Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


POEZIYA
 

TƏRLAN


 
YUXU

Min ildi yatıb qalmışam,
küy düşə, küyə durum.
Mən də rast gəlim səsimə,
səsimə yiyə durum.

Nə kilsə zəngi çalınır,
nə bir azan verilir
Ki, durum qaçım kilsəyə,
üzü qibləyə durum.

Səndən də bir səs çıxmayır,
bilim dost kim, düşmən kim.
Bilim kim çalmış laylamı,
kimi söyə-söyə durum...

DÜNYANIN ÜZÜNƏ TÜPÜRMƏK OLMUR

Sillətək dəysə də yanağa, üzə,
qənim kəsilsə də hər birimizə,
hər nədi, doğmadı, əzizdi bizə,
dünyanın üzünə tüpürmək olmur.

Atsa da bizləri evdən küçəyə,
bir gün çatmasa da bu əl heç nəyə,
lap şeytan desə də tüpür hər şeyə,
dünyanın üzünə tüpürmək olmur.

Doğmadı torpağı, daşı doğmadı,
doğmadı baharı, qışı doğmadı,
doğmadı ilanı, quşu doğmadı,
dünyanın üzünə tüpürmək olmur.

Doğmadı dolusu, qarı, yağışı,
doğmadı ilməsi, mili, naxışı,
doğmadı duası, ahı, qarğışı,
dünyanın üzünə tüpürmək olmur.

Baxsa da bizlərə zaman qıyqacı,
bu dil ağzımızda dadsa da acı,
bu üzdə qardaşdı, o üzdə bacı,
dünyanın üzünə tüpürmək olmur.

Üzləri üzlərdən eyləsə yenə,
bizləri bizlərdən eyləsə yenə,
neyləsə, neyləsə, neyləsə yenə,
dünyanın üzünə tüpürmək olmur...

BAHAR

Deyəsən,
artıq bahardı,
heç vaxt
üzə bilmədiyim
bir gülün
qoxusu gəlir
burnuma...

YEKNƏSƏQLİK

Nəyəsə inanmaq
öz-özünü aldatmaqdı.
Aldanmaq
küfr olmadığından,
aldana-aldana
yaşayanların yeri -
cənnətdi
bəlkə də o dünyada.
Bəlkə də əksinə,
aldanmaq
ən böyük küfrdü -
kiməsə, nəyəsə
inandığın üçün.
Nəyin daha doğru
olduğunu,
nə sən bilirsən,
nə mən.

Elə isə
fikir eləməyə dəyməz,
buyur,
sən də öz ömrünü yaşa;
hamı kimi
İnana-inana aldan,
Aldana-aldana inan
Bu dünyada...

MƏN DƏ HAMITƏK ÖLƏRƏM

Mən də hamıtək ölərəm,
məni də basdırarlar.
Məni də əzizləyərlər,
mənə də yas qurarlar.

Hamını salaram işə,
Hamı gələr bu görüşə.
Ayağıma düşə-düşə
başım üstə durarlar.

Asta-asta nəfəs dərib,
Üstümə al yaylıq sərib,
Özümü yuxuya verib,
saatımı qurarlar...

KƏŞF

Səni mən yaratdım,
səni mən kəşf elədim,
sən mənim ən böyük ixtiramsan.
İnsanlara mən tanış verdim səni;
sevənlər sevdi,
sevməyənlər
şəkk gətirdi sənə.
Bu üzdən
qəzəbimə tuş gəldi
bütün insanlar
və səni gizlətdim onlardan -
böyüklüyünə sığına-sığına.
İndi
hamı bir nəfər kimi inanır
gözəgörünməz olduğuna...

TƏƏSSÜF

Əvvəlcə
özümçün yaşadım.
Sonra
sən çıxdın qarşıma,
səninçün yaşadım bir az.
Bağışla,
mən heç vaxt
bizimçün yaşaya bilmədim...

KÖLGƏ

Qardaşım Hacıbalanın xatirəsinə
Birdən görürsən bir kölgə
laxlayır qapı dalında.
Bir kölgə lap adam kimi
ağlayır qapı dalında.

Yığıb içinə səsini,
unudub doğma kəsini,
görən kimdi kölgəsini
saxlayıb qapı dalında.

Durub baxırsan mat-məəttəl,
bu kölgədi, yoxsa əcəl.
Görürsən səni bir cüt əl
haqlayıb qapı dalında...

OYUN

Hamımız oyunçuyuqsa
məcburuq hərdən oynayaq.
Uduzmağa bir şey də yox,
bilmirik nədən oynayaq.

Nə durmusuz səssiz-səssiz?
Açın kartı, bu mən, bu siz!
Bizə yaraşmaz heç nəsiz
hər gün tənədən oynayaq.

Vaxtdı, daha çıxın üzə,
yer yox qoltuq altda izə.
Kişinin sözü birdirsə,
o bir kəlmədən oynayaq.

TUTHATUT

Yaman tuthatutdu;
Bu gecə vaxtı
Pəncərəmi külək tutur,
Pəncərəmin o üzündə
Adamları meydan,
Meydanları adamlar tutur.
Kömək Əlidən qalıb deyə-deyə
Polis kiminsə qolundan tutur
Və kiminsə gözlərini qan tutur.
Kimisi yıxılmamaqdan ötrü
əsadan, dəyənəkdən,
kimisi allahın ətəyindən tutur.
Mənimsə ürəyimi ağrı tutur -
Sənin boş-bekar durduğundan.
Bu tuthatutda
Sənin də bir şeydən yapışmağının,
Bir şeydən tutmağının
Zamanı gəlmış artıq.
Buyur, bu dəniz,
Bu da saman çöpü...

OXUDUM

Dünyada bir kitabı son
varağınacan oxudum.
Bu dünyanın zülmətini
çırağınacan oxudum.

Ötürmədim bir yazını,
dərinini, dayazını,
körpəsini, çağasını
yanağınacan oxudum.

Oxudum gəlinin, qızın,
oxudum ayın, ulduzun.
Nə yol qalmışdı up-uzun,
qırağınacan oxudum.

Gördüm bitdi, sondu, tanrı,
tulladım göyə açarı...
Qəddi bükük ağacları
yarpağınacan oxudum.

Keçdi dünya ələyimdən,
qan axmamış kürəyimdən,
hər kişini ürəyindən
papağınacan oxudum.

MƏNİM DÜNYADA KİMİM VAR

Mənim dünyada kimim var,
ikicə körpəmdən başqa...
Harayıma kimsə gəlməz,
bu dərddən, o qəmdən başqa.

Bir mənəm, bir iki körpəm,
üç olduq, oldu hər şey kəm.
Yapışmağa möhkəm-möhkəm
bir yer yox kölgəmdən başqa.

Könlümün qəm-qəhər yeri,
gecə sürün, səhər yeri.
Vətəndi Yerin hər yeri,
bircə bu ölkəmdən başqa...