Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


POEZİYA
 

HƏSRƏT


 
ŞAM ÖMRÜ YAŞAYIRAM

                                 Vasif Süleymana

Könülləri küsdürən, ürəkləri qaraldan,
Damlaları daş olub yollarımı daraldan,
Bəbəkləri bürüyüb, yanaqları saraldan
Nəm ömrü yaşayıram.
Ağacını, gülünü göz yaşları sulayan,
Meyvəsini, barını yoldan keçən talayan,
Sərçələr yuva qurub, üstdə bayquş ulayan
Dam ömrü yaşayıram.
Mənəm qəm-kədər yükü kürəyində taylanan,
Özünə həsrət qalan, öz-özünə boylanan,
Gah ağı doldurulan, gah da şərbət paylanan
Cam ömrü yaşayıram.
Xalça olmaq olmayır həsirlərin önündə,
Yaddan çıxır kimliyin təsirlərin önündə,
Surəti məxrəci mən, kəsrlərin önündə
Tam ömrü yaşayıram.
Dişimin arasından fikrim şikəst doğulur,
Gözlərimin qarası ürəyimə soğulur,
Qışqırmaq istəyirəm səsim zildə boğulur,
Bəm ömrü yaşayıram.
Ayaqlarda tapdanan həqiqətin acıyam,
Heç bir qəlbə yox yolum, bibərdən də acıyam,
Küçələrdə yeriyən dərd-kədər ağacıyam,
Qəm ömrü yaşayıram.
Əyrilərim sarmaşıq dolanıbdı düzümə,
Hərdən bütün çayların suyu dolur gözümə,
Yandığıma baxma sən, işıq düşmür üzümə,
Şam ömrü yaşayıram.

2008

ELİM ALLAH AMANATI

Ədalətə qələm çalan
Əlim, Allah amanatı.
Dərib dəstə bağladığım
Gülüm, Allah amanatı.

Dərd içimə salıb talan,
Dərdə salan, dərdə qalan,
Əsrlərdən mənə qalan
Dilim, Allah amanatı.

Çiçəkləri düzüm-düzüm,
Şimşəkləri odum-közüm.
Könül açan dağım-düzüm
Çölüm, Allah amanatı.

Yağı çəkdi bizə dağlar,
Dərdim çıxıb dizə, dağlar,
Tapşırıram sizə, dağlar,
Elim Allah amanatı.

2008

QORXURUQ

Ömür boyu ona-buna
Baş əyə-əyə qorxuruq.
Sözümüzə, özümüzə
Durmuruq yiyə qorxuruq.
Dözürük qəmə, dərdə də,
Hərə çalır bir pərdədə,
Qorxu olmayan yerdə də
Qoşulub küyə qorxuruq.
Bir haqsızlıq görəndə də,
Qəfil bir it hürəndə də,
Yerə salam verəndə də
oylanıb göyə qorxuruq.
Zülm edirik özümüzə,
Dağ çəkirik ömrümüzə,
Üzümüzə, gözümüzə
Çəkirik boya, qorxuruq.
Həsrət, biz niyə beləyik,
Gah iblisik, gah mələyik,
Bilirik ki, öləcəyik,
Ölümdən niyə qorxuruq?

2008

YAĞIŞ YAĞACAQ

Hava qaranlıqlaşır,Günəş enir qüruba,
Yığışır yavaş-yavaş komasına el-oba,
Göy üzündə bulud var, şimşək çaxır uzaqda,
Qovur şimal küləyi buludları cənuba,
Yağış yağacaq.

Çadır şəhərlərində od yağır bələklərə,
Çatmayır bəndələrin əlləri fələklərə,
Alışan arzulara, qarsıyan diləklərə,
Bir sabah ümidiylə yaşayan ürəklərə
Yağış yağacaq.

Damlalar qovuşacaq ananın göz yaşına,
Bu an kök atacaqdı körpənin yaddaşına,
İllərdi həsrət qalan torpağına, daşına,
Bəndələrin gözündən allahların başına
Yağış yağacaq.

Hələ çörək yerinə yeyirik yalanları,
Əzəmmirik milləti didərgin salanları,
Gözlərimiz görməyir saçların yolanları,
Ölənlər yaddan çıxır, geridə qalanları
Xiffət boğacaq.

İldırımlar çaxacaq, şimşəklər oynayacaq,
Vətən igidlərinin qanları qaynayacaq,
El yurduna dönəcək, doğma ocaq yanacaq,
Alovlu tellərini sərəcək qucaq-qucaq,
Günəş doğacaq.

2008

DÜNYA GÜNAH İÇİNDƏDİ

Yaranandan özü boyda,
Dünya günah içindədi.
Ahı sevincə bürünüb,
Sevinci ah içindədi.

Utanası nəyi vardı,
İnsanı ölüm qurtardı.
Gördüyün nə var astardı,
Üzü, vallah, içindədi.

Köməyi var, pənahı var,
Bu günü var, sabahı var,
Gördüm ki, Allahı var,
Kimin Allah içindədi.

2008

ÜRƏYİMİ SIXAN QƏMƏ

Ürəyimdə yuva qurdum
Mənə məndən baxan qəmə.
Yanaqlarım oldu həmdəm
Gözlərimdən axan qəmə.

Bu yollarda qaldı ömrüm,
Gündü, aydı, ildi ömrüm,
Qəlyanaltı oldu ömrüm
Uğuruma çıxan qəmə.

Ömür boyu dedik yalan,
Ağrı oldu bizə qalan,
Özümüzük həyan olan
Özümüzü yıxan qəmə.

