Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


XATIRƏLƏR, DUYĞULAR
 

Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


 

"Dəli Kür" ədəbi abidəsinin, səngər
yoldaşlarına və qələm doslarına
məhəbbət dolu "Xatirəyə dönmüş illər"
kitabının müəllifinə dərin ehtiramla


"Azərbaycan" nəşriyyatının beşinci qatındakı iş otağımın pəncərəsindən çölə baxıram. Göylər qaşqabağını töküb. Qar havasıdır. Xəzri də öz işindədir. Düşünürəm: "Yəqin, Yeni ili qarla, şaxta ilə qarşılayacağıq".
Külək getdikcə şiddətlənir. Pəncərəni bağlayıb stolun arxasına keçirəm. Telefon buna bənd imiş kimi zəng çalır. Könülsüz-könülsüz dəstəyi götürürəm.
- Alo, eşidirəm.
- Nahid, mənəm.
- Salam, ay Əlibala, necəsən? - deyirəm. - Özünə fikir ver. Hava yenə yaman qarışıb. Vaxt tapan kimi gələcəyəm sənə dəyməyə, bərk darıxmışam.
- İlin sonudur, bilirəm, başın qarışıqdır. Mən ayrı şey üçün zəng eləmişəm. Bəri başdan yeni kitabını bir daha ürəkdən təbrik edirəm.
- Çox sağ ol, minnətdaram.
- Yarım əsrin dostu kimi mən sənə minnətdaram ki, ortaya "Yada düşdü" kimi möhtəşəm bir kitab qoymusan. İki gündür ki, oxuyuram, düşünürəm, çox əhvalatlar, məqamlar yada düşür. İndiyəcən bizim yazıçılardan heç kimin bu həcmdə xatirələr kitabı nəşr olunmayıb. Özü də kimin barəsində söz açmısansa, hörmətlə, hər epizodu məhəbbətlə yazmısan. Bir sözlə, kitab alınıb. Onu ürəkdən alqışlamalıyıq. Ümumiyyətlə, bu janra qəlbən bağlanmısan. Səndə alınır xatirə janrı. İnanıram ki, gələcəkdə bundan da sanballı kitabların çıxacaq. Ancaq...
Bir an susdu.
Zarafatla:
- Ürəkli ol, - dedim, - danış görüm nə demək istəyirsən.
- Kitabda dörd nəfəri gözüm aradı: Mehdi Hüseyni, Süleyman Rüstəmi, Mir Mehdi Seyidzadəni, bir də İsmayıl Şıxlını...
- Tamam haqlı qeyddir. Sənin bu dediyin yazıçılardan Mehdi Hüseynlə o qədər də yaxınlığım olmayıb. Ancaq deməyə sözüm var, yaza bilərəm. Yaş fərqimizə baxmayaraq, Süleyman Rüstəmlə çox yaxın olmuşuq. Bacısı da bizim qonşu idi. Mir Mehdi Seyidzadə ilə də həmişə xoş ünsiyyətim olub. Böyük oğlu - rəhmətlik Araz televiziyada mənim yanımda işləyirdi. İsmayıl Şıxlı isə mənim üçün doğma bir insan idi. Yaradıcılıq evlərində bir yerdə dincəlmişik. Görüşlərimiz, söhbətlərimiz də sayagəlməzdir. Dizimi qatlasam, bəlkə də çətinlik çəkmədən onun haqqında "Yada düşdü" boyda bir kitab yaza bilərəm.
- Xəbərin varmı ki, qarşıdan İsmayıl müəllimin 90 illiyi gəlir.
- Bilirəm. Əlibala, sənə söz verirəm ki, ən geci yanvarın axırınacan bu işə əncam çəkəcəyəm.
- Uğur olsun, qardaş, yazmaq səndən, oxuyub fikir demək də məndən.

* * *

Düz qırx il əvvəlin söhbətidir. Yazıçıların Şüvəlan Yaradıcılıq Evinə bir həftəlik göndəriş almışdım. Əlimdə vacib yazı var idi, bitirməliydim. Həmin vaxt Yaradıcılıq Evində cəmi-cümlətanı beş-altı nəfər dincəlirdi. Mənim əsas ünsiyyətim İsmayıl Şıxlı ilə idi. O, mənə çox mehribanlıq göstərirdi. Bir stol arxasında nahar edirdik. Onun şirin söhbətlərindən doymurdum. Çox vaxt yeməkdən sonra da bu söhbətlər qurtarmaq bilmirdi.
O illərdə mən ilk bədii yazılarımı yazırdım. Hərdən İsmayıl müəllimə nəsə oxumaq istəyirdim. Ancaq tezcə də fikrimdən daşınırdım. Daha doğrusu, ondan çəkinirdim. O, görkəmli yazıçı, nüfuzlu ali məktəb müəllimi kimi böyük şöhrət sahibi idi.
Mart ayının 22-də səhər yeməyindən sonra İsmayıl müəllim mənə dedi:
- Bu gün şəhərə getmək fikrin yoxdur ki?
- İsmayıl müəllim, istəmirəm yazıdan ayrılam.
- Ayrılmasan yaxşıdır. Təb gəldi, gərək yazasan.
- Yoxsa şəhərlə bağlı nəsə bir işiniz var idi?
- Yox, yox! - deyə geri qanrıldı. - Yəqin ki, mən də bu gün axşamacan yazı stolunun arxasından qalxmayacağam. Axşam isə baxarıq.
Nahar yeməyimiz qurtaranda, İsmayıl müəllim aşpazı yanına çağırıb ona pul verdi:
- Xahiş edirəm, bunu götür, qonşuluqdakı mağazadan lazımlı şeylər al. Axşama dörd-beş nəfər üçün yaxşı bir yemək-içmək hazırla.
- Baş üstə, İsmayıl müəllim, - dedi, - saat neçəyə nəzərdə tutursunuz?
- Məncə, saat 6 yaxşıdır.
- Arxayın olun, o vaxta hər şey yerli-yerində olacaq.
Qalxıb şam ağaclarının arasında bir az gəzindik, oradan-buradan danışdıq, güldük. İsmayıl müəllim saatına baxa-baxa:
- Gedək bir az qurdalanaq, - dedi. - Axşama çox da bel bağlamaq olmaz. Bir də gördün kimsə böyürdən çıxdı, məclis uzandı.
- Demək, axşam məclisimiz olacaq?
- Adına məclis demək olar da, deməmək də. Hələlik ikimizik. Nə gizlədim, ay Nahid, bu gün 49 yaşın kürəyini yerə vurdum.
- Belə deyin. İsmayıl müəllim, ürəkdən təbrik edirəm.
- Ay Nahid, sənin neçə yaşın olur?
- Siz Pedtexnikumu bitirəndə, mən dünyaya salam vermişəm. Mən də sizin kimi martda anadan olmuşam, martın 14-də.
- Onda Anarla eyni gündə doğulmusan ki?
- Hə, elədir. Universitetdə bir yerdə oxusaq da, o, məndən iki yaş kiçikdir.
Bir az hərləndikdən sonra o məndən ayrılıb öz iş otağına getdi.
Yazın bu nübar çağında bağçanın gülüb-gülümsəyən vaxtıydı. Yazın elçisi nərgizgülünün ətri dörd bir yanı bürümüşdü. Ağlıma gəldi ki, bu zərif, təzə-tər çiçəklərdən bir qom yığıb axşam İsmayıl müəllimin stolunun üstünə qoyum. Elə də elədim.
İsmayıl müəllim nərgiz dəstəsini burnuna yaxınlaşdırıb qoxulaya-qoxulaya:
- Bəh-bəh, - dedi, - ətri adamı bihuş edir. Gözlərini azca qıydı. - İstəyirəm yeməkxanaya getməyəsən. Elə burada, mənim otağımda otursaq, daha yaxşı olar.
Şair Atif Zeynallı Mərdəkanda - bağ evində yaşayırdı. Darıxanda üz qoyurdu Şüvəlana - Yaradıcılıq Evinə. Bilirdi ki, burada dostlarından kimisə tapacaq, yeni şeirlərini oxuyacaq, ədəbiyyatdan, sənətdən danışacaq, çay içəcək, söhbətləşəcək, yeri düşsə yeyib-içəcək, yatmaq vaxtı gələndə "Jiquli"sinə minib yoluna düzələcək.
Ürəyimə damdı ki, Atif indicə böyürdən çıxacaq, bizim sakit söhbətimizi dalğalandıracaq.
Budur, laylı ağır darvaza asta-asta aralanır, Atif Zeynallının rəngindən tanıdığımız "Jiquli"si içəri boylanır və sonra da həyətdəki skamyanın böyründə sakitcə nəfəsini içinə çəkib dayanır.
İsmayıl müəllimin bığları gülür:
- Yaxşı ki, Atif də öz ayağı ilə gəlib çıxdı. İndi olduq üç.
- Atiflə ayaqlaşmaq bir az çətindir.
- Yox, qorxma, qabaqlar eləydi. İndi başı qarışıqdır, dissertasiya yazır, bir yandan da yaş öz sözünü deyir.
Atif müəllim bizə yaxınlaşıb, ürəklə İsmayıl müəllimə əl uzatdı:
- Böyük sənətkara eşq olsun!
- Atif, tərifin cilovunu bir az çək, utandırma məni.
Atif əlini onun əlindən çəkməyərək:
- İsmayıl müəllim, bunu tək şair Atif Zeynallı demir, həm də ədəbiyyatşünas alim Atif Zeynallı deyir. Öz fikrini əsaslandırmağa savadı da, mütaliəsi də var, belə götürsək, - sözünün dalını uzatdı, - qüdrəti də, kişiliyi də çatır. Bilirsiniz ki, mən bakılı balasıyam. Yaltaqlanmaqla, yarınmaqla da aram yoxdur. Zəhləm gedir belə şeylərdən. Nə deyirəmsə, ürəkdən deyirəm. Sizin cəbhə hekayələrinizin də, "Ayrılan yollar" romanınızın da ədəbiyyatımızda öz yeri, zirvəsi var, - dönüb mənim əlimi sıxdı, - Ay Nahid, mən ölüm, düz demirəm?
- Atif müəllim, düz deyirsiniz, bunu da külli-aləm bilir ki, İsmayıl müəllim tərifi heç vədə yaxına buraxmır, bu da onun təvazökarlığından irəli gəlir.
İsmayıl müəllim nəsə demək istədi, Atif Zeynallı ona aman vermədi:
- Mən İsmayıl müəllim haqqında əsl sözümü balıq kababının üstündə deyəcəyəm.
- Ay Atif, balıq kababımız olmasa da, mənim otağımda indi süfrə açılır. Yaxşı gəlmisən.Görünür, qaynanan səni çox istəyir.
- Yoxsa bir tədbiriniz var?
- Tədbir deyəndə ki, bu gözəl yaz günündə İsmayıl müəllim 49 yaşını başa vurub, əlliyə adlayır.
- Nə gözəl, nə gözəl, - əlini əlinə vurdu. - Onda oturun maşına, getdik bizə. Bu lələşiniz sizə yaxşı bir balıq kababı, - güldü, - üstündən quzu kababı versin. - İsmayıl müəllimin qoluna girdi. - Özünüz də yaxşı bilirsiniz ki, mən sizi nə qədər istəyirəm. O balığı mənə bu gün Neftçaladan tələbəlik dostum gətirib. Siz Allah gedək, sözümü yerə salmayın. Sonra qonşunun maşını var, sizi yola salaram. Bu başdan söz verirəm, saat onda, uzağı on birdə evdə olacaqsınız.
İsmayıl müəllim onun sözünü kəsdi:
- Ay Atif, ay əzizim, bunlar hamısı gözəldir, - dedi. - Ancaq indi başqa söz ola bilməz, bizə qalxacağıq, vəssalam, şüdtamam. Niyə tələsək, axı? Kabab məsələsinə isə sabah baxarıq.
İsmayıl müəllim qabağa düşdü. Köhnə taxta pilləkənlə ikinci mərtəbəyə qalxdıq. O, cəld qapını açdı. İşığı yana-yana qoymuşdular. Süfrə bizi gözləyirdi.
- Uşaqlar, tez olun, qoymayın yemək soyusun, - dedi.
Soyunub oturduq. Atif bir göz qırpımında süfrəni başdan-ayağa süzüb sağlıq demək üçün ayağa qalxdı.
İsmayıl müəllim söz atdı:
- Atif, ilk sözü mən deməliyəm, axı?!
- Siz təvazökar adamsınız, nə desəniz Nahidlə mənim sağlığıma deyəcəksiniz. Ona görə də partizanlıq elədim. Gərək məni bağışlayasınız. Bir də ki, qonağam, axı.
- Yaxşı, danış, həm qısa olsun, həm də bəzək-düzəksiz.
Atif Zeynallı tutarlı, təsirli söz axtarırmış kimi sağa-sola boylandı, fikrini cəmləyib:
- İsmayıl müəllim, - dedi, - qısaca: ad gününüz, üçümüzün də bu şad günümüz mübarək, mübarək və yenə mübarək! Özünüz hamıdan yaxşı bilirsiniz ki, sizi qohum-əqrəba da, tələbələriniz də, müəllim yoldaşlarınız da, oxucularınız da və biz, qələm sahibləri də hamı, hamı çox istəyir.
İsmayıl müəllim, yaşayın, var olun, yazın-yaradın! Biz də sevinək, həmişə də sizinlə fəxr edək.
- Yaxşı sözlərdir. Bu arzunu mən də üçümüz arasında ata malı kimi bölüşürəm.
Əllər süfrəyə uzandı. Və bu ara gülüşlər, zarafatlar səngidi. İsmayıl müəllim, sən deyən, yeyimcil adam deyildi. Əlindəki çəngəli boşqaba qoydu.
- Mənim əzizlərim, - dedi, - indi biz burada, sakit bir guşədə oturub yeyir, içir, şənlənirik. Haradasa bu mənə möcüzə kimi, bəlkə də əfsanə kimi gəlir. Mən düz beş il cəbhə yollarını ölçmüşəm. O vaxt Qazaxdan mənimlə cəbhəyə gedənlərin tək-tükü geri qayıtdı. Məni isə Allah axıradək qorudu, özü də ürəkdən, möhkəm qorudu. Heç yaralanmadım da, necə getmişdimsə, eləcə sağ-salamat doğmalara qovuşdum. İndi hər il yaşımın üstünə yaş gələndə bütün dərd-sərimi, ağrılarımı unudur, Allahıma min şükür eləyirəm ki, yaşayıram, ev-eşiyim, ürəyimcə ailəm, balalarım var. Mən də onların başı üstündəyəm, qələm də əlimdədir, yazıram, pozuram. İstəyirəm ki, sizdən uzaq olsun o çətin illər, heç vədə silah götürməyəsiniz. Ömrünüz həmişə bax beləcə, sabaha ümidli, inamlı günlərin yolçusu olsun!
Vaxt sürətlə axıb gedirdi, elə bil saat qanad taxmışdı. Atif Zeynallının da kefi durulmuşdu. Qələm dostlarının başına gələn əhvalatlardan şirin-şirin danışır, bizi güldürdükcə güldürürdü.
Çox şirin söhbətlər, zarafatlar oldu. Arada Atif Zeynallı şeirlər oxudu, sonda gözünün ucu ilə saata baxdı.
- Vay-vay, on birin yarısıdır ki?!
- Ay Atif, sən ki, bağda təksən, - İsmayıl müəllimin qaşları dartıldı.
- Səhər tezdən şəhərdə olmalıyam. Yaxın bir dostumun müdafiəsidir. Mən də opponentəm. - Atif Zeynallı ayağa qalxdı. - Ay İsmayıl müəllim, bir daha ad gününüz mübarək! Canınız sağ olsun, qələminiz də işlək! Biz sizdən yeni-yeni romanlar gözləyirik. Həmişə sizinlə fəxr edirik.
Atif Zeynallı ürəyindən gələn bu sözləri deyə-deyə əlini qapının cəftəsinə uzadanda, İsmayıl müəllim:
- Ay Nahid, sən də düş, - dedi,- birdən qarovulçu yatmış olar, oyat onu, qonağımızı yola sal, qayıt bir çay içək.
İsmayıl müəllim arif adam idi. Doğrudan da yuxu qarovulçunu xirtdəkləmişdi. Onu güc-bəla ilə oyada bildik.
Mən geri qayıdanda stolun üstü yığışdırılmışdı.
- Otur çay içək, - başı ilə termosa işarə elədi. - Bir az dərdləşək, durulaq. İllər elə bil qanad taxıb, uçduqca uçur, - deyə İsmayıl müəllim kəkotulu çaydan bir qurtum alıb, armudu stəkanı qırağı qızılı zehli nəlbəkiyə qoydu. - Bilirsən ki, mən Şıxlıda doğulmuşam. Ancaq məktəbə qonşu kənddə -Qaymaqlıda getmişəm. Çünki atam orada müəllim işləyirdi. O, Qori Seminariyasını bitirmişdi, peşəsini çox sevirdi. Özü də şeirə, sənətə ürəkdən bağlıydı. Evimizin bəzəyi, yaraşığı kitab-dəftər idi. Bununla həmişə öyünürdü: "Bircə gün bunlardan aralı düşsəm, dəftər-kitabı açmasam, bilmirəm neyləyərəm?".


