Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI



 

HÜSEYN KÜRDOĞLU


 
BULAQ

Yurdumun eşqini gözündən içdim,
Gördü bu dünyanı gözüm, ey bulaq!
Büküb dizlərimi əyildim sənə,
Bir də bükülmədi dizim, ey bulaq!

Gözəl aşiqisən gözlərim kimi,
Oynaqdır suların sözlərim kimi.
Yolunda qeyb olan izlərim kimi,
Dünyadan itməsin izim, ey bulaq!

Şeirimdən hər yanda min soraq olsun,
Ellərin yanında üzüm ağ olsun.
Qoy ürək sinəmdə bir bulaq olsun,
Axıb tükənməsin sözüm, ey bulaq!

ARAZ

                     Araz, Araz, can araz,
                     Mən sənə qurban Araz.
                     Zaman məni yandırıb,
                     Sən də alış, yan Araz!

                                         (Bayatı)

Ayrı düşən bu dağların göz yaşından çağlarmısan?!
O sahilə yol istəsəm keçidləri bağlarmısan?!
Gəlib keçən dövranları xatirində saxlarmısan?!
Biganələr duya bilməz gülərmisən, ağlarmısan?!
Dərdin nədir mən bilirəm, gözüm Araz, canım Araz!
Atəşimə su çiləmə, qoy alışıb yanım, Araz!

Üzün qanlı, qeyzin iti, səbrin böyük, eşqin dərin,
Bir vüsalın həsrətidir könül yaxan dərdi-sərin.
Söylə, sonu nə vaxt gələr hicran qəmli bu illərin?!
Ellərimin qədəminə həsrət çəkir Xudafərin.
Ürəyimdə sənin kimi qıjov tutur qanım, Araz!
Atəşimə su çiləmə, qoy alışıb yanım, Araz!

O kimsəsiz daş körpüdən nə karvanlar keçib getdi,
Xaqani də yol üstündə sularından içib getdi.
Sahilində neçə dahi bu dünyadan köçüb getdi,
Babək çəkdi qılıncını, düşmənləri biçib getdi.
Koroğlular şərbətisən, şərafətim-şanım Araz!
Atəşimə su çiləmə, qoy alışıb yanım, Araz!

Qəzəbindən sığışmırsan qayaların arasına,
Sədd eyləmiş zaman səni ürəyimin parasına.
Bu intizar ağrısının inanıram çarasına,
Loğman doğdu vətən məni məlhəm qoyam yarasına,
Səttar xanı, Bağır xanı yada salım, anım, Araz!
Atəşimə su çiləmə, qoy alışıb yanım, Araz!

Ürəyimdən od püskürər - zərdüştlərin övladıyam,
Alov saçan bu torpağın arzusuyam, muradıyam.
Qarabağdan ayrı düşən Qaradağın fəryadıyam,
Hüzurumda dağmı durar, azadlığın Fərhadıyam!
Ümidimi, diləyimi sönməz günəş sanım, Araz?!
Atəşimə su çiləmə, qoy alışıb yanım, Araz!

OXU, QARATOYUQ

                       Akademiyanın bağında bir qaratoyuq oxuyur.

                                                Professor Camal Mustafayevə

Oxu, qaratoyuq, min bir həvəslə
Dinləyim nəğməni yeddinci qatdan.
Şirin cəhcəhinlə könlümü səslə,
Oxu ilk bahardan, oxu həyatdan!

Qələmə, kağıza heç yatmır əlim,
Fikirlər dağılıb uçur başımdan.
Çağır, bir quş olub yanına gəlim,
Birlikdə söz açaq əzəl yaşımdan.

Geniş pəncərəni açıb taybatay,
Gəzirəm doluxmuş gözümlə səni.
Məni öz dostun say, öz sirdaşın say,
Oxşaram şeirimlə-sözümlə səni.

Bəlkə üzü dönmüş o dağlar qızı
Kövrəlib sorağa göndərib səni.
Bəlkə xəyalısan, bəlkə arzusu,
Sehr ilə bir quşa döndərib səni?!

O çaylı-çeşməli sıx ormanların
Qoynundan ayrılıb hara gəlmisən?!
Nədir bu şəhərlə əhdin-ilqarın,
Yoxsa həsrətimə çarə gəlmisən?!

Qəfil pırıltıyla budaqdan uçan,
Bizi diksindirən sən deyilmidin?!
Alatoranlığa nəğmələr saçan,
Könül sevindirən sən deyilmidin?!

Budaqlar üstündə oynadıqca sən,
Hərdən üstümüzə şeh də çilərdin.
Közərmiş dodağın busələrindən
Oda yandığımı sanki bilərdin.

