Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


NƏSR
 

Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


 

Sədəf qarı yuxudan hövlnak ayıldı. Elə bil kimsə onu qabağına qatıb qovurdu. Tər-suyun içindəydi...
- Bismillah... Bismillah... Bismillahi-rəhmani-rəhim... Üzün düşsün, a kişi... Üzün düşsün...
...Qarı toxtayıb evin divarlarına göz gəzdirdi...
...Əri ilə qoşa şəkli. O birindəsə ata-anadı, üç oğul da başlarının üstündə... Yük yerinə bir-iki yorğan-döşək yığılıb... Küncdə ocaq yeri... Ocağın sağında-solunda lampa qoymaq üçün rəflər. Birində lampa közərir.
- Ya Allah!
Qarı yerindən durub ocaq tərəfə gəldi, ovcunu şüşənin başına tutub üflədi. Lampa elə buna bəndmiş söndü.
- Hanı? Hanı? Hardan tapım? Deyirsən “gətir”... hardan gətirim?.. Evdə ancaq uşaqların dərs kitablarıdı... axtarım-görüm...
...Qarı əl atıb qapının yanındakı mıxdan asılı qırmancı götürdü, bir də ocağın qulağındakı oxlovu...
-...Özün bilən yaxşıdı,.. ya Rəbbi...
...Həyət qapısı ağır-ağır, cırıltıyla açıldı. Qapının arxasındakı kişi, elə bil çoxdan dayanmışdı, darvazanın nə vaxt açılacağını gözləyirdi. Başında nimdaş hərbi papaq, əynində boğazacan düymələnmiş, rəngi bilinməyən plaş, ayaqlarında ipi qaçmış köhnə ayaqqabılar vardı. Bu adamın sifəti asta-asta əridi, gözləri güldü...
Sədəf qarı onu görcək diksindi.
- Bismillah, qorxuzdun məni, a Şəmi...
- Zdrayu-jelayu, Sədəf qarı!
...bunu deməyinən Şəmil əlini gicgahına aparıb hərbi salam verdi.
- Gözlüyürəm səni ki, havax evdən çıxasısan.
- Neynirsən məni, a Şəmi, çıxan kimi turşuya qoyacaqsan?
...Şəmilin üz-gözündən bayaqkı gülüş birdən-birə çəkildi, sifəti ciddiləşdi, əlini plaşının arasına keçirib soyuq tərzdə dilləndi.
- Sədəf xala, turşuya xiyar-pomidor qoyallar.
- Bilirəm, ay oğul, bilirəm. Yəni, demək istəyirəm ki...
-...bir də badımcan... Özü də xahiş eləyirəm, mənə general Poladov deyəsiz. Kak palojeno.
- Ay Yaranal Polatof. Gözü çıxmamış Məsmə niyə buraxıb səni evdən bayıra?
- Artıq suallar vermə, Sədəf xala. Vaxt azdı. Mənə xəritə lazımdı təcili.
- Xəritə? Neynirsən, a Şəmi?
- Bilmək lazımdı, bu kənd dünya xəritəsinə düşüb, ya yox?! Bəs durbin necə, var?
- Heç biri yoxdu, a Şəmi.
...Şəmilin sifəti daha da ciddiləşdi, sərkərdə döyüşdən qabaq var-gəl eləyən kimi, qapının ağzında o yan-bu yana gəzişdi.
- İşlər çətinləşir, Sədəf qarı... Durbinsiz düşmənin hərəkətini izləmək çətindi... Əfqanıstan olsaydı... Gedim görüm neynirəm...
...birdən Şəmilin gözü Qarının əlindəki qırmanca sataşdı. Və sifəti yenə qayğısız təbəssüm içində əriyib getdi, bayaqkı ciddilikdən əsər-əlamət qalmadı.
- Sədəf xala, qurbanın olum, nə olar, əlindəki o qırmancnan vur da bu camaatın ayaqlarına, dizlərinə! Denən bu kəndi qoyub hara qaçırsız, a köpəyuşağı? Heç olmasa, məni döy, Sədəf xala, məni döy, ürəyim soyusun... Yandı ciyərim!
...Şəmil ağladı və dizlərini atıb Sədəf qarının düz qabağındaca yerə çökdü.
...Hardasa At kişnədi.
Tindən yüyəni yəhərinə sancılı, yiyəsiz-sahibsiz bir At çıxdı. Kişnəyib Qarının yanından ötüb keçdi...
Qarı gözünü qaldırıb, könülsüz-könülsüz atın arxasınca baxdı: "Bu at mənə tanış gəlir. İndi yəhər xalçası toxuyan kim ola"?!
At tinə yetər-yetməz bir uşaq qəfil külək kimi tindən çıxdı. At ürküb şahə qalxdı. Atın ürkməyi, oğlanın bu cürə tindən çıxmağı da qarının heç xoşuna gəlmədi. Əlindəki qırmancı uşağa tuşlayıb çımxırdı:
- Ay uşaq, yavaş! Atı dəli-cinli eylədin. Tanımırsan, kimindi bu at?
Nəfəsi çiyinlərindən çıxan uşaq özünü yığışdırdı:
- Nə bilim... At hanı?
- Kimin uşağısan, a bala?
- Sənəmin... Sədəf nənə. Anam dedi ki...
- Adam atasının adın deyər...
- Sədəf nənə, anam dedi bizim oxlovu versin.
Qarı əlindəki oxlovu uşağa uzatdı:
- Gətirirdim... Al apar... Hara köçürsüz, a bala?
- Bakıda öyümüzə nə gəlib...
Uşaq oxlovu alıb havanı "çapa-çapa" getdi... Uşaq tini burulan kimi qonşu divarın üstündə Gülxar arvadın çarqatlı başı görükdü.
- Aaz, Sədəf, gördün nə deyir Qəhrəmanın küçüyü...
Sədəf qarı başını buladı:
- El-oba əldən getdi, sən, a Gülxar, köhnə xasiyyətindən əl çəkmədin. İndi də qulağa durursan?
- Neyniyim, aaz? İraq olsun, qulağımı bağlayım? Görmürsən? Gədəsi fırt eləyib Qəhrəmanın burnundan düşüb. "Maam dedi, oxloyu versin..." Camaat nə hayda, bu nə hayda? Mürtədin adına baxsana... - Qəhrəman. Ad qoyan dərinə getsin haa! A Sədəf, sən o qırmancı hardan tapmısan? İt ilinnən qalıb. Sındırıb atsana!
- A Gülxar, qara arvadsan, yüz arxın suyunu bir yerə calama... Sən niyə bu vaxta qalmısan?
- Kürəkənim bir ayağın maşına qoyub, məni gözdüyür, dedim barının üstünnən axır kərəm deyim-danışım...
...Gülxar arvadın gözü doldu, çarqatının ucuyla gözünü sildi, səsi titrədi:
- Ölüm-itim dünyasıdı... ay Sədəf.
Qarı qırmancı özünə dayaq elədi.
- Get, Gülxar, get, Tarı günahından keçsin...

* * *

Sədəf qarı zümzümə eləyə-eləyə, ya da, bəlkə, içində ağı deyə-deyə, əlindəki qırmancla daş-divara toxuna-toxuna keçirdi.
...Doqqazların birinin ağzında köhnə yük maşını dayanmışdı. Yük yerinə nə gəldi yığılmışdı. Bir uşaq sükan arxasında oturub dingildəyirdi. Qarı oynayan uşağa üz tutdu:
- Baban hardadı, a bala?
Uşaq halını pozmadan qayıtdı:
- Ayaqyolunda...
Qarı öz-özünə mızıldandı:
- Atayısın ömrü elə su başında keçdi.
...Sonra əlindəki qırmancın dəstəyinən alaqapını itələdi. Darvazanın cırıltısına həyətdəkilər döyüküb baxdı. Oğlu, gəlini, üç-dörd colma-cocuq uşaq, Atayısın sifətindən dərd yağan arvadı. Elə Qarının qabağına da o yeridi.
- Ay noğulbacı, gəl gör qaynın başımıza nə oyun gətirir?!
- Ordadı?
- Bə harda olacaq, iki saatdı girib, çıxmaq bilmir, uşaq yaralı-yaralı, qospitaldan bircə günlüyə icazə alıb gəlib...
Qarının qaynı oğlu, Atayıs Gülbalanın oğlu - qolu boynuna sarılı, nimdaş hərbi geyimli, qoltuq ağacına söykənən Dəmir əsəbi halda dilləndi:
- Vallah, əmdostu, az qalır bu kişi gecə yatanda da aftafanı qoynuna salsın yatızdırsın, əminin goru haqqı, qoy çıxsın, çırpacağam o aftafanı itin yalağına... tikə-tikə eləyəcəyəm...
...Bunu deyib oğlan içi ovulmuş iri daşı göstərdi...
...Qarı diqqətlə qaynı oğlunun üzünə zilləndi:
- A Dəmir, yaran necədi?
- Buraların başardığı iş deyil, əmdostu, gərək Almaniyaya gedəm. Bir ətək pul lazımdı...
- Allah özü bilən yaxşıdı, oğul.
Qarı addım-addım ayaqyoluna yaxınlaşdı. Dəmir də taytıya-taytıya Qarının arxasınca gəldi.
- Əmdostu, uşaqlar gələr, yəqin. Ona görə soruşmuram...
Qarı elə bil Dəmirin sualını eşitmədi, ya özünü eşitməzliyə qoydu. Yaxınlaşıb əlindəki qırmancın dəstəyinən ayaqyolunun qapısını döydü.
- Ə, Atayıs, ömür boyu iman - Quran bilmədin, halalca adın qaldı bir qıraqda, Atayıs çağırdılar. Bu saat xalx yol üstədi, səni gözlüyür. Barı bu tifilə yazığın gəlsin. Qoltuğunda ağac gəlib səni köçürməyə, sən qurumsaq da, əlində aftafa, girmisən içəri, ciyə hörürsən... Ə, eşitmirsən? Mənnən kiçiksən, salacağam səni qırmancın altına... Ə, Gülü, aftafanı arvadın Rəhimənin üstünə günü almısan?... Ə, hay versənə!
İçəridən hay gəlməyəndə Qarı çəkilib ayaqyolunun qapısına sinninə yaraşmayan bir təpik ilişdirdi. Qapı bir az aralandı... itələyib bir qədər də açdılar və gördülər ki, Atayıs yıxılıb qalıb, nəfəsi gəlmir və havaxtdı keçinib. Dəmir əl atıb kişinin dördəlli yapışdığı aftafanı onun çəngindən qopardı, içinin bütün hirs və hikkəsiynən daş yalağa çırpdı. Aftafanın lüləyi sındı, küpü qopub düşdü... və əvvəlcə heç kəs fikir vermədi... Küpün qopan yerindən imperial qızıllar səpələndi. Qızılın bir dənəsi diyirlənib düz Qarının ayağının ucunda dayandı. Qarı imperialı elə ayağının ucuyla da itələdi.
- A Dəmir, balası, demədimmi darıxma, Tarı özü bilən yaxşıdı?
...Hamı heyrət içində, gözü bərələ qalmışdı. Qarı heç bir şey olmayıbmış kimi dönüb darvazaya tərəf getdi... Darvazanı azacıq açmışdı ki, Dəmir arxadan səslədi:
- Ay əmdostu, kişini neyniyək?
- Neyniyəsisən? Şəlitə büküb özünnən aparmayacaqsan ha?! Odeyy, basdır ərik ağacının dibində. Bu çağacan qibləsin tanımasa da, sən üzü Qibləyə basdır.
...Qarı bir ayağını darvazadan bayıra atmışdı ki, geri qanrıldı:
- A bala, heç olmasa sən Qibləni tanıyırsanmı?
- Niyə tanımıram, ay əmdostu?!
...Dəmirin səsi yəqin ki, qızılların cingiltisindən, həm də göz qamaşdıran parıltısından elə bil durulmuşdu:
-...Odu ha, Xallı təpənin üstüdü də... Ay uşaq, külüngü gəti görüm...
Darvaza cırıltıynan örtüldü. Qarı bir anlığa ayaq saxlayıb, duruxdu. Uşaq yenə bayaqkı yerində oturub həvəslə "şoferlik" eləyirdi.

* * *

Sədəf qarı bir-iki addım atmışdı ki, iki uşaq təngnəfəs, “ənzəli” oynaya-oynaya özlərini arxadan yetirdilər.
- Ay Sədəf nənə! Sədəf nənə!
Qarı dönüb baxdı.
- Sən Duzəkən Qulamın nəticəsi döyülsənmi? Nədi, nə xəbər, babayın duzu göyərib?
- Cannənəm dedi, gəlsin biznən çıxaq gedək.
- Sağ olsun, get denən yolundan qalmasın.
- Sədəf nənə, onda qoyarsanmı gedək sizin armud ağacına səlbə ataq?
- Səlbə niyə, a bala? Çıxın ağaca, nə qədər kefinizdi, dərin yeyin.
- Gedirik eyy, Sədəf nənə, İbişov deyib ki, bu gecə kəndə girəcəklər.
- Ay İbişovun atasının goruna tula bağlayım. Verdilər el-obanı ciblərinin güdazına... Gedin bala, gedin çırpın, aparın armudun dəymişinnən!
Uşaqlar yenə "ənzəli" oynaya-oynaya Qarıdan aralandılar.

