Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


POEZİYA
 

Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


 
Zaur QULİYEV

YALANIN RƏNGLƏRİ

Yalanın da rəngləri var,
Ağ, qırmızı, qara, göy...
Elə yalan var ki,
Onu nə yer götürər, nə də göy...
Ağ rəng - baharın ağ çiçəyi,
Dağlara yağan təzə qar,
Ağ mərmər məzar,
Ağ paltar,
Bəyaz gəlinlik donu.
Bir də var ağ yalan -
Rəngindən qorxur insan.
Yalanların ən dəhşətlisidir,
Böhtanın, şərin ağ zirvəsidir.
Qara yalan - göz nurunun düşməni.
Qaranlığa tapşırmaqdır
Ən işıqlı guşəni.
Kömür rəngidir.
Zindanda keçən ömür rəngidir.
Qırmızı yalan -
Yaltağın üzünə çıxan rəngidir.
Həyasızın gop rəngidir.
İmperiyaların işğal etdiyi əraziyə
Tuşlanmış topu-tüfəngidir.
Yalan da var rəngsizdir, boyasızdır,
Həyalı adamın sükuta imzasıdır.
Acın: “toxam” - deməsidir.
Mərdin kişi kimi ömür sürməsidir.
İlk görüşə gələn qızın
Anasına “dərsdən gəlirəm” - söyləməsidir.
Hər cür yalan gəzdirənlərin
arasında yaşayırıq.
Ağ, qara, qırmızı yalanların
Erasında yaşayırıq.
Bəzən yalansız yaşamaq olmur
Bu qəribə həyatı,
Yalanlarsız başa vuraq
ömrü, günü, saatı...

QAYIT

Ayrılığın yaşla doldu gözümə,
Yad oldu dilimə yar kəlməsi də.
Tumar da vermirəm daha özümə,
Dağıldı saçımın səliqəsi də.
Qərar tapammıram evdə, eşikdə,
Dəyişik salmışam yaxşı-yamanı.
Elə bil dost-tanış durub keşikdə,
Hərdən soruşurlar, bəs yarın hanı?
Doğrusu, nə deyim onlara indi,
Axı məhəbbətin ürəyimdədir.
Suallar bir deyil, beş deyil, mindir,
Bəlkə günah səndə deyil, məndədir.
Günahım olsaydı bağışlamazdın,
Ülvi məhəbbətin məhv edib getdin.
Gülərdim, bəlkə də, mən ağlamazdım,
Bilsəydin ən böyük səhv edib, getdin.
Dərindən düşün bir, nələr etmisən,
Qoyma bağçamızda sola gülləri.
Məni tənha qoyub hara getmisən,
Qayıt yerinə qoy sənsizlikləri.
Qayıtsan, yenidən təzələşərəm,
Birlikdə vurarıq biz ömrü başa.
Bəlkə də, bir qədər gözəlləşərəm,
Bizi dost-tanışlar görsələr qoşa.

Mirsəyyaf ZAMANLI

İlan Gördüm
gövhərini dünyanın


İşlərindən baş çıxara bilmədim,
Tutammadım təhərini dünyanın.
Öz içimdə boğulmuşam min dəfə,
Çox udmuşam qəhərini dünyanın.

Aylar ötdü, il dayandı qəsdimə,
Ha yandımsa, isinmədim istimə.
Öz tüstümdən duman çökdü üstümə,
Zülmət gördüm səhərini dünyanın.

Top atılsa, bəxt oyanmaz yatanda,
Üzə çıxmaz dəryalarda batan da.
Elə əlim yüyəninə çatanda,
Qaçırmışam kəhərini dünyanın.

Acgözlüyü xəyalımdan silmişəm.
Verdiyinə şükür deyib, yemişəm.
Hər nədirsə öz payımdı, demişəm,
Bal bilmişəm zəhərini dünyanın.

Quş dilini bilsəydim, quş dilində
Oxuyardım,- vəfası yox gülün də.
Nə qismətdi Mirsəyyafın əlində,
İlan gördüm gövhərini dünyanın.

Qurd həqiqəti
(Canavar balalı olanda insan ətinə meyil etmir)

Deyirlər, bətnində bala olanda,
Canavar hərlənmir obaya, kəndə.
Ac qalsa həftəynən, aynan da belə,
Qaçib gözdən itir insan görəndə.

Xaraba bir yerdə qabaqlaşsa da,
İştahdan kəsilir, dəymir insana.
Yeməyə bir azca meyli olsa da,
Hansı səbəbdənsə toxunmur ona?!

Niyə meyli yetmir insan ətinə,
Yoxsa qorxur ona bəla gətirər?
Qorxur xələl gələ qurd qeyrətinə,
Qurdun hörmətini tamah itirər!

Bəlkə, düz eləyir elə canavar,
Axı, hardan bilsin yediyi kimdi?
İnsanin namərdi, həm də mərdi var,
Bu yaziq canavar neyləsin indi?!

