Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


SƏTTAR BƏHLULZADƏ – 100
 

Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


 

Xalq rəssamı Səttar Bəhlulzadənin həyat yolu qəribə və gözlənilməz anlarla dolu olduğu kimi, onun  sənət yolunda da gizli qalan səhifələr az deyildir. Geniş ictimaiyyətə məlum olmayan, hələ də tam işıqlandırılmamış bu gizli səhifələrdən biri də rəssamın öz yaradıcılığına karikaturaçı kimi başlamasıdır. Bu gün biz rəssamın bu sahədəki fəaliyyətini, onun zəngin  qrafik irsinin öyrənilməsi  kontekstində təhlil etsək görərik ki, Bakıda  çap olunan "Kommunist" qəzetini əhatə edən karikatura yaradıcılığı Səttar Bəhlulzadə sənətkarlığına gedən yolun  başlanğıcı olmuşdur.
Qeyd etmək lazımdır ki, Səttar Bəhlulzadənin qrafik irsinin tədqiqi istiqamətində aparılan axtarışlar rəssamın bioqrafiyası üçün önəmli olan bir faktın da  dəqiqləşdirilməsinə imkan yaratdı. Belə ki, bu vaxta qədər rəssamın yaradıcılığının  bütün tədqiqatçıları onun "Kommunist"  qəzetində  1931-ci ildən, daha  dəqiq desək Bakı rəssamlıq texnikumunda təhsilini başa vurduqdan sonra işləməyə başladığını vurğulayırdılar. Əslində isə gənc Səttar "Kommunist" qəzetinə rəssamlıq məktəbini bitirdikdən sonra yox, bilavasitə sonuncu kursda oxuyarkən gəlmişdir. Bunu bizə söyləməyə rəssamın bütün ömrü  boyu yazdığı  gündəliklər əsas verir. Rəssamın gündəliklərinin maraqlı səhifələrindən biri də "Salam Salamzadənin evində" adlanır. Onun bu xatirəsi 1972-ci ilin 15 martında yazılmışdır. Burada Bəhlulzadə arxada qalan  keçmiş  illəri belə xatırlayır: "Mən  1931-ci ildə rəssamlıq  məktəbinin son sinfində  oxuyurdum, onda böyük rəssamımız  Əzim Əzimzadə məktəbə müdir gəlmişdi. O məni "Kommunist" qəzetinə, öz yanına işləməyə apardı..." Bu faktı vurğulamaqda məqsədimiz rəssamın  bioqrafiyasındakı yanlışlığa  düzəliş verməklə yanaşı, onun yaradıcılığına hələ gənc yaşlarında ikən Ə.Əzimzadə kimi böyük sənətkarın diqqət göstərməsini və inanmasını vurğulamaqdır. Ə.Əzimzadənin məktəbin çoxsaylı tələbələri sırasında  məhz Səttarı seçməsi  şübhəsiz ki,  təsadüfi  deyildi və  bəlkə də  onun simasında  öz  davamçısını  görmək istəyindən irəli gəlirdi. Düzdür, gələcəkdə Səttar Bəhlulzadə hər zaman özünə həyat  və  sənət müəllimi hesab etdiyi Ə.Əzimzadə kimi görkəmli karikaturaçı-satirik olmadı və "Rəssamlığımızın Sabiri" ayaması qazanmadı. Amma etiraf etməliyik ki, sonralar Səttarın Azərbaycan təbiətinin nəğməkarı kimi tanınması, "Sənətin Məcnunu" və ya "Aramızda gəzən dahi"  deyə çağırılması da  müəlliminə söylənilən təqdirdən heç də kiçik deyildi. 
Qeyd etmək lazımdır ki, Səttar  Bəhlulzadənin "Kommunist" qəzetindəki qrafik yaradıcılığı onun Moskvada təhsil almağa yollanarkən artıq  incəliklərinə müəyyən qədər yiyələndiyi qrafika fakültəsini seçməsinə də təkan vermişdir. Ancaq  daxilində yaşatdığı dünyasını, o cümlədən də bənzərsiz Azərbaycan təbiətini əlvan rənglərdə görüb ifadə etmək istəyi onun ağ-qara cizgilərdə gerçəkləşən qrafik axtarışlarını bir qədər arxa plana keçirməyə məcbur etmişdi. Qeyd etmək lazımdır ki, görkəmli sənətkar bütün yaradıcılığı boyu rəngkarlıqla  paralel qrafika ilə də  məşğul olmuş və onun qoyub  getdiyi qrafik irs bu gün bəlkə də rəngkarlıq əsərlərindən sayca daha çoxdur.   