Arzulayırdı ki, mən də onun yolunu tutum. Bu, mənim də ürəyimdən idi. Vaxt-vədə yetişdi, məktəbə üz qoydum. Qanadım olsaydı, uçardım. O günün sevincini yaşamaq olar, ancaq nə qədər çalışsan da, onun sənə bəxş etdiyi xoşbəxtliyi təsvir edə bilməzsən. Lap dahi olsan belə.
Gözümü açıb-yumunca yeddiillik məktəbi dörd ilə başa vurdum.
- Yəqin, əlaçı olmusunuz, hə?
- Əlaçı olmağına əlaçıydım. Ancaq bunun başqa səbəbi var idi. Hamı bilir ki, mən 1919-cu ildə anadan olmuşam. Ancaq nədənsə yaş sənədində 1922-ci il yazılmışdı. Buna görə Qazax Pedaqoji Texnikumuna ərizə verəndə sənəd üzrə 11 yaşım vardı. Bu da mənim üçün çox böyük cəncəl oldu. Orada iki ayaqlarını bir başmağa qoydular: "Yaşı çatmır, vəssalam!"
Bilmirdim neyləyim, necə çıxım bu vəziyyətdən. Fikrim-zikrim də oxumaq idi. Bir çıxış yolum qalmışdı - bu səhvi düzəltmək.
- Neyləyə bildiniz?
- Həyatımda ilk cəsarətli addım atdım. Bir aylı gecədə çox götür-qoydan sonra yol aldım texnikuma tərəf. Həndəvərə boylandım. Sakitlik idi. Qorxa-qorxa böyük pəncərənin şüşəsini çıxarıb, özümü içəri saldım. Otaq qaranlıq idi. Çox çətinliklə sənədləri tapa bildim. Beləcə, 22-ci ili düzəldib, 19-cu il elədim.
Adamınkı gətirəndə gətirir. Bəxtimdən imtahan götürən müəllim atamın dostu çıxdı. O, yaş məsələsini bilsə də, üzə vurmadı. Burası da var ki, riyaziyyatdan cavabım çox xoşuna gəlmişdi. Ona görə də məni xeyli təriflədi.
1933-cü ildə tələbə adını qazandım. Elə bil, dünya mənim idi. Qanadlanıb uçmaq istəyirdim.
...O, halaldan halal müəllim çörəyi ilə böyümüşdü. Özü də müəllim olmaq, atasının yolunu tutmaq istəyirdi. Atası Qəhrəman müəllim bütün Qazax mahalında sayılan-seçilən, sevilən bir ziyalı idi. O, yeganə oğlunun - İsmayılın yelinə uçurdu.
Qarışıq-dolaşıq vaxtlar idi. Ürəyində isə oğlu sarıdan nigarançılıq çırpınırdı. Hər gün onu Kosalar kəndindən rayon mərkəzinə - texnikuma yola salanda bu nigarançılığı dilə gətirirdi: "A bala, ehtiyatlı ol, hər adama söz danışma, dünya müxənnət dünyasıdır".
O illərdə Qazax Pedaqoji Texnikumu respublikanın nüfuzlu təhsil ocaqlarından sayılırdı.
İsmayıl Qəhrəman oğlu şövqlə oxuyurdu. İlk günlərdən çalışqanlığına, özünəməxsus həlim xasiyyətinə və ədəb-ərkanına görə tələbələr arasında tanınmağa başlamışdı.
O, dövrün adlı-sanlı pedaqoqlarından Abdulla Babanlı, Yunis Əyyubov və Əli Əliyevdən dərs alırdı. Onların üçü də onunla fəxr edir, hər yerdə, hər addımda onu nümunə göstərir, tərifləyirdi. Bu, onu dərslərə, davranışına daha diqqətli olmağa sövq edirdi.
Gecə-gündüz kitab-dəftər əlindən düşmür, elə hey yazır, oxuyur, oxuyurdu... Bədii ədəbiyyat isə söz-söz, misra-misra, epizod-epizod ürəyində yuvalanır, onu gah sevincə, gah da qəmə qərq eləyirdi.
Artıq 13 yaşın içindəydi. Şeir yazmaq hissi qəlbinə hakim kəsilmişdi. Bu ötəri həvəs deyildi, duyurdu ki, vaxt ötdükcə bu hisslər qəlbinə yelkən olur, onu qanadlandırır, uçurur.
Bu da atasının gözündən qaçmırdı. Qəhrəman müəllim özü də ədəbiyyat vurğunu idi. Bu, bəlkə də gendən, nəsildən gəlirdi. Atası Əsədulla ağa da şeiri-sənəti çox uca tutur, ona Allah vergisi kimi baxırdı. Qəhrəman müəllim hərdən şirin xəyallara dalır, oğlunu məşhur söz adamlarının cərgəsində görməyi arzulayırdı. Belə şirin anlarda o, necə də xoşbəxt idi!
İsmayıl texnikumun son kursunda idi. Qəhrəman müəllim oğlunun gələcəyi barədə çox düşünürdü. Bir yandan sevinirdi ki, oğlu yaxın vaxtlarda texnikumu bitirib, müəllim kimi işə başlayacaq. O, halal-hümmət yaşayacaq, özü kimi camaatın hörmətini, ehtiramını qazanacaq. Bir yandan da düşünürdü ki, ağıllı-kamallı İsmayılı niyə Kosalı kimi balaca kəndə sığınıb qalsın, niyə böyük-böyük insanların sırasına qoşulub, təkcə Qazax camaatının deyil, bütün Azərbaycan xalqının sevdiyi bir şəxsiyyət olmasın? Uzun düşüncələrdən sonra götürüb Bakıya bir məktub göndərdi.
İsmayıl müəllimin bu məktubu oxuyub-oxumamağı barədə heç nə deyə bilmərəm. Ancaq qələm dostum Şəmistan Nəzirliyə çox sağ ol deyirəm ki, bu qiymətli məktubu arayıb-axtarıb və 1997-ci ildə (İsmayıl Şıxlının vəfatından sonra) özünün "Vurğun ömrü məktublarda" kitabına daxil edib.

"Səməd Vurğuna
Əzizim Səməd!

Əvvəla səmimi-qəlbdən sənə salam göndərirəm. İkincisi, sənin bugünkü görkəmli Lenin ordenilə mükafatlandırılmağın məni nə qədər şadlandırdı. Bu şadlığı, neçə ki, qəlbim çırpınır, o qədər qələmlə izah etməyim məni çətinləşdirir. Yəni, qəlbimin şadlığı ilə qələmim arasında çox fərq var. Qəlbimin şadlığını həqiqi halda yaza bilmirəm.
Sənin adını "İkinci Əsədulla" qoymuşdular. Mən həmin əmiyin oğlu Qəhrəman Şıxlıyam. Mən çox istərdim səninlə görüşəm, fəqət ailə vəziyyətim o qədər ağırdır ki, dolanmanın əlindən başımı qaldırıb, gözümü aça bilmirəm. Bir vaxt olar ki, görüşərik. İndiyə kimi ünvanını bilməyirdim. İndi ünvanını öyrənib, sənə məktub göndərirəm. Ümid oluram ki, məktublaşmanın arasını kəsməyək.
Əzizim Səməd! Mənim var-yoxum, gözümün işığı bir oğlum vardır, İsmayıl Qəhrəmanzadə, hansı ki, hal-hazırda Qazax Pedtexnikumunun son sinfindədir. Onun bu saat 14 yaşı var. Onda keçən ildən şairlik hissiyyatı oyanmışdır. Ancaq ona yol göstərmək, bu yolda həvəsləndirmək lazımdır. Odur ki, bu barədə elə bir şəxs tapa bilmədim, yalnız səndən başqa. Ona görə də səndən bu barədə rəhbərlik və yenə də rəhbərlik gözləyirik.
Ən əvvəl ona şeir yazma qaydalarını öyrətmək və bu yolda həvəsləndirmək...
Nöqsan və müvəffəqiyyətlərini göstərib özünə qaytarasan. Çünki həmin göstərişlər onun üçün bir proqram olacaqdır. Onun üçün lüğət və şeir yazma qaydaları materiallarını göndərmənizi arzu edirəm.
Ümidvaram ki, sən mənim İsmayılımı unutmayacaqsan.
İmza: Sizin sevimli Qəhrəman Şıxlı
29 mart 1936-cı il".
Gənc İsmayıl istər texnikumda oxuduğu illərdə, istər təhsilini başa vurub Kosalıda dərs dediyi vaxtlarda, istərsə də Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı dövrdə Səməd Vurğuna əlçatmaz, ünyetməz uzaq bir varlıq kimi baxırdı. Şairin mətbuatdan oxuduğu şeirləri qəlbinə köçmüşdü.
İllər ötdü... Səməd Vurğunu yaxından görmək, səsini eşitmək ona qismət oldu. Bu görüşün məqamları ömrünün axırınacan gözünün qabağından getmədi.
Könül dəftərindən solmaz-saralmaz bir yarpaq:
"Zəng vuruldu. Bu dəfə qapını Fatma xanım açdı. Haylı-küylü bir adam içəri girdi. Hələ dəhlizdən otağa keçməmiş soruşdu:
- A Fatı, kişin hardadır?
Mehdi Hüseyn kitabı büküb dəhlizə çıxdı. Mən dərhal dəftər-kitabımı yığışdırdım və getməyə hazırlaşdım.
Qonaq içəri girdi, mənə ötəri nəzər saldı, sonra da divar tərəfdəki şkafın gözlərini açıb, nəyisə töküb-töküşdürməyə başladı.
- Aaz, a Fatı, acından ölürəm, yeməyə nəyin var?
- Ə, kəndçiliyinə salma, gəl otur, bir şey tapılar, - dedi Mehdi Hüseyn.
- Kəndçi özünsən. Mən bəy balasıyam, sənin kimi rəiyyət döyüləm.
- Bəy balası olsan da, qara damda böyümüsən, - gülümsədi Mehdi Hüseyn. - Amma mən intiligent oğluyam. Müəllim ailəsində böyümüşəm.
- Elə intiligent olduğun üçün qupqurusan. Aaaz, a Fatı, nə oldu?
- Bu saat, ay Səməd.
Mətbəxdən çəngəl-bıçaq cingiltisi eşidildi, qab-qacaq, stəkan-nəlbəki səsi gəldi.
Mən heyranlıqla ona baxırdım. Şeirləri dillər əzbəri olan, küçəyə çıxanda uzaqdan-uzağa dalınca düşüb hər hərəkətinə fikir verdiyimiz, yerişini-duruşunu təqlid etdiyimiz, səsini eşitmək, üzünü görməyə həsrət çəkdiyimiz Səməd Vurğun nə sadə, nə məzəli adam imiş?! Onun içəri girməsi ilə elə bil hər şey dəyişdi. Otağa bir yüngüllük, şuxluq doldu.
Mən onun hər hərəkətinə göz qoyur, bütün gördüklərimi dəqiqliyi ilə yadımda saxlamaq istəyirdim. O isə bir yerdə dayanmır, gah kitabları əlinə alır, gah pəncərə qabağında əlini belinə qoyub dayanır, gah əllərini qoşalayıb dalğalı saçlarını geri sığallayırdı. Arada onun astadan fit çaldığını da eşitdim. Mehdi Hüseyn də sakitcə dostunu süzürdü. Dinmir, onu fikirdən ayırmırdı. Deyəsən, bilirdi ki, bu saat dostunun səyyar xəyalı uzaqlardadır. Kim bilir, hansı surəti təsəvvüründə canlandırır, hansı misraları, qafiyələri düşünür. Görünür, Səməd Vurğunun belə anlarını çox görmüşdü.
Süfrəyə xörək gəldi.
Səməd Vurğun yerindən tərpənmirdi. Bir az bundan əvvəl hay-küy salıb çörək istədiyini, "acından öldüyünü", deyəsən, unutmuşdu. Mehdi Hüseyn onun qolundan tutub süfrəyə gətirəndə də, xörək yeyəndə də hiss etdim ki, fikri özündə deyil. Mənim də boğazımdan çörək keçmirdi. Gözüm onların üzündə qalmışdı. Həm sevinir, adi bir tələbənin böyük adamlarla bir süfrədə çörək yeməsinə inana bilmir, həm də elə bilirdim ki, onlar mənim hərəkətlərimə göz qoyurlar. Qaşıq əlimdə titrəyirdi. Ancaq azacıq sonra başa düşdüm ki, onlar nəinki məni, hətta özlərini belə unutmuşlar. Heç xörəklərini yeyib qurtarmamış mübahisəyə başladılar.
Söhbət Füzulidən getdi, sonra Vaqifdən, M.F.Axundovdan danışdılar".

* * *

...O, savadı, biliyi, tərbiyəsilə filologiya fakültəsinin gözü sayılırdı. Buna darınanlar da az deyildi. Xüsusi şöbənin zabitəli rəisi onu tez-tez sorğu-suala tutur, nəsə bir "kompromat" qoparmağa çalışırdı.
Bir dəfə hətta atasının xaricə qaçdığı, keçmişdə varlı mülkədar olduğu haqqında şayiə buraxaraq məsələsinə komsomol iclasında baxmağa cəhd göstərmişdilər. İsmayıl bu hədyanların cavabını ağılla, təmkinlə vermişdi. İnstitutun rəhbərliyi Qazaxla əlaqə saxlayıb, deyilənlərin həqiqətə uyğun olmadığını müəyyən edəndən sonra ondan əl çəkmişdilər.
Bir dəfə institut komsomol komitəsinin katibi ondan yazılmış böhtan dolu donosları çıxarıb stolun üstünə qoymuşdu. Donosun altında onunla yataqxanada bir otaqda qalan, son tikəsini bölüşdüyü tələbə yoldaşı Şəmistanın adını görəndə gözləri qaralmışdı.
Elə ilk gündən professor Əli Sultanlı onu əfsunlamışdı. Kurslarında 150 tələbə var idi. Hamısı Əli Sultanlı olmaq, ona bənzəmək istəyirdi. Buna görə də Ədəbiyyat fakültəsinə "Əli Sultanlı fakültəsi" deyənlər də var idi.
O, əla qiymətlərlə oxuyurdu. Dörd il beləcə gəlib keçdi. Müharibənin başlanması xəbərini institutda eşitdi. Onda son kursda oxuyurdular. Altıaylıq pedaqoji təcrübədən qayıdıb, dövlət imtahanlarına hazırlaşırdı. Yarımillik ayrılıqdan sonra yeməkxanaya yığışmışdılar. Yoldaşlarından biri yaxınlaşıb səsi titrəyə-titrəyə dedi: "Müharibə başlayıb". Yeməkxanaya sükut çökdü. Radioda Molotov çıxış edirdi.
...Müharibə başlayanda dövlət imtahanını verə bilməyib, ailəsinin yaşadığı Kosalıya qayıtmışdı. Yaşıdları bir ucdan əsgər gedirdi. Onu isə çağırmırdılar ki, çağırmırdılar. Səbəbi aydın idi - Türkiyədəki dayıları. O, atası kimi müəllimlik edir, bu kənddən o kəndə at sürürdü. Az müddətdə üç məktəb dəyişmişdi - Birinci Şıxlıda dərs hissə müdiri, Daş Salahlıda məktəb direktoru, Kosalıda dərs hissə müdiri və direktor. Arada boş qaldığı vaxtlar da olmuşdu.
İşlədiyi bu təhsil ocaqlarında tez-tez sərgüzəştlərlə üzləşirdi.
...Respublikada, onun hüdudlarından uzaqlarda belə tanınan bir sənətkar olduğu zaman Qazaxa - Səməd Vurğun poeziya günlərinə getmişdi. Yaşca ondan xeyli cavan, mötəbər görkəmli, tanımadığı bir kişi onu gözləmədiyi halda bərk-bərk qucaqlayaraq:
- Ay İsmayıl müəllim, - demişdi, - yəqin, siz məni çoxdan unutmusunuz, mən isə sizi ömrüm boyu unuda bilmərəm. Siz mənim müəllimim olmusunuz, mənə dərs demisiniz.
- Pedaqoji İnstitutda, hə?
- Yox.
- Bəs harada?
- Kosalıda.
- Gör aradan neçə illər keçib. Yarım əsrdən də çoxdu.
- Keçsə də o günə minnətdaram. O vaxt məni o hala salmasaydınız, indi bəlkə də avaranın biriydim, sizin əliyizin suyundan oxudum, adam oldum. Buna görə də sizin əllərinizə minnətdaram.
İsmayıl Şıxlının qaşları çatıldı. Yada salmağa çalışdı olub-keçənləri. Dumanlı şəkildə xatırladı ki, indi onu qucaqlayıb, hörmətlə ürəyinin başına sıxan bu kişi o vaxt bütün məktəbi zinhara gətirmişdi. Lakin arxası möhkəm olduğundan heç kəs ona "gözün üstə qaşın var" deyə bilmirdi. Çünki yaxın qohumu rayonda məsul vəzifədə işləyirdi.
İsmayıl müəllim onun əlindən rahat dərs deyə bilmirdi, lap cana yığılmışdı. Onu əməlli-başlı tənbeh eləmək qərarına gəldi. Çox düşünüb-daşındıqdan sonra məktəbə gedib-gəldiyi atını ehtiyat üçün pəncərənin altına bağladı ki, bir şey olsa minib aradan çıxsın. Beləliklə, oğlanı içəri salıb, "nə yemisən turşulu" deyincə ürəyi soyuyana, hirsi yatana qədər çırpdı ki, çırpdı. Hadisə uşağın məsul işdə çalışan qohumuna çatanda, o, müəllimə haqq qazandırdı. İpə-sapa yatmayan bu oğlan isə daşı ətəyindən töküb dəftər-kitaba bağlandı. Bundan İsmayıl müəllim də sevindi, onun qohum-əqrəbası da.
İndi onlar - İsmayıl Şıxlı və onun bir vaxtlar o ipə-sapa yatmayan şagirdi, bir-birinə qoşulub gülür, gülürdülər...

* * *

Mehdi Hüseyn və İsmayıl Şıxlı...
Bu iki müqtədir yazıçını bir-birindən ayrı təsəvvürə gətirmək olmaz.
İsmayıl Şıxlı tələbəlik illərində Allah qədər inandığı qüdrətli sənətkar Mehdi Hüseynə ilk hekayələrini oxumuş, ondan ustad dərsləri almışdır.
Vaxt olmuşdu ki, Mehdi Hüseyndən incimiş, onun həmişə xoş duyğularla açmağa adət etdiyi məhrəm, doğma mənzilinə ayaq basmaq istəməmişdir. Ancaq aralarındakı "inciklik" də uzun çəkməmişdir. O, yenidən Mehdi Hüseynlə yaxınlaşmış, yenə əvvəlki kimi birgə ürəkdən gülüb, ürəkdən danışmışlar. İllər keçəndən, ustadı haqq dünyasına qovuşandan sonra bu əhvalatlardan biri onun xatirə dəftərində kövrək sətirlərə çevrilmişdi. Onu danışanda gözləri yol çəkirdi. Belə olmuşdu bu əhvalat:
"Mehdi Hüseynlə mən bir də müharibədən sonra görüşdüm. Əsgərlikdən yenicə gəlmişdim. Yenə hekayələr yazırdım. Mehdi Hüseynin yanına yenə hekayə oxumağa gəlmişdim. Bu dəfə İngiltərədən bəhs edən bir neçə hekayə yazmışdım. O, birinci hekayəyə səbrlə qulaq asdı. Qurtarandan sonra ikincini oxumağı xahiş etdi. İkinci hekayəni oxudum. Yenə dinmədi. Üçüncünü oxuyanda əsəbiləşdi və ayağa durdu.
- Sən nə vaxt gördüyün, bildiyin hadisələrdən danışacaqsan? Bunlar kimə lazımdır? Axı məni başa sal görüm, niyə özünü dağa-daşa salırsan?
Nə cavab verəcəyimi bilmədim. Pərtliyimdən kağızları əlimdə əzişdirdim. Mehdi Hüseyn bunu hiss edib sözünə ara verdi. Diqqətlə üzümə, əynimdəki paltara baxdı:
- Görürəm ki, cəbhədən yenicə qayıtmısan. Köynəyindəki paqon yeri hələ solmayıb. Axtarsan üstündə səngərlərin tozunu da tapmaq olar. Hiss edirsən ki, səndən barıt qoxusu gəlir. Bəs cəbhədə gördüklərini yazmaq fikrində deyilsən?
Mən bu dəfə lap ümidsizləşdim. Hətta xəyalıma gəldi ki, deyəsən, Mehdi Hüseyn heç mənim hekayə yazmağımı istəmir. Ona görə də hər sözə bəhanə tapır, kömək etmək əvəzinə nə gətirirəmsə rədd edir. Ürəyimdə onun yanına gəldiyimə görə özümü danladım. Yəqin ki, o, mənim nələr düşündüyümü duydu. Yaxınlaşıb əlini çiynimə qoydu. Üzünə baxmazdan əvvəl dəsmal çıxarıb tərimi sildim. O, gülümsünürdü:
- Özünü çətinliyə salma. Cəbhə yoldaşlarını yadına sal, necə vuruşduğunuzu xatırla, təmtəraq axtarmadan, gərgin süjet xətti qurmaq üçün süni yollar seçmədən yazmağa çalış. Belə etsən, yazdığın hekayələr xoşa gələcək. Əgər belə etməsən, bilmədiyin həyatdan yazsan, heç nəyə müvəffəq olmayacaqsan.
Mən ondan incik halda evə qayıtdım. İki gün Mehdi Hüseynin mənim hekayələrimi nə üçün bəyənmədiyini anlamağa çalışdım. Hirsim bir az soyudu. Yazılarımı yenidən oxudum. Doğrudan da, bu nə idi yazmışdım? "Böyük Britaniya... Ada... Robert. Müharibə başlayır... Sevgililər ayrılıb...". Deyəsən, lap gülməli idi.
İki aya qədər əlimə qələm almadım. Hətta belə qənaətə gəldim ki, məndən yazıçı olmaz. Yaxşısı budur, oturum dərslərimi oxuyum, aspirant adamam, minimumlarımı verim".

