Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


YURD YERI
 

Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


 

Bir axşamın qərib çağında göy üzünün qəmli, həzin sükutu pozuldu. Ağsaqqal baba səsə dinşək kəsildi, sonra da:
- Hə, durna köçüdü, - dedi/. Gözləri yol çəkən ixtiyar əlini ehmalca sinəsinə, sol tərəfə apardı.
Qulağı "köç" kəlməsini çalan ağbirçək nənə diksinib əlindəki armudu stəkanı yerə saldı...
Arif qoca qarısının təhər-töhürünə baxıb qımışdı. Zarafatından qalmadı.
- Durnaların bu köçü nə yaman qorxutdu səni, - deyə ömür-gün sirdaşına söz atıb sataşdı, - əllərin əsdi...
Ağsaqqal özü də bir dərin köks ötürdü:
- Eh, ay qarı, - dedi, - Süleymana qalmayan bu dünya sənəmi qalasıdır?..
Peyğəmbər adı eşidən mömin nənə əlini üzünə çəkdi, salavat çevirdi, sanki bir balaca yüngülləşdi...
Ağsaqqal da elə bil bunu gözləyirdi. Bu dəfə üzünü oğul-uşağa tutdu:
- Belə deyirlər ki, Süleyman peyğəmbər həm də şah idi, cəmi məxluqat onun hökmü altında idi. Lakin bu peyğəmbər-hökmdar çox kasıb yaşayırmış, dünya malında nəfsi-gözü yox imiş. Öz əli ilə tikib qurduğu balaca bir daxmada yatıb-durarmış. Bir gün əcəl məqamı yetişib cənab Əzrayıl başının üstünü alanda Süleyman peyğəmbər köks ötürür ki, eh, gidi dünya, bilsəydim ki, ölüm var, heç bu daxmanı da tikməzdim...
Ağsaqqal baba susub fikrə getdi, sonra da sözünü tamamlayıb:
- Hə, mənim əzizlərim, - dedi, - indi belə baxırsan ki, bu bəşər övladının özündən sonra bu dünyada qoyub getdiyi ən qiymətli bir miras da elə hikmətli sözlərdi, öyüddü, nəsihətdi... Gərəkdir cavanlarımız da ağsaqqal-ağbirçək öyüd-nəsihətləri ilə böyüyələr ki, yad-yağı hiyləsinə, felinə aldanmayalar...
Elə bu niyyətlə də ixtiyar qoca bu dəfə də yeni bir urvatlı söhbətin binəsini qurdu. İndi onun tərəfindən biz də bir-bir ərz eyləyək, sizsə qulaq asın...

GÖRƏN VAR...

Belə deyirlər ki, ötənlərdə bir şah var imiş və bunun da üç oğlu. Bir gün qoca hökmdar əcəl saatının yaxınlaşdığını hiss edib oğlanlarını yanına çağırtdırır:
- İstəmirəm ki, mən axirətə köç edəndən sonra taxt-tac uğrunda aranızda nifaq düşsün, fikrim budur, elə sağlığımda birinizi öz yerimə oturdum...
Oğlanları intizarla atanın sözlərinin ardını gözləyirlər və şah da onları intizarda saxlamayıb: - Ancaq sınaq üçün bir şərtim var, - davam edir, - sınağım da bundan ibarətdir ki, gərək hərəniz bir oğurluq iş tutasınız, kimin ki, oğurluğunun üstü açılmadı, görüb ələ verən olmadı, deməli, qalib odur...
Atalarından belə qəribə bir şərt gözləməyən oğullar qalırlar mat-məəttəl, şah oğulları hara, oğurluq hara? ...Ancaq hökmdar olmaq, hökm etmək də şirin...
Qərəz, şahın böyük oğlu ilə ortancıl oğlu şərtə əməl edib oğurladıqlarını gətirib atalarının qarşısına qoyurlar. Şah da dönə-dönə xəbər alır ki, birdən, oğurluğunuzu görən-bilən olar, rüsvay olarıq.
Oğlanları atanı xatircəm edirlər ki, əşi, bəs işlərini elə pərgar görüblər ki, nə ins bilir, nə cins...
Günlər keçir, şahın sonbeşik oğlundan xəbər çıxmır. Şah dözə bilməyib onu yanına çağırtdırır.
- Bax, qardaşların şərtimi yerinə yetirdi, oğurluqlarının da üstü açılmayıb. Doğrudan da, dedikləri kimi görən olmayıb.
Sonbeşik oğul lap astadan: - Atacan, - deyir, - neçə dəfə qəsdlənmişəm ki, mən də oğurluq edim. Amma ...hiss etmişəm ki, görən var...
- Kim imiş ki, o ? - Şah hövsələsizliklə soruşur.
Sonbeşik oğul qətiyyətlə: - Atacan, - deyə cavab verir, - oğurluq etmək istəyəndə bir kimsəni görmədimsə də, başımın üstündə Tanrımı gördüm. Burasını da başa düşdüm ki, O da məni görür...
Bu sözü eşidən şah taxtdan qalxıb oglunu qucaqlayıb bağrına basır: - Afərin, oğlum, - deyir, - daha dünyadan rahat gedə bilərəm. Arxayınam ki, məndən sonra yerimdə xalqı qəlbində Allah xofu olan mərhəmətli və aqil bir hökmdar idarə edəcək...
Bəli, bizim əzizlərimiz, hər birimizin qəlbində Allah xofu olsun. Tanrını başımızın üstündə görək!

