Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


Qarabağ: ağrılarımız, acılarımız...
 

Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


 

ƏSGƏR ATASI

Əsgər həyatında, cəbhədə qısa müddət bəsdir ki, tanıyasan - yoldaşın kimdir, necə adamdır. Müzəffər kişi ay yarım bizimlə birgə xidmət etdi, çətin günün yoldaşı oldu. Vur-tut ay yarım! Təxminən qırx-qırx beş gün ərzində hamımızın ürəyinə yol tapa bilmişdi.
Yaşca özündən xeyli kiçik, övladları yerində əsgərlər onu nədənsə russayağı "Batya" çağırardılar. Müzəffər kişi isə inciməz, "ağsaqqal", "atam" kimi o sözü qəbul edərdi.
Bəstəboylu M.Əsədovun saç-saqqalında ağ tüklər üstələməyə başlamışdı. Aylar, illər alnına, sifətinə, boynuna dərin qırışlar salmışdı və hiss olunurdu ki, ömrünü-gününü çölçülükdə, işdə-gücdə keçirmiş, həyatın hər özünü görmüş adamdır. İri əsgər papağını qaşlarınacan, qulaqlarının üstünəcən endirərdi. Təzə kamuflyaj alıb geyinmişdi. Arıq bədəninə altdan-üstdən o qədər paltar keçirmişdi ki, elə bil dizlərinə çatan buşlatın altında nəyisə gizlətmişdi. Söhbət düşəndə "soyuqla zarafat eləmək olmaz, oğul, qoy bizə dəyən soyuq paltara dəysin", - deyirdi. Əsgərlərdən fərqli olaraq uzunboğaz botinka əvəzinə çəkmə geyirdi ki, "ağır olsa da, soyunub geyinməyə rahatdır".
"1993-cü ilin soyuq oktyabr ayı idi, - Lənkəran rayonunun Boladi kəndinin sakini Vüqar Mirzəyev xatırlayır, - cəbhəyə tezliklə yola düşməliydik. Batyaya həmin günlərdə hərbi komissarlığın həyətində rast gəlirdim.
Bir dəfə gördüm ki, cavanlar başına toplaşıb. Uşaqlar ondan soruşdu ki, kimi yola salır? Batya özü ərizə verib, könüllü cəbhəyə getdiyini dedi".
Lənkərandan gəlmiş əsgərlərin əksəriyyətini təlim mərkəzində bizim tabora verdilər. İlk gündən Müzəffər kişi təmkinilə diqqətimi cəlb etdi və məndə özünə rəğbət oyatdı.
Bir dəfə Lənkərandan döyüşçülərə yardım gətirmişdilər. Bölüb paylamaq üçün Müzəffər kişini də çağırdıq. Mən onda əmin oldum ki, Batya nə qədər təmiz, tapşırılan işə necə vicdanla yanaşan adamdır. Xurmanı, mandarini, limonu sanki dənə-dənə, qram-qram böldü və bunu hamının gözü qarşısında etdi. "Belə yaxşıdır, oğul, qoy heç kimin nəfsi qalmasın, yersiz söz-söhbət olmasın",- dedi.
Mən onunla tez-tez söhbət etməyi xoşlayardım və əsgəri qaydada yox, sadəcə "oğul" deyə mənə müraciət edərdi.
"Torpaqlarımızın işğal olunması məni çox ağrıdırdı, oğul, - deyirdi. - Biz aciz xalq deyilik ki, ermənilərin qabağından qaçaq. Arada şeytan var, şeytanın əli olmasaydı, bu qələti onlar eləyə bilməzdilər. Prezident Heydər Əliyevin müraciətindən sonra özümə yer tapmırdım. Nə eləyəsən, başına haranın daşını tökəsən. Çox götür-qoydan sonra hərbi komissarlığa gəlib ərizə verdim ki, cəbhəyə gedirəm. Yaşlı olanda nə olar, bu ağır gündə cavanlara gərək yol göstərək, nümunə olaq".
Və Müzəffər kişi bunu elə sakit, elə səmimi danışırdı, sanki demək istəyirdi: qonşuya borcum var, aparıram onu verim. Beləcə sadə, təkəbbürsüz, borc kimi, hərəkətində igidlik-filan axtarmadan.
Halbuki onun əməli hər cür hörmətə, təqdirə layiqdi. 57 yaşında bir çətən külfəti atıb cəbhəyə getməsəydi, kim idi onu qınayan? Oturardı evində, balaları üçün gündəlik bir tikə çörəyin qayğısına qalardı. Təqaüd vaxtına nə qalmışdı ki?
Müzəffər kişi xalqımıza qarşı yol verilmiş ədalətsizliyə göz yuma bilmədi. Yaşının ötməsini üzünə qalxan etmədi. "Torpaq qeyrətini çəkmək mənə qalmayıb k ?!", - demədi. Əyninə əsgər paltarı geyinib dar gündə silah əldə Vətənin müdafiəsinə qalxdı. Bu şərəfli və çətin addımı batya şüurlu atdı - on səkkiz yaşında dəliqanlı, yeniyetmə deyildi ki, düşünülməmiş hərəkətə yol verəydi. Yaşının ahıl vaxtında güllə qabağına gedəndə o bilirdi nə edir.
"Uşaqlar böyüyüblər, özlərini saxlayacaqlar. Bir narahatlığım əsgərlikdəki oğlumdandı", - deyə kiçik oğlu Ziya barədə qayğılanırdı. Əyninə əsgər paltarı geyindiyi gündən silahdaşlarına yük olmaq istəmirdi və atdığı addımın çətinliyinə mərdliklə sinə gərirdi.
- Düzlən! - komandası verildimi, əsgərlərdən tez sıraya gələrdi. Təlimdə də cavanlarla ayaqlaşmaq onunçün nə qədər çətin olsa da, tapşırılan hər işi can-başla yerinə yetirirdi. Batya da intizamlılığı ilə sanki gənc əsgərlərə demək istəyirdi ki, orduda kimliyindən, yaşından asılı olmayaraq hamı komandirin əmrinə tabe olmalıdır.
