Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


POEZİYA
 

Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


 
Əsgər RƏSUL

ÖldürmƏnin hikmƏti
(psixo-fəlsəfi dram)
Birinci pərdə
Bir yığın insanı nişan verərək,
Bunları meydanda asmalı deyir.
Cəllad kötüyünə başların qoyub,
Baltayla dibindən kəsməli deyir.
Adamlar yığışıb, tamaşa etsin...
Dilində "Qana qan" şüarı bitib.
Unudur, asılsın dediyi insan,
Bizlərdən biridir, günaha batıb...
Bilirdi, həmkarı illərdən bəri,
Ürək xəstəsidi, tutması vardı.
Vurdulu-qırdılı qorxu filmindən,
Ölüdən, hüzrdən, qandan qaçardı.
İndi asılana baxacaq qədər,
Ürəkli, ciyərli olubdu, heyrət!
Başı kəsilənə baxacaq qədər,
Özündə cəsarət bulubdu, heyrət!
Öldürmək dünyanın ən ağır suçu,
Öləni seyr etmək ondan da ağır.
Axı necə olur, necə olur ki,
Dönür canavara müti bir fağır?
Məxluq necə olur, gözün qırpmadan,
Alır Xaliqinin verdiyi canı.
İnsanlar özündə necə güc tapıb,
Durur tamaşaya ölən insanı?!
Nədir öldürmənin hikməti, Allah,
Can verən də sənsən, can alan da sən.
Yer üzü min çeşid günah içində,
Ölümlə sınağa bizi çəkirsən...
Sənə səcdə edib pənah gətirən,
Sadiq qul-köləni sınamaq niyə?
Axı necə olur inanırsan sən,
Cənnətdən qovduğun İblis mələyə!
Əcəli, qəzanı, qədəri qandıq,
Haqsız ölümlərə axı nə hacət?
Səni, uca Tanrım, adil sanırdıq,
Bumu haqq dediyin, bumu ədalət?!
İkinci pərdə
Budur, bir ayağı kəsik qardaşım...
Özü buradadır, ayağı kənddə.
Nə onda çıxardı davadan başı,
Nə indi baş açır bu fəlakətdən.
Bir vaxt toyuq başı kəsə bilməzdi,
Qarışqa əzməkdən ürkərdi onda.
Min bir bəhanəylə qaçardı evdən,
Qurban deyilən qoç boğazlananda.
İndi bir qazidir, döşü medallı,
Fəxr edir, öldürüb nə qədər insan.
Müharibə onu ikiyə bölüb,
Yarı şəhid olub, yarı qəhrəman...
Budur komandiri, qorxma, vur deyir,
Qarşıda görünən yağıdır, durma.
Sən onu vurmasan, o vuracaqdır,
Yetim uşaq kimi boynunu burma.
Bu həmən yağıdır, topu-tüfəngi,
Elini, obanı dağıdır, vurur.
Bir vaxtlar qonşundu, kirvəndi, indi
Səni öldürməkçün min oyun qurur...
Sanki eşitmirdi deyilənləri,
Öldürmək bu qədər asanmı belə.
Üzbəüz mövqedə dayananları,
O, insan cildində görürdü hələ.
Elə ki yanında dayanan əsgər,
Alnından vuruldu, yıxıldı sağa.
Elə ki gözünün önündə bir-bir,
Silah yoldaşları düşdü torpağa.
Əmr gözləmədi artıq kimsədən,
Avtomat silahdan o, atəş açdı.
İnsandır demədən, qonşu demədən,
Qarşıya yüzlərcə güllələr saçdı...
Üçüncü pərdə
"Bu gecə qan töküləcək"... eşitcək,
İldırım vurmuşa dönmüşdü o an.
Sakitcə oturub, yeyib-içərkən,
Bu da hardan çıxdı, nə gecə, nə qan?!
Boylandı ətrafa, oldumu duyan,
Baxdı sağ-soluna, gedib-gələnə.
Bir toy karvanı da keçirdi yoldan,
Dostu da baxırdı bəylə gəlinə.
Toyumu qəsd etdi, görən, utanmaz,
Gərdək gecəsimi yadına düşdü.
Sərxoş baxışların ona zilləyib,
Yoxsa buna görə elə qımışdı...
Dostları demişdi, inanmamışdı,
Spirtli içkilər ona yasaqdır.
Uşaqlıq dostunu qırammamışdı,
Demişdi az içsin, təmiz araqdır.
O süzdü dostunu başdan-ayağa,
Gör içki yazığı nə hala salıb.
İyirmi yaşında cavan bir oğlan,
Ahıl kişilərtək necə qocalıb.
Ölümün ən sakit yolunu seçib,
Araq şüşəsində özünü boğur.
Masadan qalxarkən bir dördlük dedi,
Arada şeir də yazırmış fağır:
Yaşamaq çətindir, tənqidə nə var?!
Özgənin səhvini tez görür adam.
Ayıqkən sərxoşu təqlidə nə var?!
Sərxoşkən ayığı təqlid et, qadam!