Nə yaxşı gəlmisən, a sevdalı quş,
Nəğmən o günlərin həzin töhfəsi!
Səni təbiətmi qara boyamış,
Yoxsa ilk eşqimin hicran gecəsi?!

Oxu! O bülbüllü, qaratoyuqlu,
Əlikli meşəni anım doyunca.
Oxu, qoy ərisin hicran soyuğu,
Xatirat qoynunda yanım doyunca!

Oxu! Keçən günlər bir-bir oyansın,
Kürdoğlu dağlardan aralansa da.
Oxu, bu həsrətə dözsün, dayansın,
Köksündə ürəyi paralansa da!

QAZDIR MƏZARIMI DAĞLAR BAŞINDA

Qazdır məzarımı dağlar başında,
Dağlar deyə-deyə həsrətdən öldüm.
Orda bir sevdanın ağlar səsi var,
Andım yana-yana, möhnətdən öldüm.

Getməz qulağımdan o ilahi səs,
Odur qanımda od, sinəmdə nəfəs.
Hicran qəfəsiymiş ömrümüz, qəfəs,
Çırpındım içində, heyrətdən öldüm.

Əzəldən yox imiş arı dünyanın,
İblisin özüymüş yarı dünyanın.
Min əməldən çıxan qarı dünyanın
Verdiyi zəhərli şərbətdən öldüm.

Əkiz doğulurmuş yaxşıyla yaman,
Haqqın gözlərini tutubmuş duman.
Mənə nə yaxşılıq eyləmiş zaman,
Boynuma qoyduğu minnətdən öldüm!

Görən yox düz yolu başdan əyəni,
Dünyanı qurd kimi basıb yeyəni.
Könlüm eşitmədi ağlım deyəni,
Tənədən, təhnizdən, töhmətdən öldüm.

Küskün taleyimdən küsə bilmədim,
Tufanlara dönüb əsə bilmədim.
Nifrət toxumunu kəsə bilmədim,
İçimi yandıran nifrətdən öldüm.

Keçəl həmzələr də Qırata mindi,
Bir deyil, beş deyil, əllikimindi.
Çay daşı dürdanə sayılır indi,
Bihudə çəkdiyim zəhmətdən öldüm.

Şəkər sandığıma mən bibər oldum,
Dərdimi çəkənə dərdi-sər oldum.
Yalnız röyalarda bəxtəvər oldum,
İlğıma çevrilən şəfqətdən öldüm.

Qazdır məzarımı dağlar başında,
Axır ki, yenildim qəm savaşında.
Yazdır bu sözü də sinə daşımda:
İşıqdan yarandım, zülmətdən öldüm!
QALMADI

Döndü düşmən tapdağına,
Çiçəklik-güllük qalmadı.
Başımıza sovurmağa
Vətəndə küllük qalmadı.

Satmışıq namusu-arı,
Xainlər düşmənlə yarı.
Dağlarda dağlıq vüqarı,
Çöllərdə çöllük qalmadı.

Çıxmadıq ər sınağından,
Qaçdıq namərd qabağından.
Bu Qarabağ torpağından
Bizə bir bellik qalmadı.

Gün sızladı, ay ağladı,
Həm çeşmə, həm çay ağladı.
Çəkdi min ah-vay ağladı,
İllərdə illik qalmadı.

Yoxdur ədalət divanı,
Kim kəsər tökülən qanı?!
El saxlar şair olanı,
Eldə də ellik qalmadı.

VƏTƏNSİZ OLARMI?

Gülüstandır gül məkanı,
Gül də vətənsiz olarmı?!
Hər küləyin öz səmti var,
Yel də vətənsiz olarmı?!

Bitirən var hər bitəni,
Yetirən var hər yetəni.
Tarixdir vaxtın vətəni,
İl də vətənsiz olarmı?!

Sevincin də, dərdin də var,
Namərdin də, mərdin də var.
Dilin varsa, yurdun da var,
Dil də vətənsiz olarmı?!

Hər avaz bir teldən gələr,
Ya bəmdən, ya zildən gələr.
Göz yaşı könüldən gələr,
Sel də vətənsiz olarmı?!

Uyma şirindilli yada,
Yurdun-yuvan gedər bada.
Min bir el var bu dünyada,
El də vətənsiz olarmı?!

DİVANƏDƏN BETƏR

Ağarmış sünbüldən tökülmüş dənəm,
Çətin ki, göyərib bir də görsənəm.
Divanədən betər divanə mənəm,
Görəndə gen gəzir divanə məndən.