İndiki halda məqsədimiz  həmişə gözəllik qaynağı axtaran rəssamın yaradıcılığının ilk illərində ətrafında baş verən əyintilərə, çatışmazlıqlara tənqidi münasibətini əks etdirən  mərhələsini işıqlandırmaqdır. "Kommunist" qəzetində  çalışdığı illər işıq üzü görən karikaturaların  mövzusunu əksər hallarda redaksiya rəhbərliyindən  alan rəssam sonra  mövzunu təsirli təsvirə  çevirirdi. Əlavə etmək lazımdır ki, bütün həyatı boyu obyektiv olmaq,  vəzifəsindən asılı  olmayaraq hər kəsə sözü üzə demək cəsarəti də yəqin ki, rəssamın karikatura çəkmək, neqativ halları tənqid  etmək kimi yaradıcı və insani keyfiyyətləri ilə bilavasitə əlaqəli olmuşdur. Səttar Bəhlulzadənin Moskvada təhsil aldığı illərdə qazandığı bədii-texniki vərdişlərin təkmilləşməsində və yaradıcı uğurlarının kökündə onun bilavasitə karikatura yaradıcılığının rolu olmasını danmaq olmaz.  Bu, ilk  növbədə  rəssamın  bütün yaradıcılığı boyu onun üçün  çox gərəkli olan ani  və  davamlı rəsmçəkmə bacarığına çox təsir etmişdir desək, yanılmarıq. Onun rəsmçəkmə bacarığından söz düşmüşkən qeyd etmək lazımdır ki, Səttar Bəhlulzadənin istər Bakı rəssamlıq texnikumunda, istər Moskvada oxuduğu illərdə, istərsə də  "Kommunist" qəzetində  çalışdığı dövrdə çəkdiyi müxtəlif janrlı rəsmlər göstərir ki, o, həqiqətən də klassik rəsmçəkmənin incəliklərinə kifayət qədər  yiyələnmişdir. Bunu həm də ona görə vurğulayırıq ki, bəzən rəssamın mənzərə janrına meyl  etməsini onun rəsmçəkmədə zəif olması ilə əlaqələndirənlər də tapılır. Əslində isə onun hələ təhsil illərində naturaçıları əks etdirən müxtəlif biçimli rəsmlərindəki inamlı xətlərin gerçəkləşdirdiyi bədii görüntülər gənc  Səttarın yüksək sənətkarlığının ifadəsidir. Rəssamın rəsmçəkmədə "zəifliyini" vurğulayan bədxahlarına onu da  xatırlatmaq  yerinə düşər ki, Moskvada təhsil illərində Səttarın imtahan və zaçotlardan aldığı 48 müsbət qiymətin arasında "əla"ların biri də məhz  "Anatomiya" fənnindən olmuşdur.
Rəssamın təhsilini başa vuraraq Bakıya  qayıtdıqdan sonra  işlədiyi qrafik lövhələr, xüsusilə də yaratdığı iri ölçülü  mənzərə və natürmortlar bədii gücünə görə təkrarsız və heyrətamizdir. Bəlkə elə bu əsərlər bədii-estetik məziyyətlərinə görə rəngkarlıq tablolarından heç də geri qalmır. S.Bəhlulzadənin karikaturalar da daxil olan qrafik irsi həqiqətən də çox zəngindir. Özü  bəzən bu irsi  rəngkarlıqla müqayisədə ikinci dərəcəli hesab etsə də, başqaları onlardakı bədii məziyyətlərin heyrət doğuracaq səviyyədə  olduğunu əminliklə vurğulayırlar.
Ötən əsrin altmışıncı illərində bu irsin Avropada nümayişi və böyük uğur qazanması rəssamın özünün də onlara münasibətini müəyyən qədər  dəyişmişdi. O vaxt Bakıda qonaq olan çexoslovakiyalı mütəxəssislər Səttar Bəhlulzadənin qrafik işlərinə heyranlıqlarını gizlədə bilməmişdilər və onun Praqada fərdi sərgisinin təşkilinə qərar vermişdilər. Əslində bu, azərbaycanlı sovet rəssamının Avropada ilk fərdi sərgisi idi. Az sonra çox  arzulanan bu tədbir baş tutur və 1966-cı ilin payızında Praqada "U Rjeçitskix" qalereyasında Səttar Bəhlulzadənin qrafik əsərlərinin sərgisi  təşkil olunur. Böyük uğurla keçən bu sərginin açılışında iştirak edən görkəmli fırça ustası Toğrul Nərimanbəyov xatırlayır ki, bu qrafika  sərgisi bədii dəyərinə görə  heyranedici idi və bu səbəbdən də çexoslovakiyalı rəssamların və sənətsevərlərin yüksək diqqətinə və marağına  səbəb  olmuşdu.  Bütün bunlar rəssamın qrafik irsinin başlanğıcının karikaturalardan qaynaqlandığını bir daha sübut edir.