Təlim mərkəzində bir gün bərk külək qopdu və az qala çadırları aşıracaqdı. Özü əsgərlərin qabağına düşüb kəndir-filan tapdı, çadırları onlarla birlikdə bərkitdi. Və yadımdan çıxmaz, əsgərlərə məsləhət gördü ki, kəndirdən kəsib götürsünlər. "Turist gəlməmişik ki, döyüşə gəlmişik. Birdən elə vaxt lazım olar ki, qalarsan məəttəl. Heç kəs köməyinə yetməz".
Əsgər çantasını həmişə çiynində gəzdirərdi və onun içində bıçaqdan, patrondan tutmuş suxariyədək hər şey saxlardı. "Vaxt gələr, lazım olar", - deyə işini möhkəm tutardı.
Müzəffər kişinin bir "qəribəliyini" də unutmayacam. Özü ilə evdən gətirdiyi baltanı həmişə yanında, kəmərinin başında gəzdirirdi.
- Batya, balta nəyinə gərəkdir?- soruşanda şəhadət barmağını qaldırıb özünəməxsus təmkinlə izah edirdi:
- Oğul, balta çox lazımlı alətdi, çöllükdə hər an köməyinə çatar. O da ola cəbhədə, döyüşdə. Külək qopanda gördün necə dadımıza yetdi!
Bir dəfə eşitdim ki, Züvlə kəndindən ağsaqqala məktub gəlib. Orduya qədər briqadiri olduğu çayçılar manqasının qızları yazmışdılar. Deyəsən, təzə briqadir təyin etmək istəyirmişlər, manqa üzvləri isə razı deyildilər, çayçı qızlar sevimli briqadirin - Müzəffər Əsədovun yerində başqasını təsəvvür etmirdilər və yazırdılar ki, "səbirsizliklə yolunu gözləyirik".
Qədirbilən çayçı qızların məktubu onu kövrəltsə də, "Allah qoysa, müharibədən sonra", - deyə xəbər göndərmişdi.
Müzəffər kişi əvvəllər uzun müddət sürücü də işləmişdi. Özünün söylədiyinə görə, Qarabağın hər kəndində-kəsəyində olmuşdu və o yerləri qarış-qarış gəzdiyindən yaxşı tanıyırdı. Kəşfiyyata getməyə də hazır idi. "Laçında, Zabuxun körpüsündə yolu bağlasan, elə bil ayağını qoyarsan düşmənin boğazına", - sadəlövhcəsinə deyərdi.
Tez-tez xidmətdə olan oğlu Ziyanı yada salar, narahatlığını gizlətməzdi. "İmkanım olsa, Ziyanı da yanıma gətirtdirərdim", - deyə mənimlə dərdləşərdi.
Yeni ili təlim mərkəzində keçirdik. Yanvarın 3-ü idi. Gecə saat 12-də həyəcan siqnalı verildi və bizi göndərdilər Ağdam bölgəsinə.
Buludlu hava idi, ətrafa çökmüş duman, çisgin gah çəkilir, gah da hər yanı görünməz edirdi. Bilmək olmurdu ki, günəş haradan çıxıb harada batır.
Ermənilər Güllücə kəndindən aralıda alçaq təpəliyin üstündə mövqe tutmuş, möhkəmlənmişdilər. Kənd təhlükə altında idi. Düşməni geri oturtmaq lazım idi. Əməliyyat şəraiti aydınlaşdırıldıqdan sonra birləşməmiz döyüşə girdi. Döyüşçülərimiz üzümlüklə irəliləməli və düşmənə arxaya, kanaldan geriyə atmalı idilər. Müzəffər kişi də komandirinin narazılığına baxmayaraq əsgərlərin sırasında idi.
Düşmən hər vəchlə müdafiə olunmağa çalışırdı. "Qrad" maşınının, tankın, PDM-in, minomyotun mərmi yağdırmasına baxmayaraq, əsgərlərimiz duman çökməsindən istifadə edib erməniləri sıxışdırmağa başladılar. İtkimiz yox idi. İşlər əla gedirdi.
Yavaş-yavaş duman seyrəlirdi, ətraf kinodakı kimi aydınlaşmağa başladı. Ermənilər bundan istifadə edib aprtilleriya atəşinə düzəliş verdilər. Təhlükə getdikcə yaxınlaşır, mərmilər üzümlükdə, əsgərlərimizin həndəvərində partlayırdı.
- Batya yaralandı! - döyüşçülərimizdən kimsə qışqırdı.
Mina Müzəffər kişinin lap yaxınlığına düşmüş, qəlpə onun kürəyindən və qolundan dəymişdi.
"Batyanın yaralandığını görüb iki nəfərlə tez onun yanına qaçdıq, - əsgər Teymur Məmmədov danışırdı. - Özünün bıçağı ilə dərhal paltarını kəsib yaralarını sarıdıq. Bu vaxt tibb bacısı Tərgül Kərimova özünü yetirdi. Batyanı təcili yardım maşını ilə qospitala götürdülər".
Həmin döyüşdə düşməni geri atsaq da, Müzəffər kişini sağaldıb həyata qaytarmaq mümkün olmadı. Yaralandıqdan sonra özünü sındırmasa, gümrah aparmağa çalışsa da, aldığı ağır xəsarətdən gözünü hospitalda birdəfəlik yumdu. Canını tapşırarkən dilində donmuş və adamı kövrəldən bir kəlməni bizə çatdırdılar: "Ziya!"Çox çalışsa, narahatlıq keçirsə də, əsgər oğlunu bölməmizə gətirdə bilmədi və bu niskili özüylə son mənzilə apardı.
Bu hadisədən bir müddət sonra qısa məzuniyyətə gedən əsgərlərimizi hərbi hissənin qərargahına aparmışdıq. Onların xarici görünüşünü bir daha yoxladılar və məzuniyyət vərəqələrini payladılar əsgərlərə. Maşın gəlməli idi ki, onları avtobus dayanacağına aparsın. Ona görə bir qədər gözləməli olduq.
Qərargahda iş başdan aşırdı. Bir partiya əsgər gətirmişdilər və zabitlər onları bölüb yerləşdirməklə məşğul idilər.
- Komandir, zəhmət olmasa, buraya gəlin, - deyə gizir Loğman Sadıqov məni bir qədər aralıda toplaşmış əsgərləri yanına çağırdı.- Burada bir əsgər var, bizim tabora keçmək istəyir.
