Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI



 

SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


 

Nüfteyi-paki gərəkdir ki ola qabili-feyz,
Yoxsa hər qırmızı daş ləlövi mərcan olmaz.
Gər qara daşı qızıl qan ilə əlvan edəsən,
Rəngi təğyir tapıb ləli-bədəxşan olmaz.

Fikirləşirsən ki, şikayətlənməyə haqqın da yox. Şikayət nədi, şükürlük haldasan: sağlamsan, ayaq üstəsən, başının üstə Günəş, süfrəndə bir qismət çörək, əlində işin, Ətrafın... Di gəl, baxırsan ki, hər şey var, heç nə yoxdur. Şair demiş, yadına nəsə düşmək istəyir. Nə? Xatirələrin arasından düşüb itən, unudulan kimsəmi? Ömründə, olmalı, yadında qalmalı nə isə? Yox! Görəndə ki, bu da deyil bozluğun-bezginliyin əlindən yaxa qurtarmağın çəmi, əlac Yola qalır. Bir az özündən çıxıb gedəsən, bir az ətrafından, bir az başının üstündəki Günəşdən...
Əsas odur ki, Səmti düz tutasan. Səmti düz tutanda Yol səni o yerə çıxaracaq ki, hər şey, lap elə əlindən qaçdığın Günəş də bir ayrı cür, bir ayrı şövqlə gülümsəyəcək üzünə, əlindəki işin də, həyat da gözəlliyini, qiymətini birə-beş artıracaq gözündə. Və bu Yol sənə az qala Rumini xatırladacaq: “Dünya bir gündür, o gün bu gündür”.
Kimdir bu duyğumu ruhuma yazan?
Bir daha əmin oluram ki, səs-küy, nizamsızlıq, basırıq deyil avtovağzallara izah­olunmaz, adtapılmaz dözümsüzlüyümün səbəbi. Aldım-aldatdım düşün­cə­si, sürtülüb-yeyilmiş çağırışlar, "xam" sərnişini avtobusa oturanacan daban-da­ba­na izləyən qırsaqqız canfəşanlıq təkcə hövsələdən çıxarmır adamı, ovqatını kor­layır və düşünürsən: avtovağzal doğrudanmı şəhərin güzgüsüdür? Belə­dirsə, bu güzgü heç də könülaçan, yadda xoş qalacaq bir mənzərə vəd eləmir.
Salyana gedən avtobusun sürücüsü cidd-cəhdlə inandırmağa çalışır ki, Neftçalaya bircə bu maşın gedir. İkarusun İran kovrolitinə bürünmüş boğanağında iki dəqiqədən artıq dözə bilməyəcəyimi hiss edirəm və üstəlik, məlum olur ki, sürücü yalan deyirmiş, gedəcəyim ünvandan xeyli aralıdır yolu, çətinlikdə də düşürəm maşından, arxamca çiliklənən səsə də məhəl qoymuram: daha başqa marşrut yoxdu ha...
Cəmi üç dəqiqə sonra, on addımlıqda Bakı-Neftçala marşrutundayıq. Sürücü də, sərnişinlər də bayaqkı təəssüratı unutduracaq qədər sakit, saxta qayğıkeşlikdən uzaqdırlar. Elə bu sakit ovqatla da maşın yola çıxır - avqustun 16-sı, saat 11:30-dur.
İlk təəssüratın təzadlı tərəddüdləri də, havanın yandırıcı hikkəsi də eynimə deyil, qarşıdakı görüşün havasındayam. İlk dəfədir tanımadığım uzaq yola çıxıram, mövzunu da tam müəyyənləşdirməmişəm, daha doğrusu, ehtiyac görməmişəm; mövzuya yox, Ada gedirəm, müəyyən nigaranlıq da var içimdə - qeyri-müəyyənlikdəndi; söhbətimiz səhhəti ilə bağlı alınmaya da bilər. Amma yenə də yorğunluğun, işləməyə imkan verməyən istinin, əzginliyin və havasızlığın əlindən qurtarmış kimi gəlirəm özümə yol boyu.
Şimalın yaşıl sərinliyində böyümüş insan üçün bu yol bozluqdan başqa bir şey deyil, bu da var ki, sərnişinlərin mehribanlığı, hara getdiyimi biləndə daha diqqətli olub, həmyerlilərinin adı ilə içdən gələn ehtiramla səssiz-sözsüz qürurlanmaları bu bozluğun bürküyə bələnmiş darıxdırıcılığına yer qoymadı. Mənzilbaşına çatdıqca azalan sərnişinlərin, demək olar, hamısı eyni istiqanlılıqla qonaq dəvət edir, bir stəkan çayımızı için barı, - deyə sağollaşırdılar.

Bu da NeftÇala!