* * *

Mehdi Hüseynin dedikləri gənc qələm sahibini uzun-uzun düşüncələrə daldıracaq, gecələr yuxusunu əlindən alacaq, tərəddüd və sarsıntılar dolu həftələr, aylar dolanıb keçəcəkdi. Sonra isə...
"...Kağız-qələm götürdüm. Balaca bir hekayə yazdım. Onu düz on beş dəfə köçürdüm. Bu hekayəni ona göndərməyə cəsarətim çatmadı. Başqa adamla göndərdim və xeyli onun gözünə görünmədim".
Aylar keçəcək. O hekayəsindən bir soraq almaq üçün Allah bilir nə qədər nigaran qalacaq, həyəcan keçirəcəkdi. Bəlkə də bu hekayənin qara xəbərə, ya da xoş müjdəyə çevriləcək sorağı onun taleyini, gələcək həyat yolunu müəyyən edəcəkdi:
"Bir dəfə təsadüfən Yazıçılar İttifaqında rastlaşdıq. Birdən o, qoltuğundakı qəzetlərin arasından "İnqilab və mədəniyyət" jurnalının hələ satışa buraxılmamış nömrəsini mənə uzatdı:
- Səni təbrik edirəm. İndi yazdığın bir şeyə oxşayır. Al, oxu.
O, içəri keçdi. Mən jurnal əlimdə onun arxasınca xeyli baxdım. Barmaqlarım səhifələri çevirdi. "Həkimin nağılı" sözləri gözümə sataşdı. Bu mənim 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalının beşinci nömrəsində çıxan ilk hekayəm idi".
Onun ilk mətbu əsəri - "Quşlar" şeiri isə 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdu. Bununla da redaksiyalara şeir aparmağa vida demişdi.


* * *

...Çimərliyin gözləri yol çəkən vaxtları idi. Sahildə kimsə görünmürdü. Biz hərdən dəniz qırağına üz tutur, söhbət edə-edə Buzovna çimərliyinə qədər gedir, sonra da geri dönür, nahara gəlirdik. Bir dəfə ləpədöyəndəki qayalara çatanda İsmayıl müəllim addımlarını yavaşıtdı, fikirli-fikirli:
- Nahid, "Yeraltı çaylar dənizə axır" romanını, yəqin ki, oxumuş olarsan.
- Əlbəttə, özü də bir dəfə yox. Yadıma gəlir ki, bu roman çapdan çıxanda mən tələbə idim. Onu da xatırlayıram ki, bu kitab təkcə filologiya fakültəsi tələbələrinin deyil, başqa fakültədə təhsil alan oğlanların, qızların da əlindən düşmürdü.
- Doğrudan da o zaman roman yaman səs salmışdı. Məncə, Mehdi Hüseynin yaradıcılığında yeni bir mərhələ başlayırdı. Yeni bir dalğaydı "Yeraltı çaylar dənizə axır"!
- İsmayıl müəllim, bu doğrudan da beləydi, - dedim. - Mövzu da yeni idi, dil də fərqlənirdi. Əsər çox ilhamla yazılmışdı.
İsmayıl müəllim:
- Bir sinəsi oyuq-oyuq olan bu qayalara diqqətlə bax.
- Baxdım.
- Roman burada dalğaların nəğməsi altında yazılıb, səhərlər tezdən kağıza köçürülüb desəm, inan ki, yanılmaram. - İsmayıl müəllim gözlərini qıyıb uzaqlara baxdı. - Söz vaxtına çəkər. Elə bu vədələr olardı. Bir dəstə yazıçı Şüvəlana - Yaradıcılıq Evinə çəkilmişdik. Mehdi Hüseyn, Əli Vəliyev, mən... Bir-iki nəfər başqası da var idi. Hamımızın qələm əlində idi. Gecə-gündüz bir-birimizin bəhsinə yazırdıq. Mehdi Hüseyn də coşqun həvəslə "Yeraltı çaylar dənizə axır"ı tamamlamağa çalışırdı.
Onun məskəni bu qayalıqlar idi. Yoldaşı da çox vaxt məşhur aktyor Ələsgər Ələkbərov olurdu. Bərk dost idilər. Bir həftə görüşməsələr darıxırdılar. Mehdi bu təkrarsız sənətkarı çox sevirdi. Sonralar "Alov" pyesini onun arzusu ilə yazmışdı. Ələsgər Ələkbərov Akademik Dram Teatrında pyes tamaşaya qoyulanda baş rolu - prokuror Kamalovu oynadı. Bütün teatr aləmini silkələyən möhtəşəm bir obraz yaratdı. Ələkbərovun ölümqabağı səhnədə Səməndər quşu əfsanəsini yanar səslə dilə gətirməsi salonu sözün əsl mənasında titrədirdi. Mehdi Hüseyn bu tamaşadan sonra ona qardaş məhəbbətilə "Səhnəmizin Səməndər quşu" deyirdi.
İsmayıl Şıxlı söhbəti dəyişdi. Burada, dəniz qırağında da, Yaradıcılıq Evində də məzəli əhvalatlar, söhbətlər tez-tez bir-birinə calanır, bizi doyunca güldürür, sonra da yaddaşlara yazılırdı.
İsmayıl müəllim qüdrətli bir qələm sahibi kimi bu əhvalatları elə şirin dillə, ləhcəylə düzüb-qoşurdu ki, dinləyəndə o insanlar gözünün qabağına gəlir, sən özün də xəyalən həmin hadisələrin, söhbətlərin iştirakçısına çevrilirdin.
O, sözünə azacıq ara verib dedi:
- Mehdi Hüseyn bir gün yenə adəti üzrə işləyəndən sonra rezin çəkmələrini geyinib, tilovlunu götürdü. Pillələri enib yola düşmək istəyəndə Əli Vəliyev onu gördu. Elə ikinci mərtəbədən qışqırdı:
- Mehdi, səndən balıq tutan olmaz, nahaq yerə özünü yorma.
- Əli, inanmırsan?
- İnanmıram.
- Sübut etsəm, necə, inanarsan?
- Çox yox, ikicə balıq gətirsən, sənə bir konyak alaram.
- Sən ki, içən deyilsən?
- Nə olar, siz içərsiniz.
- Mərcləşdik.
- Kişinin sözü bir olar, dedim, qurtardı.
O gün Mehdi Hüseyn sahildə xeyli ləngidi. Yalnız qaranlıq düşəndə onun həyətdə hay-küyünü eşitdik.
- Əli, haradasan, çıx meydana, gör lələşin necə balıq tutub?
Əli Vəliyev ikinci mərtəbədən aşağı endi. Mehdi Hüseynin əlindəki balıqlara baxdı və özünə xas olan sadəlövhlüklə içini çəkdi.
- Hıııı... özü də şamaykadır. Afərin, ə, bunları özün tutubsan, yoxsa ondan-bundan alıbsan?
- Əli, bax, bunu səndən gözləməzdim.
Onların baxışları çarpazlaşdı. Əli Vəliyev gülə-gülə əlini qaldırdı.
- Sən Allah, üzümə qanlı-qanlı baxma, inandım.
- De görüm uduzdun, ya yox?
- Nə deyirəm, uduzdum. Mən sözündən qaçan deyiləm.

* * *

1983-cü il. Yazın aşıb-daşan vaxtıydı. Onunla "Kitab passajı"nın qabağında rastlaşdım. İsmayıl müəllim mehribanlıqla mənə əl uzatdı.
- Ya Allah, ya Allah, xoş gördük, - dedi.
- Ya Allah, İsmayıl müəllim, nə vaxtdır sizin üzünüzə həsrətik.
- Nahid, görünür, yaş da öz işini görür. Gedib dərsimi deyir, qayıdıram evə. Sonra da yazı-pozu. Günlər beləcə axıb gedir. Biz də yavaş-yavaş qocalırıq. Rəhmətlik Mehdi Hüseynin bir sözü var idi. Deyərdi: "Yaradıcılıq elə bir şeydir ki, gərək qələmi soyutmayasan. Yazı stolundan aralandın, qayıdıb özünü kökləyə biləsən".
İndi gəlmişəm ki, "Xatirəyə dönmüş illər" kitabımdan 15-20 nüsxə alım. Evdə vur-tut bircə nüsxə qalıb, onu da heç kəsə verə bilmərəm.
Mağazanın "Azərbaycan ədəbiyyatı" şöbəsinə keçdik. İsmayıl müəllim piştaxtaya yaxınlaşıb satıcıdan soruşdu:
- Mənim "Xatirəyə dönmüş illər" kitabım sizdə varmı?
Qız diqqətlə İsmayıl müəllimi süzsə də, bilmədi ki, qarşısındakı yazıçı kimdir. O, qızın çaşqın-çaşqın baxdığını hiss edib, onu vəziyyətdən çıxarmaq üçün əlini gözlüyünə uzadıb gülümsədi:
- Mən İsmayıl Şıxlıyam, əgər sizdə varsa, kitabımdan bir-iki bağlama götürmək istəyirəm.
Qız özünü itirmiş halda:
- Bağışlayın, bu dəqiqə baxıb deyərəm. - O, bizdən aralandı və quşun qanadında geri qayıtdı. - İsmayıl müəllim, nə götürmüşdüksə hamısı satılıb. Cəmi iki nüsxə var.
- Heç olmasa o iki nüsxəni gətir. Ancaq bununla yara sağalan deyil. Sizcə, hansı mağazadan tapmaq olar? Nömrə bilirsinizsə mənə deyin, zəng eləyim.
- İsmayıl müəllim, bu işlərə bizdə Daşqın Qasımzadə baxır. O, heç vaxt ehtiyatı üzmür. Yazıçılar həmişə ondan razılıq edirlər. Deyilənə görə onun atası da şair olub.
- Əgər siz deyən kimidirsə, Daşqınla özüm məsələni həll edərəm.
Ağır bir yükün altından xilas olubmuş kimi sifəti çiçəkləndi. İsmayıl müəllim gülümsəyərək:
- Yaxşı, bu iki nüsxənin qiyməti neçə elədi?
- Üç manat iyirmi qəpik, - qız təbəssümlə dedi.
İsmayıl müəllim dönüb kassaya tərəf getmək istərkən qabağını kəsdim:
- İsmayıl müəllim, məni utandırmayın, bu dəqiqə.
- Nahid, əliuzunluq eləmə, qayda-qanun var, axı!
- İsmayıl müəllim, kitabın biri mənimdir.
- Qurbandır sənə.
- Özü də avtoqrafla.
- Əlbəttə ki, avtoqrafla, - dedi, - biz neçə ilin dostuyuq, duz-çörək kəsmişik, yol yoldaşı olmuşuq.
Kitabı alıb qapıya sarı yönəldik. Bayıra çıxanda Daşqın Qasımzadə ilə üzbəüz gəldik. O, çox əziz, doğma bir adamını görürmüş kimi əllərini irəli uzatdı:
- Nə yaxşı adamlar gəlib bizim tərəflərə.
- Yaxşı günün olsun, ay Daşqın, - deyə İsmayıl müəllim əlini onun çiyninə qoydu. - A saqqalı ağarmış, haralardasan? Lap aya-günə dönmüsən.
Daşqın özunəməxsus şuxluqla:
- Ay İsmayıl müəllim, başımızı qaşımağa macal tapırıq ki? Hərdən vaxt oğurlayanda da dostlarla özümüzü veririk kababxanaya. Neyləyək, ölüm-itim dünyasıdır.
İsmayıl müəllim başının işarəsilə:
- Nahidlə tanışlığın yoxdur?
- Yoxdu deyəndə... Onunla çox kolbasa-çörək yemişik. Vaxt olub ki, üstündən yüz-yüz də vurmuşuq.
- Bəs onda bu kişi ilə niyə görüşmürsən?
Daşqın əlini şəstlə mənə uzatdı:
- Salam, köhnə dost, köhnə qonşu!
- Demək, qonşu da olmusunuz?
- İsmayıl müəllim, bu qonşuluq məsələsi bir az qəlizdi.
- Nə mənada?
- O mənada ki, ikimiz də radioda işləyirdik. Nahid Xarici verilişlərdə idi. Mən də səs operatoru idim. Mənə çox işi düşürdü. Bəzən, gecələr də montaj eləyirdik. Komitə İnşaatçılar prospektində "Efir" kooperativi tikdirirdi. İkimiz də yazıldıq. Nahid birotaqlıya, mən də üçotaqlıya, - gülümsədi. - Anam kömək elədi. Püşkatmada Nahid də, mən də beşinci bloka düşmüşdük. Buna çox sevinirdik. vəziyyət elə gətirdi ki, mən köçəsi oldum.
"Kitab passajı"nın boya-boy vestibülündə adam əlindən tərpənmək olmurdu. Biz bir tərəfə çəkilsək də, könlümüzcə azad-asudə söhbət edə bilmirdik. Deyəsən, bunu ev sahibi kimi Daşqın daha aydın hiss eləyirdi.
- İsmayıl müəllim, yolunuz, səmtiniz hansı tərəfədir? - Daşqın gözlənilmədən soruşdu.
- Hara olacaq, bir az hərlənəcəyik, sonra da üz qoyacağıq evə sarı.
- İsmayıl müəllim, bir az əvvəl dediniz ki, axşam Daşqına zəng eləyəcəyəm. Zəngdənsə, elə indi üzbəsurət danışsanız yaxşı olar. Necə deyərlər, dəmiri isti-isti döyərlər.
Gözlüyünü əlinin dalı ilə yuxarı qaldırdı:
- Daşqın, bu yaxınlarda mənim bir kitabım çıxıb.
- "Xatirəyə dönmüş illər"i deyirsiz?
- Özüdür ki, var.
- Oxumuşam, qiymətli kitabdır, şirin oxunur. Atam haqqında da çox ürəkdən, səmimi yazmısınız. İki-üç dəfə oxumuşam. Hər dəfə də kövrələ-kövrələ. Kitabdan yaxın qohumlara da vermişəm. Onlar da çox bəyəniblər, sizə minntədarlıq eləyirlər.
- Onda, sən gəl bir yaxşı oğlan ol! O kitabdan iki-üç bağlama tap mənim üçün.
Daşqın əlini gözünün üstünə apardı:
- Elə hesab eləyin, üç bağlama kitab ya bu axşam, ya da səhər tezdən sizdədir.
- Yəni, inanaq? - mənalı-mənalı gülümsədi.
- İsmayıl müəllim, əlbəttə, - dedi, - Daşqının söz ağzından çıxdı, qurtardı getdi.
- Onu mən də bilirəm. Ancaq burası da var ki... həmişə başın qarışıq olur, qaçhaqaçdasan...
- İsmayıl müəllim, Allaha şükür, məndən də yaxşı bilirsiniz ki, bunun sizə heç bir dəxli yoxdur. Siz Qasımzadələr ailəsi üçün çox əziz adamsınız, həm də böyük yazıçısınız. Ancaq indi bu məsələ ilə bağlı mənim bir şərtim var. - Pencəyinin qolunu geri çəkib saata baxdı. - Nahar vaxtıdı...
İsmayıl müəllim onun nə demək istədiyini göydə tutdu:
- Ay Daşqın, bir yandan vacib işim var, bir yandan da dərman atıram.
- İsmayıl müəllim, siz yazıçı kimi söz deyərsiniz, Nahidlə mən isə "Xatirəyə dönmüş illər"ə "xoş gəldin" eləyərik.
İsmayıl müəllim daha onun sözünü döndərmədi. Bilirdi ki, o, öz sözünü hər addımda yerinə yetirən kişidir. Daşqın bir ayağını qaçaraq qoyaraq:
- Qadanızı alım, - dedi, - siz yavaş-yavaş gedin Sahil bağına, daha doğrusu, "Jemçujina"ya. Mən də sənədlər var, müdirə qol çəkdirib, özümü yetirirəm sizə.
Biz söhbət eləyə-eləyə onun dediyi kimi üz qoyduq dəniz qırağına.
- Bu Daşqın çox qiyamət adamdır, - İsmayıl müəllim dedi. - Xasiyyətdə atasına oxşayır. İstiqanlı, xeyirxah. Yadımdadır, Böyükağanın ilk oğlu olanda düz bir ay elliklə ona ad axtardıq. Nə təklif etdiksə, Böyükağa heç birini bəyənmədi. Axırda özü tapdı. Mehdi Hüseynin "Daşqın" romanı köməyinə gəldi. Oğlunun adını Daşqın qoydu.
- Demək, adının maraqlı tarixçəsi varmış dostumuzun.
- Elədir. Rəhmətlik atası ilə tələbə yoldaşı olmuşuq, - İsmayıl müəllimin səsi dəyişdi. - Sonra mehribanlaşdıq. Cəbhə yollarından keçmişik. O, hələ müharibədən əvvəl də tanınır, sevilirdi. Biz, köhnə dostlar onunla fəxr edirdik.
- Ancaq yaman az yaşayıb.
- Elədir. Görünür, qisməti beləymiş. Böyükağa heç yadımdan çıxmır. Bilmirəm, necə oldu ki, tanrı ona qıydı. Yaşasaydı, yəqin ki, çox məşhur bir söz adamı olardı. Eh, neyləyəsən? O, mənim yaddaşımda istedadlı bir şair kimi, işıqlı bir insan kimi yaşayır.
Aradan çox illər keçib. Hərdən mənə elə gəlir ki, ilk dəfə rastlaşdığımız, kəlmə kəsdiyimiz gün dünən olub. Danışığı da, gülüşü də bircə-bircə yadımdadır. Xatirimə gəlir: Mühazirə çoxdan başlamışdı. Mən isə gözaltı yanımdakı oğlana baxır, onun dəftər-kitabına nəzər salır, kimliyini öyrənmək istəyirdim. Elə bil, ürəyimdən keçənləri duymuşdu. Tənəffüs zamanı mənə yaxınlaşıb, mehribancasına əlini uzatdı.
- Gəl tanış olaq, mənim adım Böyükağadır, Böyükağa Qasımzadə.
- "Murad"ı sən yazmısan?
- Bəli.
- Ola bilməz.
- Niyə?
Mən dinmədim. Hələ instituta gəlməzdən əvvəl, rayonda pioner baş dəstə rəhbəri işlədiyim zaman uşaqlara Abdulla Şaiqin "Məktub yetişmədi", Mikayıl Müşfiqin "Qaya" və bir də Böyükağa Qasımzadənin "Murad" kitabını oxutdururdum.
Mən qarşımda duran qarayanız, sivri burunlu oğlana heyrət və şübhə ilə baxır, onun məni aldadaraq zarafat etdiyindən ehtiyatlanırdım.
- Niyə inanmırsan, şairə oxşamıram?
Çiynimi çəkdim. O, dəftərlərin arasından birini götürüb mənə verdi. Vərəqləməyə başladım. Birinci səhifədə özünün şəkli yapışdırılmışdı. Ətrafı gül-çiçəklə bəzədilmişdi. Sonra məktəbli səliqəsi ilə, aydın xətlə şeirlər yazılmışdı. Hər səhifədə şeirə uyğun şəkillər çəkilmişdi: qızılgül və bülbül, dimdiyində məktub aparan göyərçin, oxlanmış ürək və şairin təxəllüsü -"Böyükağa Ruhi". Sözün düzü, mən elə bildim ki, öz dəftərçəmi vərəqləyirəm. Axı, mən də hərdənbir "Tənha", "Yalqız" təxəllüsü ilə şeirə oxşar şeylər yazıb ətrafını gül-çiçəklə bəzəyirdim.
- İndi inandın?!
- İnandım.
- Sən də şeir yazırsan?
Boynuma almadım.
Bizim tanışlığımız belə başladı. Böyükağa şirindil, zarafatcıl bir oğlan idi. Zarafatlarında ilıq bir həlimlik vardı. Bu, onun qəlbinin təmizliyindən irəli gəlirdi. Elə buna görə də azacıq sonra bütün tələbələrin sevimilisi oldu. Biz onun hər addımını izləyir, çap olunan, olunmayan şeirlərini tapıb əzbərləyirdik. Bunun bir səbəbi də o idi ki, Böyükağa az, amma yaxşı yazmağa çalışırdı. O, tərcümələr də edirdi. Pəsdən oxumağı da vardı. Tənəffüslərdə meylinə yatan şeirləri "Şur", ya da "Rast" üstündə oxuyardı. Bu onun şeirlərinin, yaxud da tərcümələrinin axıcılığına kömək edirdi.
Böyükağanın şeirləri çap olunduqca biz öz "şairimizlə" fəxr edirdik. Onun Yazıçılar İttifaqının Şeir bölməsinə rəhbər seçildiyini eşidəndə və "Kommunist" qəzetinin birinci səhifəsində şəklini görəndə uçmağa qanad axtarırdıq.
Şair Böyük Vətən müharibəsi cəbhələrində bir komandir kimi döyüşdü. Cəbhə yolları onu uzaqlara apardı, nəmli səngərlərdə süründürdü, mərmi çuxurlarında gizlənməyə məcbur etdi, od-alov içinə saldı, lakin şair geri çəkilmədi.
Böyükağa qələbə gününə qədər əsgər şinelini soyunmadı...
Dünyanın qəribə işləri var. Topların, mərmilərin, bombaların altından salamat çıxırsan, başına torpaq sovrulur, odlu güllələr yanından ötüb keçir, bəzən dəniz hayqırıb gəmini qayalara çırpır, sən uçduğun təyyarə göydə od tutub yanır, salamat qalırsan, amma adi bir xəstəlik aman vermir...
Bir gün qardaşı Həsənin titrək səsini eşitdim:
- Böyükağa qolumun üstündə keçindi. İkicə dəqiqənin içində. Əlimdən heç nə gəlmədi. Baxa-baxa qaldım...
Bəli, şair bir insan ömrünü axıra qədər yaşaya bilmədi. Onun ürəyi həyatının 41-ci ilində dayandı.
... Daşqın bizi çox gözlətmədi. Gələn kimi də uca səslə:
- Özünüz bilirsiniz ki, "Jemçujina"nın emblemi nərə balığının kababıdır, - dedi. - Gəlin biz də bu ənənəni pozmayaq.
- Çox adam ənənəni bəyənməsə də, mən həmişə tərəfdarı olmuşam, - deyə İsmayıl müəllim onun sözünə qüvvət verdi.
Daşqın çönüb mənim üzümə baxdı:
- Nahid, yəqin, sənin də balıq kababı ilə aran sazdır.
- Bundan yaxşı nə ola bilər ki? - mən gülümsədim. - İsmayıl müəllim, birdən mənim kitabım yaddan çıxar haaa...
- Yox, çıxmaz, - stolun uc tərəfində qoyduğu kitablardan birini götürüb, - bu da olsun sənin, - dedi. - Yadıma gəlir ki, mən sənə çox kitab bağışlamışam. "Dəli Kür", ikicildlik "Mənim pərim". Gərək ki, başqaları da var. Hamısına da ürəkdən avtoqraflar yazmışam. Bu gün isə hava çox istidir, nə fikirləşməyə, nə də yazmağa heyim yoxdur. Ona görə də ikicə kəlmə ilə - "Əzizim Nahidə" sözləri ilə kifayətlənməli olacağam.
- İsmayıl müəllim, çox sağ olun, minnətdaram, - dedim. - Sizin bu mübarək kitabınız əvvəllərkilərin cərgəsinə qoşulacaq. İşim nə qədər gərgin olsa da, oxuyub sizə zəng edəcəyəm.
- Mənim üçün çox xoş olar. Sənin zövqünə də, duyumuna da bələdəm. İndiyəcən xeyli adam zəng eləyib, fikrini bildirib. Hələlik sorağı yaxşı gəlir. Yazıçı üçün bu, çox böyük fərəhdir.
Başımızı qaldıranda gördük ki, şair Hüseyn Arif yanımızdakı boş stola baxır. İsmayıl müəllimin gözü onu tez aldı:
- Qağa, qağa!..
Hüseyn müəllim əvvəlcə özünü o yerə qoymadı. Mən qalxıb onun qolundan tutdum:
- Hüseyn müəllim, İsmayıl müəllim sizi stola dəvət edir.
- Bıy-bıy, bizim feodal da buradaymış ki!
- Ay gavur, gəl otur, - İsmayıl müəllim əlini bığına çəkdi, - Ay zalım, deyirəm bu isti havada səni bir doyunca tərif yağışında çimizdirək. Necə bilirsən?
Hüseyn müəllim zarafata zarafatla cavab verdi:
- İsmayıl, təriflinin nəyini tərifləyəcəksən ki?!
...İsmayıl Şıxlı könlünə yatan ziyalılarla həmsöhbət olmağı xoşlayırdı. Akademik Firudin Köçərli də bu sırada idi. Onlar ikisi də çox saf insan idi. Həmişə dedi-qodulardan, şərə-şür işlərdən, dəstəbazlıqdan uzaq durmağa çalışırdılar. Qəlbən, ruhən XIX əsr maarifçilərinə, onların ideallarına yaxın idilər. Yıxılanı qaldırmaq, köməksizə kömək göstərmək, ürək qırmaq yox, ürək tikmək, xalqın əsl övladı olmaq onların amalı idi. Uzun illər idi ki, yaxınlıq, dostluq eləyirdilər.
Onlar axşam sərinində dəniz qırağında görüşür, ləpədöyəndə dənizin səsinə qulaq asa-asa bu başdan o başa gedir, axşamdan xeyli keçəndə sağollaşıb ayrılırdılar.
Belə günlərin birində Hüseyn Arif onlarla rastlaşır. Firudin müəllim də, İsmayıl Şıxlı da Hüseynlə doğmalaşmışdılar. Xəfif zarafatları var idi. Hərdən məzələnirdilər.
İsmayıl müəllim ona deyir:
- Ay gavur, gəl qoşul bizim dəstəyə.
- Siz hara, mən hara? - Hüseyn Arif ayağını yavaşıdır. - Vəzifədən çıxmış adamlarla mənimki tutmaz. Ay İsmayıl, səni Yazıçılar İttifaqından, Firudin qağamı akademik olsa da, Fəlsəfə İnstitutunun direktorluğundan atıblar. Mən qağanız isə o boyda Aşıqlar Birliyinin sədridir. Sağlığınıza kabinetim, katibəm, altımda da maşınım...
- Qağa, düz deyirsən, - deyə İsmayıl Şıxlı cavab verdi, - ancaq bircə onu düz demirsən ki, bizi atıblar. Ay böyük sənətkar, onu bil ki, Firudin müəllim də, mən də öz ərizəmizlə aralanmışıq o sən dediyin yerlərdən. Ona görə ki, istəyirik ürəyimiz istəyən qədər saf dəniz havası alaq. Yoxsa ikimiz də oralarda boğulurduq.
...Yeməklər gəldi. Qədəhlər cingildədi. Sağlıqlar başladı. İsmayıl müəllimlə Hüseyn Arifin şux zarafatları, gülməli əhvalatları biri qurtarmamış o biri başlayırdı. Beləcə, ömrümüzə yazılan bir gün yaşadıq.


