Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


POEZIYA
 

Vidadi BABANLI


 
QƏRİBƏLİK

Köç edir buludlar elədən - belə,
Dumana, çiskinə havadardı o.
Örtür zirvələri ətəklərilə,
Bu gün yağışdırsa, sabah qardı o.

Əsir səhər - axşam payız yelləri,
Çatıb ağacların yarpaq tökümü.
Hazırlaşır qışa aran elləri,
Hər fəslin əzəldən vardır öz hökmü.

Dünən bezar idik yay qızmarından,
Bir udum xoş hava arzulayırdıq.
Sərinlik umurduq dağlar qarından,
Soyuğu istidən üstün sayırdıq.

Həsrət çəkmək daim bizə iş - peşə,
Heç zaman, heç nədən qalmırıq razı.
Qubarlı könlümüz qalır həmişə
Yayda qışa, qışda yaya tamarzı.

Ömür karvanımız ötür bu sayaq,
Bilmirik qədrini boş keçən anın.
Yarı mürgülüyük, yarı da oyaq,
Allahım, budurmu həzzi dünyanın?!

                                 10 oktyabr 2008-ci il

AXTAR

Səni oyatmırsa zamanın zəngi,
Karlıq qüsurunu qulaqda axtar.
Durudur, təmizdir dağ çayı, fəqət,
Daşın göz yaşını bulaqda axtar.

İgid halay pozar, nəmər gözləməz,
Müdrik çiy söz deməz, haqqı gizləməz.
Qurdbasar qurd pusar, çaqqal izləməz,
Hürəyən itləri yalaqda axtar.

Bizi umsuq qoyan yekə gödəndi,
Kiçik xahişdən də rüşvət güdəndi.
Ürək uçunması keçib - gedəndi,
Qorxu sancısını dalaqda axtar.

Tanrım yarıtmasın yalan deyəni,
Ucuz şöhrət üçün qapı döyəni.
Qarın otaranı, müftə yeyəni
Səhər - axşam yolda - yolaqda axtar.

Babanlı dəryatək çalxanır müdam,
Anlamaq istəmir onu hər adam.
Paxılın, bədxahın ağzına qadam,
Ulu həqiqəti sən haqda axtar!

                                  18 may 2007-ci il

UTANDIM

Utanmağı ayıb sanır arsızlar,
Mən yaltaqlıq yarışından utandım.
Yada qalıb tapdalanan torpağın
Çərəyindən, qarışından utandım.

Hanı köçü dumanların, sislərin,
Niyə yoxdu haqq divanı pislərin?
Qeyrətinə güvəndiyim kəslərin
Bədxahlara barışından utandım.

Heyranıyam incə mətləb qananın,
Özgəsinin qəm oduna yananın.
Döyüşlərdə oğlu itkin ananın,
Alnındakı qırışından utandım.

Çox gözlədik arzulanan zəfəri,
Yağı düşmən üzərinə səfəri.
Çatışmadı ordumuzun təpəri,
Qarabağda vuruşundan utandım.

Az olmayıb xalqın sitəm gördüyü,
Çul - çuxanı yuyub günə sərdiyi.
Bazarların kitabıma verdiyi
Qəpiyindən - quruşundan utandım.

Sus, Babanlı, ağ elədin sən daha,
Giley-güzar gələr sənə çox baha.
Yazıq-yazıq əl uzadıb Allaha,
Haqq-ədalət sormağından utandım.

                                        25 sentyabr 2007-ci il

ÇAL-ÇAĞIR ŞAİRLƏRİNƏ

Ey çal - çağır şairləri, dayanın!
Sevinməyin, indi sizi öyürlər.
Sonu puçdur şıntır mədhə uyanın,
Şit tərifi üzəvari deyirlər.

Vaxt gələcək, cır təbiniz sönəcək,
Sısqa bulaq itib - batır yay çağı.
Xalqın üzü sizdən tamam dönəcək,
Susuzluqlar tez bozardır çaylağı.

İstedaddı özülü söz mülkünün,
İlhamsızlar nəyə ümid bəsləyir?
Sizin olsun alqışları bu günün,
Şan-şöhrətli sabah məni səsləyir.

                                      21 dekabr 2008-ci il

YETİMÇƏLƏR

Həyatda yetimlər cürbəcür olur,
Var atadan yetim, anadan yetim.
Doğmalar yoxluğu ciyər qovurur,
Ürək yarasıdı hər ölüm-itim.

Az deyil hər eldə iblisxasiyyət
Atalı-analı yetimçələr də.
Qarınları qurdlu, xəbis, pis niyyət,
Üyüdür dilləri böhtan da, şər də.

Şirin məclislərdə namus-qeyrətdən
Bol-bol dəm vurular, usanmaq da yox.
Boşboğazlar salıb bizi hörmətdən,
Sürtülmüş yalandan utanmaq da yox!

Eh, dözümlü xalqım, başına xeyir,
Yolunda can qoyan mərdlərin hanı?
Sənin haqq sözünü özgələr deyir,
Görüm, qara geysin belə zamanı!