Od saçan ahlarım ucaldı göyə,
Taleyim quzeydən çıxmır güneyə.
Bir də eşq oduna yanmazam deyə,
Kəsdi dostluğunu pərvanə məndən.

Alındı alınmaz uca qalalar,
Dağları bürüdü qanlı bəlalar.
Laçın yuvasında bayquş balalar,
Daha nə gözləsin viranə məndən.

Sinəm döndüsə də gur bulaqlara,
Nəğməm yetişmədi kar qulaqlara.
Qartal adı verdi yapalaqlara,
Kor kimi yan keçdi zəmanə məndən.

Ümidim yel vurub sönən çıraqmı,
Sabahkı günlərim qaramı, ağmı?!
Bir inci sərrafı tapılacaqmı,
Qalsa bir xəzinə dürdanə məndən?

Kürdoğlunun dərdi saçlarında qar,
Bu gün yer üzündə həqiqətmi var?
Həmnəfəsim olan dörd soyuq divar,
Dinləmiş nə qədər əfsanə məndən.

TORPAQ YUXUSU

Yaxşı ki, cocuqkən uyutdu məni,
Duru bulaq kimi o dağ yuxusu.
Məxmər çəmənlərdə, ağ alaçıqda,
Çiçək ətri gələn yaylaq yuxusu.

Sözün atəşiylə yanandan bəri,
Bağrıma çox batdı dərdin neştəri.
Bəzən kirpiyimlə açdım səhəri,
Doyunca yatmadım yataq yuxusu.

Halımı duyanlar yanar-yaxılar,
Sanaram üstümə göylər yıxılar.
Çıraq gecə yanar, gündüz yuxular,
Məndə yoxdur o da - çıraq yuxusu.

Xilaf çıxmamışam getdiyim yola,
Tanrı kərəm qıla, boşalan dola.
Barı yaz gecəsi qismətim ola,
Bir çiçək yuxusu, yarpaq yuxusu.

Gözündə ot bitən adsız bulağam,
Könüldən aralı, gözdən uzağam.
Bu dünya mülkündə vaxtsız qonağam,
Acıdır biurvat qonaq yuxusu.

Dərd var ki, önündə loğman da laldır,
Səadət deyilən hələ xəyaldır.
Şair yaranmışam, mənə halaldır,
Rahat və əbədi torpaq yuxusu.

DÖRDLÜKLƏR

Əsməcə tutanda əlim oynayır,
Ağrıdan dodağım-dilim oynayır.
Yanır çırpı kimi qoca günlərim,
Küləklər ağzında külüm oynayır.

***

Əzab görməmişdim hələ bunca mən,
Ayıldım tanrıdan mehr umduqca mən.
Qeyri daş qoymayın məzarım üstə,
Laçın alınmasa göz yumunca mən.

***

Qocalıq nə yaman tez yıxdı məni,
Bəlkə də bir xain göz yıxdı məni.
Deyə bilmədiyim bir dünya söz var,
Bu yükün altında söz yıxdı məni.

***

Şeirimizdə bir Kürdoğlu yarandı,
Fərhad kimi o da dağlar yarandı.
Qələmindən ayrıldığı günədək
Dilindəydi vətən andı, yar andı.

***

Məhşər imiş dünya, gördüm gözümlə,
Öz dünyamı aparıram özümlə.
Əzizlərim, ağlamayın mənimçin,
Mən özümü ağlamışam sözümlə.

***

Hər gecə bir payız gurşadı gəlir,
Qaçqın el gözünün muradı gəlir.
Viranə dağlarda bayquşdur yuxum,
Xəzər sahilinə fəryadı gəlir.

***

Söyləyə bilirmi dilim dərdimi,
Yığdı, şələ vurdu əlim dərdimi.
Sındı sümüklərim quru çöp kimi,
Saxlaya bilmədi belim dərdimi.

***

Dolama yolları kəsə gəlmişəm,
Bir acı xəbərə, səsə gəlmişəm.
Kəsiblər qayada bitən palıdı,
Eşidib, dağlara yasa gəlmişəm.

***

Bu dünya mülkündən ötən ağlayır,
Yüyürən sevinir, yetən ağlayır.
Qocalar öləndə matəm tutsa da,
Körpələr öləndə vətən ağlayır.

***

Mən vətənin qayğısından hələ paysız vətəndaşam,
Gözütoxlar sırasında yəqin taysız vətəndaşam.
Təltif eylər Vətən məni son mənzildə bir daş ilə,
Umacaqsız, qışqırıqsız, hay-haraysız vətəndaşam.

