Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


POEZİYA
 

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


 
,,Ürəyin“ son misralarını yazarkən Türk dün­ya­sının böyük şairi Bəxtiyar Vahabzadənin vəfatı xəbərini eşitdim. Sevimli şairimin ölümündən çox kədərləndim və qəmli duyğularımı «Ürəyə» həkk edərək, «bu simfoniyanı» şairin əbədi xatirəsinə ithaf etmək qərarına gəldim.


Yüyür, ürəyim, yüyür,
Sən məndən qabaq yüyür.
Əlimdən,ayağımdan,
Sinəmdən qabaq yüyür.
Ömür bizdən qabaqda,
Ömrü tutmağa tələs,
Vaxt bizim aramızda,
Vaxtı udmağa tələs.
Yüyür, ürəyim, yüyür,
Bir çiçəyin ətrinə,
Yerin, göyün, küləyin,
Odun, suyun xətrinə,
Dirilməyən, ölməyən,
Bu dünyaya gəlməyən,
Hələ dərk edilməyən
Sözün xətrinə, yüyür.
Yoxdan qopub var olan,
Öz içindən doğulan,
Səni öndə gözləyən,
Dönüb bizi səsləyən
Səsin xətrinə, yüyür.
Yüyür, ürəyim, yüyür,
Dönüb baxma dalınca
Qışqıran qorxulara,
Ətəyindən yapışan
Çəkici duyğulara,
Gözlərinə inanıb,
Demə, tutum, gözəldir,
Dönüb baxma gözünə,
O gördüyün əcəldir,
Yüyür, ürəyim, yüyür,
Çırpınan döyüntüyə,
Nəbzə çatmağa tələs,
Səslərin ahənginə,
Üfüqlərin rənginə,
Gözə çatmağa tələs,
Yüyür, ürəyim, yüyür,
Ritm ilə, avaz ilə,
Səbr ilə pərvaz elə,
Ömrünə ömür cala,
Gecəni gündüz elə,
Yüyür, ürəyim, yüyür,
Sən məndən öndə yüyür.

* * *

Sən susanda nə duyğu,
Nə də söz dilə gəlmir.
Dünya nədir, eşq nədir,
Sənsiz dərd də çəkilmir.

Sən ömür karvanını
Aparan bir işıqsan.
Hərdən müdrik bir qoca,
Hərdən körpə uşaqsan.

Hərdən divanələrtək
Gəzirsən sərsəm-sərsəm.
Hərdən mən özüm səni
Anlamaqda acizəm.

Kim səni axıradək
Anlayaraq dərk edib?
Hərdən səni öz eşqin,
Öz inadın tərk edib.

Çırpınanda, ay ürək,
Sən həyatın gözüsən.
Sevəndə - seviləndə
Kainatın özüsən.
Qanındakı atəşi
Günəşdən gətirmisən.
Fırtınayla coşmağı
Dənizdən götürmüsən.
Sən külək kimi azad,
Səma kimi genişsən.
Sən çiçək dodağında
Açılmamış gülüşsən.
Sən zamandan - zamana
Canından can verirsən,
Oda, gülə, yarpağa,
Bir həyəcan verirsən.

Könüllərdən - könülə
Yağış kimi yağırsan.
Ulduz kimi parlayıb,
Şimşək kimi çaxırsan.

Sən bətnindən nur verib,
İçindən əriyirsən.
Bir ovuc göz yaşıyla
Boşalıb kiriyirsən.

* * *

Könül, nə vaxt çatdın segah yaşına,
Nə vaxt məndən keçdin, nə vaxt qocaldın?
Nə vaxt yaşa doldun, nə vaxt böyüdün,
Göyün ,,ah” qatına nə vaxt ucaldın?

Nə tez kaman kimi əyildi qəddin,
Sən ,,Sarı gəlini” heç oxudunmu?
Oyanıb dünyanın eşq yuxusundan,
Baxtın köynəyini heç toxudunmu?

