Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


POEZİYA
 

Anar HƏBİBOĞLU


 
Bir saat vaxt

Sərilib bir şirin sükut otağa,
Bu dördkünc otağa sığınıb həyat.
Bir saat vaxtım var sənin olmağa
Bu fani dünyada, cəmi bir saat.

Həyat bir dənizdir, bu otaq - ada,
Çəkir ayağımdan dəli məhəbbət.
Bütün qadınlardan, bəlkə, dünyada
Daha da gözəldir ayrılıq, həsrət.

Otağın soyuqdur, əllərin isti,
Gözlərin mənimtək sərxoşdu bir az.
Burda ikimizik - siqaret, tüstü;
Biri oynamasa, o biri yanmaz.

Gördüyün bu dünya daha dərindir,
Nə olsun yaş gəlir yaşımız üstə.
Bir cüt daş yastığa baş qoyaq indi,
Sonra çevirərik başımız üstə.

Həyat uzun çəkdi, yatım bir azca,
Ölməsəm də oyat, ölsəm də oyat.
Bir saat vaxtım var sənin olmağa
Bu fani dünyada, cəmi bir saat...

NƏğmƏ

Sənli xatirələr danışdırmadı
Ağzına su alıb susan dənizi.
Bir “Ölü dənizə” dönəcək Xəzər,
Gözümün yaşıyla yusam dənizi.

Gəlirəm sahilə yagışda, qarda,
Ləpə tellərini sinəm üstə sər.
Mən bir qız sevirdim “Kiçik bazarda”
Onun da gözləri maviydi, Xəzər...

Gəlirəm sahilə yagışda, qarda,
Gələrəm sağ qalsam, gələrəm ölsəm.
Bir ağ gəmi batıb mavi sularda,
Onu gözlərimdən hönkürə bilsəm...

BU OCAQ ANAMA OXŞAYIR MƏNİM

Damırdı masmavi rənglənmiş tavan,
Bacadan çıxırdı evin nəfəsi.
Sınırdı sopsoyuq divara hopan,
Tüstüdən boğulan ocağın səsi.

Oğul vecsiz olsa tavan da damar,
Damar damar-damar olmuş ürək də.
Evin bərəkəti ovuca sığar,
Min ilin qüvvəti yatar biləkdə.

Daşa çevrilirəm, torpaq oluram.
Ağaca dönürəm dönəndə kəndə.
Di yon qollarımı ocağa tulla,
Bəlkə dirək oldum bu evə mən də.

Bu ocaq anama oxşayır, Allah,
Deyinsə ovutmaq, saxlamaq olmur.
İslaq kəlmələri elə hıçqırır,
Dediyi sözləri anlamaq olmur.
Kişi işlərindən yapışdı anam,
Daş kimi bərkidi gəlin əlləri.
Elə bu ocaqtək alışdı anam,
Bəmbəyaz buludtək ağarmadı ki,
Tüstütək ağardı uzun telləri.
Bu ocaq anama oxşayır mənim...

Xabarovsk, 2005

SözdƏn bir ev tikƏcƏyƏm

Sözdən bir ev tikəcəyəm,
İçində oğlum yaşayar.
Hər misrasında ürəyim,
Hisslərim, ağlım yaşayar.

Onu tikib qurtarana
Çəkdiyimi sinəm çəkər.
Gülər yastı daş evlərə,
Ayağı yerdən nəm çəkər,
Başı göylərdən nəm çəkər.

Günəşi alar ovcuna,
Hiss etməz qışın qarını.
Odda yanmaz, suda batmaz,
Top dağıtmaz divarını.

...Vay, mənim şair başım!
Nə ürəyim, nə hisslərim,
Nə də ağlım yaşayaydı.
Gərək daşdan ev tikəydim,
Orda oğlum yaşayaydı...

Başını qoy sinƏmƏ

Görməyəydim gözlərində qəm izi,
Haqdan gələn kədər bizim, qəm bizim.
Dünya sənin nə vecinə, əzizim,
Başını qoy sinəmə.

Sevgimizdə sən gözətçi, mən əsir,
Heç qəm yemə, ömrümün bir dənəsi.
Dolu olur şairlərin sinəsi,
Başını qoy sinəmə.