Dördüncü pərdə
Bu gün təpər tapıb, yolunu saldı,
Qonşusu yatdığı xəstəxanaya.
Bir neçə gün qalıb, çıxar demişdi,
Gün həftəyə döndü, həftələr aya.
Hələ də anlamır, durub dururkən,
Nə oldu, əsəbi niyə pozuldu?
Qaçqınlıq, köçkünlük depressiyası,
Minlərin içində ona yazıldı?!
Darıxma, tezliklə sağalacaqsan,
Ciddi bir şeyin yox, - deyir həkimin.
Doğma yurd-yuvana qayıdacaqsan,
Özünü ələ al sən hamı kimi...
Dedi yorulma heç boş təsəlliylə,
Qonşu, o xınadan deyil bu xına.
Buranın adını yaxşı bilirsən,
Xəstəxana adlı bir dəlixana...
Boylan ətrafına, xəstələr gəzir,
Hər biri bir evin dirəyi, tacı...
Həkimdən, dərmandan pənah gözləyir,
Alimi, fəhləsi, varlısı, acı.
Heç kəs öz dərdinin səbəbin bilmir,
Səbəb bir deyil ki, şoğərib çoxdur.
Xəstə var, gələni-gedəni bol-bol,
Xəstə var, tənhadır, kimsəsi yoxdur.
Yaxşı bax uzaqda ləngər yerişlə
O başa, bu başa var-gəl edənə.
Deyir Teymurləngəm, Turan dardadır,
Sizi qurtaracam, qoşulun mənə.
Ona bax, qıy çəkir Koroğlu kimi,
Hoydu, dəlilərim, hoydu, bağırır.
Ağ xalatlı həkim qızı görüncə,
Hardasan, hardasan, Nigar, çağırır.
Dinlə yanıq səslə oxuyan gənci,
Yetim segahından göz yaşı damır.
Yemək sinisini qaval zənn edir,
Arabir özünü Xan əmi sanır.
Bax bu üst-başından milçək qovana,
Tökülün üstümdən deyir yoruldum.
Mənim yeyənim çox, gedin o yana,
Sizin üzünüzdən işdən qovuldum.
O küncdə düzüşüb oturan var ya,
Onillik məhbusdu, yenicə çıxıb.
Amma azadlıqda qərar tutammır,
Deyir məhbəs üçün yaman darıxıb.
Sağına-soluna boylanır hərdən,
Sanır kimlər isə onu izləyir.
Deyir ki, üstündə minlərlə göz var,
Böyük bir sirri var, bizdən gizləyir...
Qapının cəftəsi hər açılanda,
Tez durub, yollanır qapıya sarı.
Deyir aparmağa gəliblər onu,
Buraya gətirən dosdoğmaları.
Soruşsan arvadı niyə öldürdün,
Səni göndərdilər o ağzıbirə?
Utana-utana deyir ki, gördüm,
Onu müdirilə bir-iki kərə...
Şükr elə, sənin ki belə dərdin yox,
Subaysan, sultansan, başına buyruq.
Həkimlə danışım, evə buraxsın,
Unut bu dərd-səri artıq biryolluq.
Yox, olmaz! - deyərək, yerindən qalxdı,
Anla, ortada var bir acı gerçək.
Əgər mən olmasam, bu yazıqların,
Dərdin kim dinləyib, əlac edəcək?!
Beşinci pərdə
Final səhnəsini açıq buraxın,
Tələsməyin endirməyə pərdəni.
Hər gün seyr edərək çarə axtarın,
İnsanlığın sağalmayan dərdini.
Nə üçün öldürür insan insanı,
Dost dostu, qardaşsa qardaşı qırır.
Barmağı tətiyə basdıran İblis,
Nədən içimizdə rahat oturur!
Dava edir min illərdir xeyir-şər,
Min illərdir şərin kökü qazılmır.
Unuduruq, bir ölümdür hər zəfər,
Öldürmənin ölüm hökmü yazılmır.
Bundandır nur səpir ürəyimizə,
Babaların üç almalı nağılı.
Vicdan hüzuruna qovuşur, dinlə,
Elm-ürfan tərbiyə edir ağılı.
İnsan insanlıqdan çıxır o vaxt ki,
Vicdanı, namusu, ağlı itirir.
Vətən torpağını qorumayanlar
Azadlıq şumunda qanqal bitirir!
Ölüb-öldürmənin üç hikməti var:
Biri Vətən, biri namus yarası.
Bir də nə zaman ki ürəklə ağlın,
Pozulur insanda harmoniyası...

