Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


SƏTTAR BƏHLULZADƏ – 100
 

Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


 

İlahi tərəfindən Azərbaycan təbiətini tərənnüm etməyə göndərilmiş dahi sənətkar, qeyri-adi insan, bu gün də bir çox rəssamların, heykəltəraşların dönə-dönə obrazını yaratmağa çalışdığı, yazıçıların, bəstəkarların onunla ən ani görüşlərilə belə bağlı xatirələrini çox böyük həvəslə qələmə aldıqları fərəhlə, qürurla danışdıqları Səttar Bəhlulzadə ilə onun İnşaatçılar prospektindəki «Rəssamlar evi» kimi tanınan binada yerləşən yaradıcılıq emalatxanasında bir neçə dəfə görüşmüşəm.
1973-cü ildə «Ulduz» jurnalında S.Bəhlulzadə haqqında yazı getməli idi. Rəssamın portretini çəkməyi jurnal rəhbərliyi mənə tapşırmışdı. Çəkiliş üçün lazım olacaq nə varsa hamısını çantama yığıb rəssamın emalatxanasına gəldim. Onun qeyri-adi davranışı haqqında çox eşitdiyimdən çəkilişin çətin olacağını düşünürdüm. Lakin gözlədiyimin əksinə olaraq məni çox mehriban qarşıladı və işıqlar qurulana kimi, sonra 3 saat çəkən çəkilişə səbirlə dözdü. Bu illər ərzində mən çox məşhur sənətkarlarnan işləmişəm. Onlardan bəziləri xahiş etdiyim pozanı ya götürə bilmir, ya da ki kiminsə xahişi ilə müəyyən bir poz götürməyi özünə sığışdırmır və bu zaman portret çəkənlə, portreti çəkilən arasında kontakt pozulur və nəticədə adi, cansız pasport fotosu alınır. Bunun əksi olanda isə bədii foto yaranır.
O vaxt mənim çox gənc olduğuma, Səttar Bəhlulzadəni isə artıq məşhur, tanınmış, şöhrətli sənətkar olduğuna baxmayaraq, mənim bütün xahişlərimi, qeydlərimi böyük məmnuniyyətlə yerinə yetirirdi və nəticədə bu 3 saat ərzində çəkdiyim yüzlərlə foto içərisindən seçib ayırdığım 3 foto. 1973-cü ildən bu günə kimi Kanada, Rusiya, Rumıniya və bir çox ölkələrdə keçirilən nüfuzlu fotosərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilmiş, kataloqlarda çap edilmişdir.
Qəribə idi ki, fotoların dünya fotosərgilərində göstərilməyinə baxmayaraq yerli mətbuatda («Ulduz» jurnalından başqa) qeyri-adi çəkiliş üslubuna görə başa düşülmürdü və çap olunmurdu. Yalnız 2002-ci ilin əvvəlində, çəkiləndən 30 il sonra bir portret 1-ci London-Bakı Beynəlxalq fotosərgisində bütün dünya fotoqraflarının işləri arasında ən ali Qran-Pri  mükafatına, ikinci foto isə 2005-ci ildə Londondakı «Humay» qalereyasının xüsusi diplomuna layiq görüldükdən sonra bu fotolar bizim qəzetlərdə, jurnallarda və Səttar Bəhlulzadəyə həsr olunmuş kitabların üz qabığında çap olundu.
Çəkilişdən sonra Səttar müəllim mənə dedi ki, sən ki bu qədər əziyyət çəkdin, belə həvəslə işlədin emalatxanadakı işlərdən hansı xoşuna gəlir götür. Ustad nə qədər təkid etdisə də mən razı olmadım və dedim ki, əgər mümkündürsə mənə işləriniz çap olunmuş kataloqdan bağışlayın. O da böyük məmnuniyyətlə Moskvada keçirilmiş sərgisi üçün çap olunmuş kiçik ölçülü, 5-10 vərəqdən ibarət kataloqunun birinci səhifəsində əski əlifba ilə bir neçə kəlmə yazıb mənə bağışladı. Bu kataloq bu günə kimi məndədir.