Sən yat bir az, mən bayatı danışım,
Taleyimlə nə küsüm, nə barışım.
Qoy əzməsin saçlarını balışın,
Başını qoy sinəmə.

HƏYAT

Bütün Qızılgüllərin mənə
baş əydiyi bu yaşıl çəməndə
Arxamca bir Bənövşə qaçır
Sevgisi çəhrayı rəngdə.
Dizləri qan-qançır,
dodaqları çat-çat,
Yaman ərköyündü HƏYAT.

Yerə meydan oxudum,
Göyə meydan oxudum.
Savaşdım hər şeylə,
Ürəyimdə ağrı, saçlarımda dən.
Yola getmədim
Nə yerlə, nə göylə,
nə də bir adamla.
Qıpqırmızı qanım axdı
doğmalarımın gözündən
damla-damla.
Nə qansızdı HƏYAT.

Xatirəmdə atam sağ,
Həyatım çiçək-çiçək bəyaz,
Yarpaq-yarpaq yaşıl.
Sapsarı saçlarım qarmaqarışıq.
Anam uşaq bağçasında aşpaz...
Mənim şirin günlərim,
mənim yalançı günlərim öldü...
Bir daha doğulmaz.
Necə də zalımdı HƏYAT.

Evimiz, atamın barelyefi,
Küçəmiz, gecəmiz,
Sonra avtobus dayanacağı,
O dayanacaqda Sən.
Pıçıldayırsan uzaqdan-uzağa,
yaman gecikmisən.
Çökür gözlərimə
ötən illərin dumanı,
sınmış qolumla
tutub bir anlığa
saxlayıram zamanı,
Avtobusa minib
çıxıb gedən
eşqimi saxlaya bilmirəm
fəqət...
Nə qədər tənhadır İNSAN,
Necə də yalqızdı MƏHƏBBƏT...

Uzaqda, qaranlıqda ocaqtək parıldayır
oğlanlarımın yemək
istəyən gözləri.
Mənsə ac canavartək
evə tələsirəm dişlərimdə çörək.
Qolumda ulayır dayanmış saat...
- Sən hara tələsirsən, HƏYAT,
Sən hara tələsirsən, HƏYAT?..

Azadlıq içinə çəkib nəfəsini.
Bir qumru oxuyur budaqda,
yamsılayır Xanın səsini.
Yuxumuzda analar
saçlarını yolub axtarır
itkin düşmüş körpəsini.
Biz - keçmişimizi itirmiş
ƏSGƏRLƏR
kəpənək qovuruq Qarabağda,
çiynimizdə avtomat,
Sən nə qədər qəribəsən, HƏYAT.

Çoxdandı ağarıb BMT-nin,
ATƏT-in saçları.
Bizim “Palatka toyları”tək
Yığışdırılıb dar ağacları.
Əvəzində “Şadlıq evləri” min-min.
Artıb bu dünyanın Habili, Qabili,
Buşu, Obaması.
Vay halına Həvvanın, Adəmin.
Rəhmət sənə Babək,
Lənət sənə, Səhl Summbat;
Sən necə də SATQINSAN HƏYAT.

Uzanmışam üzü qibləyə,
Ayaqlarımda zəncir,
ürəyimdə qandal,
gözlərimdə “AZADLIQ prospekti”.
O prospekt də gözlərimtək
duzlu yaş.
Mənə ana dilimdə oxu
Yasinimi,
Molla qardaş.
Ərəb dilini öyrənə bilmədim...
...ANAR İBN HƏBİB
Rahat yat.
Sən necə də yalançısan HƏYAT,
Sən necə də şirinsən HƏYAT...

“666”

Bu millətin aclarının
Başlarına tac qoyasan.
Hər şeyi fırladıb tərsə
Tac yiyəsin ac qoyasan.

İmkan verməyəsən ona,
Əli çata ətə, una.
Varlıların xurcununa
Bir az “ehtiyac” qoyasan.

Yol tapasan aca, qula,
Çatdırasan vara, pula.
Hər şey verəsən yoxsula,
Yanında qırmanc qoyasan.

Küfr

Hər şeyi dəyişir həyatda bir an,
Fərqi yox, ya yağış, ya da qar yağa.
Ya Allah olardım, ya da ki Şeytan,
Mənim vaxtım yoxdur adam olmağa.

