Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI



 

MƏCNUN GQYÇƏLİ


 
QAYTARIN MƏNƏ

Necə deyim tükəndim, candan ayrılır bədən,
Hələ qəmkeş sarvanım karvan çəkir qüssədən.
Qələmim şiş qayalar, varaqlarım duman, çən! -
Sözümü bitirməyə zaman qaytarın mənə.

Dincliyim qanad geyib, uçub getdi ömürdən,
İqbalımın güzgüsü sığal çəkir kömürdən.
Sərraf könlüm gəməşib, seçmir gümüşü dürdən,
Gümanım oda yandı, aman qaytarın mənə!

Hönkür-hönkür qocalan anasıyla görüşə!
Ömür-gün yoldaşının vəfasıyla görüşə!
Yeri, göyü ağladan balasıyla görüşə!
Ayselli dövranımdan bir an qaytarın mənə!

2.IX.2008

FƏLƏK

Bir hana qurdurub qubar evimdə,
Tənəzzül xalısı toxuyur fələk!
Ağlaya-ağlaya yazdığım şeiri
Hər gün gülə-gülə oxuyur fələk!

Çöküb yaddaşına dağın-daşın da,
Neçə səhnəsi var məzar başında.
Hərdən gülab olur gözün yaşında,
Hərdən də gül-çiçək qoxuyur fələk!

A Məcnun Göyçəli, üz tutub göyə,
Hönkürmə, ah çəkib, of deyə-deyə!
Könlümün çırağı yanmasın deyə,
Bağrımın başında uyuyur fələk!

7. IX.2008

BİRCƏ KƏLMƏ SÖZƏM MƏN

Yaman yerdə qəza vurdu, yıxıldım,
Elə billəm qəm-qüssəyə izəm mən.
Sahil uzaq, ümman dərin, zaman dar,
Bir yol qalır - qəmdən-qəmə üzəm mən.

Qəfəsdəyəm, ney könlümdə köklənib,
Mətləbimə zaman yükü yüklənib!
Ah-amanım buludlara söykənib,
İllər boyu yaş tökəsi gözəm mən!

Məzar daşın nida kimi dikəlmiş,
Yan-yörənə qərib güllər səpilmiş.
Bala, dərdin ciyərimə çəkilmiş!
Bir də çətin bu ağrıya dözəm mən.

Göyüm tutqun, həyalanmır hələ dan,
İliyimdə sızıldayır ötən an.
Dil-dodaqda "yazıq" adı yaşadan
Məcnun yoxdu, bircə kəlmə sözəm mən!

8.IX.2008

MƏN

Bir yanım qaranlıq, bir yanım şəfəq,
Zirvə yollarında yenə varam mən.
Bir bürcüm uçsa da min bir qalam var,
Deməyin son bulaq, son axaram mən.

Yenə Günəş çıxır, yenə Ay batır,
Yenə arzu-dilək könüldə yatır.
Bir bala hər gecə yuxumu qatır,
Min övlad arxalı ixtiyaram mən.

Həyat yollarında qalxıb-enmişəm,
Gah sevinc dindirib, gah qəm dərmişəm.
Hamını özümə həmdəm bilmişəm,
Hamı xoşbəxtdirsə bəxtiyaram mən.

Ömürdə səslənir ötüb-keçənlər,
Bir deyil, beş deyil vaxtsız köçənlər.
Balamın boyuna kəfən biçənlər,
Sizə toy paltarı arzularam mən!

16.VIII.2008

QIZIM

Şəklinə baxarkən


Bir bahar nuru var təbəssümündə,
Ölüm də əksinə bənd olub, qızım!
İnanmıram Tanrı qıya hüsnünə,
Bəlkə gözlərimə qan dolub, qızım!

Camalın necə də yar-yaraşıqdı,
Nazmı əl çəkibdi, tel dolaşıqdı?!
Bu nə mehribanlıq, nə barışıqdı?!
Batıb qəhərinə Ay solub, qızım!

Məcnun Göyçəliyəm, başımda tufan,
Can çəkə bilmirəm qüssədən bir an.
Gülər gözlərini ağlayan anan
Bağrımın başında iz qoyub, qızım!

18. VIII.2008

YAZIQLAR ARASINDA

Ürəyimdə çatılıb dərdin ocaq qalamı,
Yükləmişəm çiynimə haqdan gələn bəlamı.
Necə torpağa verim Aysel kimi balamı!
Yazıqdan betər oldum yazıqlar arasında.

Kimə açım bu dərdi, kimə deyim bu dağı?!
Son sözünü deməyə yandı dili, dodağı.
Üzüm üzündə qaldı soyumamış yanağı,
Günəşimi itirdim gözünün qarasında!

Mərhəməti yox oldu Allahın da, dinin də,
Barmaqları isindi anasının dilində!
Fələk qəh-qəh çəksə də gözdən axan selində,
Dan yeri sökülürdü telinin parasında!

