Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


POEZIYA
 

MAHCAMAL
QƏZƏLLƏR


 
* * *

Ey can, hünər et, səmtini döndər, kədər ötsün.
Dönsün şəkər olsun, acı dəm bir qədər ötsün.

Hərdən qəm üçün bir belə halət icad eylə,
Min bir gecənin qəm yükü bir xoş səhər ötsün.

İmkan ver, o gözlər yenə sevda yolu çəksin,
Gülsün nəzərim, eynim açılsın, qəhər ötsün.

Olsun bütün aləm cəmi-xürrəm, mənə həmdəm,
Vəslin zəfərin görsün, o hicran kəhər ötsün.

Hicrin sınağından üzü ağ çıxmışam ey dil,
Fikrin, xəyalın qoymadı ömrüm hədər ötsün.

Nurnamə verir Mahcamala hər gecə ay da,
Sanmış ki, yazırsan gələrəm, bir qədər ötsün.

* * *

Görməsə tellər sığal, rəngi bəyaz eyləyər.
Düşsə nəzər üzdə xal, tel telə naz eyləyər.

Çəkməsə ah-nalə can, tez yetişər dürlü an,
Dərd-qəmə üz tutmayan qəddi taraz eyləyər.

Harda təbiət gülər, bülbülü güllər sevər,
Eşqə düşər, güllənər, bağ qışı yaz eyləyər.

Bir neçə dürr, qətrə-zər, gövhər icad həqq edər,
Yeddi fələk, tac görər, nəzrü-niyaz eyləyər.

Qismət olub Davudun ləhni bizim ellərə,
Dəmdə, acı qəmdə də mehrü-avaz eyləyər.

Mahcamalın əhvalın əlvan edən can gedər,
Hədd ilə sərhəd güdər, çox vədə naz eyləyər.

* * *

Eşqim gülü gülyazdı, əlvanlığı min nazdı,
Meylim sənə həmrazdı, həmrazi-sərəfrazdı.

Sevda xəyalın adət eylər bu könül halət,
Vüslətli məramiyyət yoxdur, ya da ki, azdı.

Könlüm qəmi karvannan, keçmiş yolu hicrandan,
Almış canı canandan, sanmış günü pərvazdı.

Hicran zəfərin çalmış, naləm qəmə zil xalmış,
Vəslin közü allanmış, odlar yenə fəyyazdı.

Bəxtim nə yaman yatdı, röyama zəhər qatdı,
Ümmanda ümid batdı, səhrada güman azdı.

Ahda nə güzarlar var, bilməz belə səyyahlar,
Çəkdim neçə min ahlar, dərgah da birin yazdı.

Göylər dedi dildarə, çək Mahcamalı darə,
Sənsiz o məhiparə yox çarəsi, nasazdı.

* * *

Şükür olsun sənə, ey can ki, canın canə yetir.
Şükür olsun ki, muğam bir təzə meydanə yetir.

Yenə əlvandı könül, əhd ilə peyman eləyir.
Yenə avazlı kəlam aləmi xoş anə yetir.

Qəmi-hicran ötüşür, saqi, göz aydınlığı var,
Yenə vəslin qədəhi aşiqi-nalanə yetir.

Əriyir, şəm var olur, zülməti-hicri kəm edir.
Yenə pərvazı üçün nuruna pərvanə yetir.

Yenə ariflərə məxsus dürü-məna düzülür,
Belə dürr eşqə düşən sirrili ümmanə yetir.

Deməyin müşkül olur çarəsi biçarələrin,
Çün muğam ilə cahan dərdi də dərmanə yetir.

Qəm üçün, Mahcamal, ahın qəməsin çəkmə daha,
Onu ram eylə, muğamat ilə imanə yetir.

* * *

Qəmi tərk eyləyirəm, qəm məni tərk eyləməyir.
Belə əhval, belə görkəm məni tərk eyləməyir.

Çəkib ahlar qəməsin, can yenə min qanə düşüb,
Düzülüb külü kədər cəm məni tərk eyləməyir.

Qəm ələm zirvə görüb, dərdimin ah dağı uca,
Nədən, ey can, qəmi-ötkəm məni tərk eyləməyir.

Tükənib bitməyi yox, hicr yolu sonsuz olub,
Vüsal eşqim, gülü-şəbnəm məni tərk eyləməyir.

O güman, səbrü-qərar qəvvasi-ümmanə dönüb,
Acı dəm, dürrüvü-həmdəm məni tərk eyləməyir.

Eli el, dağları dağ, bağları bağnan bir olan,
O sənəm Şuşa, o dilqəm məni tərk eyləməyir.

Vətən hər parəsini, Mahcamal, ahəstə sevir,
O fikir cəm ola ölkəm məni tərk eyləməyir.