Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


ƏDƏBİ GƏNCLİK
 

Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


 
Feyziyyə

* * *

Sən heç duyğuların əsgər getdiyini
Gördünmü, dost, gördünmü?
Hisslərinə çağırış vərəqəsi gəldimi heç,
Onlar ön cəbhəyə aparıldımı?
Ümidlərin sərhədboyu təngnəfəs qaçdımı heç?
Arzuların mühasirəyə alındımı,
başlarına güllələr yağdımı?
Xəyalların ölüm qorxusu ilə
səngərin bir küncündə qıvrılıb əlləri qulaqlarında hönkürdümü?
İstəklərinin gicgahı əlindəki silahın
son gülləsinə sığındımı,
tətiyinə sıxıldımı?
Nifrətin düşmənə təslim oldumu,
düşmən ordusuna qoşulub,
özünə qarşı çıxdımı?
Həm ordusunu, həm gözlərini itirən
general sevginin ürəyinə bıçağı öz nifrətin vurdumu,
sonda özü də bir mərmi partlayışından paramparça oldumu?
Duyğularından qara kağız gəldimi?
Onu pul kimi barmağının arasına alıb
hıçqırtı havasına süzdünmü heç?
Hisslərin şəhid olduğunu gördünmü heç?
Duyğularına yas saxladınmı?
Hər adsız məzar görəndə
qaçıb başdaşını qucaqladınmı, dost, qucaqladınmı?
Hər yatdığında yuxunda necə öldüklərini,
qorxunc meyitlərini görəndə
qışqırıb yatağından qalxdınmı,-
özün öz duyğularından qorxdunmu, dost, qorxdunmu?
Belin büküldümü, havalandınmı bunca itkilərdən,
Məsxərəyə qoyuldunmu heç?
Bir baxımsız parkda,
bir qara kötüyün üstündə oturub yaşıdlarına baxdınmı?
Şəhid duyğularının sağ anlarını xatırladınmı, dost?
Gözlərində sıxmağa yaş,
sinəndə ah çəkməyə nəfəs axtardınmı,
dost, axtardınmı?
Sonra bu qorxunc görkəminlə qovuldunmu hər yerdən,
Yerdən, göydən, varlığından, yoxluğundan
qovuldunmu, dost, qovuldunmu?
Sən heç duyğuların şəhid olduğunu gördünmü, dost,
gördünmü?

* * *

Nədənsə başlamaq lazımdı,
Məsələn,
Küsə biləcək birini tapmaqdan,
Və səni küsdürə biləcək bir şeylər uydurmaqdan.
Sonra kimsə xətrinə dəyibmiş kimi için-için ağlamaqdan,
Və küsə biləcək birinin gəlib könlünü almağını gözləməkdən,
bir ömür boyu...

Harasa qaçmaq lazımdır,
Arxana baxmadan, birnəfəsə...
Məsələn, səni tanımayan
və yolunu gözləməyən birinin yanına.
Və uzun-uzadı danışmaq lazımdı
onu necə sevdiyindən, onsuz yaşaya bilmədiyindən.
Əfv diləmək lazımdı etmədiyin günahlarına görə,
tanımadığın birindən
bir ömür boyu...

İnanmaq lazımdı
hər şeyin heç olduğuna,
işarətlərin heç olmadığına inandığın qədər.
Anlamaq lazımdı sulara danışdığın
qorxunc yuxuların daha tez çin olduğunu.
Və bilmək lazımdı səbəbsizliyin səbəbini,
niyəsizliyin niyəsini.
Burnunu göynədən sirli qoxunun sənə
nəyi xatırlatdığını düşünmək lazımdı
bir ömür boyu...

Ağlını itirmək lazımdı
səni daha çox kimin sevdiyini bilmək üçün.
Uçuruma atılmaq lazımdı
nə qədər güclü olduğunu öyrənmək üçün.
Susmaq lazımdı, susa bildikcə
sevdiyinə inanmaq,
sevdiyinə inandırmaq üçün.