Yetimçələr bu gün əl - ayaqdadı,
Amalı rüşvətdi öndə gedənin.
Cibgirin kefi kök, damağı çağdı,
Nə çoxmuş, ey vətən, çürüyün sənin!?

                                              İyun 1994-cü il

A DİLİ QURDLAMIŞ!

A dili qurdlamış, dinc qoy dilini,
Bəsdi söz gəzdirib, ara vurduğun.
Günahsız qanlarla yuma əlini,
Yetməzmi mərdlərlə tələ qurduğun?!

Dedilər, dünən də coşubsan yenə,
Açılıb "gül ağzın" çuval ağzıtək.
İnsafı isladıb səribsən günə,
Hədyanlar uydurub çənən bir ətək.

Yaman deşilibmiş zəhər tuluğun,
Bütün məclis boyu söyübsən məni.
Bir acı bibərsən, yoxdur qılığın,
Əzrayıl bağlasın o boş çənəni!

Çatdı mənə xəbər quş qanadında,
Misgincə halına acıdım qəlbən.
İblissən, Ərdovsan insan adında,
Şər üçün gəlibsən yer üzünə sən.

Əl çək bədxahlıqdan, a zalım oğlu!
Çürütmə canını deyinmələrdə.
Qəzəb ilğımında itirmə ağlı,
Salar bir gün səni sağalmaz dərdə.

                                          7 yanvar 2008-ci il

TÜSTÜ

Bağrımın başında bir od közərir.
Qarsıyır vulkantək istisi məni.
Nə yanıb tükənir, nə ara verir,
Kor qoyub canımın tüstüsü məni.

                                     10 yanvar 2008-ci il

BULUD

Bir bulud dolaşır başımın üstə,
Dolumu, yağışmı yağdıracaqdı?
Haçandı inadla dayanıb qəsdə,
Günəşli günlərim məndən qaçaqdı.

Nədir buna səbəb? Nə günahım var?
Niyə qəzəblidi təbiət mənə?
Mən ki haqq yolunda tutmuşam qərar,
Sadiq bir oğulam əziz vətənə.

Silaha çevrilib əlimdə qələm,
Müdam səngərdəyəm mərd əsgər kimi.
Qanlı döyüşə də hazıram hər dəm,
Düşmənə qəzəbim didir içimi.

Çəkil qara bulud, çəkil üstümdən,
Qoy tale günəşi doğsun üzümə.
Şən ovqatlar üçün yaranmışam mən,
Xoş hallar, xoş anlar düşsün izimə,
Qoy tale günəşi doğsun üzümə!

                                   19 yanvar 2008-ci il

DƏRK ETMƏDİM

Dərk etmədim necə keçdi ömür-gün,
Gənclik çağım ötüşdü bir qırpımda.
Səngimədi qəm-qüssəsi könlümün,
Erkən gördüm ahıllığı qapımda.

Ah, İlahi, kərəm eylə bəndənə,
Qaytar geri, bir də cavan olum mən.
Var-dövlətə iştahım yox bir dənə,
Qoy çörəyi elə yavan olum mən.

Amma coşum, xoş məramla çağlayım,
Ülvi dilək şəfəq saçsın gözümə.
İnsanlarla yeni ülfət bağlayım,
Bədxahı da dost eyləyim özümə...

                                       6 fevral 2008-ci il

NƏVƏM NƏSRİNƏ

Maşallah, çox kamallısan,
Mənim əziz Nəsrin nəvəm.
Xoş rəftarlı, şən hallısan,
Olmasın kəm-kəsrin, nəvəm!

Eybi yox, bir az qarasan,
Qara kişmiş daha şirin.
İstərdim elmə varasan,
Düşünəsən dərin-dərin.

Bu dünyanın səadəti
Bilikdədi, savaddadı.
Hər kəsin var öz adəti,
Amma hörmət urvatdadı.

Çalış daim urvatlı ol,
Çiçək açsın arzu - kamın.
Ömür boyu sevin bol - bol,
Heç sönməsin ümid şamın.

Bunlar baba diləyidir,
Hifz eləsin Tanrım səni.
Qız - xoşbəxtlik mələyidir,
Yaxşı adla ucalt məni!

                                      2 noyabr 2008-ci il

YANĞI

Həsrətin köksümdə alovlu bir köz,
Yandırır da məni, yaxır da məni.
Ayrılıq anında söylədiyin söz
Çarpaz şimşək olub çaxır da məni.

Tər - təzə çiçəksən könül bağımda,
Sənsən lütfkarım, sənsən yağım da.
Eşqin dəlisiyəm qoca çağımda,
Qınayır ürəyi paxır da məni.

Babanlı məftundu sənə aşikar,
Danlaq da, töhmət də etməz ona kar.
Bilirəm, qarşıda müsibətim var,
Xar edəcək bu eşq axırda məni!

                                 19 noyabr 2008-ci il