Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


POEZIYA
 

Əhməd QƏŞƏMOĞLU


 
Salam olsun o kəslərə...

mən də belə od tutmuşam...
gözünə dəymir işığım?
dərdimiz yaman böyükdü,
gözə görünən işığa
necə sığım?

işığın da dilavəri,
işığın da lalı var...
salam olsun o kəslərə,
onlarda
işıq əhvalı var...


Duman içində işiq

yer üzünə duman çöküb,
bu - zamanın dumanıdı.
bu, iblisin əbədilik
qazanmağa gümanıdı.

yer üzünün qocaları,
cavanları səksəkəli,
hər tərəfdə gör nə qədər
avara, dilənçi, dəli.
sən bu dumanın içində
ilahi mələk kimisən,
küsdüyüm bu dünya ilə
barışdırırsan məni sən.


Yer adamı deyiləm ki...

yer adamı deyiləm ki,
yerin dilini bilmirəm,
yerdəkilər gülür mənə,
mən də qoşulub gülürəm.
yerdə qurulub bir büsat,
məni çağırır hər saat,
əgər odursa o həyat,
mən o həyata gəlmirəm.
gör insanlar nə gündədi?
dünya - iblis əlindədi,
dərd gözümdən yaş ələdi,
gözümün yaşın silmirəm...


Məni də anlayan var?

doğrudanmı dünyada
məni də anlayan var?
Allah!
sanki sahibsiz qəbirəm,
görürəm baş daşıma
bir dəstə gül qoyan var...


Kölgə

...məni məndən soruşursan,
mənim məndən xəbərim yox...
nə vədədi bu dünyalıq
bir sevincim, kədərim yox...

nə vədədi,
mən bir bulud, mən bir işıq, mən bir dalğa,
kainatın neçənci bir qatındasa
dalğa-dalğa
qovuşmuşam
ürəyimin sevdasına...

yer üzündə kölgə kimi
sürünməkdə surətim,
yer üzündən ağrıları
ruhum boyu şimşək kimi
ötürməkdə surətim...

bu kölgəni
qarğıyan çox, danlayan çox, danan çox...
bu kölgəni yetim, öksüz nəğmə kimi
oxşayan yox,
bir halına yanan yox...

...yaxşıdı, pisdi, hər nədi,
məndən bu yer üzünə
xəbərlər gətirən təkcə
bu kölgədi....



Göy üzünƏ yazılan ağrılar




...çərçivələr üst - üstə
və çərçivələrin üstə
çinara bənzəyən bir kişi
çırpınır işıq kimi...

alovları öləziyən bir ocağın üstündə
çırpınır
sirli yaraşıq kimi...

dilim - dilim alovlar
silkinir yuxulardan...

üst - başında min ilin toz - torpağı,
min ilin rəngləri, min ilin yaraşığı,
gözlərində
ulu türkün işığı...

əllərində sarıq, məlhəm
sarımaq istəyirdi
məmləkətin yaralarını...

gücü çatmadı, çökdü...
ən gözəl məlakələr
ən müqəddəs lələklə
göy üzünə yazdı ağrılarını,
qəlbinin haraylarını...


Ağlama, dostum...

üz-gözü göy üzünə oxşayan dostum,
kainatın sevdasını
yer üzünə daşıyan dostum...
nədəndi gözlərində bu yaş?
yavaş...
qəlbimı sökür bu yaş...

hansı tufandan, hansı zamandan,
hansı nisgildən gəlir bu yaş?...

kimdi səni dalğa-dalğa haraylayır?
kimdi sənə işıq - işıq nəsə deyir?....

üzümə bu qədər nisgilli baxma,
baxışların
qəlbimi yaralayır...
yavaş...
qəlbimi sökür bu yaş...

üz - gözü göy üzünə oxşayan dostum,
nədəndi gözlərində yaş?..


Baxma mənə belə kövrək

ahəng hökmün dərk elədim,
çox hürkünü tərk elədim.
dünya sirlər açdı mənə,
o sirləri görk elədim.