AQİLLƏRİN HİKMƏT BOXÇASINDAN

* İşdir-şayət, hirslənib-acıqlanıb hövsələni basa bilməyərək uşağa əl qaldırdınsa, gərək yüngülcə də olsa vurasan. Yoxsa səndən qabaq cin uşağı vurar, deyiblər.
* Müdriklər həmişə bədxərcliyi, israfçılığı pisləmiş, qənaətcilliyi qiymətləndirərək, belə bir fikirdə olmuşlar ki, dövləti iş artırmaz, diş artırar...
* Aqil babalarımız bir də belə deyiblər ki, gördün evin dala gedir, dayaq ol! Yerində durubsa - sən də dur, fikirləş, ölç-biç! Qabağa gedirsə - daha da artır!
* Hər zaman olduğu kimi, elə qabaqlar da insanın qədir-qiymətini onun pul-parasının az-çoxluğu ilə dəyərləndiriblər. Bu da elə o vaxtlardan qalan sözlərdəndir: "Onda ki, pulum var idi - Koxa mənim yarım idi..."
Bir də belə deyiblər:
Vardı pulun - hamı qulun,
Yoxdu pulun - dardı yolun...
* Hikmət yiyəsi olan ağsaqqallarımız həm də pulu ilə qürrələnib öyünənlərə kasıb-kusuba üstdən aşağı baxmamağı öyüd-nəsihət ediblər: "Gülmə gülüncə, çörəyi lincə...”
* Xəzri bar-bərəkət gətirən külək hesab olunub. Elə buna görə də xəzri əsəndə seviniblər ki, əsdi xəzri-ver nəziri...