Nəzərimi çəkən yol üstündəki kəndlərin səliqəli sükutu və eyni rənglənmiş hasarların çox da hündür olmamasıdır - çoxdandı insanlar və münasibətlər arasına girən hasarların ucalığı qüssəli bir kədər doğurur. Sanki bu hasarlar məkanın yox, səmimiyyətin arasına çəkilir, etibarın, inamın itməsini, insanların bir-birinə laqeydliyini, yadlaşmasını daşlaşdırır. Bir də hasarların rəngi fərqlidir burada - mavi ilə bənövşəyinin qarışığında məhzun bir ürkəklik, müdafiəyə ehtiyacın rəngi, utancaq bir çəkingənlik. Bir qədər qabağa gedib deyim ki, Neftçalada çığıran və çağıran rəng görmədim. Sanki burada rəng seçəndə əsəblərə sığal çəkən rənglərdən başqa qeyri rəngləri düşünülmüş şəkildə "unudublar". Ya da qürub edən Günəşin Kürdə cilvələnən şəfəqlərinin şahanə ərköyünlüyünə qıymayıblar.
HaşiyƏ: İnzibati ərazi vahidi kimi Neftçala Azərbaycanın xəritəsinə ötən əsrin 70-ci illərində oturub. Tarixi boyu Bakı quberniyasına da qatılıb, Cavad uyezdinə də, Salyan sultanlığına da. Kür-Xəzər qovşağı kimi strateji əhəmiyyətini nəzərə alıb, gəmiçilik məntəqəsinə çeviriblər. Rusların yerləşdirmə siyasəti bu yerlərin etnik tərkibini, parafinsiz və qətransız neftin kəşfi taleyini dəyişib, ərazinin məskunlaşmasında mühüm amil olub. Sonralar neft akademiki kimi şöhrətlənmiş İ.M.Qubkin bu ərazidə neft kəşfiyyatına rəhbərlik edəndə (1913-1915) Neftçala çar Rusiyasının ucqarıydı, 1926-cı ildə ilk neft quyusu fontan vurandasa, sovet Azərbaycanının iqtisadiyyatı və sənayesində mühüm rayon. Naviqasiyasından başqa, dəmiryol nəqliyyatının işləməsi ilə (1930) Neftçalanın yeni - qaynar həyatı başlayıb, iki il sonra İttifaq əhəmiyyətli yod-brom zavodunun işə salınması da burada həyatın ritmini sürətləndirib. Qara kürüsü, qızıl balığı da öz yerində - Neftçalanın şöhrətində bir ayrı naxışdı. Balıqçılıq sənayesinin və hasilatının güclü inkişafı da Neftçalanın "əhəmiyyətini" artırıb. Hətta Stalinin "Neftçalanı və neftçalalıları soruşması" da növrağında bir əfsanə kimi xatırlanır.
Rayonun iqtisadi-mədəni yüksəlişi 50-ci illərin əvvəllərində başlayıb - "yan"ların yerinə "özümüzünkülər" gələndə - və Kamran Hüseynovun üç ilə yaxın rəhbərliyi dövrünə bağlanır. Bu qısa dövrə neftçalalılar qəribə ad qoyublar: Kamran əsri!
Aran iqtisadi rayonuna daxil olan iki şəhər (Mingəçevir və Şirvan - keçmiş Əli Bayramlı) və 6 rayon arasında iqtisadiyyatı daha çox sənaye yönlü olması ilə xarakterizə olunan Neftçalanı yeni əsrin ilk beşilliyində rəqəmlər necə təqdim edir?
Qeyd edək ki, rayon kimi 1940-cı il fevralın 11-də yaradılıb. Ərazisi 1,45 min kv. km, əhalisi 75,5 min, bir kv.km-ə düşən əhali sıxlığı 52 nəfərdir (2005-ci ilin əvvəlinə olan məlumata görə). 53 ümumtəhsil məktəbində 15 minə yaxın şagird təhsil alır.
15 il əvvəl fəaliyyətini dayandırmış yod-brom zavodu 2007-ci ildə yenidən işləməyə başlayıb, əlbəttə, əsaslı yenidənqurma və genişləndirmə ilə. Yerli xammal əsasında, müasir avadanlıqla işləyən istehsal müəssisəsində 500-ə yaxın insan çalışır. İlkin hesablamalar ildə 500 ton yod, 10 min ton yodlaşdırılmış xörək duzu, 60 min ton texniki duz istehsalını proqnozlaşdırırdı. Xıllıda və Neftçalada yod və duz tərkibli yataqların olması (yerin altından çıxan 1 litr suyun tərkibində 40-47 mq yod, 1 m3 suda 93 kq duz var) zavodun yüksək rentabellə işləyəcəyini deməyə əsas verir. Nəzərə alsaq ki, SSRİ-də bu tipli 5 zavodun 2-si Azərbaycanda (Suraxanı və Neftçalada) olub və bu gün Azərbaycan yod istehsalına görə dünyada 4-cü yerdədir, Neftçalanın ölkə iqtisadiyyatında əhəmiyyəti aydın olar. Regionun yeyinti sənayesində xüsusi çəkisi olan balıq konserv məhsulları emalına (Bankə qəsəbəsi) sərmayə qoyuluşu da rayonu "dirçəldər". Əlbəttə, statistikanı davam etdirmək olar, göstəricilərin ziqzaqı da təəccüblü görünməz. Neftçala ilə ötəri tanışlıq bu yerlərin tərk edilmiş yurd yerinin darıxdırıcılığı əlində olduğunu deyir. Ümid Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində təşəbbüskarlıq və təsərrüfatçılıq, təşkilatçılıq və idarəetmə bacarığının və səylərinin səfərbər olunmasına qalıb. Proqramın məqsədi elə hamının istəyi və gözlədiyidir: iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ixrac yönümlü istehsalın stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin artırılması, xüsusən gənclərin faydalı əməklə məşğulluğuna şərait yaradılması.
Bütün məqsədlərin həyata keçirilməsi isə məsuliyyət hissinin, vəzifə borcunun dərk olunması və ən əsası, can yanğısından asılıdır. Neftçala həmin Neftçala, camaatı həmin camaat. Bu rayona yeni bir "Kamran dövrü" yaşatmaq, Azərbaycanın sosial-iqtisadi xəritəsində mayak eləmək, əslində, onu mədəni-mənəvi Neftçalanın Azərbaycan dolusu adına yaraşdırmaq deməkdir. Çünki Neftçala çoxdandır ki, bu torpağın bir ləyaqətli övladının adı ilə şöhrətlidir və bu Ad Neftçalanı Azərbaycanın mənəvi mədəniyyət ziyarətgahlarından birinə çevirib. Elə bu yazının yolu da o ziyarətgahda yaşayan Düşüncə və Mədəniyyət mücəssəməsinə doğru gedir.
Və bu gediş məndən ötrü "uzun, incə bir yol"du ki var...
Qubanın mərkəzinə çatmamış başlayan işgüzarlığın dərhal qoynuna aldığı qaynar ahəngin Neftçala üçün qətiyyən xarakterik olmadığı qənaəti "Kür" univermağının qarşısında marşrut avtobusundan düşən kimi özünü hiss etdirdi. Amma keçdiyimiz küçələrdə qocaman ağacların kölgəliyi Neftçalanın sosial-iqtisadi "qayğılarını" unutdurdu.
Nəhayət! Bu da İmamverdi Əbilovun məşhur, mübarək ocağı! Dost­ların­dan birinin ümumiləşdirməsini xatırlayırsan: "Bu ünvanda Azərbaycan ictimai fikrinin, Azərbaycan mədəniyyətinin bir beytül-müqəddəsi var".
Aurası o dəqiqə hiss olunan xudmani, klassik, ənənəvi rayon tipinin yaxşı nümunəsi olan həyətdə iki cığır. Sağ əldəki cığırla gedib mübarək məkana - şöhrəti hər yerdə deyilən 65 yaşlı kitabxanaya daxil oluruq.
...Cəmi bir dəfə telefon söhbətimiz olmuşdu və indi, qapı ilə üzbəüz, yuxarı başdakı yazı stolunun arxasından ciddi təmkinlə qabağa çıxan bu nurani, bir az yorğun çöhrəli insana qəribə doğmalıq hissi duyuram ilk baxışda - uzun illərdi, atamdan sonra kimsə mənə belə mehrli, doğma gəlməmişdi.
Bu Odur - dünya bütün təzadları ilə gözəldir. Dünya onun xilası, gözəlləşməsi naminə ölümə hazır olanlara halaldır - fikri ilə bütöv bir düşüncə sistemi təqdim edən müdrik İmamverdi Əbilov.
Tanıtmağa ehtiyac varmı?
Yazıçı, alim, maarif xadimi, el ağsaqqalı. Azərbaycanın elm, mədəniyyət, sənət, yaradıcılıq, təhsil mərkəzlərini Neftçala ilə birləşdirən körpü.
Azərbaycan ədəbiyyatında adı ədəbi məktəb deyə anılan Rəsul Rzanın yaradıcılığının ilk tədqiqatçısı.
Bütün türk dünyasının siyasi platformasının yaradıcısı Əli bəy Hüseynzadənin adını mənəvi məhbəsdən xilas etməyə qalxan ilk cəsarətli addımı İmamverdi Əbilov atıb.
İmamverdi Əbilov epistolyar janrın zəngin arxivariusudur.
İmamverdi Əbilov memuar ədəbiyyatının yeriyən ensiklopediyasıdır.
"Azərbaycanın tarixini niyə Pankratov yazmalıdır?" sualını İmamverdi Əbilov Azərbaycan Ziyalılarının məclisinin tribunasından 1954-cü ildə səsləndirmişdi-dərsliklərin tərtibindəki nöqsanlardan, proqramla dərsliklərin uyğunsuzluğundan, tədris vəsaitlərinin qüsurlarından danışanda.
Partiya funksionerinə "Nizami "Xəmsə" yaradanda Lomonosovun ulu ba­ba­sı saman üstündə yatırdı, çəlləkdə çimirdi" - deyib "çalmalı, saqqallı molla Ni­zami"ni müdafiə edən İmamverdi millətçi damğasını dadanda zamanın o və­dələriydi ki, "millət" sözünü təəssübkeş kimi dilə gətirənləri ən azı Sibir göz­ləyirdi. ...Əgər ailənin saxlancından son 30 manatı əlinə verib çörək al­mağa göndərəndə İmamverdi o pulun 25 manatına "Xəmsə" almağa tərəddüd etməyibsə, təlimatçının birinci katibə "bozarması"nı başa düşmək olar.

Bunlardan çox-çox əvvəlsə...
Sil gözün yaşın, Qaragilə...

1927-ci ildə Qoltuq kəndində doğulub. Atasını çox erkən itirib, əmisi ailənin qayğılarına çiyin verib ki, atasızlıqlarını hiss etməsinlər. Tərs kimi, bu yandan da müharibə başlayıb və əmisi cəbhəyə gedəndən sonra İmamverdi vətəgələrdə işləməklə yeniyetməliyini ehtiyacın qabağına çıxarıb. Yuxunun iradəyə toy tutduğu vədələrdə - səhər saat 4-də yaşlı fəhlələrə qoşulub işə yollanmağın söykəyi də xəyalpərvərliyi olub yəqin ki... Bir də kitablar; "ləngər vuran qayıqda, yaş torun üstündə, sahildə mürgü vuranda, yol boyu..." Sabiri, Mirzə Cəlili, Ordubadini,... oxuyub. On yaşında məktəbə getsə də, müharibə qurtaranda, özü demiş, rayonda sayılıb-seçilən gənclərdən biri idi. Əmisi müharibədən dönəndə gənc onu neft sahəsində işə düzəldib, özü də üzdə olan vəzifələrdə çalışıb. Fəal ictimaiyyətçiyə imkanları daha geniş səlahiyyətli kürsülər vəd edib. İmamverdi Əbilovsa, yurd, ailə sevgisinə, hətta 3-4 saatlıq uzaqlığın xiffətini qıymayıb - Buzovna pedaqoji məktəbində təhsil almağa göndərildiyi bir il nəzərə alınmazsa... Məhz bu bir il onun həyatının məzmununu, yönünü dəyişib, ədəbiyyata həvəsini ciddi tədqiqat səmtinə çevirib. Burada böyük Səməd Vurğun ona deyib ki, səndən ədəbiyyat qoxusu gəlir: "Ədəbiyyatsa həyatdır, insandır, mübarizədir, gözəllikdir". Özü isə deyir ki, Buzovnalı günlərim mənə "Böyük şəxsiyyətlər necə olur?" sualının cavabını öyrətdi...
O illərdən danışanda səsinin çox xəfif titrəyişi, tez-tez yol çəkən gözlərinin dibində qaynayan, adını bilmədiyim nisgil dilə gətirmədiyi başqa mətləblər də sezdirirdi və bu sezginlik bir yaralı nəğmə ahənginə kökləyirdi aranı: "Təbrizin küçələri dolambadolam..."


İnsan bu, su misali, kıvrım-kıvrım akar ya
...Əhval-pürsanlıqdan az sonra xatirələrin qatı açılmışdı və bu, məndən ötrü beləydi, hiss olunurdu ki, İmamverdi müəllimin onlarsız günü yoxdur. Haçansa oxuduğum bir hekayəni xatırladım: müharibədən 40 il keçib, Ana yenə də oğlunu gözləyir. Bir gün oğul qəflətən gəlib çıxır, qonşular heyrətlə, çaşqın sevinclə bu yaşlı adamla görüşürlər. Ana isə yerindən qalxmadan adi səslə soruşur: "Əvvəl çay içirsən, ya dəyişəyini verim?" Səhər Ananın saçı ağappaq olmuşdu... Asta, aram-aram danışan bu səsi dinləyəndə də mənə elə gəlmişdi ki, bu anda möcüzə baş versə - Səməd Vurğun, Yusif Məmmədəliyev, Rəsul Rza, Xudu Məmmədov, Ziya Bünyadov, İsmayıl Şıxlı, Aydın Qaradağlı, Mədinə Gülgün, Məmməd Cəfər,... qapıdan girsələr - İmamverdi müəllim təzə ayrılıblarmış kimi görüşəcək onlarla, çünki bu insanlar hər gün bu evdədilər, onunladılar. Bir az kitabxananı səhmanlı, sərin görəcəklər, olsa-olsa, o da "Azərin səliqəsidir", - deyib məmnun-ötəri qımışacaq. Mənə danışdıqlarını da nisgilli kövrəkliklə yox, göz dolusu işıqla, işıq dolusu səslə danışacaq, özü də yalnız onlara deyə biləcəyi bir tövrlə:

- Yadındamı?...
Xatirəli günlər könül əlacı,
Bir üzü şirindir, bir üzü acı

Amma acının rəngini qara-boz görmədim heç bir məqamda. Niyəsini ürəkdən bildim. O ürək ki, Musa Yaqubun sözünə qüvvət, susuzluqdan dilin yansın bir səhrada, minnət qoyub su versinlər, içməyəsən, asan deyil" çətinliyini acizliyin ayağına verməyib, o ürək ki, hər qonağı Allahın lütfü kimi qəbul edib. Onun qələmində - qəlbində bir qibtəlik işığın rəngi var. Ağrılarınınsa kökü-ünvanı bəllidir - erməni məkri, rus hikkəsi. "Millət­çi"li­yinin nəticəsi o olmuşdu ki, raykom katibi İvanovun qəzəbi, qışın zalım gecəsində evlərinə od vurmuşdu:
-Yanğın elə qəfil və əhatəli oldu ki, canımızı xilas elə bildik. Qalan nəyimiz vardısa, üçotaqlı evimizlə bərabər yanıb külə döndü. Dərdimi deyəsi qapılar qıfıllanmışdı. Birinci katib İvanov, prokuror Çenina, maliyyə müdiri Mixaylov, Neftçalaneftin rəisi İonisyan, səhiyyə şöbəsinin müdiri Zaxaryan, nəqliyyat sexinin rəisi Avakyan, kimya zavodunun direktoru Xocayan, sanepidemstansiyanın müdiri Martirosyan, məktəb direktoru Juravlyov...
Bu sarsıntı daha böyük uğurlarına yol açdı həm də. Bəzən bizə böyük fəlakət, bədbəxtlik kimi görünən hadisə, vəziyyət hansısa xoş və ağlagəlməz səhifə açır ömrümüzdə və əlbəttə ki, bunu dərk edib qiymətləndirməkçün məhz o ağrılardan keçmək lazım gəlir...
İmamverdi burada qalmağın dözülməzliyini hiss edib, Bakıya gəlib. Universitetə tələbə qəbulu elanını görüb və sənədlərini təqdim edib. Bütün imtahanlardan "əla" alıb, universitetin filologiya fakültəsinə daxil olur... İşə bax ki, bu zaman raykomun birinci katibi İvanovu məişət pozğunluğu üstündə işdən çıxarırlar və Kamran Hüseynov Neftçalaya rəhbərliyə göndərilir. İmamverdi müəllimi dəvət edən katib birgə işləyəcəklərini bildirib. O da bir xahiş edib: raykomda işləmək təklifiniz üçün sağ olun, ancaq məni müəllim­likdən ayırmayın. Beləliklə, həm müəllimliyini edir, həm də rayon partiya komitəsində işləyir...
Buzovna illəri, pedaqoji mühit, universitet təhsili müəllimliyə, elmə bağladı onu. Ona görə deyir ki, Allahın qoruduqlarına bəndənin zavalı ötərgi külək kimidir; dəbərdər, dağıda bilməz.
- Deyirlər, Allah iki halda təbəssüm edər: özünün yüksəltdiyi adamı bəndələri yıxmağa çalışanda, bir də, özünün yıxdığını bəndələri yüksəltməyə çalışanda.
Oxuduğu deyil, gördüklərinin, yaşadıqlarının nəticəsidir.
- Taleyin zərbələrindən, insan xəyanətindən, bəd rəftardan, böhtanların öldürücü silsiləsindən o qədər darıxmışam, bezmişəm ki... Ancaq bu əzabların qabağında Allah mənə özümü unudacaq qədər səbr və hövsələ verib. İllər keçib, hər kəsin öz bəd əməlinə giriftar olduğu günü görmüşəm. Sevinməmişəm. İndi adamlar nəyi düşünür? Filan mərtəbəyə qalxmağı, maşını-mülkü... Bunlardan tam uzaq olmuşam. İddialı olmamağımın hesabınadı-nədi, bütün Azərbaycanın görkəmli ziyalıları ilə ünsiyyətdə olmuşam. Yusif Məmmədəliyevin nəyi çatmırdı? Yaxud Səməd Vurğunun? Rəsul Rzanın 50 illiyi bizim həyətdə keçib. Söylənən tostlar, sağlıqlar hamısı yadımdadır. Mənim məqsədim olmayıb onlar bura gəlsin. Səhər tezdən zəng eləyiblər ki, evdəsən də, sizə gəlirik... Mədinə Gülgün haqqında kövrək məqalə yazmışdım. Mənə məktub göndərdi. Ağlaya-ağlaya yazmışdı. Günün birində - 1971-ci ilin qızılgül vaxtıydı. Gördüm qapıda maşın dayandı, Balaşdı, Mədinəydi... Heç olmasa zəng vuraydılar, bilim gəlirlər. Mədinə çox dilavər gəlin idi. Dedi özümüz zəng vurmadıq, əziz evə necə gələrlər, elə gəl­dik. Gəldik bir gün keçirək burada, səninlə söhbət edək. Mənim sənə gözü­yaşlı məktubumun dalınca gəlmişəm. Dedim, Mədinə xanım, məktub məndədir, amma sizə verməyəcəyəm. Surətini verə bilərəm... Belələri vardı...
Zaman deyir, beşikdən məzaracan sınaqdı dünya. Mühit dəyişdikcə rəng də dəyişdi. Bura İvanov familiyalı katib gəlmişdi. Xəstə deyildi, amma yeriyəndə sol çiynini qaldırardı, sağ çiynini belə edərdi (göstərir - A.S.). Allaha and olsun, bir dəb düşdü, deməyən kimi. Camaat hamısı elə gəzirdi... Yaddaşın çalarları da kütləşir. Dünənki adamı bu gün başqa sifətdə görəndə heyrət edirsən.
Mən dünyaya göz açandan oxuduğum Şekspir olub, Viktor Hüqonun "Səfillər"i olub. Hamısı da qalır o kitabların. 30-cu illəri gördük. Stalini gördük, Stalin öləndə "kaş oğlum öləydi, rəhbər yox" deyən bir kəndlinin gözüyaşlı etirafından sarsıldım, Stalindən sonra onun cinayətləri haqqında eşitdik... Bir ömür kifayət etmir bir xarakteri açmağa.

***

- ...1988-ci ilin fevralında dərsliklərə həsr olunmuş xüsusi respublika yığıncağında çıxış edib, dərslikdən çıxarılmalı, yeni daxil edilməli mövzularla bağlı fikirlərimi söylədim. "Əli bəy Hüseynzadənin dərsliklərə salınmamasına bu vaxtadək dözdük, bəs deyilmi? Aşot Qraşinin əvəzinə Firudin bəy Köçərlini, Mayakovskinin əvəzinə Əhməd Cavadı tanıtmaqla savab iş görmərikmi?
Yazıçı Əkrəm Əylisli çıxışıma münasibət bildirdi:
- Ümumiyyətlə, İmamverdi müəllimi bu məsələ həmişə qayğılandırır. Onun bütün fikirləri ilə şərikəm. Amma Əli bəy Hüseynzadəni dərsliyə salmağa, tədrisə gətirməyə tələsməyək. "Pantürkist", "panislamist" ifadələri az qala unudulsa da, Əli bəyə köhnə mövqedən baxanlar hələ də var.
Mənə qaranlıq qalan o oldu ki, rus məktəblisi İ.Bunini, B.Pasternakı, A.Axmatovanı... məhəbbətlə öyrəndiyi halda, nəyə görə Ə.Hüseynzadənin dərsliyə gətirilməsi hələ də yasaq edilir...
Həmin günlərdə hikkəli bir məktub aldım. Qoruduğum minlərlə məktubun içərisində belə qeyzlə, hirslə yazılmış məktub yoxdur: "Siz istəyirsiniz dərsliklərimiz milli maarifçiliyimizə dəxli olmayan adamlar hesabına zənginləşsin. Bu olmayacaq. Arxayın ola bilərsiniz ki, Sultan Məcid Qəniza­dənin adı Azərbaycan məktəblisinin dərsliyində heç vaxt çəkilməyəcək". Bütün ömrünü Azərbaycan-Dağıstan məktəblərinin, xalq maarifinin inkişafına sərf etmiş bu insana qarşı bu qəsd-qərəzin izinə düşdüm. Maarif fədaimizi hədələyən məkrli qonşular yox, özümüzünkülərdi... Barmaqla sayılacaq nadir şəxsiyyətlərimizin ünsiyyətinə mane olanlar, onların yaxınlaşmasına şəxsi fəlakətləri kimi baxanlar nəticədə milli bütövlüyümüzə qənim çıxıblar.
- İmamverdi müəllim, bir mövqeyi aydınlaşdıraq. Sənətkara millət sevgisi. Axundov, Sabir, Mirzə Cəlilin millətə sevgisi və onun əks ucu. Milləti bu qədər sevirsənsə, onun eyiblərini niyə bu qədər açırsan?
- Üç nəfərə xadim adı verəydilər gərək, millətə yanan bu üç nəfərə. Hər şeyə pul tapırlar, kitab çıxarırlar, Sabirin külliyyatını çap eləmirlər 40 ildir. Yalan-doğru, deyirlər, ermənilər Sabirə heykəl qoyub ad da veriblər: "Harda müsəlman görürəm, qorxuram..."
Tərbiyənin 2 növü var. Biri - insanı pis əməllərinə görə daim danlayırsan, biri də var ki, yaxşı əməllərinə görə tərifləyirsən ki, belə əməlləri çoxalsın. İkincisi daha xeyirlidir...

***

Bu qədər dolaşıq kələf içində,
Bu qədər boz üzlü tərəf içində.
Haqqın üzündəki tərəfi görmək,
Onun tərəfini tutmaq çətindir.