çiçək baxır, min nazı var,
çaylar axır, öz sozü var.
hər eşqin bir qaranlığı,
qaranlığın gündüzü var.

baxma mənə belə kövrək,
quşlar uçur ürkək - ürkək,
üzüm sənə gülümsəyir,
qəlbim yanır ləçək - ləçək.


Heyva çiçəyi kimi

baxışların
heyva çiçəyinin baxışlarına oxşayır,

bəmbəyaz çiçəklər
titrək bir qızartı içində
yanaqlarına oxşayır...

yaşıl yarpaqlar içində
gizlənən çiçəklər
utancaqdı sənintək.

kiçik bir mehdən
cilvələnən çiçəklər
nazlanır sənin kimi.

sənin ətrin gəlir
heyva çiçəklərindən.


Şeirlər susdu

dənızdən günəşın çıxmasını görmüsən?
qəlbimdən bir günəş doğurdu eləcə,
saxladın, çıxmaz daha...

min nəğməli, suları gülümsəyən
bulaq görmüsən?
bulaq kimi işıqlar axırdı qəlbimdən,
dondurdun, axmaz daha...

göylərdən, buludların arasından,
dumanlar arxasından
bir mələk baxırdı mənə,
ürkütdün, baxmaz daha.
gəncliyim gəlirdı həsrətimə tərəf,
qayıtdı, dönməz daha.

qəlbimdə dalğa - dalğa şeirlər doğulurdu,
susdurdun, dinməz daha...


Gözlərindəki işiq

sənin gözlərindəki işıq
göylərin hansı sirrindən gəlir?

göy üzünün hansı tərəfindən
bu qədər gözəl işığı düşür gözlərinə?

göy üzünün işığı var, nəfəsi var,
göy üzünün ruhu var
sənin başının üstə.
göy üzünün özü var
sənin başının üstə.

sən bir parça göy üzüsən, elə
çiçəkləmisən
yer üzündə ...


Səndən sonra

eşqindən dərviş oldum,
sirr oldum səndən sonra.
dünyaları dolaşdım,
sovruldum səndən sonra.

axı nədən, de, nədən
yer oynadı yerindən,
mən şah idim əzəldən,
devrildim səndən sonra.

tərlandım, göydən endim,
qanadım didim-didim,
daha dünyadan bezdim,
yoruldum səndən sonra.


Illərdən sonra...

ilk dəfə sənin üzünə çiçəklədi qəlbim.
sən oldun
ilk məhəbbət müəllimim.

illərin ayrılığında
ürkək baxışlarını gördüm...

gözlərini ilk dəfə
zalım buludsuz, zalım tufansız gördüm.
ilahi, bir işıq vardı buludların yerində...

baxışların
sonsuzluğa yol aldı qəlbimdən...
bir yaralı quşun səsini
eşitdinmi səsimdən?...


Bu sənin dünyandi

dünən
gilənar çiçəklərinə bənzəyən xəyalın
indi ayazlı
qar kimi yağır üstümə.

qonşu binanın eyvanında
bir körpə qız uşağı ağlayır,
hönkürtüsündən
qırılan ümidlərimin
səsi gəlir.

sol yanağım titrəyir
hirsin içində,
boğazıma bir ox saplanır
öz içimdən.

uçan buludlara
qoşulub getmək istəyirəm
sənə oxşayan dünyadan...


Sən bəlkə...

sən nurdan doğulmusan,
nur kimisən.
bu... dünyaya
hardan gəlmisən?.

ruhumun üstüylə yeriyirsən,
saçları dağınıq, ayaqyalın.

bəlkə, sən elə mənim qəlbimsən,
ruhumsan -
insana çevrilmisən...

mən sənə gəlmək istəyirdim!
sən, bəlkə,
mənə gəlmisən...