Nə vaxt dilə gəldi qəlbin havası,
Ağlını başından dərd oynatdımı?
Nə zaman tutuldu canın ovsuna,
Ruhunu qəflətdən dərd oyatdımı?

Bir vaxt buta idin, açılmamışdın,
Baxtın da çiçəyi yamyaşıl idi.
Bütün sevgilərin sonu toy-nişan,
Bütün ölümlər də göz yaşı idi.

Bir zaman saz ilə, bir zaman sözlə,
Bir zaman köz ilə oynadı qəlbin.
Bir zaman fələklə, bir zaman çarxla,
Bir zaman əcəllə oynadı qəlbin.

Get-gedə bu dünya bir oyun oldu,
Məzlumlar uduzdu, zalımlar uddu.
Yağışı sel ahı, göyü el ahı,
Allahsız ocağı kül ahı tutdu.

Oxuma bu dərdi, dilə gətirmə,
Ağrıtma dərd tutmuş ağır xəstəni.
Bağı da, dağı da qara bağlamış,
Oxuma dərd kəsmiş bu şikəstəni.

Tərpətmə içində simləyən qəmi,
Oyatma bir laylay çalanı yoxsa.
Yerdən götürəni, məlhəm qoyanı,
Dərdini çiyninə alanı yoxsa.

Hər dərdi oxuma, oxuma, şair,
Dərdin də günahı, haqqı, ahı var.
Dərd də haqdan gəlir, dərd əlacı da,
Dərdin də dərd boyda bir Allahı var.

* * *

Ömrünün üstündə dayanmısan tək,
Küləklər dağıdır ağ tellərini.
Burda sən oyaqsan, keşik çəkirsən,
Durub qoruyursan əməllərini.

Burda xatirələr, burda xəyallar,
Burda arzuların ölkəsi yatır.
Hər şey öz yerində, necə vardısa,
Burda xəyanətin kölgəsi yatır.

Ağrılar, əzablar unudulmamış,
Üstünü azacıq toz basmış kimi.
Hicran əl dəyməmiş, toxunulmamış,
Dindirsən, yenə də sızlar hər simi.

Burda səndən keçən hər kəs bir quyu,
Səni hər quyudan bir kəs səsləyir.
Burda səndən keçən hər şey bir qapı,
Səni hər qapıda bir səs gözləyir.

Hər səsin dalında gizli bir məna,
Açılıb - örtülür tale sirritək.
Bəzən öz - özünə dolub - boşalır,
Bəzən dağlar kimi qubarlanır tək.

Bəzən öz içində boğulur səsi,
Könlündən keçəni deyə də bilmir.
Bəzən də tutulur bəsirət gözü,
Özünü tanıyıb duya da bilmir.

Bəzən qanadlanır ruhu göylərə,
Bəzən də içində bir həyat susur.
Bəzən bir dünyalıq sevgi qazanır,
Bəzən də bir ömrü ana uduzur.

* * *

Xisləti saf olan tamah götürmür,
Od kimi, su kimi günah götürmür,
Nə tənə götürmür, nə ah götürmür,
Hər zaman hər şeyi daşımır ürək.

Yaralı quş kimi göydən ensə də,
Yanan ümidinin şamı sönsə də,
Nə qədər bərkiyib daşa dönsə də,
Yenə özəyində daş olmur ürək.

Onsuz nə xəyal var, nə də həqiqət,
Onun sevgi bağı vəfa, sədaqət,
Bütün cansızlara can verir, fəqət,
Cansız bir bədəndə yaşamır ürək.

Eşqin nə başı var, nə də ki sonu,
Arzular, inamlar aparır onu,
Bütün ömrü boyu, ömrü uzunu,
Yükünü töksə də, boşalmır ürək.

Buludtək tutulub dolan anda da,
Yağıb yağış kimi boşalanda da,
Dünyadan inciyib tək qalanda da
Heç vaxt öz-özüylə boş olmur ürək.
* * *

Bəlkə, tənhalıqda mənə deyəsən,
Küsdüyün taleyi bağışladınmı?
Səni dünya ilə təkbətək qoyan,
Amansız fələyi bağışladınmı?

