmışdı da. Onu dərhal Nyu-Dehlinin ən müasir klinikasına çatdırsalar da həkim rəyləri təsəlliverici deyildi. Onun düşdüyü xəstəxananın pəncərəsi altda minlərlə adam keşik çəkir, çarpayısı yanında çoxsaylı Qapurlar ailəsinin üzvləri bir-birini əvəzləyirdi. Vəfalı qadını Krişna ondan aralanmırdı, yanında da kinorejissor oğlanları Rişi, Randhir, Raciv, Randhirin gələcəkdə kinoulduz olacaq qızları – Karina və Karişma…
Rac Qapur – milyonların sevimli «avara»sı, bir üzü gülən, bir üzü ağlayan kloun 1988-ci ilin 3 iyununda səhər çağı dünyasını dəyişdi.
Sadə hindlilər onu külü səpələnmiş Qanqın sularını gül-çiçəyə qərq eləməkdən uzun müddət usanmadılar…