- Niyə məhz bizim tabora?- deyə maraqlandım.
- Atam orada xidmət eləyib, - arıq əsgər cavab verdi. Daha sual ver­məyə­cəyimdən ehtiyat edirmiş kimi tez də əlavə elədi: - Çoxdan istəyirdim ki, buraya dəyişdiriləm. Yaxşı ki, indi şərait yarandı. Komandir, xahiş edirəm, kömək edin.
- Atan kimdir? - Düşünürəm ki, yəqin, zabitlərdən kiminsə oğludur.
- Müzəffər Əsədov.
Heç ağlıma gəlməyib! Atasından bir qədər hündür olar. Gözləri, nazik çənəsi elə bil atasınkıdır. Müzəffər kişi ilə söhbətlərimiz yadıma düşür.
- Yoxsa, Ziyasan? - maraq hər şeyi üstələdi.
- Bəli, komandir, - əsgər cavab verdi.
- Atanın arzusu gec də olsa, doğruldu,- deyə köksümü ötürürəm.

CƏBHƏ YOLLARINDA

Tank­la­rın, top­la­rın mər­mi­lə­ri uğul­tu ilə dü­şüb ça­la­lar aç­ma­sa da, bu yer­lər­də on-on iki il əv­vəl ol­du­ğu ki­mi dö­yüş­lər get­mə­sə də, tor­paq yol­la irə­li­lə­yər­kən dər­hal hiss edir­sən ki, cəb­hə yo­lun­da­san. Bu yo­lun yol­çu­la­rı əsa­sən hərb­çi­lər­dir və tor­paq üzə­rin­də hər­bi yük ma­şın­la­rı­nın "mö­hür­lə­di­yi" lə­pir­lər­dən başqa avtomobillərin izinə bu istiqamət­də rast gəl­mək çətindir.
Xidməti işimizlə əla­qədar hər­dən mənim yolum da bu yerlə­rə dü­şüb və hər də­fə cəb­hə böl­gəsi­nə gəl­mək və bu kə­lə-kö­tür, palçıq­lı yolları "öl­çər­kən" hə­yəcanlanmamaq olmur. Amma heç ağlıma gətirməzdim ki, səh­hətində ciddi problemlərin olmasına baxmayaraq, xalqı­mı­zın sevimlı şairi Məm­məd Araz da bu çətin yolları keçib 2002-ci ildə cəb­hə böl­gəsi­nə - Və­tənin keşikçiləri­nə baş çək­mə­yə gəlibmiş! Ən maraqlı­sı isə o idi ki, xalq şairinin gəlişini burada "əbədi­ləşdirmişdilər"... İndi tozlu-torpaqlı cəb­hə yolları şairin izilə bizi ön xət­tə aparır­dı. Gö­rə­sən, onda Məm­məd Araz bu yerlər­də hansı hissləri keçirmişdi?
Düş­mən­lə üz­bəüz sən­gər­lər­də ke­şik­də da­yan­mış dö­yüş­çü­lə­ri­miz­lə bizi gö­rü­şə apa­ran ma­şın qı­rı­cı təy­ya­rə ki­mi ar­xa­sın­ca qa­tı toz-du­man bu­ra­xa­raq irə­li­yə doğ­ru şü­tü­yür. İçə­ri­yə do­lan toz çə­ki­siz­lik şə­rai­tin­də­ki tək sa­lon­da "uçur". İstər-is­tə­məz fi­kir­lə­şir­sən ki, Və­tə­nə sə­da­qət­lə xid­mət edən və ax­şam-sə­hər bu yol­lar­da ad­dım­la­yan za­bit və əs­gər­lər fə­da­kar in­san­lar­dır.
Yo­lun hər iki tə­rə­fin­də zəh­mət­keş əl­lə­ri­nin tə­ma­sı­na uzun il­lər­dir həs­rət qal­mış tar­la­lar­dan keçirik və ön xət­tə, sən­gər­lə­rə ya­xın­laş­dı­ğı­mız ay­dın hiss olu­nur.
- Möv­qe­lə­ri­miz bu tə­pə­li­yin ar­xa­sın­da, yük­sək­lik­də­dir, - zabit Müş­fiq Oru­cov ar­xa­ya çev­ril­mə­dən əli ilə ma­şı­nın pən­cə­rə­sin­dən qa­ba­ğı gös­tə­rir. - Əs­gər­lə­ri­miz ge­cə-gün­düz sən­gər­lər­də ke­şik çə­kir­lər.
Şəm­kir­də do­ğu­lub bo­ya-ba­şa çat­mış za­bit Ba­kı Ali Bir­ləş­miş Ko­man­dir­lər Mək­tə­bi­ni (in­di­ki Hey­dər Əli­yev adı­na Azər­bay­can Ali Hər­bi Mək­tə­bi­ni) 1995-ci il­də bi­ti­rib. Si­fə­ti­nin gün­də qa­ral­ma­sı gös­tə­rir ki, gü­nün çox his­sə­si­ni açıq ha­va­da ke­çi­rir. Əs­lin­də, hərb­çi be­lə - möh­kəm ira­də­li, çə­tin­lik­lər­dən qorx­ma­yan və pe­şə­si­nə sə­da­qə­ti hə­mi­şə uca tu­tan ol­ma­lı­dır.
Ma­şın yo­xu­şu qal­xıb bu çöl­lük­də va­hə­yə bən­zə­yən əs­gər məs­kə­ni­nə ya­xın­la­şır və böl­mə­nin qar­şı­sın­da da­ya­nır. Böl­mə ko­man­di­ri mə­tin ad­dım­lar­la rəi­si­nə ya­xın­la­şıb mə­ru­zə edir. Mə­lum olur ki, gün ər­zin­də heç bir föv­qə­la­də ha­di­sə baş ver­mə­yib.
Bir ne­çə əs­gər tə­yin olun­muş yer­də si­la­hı­nı tə­miz­lə­yir­di. Pos­ta qalx­ma­ğa ha­zır­la­şan əs­gər­lər isə ya­raq­la­nıb-ya­saq­la­nıb də­yiş­di­ri­ci ilə bir­lik­də sən­gə­rə sa­rı ad­dım­la­yır­dı­lar.