- Mərkəzi Komitənin qərarı ilə Azərbaycan Yazıçılar İttifaqının səyyar plenumları rayonlarda keçirilirdi, sonra ləğv etdilər bunu. "Azərbaycan Sovet ədəbiyyatında şəhər" - Bakıda, "Azərbaycan Sovet ədəbiyyatında kənd və kənd əməkçiləri" - Sabirabadda keçirilməli idi. Fəhlə surəti ilə bağlı ilk plenum Neft Daşlarında oldu. Sonra MK qərar çıxardı ki, II plenum Sabirabadda yox, Salyanda keçirilsin. Böyük heyət gəldi; Sabir Əhmədov, Bəkir Nəbiyev, İmran Qasımov, daha kimlər, kimlər. Mirzə İbrahimov tədbiri açdı, Əli Vəliyev danışdı. Sözü mənə verdilər. Şablon "xoş gəlmisiniz" salamlaşmasını heç sevmirəm. Düşündüm ki, qonaqlar bilməlidirlər kimin və kimlərin Vətəninə gəliblər. Torpağı şəxsiyyətlər ucaldır. Odur ki dedim:
- Siz... möhtərəm üləma Mir Bağır ağanın, Mir Əşrəf ağanın, Əlövsət Quliyevin, Mirzağa Quluzadənin,... nəhayət və ən başlıcası, Azərbaycan bədii-ictimai-fəlsəfi fikrinin əzəməti, fəxri, vüqarı olan böyük ədib, filosof, şair, rəssam, təbib, mütərcim, mühərrir, nasir, böyük publisist Əli bəy Hüseynzadənin vətəninə xoş gəlmisiniz... Bir müsibət düşdü, partlayış oldu - əl çaldılar. Salonun orta sıralarında qara kostyumlu, ağ köynəkli bir kişi qalxdı yerindən, dedi ki, Salyanın suyu da, torpağı da sənə - diksindim, elə bildim deyəcək haram olsun - halal olsun! Düzü, gözləmədiyim bu hərarət məni sıxırdı. Mirzə müəllim zəngi çalır, alqışlar səngimirdi. Dönə-dönə baş əydim. Mirzə müəllim təbii olmayan təbəssümlə mənə sarı döndü:
- Ay İmamverdi müəllim, yerlibazlığa və millətçiliyə yad olan salyanlıları sən əməlli-başlı millətçi eləmək fikrindəsən, nədir? Yadda saxla ki, salyanlılar Lenin beynəlmiləlçiliyinə həmişə sadiq olublar.
Salonda təlatüm başlanırdı ki, sözə başladım. Tənəffüsdə Rəsul Rza dedi gedək çay içək. Dedim, Rəsul müəllim, mən nigaran qaldım axı, bu söhbətin axırı necə olacaq?! Rəsul müəllim qısa danışdı: "Sözü məqamında deyərlər". Daha da nigaran oldum. Qayıdanda Mirzə müəllimi gördük, Rəsul Rza tez ona yaxınlaşdı:
- Mirzə, sən də bu kişinin ürəyinə bir xal saldın, yaman nigarandır.
- Ay İmamverdi, sən bilmirsən Əli bəy Hüseynzadə kimdir? Sən bilmirsən Kommunist Partiyasının nəyidir və bu, işgüzar, rəsmi yığıncaqdır, bütün məruzə və çıxışların stenoqramı rus dilinə tərcümə edilib Moskvaya göndəriləcək? Sən niyə başına bəla açırsan? Bizi də pis vəziyyətdə qoyursan.
- Mirzə müəllim, mən Əli bəyi uşaqlıqdan tanımışam. Qohumu deyiləm, ancaq o mənim ürəyimə doğma adam kimi yapışıb. Həqiqətdən başqa nə demişəm ki?
- Nə dediyin sonra bilinər...
Ondan sonra, doğrudan da, məni ora-bura çəkdilər. O zaman mənə üç adam kömək etdi - Rəsul Rza, Məmməd Arif, Mirzağa Quluzadə. Quluzadə mənə məktub yazdı ki, sənin antisovet çıxışına görə Moskvaya gedib Ə.Hüseynzadəni "sübut elədim", onun yaradıcılığını tədqiq etmək üçün icazə də aldım. Dissertasiya mövzularından biri olacaq...
Əli bəy Hüseynzadənin qızını mən gətirmişəm buraya. Əli bəyə şəxsən biz borclu qalmamışıq. Millət isə borc içindədi.
Əli bəy Hüseynzadəni o qədər qorxunc, vahiməli adam kimi təqdim etmişdilər ki... Görkəmli adamlardan biri yazır ki, Əli bəy Hüseynzadə müsəlman kimi doğuldu, türk kimi yaşadı... və s... Azərbaycan ziyalısı harada yaşayır-yaşasın, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının - mentalitet sözünü çox işlədirlər, xoşum gəlmir o sözdən - Azərbaycan əxlaqının müdafiəçisi, təbliğatçısı, müəllimi olmalıdır.


***

Bu söhbətdən mən özümçün iki məqamı aydınlaşdırdım. Biri - yazıçı Elçinin İmamverdi müəllimə yazdığı: "İndi bilən də, bilməyən də konyuktur dəb xatirinə, yeri düşdü-düşmədi, Əli bəydən, Əhməd bəydən, Əlimərdan bəydən də (mən hələ Rəsulzadəni demirəm) ucuz-ucuz danışır, yazır, özü heç, o rəhmətlikləri hörmətdən salır. Sizin kimi həqiqi maarifçinin isə o böyük şəxsiyyətlərdən yazması, obyektiv söz deməsi... çox vacibdir" sözlərinin söykəndiyi əsasdır. O biri isə "Əli bəy Hüseynzadə" kitablarının (Azərbaycan və rus dillərində) müəllifi Azər Turanın nabələd oxucuya təəccüblü görünən, Əli bəyə böyük ehtiramı, sevgisi və bir oğul təəssübünün dərəcəsini görüb, müəllifi Varis adlandırmaq qənaətimlə bağlıydı. Ən azı, bu münasibət - çox dərindən gələn bir münasibət olmasa, bu kitabı adi tədqiqat işi adlandırmaqla kifayətlənmək olardı. İmamverdi müəllimin (Əli bəyə münasibəti) bu söhbətindən sonra Azər Turanın Əli bəyə sevgisinin ucunu tapdım özlüyümdə.
- İmamverdi müəllim, söz-sənət adamları ilə ünsiyyət, mütaliəyə bağlılıq öz yerində, sizi ədəbiyyata nə gətirmişdi. Bu gün onlardan nə qaldı?
- Məni ədəbiyyata şeir, mütaliə gətirib. İlk iri həcmli məqaləmsə "Azərbaycan" jurnalında 1961-ci ildə dərc olunub və yaxşı qarşılanıb. Kollektivin mehribanlığını indi də xatırlayıram. İndi hər yanda kollektivdə bir cür, ayrılanda başqa cürdülər. Başa düşmürlər ki, damcılar dalğadan qopanda xar olur. Bir də ki, məqsəd aydınlığı və birliyi vacib amildi...
Bilmirəm münasibətiniz necədir, mən ən yaxşı ziyalılardan Məmməd Cəfər müəllimi tanımışam, Yaşar Qarayevi tanımışam. Yalnız məqamı gələndə danışırdılar. Səməd Vurğun rəhmətlik də bunu mənə deyirdi. "Gördün ki orada sözün keçməyəcək, sus. Susmaq ən böyük qələbədir".
- Niyə bu gün ağsaqqallıq edə bilənlər azdır?
- Ağsaqqallıq edə bilənlər xırdalandılar. Tab gətirə bilməyib xırdalandılar. Bu gün çox böyük səbr lazımdı, bu da çox çətindi. Müdaxilə etmək istər-istəməz insanı kiçildir. Bir gün Bəxtiyar Vahabzadə dedi ki, Vəli Axundova məktub yazmışam ki, silaha nəzarət təşkilatındakıların 97 faizi ermənilərdir, sonra, Azərbaycan dilinin öyrənilməsidi-filandı. Qısası, problemləri yazıb. Vəli Axundov çox mədəni adamdı. Çağırır Bəxtiyarı, mən də dostumu gözləyirəm. Çox gec gəldi, dedi Vəli Axundov mənimlə həm sərt oldu, həm də xoş münasibətdə. Dinlədi məni, dedi istəyirsən sənin şeirini əzbər deyim, amma...
Bəxtiyarda səbrsizlik vardı...
- Biz indi hansı dövrü yaşayırıq?
- Yaşayırıq da. İnanmalıyıq ki, Heydər Əliyevin qurduğu respublika əbədi olmalıdır. Dövlətçilik əxlaqa keçməlidir, mənliyə keçməlidir. Mən məqalələrimin birində yazmışam. Biz neçə il çalışdıq məni biz etmək üçün. İndi çalışırıq bizi mən edək. Çox qəribədir. Məni biz etmək üçün 70 il çalışdıq. Kollektivləşmə, kolxozlaşma. Siz sabah milyonçu ola bilərsiz, istə­diyiniz kitabı çıxara bilərsiz. O kitabda yaza - deyə bilərsiz ki, Azərbaycan qondarma respublikadır. Erməni deyir də, Qara Qarayev ermənidir, "Sarı gəlin" erməni mahnısıdır... Bəxtiyar danışır ki, Moskvada Çaykovskinin yubileyində Ambarsumyanla bir yerdə oturmuşduq. Onda milli münaqişələr yox idi... Soruşdum övladınız hansı məktəbdə oxuyur? Dedi nə hansı məktəbdə? - Yəni hansı dildə oxuyur? Ambarsumyan heyrət və təəccüblə dedi bu nə sualdı? Erməni hansı dildə oxumalıdır? Bu, o vaxt idi ki, Bakıda 18 Azərbaycandilli məktəb qalmışdı...
O vaxtlar bu boyda Neftçalada bir dənə də olsun məscid yox idi. Amma insanlar ibadətini edirdi. İndi 40-a yaxın məscid var, hər kənddə 3 məscid, bu məscid o məscidlə danışmır. Mənə toxunan nədir? Bizim Qoltuq kəndində, Neftçalaya bitişikdi, bir məscid tikdirdim. Mən təşəbbüs qaldırdım, sağ olsunlar, kömək elədilər. 75 şifer çatmadı, başqa birisi dedi götürün, məndə var. Sonra eşidirəm molla deyib, bəs sünniməzhəbdən şifer niyə götürübsüz. Çağırdım onu, dedim, ay kişi, mən Məkkəyə getmişəm, oradakı təmtərağı görüb vəcdə gəlmişəm. Mərməri İtaliyadan gətirilib... Belə təsəvvürlərlə gör dinimiz hara gedir?
- Məkkədə olubsuz...
- Hə, Allahın evində olmaq şərəfdi. Bu dəqiqə layiq olmayanlar da gedir... Orada millətimin xilası üçün dua etdim. Allahım, verdiyinə şükür edə bilmək sədaqətini əsirgəmə bizdən, dedim. Bir də dedim ki, Allahım, məni çaşdırma.
- Füzulini də ziyarət edibsiz, səhv etmirəmsə.
- Kərbəlanı görmək, ziyarət etmək mənim də, atamın da, babamın da ən böyük arzusu olub. Əsrin tamamına 6 il qalmış Şərqi görmək arzum çin olub. Dünya müsəlmanlarının müasir vəziyyəti ilə bağlı simpoziumda iştirak etdik. Bircə azərbaycanlıların tapdanan haqqından danışmaq yada düşmədi. Bu mənə çox toxundu. Rəyasət heyətinə yazılı sorğu göndərdim: "Əgər Azərbaycan müsəlmanlarının başına gətirilən müsibətlər burada da yada düşməyəcəksə, bəs dərdimizi kim, harada danışacaq?" Sualıma İranın informasiya naziri cavab verdi - hamımızı heyrətləndirən bir cavab: "İran qədim müsəlman ölkəsidir. O, heç bir ölkədə qan tökülməsini istəmir. O cümlədən, Qarabağda. Amma unutmayın ki, Azərbaycan da, Qarabağ da, Ermənistan da qədim İran dövlətinin əraziləridir...".
Bağdadda Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edəndə, Nizaminin misralarını Allahın lütfü kimi xatırladım:
Sən bir Allah ilə ol, aləmi sel bassa, inan,
Ayağın Dəclə üçün körpü ləyaqətdə olar.
İraqın Füzuliyə münasibəti soyuqdu. Orada anladığım o oldu ki, bunlar onu qandan gələn şair kimi qəbul etmirlər. Füzuliyə məhəbbəti olanlar kərküklər, türkmənlər, mosullular idi.
- Yaxşı azərbaycanlı olmağın formulu.
- ...Əməli-sözü bir olmaq yetər. Bu, həm də insanlığın nişanəsidir.
- Mütaliənizə həsəd aparılasıdır. Bəs İmamverdi müəllimin sevimli yazıçıları kimdir?
- Hüqo, Balzak, Mehmet Akif Ersoy, Rəşad Nuri Güntəkin, Füzuli... Məni zəngin rus ədəbiyyatına bağlayan Turgenyev, Qoqol, Çexov, Puşkin, Lermontov, Tolstoy, Dostoyevski, Paustovski, Tvardovski, Yevtuşenko... olub. İndikilərdən?... Hərdən mənə elə gəlir ki, onlar nə istədiklərini özləri də bilmirlər... Bizim nəsildə bir-birinin yaradıcılığına diqqət, hörmət vardı, məncə. Münasibətlərimiz də bunun üstə köklənmişdi. Bəxtiyar mənimlə əqidə dostudur. Məndə onun 100-dən çox məktubu var. Müraciətlərinin hamısı "iki gözüm", "məsləkdaşım", "əzizim"lə başlayır. Biz onunla dost olanda M.F.Axundov küçəsində birotaqlı evdə kirayədə qalırdı...
Yoncalıqda yel ağzında titrəyən,
Qəribsəmiş tək sünbüldən betərəm.
İmamverdi müəllim bu sözləri deyəndə Bəxtiyar müəllimin 83-ü yola salmağına 10 gün qalırdı. Hər sözünün başında - Bəxtiyardan - səhhətindən nigaranam deyən Dosta baxıb böyük şairə qitbə edirdim. Və cəmi bir neçə ay sonra Bəxtiyar Vahabzadə haqq dünyasına köçəndə... mən şübhə etmirdim ki, bu itkini İmamverdi Əbilov çox dərin yaşayacaq; Dost, Məsləkdaş, qəlb sirdaşı itirmişdi... Qəzetlərin birində İmamverdi müəllimin vida yazısının bircə sözü hər şeyi deyirdi:
Görüşənədək...

