Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Nisə BƏYİM
,,ÜRƏK“ SİMFONİYASI
Poema


Hü­seyn­ba­la Mİ­RƏ­LƏ­MOV
QUM­RU YU­MUR­TA­LA­RI
Povest


Yafəs TÜRKSƏS
Fəxrəddin ƏSƏD


Əlizadə NURİ
Ələskər HƏSƏNLİ


Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


Zaur QULİYEV
Mirsəyyaf ZAMANLI
İSA SEVƏR


Kamran NƏZİRLİ
İki hekayə


Feyziyyə
Vüsal NURİ
Xəyalə SEVİL


Sə­ki­nə MAQ­SUD
İ­SA MU­ĞAN­NA: BƏ­Dİİ SÖ­ZÜN BÖ­YÜK YA­RA­DI­CI­SI


GÖR­KƏM­Lİ SA­BİR­ŞÜ­NAS


Za­man ƏS­GƏR­Lİ
KÖ­NÜL­LƏ­RİN FA­TE­Hİ - ƏH­MƏD YƏ­SƏ­Vİ


Di­la­rə MƏM­MƏ­DO­VA
NƏ­CƏF­BƏY VƏ­Zİ­RO­VUN “PA­LID” ƏSƏ­Rİ


DRAMATURGİYA
 

Elçin HÜSEYNBƏYLI
QAÇAQ QOCALAR
İki hissəli pyes


 

Mən bu pyesdəki qocalara bənzər insanlara bir neçə əsərdə, rəsmdə, kinoda rast gəlmişəm. Həmişə də onları kiməsə oxşatmışam. Son dəfə isə onlara Azərbaycan tamaşaçısına az tanış olan Aldo Nikolayinin adını unutduğum bir pyesində rast gəldim. Və nəhayət, onları tapdım. Onlar «Nərimanov» metro­sunun çıxacağındakı parkda oturmuşdular, mənim həmkəndlilərim idilər və erməni əsirliyində olan kəndləri, itmiş uşaqlıqları ilə bağlı nostalji hisslərə qapılmışdılar, vətənsizliyin acısını çəkirdilər, ara-sıra mübahisə edirdilər. Bu qocalar müxtəlif zamanlarda və məkanlarda doğulublar, çoxdilli və çoxmil­lətlidirlər, ruhibirdilər. Ona görə də hardasa - küçədəmi, kitabdamı, jurnaldamı onlara bənzər insanları görsəniz təəccüblənməyin...

Müəllif

Birinci hissə

Pərdə açılmazdan öncə atəş səsləri eşidilir. İlk baxışdan atəş səslərinin əsərə dəxli yoxdur. Bu, rəmzi xarakter daşıyır və hadisələrin gedişində, eləcə də dramın sonluğunda mahiyyəti bəlli olur.
Pərdə açılır. Səhnədə iri hərflərlə «Yüz il keçsə də, Qarabağ bizimdir!» şüarı asılıb. Həmin şüar pyesin sonuna qədər dəyişməz qalır.
Hadisələr yazda baş verir. Yeni tikilmiş binaların arasında xırda park var. Parkda tək-tük ağac və bir skamya. Skamyanın bir ayağı yoxdur. Məhəmməd adlı qoca bir kişi gəlib skamyada oturur. O, skamyanın bir ayağının qırıq olduğunu bildiyinə görə, ehtiyatla və qırıq olmayan tərəfdə oturur. Onun əlində jurnal var və jurnalın üzqa­bığına diqqətlə baxır. Təxminən onunla yaşıd, Yusif adlı bir qoca da skamyaya yaxın­laşır. Görünür, o, parka birinci dəfə gəlir, skamyanın qırıq olduğundan xəbərsizdir və o biri başda - qırıq olan tərəfdə oturur.
Məhəmməd təzə qonşusuna təəccüblə baxır. Yusifə elə gəlir ki, Məhəmməd onun burada oturmasından narazıdır. Əslində isə Məhəmməd skamyanın aşacağından ehtiyat edir.
Yusif - Sabahınız xeyir.
Məhəmməd - (narazı şəkildə üz-gözünü turşudur). Olsun da (üzünü o tərəfə çevirir və yanpörtü oturur).

Uzun sürən pauza.