* * *

Divanda uzanıb qəzetlərə baxırdım. Telefon səsləndi, qalxıb heysiz-həvəssiz dəstəyi götürdüm.
- Alo, eşidirəm.
- Nahid müəllimdi?
- Bəli, mənəm, buyurun.
- İsrail Mustafayevdir sizi narahat edən.
Deyəsən ilk dəfəydi ki, o bizə zəng edirdi. Ona görə də səsini anışdıra bilmədim.
- İsrail müəllim, - dedim, - tanımadım səsinizi, dövlətli olacaqsınız.
- Əzizim, mənə qarğıma. Təki sağlıq-salamatlıq olsun. Elə bununla da birtəhər çulumuzu sudan çıxarırıq... Heç soruşmursunuz sizi nə üçün narahat eləyirəm.
- Əli Vəliyevin sözü olmasın, deyərsiniz bilərəm.
- Bu gün bir planınız yoxdur ki?
- Belə havada nə plan olasıdır ki? Adam başını bayıra çıxara bilmir.
- Orası elədir. Ancaq mən İsmayıl müəllimin tapşırığı ilə sizə zəng edirəm.
- Özunuz bilirsiniz ki, İsmayıl müəllimin adı gələndə əlimdə yağım daşsa da, heç bir plan söhbəti ola bilməz.
- Nahid müəllim, - dedi, - sizi bir saz qonaqlığına dəvət etmək istəyirəm.
- Mən hazır, - dedim. - İsmayıl müəllim olan məclisdə iştirak eləmək mənim üçün şərəfdir.
O, ürəyimi oxuyurmuş kimi sevincək:
- Osman qağa da orada olacaq, - dedi.
- Yəqin ki, Ədalət gəlib, həəə?
- İsmayıl müəllimin ismarıcı ilə gəlib. Ustad, deyəsən, onun başına bir az ağıl qoymaq istəyir. Yazıqdı, gözümçıxdıya salıblar.
- İsrail müəllim, bilirəm, - dedim, - hamısını çox gözəl bilirəm. İsmayıl müəllim bu barədə həmişə yana-yana danışır. Yeri düşəndə məndən onun xahişini eləyir. Deyir: "Nahid, səndən bircə xahişim var. Gözün Ədalətin üstündə olsun. Allah ona o boyda istedad verib. Ancaq di gəl öz qədrini bilmir. Bəs bizə nə olub? O, xalqın sərvətidir. Kimin əli çatır, az-çox imkanı var, gərək qayğısını əsirgəməsin. Yoxsa iş-işdən keçəndən sonra nə qədər təəssüf eləsək, yanıb-yaxılsaq da xeyri olmayacaq".
- İsmayıl müəllim dəlisidi Ədalətin. Ona görə də üstündə belə əsir.
- Ədalətə də Allah insaf versin.
- Bax, bunu düz deyirsən, qardaş.
Günorta üstü harada görüşəcəyimizi vədələşib dəstəyi qoydum.
Taksi məni deyilən ünvana çatdıranda gün günorta idi. Bloka girəndə qulağım saz havası aldı. Ədalət "Baş sarıtel" çalırdı. İstər-istəməz yavaşıdım. Pilləkəni qalxıb, mənzilin düyməsini basanda saz qəfil susdu. Mən içəri girəndə məclis tərpəndi. İrəli yeriyib ilk növbədə qocaman sənətkarımız Osman Sarıvəllinin əlini sıxdım. Sonra xalq yazıçısı İsmayıl Şıxlı, şair Məmməd Aslan və aşıq Ədalətlə görüşdüm. Hamısı mənə ürəkdən "Xoş gəldin" elədi.
Xudmani bir süfrə açılmışdı. İsrail müəllim üzünü məclisdəkilərə tutdu:
- Mənim əzizlərim, bizim bu kasıb komamızın qapısını açdığınıza görə hamınıza minnətdarlığımı bildirirəm. İsmayıl müəllimdən başqa hamınız ilk dəfədir ki, bizim evdə çörək kəsirsiniz, halal xoşunuz olsun. Bu istirahət günü biz İsmayıl müəllimin istəyilə Ədalət sazının başına cəm olmuşuq. Deyirəm yeyək-içək, Ədalətin sazını dinləyə-dinləyə gözəl bir gün yaşayaq.
Osman Sarıvəllinin qırışığı açıldı:
- Ay uşaqlar, vallah, ələdüşməzdi belə bir gün. Sağ olun ki, mən qocanı da yada salmısınız. Bununla da ömrümü uzatdınız. Elə bilin ki, Həccin qulpundan yapışmısınız. Ona görə də axşamacan heç yana getdi yoxdu.
- Osman qağa, Ədalət Bakıya gələndə ürəyimdən siz keçdiniz. Bilirəm saz sizin üçün nədir. Qoşmaya meyliniz elə sazdan başlamayıbmı?
- Düz deyirsən, ay İsmayıl, doğru sözə nə deyəsən. Mənim də, elə sizin də mayamız saz havaları ilə yoğrulub. Ədaləti min yaşasın. Saza təzədən qanad verdi, ömrünü uzatdı onun.
İsmayıl müəllim:
- Osman qağa... - sözünün axırını ləngitdi. - Ədalətin barmaqlarında ilahi bir sehr var. Ancaq di gəl ki... - Osman Sarıvəlli başını qaldırıb zənlə İsmayıl müəllimin üzünə baxdı. - Burada hamımız yazı-pozu adamıyıq, Ədaləti də çox istəyirik. Sənəti qarşısında baş əyirik.
- Bunlar hamısı düzdür. Ancaq biz onu çox istəməklə iş bitmir. Biz istəyirik ki, özü öz qədrini bilsin. Papağını qabağına qoyub fikirləşsin ki, mən kiməm, yolum-yolağım hayanadır? Hər addım atanda ölçünü-biçini, mizan-tərəzini unutmamalıdır, həmişə sərvaxt olmalıdır bizim bu Ədalət. Yoxsa gəlib durub uçurumun başında. İkicə addım qalıb ki, dərənin dibinə düşüb kəllə-mayallaq olsun.
Osman Sarıvəlli səsini qaldırdı:
- Ay Ədalət, a sağ olmuş, bu deyilənlər nədir belə? Niyə əsəbiləşdirmisən İsmayıl müəllimi? Əgər bu sözləri Peyğəmbər kimi bir adam deyirsə, gör onda iş nə yerdədir.
Ədalət sıxıla-sıxıla:
- Ay ustad, - dedi, - İsmayıl qağa bunları məni istədiyindən deyir. Mən də hərdən "başısoyuqluq" edirəm. Bir iş görəndə əvvəlini, axırını fikirləşmirəm. Araq zəhrimar da ağlımı başımdan alanda oluram dəli-divanə. Belə vaxtda, elə bil, saz da məndən küsür, ağlım da, barmaqlarım da "şaltay-baltay" vurur. Ədalət çalğısından əsər-əlamət qalmır, olur bozbaş suyu.
Osman Sarıvəlli:
- Ay Ədalət, ay eloğlu, bunları ki, başa düşürsən, deməli, ağıllı adamsan. Sənə də, sənin sazına, sənətinə də zaval yoxdur.
- Elədir, ay ustad, vallah-billah, elədir.
Ev sahibi İsrail müəllim söhbətin baş alıb getdiyini, badımcan dolmasının soyuduğunu görüb nigaran-nigaran:
- A qadanızı alım, - dedi, - söhbət qaçmır, çörəyinizi yeyin sonra da...
Osman Sarıvəlli:
- Qonaq ev sahibinin quludu.
- Osman qağa, qulu yox, gülü.
- Fərqi yoxdur, olsun gülü.
Əlimiz süfrədən çəkiləndə Ədalətin sazı dindi, nə dindi!...
O, gözlərini yumub çox şövqlə çalırdı. Sanki bizi də unutmuşdu.
- Yaşasın belə ürəyi! - Osman müəllim uca səslə dedi, sonra üzünü İsmayıl müəllimə tutdu. - Deyirəm ustad bir "Şərili" ilə bizi sehrləsin.
- Osman qağa, bilirəm, siz bu havanı çox sevirsiniz.
- Sevirəm söz deyil, mən onun dəlisiyəm.
Ədalət çalmağa başladı. Osman Sarıvəlli uyuyub, elə bil, dünyadan qopmuşdu...
Ədalət çalmağına ara verəndə İsmayıl müəllim mənə sarı döndü:
- Ay Nahid, Məmməd Aslanla sənə ona görə əziyyət vermişəm ki, gərək birləşib bu Ədaləti haqq yoluna qaytaraq.
Məmməd Aslan da, mən də eyni vaxtda ürəklərimizin səsini bir-birinə qoşduq:
- Qaytaraq deyirsiniz, qaytaraq!
- Onda gəlin belə eləyək... Bizim gözəl şairimiz Məmməd Aslan aşıq poeziyasının mahir bilicilərindəndir. Ürəyimdən keçir ki, "Ədəbiyyat və incəsənət" qəzetində yaxşı bir məqalə yazsın, tutarlı söz desin. Televiziyanın qüdrəti də hamıya məlumdur. Sənin bu yaz "Səhər görüşləri"ndə verdiyin o süjet kimin yadından çıxar? Yazın nübar vaxtı... Göyəzən qalası... Aşağıda Ədalət çalır. Yuxarıda bülbül saz havası üstündə rəqs edir. Özü də necə rəqs edir... O vaxt sənə zəng eləyib təşəkkürümü bildirəndə demişdim ki, televiziya Ədalətin ömrünə ömür caladı, onu yaşatdı.
İsrail Mustafayev də İsmayıl müəllimin səsinə səs verdi:
- Doğrudan da o süjet möcüzə idi. Ədalət sazının möcüzəsini əyani göstərən bir telehekayət idi!
- İndi könül istər Ədalət haqqında belə məqamlar ekrandan tez-tez bizə gülümsəsin. Gərək hamımız çalışaq ki, bu yetim fəxri addan-zaddan bir şey də alsın.
- Ay Ədalət, ay qadan alım, bunlar hamısı yaxşıdır, - dedi Osman Sarıvəlli, - ancaq biz süddən yanığıq. Bu gün bizi doyuzdur.
- Baş üstə, ay ustad, baş üstə!
Ədalət sazı sinəsinə götürdü. Bizim isə ürəyimizə nur çiləndi...
Gözlənilmədən şair Məmməd Aslan ayağa durdu.
- Ay ustad, - deyə o, Osman Sarıvəlliyə üz tutdu.- Bayaqdan bəri Ədalət bizi sazla feyziyab edirdi. İndi isə mən gələcək saatlarımıza körpü salmaq istəyirəm. Sözüm isə şeirlədir. İsmayıl Şıxlı mənim müəllimim olub - çox sevimli müəllimim. Neçə illər qabaq ona şeir həsr etmişəm. Bunu bəlkə, heç özü də bilmir. İndi sizin qarşınızda həmin şeiri oxumaq istəyirəm.
- Ay Məmməd, nə yaxşı, nə yaxşı. Biz səni dinləyirik, - dedi Osman müəllim.
Məmməd Aslansa həyəcanlı, titrək səslə şeiri oxumağa başladı: "Sənin sözün-söhbətin". İsmayıl Şıxlıya.