Səttar Bəhlulzadənin vaxtilə karikatura çəkməsinin  bu gün  bəzilərinə təəccüblü gəlməsi nə qədər təbii görünsə də, zaman-zaman Azərbaycan qrafikasına həsr olunmuş fundamental tədqiqatlarda belə onun bu sahədəki fəaliyyətinin  diqqətdən kənarda qalması başa düşülən deyil. Bəzi tədqiqatçılar  isə rəssamın 1931-33-cü illərdə "Kommunist" qəzetində çalışdığını qeyd etsələr də, onun  redaksiyada karikaturaçı rəssam kimi fəaliyyətini tam işıqlandırmamışlar. Yeri gəlmişkən deməliyik ki, tək Səttar Bəhlulzadənin deyil, həmçinin bir çox digər rəngkar rəssamların da karikatura yaradıcılığı tədqiqatçıların nəzərindən yayınmışdır. Maraqlı faktdır ki, vaxtilə Mikayıl Abdullayev, Tahir Salahov, Kazım Kazımzadə, Əmir Hacıyev, İsmayıl Axundov, Qəzənfər Xalıqov, Hüseyn Əliyev, Sadıq Şərifzadə, Oqtay Sadıqzadə Altay Hacıyev, Davud  Kazımov  kimi sənətkarlarımız da öz qüvvələrini bu sahədə sınamış,  yaddaqalan nümunələr yaratmışlar. Elə Səttarın "Kommunist" qəzetində çalışdığı illər qəzetdə onunla yanaşı Ə.Əzimzadə, H.Əliyev, Q.Qorçakovun və başqalarının da imzalarına rast gəlmək olar.
Rəssamın "Kommunist" qəzetində 1931-33-cü illərdə çıxan karikaturalarına gəldikdə isə demək lazımdır ki, bu qrafik nümunələr öz bədii estetik dəyərinə görə diqqətəlayiqdir. Yüksək peşəkarlıqla işlənmiş bu karikaturaların ən diqqətçəkən cəhəti onların müxtəlif mövzulara  həsr olunmalarına baxmayaraq hiss olunacaq dərəcədə aktual və müasir olmalarıdır. Bu aktuallığın Sabir, Mirzə Cəlil, Əzimzadə aktuallığı və narahatçılığı ilə səsləşməsi  də əlbəttə ki, təsadüfi deyildi. Rəssamın o illər toxunduğu problemlərlə bu gün, müasir həyatımızda da rastlaşdığımıza görə, üstündən təxminən 80 il keçməsinə baxmayaraq bu karikaturalar öz kəsərini və  aktuallığını hələ də  itirməmişdir. Bu karikaturalar həm də "Çıxmaz, çıxa da bilməz bu adət başımızdan" deyib haray çəkən Sabirin dediklərindən hələ də  nəticə çıxarmağa tələsmədiyimizə görə maraqlı və düşündürücüdür.
22-23 yaşlı gənc Səttarın 1931-33-cü illərdə respublikanın aparıcı mətbuat orqanı "Kommunist" qəzetində çap olunmuş müxtəlif mövzulu, müasir  bədii  şərhli karikaturaları yüksək peşəkarlığı və özünəməxsus icra  mədəniyyətilə seçilir və diqqəti cəlb edir. Bu illər ərzində rəssamın "Kommunist" qəzetinin səhifələrində beynəlxalq aləmdə baş verən hadisələrə həsr olunmuş siyasi mövzulu karikaturaları və gündəlik həyatda izlənən problemləri işıqlandıra biləcək məişət  mövzulu satirik rəsmləri ilə yanaşı siyasi plakatları, dövlət xadimlərinin portretləri, əmək qəhrəmanlarının və tanınmış insanların dostluq şarjları da dərc olunurdu.