Burdadı - içimdə İlahi boşluq,
SƏNƏ fırça verim nəqş eyləyəsən.
Məndən böyükdürlər hər iki oğlum,
ONLARA SƏADƏT bəxş eyləyəsən.
Ağappaqdı biri, qapqara biri,
Axı bu dünyada kimdi üzüağ?
İlahi, yazmağa qorxdum bu şeiri...
Mənim sənətimdi SƏNİ yaratmaq...

NƏfƏs-nƏfƏsƏ

Bu imiş o Boyda eşqin axırı,
Kəsik-kəsik nəfəs, şirin-şirin söz.
Mən sənə deyirəm, yanıram axı,
Sən isə deyirsən, yenə bir az döz.

Yanar atəşində bu dodaq, bu əl.
Səni öpmək səni sevməkdən asan.
Mən səni öpdükcə öpərəm, gözəl,
Sən isə pıçılda: - Yorulmayasan...

Balıqlar kimiyik, nəfəs-nəfəsə,
Biz dimdik-dimdiyə quşlar kimiyik.
Bir payız nəğməsi oxuya bilsək,
Sən Sarıköynək ol, mən Sarıdimdik.

Boz çilli ağappaq mərmərdi sinən,
Üzümü sürtdüyüm ağappaq sinə.
Gah yuxu görürəm, gah diksinirəm,
Neyləyim, öyrəşə bilmirəm sənə.
Daddınmı, necədi özgə sevinci?
İlk eşqin, sevginin bu gün yasıdı.
Ey dəli həsrətə hamilə xanım,
Səadət bətnində yad balasıdı.
Qolların üstündə-səninki deyil,
Oyanar, laylaya, əmziyə yatmaz.
Mən sənə deyirəm, yanıram axı,
Sən isə deyirsən, yenə döz bir az.
Bu boyda dünyanı necə görməyək,
Necə ayılmayaq qarğışa, səsə.
Biz quşlar kimiyik dimdik-dimdiyə,
Balıqlar kimiyik nəfəs-nəfəsə...
SƏhƏr aÇılmadı

Səhər açılmadı, bitmədi gecə,
Uzun saçlarını üzümə sərdin.
Gülə bilməsəydi nəmli gözlərin,
“Sevirəm” sözünü necə deyərdin?

Səhər açılmadı, görə biləydin
Gözümün işığı dağılıb yerə.
Evdən necə qovum qonaq küləyi,
Mənim ürəyimtək sınıb pəncərə.
Səhər açılmadı, sökülmədi dan,
Götürüb bəxtimi azdır gecəynən.
Gəldim əllərinin ayağına ki,
Apar gözlərimi basdır gecəynən.

SƏN

Neyləyim, dəliyəm, ya da ki, Dahi,
Bu qərib yuxunu yozmaqdan ötrü.
SƏN mənə bir az da vaxt ver, İlahi,
Bütün qaydaları pozmaqdan ötrü.

Gül mənim üzümə, gizlənib ağla,
Bağla, pəncərəni, qapını bağla;
Gələrəm evinə arvad-uşaqla,
Bir qış gecəsində qızmaqdan ötrü.

Bu qanadlar nədir, belə gərmisən?
İşıqdır, kölgətək yerə sərmisən...
SƏN mənə bu təbi niyə vermisən,
Bu axmaq şeiri yazmaqdan ötrü?..


SƏrxoşun şeiri

Gözünə girərəm gözündən ötrü,
Qorxursan görərlər, görüşə gəlmə.
Yaman darıxmışam səsindən ötrü,
Zəng eylə danışaq bir-iki kəlmə.

Könlümə, ruhuma əziz bilmişəm
Qəlbimi köksümdən alan sözləri.
Müqəddəs bilmişəm, təmiz bilmişəm
Mənə danışdığın yalan sözləri...

...gözümdə o qədər ucasan, uca,
Gözlərim qaralır, əllərini ver.
Belə ucalıqda alışmaq olar,
Belə ucalıqda yaxılmaq olar.
Nə qədər hündürdü oturduğun yer
O qədər əzabla yıxılmaq olar...

...sənin sağlığına bu son badəni,
Qədəhimə süzmə, süz ürəyimə.
Hər dəfə gözümdən salırlar səni,
Salırlar, düşürsən düz ürəyimə...