* * *

...Tini burulanda, bir motosikl az qala Qarını vuracaqdı.
Qarının tükü də tərpənmədi. Motosikl iki-üç addım gedib xırp saxladı. Qarı çönüb baxmadı da... Motosikli sürən otuz beş-qırx yaşlarında, qızıl dişli oğlan yanakı dönüb qayıtdı:
- A Qarı, salmışdın məni xataya. Gözün seçmir seçmir, qulağın da eşitmir?!
- Xata kişidən gələr, sən haranın kişisi oldun?
Gədə arsız-arsız irişdi, özünü o yerə qoymadı.
- Sədəf qarı, mənnən yola getmədin ki, getmədin... Gəl sənnən bir alver eləyək...
Bunu deyib iki qutu saqqızı Qarıya uzatdı.
- Al bu saqqızı, lap ucuzuna. Qaçaqaçdı, apararsan Bakıya nəvələrinçin...
- Sən Nüsrətin yeznəsi döyülsən?
- Tanımadın? Qohumluğumuz da çatır...
- Hə də, mənim dayım Nüsrətin kürəkənisən də... Dayım da olsa, dərin gedəydi, sənə qız verən yerdə...
Gədə bir az da irişib sırtıqlığına saldı:
- O neyçün, a qarı? Oğlannarından əksiyəm bəyəm?
- Oğlannarımın qələtin eyləmə. Get saqqızıvı sat!
- Axtarsan, elə hərə bir şey satır da... saqqız, vəzifə, torpaq... Kim satdı bu rayonu, bu kəndi? Xəbər alıram da sənnən?!.. Allahına şükür elə ki, mənim gücüm saqqıza çatır...
- Şükür, ya Rəbbi...
- Hə, indi alırsan bu saqqızı, ya yox? Yarı qiymətinə, nə təhər olsa, qohumsan... Al apar Bakıya, nəvələrinçin...
- Sata-sata döndərdiz bu boyda vilayəti çərçi bazarına... Adın da yadımdan çıxıb...
- Hətəm... Pulun yoxdu, gəti çolpaya dəyişirəm...
- A Hətəm, bir gecə də gözləsən, sənin alverin dığa-düşmənnən tutacaq.
Hətəm yenə həyasız-həyasız hırıldadı.
- Sən zarafat elə. Bilsəm, köpək uşağı vurub öldürməz, qallam ey, bu ayın-oyunu......tut araqlarını xırıd elərəm. Nə gedər?! İbişov deyir, erməninin yarısından çoxu elə urusdu...
Qarının az qala qan beyninə vurdu. Əlindəki qırmancı qulayladı.
- Ə, binamus oğlu, itil get gözümün qabağından, yoxsa sallam səni bu qırmancın altına!
- Bu arvada da söz demək olmur eyy!
...Nüsrət kişinin kürəkəni doğrudan-doğruya Sədəf qarının qabağında həsdədi.
- Çox lazımdı mənə bu saqqız lap...
...bunu deyib saqqız qutusunu gücü gəldikcə harasa tulazladı, sonra da motosikli hikkəynən yerindən götürdü, bir az gedəndən sonra dayandı, qayıdıb saqqız qutusunu tapdı, tozunu üstünə sildi, arxasına baxmadan hirsli-hirsli motosiklə minib getdi.
Qarı onun arxasınca xeyli baxdı, sonra iri bir daşın üstündə oturdu, əllərini, üzünü qırmancın sapına dayadı, gözünü yoldan çəkib baxdı.
Bayaq gördüyü, yəhərli-yüyənli at ondan bir qədər aralıda dayanıb dişinə gələn otdan qırpırdı. Qarı öz-özünə söyləndi...
- Bu atı, axı, harda görmüşəm? İndi yəhər xalçası toxuyan hanı?... Kim bilə hansı kənddən ürküb qaçıb, görəsən?!
...Çalğı səsi gəldi və get-gedə gücləndi...
Bir yük maşını, kuzasından da yuxarı tıxılı-təpili, ləngər vura-vura gəlib Sədəf qarının yanından, bayaq motosiklin getdiyi yolla, evlərin arasıyla keçdi. Yükün üstü arvad-uşaqla, bir-birinə bənd olunmuş toyuq-cücəynən doluydu. Arvad-uşağın arasındakı oğlanlardan biri nə təhər gəldi klarnet çalır, o birisi də həvəssiz-həvəssiz nağara vururdu. Maşın çökəyə düşüb çıxanda, toyuq-cücənin arasından bir ları xoruz qaqqıldayıb özünü yerə atdı, geriyə qaçıb tində gözdən itdi. Çalğı bir anlığa kəsdi, səs-küy qalxdı, maşın dayandı. Kabinədən gombul bir kişi, üzünün tərini silə-silə çıxdı.
- Nə olub, ə, nə qara-qışqırıqdı, ölüb-itən var?
Nağaraçı oğlan əllərini oynada-oynada xoruz qaçan səmti göstərdi.
- Dədə, qaçdı ey xoruz! Tutum gətirim?
- Ə, ə, bir xoruzun öhdəsindən gələ bilmirsiz? Həyətdə bir saata tutmusuz, indi də... Nə isə... Ları xoruz getmək istəmir!
Əllərini daraqlayıb daşın üstündə oturan Qarını kişinin gözü elə bil indicə aldı.
- Boy, Sədəf qarı, elə bildim heykəlsən... Bu qaçaqaçda sən niyə çöməlib oturmusan yalquzaq kimi? Gözlüyürsən, erməni gəlib kürəyivə qaynar samovar bağlasın?!
- Vallah, ay Səftər, erməninin qaynar samovarı məni yandırmaz, deyə­rəm qarı düşməndi, sizin bu toy-nağaranız mənim cızdağımı çıxarır. Ə, səhərdən axşama bu kəntin baş-qulağın apardız, camaat dedi, zərər yoxdu, Səftərin gədələri sənət öyrənir, qoy öyrənsinlər! Qoyub qaçırsız bu kəndi, qara daş da dalınızca... bəs bu nə mərəkədi, ə?
- Sədəf xala, anam yaşında arvadsan, ağ eləyirsən haa!
- Ə, heç olmasa başındakı papaqdan utanmırsan? A kişi, əlivizdən çalıb-oynamaqdan savayı bir şey gəlmir? Nə cür millətsiz, ə?
- A qarı, əsib coşma ey, deyirsən yas məclisi quraq?
- Bəs nədi, atan Əmrullanın toyudu?
- Day burdan köçənlər toy-zad eləməyəcək, elə qaramat quracaq? Sən get gör bacın oğlanları nə tas-nağara qurub?!.. Tərpən görək, əə, qabaqda nə boyda yolumuz var!
Sonra da kuzadakılara him elədi.
- Ə, bir dənə Koroğlunu pilə görüm!
Çalğıçı gədələr qol-qabırğasını sındıra-sındıra "Koroğlu"nun uvertürasını, daha doğrusu, ona bənzər bir şey çalmağa başladı. O dəqiqə kuzadakı arvad-uşağın hamısı adətkər bir hərəkətlə sağ yumruqlarını düyünləyib başlarının üstünə qaldırdılar. Səftər kişi, onunla kabinədə oturan arıq, çəlimsiz qoca, hətta şofer də sükanı sol əliynən tutub sağ yumruğunu yuxarı qovzadı. Səftər kişi onun üstünə çımxırdı:
- Ə, sən yola fikir ver, qırarsan bizi!
Yumruqları yuxarı dartılan, ağır yüklü köç maşınının başında toyuq-cücənin arasında özünə yer eləmiş böyüklü-kiçikli adamların üz-gözündən qəm yağırdı. Uşaqlardan hansısa biri yumruğunu qaldırsa da, o biri əlində tutduğu dürməyi gözünə təpirdi. Maşın ağır-ağır aralandı, tini burulan kimi səsi də eşidilməz oldu...
Qarının dodağı qaçdı...
- Ərtis köpəkuşağı...


