Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


POEZİYA
 

Elman HƏBİB


 
Qə­dim od­lar di­ya­rı Nax­çı­va­nın ta­nı­nan şa­ir­lə­rin­dən­dir. O, Nax­çı­van ədə­bi mü­hi­ti­nin ye­tir­mə­si­dir. Mü­a­sir Azər­bay­can po­e­zi­ya­sın­da özü­nə­məx­sus­lu­ğu ilə se­çi­lir, iyir­mi­dən ar­tıq şeir və pub­li­sistik ki­ta­bı işıq üzü gö­rüb. El­ma­nın bü­tün ya­ra­dı­cı­lı­ğın­da baş möv­zu - Nax­çı­van, onun ta­ri­xi keç­mi­şi və mü­a­sir hə­ya­tı­dır. Nax­çı­va­nın son 30 il­lik ic­ti­mai-si­ya­si-mə­nə­vi du­ru­mu El­ma­nın po­e­zi­ya­sı və pub­li­sis­ti­ka­sın­da özü­nə­məx­sus bə­dii bo­ya­lar­la əks olu­nub. 60 il əv­vəl be­lə gö­zəl may gün­lə­ri­nin bi­rin­də dün­ya­ya göz açan El­man Hə­bi­bi, onun də­fə­lər­lə ürə­yi­ni aç­dı­ğı­nı, kö­nül duy­ğu­la­rı­nı bö­lüş­dü­yü “Azər­bay­can” jur­na­lı re­dak­si­ya­sı və oxu­cu­la­rı adın­dan sə­mi­mi-qəlbdən təb­rik edi­rik.

QAYITDIM

Yaz çayıydım, dəli - dolu, yüyənsiz...
Yay gələndə yatağıma qayıtdım.
Qartal kimi səmalarda süzürdüm,
Öz zirvəmə, öz dağıma qayıtdım.

Meşə özgə, çəmən özgə, tala yad.
Oğul gərək burda ürək talaya.
Sinəm dönüb bir təndirə, çalaya,
Axır doğma ocağıma qayıtdım.

Dedim, yəqin yanlış da bir ilmədi,
Gecə qara gözlərimə sürmədi.
Ötdüm neçə yad ağacda bilmədim,
Bir gün doğma budağıma qayıtdım.

Gənclik kimi ötən ötür, qayıtmır.
İldırım da yatanları ayıltmır.
Səhv etdiyim daha bəsdir, ayıbdır...
Ana torpaq ayağıma qayıtdım.

SARI SİMDƏ

Mən belə əfsuna düşməmişdim heç
Min aləm, əfsanə var sarı simdə.
Aşıq qardaş, dərələrdən dağa köç,
Zirvədə əriyir qar sarı simdə.

Toqquşur buludlar, uçqun başlayır,
Zirvələr dərəni, düzü daşlayır.
Ulu babaların ruhu yaşayır,
Alov sarı simdə, qor sarı simdə.

Ondan çırpışdırıb od oğurlayan,
Özünə min ünvan, ad oğurlayan.
Doğma oğurlayan, yad oğurlayan
Dövlət sarı simdə, var sarı simdə.

Elman, bəmdə oxu, çox zilə dəymə.
Yadın zəmisində sünbülə dəymə.
Özün əkmədiyin bir gülə dəymə,
Cənnət sarı simdə, gor sarı simdə.

BAŞDAŞINDA OXUYAN SƏRÇƏ

Yaz günüdü, çiçəkləyib yal - yamac,
Quşlar ötür budaq üstə aramsız.
Qəbristanda insan üçün torpaq ac,
Nə gəzirsən bu yerlərdə, a qansız.

Qoşa qəbir, başdaşında sərçəcik,
Qəm tökülür baxışından sərçənin.
Vallah, elə mənim nəğməm cik - cirik,
Oxuyuram, bu sənindi, bu sənin.

Quş dili də ürəyimə doğmadı,
Duydum onun kədərini, yasını.
Sərçəciyim quş dilində ağladı,
Sildim onun gözlərinin yaşını.

Vəfalısan, sədaqətdə yox tayın, -
Təsdiq üçün şahid - filan nə lazım?
Yaxşı daha, olan - olub, toxtayın,
Axır, məni öldürəcək avazın.

Quşcığazın avazında qəmə bax,
Gəlişini xəbər verir o yazın.
A sərçəcik, vallah, kardı bu torpaq,
Fəryad etmə, axır gələr boğazın.

AŞKARLIQ DƏFTƏRİNDƏN

I

Aşkarlıqdı aşkarlanıb
Yaza çıxıb elim bu gün.
Ürəyimdən keçənləri
Gərək yazsın əlim bu gün.

Azad olub baş kötəkdən,
Dil qabardan, qəlb göynəkdən.
Sazım çıxıb daş köynəkdən,
Cuşa gəlsin telim bu gün.