Əsiri olmuşam söz-söhbətinin.
Dərsindən-dərsinə yaşamışam mən!
Bir dadlı, bir ölməz hissə çevirib,
Səni ürəyimdə daşımışam mən!

Ciddi baxışların dərin, mənalı,
Təbəssüm sakindir dodaqlarında.
Gur şəvə saçların sığala yatmır,
Yığmaqdan yorulub barmaqların da.

Başın əydəmlidir sinənə doğru,
Beyninlə ürəyin yaman dəmsazdı!
Gözlüklə gəlmisən sanki cahana,
İki gözlə görmək dünyanı azdı...

Sənin söhbətinə şirinlik qatır
Zil qara bığının titrəyişi də.
Tük də danışarmış, tük də dinərmiş:
Bığ dindi, az qaldı qulaq eşidə.

Acıqlı görmədik bir dəfə səni:
Nur yağan bir üzdə nə qəzəb, nə kin?!
Qulağa çatınca yadda qalardı -
Sənin sinədəftər söylədiklərin.

Esxillə, Homerlə gələrdin birgə;
Bayronla, Hüqoyla, neçə dahiylə.
Deyərdik: Prometey insan eşqinə
Hələ də döyüşür od Allahıyla...

Bizi aparardı öz dünyasına -
Gahdan Aristotel, gahdan Evripid...
Bir igid qurbağa öldü davada,
Ağlarsan, möhkəm ol, özünü bərkit!

Sənət mücahidi, korifeyləri
Sənin xəyalında tutmuşlar qərar.
Bəşəri məhəbbət öyrəndik səndən:
Yaxşılar çox olsa, dünyaya nə var?!

Sevdik institutda bir ata kimi
Hamıdan, hər kəsdən biz artıq səni.
Həvəslə oxuduq yazdıqlarını,
Amma kitabından daha çox səni!

Əsiri olmuşam söz-söhbətinin,
Dərsindən-dərsinə yaşamışam mən!
Bir dadlı, bir ölməz hissə çevirib,
Səni ürəyimdə daşımışam mən!..

İsmayıl Şıxlı xəfifcə gülümsədi:
- Ay Məmməd, sağ ol, çox sağ ol. Ancaq mən sizi belə öyrətməmişdim, axı? Məni utandırdın, şair.

* * *

Moskva civarı... Yazıçıların Peredelkino Yaradıcılıq Evi. Qar-borandan göz açmaq olmurdu. Taksidən düşüb özümü içəri saldım. Qeydiyyat otağının qabağındakı vestibüldə kreslolarda oturub söhbətləşən, mübahisə edənlər arasında gözüm dost-tanış axtardı. Hamısı yad adamlar idi.
Qeydiyyat otağında işimi sahmanlayıb, açarı alandan sonra çamadanı götürüb ikinci mərtəbəyə üz tutdum. Arxadan səs eşitdim:
- Nahid!
Geri qanrıldım. Məni çağıran kalmık yazıçısı Aleksey Balakayev idi.
Doğmalar kimi qucaqlaşdıq. Bir göz qırpımında ayaqüstü söhbətimizi başa vurub, sonra da:
- Axşam yeməyində görüşənədək! - deyib ayrıldıq.
Beynimdə "Yunost" jurnalında çoxdan oxuduğum "Tri risunka" ("Üç şəkil") adı dolandı:
- Aleksey, Aleksey, - deyə ucadan qışqırdım. - Bir zaman sizin ədəbiyyatdan "Yunost"da "Tri risunka" adlı bir povest oxumuşdum. Təəssüf ki, müəllifin adını unutmuşam.
- Necə? Xoşuna gəldi?
- Köpəkoğlu yaman yazıb.
Aleksey dik atılıb məni qucaqladı.
- Qardaş, niyə məni söyürsən?
Səs-səsə verib ikimiz də ürəkdən güldük.
Yuxarı qalxıb bir neçə həftə sakini olacağım otağın qapısını açdım. Kağız-kuğuzumu, pal-paltarımı yerbəyer elədim. Kağızlarımı yığdığım selofan çantanın içindən İsmayıl Şıxlının Moskvanın "Sovetski pisatel" nəşriyyatında çapdan çıxmış "Buynaya Kura" ("Dəli Kür") romanını çıxarıb stolun üstünə qoydum. İsmayıl müəllim kitabı mənə verəndə demişdi ki, İshaq İbrahimovun dostu var, kalmık yazıçısı Aleksey Balakayev. Deyilənə görə, Peredelkinoda tez-tez olur. Görsən, özünə verərsən, görməsən də kitabxanaya. Xahiş edərsən, çatdırarlar.
Xoş təsadüf! İlk görüşdüyüm dost elə Aleksey Balakayev oldu!
- Aleksey, necədir sənincün? Sənə müəllifin avtoqrafı ilə kitab gətirmişəm!
Aleksey yerindən sıçrayıb, məni qucaqladı. Mən də tezcə konvertə qoyduğum kitabı ona uzatdım. Açıb baxdı və sevincək:
- Müəllifə də, sənə də ürəkdən təşəkkür edirəm.
Biz hər gün səhər-səhər stolun arxasında salamlaşanda:
- Nahid, "Dəli Kür"ü əlimdən yerə qoya bilmirəm. Bütün yazı-pozum da qalıb. Görünür, romanı oxuyub başa vurmayınca mənimçün yazı məsələsi çətin olacaq.
Bir həftədən sonra bizim stola yeni "sakin" gəldi. Ortayaşlı bir kişi idi. Üzündən rus olduğu aydınca hiss olunurdu. Aleksey Balakayev nəsə gecikirdi. Mən bu təzə "sakin"lə kəlmə kəsmədən yeməyimi yeyib ayağa qalxdım.
Axşam Aleksey günorta gəlməməyinin əvəzini çıxırmış kimi, yeməkxanaya ikimizdən də tez gəlmişdi. O, təzə gələnlə çox mehribanlıqla görüşüb hal-əhval tutdu. Birdən sanki yadına nəsə düşübmüş kimi:
- Vladimir Alekseyeviç, bağışla, - dedi, - sizi tanış etmədim. Əlini çiynimə qoydu. - Bu mənim azərbaycanlı dostum Nahid Hacıyevdir. Yəqin ki, onu tanımırsınız. Bu yaxınlarda "Sovetski pisatel"də kitabı çıxacaq.
Təzə sakin mənə sarı dönüb:
- Şairsiniz, yoxsa yazıçı? - soruşdu.
- Yazıçı olmaq istəyirəm.
- İstəyirəm niyə?
- Ona görə ki, yazıçı olmaq hər adama qismət olmur.
- Bu da düzdür. Ancaq Azərbaycanın böyük yazıçıları var.
- Kimləri tanıyırsınız?
- Çoxunu. İlk növbədə dostum İsmayıl Şıxlının adını çəkə bilərəm. Mənim tərcüməmdə çıxan "Dəli Kür" bütün sovet ədəbiyyatının uğurudur. Bu əsər Azərbaycan nəsrində, bəlkə də, yaxın onillərdə alınmayacaq bir zirvədir. Mən də bir yazıçı kimi fəxr edirəm ki, bu romanı dünyanın hər yerinə gedib çatan rus dilinə çevirmişəm. Məncə, tərcümə uğurlu alınıb.
Aleksey Balakayev söhbətə qarışdı:
- Vladimir Alekseyeviç, qəribə təsadüfdür ki, mən bu gecə "Dəli Kür"ü qibtə hissi ilə oxuyub başa çıxmışam. Düzü, bu roman barədə bir neçə dəfə yazıçı dostlarım arasında mübahisələr olmuşdu. Mən həmişə susmuş, səsimi çıxarmağa cürət etməmişdim. Ancaq indi balaca Kalmıkiyanın balaca bir söz adamı kimi ucadan, qorxmadan, çəkinmədən deyə bilərəm ki, üzünü əbədiyyətə tutan bir əsərdir. Onun müəllifi İsmayıl Şıxlı bundan sonra heç nə yazmasa belə, adını böyük hərflərlə Azərbaycan ədəbiyyatı tarixinə əbədi olaraq həkk etmişdir.
- Düzü, "Sovetski pisatel" nəşriyyatının SSRİ xalqları ədəbiyyatı redaksiyasının müdiri hörmətli Arnold Osvaldoviç Tam mənə bu işi tapşırmaq istəyəndə bir az tərəddüd elədim. O, çox yumşaq təbiətli, səbrli, təmkinli, həm də tələbkar adamdır. Hiss etdim ki, bu işi mənim görməyimi ürəkdən istəyir. Bu da elə-belə deyildi. Mən həmişə çalışmışdım redaksiyanın, ilk növbədə də Arnoldun etimadını itirməyim. Bu redaksiyanın xətti ilə Orta Asiya və Qafqaz xalqları ədəbiyyatının bir sıra nümunələri mənim tərcüməmdə təqdir olunmuş və bu əsərlərin müəlliflərinə şöhrət qazandırmışdı.
Mən Arnold Osvaldoviçin sözünü yerə sala bilmədim. Sətri tərcüməni götürüb tanış oldum. Roman məni tutdu. Ancaq əsərin mənə tanış olmayan milli monumentallığından çox ehtiyatlandım. Redaksiyaya gəlib fikrimi Arnold Osvaldoviçə bildirdim. O, dediklərimlə tam razılaşdı. Ancaq gözləri deyirdi: "Əzizim Vladimir Alekseyeviç, bunlarla işim yoxdur, ancaq səndən əl çəkən deyilik - müəllif də, mən də".
Nə başınızı ağrıdım. Yazmaq da yadımdan çıxdı, başqa bir müəllifi tərcümə eləmək də. İsmayıl müəllim Moskvaya gəldi. "Bakı" restoranında yaxşıca oturduq. Açığı, müəlliflə tanışlığım məndə çox yüksək təəssürat oyatdı. Moskvada qaldığı bir həftə ərzində, demək olar ki, hər gün görüşürdük. Onun şirin, müdrik söhbətlərindən doya bilmirdim. Günbəgün yaxınlaşır, doğmalaşırdıq. Bir gün gecəyarısı makinanın arxasına keçdim. Səhəri tərcümə elədiyim parçaları çəkinə-çəkinə müəllifə oxudum. Məni çox diqqətlə dinlədi. Axırda dönüb gülümsər baxışlarla məni süzdü:


- Vladimir Alekseyeviç, çox sağ ol, məni ürəkdən sevindirdin. Daha heç bir nigarançılığım qalmadı. Bundan sonra yalnız belə deyə bilərəm: "Uğur olsun!" Sonra o, məni Azərbaycana dəvət elədi. Bu təklif ürəyimdən xəbər verdi. Romanda cərəyan edən hadisələrin baş verdiyi yerləri görmək, insanlarla tanış olmaq, onları müşahidə etmək, Azərbaycan təbiəti ilə nəfəs almaq, sübh tezdən və qürub çağında Kürə baxmaq istəyirdim.
...Bakıya qayıdanda bu görüşümüz barədə İsmayıl müəllimə danışdım. Kalmık yazıçısının ona təşəkkürünü yetirdim və romanı çox bəyəndiyini bildirdim. Bığaltı güldü:
- Demək, Kalmıkiyada da bizi oxuyurlar.
- Oxuyurlar, özü də ürəkdən oxuyurlar.
İsmayıl müəllim dostunun - Vladimir Solouxinin keyfini soruşdu.
- Yaxşıdır, - dedim, - onu tut arağına da qonaq elədim.
- Sənə deyim, o qədər də içən deyil. Qazaxa aparanda görmüşəm. Saza da meyl salmışdı. Az qala bir həftə rayonu belədən-belə gəzdik. Kür qırağında, Damcılı bulağın üstündə, Qarayazı meşəsində, Ceyrançöldə məclislər qurduq. Tez-tez heyranlığını bildirirdi: "İsmayıl Qəhrəmanoviç, fəxr eləyə bilərsən ki, sən bu xalqın oğlu, onun böyük yazıçısısan". Mənim isə, adətən, cavabım belə olurdu:
- Mən doğrudan da fəxr edirəm ki, belə bir xalqın oğluyam. Ancaq "böyük yazıçı" fikrilə o qədər də razılaşmıram. Bu zamanın sövdasıdır.
Solouxin əsl rus idi. Özü də çox genişqəlbli rus. Ürəyi insana böyük sevgi üstündə köklənmişdi. Düşdüyü məclislər ona nağıl kimi gəlirdi. Hər şeyə diqqət yetirirdi: qurudlu xəngəldən, kəkotu ilə dəmlənmiş çaydan, yarpızlı dovğadan tutmuş təndir kababına, nə bilim, fəsəliyə kimi bizim süfrədə daddığı löyün-löyün yeməklərə kimi. Elə ona görə də "Dəli Kür" rusca inamla danışdı, oxucularla yaxşı ünsiyyət qura bildi.
Yola düşməyinə bir gün qalmışdı. Ürəyincə bir süfrə açdıq. Aşıq da çağırmışdıq. Mən zarafatyana dedim:
- Vladimir Alekseyeviç, siz ki, saza belə ürəklə qulaq asırsınız, istəyirəm sizə bir saz bağlatdırım. Azərbaycan, eləcə də bizlər yada düşəndə dınqıldadarsınız.
Cavabı belə oldu:
- Əziz dost, belə bir hədiyyəni sevinclə alar, Moskvaya aparardım. Ancaq sizə əziyyət vermək istəmirəm. Bunu deyə bilərəm ki, sizin də çox sevdiyiniz, qəlbən bağlandığınız Azərbaycan sazının səsini ürəyimdə aparacağam. O, həmişə mənimlə bir yerdə olacaq.
Bu xoş sözlərə görə Vladimir Solouxinə təşəkkürümü bildirəndə dedi:
- Əgər mən bir rus kimi öz balalaykamı sevirəmsə və başqalarından da bunu gözləyirəmsə, onda gərək özüm də başqalarının milli musiqi alətlərini dinləməyi, onların buna necə məhəbbət bəslədiyini dərk etməyi bacaram. Belə olmasa, qarşılıqlı anlayış olmaz.
Və sonra İsmayıl Şıxlı öz qələm dostunun, "Dəli Kür"ün mahir tərcüməçisinin bu maraqlı fikrini belə mənalandırdı: "Mənə belə gəlir ki, məhz bu hiss V.Solouxində gürcü, Azərbaycan, Dağıstan, Orta Asiya xalqlarının həyatına, ədəbiyyatına marağı, məhəbbəti daha da gücləndirir".

* * *

Bir dəfə xalq şairi Qabil ilə söhbət eləyəndə, İsmayıl Şıxlıdan söz düşdü. Qabil ürəkdən gələn səslə:
- Nahidcan, - dedi, - inanıram ki, sən də bu fikirdəsən, mən özlüyümdə o kişini əhli-ürfan sanıram.
- Qabil müəllim, İsmayıl Şıxlı sözün əsl mənasında insanlıq etalonudur, - deyə onun sözünə qüvvət verdim.
- Atan oldu rəhmətlik! - O, diqqətlə üzümə baxdı. - Doğrudan da İsmayıl müəllimin tayı-bərabəri yoxdu - yazıçı kimi də, pedaqoq kimi də, ailə başçısı kimi də, dost kimi də... daha nə deyim. O, bəzəksiz-düzəksiz xalq adamı, lap bir az dərinə getsək, əməlli-başlı dövlət xadimidir. Bir balaca vəzifəyə meylli olsaydı, bizlərdən çoxdan aralanmışdı. Onda da nə əlimiz çatardı, nə ünümüz yetərdi o ağır taxtalı kişiyə. Yaxşı ki, elə bizim yanımızdadır. Bu bizim xoşbəxtliyimizdir. Hərdən şərə-şür iş görəndə, cığırımızdan çıxanda bizi "pişiyim-pişiyim"lə utandırır. Çox yaxın qonşu olmuşuq, həmişə sevinc gətirib bu qonşuluq bizə. Mən həmişə İsmayıl Qəhrəman oğlunun qapısını ərklə, ürəklə açmışam.
İsmayıl müəllim yaxın qonşusu Qabillə şirin yoldaşlıq, dostluq eləyirdi. Sonra isə daha da yaxınlaşdılar, kirvə oldular.
...Aradan çox illər keçəndən sonra, daha doğrusu, 2008-ci ilin yayında Qabilin vəfatının ilində çadıra daxil olarkən stolların üstündə gözümə ilk sataşan üz qabığında Qabilin buxara papaqda çəkilmiş rəngli portreti olan kitab sataşdı. Şair, elə bil, gülümsər gözlərlə bizi salamlayırdı. Götürüb baxdım, bu, xalq yazıçısı İsmayıl Şıxlının təzəcə çapdan çıxmış "Dostum Qabilin qəribə əhvalatları" idi. Götürüb vərəqlədim. Kitab məni aldı. Yas məclisində olduğumu belə unutmuşdum. Acgözlüklə oxuyur, gözümü səhifələrdən çəkə bilmir, oxuduqca oxumaq istəyirdim. Burada qələmə alınan əhvalatların çoxunu müəllifin öz dilindən dəfələrlə eşitsəm də, kitabı yerə qoyub, məclisin ahənginə qoşula bilmirdim.
Haradansa yadıma Qabilin oğlu Mahirə kirvə axtarması əhvalatı düşdü. Vərəqləri çevirib, tezcə də tapdım. Başladım oxumağa.
"Bir səhər Qabil bizə gəldi. Narahat idi. Sözlü adama oxşayırdı. Ortaya çay qoyuldu. Stəkanı axıracan içməyə səbri çatmadı.
- Bilirsən, nə var, Mirzə, oğlumu sünnət eləmək istəyirəm.
- Lap yaxşı eləyirsən, çox mübarək.
- Sağ ol, amma bir məsələ var.
- O nədi elə?
- Kirvə axtarıram.
Gülməyim tutdu.
- Gülmə, Mirzə, bizdə - Abşeronda kirvəlik o qədər dəb deyil. Amma siz tərəfdə dəbdir.
- Dəb salarsınız, dəb də olar.
- Elə məsələ də orasındadır. Bilirsən, Mirzə, Mahir mənim gözümün ağı-qarası bircə balamdır. İstəyirəm, onun kirvəsi müqəddəs adam olsun.
- Yaxşı eləyirsən. Nə çoxdu dost-aşnan.
- Var, amma onları istəmirəm.
- Bəs kimi istəyirsən?
- Səni.
- Məni?
- Həri. Mənə səndən yaxın kim var? Səndən əməllisini hardan tapacam? Düz iki aydır götür-qoy eləyirəm, əl çəkən deyiləm.
Mən Qabilə etiraz etdim. Ürəyimin zəif olduğunu, uşağın əziyyətinə dözə bilməyəcəyimi söylədim. Qabil üz vurdu, mən boyun qaçırdım. Axırda əlacı kəsilib susdu. Gördüm yaman pərt oldu. Axı, indiyəcən onun bir sözünü iki eləməmişdim.
Birdən gözü söhbətimizə qulaq asan yoldaşıma sataşdı. Dərhal dirçəldi:
- Ümidə bacı, indi ki, belə oldu, sən Mahirin kirvəsi ol.
- Boy, nə danışırsan, ay Qabil, heç arvaddan da kirvə olar?
- Niyə olmur, dəbə salarsan, olar.
Razılaşmaqdan başqa yolum qalmadı".
Bir neçə dəfə özümü saxlaya bilmədim. Pıqqıltı ilə güldüm. Mənimlə yanaşı oturmuş yazıçı Əlibala Hacızadə qolumdan çəkdi:
- Nahid, biz yas məclisindəyik, axı...
- Bilirəm, özümdən asılı deyil.
- Hələ çörəyini ye, kitab qaçmır ki, evdə oxuyarsan.
Ürəyimdən keçdi: "İsmayıl müəllimin də, Qabilin də qəbri nurla dolsun. Elə bil ürəyimə işıq səpdilər".
Əlim süfrəyə uzansa da, kitabdan gözümü ayıra bilmirdim. İndicə oxuduğum "kirvəlik" əhvalatından sonra "elçilik" gəlirdi. Səbrim çatmadı. Sətirlər gözümdə cərgələndi, səhifələr isə bir-birini əvəz etməyə başladı:
"Mən mənzilimi dəyişmişdim. Aralı düşmüşdük. Amma əlaqələrimiz kəsilməmişdi. Bir gün yenə qapımızı döydü. Hay-harayla içəri girdi. Xoş-beşdən sonra gözlənilmədən soruşdu:
- Mirzə, hələ səni deputatlıqdan çıxarmayıblar ki?
Qəfil sualdan özümü itirsəm də cavab verdim:
- Yox.
- Lap yaxşı, - deyə azacıq fikrə getdi və sonra yenidən gözünü üzümə zillədi. - Yəqin, sənə hələ beş-on gün dəyməzlər.

