Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


POEZİYA
 

Tahir TAİSOĞLU


 
KİMDİ KİMİYÇÜN YANAN

Tənha qalan yuva,
boş qalan yuva
məni kədərləndirir həmişə.
Bayquş ulamağı yadıma düşür,
Qəhərlənirəm az qala.
Suyu başından qurumuş
çaylaq daşları -
sellərin oyunları
üzə çıxan
çaya baxırmış kimi.
Çayların skeleti üşüdür məni.
Sənə baxıram,
Tənha qalan yuva,
uzaqlarda qaralan yuva!
Bir ətək bulud kimi,
Dolub durmusan elə bil -
Gözləyən də yoxdu hönkürməyini...
Heç kim görmür səni,
düşünmür heç.
Ağacların xəlvətliyindən
baxırsan narın-narın...
Çünki hələ yolu uzaqdadır baharın da!
Tənha qalan yuva,
boş qalan yuva -
öz-özünə qaralan yuva!..
Çünki
bu tənhalıq heç kimin
eyninə deyil -
tənhaların da,
yalqızların da!

TƏQLİDÇİLƏR SELİNDƏ

Yaz gəldimi
uzaq-uzaq üfüqlərdə
Çırtladımı gün,
Küləklər keçdimi
o yanına, bu yanına
yekə ağacların,
təkə ağacların, -
Çaylar da içinə gün doğmuş kimi açıldımı?
Bəh! Bəh! onda gəl, qardaş
Gəl, gör nələr var...
Nə həşirə düşür ağaclar!
Bu, o olmaq istəyir,
O, bu olmağı üstün sayır.
Bu ona oxşamaqdan ötrü,
lap dəhrəyə verir
yan-yörəsini.
O bunu yamsılamağa görə
Bir az sıxır özünü,
Dəyişdirir səsini.
Danır ata-babasını,
Lap üzə durur, üzə!
Tək-tək olur,
seyrək-seyrək olur,
özünü yaşayan -
O da Allah bilir
nələrə dözə-dözə.
...Gərək gedəm bağban babamın yanına,
üz vuram gərək.
Heç olmasa mənim xatirimə,
Birinci onların dibindən aparsın suyu, arxı.
O ağacların ki, özlərini yaşayırlar,
Öz adlarını daşıyırlar.



Xatirimi əziz tutur
babam axı...



İNSAN QƏLBİ

Şumlanmış torpaq kimi olur
İlk eşqə düşən
insan qəlbi -
yumşaq,
həm də iz düşməmiş, ləpir düşməmiş...
İlk məhəbbətin, ilk sevginin şumladığı,
Ucsuz-bucaqsız torpaq kimidir -
qəlbin nəhayətsizliyi.
İlk toxum, ilk dən
hansı bir quşun qanadlarından, dimdiyindən
gəlib düşəcəksə,
Hansı bir gözəlin baxışlarından
Qonacaqsa,
o şumda bərəkət oyanacaq -
əbədiyyət kimi.

SƏNİ GÖZLƏDİYİM GECƏLƏR

Səni gözlədiyim gecələr
uzundumu,
deyim?
Həsrətimin ümmanlarında
yosundumu
deyim?!..
... Həmin gecələrin qara, meşin yağışlıq kimi
dəngil-düngül xışıltısında
gecələyir-
fikirlərimin seyrəkliyi.
O gecələr həsrətimi hecalayır!
Hansı bir uzaq qovaq yarpağınınsa
ögey hənirtisində daldalanır
istəklərimin yumşaqlığı,
dolu, dadlı sükutumun
alma kimi şaxlığı.

* * *

Günəşli bir gündə,
Ağacların yarıçılpaq budaqlarında
dənsiz sərçələr kimi
civildəşirdi quru yarpaqlar.
Dimdiyinin sarısı getməyən
sərçələr də vardı.
Külək qolaylarında
hərdən topalanırdı bir yerə,
hərdən də
olurdular pərən-pərən -
sarı, boz sərçələr.
Ağaclar payız günəşində
Qaynayırdı qar-qar.
Sərçələr - xəzəllər çıxmışdı üzə,
Çox qıraqda qalan tənha
Ağcaqayın
elə bil üzə-üzə
gəlib çıxmışdı sahilə.
O "qayıq"da payıza çatıb
qoşulmaq olardı hələ!