* * *

...Qarı başını bulaya-bulaya, öz-özünə danışa-danışa küçə yuxarı gedirdi. Çevrilib bir də yük maşını gedən yola baxdı...
...bayaqkı yəhərli-yüyənli at onun arxasınca addım-addım gəlirdi. Qarı yenə zəndlə ata baxdı, görünür yenə tanımayacağını görüb öz yoluna davam elədi. Yaxınlaşdıqca, bir-birinə qarışan hirsli-hikkəli qadın-kişi səsləri qulağına çatdı...
...daş hasara yetişib çəpər boyu əkilmiş, qollu-budaqlı qovaq ağaclarının arasından həyətə boylandı.
...həyət iki yerə bölünmüşdü, hər qardaşın evi həyətin bir başındaydı. İndi də qardaşların hərəsi arvad-uşağıynan öz tərəfində dayanıb qarşı tərəfnən höcətləşirdi.
- Görmürsən çəkillər hardan əkilib? Mərzim ordandı.
- Ə, İrvahım, sənin o ağzı qara gədən o çəkilləri israğagün əkmədimi?
- Ə, atam olmasaydı, deyərdim, yalançının atabaatasına lənət!
- Kimin əə, mənim? Bu dığa köpəyoğlu gəlməyə, sanıyam sənin dişlərivi!
- Kimin ə, mənim? Heyif ki, mənnən böyüksən, yoxsa çəkil yerinə əkərəm səni!
...bu yerdə bayaqdan guya ağzına yaşmaq çəkib qaynından utanan kiçik gəlin yaşmağını aşağı çəkdi.
- Ay dadaş, onu fərsiz görmüsən, ya onun yiyəsi erməni-müsəlman davasında ölüb? Vallahi-billahi, baxmaram arada olan xətir-hörmətə, bostanın daş-torpağın yüklərəm o adamın təpəsinə ki, ona qaşın üstə gözün var deyə!...
...o biri qardaşın arvadı da məqamın yetişdiyini fəhm elədi.
- Aaz, dəysin sənin evlərə göndərəninə! Xətir-hörmətin budu? Dədənin xarabasında qalaydı kaş!
- Sən öl yerində! Burnuvun suyun yığışdır, sora mənnən danış!
- Taqsırın böyüyü məndədi!.. Atılıb qalmışdın un çuvalına tay, dədən gorbagorun evində... Mən gəldim sənə elçi düşdüm. Onda qaloşlarımın altın silirdin!...
- Yalançını görüm, ömrü boyu köçgün günə qalsın. Bu həyət-bacaya bir də ayağı dəyməsin!
...uşaqlar başladılar bir-birinə daş atmağa... Böyük qardaşın evinin qapısına, qıpqırmızı açılan qızılgüllərin arasına çıxan qız elə bil utanıb xəcalət çəkdi. Arada gözünün ucuyla qonşu divarın üstünə nəzər yetirdi. Ordan bir oğlan başı qıza baxır, tez də çəkilirdi. Qız xısın-xısın ağladı, örpəyinin qanadıyla gözünün yaşını sildi.
- Ay əmi, bəsdirin də... Ayıbdı, axı. Ata, ay mama... qonşular eşidir, axı...
- Aaz, itil evə, qonşu neynir, hay deməmiş hamısı qaçıb gedib.
- Ay mama, bəs biz yığışmırıq?
- Yığışmışıq da, maşın gözdüyürük. Sən yığış, tez ol. Mənnən olsa, bu ziyilli qurbağaynan bir köçdə getmənəm!
...arvadının bu sözünü ərinin qulağı çaldı.
- Hə, gözlə, erməni gəlib sənə ayrıca maşın verəcək!
Eltisi də kiçik gəlinin sözünü udmaq istəmədi.
- Şükür sənə, ya rəbbi, vaxt vardı bu ifritə deyirdi sənin o qara xalından olmaz, indi olduq ziyilli qurbağa?! Əri dədə-babadan qalma yerimizi məngirləyir, arvadı da abır-həya bilmir...
- Əşşi, məngirləyənin namusu itin olsun! Hıy!
...Sədəf qarı daha özünü saxlaya bilmədi, qırmancı hasarın daşına çırpdı.
- Ay uşaq! A gədə! A gəlin! Tfu, sizin hərçi-betərinizə!
...hamı dönüb baxdı və Qarını gördülər. Xalalarının qırımına bələddilər. Odur ki, heç bir şey olmayıbmış kimi məsələni büküb-bürmələməyə çalışdılar. Böyük qardaş qabağa yeridi.
- Bu qırılmışın hay-küyündən qulaq tutulur. Gəl, a xala, gəl içəri! Barıdan niyə boylanırsan?
...Arvadının, sonra da bayaq onunla dirəşən kiçik gəlinin üstünə ərklə çımxırdı:
- Arvadın qabağına çıxsaydız!
...sonra da kiçik qardaşının üstünə kəkələdi:
- Ə, Əlvahım, qadan alım, qabağa yeriyib, arvada əl tutsana!
Əlvahım böyük qardaşın sözünə qulaq asırmış kimi bir-iki addım irəli yeridi:
- A dadaş, xalam da birdən-ikidən gələn döyül, durub dağdan ağır, köç eləyəndə, bizi yadına salıb...
- Xoş gəlib, səfa gətirib...
...Qarı yerindən tərpənmədi.
- Sizi görüm Allahın yadından çıxasız, necə ki, çıxmısız! Bacım yazıq indi gorunda çörükdü. Sizi görüm, kəfən tapmıyasız! Allah Sizi biabır eləsin, necə ki olmusuz!
- Dadaş, xalam baltanı lap kökünnən vurur, ey!
- Ay arvad, yaman-yaxşı, biz necə olsa, bugünkü gündə öz həyət-bacamızdayıq. Xalamın madar oğlannarı hardadı görən? Hı?
...Qarı ağzını açmağa macal tapmamış, köhnə bir yük maşını tırıltıynan darvazanın ağzında dayandı. Şofer düşüb dəmir darvazanı açdı, həyətdəkiləri harayladı.
- Ə, Əlvahım, İbişov dedi, bir az əlli tərpənsinlər, erməni gəlib dayanıb kolxoz tövlələrindən o yana, İbişov icazəsin alıb, deyib qoy camaat yığışsın, sora da ki...
...şofer barıya söykənib dayanan Qarını indicə gördü.
- Bay, Sədəf qarı, televizor demişkən, hər vaxtın xeyir. Sən niyə tərpənmirsən? Bəlkə İbişovun yerinə qalıb kəntə rəhbərlik eliyəsən? Əlində də qırmancın!
- Ə, sümsük tula! Sözüvün dalın niyə gətirmədin? Demədin ki, İbişov ermənidən icazəsin alıb, deyib qoy camaat yığışsın, bəs sora nə deyib...
- Sorası da elə göz qabağındadı da...
-...Xeyr, sora da kənt sizə qurbandı... Bəs sənin o İbişovun demədi ermənidən nə qədər tula payı alıb?
- A qarı, öz sözüvü danış, İbişov olmasaydı, bu kənti qarğa-quzğun çoxdan yemişdi. İbişov özbaşınadı? Yuxarıdan deyillər, təşkil elə, o kişi də eləyir də...
...bu yerdə Qarının bacısı oğlu İrvahım da özünü yetirdi:
- Ə, qadan alım, mənim bu xalamın hər sözünə fikir vermə, ey! İbişov sağ olsun, o kişinin qədrin, Allah eləməmiş, ölənnən sora biləcəklər. Bu millətə yaxşılıq yoxdu, haa!
...sonra İrvahım üzünü həyətə tutdu, bayaqdan bir-biriylə az qala əlbəyaxa olan, saçyoldusuna çıxan qohum-qardaşını harayladı:
- Əlvahım, ay uşaq, a gəlin, bir az əlli tərpənin! Baxın görün, əvvəlcə nəyi yüklüyürsüz... Ay xala, nədən başlayaq?
...Qarı bir qədər dinmədi, sonra elə-belə, öz-özünə danışırmış kimi, çox ciddi tərzdə dedi:
- Altdan torpağı qoyun, bayaq üstündə didişdiyinizi deyirəm ey, onu... üstündən qeyrət-namusu, əgər qalıbsa... Yorğan-döşəyə büksəz yaxşıdı... Düşər sınar, ya da nəm çəkər, sora qalarsız əlim-yandıda...
- Əlvahım, sən o bostanın qulağınnan ötrü qan-qiyamət salmasaydın, bu arvad xoruza yük eləməzdi bizi.. hıy!?
...bu dəmdə İrvahımın arvadı evdən hövlnak çıxıb bir üzünə, bir dizinə çırpdı:
- Ə, ocağı sönmüş, hanı qız?
- Necə hanı? Evdə!
- Evdə qız neynir? İynə döyül, samanlıqda itə?!
...şofer söhbətə qarışdı:
- Mən bura gələndə Yavərin oğlu "Jiquli"ynən az qala maşının altına girə! Yanında da sizin qız oturmuşdu. Bakı yoluna çıxdılar.
...İrvahımın arvadı elə bir qıyya çəkdi ki, elə bil yançağından kəlbətinlə qopardılar.
- Vaxsey!! Qız qaçdı! Nə döyükmüsən, a kişi? Get çat, o ləçərin yapışıb saçınnan, sürüyə-sürüyə gətirsənə!!
...bunu deyib arvad yenə dizinə, ancaq bir az asta çırpdı. İrvahım sakitcə dayanmışdı, ancaq döyükməmişdi, arvadının çıxardığı bu tamaşaya baxırdı... Arvad bir-iki ağız da nəsə deyib guya özündən getdi... Bayaqdan onuynan dikkildəşən eltisi tez arxa tərəf qaçdı, su ovuclayıb gətirdi, arvadın üzünə çırpdı. Başını dizinin üstünə aldı. Ağıya oxşayan bir şey mızıldadı:
- Qadan alım, ay böyükcan, bu qaçaqaçda bizi peşman eyləmə... Bu nə oyundu çıxarırsan?!
İrvahım yenə təmkinini pozmadı.
- Qurtardın?
Arvadı gözlərini açdı, həndəvərdəkiləri tanımırmış kimi, ətrafa ağır-ağır göz gəzdirdi.
- Hardayam mən?
- Harda olacaqsan? Cənnətin üç-dörd saatlığında. Maşına yüklənib getmək qalır.
Əlvahım dayana bilməyib hırıldadı. Eltisinin başını dizinin üstündə tutan gəlin ərinə çəpəki baxdı.
- At kimi kişnəməkdənsə, xalça-palazı dart maşına!
İrvahım üzünü Qarıya tərəf döndərib, onun burda olduğunu elə bil indicə gördü:
- Ay xala, İrvahım sözün düzün uşağa deyir, pis olur, qardaşa deyir, olur yaman qardaş, arvada deyir olur pis kişi... Bax indi, ay xala, sənin əlindəki o qırmancı alıb bunun kürəyinnən zol çıxaracağam, deyəcəksən, bunun qanmazlığına bax, çıxarmayacağam, olacağam sarıqulaq!...Yəni, deyirsən, bunun xəbəri yoxdu qızının qaçmağınnan, hıy? Yalançının atabaatasına lənət! Neçə dəfə deyəllər ki, havaxt çıxıram, Yavərin əsgərlikdən gələn oğlu novruz pişiyi kimi barının üstünə dırmaşıb marıtdıyır. Qız da gah odunçun bayırdadı, gah paltar sərir, gah süpürgəni qapıb həyət süpürür...
...Arvad gözlərini əməlli-başlı açdı, maddım-maddım ərinə zilləndi. Vəziyyətdən çıxmaq üçün fürsət gözlədi...
- Onsuz da qaçaqaçdı, qızın qabağa düşdü. Qalx ayağa...
...burda şofer də nəfəs tapıb boğazını arıtladı:
- Ay Sənubər bacı, qaçan qaçıb, gedən gedib, tez olun, siz o Tarı, yığışın ey, İbişov bilsə ki...
...şoferin birdən yadına düşdü ki, Qarı yenə İbişovun qarasınca alıb-verəsidi, odur ki, sözünü xırp kəsdi... İrvahımsa arvadının "iç üzünü" açmağın lap axır-axırındaydı:
- Arvad, Quran gətir, iki əlimi də basım ki, qızın boxçasın sən yığmısan...
...Arvad bir istədi əsib-coşsun, nə üçünsə fikrindən daşındı.
- Əkşi, köçhaköçdə güldürmə camaatı bizə. Ağbirçək xalan dayanıb burda...
- Elə bu ağbirçəyin yanında gətir Qurana əl basım ki, sən bu məsələni dünəndən bilirdin.
...Sədəf qarı elə bil yatmışdı ayıldı:
- Sözün məxləsi, Quran yoxunuzdu?...
...İrvahımın arvadı gözünü qaldırıb Sədəf qarıya ötəri nəzər saldı.
- Ay Sədəf xala, bularda Quran-kitab neynir?! Olsaydı, kiçik böyüyün üzünə ağ olmazdı ki?!
...Əlvahım qucağındakı bürmə palazı maşına söykəyib qardaşı arvadının bu eyhamını cavabsız qoymadı:
- Ay gəlinbacı, düz deyirsən, Quran-kitab olan evin qızı küçədən keçənə qoşulub qaçmaz.
...elə bil böyük eltinin döyənəyini basdılar.
- Xalxın tifili küçədən keçən niyə olur?
Kiçik gəlin ərinə acıqlandı:
- Sənin də başıva söz qəhətdi? Yüküvü yüklə də...
İrvahım başındakı kepkanı götürüb yerə çırpdı.
- Əh! Mənim kişi başıma kül!
...arvad kişinin könlünü görməyə fürsət tapdı.
- Zalımın oğlu özünün düşmənidi də!
...şofer palazı kuzanın bir küncünə qoyub araya söz qatdı.
- Ay Sənubər bacı, mənim yadımdadı ey, klubda məktəb uşaqları teatr çıxarırdı, sən də nədi, o... "Vaqif" də əntiqə oynuyurdun eyy... Adam lap inanırdı ki, sən özüvü qayadan atmısan...
- Eh, kaş ataydım. Canım qurtaraydı. Belə yaşamaqdansa...
...bunu deyib arvad hönkürdü...
Kiçik gəlin də eltisinə qəhmər çıxıb doluxsundu.
- Ay böyükcan, sən Tarın, qurtar, vallah, məni də ağladacaqsan...
- Görmürsən, bu insafsız təzə şapkanı neynir? Elə bil buna pul verməyib?!...
...yenə əvvəl Əlvahım xısın-xısın gülməyə başladı, sonra birdən-birə İrvahımın dodağı qaçdı, güldü, güldü və dəlicəsinə qəhqəhə çəkdi... İki qardaş, sonra şofer də onlara qatılıb qəşş elədi.
İrvahımın arvadı ağız açıb ağlamağındaydı.
- Başın batmasın, Xuraaaman!... A Xuruş, kim bilə hardaaasan? Öhö, öhö...
Kiçik gəlin də eyni avazda onun səsinə səs verdi:
- Ay böyükcan, stansiyanı çoxdaaan keçəlləəər!...
...Qarı ağlayıb-gülənlərə mat qalmışdı... Nəhayət, əlindəki qırmancın sapını barının üstünə qoyulan köhnə xalçaya döyəcləyib öz-özünə danışırmış kimi deyindi:
- A bacı, sən bu gədələrin atasına qoşulub, nəydi o vaxt kintoların yanına qaçmışdın. Bilmədin bu dünya bir cəhrədi? Hərlənir-fırlanır insanın qabağına çıxır? Günü bu günəcən sənə Tanrı kəbini kəsilmədi, Quran altdan keçmədin... Al payıvı, bacılı... al payıvı...
...sonra Qarı dönüb asta-asta qapıya sarı gəldi. Qarı Şəmilnən az qala burun-buruna gələcəkdi. Yenə Şəmilin üz-gözü qəribə bir təbəssüm içərisində əridi.
- Dayanmışam burda, Sədəf xala. Neynim, özgəsinin həyətinə girə bilmirəm də... Bax, o qırmancı qıçlarıma dolasan da ürəyim gəlməz. Gözüm qorxub, ey!
- Nədən qorxub, a Şəmi?
...Şəmil Qarının sözünə dodaqarası söz geydirdi.
- General Poladov...
- Nədən qorxub, a yaranal?
- Urus çağrılmamış getdi girdi Əfqanıstana, mən başda olmaqnan... Əfqan deyir, iti görüm, qurdu görüm, səni görmüyüm... Pah, Sədəf xala, adamın adamdan necə zəhləsi gedər?! Əə... İrvahım, əsgərlikdə harda olmusan?
...İrvahım kepkasını yerdən götürüb çırpdı, başına qoydu, qapıya sarı gəldi.
- Dalni Vastokda. Svyazda...
- Əə, mənnən peredovoy arasında svyaz yarada bilərsən?
- Canın da allam.
- Bə yarat da...
- Yaradım da...
- Sənə iki saat vaxt verirəm. Çatdırmasan basacağam səni pod tribunal...
- Yest, tovariş general!
...bunu deyib İrvahım təzə şapkasına "çest" verdi.
...yenə Şəmilin üzü birdən dəyişdi, qəşş elədi.
- İrvahım, yadıma gəlir, yekə uşağıydın eyy, beşdə-altıda oxuyurdun. O vaxt sünnət olundun... Qırmızı tumanda çiling-ağac oynuyurdun. Bir dəfə çiling getdi dəydi...
...Şəmil başladı qəhqəhə çəkib gülməyə... Güldü, güldü və gülməyini birdən saxladı.
- Əfqanlar... əfqanlar... uşağı altıaylığında sünnət eliyir.
...Şəmil bunu deyib "çest" verdi, dönüb becid addımlarla uzaqlaşdı.
İrvahım da Şəmilin arxasınca qəhqəhə çəkdi və qəhqəhəsinin ortasında arxadan Qarını harayladı.
- Xala...bəlkə, biznən gedəsən?!...
...Qarı elə bil onun səsini də, sözünü də eşitmədi. Tini burulanda yenə bayaqkı yəhərli-yüyənli Atı gördü. Elə bil At da onu gözləyirdi.
- Nədi, a heyvan... Kiminsən? Hardan gəlib, hara gedənsən? Yəhərindəki o xalça nədi... kim əyirib, kim toxuyub... Çap get, hamı torpağın, ölüsün-dirisin atıb gedir, sən niyə mehrini mənə salıbsan?... Dayan görüm, yalmanına əlimnən daraq çəkim... Getmə... dayan...
...At elə bil Qarının bu məhrəmliyindən ürkdü, dayanıb baxdı və dönüb getdi. Nalının səsi eşidilmədi, bəlkə də Qarının qulağı o səsi almadı...
...başında mömin təsəyi, saqqallı bir nəfər "Jiquli" maşında yaxından ötürdü. Sədəf qarının gözü onu aldı.
- Ay, Filankəs! Filankəs, huyy!
...Həmən adam Sədəf qarını bayaq görmüşdü, özü qəsdən yolunu dəyişib maşını aralıdan sürürdü ki, Qarıya tuş gəlməsin. Ancaq artıq gec olduğunu görüb istər-istəməz maşını əylədi və düşdü.
- Pah, Sədəf xala, xoş-beş, on beş... Camaat o tərəfə qaçır, sən bu tərəfə gəlirsən...
- Gəlirəm ki, sənə bir Yasin oxutdurum... Hara belə?
Qarının Filankəs dediyi adam maşını söndürmədi, bir ayağını qaçaraq qoydu ki, Sədəf qarıdan yaxasını tez qurtarsın.
- Bu kənd ələm-yesir gününə düşdü də, sən məni saymadın.
- Hancarı saymadım, a Filankəs?
- Pis-yaxşı, mən bu kəntin mollasıyam... Budey qaynın Atayıs Gülbala bu qaçaqaçda canın tapşırıb...
- Gülbalanın mollası sən olmuyub, kim olacaq, a Filankəs?..
- Buyur, adım Feliksdi, ömrü boyu mənə Filankəs dedin.
- Molla Feliks, molla Filankəs - a bala, bir şey döyül?
- Sənin o uşaqlarınnan o qədər çiling-ağac oynamışam ki...
...bunu deyib Molla Feliks cibindən bahalı siqaret çıxardı, sonra siqareti alışqanla yandırdı, sinəsinə bir qullab çəkib, Qarıdan hayıf alırmış kimi, tüstünü onun üzünə üflədi...
-...bir də ki, Qarı... mən pis oğlan döyüləm. Əlim-ayağım təmiz. Məni yaxşı tanımırsan...
- Niyə tanımıram? Dabbaqda gönüvə bələdəm... Gön dedim, yadıma düşdü. Sənin də gərək ki, yadında ola...
- Ağbirçəksən, ancaq sözüvü bilmirsən...
- Sən sözü azdırma, a bir ayağı qaçaraq kəndin mollası... nədi o... bizim dananı pəyədən oğurruyub kəsmişdin... Bu vaxtacan heç kəs bilmir, atan Şipyon Həsi qapının astanasın apardı... bizim kişi... ört-basdır elədi...
...Molla Feliks maşını söndürdü, çarəsi olsaydı, əl atıb Qarını boğardı.
- Sədəf qarı, köhnə palan içi sökmə.
- Sökmürəm, molla, sökmürəm. Tikirəm... Halalın olsun.
...Feliks, daha bərkin tutmayıb, guya ki, yumşaldı....
- Ay Sədəf xala, cavannıqda hərənin bir eybi olur... Bu günnən dərbədərik... Gərək sən bu axırıncı gündə mənə molla deyəsən, Məşədi çağırasan... Mənim də könlümdən olar.
- Həə, Məşədi Feliks... Məşhədə getdin-gəldin...


- Gör nə vaxtdı...
- Ayə, ay Məşədi Feliks, burda oturma, orda otur, gəl keç yuxarı başa... Bu kəntin ölüsün basdırdın, dirisinə ədəb öyrətdin.
- Camaatın xeyir-şərinə yaradım da, pisdi?
- Əttövbə! Durub-oturub dığa-dəyyusun xeyir-şərin tərifləyən sən döyüldün, ay Filankəs?
- Bir az yavaş, səsin xoşuva gəlməsin, qarı... Baxmaram, vallah...
- Olanı deyirəm, ay asta qaçanı namərd sayan bu kəndin mollası... Bir az da keçsəydi, bu kəntin yasında açıq-açığına araq-çaxır verdirəcəkdin, a molla Feliks... Çünki...
- A Qarı, məni hövsələdən çıxarma, oğlanlarıvın xətrinə dillənmirəm, ağzıvı qoymusan Allah yoluna...
-...sözümün dalı var... Çünki... o dığa-dəyyus öyrətmişdi səni...
Molla Feliks ağzındakı yarımçıq siqareti yerə tüpürdü, o tərəf-bu tərəfə göz gəzdirdi, hər halda, Qarının əlindəki qırmancdan qorxdumu, ya nəsə...
- Qarı, qoy çıxım gedim arvad-uşağımın yanına xatasız-filansız... Nə istəyirsən?
Qarı ürəyini deyəsən axıracan boşaltmaq istədi.
- Molla Feliks, necə olur bir ay qabaq sənnən İbişov ikiniz də... arvad-uşağınızı aparıb qoyursuz Bakının göbəyində... sora da gəlib quyruq buluyursuz... Ay camaat, tez çıxın, gəlillər...
- Neyniyək, camaat qırılsın?
- Camaat onsuz da qırılıb, fərlisini vermisiz qabağa, köksünə düşmən, kürəyinə satqın gülləsi... Qır ki, qırasan.
- Ay qarı, beynimi aparma, sənin də yuxarıya gücün çatmır, mənim yaxamdan yapışmısan.
- Yuxarıdakı filankəs də, sən də dığanın tayısız.
...Molla Feliks gördü Qarıynan ağız-ağıza verməyin onsuz da mənası yoxdu. Odur ki, bir siqaret də alışdırıb damağına qoydu... Qarı birdən-birə səndirləyib susdu... Qeyri-ixtiyari, yıxılmamaqdan ötrü Feliksin maşınını özünə dayaq elədi...
- Ay qarı, baxıram, vallah, nəfəsin dala gedir, qabağa gəlmir.
...Feliks gördü tindən uşaq çıxdı. Həmən uşaq idi ki, Sədəf qarının dalınca gəlmişdi, cibləri, qoynu armudnan doluydu. Yeyə-yeyə gəlirdi. Feliks səsini qısıb elə bil öz-özünə söyləndi.
-...bu qaçaqaçda tirrənərsən, xatan qalar boynumda...
...Qarı özünü toplayıb, qırmancı Feliksə tuşladı, kəsik-kəsik dilləndi:
- Molla Filankəs... mən sənə... dananı... halal eylədim... halal xoşun... Əvəzində mənə Quran ver.
- Nədi bu, adətdi?
...Qarı başıyla təsdiqlədi.
- Dədə-babadan...
Molla Feliks çaşıb qaldı, bilmədi neynəsin?!
- Əşşi, məndə Quran-kitab nə gəzir?! Bir dənə var, o da Yasindi, urus əlifbasıynan, özüm oxuyuram... Hələ bunnan sorasına camaat dəymiş armud kimi dərddən qırılacaq, onda qalım məəttəl?!
- Urusca Yasini get... atan Şipyon Həsiyçin oxu... Nə imanı vardı, nə Quranı...
Molla Feliks "əstəfürullah" deyibən hövlnak maşına oturdu. Dodaqaltı deyindi:
- Səninçün Yasini bir-iki aya oxuyaram. Özü də ruscasınnan. İmanıva tula bağlayım.
...bunu deyib qazı basdı. Maşın yerindən götürüldü. Maşına söykənən Qarı dayana bilməyib yıxıldı, ancaq tez də tirtap uzanmaqdan özünü saxladı, dizi üstə çökdü, istər-istəməz sağ əliynən yeri qamarladı, hirsindən torpağı ovuclayıb sıxdı, torpaq onun barmaqları arasından süzülüb dizinin üstünə töküldü, Qarı bunun fərqinə varmadı.
- Gedin, biqeyrətlər! Bu torpaq gözüvüzü tutsun!
Bunu deyib ovucladığı torpağı Qarını toza basan maşının arxasınca tulladı... Toz yatdı, bir hovur beləcə qaldı, armud yeyən uşaq tez özünü yetirdi.
- Ay Sədəf nənə, noldu sənə, nə təhər oldu yıxıldın?
- Sağ ol, a bala, səni görüm, dizin yerə gəlməsin... Dərdinmi armuddan?
- Yedim də, yolumuza dərdim də, Sədəf nənə... Gedək bulaqda əl-üzünü yu...