Rəssam müəllifi olduğu plakatlarda, satirik rəsmlərində və karikaturalarında əsasən əhatə olunduğu mühitdə mövcud olan eybəcərlikləri, əyintiləri  bədii vasitələrlə ifşa edərək,  tənqid atəşinə tutur və gülüş obyektinə çevirirdi. Bu rəsmlərin bəzilərinin bədii-estetik dəyərlərini vurğulamaqla Səttar Bəhlulzadə karikaturalarının gücünü və əhəmiyyətini üzə çıxarmış olarıq.
Rəssamın qəzet səhifələrində çıxan, beynəlxalq aləmdə baş verən hadisələri işıqlandıran, "Fransa hərbinin "quşcuğazları" ("Kommunist". 1932, №45),  "Hücum davam edir" ("Kommunist". 1931, №277), "Yaponiyanın tələbi" ("Kommunist". 1931, №283), ölkədəki sabitliyi və inkişafı tərənnüm edən təbliğat xarakterli "Sosializm yolu" ("Kommunist". 1932, №1), "Yaşasın XVII firqə konfransı" ("Kommunist". 1932, №27), "Uğurlarımıza sevinməyənlər" ("Kommunist". 1932, №63) və digər siyasi mövzulara həsr olunmuş karikaturaları sayca, təsərrüfat və məişət mövzulu karikaturalardan az olsa da onlar bədii səviyyəsi və  toxunduqları problemlərin daha qlobal olması ilə fərqlənirdir. Siyasi yük daşıyan bu karikaturalar əsasən qəzetin birinci səhifəsində, bəzi hallarda isə qəzetin içərisində siyasi mövzulu məqaləyə illüstrasiya kimi nisbətən kiçik formatda çap edilirdi.
Səttar Bəhlulzadənin qəzet səhifələrində dərc olunan beynəlxalq və siyasi məsələlərə aid karikaturalarından biri 1931-ci ildə Yaponiya və Çin  arasında baş verən hərbi ixtilafa həsr olunmuşdu. Yapon əsgərini hərəkət edən hərbi texnikanın, topun üstündə əli qılınclı, çöhrəsi qəzəbli təsvir edən rəssam özündən razı müstəmləkəçinin xislətini göstərməyə nail olmuşdur. Əlavə detallardan uzaq olan bu təsvir açıq fonda  çox ifadəli və təsirli baxılır.
Rəssamın gündəlik həyat və məişət mövzularına həsr olunmuş karikaturaları, artıq  qeyd etdiyimiz kimi siyasi mövzulu karikaturalardan daha çoxdur. Bu mövzulu karikaturalarda və satirik rəsmlərdə əsasən götürülən öhdəlikləri yerinə yetirə bilməyən təsərrüfat rəhbərləri, vəzifəsindən sui-istifadə edən məmurlar, yerlərdə süründürməçiliklə məşğul olan dövlət qulluqçuları, öz şəxsi marağını dövlət marağından üstün tutan kolxoz və ferma müdirləri, təcrübəsiz və səriştəsiz, öz  işinə laqeyd münasibət bəsləyən məsul işçilər və digər bu kimi ünsürlər tənqid atəşinə tutularaq ifşa olunurdular.
Ötən əsrin əvvəllərini bir neçə dəfə əlifbası dəyişdirilən xalqımız üçün növbəti sınaq  mərhələsi hesab etmək olar. Belə ki, o illər respublikada ərəb qrafikasından  latın qrafikasına keçilsə də,  əhalinin bu  əlifba ilə yazdığı ərizələrin bəzi idarə və təşkilatlarda qəbul olunmaması, şikayətçilərə biganə münasibətin göstərilməsi tənqid olunurdu. Karikaturalarının birini belə  bir hadisənin baş  verdiyi idarəyə həsr edən  rəssam təsvirdə özündən razı məmurla türk dilindən başqa özgə  dili bilməyən kəndlini çarəsiz vəziyyətdə üz-üzə qoymuşdur. Karikaturanın "Mən türkcə bilmirəm, ərizəni qəbul etmirəm" adlandırılması da təsvirdən alınan informasiyanı gücləndirməklə yanaşı hadisənin bədii şərhinə tamaşaçını daha da inandırır.