***

- Dədə, bir az dincəl.
Qapıdan çıxırıq. Azər təklif edir ki, piyada gedək, Qoltuq kəndi çox da uzaq deyil, amma ağcaqanada görə narahat olduğunu da deyir. Bu narahatlıq mənə qəribə görünsə də, fərqinə varmıram. Bir az sonra Sevda xanım (Azərin həyat yoldaşı) deyəndə ki, bəxtinizdən, bu gün ağcaqanad sürüsü yoxdur, başa düşdüm: Neftçalanın avqustu üçün adi halmış ağcaqanad sürüsü.
Heç ağlıma gəlməzdi ki, Qoltuq kəndində - İmamverdi müəllimin ata yurdunda fransızca şeir dinləyəcəm. Azərin bibisi qızı Güntəkin xanım ixtisasca fransız dili müəlliməsidir. Amma onun sözə-yaradıcılığa, tərcüməyə içdən gələn həvəsini heç nə – nə ailə qayğıları, nə mühit söndürə bilməyib.
Bu çox səmimi ailədən xoş hisslərlə ayrılıram, özümlə bir Güntəkin aparıram duyğularımda... Sevda maşının pəncərəsindən görünən Neftçalanı nişan verir. Deyirlər, heç olmasa Kürdən Günəşin qürubuna baxın... Gözəldir, çox gözəldir... Amma İmamverdi müəllimlə söhbət çəkir məni...
İndi baxıram ki, İmamverdi müəllimə hamıdan çox Cəmilə oxşayır - Azərin ciyərparası. Babası da nənənin adını daşıyan qızcığazın evləri dolduran səsindən işıqlanıb sanki... O saat hiss etdim, bizim olmadığımız müddətdə, İmamverdi müəllim xatirələrlə, xatirindəkilərlə "dərdləşib".
Məktub yazmaq dəbdən düşüb? Əgər belədirsə, İmamverdi müəllimin həmsöhbəti olmaq kifayətdir ki, bu "dəblə" nələr itirdiyimizin fərqinə varaq. Azərbaycanda bu qapıdan keçməyən, bu xəzinədə bircə kəlmə sözü, səsi olmayan ziyalını, sənət-söz, elm adamını barmaqla saymaq olar.
İmamverdi müəllimin arxivində Quranın nadir, qədim nüsxələri, unikal kitablar, fotolarla yanaşı 1000-dən çox məktub, yüzlərlə teleqram, açıqca... saxlanılır. Heç bilmirsən səliqəyə qibtə edəsən, sədaqətə?!
- Məktubları yığmağa nə vaxt başladız?
- İsmayıl Şıxlı da baxdı, dedi ki, məndə, olsa-olsa, 35 məktub var. 1000-dən çox məktubun hərəsində bir dünyalıq söhbət var... Hələ lent yazıları... Bilmirəm, bilirmi, İntiqam Qasımzadənin atası şair Böyükağa Qasımzadənin səsi var mənim arxivimdə... Bütöv oğlan idi rəhmətlik, kimin ağlına gələrdi ki, elə istedadlı insan bu qədər tez gedəcək aramızdan...
"Hörmətli İmamverdi müəllim.
...Mən gənc yaşlarımdan Sizin imzanıza-yazılarınıza xüsusi məhəbbətlə bağlanmışam. Zaman keçdikcə bu məhəbbətin hüdudu genişləndi və mənə əyan oldu ki, siz təkcə Neftçalanın, Muğanın yox, bütöv Azərbaycanın ən böyük vətəndaş ziyalısısınız, bütün Azərbaycanın fəxr etdiyi ali şəxsiyyətsiniz.
Misir Mərdanov,
təhsil naziri".

