Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


NƏSR
 

Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


 

Eyvaz Həmid ofisiantın stola qoyduğu kababa məhəl qoymadan pencəyinin sağ cibindən dörd-beş vərəq çıxartdı, oxumağa başlayanda Şahlar nəsə demək istədi, ancaq sözünü udub könülsüz papirosunu yandırdı. Şahları o dəqiqə başa düşdü; Şahlar orta məktəbi güclə oxuyub qurtarmış, uzaq Sibirdə əsgərliyini çəkəndən sonra rayona qayıtmış, köhnə, sınıq-salxaq bir "Jiquli" almışdı, buna "nol bir" deyirdilər. "01"-dən Şahlar taksi kimi istifadə edərək əlinə az da olsa maya salmış, ağ rəngli "Jiquli" “VAZ-06” almışdı ki, bu maşınla da gündəlik azuqə qazanırdı. Rayonda Şahların xüsusi hörməti vardı, hamıya əl tutan, başqa sürücülər kimi qiymət oxumayan əli qabarlı oğlan ürəyigeniş, səxavətli idi və yeyib-içməyindən qalan deyildi;- rayonun bütün yeməkxana və restoranlarında bilirdilər ki, Şahlar hansı yeməyi yeyir, hansı içkidən içir. İndinin özündə, rayonun ən bahalı restoranı olan "Qu quşu"nda oturmağı Şahlar təklif etmişdi, çünki, onunla həm orta məktəbi bir sinifdə oxuyub bitirmişdi, həm də neçə illər idi ki, görüşmürdülər. Şahlar onu rayon mərkəzində görən kimi maşının sükanını buraxıb özünü onun üstünə atmışdı, o üzündən - bu üzündən öpmüşdü, Əlini boynuna salıb orta məktəb yoldaşının sifətinə diqqətlə baxmışdı, görsün ki, bu odur, ya o deyil. Ona çoxlu suallar verdi ki, bə sən hara, buralar hara, sənin də üzünü görmək olarmış, onda Eyvaz Şahların əlini sıxmış, "ə, bə mənnən niyə görüşmürsən?" sualı versə də, cavab ala bilməmişdi. Uşaqlıq illərinin xatirələri neçə illərin həsrətinə su səpdi, Şahlara elə gəlirdi ki, məhz bu görüş də o uzaq uşaqlıq xatirələrini biryolluq itirə bilər və dostunun dostunu, özünün də uzaqdan tanıdığı və rayonda duzlu- məzəli şeirlər müəllifi, şair kimi tanınan Eyvaz Həmidi görməməzliyə vurdu.
- Gedək evə, qonağım ol! Bu axşam qalaq bizdə, bir bizim uşaqlarla da tanış ol, qoy onlar da əmilərini tanısınlar. Nə xətrindi, uşaqlar hazırlasınlar.
Şahlara təşəkkür etdi, bir neçə bəhanə gətirdi, düzdü, o bəhanələr Şahların beyninə batmırdı, onu maşında yox, qucağında götürüb aparmaq istəyirdi və məqsədinə çatmadıqca yanaqları qızarırdı, ancaq əsəbiləşmirdi.
- Allah qoysa, bir başqa vaxt hökmən sizə gələrəm, uşaqlarla tanış olaram.
- Başqa nə vaxt deyirsən? Ay inandım ha! Göydə axtarırdım, yerdə əlimə düşmüsən, səni hara buraxıram? Raz ki, evə getmirsən, onda getdik.
Hara get­diklərini bilmədilər, Şahlar onu az qala itələyə-itələyə maşına tərəf aparırdı.
- Hara gedirik? - O, əlini Şahların çiyninə keçirib onu yoldan saxlamaq istəsə də, Şahlar ondan güclü idi və maşının qabaq qapısını açıb oturmasını gözlədi.
Sualı bir də təkrar etdi.
- Gedirik də. Gedib çatanda bilərsən.
- Mən bu axşam qayıtmalıyam. Hökmən. Biletim-zadım da yoxdu.
Şahlar sükanın arxasına keçdi. Eyvaz Həmid arxada oturmuşdu.
- Sənə nə lazımdı? Bakıya getmək? Lap yaxşı. Biletin də var. Narahat olma. Qatar, yumşaq vaqon, alt mərtəbə. Yatıb bir də Bakıda ayılacaqsan. Oldu?
Eyvaz Həmid onun sözündən sonra ürəkləndi.
-Ə, qatara bilet alacağıq, yata-yata gedəcəksən. Burada nə var ki?
Maşın yerindən götürüldü, küçələri şütüyüb keçdi.
- Hara gedək? Hansına? - Eyvaz Şahlardan soruşdu.
- Şair, sənlik məsələ deyil. Qonaq mənimdi.
- Nə sənindi ə? Heç elə şey-zad yoxdu. Hara sürürsən, özün bilərsən. Məllim mənim qonağımdı.
Şahlar Eyvazla söz güləşdirmədi, o da, Eyvaz da, restorandakılar da bilirdilər ki, yeməyin hesabını Şahlar çəkəcək.
İkinci qədəhdən sonra Şahlar orta məktəb illərinə qayıtdı, müəllimlərin başlarına açdıqları oyunlardan, ilk məhəbbətlərindən, armud, günəbaxan oğurluqlarına getdiklərindən danışırdı. Eyvaz Həmidin şeir oxuması əhvalını korladı, onun oxuduğu şeirə istəsə də, qulaq asa bilmədi, ona görə yox ki, Eyvazın şeri zəif idi, əksinə, misralar onun başına dəyib qayıtdıqca və o şeiri təriflədikcə Şahlar papirosa daha dərindən qullab vurub tütünün zəhərini acgözlüklə ciyərlərinə çəkirdi.
Eyvaz Həmid də tərifləndikcə şeiri daha hündürdən, gözəl intonasiya ilə oxuyurdu, ancaq onun məharətini göstərmək cəhdi Şahların vecinə gəlmirdi, o isə bütün fikrini şeirə yönəltsə də, özünü cəmləşdirə bilmirdi, arada yalandan da olsa "əla", "çox gözəl" sözlərini deyirdi və doğrudan da, əyalət şairinin şeirində yaddaqalan misralar var idi, bu alqışlar təsadüfi deyildi.
- Qurtardınmı? - Şahların əlacı olsaydı araq içməyən, papiros çəkməyən, yeməyi əməlli-başlı iştahla nuş etməyən şairi məclisdən kənarlaşdırar, öz dünyalarına qapılardılar, o dünya Eyvaz Həmidə tanış deyildi, o dünya Eyvaz Həmiddən uzaq, çox uzaq bir adada yerləşirdi, Eyvaz Həmid oxuduğu təbiət şeirləri, insanpərvərlik şeirləri ilə o dünyaya baş çəkmək istəyən Zümrüd quşunun qanadlarını sındırırdı, - bilə-bilə yox, bilməyə-bilməyə və amuranəliklə səslənən suala çox səmimi də cavab verdi.
- Qurtarıram, ikisi qalıb.
Şahlar arağı sağlıq-zad deyib eləmədən başına çəkdi, stoldan qalxıb mobil telefonu ilə haranı isə yığdı.
- Siz işinizlə məşğul olun, mən bir məsələni həll edim. Bağışla, şair, məndən də inciyib eləmə, heç hənanın yeri deyildi.
- Sən qulaq as, bu nə bilir şeir nədi, zad nədi?
İndi başa düşdü ki, Şahlar onu buraya - "Qu quşu" restoranına niyə gətirib. Şəhərin 13-cü küçə adlanan məhəlləsində tikilən bu restoran Esmiragilin evindən o qədər aralı deyildi; Şahlar bilirdi və özü də çox gözəl bilirdi ki, o, bu yerlərdə neçə xatirəni, unudulmaz xatirəni ürəyində yaşadır, ilk məhəbbətinin cizgilərini gözləri ilə çəkirdi.
- Ay səni, əclaf, gör məni hara gətiribsən? - düşündü. O, əslində ilk məhəbbətinin şirinli-acılı xatirələrini bu rayona gələndə duyurdu, ona elə gəlirdi ki, addım atdığı hər anda Esmira ilə üzbəüzdü, onunla danışır, gülür, daha sakit və səssiz addımlarla küçələri qoşa gedirlər, onlar üçün ətrafda heç kim yoxdu- nə şütüyən maşınlar var, nə hər addımdan bir yan-yana düzülmüş mağazalar- marketlər var, nə də onlara qıraqdan həsədlə baxan insanlar...
- O, şeiri səndən də, məndən də yaxşı anlayır, ona qiymət verir. Sadəcə, mənə elə gəlir ki, bu poeziya gecəsi bizim görüşümüzlə üst-üstə düşmədi.
Şahlar qayıdıb yerində oturmamış bildirdi ki, bilet məsələsini həll edib, kupeyə yer saxladıb. O, özünü məcbur edirdi ki, gülsün, gülürdü, amma sünilik o saat hiss olunurdu. Axı, o təbii oğlan idi və narazılığı alnına, sifətinə, gözlərinə yazılmışdı.
- Sən hələ oxuyub qutarmadın? - Heyrət dolu sual Eyvaz Həmidə çatmadı, o sual o vaxt verildi ki, vərəqlər içilmış boş araq şüşələrinə bənzəyirdi və stolun üstünə qoyulmuşdu.
- Eyvaz müəllim, bir gürcü, bir erməni, bir azərbaycanlı təyyarə ilə uçurmuş. Birdən xəbər gəlir ki, təyyarə xarab olub. Stüardessa onları yanına çağırıb deyir ki, hərənizə bir sual verəcəm, kim cavab versə o paraşütlə yerə düşəcək.
Qız gürcüdən soruşur:
- Gürcüstanın paytaxtı haradı?
- Tbilisi. - Gürcü sevincək dillənir.
- Ermənistanın paytaxtı haradı?
- Yerevan. - Erməni canını qurtarır.
Növbə azərbaycanlıya çatır.
- Mozambikin paytaxtı haradı?
Azərbaycanlı:
- Xanım, day denən ki, sən qalası olursan.
Hər üçü güldü.
- İçək - dedi Şahlar - Mozambikin paytaxtını bilənlərin sağlığına.
- Doğrudan, Mozambikin paytaxtı haradı?
Şahlar Eyvazın sualına da güldü.
- Sizdə atlas varmı? Ay sağ ol, ordan axtar M hərfini tap, orada Mozambikin bütün göstəriciləri var. Tapsan, o təyyarədəki soydaşımıza da xəbər elə.

