Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


POEZİYA
 

Fəxri MÜSLÜM


 
SİNƏMƏ

Aşıq Əli, yaman yatdı sinəmə,
Qayıt kökə, «Ruhani»ni bir də çal.
Ömür ağır dağlarımdan, taxtımdan,
Yaddaşımı örkən elə, hör də çal.

Səmasından baxışlarım iz tutar,
Qürubundan içim-çölüm köz tutar,
Daş abidə, daş qəbirdən söz tutar,
Dərvişsayaq irfaniyə gir də çal.

Varmaq olmur uzağımdan, yaxından,
Qaçmaq olmur axarından, axından,
Gözənmədi yaralarım oxundan,
«Ruhani»ni can verdiyim yerdə çal.

Həsrətə bax, mücrüsündə yaz ağlar,
Yöndəmsizi, ya arsızı az ağlar,
Nəmə tutub, köynəyində saz ağlar,
Beçə simin güllərini dər də çal.

Ömür - gün də dənələndi dən oldu,
Havaya bax, çisəkləyib, çən oldu,
Köç üstdəki barxanama yön oldu,
Qat kəsməmiş, gün altına sər də çal.

Dünya özü barmağına, çaş qalar,
Ocaq ötər, dəmi keçər, aş qalar,
Gül vurmasan, naxış yeri boş qalar,
Qollarını saz boyunca, gər də çal.

Fəxri deyər, gətir başa, qal olsun,
İsmətlinin yanaqları al olsun,
Təbəssümü şəkərlənsin, bal olsun,
Xallarına əsir olub, gör də çal.

DƏRYALARDA YANA DÖNMÜŞ SAL İMİŞ

Ustad və böyük sənət cəngavəri, aşıq Şəmşirə
İncələndi yurd yerləri, obalar,
İnam-ümid toranında, qal imiş.
İçimizdə şeytan əli dolaşdı,
Şər niyyətə, şər əmələ yol imiş.

Dəlidağda binə yerin qar aldı,
Ocaq yerin alsın tutmaz, qaraldı,
İlma düşüb qara gözə, qor-aldı,
Hər şey elə, tilsim üstdə nal imiş.

Fikirləri siqar kimi iç etdik,
Ölmüş canla, ölmüş ruhla köç etdik,
Nə gündəyik, təkcə dərdi yük etdik,
Ovxarlarda sağalmamış xal imiş.

İstisuda çox məclislər qurmuşdun,
Çoxlarını sözə çəkib, yormuşdun,
Ustadlarla bir cərgədə durmuşdun,
Hər bir anı qaymaq imiş, bal imiş.

İndi orda, İstisuda hay gəzir,
Qış çəkilir zağasına, yay gəzir,
Sinəmizdə kaman gəzir, yay gəzir,
Oxlarından axan qanı al imiş.

Əllərimiz ətəklərdən asıldı,
Kürəyimiz kötəklərdən asıldı,
İmdadımız, təpərimiz basıldı,
Dil-dodaq da susmuş kimi, lal imiş.

Fəxri deyər, indi «dilim» söz tutmur,
Şeir-sənət qaysaqlayıb üz tutmur.
Nə mizanı, nə tərəzi düz tutmur,
Dəryalarda yana dönmüş sal imiş.

ÇALIRSAN

Barmaqların sazı çalmır, Fəzail,
Ürəyimi iç edib də çalırsan.
«Baş sarıtel» yaman gəzdi dünyamı,
Sən ömrümü puç edib də çalırsan.

Nə mürvət var, nə insaf var bu dəmdə,
Azıb qaldıq çisəyində, çənində.
«Baş sarıtel» dağ yuxarı, sinəndə
Məni məndən köçürüb də, çalırsan.

Bu dərd mənim, özgələrdə nə işi,
Bu zamanın, dövranınmı gərdişi?
Yığvalımmı pərdələrdə gəzişdi?
Peykanıma köç edib də, çalırsan.

Hələ canın qalmaqalı son deyil,
Astanası mehə həsrət, döndü yel,
Həsrətimi tel-tel etdi «Sarı tel»,
Yüz ölçüb də, bir biçib də, çalırsan.