İkiüzlü, vicdansız, şərəfsiz yesə,
Onlara oxşayar bətnində bala!
İsmətsiz, əxlaqsız, qeyrətsiz yesə,
Ləkəsiz qurd nəsli gələr zavala!

Bir vətən xaini yesə canavar,
Balası xəyanət edəcək yurda!
Yenə yaltaq yesə biri azalar,
Oylağını satmaq yaraşmaz qurda!

Meyli çoxarvadlı kişiyə yetsə,
Yalquzaq adını onda itirər!
Ərinə xəyanət eləyən yesə,
Qurdun qeyrətinə töhmət gətirər!

Amandı, canavar, yemə insanı,
İnanılmaz olar qurd həqiqəti!
Tamahın güc gəlsə, yeyəndə tanı,
Yoxsa əldən gedər qurd ləyaqəti!

Səndən özgəsini
bacı bilmişəm

Nurdan yaranmısan, nursan, işıqsan,
Qüdrətdən çəkilən qələmə əhsən!
Viranə könlümə bir yaraşıqsan,
Dünyaya sən məndən ötrü gəlmisən!
Qar gəldi, sinəni gördü bir ara,
Utandı, çəkilib getdi dağlara.
Gözəllik verirsən hər il bahara,
Cənnət çiçəyisən, solmayan gülsən!
Çönüb yana baxsan, ürək çəkərsən,
Bircə yol bəzənsən, yüz qan əkərsən,
Dadlısan, tamlısan, tamam şəkərsən,
Balı da xəcalət eləyər busən!
Mələklər yığılıb, səndən dərs alar,
Leyli görsə, damcı-damcı tər salar.
Üzə çıxmaz Əsli kimi tərsalar,
Tək olan Allahın şah əsərisən.
Sənsiz keçən günü acı bilmişəm,
Səndən özgəsini bacı bilmişəm.
Eşqini başımın tacı bilmişəm.
Mirsəyyaf hazırdı, fərmanı ver sən!
İsa SEVƏR

XOŞBƏXT OLMAQ ÇƏTİNDİ

P o e m a

Altı il gözləmişəm
bu günü,
altı gün keçib
o gündən,
Anlamırıq, anlamırıq
bir-birimizi
nədəndi?
Bir otaqda,
bir yataqda
iki soyuq bədəndi.
Surətimi,
qamətimi bəyənmir?
Qazancımı,
nemətimi bəyənmir?
yoxsa mənim
xislətimdə
güvə var.
yeyir onu
yavaş-yavaş,
deyəmmir?
güzəştə get,
güzəştə get
deyir anam,
deyir bacım.
Güzəştə gedib
kişi olurlar...
Bəlkə belə
körpələr də
güzəştlə doğulurlar?
Mən
güzəşti sevmirəm,
ümidimə,
istəyimə
güzəştlə yetməyəcəyəm!
Səhvim varsa keçilməsin,
toy şərbətim
içilməsin,
günahım dura-dura
yaxşı işim seçilməsin...
Bircə qadın sevib atam,
Bircə kişi görüb anam,
gərək onlar
mənə görə kiçilməsin!
Biz
namusu paltar kimi
geyinmişik,
biz nəslə
Başqa paltar biçilmişik!

* * *

Düz
altı il
gözləmişəm
bu günü,
altıca ay
keçib hələ
o gündən.
Qısqanmışam,
qısqanmışam
onu mən.
bu sevgimi,
məhəbbətimi
görəsən?
hörümçəktək
özünə tor hörəsən,
hərləyəsən öz içində
özünü,
hər baxışa,
hər duruşa
yanasan,
öz yarını -
meyli meyxoş
sanasan?..
Bəhanəylə
bozardasan üzünü,
eyhamlarla deyəsən
hər sözünü...
çay - süzülə
rəngindən qaçasan,
plov bişə
duzundan
fal açasan.
Bir də gördüm
üz döndərir, -
mələyim.
yol bölünür,
yol ayrılır,
neyləyim?
Soyuqluğun
kərəmi yox,
kanı yox,
başlandımı,
buza dönür ev-eşik.
Bir körpə var,
bu dünyaya gəlməyib,
alınmayıb, satılmayıb
bir beşik...
Sevgi üçün
ömür gərək
gilə-gilə əriyə...
yol axtardım,
cığır gəzdim
geriyə...
Səhvlərimi bircə-bircə
izlədim,
yalanımı, gerçəyimi
üzlədim.
gördüm elə,
çox çəkmişəm çəpinə,
asan işi
mən salmışam çətinə...
gülüm məni gözləyibdi
intizarla, qubarla.
Mən də
dostlar məclisində olmuşam,
şərab
mənim şərəfimə
güc gəlib,
qətrə-qətrə
qədəhlərə dolmuşam.
gülüm məni gözləyibdi,
sanki mən də
yoxmuşam!...