Azərbaycan SSR, Ş. rayonu,
N. Nərimanov küçəsi, 36
Hüseynəliyeva Esmira

Bu məktubu sənə yazmaya bilməzdim. Siz Günəşin doğulduğu və bizi işıqlandırdığı istiqamətdə yaşayırsınız. Mən Günəşi görəndə səni görürəm!
İndi bu məktubu yazdığım an qapqara buludlar sən yaşayan tərəfə üz tutur. Bir azdan o qara buludlar sizin evin üzərinə gələcək, dəli bir yağış, bəlkə də dolu yağacaq. Güman ki, şimşək, ildırım çaxacaq və səni narahat edəcək. Ürəyimdən qəribə hisslər keçir.
Məni başa düşməyini istərdim. O an dünyanın ən xoşbəxti olardım. Hələlik.
Ən xoş arzularla! Nizami
22 aprel 1975-ci il

Poçtalyon İslama qara beş qəpiklik verib konvert aldılar, məktubu bir də oxuyub səliqə ilə qatladılar və konvertə qoyub ağzını bağladılar. Şahlar onu kənd sovetinin binasına bitişik poçt qutusuna atdı, məktubun ora düşdüyünə tam əmin olduqdan sonra aralandılar.
- Axşamüstü İslam məktubu açıb götürəcək, səhər tezdən rayona aparacaqlar, ordan da oyana. Uzağı üç günə qız məktubu alacaq. O gün cavab yazsa, üç, ya dörd günə məktub çatacaq.
Birdən yadına düşdü ki, məktub ola bilər ki, qıza çatmaz, atasının, anasının, ya da qardaşının əlinə keçər, onlar məktubu oxuyub düşərlər üstünə ki, bu nə məktubdu, məktubu yazan Nizami kimdi, onu haradan tanıyırsan? Ürəyi döyündü; ona elə gəldi ki, Esmiranın ata-anası, qardaşı onu qabaqlarına qoyub məhkəmə qurublar; məktub Esmiranın qardaşının əlindədi və o məktub yazılan vərəqi əlinə alıb bacısının üstünə qışqırıb Nizaminin kim olduğunu soruşur, Esmira isə tutqun halda fikirində dağları, dərələri, Laləli düzü tutub and-aman edir ki, elə bir adamı tanımır, məktub səhvən onların ünvanına göndərilib. Qardaşı əsəbiləşir, özündən çıxır, qızı yalan danışmaqda günahlandırır, sonra məktubun üstünə İslam kişinin vurduğu möhürə gözü sataşır. Soyuqbulaq rayonunun Soyuqbulaq kəndinin adını oxuyur.
- Budur, bax, rayonun da, kəndin də adı yazılıb. Biz səni istirahətə dağa yollayırıq, sən gedib orada eşqlə, məhəbbətlə məşğul olursan. Kimdi bu oğlan?
Bu sual Esmiranın atasına, anasına qəribə gəlir, çünki onlar elə o kənddə anadan olub, o kənd orta məktəbində müəllim işləyib sonradan bu Kürüstü şəhərə köçüblər. Onlar o kənddə əksər adamları - əlbəttə ki, öz yaşıdları olan adamları, tanıyırlar və maraqlanırlar ki, qızlarına məktub yazan oğlan kimlərdəndi. İlk olaraq anası sakit halda soruşur:
- Oğlan kimlərdəndi?
- Bilmirəm.
- Bilməmiş olmazsan, qızım? Necə sənə məktub yazırlar, səni tanıyır, hətta sevir, sən onun kimliyini bilmirsən?
- Mən nə bilim? O kənddə o qədər oğlan var, yəqin hansısa biri yazıb. Mən onu tanımıram.
Anası heç nə demir, ancaq onun soyuqqanlığı qardaşına bərk təsir edir, təzədən əsib-coşur, özündən çıxır.
- Sən oğlanı çox gözəl tanıyırsan, bilirsən ki, kimdi, kimin oğludur. Yaxşı bilirsən. Bizi avam yerinə qoyma, de, bilək kimdi. Mən onsuz da bunu belə qoymayacam, o kəndə gedəcəm, tapacam o əclafı, ağız-burnunu qanla dolduracam. O mənə hesab verməlidi ki, məktub yazmaq nə deməkdi.
Anası oğlunu sakitləşdirir, deyir ki, hirsli başda ağıl olmaz, hər şeyi ağılla həll etmək lazımdı. Əvvəla mən yüz faiz əminəm ki, mənim qızım o kənddə heç bir artıq hərəkət etməyib. Sadəcə, gözəl olduğundan kiminsə xoşuna gəlib, o da məktub yazıb.
- O kəndçinin dərsini verməsəm, durmaram.
Anası:
- Onda gərək sənin dərsini çoxdan verəydilər. O kəndçi bəlkə elə gözəl oğlandı ki...
Atası:
- Qızım, o kənddə biz hamını tanıyırıq. Kimdi o oğlan?
Esmira susur.
Qardaşı vərəqi büküb onun üstünə atır, "mən özüm taparam" deyib evdən çıxır...
Şahlar onun ürəyindən keçənləri sanki oxuyurdu, ancaq arada codlaşmış əlləri ilə gur saçını arxaya darayır, heç nə demir və bu sükutu ilə onu gah qorxudur, gah da ürək-dirək verirdi.
- Şahlar, - dedi - bilirsən nədən çəkinirəm?
- Nədən?
- Birdən məktub evdə başqa ələ düşər.
- Düşür düşsün də. Əvvəla düşməz. Düşərsə, ona sən neyləyəsən, mən neyləyim. Dədəsi-anası yaxşı, ağsaqqal adamlardı. Bir qardaşı dəlisovdu. Vecinə alma, əgər qorxacaqsansa, onda heç sevməyə dəyməz. Onsuz da, gec-ya tez, bu məsələ bilinəcək, qızın ata-anası, qardaşı, qohum-əqrəban xəbər tutacaqlar. Lap yaxşı. Günah eləmirsən ki, sevirsən. Sevmək azaddı. Əsas odur ki, qızın könlünü alasan. Vəssalam, şüttamam.

* * *

Həmin gündən düz on üç gün keçmiş, dumanlı yaz günündə - sübh tezdən, saat doqquzun yarısı olardı - poçtalyon İslam qoltuğunda qəzetlər, kostyumunun yan cibində məktublar məktəbin həyətinə gəldi, vaxtı bilirmiş kimi tənəffüsdə - cəmi beş dəqiqədə qəzetlərin çoxunu payladı, cibini deşən məktubların qalınlığını azaltdı, o cümlədən ona da Esmiradan məktub gətirdi. O məktubun üstünü necə yazmışdısa, Esmira da elə yazmışdı.

Azərbaycan SSR,
Soyuqbulaq rayonu,
Soyuqbulaq kəndi
İslamzadə Nizamiyə

Məktubu açdı, içindən əlin içi boyda damalı vərəqdə az söz yazılmışdı. Bu vərəq ona "Şəfillər" romanının həcmindən iri gəldi.
"Məktubunu aldılar, oxudular, məni möhkəmcə danladılar. Buna görə təşəkkür edirəm. Məktubunu mənə zorla oxutdurdular və tam əmin oldum ki, sən psixsən. Sənə başqa ad qoya bilmədim.
Bir daha belə hərəkət etməyini arzulamazdım.