Qəzetin həmin sayında və eyni səhifədə çap olunmuş digər satirik rəsmi də əslində türk əlifbası ilə bağlı karikaturanın davamı hesab etmək olar. Belə ki, rəssam burada idarələrdə çalışmalı olan türk kadrlarının azlığına münasibət bildirir. "Ay kadr hazırlamısınız ha" adlanan bu rəsmdə kadr məsələlərinə baxan iki məmurun qarşıdurması təsvir olunmuşdur. Karikaturada təqdim olunan məmurun  birinin ağzından od-alov püskürür, digərisə məzlum qiyafəsində göstərilmişdir. Bu iki obrazın hər birinin daşıdığı məzmun yükünü incə cizgilərlə aydın ifadə edən rəssam təsvirdə baş verənlərin sözsüz də anlanmasına nail olmuşdur.
30-cu illər üçün xarakterik  mövzulardan biri də yerli müəssisə və təşkilatlarda, yeni yaranmış kolxozlarda və ümumiyyətlə kənd təsərrüfatı sahəsində meydana çıxan problemlər və neqativ halların işıqlandırılması və bunlarla mübarizə idi. Xüsusilə kənd təsərrüfatı sahəsində müşahidə olunan əyintilər və nöqsanlar Səttar Bəhlulzadənin karikatura yaradıcılığında aparıcı mövzulardan olmuşdur.
Rəssamın müəllifi olduğu, 1931-ci ildə "Kommunist" qəzetində dərc olunan karikaturaların birində maldarlıqla məşğul olan kolxozların birində öz işinə laqeyd  münasibət göstərən məsuliyyətsiz təsərrüfat rəhbəri tənqid atəşinə tuş gəlmişdi. Kompozisiyanın ön planında vəzifəsinin öhdəsindən gəlməyən və kresloda  yayxanan kolxoz sədri, ikinci planda isə dözülməz şəraitə görə fermanı tərk edib şikayətə gələn mal-qara və toyuq-cücə təsvir olunmuşdur. Rəssam əsərdə mal-qaranın çoxluğunu təmin etməklə yanaşı, kolxoz rəhbərinin fiqurunu aşağı hissədə küncə sıxılmış vəziyyətdə göstərməklə məqsədinə nail olmuş, məsuliyyətsiz təsərrüfatçının  günahkar olduğunu bədii vasitələrlə təsdiqləmişdir...
Rəssamın 1932-ci il "Kommunist" qəzetindəki karikatura yaradıcılığı daha da məhsuldar olmuşdur. "Yatış yarışması", "Mexanikin yeni ixtirası", "Yaz əkininə hazırlıq", "Məni tez tutun", "Görəsən sabah nə iş görəcəyik?", "Bizə də çay", "Müəllimlər üzərində rəhbərlik", "Növbə gözləmək lazımdır", "Sizə bayram, onlara yas" və  digər satirik rəsmlər mövzu müxtəlifliyi peşəkar rəssam işi baxımından diqqəti cəlb edir.
Rəssamın 1932-ci il müəllifi olduğu əsərlər sırasında kənd təsərrüfatı sahəsində mövcud olan problemləri işıqlandıra biləcək karikaturalardan biri də "yatış yarışı" adlanır.
Bu illər respublikanın daxili həyatında baş verən çatışmazlıqlar, xüsusilə də dövlət müəssisələrində, təşkilatlarda izlənilən özbaşınalıq, təsərrüfatsızlıq, xalq malına laqeyd  münasibət açıqdan-açığa tənqid olunur, işinin öhdəsindən gəlməyən səriştəsiz  və məsuliyyətsiz  məmurlar, dövlət  qulluqçuları, öz səlahiyyətlərini aşan  təşkilat rəhbərləri, milis işçiləri ifşa olunurdu.
Bu kimi problemlərə həsr olunmuş "Mexanikin ixtirası" adlı karikaturada rəssam həqiqətən də insanlığa yaraşmayan, məcazi mənada "ixtira"ya bənzər bir hərəkəti təsvirə gətirmişdir. Burada mexanikin onun tabeçiliyində olan dülgəri arabaya qoşub döyməsi və təhqir etməsi əks olunub. Ağzına ip keçirilən  dülgərin  başı  üzərində yüksələn qəzəbli mexanikin fiquru elə zahiri biçiminə görə gülüş və təəssüf hissi doğurur ki,  bu da müəllifin məqsədinə nail olduğunu bir daha təsdiqləyir.
