Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


POEZİYA
 

Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


 
Mahirə ABDULLA

ƏHVAL

Yağış yağdıqca yağır
axır navalçalardan
alabəzək çətirlərin düyün tumanbağından
saçlarımdan...
boynumun kəndir yerindən
sinəmdəki əllərindən süzülürdü.
Ürəyim üzülürdü...
Bu yağış mənə məlhəm deyildi
qayğılı qadınlara məhrəm deyildi
canını ürpədib bir qız uşağının
sinəsinə əl salır arsız
divarsız ev olarmı - üşüyür, üşüyür içim
biçim bu yağışı əyri qamətimlə
bükük qollarımda, uzun barmaqlarımda
gücüm gəldikcə dolama yollarına tullayım.
Yayım, qışım boşa gedir
var bu sevdada bir illət, bir zillət var
vağzaldan o yana getməyən qatar - zəncirli canavar
dartınar biletsiz sevdaların mənzilinə
gölmələnmış ocaq yerlərinə
köhnə qəbiristanlığın çatlaq qəbirlərinə
otlaq yerlərinə
yoldan ötən yada, itə-qurda hürməyi öyrənər
yazıq, aciz bəndə.
Qar-yağışda, yır-yığışda qamçılanıb, bürmələnib
sıxmalanıb arsız-arsız nadanlara ürək açdım
aşdım-daşdım gümanlarım evlərin damlarında
atlanıb söylənər
bu şəhər belə yağış görməyib...
küçələrin qarnı qalxıb, daşlanır
qapalı quyular çirkab sularını divarlara möhürləyir
ötüb-keçənlərin
dənizdə üzənlərin, havada uçanların
dükanların, bazarların
mənim kimi canlarından bezarların
göydə qalıb əlləri, dəli qalxıb zilə
hələ sellər axır küçələrdən şaqşaraq
qaçaraq eyvana qısılmışam
quru qalmağa bir qırnıq qırıq ümidim var
sular soxulub daşların altına
qarışqa yuvasını yuyur
uyuyuram az qala.
Alabaydaq oldum
dağdan ətəklərə basqın edir duman-çən
qorxudan böyümüş gözlərim
öpüşən yarpaqlarda dən-dən.

VİCDAN

Dağdan üzüaşağı acı bağırsaq kimi dərəyə
axışan cığırlar
qurdlu yosunların arasında itəcək
bitəcək iztirablarım
varım - bu dünyada sıtqayıb-sızıldamaq
yamaq ömrümün çözələsi yeri qalmayıb daha
sabaha sağ çıxmayan yuxular da var
dar ürəklərdə basdırma olunub, çatmayacaq
vədəsinə. Dədəsinə, nənəsinə
yeddi arxdan dönəninə, yadlaşdığı dünəninə
varmadığı indisinə
yarımadığı külfətinə
küt gedən kündəsinə
boğulmuş külfəsinə
sovrulmuş külünə
yox görünən varına
yazısız sabahlarına lənət
minnət etmə mənə, Allah əzablardan yaradıb insanı
qanı qanımdan, canı canımdan olanlar
qəlb evimi, qəlbi evimi sökdülər
tökdülər görən gözlərimin qarasını
balasını sevməyən dünya məni sevərmi görəsən?
Öləsən ayağı altında səs verməz
lal olarsan dindirməz
kar olarsan eşitməz
kor olarsan görünməz
bölünməz, bütöv dünya
mələk dünya, şeytan dünya, div dünya
olan oldu
ölən öldü, qalan qaldı
ömrüm ehtiyacın quyruğuna düyünlənib
beləcə çıxır canım
cib genişliyi, koma darlığı
varlığı yoxda aşkarlanan arxa qapılardan
qaçır vicdanım.