- Mən də elə bilirəm.
- Sən vəzifədən çıxmısan, bunun deputatlığa nə dəxli?
Keçib əyləşdik. Qabilin sorğu-sualının dalını gözlədim. O, məni intizarda qoymadı. Təzədən qəribə sual verdi:
- Deputat sərhəd rayonlarına "propusk"suz gedə bilərmi?
- Gedə bilər.
- Bəs maşında yanınca gedənlər necə?
- Onlar da "propusk"suz gedə bilərlər.
- Lap yaxşı. Bu oldu əla.
Bu dəfə mən dözmədim.
- Qabil, mus-mus deyincə, birdəfəlik Mustafasını de görək.
- Bu saat, Mirzə, səbr elə. Heç Yardımlıda olmusanmı?
- Yox. Yolum düşməyib.
- Hə, indi düşəcək. Salyanda, Şorsuludan o tərəfdəki sərhəd məntəqəsindən bizi sən keçirəcəksən. Elçin bala əyləşəcək "Volqa"sında, yanında da sən. Arxada da üç nəfər. Birbaş qalxacağıq Yardımlıya.
- Xeyirdirmi, Qabil?
- Xeyirdir, Mirzə. Mahir balama elçiliyə gedirik. Onun kirvəsi müqəddəs adam, elçisi də deputat olmalıdır. Yoxsa bizi sərhəddən buraxmazlar".
Yenə dəli gülmək məni tutdu, nə tutdu. Gördüm sağdan, soldan mənə baxırlar, utandım.

* * *

..."Dəli Kür" Azərbaycan ədəbiyyatının incilərindən sayılır. Ədib bu monumental əsər üzərində düz on il ilhamla, inadla çalışmışdı. Cahandar ağa ilə bağlı onu çox sorğu-suala çəkirdilər. Çıxışlarının birində sənətkar televiziya auditoriyasına bu sözlərlə müraciət etdi: "Təkcə Novruzəlilər, Məmmədhəsən əmilərlə milli şüuru oyatmaq, milli vəhdət yaratmaq olmaz. Bakıxanovlar, axundovlar, mehmandarovlar, şıxlinskilər də var. Ona görə də Cahandar ağa surətini ədəbiyyata gətirməyi qərara aldım".
Qəribədir, Cahandar ağa obrazı nəsrimizdə möhtəşəm bir milli abidəyə çevrilmişdir. Ölməz sənətkarımız haqqında bu yazını qələmə alarkən görkəmli ədibimiz Afaq Məsudun "525-ci qəzet"də "Dəli Kür"lə bağlı təsirli xatirəsini oxudum, gözlərim doldu. İsmayıl müəllimin, unudulmaz dostum böyük tənqidçimiz, nadir ziyalı Məsud Əlioğlunun işıqlı xatirəsi xəyalımda çırpındı. Elə bil, onlar mənə baxa-baxa gülümsəyirdilər.
Afaq xanım o çağları belə xatırlayır: "Azərbaycan ədəbiyyatının önəmli romanlarından olan "Dəli Kür"ün ilk oxucusu, təbii ki, İsmayıl Şıxlının ən yaxın dostu, o dövrlər ədəbi mühitdə baş verənlərə heç cür laqeyd qala bilməyən atam - Məsud Əlioğlu olmuşdu. Hədsiz təsirləndiyi əsər haqqında, xüsusən Cahandar ağa obrazı barədə vurğun həyəcanla danışdıqları indi güclə yadıma gəlsə də, "Dəli Kür" filmində səslənən mahnını xırıltılı qəlb səsiylə pəsdən oxumağını dəqiq xatırlayıram.
...Atam hey sağlıq deyir, böyük Sözün, yalnız və yalnız azərbaycanlıya xas olan bənzərsiz incəliklərin, Azərbaycanın, "Nalçikin təbiətinə əsla bənzəməyən" əsrarəngiz təbiətinin, dağlarının, "Dəli Kür"ün baş qəhrəmanı Cahandar ağanın məğrurluğunun şərəfinə badə qaldırır, İsmayıl əmi onu təvazökar məmnunluqla, vurğun təslimlə dinləyir, aradabir, atamın alovlu çıxışlarına öz qısa və duzlu müdaxiləsini edirdi. Bu məqam telefon zəng çaldı və İsmayıl əmi stolun bir kənarında duran uzun şnurlu telefonun dəstəyini qaldırdı. Rənginin avazıdığından və qəfil doluxsunmağından zəngin Azərbaycandan olduğunu anladıq.
Zəng edən Bəxtiyar Vahabzadə idi. Telefonun o biri başından bağın qaranlıq sakitliyinə dağılan həyəcanlı səsiylə "Dəli Kür"ü indicə bitirdiyini, əsərdən hədsiz təsirləndiyini, səhərin açılmağını gözləməyə səbri çatmadığını deyir, onu ən çox tutan ayrı-ayrı epizodlardan, ələlxüsus Cahandar ağanın məğrurluğundan danışır, sözünü heç cür bitirə bilmədiyindən hansısa şeirlərindən bəndlər deyirdi...
...Şairin coşqun izharlarından təsirlənmiş İsmayıl əmi dəstəyin ağzını bizə sarı çevirdi və biz, Azərbaycandan uzaq olduğumuzdan, ya nədənsə, telefon dəstəyindən süzülən təsirli sətirləri nisgil dolu qəribə bir sarsıntıyla dinlədik...
...İndi "Dəli Kür" mənim üçün İsmayıl Şıxlı və Məsud Əlioğlu dostluğunun, böyük və dəyişilməz əqidə bağlılığının rəmzidir. Bu əsər, eyni zamanda, azərbaycanlılığın, Azərbaycan həqiqətinin, əyilməzliyinin və məğrurluğunun simvoludur".

* * *

Roman "Azərbaycan" jurnalının səhifələrində işıq üzü görəndə, onu ilk təbrik edən, sevincini qürurla bölüşən xalq yazıçısı Mehdi Hüseyn olmuşdu. Ustadı məktubunda ona yazırdı:
"Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə!) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı. Təəssüf ki, sənə məlum bəzi xırda səbəblərə görə, mənim "Dəli Kür" haqqında mətbuatda yazmağıma imkan yoxdur. Elə həmin səbəblərə görə də öz fikrimi məktubla bildirməyi özümə borc bildim. Belə romanlara xalqımızın necə böyük ehtiyacı olduğunu sübuta ehtiyac varmı? Yəqin ki, sən ilk kitabın ahəngini və təsirini zəiflətmədən, əksinə, romanı axıracan daha böyük bir ilhamla yazmağa çalışacaqsan. Çalışacaqsan ki, romanın qəhrəmanları get-gedə daha dərindən açılsın, daha yaxşı ətə-qana dolsun, dilin daha çox zənginləşsin, hadisələrin epik inkişafı daha yaxşı vüsət kəsb eləsin. Xüsusən, hələ yenicə başlanan "maarifçilik" xətti layiqli dramatizmlə (Cahandar ağa xətti kimi!) inkişaf eləsin. Birinci kitabın göstərir ki, sən bunun necə zəruri olduğunu dərk edə biləcək bir səviyyəyə gəlib çatmış bir sənətkarsan. Gün o gün olsun ki, romanı qurtarasan və mən də artıq məktubla yox, məqalə ilə (mən həmişə bu vəziyyətdə qalmayacağam ki!) öz rəyimi ifadə edim.

Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbirsizliklə gözləyirəm.

Qardaşın Mehdi
12.XI.62"

İsmayıl Şıxlı "Dəli Kür"ün ikinci hissəsini yazmaq barədə çox düşünürdü. Lakin bu düşüncələr yavaş-yavaş öləzidi. Müəllif səbəbini belə izah edirdi: "...Oxucular bu romanı gözlədiyimdən qat-qat artıq məhəbbətlə qarşıladlılar. Əsərimə özüm də valeh oldum və elə bir vəziyyət əmələ gəldi ki, "Dəli Kür"dən sonra zəif əsər yazmaq xofu mənim yaradıcılıq işimi xeyli ləngitdi".
Bu faktdır ki, dünyanın çox müqtədir sənətkarları nə qədər yazıb-yaratmış olsalar da, şöhrət zirvəsinə bir əsərləri ilə ucalmış, əbədiyyət qazanmışlar. İsmayıl Şıxlının da yaradıcılıq bioqrafiyasında bu əsər "Dəli Kür" romanıdır.

* * *

İsmayıl Şıxlının ilk kitabları - "Kerç sularında" və "Dağlar səslənir" əlimə keçəndə hələ orta məktəbdə oxuyurdum. Tələbəlik çağlarımda "Ayrılan yollar" romanı qəlbimə hakim kəsildi. Xalq yazıçısı Mirzə İbrahimovun geniş ürəklə bu əsər haqqında yazdıqları da hərdən xəyalımda canlanır.
İsmayıl müəllimlə Azərbaycan Radiosunun Xarici Ölkələrə Verilişlər İdarəsində işlədiyim vaxtlarda tanış olmuşam. O, yeni il anketində suallarıma cavab vermişdi.
Bu da yadımdadır ki, onu Radionun Ədəbiyyat şöbəsinə "Ədəbi üfüqlər" verilişinə dəvət etmişdim. Qayğı və həssaslıqla redaksiyaya gələn məktubların icmalını verdi, məsləhətlərini bildirdi. Onun bu çıxışından sonra xeyli məktub aldıq. Buna çox sevindi: "Məktublarla yaxından tanış olanda gördüm ki, yazanların çoxu bir vaxt dərs dediyim tələbələrdir", - dedi.
Əlbəttə, bu, İsmayıl müəllimə rəğbətdən, böyük sayğıdan xəbər verirdi.
Neçə-neçə illər çox ahənglə davam edən ünsiyyətimiz, ülfətimiz mən Televiziyanın Ədəbi-dram Verilişləri Baş redaksiyasına baş redaktor keçəndən sonra daha da gücləndi. Özümüz də hiss etmədən dostlaşdıq, doğmalaşdıq.
Bir xasiyyəti var idi: radiodan, televiziyadan uzaq qaçır, ekrana çıxmağı o qədər də sevmirdi. Bəzən, on dəvətdən birinə güclə razılıq verirdi. Bu, bəlkə də, onun ağır, ağayana təbiətindən irəli gəlirdi. "Yazıçı ekranda nə qədər az görünsə hörməti o qədər artıq olar. Oxucu onu kitablarından tanımalıdır", - deyirdi.
Yazıçılar İttifaqı ilə birlikdə bizim baş redaksiya "Televiziya və dilimiz" mövzusunda konfrans keçirirdi. Kollegiya zalı büsbütün dolmuşdu. Gələnlərin çoxu yazıçılar, şairlər idi. Hisslər coşmuşdu. Arabir əsəbi məqamlar da olurdu.
İsmayıl müəllim qeydlər edir, əlini çənəsinə qoyub çıxış edənlərə maraqla qulaq asırdı. O, sona yaxın tribunaya qalxdı. Çıxışına sakit bir tərzdə başlasa da yavaş-yavaş qaynadı, coşdu. Fikrini belə yekunlaşdırdı:
- Mənim əzizlərim, dilimiz olmasa biz heç nəyik. Dil bizim varımız, dövlətimiz, sərvətimizdir. Onun keşiyində ilk növbədə biz - söz adamları dayanmalıyıq. Ekrandan da hər gün xalqımıza nümunə göstərməliyik. Yoxsa xalqın çörəyi bizə haram olar.
Zaldakılar onu ürəkdən alqışladılar. Komitənin sədri Elşad Quliyev ona təşəkkürlərini bildirdi. Sonra isə:
- İsmayıl müəllim, bəlkə, axşam bu dediklərinizi ekrandan da deyəsiniz. İstərdim bugünkü tədbirin əks-sədası olsun. Düzdür, "Günün ekranı"nda bu barədə geniş süjet gedəcək. Arada sinxron çıxışlar da olacaq. Ancaq bu heç cür sizin o gözəl çıxışınızın əvəzini verə bilməz. Axı, siz sevilən yazıçı olmaqla, həm də görkəmli pedaqoqsunuz, sizə hamı inanır.
- Əgər istəyirsiniz ki, bu tədbir geniş əks-səda doğursun, onda gəlin belə eləyək. Verilişdə mənimlə bərabər başqa bir nəfər də çıxış etsin. Məsələn, mənim ürəyimdən professor Kamal Abdullayev keçir. Qoy dilçi alim nüfuzlu söz desin. Aparıcı da olsun dostumuz Nahid. Bu işin yükünü o kişi çəkib, qoy konfrans haqqında düşüncələrini halal-hümmət bölüşsün. Yeri gəldikcə, Kamal müəllimlə məni də söhbətə qoşsun, danışdırsın. Bizim bu Nahid nə vaxtacan hamını ekrana buraxıb, məşhuri-cahan eləyəcək, özü isə kadr arxasında qalacaq?
- İsmayıl müəllim, lap ürəyimi oxudunuz, - Komitə sədrinin gözləri güldü. - Bu təklifə mən dördəlli razı.
Mənim verilişin aparıcısı olmağım barədə fikri onların başından çıxarmaq istədim, mümkün olmadı. Daş qayaya rast gəlmişdi.
Verilişi lentə yazıb, baxış keçirəndən sonra İsmayıl müəllim:
- Nahid, mənim fikrimcə, veriliş alınıb, yaxşı baxılır, - dedi. - Görək, camaat nə deyəcək. Amma bunu da bil ki, ən azı yarım il bu tərəflərdə görünməyəcəyəm. Gözləri döyənək eləmək istəmirəm. Bəri başdan deyirəm ki, məndən inciməyəsən.
- İsmayıl müəllim, siz ekrana çıxanda hamı sevinir. Yəqin ki, bizə də "sağ ol" deyirlər.
- Ay Nahid, tələsirəm. Əlini bəri uzat. Bu məsələyə nöqtə qoyaq.
Mən daha heç nə deyə bilmədim. Bilirdim ki, desəm də xeyri olmacayaq.


* * *

1988-ci ilin avqustu idi. İkimiz də Şüvəlanda ailəvi dincəlirdik. Mən İsmayıl müəllimdən ayrıla bilmədiyim kimi, həyat yoldaşım da İsmayıl müəllimin ömür-gün dostu Ümidə xanımdan qopmurdu. Onlar kölgəliyə çəkilib nəvələrini uşaq arabasında yatızdırır, söhbətə dəm verirdilər.
Biz də hovuzun yaxınlığındakı skamyalardan birində rahatlanıb, oxuduqlarımızdan, yazdıqlarımızdan danışır, ayrı-ayrı hadisələrə münasibətimizi bildirir, təəssüratlarımızı bölüşürdük.
Gileyləndi:
- Bu yay bizimki istirahət olmadı, içimdən doğrana-doğrana qalmışam.
- Niyə, ay İsmayıl müəllim?
- Niyəsi yoxdur ki, qaçqınları görmürsən?
Başımı qaldırıb, onun baxdığı səmtə boylandım. Bir dəstə qadın ucadan danışa-danışa yeməkxanadan azuqə aparırdı. Onlar Ermənistandan qovulmuş ailələrin qız-gəlinləri idi. Yaradıcılıq Evinin köhnə korpusunu onlara vermişdilər. Bədii fond yemək-içmək məsələsində də onlardan köməyini əsirgəmirdi. İsmayıl müəllim Ümidə xanıma tapşırmışdı ki, əlləri yerdən-göydən üzülən bu uşaqlı analara yeri düşəndə görüm-baxım eləsin.
İnsafla desək, Ümidə xanım da imkanı çatana qədər heç nəyi müzayiqə eləmirdi. İsmayıl müəllim Yaradıcılıq Evinin direktorundan da xahiş etmişdi ki, yazıçı ailələrinin normasından qaçqın ailələrə müəyyən pay ayırsın. Onlar neçə dəfə mənim yanımda İsmayıl müəllimə dil-ağız eləyib, dürlü-dürlü alqışlarını bildirmişdilər. Bu dəfə də belə oldu. Yenə də bizim yanımızdan keçərkən İsmayıl müəllimi görcək dil-ağız etmək istəyəndə o, imkan vermədi:
- Ay bacılar, nə böyük şeydir ki. Heç darılmayın. "Varını verən utanmaz", deyərlər. Bizim Yazıçılar İttifaqı kasıb təşkilatdı, neyləyək, gücü yalnız buna çatır. Bu namərd ermənilər sizi müsibətlərə düçar eləyib. Bir əsrdən çoxdur ki, onlardan çəkə-çəkə gedirik. Allah özü bəlalarını versin.
Gözləmədiyi halda söhbətin yönünü nikbin notlara döndərmək istəyilə soruşdum:
- İsmayıl müəllim, Heminqueylə aranız necədir?
- Ay Nahid, haradan ağlına gəldi bu sual?
- Deyərəm, İsmayıl müəllim. Hələlik sizdən sualın cavabını eşitmək istəyirəm.
- Səncə, xarici ölkələr ədəbiyyatını tədris edən bir yazıçının Heminqueylə arası necə olar? Heminquey mənim qibtə etdiyim dünya sənətkarları cərgəsindədir. Onun "Qoca və dəniz"i insanın əyilməzliyi, dönməzliyi haqqında himndir.
- İsmayıl müəllim, yəqin ki, "İnostrannaya literatura" jurnalında Heminqueyin son əsərini - "Okeanda adalar" romanını oxuyursunuz.
- Əlimin altındadır. Təəssüf ki, yarımçıqdır. Bəlkə də, yazıçı onu hələ ürəyincə cilalayacaqdı.
- Bizim bir verilişimiz var - "Dünya ədəbiyyatından səhifələr". Bir neçə dəfə siz də çıxış eləmisiniz. Bu dəfə Heminqueydən söz açmaq istəyirik. Əsas budur ki, sözü siz deyəsiniz. "Qoca və dəniz"dən, bu yarımçıq romandan, həmçinin hekayələrindən səhnələşdirilmiş parçalar da sizin fikirlərinizə illüstrasiya olsun. İsmayıl müəllim, xahiş edirəm... Veriliş aylıq planda təsdiq olunub.
- Bu Heminqueydir. Mənə heç olmasa iki-üç həftə vaxt lazımdır.
- Ustad, məsələ bundadır ki, səhnələşdirilmiş parçaları gərək rejissora tez çatdıraq. Aktyorlarla məşq etməlidir. Ümumi ssenarini bir neçə gün qalmış versəniz də olar.
- Bunlar hamısı bir yana, gorüm, mən özümü kökləyə biləcəyəmmi? -İsmayıl müəllim zarafatından qalmadı. - Ay Nahid, bu televiziya işçiləri ilə dostluq eləmək də bir zülmdür.
- İsmayıl müəllim, dəvəçi ilə dostluq eləyənin darvazası gen gərək.

