Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


DEBÜT
 

Nərmin Nəbiyeva
TÖVBƏ


 

...Ağlaya bilmirdi. Gördüyü mənzərə hissiyyatını dondurmuşdu - 18 yaşlı qızının damarları kəsik cəsədi. Ağ kafelə naxış salan qırmızı qan.
Yuxu idi, yoxsa reallıq?
Həyat yoldaşı intihar edəndə də eyni səhnəni görmüş, eyni hissləri yaşamışdı. O vaxt bütün pisliklərə tövbə etmişdi. Ancaq nə oldu? Hər şey yenidən və daha ağır. Tövbələrdən sonrakı günahları və günahlarının cəzası ağır oldu.
Bu səhər sonuncu dəfə baxmışdı qızının gözünə. Heç nə hiss etməmişdi. Bəzən kiçik uşaqların baxışları altında insan utanır özündən. Bəzən də bu baxışlarla dünyanın ən xoşbəxti olur. Ata isə bu baxışlardakı böyüklüyü görə bilmədi.
...Sakit addımlar, ağır nəfəs. Daha bir ümidin də öldürüldüyü soyuq otaq. Nəmli gözlər qızın yastığını oxşayır. Atanın diqqətini yastığın altındakı qara bloknot çəkir. Həyəcanla vərəqləyir və oxumağa başlayır:
Günəş şüası düşdüyü hər yeri isitmirmiş... Uşaqlıqdan aldanmışam. Əvvəlcə əl ilə tuta biləcəyimi düşünüb, ona doğru qaçdığım günəş məni aldatdı. Sonra qızıldan hördürdüyün “barmaqlıqlar” yanındakı hovuz üzərinə düşən “saxta günəş”in saxta parıltısı. Anam da məni aldatdı; daim yanımda olacağını vəd edərək. Onun yoxluğunu doldurmağa söz verən sən də məni aldatdın, Ata. Geriyə baxdım, həyata baxdım, insanlara baxdım. Demə, məni buraya qədər gətirən yollar da aldadıbmış. Sonda qara bloknotum da məni aldatdı; hər səhifəsinə ümid dolu cümlələr yazaraq, nələrinsə düzələcəyinə özümü inandırdığım vaxtda susmağı ilə. Səhv etdim. Bu cür aldanışları sevərək, sadəcə, səhv etdim. Yorulmuşam, Ata...
Güzgülərdir görüş yerim. Dörd divar arxasında görüşlər. Özü də hər gün. Bizim aramızdakı gözəgörünməz divarlar. Sənin qızıldan hördürdüyün divarların, mənim üstümə gələn divarlarım - mənim “mənim”in divarları. Çoxdur belə məsafə divarları, Ata, səninlə mənim aramda. Nifrətlə sevgi, həyatla ölüm arasında. Sənin divarlarının hamısı güzgü, mənim güzgülərimin hamısı divarmış.Yorulmuşam, Ata...
Varlı Atanın yoxsul ürəkli qızı kimi tanınmaqdan yorulmuşam. Bədbəxtliklər üzərində tikdirdiyin imarətin dağıntıları altında hər gecə əzilməkdən, çabalamaqdan yorulmuşam. Bir də, anamın şəklinə baxıb, onun səndən istədiyi yeganə bir şeyi içimdə boğaraq pıçıldamaqdan yorulmuşam - ...Sevgi...
...Səni zəif bilirdim, ana. Ölümünü, kəsilən damarını, qan içində çabalamağını və səssiz-səssiz sənə baxmağımı xatırlayıram donuq şəklini hər dəfə oxşayanda. Səni öldürən həqiqət indi mənim qapımı döyüb. Zamana məhkum əqrəblər də artıq yorulub. Mən də yorulmuşam, amma öyrəşmişəm:

Öyrəşmişəm sənsizliyə
Səni mənə xatırladan
Uğultulu səssizliyə
Öyrəşmişəm,
Doğmalaşan hər yadıma,
Sevinc dolu fəryadıma
Öyrəşmişəm.
Yaşadıqca ölürmüşəm
Mən özümdən dönürmüşəm
Bax, yandıqca sönürmüşəm,
Çiynim yoxdur başım qoyub hey ağlayım,
Pay vermişəm onu sənə.
Səndən heç nə istəmirəm!
Boş otaqda tənha mənlə
Danışaraq, bil, çiyinsiz
Ağlamağa öyrəşmişəm
Kəsik-kəsik biləyini
bərk-bərk tutan bu əlləri
Düz dibindən kəsib atıb
Taleyimi şikəstliyə bağlamağa öyrəşmişəm.
Varla yoxun savaşına,
Ruhun yox olmuş daşına
Baxa-baxa
Buza dönən ürəyimdə
Bir ümid də məhv etməyə,
Qatil olub, hakim olub
Öz-özümü əfv etməyə
Öyrəşmişəm...