Bir qə­dər ara­lı­da əs­gər­lər öz­lə­ri üçün tur­nik dü­zəl­dib­lər. Böl­mə­də boks hə­vəs­ka­rı­nın xid­mət et­di­yi­ni də gör­dük. Bu­nu qum­la dol­du­rul­muş və ya­taq­xa­na­nın qa­ba­ğın­da asıl­mış tor­ba gös­tə­rir­di. Mə­lum ol­du ki, "ar­mu­du" gi­zir Qur­ban Qur­ba­nov asıb. III də­rə­cə­li id­man­çı olan Qur­ban asu­də vaxt­la­rın­da məşq edir.
Dö­yüş­çü­lə­ri­mi­zin id­ma­na ma­ra­ğı tə­bii­dir. Hər­bi xid­mət elə bir sa­hə­dir ki, id­man, fi­zi­ki ha­zır­lıq za­bi­tə də, gi­zi­rə də, əs­gə­rə də hər an la­zım olur. Xü­su­si­lə də cəb­hə böl­gə­sin­də.
Son il­lər­də bu­ra­da xey­li qu­ru­cu­luq iş­lə­ri gö­rül­dü­yü­nün şahidiyəm. Yu­xa­rı ko­man­dan­lı­ğın xü­su­si diq­qə­ti və za­bit­lə­rin sə­yi­lə şəx­si he­yə­tin məi­şət şə­rai­ti xey­li yax­şı­laş­dı­rı­lıb. Dö­yüş­çü­lə­rin ya­taq­xa­na­sı­na da­xil olan­da göz ox­şa­yan əs­gər­sa­ya­ğı sə­li­qə-sah­man gör­dük.
Qonaq gəldiyini eşidən əs­gər­lə­rin "qı­rı­şı­ğı" açıl­mış­dı, ma­raq və diq­qət do­lu ba­xış­la­rın­dan hiss edi­lir­di ki, əh­val-ru­hiy­yə­lə­ri yax­şı­dır.
Am­ma o da ay­dın­dı ki, bu­ra abad hər­bi şə­hər­cik yox, məhz cəb­hə böl­gə­si­dir. Və si­lah­dan ay­rı düş­mə­yən, az qa­la si­lah­la yu­xu­ya ge­dən və si­lah­la oya­nan oğul­lar, doğ­ru­dan da, düş­mən çə­pə­ri­dir­lər. On­lar si­nə­lə­ri­ni bu­ra­da Və­tən üçün, ana və ba­cı­la­rı­mız, hər bi­ri­miz üçün si­pə­rə çe­vi­rib­lər. Ya­yın qız­mar ça­ğın­da, qı­şın sərt so­yu­ğun­da be­lə­cə düş­mən­lə üz-üzə dö­yüş post­la­rın­da da­ya­nır, xid­mə­tin bü­tün çə­tin­lik­lə­ri­nə si­nə gə­rir­lər. Gü­nün ni­za­mı­na əməl et­mə­yə ça­lış­sa­lar da, is­tə­ni­lən an, hət­ta ge­cə­nin ya­rı­sı düş­mən "şıl­taq­lıq" edər­sə, hə­yə­can siq­na­lı ilə ya­ğı­nın ca­va­bı­nı ver­mək üçün bü­tün şəx­si he­yət aya­ğa qal­dı­rı­la bi­lər.
- Hə­lə­lik nis­bi sa­kit­lik­dir, - baş ley­te­nant Emil Ka­ma­lov bil­di­rir. - Am­ma dı­ğa­lar hər­dən­bir atı­cı si­lah­lar­dan atır, sü­ku­tu po­zur­lar. Bu, bi­zi qor­xut­mur. Dö­yüş­çü­lə­ri­miz gecə-gün­düz mü­şa­hi­də apa­rır­lar. Məkr­li düş­mə­nin is­tə­ni­lən təx­ri­ba­tı­nın qar­şı­sı­nı al­ma­ğa qa­di­rik.
Əl­bət­tə, bu­ra­ya gə­lib post­la­ra baş çək­mə­mək düz­gün ol­maz. Ona gö­rə sən­gər­lər­də­ki əs­gər­lə­ri­mi­zin ya­nı­na get­mək is­tə­di­yi­mi bil­di­ri­rəm. Za­bit­lər­lə bir­gə tran­şe­yə ke­çir, yük­sək­lik­də­ki atəş möv­qe­yi­nə qal­xı­rıq. Hiss olu­nur ki, tran­şe­yə tə­zə əl gəz­di­ri­lib.
- Tez-tez sən­gər­lə­ri tə­miz­lə­di­rik, - za­bit Müşfiq Oru­cov de­yir. - Yox­sa, kü­lə­yin, ya­ğı­şın tə­si­rin­dən uçu­lub da­ğı­lar. Hə­rə­kət elə­mək ol­maz.
A­təş möv­qe­yi tə­pə­nin üs­tün­də, mü­na­sib yer­də­dir. Ət­ra­fı bu­ra­dan yax­şı mü­şa­hi­də et­mək, hən­də­və­ri nə­za­rət­də sax­la­maq müm­kün­dür.
Ba­şın­da də­bil­qə dö­yüş pos­tun­da da­yan­mış əs­gər Vü­sal Əb­dül­rəh­ma­nov Oğuz ra­yo­nun­dan­dır. Ar­tıq bir ilə ya­xın­dır ki, or­du sı­ra­la­rın­da xid­mət edir. On­dan və­ziy­yə­ti xə­bər alı­ram.
- Sə­hər tez­dən ora­da sən­gə­rin içi­ni tə­miz­lə­yir­di­lər, - dö­yüş­çü düş­mən möv­qe­lə­ri­ni gös­tə­rib de­yir. - Bir qə­dər əv­vəl isə tə­pə­nin ar­xa­sı­na ZİL-131 mar­ka­lı yük ma­şı­nı gəl­di.
- Am­ma ara­bir atır­lar, - bu­nu əs­gər İlham Rə­şi­dov söy­lə­di. - Atan­da ko­man­dir­lə­ri­mi­zə bil­di­ri­rik, son­ra eh­ti­yat­la erməni­lə­rin hə­rə­kə­ti­ni mü­şa­hi­də edi­rik. Ko­man­da alın­sa, düş­mən atəş­lə sus­du­ru­lur.