Yusif - Bu yekəlikdə parkda bircə skamya var.
(özünü təmizə çıxarmaq, yəni, Məhəmmədə mane olmaq istəmədiyini bildirmək üçün).
Məhəmməd dinmir və gözünün qırağı ilə Yusifə baxır. Ona elə gəlir ki, skamya indicə aşacaq.
Yusif oğrun-oğrun jurnala baxır və özü də bilmədən yavaş-yavaş Məhəmmədə tərəf sürüşür. Məhəmməd ondan uzaqlaşmağa çalışır...
Yusif - Allah saxlasın.
Məhəmməd - Kimi?
Yusif - (jurnala işarəylə). Onu.
Məhəmməd - (narazı). Saxladı-saxlamadı, ondan bizə nə?
Yusif - Necə, yəni, bizə nə!? Sizinkilərdən deyil?
Məhəmməd - (Yusifə tərəf dönür). Bizimkilərdən? Yəni, bizimkilər belə soyunur!?
Yusif - İndi zəmanə dəyişib. Adam özü soyunmayanda zorla soyun­dururlar.
Məhəmməd - Şükür allaha ki, bizimkiləri yox. Çünki bu bizimki­lər­dən deyil. Bizimkilər üzüyoladır (üzünü o tərəfə döndərir).
Yusif - Bəs kimdir?
Məhəmməd - (üzünü Yusifə tərəf döndərir və tərs-tərs ona baxır). Mən nə bilim!? Bəlkə də oxuyandır. Bəlkə də aktrisa. Bəlkə də küçə qadını...Yox, bizimkilərə oxşamır.
Yusif - Ancaq qəşəngdir. Bir otuz il əvvəl olsaydı...
Məhəmməd - (onu başdan ayağa təəccüblə süzür). Otuz il əvvəl!? Əlli il desən, bəlkə də inanmaq olardı.
Yusif - (xəyalpərvərliklə). Səhər yuxudan oyanasan, görəsən ki, bir gözəl mələk böyründə soyunub uzanıb.
Məhəmməd - Ay soyundu ha! Sənin özünü soyundurmaq lazımdır.
Yusif - Mən də elə onu deyirəm də. Deyirəm ki, soyunub böy­rüm­də uzansaydı. Əvvəllər olsaydı, özüm soyundurardım. Amma indi mə­nim özümü soyundurmaq lazımdır.
Məhəmməd - Əvvəllər çox şey vardı...
Yusif - Bunu kimin soyundurduğunu bilmirəm, amma qəşəngdir. Görürəm ki, sən də gözünü ondan çəkmirsən.
Məhəmməd - (narazı). Mən ona baxmıram.
Yusif - Bəs kimə baxırsan?
Məhəmməd - Kimə yox, nəyə. Mən o ağaca baxıram.
Yusif - Hanı, burda ağac var?
Məhəmməd - O dey, orda. (jurnalın üz qabığına işarə edir).
Yusif - O ağac deyil. Qızın ayağıdır (Gülür).
Məhəmməd - Ağcaqayın deyil!?
Yusif - Yox bir, ağcabaldırdır. Əlbəttə ki, ağac deyil. Ağac olsaydı, indi onu çoxdan çıxarıb aparmışdılar.
Məhəmməd - Mənim gözümdə katarakt var. Öz aramızdır, şikəst adama gülməzlər. Özü də bu jurnal mənim deyil.
Yusif - Bəs kimindir?
Məhəmməd - (hirsli). Bura bax görüm e! Sən prokuror-zadsan ki, məni sorğu-suala tutursan? İnişil biri vardı, məni o qədər silist elədi ki, axırda özünün əsəbləri tab gətirmədi, başına qan sızdı.
Yusif - Allah eləməsin. Elə belə soruşuram, maraq üçün. Bu yaşda, özü də belə qəşəng qızlara həvəslə baxasan...

Pauza.