Bənüvşə DAŞDILI

VƏTƏN

Səni yaman sevdim, Vətən!
Yaman sevdim səni...
Uca dağlarını,
buz bulaqlarını,
qalın meşələrini sevdim, Vətən!
Sərt qayalarını,
yamyaşıl yamaclarını,
min bir rəngli güllərlə bəzənmiş,
al-əlvan düzlərini sevdim, Vətən!
Hər bir yamacdan çıxan,
qayadan sızıb axan,
dərələrdə birləşib çaya dönən,
sularını sevdim, Vətən!
Gözəllikdə dünyada
Tayı-bərabəri olmayan,
sıx-qalın, sərin,
arasından yarıb keçə bilmədiyim,
ətrindən, gözəlliyindən
doya bilmədiyim meşələrini sevdim, Vətən!
Zirvəsi qartallı,
laçınlı,
Laçın qayalarını sevdim, Vətən!
Səni yaman sevdim Vətən!
Məcnun Leylini sevən kimi,
Kərəm Əslini sevən kimi!
Mən də səni sevdim!
Vətən!
Mən də sənin məhəbbətindən
səhralara düşmüşəm,
qəm, həsrət səhrasına!
Mən də Kərəmtək
öz ahımla bişmişəm,
Səndən ayrı düşmüşəm!
Bu həsrəti
sovuşduranım yox,
məni sənə qovuşduranım yox!!!
Vətən!!!
Vətən!!!
Məni sənə,
Qovuşduranım yox!
Məni sənə qovuşduranım
Yox!
İTİRDİM
Qırxqıza qalxardıq biz hər yaz ordan,
Dağlar gözəliydi Şamkəndlə Çorman.
Yenə də gül açıb hər tərəf, hər yan,
Bal yığan arımı güldən itirdim!
Qoy heç kəs qoymasın boynuma minnət,
Həkəri çayıdır qoluma qüvvət.
Toruna salmışdı məni də Minkənd,
Qızıl balığımı tordan itirdim!
Mən niyə itirdim, itirdim səni?!
Sən neyçün köksündən ayırdın məni?
Dəmir çarıq geyib axtardım səni,
Çarığım yırtıldı, yoldan itirdim!
Ha qaçdım arxancan çata bilmədim,
Yüyürdüm, yüyürdüm tuta bilmədim.
Həsrət ürəkdədir, ata bilmədim,
Bəxtimi biryolluq, ordan itirdim!
Qəm yükün çiynimdən ata bilmədim,
Getdi yar-yoldaşım çata bilmədim.
Axtardım, axtardım tapa bilmədim,
Dəmir əsamı da əldən itirdim!

Gğldənə AĞABALAQIZI

Ay küknar ağacı,
küknar ağacı

Təbiət nə gözəl yaradıb səni,
Meşəmin, dağımın bəri - bəzəyi,
Sərvi, şamı seçdin özünə bacı,
Ay küknar ağacı, küknar ağacı.

Sənə toxunmayır dünyanın qışı,
Payızın küləyi, yağan yağışı,
Yamyaşıl durmusan başında tacın,
Ay küknar ağacı, küknar ağacı.

Vətənin bu çətin, qərib çağında,
Qələbə, azadlıq, sülh sorağında,
Sənə də dərd olub bu ağrı, acı,
Ay küknar ağacı, küknar ağacı.

Boynunu bükmədən dayanmısan dik,
İşğalçı düşmənə nifrətin böyük.
Top - tüfəng səsindən qaçdı turacın,
Ay küknar ağacı, küknar ağacı.

İlk müƏllimim

Yaşının üstünə bir yaş da gəldi,
Müəllim hər yaşda, hər an gözəldi.
Müqəddəs əməli, müqəddəs yolu,
Şərəfli işlərlə doludur, dolu.

İzin ver, zəhmətkeş əlindən öpüm,
Səni təbrik edim, əziz müəllim.
Qarşında əyilim, diz üstə çöküm,
Mənim doğma, əziz, ilk müəllimim.

Əlinin istisi keçdi əlimə,
Vətən, ana sözü yazdın dilimə.
Səndən öyrəndiyim hər söz, hər kəlmə,
Ömrümə mayakdır, ilk müəllimim.

Anam

Səni mən çox sevərəm,
Səndən heç vaxt doymaram.
Çiçək kimi bəslərəm,
Saralmağa qoymaram,
Anam!

De haradan ələndi
Qar dənəsi saçına?
Mən haraya üz tutum,
Qırışın əlacına?!
Anam!

Yanağın niyə soldu,
Nədən gözlərin doldu.
Yorğun baxışlarında
Təbəssüm niyə dondu?
Anam!

Boyuna qurban özüm, anam,
Sənsən yolum, irizim, anam.
Sən yatdığın torpaqda
Necə dolaşım, gəzim, anam?