Mənə tənhalıqda deyəsən, bəlkə,
Yağan yağışları, sərt küləkləri,
Sevinci, kədəri bağışladınmı?
Boyun əymədiyin, qol qoymadığın
Yazını, qədəri bağışladınmı?
Sənə kim vermişdi bu qədər gücü,
İnamı, ümidi, keçilməz adı,
Boynuna asdığın kor inadını,
Pozulmaz andını bağışladınmı?

Ayına, ilinə, gününə hakim,
Ağlına, qəlbinə, ömrünə hakim,
Dilinə, məninə, özünə hakim,
Haqqına, ahına, ruhuna hakim.
Qanını, canını, bətnini alan,
İçini, çölünü, könlünü alan,
Şeiri də, şeiri də bağışladınmı?
Səni diri-diri dərdə basdıran,
Divanə dərdi də bağışladınmı?

Bəlkə, tənhalıqda mənə deyəsən,
O qudsal sevgini öldürdüyünü,
Çəkdiyin günahın ağır zülmünü
Özün heç özünə bağışladınmı?

Ürəkdən su içir saç da, deyirlər,
Baxtın da kəsildi saçınla birgə.
Ömrünə hördüyün ağ ayrılıqlar
Daha barışmadı səninlə bir də.

Gecədə, gündüzdə, yuxuda deyil,
Bu vaxtda, bu baxtda, ömürdə deyil.
Şeirdə, ürəkdə, duyğuda deyil,
Yalanda, doğruda, həyatda deyil,

Ölümdə də deyil, qəmdə də deyil.
Özün anlamadan, ağlamadan da,
Gözündən yaş düşüb tək bircə dəfə.
Həmin göz yaşını bağışladınmı?

* * *

Mənə tənhalıqdan deyəsən, bəlkə,
Susursan... Gözləyək.
Vaxtımız da yox...
Hələ konturumuz,
pulumuz da yox...
Daha düşünməyə
Halımız da yox...
...Bir az yuxu kimi,
Bir az dərd kimi,
Bir az xəstəliktək,
Bir az yarımcan...
Üzdə sezilməyən
Ömürlük edam.
Vaxtın qıfılı yox
Lövhlə açasan,
Damı, bacası yox,
Durub qaçasan.
Yolu yox, rizi yox
Keçə biləsən,
Yeri yox, yurdu yox,
Köçə biləsən.
Azad qadağalar,
Azad yasaqlar,
İçdən düyünlənmiş
Görünməz bağlar.
Atsan ayağını
Boşluqdur altı,
Qalsan, uçurumtək
Hər yan qaraltı.
Daim kürəyini
Əzən ağırlıq,
Dünyadan çəkilmiş
Xəyali varlıq.
Yersiz bir sualın
Yersiz cavabı,
Könül sıxıntısı,
Könül əzabı,
Adı da, dadı da
Dünyada darlıq.
Elə tənhalıqdı,
Elə tənhalıq...

* * *

Sınıq ürəyini, itik ahını
Yazıb sinəsinə asanla oxu.
Qaçqın tüstüsünü, köçkün qəmini
Çəkib sinəsinə susanla oxu.

Səni bir kəs belə dinləməsə də,
Qulaq asmasa da bu dünya sənə,
Heç kim duymasa da,eşitməsə də,
Bir az da zil oxu özün-özünə.

Qoy, əsgər marşından keçsin oğullar,
Qabaqda gurlasın zəfər cəngisi.
Qobustan yallısı getsin igidlər,
Qopsun qayalardan dəf cingiltisi.
Qalib bir ordunun cəngavərləri
Savaş cərgəsinə düzülsün səf-səf.
Bayraq tək yellənən Vətən himnini
Üstünə çəksinlər, nə böyük şərəf!

Oxu,ay ürəyim, Vətən himnini,
O böyük günlərin eşqinə,oxu.
Zəfər bayrağının, şanlı tarixin,
Şərəfli ellərin eşqinə, oxu.