Sonralar eşitdim ki, rəssam təmənnasız olaraq hamıya öz eskizlərini, hətta böyük həcmli yağlı boya ilə kətan üzərində işlənmiş məşhur mənzərələri belə bağışlayırmış və bir neçə ailəni 90-cı illərin əvvəllərində bu işləri satıb maddi durumlarını düzəliş etmiş.
Çəkilişdən sonra söhbət edə-edə rəssamlar evinin həyətinə düşdük. Adətən o binada yaşayan evə emalatxanası bu binada yerləşən rəssamlar axşamlar bu həyətdə gəzişər və bir-biri ilə burada görüşərdilər. Rəssam dostları ilə münasibətlərindən, Moskvadakı təhsil illərindən uzun-uzadı həvəsnən, şövqnən danışdı. Onun Abşeron ləhcəsində, elə emalatxanasının yerləşdiyi «Sovetski» adlanan ərazinin yeniyetmələri kimi ötkəm, bir az da davakar danışığı məni çox təəccübləndirmişdi. Sonralar başa düşdüm ki bu emosional danışıq tərzi, bir az üsyankar davranış, böyük sənətkarlara xas olan şıltaqlıq, ərköyünlük ətrafındakı adamların ona, keçirdiyi həyat tərzinə görə, qurulmamış şəxsi həyatına görə «rəhmli» münasibətinə qarşı bir etiraz idimi, üsyan idimi.
SSRİ xalq rəssamı, Dövlət mükafatı laureatı, SSRİ rəssamlar Akademiyasının müxbir üzvü gözəl, mehriban, qayğıkeş insan, böyük sənətkar, mənim uzun illər dostluq və əməkdaşlıq etdiyim, unudulmaz Mikayıl Abdullaevin də Səttar Bəhlulzadə ilə bağlı çox maraqlı, məzəli xatirələri vardı və gözəl yumor hissinə malik olan Mikayıl müəllimin çox böyük aktyor məharəti ilə onları danışardı. Bu xatirələrdən birini oxuculara çatdırmaq istərdim.
Səttarın kövrək, «dəymədüşər» təbiəti vardı. Adi bir sözdən, baxışdan, davranışdan küsər, inciyər, əsəbiləşər və cibində gəzdirdiyi kiçik bloknota həmin adamın adını yazar və uzun müddət onunla danışmazmış.
Bir aydan çox bir müddətdə Səttarın Rəssamlar İttifaqına gəlmədiyini görə rəssamlar bundan narahat olur Səttar hörmət etdiyi 3-4 sənətkardan biri olan Elbəy Rzaquliyevi onun yanına, Əmircana göndərirlər. Gəlib Səttarı sağ-salamat, amma bir az kimdənsə incimiş görən Elbəy Rzaquliyev onun könlünü alır, oturub «şirin-şirin» söhbət edirlər, durub gedəndə isə dönə-dönə səttardan xahiş edir ki:
«Uşaqlar hamısı səndən nigarandır, hamı səni görmək istəyir, gözləyir, mütləq «Soyuz»a gəl. Rəssamlar Rəssamlar İttifaqını həmişə və bu günə kimi (soyuz) adlandırırlar.
Səttarın «hə»sini alıb sevinə-sevinə maşina mini rvə bu zaman həyətə açılan kiçik pəncərədə də əvvəlcə Səttarın o məşhur bloknotu tutmuş əli, sonra isə başı görsənir və birdən Elbəyi çağırır: «Elbəy, Elbəy, bax sənin aduvu burdan pozuram, a!!»
XX əsr Azərbaycan təsviri sənətinin adı fəxrlə, qürurla çəkilən simalarından olan Səttar Bəhlulzadəni həyatda gördüyümə görə, onun portretlərini çəkdiyimə görə və işlərin mənə böyük sənət uğurları gətirdiyinə görə qürur duyuram.