***

Sən də Od yur­du­nun bir və­tən­da­şı,
Ər­zi gəz, qəl­bin­də bir və­tən da­şı.
Xoş­bəxt de­yi­lik­mi, si­nə­miz üs­tə
Ölən­də qo­ya­lar bir və­tən da­şı?!
***

Ya­man di­van tut­du cey­ra­na ya­ğı,
De­mə­dik ha­yıf­dır cey­ran, a ya­ğı!
Bir­yol­luq kə­sil­di Mil­dən, Mu­ğan­dan,
Qam­çı­ya sap ol­du cey­ran aya­ğı.

***

Ye­nə də baş çə­kim Ağ­da­ma gə­rək,
Qar­qa­rın su­la­rı Ağ­da­ma gə­rək.
Bu ye­rin qəd­ri­ni bil­mə­yən­lə­rin
Qa­ra göz­lə­ri­nə ağ da­ma gə­rək.

***

Öm­rün son mən­zi­li daş­la rah­la­şar,
Dost-ta­nış üs­tü­mü daş­lar, ağ­la­şar.
Araz­dan keç­mə­miş get­səm dün­ya­dan,
Araz kör­pü­sün­də daş­lar ağ­la­şar.

***

Yıx­sın qar­şı­sın­dan Araz ba­rı­nı,
Ye­yək Kür ba­rıtək Araz ba­rı­nı.
Araz kör­pü­sün­də qoy bir tar ça­lım,
Sa­hil­lər din­lə­sin “Araz­ba­rı”nı.

***

Ər­zu­rum da­ğın­da bir Lə­lə ya­tar,
Uç­du, mə­zar ol­du bir lə­lə­yə tar.
Kə­rə­min dər­di­ni ya­za­caq de­yə,
Hər dur­na bu ye­rə bir lə­lək atar.

***

Eş­qin od­la­rı­nı qa­la kön­lü­mə,
Ölün­cə atə­şi qa­la kön­lü­mə.
Ay­rı­lıq yüz kə­rə yü­rüş ey­lə­miş,
Yol ta­pa bil­mə­miş qa­la kön­lü­mə.

***

Sev­di­yim yo­lum­da ba­şın­dan ke­çər,
Əri­yər şam ki­mi ba­şın­dan, ke­çər.
Dur­na qa­ta­rı­na qo­şu­lar kö­nül,
Köl­gə­si ya­rı­mın ba­şın­dan ke­çər.

***

O qı­za ney­lə­din, a ya­ğı bu­laq,
Kə­sil­miş üs­tün­dən aya­ğı, bu­laq?!
Bir za­man di­ri­lik şər­bə­tim ol­dun,
İn­di, ay zəh­ri­mar, ay ağı bu­laq!..

***

Aşa­ğı­da ya­nıq düz­lər ça­lı-ça­lı,
Yu­xa­rı­da qar­lı dağ­lar xa­lı-xa­lı,
Biz du­man­da gö­rüş­mə­yə can atı­rıq,
Na­mərd du­man hey çə­ki­lir da­lı-da­lı.

***

Qo­cal­dıb gə­tir­di dərd qı­şa mə­ni,
Gör sal­dı nə ya­man sərt qı­şa mə­ni.
La­çın tor­pa­ğı­na qis­mət ol­ma­sam,
Pay ve­rin çöl­lər­də qurd-qu­şa mə­ni.

***

Bir ömür tə­zə­dən vax­tım olay­dı,
Ağ si­nən şir­ma­yı tax­tım olay­dı.
Qı­zıl it­dən qa­çıb qoy­nu­na gi­rən
Ala pi­şi­yin­cə bax­tım olay­dı.

BAYATILAR

Güdməsin hicran bizi,
Eylər bağrıqan bizi.
Aşiqlərin ahıdır,
Gizlədir duman bizi.

***

Dağ kükrər, başdan yanar,
Od saçar, daşdan yanar.
Kövrəkdir məzar daşım,
Ağlama, yaşdan yanar.

***

Dolu kişnər,
Buludlar dolu kişnər.
Didərgin duşən elin
Dalınca yolu kişnər.

***

Sazağa bar dayanmaz,
Həsrətə yar dayanmaz.
Bu dağın nə dərdi var,
Döşündə qar dayanmaz?

***

Gülə həmdəmi qurban,
Bülbüllər cəmi qurban.
Gəlsən quzum yox kəsəm,
Kəsərəm qəmi qurban.

***

Tərlanımın ovu yox,
Qılıncımın sovu yox.
Minmişəm dərd atına,
Başında cilovu yox.