Düş­mən atəş­kəsi pozan kimi dər­hal dö­yüş hə­yə­ca­nı siq­na­lı ve­ri­lir, yu­xa­rı ko­man­dan­lıq ha­di­sə ba­rə­də mə­lu­mat­lan­dı­rı­lır. Şəx­si he­yət əv­vəl­cə­dən tə­li­mat­lan­dı­rıl­dı­ğı ki­mi sən­gər­lər­də möv­qe tu­tur. Rəh­bər­lik ne­cə gös­tə­riş ver­sə, dö­yüş­çü­lər elə də hə­rə­kət edir­lər. Baş­qa cür ola da bil­məz.
Son gün­lər bu­ra­da han­sı ha­di­sə­lə­rin baş ver­di­yi ilə ma­raq­la­nı­ram. Za­bit Müşfiq Oru­cov deyir:
- Post­la­rı­mız­da hər man­qa­nın öz mü­şa­hi­də jur­na­lı var. Növ­bə ər­zin­də han­sı ha­di­sə baş ver­sə, əs­gər­lər jur­nal­da qeyd edir­lər.
Əs­gər­lə­rin qeyd­lə­ri ilə ta­nış olub ma­raq do­ğu­ran ha­di­sə­lər ba­rə­də dəf­tər­çə­mə ya­zı­ram:
11 av­qust. Düş­mən tə­rəf­də "Ural" mar­ka­lı ma­şın mü­şa­hi­də olu­nub.
13 av­qust. Düş­mən tə­rəf­dən snay­per tü­fən­gin­dən üç ədəd gül­lə atıl­mış­dır.
14 av­qust. Sə­hər tez­dən düş­mən əs­gər­lə­ri sən­gər tə­miz­lə­yib­lər.
17 av­qust. Sa­at 11 ra­də­lə­rin­də düş­mən tə­rəf­dən av­to­mat­dan 20 ədəd gül­lə atı­lıb.
22 av­qust. Üç düş­mən əs­gə­ri sən­gə­rin üs­tün­də mü­şa­hi­də olu­nub.
Mə­lu­mat­lar be­lə­cə la­ko­nik və konk­ret­dir. Şüb­hə­siz, bü­tün qeyd­lər ba­rə­də qə­zet­də yaz­maq ol­maz. An­caq hiss olu­nur ki, düş­mə­nin təb­li­ğa­tı­nın ək­si­nə ola­raq, dı­ğa­lar o qə­dər də in­ti­zam­lı və ha­zır­lıq­lı de­yil­lər. Dö­yüş­çü­lə­ri­mi­zin in­ti­za­mı, ha­zır­lı­ğı isə bi­zi se­vin­dir­mə­yə bil­məz. Əs­lin­də, bu­ra­da gör­dük­lə­rim or­du­muz­da ötən il­lər ər­zin­də baş ver­miş də­yi­şik­lik­lə­rin ba­riz nü­mu­nə­si­dir. Giz­lət­mə­yə nə eh­ti­yac var, bir vaxt­lar möv­qe­lə­ri­miz­də heç sən­gər be­lə qa­zıl­mır­dı. İnti­zam­sız­lıq baş alıb ge­dir­di. Nə­ti­cə­də, tor­paq­lar əl­dən get­di, ağır it­ki­lər ver­dik.
İndi və­ziy­yət, əl­bət­tə, xey­li də­yi­şib. Bu­na hər­bi his­sə­lə­ri­mi­zə, cəb­hə böl­gə­lə­ri­nə baş çə­kər­kən bir da­ha əmin olur­san.
- Odur, er­mə­ni­lər­dən bi­ri gö­rü­nür, - əs­gər üs­tüör­tü­lü atəş möv­qe­yi­nin "pən­cə­rə­sin­dən" qa­ba­ğı gös­tə­rir. Doğ­ru­dan da, qar­şı­da­kı sən­gər­də bir qa­ral­tı­nın hə­rə­kə­ti mü­şa­hi­də edi­lir. An­caq əs­gər­lə­ri­miz atəş aç­mır­lar. Çün­ki bu ba­rə­də ko­man­da ve­ril­mə­yib. Əgər "qa­ra­ba­la­ya" əmr edil­səy­di, əmi­nəm ki, dı­ğa­nın qa­ral­tı­sı hə­rə­kə­ti­ni bir­də­fə­lik da­yan­dı­ra­caq­dı. Bu­nun özü də in­ti­zam­dır. İnti­zam­lı dö­yüş­çü isə qə­lə­bə­yə da­ha şans­lı­dır.
Za­bit Müşfiq Oru­covla razılaşdı­ğı­mız kimi, nəha­yət, xalq şairi Məm­məd Arazın əs­gər­lərimizə baş çəkdiyi posta gedirik. Dö­yüş­çü­lərimizin tə­pəliyin başında olan müdafiə mövqeyinə dolanbac tranşeylə qalxdıqca istər-istə­məz töv­şü­yü­rük. Postla erməni mövqeləri arasında hava məsa­fəsi 100-150 metr olar. Ancaq əs­gər­lərimiz burada düş­mən­dən çəkinmirlər. Qarayanız azərbaycanlı balası: " buralar da, qarşıda­kı erməni mövqeləri də bizim də­də-baba torpaqları­mız­dır, niyə çəkinməliyik ki?! Qoy erməni­lər bizdən çəkinsinlər", - deyir.
"Bəs gö­rə­sən, xəs­tə şair bu yük­səkliyə necə qalxa bilib?" - deyə dü­şü­nü­rəm. Sonra da sanki sualı­mın cavabı­nı özüm tapıram: "Və­tən mə­nə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim", - deyən və­təndaş şairin bir sən­gə­rə qalxması nədir ki?!
-Bu post dö­yüş­çü­lərimiz arasında ən məşhur yerdir,- za­bit Müşfiq Oru­cov deyir.- Şair ön xət­tə gə­lən­də bu posta da qalxmış­dı. Dö­yüş­çü­lər yük­səkliyi o vaxtdan Məm­məd Araz postu adlandı­rırlar. Sevimli xalq şairinin adı­nı daşıyan sən­gər­də əs­gər­lərimiz fəxr­lə dö­yüş növ­bəsində dayanırlar.
