Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


POEZIYA
 

AGASƏFA


 
Açıldı bənövşələr

Astaca, narın-narın
Əsdi Novruz yelləri.
Totuq-totuq otların
Tumarlandı telləri,
Puçurlandı meşələr...
Açıldı bənövşələr...

Hər bucaqda neçə quş
Oxuyur: gəldi bahar!
Daşlar da heyran olmuş...
Hansı nəğməkarda var
Bu xallar, bu guşələr?
Açıldı bənövşələr...

Güneyləri Gün eşir,
Ötür alacəhrələr.
Əmir ana Günəşi
Körpə-körpə pöhrələr,
Xırda-xırda pişələr...
Açıldı bənövşələr...

Çıxıb qarın altından
Cilvələnir dağ-dərə.
Düşüb yorğun atından,
Bu gecə Ay da yerə
Nur çilər, gümüş ələr...
Açıldı bənövşələr...

Quzeydə qar xonçası,
Güney yaşıl səməni.
Sil qəlbimdən bu yası,
İlahim, bu gün məni
Pərvazlanan quş elə...
Açıldı bənövşələr...

Kədər ötər, qəm ötər,
Aç sinəni bu mehə,
Aç köksünü, nəfəs dər.
Bu ətir, bu rayihə
Adamı bihuş elər...
Açıldı bənövşələr...

Ötəridir bu yağış,
Köçəridir bu bulud.
Alqış, bahara alqış!
Gözün aydın, Ana yurd!
Ürəyini xoş elə...
Açıldı bənövşələr...

Tək özünə arxalan

Həmişə savaşdasan,
Düşmənin mindir, Vətən.
Cavab yox, sual asan:
Günah kimindir, Vətən?
Səbəb nədir: qan - qada
Heç az olmur başından?
Daim düşürsən oda,
Torpağından, daşından
Hey qan qoxusu gəlir.

Meydanda tək qalmısan,
Haqq səndən gendir, Vətən.
Cavab yox, sual asan:
Söylə, nədəndir, Vətən,
Elə haqq deyə - deyə
Qalmısan haqq yolunda?
Niyə, niyə, ah, niyə
Düşmən sərvaxt olanda
Türkün yuxusu gəlir?

Ətirli bal şanısan,
Yad ağızda dad, Vətən.
Cavab yox, sual asan:
Ay dadi - bidad, Vətən!
Daşındıqca şanların
Qaldırmırsan başını.
Sənə daraşanların
Bitmir ləşkər- qoşunu,
Hələ arxası gəlir.

Ümidlər, vədlər yalan,
Oyan, haqsevən Vətən.
Tək özünə arxalan,
Özünə güvən, Vətən,
Kəsilsin ağrım, ahım.
Biz hələ enməmişik,
Şükür sənə, İlahim,
Hələ tükənməmişik,
Hələ arxa su gəlir...

                            Qarabulaq, 2005

Örtülü bazar

Örtülü bazara aparır bu yol,
Milləti üyüdür açıq, tək qapı.
Qapıda cibgir var, ehtiyatlı ol,
Əli cibindədir, gözü tük qapır.

Burda pula satır qardaş qardaşı,
Pullunun əlindən öpən də olur.
Kasıbsan, deyinmə, tərəzi daşı
Bir də görürsən ki, təpəndə olur.

Şair yetim kimi qızarır, pörtür,
Cibləri yırtıqdır, həddini aşmır.
Kim ki dil-dil ötür, sən ibrət götür,
Əli gətirənin dili dolaşmır.

Pullu pul uzadır, kəsədir sözü,
Çənə - boğaz döymür, vaxtı uzatmır.
Çiyələk istəyir nəvənin gözü,
Nənənin saxlancı kartofa çatmır.

Satıcı tanıyır alıcı quşu,
Biləsən savaşı - barışı gərək.
Hərənin öz nırxı, öz taxtapuşu,
Bir qarış yerin də quruşu gərək.

Ayıbdır, pulluya burda yanaşma,
Bazarda xarici qonaqlar da var.
Örtülü bazarda açıq danışma,
Burda darı dələn qulaqlar da var.

Gözün kimi gəzir burda, ay yoluq,
Baxtına kim düşər bu baxabaxda.
Pulun başındadır dostluq, qohumluq,
Burda dost axtarma, cibini axtar.

Əyri tərəzidə qalmasın gözün,
Örtülü bazarda min cür əməl var.
Tərəzi tutanın əli neyləsin,
Hər əlin üstündə özgə bir əl var.

Çaşıb deməyəsən yerim olub dar,
Sığıb bir bazara bu boyda Vətən.
Dartıb ürəyini kökdən çıxardar
Örtülü bazarın üstünü örtən.

Harın gədələrin meydanı geniş,
Pulsuzlar, yoxsullar qoz qabığında.
Xoşuna gəlirmi bu alış-veriş,
Vətəni satırlar göz qabağında.

Bax, bu qutab bükən, xəmir yoğuran
Ana lənətləyir bütün dünyanı.
Ay uca kürsüdən "Millət!" bağıran,
Gəl, öz millətini bazarda tanı.

Gör ki, Vətən nədir?
Örtülü bazar...
Örtülü bazara döndü bu gülzar...