* * *

...Bulaq başında, demək olar ki, heç kəs yox idi. Kimsə novçanın altına girmişdi, gah sudan ovuclayıb içir, gah boyun-boğazını yuyur... və hönkürtüylə ağlayırdı. Hönkürtüsü novçanın səsinə, gözünün yaşı bulağın suyuna qarışırdı. Görünür, həmin adam hönkürüb ağladığını büruzə vermək istəmirdi. Qarı heyrətini gizlədə bilmədi.
- Dünyanın axırıdı. Daş Seyfinin gözündə yaş görəcəkmişəm, ay fələk?!
...Daş Seyfi çaşdı. Bəlkə də ömründə ilk dəfə ağladığını görən olmuşdu.
- Ağbulaqdan bu suyu dartıb mən gətirdim, Sədəf nənə. Bu çeşmə mənsiz axıb gedəcək, mən bu çeşmənin suyundan... səhər-axşam içməsəm, yarpaq kimi saralaram!
...Daş Seyfi yenə doluxsundu. Qarı dizəcən çeşmənin hovuzuna girən, novçanın altında islanıb paltarı bədəninə yapışan Daş Seyfiyə ürək-dirək vermək istədi:
- Allahın suyudu da... Bəndəsi içir.
...Daş Seyfi bu sözə bəndmiş kimi, yenə kövrəldi, daha bərkdən hönkürdü. Dizi üstə çeşmənin təknəsinə çökdü.
- Düşmən Ağbulağın suyundan içsə, ürəyim partdayar!
- Partdamaz, Seyfi, partdamaz... Su Allahındı, ürəyi yanmışın dadına çatır. İstər simsar ola, istər yağı. Sudan əvvəl gərək Torpağın qədrin biləsən...
...bu vaxtacan sakitcə dayanıb Daş Seyfiyə baxan uşaq dilləndi:
- Seyfi əmi, bəyəm dünyada Ağbulağın suyundan yaxşısı yoxdu?
...Daş Seyfi uşağın bu sualına döyüküb dayandı, bir anlığa fikirləşdi, boyun-boğazını əlinin yanıyla sıyırdı, ayağını qırağa qoyub suyu süzülə-süzülə çeşmənin təknəsindən çıxdı. Bir andaca çöhrəsi daşlaşdı, əvvəlki ciddiliyinə qayıtdı:
- Niyə yoxdu? Mənim abi-kövsərim Ağbulaqdı.
...Qarı yarıhənək, yarıgerçək gileyləndi:
- Ağbulağın qədrini bileydiz də... yeri öz ev-eşiyinə, a kişi, bu qaçaqaçda başıva hava gələr... Nə qoyub, nə axtardığındı sənin?!
- Get deyirsən, gedim də...
...Daş Seyfi birdən-birə yumşaldı, sözəbaxan, qəddi bükülən kimi oldu, ya suyun soyuğu iliyinəmi işlədi, dönüb, eləcə suyu süzülə-süzülə evinə sarı addımladı. Qarı da bir-iki qədəm atıb, yadına nə düşdüsə ayaq saxladı:
- A Seyfi!
...Daş Seyfi duruxdu, çevrilib yazıq-yazıq Sədəf qarıya baxdı.
- Nədi, a Sədəf xala?
- Rəhmətlik Şölə deyərdi, sizdə Nəcəfdən gəlmə Quran olub... Qalıbmı, a Seyfi?
...Daş Seyfi asta-asta başını buladı.
- Hardadı, ay Sədəf xala... Bibim ölər günəcən dizinə döydü. 37-dən qabaq evlərə düşüb yığıblar... O vaxt Xaxol Kərim yorğanın arasından gəlib çıxarıb, həyətin ortasında salıb təpiyinin altına...
- Əğstəfürullah... O ayağın dalınca sürüyənmi?
- Hə, ömrünün axırınacan addımın atıb su başına gedə bilmədi...
...Daş Seyfi bunu deyib büzüşdü, dili söz tutmadı, dodaqları titrədi.
- Get Seyfi, get... Ay uşaq, sən də get bala, bu qaçaqaçda axtarallar, tapmazlar səni...
- Yox ey, Sədəf nənə, əmim kamaz gətirəcək. Hələ gəlməyib, görsəm qaçacağam.. Dedilər get çağır Sədəf nənəni. Birdən gedən yeri olmaz...
... Sədəf qarı əyilib uşağın üzündən öpdü.
- Get, balası, böyü, başa çat. Mənim gedəsi yerim var.
...Qarı əlini gözünün üstünə qoyub neçə həyət o yanda başı görünən hündür armud ağacını nişan verdi.
- O armud ağacı qurumasa, sənin olsun...
- Çox sağ ol, nənə. Gedim evdə deyim ki, Sədəf nənə öz armud ağacını bağışladı mənə.
- Adın nə oldu, a bala?
- Mətin.
- Təzə adlardandı. Yəni, nə deməkdi?
- Yəni, igid, dönməz...
- Ay maşallah, get bala. Day bu kəntin camaatına oxşama... Get, Mətin, get, igid böyü, adıva layiq...

* * *

Bağlanan qapıların, pəncərələrin, maşınların səsi get-gedə artmaqdaydı. Arvad-uşaq ağlaşması eşidilirdi. Camaat xata-baladan tez qaçıb qurtulmağa tələsirdi. Qarı bir müddət kənddən qaçanların səs-küyünə qulaq kəsildi. Təndir damında arvadların ağzı qızışmışdı.
- Hara gedirsiz, ay Gülər bacı?
- Nə bilim, ay qız, hökumət hardasa çölün düzündə çadır qurub. Deyir, köçün ora, hər şəraiti var. Bəs siz hara?
- Bakıda, Ələmdarın əmoğlusu yataqxanada yer alıb.
- Az, gedin ey, nə təhər olsa, burdan yaxşı olasıdı. Qazı, suyu, işığı... Kor olduq bu xarabada...
- Müvəqqəti şeydi də, İbişov deyib, bir-iki aya qayıdacaqsız, hökumət qoyar heç...
- Az, heç olmasa Bakını yaxşı-yaxşı gəzərsiz. Vallah, elə mən çoxdan deyirdim kişiyə ki, köçək gedək Sumqayıta. Əlimiz-ayağımız təmiz... Anası rəhmətlik iki ayağını dürtdü bir başmağa ki, sən arvad sözünə baxıb ayağını bu kənddən qırağa atan günü mən bu təndirin başında oddayacağam özümü. Dərinə getmiş qoysaydı, indiyə Sumqayıtda ev-eşik eləmişdik özümüzçün... İndi deyirəm, kişi, gördüün?.. Daşdan səs çıxır, bunnan yox, fıshafıs, elə papirosa güc verir.
- Xəbərin var, Sədəf qarı qapı-qapı düşüb Quran axtarır.
- Yəqin, xərifləyib arvad...
...sözün bu yerində Sədəf qarı təndir damının qulağından boylandı.
- Boy, ay Sədəf xala, sən hara, bura hara, evdən bayıra çıxarmaq olmurdu səni...
...Qarı bir hovur dinməzcə baxdı. Arvadlar da bir-biriynən baxışdılar. Qarının əhvalı onları çaşdırdı. Qarı da onların eyhamını tez fəhm elədi.
- A bala, qorxmuyun. Hələ öləsi vaxtım çatmayıb.
- Allah eləməsin, Sədəf xala...
- A gəlin, heç olmasa yolağzı təndir çataydın, bir-iki çörək yapaydın.
- Təndirin tüstüsü kor elədi bizi, çox həsrətindəydim, hələ köçhaköçdə çataydım da...
- Elə demə, qızım... Elə demə... Allaha xoş getməz. Hələ bu təndirin tüstüsündən ötrü burnuvun ucu çox göynəyəcək...
- Mənim ha?
...gəlin bunu deyib acıq verirmiş kimi gülümsündü.
- Sənin... Ancaq, gör nə deyirəm... Mənim sözüm yadına düşəndə rəhmətlik deyərsən...
- Boy, bu nə sözdü, Sədəf xala?! Lap ikisin deyərəm... Ancaq, bu təndir var haa, heç yadıma düşən döyül...
...o biri arvad sözə qarışdı, daha doğrusu, söhbəti dəyişmək istədi:
- Sədəf xala, kənddə Quran axtarmısan...
- Varınızdı?
- Yox eyy... Qaynanam deyirdi ki, qaynatam o vaxt aparıb öz əliynən təhvil verib hökumətə, olar da yandırıblar...
...Qarı gözlərini yumub başını asta-asta yellədi. Arvadlar nəsə deyirdilər, ancaq Qarı eşitmirdi...
...Qarı gözlərini açanda yenə bir az aralıda, həmən o yəhərli-yüyənli atı gördü. Heç bir şey olmayıbmış kimi otlayırdı. Başını qaldırıb döyükdü.
- A bala, baxın görün bu at kimindi, yəhərli-yüyənli? Yəqin, yiyəsi axtarır...
Arvadlar elə təndir başından Qarının göstərdiyi tərəfə boylandılar.
- A Sədəf xala, orda at yoxdu ki...
- Bəlkə gözüvə görüküb?
- Yox, yox, at idi - yəhəri xalçalı...
- Sədəf xala, o tərəfdə heç nə yoxuydu. İnanmırsan, yenə bax... Bircə telefonçu Gülnazdı, üzü bəri gəlir...
- Telefonçu Gülnaz?
...Gülnaz təngnəfəs gəlib çatdı.
- Sədəf ana, səni axtarmadığım yer qalmayıb...
- A Gülnaz, nənə qadalarıvı alsın, mən dedim çoxdan çıxıb getmisən.
- Hökumətin poçtun atıb hara gedəsiyəm? Getsəydim kim çağıracaqdı səni telefona? Marış neçə kərə zəng eləyib.
- Bah, səni xeyir xəbər olasan, ay Güllü, bəs gəlmir Marış? Gedək, gedək tez elə görüm... Allah sənin bəxtivi açsın, a bala. Səhərdən qalmışam sərçə tikan üstə oturan kimi...
...camaat kənddən daranıb getməyindəydi. Uşaqlı-böyüklü, "sağ ol" deyib keçir, yaşlı adamlar ayaq saxlayıb hal-əhval tuturdu. Minik maşınlarının üstünə xalça-palaz, yorğan-döşək və sairə qalaqlanmışdı... Bəziləri ağlayır, bəziləri yaylağa köçür kimi şən görükürdü... Qarı yaşından gümrah tərpənib bacardıqca özünü poçta tez çatdırmaq istədi.
- Yəqin, rayondan zəng eləyib, çataçatdadı.
...Gülnaz əvvəlcə Qarının sualını cavabsız qoymağa çalışdı. Ancaq Qarı əl çəkmədi:
- Sənnənəm, a Gülnaz, deyirəm bəlkə rayonnan zəng eləyib? Nəyim var yığışmalı?!
...Gülnaz sakitcə qayıtdı:
- Marış Bakıdan zəng eləyib.
...Qarı xırp dayandı.
- Allah eləməmiş, başında bir iş olmaya?!
- Yox, yox... səsi gümrah idi.