* * *

Gülüm, elə
səndə də var
yandıran söz,
yaxan söz.
Bəzən elə
nahaq yerə
küsmüsən, -
xoş üz umdum,
xoş söz umdum
mən səndən,
bir də baxdım
yerli -yersiz küsübsən.
Əvəz çıxdın
gecikdiyim an üçün,
zülüm verdin
bu sevdiyin can üçün?
sən sevirdin?
Bəs əzablar nə üçün?
Qılıncımız, qalxanımız
qoşadır,
Hər bir zərbə bədənə yox,
başadır.
cavan ürək,
yazıq ürək,
döz görək!
Səni vaxtsız öldürməsin
söz gərək..
yağ qurtarıb,
şəkər də ki, azalıb.
Bu qayğı da
ürəyin bir yüküdü.
Kişi gərək çiyinlərini
sınasın,
kişi yükü
kəl yüküdü-
xırda-xuruş
dərdlər varsa,
baş deyil,
çiyin deyil,
əl yüküdü...
İş yerində
müdir mırız sallayır,
sınıxıram,
bacılarım danlayır,
deyir içki çıxacaqdı
axrına,
bəs həmdəmi necə tapım,
hardan alım
ağrıma?
Həmdəm mənim ürəyimdə,
beynimdə.
Sevdiyimdən
çoxmu düşdüm
aralı?
Etiraf et, etiraf et,
ay ürəyim, bu halı.
Gülüm, yaman közərtmisən
yananı,
bir yada sal, bir yada sal
o anı...
Qaşıqları qəfil çırpdın
stola,
cingiltisi hara getdi,
gör hara?
Qaşıqlarla salamladın
ərini?
Qaşıqlara dil anlatdın,

eləmi?
Etiraf et
günahını,
Etiraf et
bu sayaq,
Etirafdır,
etirafdır yaşamaq!

* * *

Həsrət üyüdürmüş
adamı,
üyüdürmüş, qardaş.
Ona tab gətirməz
nə qaya, nə daş.
Üç gün ayrılığa
tab etmir adam,
üç il ayrılığa
mən inanmıram!!
Məni həsrətinlə
sınağa çəkdin?
Dözdüm şıltağına,
dözdüm ədana,
gülüm,
Həsrətinlə məni sınama.
Bölünmərəm,
əyilmərəm,
bükülmərəm.
Sınaram, gülüm, sınaram
çıxmasam
sınağından.
Gəl
əl-ələ verək,
işləyək,
gülüm,
işləyək.
Ağac əkək, bar dərək.
İşləyən əl yorulmaz,
gülüm,
yorulmaz.
İşləyən adam
Qeybətə uymaz,
yalana uymaz,
gülüm,
uymaz.
İşləməyən adam
qadını duymaz,
kişini duymaz,
duymaz,
gülüm,
duymaz...
İşləyək,
gülüm,
işləyək.
Alın təri
Məhəbbətin ünvanı,
əl qabarı -
xoşbəxtliyin ilk anı,
Bütövlüyü
orda axtar,
orda tap!
Məhəbbətə
divar hörüb,
qala yap!
* * *

Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm.

M. Füzuli

Könül ki var,
əzəl başdan
şüşədi,
şeir ki, var,
bir yanğılı
peşədi,
bu peşəni seçən
yardan
incimə,
bulanannan,
durulannan
incimə.
Biri yersiz
gülə bilir,
ölürəm!
Biri vaxtlı
dinə bilmir,
ölürəm!
Torpaq üstə gəzən
neçə harının
əvəzindən,
vallah, yerə girirəm!
Buna görə
hal qarışır
halıma,
buna görə
qırış düşür
alnıma.
gülüm məndən
görən nələr
umacaq?
öz odumuz üzümüzü
yandıracaq,
yaxacaq.
od umsaq da,
tüstüsündən
bəlkə bizə çatacaq...
Dəbdəbəli
otaqların,
yataqların,
paltarların
olmayacaq!
Qohumların sədanı
Parisdən,
Londondan
almayacaq!
Körpəm “malış” dadmayacaq!
körpəmin laylasını
yad səslər
çalmayacaq!
Ana ol övladına, ana,
babamın, nənəmin
ruhu dirilsin,
çörək bişirməyi,
inək sağmağı
hər qadın özünə
Bir şərəf bilsin!
İnəyi sağmayan
bacarır nəyi?
Saxta qaş qoymağı,
göz düzəltməyi!?
Belə saxtalar da
unudur babanı,
nənəni,
duzu, çörəyi.
Saçını daramağa
ərinən gəlin
bəs sevir nəyi?
Kino köşkündə
ölüvay-ölüvay
əsnəməyimi?
Bulvar çətrində
duzsuz dodaqları
çeynəməyimi?
Düz altı il
gözləmişəm
Bu günü,
altıca ay keçib hələ
o gündən,
Altı ayda

altı simə
dönmüşəm.
Bəmim olub, zilim olub,
dözmüşəm...

* * *

İnamım var
yaxşı günə,
şən günə.
Günlər bəlkə
divar oldu ömrümə...
ey taleyim,
nə gözləyir,
nə məni?
Anlaşılmaz hisslər
deşdi sinəmi!
Mən bilirəm kişi nəsil
Sevgidə də mətindi,
xoşbəxt olmaq,
asan deyil,
çətindi!...

1983