İSTƏKLƏRİMİN KƏDƏR ÜZÜ

Ağ yumurtanın sarısı kimi
İçindən həsrət çıxan kədərimin
dincəlməyən,
yönə gəlməyən
yuxusuz işığıyla tək qalıram -
Böyük bir ağacdakı tənha yuva kimi.
Üşüyürəm, üşüyürəm, qaralıram.
Gecələr tək olsam da
səhərlərimin
işə gedən sıxlığında
Bir pıçıltı qırıqlarında
gecələyir fikirlərimin seyrəkliyi,
xeyrə-şərə gərəkliyi.
Yarpaqların uzaq-uzaq
hərdən-hərdən
həzin xışıltısında,
daldalanır -
Yumşaq istəklərimin kədər üzü.
Bir də
səsimin çıxmamağı.
Ömrün indiki çağı
Bir də görərsən ki,
nəfəsimi belə çəkmərəm,
Baxmaram nə kədərə, nə həsrətə.
Qovuşaram təbiətə -
sakit axan su kimi.
Görərəm öz işimi -
Təbiətin bir parçası kimi...
Bir an da olmaram
dinc, aram -
Ya bir ağaca ömür verərəm,
ya da bir parça torpaq olub
Bir qarış çəmənliyi yaşadaram.

ÜÇLÜK

O axşam üç qızıl lalə əlimdə,
Üç kəlmə söz kimi... mənalı, gözəl,
Mən sizə gəlirdim insan selində,
Hamıdan qabaqda, hamıdan əzəl.
Güllər bir məhəbbət sorağı kimi,
Alışıb yanırdı, kefi çağ idi.

Qırmızı güllərin saplağı kimi,
O uzun küçələr ağappaq idi...
Qapının zənginə dəyib-toxunan,
Bir gülün ləçəyi sanki yanırdı.
O biri güllərsə nəfəs çəkmədən
Sanki gizlənirdi, daldalanırdı.

Bizim dördümüzə açdın qapını,
Özün də gül kimi açılmış idin.
Elə bil göylərin yeddi qatını
Uçub gəzib gələn bəyaz quş idin.

Üç şam yandırmısan demə axşamdan,
Üç gül sorağında...
Əcəb iş idi...
Əriyə-əriyə yanan o şamdan
Biri göz yaşına bürünmüş idi.

Mən Səni Sevirəm! -
Bu üç kəlməni,
Üç şamtək yandırıb məni gözləyən,
Özü də şam kimi yanan, sızlayan
Bir gözəl sehrinə salmışdı məni!..

Ömrün üç gecəsi vardı qabaqda,
Üç gecə... sevdalı, məhəbbət dolu.
Səmada ulduzlar bir ağ tabaqda
Üç-üç sayrışırdı...
mənalı, büllur...

Elə bil bu evə gəlmişdi bahar,
Lalələr özünü köz eyləyirdi.
Güldanda çiçəklər, şamdanda şamlar,
Baxıb bir-birinə göz eyləyirdi.

Al rəngli üç lalə, ağappaq üç şam,
Tənha bir xanımın evi... bir axşam...
Şamlar ayıq idi, yuxusuz idi.
Gah baxır, gah da ki başın əyirdi,
Hər şey gözəl idi, qorxusuz idi.
Gecə şirin-şirin nəğmə deyirdi.

Qəlbimi, eşqimi qanadlandıran,
Bu əbədi gecə daha bəsimdir.
Şamları söndürüb səni yandıran,
Nəfəsim, həvəsim, sakit səsimdir.


Əsl məhəbbətin sonu bahardı,
İnsan bu üçlüyə həmişə həsrət.
Bəli, bu üçlüyün üç qolu vardı, -
Həyat, gənclik idi, bir də məhəbbət!