İmza
03.05.1975

Məktubu dönə-dönə oxudu və qərara gəldi ki, o, Esmiranı sevir və bu sevgi uğrunda bütün sınaqlardan keçməlidi.
- O qız səni sevir, yüz faiz deyirəm sənə. - Şahlar əlini üzünə vurdu. - Əgər sevməsəydi, cavab yazmazdı...
...Hər şey arxada qaldı. Dəllər stansiyasından vaqona mindi, vaqonun nöm­rəsinə fikir vermədilər, belə qərara gəldilər ki, istənilən vaqona min, sonra bi­let­də yazılan nömrəni tapmaq asandı, bir azca qatarda qabağa, ya arxaya get­mək lazımdı. Əlində heç bir şeyi yox idi, bircə onu xatırlayır ki, Şahlar bileti kos­t­yu­munun yan cibinə qoydu və tapşırdı ki biletdən muğayat olsun.
Eyvaz Həmid qatar haqqında şeir yazdığını bildirdi, qəribədir, bu dəfə Şahlar ona dedi ki, qatar haqqında istənilən şeir gözəl və kədərlidir, ona görə oxu, biz də qulaq asarıq. E.Həmid şeiri əzbərdən dedi, çünki şeiri çoxdan yazmışdı, o şeir hansısa bir qəzetdə çap da olunub, surəti onun kostyumunun cibində yoxdu və o şeiri tutula-tutula, çaşa-çaşa, yarımçıq dedi, bu heç onun özünün də xo­şuna gəlmədi, əvəzində onu sona qədər dinləyən Şahlar əsəbiləşmədən, təm­kin­lə dilləndi:
- Şair, əzizim, o nə şeirdi oxuyursan? Bəlkə də gözəl şeirdi, ancaq elə dedin ki, heç özün də heç nə başa düşmədin. Qulaq as, gör şeiri necə deyirlər.
Şahlar bir qoşma dedi, bu qoşmanı elə məharətlə, intonasiya ilə dedi ki, son vaxt­lar televizorda da bu cür şeir deyənə rast gəlməmişdi; o ayırd edə bilmədi ki, bu şeirin müəllifi kimdi, Eyvaz Həmid isə elə bildi ki, bu şeiri elə Şahlar özü ya­­zıb, odur ki, o saat soruşdu ki, bu kimin şeiridi? Şahlar da qayıtdı ki, onu de­məz­lər, sadəcə, şeiri elə deyərlər ki, qulaq asan rahatlansın, nəsə xəyala dal­sın, hətta özünü unutsun.
Söz, deyəsən, şairi mökəm tutdu, ya başqa nə məsələ idisə, ondan sonra Eyvaz nəinki şeir oxumadı, kəlmə danışmadı da...
Qatar taqqataraqla üzü Bakıya tərəf gedirdi.
13 rəqəmini tapdı. Qapını tam açmadı, içəridə cavan gəlin oturmuşdu, yanında da 8-9 yaşlarında oğlan uşağı. Stolun üstündə litrlik "Bonaqua" şüşəsi qo­yulmuş, suyu yarıya qədər içilmişdi. Salam verdi, qadına bu salam birtəhər gəl­di, əvvəlcə bu salamı almaq istəmədi, tərəddüddən sonra zorla "salam" de­yə bil­di. Uşaq ona diqqətlə baxdı, sonra dilləndi.
- Mənə su ver!
- Elə su içirsən. Bu qədər su içmək olmaz sənə. Özü də gecə vaxtıdı. Olmaz.
Oturmuşdu, bədəninin ağırlığı yavaş-yavaş sızıldayıb yox olur, yuxusu çəkilirdi. Uşağın yalvarmağına acıdı, tanımadığı, ilk dəfə gördüyü qadına üz tutdu:
- Uşağa suyun heç bir ziyanı yoxdu. Stəkan verin, su süzüm içsin.
- Su var - dedi qadın. "Bonaqua"nın ağzını açıb stəkana tökdü və uşağa uzatdı. - İç, çölə çıx, ona kimi mən də yer hazırlayım, gəl yat.
O, kupedə qadınla qalmadı, uşaqla çıxıb bir az əvvəl dayandığı yerdə papiros yandırdı.
Kupeyə uşaqla bir qayıtdı, yerlər səliqə ilə açılmışdı. Qadına təşəkkür etdi və ona elə gəldi ki, bu kupe haradasa başdan-ayağa səliqə ilə bəzədilmiş meydan ki­mi böyük bəy otağıdır, bu otaq onun otağıdır, o, bu otağa bəy kimi gəlir, o qa­dın da illər uzunu həsrətini çəkdiyi, ancaq qovuşa bilmədiyi ilk sevgisinin özü­dür. Gecənin qaranlığında kupedə yanan iki işıq bu balaca yeri zəif işıq­lan­dırır­dı, demək olar ki, qadın oturan yerə, hətta onun bəy yatağına işıq düşürdü, qa­dın əvvəlcə Esmiraya bənzədi, az qaldı ki, onun adını var gücü ilə çağırsın. Ona çox məsləhətlər, öyüdlər vermişdilər, demişdilər ki, a başıxarab, adam da bu qə­dər ağılsız, dəli olarmı, o ilk sevgi dediyin qadın artıq bir baş­qası­nın­dı, uşaqları bugün-sabah ailə quracaqlar, sən neyləyəcəksən? Heç onun ve­cinə də deyil ki, sən evlənirsən, ya evlənmirsən, gecə-gündüz onun haqqında dü­şünürsən?
- Yaxşı, siz deyən olsun, neyləyim?
- Neyləyəcəksən, bir allah bəndəsinin qolundan tutub gətirəcəksən evinə.
- Kimi?
Ona dostları ailəcanlı, sadə qızların adını çəkir, yaxşı ailədən olduqları haqda ətraflı məlumatlar verirdilər. Hərəsinə bir mız qoyurdu.
Qapının girəcəyində rəngi bozarmış çay samovarı vardı və bələdçi deyəsən onu qaynatmaqla məşğul idi. Onun açıq qapısından başını içəri salıb soruşdu.
- Neçənci vaqondansan? Hə, dördüncüdə. Get otur, on dəqiqəyə özüm gətirəcəm.


Sevincək oldu, otağa tələsdi ki, onunla söhbətə başlamaq üçün mövzu var. Əgər onlar yatmış olsalar? Bələdçinin onlara gətirdiyi çay stolun üstündə qalacaq və onun çayı soyuyub bumbuz olacaq - onun ilk sevgisi kimi...
Uşaq yuxarıda uzanmışdı, qadın isə əvvəlki qaranlıqda oturmuşdu, hara baxdığını, nə düşündüyünü bilmirdi.
- Hələ yatmamısınız? - Soruşdu, ancaq soruşduğuna özünü qınadı, birdən qayıdıb deyər ki, indi yatacam, işığın keçməsini gözləyirəm.
- Yox, mən qatarda yata bilmirəm.
- Siz nə danışırsınız? Bu qədər yolu yatmamaq olar?
- Olar. Mən öyrəncəliyəm, Vaxt olub ki, üç sutka yol getmişəm, gözümü də qırpmamışam.
- Onda gərək avtobusla gedəydiniz.
- Guya avtobusda yatıram? Açığı, gecə avtobusla, lap yüngül maşınla yol getməyə qorxuram. Bilirsiniz, gecələr nə qədər qəza baş verir. Nə isə, Allah uzaq eləsin. Siz çox yorğunsunuz, uzanın.
- Yox, mənim də yuxum gözümdən tökülürdü, deyirdim ki, qatara minən kimi yatacam. - Nəsə başqa söz demək istədi, bir də yadına düşdü ki, bələdçi indicə çay gətirməlidi.-Bələdçiyə dedim, indi çay gətirəcək.
- Nəyə lazım idi? Su ki var?
- Çayın ləzzəti tamam başqadı.
- Düz deyirsininz, qatarda çaya elə bil ki, xüsusi tam qatırsan. Adama xoş gəlir. Sizə isə lap çox lazımdı.
Qadının bu sözünü başa düşmədi, götür-qoy edib soruşdu:
- Nə bildiniz ki, mənə çay çox lazımdı?
Qadının çöhrəsinə azacıq təbəssüm qondu, ancaq heç nə demədi.
- Çayı təzələyəkmi?- Qadın o saat etirazını bildirdi.- Onda mən indi gəlirəm.
Ayağa qalxdı, qadına ötəri göz dikdi.
- Əziyyət çəkməyin, güman ki, bələdçi indi şirin yuxudadı, onsuz da stəkanları sabah götürəcək.
- Eybi yox, həm də havamı dəyişərəm - dedi.
- Havanı dəyişərsən, yoxsa papiros çəkərsən?
- Elə ikisindən də. - Yenə qadına baxdı, bu dəfə ayaq üstündə idi, odur ki, qadının yaşıl rəngli qoftasını, qolunun yarıçılpaq hissəsini gördü, onu da hiss etdi ki, qadın onu kupedə tək qoymasından narazıdır, ancaq geri dönmədi, papiros çəkmək istəməsə də, qapını açıb çölə çıxdı, vaqonlararası yerə üz tutdu.