...Mən hər­bi his­sə­ni tərk edən­də ar­tıq gün ax­şa­ma əyil­miş­di. An­caq ov­qa­tım yük­sək və xoş idi. Hə­lə də xə­ya­lən sə­mi­mi və gü­lə­rüz, Və­tə­nə bor­cu­nu ki­şi ki­mi ve­rən və onun yo­lun­da hər cür fə­da­kar­lı­ğa ha­zır olan dö­yüş­çü­lə­ri­mi­zin ya­nın­da idim. Və hə­min tor­paq yol­la ge­ri qa­yıt­dıq­ca dü­şü­nür­düm: bu cəsur oğullar çox şe­yə qa­dir­dir­lər.

                                                                                                                        Yay, 2005

BİR TƏŞƏKKÜRÜN TARİXÇƏSİ

Şəxsi arxivimdə 1993-cü ildə yazıl­mış və cəb­hə həya­tı­mın ən həssas və yaddaqalan anları­nı özün­də yaşadan sə­nəd­lər arasında bir məktub saxlayıram. Əslində, vaxtın artıq xeyli saraltdı­ğı və adi makina kağı­zında əl­lə yazıl­mış məktub mən­də qalmamalı, Qax rayonuna gön­dərilməli idi. Bu, bir tə­şək­kür məktubu idi və cəsur dö­yüş­çü­lərimizdən Əziz Abdullayevin atası Seyfulla kişiyə ünvanlanmış­dı...
1992-ci ilin dekabrında mən artıq işğal altında olan Laçın rayonunun cənubundakı sonuncu kənd­lər­də müdafiə mövqeyində dayanmış tabora sosial-siyasi işlər üz­rə komandir müavini gön­dərildim. O vaxt burada nəinki peşəkar, hətta mülkidən çağı­rıl­mış zabitlər tək-tük idi və bir çox zabit vəzi­fə­lərini rüt­bəsiz, lakin qoçaq, dö­yüş­çü­ləri arxasınca apara bilən əs­gər­lə­rə həva­lə etmişdilər. Mülki şəxs olan tabor komandiri isə dö­yüş­lər­də yaralandı­ğı üçün hospitala gön­də­rilmişdi.
Vəziyyət­lə tanış olmaq üçün tabor komandirini əvəz edən Muxtar Haşımovla Səfiyan, Aşağı Fə­rəcan, Yuxarı Fə­rəcan kənd­ləri­nə qalxdıq. Dinc sakinlər artıq buranı tərk etmişdilər, adda-budda evlər­də isə əs­gər­lər qalır­dılar. Hamı­sı­nın üz-başı­nı tük basmış­dı, kimsəsiz adada qalmış Robinzon Kruzoya bən­zəyirdilər.
Əl­bət­tə, indiki anlamda hərbi intizamdan əsər-əla­mət yox idi. Dö­yüş­çü­lə­rin ço­xu So­vet or­du­sun­da xid­mət et­miş gənc­lər idi. Bizi gö­rən ki­mi bəzi əs­gər­lər hamamla, geyimlə, təminatla, hətta silah-sursatla bağlı şikayət­ləri üzərimizə yağdırmağa başladılar.
- Nə vaxtdı çimə bilmirik, sabun yoxdur.
- Haçan çək­mə verə­cək­lər, dağda-daşda ayağı­mızdakılar cı­rı­lıb.
- Niyə adam sayına çö­rək gətirmirlər?
- Erməni postlarında DŞK pulemyotları qoyulub, bizdə adi pulemyot belə çatış­mır.
Əlimizdə, açı­ğı, elə bir imkan olmasa da, problemlərin həllinə çalışacağı­mı­zı deyirik. Şüb­həsiz, gör­dük­lərimizdən ürəyimiz ağrı­yır, ancaq dö­yüş­çü­lə­rə ürək-dirək vermə­yə, çətinliklərin mü­vəq­qəti olduğuna, torpaqları­mı­zı düş­mən­dən azad edən­dən sonra ev-eşiyimizə qayıdacağı­mıza inandırmağa çalı­şı­rıq.
Bö­lük­lər­də, doğrudan da, Və­tənin müdafiəsi­nə kö­nül­lü qalxan, ürək­lə dö­yüş­lə­rə gedən layiqli oğullar az deyildi. Belə bir dö­yüş­çü ilə daha bir postu yoxlayarkən tanış oldum. Çavuş Əziz Abdullayevin qoruduğu post Hə­kəri çayı ilə yanaşı, üzüyuxarı Laçına tə­rəf uzanan asfalt yolun üs­tün­də, işğal edilmis Malxə­ləf kəndinin qarşı­sında "Uçan gav" deyilən yerdə idi.
Yəqin ki, gəldiyimizi buradakı dö­yüş­çü­lə­rə di­gər post­lar­dan ratsiya ilə xə­bər vermişdilər və posta yaxınlaşanda taqı­mın iki cər­gə dü­zül­dü­yü­nü gör­dük. Ortaboylu, gü­lüm­sər başçı tabor komandirinə vəziyyət barə­də hərbi qaydada məlumat verdi.
- Əziz Abdullayevin ko­man­dir ol­du­ğu taqım ən yaxşı böl­mə­lərimizdəndir, - Muxtar Haşımov üzü­nü mə­nə tutub dedi.
Taqımdakı o dövr üçün normal sayıla bilən intizam, dö­yüş­çü­lərin xoş ovqatı bizim də əhval-ruhiyyəmi­zə sirayət etdi. Əv­vəl­cə elə dü­şün­düm ki, taqım komandiri zabitdir. Rüt­bəni bildirən paqon, ulduzlar həmin vaxt çoxlarında yox idi. "Bəs zabitdirsə, niyə heç olmasa, bö­lü­yə yox, taqıma rəh­bərlik edir?"
- Əziz zabitdir? - Muxtar Haşımovdan astaca soruşuram.
- Yox əşi, - o, gü­lüm­sü­nür. - Əs­gər­lərin arasından seçib qoymuşuq. Çox bacarıq­lı oğlandır.