Daşdan-daşa dəydi başım,
Əydi belim, əydi başım,
Əl çəkən deyil, qardaşım,
Öyrəndisə yaxan qəmə.

Həsrət, ürək dedi, yazdım,
Dedim verər xeyir, yazdım,
Yaltaqlanıb şeir yazdım
Ürəyimi sıxan qəmə.

2008

SUALLAR

İnsanların həsrətinin
Yaşı nə qədərdi, görən?
Bu sularda gözlərinin
Yaşı nə qədərdi görən?

Qismətinə pis gün düşən,
Taleyindən küsgün düşən,
Bu torpağın itgin düşən
Daşı nə qədərdi, görən?

Ruhların izi varmı,
Ruhda insan özü varmı,
Yayı varmı, yazı varmı,
Qışı nə qədərdi, görən?

Gördüyümüz yuxuların,
Çəkdiyimiz qorxuların,
Səpdiyimiz toxumların
Boşu nə qədərdi, görən?

Ölüm haqdan qədərdisə,
Həyat dolu kədərdisə,
Ömür gəldi-gedərdisə,
Naşı nə qədərdi, görən?

2008

YAZIN OĞLAN ÇAĞI

Nərgizləri ulduz-ulduz talada,
Bənövşələr kol dibində göz vurur.
Kəklikləri qaqqıldaşır qayada,
Öz dilində hər keçənə söz vurur.
Bənövşələr kol dibində göz vurur.

Kəndimizdə yazın oğlan çağıdı.
Məst olursan təbiətin nazından.
Dağı-düzü sanki cənnət bağıdı,
Bir dənədi bu yerlərin yazından.
Məst olursan təbiətin nazından.

Boy qaldırıb cığırından, izindən,
Çiçəkləri əyil, bizi üz, deyir.
Dəstə bağla, çələng toxu sən bizdən.
Apar yarın sinəsinə düz, deyir.
Çiçəkləri, əyil bizi üz, deyir.

Bir gözəlin sinəsinə sarılmaq,
Arzusudu çiçəyin də, gülün də.
İstəyirəm ulduz olub parlamaq,
Şölə saçmaq nazlı yarın telində.
Arzusudu çiçəyin də, gülün də.

Kəndimizdə yazın oğlan çağıdı,
Açır ürəklərdə məhəbbət çiçək.
Bahar ürəklərdən qəmi dağıdır,
Sevdalı könüllər sevgi dərəcək.
Açır ürəklərdə məhəbbət çiçək.

2008

ÇAĞIRIN MƏNİ

O dağların qucağına könlümü
Bulaqların zümzüməsi çağırır.
Ata-ana ocağına könlümü
Beşiyimin körpə səsi çağırır,
Bulaqların zümzüməsi çağırır.

Uşaqlığım keçib oylaqlarında,
Könlümün parçası qopub qalıbdı.
Doğulduğum evin divarlarında
Anamın laylası hopub qalıbdı,
Könlümün parçası qopub qalıbdı.

Hər payız nə qədər qız gəlin köçür,
Ellərin toyuna çağırın məni.
Mənim də könlümdən oynamaq keçir,
Bir dəli oyuna çağırın məni,
Ellərin toyuna çağırın məni.

Yeriyə bilməsəm, qaça bilməsəm,
Təki siz səsləyin, quş olub gəlləm.
Dağlardan, düzlərdən keçə bilməsəm,
Durna qatarına qoşulub gəlləm,
Təki siz səsləyin, quş olub gəlləm.

Yaşaya bilmərəm elsiz-obasız,
Elin övladıyam, elin oğluyam.
Yaşamaq olarmı arxa-dayaqsız?
Təpədən dırnağa elə bağlıyam,
Elin övladıyam, elin oğluyam.

Nişan öz yerində, toy öz yerində,
Qarabağ dərdi var, Vətən dərdi var.
Bu dərdin kökləri elə dərində,
Bu yurdun nə qədər əri, mərdi var.
Qarabağ dərdi var, Vətən dərdi var.

Deyin bu qədər yatmaqmı olar,
Atlanın, döyüşə çağırın məni.
Tək əldən səs çıxmaz, bir olaq, dostlar,
Bir olaq, görüşə çağırın məni.
Atlanın, döyüşə çağırın məni.

2008

BALA

                            Oğlum Ceyhuna

İnsan kimi yaşa, ömür tanrıdan qismət, bala,
Dünya malı dünyanındı, toplama sərvət, bala.
Ömür fani, dünya fani, heç nə yoxdu əbədi,
Bu dünyanın işlərinə eyləmə heyrət, bala.

Bu həyatın qaydasıdır, qana düşür qan deyən,
Xoşbəxt həyat yaşayacaq can eşidib, can deyən,
Axtarmaynan satılmayır bazarlarda mən deyən,
El içində uca saxlar kişini qeyrət, bala.

Çalış dilin məlhəm olsun, könül görsən yaralı,
Ellər səni başda saxlar elə arxa duralı,
Quruyacaq qol-budağın düşsən kökdən aralı,
Qərib düşən talelərdən alginən ibrət, bala.

Ürəyinə sevgi doldur, məhəbbətdən saray qur,
Sonda payın qələbədir, haqq yolunda qılınc vur,
Xəyanətdən, xainlikdən, xəbislikdən uzaq dur,
Qurdtək içindən yeyər insanı nifrət, bala.

Şərəfini, şöhrətini bayraqtək qaldır göyə,
Bu torpağın hər qarışı səninkidir, dur yiyə,
Qərib düşən hər daşını qucaqla qardaş deyə,
Bu torpağa qurban deyib ömrünü Həsrət, bala.