* * *

...Tez də kupeyə qayıtdı, bu qayıdış həm onun, həm də qadının ürəyindən ol­du, neçə illərin həsrətliləri kimi bir-birlərinə baxdılar, sözləri qurtarmışdı, da­nışa bil­mirdilər, lal adamlar kimi bapbalaca kupedə vurnuxur, divardan divara də­yir, ye­nə də baxışlarını üst-üstə gətirirdilər.
- Çəkə bildin?
Qadının sualında bir həzinlik dolu qayğıkeşlik vardı, sanki demək istəyirdi ki, pa­piros çəkmək orqanizm üçün ziyandı, bu söz elə o çəkilən papiros qutusunun üs­tünə də yazılıb, ancaq qadın onu başa düşürdü ki, bu adam əgər bacarsaydı, pa­pirosun daşını biryolluq atardı, ancaq, heyhat, o bunu bacarmır.
- Xeyr, çəkmədim, sadəcə, havamı dəyişdim, ən çox da onu istədim ki, siz ra­­hat uzana biləsiniz.
O, qadına qarşı səmimi idi, heç bir yalan danışıb eləmirdi, qadın da bu sə­mi­miyyətə inandı, ürəyində xoşhal oldu və elə səmimiyyətlə də dilləndi:
- Yaxşı eləyib çəkməmisən. Nə yaxşı. Ancaq siz narahat olmayın, mənim yu­xum gəlmir.
Onun ürəyindən qəribə bir arzu keçdi ki, kaş bu gecə- qatar Bakıya çatana qədər bu kupeyə bir kimsə gəlməsin, o oğlan uşağı səhərə kimi şirin yuxuda olsun və onlar yol boyu bir olsunlar, danışsınlar, ürəklərini boşaltsınlar. Eyvaz Həmidin şeir oxumaq həvəsi, Şahların yeyib-içməyi ona köhnələrdən - gənclik illərindən nəyisə xatırlatmağı yox idi, fürsət düşmüşdü. Sərvinazın dediyi cəsarət lazım idi ki, söhbətə başlayaydı. Dili söz tutmurdu, fikirləşirdi ki, nədən başlasın, necə başlasın.
- Heç qatarla uzaq yol getmisiniz?
Bu sual hardan aglına gəldi? Qadın qayıdıb ondan qıpqırmızı soruşa bilərdi ki, getmişəm, getməmişəm, sənin nəyinə lazımdı.
- Getmişəm, özü də lap çox.
Cavab onu sevindirdi.
- Təxminən neçə gün yol getmisiniz ki, yuxusuz qalmısınız?
Qadının üzünə təbəssüm qonan kimi oldu, bu təbəssüm onun sadəlövhcəsinə verdiyi suala görə oldu, buna baxmayaraq həvəslə danışmaga başladı.
- Deyim də, Bakıya kimi yolu hesablamıram. Bakıdan Moskvaya kimi iki sutka, oradan da Krasnoyarska üç sutka.
O, heyrətləndi, bu heyrətinin içində nəcib, zəif qadının beş sutka necə yuxusuz qalması vardı.
- Beş sutka?
- Hə. Nə var ki?
- Heç. Beş sutka. Onun uzunlugu neçə saat, neçə dəqiqə olması, bu vaxtda nor­mal qaydada neçə saat yatması haqqında riyazi hesablamalar apardı, qa­dının qəfil sualı ona imkan vermədi ki onları toplayıb bir nəticəyə gəlsin.
- Elə bilirsən ki, beş sutka tamam yatmamışam? Nə danışırsınız, heç adam da beş sutka yuxusuz qala bilər? - Dəli olar ey! Əsəb sistemi tamam korlanar.
- Bəs deyirdiniz....
- Yatmışam ey, əgər ona yatmaq demək mümkünsə. Sizə gülməli gəlməsin, dovşan kimi ayaqüstə yatmışam.
- Hə, adam yorğun olanda necə yuxuya getdiyini belə bilmir. - Qadının sözünə qüvvət vermək üçün dilləndi.
- Ancaq sonra adam özünə gələ bilmir, yalan olmasın, bir həftə, on gün gic toyuq kimi hərlənir.
- Düz deyirsiniz. - Bu dəfə təsdiqə lap açıq şəkildə keçdi və birdən-birə Krasnoyarsk haqqında suala keçdi.
- Siz Krasnoyarskda yaşayırsınız?
- Yaşayırdım.
O, günah işlətmiş adamlar kimi daha heç nə soruşmayacağıma qərar verdi.
- İl yarım orada qaldım. Sonra qayıtdım rayona.
Qadın il yarım kəlməsini elə dedi ki, sanki il yarımda nə qədərsə ağ­la­gəl­mə­yən yükü çiynində saxlayıb. İndi sevinir ki, canı o yükdən azad olub, göz­lərinə işıq, ayaqlarına güc gəlib.
- Nə yaxşı getmişdin Rusetə?- Krasnoyarskın adını çəkmədi, Ruset dedi, sualı yenə özünə qəribə gəldi. Rusetə gedən nəyə gedir, çox güman ki, alverə. İn­­di rayonlarda cavan ha qalmayıb, iş yox-güc yox, üz tutub gedir, geri qa­yıtmırlar. O da ola bilərdi ki, qadın orada yaxın qohumlarının yanına gedəydi - atasının, qardaşının, ya bacısının yanına. Belə çox olur. Qız uşağı, qadın olanda nə olar ki, onlara da iş tapılır və onlar da az qazanmırlar.
Qadın ağır tərpəndi, ona görə yox ki, danışmaq istəmirdi, sadəcə nədən və ne­cə başlamağı düşünürdü. Qatarın sürəti artmışdı, taqqıltı səsi gecəni daha çox səksəndirirdi, ancaq birdən-birə bu sürət azaldı, hiss olunurdu ki, qatar sola tə­­­­­rəf dönür, sürücü məcbur olur ki, əyləci işə salsın, sonra qatar tam dayandı, ət­­­raf­­dan yola nəzarət edən fəhlələrin səsi eşidildi, rupordan çıxan səs aydın eşi­dil­di. Qatarın dayanması hər şeyi dayandırmışdı.
- Qatar niyə dayandı? - Qadın maraq və heyrətlə soruşdu, guya o, sürücü idi, ya onun yanında oturmuşdu, dürüst bilirdi ki, qatarın bu qəfil dayanmasının sə­bə­bi nədi. Düşündüyü ilk fikri izah etdi.
- Yəqin stansiyaya yaxınlaşır, yol isə bağlıdır.
- Təki elə olsun, qəza-zad olmasın.
- İnanmıram qəza olsun. Adətən yağışda nəsə ola bilər.
Qadın rahat oldu, stolun üstündəki su qabının qapağını fırlatdı, sanki bu­nun­la gecənin və kupenin vahiməsini aradan götürmək istəyirdi.
- Narahat olmayın, az sonra yola düşəcəyik. İnam yaxşı şeydi.
- Hə, - dedi qadın, daha heç nə demədi, o saat hiss etdi ki, qadın dərin savad sa­hibi deyil, ancaq bu onun gözəlliyinə, özünəməxsusluğuna, sadəliyinə zərrə qə­dər xələl gətirmir. Onun "hə" kəlməsinin özündə qəribə bir cəzbetmə, hikmət var­dı, özü də qadın hətta səkkizinci sinif təhsili olsa belə, ali təhsillilərdən daha sa­vadlı və qabiliyyətli görünürdü. Qadında diqqəti cəlb edən üstün cəhətlər var­dı: səbrli, təmkinli idi, hiss olunurdu ki, ürəyi geniş, istiqanlıdı. Onun alnına bö­yük hərflərlə SƏMİMİYYƏT sözləri yazılmışdı. Esmiranın "psix" kəlməsi otuz ilə yaxın idi ki "Səfillər" kitabının arasındaydı, bu söz onu yandırıb-yaxır, içini göy­nədirdi, bəzən həyəcanlandırırdı. Bütün bunlara baxmayaraq Esmiraya olan mə­həbbəti onun "psix" sözünü örtüb-basdırırdı.