***

- İmamverdi müəllim, Siz həm də uzun illər boyu müəllim işləmisiz... Azərbaycan müəllimlərinin bütün qurultaylarına, respublika və ittifaq əhəmiyyətli tədbirlərə həmişə dəvət olunmusuz. Fəaliyyətin bu sahəsi Sizdə hansı qənaətləri ümumiləşdirib?
- Xoş o müəllimin halına ki, yetirmələri gözəl əxlaqı, zikrli nitqi, düşün­cəli susmağı, ibrətli baxışları, insanlara sevinc, inam bəxş edən əməlləri ilə fərqlənir. Müəllim də, yazıçı da klassik bir həqiqəti yadda saxlamalıdır. O həqiqəti Abbasqulu Ağa Bakıxanov 150 il əvvəl xatırladıb: "Elmi erkək, əməli dişi bil. Din və dövlət bunların ikisindən doğulub".
Mənim aləmimdə müəllim gözəllik yaradıcısıdır.
Onun üçün ideal bir həqiqət var:
Gözəlliklə ağıl müvazi olanda gözəldir.
Gözəl düşünən gözəl yaşayar.
Gözəl danışan gözəl duyğular oyadar.
- Hacı İmamverdinin dinin tədrisi, islam maarifçiliyi ilə bağlı fikirləri maraqlı olardı...
- Eynşteynin peyğəmbərimizin elm öyrənməklə bağlı fikrinə çox uyğun gələn bir deyimini xatırlayıram. "Elmsiz din - topal, dinsiz elm kordur". Sovet hökumətinin dinə, xüsusilə islama qəddar münasibəti bəlli həqiqətdir. Son illər təhsil sistemində aparılan islahatlar dünyəvi məktəblərdə dinin tədrisinə normal şərait yaradılmasını günümüzün zəruri şərtinə çevirir.
Hərdən fikirləşirəm ki, XX əsrin insanlığa verdiyi həyat dərsini heç bir təhsil sistemi, universitet sistemi verə bilməz.
Elmi kəşflərə, klassik və çağdaş ədəbiyyatın, incəsənətin son nailiyyətlərinə biganə olan dayaz düşüncəli "dindar", islami mədəniyyətə qarşı çıxanların əlinə tutarlı dəstəvuz verdiklərinin fərqinə varıblarmı? Dini təəssübkeşliyin az qala unudulduğu məqamda məşhur alman şərqşünası Hans Piter islamı qəbul edib, onun təbliğatçısına çevrilir. Rus şərqşünası Valentina İman xanım ola bilirsə, Suriyaya köçüb dünyada ilk dəfə Quranın rus dilində poetik tərcüməsilə məşğul olursa, bu, artıq İslamın qlobal zəfərinin nişanəsidir.

***

- Bilirsinizmi, biz təmənnasız yaşamış, etdiyi xeyirxahlıqlar üçün əvəz gözləməyi günah sayan ziyalılarla təmasda olmuşuq. Biz öyrənmişik ki, başqasının sevincinə səbəbkar olmaq savabdır, öyrənmişik ki, xeyirxahlıq borcdur. Yaradan səni bu borcu insanlara qaytarmaq üçün xəlq edib. Əsil xeyriyyəçilərin, xeyirxahların çağlar ilhamlı şairə bənzəri var... Hacı Zeynalabdin Tağıyev xalq üçün etdiklərinə nə reklam umdu, nə şöhrət gəzdi... İndi isə...
- İmamverdi müəllimin şöhrətə münasibəti. Təltiflər nə deməkdir insan üçün?
- Bircə onu deyə bilərəm ki, şöhrət gələndə onunla qürurlanmamışam, onu adi qəbul etmişəm... Ömrümün çoxu kommunist rejimi dövründə keçsə də, mən kommunist olmamışam. Səməd Vurğunla, Yusif Məmmədəliyevlə, Rəsul Rza, Ənvər Məmmədxanlı ilə ünsiyyətdə onlardakı sadəliyə, Qara Qarayev kimi dünya şöhrətli dahidə paklığa, məsumluğa heyran olmuşam...
Təltifə gəlincə, hər kəs istəyər ki, cəmiyyət qarşısında xidmətləri, fəaliyyəti qiymətləndirilsin. Ancaq təltifi də ləyaqətlə almaq lazımdır, umacaqla yox...


***

Akademik Dram Teatrı bağlanmaq təhlükəsi qarşısında qalanda Həsənağa Turabovun şəxsən tanımadığı İmamverdi Əbilovdan kömək xahiş etməsi nəylə bağlıydı?
90-cı illərin əvvəlləri. Hər yerdən əli üzülən sənətkar - direktor Neftçalaya gəlib onun qapısını ərklə döyür. İmamverdi müəllim də gəlir icra başçısının yanına... Teatra, mədəniyyətə köməyin vacibliyini dərk etməsi bir yana, rayon rəhbəri həm də onun ziyalı, ağsaqqal nüfuzuna, adına görə, xahiş olunan 100 min əvəzinə 200 min manatın teatrın təmiri üçün köçürülməsinə sərəncam verir.
"...Bilirdim ki, Azərbaycanın bir parçası olan Neftçalada bir türk kişisi yaşayır, el ağsaqqalıdır, əsl xalq ziyalısıdır, poeziyanın vurğunudur, onu dərindən bilir, bədii proseslə nəfəs alır, teatrı da sevir, özü də böyük məhəbbətlə sevir... Sizi eşitdiklərimdən də artıq gördüm.
Məhəbbətlə: Həsənağa Turabov".

***

İmamverdi müəllim çox erkən oyanırmış. Mən də elə bilirəm ki, otaqdan çıxsam, narahat edərəm yatanları. Sevda xanım ev işləri ilə məşğuldur. İmamverdi müəllim də çoxdan oturubmuş kölgədə. Burada suyu pulla alırlar. Sevda deyir, əmiyə görə (qayınatasına belə müraciət edir) sudan çox da korluğumuz yoxdur, amma... həyətdəki ağacların suya həsrət görkəmi ürək ağrıdır. Tərs kimi, işıqlar da söndü. Hamıya tanış vəziyyətdir, amma fikir verdim, bu vəziyyətində də İmamverdi müəllim özünü fikirləşmir, elə hey başqalarını, məsələn, mağaza satıcılarının vəziyyətini dilə gətirirdi, bu istidə ərzaq, ağartı məhsulları zay olacaq, yazıqlar nə qədər ziyana düşəcəklər... Səhər tezdən olsa da, ağsaqqala baş çəkməyə gələn var, deyəsən, xəstəxanada işləyir. İmamverdi müəllim yenə qayğılanır. "Orada generator varmı barı, xəstələr əziyyət çəkəcək yoxsa".
...Dünənki söhbətimiz davam edir. Soruşuram ki, bu qədər imkan ola-ola, əyalətdə qalmağa peşman olmusuzmu heç? Deyir, cavanlıqda rayonda da vəzifələr təklif olunub, Qusara, Cəlilabada I katib, MK-nın təşkilat şöbəsinin müdir müavini, EA Nizami adına Ədəbiyyat İnstitutuna elmi işçi... Getməmişəm. Anamı, bacılarımı kənddə qoyub Bakıya geməyi günah hesab eləmişəm. İndi məni çoxları qınayır.
Əgər doğulduğun torpaqdan ayrılmaq, anaya-bacıya nəvazişi vəzifədən üstün tutmaq qəbahətdirsə - günahkaram. Qəbahət deyilsə, buna görə məni danlayanlar qəlbimi incidib günaha batırlar. Mən əgər əyalətdə qalmağıma peşmanamsa, onda mən "mən" olmaram. Amma bunu təbliğat kimi başa düşməyin.
Deyir, "quşun başı kəndə, quyruğu şəhərə tərəf olarsa, quyruq başdan şərafətli olar..." Mən belə düşünürəm ki, ailə başçısı doğulduğu torpağa bağlanıbsa, övladlarının istedad sorağı mərkəzdən - paytaxtdan gələndə, qəlbinə nur seli axar...
- Hər insanın səhvi olur, yaşa dolduqca hərdən etdiyi səhvləri haq­qın­da övladlarına danışır. Danışır ki, onlar belə səhvlər buraxmasınlar. Sizdə necə?
- Maşallah, evdə 5 nəfərdi. Hamısı ideal deyil ki...
Özümə nəyi rəva bilməmişəmsə, övladlarıma da onu rəva görməmişəm. Mən bilirəm ki, ideal seçməkdə səhv etməmişəm. Övladlarımın heç birindən də narazı deyiləm. Azərdən necə narazı olum? Bütün Azərbaycan tanıyır onu...
"Sizin Azərbaycan xalqı qarşısında xidmətlərinizi üst-üstə yığsaq, "Azər Turanın atası" statusundan ağır və şərəfli ola bilməz. Azər sizin övladınız, millətin iftixarı, mənim isə arzu, əməl və ümidlərimin daşıyıcısıdır.
Turan Cavid".