Hər vaxtın öz ağırlığı...
Ağırlığı, uğurluğu...
İşləməkdən yağırlığı
Bəlkə atdı belim bu gün.

Ələdilər, ələnmədim.
Öldürdülər, öləmmədim.
Bəlkə, bir də güllənmədim,
Barı bir yol gülüm bu gün.

II

Durğunluq, o zaman
Yer fırlanmayıb?!
Başımız üstündə
Günəş yanmayıb?!
Ulduz görünməyib,
Ay dolanmayıb?!
Çaylarmı tərsinə
Axıb o zaman?
Günəşmi şimaldan
çıxıb o zaman?
Arılar pətəyə
zəhər daşıyıb?
İlanlar dilində
Şəkər daşıyıb?

Ağaclar tərsinə
çiçəkləyiblər?
Balıqlar sularda
lələkləyiblər?
Harınlar dünyanı
kimsəsiz görüb
Onu uşaq kimi
kələkləyiblər!
Dayan, dur deyiblər,
dayanmışıq biz.
İndi get deyirlər
Gedə bilmirik.
Əhlət yuxusundan
oyanmışıq biz.
Axı, kim su qatdı
Südə, bilmirik.

III

Günah mənim özümdədir,
Bir özümü düşünmüşəm.
Sabahla nə işim qalıb
Bu günümü düşünmüşəm.
Bu gününü düşünənlər
Sabahını itirəndir.
Xamırımız gələn vaxtı
Sönür ocaq, keçir təndir.
Başımızın üzərində
Yelləndikcə mumlu kəndir
Oyan, oyan, oyan barı!
Torpağıma göz dikənlər
Sabahın dar ağacları.
Biz onları kəsək gərək.
Bu torpağı qorumaqçün
Canımızdan keçək gərək.

                                                1989.

ADSIZ ŞEİRLƏR

Ürəyin mənimlə zarafatı var,
Mən "yox" deyənlərə o, "hə" söyləyir.
Zamanın yükünü çəkəçəkdəyəm,
Eniş də, yoxuş da yükümü əyir.

Görək çək-çevirdə kim qazanacaq,
Haqlının haqqını kim yeyə bilər?
Durduğum yerdəcə məni sancacaq,
Kim ona "haqqın yox" söyləyə bilər.

***

Od oldum, yağıştək yağdın üstümə,
Ancaq səngimədi alovum mənim.
Arxa çevirmərəm daha heç kimə,
Özümə bəs edər öz odum mənim.

***

Səni kədər döyməsin,
Məni də qəm sıxmasın.
Göz yaşları gözünün
Axırına çıxmasın.

Taleyində nə varsa
Ona da yanmalısan.
Həqiqətə baş əyib
Ona inanmalısan.

Gözünü aç, yaxşı bax
Gedənlərin yoluna.
Qalan varmı? Cavab ver
Həyatın sualına.

***

Könlüm sarı sim üstə
Köklənibdir, köklənib.
Sarı dəvə yol gedir,
Dünya ona yüklənib.

***

Qədərinlə razılaşsan
Darda qoymaz qədər səni.
Dünya şeş - beş ayağıdır
Çox oynadar bu zər səni.

Yaxşı günü çox qudurtma,
Çox da şirin - şirin yatma.
Sevincini atıb- tutma,
Diri saxlar kədər səni.

Fani dedik ömrümüzə,
Kül üfürdü gözümüzə,
Ölüm düşər izimizə, -
Yalquzaqtək güdər səni.

***

Gözün nuru getdi, belin taqəti.
Ürəyin ağrısı çoxaldı nə qəm.
Hələ arzularım yaz təravəti,
Hələ qocalmışam, deyə bilmərəm.

Hələ ürəyimdə yaz sevgisi var,
Hər an pöhrə verib göyərəsidir.
Onda bahar eşqi, təranəsi var,
O sevən ürəyin batmaz səsidir.

Soxmasın gözümə barmaqlarını,
Saymasın üzümə yaşımı dünya.
Çəksin göz önümdən dörd divarını,
Soxmasın gözümə qışımı dünya.

Ömür də qış - bahar arasında yük.
Nə payız deyirik, nə yay deyirik.
Bir an var çəkisi zamandan böyük
Gəldiyə, getdiyə haray deyirik.

Mənim də qismətim bir insan ömrü,
Özümü yaşadım, özümü ancaq.
İçimdə insanlıq qurtaran günü,
Ömrüm də həmin gün bil, qurtaracaq.

***

Bir göz qırpımıymış həyat deyilən,
Gözünü yumdunsa açması çətin.
Qoşa olmalıdır qanad deyilən,
Tək olsa şikəstdir, uçması çətin.

***

Qadın həyatın bir qanadı,
Kişi başqa bir qanadı.
Bir həyatı yaşadır
İkisinin inadı.