Şahlar indi çox güman ki, yeddinci yuxuda idi, ola bilər ki, Eyvaz Həmid yat­mır, gecənin qaranlığında qələmini işə salıb ağ vərəqlərdə şeirlər yazır. Ona zəng çalmaq istədi, ancaq ağlına o da gəldi ki, şair, ola bilsin ki, yatıb. Bu zəng onun "Ağstafa-Bakı" qatarındakı kupedə yoldaş olduğu qadınla söhbətinə mane də ola bilərdi.
Qatar dayanmışdı, yatanların bundan xəbəri yox idi, elə bilirdilər ki, üzü Ba­kı­ya doğru gedirlər, ancaq oyaq olanlarda qəribə bir narahatlıq getdikcə artırdı - ni­yə dayanmışdılar? Köksünü ötürən qadın yerini rahatlamaq üçün tərpəndi, sü­kut pozuldu. Sonra onun əl çantasının içindən mahnı səsi gəldi, o, cəld çanta­nı açıb mobil telefonu götürüb "Alo!" dedi.
- Hə, sənsən? Yaxşıyam. Yatıb. Üstünü örtmüşəm. Narahat olma. Ha­ra­da­yıq? Bilmirəm. Qatar dayanıb. Yox. Narahat olma. Yola düşəndə zəng edəcəm. Ba­kı­ya çatanda? Özüm də gedərəm, onlara əziyyət vermə. Sağ ol.
Telefonun qapağını örtüb stolun üstünə qoydu.
- Qardaşım idi, demişəm ki, narahat olmayın, uşaq ha döyəm, Bakıya getməyə nə var. Zəng edib bacımın yoldaşına ki, səhər bizi qarşılasın. Evimizin sonbeşiyidi, - qardaşımı deyirəm, altı bacının bir qardaşıdı, özünü elə aparır ki, gəl görəsən. Elə qısqancdı, elə qısqancdı. Bu onun oğludu, şəhərdə liseydə oxuyur.
- Mən elə bilirdim ki, bu sizin oğlunuzdu. Həm də sizə çox oxşayır.
- Hə. - Dönüb yuxarı baxdı, sanki uşağın sifətini görür və ona oxşadığını sübut etmək istəyirdi. - Atamla həm xasiyyətdə, həm də oxşarlıqda eynidir. Elə onun adını qoymuşuq, "atam" deyirik.
Qadın uşaq haqqında danışmaq istəyirdi, nədənsə danışmadı, qəfil ondan soruşdu:
- Sizin uşağınız var?
- Yox - dedi, əlavə etdi ki, heç qızı da yoxdu.
- Niyə?
- Niyəsi yoxdu ki? Gərək evlənəsən, uşağın da ola.
- Siz hələ evlənməmisiniz?- Qadın heyrətləndi, oturduğu yerdən qabağa durdu.
- Xeyr.
- Mən elə bilirdim ki, sizin hətta nəvəniz də var.
- Görürsünüz, səhv edirsiniz.
- Maraqlıdır, niyə evlənməmisiniz? Siz çox ləyaqətli, səmimi insansınız. Sizi gö­rən adam o saat elə fikirləşər. Özü də mənə elə gəlir ki, sizi çoxdan tanı­yıram, lap uşaq yaşlarından. Ancaq siz bizim rayonlu deyilsiniz, dağ ada­mı­sı­nız.
Onun dediklərini təsdiq etdi.
- Sizin rayonun adamları avtobusla gedirlər Bakıya. Hamı Dördyola düşür. Ora­da maşınlar bir-birinin ardınca gedir. Qatarla gedən azdı.
- Mən sizin rayona ezamiyyətə gəlmişdim. Necə oldu, qatara bilet aldım, özüm də bilmirəm, daha doğrusu, mənim orta məktəb yoldaşım var, Şahlar, - o in­di sizin rayonda yaşayır, taksi şoferidi- məni gecikdirmək üçün bileti qatara aldı. Onunla yeyib -içmişik.
- Şahları yaxşı tanıyıram.
- Haradan tanıyırsan?
- Bizim qonşumuz vardı, Əbili, rayonda vəzifələrdə işləyib, onun sürücüsü idi.
Əbili onların rayonundan, onların kəndindən idi və qohum idilər, Elxan müəllimgillə də qonşu idilər, deməli, bu qadın Esmiragilin də qonşusu idi.
- Siz on üçüncü küçədə olursunuz, eləmi? Nəriman Nərimanov küçəsində.
- Hə. Haradan bildiniz?
- Əbiligil əgər sizinlə qonşudularsa, bunu bilməyə nə var?
- Siz onun qohumusunuz, ya tanıyırdınız?
- Həm elə, həm də belə.
- Belə deyin... Mən onun kiçik qızı ilə bir məktəbdə oxumuşam. İndi Bakıda olurlar. Onda siz Elxan müəllimi də tanıyırsınız. Elxan müəllimnən Əbiligil qohumdular.
- Elxan müəllimi də tanıyıram, Rəhilə müəlliməni də, qızları Elladanı da, Esmiranı da, Zauru da lap əla tanıyıram.
- Onda onlara gəlmisiniz, eləmi?
- Onlara yox, onların, sizin küçənizə gəlmişəm. Neçə dəfələrlə.
- Küçəyə niyə gəlirdiniz ki?
- Küçəyə niyə gələrlər? Sən ağıllı qızsan, axı.
Bu söz qadının xoşuna gəldi.
- Bilirəm küçəyə niyə gəlir oğlanlar. Bunu bilməyə nə var? Onda mən uşaq olmuşam, heç məktəbə getməmişəm. Ellada, Esmira, Gülnarə böyük idilər. Məni qucaqlarında oynadırdılar, üzümdən, barmaqlarımdan dişdəyirdilər. Anam deyir ki, mən onları görəndə ağlaya-ağlaya qaçırammış.
Qadın qızların üçünün adını çəkməklə bilmək istəyirdi ki, o qızlardan hansının arxasınca gəlirmiş. Cavab almayanda söhbətinə davam etdi:
- Elladanı elə sizin tərəfə-dağ kəndinin adı nəydi, ay Allah - yadımdan çıxıb, hə nə isə, ora verdilər. O yaxşı qız idi, sən deyən sevgi ilə, məhəbbətlə arası yox idi. Belə ağır qız idi.
- Düz deyirsiniz, ağır, təmkinli qızdı Ellada - bir suyu anasına oxşayır.
- Hə, hə. - Qadın tələsirdi, elə bil təyyarəyə gecikirdi.
Bu arada onun telefonu zəng çaldı, nömrəyə baxanda bildi ki, Eyvaz Həmiddi. Səs gur çıxırdı.
- Salam, qağa! Yatmısan?
- Yox, Eyvaz.
- Hardasan?
- Hansısa bir düzənlikdə. Qatar yatır.
- Ayə, qağa, qatar da yatarmı?
- Mən yalan danışıram? And olsun Allaha ki, yatır.
- Ayə, qoy görək. Bilirsənmi niyə zəng elədim?
- Bilirəm.
- Hardan bilirsən?
- Eyvaz, sən indi yaxşı bir şeir yazmısan.
- Halal olsun sənə. Afərin, düz deyirsən. Qoy...
- Ayə, Eyvaz, oxuma. Onu da makinada yaz, qalan şeirlərin üstünə qoy, göndər, sənin kitabını çap etdirəcəm. Oldumu?
- Düz deyirsən. Oldu. Baş üstə.
- Di gecən xeyrə qalsın.
- Gecən xeyrə...
Qadın gülümsündü, bu onun əhvalını yüngüllətdi.
- Məni yola salan iş yoldaşımdı. Gör saat neçədi, oturub şeir yazıb mənə oxumaq istəyir.
- Şeir çox gözəldi, mən orta məktəbdə oxuyanda çoxlu şeirlər bilirdim, ancaq, indi unutmuşam, buna təəssüf edirəm.
Qatar şaqqıldadı. Vaqon silkələndi, qadın yerindən qopdu, az qaldı onun üstünə düşsün.
- Şükürlər olsun,- dedi qadın.
- Çox şükür.
Qatar sürət götürdükcə səs uğuldayır, kupedə əks-səda verirdi, əvvəlki kimi rahat, astadan danışmaq mümkün deyildi.
- Siz kimin arxasınca gəlirdiniz bizim küçəyə - Esmiranın, yoxsa Gülnarənin?


