Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


POEZIYA
 

Xatirə FƏRƏCLİ


 
ETİBAR İTƏRSƏ

Dindirmə, əriyər könlümün buzu,
Axar yanağımdan sellənib gedər.
Yazağzı sel-sudan çaxnaşıb artan
Çeşmətək gözündən lillənib gedər.

Gün kimi gəlmişdin boran könlümə,
Ağlımın bəlası olan könlümə,
Demədim talan sal, talan könlümdə
Pünhanlar boy verər, bəllənib gedər.

Qəlbim qan gölüdür, ləngəri əldə,
Titrədər toxunsa ötəri yel də.
Etibar itərsə qayıtmaz bir də,
Güllə yeri kimi güllənib gedər.

AĞ ÇİÇƏK

Ay ağ çiçək, ağ çiçək,
allar düşüb gözümdən.
İçimdə bir qallıq var,
gəl, al məni özümdən.

Ürəyim ağ kəlağay,
yer tapammıram sərim.
Belə ürəklə bəlkə
ciçək olub əzəlim.

Götür, hara istəsən
apar məni, at məni.
O Bəy bəyazlığına
bələ məni, qat məni.

Gedim bir ağ yuxuya,
gedim ağ mələk kimi.
Qayıdıb bu dünyaya
gəlim ağ çiçək kimi.

BU DƏRD Kİ VAR

Bu dərd ki var, keçən deyil,
Çalış yola ver də, ağla.
Bir ağladın kar olmadı,
Çək sinənə bir də ağla.

Bax ha, nadansa qarşında,
Gülünc olar göz yaşın da.
Yer ver bağrının başında,
Çəkil dalda yerdə ağla.

Boş ver dünya dəstgahına,
Bat bir ömrün günahına,
Yol get dərdin dərgahına,
Dərdini DƏRD bil də, ağla.

***

Əsim-əsim
əsən qəlbim,
Nə titrəyib, nə əsirsən?
Düşüb dünyanın küyünə,
Hansı gümana əsirsən?

Çəkdin ruhumu çarmıxa,
Nədəni nə, bilmədim ha?!
Kimin var ki, dönə baxa,
Kimə haylanıb gəzirsən?

Hayladın dinən oldumu?
Sinənə sinən oldumu?
Özlədin, bilən oldumu?
Bağlı qəsr,
bəlli sirsən.

***

Ürəyim bal səbəti,
duyğularım şan.
Bal arısı kimi
gündüz
harda gəzib dolansam da,
ürəyimə çəkilirəm
günün axırı
axşam.

***

düşüb ağ yollara
gedirik
ağ diləklərə
ağ çıraq yandırmağa
ağ daşlar
ayağımızı döyə-döyə
ovcumuzda ürəyimiz
ürəyimizi yeyə-yeyə
saya-saya gedirik
qara, ağ
məni alır cərgədən
gələndə AĞ QONAQ
ağ nəğmə yağır göylərdən
hər yer olur ağappaq
yaxınlaşır yer göyə
atlanıb ürəyim gedir
yer ilə göyün
birləşdiyi yerə
yüngülləşir
ağ göyərçin kimi,
öləziyir bütün "rənglər"
bütün ağrılar
itirir rəngini.

BAHAR GƏLİR

Torpaq
qonaq gözləyən
ev sahibi kimi tədarükdə,
var - gəldədir
ağacların qarasını
çırpıb tökən külək də,
qar yükünü atmış göy üzü
bəyaz tül,
buludlar
ağlayıb ürəyini boşaldan adam kimi
yüpyüngül,
oturub
elçi daşı üstündə Günəş
açılıb eyni,
gözləri yanır bulaqların
eşqə düşən gənc kimi,
dərələr
yuyulmuş dişlərini göstərən qayaların
seyrək təbəssümünə
əzilib-büzülməkdə,
ağaclar düyün - düyün,
qoca ağacların
quruyan budaqları
yaşlanan gözəlin
üzündəki qırış kimi
sezilməkdə,
qış uzunu
lüt budaqları
dayanacaq yeri seçən
sərçələr
sevincək.
... demək,
bahar gəlir,
bahar gəlir, demək.

YERİN BAĞRIMIN BAŞIDI

Ömür yolda qatar ikən,
Sinəm cadar-cadar ikən,
Arzularım çapar ikən
Minib tərkinə gəlmisən.

Keçən illərin köçündən,
Ağrılarımın içindən,
Sıyrılıb Qədər suçundan
Ürəklə, ərklə gəlmisən.

İllər həsrət, qəm yaşıdı,
Qəlb eşqinə baş daşıdı,
Yerin bağrımın başıdı,
Gəl, öz mülkünə gəlmisən.