* * *

...Qabağında xudmani bağçası olan poçta yetişdilər. Qarı qeyri-ixtiyari ayaq saxladı.
- A Gülnaz, bu qızılgüllərdən hayıf... Gör necə açıb, heç olmasa dərib suyun çəkərdin.
- Dərməyə əlim gəlmir, Sədəf ana. Sora da Şəminin xoşu gəlir, dayanır bir az qoxlayır... Deyir, Qəndəhar qızılgüllərinə oxşayır... Bunu deyir, sonra da şaqqanaq çəkib gülür, gülür, elə bil 5-6 yaşında uşaqdı, öz-özünə xısın-xısın danışır, birdən xırp kəsir... Odu ha, yenə dayanıb qızılgüllərə baxır...
...Şəmil doğrudan bağçanın yanında dayanıb çox diqqətlə güllərə baxırdı. Qarıynan Gülnazı görən kimi özünü yığışdırdı, ciddiləşdi. Boğazını arıtlayıb irəli yeridi.
Hərbi salam verdi. Sonra da əlini plaşın arasından içəri keçirdi.
- Gülü, baxıram, bura lazaret yeridir. Odu ki, burda çadır qurulmalıdı. Yaralılar burda yatmalı, yaralar burda sarınmalıdı. Yara sarımağı başararsanmı, Gülnaz Səlimova?
- Əlbəttə, a Şəmi.
- Hərbidə Şəmi-məmi yoxdu. General Poladov var.
- Bəli, yoldaş general.
- Harda öyrənmisiz, kurs qurtarmısız?
- Xeyr, yoldaş general, ömrüm boyu öz yaralarımı sarımışam. Qanayıb - sarımışam, yenə qanayıb, sarımışam...
...bunu deyəndə Gülnazı qəhər boğdu. Sədəf qarı da doluxsundu. Şəmi də birdən-birə duruxdu, şaxı elə bil sındı, gözlərində yaş gilələndi, papağını başından götürüb üzünü qapadı, Sədəf qarıynan Gülnaz karıxıb qaldılar. Şəmilin çiyinləri titrədi, Qarıynan Gülnazın da gözündən yaş axdı. Və Şəmil papağı üzündən götürdü... gülürmüş...
- Torpaq üçün ağlamaq yox, gülə-gülə ölmək lazımdı, mənim möhtərəm xalqım!... Çalırlar, oynayıllar, ağlayıllar, yenə çalırlar. Yenə oynayırlar, yenə ağlayırlar, çalıllar, oynayıllar, ağlayırlar... Bunu deyə-deyə Şəmi çevrilib kəndin aşağısına getdi.
-...Topladıqca qucaq-qucaq pambığı, gümüş telli, saçaq-saçaq pambığı...
...içəridə telefon zəng çaldı. Və hər ikisinin bura nə üçün gəldiyi indicə yadlarına düşdü.
- Başına dönüm, Gülnaz, Marışdı, zənginnən tanıyıram.
Gülnaz tez özünü dəstəyə çatdırdı.
- Alo, bəli, bəli, hə, Marış müəllim. Vallah, dilim öyrəşib, bu dəqiqə, bu dəqiqə... Sədəf ana, Marlen müəllimdi Bakıdan... Bəli, bayaqdan sizi gözdüyür.
...Bakıda, Sədəf qarının böyük oğlu Marlenin evi. Divardakı xalçanın üstündə köndələninə bir qılınc, yanında şeşəbığ, köhnə bir kişinin şəkli. Marlenin arvadı televizorda seriala baxır. Uşaqları - oğlanla qız nəyin üstündəsə cırmaqlaşır. Marlen maykadadır, boynuna qalstuk yarımçıq bağlanıb. Şkafın aralı qalan qapısından kostyum, təzə köynək asılıb. Görünür, Marlen müəllim indicə onları geyəcəkdi.
- Alo! Alo! Əşşi, bu kəntin telefonu ömürbillah işləmədi ki, işləmədi də! Ay ana, ay arvad, dillənsənə!
Kənd. Poçt. Gülnazla Sədəf qarı.
- Əlo! A bala, səsini eşitdim, ürəyim yerinə gəldi! Bir aydı getmisən, xəbər-ətərin yoxdu.
- Əşşi, ay ana, getmişəm, kefdə döyüləm ki...
- Ay oğul, demişdin, axı, gələcəyəm...
- Eşitmirəm, ey, nə deyirsən...
...burda Marlen üzünü arvadına tərəf tutub yarı çımxıran kimi oldu.
- Əşşi, al o zəhrimarın səsin də. Mariya - xalan qızıdı?!
...Marlenin arvadı, üz-gözünü əyişdirdi, əlin uzadıb guya televizorun səsini azaltdı, əslində isə azaltmadı. O da öz növbəsində uşaqların üstünə acıqlandı.
- Xvatit da, ay qırılmış! Bazardakı kəndçilər kimi boş-boş elə spor eləyirsüz!
- Ay bala, mal-qaranı neynədin?
- Satdım dəyər-dəyməzinə...
- Lap əcəb elədin...
- Cöngələr arıq çıxdı. Yaxşı baxmamısan. Pul göndərirdim, axı, heyvanat yemdən korluq çəkməsin.
- Ay oğul, neçə ildi səninçün mal-qara saxlayıram burda. Sənin bir ay bunnan qabaq maşına doldurub apardığın o heyvanatın içərisində bir dənə arıq mal yoxuydu, Marış...
- Ay arvad, zarafat eləyirəm, ey... hu, hu. Hu...
- Bə pulları neynədin, ay oğul?
- Eh, nə puluydu ki? Bir dənə maşın aldım, uşaqlara əyin-baş, bir-iki ayın oyun...
- Maşının mübarək... A bala, bəs minəydin maşınıva bugünkü gündə gələydin, deyərdim balam gəldi...
- Qəttəzə maşını durum dağa-daşa sürüm?! Yollar köç əlinnən zığ vurur. Elə tozu bəsdi... yazıq maşına.
- Bə mən hara gedim, ay oğul? Biri Urusyetin dərəsində, o birisinnən xəbər yox. Sən də ki...
- Ay ana, atalar deyib, palaza bürün, elnən sürün... El hara, sən də ora... Camaatnan get, yol rahat olsa gələcəyəm dalınca, götürüb gətirəcəyəm səni, bir-iki gün qalasan. Gəzdirəcəyəm Bakını... Leyli-Məcnuna aparacağam... Alo, Alo... bu telefonlar da ki... ara kəsildi, yəni?... Alo... Alo...
...bu yerdə Marlenin arvadı fürsət tapıb ərinin üstünə kəkələndi.
- Mare, sənə min dəfə demişəm, mən kəndçi iyin ne perevarivayu. Gətirərsən, dvoem yatarsız bir yerdə. Elə deyir, gətirəcəm, gətirəcəm! Uşaqların bir zaraza tutmağın istiyirsən?...
- Yaxşı da... sözdü dedim, indi gətirib keçirdim yuxarı başa?..
...ancaq telefonda ara heç də kəsilməmişdi. Sədəf qarı bir az aralıda, yenə də otları qırpan yəhərli-yüyənli Atı pəncərədən gördü. Əliylə Gülnaza Atı göstərdi. Gülnaz Qarının göstərdiyi səmtə baxdı, ancaq heç nə kəsdirə bilmədi... Və Qarı, gözləri pəncərədən görünən Ata baxa-baxa, qulağı telefonda Marlenlə gəlinin arasında gedən söhbəti aldı.
...Sakitcə telefonun dəstəyinə söylədi:
- Eşidirəm, a bala... Qulağım səndədi... İndi hara köçüm deyirsən?
- Əşşi, camaat hara, sən də ora!.. Gələcəyəm ey, yanıva... Qoyaram sən darıxasan?!
- Yox, can bala, zəhmət çəkib gəlmə. Mən nişanlı qız döyüləm ha, darıxam... Sən heç ürəyivi qısma, mənim gedən yerimə nə gəlib...
- Təki olsun. Sən də əvvəldən hər şeyi düzüb-qoşmusan, məni söylədirsən. Yaxşı eləmisən.
- Bala, Marış... mənim ağzımnan uşaqların üzünnən öpərsən. Bax, öp ha... a bala, ölüm-itim dünyasıdı, telefonu ver, o gəlinnən də halallaşım... Yaxındadı?!
- Hə, hə, yaxındadı... Gəl, ay qız, səni çağırır...
...Marlenin arvadı üz-gözünü elə əyişdirdi ki, elə bil rastına pişik ölüsü çıxdı. Yəni ki, nə danışacağam onnan?... Marlen dəstəyi telefonun üstünə qoydu.
- Bir az tez elə, puldu ey gedir...
- Dərman atım, seyças...
- Bu saat ay ana, dərman atsın... bu dəqiqə...
Sonra da uşaqlarına yaxınlaşdı.
- Nənəniz dedi ki, onun ağzıynan sizi öpüm.
Qız üzünü yana çevirdi.
- Nənə qoyun iyi verir...
...gəlin dəstəyi telefonun üstündən götürdü və o dəqiqə zarıdı.
- Alo...
- A gəlin, vaxtın xeyir, olmasın azar, haran ağrıyır?
Gəlin yenə telefonda zarıdı. Elə dəyişdi ki, uşaqları onun artistliyinə məəttəl qaldılar.
-...ağrıyır da, elə hər yerim...
- Bura bax, neçə ilin gəlinisən, adın yadımda qalmadı ki, qalmadı...
- Şəhərliyəm deyə, istəmirsən, kəntçi olsaydım əzbər bilərdin.
- Bura bax, gəlin, adıvı soruşdum sənnən... Ahıl adamam, yadımdan çıxır.
- Bilmirsən?.. Zulyadı da...
- Yox ey, əsl adın?
- Po pasportu - Züleyxa. Hamı məni Zulya çağırır.


- Züleyxa, qızım, gəlinim, ay mənim oğlum Marışın əziz-girami arvadı...
- Sağ olun, Seda xala...
- Qulaq as, mənim adım Sədəfdi, hər şey halalın olsun... Ancaq aç qulaqlarını eşit! Yadındadı Bakıya sizə elçi gəlməyimiz...
- Da, da... Nöş yadımda döyül, onda Xrebtovıda yaşayırdıq...
- Bilmirəm, harda yaşayırdız... Ancaq qabağımıza çay qoyduz. Üzdəniraq, ayaqyolu həyətdə pəncərənin qabağındaydı, biri girib biri çıxırdı. Sizin ev, yeyib-içdiyiniz, yorğan-döşəyiniz də zaxot iyi verirdi. Ödüm ağzıma gəldi, qızım, gəlinim, ağzıma bir qurtum ala bilmədim... Bildin, niyə mən köhnə yorğan içi sökdüm? Nə oldu, hər gecə kəntin araya-ərsəyə gətirdiyi oğulun qoynuna girəndə heç kəntdən iyrənmirsən? Mənnən sənə... əsil adın nə oldu qızım?
- Zulya, Züleyxa...
- Züleyxa, vəsiyyət yüngüllükdü. Sənin buzovunu çəkib qabağına qoymaq lazımıydı, həm də qulağında sırğa olsun, bir sözü deyəndə ağzında bişir çıxar... Sağ ol. Hər şey halalın olsun, bəlkə, səni bir də görmədim...
- Sədəf xala, verim danışsun Marlen?
- Yox. Mənim onnan danışası sözüm qalmadı...
...bunu deyib Sədəf qarı telefonun dəstəyini hikkəynən Gülnazın üstünə atdı.
- Gülnaz, balamsan, Allah bəxtivi açsın, o dəyyus zəng çala, məni çağırasan, - inan, sənnən cəhənnəm qannısı ollam!
Marlen dəstəyi arvadının əlindən aldı, qulağına gətirdi. "Alo" deməmişdən Züleyxa onu qabaqladı.
- Adboy verdi...
- Ola bilməz...
Marlen bir müddət dinməz-söyləməz duruxub dayandı. Sonra asta-asta dilləndi.
- Nə dedi sənə?
- Mare, buzov nədi rusca?
- Aaz, inəyin balasıdı da, telyonok...
- Özün kəntçi olasan.. Vsyo-taki tolkovı arvaddı... Mare... Sən nöş ona oxşamadın?..
Gülnaz Sədəf qarını ovundurmağa, uşaq kimi onun könlünü almağa çalışdı.
- Sədəf ana, fikir vermə, onları da qınamalı deyil. Şəhərdi, min dərdi var.
- Nolar, a Gülnaz, mən də olum min birinci... Mən heç, bəs sən... sən özün hara gedəsisən, a bala?
...Gülnazın gözləri doldu.
- Hara gedəcəm, a Sədəf ana? Yeddi göydə bir ulduzum yoxdu. Allah məni bədbəxt yaradıb... Hara gedəsiyəm?...
...sonra çöhrəsini dərd aldı. Dodaqlarının ucunda sap kimi bir təbəssüm göründü.
-...mənim pənahım Qara qayanın ətəyində daşların arasıdı...
- Qurd-quş xətər yetirər...
- Hardadı məndə o gözəl bəxt?...
...bu vaxt Şəmil başını içəri saldı.
- Kim yatıb, kim oyaq?...
...sonra birdən-birə ciddiləşdi:
- Çadır məsələsin danışdım. İki dənə "generalski" çadır gəlir bir-iki saata. Gedən-gedəni xəbərdar elədim, arvad-uşağı qoyub gəlirsiz. Hamısı çest verib dedi, "oldu, yoldaş general... Uzaqbaşı bir saata burdayıq.
...Gülnaz hardansa pendir-çörək çıxardı.
- Şəmi, acından öldün, yəqin, Məsmə xala da yığışır, başı qarışıqdı. Heç olmasa al ye bu dürməyi...
Gülnazın əli uzana qaldı. Şəmil dürməyi almadı. Və birdən üzü-gözü yumşaldı, sifəti təbəssüm içində əridi.
- Ayə, bu nə gözəl millətdi?! Qeyrət çıxır, namus çıxır, torpaq çıxır, kənt çıxır... Dürmək yaddan çıxmır! Al ye, ac qalarsan, a bala! Təp gözüvə bu dürməyi! Dürmək! Dürmək! Dürmək! Bu kəntə nə dürmək düşür, nə başa qoyulası papaq!.. nə də... biri yadımdan çıxdı... Yadıma düşəndə deyərəm... Dürməyin nəynəndi, Gülü?
- Arasında bir tikə şordu, Şəmi, ee... yoldaş general.
- Allahın şoru da bizə haramdı, Gülü. Ver yuxanı bura... Ver.
...Gülnaz yuxanı Şəmiyə uzatdı. Şəmi barmağıynan şoru yuxanın arasından sıyırıb atdı... Xışmalayıb yerdən bir ovuc torpaq götürdü, yuxanın arasına səpdi, büküb-bürmələyib bir dişdəm aldı.
- Sədəf xala, buna deyərəm yavannıq. Qəndəharda bilirsən nə yeyirdik? Qızılgül ləçəklərini qoyurduq çörəyin arasına, hamımızın ağzınnan gül iyi gəlirdi. Niyə gəldim, axı, mən Qəndəhardan? Qalıb əfqan olardım, orda ölərdim, basdırardılar... bəs üstümdə kim ağlardı? Heç kəs! Anam yox, Gülü yox, Sədəf xala yox... Gülü, öldür də özüvü, nolar? Öl ki, mən də ölüm...
... Sədəf qarıynan Gülnaz astadan hıçqırdılar. Şəmil baxdı, baxdı və birdən qayıtdı:
- Bəsdi! Ağla ki, ağlayasan! İndi də çalın-oynayın... Partiyanın eşqiylə sən, eşqiylə sən... Yəqin ki, gedən kişilər qayıtmış olar. Silah-sursat gəlməlidi. Ordu qurulmalı, düşmən geri qovulmalı! Gündəlikdə dayanan əsas məsələ budu, yoldaşlar!
...Şəmi torpaq dürməyindən bir dişdəm də alıb getdi.
- Gülü, mənim pənah apardığım yerə istəmərəm sən gedəsən, hələ cavansan, qızım, balam, bəlkə, Allah-təala qismətini özgə cür yazıb.
- Nə cür yazıbsa, yazıb, Sədəf ana. Yazıya pozu yoxmuş. Öz yazdığın pozub təzədən yazan deyil. Görünür, bu dünyada artıqmışam...
- Elə demə, Gülü, başına dönüm.
- Bircə gedib-gələn nəfəsi verib mənə, onu da tezliknən qaytarasıyam...
- Əğstəfürullah de, Gülü.
- Hələ demicəm, Sədəf ana, heç kəsə heç nə demicəm...
...bunu deyib Gülnaz hönkürdü, Sədəf qarının köksünə sığındı. Sədəf qarı qızı bağrına basdı.
- Ağla, ürəyini boşalt, qızım, ağla, dərdin ürəyində daş bağlamasın.
... Sədəf qarı çarqatının ucuynan gözünün qorasını silir, o biri əlnənsə Gülnazın saçını oxşayırdı. Ömrü boyu nəvaziş görməyən Gülnaz bundan daha da kövrəlir, uşaq kimi içini çəkə-çəkə ağlayırdı. Və birdən ağlamağını kəsdi, yadına nəsə düşübmüş kimi yaşlı gözlərini qaldırıb Qarının üzünə baxdı:
- Məndə bir əmanət də var, Sədəf ana... Budu, beş ildi, əvvəl barmağımdaydı, gördüm Şəmi belə gəldi, havaxtdı düyünnüyüb ürəyimin başında saxlayıram.
...Qız əl atıb qoynundan düyünçə çıxardı, əlləri titrəyə-titrəyə açdı:
- Nişan üzüyüdü, rəhmətlik anam dedi, qoy qalıb, bəlkə, Şəmi ağıllandı... Odu-budu, nə Məsmə xala istədi, nə də qaytarmağa ürəyim gəldi...
- Düz eləmisən, qızım, qeyrətinə qurban.
- Əmanətdi, istəmirəm məndə qalsın. Bilmək olmaz, bəlkə, Şəmiyə lazım oldu...
...sonra göz yaşını yığışdırdı, toxtadı, elə bil birdən-birə qocalıb Sədəf qarının yaşıdı oldu.
- Sədəf ana, indisə sənnən yolumuz ayrılır... Anam olmayıb, səni özümə ana bilmişəm... Halal eylə...
Sədəf qarı hönkürdü və Gülnazın köksünə sığındı. İndi Gülnaz onun ağ birçəyinə sığal çəkdi... Və Sədəf qarı birdən çevrilib Gülnazın üzünə baxmadan becid addımlarla ordan uzaqlaşdı. Gülnaz bir qədər Qarının arxasınca baxdı, baxdı və bağçadakı qızılgülləri hirs-hikkəylə qırmağa, qoparıb atmağa başladı...