AD GÜNÜMƏ

Buracan gözəl gəldim
hər gecənin axırı duyğulu səhər
hər axşamın axarı bəzəkli uyğular
dolama yolların sonu yoxdu
demə bir muradın başına dolanmışam.
Mən qurbanlıq qoyun
oyun bir udum nəfəsin başındaymış
nəfəsin olduğu qədər özündən qaçış
həvəsin olduğu qədər aldanış.
Aldanış ondaydı dolana-dolana
dağın başına çıxırdım
zirvəydi - axırdı
yollar iplənirdi
qabarlar qalxırdı
arxaya yox dönüş
görünüş beləydi, ya həqiqət, ya yalan
soruma nöqtə olmalı
yönüm - son döngə, son nicat, bir addım
bir qiyyə, ya da nə bilim - heç nə!
Hec Nə deyilən də nəsə olmalı
ümidim var buna, bəlkə arzularımdı
dimdiyində balasına su aparan qaranquşun
lal nəğməsı məni oyatmaz obaşdan
bu yaşda yenə aldanış istəyirəm
sınəmdə qəm-qəhər, birtəhər dolanıram
dilim beçə verəcək aman
güman didir bağrımı, ağlımı alır yenə
başınız üstündə dirəksiz tavanam
tabım qalmadı ovunam
son addım - son taqət
qorxutmur aqibət
bəlkə bu sonluqdur Həqiqət?

YAS YERİ

Ürəyimdən çox şey keçir, heç nə edə bilmirəm
kəndim ellikcə şəhərdə
cibimiz boş, görünmürük xeyirdə, şərdə
yası da şadlıq evlərində edirlər
toya tək-tək, iki-iki
yaslara ailəlikcə gedirlər
ehsan da hər gün
şəhərin ətrafı qəbiristandır büsbütün
əvvəl bəhanə vardı, ildə bir dəfə gedərdik kəndə
dünyanın bizə tutub qəzəbi
indi üzümüzə tuturuq üzüqara cibi
camaata hay düşüb, Sumqayıtda Qubadlının
yasxanası - bizim görüş yerimiz
bir ucdan ölür cavanlar
kişilər sərgərdan
arvadlar səlləmə
qocalar qələmə
tifağın dağılsın, fələk,
kişilər hava
arvadlar halva ustası olub.

XATİRƏ

Dərin zülmət gecə
indicə qulağım batacaq
gözləri axacaq heyrətin
kəhkəşanın ulduzları batıb-çıxacaq bir-bir
sərindir
kilkə budaqlar dalayır gözlərimi
tək qadın, tək qaldın
tək palıd, tək səbir
torpaq buludu ana döşü kimi gözünə təpir
bir azdan ay çıxacaq
süd üzü kimi yığılıb gələcək təb
xəzəlli dərələr dumanla ləbaləb
sirlə dolu
yolu o tərəfə düşən quşlar
tikanlı bağlarda yuva yeri tapdınızmı
uçurda bildinizmi zılğa balaları
Vətənsiz Mahirənin pəjmürdə halları
göründümü gözünüzə?
Əyilmiş çəpərlər - belimız
qismət təntik
sınıq cəftə tətik
əsir qadınların saçları tiftik
yumaq-yumaq
uçuqlarda, qılçıqlarda əyrilir
tikanlarda daranır
yolunmuş saçlarda yuva qurmayın ha
bizim yerimizə batarsınız günaha.

AQİBƏT

Bütün keçilməyən yollar çətin
səthin qabalığı aldanış
yalvarış - kinin mamırı
çamırlı bataqlıq zanbaqları pırıl-pırıl yanır
qırlı damların istisi başında
qarşında duran insan mən, yalqız, halsız
gözləru duru
qüruru barmaqlarında, balı süzülüb suvarır
qansız torpaqları
barı biləydi aqibətini.
Dəniz sahilə atdığı daşları
şüpürüb qaytarır narın-narın
hikkəylə hələ
sahilə sarmananlar olur əlbət
xəlvət sirlər ürəyimdə dustaq
o daşlar da dənizə qayıdacaq
ilmələnəcək dənizə
dağlar dönəcək dəhlizə
qəlb dustağı mənəm
qurumuş çıraq kimi sızıldayır sinəm.

SEVGİ ŞEİRİ

Mənə sevgı şeiri yaza bilmirsən deyən
sevə bilmirəm məğlub kişiləri
düşmən saçlarından tutub sürüyür el qızlarını
quşlar yuva qurur yolunmuş saçlarda
pərişan tellərə sarınan zılğa balalar - barama qurdları
bəyaz-bəyaz
bu yaz yuvalar ağzıgünə
meşələr nəğməsiz
quşlar qanadsız
yurdlar adsız
mən ümidsiz.

