Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


POEZIYA
 

Nisə BƏYIM


 
* * *

Üzü ayrılığa gedən dünyanı
Gedəndən soruşma, dönəndən soruş.
Gözü açılmamış sübhün dərdini
Çiynində gətirən dünəndən soruş.

Gör necə yarası qaysaq bağlayır,
Gizli gülümsəyir, gizli ağlayır,
Özünü içində pünhan saxlayır,
Dili bağla bağlı dinəndən soruş.

Ocaq nədən bilsin odun qəsdini?
Kül tutar qaralan közün üstünü.
Acısı gözündən çıxan tüstünü
Alovu içində sönəndən soruş.

Koru dolandırıb kar elər fələk,
Başına dünyanı dar elər fələk,
Taxtını uçurub xar elər fələk,
Çarxın fitvasını enəndən soruş.

Biri "təndir" deyir, biri "yan" deyir,
Biri "kəndir" deyir, biri "can" deyir,
Biri candan bezib "qana-qan" deyir,
Bəndənin haqqını dinindən soruş.

Kim açar dünyanın sirr qapısını,
Tanınmaz-bilinməz gor qapısını?
Könlünə açılan nur qapısını
Axtarsan, yolunu sən məndən soruş.

* * *

Üzü güney sarı göyərən otlar,
Yoxmu xəbəriniz gələn payızdan?
Nazıyla qəlbləri həvəsləndirib,
Sonra duyğuları gülən payızdan?

Bəlkə, dumanlıqda azıb bəxtiniz,
Bəlkə, vaxt yolunu uzaqdan salıb?
Bəlkə, gec oyanıb könül sevginiz,
Bəlkə, əlacınız son eşqə qalıb?

İndi yerə qoyur payız bəhrini,
İndi ömrün-günün miras vaxtıdır.
Kimi tən bölünür, kimi ələnir,
İndi çəkilərin taraz vaxtıdır.

Hərdən təbiət də çaşır səmtini,
Hərdən müdriklər də uşağa dönür.
Hərdən ümidlərin dikildiyi vaxt
Gizli öləziyir, vədəsiz sönür.

Rüzgarın gecikən son baharına
Quru yarpaqların canı tökülür.
Qoca kötüklərin üstünə bəzən
Yaşıl budaqların qanı tökülür.

Həyat bir kimsəyə vermir sirrini,
Deyir, düşünməyə bir fürsət də var.
Bitsə də dövranın sınaq möhləti,
Hələ yaşamağa bir qismət də var.

* * *

İkimiz bir çıxdıq baxtın ovuna,
Sənə gülümsəyib xoş yola saldı.
Mənə yar olmadı uğur mələyi,
Qırdı ürəyimi, boş yola saldı.

Bir ömrü sonadək xərac daşıdım,
Çarxı bəlam oldu, dərdi - yaşıdım.
Mən könül evimdən uzaq yaşadım,
İl ilə calanıb yaş yola saldı.

Hökmünə yetirə bilmədi məni,
Kök verib bitirə bilmədi məni.
Bu dünya götürə bilmədi məni,
Üstündən ağır bir daş yola saldı.

Haradan haraya köç etdi zaman,
Nə yaxşı tanıdı, nə də ki, yaman.
Heç kimə, heç nəyə vermədi aman,
Bahar qarşılayıb qış yola saldı.

Uzaq xəyallarda qaldı ürəyim,
Özünə qapanıb daldı ürəyim.
Ömrə baxa-baxa doldu ürəyim,
Gözüm bulud-bulud yaş yola saldı.

* * *

Bax, dünya dərddən uca,
Zirvəsi şiş, başı qar.
Səni üstündə saxlar
İçindəki qanadlar.

Səbrini qucaqlayır
Vaxta tilov atanlar.
Oyaq vaxtı gözləyir
Ürəyindən yatanlar.

Kim isə ayağına
Dəyən daşdan yıxılır.
Kim isə təsəllini
Atılan daşdan alır.