Canında, qanında, ruhunda yanan
Əbədi azadlıq eşqi var, şair.
Oxu, azadlığın o gur səsiylə
Titrəsin bu torpaq, bu diyar, şair.

Burda bir bayatı, bir ,,Heyratı “çək,
Ya da ,,Mənsuriyyə” oxu ucadan.
Qulaq as, Bozatın, Qıratın kişnərtisidir,
Savaş səsləridir,gəlir uzaqdan.

Başla ,,Baş keçiddən”, ,,Sarıtelə” gəl,
Qoy, elə baş qoyum ,,Dilqəmi” üstə.
Mənim ,,Ruhaniyə” çatmaz ki, tabım,
Qoy, elə can verim ,,Kərəmi” üstə.

Gör, burda nə tufan qopacaq indi,
,,Divani” sənə bir divan quracaq.
Simi qırılacaq indi bu sazın,
Fələk indi səndən nələr soracaq?

İndi ildırımdan bir od çaxacaq,
Kərəmlə yanacaq Əsli düyməsi.
İndi ahla külü biri-birindən
Necə ayıracaq “Şirvan döyməsi”?

İndi yavaş-yavaş enib gəlirəm
“Bayatı-Şirazdan” “Bayatı-Kürdə”.
İndi kim keçəcək qanlı Arazdan,
İndi kim boğulub batacaq Kürdə?

“Şur” cala təsnifə, bir az düşünək,
İndi dəstgahıyla “Segah” gələcək.
Axıb tel-tel olan göz yaşlarını
Sonra da dalıyca “Dügah” siləcək.

Oxu tar səsiylə, kaman səsiylə,
Həm zilə, həm bəmə köklə qəlbini.
Dünya qalxıb-enən sirr pərdəsidir,
Həm dəmə, həm qəmə köklə qəlbini.
Sonsuz səhralarda, ucsuz çöllərdə
Acı ulartıyla sürünür külək.
Varlığın-yoxluğun təranəsində
Sanki öz səsini eşidir fələk.
Təbiət özü bir simfoniyadır,
Bir səslə oxuyur bütün kainat.
Sanki orkestrdir meşə, dağ, dəniz,
Ürəyin səsiylə canlanır həyat.

Bir səslə oxuyur bütün kainat,
Bir vəhdət yaranır eşq nəfəsində.
Sən varsan, mən varam, bütün dünya var
Varlığın əbədi təntənəsində.

* * *

Yüyür, ürəyim, yüyür,
Sinəmdən qabaq yüyür,
Əllərimdən, gözümdən,
Sən məndən qabaq yüyür.
Ağlımdan, ayağımdan,
Özümdən qabaq yüyür.
Yüyür vaxta çatmağa,
Dağa, daşa, torpağa,
Təzə açan yarpağa,
Gülə, çiçəyə tələs,
Əsən küləyə tələs,
Yaz qoxulu yağışı,
Odu, suyu, yaddaşı,
Daşı duymağa tələs,
Ömür çarxın əlində,
Onu tutmağa tələs.
Yüyür, ürəyim, yüyür,
Yerə, Göyə, Günəşə,
Dövr eləyən atəşə,
Qabaqda qaçan ana,
Hey dəyişən dövrana,
Zamanın ölçüsünə,
Öz qəlbinin səsinə,
Yüyür ürəyim, yüyür.
Yüyür, yaşamaq üçün,
Bu dünyada özünlə
Məni daşımaq üçün,
Ölümü qabaqlayıb
Yüyür, yaşamaq üçün.

* * *

Allahım!
Nədən elə indi,
Nədən bu anda?
Nədən bu məqamda?
Vaxt dayandımı?
Susdu bir şairin böyük ürəyi,
Fırlanan dünyanın nəbzi dondumu?
Mən öz ürəyimlə dərdləşən anda
Başqa bir ürəyin baxtı yatdımı?
Bayaqdan bir xəbər sürünür mənə,
İndi bu xəbərin vaxtı çatdımı?