Əziz Abdullayevin rəh­bər­lik et­di­yi taqım mən­də olduqca nik­bin təəs­sürat oyatdı. Qıv­rım saçlı, qaxlılara məxsus şirin ləh­cə ilə danışan çavuşa sonralar hör­mətim daha da artdı. Onda lider xarakteri vardı və taqı­mın əs­gər­lərini öz ətrafında birləşdirməyi bacarmış­dı.
Düş­mən postları qarşıda­kı yük­səkliklər­də yerləşdiyindən, əslində, çö­kək­də qalmış dö­yüş­çü­lərimizin vəziyyəti ürəkaçan deyildi və orada duruş gətirmək çox çətin idi. Düş­mən tez-tez müx­təlif istiqamət­lər­dən həmin mövqeni güc­lü atə­şə tutur, postdakı əs­gər­ləri­mi­zə goz acmağa imkan vermirdilər. Ancaq mahir qumbaraatan olan Əzizin qorxmazlı­ğı dö­yüş­çü­lə­rə bö­yük inam verirdi və əmin idilər ki, erməni­lər bu istiqamət­dən mövqelərimizi yara bilməz­lər. Hər­dən yarızarafat, yarıciddi soruşurdum:
- Əziz, birdən postu əl­dən verərsiniz ha!
- Yox, komandir, - gü­lüm­sü­nər və tez-tez təkrarladı­ğı söz­ləri deyərdi. - Biz ki varıq, cin kimi uşaqlarıq! Erməni bizə bata bilərmi?
Qanlı dö­yüş­lər getdiyi həmin ərə­fə­də ordumuz hə­lə vuruşa-vuruşa formalaşmaqdaydı. Ön cəb­hə­də dö­yü­şən oğulların hansısa qaydada mükafatlandı­rılması, hə­vəs­ləndirilməsi üçün, doğrusu, elə bir imkan yox idi və bir çox hallarda buna heç cəhd də gös­tərilmirdi. Onda tabor komandirinin sosial-siyasi iş üz­rə müavini kimi mən, seçilən dö­yüş­çü­lərin valideynləri­nə tə­şək­kür məktubları yazmaq fikrinə düş­düm. Məq­sədim qanlı-qadalı gün­lər­də Və­tə­nə səda­qət­lə xidmət edən, torpaqları­mı­zın müdafiəsi uğrunda fədakarlığa hazır olan dö­yüş­çü­lərimizin cəsurluğuna cüzi də olsa qiymət vermək, onları daha da ruh­lan­dır­maq idi.
Ancaq mənim bu tə­şəb­bü­sü­mü ciddi qarşılamayanlar da vardı. - Burada qır­ğın gedir, tə­şək­kür məktubunun vaxtı­dır? - deyən­lər də tapı­lır­dı. Mən­sə fikrimdən dön­mədim və 1993-cü ilin mayında 20-yə qə­dər nümu­nəvi əs­gərin valideynləri­nə özü­mün sər­bəst tərtib etdiyim məktubu yazdım. Bədbinləri başa salmağa çalı­şır­dım ki, mü­ha­ri­bə vaxtı yazıl­mış tə­şək­kür məktubları, zaman gə­lə­cək, dö­yüş­çü­lər və onların valideynləri üçün Və­tənin orden və medalları qə­dər də­yərli olacaq. Layiqli saydı­ğı­mız dö­yüş­çü­lər sıra­sında, təbii ki, çavuş Əziz Abdullayev də vardı.
"Hör­mətli Abdullayevlər ailəsi! Sizin oğlunuz Abdullayev Əziz taborumuzda əs­gəri xidmətini yerinə yetirir", - mətn belə başlanır­dı. Əzi­zin və tə­şək­kü­rə la­yiq gö­rü­lən di­gər oğul­la­rın in­ti­zam­lı ol­ma­la­rı, dö­yüş­lər­də də­fə­lər­lə fərq­lən­mə­lə­ri, iş­ğal edil­miş torpaq­la­rı­mı­zın azad olun­ma­sı üçün ürək­lə vu­ruş­duq­la­rı mək­tub­da vur­ğu­la­nır­dı. Onu da qeyd edim ki, hə­min 20 nə­fər­dən bir ne­çə­si son­ra­lar dö­yüş­lər­də mərd­lik­lə hə­lak ol­du. An­caq tə­şək­kür alan­lar­dan heç bi­ri dö­yüş­çü adı­nı lə­kə­lə­yən hə­rə­kə­tə yol ver­mə­di.
Məktubları hərbi hissə komandiri tə­rəfindən mö­hür­lətdikdən sonra valideynlə­rə gön­dər­mək niyyətində idim. Əziz isə demişdi ki, qısa­müd­dətli məzuniyyə­tə buraxılanda özü məktubu evləri­nə aparacaq.
Ancaq dö­yüş­lər getdiyindən və komandanlı­ğın başı qarı­şıq olduğuna gö­rə məktublara mö­hür vurdurmaq ləngiyirdi.
Artıq 1993-cü ilin avqustu idi. Düş­mən Laçın ra­yo­nu­nun zəbt olunmamış sonuncu kənd­ləri üzəri­nə güc­lü hücuma keçdi. Çavuş Əziz Abdullayevin baş­çı­lıq et­di­yi taqım da erməni­lərin ağır zər­bə­ləri­nə sinə gər­məli oldu. Malxə­ləf kəndi tə­rəf­dən çıx­mış düş­mən tankı hər tə­rəf­dən atəş yağmuruna tutulmuş "Uçan gav" postuna doğru as­falt yol­la irəli­ləyirdi. Amma inanır­dıq ki, həmin istiqamət­də müdafiə xəttimizi yarmaq dığalar üçün asan olmayacaq.
- Əziz yaralandı! - rabitəçinin çatdır­dı­ğı məlumat həmin anda qanı­mı­zı möh­kəm qaraltdı. Düş­mən tankı­nın atdı­ğı mərminin qəl­pəsi cəsur çavuşun qarnından tutmuş və ağır yaralamış­dı.
­Əzizi heç hospitala çatdırmaq müm­kün olmadı. Yolda sanitar-təlimatçıya son nə­fəsində dediyi söz­lər ürəyimizi ağrıt­dı: - Mən ölü­rəm, uşaqlara çatdı­rın ki, postu əl­dən verməsinlər.