                                                    2003
Rüşvət dünyası

Dünyaya gələn körpədən
Həkimlər rüşvət istəyir.
Göbək kəsən, əl tərpədən...
Və kimlər rüşvət istəyir.

Rüşvətlə dil açır uşaq,
Rüşvət ilə iməkləyir.
Rüşvət ilə yumşaq- yumşaq
Tük gətirir, lüməkləyir.

Qanad açır, pərvazlanır
Rüşvət uşaq bağçasında.
Rüşvət verənlər nazlanır
O bağçanın tağçasında.

Məktəbdə də Rüşvətağa
Durub, kəsdirib qapını.
Rüşvət gətir, al uşağa
Dəftərini, kitabını.

Ali məktəb, ali savad,
Pulunu ver, diplomu al.
Qoy uşağın açsın qanad,
Qıpqırmızı- diplomu al!

Rüşvət ötür komissara,
Evindəcə əsgər olsun!
Rüşvəti verəndən sonra
Vətənə "xilaskar" olsun!

Ver rüşvəti, pillə-pillə
Qalxsın, uşaq nazir olsun.
Tiksin villa, varla, pulla
Şah yanında vəzir olsun.

Rüşvət - yara, rüşvət - xora,
Rüşvət aşıb- daşır daha.
Məddahlar da rüşvətxora
Hər gün dastan qoşur daha.

Qorxma, əgər ölmüş olsan,
Ölü yumaq rüşvətlədir.
Məclis - filan, ehsan - mehsan,
Hər kef- damaq rüşvətlədir.

O dünyada rüşvət varmı?
Varmı orda rüşvət andır?
O dünyaya getməmişəm,
Üzürlüyəm, əfv eləyin,
Bildiklərim buracandır...

                                          2002

Ruhumda savaş

Mənə asta yaxınlaş,
Yavaş, qardaşım, yavaş.
İçimdə qan fışqırır,
Ruhumda savaş var, savaş.

Bu başsız axına
Qaynayıb - qarışa bilmirəm.
Özgələr özgədir,
Heç özümlə barışa bilmirəm.
Məni əyə bilmirlər,
Qatlanmır dizim...
Bircə...
Nəvəm iməkləyəndə
Qoşuluram ona,
Sürünürəm dizin - dizin...

                                Qarabulaq, avqust, 2007

Gözündən

                            Getmə gözümdən,
                            Gedərəm özümdən
.

                                                       El deyimi

Gözəl yoxdur sənin alma gözündən,
Gözüm nuru, uzaq olma gözümdən.

Bizə dur gəl, göz üstündə yerin var,
Su içmir heç gözüm amma gözündən.

Qara eynək qara bəxtimdir, ey vah,
Qara gündür, məni çalma gözündən.

Gözə gəlməz gözəllərdə gözəl göz,
Gözəl gözlüm, gözə gəlmə gözündən.

Gözüm yaşı sənə gözmuncuğumdur,
Gözüm çıxsın, elin qalma gözündən.

Gözündən düşsəm hərgah, gözdən ollam,
Bizə göz var, məni salma gözündən.

Ağasəfa sənə ovdur, şikardır,
Gözə qurban, nişan alma gözündən.

Qarabulaq, iyun, 2007

Hər yerdən Əlacı kəsilmiş kişi

Qəlbini sap kimi zor ilə dartıb,
Bir ümid sapının ucundan tutub,
Cəhənnəm odunda yanıb qor olmuş,
Əlacı kəsilmiş, qəlbi qırılmış
O kişi qapına gəlmişdi sənin.

Əriyib, qaralıb, dönüb sürməyə,
Namərdlər qoymayıb ömür sürməyə,
Başına gələnlər bir elə iş ki,
Quyuya salınmış mərdin nağılı.
Gözündə parlayan son həyat eşqi
Bir çınqı, bir qırıq xoş sözə bağlı
O kişi qapına gəlmişdi sənin.

Son ahı, son vayı, axır nəfəsi
Vulkantək qopurdu ciyərlərindən.
Dodağı çatlamış, dünyaya asi,
Köynəyi birindən, pencək birindən,
Təkcə başındakı papaq özünün...
Daha yaşamağa qeyrəti dözmür...
O kişi qapına gəlmişdi sənin...

Qırdın son ümidi,
Qırdın son qapı...
Bir mərdin başına fırlandı dünya,
Bir kişi üzünə bağlandı qapı.
Getdi, ürəyində nə qədər yara,
Getdi ayağında köhnə şapşapı...
... İlahi! O mərdi qoyma naəlac!
Ona qapı aç...

                                    Qarabulaq, noyabr, 2001

***

Ağasəfa, yan, buna yan:
Quyruqda quyruq bulayan,
Bazarda meydan sulayan
Şora balı qarışdırır.

Ağasəfa, yan, ağla yan,
Dilini sakit saxla, yan,
Kefindədir it saxlayan,
Yaltaq yalı qarışdırır.

Rütbə alıb nadan, naşı,
Pul dilənir gözü, qaşı,
Ayırmır qurudan yaşı,
Bir mahalı qarışdırır.

                                     2004