Dünyanin ülgüləri

eyni doğum evində doğuldular,
eyni otaqda, eyni yataqda
saxlandılar bir həftə.

eyni yemək yedilər, eyni dildə ağladılar,
qışqırdılar, mışıldadılar.
eyni dildə şikayət etdilər, razılıq etdilər..

eyni aləmdə, eyni qayğıda,
eyni rahatlıq içindəydilər.

eyni dildə sağollaşıb bir - biriylə
dağılışdılar dünyaya -
neçə millətin
eyni doğum evində doğulmuş körpələri.

ayrı-ayrı insanlara döndərdi onları
dünyanın min - min döngələri, dönəmləri...
Sübh

...bir dağın zirvəsində,
əlbəyaxa
gündüzlə gecə,
bu vuruşdan doğulan sübhə bax,
gözəldi necə?!

dağ özü heyrətdədir,
az qalır qalxsın ayağa,
hər tərəf heyran qalıb
bu ilahi gücə...

çiçəklər ətir saçır,
quşlar şövqə gəlir birdən,
sübh mehi bir məlhəmdir,
ruhtək incə...


Günəş çixanda

o anda ki, tül üfüqdə
yayılır günəşin teli
ilahi bir sevda ilə
açılır dünyanın dili...

kainat bir ana kimi
tutur mənim əllərimdən,
ulduzlar sevgi göndərir
göylərin ən dərinindən.
qovuşuram kainata,
bilmirəm hansı qatdayam,
mən o zaman torpaq, alov,
hava... və su ovqatdayam...


Tanri gəlini

Dənizdə təlatüm var,
göydən buludlar yağır...
buludların bir üzü qapqara, gömgöy,
bir üzündə
baharın sevdası var...

əl - ayağa düşüb göy üzünün məlakələri,
kiritmək istəyirlər
dənizi, buludları, dünyanı.

məlakələr işıq selində düşür, qalxır,
əlyandımda yol axtarırlar,
dəli dənizin, dəli tufanların
dəli buludların, dəli dünyanın
könlünü almağa...

döyüş meydanındakı
şəfqət bacılarına bənzəyir
göy üzünün məlakələri...

o məlakələrdən biri sənsən, bacım.
o məlakələrdən biri sənsən.
bilirsənmi
o məlakələrdən birinin özün olduğunu?

insanlar bəzən özlərini görmür,
özlərini tanımır dünyada
adama, buluda, quşa, daşa...
dünyadakı hər şeyə
bənzəyən özlərinə baxıb
soruşurlar onun kim olduğunu,
nə olduğunu.

yağışın, ildırımın, şəhərin səsi,
dənizin uğultusu...
o uğultu içində at kişnərtisi, ney səsi...
o neyin səsi hardan gəlir, ilahi?
qəlbimi dəlir.
insanmı, məlakələrmi, çalır o neyi?
Adəmin qəlbinə ilk dəfə dolan
dünyanın şirinliyini çalır o ney.

o ney səndən danışır, bacım,
o ney səndən danışır.
ağappaq çiçək zəmisində
uşaq kimi oynayan
günəş şəfəqləri səndən danışır.

zamanın pərdəsinin o üzündə
hansı yağışlar yağır?
hansı yağışlar yağır?
sən axı yaxşı bilirsən
o yağışların dilini, felini.

ağ atlar vardı ömrün sübhündə,
ağ atlar vardı,
dolandılar başına...
sənin başın ağ göyərçinlərə qarışdı...

atlar dağların üstə həsrətlə
gözlədilər yolunu...

dünyanın təlatüm səsinə,
dəniz uğultusuna qarışıb
o atların kişnərtiləri...

bir meşənin üstündəki
qövsi - qüzeh əks olunur
üzünün işığında...
qəlbinin işığı düşür üzünə,
nə gözəldir qəlbinin işığı,
milyon-milyon adamın
birində olur
belə gözəl qəlb işığı.

sözündəki, üz-gözündəki
hünərin şəfəqləri
yaraşıq verir qəlbinin işığına.
nə gözəldir qəlbinin işığı,
Tanrının insanlardan istədiyi işıqdı
qəlbinin işığı.

şeir Tanrı səsidi, şeir Tanrı səsidi.
Tanrı səsinin, Tanrıya doğma işığın
sehri içindədir ömrün, bacım,
sən Tanrı gəlinisən,
Tanrı gəlini, bacım.