Keçmişləri, ötmüşləri gətirdin,
Pərən-pərən itmişləri gətirdin,
Yad-yaddaşda bitmişləri gətirdin,
Dənələyib, suç edib də çalırsan.

Dəli mehtər at oynatdı cıdırda,
At oynatdı dar macalda, bu darda,
Göyəribdi binələri, çadırda,
Orta simdə gül seçib də çalırsan.

Fəxri deyər, nə var axı, dərdsizə,
Çətin onu kədər üzə, dərd üzə,
Sən gülləri asta-asta dər bizə
Gədəbəydən su içib də çalırsan.

UDUZMUR

Hənirti qalmayıb bu zəmanədə,
Hava da içimi qızdırmır, vallah.
Dönüb dönəlgəsi cavanın, gəncin
Bu, mənim fəhmimi azdırmır, vallah.

Cin-şeytan kimidi dirənib, durar,
Ayağı yer alıb, hərlənib, durar,
Girələnib durar, girlənib durar,
Heç əli, ayağı düz durmur vallah.

Fikir cılızlaşıb, qulaq söz almır,
Yağışdan, selindən bulaq göz almır,
Adət it-bat kimi, ocaq köz almır,
Qışın qış ağzında yaz durmur, vallah.

Söz cadar kimidi ağızda, dildə,
Boşalıb biləklər, boşalıb əl də,
Sən, bu tikana bax çiçəkdə, güldə,
Gül öz güllüyünü sızdırmır, vallah.

Hər şey avandından tərsə düşübdü,
Araya yad düşüb, tərsa düşübdü,
Bu gecə, gündüz də qışa düşübdü,
Havayı heç nəyi yazdırmır, vallah.

Fəxriyəm, Tanrıdı, haqdı güvəncim,
Taledi güvəncim, baxtdı güvəncim,
Dərd məni əymədi, sıxdı güvəndim,
Bu ömür heç nəyi uduzmur, vallah.
BƏNDSİZ - BƏRƏSİZ

Aşağı, yuxarı dağlar boyunca,
Axar bir sel idik, bəndsiz, bərəsiz.
Dünya tum dənəsi, dişin dibində
Gəlmişdik, gəlirik yansız, yörəsiz.

Meydan oxumuşduq, mənəm demişdik,
Xaqan təltifinə ənam demişdik,
Oxlar yatan yerə sinəm demişdik,
Dərmanı şirəsiz, dərdi şirəsiz.

Atların dırnağı daş qopararmış,
Qurdağız itlərim baş qopararmış,
Leş leşin yanında dağ yatırarmış
Əcəl dəyərsizmiş, ölüm dəyərsiz.

Qılıncım göylərdə göy qurşağıymış,
Qanlar çeşidlənib, naxışlanırmış,
Xanlıq, xaqanlıqda alqışlanırmış,
Can alqı-satqılıq, nəfəs kirəsiz.

Fəxriyəm, haqqa bax, o da əl üzmüş,
Bəlkə də kor qalmış, kor baxış süzmüş,
İfçin edib, küpə, boya-boy düzmüş,
Odu, iş alınmır, dağsız-dərəsiz.

HALLANDIM

Bu da torpaq, bu da vətən, bu da mən,
Ağrısına, acısına dolandım.
Heç bir ölkə, heç bir dünya çəkmədi,
Ocağında odun olub qalandım.

Azadlığı gözlərimə nur idi,
Dar majalı ürəyimə qor idi,
Göz dəyməsin, başbilənlər zor idi,
Qəm-kədərin dəryasına yol aldım.

Nə doğması, nə də yadı bilinmir,
Şəcərəsi, nə də adı bilinmir,
Bu şorbanın duzu, dadı bilinmir,
Kin vurduqca kirpiyimdən sallandım.

Çəkən çəkir, ütən ütür, nə yaxşı,
Deyirlər ki, düz tutubdu naxışı,
Yalançıya qəmim olsun baxışı,
Fəxri deyər, bu qarğışdan hallandım.