* * *

Sədəf qarı yan-yörəsinə, kənddən qaçan axırıncı adamların, Qarıdan "salam-sağ ola" cavab almayan, mat-məəttəl qalıb çiyinlərini çəkən, "yazıq arvad" deyə başlarını bulayan tək-tük kənd əhlinə məhəl qoymadan kəndin aşağısına, çaya sarı gedirdi.
...və çaya çataçatda, özündən beş-on addım aralı həmən yəhərli-yüyənli Atı gördü. Yenə də At başını yerə dikib dişinə gələn otlardan qırpırdı. Qarı elə bil ən doğmasını gördü.
- A gözəl kəhər, sənmi mehrini mənə saldın, ya mənmi sənə bağlandım... Gəl, yaxın gəl, yalına sığal çəkim, boynunu qucaqlayım, ala gözünnən öpüm.
...Qarı oxşaya-oxşaya Ata yaxınlaşdı, ancaq o, yaxınlaşdıqca At aralandı və gözdən itdi.
... Sədəf qarı dayanıb şırıltıynan axan çaya tamaşa elədi, sonra da suyun qırağında çöməldi, iki əlini ovuclayıb əvvəl bir, sonra o biri qolunu dirsəyəcən yudu, ağzını yaxaladı, üzünə su çəkdi, axıb gedən suya qırmanc vura-vura dodaqları pıçıldadı:
- Ey Allahın yaratdığı! Göyün telinnən, Yerin təkinnən təmiz! Dünən gecə gördüyüm yuxumu sənə danışım... Gördüm həyətimizdəki ərik ağacıdı, teyxə gül açıb. Oğlannarım da ağacın dövrəsində, əllərində ovxarlı balta, ağacı kəsillər. Deyirəm, a bala, hər üçünüzün nənnisini o ağacdan asmışam, niyə kəsirsiz, and verirəm sizi o Qurana, əl saxlayın. Böyüyü əl saxlayır, qayıdır, bu kənddə Quran tapsan, and içərsən. Ortancıl deyir, atam bu kənddə Quran qoyubmu qalsın?! Kiçiyi deyir, bu kənddə Quran tapan günü mən də tapılacağam... Bunu deyib vurullar. Ağac gildir-gildir ağlayır... Ağaca qoşulub mən də ağlayıram... Bir gözümdə Sarvandı. Yazıq-yazıq deyir ki, mənimçün Quran gətir, bir də qırmancımı! Gedirəm, gəlir dalımca, gedirəm, qovur məni... Qovur, qovur... Ayılıb gördüm tər-su içindəyəm.
...Qarı axıb gedən sudan ovuclayıb üç kərə sağ, üç kərə də sol çiyni üstündən geriyə səpdi. At kişnərtisi eşitdi, dönüb baxdı.
...Ondan aşağıda, yəhərli-yüyənli həmin At çaydan su içirdi...
...Hardasa güllə səsi eşidilirdi.
Bir yük, iki minik maşını üzü gedəri, yol üstdə dayanmışdı. Sürücülər sükan arxasındaydı, motoru söndürməmişdilər. Arvadlardan biri - Məsmə arvad yolun ortasında dayanan Şəmilə könülsüz halda yalvarmağındaydı:
- A bala, gəl çıxaq gedək, bu qədər adamı gözlətmə!
Şəmil şəstlə durmuşdu, elə bil anasının yalvarışını eşitmirdi.
- Mən dediyimi demişəm... Məsmə arvad, niyə bu kəndin arvadları əfqan doğmayıb? Xəbər alıram sənnən?...
...bunu deyib Şəmil həqiqətən doluxsundu.
- Bə səni mən doğmamışam, a Şəmi? Sən mənim general balamsan...
Şəmi gözünü qolunun ətəyilə silib asta-asta dilləndi:
- Mənəm general? Gethagetdə məni dolayırsan? General olsaydım, kəntin kişiləri sözümə baxıb geri qayıdardı. A bulara kişi deyənin... əfqan... ay Sədəf xala, o boyda urusun qabağınnan qaçmadı... bular gör kimin qabağınnan qaçır.... Boyuvu yerə soxum, a belə kənt!
...yenə güllə səsi eşidildi. Məsmə arvadın, deyəsən, səbri tükəndi.
- Sən neçə ildi günümü qara eləmisən, indi də məni əsir-yesir eləmək fikrin var? Özün bilən yaxşıdı. Getmirsən getmə. Sədəf, sən hara gedirsən?
- Gedən yerimə nə gəlib... Məsmə... yaxşı, get... get...
Bunu deyib arxasını gedənlərə çevirdi. Qapılar çırpıldı, maşınlar tərpəndi.
...Sədəf qarı ovcunu araladı, Gülnazın verdiyi nişan üzüyünə baxdı, yenə ovcunu yumdu.
Şəmil maşınlar tini burulana qədər onların arxasınca baxdı, baxdı və birdən qəhqəhəynən gülməyə başladı.
- Get, Məsmə arvad, bəxtəvər günlər səni gözləyir. Sədəf xala, elə bilirsən istəyirdi mən gedim?! Qara günləri, budu qaldı burda! Quruca qəfəsə!..
...bunu deyib plaşın düymələrini açdı, arıq sinəsini döyəclədi. Bədəni kəfənə bürülüydü, belinə köhnə xəncər bağlamışdı. Kəmərinin arasından bir kitab düşdü.
- Bay, Sədəf xala, yadımdan çıxmışdı, Qurandı, o vaxt Əfqanıstannan gətirmişəm.
...Elə bil Sədəf qarının gözlərinə işıq gəldi. Tez yaxınlaşıb kitabı Şəminin əlindən aldı, üç dəfə öpüb gözünün üstünə qoydu.
- Allah səni ağla gətirsin, ay Şəmi...
- Ağla gətirən kimi mən də qoyub qaçacam kənti! Gətirməsə yaxşıdı, Sədəf xala...
...yenə güllə səsləri eşidildi.
- Sədəf xala, bu boyda kənddə bir sən qaldın, bir də mən... Səni ruhlar gözləyir, Sədəf xala, mənsə yağı döşünə çıxıram...
...Şəmil səsini qaldırıb car çəkirmiş kimi boşalmış kəndə, qaçıb aradan çıxmış kənd əhlinə elə bil üz tutdu:
- Tək çıxıram, ay camaat! Mənnən düşmən üstünə gedən varsa gəlsin! Yoxdusa, dilivizi qoyun bilirsiz haraa... dərin hörmətlə, general Şəmil Poladov... Çest imeyu!
Şəmil qaloşlarını cütləyib çest verdi.
- Geriyə dön!... Düşmən üstünə, irəli!...
...Şəmil addım atmağıynan oxumağa başladı:
- Deyirdin yanında qalacağam mən, çox gözəl fikirdi, qal sənə qurban. Nə zaman istəsən əziz canımı, qumral gözlərinlə al, sənə qurban...
...get-gedə Şəminin səsi uzaqlaşdı, uzaqlaşdı və eşidilməz oldu. Sədəf qarı bir xeyli yerindən tərpənmədi....
Sahibsiz qalan itlər zingildəyir, pişiklər miyoldayır, inəklər mələyirdi. Hətta quş­lar da budaqda cikkildəşmirdi. Ara-sıra Şəmil gedən tərəfdən güllə səsləri gəlirdi.
- Bu boyda kənddə bayquş kimi tək qalan canım vay...

* * *

...Şəhərdə toy təzəcə başlayırdı. Toy yiyəsi məclisə gələn qonaqlara xoşgəldin elədi.
- Oğlum İsfəndinin toy məclisinə xoş gəlib, səfa gətirmisiz, əziz qonaqlar! Neyçün ki, bizim xalqın toy kimi gözəl bir adəti var.
Ona görə ki, bizim millətin ən gözəl xüsusiyyətidü, bəynən gəlin əyləşib orda, biz olara baxıb yüz dəfə deyirük, xoşbəxt olsunnar. İcazə versəydüz, stollarda oturan qonaqlar, yəqin ki, etiraz eləməz. Mən şəxsən xalqımızın fəxri Əbülqasım müəllimdən icazə almaq istərdim ki, toyu başdamağa icazə versün...
...Əbülqasım müəllim boynunu paraxod sükanı kimi asta-asta döndərib toyun yiyəsinə gözucu baxmaqnan onu feyziyab elədi və ancaq seysmik aparatların qeydə alacağı çox xəfif titrəyişlə başını tərpətdi, yəni, başlaya bilərsiz.
- Əbülqasım müəllimin icazəsiynən bugünkü toyumuza tamada kimi, dostumuz, nəinki bizdə, ölkəmizdən uzaqlarda belə tanınan böyük alimimiz Marlen Eloğlu tamadalıq eliyəcək. Marlen müəllim, buyurun mikrofona, Əbülqasım müəllim başda olmaqnan qalannarı da feyziyab eliyün...
Çalğıçılar "Koroğlu"nun uvertürasını çaldılar.


...Sədəf qarı qəbiristanlığa üzünü tutub dua oxudu, salavat çevirdi.
...Əbülqasım çənəsinin kiçicik bir hərəkətiynən kiməsə işarə elədi. O adam tez yerindən qalxıb çalğıçılara tərəf cumdu, onların qabağına, yəqin ki, pul qoydu, nağaraçı pulun çoxluğunu görüb əlini çaşdırdı, klarnetçalan ona gözünü ağardan kimi təzədən havanı tutdu. Həmən adam Marlen müəllimin döş cibinə ayrıca pul basdı, Marlen müəllim də bağır basıb Əbülqasım müəllim tərəfə baş əydi, bir xeyli başını beləcə saxladı.
-...Biz Dədə Qorquddan hikmət, Koroğludan qılınc çalmağı öyrənmişik. Ulular yanında dərs keçib, ərənlər bulağından su içmişik. Torpaq, Vətən, Yurd yeri bizim üçün əziz canımızdan irəli, Ana südü qədər halal, göylər qədər nəhayətsizdir. Ulu Vətənimizin hər qarışı Anamız qədər müqəddəs, Anamız... Vətən qədər... ana...
...Marlen müəllimin səsi qırıldı, sözlər boğazında qaynadı və o, əlini ürəyinin üstünə qoyub səndirlədi... Nağaraçı özünü yetirib onu tutmasaydı yıxılacaqdı.
...Sədəf qarı qəbirlərin arasında səndirlədi, özünü güclə saxladı, dalındakı köhnə çuval sıyrılıb ayağının altına düşdü, əlini atıb hansısa baş daşından yapışdı.
- Allah sənə rəhmət eləsin, mənə dayaq oldun, az qala yıxılmışdım...
...havaya atılan güllə səsləri kəndi başına götürmüşdü. Sədəf qarı qaranlıqda istehza ilə gülümsündü.
- Qorxudan atıllar. Kəntin vahiməsi dolub cannarına... Daha demillər... oba köçüb... yurd qalmayıb... hələ bir az var. Gözüm seçməsə də, əl havasına gedəsiyəm... hardayam mən... Buy, başıma xeyir, rəhmətlik Xəndan bacının qəbriymiş ki... Mən də deyirəm, qaranlıqda kimdi mənim qolumdan tutan... Ortancıl gədə bu təpə aşağı o qədər kirşə sürüb ki... Bir dəfə də gəlib dəymişdi Xəndan bacının həmən bu baş daşına. Allah saxlamışdı... İndi yenə Xəndan qolumdan tutdu... Coqaşın alnındakı çapıq indi də qalır... Yaz-yaşıl eyninə deyildi, elə ki, qış gəldi, çiçəyi çırtdayırdı, axşamacan qarın-şaxtanın ortasında... əlində kirşə... Baş götürüb getdi Urusetə, oranın Kəmərlisinə, arvadı Mariyə deyir, ilin yeddi-səkkiz ayı qar dizdəndi... Mariyə qalırdı burda keçən yay - izdes cit karoş, mama ədin... Xeyr aa, gədə vurdu qoltuğuna arvad-uşağın, ley cücəni aparan kimi, yox eyy, dedi, mən burda qala bilmənəm... O uşaqları onda görənəm. Ay Xəndan bacı, urus qarnınnan çıxsalar da, vallah, o birilərdən mehribandılar - Nana karoş, karoş. O üzümnən, bu üzümnən... canım qalır yanlarında, ortancıl üstün açandı, oralar da soyuq... Urusetin it azan yeri...

* * *

...Mariya gecənin bir yarısı oyanıb gördü ki, yanı boşdu. Xalatını geyib durdu. Eyvanın qapısı aralıydı. Əyilib baxdı. Coğaş bu soyuğun ortasında tək köynəkdə oturub siqaret sümürürdü. Mariya astaca onu səslədi.
- Tı çto, s uma soşel? Prostudişğsə, ehe kak...
Coğaş asta-asta başını döndərib arvadına baxdı. Coğaş ağlayırdı və hətta uşaq kimi içini çəkirdi.
-...da tı çto, milenğkiy moy, opətğ mamu vspomnil, ey boqu, tı kak qrudnoy rebenok...
Coğaş hönkürdü. Mariya onun boynunu qucaqlayıb qarnına sıxdı...
- çeqo tı reveşğ, sladkiy moy, detey razbudişğ...
Coğaş içini çəkə-çəkə qayıtdı:
- Ə... ni maqu... Mariya... Mamu vidil...
- Qde videl? Vo sne?...Nu vot, a nu-ka vstavay, poşli... poşli... Oy, tı vesğ ledənoy. Zamerz, naverno?
Mariya Coğaşın qolundan tutub otağa çəkdi. Onu divana otuzdurdu. Şkafın gözünü açıb ordan yarımçıq araq şüşəsi, stəkan çıxardı, yarıyacan doldurub Coğaşa uzatdı.
- A nu-ka vıpey, rasslabğsə. A to, konüı otmorozişğ.
Coğaş dinməz-dinməz stəkanı alıb başına çəkdi. Mariya nəlbəkidə qalan portağal dilimini ona uzatdı. Coğaş Mariyanın əlini yüngülcə itələdi.
- Ni xaçu.
- A çeqo xoçeşğ? Mamenğkinu qrudğ? Oy Çoqaş, Çoqaş... qore tı moe... Ə je tebe skazala, davay ostanemsə v Azerbaydjane, matğ sovsem odinokaə, a tı uporno ne xotel...
Mariya bunu deyə-deyə kitabçasını vərəqləyib nəyisə tapdı, dəstəyi qaldırıb nömrəni yığdı.
- Zdravstvuyte, gto spravoçnaə?.. İzvinite, blijayşiy reys do Baku, koqda vıletaet?... Çerez tri dnə? Da, izvinite, spasibo...
Dəstəyi yerinə qoydu.
- Vot takie dela. Pridetsə poterpetğ. Tı, iva plakuçaə moə, nu-ka vstavay i prəmo v postelğ.
...Gördü ki... Coğaş artıq yatıb, başı sinəsinə sallanıb, görünür, arvadının son sözlərini eşitmədi.
- Nu vot, uje i xrapit. A nu-ka poşli...
...bunu deyib Mariya Coğaşın qoluna girdi, onu çarpayıya uzandırıb uşaq kimi yan-yörəsini bərkitdi... Elə bu anda yan otağın qapısı açıldı, beş-altı yaşında bir uşaq yuxulu gözlərini ovuşdura-ovuşdura astanada dayandı.
- Tı çto, malışka?
- Mama, ə babuşku videla vo sne.
- Kakuö babuşku, doçenğka?
- Kotoraə ayvoy paxnet...
- Nu vot i xoroşo. İdi spi... Boje moy, neujeli s Sedef-mamoy çto-to... ne ladno.