FİKİR

Qara daşın altından lal sular qaynayıb dikəldilər
bəlli deyil axarı
bətndə bu toxuma işıq düşməyib
fağır, solğun, yorğun-arğın
hənirtiyə gəlir ümid, köhnə toxumlar cücərir
İlahi, nə olacaq qara daşın doğduğu
zülmətin qulağına oxuduğu?
Sümürür işığı pusqular
yanıb-şaxıyan çəməndə
sarmaşıqsayağı biçilir mürgülü çiçəklər
canım özgə qapılarda kirayənişin
nişangaham, mənə gənəşin
qara daşlar cücərib bu yerdə
dili dillərdən uzun
payı paylardan ağır olacaq
qara fikirlər gəlir eynimə
qazlar uçub
qarğalar qonur çiynimə.
Əli ƏKBƏR

Vətən hey!

Nə vaxtdır ki, görəmmirəm üzünü,
Gəzəmmirəm yaylaqların düzünü.
Söndürən yox ürəyimin közünü,
Mən qalmışam yana-yana, Vətən, hey!

Xəyal gəzib qucağında dolanır,
Varlığımız əldən gedib talanır.
Köksümüzdə od-ocaqlar qalanır,
Nə pis gəldi bu zamana, Vətən, hey!

Axtarıram, tapammıram tayını,
İtirmişəm ayın, günün sayını.
Eşidən yox harayımı, hayımı,
Səsim çatmır heç bir yana, Vətən, hey!

Qoynunda var min cür dərdin davası,
Dərman idi, gül-çiçəyi, havası,
Qovuldumu yurdun eli, obası?
Bağrım dönüb indi qana, Vətən, hey!

Tarix yazsın qoy bunları adına,
Saldı bizi fələklərin oduna,
Yetən yoxdu imdadıma, dadıma,
Naləm qalxıb asimana, Vətən, hey!

Əli Əkbər dərdə, qəmə batıbdı,
Şənliyini, sevincini atıbdı,
Qocalıbdı, ömrü başa çatıbdı,
Qismət olmaz torpağına, Vətən hey!
O mehriban qucağına, Vətən, hey!

Dostuma

Eşitdim Vətənə gedib gəlmisən,
Buludlar yaş töküb ağlayırmı, de?
Laçın qayalardan gur şəlalələr,
Durnagöz bulaqlar çağlayırmı, de?

Yadına düşdümü o keçən çağlar?
Qəmə batmışdımı bağçalar, bağlar?
O elin, obasın itirən dağlar,
Başına qaralar bağlayırmı, de?

Dəydimi üzünə dağlar küləyi?
Cana gətirdimi dalğın ürəyi?
Doğma yurdumuzun gülü, çiçəyi,
Köksünü yandırıb dağlayırmı, de?

Gəzdinmi füsunkar Hava meşəsin?
Dərdinmi qoynundan tər bənövşəsin?
Salan varmı yolotunun kətəsin?
Onu isti-isti yağlayırmı, de?

Viranə qalaydı elə illəri,
Axıtdı qəlbimdən qanlı selləri,
Bağçada əkdiyim qızılgülləri,
Dığalar qoparıb qoxlayırmı, de?

Nə edək, ayrıldıq doğma Vətəndən,
Bir kömək görmədik dada yetəndən,
Əlini kim gəlib soruşsa səndən,
Hicran sinəsini oxlayırmı, de?

                                      Xırdalan

Dinarə GƏRƏKMƏZLI

Tər­cü­mə pro­se­si hər də­fə mə­nim qar­şım­da ey­ni bir sua­lı tək­rar-tək­rar do­ğu­rur: "şe­ir nə­dir?" Bəl­kə ona gö­rə ki, hər də­fə çe­vir­mək is­tə­di­yin ma­hiy­yə­ti ey­ni, lap dü­zü ox­şar sı­ra­da və ori­ji­na­la mü­na­si­bət­də yad fo­ne­ti­ka­da eşit­mək, eşit­mə­yə cəhd et­mək "bu hə­min şeir­di­mi?" tə­bəd­dü­la­tı­nı ya­ra­dır. Tər­cü­mə bo­yu içə­ri­də­ki züm­zü­mə faş edir bu tə­bəd­dü­la­tı. Cüm­lə (­=ol­sun ki, su­al cüm­lə­si) bit­mə­yin­cə ma­hiy­yə­ti­ni bə­lirt­məz, oxun­maz; am­ma bə­zən gö­zü­mü­zün sol­dan sa­ğa hə­rə­kə­ti məhz son sö­zün elə ma­hiy­yət de­mək ol­du­ğu­nu ba­şa sa­lır. "Bu hə­min şeir­di­mi?" sua­lı çox asan­ca "bu" və "hə­min" kəl­mə­lə­ri­ni ata­raq da­ha cid­di xa­rak­ter alır: "Şeir­di­mi?", "Hə" və "Yox" ca­vab­la­rı da­ha bir-əv­vəl­də­ki sua­lı do­ğu­rur: "Şe­ir nə­dir?"
Şeir-in­di aşa­ğı­da oxu­ya­caq­la­rı­nız­dır- "Yurd" Nəş­riy­yat-Po­liq­ra­fi­ya Bir­li­yin­də Rə­sul Rza Fon­du­nun və­sai­ti ilə bö­yük zövq­lə nəşr olu­nan "Vkus in­ji­ra" ki­ta­bın­dan se­çil­miş şeir­lə­ri nə­zər­də tu­tu­ram. Müəl­li­fi Di­na­rə Gə­rək­məz­li­dir.