EL DEYİMLƏRİ

* Süfrələriniz həmişə bərəkətli, qonaq-qaralı olsun! Elimizdə, obamızda ürəyi saf, niyyəti düz qonağa hər zaman böyük hörmət, yüksək ehtiram olub. Kişilər varmış ki, süfrəsinin qırağından qonaq əskik olanda tikəsi boğazından keçməzmiş. Süfrəsi qonaq-qaralı belə adamlar haqqında deyərmişlər ki, bəs onun ocağı həmişə küllüdür...
Yolu gözlənilən xətirli-hörmətli qonaq üçün isə belə deyərlər: "Onun yeri süpürülüb".
* Söz-sirr saxlaya bilməyənlər, xəbərçilər həmişə elin qınağına, tənəsinə tuş gəliblər, belələrinə lağ ediblər ki, əşi, bəs filankəsin dilinin altında heç mərci də qalmır...
* Qadının öz analıq vəzifəsini yerinə yetirib dünyaya uşaq gətirməsi çox böyük fədakarlıq hesab olunur. Bunun hətta bəzən ölümlə nəticələnə biləcəyini nəzərdə tutan müdriklər belə buyurublar ki, zahının qəbrinin ağzı qırx gün açıq qalır...
* Gözəl-göyçək, ağıllı-kamallı qızları öyüb təriflər, belə nişan verərmişlər: "Aş başında qırqovul!"
Bir də deyərlər, bədnəzərdən uzaq, filankəsin bir qızı var ki, tağda dərilməmiş iyli-qoxulu bir şamamadır. Dosta qismət!
* Qocalıb zəifləmiş, əldən düşmüş adamlardan söz düşəndə canı yanan yaxınları köks ötürər, heyifsilənərlər ki, ay gidi dünya, filankəsin də vaxtları var idi. İndi bir gündədir ki, ağzı südün üstündəki qaymağı da kəsmir...
* Gözü ayağının altına baxmayan uşağı bu pis vərdişindən uzaqlaşdırmaq, tərgitmək qəsdi ilə qorxudarlarmış ki, bir də ayaq tapdalasan, qarşına ilan çıxacaq.
* Özgəsinə baxıb həvəsə düşən, özünü səliqə-sahmana salan, evdə yır-yığış edən tənbəl, əringən qadınlara şəbədə ediblər, onların elə öz dilləri ilə düzüb qoşublar:
- Günümü görüb göyçəkləndim,
Eltimi görüb hünərləndim...

PEYĞƏMBƏRİN CƏNNƏT QONŞUSU

Analarımızın, qadınlarımızın tərifi-öygüsü ulu Dədə Qorqud boylarından bu yana dastana-nağıla sığmaz olub.
...Evlənmək istədiyi qızın nişanlarını atasına soraq verən Beyrəyə dünya görmüş ağsaqqal belə deyir: "Oğul! Sən qız diləməzsən, özünə bir yoldaş və həmtay istərmişsən..."
Xalqımız tarixən anaya, qadına ehtiram göstərib, hörmətini, şərəfini uca tutub.
Tarixçi Raqozina "Midiya tarixi" kitabında yazır ki, qədim Midiya adət-ənənələrinə görə qadına əl qaldıran kişinin əl-qolunu bağlayıb axan çaya atarmışlar. Deyərmişlər ki, qeyrəti varsa, işlətdiyi günahı öz hünəri ilə yuyub ölümdən xilas olacaq. Qeyrəti yoxdursa, boğulub ölməsi münasibdir.
Ananın üzünə ağ olan övladı isə şəhər meydanında tənbeh edərlərmiş. Övlad anasının ayaqlarından öpüb könlünü alar, bundan sonra ana onu bağışlayarmış...
Ana və bacılarımız, qadınlarımız da həmişə övladlarına, qardaşlarına, həyat yoldaşlarına dayaq, arxa olmuşlar. Onların bu sədaqəti, hünər və qeyrəti neçə-neçə xalq söyləmələrinə çevrilib, indi də dildə-ağızda gəzir...
Belə rəvayətlərin birində deyilir ki, Teymurləng öz qoşunu ilə Azərbaycana gəlib çatanda bir yerdə atını saxlayır, çapar vasitəsi ilə qarşıdakı yaşayış məntəqəsinə xəbər yollayır ki, analara, qız-gəlinlərə rəhm edilir, onlar öz istədikləri qiymətli şeylərini götürüb kənddən çıxa bilərlər. Qoşun həmin gecə çöldə düşərgə salır. Sübh tezdən Teymurləng öz başının dəstəsi ilə atlanıb kəndə enir. Onlar kənddə bir nəfər pirani qocadan başqa heç kəsi görmürlər. Teymurləng qocadan xəbər alır: "Bəs kəndin kişiləri hardadırlar?"
Qoca Teymurləngə belə cavab verir:
- Hökmdar, özünüz kəndə xəbər göndərmişdiniz ki, analar, qız-gəlinlər ən qiymətli şeylərini götürüb kənddən aralansınlar. Onlar da sizin əmrinizə əməl ediblər.
Teymurləng hiddətlə: - Bəs kişilər hanı? - soruşur.
Qoca mənalı-mənalı: - Ey böyük hökmdar, - deyir, - dünyada anaya övladdan, qıza qardaşdan, qadına ömür-gün yoldaşından qiymətli nə var ki?!.
Müdriklər bir də: - Ana haqqı, - Tanrı haqqı!.. - deyiblər. Deyir, bir gün Tanrı mələklərlə Süleyman peyğəmbərə belə bir nida yollayır ki, ey rəsulum, bəs sənin cənnətdə qonşun filan şəhərdə yaşayan qəssab filankəsdi.
Maraq peyğəmbərə güc gəlir: görən o şəxs nə böyük savab yiyəsi, iman-quran sahibidir ki, böyük yaradan ona cənnətdə öz rəsulu ilə qonşu etmək şərəfi qismət edib?!.
Elə bu maraqla da peyğəmbər həmin şəhərə gəlir. Axtarıb, soraqlayıb qəssabın dükanını tapır, bir qıraqda dayanıb başlayır ona göz qoymağa. Qəssab ətini satıb qurtarır, bazarlığını eləyib düzəlir evinə tərəf.
Süleyman peyğəmbər axşam tərəfi döyür onun qapısını ki, Allah qonağıyam, ay ev yiyəsi!
Qəssab tanımadığı yad qonağı böyük ehtiramla, xətir-hörmətlə qarşılayır. Yemək vaxtı çatanda peyğəmbər görür ki, ev yiyəsi süd dolu şuşəyə əmzik keçirib nənnidə pambıq içərisində saxlanan bir qarı nənəyə içirir, qarının südə bulaşmış ağzını silir, gözündən öpüb nənniyə qoyur, nənnini yırğalayıb uşaq kimi yatızdırır.
Qonağının bu işə təəccüb qaldığını görən ev yiyəsi qürurla qayıdır ki, qonaq qardaş, o mənim anamdır. Ağlım kəsəndən qulluğunda beləcə durmuşam. Gəlinə, oğul-uşağa ümid olmayıb çayını, çörəyini həmişə özüm vermişəm. Anamın da mənə duası həmişə bu olub ki, ay oğul, qoy ulu Tanrı sənin yerini cənnətdə Süleyman peyğəmbərlə qonşu etsin!
Qoy ata alqışı, ana duası hər birimizin köməyi olsun. Amin!