* * *

...Sədəf qarı diksinib ayıldı.
- Bu boyda qəbiristanlıqda təkəm? Yox, niyə ki... Xəndan bacı bəs nədi? Durum gedim bizimkilərin yanına. O qaraltı nədi mənnən qabaqda?... Bismillah, həmən atdı ki... O da mənim hənirimə gəlib....
...Sədəf qarı köhnə xurcunu dalına aldı... Təxminən on addım irəlidə At gedirdi və qəribədi ki, Atın ayaqlarının səsi eşidilmirdi... At qabaqda, onun dalınca da Sədəf qarı... Və At Sədəf qarını düz doğma qəbrlərin yanına aparıb çıxardı.
- Allah yetirdi səni mənimçün, ey Allahın heyvanı... Yoxsa gecə gözü azardım... Doğmalarımın yanında nə qorxum var, nə ürküm... Axşamın xeyir, a Sarvan...
...Qarı çiynindəki xurcunu yerə aşırdı... Yerə çöküb qolunu başdaşına doladı və... hönkürdü.
- Görəcəkli günlərim varmış, a Sarvan. Min bir doğanaqdan keç, hərlən-fırlan, budumu axır günüm?! Qadan alım, sənnən iraq, a Sarvan, o küçüklər kimə çəkdi, kimin üzünə tərpəndi?! Bax bu döşlərimdən üç dənə küçük əmizdirmişəm. Mən ana deyilmişəm, a Sarvan, döşü süd dolu qancıqmışam. Bu küçüklərin qulağın niyə kəsmədin, a Sarvan?! Qulaqların kəssəydin, ev-eşik tanıyar, həyət-baca, torpaq təəssübü çəkərdilər...
...itlər kəndin qaranlığına, yad nəfəsə, arabir göyə boşaldılan avtomat səsinə hürürdü.
-...kaş it olaydılar, gəlib bugünkü gündə dığa-düşmən kəndi basmarlayanda bir-iki ağız hürəydilər... hürəydilər... hürəydilər... Ay canım-gözüm Sarı, düz əllicə il ömür sürdüyüm, can deyib can eşitdiyim Sarı... Nə vaxtdı canım isinmir, dağların qarı-buzu canımdadı... Kürəyini kürəyimə yavuq elə, Sarvan... Oxaay, canım qızdı... Elə bil üstümə tərəkəmə yorğanı saldılar...
...yenə kənddə haray-qışqırıq, sərxoş gülüş səsləri, havaya boşaldılan avtomat şaqqıltısı eşidildi.
- Yalannan gülmə, ay dığa... Bu kəndin qarannığınnan tük salırsan... Səsiviz titrəyir... Nolar, elə bilirsiz, bu hayıf sizdə qalacaq? Xeyr a, xeyr! Geci-tezi var... Şükür xudaya ki, tək döyüləm, kimsəsiz döyüləm... Dörd bir həndəvərimdə qohum-qardaş... Allah sənə rəhmət eləsin, a Sarvan, elə qulaq yoldaşım olsan, bəsimdi... bəsimdi... bəsim...
* * *

...Kəndin harasındasa xoruz banladı... Qarı artıq qurşağacan qazdığı qəbrin içindəydi. Külünglə ağır-ağır qazır, sonra da torpağı ovuclayıb qırağa artırdı.
...Xoruz yenə banladı. Toyuq-cücə səsi gəldi. Xoruz haray-həşir qoparıb kiminsə üstünə xoruzlandı. Qarı əl saxlayıb qulaq kəsildi.
- Tülkü dığa, toyuq-cücə qoymadı, basıb yeyir hamısın... Dünən maşınnan atılıb qaçan xoruzdu, sinəsini qabağa verib toyuq-cücəsinə yiyə durur. Bu kəndin kişilərində kaş ları xoruzun qeyrətindən bircə çimdik olaydı.
...Güllə səsi gəldi... Xoruzun qara-qışqırığı kəsildi.
Sədəf qarı külüngü bir qırağa qoyub elə qəbirin qırağındaca əyləşdi. Ağlında elə bil hər şey qarışdı.
- Off... elə bil içimdə təndir qalayıblar... Ay noğulbacı, təndirə bu qədər od vurallarmı? Çörəyi yandıracaq, az elə, az elə... O gələn kimdi səhərin obaşdanında? Bəlkə, başdaşıdı, məni qara basır... Yoox, üzübəri gəlir...
...qəbirlərin arasında kimsə dolaşırdı. Mərmərdən düzəlmə sinə, başdaşlarının qabağında ayaq saxlayır, nəyisə ölçüb-biçir, sonra da təbaşirlə xaç çəkir, nişan qoyurdu. Nəhayət ki, bu minvalla Qarının bərabərinə çatdı. Saçları dağınıq Sədəf qarını yarıqazılmış qəbirin içərisindən boylanan görüb diksindi, tələsik xaç vurdu... Bir müddət beləcə bir-birlərinə zillənib baxdılar.
- Harda görmüşəm səni... Yanımızdakı çastın urusu döyülsən?
- Da, babulya, urus. Denis Fedorıç... Zdorovo napuqala menə. Ə-to dumal tı... uli, voskresla... Sen... uli yok?
- Nə bilim, bəlkə, ölmüşəm, heç xəbərim yoxdu? Ay urus, burda nə gəzirsən? Uruslar... paşol, paşol... burda kəntdə sizinkilər yoxdu.
- Net, babulya, v vaşem derevne naşi... Xristiane... naşi bratğə... armeni-rus kardaş...
...bunu deyəndə Denis barmaqları ilə xaç düzəldib Qarının qabağına tutdu...
- U tebə, babulya, poxmelitğsə çto-nibudğ estğ? Çaça, tutovka... xotğ, çto-nibudğ na donışke?
...bunu deyib rus saldatı Qarının xurcununa ümidlə baxdı.
- Müharibə vaxtı yorğan-döşəyimin yununnan düz əlli cüt əlcək toxumuşam urus saldatı üçün... Gözüvüzdən gəlsin, irinə-qana dönsün!.. İndi də gəlib müsəlman qəbirlərinə xaç qoyursan? Çörəyi dizinin üstündə olan hərçi-betərivizə lənət! Tfu!
...Qarı bunu deyib doğrudan rus saldatının üzünə tüpürdü, urus tüpürcəyi əliynən sildi, avtomatı çiynindən aşırıb çaxmağını şaqqıldatdı... Qarının tükü də tərpənmədi... Denis hirsini boğdu, avtomatı üzü aşağı çiyninə aşırdı...
- A nu-ka, staraə vedğma, poleqçe... To çto tı bormoçeşğ po-tatarski, gto znaeşğ çto?
...əlini "tapança" kimi qaldırıb gücəndi, ancaq qarnındakı havanı buraxa bilmədi.
- vot vidişğ, jeludok sovsem pustoy... day jratğ çeqo-nibudğ.
...urus yumruğuynan qarnına döyəclədi.
- Kuşatğ estğ?
...Sədəf qarı elə bil birdən-birə sakitləşdi. Söz deməyib başını buladı. Saldat da bir az yumşaldı.
- Neujeli? A çto u tebə v çuvale, xotə bı lepeşka s sırom naydetsə?
Bunu deyib xurcunu qamarladı, başıaşağı çevirdi. Xurcunun içindəkilər - çox nimdaş qırmızı bir kəlağayı, cürə saz, qırmanc, Şəmilin Qarıya verdiyi kitab düşdü.
- Vıxodit, krome gtoqo xlama, niçeqo u tebə nema. Neujto, staraə karqa, sebə s qolodu umoritğ sobiraeşğsə? Nu i pravilğno delaeşğ, vse ravno tebe koneü... A çto za kniqa u tebə?
- Dəymə, a kafir... Qurandı.
- Nikakoy u tebə ne Koran... Çto-to znakomoe... Toçno mne toje podarili takuö kniqu... Valəetsə u menə v Stavropole na çerdake... A nu-ka. Rədovomu Poladovu Şamilö Rza oqlı, za doblestnuö slujbu v rədax oqraniçennoqo kontinqenta Sovetskix Voorujennıx Sil... v bratskom Afqanistane...
- Qurandı bu, ay urus!
- Net staruxa, gto nikakoy ne Koran. Gto stixi afqanskix pogtov, posvəhennıx Aprelğskoy Revolöüii.
- Quran yazısıynan yazılıb.
- Ey, matğ, afkan kim?...
- Şəmi. Dünən getdi düşmən üstünə...
- Duşmanı - arməne?... Ax da... Vçera gtot parenğ umiraə povtorəl Kandaqar, Kandaqar...
- Hə, hə, Qəndəhar, Şəmil...
- Da, vçera, tot kişi, esli men yox, - iki əlinin barmaqlarını qabağa uzatdı, - desəterıx ubil bı, voeval kak afqaneü, skrıvaəsğ za kamnəmi... vse ravno... kinjalom dvux arməşek ulojil. Ə eqo zastrelil... Bum, bum... Vo kişi!
- Yazıq Şəmi... Ey urus, bu kəntdə karoş kişi çox, lap çox...
...Qarı əliynən bir qədər aralıda başdaşlarına rəngi getmiş qırmızı yaylıqlar bağlanmış şəhid məzarlarını göstərdi.
- Nikaroş kişilər paşol, paşol... Bir qara daş dallarıyca...
- Sami vinovatı... Kandaqar uli u menə... Kto eqo oteü, matğ? Xoçu prodatğ. Pustğ poxoronət vot vam...
...urus əliylə şəhid qəbirlərinə tərəf işarə elədi. Barmaqlarını bir-birinə sürtdü...
- Nu, snaçala denğqi... Dollar. Unun ata-ana estğ?
Sədəf qarı bir azca fikrə getdi, sonra əlini döşünə vurdu.
- Onun atası da mənəm, anası da...
- Gto tvoy sın? Otvajnıy parenğ, onun uli mende. Davay dollar, trup otdam, poxoroni vot zdesğ!
...urus saldatı şəhidlər dəfn olunan yeri göstərdi.
- Nu, matğ, u tebə je dollara net...
Qarının yadına nə düşdüsə, əl atıb qoynundan yaylığa bükülü nişan üzüyünü çıxardı.
- Məndə olan bax budu, elə bu da Şəminin nişan üzüyüdü. Ay urus, al bunu... o uşağın ölüsün gətir basdır. Gətirib basdırmasan, Allah sənin başıva bu dünyanı dar eləsin!
- Ne bespokoysə, day kolğüo... da, krasivaə ştuçka... Nu matğ, raz obehal, znaçit poxoronö.
...qəbirlərin arasından kimsə çıxdı, elə bil orda gizlənmişdi, birdən-birə peyda oldu.
- Karen, tı qde propal? Tı znaeşğ, mramornıx nadqrobiy, okazalosğ dvadüatğ çetıre.
- Znaçit, İbişov nas obmanul... Qovoril pətğdesətğ tri. Vot karmannik, vor!


...Erməni Karen birdən Sədəf qarını gördü.
- Ara, Denis, tı znaeşğ, koqo tı arestoval?
- Koqo-koqo? Obıknovennuö staruxu.
...Qarı da Kareni tanıdı, özünü o yerə qoymadı.
- Net, ara. Ona znaeşğ kto? Bıvşaə svekrovğ moey sestrı... Sedef karı, sen meni tanıdın?
- Niyə tanımadım? Karensən də... Evimdə neçə kərə qonaq olmusan. Ayağının altında qoyun kəsdirmişəm.
- Elə ona görə də birinci sənin evə od vurdum. Tüstünə bax... Axtardım, pul-kızıllar tapmadım.
- Məndə pul-qızıl yoxdu.
- Nöşün? Sizin İbişov bizdən nə kada kızıl apardı. Biza kladbişanın mramorlarını da satdı. Biz da buyun o mramorları iranlılara satırıq... Karı, bes sen niya kaçmadın? Oqlun, kohumların aparmadı?
Sədəf qarı başdaşlarını göstərdi.
- Elə qohumlarımın yanındayam da... Burda özgəsi yoxdu. Sən də gəlinim Marqonun qardaşısan.... Arada İmam balam bədbəxt oldu.
Burda urus saldatının səbri tükəndi.
- Tı Karen, konçay delo, poydem, jratğ xoçetsə!
Karen belindəki tapançanı çıxardı.
- Sadaf karı, məzhab haqqi, mannik dögül. Biznan biri var, Aşot... daşnak kapayoğlu gorsa, sənin dalına kaynar samavar bağlayacaq. Bunnan eli, şadtanır ey... Qabaxıma çurek qoymusan. Gəl men səni vurum, kaynar samavardan yaxşıdı.
...elə bu dəmdə Sədəf qarı yenə bir neçə addım o yanda yəhərli-yüyənli Atı gördü. Barmağını tuşlayıb göstərdi, öz-özünə pıçıldadı:
- Kimindi, axı, o at?
Urusnan erməni də çevrilib o səmtə baxdılar, heç nə görməyib çaşdılar.
- A Qarı, at hardadı?
- Görmürsən? Yəhərli-yüyənli...
Karen barmağını gicgahına aparıb hərlədi və urusun üzünə baxdı.
- Tı lohadğ videl?
- Kakoqo-xira lohadğ? Qolodnıy lohadğ - gto ə. Staruxa prosto oçumeet. Davay poşli... Tvoö matğ...
Karen tapançanı qaldırıb Qarını vurmaq istəyəndə urus onun əlini tutdu.
- Tı çto, oxirel, arməşka? Staruxu ubivaeşğ? Brosğ tı. Poşli, poşli... Matğ, a matğ, umiray sama..., a to... xuje budet...
...urus ermənini də götürüb aparmaq istəyəndə Qarı üzünü Karenə tutdu.
- Bəlkə, sən biləsən... oğlum hardadı?
- Deyim sana Sədəf karı, senin oqlun... senin oqlun... Tiflisdə... Marqo taza ariynan gəlib ora. Oqlun yalvardı uşağa göra...
...Sədəf qarı baxdı, baxdı və asta-asta sürüşüb qazdığı qəbirə çökdü.
...Tiflis. Küçənin qələbəliyi. Marqo təxminən iki, iki yaş yarımlıq uşağın əlindən tutub dayanıb. Ondan beş-on addım aralı, iki nəfər dayanıb söhbət eləyir, siqaret çəkirlər. Əslində, onların fikri Marqodadır. Marqo uzaqdan ona tərəf gələn İmamı görür. İmam ovsunlanmış kimi aramla onlara yaxınlaşır. Uşaq atasını görcək çığırır və anasının əlindən dartıb ona tərəf qaçmağa çalışır. İmam səndirləyir, uşağı görcəyin hər şeyi yaddan çıxarır, tez-tələsik özünü ona çatdırır, əyilib uşağı yerdən qapır, uşaq onun boynuna sarılır... Hiss olunur ki, anası odla su arasındadı. Gözucu İmama nəzər yetirsə də, onunla kəlmə kəsib danışmağa cəsarət eləmir. Aralıda dayanan iki kişidən biri siqareti yerə atıb ayağı ilə əzir. Bunu görən Marqo heç bir söz demədən uşağı İmamdan qoparmaq istəyir. Uşaqla İmamı bir-birindən ayırmaq olmur. Nəhayət, Marqo uşağı atasından güclə ayırır. Uşaq elə şivən qoparır ki, küçədən keçənlər bir anlığa ayaq saxlayıb bu dəhşətli səhnəyə baxırlar. Marqo, özünü atasından ötrü yırtıb tökən uşaq da qucağında, ordan aralanır. İmam mıxlanıbmış kimi bir müddət yerindən tərpənmir, uşaqla Marqo adamların arasında gözdən itənə qədər dallarınca baxır... və birdən addım atıb maşınların şütüdüyü yolu keçmək istəyir. Elə bil, qarşısında heç nəyi görmür, harasa uzaqlara, məchul bir nöqtəyə baxır. Maşınların siqnal və qəfil əyləc səsləri hamını ayaq saxlamağa məcbur edir, camaat yolun ortasına, maşın vuran adamın başına toplaşır.