* * *

Bu, nə idi belə,
Sancıldı ürəyimə,
Şişi sinəmə batdı,
Tiyəsi kürəyimə?
Dayan, dünya,
Bir az baxım,
Gerçək üzünü görüm,
Təkbətək dayanmışıq,
Sirrini gizlətdiyin
Qanlı gözünü görüm.
Bəlkə, heç nə yoxdu daha,
Bəlkə, ölümdən başqa
Getməyə üzün yoxdu,
Bəlkə, yerin-yurdun yoxdu,
Deməyə sözün yoxdu?
Bəlkə, elə doğrudan da
Heçliyin məkanısan,
Olum-ölüm arasında
Bir udumun anısan.
Milyon illər gəlib- gedib
Qapıda aldanırıq,
Nədən sənin ətrafında
Kor kimi fırlanırıq?
Sənin doğduğun ümid də
Özün qədər dəcəlmi?
Bizi belə oynadan
Fələkmi, ya əcəlmi?
Dayan, dünya,
Bir az özümə gəlim,
İndi ağır söhbətim var,
Mənə gələcək ölüm...

* * *

“Ürəyim məni yaşamağa qoymadı...”
Bəxtiyar Vahabzadə.

Bu nə giley idi, nə qəm, şairim,
Sənin ki ürəyin bir dünya idi.
Bütün həqiqətlər bi yana qalsın,
O bir əfsanəydi, bir xülya idi.
Sənin ki ürəyin saf, bütöv idi,
Dərdinin üstünə dərd götürürdü.
Dərdin olmayanda dərdsizliyindən
Dərdin havalanıb dərd gətirirdi.
Ağlaya bilirdi sənin ürəyin,
Ağlaya-ağlaya qan ağladırdı.
Ürəyin hər kəsdən öndə, qabaqda,
Sözün qanlılara qan bağladırdı.
Ağlaya bilirdi sənin ürəyin,
“Muğamın”, “,Segahın” daş sındırırdı.
İdrakın qılıncı qından çıxanda,
“Rastın“, “Çahargahın” baş sındırırdı.
Sənin ki ruhunun səddi yox idi,
Bütün sərhədləri keçdi küləktək.
Könlündə doğulan azadlıq eşqi
Yaşayıb-yaşatdı azad ürəktək.

Ürəklə yaşadın sən bu dünyada,
Dərdin də üstünə ürəklə getdin.
“Vətən” deyə-deyə, “xalq” deyə-deyə
Cəllad üstünə də ürəklə getdin.

Eşqini verdiyin bu millət səni
Yazdı ürəyinə əbədi söztək.
Sən hər vaxt, hər zaman qürurlu,mətin,
Sözdən baxacaqsan əbədi göztək.

Sən özün şeirsən vətən dilində,
,,Vətən“ kəlməsində oxunacaqsan.
Bütün varlığını qurban verdiyin
Şeirinin səsində oxunacaqsan.

Sən özün tarixsən, mərdlik tarixi,
Yaddan çıxarmı heç 90-cı il,
Şəhidlər önündə gedən şairi
Sanki qoruyurdu sehrli bir əl.

Vətən sinəsinə dəyən güllələr
Yaralı palıdtək qəddini əyir.
Qəhrəman şairim, igid şairim
Yenə də sınmayb haqqını deyir.

Əlində, dilində haqqın qılıncı,
Gedir arxasınca qəzəbli bir el.
Cəlladın üzünə tüpürüb söyür,
Sanki çalxalanır, kükrəyir bir sel.

Qərənfil yağışı yağır üstünə,
Ağrının yükündən beli bükülmüş,
Sanki xəzan vurmuş qaynar ruhunu,
Yarpağı tökülmüş, gülü tökülmüş.

Sən də bir şəhidsən, şairim, şəhid,
Şəhidsən şeirinin damarlarında.
Sənin də qanın var, azadlıq üçün
Tökülən qanların damlalarında.

,,Şəhidlər”dastanı yazılan anda
İçində şəhidlik duyğusu vardı.
Vətən yarasını sarıyan zaman
Gözündə şəhidlik yuxusu vardı.