... Atamla vidalaşmamış getmişdin o gecə. İndi mən sənə gəlirəm. Məndə açıq qalan sevgi adlı məzarda səni də, özümü də təkrar-təkrar öldürmək üçün sənə gəlirəm. Səndən sonrakı atasız gecələrimdə hər divarın bir küncünə yazdığım arzuları da, arzularımdakı atamı da götürüb sənə gəlirəm. Bircə bloknotu götürmürəm, məni aldadan qara bloknotu. Qalsın atama, oxusun. Oxuduqca anlasın - hərflər necə dağılır, arzular necə dağılır, qırılmış ümidlərdən tikilən imarət necə dağılır. Dağıldıqca necə ağlayır.
Ağlamağın gözdən yanağa axan iki damla yaş olmadığını anlasın Atam. Hər gecə qapı ağzında “atam gələcək” ümidiylə yuxusuz qalmağın ağlamaq olduğunu anlasın. Gecələr onun yerinə öz əlimlə öz saçımı oxşamağın ağlamaq olduğunu anlasın... Atam, sən və mənim nə vaxtsa çəkdirdiyimiz şəklə bir ömürlük xəyalları, arzuları sığdırmağımın ağlamaq olduğunu anlasın. 5 yaşımdan bu günəcən - yoxluğundan bu günəcən əllərimin göyə qalıb qalxdığı kimi də enməsinin ağlamaq olduğunu anlasın. Anlasın, ovunsun bu bloknotla. YOX!!! Ovunmasın... Ovundurmaq istəsin özünü, gücü çatmasın. Gücsüzlüyünə ağlasın. Bu cür ağlamaqla hər gün bir az daha ölsün, bir az daha nifrət etsin səninlə mənim qızıl divarlardakı “qızıl” arzularımızı xatırlayaraq, Ana...
...Sənin qəlbinə ağlamağa gəlirəm, illərlə boğduğum və gizlədiyim iki damla göz yaşıyla – biri sən, biri də uğrunda öldüyün Sevgi üçün. Gəlirəm... Uşaqlıq arzularımdan fərqli - qanadsız, uçmaq həvəsini qırıb, ağ qanadlı kəfənə sığınmaq üçün Sənə gəlirəm...
Qara bloknotun bəyaz səhifələri arasında yeganə qara vərəq və ümidsizlikdən doğan ümidləri ora həkk edən qırmızı qələm.
Ata əvəzi danışdığı, ata əvəzi qucaqladığı yastığa etibar edə bilərdi son arzusunu, son sözünü, özündən geriyə qalan yeganə SONU-QARA BLOKNOTU.
...Addımlayır, qırıq ümidlərlə, susqun baxışlarla. Titrəyir dodaq - danışa bilməyəcəyi üçün. Əllər titrəyir – yaza bilməyəcəyi üçün.Yumulur gözlər, asılır kirpiklərindən iki damla yaş. Kəsilir sözlər, kəsilir ümidlər, kəsilir bilək, kəsilir nəfəssssssss...
...Qara bloknot bağlanır. Uzun, ümidsiz, aciz sükut... Pəncərəyə yaxınlaşır. Əlindəki bloknotun hər səhifəsini azadlığa buraxır ata - yazıda qalan arzuları, ümidləri, tənha gecələri, isti qucaq axtarışındakı sətirləri, dağılmış hərfləri, qızının anası təki səssiz və qərib gedişini azadlığa buraxır... Tövbələri ilə birlikdə qızının divarlara yazdığı arzularını son dəfə öpərək... Ata da özünü AZADLIĞA buraxır pəncərədən, nəyə MƏHKUM olduğundan xəbərsiz. ...Xəbərsizmi?...