* * *

Verilişin rejissoru Ramiz Həsənoğlu idi. O, İsmayıl müəllimin adını eşidəndə, çox sevindi. İşə həvəslə girişdi.
Çəkiliş günü taksi tutub telestudiyaya birgə getdik. Hava bərk isti olduğundan trakt məşqini kamerasız keçirdik. Mən həm İsmayıl müəllimin çıxışını, həm də aktyorların ifasında səhnəcikləri yaxından izləyirdim ki, qeydim olsa, yerindəcə bildirim. Bununla da xeyli vaxt qazanır, həm də videoyazılışdan əvvəl hər hansı səhvin yolunu bəri başdan kəsmiş olurduq.
İsmayıl müəllim danışmaqda usta idi. Heminqueyə vurğunluğu da öz işini görürdü. Məşq ürəyimizcə oldu. Rejissor pultunun arxasına qalxmaq istərkən arxadan qulağıma aktrisa Ofeliya Məmmədzadənin əsəbi səsi gəldi:
- Bu basyak kimdir, səhərdən aralanmır bizdən? Fikrimi də toplaya bilmirdim. Hərdən, az qala, mətn də yadımdan çıxırdı.
Ramiz Həsənoğlu onu sakitləşdirmək üçün:
- Ay qız, nə basyak, sən nə danışırsan? - dedi. - Sadə geyinmək, bəyəm ,basyaklıqdır? O, bizim baş redaktorumuzdur - Nahid Hacıyev. Həmişə belə geyinir.
Mən səsə geri qanrıldım. Ofeliya xanım qulağına inanmırmış kimi üzünü tutdu:
- Vay, vaay... onda mən batdım ki?!
İsmayıl müəllim özünü saxlaya bilmədi, qəşş eləyib güldü:
- Ofeliya xanım, günah Nahiddə deyil, əynindəki Vyetnam geyimindədir.
- Ola bilər, - deyə Ofeliya Məmmədzadə özünü mənə yetirdi. - Nahid müəllim, sən Allah, məni bağışlayın. Bundan sonra bura nə üzlə gələ bilərəm?
İsmayıl müəllim:
- Ay Ofeliya xanım, görünür Nahid müəllimi yaxşı tanımırsınız. O, hər xırda şey üçün sözün başına ip salan deyil. Fikrinizi toplayın, videoyazılışa başlayırıq. Bəri başdan deyim ki, parçaları yaxşı oynadınız.
Elə bil, aktrisaya dünyanı bağışlayın. Uçmağa qanadı yox idi.

* * *

...20 Yanvar ərəfəsiydi. Bakı dalğalandıqca dalğalanır, coşduqca coşurdu. Artıq respublikanın rayonları da bu dalğa üstə köklənmişdi. Xalq əzəmətlə "Azadlıq! Azadlıq!" deyirdi.
O günlərdə Telestudiya da qaynayıb-daşırdı. Gəlib-gedən əlindən tərpənmək olmurdu. Söz deməyə haqqı olan da, olmayan da efir vaxtı tələb edir, kamera qarşısına çıxmaq istəyirdi. Əsəbilikdən, gərginlikdən başımızı itirmişdik. Mənim çalışdığım Ədəbi-dram Verilişləri Baş redaksiyası öz funksiyasını dəyişib siyasiləşmişdi. Hər gün neçə dəfə "Publisist studiyası", "Aktual ekran", "Dialoq" verilişlərini efirə çıxırdı.
Komitə sədrinin otağında idim. Gün ərzində nələr edəcəyimiz, studiyaya kimləri dəvət edəcəyimiz barədə danışır, fikir mübadiləsi edirdik.
Sədr mənə sarı dönərək:
- Bizim verilişlərdə İsmayıl Şıxlı görünmür, - dedi. - O, mötəbər söz deyən ziyalımızdır.
- Onun gəlməsi müşkül məsələdir. Ancaq yenə zəng eləyərəm.
Qəribədir, elə bu an qapı ehmallıca aralandı. Kimi görsək yaxşıdır? İsmayıl Şıxlı, yanında da şair Qabil.
Elşad Quliyev iri addımlarla qapıya sarı getdi:
- Adamın işini Allah düzəldəndə belə düzəldir, - deyə qonaqlara hörmətlə əl uzatdı. - İsmayıl müəllim, inanın, indicə elə sizdən danışırdıq. Nahid sizə zəng eləməyə hazırlaşırdı.
- Görürsünüzmü, - İsmayıl müəllim gülümsədi, - Səməd Vurğun demişkən: "Ürəkdən ürəyə yollar görünür". Düzü, camaatın təkidi ilə buraya gəlmişik.
Mən dedim:
- Camaatı sağ olsun, bizə kömək eləyib.
- Heç soruşmursunuz bu necə olub? - Başladı gəlişinin səbəbini aydınlaşdırmağa. - "Azadlıq" meydanındaydıq. Səs-küydən bir az aralanmaq istəyirdik. Yazıçılar İttifaqına az qalmış bir dəstə adam qabağımızı kəsdi: "İsmayıl müəllim, nə olacaq bu işlərin axırı?", "Bu ruslar bizim yaxamızdan nə vaxt əl çəkəcək?", "Nə vaxt çıxacağıq bu zillətdən?" Ağız deyəni qulaq eşitmirdi. Haradansa çəlləyəbənzər bir şey tapıb gətirdilər, bizim Qabil də çıxdı onun üstünə. Yaxşıca ürəyini boşaltdı, arada şeir də oxudu. Axırda nurani bir kişi mənə yaxınlaşıb: "Ay İsmayıl müəllim, təvəqqe edirəm, - dedi, - Televiziyaya gedin, bu sözləri oradan deyin, xalqın ürəyi qəzəbdən partlayır. Hamımız ağıllı sözə möhtacıq".
Mən qaçaraq dayanmışdım. Yavaşca qolundan tutdum:
- İsmayıl müəllim, siz bir stəkan çay için, nəfəs dərin, mən də studiyanı hazırlatdırıb qayıdıram.
- Nə eləyirsən elə, vaxtımız çox dardı.
- Biz birbaşa da danışa bilərik, - Qabil müəllim pəjmürdə halda dedi.
- Yox, Qabil, yox, canlı efir bizlik deyil.
İnsafən Qabil də dediyinin başına ip salmadı.
Mən videoyazı zamanı onları yuxarıdan - rejissor pultunun arxasından izləyə-izləyə qeydlər edir, beynimdə montaja hazırlıq görürdüm.
Veriliş videolentə yazılıb qurtardı. Mən onları sədrin otağınacan ötürüb, geri qayıtdım. Rejissora tapşırdım ki, hazırlıq görsün, yüngül montajımız olacaq.
Sədrin otağına qayıdanda Qabil müəllim dilləndi:
- Alə Nahid, sənin əlin kəsib-doğramağa öyrəşib. Bəri başdan deyirəm ha, orada toxunulası bir şey yoxdur. Əgər əl vursan, davamız düşər, verilişdən imtina eləyər, telestudiyadan da birdəfəlik küsərik.
- Ay Qabil, heç montajsız veriliş olar? - İsmayıl müəllim əlini onun çiyninə qoydu. - Bəyəm, bizim danışdıqlarımız Quran ayəsidir?
- İsmayıl müəllim, Quran ayəsi olmasa da bu bizik - İsmayıl Şıxlı və Qabil.
- Qabil, səni bilmirəm, mən başa düşürəm ki, verilişdə müəyyən məqamlar getməsə daha yaxşıdır.
Yüngülcə montajdan sonra sədrin otağında verilişə baxış keçirdik. İxtisarlara heç bir irad olmadı. İsmayıl müəllim üzünü şairə tutdu:
- Hə, necədir, möhtərəm Qabil?
- Əliyyul-əla, heç adam inana bilmir ki, Qabil belə danışa bilərmiş. - İsmayıl müəllimin qolundan tutdu. - Adamın müdrik kirvəsi olanda belə danışar də. Dostumuz Nahidə də yağlı bir təşəkkür!

* * *

...O, Səməd Vurğuna da, Mehdi Hüseynə də ideal kimi baxırdı. Elçiliyini də onlar eləmişdilər. Əli Vəliyev də onlara qoşulmuşdu. Gənc ailənin mənzil almaq problemi yarananda Səməd Vurğun irəli durmuşdu.
Ədəbiyyata gəlişində də bu böyük sənətkarın timsalı ona qanad olmuşdu. O, gənclik illərindən müdrikanə düşünür, hadisələri, olub-keçənləri də belə qiymətləndirirdi. Səməd Vurğun poeziyasının qüdrətini, əlçatmazlığını, özünün bu sahədə səriştəsini yetərincə qiymətləndirməyi bacarırdı. Ona görə də poeziyadan yavaş-yavaş aralandı. Nəsrə könül verdi. Bu yöndə müəllimi, yolgöstərəni Mehdi Hüseyn oldu. Öz ustadından söhbət düşəndə gözləri uzaqlara dikilir, düşüncələrə dalır və kövrək səslə deyirdi: "Mən hər dəfə qranitə çevrilmiş ustadımın önündə dayananda onun səsini eşidirəm: "Çalışın ədəbi vicdanlara ləkə düşməsin!"
İsmayıl Şıxlı bu iki ölməz sənətkar - Səməd Vurğun və Mehdi Hüseyn barədə heç vədə səsini qısmır, onlar barədə geniş ürəklə, vəcdlə söz açırdı. İkisi haqqında da çox yazmışdı, ancaq yenə də yazmaq, yazmaq istəyirdi. Ssenariləri əsasında əvvəlcə Mehdi Hüseyn, sonra isə Səməd Vurğun haqqında sənədli filmlər çəkildi. “Səməd Vurğun” filminə görə ona Lenin Komsomolu mükafatı vermək istəyirdilər. Bunu soyuq, bir az əsəbi qarşıladı: "Nə yaşım o yaşdır, nə də filmin komsomola bir dəxli var. Bunlar da verməyə mükafat tapdılar!"
"Azərbaycan" jurnalının redaktoru işləyəndə Mehdi Hüseynin 50-ci illərdəki məşhur kampaniya ucbatından çap etdirə bilmədiyi "Şeyx Şamil" əsərinə həyat vermək istədi. Qlavlit bu nəcib istəyin yolunu kəsdi. İsmayıl Şıxlının əsəbləri tarıma çəkildi. Gördü ki, Mehdi Hüseynin ruhunu sevindirə bilməyəcək, bundan sonra jurnalda redaktorluq etməyə vicdanı yol vermədi. Yaradıcı kollektivlə vidalaşıb, yazı stolunun arxasına qayıtdı. Və xeyli çəkən sarsıntılardan sonra ustadın oncildliyini tərtib edib, çapa hazırladı.

* * *

Xəyalımda şirin bir xatirənin mehi əsir...
Mən əziz dostum, xalq artisti Əli Zeynalovla Krıma uçuram. Biz bu səfərin töycüsünü çoxdan tökmüşdük. Qayğılardan, gərgin işdən aralanıb bir yerdə ürəyimizcə dincəlmək istəyirdik. İkimiz də ürəkdən sevinirdik. Bilirdik ki, İsmayıl Şıxlı ilə Cəmil Əlibəyov bizdən bir həftə əvvəl yola düşüblər. Koktebeldə - SSRİ Yazıçılarının Yaradıcılıq Evində dəstəmiz birləşəcəkdi.
Qara dənizin sahilində bizi romantik bir istirahət və yaradıcılıq günləri gözləyirdi. Qəlbən sevinirdik.
Mən bu yerlərdə əvvələr də olmuşdum. Qabaqkı səfərlərimdə yaxşıca işləmişdim. "Bir ana tanıyırdım" adlı kitabımdakı mənsur şeirlərin və hekayələrin xeyli hissəsini burada yazmışdım. İndi də o ümidlə gedirdim ki, həm yaxşıca dincələcək, həm də nəsə yazacağam.
Təyyarəmiz Simferopola çatanda hava qaralırdı. Özümüzü Feodosiyaya gedən avtobusa yetirə bilmədik. Kurort mövsümü hələ sönüb-səngimədiyindən taksi də çətin tapılırdı. Xeyli gözlədik, ora-bura qaçdıq. Axır ki, Kerçə gedən bir taksiylə sövdələşədik. Sürücünün sözü bu oldu ki, yolun yarısındakı qəsəbələrdən birində bizi düşürəcək, müştərini Kerçə çatdırıb geri qayıdan baş yenidən götürəcək. İxtiyarımızda təxminən yarım saat vaxt var idi. Bir yay kafesinin yanında düşüb açıq havada, ağac altında oturduq. Yemək sifariş verdik. Yanında da bir Krım şərabı. Əli müəllim başını qaldırıb göyə baxdı, heyranlıqla:
- Çoxdan bəriydi bu qədər ulduz görməmişdim, - dedi.
Çörəyimizi yedik, üstündən də adama bir-iki stəkan Krım şərabı içib, rahatlanan kimi olduq.
Taksi də gəlib çıxdı. Koktebelə yollandıq. Yaradıcılıq Evində qeydiyyatdan keçəndə artıq saat doqquza az qalırdı. İkimərtəbəli, nisbətən komfortlu sayılan korpusa düşmüşdük. Sevinirdik. Yerbəyer olub, həyətə çıxdıq. Sahilə yaxın yerdə qoyulmuş skamyaların birində İsmayıl Şıxlı ilə Cəmil Əlibəyovu tapdıq. Biz də sevindik, onlar da.
İsmayıl Şıxlı:
- Mənim köhnə vətənimə xoş gəlmisiniz, - dedi. - Sizə bu qədim tatar torpağında mənalı istirahət arzulayıram.
Əli Zeynalov təəccüb içində:
- İsmayıl müəllim, bura ilə sizin nə əlaqəniz?
- Mən döyüşə burada girmişəm, - dedi. - Krımla doğmalaşmışam. Bu tərəflərə yolum düşəndə, elə bil, öz vətənimə gəlirəm.
Bizi sorğu-suala tutdular: "Bakıda nə var, nə yox?", "Havalar necə keçir?", "Respublikada diqqət çəkən yeniliklər".
Çox danışdıq, güldük. İsmayıl müəllim öz qələm dostları Hüseyn Ariflə, Qabil ilə bağlı xoruz səsi eşitməmiş məzəli əhvalatlar danışdı, lətifələr söylədi. Elə bil, yatmağa getmək yadımızdan çıxmışdı. İsmayıl müəllim Cəmil müəllimə sarı çöndü:
- Komissar, biz heç, - dedi, - dostlar yoldan gəliblər, yorğundurlar. Qabağa düş, dəstəni çək, gedək yığışaq öz odalarımıza.
Koktebeldə aylı-ulduzlu gecəmiz günəşli səhərə qovuşurdu...
Günlərimiz o qədər şirin, mənalı, məzmunlu keçirdi ki, vaxtın necə ötməsindən, necə qanad taxmasından xəbərimiz olmurdu. Səhər yeməyindən sonra sahildə bir az gəzişir, söhbətləşirdik. Sonra Əli Zeynalov təzə aldığı jurnallara, qəzetlərə baxır, Cəmil Əlibəyov qələmə güc verirdi. İsmayıl Şıxlı isə bağın sakit bir yerinə çəkilib, düşüncələrə dalırdı. Mən bala-bala yazıb-pozur, hərdən də özümü onun yanına verirdim.
İndi, aradan 40 ilə yaxın bir vaxt keçəndən sonra ayrı-ayrı məqamlar, elə bil ki, xatirə dumanından sıyrılıb çıxır, aydınlaşır, durulur.
...İsmayıl müəllim sahil sürahisinə dirsəklənib fikrə getmişdi. Yaxınlaşıb böyründə dayandım. Hiss elədim ki, diksinən kimi oldu.
- Ay İsmayıl müəllim, sizi tez-tez fikir içində görürəm.
- Düz deyirsən, ay Nahid, kənardan göz qoyan olsa, deyər bunun başı xarab olub, dənizlə danışır. Amma, bəlkə, sən də bilməzsən ki, mən bu sularla niyə belə tez-tez baş-başayam? - Köksünü dərdi. - Bu Qara dənizin sularında çox dostlar itirmişəm. Əslində, bir qəbiristanlıqdır bu Qara dəniz. Onun sularında qərq olan azərbaycanlılar sayagəlməzdir.
- Sizin "Cəbhə yolları" gündəliyinizdə bu barədə çox yazılıb.
- İndi ürəyimi tərpədən əhvalatlar yadıma düşür. Bəlkə, bu mövzuda silsilə hekayə yazdım.
Bir dəfə elə bu yerdə onu coşqun dənizə qızılgül dəstəsi atan görmüşdüm. Onda demişdi:
- Bu gün cəbhə dostlarımı yuxuda görmüşəm. İstədim onların ruhunu sevindirim.
Yeməkxananın yanındakı bağçada qəribə bir bitki öz küskünlüyü ilə diqqəti çəkirdi. Çoxlarını onu seyr edən görmüşdüm. İsmayıl müəllim ona həmişə heyranlıqla baxırdı. Bir dəfə dedi:
- Nahid, sən buralarda çox olmusan. Bəlkə, bilərsən, bu bitkinin adı nədir?
- Aqavadır, burada qəribdir. Vətəni Cənubi Amerikadır. Bir hekayə də həsr eləmişəm ona.
- Çap olunub?
- Hə, ilk kitabımda.
- Burada varındırsa o kitabdan, ver oxuyum. Görüm nə ilə heyrətləndirib bu səni.
Günorta yeməyindən sonra kitabı ona çatdırdım. İsmayıl müəllimlə otaqlarımız alt-üst idi. Çox keçmədi ki, gördüm məni səsləyir:
- Nahid, ay Nahid, bir yuxarı qalx.
Kağız-kuğuzumu yığışdırıb onun yanına getdim.
- Səni təbrik edirəm. Hekayən xoşuma gəldi. Xüsusilə, dilin, təsvirlərin, dialoqların... Bəlkə, sənin özünün də yadından çıxıb, - səhifələri çevirdi. Sonluğu oxumağa başladı:
"- Hələ çoxmu belə baharsız yaşayacaqsan?
- Bilmirəm... Mən bircə bahar görəcəyəm, bircə dəfə çiçək gətirəcəyəm, sonra quruyub torpağa dönəcəyəm.
- Nəyə gərəkdir belə bir ömür?
- Nə üçün? O bircə baharın səadəti dünyaya sığmaz. Mənim baharıma bahar çatmaz.
- Nə deyim, bəlkə də, sən deyəndir. Səadət var ömrü bir dəqiqə, özü illərə bərabər, əsrlərə sığmaz.
- Mənim səadətim bir qərinədə, bir ömürdə bircə bahar həsrətidir, bircə çiçək həsrətidir. Mən illərlə torpaqdan şirə, qüvvə yığıram ki, kamil gözəlliyimlə insanları bir dəfə valeh edim. Bir dəfə parlayıb könüllərdə iz qoyaraq sönüm!.. Yoxsa yaşamazdım mən, yaşamazdım...
- Heç adını demədin sən?
- Soruşsalar, deyərsən Aqavadır o həsrətin adı.
- Yox, yox, hər yerdə, hər zaman deyəcəyəm mən: Aqavadır o gözəlin adı".
İsmayıl müəllim gözlərini gözlərimdən ayırmadı:
- Nahid, çox təəssüf ki, sənin kitabın indiyəcən əlimə düşməyib. Oxusaydım, bəlkə də, mətbuatda söz də deyərdim. Qoy qalsın, bir-iki günə oxuyub qaytararam.
- Qaytarmasanız da olar.
- Onda oxuyub qurtarandan sonra fikir mübadiləsi edərik. Sən də kitabını avtoqrafla mənə bağışlayarsan.
- İsmayıl müəllim, sizin kimi ustada kitab verməyə utanıram, özü də avtoqraflı kitab.
- Bəs eşitməmisən, utananın oğlu olmaz. - Məzə qatdı sözlərinə. - Elələri var qapıdan qovursan pəncərədən içəri girir. Yazdığını da oxuyursan, dünya gözündən düşür.
...Cəmil müəllimin fotoaparatı həmişə çiynində olurdu. Feodosiyaya getdiyimiz gün yaxşı yadıma gəlir. İsmayıl Şıxlı sağa-sola boylanıb, münasib yer seçdi.
- Komissar, bəlkə, bizi tarixə salasan?
Cəmil müəllim gülümsündü:
- Sənətkar, mən hazır, - dedi. - Ancaq Əli Zeynalov öz rolları, siz də "Dəli Kür"lə çoxdan tarixdəsiniz. Nahidlə mən də birtəhər sizin böyrünüzdə mətərislənərik.
İndi həmin şəklə baxıram, dünyanın vəfasızlığı qəlbimi yandırır. Krımlı günlərimiz, Koktebel Yaradıcılıq evi, İsmayıl müəllimin yaşadığı otaq gözlərim önündə canlanır. Küskün gözəl Aqava haqqında duyğulu söhbətimizi olduğu kimi eşidirəm. İsmayıl müəllimin nüfuzedici səsi qəlbimə sərinlik, ürəyimə toxtaqlıq gətirir. Sanki özü haqqında danışır: "Mən illərlə torpaqdan şirə, qüvvə yığıram ki, kamil gözəlliyimlə insanları bir dəfə valeh edim. Bir dəfə parlayıb könüllərdə iz qoyaraq sönüm!.. Yoxsa yaşamazdım mən, yaşamazdım". O səsə mənim bir sualım var: "Yalnız bircə dəfəmi?!"
...Az sonra İsmayıl müəllim Kerçə getdi. Mən orada bir neçə dəfə olmuşdum. Əli Zeynalov da kefsizləmişdi. Ona görə ustada Cəmil müəllim yoldaşlıq elədi. Çox zəngin təəssüratla qayıtmışdılar. Çox illər qabaq, daha doğrusu, 1950-ci ildə işıq üzü görən "Kerç sularında" adlı ilk hekayələr toplusu onu şöhrətləndirmiş və adını nasirlər cərgəsində əbədiləşdirmişdi. O, ömrünün axırınacan bu mövzudan ayrıla bilmir, yazır, yazırdı...
Deyəsən, indi də keçmiş günlərə qayıtmışdı. Bəlkə də, Qara dəniz sularında, dəfələrlə ölümlə əlbəyaxa olduğu Kerçdə itirdiyi döyüş dostlarının ruhu yazıçı qəlbini tərpətmişdi.
İsmayıl Şıxlı ilə Cəmil müəllim Yaradıcılıq Evinə bizdən bir həftə əvvəl gəlmişdilər, bir həftə də qabaq getdilər.
Bu bir ay ərzində Cəmil müəllim nə özünə dinclik verdi, nə qələm-kağıza. İsmayıl müəllimə söyləyəndə ki, ay ustad, yəqin, qayıdanda oxcucuları sevindirəcəksən: "Ürəyimdən tikan çıxaran hekayələr yazmışam, - dedi. - Buna da min bərəkət! Az olsun, yaxşı olsun. Əlimə qələm götürdüyüm gündən andım, amalım belə olub. İnanıram ki, həmişə də belə olacaq!"