* * *

Və beləcə o, öz həyat tarixçəsini danışmağa başladı.
Qadın göz qırpmadan qulaq asır, kəlmə kəsmirdi, o isə monoloq deyirmiş kimi danışır, danışırdı. Boğazı qurumuşdu, əl uzadıb suyu götürdü, ondan bir qurtum içib qapağı bağladı. Qadın da hiss edirdi ki, o yorulub və azça da olsa fasilə verməlidi, səbrini basıb ona mane olmur, heç nə soruşmurdu.
- İşıq sizə mane olmur ki? - Kupenin işığı öləzimişdi, ətrafı güclə işığ­lan­dırır­dı, qadın ora ötəri baxdı, əslində, onların oturduğu yerə o işığın zərrələri gəlib çatırdı və hər ikisinin könlündən o işığı söndürmək keçirdi.
- Bəlkə qalsın? - Qadın cavabını qəribə sualla bildirdi.
- Keçmişdə lampa işığında necə yaşayıblar bilmirəm.
- Birotaqlı balaca qara damlar olub, lampa da oranı əməllicə işıqlandırıb. Bizim evdə lampa da var, şam da, bir də görürsən təsadüfən işıqlar keçdi, o saat yandırırıq. Bu işıq da - kupenin işığını nəzərdə tuturdu, - elə yanır ki, yanmasa ondan yaxşıdı, özü də belə işıq adamın gözünə, əsəblərinə çox ziyandı.
- Sizi yordum - dedi, - bəlkə uzanıb gözünüzün acısını alasınız? Qadın soruşdu:
- Sərvinazın axırı necə oldu?
Mobil telefonu yenə zəng çaldı. Eyvaz Həmid idi.
- Alo! Qağa, hardasan?
- Bilmirəm, ancaq onu bilirəm ki, Bakıya tərəf gedirik.
- Hələ yatmamısan?
- Yox.
- Afərin. Bir dənə şeir yazmışam, gör nətəridi?
- Oxu, sənin qələminə quzu kəsim.
- Qaşın kaman, gözün ovçu, kirpik ox,
Həyat bərə, sən bir ovçu, mən də ov,
Çək kamanı, tez at oxu, vur sinəm,
Nə deyirəm, sən vurasan, mən sinəm.
- Əladı, qağa, əla. Gecən xeyrə qalsın.
- Şairdi? - Qadın soruşdu. - Bu şairlər qəribə məxluqlardı. Onlardan heç nə baş açmaq olmur. Belə birtəhərdilər, ey!
- Şairlər Allaha ən yaxın adamlardı. Bax, saat üçdü, o yatmayıb, şeir yazıb, onu da mənə telefonla oxuyur. Buna siz pis baxırsınız? Heç saat üçdə, ya gecənin bir vaxtı kimsə sənə zəng vurub əhvalını soruşubmu? İnanmıram. Hələ gecə zəng vurana bir-iki yağlı kəlmə deyib soruşacaqsan ki, xeyir ola, bu gecə vaxtı? Ancaq siz şairin bircə kəlməsinə fikir verin:
- Qaşın kaman, gözün ovçu, kirpik ox!
Burada birtəhərlik yox, gözəllik var, o gözəlliyi yaradanlar isə, ola bilsin ki, başa düşüləsi adamlar olmurlar. Həm də şairlər gözəl şeirlər yazmaqla başqalarının ürəyinə sevinc bəxş edir, özləri isə çox vaxt kədərli olurlar.
Qadın diqqətlə qulaq asırdı, bu sözlər onun üçün təzə idi, o, şairlər haq­qın­da sadəcə, eşitmişdi, çox az eşitmişdi, indi onun sözləri beyninə həkk olu­nur­du.
- Siz də şairsiniz?
- Mən şeirlər yazıram, kitablarım da çıxıb, ancaq özümü şair hesab etmirəm.
- Siz hesab etməməklə deyil ki? Yazırsınız, deməli şairsiniz! - Qadın sevinə-sevinə, nəyisə kəşf etmiş alimlər kimi danışırdı. - Bəlkə üstünüzdə kitabınızdan ola?
- Təəssüf edirəm. Mənim üstümdə vəsiqəmdən və araq iyindən başqa heç nə yoxdu.
- Nə danışırsınız, araq iyi daha gəlmir, çoxdan çəkilib.
- Yox, siz o iyə alışdınız, ona görə hiss etmirsiniz.
Qadın bu söhbətin üstündən biryolluq xətt çəkmək üçün fikirləşdi, arada pəncərənin pərdəsinin arasındakı boşluq olan çölə, gecənin qara rənginə boylandı.
- Araq qədər nifrət etdiyim heç nə yoxdu. Mən ondan gördüyümü görmüşəm, çəkdiyimi indi də çəkirəm.
- Həkimlər insan orqanizmi üçün gündə 100 qram araq içməyi məsləhət görürlər.
Qadın təəccübünü gizlədə bilmədi, ondan belə bir xəbəri gözləmirdi, tez də bir nəticəyə gəldi.
- Mən bunu oxumamışam, bilmirəm də, ilk dəfədir ki, sizdən eşidirəm. İçmək yax­şı şeydi, qaydasında; gündə 100 qram azdı, 200 qram iç, day dəvə kimi litr­nən içmək olmaz ki? Mən orta məktəbdə oxuyanda Vasif adlı sinif yoldaşımla se­vişirdik. Düzdü, bir-birimizə məktub, şeir yazmırdıq, ancaq bunu hamı bilirdi. Bəzi dərslə də bir otururduq. O yaxşı oxuyurdu. Mən də elə-belə. Orta məktəbi qurtarhaqurtar vaxtlarımız idi, bilmirəm may ayının iyirmi biriydi, ya iyirmi ikisi, bizdən bir il əvvəl qurtarmış oğlan vardı - Xaliq, bizim küçədən beş küçə o yanda olurdu, ömründə onunla nə üz-üzə gəlmişdik, nə də bir kəlmə kəsmişdik. Dərsdən çıxanda qarşımı kəsib dedi ki, əsgərliyə gedirəm, qayıdan kimi sənə elçi yollayacam. İstədim onu söyəm, ya pis söz deyəm, qayıtdı ki, əgər başqa adama getsən, onu da, səni də öldürəcəm. Doğrusu, qorxdum, bu barədə heç kimə bir kəlmə də demədim. Vasif imtahan verib universitetə qəbul olundu, Xaliq əsgərliyə getdi, mən Gəncədə tibb texnikumuna qəbul oldum. Oranın direktoru atamla dost idi, məndən böyük iki bacım da oranı bitirmişdi. Tətil vaxtları Vasiflə, orta məktəb yoldaşlarımızla məktəbdə görüşürdük. O mənə bir kəlmə də olsun söz demirdi, elə imtahandan, dərsdən danışırdı. Bacılarımın toyu oldu, onlardan biri Krasnoyarska getdi. Bizim həmyerlilər bu şəhərdə işləyirdilər.
Bir payız Xaliqin elçiləri qapımızı döydülər, dedilər ki, on günün içində toy eləməliyik, guya onun işlərini təxirə salmaq olmaz. Nə isə, tələm-tələsik olsa da, atam təmtaraqlı toy etdi, məni Krasnoyarskda "böyük nüfuz" sahibi olan imkanlı oğlana verdilər.
Toy günümüzün səhərisi Bakıya, oradan da Krasnoyarska uçduq, elə yoldaca hiss etdim ki, böyük nüfuz sahibi ilə mənimki tutmayacaq. Onun xarakterində elə şeyləri hiss etdim ki, əvvəlki qorxunun üstünə daha bir qorxu gəldi. Krasnoyarska qədər neçə müddət yolda olduq, inandırım sizi, əməlli-başlı bir cümlə işlətmədi; bu adam elə fikirliydi, görünür, yatır, daim papiros çəkirdi. Krasnoyarskın hava limanında bizi üç rus qarşıladı, taksiyə minib "Yubileyni" adlanan restorana gəldik. Gündüz olduğundan burada adam az idi, bizə stol açdılar. Mən balıqdan başqa heç nəyi yeyə bilmədim. Balığı suda bişirmişdilər, sən deyən dadı yox idi. Kişilər o ki var araqdan içdilər, arada onlardan biri bizim sağlığımıza içdi, kədərli günlərin bizdən uzaq olmasını arzuladı. Mən az sonra o rusun bizə arzuladığının nədən ibarət olduğunu anladım.
Restorandan taksi ilə beşmərtəbəli bir evə gəldik, bizi 30-33 yaşlarında qadın qarşıladı.
- Nataşa - dedi Xaliq - bu qadın burada qalcaq, ona fikir verərsən.
Nataşa boylu-buxunlu, yaraşıqlı qadın idi. Hələ təravətini itirməmişdi, hiss edirdim ki o, Xaliqin çox yaxın dostu olub, indi iş məsələsində onunla əlbirdir, çünki, bütün günü evdə olur, təkcə bazarlığa gedib -qayıdır, mənə nəzarət edirdi. Xaliq elə olurdu ki, həftələrlə yoxa çıxır, evə gəlib on-on beş dəqiqə oturur, guya problemləri həll etməyə gedirdi. Yavaş-yavaş öyrəndim ki, Xaliq Krasnoyarsk deyilən ucqar bir şəhərdə, "razborşiklik" edir.
Uzaq bir vilayət ola, bağlı otaq və demək olar ki, təmtaraqla dolu həyat keçirəsən, adam dəli olmaq dərəcəsinə gəlir. Bacımgil şəhərdən aralı kənddə yaşayırdılar, Xaliq məni onlarla görüşməyi qadağan etmişdi. Bəzən özümü öldürmək dərəcəsinə çatırdım. Tənhalıq pis şeydi, Allah düşmənə də göstərməsin, adamın bağrı çatlayır. Nataşa ilə nə danışacaqdım? Həm dilini əməli-başlı bilmirdim, həm də o başqa adam idi - papiros çəkir, qırmızı şərab içir, telefonda uzun-uzadı danışır, bir yana gedəndə qapını çöldən bağlayırdı.
Bir axşam telefon söhbətindən sonra Nataşa guya mənə şad xəbər verdi:
-Sabah axşam zemlyakınızın oğlunun toyudu, Xaliq dedi ki, səni də özümlə aparım. Hazırlaşarsan.
Məlum oldu ki, kiçik toydur və bu adət Nataşanın heç xoşuna gəlmir, ancaq toy toydur, iştirak etmək, yemək-içmək, oynamaq, şənlənmək lazımdır. Əvvəlcə istədim ki, getməyim, sonra qərarımı dəyişdim. "Avrora" kinoteatrının yeməkxanasında, ikinci mərtəbədə gözəl stol açılmışdı. Qapıdan içəri keçəndə Vasifi gördüm, kənarda dayanıb papiros çəkirdi. Məndə qəribə ikrah hissi oyandı, onun salamını da almadım. Arxamca gəldi, soruşdu ki, salamını niyə almıram. Əgər cavab verməsəydim, Nataşa şübhələnərdi.