Taqı­mın əs­gər­ləri Əzizin vəsiyyəti­nə sadiq qaldılar. Erməni­lər həmin gün "Uçan gav"ı ələ keçirə bilmədi­lər. Düş­mən tankı­nı isə dö­yüş­çü­lərimiz qumbaraatanla məhv etdilər.
Əziz Abdullayev həlak olandan sonra tə­şək­kür məktubunu Qaxa gön­dər­məyi, şüb­hə­siz, məs­lə­hət bilmədim və cəsur çavuşdan əziz xatirə kimi özüm­də saxladım.
O qanlı-qadalı illər­dən xeyli keçsə də, şəhidlər­dən söh­bət dü­şən­də, arxivimə nə­zər yetirən­də Əziz Abdullayevi və onun kimi sifət­ləri, səs­ləri, fədakarlıqları xatirimdən silinməmiş İlyas Cabbarovu, Sər­vər Zeynalovu, Yavər Qadaşovu, Faiq Sadıqovu, Rəşid Bağırovu, Və­tən uğrunda canlarından keçmiş digər dö­yüş­çü­ləri yad etməyi mə­nəvi borcum hesab edirəm. Belə oğullar tək­cə silahdaşları­nın deyil, bü­töv­lük­lə xalqın yaddaşında əbədi yer qazanıblar.
Bu yaxınlarda bir daha Əziz Abdullayevi və digər şəhidlərimizi yadıma salan bir hadisə baş verdi. Hə­lə Laçından tanı­dı­ğım, o yerlər­də dö­yüş yolu keçmiş və yaralanmış za­bit yol­da­şım Gəray Məm­mədovla təsa­dü­fən kü­çə­də üz-üzə gəldik. Onu çoxdan idi ki gör­mür­düm və gö­rü­şə hər ikimiz olduqca şad olduq. Gəray artıq bir neçə ildir ki, ordu sıralarından tərxis olunub. Hal-əhval tutduq, olub-keçən­lər­dən danış­dıq, Laçında, Qubadlıda, Cəbrayılda gedən dö­yüş­ləri xatırladıq.
- Kimləri gö­rə bilirsən? - Gəray soruşdu. Əl­bət­tə, birgə xidmət etdiyimiz və hər ikimizin yaxşı tanı­dı­ğı adamları nə­zər­də tuturdu. Əlaqə saxladı­ğım cəb­hə yoldaşlarım haqqında ona məlumat verdim.
- Sənin kimlər­dən xə­bərin var? - üzü­mü ona tuturam.
Gəray ünsiyyət­də olduğu silahdaşları­mız barə­də bildiklərini söy­lədi və birdən:
- Silahlı Qüv­və­lər gü­nün­də sən, deyə­sən, bizim dö­yüş­çü­lərin arasında yox idin?
- Necə bə­yəm? - suala sualla cavab verirəm.
- Belə qərara gəlmişik ki, hər il iyunun 26-da bir yerə yı­ğışaq. Bizim hərbi hissə­də dö­yüş yolu keçmiş silahdaşları nə­zər­də tuturam. Bu il Şə­hid­lər Xi­ya­ba­nın­da toplaşdıq, Və­tən uğrunda canından keçən­ləri birgə yada saldıq. İşimizdən-gü­cü­müz­dən danış­dıq. Bilirsən, hamı­mıza nə qə­dər xoş oldu ?! Sənin, deyə­sən, xə­bərin yoxdur?
Təəs­süf­lə çiyinlərimi çəki­rəm. Amma tə­şəb­büs mənim də ürəyimdən xə­bər verir. Deməli, bir-birimizə dinc dövr­də də ehtiyacı­mız var. Bunu başa düş­mək üçün yalnız dö­yüş yolu keçmək lazım­dır.
Müharibənin öz ibrət dərs­ləri var. Dö­yüş meydanı elə bir yerdir ki, hər kəs nə­yə qadir olduğunu tez büru­zə verir. Əgər kimsə mülki həyatda, ne­cə de­yər­lər, gen dünyada rastlaşdı­ğı­mız kimi "maskalanıbsa", qısa bir sınaq anında, adi bir dö­yüş əməliyyatında cildini çıxarmağa, əsl siması­nı gös­tər­mə­yə məcbur olur. Belə məqamlarda Və­tənini ürək­dən sevən, dostluğun, yoldaşlı­ğın qədrini bilən, silahdaşları­nın həlak olması­nı ən yaxın itki kimi qəbul edən və bununla belə ağır məqamlarda nikbinliyini itirmə­yən insanlar bu çətin gün­lərin imtahanında üzə çı­xır, doğmalaşır­lar. Belə­cə, ağır gün­lər­də birlikdə olmaq, çiyin-çiyinə məhrumiyyət­lər­dən, oddan-alovdan adlamağın özü sərt həyat dərsidir. Əgər kim bu dərsi keçibsə və doğru ibrət gö­tü­rüb­sə, öm­rü­nün axı­rına qə­dər onu unutmayacaq, keçmişinə və yaddaşına heç vaxt xəya­nət etmə­yə­cək. Əsl insanlı­ğı, dostluğu, yurdsevərliyi, etibarlı­lı­ğı da bu dərsin meyarları ilə öl­çə­cək. Müharibənin sına­ğından çıx­mış silahdaşlıq əla­qə­lərini itirmək istə­mə­yən, şəhid olmuş yoldaşları­nın əziz xatirəsini ürək­lərinin çağı­rı­şı ilə yad etmək üçün ilin bir gü­nün­də yı­ğışan dö­yüş­çü dost­lar ən ülvi duyğulara sahibdirlər, elə deyilmi?
Bu gö­rü­şün təəs­süra­tı ilə yenə şəxsi arxivimə üz tutur, cəb­hə həya­tımla bağlı kağız-kuğuzu nə­zər­dən keçirirəm. Vaxtilə öz əlimlə yazdı­ğım tə­şək­kür məktubu­nu, elə­cə də cəb­hə xatirə­ləri ilə dolu başqa sə­nəd­ləri tapıram. Xəya­lımdan getmə­yə başlamış bəzi cəb­hə hadisə­lərini bu kağızların kö­məyi­lə bir daha yada salıram. "Silahlı Qüv­və­lər gü­nü müt­ləq gö­rü­şərik", - deyə dü­şü­nü­rəm.