***

Tibb bacısı gəlib, İmamverdi müəllim üzr istəyib keçir evə... Etibar da gəlib Dədəsinə baş çəkməyə... Talvarın altında bir az oturandan sonra... otağa keçirik... İmamverdi müəllimin dostları səciyyələndirməsi maraqlıdır.
"Bütövdü, sözünün ağasıydı, kirli söhbətlərdən xəstələnirəm", - deyirdi - Rəsul Rzadır bu.
Xudu Məmmədovdan danışmaqdan doymur, onu "təbiətin və təfəkkürün möcüzəsi" hesab edir.
İsmayıl Şıxlıya "ölməzlik imtiyazı" verir. Süleyman Rəhimov İmamverdi müəllimin xatirələrində "Ədəbiyyatımızın Dədə Qorqududur".
"Mərifət meyarı" - Adil Babayev.
Yusif Məmmədəliyevi xatırlayır: zəkası da qəlbi qədər genişdi, - deyir.
Aydın Qaradağlı - aydınlıq mücəssəməsidir.
"Xeyirxahlığa tələsin!"
...amma Səməd Vurğunda olan ürəyi, genişliyi mən heç birində görmədim. Elə bil Allah-taala onu yaradanda qəlbinə qeybət, təkəbbür qoymayıb. Onunla tez-tez görüşmüşəm deyə bilmərəm, hər görüşümüzdə uzun-uzadı ünsiyyətimiz olub da deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, o görüşlərin, ünsiyyətin hər biri mənimçün onillərin ünsiyyətinə bərabərdir.
Danışdığı bir hadisəni xatırladıqca indi də kövrəlirəm. Şair danışırdı ki,
...bir dəfə Ucar tərəflərdə ovdan gəlirdim, Yusif də mənimlə idi. Yolda yük maşını "Pobeda"mızı aşırdı. Ölüm-itim olmadı. Bir müddət sonra qulağıma qəribə atmacalar çatırdı, elə bil məndən nə isə gizləyirdilər. Bir gün bilyard oynayan yerdə yenə eşitdim ki, Səməd Vurğuna yaraşmır heç. Dedim, nə yaraşmaz mənə, nə pıç-pıçıdı belə? Sən demə, yük maşınının sürücüsü həbs olunubmuş, ağır da cəza gözləyir onu. Səhər tezdən birbaş gəldim rayona - milis rəisinin yanına. Bir azdan birinci katib, prokuror, məhkəmə sədri də gəldilər. Xahiş elədim oğlanı gətirsinlər. Dustaq məni görən kimi ağladı. Dedim, ağlama, şükür, salamatlıqdı. Arıq, çəlimsiz sürücü dedi, şükür eləyirəm, şair, neçə il yatsam da, çıxan kimi qurban kəsəcəm.
- Sağ qalmağınamı? Allah qurbanını qəbul eləsin.
- Şair, qurbanı ona demişəm ki, Sizə bir şey olmasın. Sizi salamat gördüm, bəsimdir.
Soruşdum evlisənmi, ailən böyükdümü?
Məlum oldu ki, atası cəbhədən qayıtmayıb, anası kolxozçudur, üç bacısı var. Dedim, nəyin varsa götür, çıx get evinizə, mən səni buraxıram.
Hamı duruxub qalıb, prokuror, rəis məni arxayın eləmək istəyirlər: maddəsini dəyişərik, məhkəmədə mütləq azad edərik, Səməd müəllim.
Elə ordan daxili işlər nazirinə zəng vurdum. Dedim bir dustaq buraxmışam, məni vurub, mən salamatam, bir az Yusifin çənəsi əzilib. Onu da, ata kimi borcumdu müalicə elətdirəm. Xahiş edirəm heç kimi danlamayın, dustağı mən buraxıram... Oğlanın cibinə də zorla bir-iki manat qoya bildim, üz-gözündən öpüb yola saldım...”
- Səməd belə Səməd idi, bu cür adam idi.
Yaradıcılığı öz yerində, Səməd Vurğunun şöhrətinin 50 faizini onun istedadında, yarısını da insanlığında, sadəliyində görürəm. Bunlar bir-birini tamamlayan şeylərdir. "Təkəbbür lovğalığın karikaturasıdır" - belə bir fikir var. Onda, Allaha and olsun, nə təkəbbür, nə də onun karikaturası var idi...
Səməd Vurğunun Neftçalaya gəlişindən (1954), Azərbaycan ziyalılarının birinci qurultayında (1953) M.C.Bağırovun tənqidinə şairin cavabı haqqında danışanda da İmamverdi müəllimin sözləri yığışıb-birləşib bir əmanətə dönürdü, Səməd Vurğunun və İmamverdi Əbilovun sabahlara sözünü çatdırırdı: xeyirxahlığa tələsin.

***

...İşıqlar yanır. Televizor Cəmilənin marağını çəkir. Azər bir albom gətirir... Neftçala rənglərin təqdimatında. Tərtib edəni də Azərdir... Sonra ən müxtəlif mövzulardan, ordan-burdan danışırıq.
...Dünəndən bəri ürək eləmirəm ömür-gün yoldaşından söz salmağa. Onsuz da qəlbi yuxadır və bu nəcib kövrəkliyin nisgilini artırmaq günahdır... Amma ...divardakı şəkil "danışır".

Sənə bir dəstə gül vermək istədim,
Bağlar xəzan oldu, gül tapılmadı.
İndi gül var, səni görmək istərəm,
Yox oldun, gül tutan əl tapılmadı.

...Cəmilə xanımı ağlayır bu misralar...
- Yarım əsrdən çox bir tavan altında halal ömür sürdüyü bir qadından əbədi ayrılıq - kişi üçün dözülməz iztirabdır. Dözürəm, dözməliyəm, kövrəlirəm, hiss edirəm ki, göz yaşı əbədi həmdəmimdir.
...Sonra bir xeyli şəkil çəkdirdik. Düzdür, Azər hələ də o şəkilləri "gətirib çıxarmayıb", amma o anlar bu gün də yaddaşımda şəkil kimi aydındır.
Daha sonra İmamverdi müəllim bir neçə kitabını yazıb mənə bağışlayır. Azərdən də çoxdan istədiyim kitabları "qoparıram".
Və Bakıya qayıtmaq vaxtıdır.
Görüşürük, İmamverdi müəllim "İntiqam müəllimə (dostumun oğluna - belə deyir), "Azərbaycan" jurnalının əməkdaşlarına salam yetirməyi xahiş edir.

***

"Azər­bay­can" jur­na­lı­nın oxu­cu­la­rı­nın ək­sə­riy­yə­ti­nin yad­da­şın­da, duy­ğu­la­rın­da sa­kin olan bu in­sa­nı bir gün kim­lə­rə­sə təq­dim et­mək is­tə­sə­niz, o za­man, bu­du, sa­bah üçün, Ta­rix üçün bir ara­yış.
İ­mam­ver­di Xan­ki­şi oğ­lu Əbi­lov - tən­qid­çi-ədə­biy­yat­şü­nas, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, Tür­k Dünyası Araşdırmaları Uluslararası Biliklər Akademiya­sının üzvü, Pre­zi­dent tə­qaüd­çü­sü, Rə­sul Rza Bey­nəl­xalq mü­ka­fa­tı lau­rea­tı, Maa­rif xa­di­mi, Ədə­biy­yat xa­di­mi, ...
Am­ma mən tər­cü­me­yi-hal yaz­maz­dım. Mən onu be­lə ni­şan ve­rər­dim:

DU­RU­LA­CAQ BİR DÜN­YA.