* * *

1989-cu ilin payızı... Qazaxda dövlət teatrının açılışı münasibətilə böyük bayram tədbiri düzənlənmişdi. Açılış münasibətilə kollektiv xalq şairi Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya" pyesinin tamaşasını göstərirdi. Bakıdan gələn bir sıra tanınmış şəxsiyyətlər - Bəxtiyar Vahabzadə, mədəniyyət naziri Polad Bülbüloğlu, professor Şirməmməd Hüseynov, şair Həmid Abbas və bir sıra başqaları zalda idilər. Tamaşa alqışlarla qarşılandı.
Səhəri gün qonaqların şərəfinə ziyafət verilirdi. Mən də dəvət olunmuşdum. Açığı, heç ürəyimdən deyildi. Çünki birinci katiblə aramızda soyuqluq var idi. Bəxtiyar müəllim mənə zəng eləyəndə, ona dedim:
- Ay ustad, Aşurov mənim sözümü yerə salıb, düzü, ona görə gəlmək istəmirəm.
- Ay Nahid, arada mən varam axı! Aşurov istəyir ki, inciklik aradan götürülsün.
- Bəxtiyar müəllim, onda mənim şərtim var: aşıq Ədalət də orada olsun.
- Mənim gözüm üstə! Sənin təklifin mənim də ürəyimdəndir. Deyərəm, çağırarlar.
Qonaqlıqda Bəxtiyar müəllimin, sonra isə Polad Bülbüloğlunun şərəfinə söz deyildi, badə qaldırıldı.


Mən ayağa qalxdım. Məclis sakitləşdi. Üzümü aşıq Ədalətə tutdum:
- Ay Ədalət, indi Bəxtiyar müəllim, Polad müəllim haqqında xoş söz deyildi, arzular səsləndi. Onlar ikisi də əbədiyyətə üz tutan sənətkarlardır. Sonra da sən gəlirsən. Sazını ürəyinin başına sıx, yandır daş ürəkləri. Bil ki, bu gün sənin üçün bir imtahandır...
Ədalət başladı, nə başladı. Simlərin titrəyişi öləziyəndə Bəxtiyar müəllim sanki çırpınaraq sazın sehrindən çıxıb, Ədalətə yaxınlaşdı. Hamımız maraqla, heyrətlə ona baxırdıq:
- Ədalət, əlini mənə ver, - Bəxtiyar müəllim dedi.
Ədalət şairin istəyini, deyəsən, başa düşdü və geri dartındı.
- Sənə deyirəm, əlini mənə ver! - Bəxtiyar müəllim səsinə ovxar verdi. - Öpəcəyəm əlini. Sənin o "Yanıq Kərəmi" çalan barmaqların qızıla tutulmalıdır.
Ədalət özünü itirmişdi, bilmirdi neyləsin.
Bəxtiyar müəllim üzünü Polad Bülbüloğluna tutdu:
- Qardaş, bu Ədalətin nəsə bir fəxri adı varmı?
Polad Bülbüloğlu sıxıntılı səslə cavab verdi:
- Yoxdur, Bəxtiyar müəllim, yoxdur.
- Bəs niyə?
- ...
- Ədalət indiyəcən hansısa bir xarici ölkədə olubmu?
- Yox, olmayıb.
Bəxtiyar müəllim yana-yana:
- Bəs nəyi gözləyirik, kimi gözləyirik?
- Bəxtiyar müəllim, bir nazir kimi boynuma alıram ki, Ədalətlə bağlı laqeydliyimiz olub, - deyə üzrxahlıq elədi. - Söz verirəm ki, tezliklə səhvimizi düzəldərik.
- Bəli, düzəltmək lazımdır, ay Polad müəllim!
Çox keçmədi ki, Filarmoniyada aşıq Ədalətin möhtəşəm yaradıcılq gecəsi keçirildi. İsmayıl Şıxlının başçılığı ilə bir dəstə söz-sənət adamı, elm xadimi sənətkar haqqında dürlü-dürlü fikir söylədilər. İsmayıl Şıxlının dedikləri böyük əks-səda yaratdı. Bu gecə əsasında televiziya verilişi hazırlandı və təkrar göstərildi.
Xeyli keçəndən sonra Polad Bülbüloğlu Ədaləti özü ilə İraqa - Beynəlxalq folklor festivalına apardı. Bununla da Ədalətin bəxtinə gün doğdu. Sonra uğurlar, Prezidentin fərdi təqaüdü.
İndi Ədalət hər dəfə məni görəndə ötənləri minnətdarlıqla xatırlayaraq deyir:
- Mənim taleyimdə İsmayıl Şıxlı da, Bəxtiyar Vahabzadə də sönməz günəşə dönüblər.

* * *

Ustad sənətkarın 70 illiyi Azərbaycan Dövlət Milli Dram Teatrında keçirilirdi. Salonda iynə atsan yerə düşməzdi. Hərarətli çıxışlar, salonu titrədən alqışlar, professor Qulu Xəlilovun: "Biz, ali məktəb müəllimləri bu ötən illərdə nəfsimizi saxlaya bilmədik, əlimizi çox şeyə qatdıq. Bu çirkabın içindən təmiz çıxmağı bacaran tək İsmayıl müəllim oldu" deməsi onun andına, amalına sədaqətinin, əqidəsində dönməzliyinin təsdiqi, təntənəsi idi!
Həmin yubiley gecəsində İsmayıl müəllim ürəyini göynədən, qəlbini titrədən, ruhunu narahat edən məsələlərdən, xalqın taleyindən, gələcəyindən, ədəbiyyatımızın vəziyyətindən olduqca sərt, həm də səmimi danışdı.
Şair Zəlimxan Yaqubun sözləri heç vaxt yadımdan çıxmaz: "İsmayıl müəllim! Onsuz da əsərlərinizlə, şəxsiyyətinizlə xalqın ürəyində əbədi yer tutmusunuz. Ancaq bu axşamkı çıxışınızla qəlbimizdə heykəlləşdiniz".
İsmayıl müəllimin cavabı özünə məxsus müdrik, həm də qısa oldu: "Ay Zəlimxan, diqqətinə görə çox sağ ol! Ancaq bu heykəl məsələsi bir az qəliz məsələdir. İndi heykəlləri uçurmaqla məşğuldurlar, ona görə də bu, qalsın sonraya".
Böyük yazıçını əhatə edən dostları gülüşdülər. Kimsə dedi:
-İsmayıl müəllimin "Dəli Kür"ü özü bir heykəldir. Müəllifini də həmişə yaşadacaq.

* * *

...80-ci illərin axırlarında İsmayıl müəllim əsl xalq adamı, xalq yazıçısı kimi hər gün, hər saat sadə insanlar arasında idi. Yazır, yaradır, həyatın burulğanlarından keçə-keçə hər yerdə sözünü mərd-mərdanə deyirdi. "Sapı özümüzdən olan baltalar" deyimi bir xalq hikmətinə çevrilmişdi. İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Məmməd Araz və Sabir Rüstəmxanlı bir bəyannamə imzalamışdılar. Orada deyilirdi: "Son illərin acı təcrübəsi göstərir ki, yurdumuzun ərazi bütövlüyü və milli varlığı əleyhinə erməni millətçilərinin başladığı təcavüzü yalnız xalqımızın ümumi səyi ilə, fikir və əməl birliyimizlə dəf edə bilərik.
...Tarix bizi çətin imtahan qarşısında qoyub. Bu imtahandan üzüağ çıxmaq üçün bir yolumuz var - bütün Azərbaycan vətəndaşlarının birliyi və həmrəyliyi!"
İsmayıl Şıxlını az sonra Azərbaycan KP MK-ya dəvət edib, bəyanata imza atdığına görə bərk narazılıqlarını bildirmiş və bir ağsaqqal sənətkar kimi ondan xahiş etmişdilər ki, imzasını geri götürsün. O isə həmişə, hər zaman imzasının dalında durduğunu söyləmişdi.
1990-cı ilin 20 yanvar qırğınından bir neçə gün sonra, daha doğrusu, yanvarın 24-də respublika rəhbərləri qaçıb gizlənəndə o, xalqın arasında idi, qələm dostu Bəxtiyar Vahabzadə ilə birlikdə qabağa düşüb, respublika Ali Sovetinin iclasının çağırılması üçün əlindən gələni elədi. Xalqı sakitləşdirmək, hadisələrə ayıq başla qiymət vermək üçün çox çətinliklə çağırılan bu iclasa çox müdrikliklə sədrlik etdi.
Mərkəzi Komitənin həmin günlərdə keçirilmiş plenumunda zalda oturmuş Primakovun üzünə onu və bütün Qorbaçov dəstəsini "ermənilərin əlində oyuncaq", "milli və siyasi əqidəsinə xəyanət edən adamlar" adlandırmış, "xalqı qırmaqla onun iradəsini sındırmaq cəhdi vəhşilikdir!" deyib sovet rəhbərlərini orta əsr barbarları ilə bir sıraya qoymuş və çıxışını bu sözlərlə bitirərək kommunistlərlə vidalaşmışdı: "Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan KP MK üzvlüyünə namizədəm. Azərbaycan SSR Ali Sovetinin deputatıyam. SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45-illik partiya stajım var. Mən müharibədə kommunist bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli "SS" partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm".
İsmayıl Şıxlı 1990-cı ildə xalqın istəyilə öz doğma yurdundan - Qazaxdan deputat seçildi. Xalq elçisi adına şərəf gətirdi. Hər yerdə onu misal gətirirdilər: "xalqını ürəkdən sevən, onun kədəri ilə kədərlənən, sevinci ilə sevinən deputat İsmayıl Şıxlı kimi olar. Bu deputatlıq kürsüsü əsl onun yeridir. Halal olsun!".

* * *

Bu yazı üzərində işləyərkən İsmayıl müəllim barədə müxtəlif söz-sənət və peşə adamları ilə maraqlı söhbətlərim oldu. Eşitdiyim fikirlər: "O, xalqımızın adına layiq bir Sənətkar, Şəxsiyyət və Pedaqoq olub".
"İsmayıl Şıxlı Tanrının da, bəndənin də sevdiyi bir insan idi", - belə deyir şair Musa Yaqub.
"Dünya sığışırdı onun ürəyinə" - yazıçı Aslan Qəhrəmanov.
"İsmayıl müəllimin dərsi olan gün sevincdən biz tələbələrin gözünə yuxu getmirdi. Bu, heç yaddan çıxarmı?" - jurnalist Kamil İsmayılov.
"İsmayıl Şıxlı elə bir xalq sevgisi qazanmışdı ki, onu yalnız Səməd Vurğunla müqayisə etmək olar" - professor Camal Mustafayev.
1995-ci il isti iyul günündə ölməz ədibi haqq dünyasına yola salarkən nurani bir kişidən eşitdiyim sözlər heç yadımdan çıxmaz: "O, bu dünyaya ayaq üstə gəlmişdi, ayaq üstə də getdi". Dediyinin mənası bu idi ki, İsmayıl Şıxlı ömrü boyu heç kəsin qabağında əyilmədi, sınmadı, şax durdu, şax dayandı.
...Deyəsən, artıq yazıya nöqtə qoymaq məqamı çatıb. "Azərbaycan" jurnalının baş redaktoru, hörmətli qələm dostumuz İntiqam Qasımzadə ilə söhbət etmək istəyirəm. Bu, onun da ürəyindəndir.
- İntiqam müəllim, jurnala İsmayıl müəllim qabaq gəlmişdi, yoxsa siz?
- Bunu demək, bəlkə də, bir az çətindir, - fikrə gedir. - Məsələ belə idi: Mən kinostudiyadan aralanmışdım. Xeyli vaxt idi ki, işsiz idim. Bir gün İsmayıl müəllimlə rastlaşdım. Ay İntiqam, - dedi, - mənim "Azərbaycan" jurnalına baş redaktor göndərilmək məsələm ortaya çıxıb. Yəqin ki, orada çox dəyişikliklər etmək lazım gələcək. Bəlkə də, əmrini verəcəyim ilk əməkdaş sən olacaqsan. Necə baxırsan bu məsələyə?
- Necə baxacağam, ay İsmayıl müəllim, sizə yalnız ürəkdən "sağ olun!" deyərəm.
İsmayıl müəllim mənim üçün doğma, əziz adamdır. Həmişə bizim ailənin pasibanı olub. Atamla tələbəlik illərindən ünsiyyət bağlayıb. Müharibənin əvvəlindən axırınacan ikisinin də ömrü səngərdə keçib.
Əmim Həsən müəllimlə də çox gözəl münasibəti var idi. Mən də, qardaşım Daşqın da onun gözü qabağında böyümüşük. İsmayıl Şıxlıdan həmişə böyük diqqət, qayğı görmüşük. İsmayıl müəllimin yanında - "Azərbaycan" jurnalında bir yerdə işləmək mənim üçün fəxarət idi. Ancaq iş belə gətirdi ki, İsmayıl müəllimin jurnala gəlişi yubandı. Bir gün zəng vurub dedi ki, deyəsən, mənim gəlməyim ləngiyir. Bu səni qorxutmasın, jurnalda yer boşalıb - tənqid şöbəsinin müdiri. İmran Qasımovla danışmışam, get yanına, qoy əmrini versinlər ora. Darıxma, mənim gəlişim də çox çəkməz. Dediyi kimi də oldu. İki il bir yerdə işlədik. Çox unudulmaz günlər idi.
İsmayıl müəllimin gəlişilə jurnalda yaradıcılıq ab-havası büsbütün dəyişdi. Mən indi, jurnalın redaktoru kimi onu deyə bilərəm ki, İsmayıl Şıxlıdan, sonra isə Yusif Səmədoğludan çox şey öyrənib, çox şey götürmüşəm. İkisi də mənə örnək olub.
- İntiqam müəllim, İsmayıl Şıxlı yadınızda necə qalıb? Sənətkar kimi, şəxsiyyət kimi...
- O, yazıçı kimi də, insan kimi də təkrarsız idi. Yaradıcılığı şəxsiyyətini, şəxsiyyəti yaradıcılığını tamamlayırdı. İndi hər addımda yeri görünür. O, gələcək illərə, nəsillərə örnək olan əvəzsiz insan idi, sözün əsl mənasında ləyaqət timsalıydı.