Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI



 

AZƏR ABDULLA


 
HAVALI SULAR, SEVDALI SULAR

* mini poema
                                   Dahi şairimiz Füzuliyə



Ən qədim, ən uzun sonsuz bir yoldu
Yorulmur, gecə də, gündüz də axır.
Nəşəli, qüssəli, sevdalı sular
Gah yerlə yüyürür, gah göyə qalxır.

Unutmuşdu haçan qalxıb göylərə
Günəşə baxırdı, gülümsünürdü,
üzürdü goy üzündə qayğısız
ağappaq, bəmbəyaz
pəmbə buludlar.
Darıxdı, darıxdı Yer üçün birdən,
tökdü qaşqabağın, çatdı qaşını,
döndü birdən oldu
qara buludlar.
Dolmuşdular,
ağlamaq istəyirdilər zarı-zarı
boşaldılar, qopdular
üz tutdular sevgili Yerə sarı.
İnci təkin,
daş-qaştəkin
səpələnib töküldülər
dağa-daşa, yar-yamaca
cocuq-cocuq damcılar.
Bacı kimi, qardaş kimi,
dost kimi, tanış kimi
əl-ələ tutuşdular,
bir az hirslə, hikkəylə,
bir azacıq sevgiylə
atıldılar, düşdülər,
bir-birinin həvəsinə,
bəhsinə
hoppandılar, düşdülər,
qışqırıb oynaşdılar,
öpüşüb qucaqlaşdılar,
cici-bacı damcılar.
Qaynayıb qovuşdular
başında Göy havası,
qəlbində Yer sevdası
yellənib üzaşağı
başladılar səslə-küylə
qışqırışmağa,
dəli-dolu qaçmağa...
Hara tələsirdilər,
kim qovurdu suları,
elə qaçırdı sular,
elə tələsirdi,
sanki qala divarını
aşıb qaçan
ac-yalavac əsirdi.
Cığırla bölük-bölük,
selovla dəstə-dəstə,
dərəylə qoşun-qoşun
tələsik, qaranəfəs
qoşulub axırdılar.
Hirsini, hikkəsini
tökməyə, dağıtmağa
bir suçlu arayırdı,
torpağı, ağacları,
çınqılları, daşları
yoğururdu, əzirdi,
bir günahkar gəzirdi.
Yamacı yalayır,
dağı sökürdü,
özünü çırpırdı kötüyə, daşa,
itirmişdi yolunu,
itirmişdi başını,
lillənmişdi, bulanmışdı,
qan tutmuşdu gözünü
başı lovlu, pələsənk
atdı qayadan özünü.
Bir az da azğınlaşdı,
dönüb quduz sel oldu,
qatdı qabağına bərəni, bəndi,
uçurtdu körpünü,
süpürüb apardı qədim bir kəndi,
doldurdu ləbələb dərin dərəni,
qəfildən aldı, apardı,
itirdi sellər Saranı...

***

Çatanda arana yoruldu sellər,
uzandı, yayıldı, sərildi sular,
ayıldı düzlərdə, şoranlıqlarda,
sevgiylə yaladı dəvətikanını,
canına yayıldı mehriban sular
ürəyi od tutub yanan yovşanın,
qara yoncanın,
soluxmuş, qarsımış,
otun-əncərin...
Əl-ələ tutuşan, qol-qola girən
havalı sular, sevdalı sular
axdılar, axdılar geçəbəgündüz
yoruldular axan çay olmağından
yığışıb bir yerə dəniz oldular.
Dincəldilər,
arındılar lilindən, çamurundan,
duruldular,
üzü nurlu,
par-par yanan ayna kimi
bir mələyə döndülər.
Gecələr ulduzlar,
bədirlənmiş Ay,
gündüzlər mavi Göy,
Günəşlə birgə
güzgüləndilər.
Yoruldular uyumaqdan,
dincəlməkdən,
bezdilər durğunluqdan,
diksindilər, titrədilər,
tərpəndilər ləpə-ləpə,
böyüdülər, ucaldılar,
qabardılar təpə-təpə
böyüdülər, böyüdülər,
dalğalar dağa döndü,
bəyaz-bəyaz saçaqlandı,
telləndi.
Qovuşdu dəniz dənizə,
ləngərləndi, çalxalandı,
çevrildi okean oldu,
Yeri yerindən oynatdı...

***

Bu sular hardan gəlir,
tələsir hara gedir,
yerin təkinə axır,
göyün üzünə qalxır.
Yeriyən, nəfəs alan,
hər yerdə, hər canda su,
dövr edən hər qanda su,
köklərdə, gövdələrdə,
yarpaqlarda, dalda su,
cəhənnəmdə, cənnətdə,
zəhərdə su, balda su...

***

Axdı sular yoruldu,
bezəndə su şəklindən
çevrildi bulud oldu,
çevrildi dolu oldu,
dənizlər buza döndü,
qorumaqçün şaxtadan,
ağaclara, otlara
bəmbəyaz yorğan oldu.
Yerdə ağ atlı sular,
göydə qanadlı sular,
min arzulu, sevdalı,
havalı, muradlı sular...

***

Milyon-milyon illərdi
fırtına diliylə, tufan diliylə,
ildırım diliylə, gurşad diliylə,
leysanlar, daşqınlar, sellər diliylə,
işığı, paklığı, bərəkətiylə
eyhamla, him-cimlə, anlatdı sular,
Yersə anlamadı, Yer eşitmədi...

***

Milyon illərdi yumaq istəyir
Yerin hikkəsini, Yerin pasını,
Yerin ləkəsini, yol azmasını,
Yerin suçlarını, Yerin hisini.
Qucaraq sevgiylə,
çay qollarıyla,
okean sinəsiylə bağrına basıb
ucaltmaq istəyir Yeri Göylərə.
Yerin günahının ağırlğından
qaldıra bilmir, ucalda bilmir.
Oğulu, uşağı, əzizi bilib
eybini, suçunu
ört-basdır etmək
gizlətmək üçün
daşıb coşacaq,
ağlaya-ağlaya,
həm də hikkəylə
mehriban, dos-doğma,
bu simsar sular
yenə də, yenə də
Yer üzünü basacaq bir gün.

Sular, havalı sular,
sular, sevdalı sular,
sular Yerin aşiqi,
sular Göyün aşiqi.

1977-2009