* * *

Bəlkə də, bu ömür uzaqda deyil,
Açsan gözlərini içindən baxar.
İzini axtarsan xatirələrin
Ağ-qara günlərin üzündən baxar.

Bəlkə də, bu ömür uzaqda deyil,
Qanı ürəyimi içən canıdır.
Əlindən əlinə ötürdüyün vaxt
Zamanın zamana keçən anıdır.

Bu ömür, deyəsən, uzaqda deyil,
Hərdən ətri gəlir, ədası gəlir.
Hərdən qulağıma, hərdən yadıma
Savaş günlərinin sədası gəlir.

Bu ömür, deyəsən, uzaqda deyil,
Yeri adiliklər sırasındadır.
Mənim itiklərim, aradıqlarım,
Hər şeylə heç nəyin arasındadır.

Yaxından-uzaqdan baxdıqca ömür,
Yaşının üstünə bir yaş da gəlir.
Yaddaşın daş qoyur hər ötən ana,
Daşımın üstünə bir daş da gəlir.

* * *

Yağışdan bir səs eşitsən,
Kimisə xatırlasan...
Dəryadan çıxan ümidsə,
Ağlayıb qucaqlasan...
Tənhalığın zülmünü
Açıb dərdə söyləsən,
Bir ömürdən vaz keçib
Vaxtla cihad eyləsən...
Yerin-göyün ürəyi
Necə ağlayır, bilsən,
Yağışla yayan səsi
Susub, sən də dinləsən...

* * *

Əllərim soyuğa yumulur,
Ürəyim tənhalığa.
Əsən küləklər baxmır
yadlığa,
doğmalığa.
Kiminsə qəlbinin
bitdiyi yerdən
başqa birisinin
ümidi başlar,
Heç yerdə tutulub qalmaz
dərddən sızan yağışlar.
Ömürdən qopan anlar
uçur hey uzaqlığa,
Nə əlim,
nə ürəyim
yatmır bu yalqızlığa...

* * *

Sənin ad günündür,
mənim bayramım...
Bu gecə bəzənsin min bir naxışla.
Ömür çələnginin yaşıllığından
Bir ad gününü də mənə bağışla.

Ovcundan getməsin çiçək qoxusu,
Hicran taleyinə cığır salmasın.
Gözündən gözümə ulduz yağanda
Gözündə heç kimin gözü qalmasın.

Qoy dünya fırlansın sərxoş xəyalla,
Başı gicəllənsin gümüş yağışla.
Kim nə istəyirsə tapsın, itirsin,
Sən də ad gününü mənə bağışla.

* * *

Səni dərd tutacaq,
dərd aparacaq.
Səni dərd salacaq haqq quyusuna.
Səni dərd alacaq dərdsizliyindən,
Alıb öyrədəcək qəm duyğusuna.

Səni dərd yoracaq, dərd qocaldacaq,
Sıxacaq əlini tənhalıq kimi.
Oturub dərd ilə dərdləşəcəksən,
Susub dinləyəcək dərdli qəlbini.

Səni götürəcək qəm dəryasına,
Tutub oynadacaq dərdin havası.
Yorub yuxuda da əldən salacaq,
Dərdlə dərdsizliyin gizli davası.

Dərd ilə barışıb yola çıxmağı,
Dərd ilə susmağı öyrənəcəksən.
Dərdlə sövdələşib sən bu dünyaya
Dərdsiz də baxmağı öyrənəcəksən.

Zaman da bitəcək, yol da bitəcək,
Sən dərdlə başlayıb bitməyəcəksən.
Nə vaxtsa usanıb dərd də bitəcək,
Sən dərdsiz heç yerə getməyəcəksən.

* * *

Haradan-haraya gəlib gedirsən,
Sən də tənhamısan
bu yad dünyada?
Dərddən anlarmısan,
bir az dərdləşək,
dərddən anlarmısan...
ay qərib adam?