Və nöqtə qoymaq lazımdı hər şeyə,
sonu görünən və görünməyən hər şeyə,
nöqtə qoymaq lazımdı-üç nöqtə,
Və nədənsə başlamaq lazımdı,
yenidən,
və yenidən -bütün ömür boyu.

* * *

Bütün əsirlərin azad xatirələrlə dolu keçmişi var
sənin kimi.
Bütün toz basmış xatirələrin əsir düşmüş bir sahibi var
mənim kimi.
Ön cəbhə, döyüş, atışma, qan dolu çuxurlar,
gözləri heyrətlə baxan meyitlər,
Və sən, daş parçasını qan ağlayana qədər yalın ovcuna
sıxıb qaldığın uçmuş binanın arxası.

Arxa cəbhə, elçilik, müqavimət, ata-ana öyüdü,
qohum-qonşu danlağı,
Gözləri təəccüblə baxan insanlar,
Və mən, gedərkən qapımıza sancdığın qönçə gülün
ləçəkləri tökülmüş tikanlı gövdəsini
sinəmə sıxıb çökdüyüm bağlı qapının arxası.

Sən döyüşdüyün günlərin, anların sayı qədər mən də
döyüşdüm,
inamla, təkidlə.
sən insan qatili oldun, mən - ümid qatili.
mən dözməyi, döyüşməyi, öldürməyi səndən öyrəndim,
elə məğlubiyyəti də.
Öldürdüyün qədər mərd deyilmişsən,
ölməyi bacarmadın,
məni də özünə oxşatdın.
Əllərini və ağ bayrağı qaldırdığın gün,
məni də təslim etdin.
Sənin əllərini bağlayan kəndirdirdən birini
qırmızı boyayıb belimə bağladılar.
Geriyə gedən yolu tanımayaq deyə
sənin gözünü, mənim üzümü örtdülər.
Dodağımda, yanağımdakı boyanın izləri,
Ehtirasını üzündəki tər damlalarında soyutmuş
düşmən siqaretinin izləri kimi göynətdi.
Sənin çıxarılmış dırnaqların qədər əzab verdi,
mənə qoyulan süni dırnaqlar
Yolüstü səni sönən şəhərin,
məni yanan çırağın başına hərlədilər,
Bizi əsirliyə itələdilər...
bunca işgəncədən sonra düşmənin məğlub əsgərin qarşısında
Sarı gəlin havasını zümzümə etməsinə bənzəyirdi
mənimçün çalınan vağzalı.
Biz necə də oxşarıq, qarabağlı əsir, qarabaxtlı əsir.
Daha nə irəli yol yoxdu, nə geriyə,
Sən demə, əsirlik - ömürlə ölümün ayrıcında sürünməkmiş...
Diri-diri torpağın üstündə çürüməkmiş,
Bundan sonra daha doğmalar da bizi axtarmayacaq
Amma mütləq bir gün gizlicə
əsirlikdən bəhs edən filmə baxacaqlar...

Vüsal NURİ

Əsgər çəkməsi

Bir əsgər çəkməsi tapmışam yoldan,
Çəkməsin axtarır görən kim indi?
Kimin əskər oğlu gəlib davadan,
Gəlin, ay analar, görün kimindi?

Kimin oğlu geydi getdi bunları,
Çəkməsi qayıdıb boş tabut kimi.
Görən, kimin oğlu öldü davada,
Qayıdıb çəkməsi bir sübut kimi.

Bəlkə də çəkmənin üzü gəlməyib
Gəldiyi küçəyə qaça indi də,
Qalxa pillələrlə ev qapısına
Burnunun ucuyla aça indi də.

Çəkmələr əlimdə ölü quş kimi.
Çəkmələr əlimdə qara kağızdı.
Çəkmələr ünvanın unutmuş kimi,
Çəkmələr əlimdə necə yalqızdı.