* * *

Qırılan sim səsi gəldi. Sədəf qarı yuxudaymış kimi diksinib ayıldı, çevrilib qəbirin qırağındakı saza baxdı. Əlini uzadıb cürə sazı götürdü. Qırılmış simi sazın kündəsinə doladı.
- Döşlərim sızıldadı...
...Sədəf qarı əlini sinəsinə yapışmış döşlərinin üstündə gəzdirdi.
-...bu sinəm niyə od tutub yanır? Balam vay, balam vay... Balam getdi... mən qalmışam... a dağlar... Ucası uca dağlar... Ovçusu cavan ölmüş... Maralı qoca dağlar... Balam vay... balam vay... A cürə saz... bu xəbəri niyə belə tez gətirdin? Həə?
...Qarı doğrudan-doğruya cin atına mindi.
-...o biri simlərini özüm qıracağam!
...Barmağını salıb sazın qalan simlərini qırmaq istədi, ancaq gücü çatmadı.
-...onda mən səni... Samavara cılğam eliyəcəm!
...Qarı sazı başının üstünə qaldırıb başdaşına çaxmaq istədi, ancaq əl saxladı... Ağlamsındı.
-...A yazıq saz, a namərd saz... A minüzlü... bu qədər səndə çalıblar-oxuyublar. Mərddikdən, igiddikdən söz qoşublar. Hanı igiddərin? Hanı bu kəndin başıpapaqlısı? Hanı, xəbər alıram sənnən? Bəs boğazdanyuxarı çalıb-oxuyanda niyə simin qırılmırdı, hə?...
...Yenə sazın kündəsini başdaşına çırpmaq istədi, qulaylayıb yenə əl saxladı.
- Bax, bu örpəyim köynəyin olsun, qaramat bağla, yas saxla... Oxuma, qurban olum, oxuma......Yenə bu At gəldi dayandı gözümün qabağında... Ay Allahın heyvanı, niyə mənnən aralanmırsan?.. Mən sənin nəyinəm, axı? Ananam, bacınam, qohumunam-qardaşınam? Niyə mənə simsar olmusan?
...Yəhərli-yüyənli At başını qaldırıb Sədəf qarıya baxdı və yenə otlamağında oldu.
-...a Sarvan, qadan alım, nə istisən? Qızdırman var, nədi? Bəlkə, kəkotu dəmləyim? Bəlkə, yüyürüm gedim, qızdırma pirinə niyyət eləyim?!... Yaxşı, küfr eləmə, heç dəyişmədin ki, dəyişmədin... Axıracan, əğstəfürullah, Quran-Kitaba inanmadın ki, inanmadın. Sənin inandığın bircə şey vardı - Şura hökuməti! Ar-ayıb eləməsəydin, deyərdin üç oğulun üçü də, nədi o qısır... Leninin belinnən gəlib. Uşaqlarıvın adınnan xəcalət çəkmirdin, amma mən utanıb yerə girirdim - Markısnan-Lenini birləşdirib böyük gədəyə Marlen adı qoymuşdun, ortancılı Stalinin familiynən - Cuqaş çağırırdın, kiçik bədbəxtin də adını o vaxtkı birinci katibin adıynan yazdırdın - İmam... İmam Mustafayof. Səninçün İmamnan İvanın heç bir təvafütü yoxuydu, Sarvan. Təki, Şura hökuməti sənə "sağ ol" deyəydi... Nədi, a kişi, indi qəbrivin üstündə nəsə orden-medal gözümə dəymir?! Şura hökuməti bildimi qədrivi? Partiya deyəndə biri də yanınnan çıxırdı.
...Sədəf qarıya elə gəldi ki, bəyaz geyimli Sarvan kişi kürəyini başdaşına söykəyib oturub. Qarı onun üzünü görməyə nə qədər cəhd eləsə də, görə bilmədi.
- Niyə üzünü mənnən yan çevirirsən? Sifətini görəmmirəm, Sarvan... Heç görəmmirəm. Yadındadımı, müharibədən əvvəl, sovet sədriydin. Sən kəsən başa sorğu-sual yoxuydu, Sarvan. Bakıda məktəb qurtarıb gəlmişdin, hamısı barmaqnan göstərirdi səni... Çatmış qızların hamısının səndə gözü vardı. Mənsə, indi necədisə, onda da sənin üzünü görəmmirdim. Gözüm qaralırdı... Məscid kitablarının elə məscidin həyətindəcə yandırılmağı... o dünyada yadınnan çıxmayıb ki, a kişi? Gərək ki, çıxmasın!

* * *

...ortada tonqal çatılmışdı. Qalaq-qalaq kitablar yanırdı. Tonqalın qıraq-bucağında alovun qarsaladığı, ərəb əlifbası ilə yazılmış vərəqlər görünürdü. Camaat böyüklü-kiçikli, arvadlı-kişili dövrə vurub dayanmışdı. Hamısı tonqala zillənmişdi. Cınqırını çəkən yoxuydu. Təkcə Sarvan tonqalın ətəyindəcə fırlanır, meydan sulayırdı. Sarvan o vaxtın "beriyavari" geyimindəydi, çəkməsinin quncuna qırmanc keçirmişdi. Əllərini arxasında cütləyib gəzir, adamların üzünə bircə-bircə nəzər yetirir, "bu kəndin ağası mənəm" - demək istəyirdi.
- Camaat, kimdə bu cürə mövhumat kitablarından qalıbsa, gec deyil, nə qədər ki, bu od yanır, gətirib atsın öz xoşuynan odun ortasına! Kimdə bircə vərəqi tapılsa, Sibir qulağının dibindədi!
Sarvan bir-bir adamların üzünə baxırdı, o adam da Sovet sədrinin baxışlarından yayınıb başını aşağı salırdı.
- Evlər bir də yoxlanacaq, kimdə bu ilan-qurbağa yazısından bircə qırıq tapılsa, Sibirdən qabaq, salacağam, bax, bu qırmancın altına!
...bunu deyib Sarvan gümüş dəstəli qırmancını cırıldayan çəkməsinin bozağından dartıb çıxardı, havada şaqqıldatdı və sakit baxışlı, arıq cüssəli bir adamın qənşərində ayaq saxladı. Oğlanın baxışlarını tutub baxdı, kəlağayılı, alagözlü qızı gördü. Sədəf oda baxırdı. Sovet sədri dönüb oğlanı tərs-tərs süzdü, oğlan nə gözünü çəkdi, nə də başını aşağı saldı.
- Razısanmı əə, mövhumat kitablarını yandırmaqnan?
...Oğlan gözünü qırpmadan, sakit səslə cavab verdi:
- Kitab yandırmaq düzgün iş deyil.
...Elə bil Sarvanın içərisinə barıt təpdilər.
- Nə təhər, yəni, ə? Səsi kəsik oğlu, sən Şura hökumətinə pirod gedirsən? Səni Bakıdan bura niyə sürüblər əə, bilirsən?
- Dərs deməyə!
- Dərsini de, get sox başını Zilli qarının daxmasına! Burda Şura hökumətinə qarşı təbliğat aparma!
...bunu deyib Sarvan qırmancnan onun dizlərinə vurdu.
...Oğlanın nə tükü tərpəndi, nə də gözlərini qırpdı.
- Ayə, düşmən oğlu düşmən! Sən öl, basdıracağam gedəsən atan gedən yerə!
...yenə Sarvanın qırmancı oğlanın belinə işlədi.
- Adını müəllim qoymusan, özün evdə Stalini söyürsən?
- İftiradı.
- Nəyi iftiradı, əə?! Binnət kişi öz qulağıynan eşidib.
- Kar Binnət?
- Sayıq firqəçiyə kar deyirsən? O nədi, əə, uşaqlara İstanbuldan danışmısan? Uşaqların tərbiyəsini korluyursan! Düşmən oğlu düşmən!
..Sarvanın qırmancı yenə qalxıb enmək istəyəndə oğlan Sovet sədrinin biləyindən yapışdı... Sarvanla müəllim bir anlığa göz-gözə dayandılar, Sovet sədrinin rəngi qaçdı, udqundu... Və müəllim qırmancı tonqala atdı. Yanhayanda kimsə cumub, əli qarsalana-qarsalana qırmancı alovun ağzından qapdı, külünü təmizləyib, az qala tumarlaya-tumarlaya Sovet sədrinə qaytardı...

* * *

...Qarı başdaşının yerində əyləşən bəmbəyaz geyimli Sarvana baxdı.
- Camaatı dindən-imandan birinci döndərən sən oldun, a bizim kişi! Sən oldun, sən... Üzünü çevirmə! Məndən incidin yoxsa? İnciməyə haqqın yoxdu, Sarvan! Ağ aləmin dibində mənnən artıq simsarın hanı? Yoxdu Sarvan, yoxdu... Yuxuma girmişdin dünən gecə, yadındadı? Yadındadı, nə istədiyin? Qırmancı! Budu, gətirmişəm... Nədi, əğstəfürullah, bu dünyadan əlin çıxıb, bəlkə, indi o dünyada zatı qırıq Şura hökuməti quracaqsan?... Sora nə istəmişdin mənnən?... Bilmirəm, o dünyada yaddaşın üstündədimi? Bəlkə Allah-təala o yaddaşı sənə müvəqqəti də olsa qaytarıb?... Qaytarmasaydı, doluxsunub deməzdin - Sədəf, gələndə özünnən Quran gətir! Tapmadım... Səbəbin çox gözəl bilirsən... Allah sənin o dünyada taqsır-günahınnan keçsin...
...yenə yəhərli-yüyənli At dərənin qırağındakı çəmənlikdə göründü. Başını qaldırıb yenə Sədəf qarıya tərəf baxdı...
- A Sarvan, sən gözdən itisən, bax gör bu At kimindi, dünənnən bəri yedəyimdədi...
...elə bu dəmdə aşağıdan, kənddən "Vağzalı" səsi gəldi. Qarı bircə an qulaq kəsildi, sonra əlini dizinə çırpdı.
-...boynun sınmasın, ay Rüxsarə, Namiq şəhid olub, min rəhmət, bəs onun vallarını niyə sındırıb tökməmisən qəbrinin üstünə? Bu gün dığa-dəyyus çaldırıb kef eləyir?!
...At ayaqlarını yerə döydü, qulaqlarını şəkləyib kişnədi.
Sədəf qarıya elə gəldi ki, baş daşının yerindəki Sarvan başını asta-asta döndərib kişnəyən Ata sarı baxdı... Və birdən nəsə yadına düşübmüş kimi Sədəf qarının gözləri az qala hədəqəsindən çıxdı...
- O atı indi tanıdım! Sarvan, bu Atı tanıdım mən, tanıdım!!! Sənin kəhərindi! Dünən bütün günü az qala yedəyimdəydi! At da tanıyır məni! Bəs niyə yaxın gəlmir? Niyə yaxın gəlmir, Sarvan?
...Sədəf qarı, eləcə əlində qırmanc, Ata sarı addım atdı və At yenə kişnəyib aralandı. Sədəf qarı ayaq saxladı. "Vağzalı" havası gücləndi...
-...yadındadımı, a Sarvan, toyumuz... Mən gəlin köçən gün...
...Zurnaçılar çalır. Qabaqda güzgü... Qohum-qardaş... Oğul-uşaq... Gəlin at üstündədi. Başında qırmızı duvaq... Hamı sevinir-gülür. Gəlinin arxasınca, yan-yörəsində qız-gəlin xonça aparır. Qəbiristanlığa çatar-çatmaz qabaqda gedən ağsaqqallardan biri zurnaçılara işarə eləyir ki, çalmasınlar. Çalğı kəsilir... Toy əhli dinməz-söyləməz indi Sədəf qarının durduğu yerin bir neçə addımlığından keçib gedir. Qəbiristanlığı ötəndən sonra yenə həmin ağsaqqal işarə eləyir ki, çalğıçılar başlasın. Yenə "Vağzalı" çalınır. Evlərin arasındakı döngədən keçəndə zurnaçılar yenə öz-özünə dayanır. Ağsaqqal nə qədər işarə eləyirsə, zurnaçılar başlayıb yenə kəsir.
Toy karvanıynan qabaq-qənşər çiyni tüfəngli iki milis nəfəri rəngi qaçmış müəllimi qabaqlarına qatıb gətirirlər. Müəllimin tuşuna çatanda At birdən-birə, öz-özünə ayaq saxlayır. Hamı dayanıb durur. Müəllim başını qaldırır, duvağın altındakı gəlinə baxır. Atın cilovunu çəkən uşaq nə illah eləyirsə, At yerindən tərpənmir ki, tərpənmir. Sədəf duvağın altından müəllimin alışıb yanan, qəmli baxışlarını görür və hər şey gəlinin gözündə dumana bürünür. O, ağlayır... Müəllim heç bir söz demədən, başını aşağı salıb adamların arasından keçib gedir. At da buna bəndmiş kimi, yerindən tərpənir. Yenə zurnaçılar "Vağzalı" çalır... Müəllimlə onu aparan milislər toy əhlindən uzaqlaşır. Karvandakı məktəb uşaqları dəstədən aralanıb müəllimin arxasınca baxırlar...
Sonra toy əhli həyətə çatır. Gəlinin ayağının altında qoç kəsirlər. Toybəyi bir qıç üstə oynayır. Bəyi-gəlini ortaya çəkirlər. Sarvan, bir əlində qırmanc, oynayır. Gəlinin qolu qalxırsa da, tez də düşür. Duvaq altda göz yaşlarını saxlaya bilmir...
...Atın cilovu dirəyə bağlanıb. Sarvan papağını, pencəyini soyunur, qollarını çırmayır. Qırmancı götürüb Atın harası gəldi vurmağa başlayır. Və get-gedə qızışır. At kişnəyir, şahə qalxır, nəhayət, cilovunu qırıb, eləcə yəhərli-yüyənli qaçıb canını qurtarır...
...Sədəf qarı gözlərini qapayıb, yerindəcə süzür. "Vağzalı" birdən-birə dayanır. Qarının qolları bir anlığa açıla qalır, sonra qırılmış kimi yanına düşür. Əlindəki qırmancın dəstəsini ovcunda sıxır, sonra qırmancı ayağının altına atır, güclə yerdən bir daş götürüb qırmancın sapını, axır ki, sındırır. Sonra da qırılmış qırmancı gücü gəldikcə dərənin dibinə, uzağa tullayır...

* * *

...Aralıda dayanan At addım-addım Sədəf qarıya yaxınlaşdı, üzünü onun çiyninə, əllərinə toxundurdu. Qarı da Atın boyun-boğazına sığal çəkdi... yalını tumarladı.
- Oğlum, qardaşım əcəl... Arxamca gəzdiyin bəs deyilmi? A Sarvan, məni gözləsənə, əcəl atına minib gəlirəm... A kişi, o kitab Quran deyil, aparma... aparma!... bu nə yuxudu alıb... başımın üstün...
...Sədəf qarı qəbrə uzandı...
-...layla səsi hardan gəlir?... Anam, ay anam... nənnimi yırğalayan kimdi?.. Balalarım... gəlib çıxdız... qardaşınız hanı? Hanı körpəm... Gəldinmi, bala? Ürəyim yerinə gəldi... Yox bala, bu torpaq deyil... gözümə tökdüyünüz qurğuşundu... Yox bala, yoox! Ana qəbrini düşmən tapdağında qalan Torpaqnan örtməzlər... bala. Torpaq arınar-durunar, elnən-obaynan dönərsiz... onda məni basdırarsız... Qızım, Gülnaz... gəlmisən?... Ovcundakı nədi... Üstümə yorğan çəksənə... Anam... ay anam... Kəfənin duvağın olsun, Sədəf... Duvağın kəfənin olsun... Əşhədü-ən-Lailahə-illəllah... Əşhədü-ənnə... Mühəmmədən-rəsul-illah...
...Gülnaz qızılgül ləçəklərini səpələdi...
Sədəf qarının əli kəlağayıdan üzüldü və heysiz düşdü...
...və birdən hardansa dəli bir ruzgar qalxdı, qəbirin qırağındakı kəlağayını göyə qaldırıb apardı...
...dəli ruzgar az qaldı ki, ağacları kökündən qopara... Daşı-torpağı sovruq eləyib, Sədəf qarının öz əliynən qazdığı qəbirini doldurdu, yernən bir elədi...
...külək necə şahə qalxmışdısa, yoruldumu, bezdimi, eləcə birdən birə ipə-sapa yatdı... Sakitlik çökdü......Qeybdən "Yasin" oxumağa başladılar...
Bu ilahi pıçıltının, sakitliyin havasına qəbirin üstündə ot dişərirdi...