YARDAN MƏNƏ BİR XƏBƏR

Bu cığır çeşmə yolu,
Gedənlər gəlir dolu,
Səhəng, qulpun qırılsın,
Qırıldı yarın qolu.

Əzizim, nöşünəm mən,
Beldə qəyişinəm mən,
Mən ölsəm sənə qurban,
Sən ölsən nöşünəm mən.

Qərq etmişəm salımı,
Soruşmayın halımı,
Yardan mənə bir xəbər;
Gedimmi, ya qalımmı...

Xəmirim kündə-kündə,
Keçdi ömür də, gün də,
Yarı yardan eləyən,
Dərd çəksin gündə-gündə.

Bağrımın başı yanıq,
Bu gün hava bulanıq,
Nə qərib sevdadır bu,
El yatıb, biz oyanıq.

Suda balıq yan gedir,
Açma, yaram qan gedir,
Buna təbib neyləsin,
Əcəl gəlib, can gedir.

Ağ donu ağartmışam,
Boxça da bağlatmışam,
Mən bir igid bacısı,
Çoxların ağlatmışam.
Atalar belə söyləmiş
Süfrənin yaraşıgı qonaq, evin yaraşıgı uşaq!
Kişi taya olmalıdır, arvad dırmıq.
Kişinin qazancı evdə, özü çöldə gərək.
Qanan qanmaza borcludur.
İnsan özünü həlak da edər, fələk də.
Torpaqdan hasil, torpaga vasil.
Pişik yeyəni aslan da qusdura bilməz.
Dəvəsini satan köşək ala bilməz.
Deyən agılsız olsa da, eşidən agıllı gərək.
Söyləmələr