- Özüm bilərəm, sən salamı alınası adam deyilsən.
- Çox şey dəyişəcək - dedi - sənin də həyatın dəyişəcək, özü də yaxın vaxtlarda.
Nataşa soruşdu ki, o nə deyir, yalandan-palandan bir şey uydurub dedim. Toy başladı, masabəyi bəyi, onun ata-anasını mikrofona dəvət etdi, onlar ürək sözlərini deyib musiqiçilərə pul verdilər, "Mübarək olsun" mahnısının sədaları zalı başına görürdü, qol görürüb oynayanların sayı artdı.
Stolun üstündə hər cür yemək vardı, qulluqçular da bir ucdan kababları daşıyırdılar, qab qoymağa yer yox idi. Bu Nataşanı yaman narahat edirdi, yedikcə elə hey gileylənirdi ki, belə də şey olar, bu qədər yemək nəyə lazımdı, bunları kim yeyib qurtaracaq?
"Yeddi gözəl" şərabından dörd-beş stəkan içdikdən sonra o, papiros yandırdı.
- Dəlilər - dedi - pullarını havayı yerdən göyə sovururlar. Bu tamam ağılsızlıqdır, indi bildim ki, azərbaycanlıların qarınları niyə yekə olur. Xaliq də belədi, pulunun qədrini bilmir.
Soruşdum ki, Xaliq pul qazana bilirmi?
- Onun kimi pul qazanan azərbaycanlı Krasnoyarskda yoxdu, ancaq çox tələbxərcdi, gündə xərclədiyinin sayı-sanbalı yoxdu.
- Harada işləyir ki, belə çox qazanır?
Nataşa sərxoş başını əsdirdi.
- Özü sənə bir söz deməyib?
- Yox, onun üzünü heç əməlli- başlı görürəm ki?
- Görməsən yaxşıdı, sənin ərin Krasnoyarskın ən tanınmış və nüfuzlu adamlarından biridi. Onunla fəxr etməyə dəyər.
Xaliq toyun ortasında gəlib çıxdı, o ruslar da yanında idi. Ayaq üstə dura bilmirdi. Yanımızda oturdular. Nataşanın kefini soruşdu.
- Bəs mənim gözəlim necədi? - Onun sifəti sapsarı- meyit rəngində idi, gözləri gah yumulur, gah da açılırdı. Nataşa məlumat verdi ki, mənim əhvalım çox yaxşıdı. Əsəbimdən dəli oldum, ancaq Vasifə görəmi, ya nəyəsə görə qışqırmadım, abrımı gözlədim.
- Mənim əhvalımı niyə rusdan soruşursan?- dedim.
- Belə məsləhətdi.
- Mən daha evdə qalmayacam - dedim. - Mən Nataşaya ərə gəlməmişəm.
- Bura o söhbətin yeri deyil. Bildinmi? Əmri verən bir adam var, o da mənəm.
Xaliqin sağlığına badə qaldırdılar, masabəyi şəninə elə sözlər dedi ki, sanki hansısa məhşur qəhrəman haqqında danışır. Onu mikrofona dəvət etdilər. O bəyin, onun valideynlərinin sağlığına beş-altı kəlmə danışdı, sonra cibindən bir qalaq dollar çıxarıb musiqiçilərə atdı, "Yanıq Kərəmi" çaldırdı, qolunu qaldırmağı ilə Nataşanın, onlarca başqalarının meydana çıxmağı bir oldu. Xeyli oynadılar, rəqs qurtaran kimi biz toyu tərk etdik. Evdə ondan soruşdum ki, məni bura niyə gətirmisən. Neçə aydı evlənmişik, hələ sənin üzünü görməmişəm. Ailəyiksə yaşayaq, yox əgər belə olacaqsa, qaytar məni atamın evinə.
- Düzələr - dedi və getdi. Nataşa daha səhər gedib, axşam gəlirdi, sən demə, o məzuniyyətdə imiş. Ondan lap zəhləm gedirdi, qapını bağlayıb açarları şıqqıldadanda, başımın tükləri biz-biz olurdu.
Mən bildim ki, Xaliq buralarda təhlükəli işlərlə məşğul olur, bunun da axırı yoxdu. Məndə belə bir hiss oyandı ki, Xaliqə nə etsə, Vasif edəcək. Onsuz da mən Vasifə nifrət edirdim, onunla bir olmağı ağlıma belə gətirmirdim. Azad olub ata evinə qayıtmaq haqqında düşünür, planlar qururdum...
O, qadının sözünü kəsmək istədi, qadın artıq həyəcanlanır, rabitəsiz cümlələr işlədirdi.
- Mən o olay haqqında qəzetdə oxudum, ətraflı yazmışdılar. Siz sonra qayıda bildinizmi?
- Qayıtdım, bir müddətdən sonra. Ona kimi bacımgildə qaldım, istədim qalıb müəyyən işlərlə məşğul olum. Orada alverdən başqa nə iş var ki? Gördüm yox ey, mənim üçün deyil, billet alıb Bakıya, oradan da evimizə getdim...
Ona elə gəldi ki, bununla qadın söhbətinə, uğursuz ailə həyatına, uzaq Sibirə səfərinə və geri dönüşünə son nöqtə qoydu, ancaq onun sözü qur­tar­mamışdı, o, çox qızların bəxtinə qismət olmayan bir həyatın ağrılarını dilinə al­mırdı, üzdən olmuşların nağılını danışırdı, halbuki, toy edib gəlin koçəsən, ata evindən çıxıb Krasnoyarska kimi yol gedə, bir neçə il yaşaya, həyat yoldaşının üzü­nü görməyəsən - bunu qadının danışığından bilirdin, ola bilərdi ki, o gecə qa­dın müəyyən məsələlərin üstündən yüngüllüklə keçir, ya da yalan danışırdı, - bu ağlasığmayan bir iş idi.
...Rayon xəstəxanasında işə düzəldim. Hər şey yuxu kimi ötüb keçmişdi, məni Rusetdə güllələnən Xaliqin arvadı kimi tanısalar da, mənə elə gəlirdi ki, elə bir adamı tanıyıb eləmirəm, sadəcə, bir dəfə birlikdə bilet alıb Krasnoyarska getmişik, az sonra mən qayıtmışam, o isə güllələnib.
Vasifdən xəbər çıxmadı, onun harada olduğu, nə iş gördüyü bilinmədi, görünür, həmin şəhəri tərk etmişdi, çünki bu hadisəni onların dəstəsinin tö­rət­diyini hamı bilirdi. Xaliqin dostları ona xəbər göndərmişdilər, harada ələ keçsə ora­da öldürəcək, onun qanını yerdə qoymayacaqlar. Bir gün işdə dedilər ki, səni çağırırlar. Qapıya düşəndə Vasifi gördüm, tüklərim biz-biz oldu, həm də qorxdum.
- Gözləmirdin?
- Yox.
- Görürsən, gəldim.
- Çox səhv edib gəldin. Necə gəlmisən, elə də çıx get.
- Səndən ötrü gəlmişəm.
- Səhv etmisən. Mən sən adlı adam tanımıram, tanımaq da istəmirəm.
Yalvardı, bir-birimizi sevdiyimiz günləri xatırladı, dedim ki, o bir uşaqlıq həvəsiydi, ötüb keçdi, səndə sevən ürək yoxdu.
O gedən getdi, bir də ölüm xəbərini eşitdim, avtomobil qəzasına düşmüşdü...
Qadın havanın və kupenin isti olmasına baxmayaraq üşüdü. Bunu hiss etmək çətin deyildi. Danışdıqlarının təsiri gecənin qaranlığında onu büzüşdürmüşdü.
- Bəlkə bir qurtum su içəsiniz?
- Yox, yox, elə bil havam çatmır, zəhmət olmasa, pəncərəni aşağı salın.
Pəncərə kip oturmuşdu, tərpətmək mümkün deyildi.
- Koridora çıxaq, orada açıq pəncərə var. - Dedi və ayağa qalxıb əlini qadına uzatdı, sanki həkim idi, xəstəyə yardım göstərəcəkdi.
- Özüm duraram, zəhmət çəkməyin.
Asta addımlarla koridordakı sınıq şüşənin qabağında dayandı, külək onun üz-gözünü, saçını oxşadı, o, dərindən nəfəs aldı.
- Keçib gedər - dedi.
Qatarın sürəti azalsa da, dayanmır, gedirdi, bu sürətin onlara dəxli yox idi, heç biri narazılıq etmir, söhbəti necə davam etdirməyi fikirləşirdilər: qadın sözünü qutarmasa da, demək istədiklərini demirdi, o isə yarımçıq söhbəti da­vam etdirməli idi, ancaq qadının özünü pis hiss etməsi marağını öldürmüşdü. Az vaxtın içində əhval-ruhiyyəsi tamam dəyişmişdi. Ötən günlərinin acılı-şirinli xa­tirələrinin ən xırda anları ondan uzaqlaşmış, əlçatmaz nöq­təyə çevrilmişdi, artıq Sərvinaz da, Esmiranın özü də ona müqəddəs gö­rünmürdü, o, qar­şı­sındakı qadın haqqında düşünürdü, qəribəsi o idi ki, qa­dının indiyə qədər keçdiyi ömür yolu qatarın arxada qoyduğu və gözə gö­rünməyən yola bənzəyirdi. Qadın bunu bilmirdi, sadəcə, hiss olunurdu ki, o daha çox xəcalət çəkir, guya bütün olanlara görə günahkar imiş.
- Özünüzü necə hiss edirsiz?
- Yaxşı, yaxşı.
- Mənə elə gəlir ki, sizdə heç bir şey yoxdu. Buna yüz faiz əminəm. Bu həm yuxusuzluqdandı, həm də həyəcandan. Gör saat neçədi. Siz heç gözünüzü də yummamısınız. Qaldı olub-keçənlərə, düzdü, onu unutmaq olmur, ancaq çox da fikirləşib, ürəyinizə dərd eləməyin. O da bir taledi, sizin bəxtinizə yazılıb. Taledən qaçmaq olmaz. Qismət ayrı şeydi.
Ayağa qalxdı, qadın onun bu hərəkətindən qorxmadı. Amma gözlərini ona zill­­ədi. Qız onun gözlərindən asılı qalmışdı. O diksindi, sonra qayıdıb yerində oturdu.