"Həmişə hazırdırlar" adlı digər bir karikaturada isə rəssamın qınaq obyekti təcili yardım stansiyasında  vəzifələrinin mahiyyətini unudan həkimlərdir. Karikaturada telefon vasitəsi ilə həkim soraqlayan vətəndaşla  təcili yardım stansiyasında iş vaxtı yuxulayan və zəngləri cavabsız qoyan növbətçi təsvir olunmuşdur. Karikaturada narahatçılıqla  arxayınçılıq cizgilərinin təzadı qabarıq göstərildiyindən tamaşaçı-oxucu üçün  təqdim olunan süjet kifayət qədər  yaddaqalandır.
Gəncə deposundakı özbaşınalıqlar, bəzi rayonlarda müəllimələrə  qarşı yönəlmiş qeyri-qanuni inzibatçılıq meylləri, dəmiryolunda təbii sərvətlərin vaxtlı-vaxtında ünvanlara çatdırılmaması, planı yerinə yetirməyən söz  pəhləvanları, Zəngilan kolxoz bazarında milisin özünəməxsus metodlarla intizam yaratması, bəzi rayon ictimai iaşə müəssisələrində əmək adamlarına göstərilən laqeydlik dənizin çirkləndirilməsinə etiraz və bu kimi digər neqativ halları işıqlandıra biləcək karikaturalarda Səttar Bəhlulzadənin bədii təxəyyülü, uğurlu və yaddaqalan satirik görkəm almışdır.
        1933-cü il rəssamın "Kommunist" qəzetindəki yaradıcılığı çox qısa olmuşdur.  Moskvada təhsil almağa getməyə hazırlaşan gənc rəssamın çəkdiyi son rəsm elə ali məktəblər üçün xas olan, kadr probleminə həsr olunmuşdur. İctimai-iqtisad institutunda tədris işlərinin dağınıq vəziyyətinə, üzərinə düşən vəzifənin öhdəsindən gəlməyən institut müdirinin və onun müavininin yarıtmaz fəaliyyətinə münasibət bildirən rəssam təsvirdə institut rəhbərlərini qoşalaşdırmaqla yaranmış acınacaqlı vəziyyətə düşündürücü bir bədii aydınlıq gətirmişdir. Tədris müəssisəsində yaranmış vəziyyətdən narahat olan müəllimlərin və tələbələrin başı üzərində ucalan yelləncəkdə arxayınlıqla dincələn direktoru və onun müavinini təsvir edən rəssam əslində institutda yaranan, kənardan hamının gördüyü, daxildə isə rəhbərliyin görmək istəmədiyi situasiyaya  cəlbedici satirik görkəm verməklə, onu kifayət qədər  düşündürücü etmişdir...
Bütünlükdə rəssamın tuş-pero texnikasında,  satirik istehza üslubunda həll edilmiş əsərlərinin onun qrafik irsində özünəməxsus yer tutduğunu qeyd etməklə, küll halında Azərbaycan qrafika sənətinə önəmli töhfə olduğunu vurğulamalıyıq. Çünki, bu satirik nümunələrdə gənc Səttar Bəhlulzadənin inamlı rəsmçəkmə bacarığı, bədii ümumiləşdirmə istedadı, təsviri təbəssümə, həm də düşündürücü obyektə çevirmək potensialı duyulan və qibtəedicidir.
Əgər biz Səttar Bəhlulzadənin 1931-1933-cü illərdə "Kommunist" qəzetindəki fəaliyyətini yaşadığı həmin dövrün yaradıcılıq proseslərinə dövlət səviyyəsində münasibət kontekstində dəyərləndirsək, onda deməliyik ki, onun  rəsmlərindəki realistik tənqidi ruh Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin "Yaradıcı təşkilatların yenidən qurulması haqqında" qərarının tələb və müddəaları ilə səsləşirdi. Sonrakı bütün yaradıcılığı boyu əslində gördüklərinə heç kimin duya bilmədiyi bir gözəllik örpəyi çəkməyi bacaran Səttar Bəhlulzadə  otuzuncu illərdə  öz əyintilərini və nöqsanlarını bu pərdənin altında gizlədən mənfi ünsürlərin, cəmiyyətin normal inkişafına mane olan antipodların üzərindən götürməklə cəmiyyətdəki neqativ hallara ifşaedici və yaddaqalan bir görkəm verə bilmişdi. Təbii ki, hər iki hal Səttar sənətinin böyüklüyünü və  əbədiyaşarlığının bədii görüntüsüdür. Məhz buna görə, həmin əsərlər bu gün də özündə duyğulandırıcı bədii məziyyətləri hifz etdiklərinə görə müasir, aktual və cəlbedicidirlər.