DUA

Deyir, ötənlərdə, təzə ailə qurmuş, ev-eşik olmuş gənc ər-arvadın günaşırı saldıgı dava-dalaş qayınatanı yaman zinhara gətiribmiş. Ogul deyinir, gəlin cavab qaytarır, mərəkə, ara daha da qızışır. Bir gün belə, beş gün belə ...
Dünya görmüş müdrik qoca bir gün evə üçkünc bükülmüş balaca bir kagız parçası ilə gəlir. Gəlini qıraga çəkib kagızı ona verir, sonra da qayıdıb deyir ki, a gəlin, bəs bu duadır. Mollaya yazdırmışam, ərinin dilini, agzını baglatmışam. İndi sən bunu bir cam suya sal. Ərin gələn kimi o sudan bir qurtum agzına al, evdən çıxıb gedənəcən suyu agzında saxla. Ardıynan işin olmasın .
İki-üç günə bu duanın təsiri ilə oglum yumşalıb ipəyə dönəcək.
Bəli, qayınata necə demişdi, gəlin də eləcə edir. Ogul işdən evə gəlib həmişəki kimi yenə deyinir, dava salmaga bəhanə gəzir. Bir deyir, gəlin cavab vermir, acılayır - gəlin dinmir. Ehtiyat edir ki, agzını açar, su dagılar...
Bir gün belə, beş gün belə ...
Hə, beləcə evdə dedi-qodu kəsilir, ogul deyinməyi, gəlin cavab qaytarmagı tərgidir. Ailədə bir mehribançılıq yaranır ki, evin ruzisi də, süf­rə­lərinin bərəkəti də artır.
Ailədə söz-söhbət olanda müdriklər ona görə də öyüd-nəsihət edib deyirlər ki, əşi, biriniz agzınıza su alın da ...

ÇOXBİLMİŞ DƏ NEYLƏMİŞ

Ötənlərdə fagır bir kişinin varda-dövlətdə məmləkətə səs salan məşhur bir kəhəri varmış! At da nə at! Qaçışı, duruşu elə bir tamaşaymış ki, baxan doymazmış.
Deyir atın tərifi həmin ölkənin şahının da qulagına gedib çatır və şah kəhərə müştəri düşür. Ancaq nə qədər yüksək qiymət təkilf edirsə də, at yiyəsi atını satmaga razı olmur ki, olmur. Şah başa düşür ki, xoşluqla ata sahib ola bilməyəcək, kəhəri zor gücünə ələ keçirməyi də şanına-şöhrətinə sıgışdırmır. Fikirləşir ki, bu həm də onun hörmətinə-izzətinə xələl gətirər. Ona görə də hökmdar hiyləyə əl atır. At yiyəsinə belə bir hərbə-zorba gəlir ki, bəs sənin kəhərinin kişnərtisindən mənim ilxımdakı atlar rahatlıq, dinclik bilmirlər. Odu-budu ya gərək atı satasan, ya da kişnərtisini susdurasan.
Fagır qalır mat-məəttəl ki, ayə, onun atının kişnərtisi hara, hökmdarın tövləsindəki ilxılar hara? Heç bu uzaqlıqdan, bu aralıqdan səs-ün yetərmi? Ancaq şahın nahaq sözünü sübuta yetirib pozmaga kim cürət edərdi?!
Deməyəsən bu kənddə igid, qorxmaz, həm də agıllı bir oglan varmış.Şahın bu haqsız ittihamını eşidən oglan özünü kasıb kişiyə çatdırır.
-Ürəyini buz kimi saxla,-deyir,-hökmdarı yerində oturtmaq mənim boynuma!
Çoxbilmiş oglan heybəsinə yavanlıq qoyub yolu alır əlinə, birbaş düzəlir saraya. Bu şahın da, deməyəsən, çox məhşur bir iti varmış. Oglan saraya çatıb xəbər yollayır ki, kəhər yiyəsinin ogluyam. Gəlmişəm, şaha deyəsi sözüm var. Oglanı içəri buraxırlar. Belədə oglan xahiş edir ki, şahın məhşur itini ona göstərsinlər.İti oglana göstərən kimi o, əlbəəl qəməsini çıxarıb heyvanın ürəyinə sancır. İt gəbərir. Şah cəllad çagırır, dərhal oglanın boynunu vurmagı əmr edir. Cəllad oglanın boynunu vurmaq üçün darta-darta çəkib aparanda, o, cəsarətlə üzünü şaha tutub:
-Şah sag olsun, rüsxət ver, bir kəlmə söz deyim, sonra boynumu vurdur!
Şah cəllada işarə edir, cəllad əl saxlayır.
Oglan üzünü vəzir-vəkilə çevirir.
-Siz də qulaq asın, - deyir. - Mən çobanam. Bir gün otardıgım sürüyə canavarlar hücum etdi, basıb mənim itlərimi parçaladılar.Qonşu sürülərin köpəklərini hayladım. Onlar da hayıma gəldi. Lakin canavar agzı yanmışlar həmin köpəkləri də didib tökdülər. Belədə yadıma şahın məşhur iti düşdü. Başladım səsim gəldikcə qışqırıb köməyə onu çagırmaga. Ancaq itdən səs çıxmadı ki, çıxmadı. İndi həmin hayıfım idi ki, aldım ondan.
Şah fikirləşir ki, yəqin qarşısındakı başdan havalıdır,hirs daha da bogdu onu; qayıdır ki, ay axmaq, sənin sürü otardıgın yer hara, mənim sarayım hara? Mənim itim sənin səsini necə eşidə bilər ki, hayına da çataydı?
Oglan gülür:
-Hə, şah sag olsun,-deyir,-məsafə həmin məsafə, uzaqlıq da həmin uzaqlıq! Bəs belədə sənin ilxındakı atlar bizim kəhərin kişnərtisini necə eşidib narahat ola bilərlər?
Şahın deməyə sözü qalmır və çoxbilmiş oglanı azad eləyir.