On­suz da çə­tin­dir hə­ya­tı­mız, on­suz da ağır­dır ya­şa­maq... Bu çə­tin­lik­lər, ağır­lıq­lar, eh­ti­yac, do­la­na­caq qay­ğı­la­rı, səs-küy, ni­zam­sız­lıq, böh­ran­lar... bez­di­rir, yo­rur in­san­la­rı və ko­bud edir, kəm­höv­sə­lə edir və bu ba­sı­rıq­da ən gö­zəl is­ti­ra­hət xoş ün­siy­yət, nə­cib üz­lər, işıq­lı söz, ağıl­lı söh­bət­lər­dir, in­sa­nın in­san­dan al­dı­ğı ru­hi qi­da­dır, ağ ener­ji­dir... Və he­yif ki, elə bun­dan da qıt­lıq çə­ki­rik. Dün­ya­mı­zı, ov­qa­tı­mı­zı du­rul­da­caq bir dün­ya adı­na, ha­ra de­sən get­mə­yə də­yər. Mən Neft­ça­la­ya, İmam­ver­di müəl­li­min adı­na, üzü­nə get­dim.
Mən bu Dün­ya­dan gə­tir­dik­lə­ri­min ço­xu­nu ya­za bil­mə­dim.
Mən ona heç nə de­yə bil­mə­dim.
Am­ma bir ne­çə ay son­ra, qar­lı bir qış gü­nün­də, de­yə bil­mə­di­yim söz­lə­rin ağır­lı­ğı­na gü­cüm çat­ma­dı və...
Sa­lam, İmam­ver­di müəl­lim!
Ye­ni ilin ilk gü­nü­dür və in­sa­nın özü ilə qal­dı­ğı mə­qam­lar­da edə bi­lə­cə­yi, zə­ru­ri he­sab et­di­yi bir iş­lə məş­ğu­lam - Si­zə mək­tub ya­zı­ram... çox­dan­dır mə­nim­lə olan bir hiss uzun il­lər bo­yu ya­dır­ğa­dı­ğım bir vər­di­şi­mi qay­tar­dı; və­ziy­yə­tin, şə­rai­tin və mü­hi­tin dö­zül­məz­li­yin­də güc­süz qa­lan­da ata­ma mək­tub­lar ya­zır­dım və tə­bii ki, on­la­rın heç bi­ri ata­ma çat­mır­dı - atam bi­zim ya­şa­dı­ğı­mız dün­ya­da de­yil­di, bi­zi çox qə­fil, çox er­kən tərk edib dün­ya­sı­nı də­yi­şən­dən son­ra, nə edə­cə­yi­mi bil­mə­yən­də... özü­mü al­da­dır, ata­lı ol­du­ğu­ma inan­dır­ma­ğa ça­lı­şır­dım özü­mü. Bu, çox gü­lünc iş­di bəl­kə də - hə­yat­da ol­ma­yan in­sa­na mək­tub yaz­maq və ən qə­ri­bə­si o idi ki, bir gün hiss edən­də ki, bu, gün­də­lik yaz­maq ki­mi bir vər­di­şə çev­ri­lib - gün­də­lik heç vaxt so­na­dək ya­zıl­mır, in­sa­nın bir gün ər­zin­də dü­şün­dük­lə­ri­nin, du­yub-hiss et­dik­lə­ri­nin on­da bi­ri­ni yaz­ma­ğa gü­cü və cə­sa­rə­ti, vax­tı çat­mır, bu da qey­ri-sə­mi­mi­lik ki­mi gö­rün­dü mə­nə, bu­na da son qoy­dum. Real­lı­ğı qə­bul et­dim yə­ni - bü­tün ya­zıb bi­tir­di­yim, ya­rı­la­dı­ğım, es­kiz­lə­ri­ni cız­dı­ğım ya­zı­la­rım­la bir­lik­də bu mək­tub­la­rı da yan­dır­dım. O alo­vun dil­lə­ri in­di də gö­zü­mün qa­ba­ğın­da­dır, san­ki hə­ya­tım, ya­şa­dı­ğım ömür ya­nır­dı qa­ba­ğım­da və mə­nim heç nə­yi də­yiş­mə­yə gü­cüm çat­mır­dı. O güc­süz­lük için­də ağ­lı­ma gəl­miş­di ki, əgər bun­dan son­ra nə yaz­sam, ha­mı­sı bir ömür ya­zı­sı­nın his­sə­lə­ri ola­caq və bu bü­töv ya­zı­nın adı, için­də nə ya­zı­la­ca­ğın­dan, nə­dən və hansı ovqatla ya­zı­la­ca­ğın­dan ası­lı ol­ma­ya­raq, də­yiş­mə­yə­cək: mə­ni sev­dik­lə­rim öl­dür­dü.
Am­ma, gö­rü­nür, Al­lah ya­rat­dı­ğı­na bən­də qə­dər qəd­dar de­yil və mə­nim, hə­ya­tım­da çox az da ol­sa, qəl­bə tə­pər ola bi­lə­cək, tə­mən­na­sız yax­şı­lıq et­mək­dən zövq alan in­san­lar­la rast­la­şan­da gəl­di­yim qə­naə­tim bu­dur.
Bəl­kə də Azər­bay­can­da­kı çox bö­yük ək­sə­riy­yə­tin Si­zə de­yə bi­lə­cə­yi bir sö­zü mən də de­yi­rəm.
Mən Si­zi çox­dan ta­nı­yır­dım - haq­qı­nız­da eşit­mi­şəm, ya­zı­la­rı­nı­zı oxu­mu­şam.
Ya­zı ada­mı­nı şəx­sən ta­nı­maq o qə­dər də va­cib de­yil, mən­cə. Bəl­kə də bu­nun için­də­ki qor­xu güc­lü­dür - in­san­la­rı ta­nı­yıb itir­mək qor­xu­su. Ona gö­rə də şəx­si ta­nış­lıq mə­nim­çün çox çə­tin pro­ses­dir - bir­dən ək­si­ni gö­rə­rəm, de­mə­li, bir in­san ölər içim­də, bir in­san itər mən­də...
A­çı­ğı­nı de­yim ki, Si­zin ya­zı­la­rı­nı­zın için­də gün­lə­ri­mi­zin ov­qa­tı­na heç bən­zə­mə­yən tə­miz, du­ru, köv­rək həs­sas­lıq, çı­xış­la­rı­nız­da se­zi­lən "qə­rib ha­va" de­yir­di ki, bu "öl­çü-bi­çi", bu "səh­man" görk üçün, gö­rün­mək­çün, he­sab­lan­mış ola bil­məz... Bəl­kə də be­lə yaz­maq, dü­şün­mək mə­nim haq­qım de­yil, qə­ba­hə­tim­dir, am­ma... nə edim ki, mən di­li ilə ürə­yi­ni "si­ya­si dü­şün­cə­yə" öy­rə­də bil­mə­yən­lər­də­nəm. İn­di də, ötüb ke­çən 2008-ci il­dən nə qal­dı, mən­dən nə apar­dı ge­dən il - de­yə dü­şü­nən­də, apar­dıq­la­rı­nın çox şey ol­du­ğu­nu gör­səm də (adi il­di, ye­nə də al­da­nı­rıq, ye­nə də ina­nı­rıq, nə­yə isə çat­mı­rıq, sar­sı­lı­rıq, kim­sə göz­dən dü­şür, ki­mi­sə "si­lir­sən dəf­tər­dən" və s. və i. a.), bu il­dən kə­miy­yə­tə gö­rə na­ra­zı­yam­sa da, "key­fiy­yə­tə" gö­rə çox ra­zı­yam.
Si­zin­lə şəx­sən ta­nış ol­du­ğum av­qust gün­lə­ri­nin au­ra­sı bu gün də mə­nim­lə­dir, İmam­ver­di müəl­lim. Si­zin ki­tab­xa­na­nız­da elə bir ha­va, elə bir təl­qi­ne­di­ci güc hiss et­dim ki, o sa­at ba­şa düş­düm: bu, mə­nim öm­rüm bo­yu yol gəl­di­yim otaq­dı və bu ota­ğın au­ra­sı yaz­ma­ya­nı da ya­zı­çı edər. Söh­bət ki­tab­la­rın çe­şi­din­dən, in­for­ma­si­ya­sı­nın bol­lu­ğun­dan get­mir, bu, söz­lə izah olun­ma­ya­caq ya­ra­dı­cı po­ten­si­ya, özü­nəi­nam və ya­za bil­mə­mək əza­bı­nın bir­mər­rə yo­xa çıx­dı­ğı­nı hiss edib yün­gül­ləş­mə­yin gə­tir­di­yi qəlb ra­hat­lı­ğı­nın özü idi. Bil­mi­rəm baş­qa­la­rın­da ne­cə­dir, mən yaz­maq­çün ye­rin, səm­tin və ov­qa­tın da­ma­rı­nı tut­ma­lı­yam və bun­la­rın üçü­nü bir ye­rə yığ­maq çox zü­lm iş­dir. Bəl­kə bu, ba­ca­rıq­sız­lıq və is­te­dad­sız­lıq əla­mə­ti­dir, bəl­kə adi cız­ma­qa­ra­çı­nın fə­ra­sət­siz­li­yi­ni ört-bas­dır et­mək cəh­di­dir, bil­mi­rəm, hər hal­da, hər­dən nə isə yaz­ma­ğa cəhd edən­də Si­zin o mü­ba­rək ki­tab­xa­na­nı­zı gö­zü­mün qa­ba­ğın­da can­lan­dı­rı­ram, mə­nə elə gə­lir ki, sto­lun ar­xa­sın­da otu­rub­suz və si­ra­yə­te­di­ci təm­kin və səb­ri­niz­lə söz­süz-səs­siz "ya­za­caq­sı­nız" de­yir­siz. Və be­lə­də... mən­də be­lə hiss ya­ra­nır ki, yaz­maq is­tə­dik­lə­ri­min ha­mı­sı­nı ya­za bi­lə­cə­yəm. Siz­dən üzr is­tə­yi­rəm ki, mən sö­zü­nü çox iş­lə­di­rəm. Bu, bəl­kə də mə­nim dos­tum, bö­lü­şə bi­lə­cə­yim in­san­la­rın yox­lu­ğu ilə bağ­lı­dır. İn­san ru­hu­na, dü­şün­cə­lə­ri­nə ya­xın olan kəs­lər­lə da­nı­şan­da, yə­qin, ra­hat və asan olur.
Zöv­qü­nə və dü­şün­cə tər­zi­nə, rə­yi­nə hör­mət et­di­yim və he­sab­laş­dı­ğım bar­maq­la sa­yı­la­caq in­san­la­rın hər bir ya­zım haq­qın­da söy­lə­yə­cək­lə­ri fi­kir­lə­ri ne­cə ni­ga­ran sək­sə­kə ilə göz­lə­yi­rəm­sə, in­di hər də­fə yaz­ma­ğa baş­la­yan­da,­ son nöq­tə­ni qo­yan­da, həm də fi­kir­lə­şi­rəm ki, İmam­ver­di müəl­li­min fik­ri, rə­yi ne­cə ola­caq gö­rə­sən? Həm də bu tək­cə bir ədə­biy­yat­şü­nas-ali­min, söz xi­ri­da­rı­nın rə­yi­ni-fik­ri­ni bil­mək ni­ga­ran­­lı­ğı de­yil...
İ­mam­ver­di müəl­lim, Si­zin ki­tab­la­rı­nı­za av­toq­raf ya­zı­la­rı­nı­zı Neft­ça­la­dan Ba­kı­ya qa­yı­dan­da oxu­ma­dım. Hət­ta o ya­zı­la­ra bax­ma­ğa da ürək elə­mə­dim. Av­toq­raf ya­zı­lar mən­dən öt­rü in­sa­nın söz­lə çək­di­yi port­re­ti­dir və mən o söz-port­ret­lə duy­ğu­la­rım­da­kı İmam­ver­di müəl­li­min fərq­li ola bi­lə­cə­yin­dən qor­xur­dum, çox qor­xur­dum. Və... mən si­zə də­rin min­nət­dar­lı­ğı­mı ifa­də et­mək is­tə­yi­rəm. Mə­nim bu qə­dər möh­tac ol­du­ğum, il­lər­di ara­dı­ğım - göz­lə­di­yim o iki kəl­mə­yə gö­rə... Mən o söz­lər­də, atam­dan son­ra ilk də­fə idi ki, Ata qay­ğı­sı, Ata mə­həb­bə­ti duy­dum... Bu ilıq, yup­yum­şaq nə­va­ziş üçün çox sağ olun!!!
Nə­cib və ali­cə­nab dü­şün­cə­niz üçün sağ olun!
Si­zin­lə ke­çən vax­tı öm­rüm­də qa­zanc və sər­vət adı­na ya­zı­lan ən gö­zəl gün­lər­dən he­sab edi­rəm və çox təəs­süf­lə­ni­rəm ki, Si­zin­lə gö­rüş­mək ar­zum vax­tın və mə­sa­fə­nin əlin­də qa­lır... Am­ma yə­qin gö­zəl­li­yi də bun­da­dır - işıq­lar uzaq­lar­da be­lə qəl­bə is­ti­lik və ra­hat­lıq ve­rir­lər.
İ­şı­ğı­nı­zı və oca­ğı­nı­zı Al­lah qo­ru­sun!
Gö­rü­şü­müz­lə vax­tı­nı­zı al­dım­sa, Si­zi yor­dum­sa üzrlü sa­yın. Bu­nu, həm də Si­zə mü­na­si­bə­ti­min mü­qa­bi­lin­də öv­la­dın Ata­sı­na ər­ki qə­bul edin. Bir hal­da ki, bə­zən sö­zün güc­süz ol­du­ğu­nu sö­zün özü­nə sez­dir­mək­dən­sə, vax­tın "oğ­ru­su" ol­ma­ğın da­ha mən­tiq­li ol­du­ğu­nu qə­bul edən dü­şün­cə var, on­da...
Sağ olun ki, Var­sı­nız.