Məcnunun aləmindən kim qaytarar mürgünü?!
Sərgiləyin sinəmdə ələm vuran süngünü.
Keşkə açılmayaydı bu sabahı, bu günü,
Ahım bükülü getdi balamın yarasında!!!

1.IX.2008

SƏNİN

Kaş ki mən öləydim sən doğulan gün,
Fələk qənşərində güləydi sənin!
Qismət olmayaydı bu qismət mənə,
Atalı günlərin öləydi sənin!

Axır gedişinə çata bilmirəm,
Gözdən qırılmışam, yata bilmirəm,
Sən batan dəryada bata bilmirəm,
Ağrın ürəyimə gələydi sənin.

Bir körpə yas geyib ana soraqlı,
Üstündə əsirik əli çıraqlı.
Ay əli xınalı, teli daraqlı,
Allah bu gününü görəydi sənin.

Bala, dağın qədər dağ görməmişdim,
Boyun yaraşığı ağ görməmişdim,
Yazıq anan kimi sağ görməmişdim!
Fərağın belini tez əydi sənin.

Məcnun Göyçəliyəm, oldum yanar şam,
Könlümdə qaralır hər gələn axşam.
Tələsirəm, gəlib səndən soruşam:
- Ay qızım, xətrinə kim dəydi sənin?!

25.VIII.2008

MƏNİM

Neyləmişdim yerə, göyə?!
Çökdü qəsrim, qalam mənim.
Haqq axtarıb, Allah gəzir,
Göydən enmir nalam mənim!

Dinim yandı qibləgahda,
Görkə döndüm qopan ahda!
Çıxdaş olub çəməngahda
Nə tez soldu lalam mənim?!

Fələyin çərxi sökülsün,
Sınıx könlümə tökülsün,
Daşa dönmüş atan ölsün,
Daşa dönmüş balam mənim!

26.VIII.2008

ARAZ ÇAYI

Ağrıdağın əzəmətlə sehrlənmiş
Zirvəsinə baxa-baxa,
Vüqarının kölgəsindən axa-axa,
Çay olsan da,
Düşmənlərin gözlərinə
Sultan kimi, paşa kimi baxırsan!
Paxıllığı xofa çəkən nankorları
Ənvər paşa qılıncıyla bölə-bölə,
Çay qardaşım!
Arkadaşım!
Nə yaxşı ki, Xəzər boyda anamızın
Ağuşuna axırsan!
Kaş ki, xalqım məğrurluqda
Bircə dəfə sən olaydı!
Zəngəzurun, Xocalının qisasına
Boyun bükən bayrağımız!
Şəhidlərin ruhuyla bir,
...Göyçəmizin, Şuşamızın...
Həsrətinə, niskilinə son qoyaydı!

22.XII.2008

FİKİRDƏN YÜNGÜLLƏR

İndi qalayçı da "şeir" üyüdür,
Yaraşmır şöhrətə satılan adlar.
Qələmi incidib, varağı yorur
Fikirdən yüngüllər, sözdən kasadlar.

...Cavan anaları şeir laxladır,
Könüllər ayrılıb oğul-uşaqdan.
Vaqif Yusifliyə vermək vaxtıdır
Böyük Nəsimini soyan bıçaqdan!

BAYRAQ ƏSGƏRƏ BÜRÜNÜR

Kim torpağı zərrə-zərrə,
Damla-damla, ovuc-ovuc,
Çeşmə-çeşmə, bulaq-bulaq,
Beşik-beşik, oda-oda
Qorudusa, Vətən oldu!
Əsl əsgər qələbəsi
Diz altından tətiyəcən,
Bir də təpər işığından
Keçən yoldu!
Əsl əsgər dar ayaqda
Vətən üçün, millət üçün,
Səngər-səngər, sünbül-sünbül
Ölümdən öndə sürünür!
Fəqət bizdə
Əsgər bayrağa yetməmiş,
Bayraq əsgərə bürünür!

2.I.2009

ATƏŞKƏS BAYATILARI

Torpaqdan vətən gedib,
Bayraqdan vətən gedib.
Yarpaqlar saralıbdı,
Budaqdan vətən gedib!

Payız yelləri əsdi,
Qış ömrümə tələsdi.
Qarabağı yas alıb,
Deyirlər atəşkəsdi!

Bu halımda gör məni,
Özümə döndər məni.
On səkkiz yaşa çatıb
Qarabağda erməni!

Yıx düşmənin bəndini,
Şəhərini, kəndini.
Kimə gərək top-tüfəng,
Vurmursa Xankəndini!

Torundayıq zillətin,
Səfalətin, vəhşətin.
İti axşamdan yatar
Qoyunu çox millətin!

Dağından enənmi var?
Suyundan içənmi var?
Şuşa restoran olub,
Araqdan keçənmi var?!

Hər il bağa gedirik,
Dağdan-dağa gedirik.
O boyda vətən gedib,
Danışığa gedirik!

2.I.2009