Analar əlinə almaz qorxudan,
Qorxudan çəkməyə baxmaz analar.
Hardasa bir ana qalxıb yuxudan
Bir ayaq səsinə yola boylanar.

Qərib qəbir

Min qəbirin içində
Bir yiyəsiz qəbirəm.
O dünyanın sürgünü,
Bu dünyada qəribəm.
Başdaşımda şəkil yox,
Yazılmayıb yaşım da.
Elə baxma, ay adam,
Şəklin qalar daşımda.
Hər diri bir ölüdür,
Hər ölü bir başdaşı.
Mən çiynimdə daş tutdum,
Sən çiynində baş daşı.
Mən unuda-unuda
Köçüb gəldim dünyadan.
Bilirdim ki onu da,
Unudulur unudulan.
Bir uzanmış əl tutdum,
Ağasıydım dünyanın.
Yaman halın unutdum
Çox halıma yananın.

Tabutumu götürən
Bir çiyin də olmadı.
Ayağımdan sürüyən
Bu məzara tulladı.

Min qəbirin içində
Bir yiyəsiz qəbirəm.
O dünyanın sürgünü,
Bu dünyada qəribəm.

Mənim dünyam

Dünyanın içində dünya quraram,
Zamanın bətnindən zaman doğular.
Mən elə taleyə imza ataram,
Allahdan bəxtəvər insan doğular.

Yuxuların rəngi çıxar hər günə,
Əl çatar ətəyə, ün çatar ünə.
Fələk fərman verməz insan ömrünə,
Mələklər insana qurban doğular.

Yaranar kədəri sevincə oxşar,
Nə çölü quruyar, nə gölü daşar.
Hərə öz ömrünün əsrini yaşar,
Doğulan dünyaya heyran doğular.

Adamı yaşayar adama qardaş,
Sərhədlər bar verər, yorular savaş,
Nə qan tökülər, nə gözlərdən yaş,
Qurdun bərəsində ceyran doğular.

* * *

Bəri bax, görüm kimsən
Yuxuma girən adam?
Özgəsən, ya özümsən,
Yuxuma girən adam?

Yolunmu düşdü burdan,
Bu gecə azdın yoxsa?
Axtarıb səhər məni,
Bu gecə tapdın yoxsa?

Əcəldən qaçıb, bəlkə,
Yuxumda gizlənmisən?
Səs salma, oyanaram,
Ölərik ya mən, ya sən.


Xəyalə SEVİL

Anamın əlləri

Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün, saatbasaat
Cavanlığı barmağından sürüşür.

Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı, zəhmətimizi
İndi də qocalmış əlləri çəkir.

Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.

Anamın əlləri qocalır yaman,
Ömrümü o qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əlində qazın.

Ağac

Bu ağacın payız dərdi başlayıb,
Əlləri qoynunda fikirə gedir.
Yarpaqlar özünü atır budaqdan,
Yarpaqlar, elə bil, intihar edir.

Bu ağacın payız dərdi başlayıb,
Cılızlaşıb, soluxubdu bu ağac.
Bu ağac ki, yazda belə deyildi,
Dərd çəkməkdən sınıxıbdı bu ağac.

Bu ağacın payız dərdi başlayib,-
Yaz olaydım, dərdlərini alaydım.
Bu ağacın dərdi necə böyükmüş!
...Mən də deyirdim ki: “ağac olaydım“.

Yaşayıram

Bəxtımın ağı bozarıb,
Boz günümü yaşayıram.
Tək sözümdü xoşbəxtliyim,
Söz günümü yaşayıram.

Duyğularım sinə döyür,
Günüm ayrı günə dəyir,
Gəlin oldum, yenə dönüb
Qız günümü yaşayıram.

Məndən uzaq göz yiyəsi,
Nəyim var, gözün dəyəsi?!
Taleyim, bıçaq tiyəsi,
(Başımı salıb aşağı)
Öz günümü yaşayıram.