- Xahiş edirəm, yarım saat da olsa uzanın.
- Siz nə danışırsınız? Məni o qədər də qorxaq sanmayın, cavab verməyi yaxşı bilirəm. Adama bircə dəfə baxıram, siz həddindən artıq alicənabsınız və bu o qədər də yaxşı hal deyil. Subay qalmağınızın əsas səbəbi də budur. Mən Esmiranı yaxşı tanıyıram. Bizim xəstəxanada işləyir. O, tamam başqa xarakterdə adamdı. Sizinlə onun xarakteri heç zaman tutmazdı.
Qadın üçün söhbətin davamı gərəkli deyildi, o, hər şeyi bilirdi, şərt o deyildi ki, qadın onun qəbul imtahanlarında “konkursa” düşüb kəndə qayıtdığını, kol­xozda işləməsini, Sərvinazla Esmiranın tibb institutuna qəbul olunduğunu, onun Ba­kıya getməyini, Esmiranın dalınca düşməyini, qızın onu təhqir etdiyini, Sərvinazın onları görməyini ən kiçik detalları ilə bilməli idi, əsası o idi ki, o, Es­mi­ra­dan da, Sərvinazdan da ayrı düşmüşdü.
- O vaxtlar mənə elə gəlirdi ki, mən Esmirasız yaşaya bilmərəm, mənim bəx­timə yalnız o düşüb və ondan başqası ilə qoşa addımlamağı xəyalıma belə gə­tirə bil­mərəm. İllər uzunu bu fikirlə yaşadım, sonra gördüm ki, yanılmışam. Ne­cə yanılmışam? Mən neçə illər onun simasını, baxışlarını, yerişini, gülüşünü gözlərimə həkk etmişəm, ürəyimdə həsrətini, qubarını çəkmişəm, o, isə... Mən onu unuda bilmirəm, özümlə bacara bilmirəm. mən onu əvvəllər sevdiyim qədər sevirəm.
- Hərdən mənə deyirdilər ki, sevgi boş şeydi, onu deyənlərə pis baxırdım. Necə yəni sevgi boş şeydi? Sevgi, məhəbbət həyatın mənasıdı. Gülürdülər. Qayıdıb deyirdilər ki, var-dövlət, puldu əsl məhəbbət. Heç görmüsənmi imkanlı bir adam imkansızın qapısını döysün? Nəslinin, ata-anasının vəzifə­si, pulu varsa, istəyirsən çaş ol, istəyirsən iki dəfə ərə get, çıx, səni dünya gözəli, ən namuslu adam biləcəklər. Misallar gətirirdilər, adamın inanmağı gəlirdi. Elə bizim qonşumuz vardı, Esmiragildən dörd ev o yana, atası ömrü boyu mühasib işləmişdi, qız çox yüngül idi, onuncu sinifdə qoşulub qaçdı. On gündən sonra qayıtdı evlərinə. Hələ məktəbə də gedirdi. Atası işini dəyişib Gəncəyə getdi. Ona təzədən bir toy etdilər ki, gəl görəsən. Mən təsəvvür ed bilmirəm, elə qız ərinin üzünə necə baxır?
- Mənim bir tələbə yoldaşım vardı, rayonlu idi, kasıb uşaqlardan biri idi, başqa fakültədə oxuyan bir qıza vuruldu. Qız nə qız? Gombul, yöndəmsiz, eynəkli. Atası nazir müavini idi. Hamı bilirdi ki, oğlan qızı nəyə görə sevir. Nə isə, elçi göndərdi, "Gülüstan" sarayında nişan etdilər, böyük toyları oldu. Oğlanı Bakıda işə qoydular. Az vaxt ərzində o vəzifə pillələrini sürətlə keçərək böyüdü, şəhərdə ev, bağ sahibi oldu. Artıq şalvarı yamaqlı oğlanı dövlət maşını gəzdirirdi. Kölgəsi artıq özünə böyük görünən dostumuz daha gombul, yöndəmsiz arvadını özünə rəva görmür, ona soyuq münasibət bəsləyir, başqa qadınla görüşürdü. Arvadı bunu atasına xəbər verir, şikayətlənir ki, əri qudurub. Nazir müavini başlayır kürəkənin quyruğunu basmağa. Əvvəl onu işdən azad edirlər. Çöldə qalan kürəkənin işini yoxlayıb xeyli kəsir tapırlar, dövlət əmlakını mənimsəməkdə günahlandırıb həbs etmək istəyirlər. Oğlan özünü atır qızın ayaqları altına ki, bir qələtdi eləmişəm, yeddi arxamla birgə. Keç mənim günahımdan. Çoxsaylı şərtləri qəbul etdirdikdən sonra qız oğlanı bağışlayır.
- Oğlan qayıdır, eləmi?
- Hə, ağzı nədi qayıtmasın?!
- Təsəvvür edə bilmirəm, ürəyin istəməyən qadınla bütün həyatın boyu necə yaşaya bilərsən? Rədd olsun o vəzifələr də, var-dövlət də.
- Bizə elə gəlir, çünki hec vaxt vəzifə sahibi olmamışıq, haram tikələr, çirkli pullar görməmişik.
- Həyatım yaxşı gətirmədi, mənim çox şey haqqında danışmağa haqqım yoxdu, mən elə həyata nifrət edirəm. Var da, dövlət də yaxşı şeydi, ancaq əyri yollarla qazanılan bir şey deyil. Onu görmüşəm və ləzzətini bilirəm. Sağlam canın olsun, ondan böyük var-dövlət yoxdu.
- Elədir, - dedi, nədənsə daha danışmaq istəmədi. Qadın da ah çəkib ciyər­dolusu nəfəs aldı, yuxarıda yatmış uşağa baxdı, bir şey görməyib ayağa qalxdı, ağ mələfəni çılpaq sinəsinə çəkdi, qayıdıb yerində oturdu. O, yuxarı baxmadan boş qalmış dördüncü yer haqqında düşündü.
- Yaxşı oldu, dördüncü yerimiz boş oldu. Bələdçi də adam göndərmədi.
Qadın gülümsündü.
- O yer boş deyil, bileti də bələdçidədi. Qardaşım yaman qısqancdı. Kupeni bizə götürmüşdü ki, başqa adam olmasın. Kassir xahiş edib ki, Bakıdan çox hörmətli bir yoldaş gedəcək, ona bilet tapa bilmir, o da biletin birini verib.
- Deməli, o hörmətli yoldaş mənəm.
- Təbii.
Gecənin qara rəngi dəniz kimi bozarırdı. Qatarın sürəti artsa da, vaqonların yuxusu qaçmamışdı. Pəncərədən ani də olsa görünən evlər, boz qumsallıqlar, ağaclar, daşlar, elektrik məftilləri şirin səhər yuxusunda idi və qatarın fit səsi bu yuxunu poza bilmirdi.
- Nə fikirləşirsiniz? - Qadın bu sualı necə verdiyindən xəbərsiz oldu, ancaq ondan ürəkli çıxdı, sonra sualın çılpaqlığından utandı, suala düzəliş etdi. - Yəni gün keçir, yaş ötür, illər bir-birini əvəz edir, bir sevginin xəyalları ilə yaşamaq da ağılsızlıq kimi görünür. Özü də buna sevgi demək mümkünsə. Hər kəs öz ömrünü yaşayır.
Ona elə gəldi ki, qadın rabitəsiz cümlələr deyir, səsində bir titrətmə var, bəlkə özü də titrəyir.
- Çətin sualdı. - Yadına ilk sevgidən heç nə düşmədi, sanki dünyaya təzədən gəlmişdi, gördüyü və xoşuna gəldiyi qadın da qarşısında oturmuşdu.
- Ailə qurmağınız məsləhətdi, həm də lap tez. Vaxt gözləmir.
- Orası elədir, sizinlə şərikəm, vaxt doğrudan gözləmir. - Qadın nəsə demək istədi, ancaq onu başdan - ayağa süzüb dayandı. O, qadının ürəyindən keçənləri oxuyurdu.
- "Mən qadınam, kiməsə ürək aça bilmərəm. Yoxsa...”
Qonşu kupenin qapısı taqqıldadı.
O, qadına baxırdı.

Qadının nəzərləri yerə dikilmişdi, adama elə gəlirdi ki, için-için səssizcə ağlayır.

Ötən günlər göy daş olub,
Yaşlarımız həmyaş olub,
İndi bizə sirdaş olub
Yuxusu gəlməyən gecə...

Bəlkə də sevincindən nə edəcəyini bilmirdi, bu sevinc onun içində idi və bu sevinc təkcə onun sevinci idi, onu büruzə verməmək üçün mobil telefonu götürdü, nömrələri axtarıb zəng etdi. Çağırış səsini ikisi də eşidirdi. Qadına maraqlı və qəribə gəlsə də, heç nə soruşmadı.
- Zəng etdiyiniz nömrə şəbəkə xidməti xaricindədi. Xahiş edirik...
Telefonu söndürüb stolun üstünə qoydu.
- İndi yuxunun şirin vaxtıdı, hamı yatır- dedi - bizdən başqa...

Sentyabr- noyabr 2006