QIFILBƏND

Bir gün şah vəzir-vəkili ilə seyrə çıxmışdı.Yolda bir kişi ilə qarşılaşdılar.Qoca şaha baş əyib xidmət qullugunda durduqdan sonra üzünü ona tutub:
-Şah sag olsun,-dedi, -səndən zərrəcən də qorxmuram. Haqqı düşmən bilirəm. Olur ki, düşməni də dost tuturam.
Şah bu sözlərdən qəzəblənib özündən çıxdı. Əmr etdi ki, tez belə məlunun boynunu vursunlar.
Şahın bir agıllı vəziri vardı, irəli yeriyib dedi:
- Hökmdar, - hövsələni bas! Bu qoca çox müdrik kişidir. Onun qəsdi səni qəzəbləndirmək deyildi, intəhası öz ürək sözlərini qıfılbənd edib söylədi, indi mən açım, sən də qulaq as!
Bu qoca sizdən zərrəcən qorxmur, o deməkdir ki, yəni şah çox mərhəmətlidir, adildir. Qəzəbinə düçar olsam da bilirəm ki, rəhm edəcək.
Ölüm ki, var, haqdır! Ölümü kim dost bilir ki?! Bu qoca da heylə...
Var-dövlət, sərvət bəzən yiyəsinə düşmən kəsilir. Ancaq hamı onu özünə dost bilir.
Şah bu cavablardan qane olub qocanı azad etdirir.
Yarpaqlar

LAYLA

Sənəm, lay-lay,
Sənəm, bay-bay
Sənəm gözəllər gözəli,
Lay-lay...
Sənəm Qələndər gözəli,
Bay-bay ...

OXŞAMA

Dam - damcıdı,
Köynəyi narıncıdı.
Dam - dam dam balası,
Gəl, atam balası...

****

Xana toxuma, ay ana,
Özünü yorma, ay ana,
İş görərsən çirk olar,
Məni saxlarsan mülk olar.

SAYAÇI SÖZLƏRİ

Nehrəm, ol-ol,
Yagnan dol-dol,
Evimə qonaq gəlibdir,
Aşım yavan qalıbdır
Nehrəm, ol-ol...

AGILAR

* Şah gedənim, bel qıranım!
* Ayagı səfərli qardaş!
* Məni bir sürü yetimə qul qoyub gedən kişim, vay!..
* Hündürdən layla çaıb astadan nənni tərpətməyən sonam , vay!..
* Altı qara torpaq idi,
Üstü yaşıl yarpaq idi,
Cəsəd onda çılpaq idi,
Hanı qohum, hanı qardaş ,
Beş arşın ag sənə yoldaş...