Sən ki, şahid idin şəhid günlərə,
İçində bir cahad aşıb-daşırdı.
Elə o zamandan, elə o vaxtdan
Şəhidlik qoxusu yaxınlaşırdı.

İndi üz bağlamış qudsal yaralar,
İndi sən vətənin qan yaddaşısan.
İndi sən azadlıq bayrağı kimi
Tarixin əbədi yol yoldaşısan.

Sən xalqı ucaltdın başının üstə,
Xalq səni yüksəltdi öz əllərində.
Sevdiyin vətənin hər bir övladı
Səni yaşadacaq əməllərində.

Sən heç vaxt susmayan mərd ürəyinlə
Vətən torpağının Bəxtiyarısan.
Sağ ikən çatdığın ölməzliyinlə
Bütün zamanların Bəxtiyarısan.

* * *

Zəif vücuduyla, ağ gur saçıyla
Bir qədər atama bənzəri vardı.
Bir idi dünyəvi təvəllüdləri,
Atamı ürəyi çox tez apardı.

Uşaqlıq çağımdan indiyə kimi
O, mənə atamı xatırladırdı.
Onun bütün ruhu, bütün varlığı
Doğma bir adamı xatırladırdı.

Xalq onu sevirdi ürəyi kimi,
Sanki o, millətin vicdanı idi.
O da əridirdi ömrünü şamtək,
Sanki vətən onun öz canı idi.

Onun hər sözünə inanırdı xalq,
Ona ümid kimi baxırdı gənclik.
Onun bir sözüylə, bir xitabıla
Özünü atəşə yaxırdı gənclik.

Daim yana-yana işıq saçırdı,
Xalq onun sözünün aşiqi idi.
O, özü azadlıq aşiqi idi,
Xalq onun özünün aşiqi idi.

Sözləri dillərin əzbəri idi,
Bütün şairlərin ustadı idi.
Məhəbbət şairi, idrak şairi.
Sənətdə fövqəl bir istedad idi.
Millətin ruhuydu şair Bəxtiyar,
Zamanın, dövranın idrak səsiydi.
Haqq görüb, haqq deyib, haqq eşidirdi,
Hər sözü - nəğməsi eşq nəfəsiydi.
* * *

Hərdən düşünürəm özüm-özümə,
Bu sonsuz əzabın mənası varmı?
Sənətin bu qədər dahisi varkən,
Mənim söz deməyə haqqım çatırmı?
Şair, suallarla üzmə qəlbini
Fələyin sirrini açan olubmu?
Dur gedək dünyanın sonsuzluğuna,
Hələ qismətindən qaçan olubmu?
Ürəyim doluydu, istədim bir az
Elə öz- özümlə söhbət eləyim.
Dedim, aralıqda qismət olarsa,
Elə dünyaya da bir söz söyləyim.
Sənsiz başlamışdım, şair, söhbətə,
Görünür, bu “Ürək” qismətin imiş.
Sənin bu dünyadan haqq dünyasına
“Ürəklə“ getməyin zərurət imiş.

Yaman inanıram mən bu taleyə,
İnanmaq əzəldən bir adətimdir.
Tale də, inam da, söz də ,dua da,
Şeir də Allaha ibadətimdir.

Söz də bir qismətdir şair qəlbinə,
Allahı, günahı ahı sevgidir.
Qəlbi dayansa da,ömrü bitsə də,
Hər zaman şairin haqqı sevgidir.

* * *

Təzə yol başladın, şair,
Yolun əbədi var olsun!
Var olan O Böyük Allah
Yenə bəxtinə yar olsun!
Bu dünyaya gəlişintək
Gedişin də xeyir olsun!
Adın, şeirin, ruhun kimi
Ölümün də xeyir olsun!
Aqibətin, axirətin,
Son məkanın uğur olsun!
Rəhmin, rəhmətin, yenə də
Daim bəxtinə yar olsun!


10 -15 fevral, 2009
Sabirabad