                                                       Tər­cü­mə­çi­dən


***

Günəşli və mavi bir gündü,
kitab oxuyurdum,
birdən
açıq pəncərədən süzülən səs-küyün içindən
boş güllə səsləri eşidilməyə başladı.
Qarabağda şəhid olan əsgəri basdırırdılar,
mavi və günəşli bir gününü basdırırdılar kiminsə...
O ağıllı kitab əlimdən düşdü və mənasını itirdi.

***

O öldü,
yaşlı qadın ahını yerə saldı.
O öldü,
gənc qadın hönkürdü.
Uşaq küsgün nəzərlərini yerə dikdi:
- Bəs o, nə vaxt qayıdacaq?

***

Evlərindən qovulmuş qaçqınların yanından keçəndə
nəzərlərimi yerə dikirəm.
Yalnız baxmaq üçün olan,
zənginlikdən az qala partlayacaq vitrinlərin yanından ötəndə
nəzərlərimi yerə dikirəm.
Məktəb yaşlarında
ayaqyalın oğlan uşaqlarının tozunu silmək üçün
bahalı maşınlara doğru qaçdığını görəndə
nəzərlərimi yerə dikirəm.
Bu gün
küçədə getdiyi yerdə birinin yıxılıb öldüyünü gördüm,
arxadakı ona qibtə elədi,
kor olmaq istədim.
Halbuki dünyanın gözünün içinə
dik baxmaq istəyirəm

***

Sən demə, sevgisiz də yaşamaq olarmış,
yuxudan sapsağlam durmaq və eləcə
günəşə gülümsəmək olarmış.
Sevinmək olarmış ki, ot-ələf kimi
təmtəraqsız yaşayırsan.

***

Kim deyir ki, qovaq bar vermir,
odur e, başı göylərdədi,
ulduzlar da sayrışır...

***

Sənin damının üstdə, ata, zülmət gecədi.
On uşağın var sənin,
biri də ocağını qalamayacaq.
Bizi bağışla, ata.
Quşlar cənuba qayıdırsa da, uşaqlar qayıtmır.
Torpaq da bizdə sönür.

***

Çirkin və palçığın olduğu yerdə
təmiz qarçiçəyi də bitir.

***

Eskalatorla enərkən
nəsildaşlarımın
sifətlərinin kitabını vərəqləyirəm tələm-tələsik.
Qəribədi: əlli-altmış il keçəcək,
Onların heç biri daha bu eskalatorla enməyəcək.
Hərəkət edən kütlənin
özündə qalan və öz içinə uzanan
kədərli, qara gözləri var.

***

- Mənə öz uşaqlığından danış, ana,-
deyə beton evdə böyümüş
uşaq anasından xahiş edir.
- Bizim bülbüllər oxuyan bağçamız vardı,
gözəl nəğmələr oxuyurdular, cani-dildən.

***

Gözəgörünməz aynalarda
sənin və mənim əksim
öpüşürdülər.

***

Həyat gözəldi, dostum,
həm də ona görə ki,
bu dünyada nəcib bağlılıq var.
Səmada parlaq bir ulduz görəndə bil ki,
mən sənin haqqında düşünürəm.

***

Məhəbbət birdi,
dəyişməzdi,
xəyanət də yoxdu,
o, öz başlanğıcını çiçəkli yamaclardan götürür,
axır,
bütün maneələri dəf edir,
axır,
adamdan adama doğru.
ruscadan tərcümə
Səlim Babullaoğlunundur.