Üzünü qapama güzgüyə baxıb,
Bu vaxtdır,
içindən baxır gözünə.
Vaxtdan anlarmısan
açaq qatını,
yol salaq izindən
ömrün üzünə.
Bu, kimin könlünün pıçıltısıdır?
Səsdən anlarmısan,
dayan, qulaq as...
deməyə bir sözü qalıbmı qəlbin?
Qəlbdən anlarmısan,
ay qərib adam?

* * *

                                        Xocalının ildönümündə eşitdiyim səslər
Yenə dünya susur,
Yenə vaxt uduzur,
Yenə ölüm yas tutur
Özünə Xocalıda.

Dünyanın üzü dönmüş,
Qar üstündə qızılgüllər.
Təbəssümlə bağlanmış
Kəsik ayaqlar, əllər.
Süd qoxulu bəbəklər,
Yerə enmiş mələklər...
Qan tutmuş güllələrin
Gözünü Xocalıda.

Vətənin taleyində
Çingizin batıq səsi,
İntiqama çağırır,
Hayqırır haqq nəfəsi.
Bayrağa and içməyə
Yerə atmış dizini,
Əsgərim utanc ilə
Gizlədir yaş gözünü.
Vətən yenidən görür,
Vətən təkrar püskürür,
Vətən təkrar tanıyır
Özünü Xocalıda.

Bir şəhərin adı var,
Özü yox yurd yerində.
Qanlı üzünü yuyur
Yaralı əllərində.
Bir xalqın ruhu İtkin,
Nə göydə, nə yerdədir,
Qisası tətikdədir,
Dözümü Xocalıda.

* * *

Bomboş səkilərin tənhalığında
Küləklər divara qısılıb gedir.
Titrəyir ağacdan asılan fanar,
Kölgəsi çardaqda dəcəllik edir.

Tənha küçələrdə addım səsləri,
Gah sağa, gah sola var-gəl eləyir.
Tələsən küləklər gecikən vaxtın
Üzünə baxmadan vida söyləyir.

Bitir peşmanlıqlar,
bitir xəyallar,
Bütün gözləntilər özündə bitir.
Kiminsə əlləri, kiminsə səsi,
Kiminsə ürəyi içində bitir.

* * *

Əski romanları yenidən
oxusaydım,
Yəqin, ağlamazdım
ayrılıqlara.
Tökməzdim qəlbimin
Üzüntüsünü
Üzü qurumayan ağ kağızlara.

Əski günlərimə
qayıtsaydım yenidən
Qapını çırpmazdım vaxtın üzünə.
Taleyin əksinə getməzdim, yəqin,
Yəqin, ağ olmazdım baxtın üzünə.

Yenidən dönsəydim
əski günlərə,
Ömrü buraxmazdım
boş xəyallara.
Əski romanları yenidən oxusaydım,
Yəqin, ağlamazdım ayrılıqlara...

* * *

Ruhum ruhuna çarpıldı,
Bütün vaxta dağıldım.
Zamanın qatlarından
Zədələnmiş yığıldım.

Nə günüm gündüz oldu,
Nə gecəm yuxu yatdı.
Dərdlərim çəkisinin
Ağırlığında batdı.

Əllərim əllərinə
Uzandıqca uzandı.
Mən zülmə öyrəndikcə,
Zülm məndən usandı.

* * *

Ömrün nağılını dinlədim
Səssizlikdə.
Bir mən var idim,
Bir sən var idin,
hər şeydən
heç nəyə gedən yol
bitdi sənsizlikdə.

Sənsizliyi dinlədim,
Ulduzlar susmuş içimdə,
Nəfəs almır küləklər,
Daha nağıl danışmır
Göydən Yerə mələklər.

Səssizliyi dinlədim,
Sənsizliyi səsimə
bağlayan
öz səsimdi.
Sən qoxuyan sənsizlikdə
Yenə sən varsan,
bəsimdi...