Məhəmməd - Nəvəmdir.
Yusif - Nəvəndir? Bəs bayaqdan deyirsən ki, tanımıram.
Məhəmməd - (az qala fınxırır). Kimi?
Məhəmməd hirslə ayağa qalxır, skamya Yusiflə birgə aşır. Məhəmməd nə edəcəyini bilmir, sonra Yusifə yaxınlaşır, əlini ona uzadır.
Məhəmməd - Qalx görək, qalx. Oturmazdan əvvəl bu andıra yaxşı-yaxşı baxmalıydın və bilməliydin ki, sınıqdır.
Yusif - (ayağa qalxa-qalxa və zarıya-zarıya). Mən birinci dəfədir ki, bura gəlirəm. Təzə köçmüşük. Sənsə mənə deməmisən.
Məhəmməd - Niyə deməliyəm ki? Şükür allaha ki, gözlərin yaxşı görür, bayaqdan məni ələ salırdın.
Məhəmməd skamyanı dikəldir. Yusif kənardan bir taxta parçası gətirib skamyanın qırıq yerini düzəldir. Hər ikisi oturur. Məhəmməd jurnalın üzqabığına baxmaqda davam edir.
Yusif - Qəşəng nəvən var.
Məhəmməd - (əsəbi). Bu, mənim nəvəm deyil, (ayağa qalxır).
Yusif - (yıxılacağından qorxur və ayağa durur). Bəs, bayaq dedin nəvəmdir?
Məhəmməd - jurnalı evə alıb gətirən nəvəmdir. Özü də oğlandır (oturur).
Yusif - (oturur). Deməli, sən curnalı bu qıza görə çırpışdırmısan?
Məhəmməd - (əsəbi, ayağa qalxır). Niyə çırpışdırıram ki, sadəcə götürmüşəm. Mənim nəvələrim yaxşı balalardır. Hər jurnal alıb gəti­rən­də birinci mən oxuyuram. Deyirlər ki, bu cür jurnallar adamın öm­rünü artırır.
Yusif - (ayağa qalxır). Əlbəttə, kim istiyər ki, babası ölsün, pensi­yası batsın.
Məhəmməd - Bura bax, sən yaman artıq - əskik danışırsan ha? Mə­­nim nəvələrim heç kimin uşaqlarına bənzəmirlər. Mehriban və diq­qətcildilər.
Yusif - Mənimkilər də. Heç qoymurlar ki, ayaqlarım quru yerə dəysin.
Məhəmməd - Nədi, dənizdə-zadda yaşıyırsınız ki?
Yusif - Yox, o mənada yox, sadəcə, məni çox istəyirlər.
Məhəmməd - (oturur). Mənim nəvələrimə çatmazlar. Pensiyamı vaxtlı-vaxtında alıb qəpiyəcən mənə gətirirlər.
Yusif - (oturur). Mən pensiya kartımı heç kimə vermirəm.
Məhəmməd - Niyə? Uşaqlarına inanmırsan?
Yusif - İnanıram, ancaq əvvəllər mühasib olmuşam, pul saymaqdan xoşum gəlir.
Məhəmməd - (narazı). Onlar mənə hörmət elədiklərinə görə, pensiyamı özləri alıb gətirirlər.
Yusif - Nəvələrim mənə deyirlər ki, sən qocasan, pul maşınından başın çıxmır, ver biz alaq. Mən də ürəyimdə deyirəm ki, ay-hay ver­dim, keçəl suya getməz.
Məhəmməd - Mənim hər şeydən başım çıxır. Ancaq yenə də onlara etibar edirəm. Balalara etibar eləmək lazımdır.
Yusif - Mən yeri düşəndə sınıq-salxaq radionu da özüm düzəldirəm. Mən çox şey bilirəm.
Məhəmməd - (istehzayla). Amma icazə almağı hələ də öyrən­mə­misən. Öyrənsəydin, məndən icazəsiz jurnala baxmazdın.
Yusif - Öz aramızdır, gözəlliyə tamaşa eləmək üçün adamdan icazə almırlar. Harda görmüsən ki, bir gözəl görəndə qaçıb qabağını kəsəsən və soruşasan: Xanım icazə verirsiniz, sizin gözəlliyinizə tamaşa eli­yim?! Heç olur elə şey? Bax, o dey o gedən xanıma, bu sözləri deyə bilərsən?
Məhəmməd - Demərəm.
Yusif - Amma baxırsan.
Məhəmməd - Mən heç ona baxmıram da. Üz-üzə gəlsək, gözlə­rimlə qandıraram ki, mənim ondan xoşum gəlir. Xoşum gəlməyəndə isə üzümü yana çevirərəm.
Yusif - Bəs bayaqdan kataraktdan şikayətlənirdin. Nooldu?
Məhəmməd - (astadan). Hər halda başqasına məxsus bir şeyə ica­zəsiz baxmaq yaramaz.
Yusif - Öz aramızdır, heç kim də icazəsiz nəyisə götürməz.
Məhəmməd - (əsəbi, ayağa qalxır). Mən kimdən yox, nəvələrim­dən ic...götürmüşəm!
Yusif Məhəmmədin əsəbiləşdiyini görüb cibindən konfet çıxarır və Məhəmmədə uzadır. Məhəmməd oturur, üzünü o tərəfə çevirir...
Yusif - Əsəblərə xeyirdir.
Məhəmməd - (ona sınayıcı nəzərlərlə baxır. Yusifin üzündə sakit təbəssüm görəndə sakitləşir). Mənə olmaz, mənim şəkərim var.
Yusif - Bilirəm. Bu konfetlərin içində şəkər yoxdur.
Məhəmməd - Sən hardan bildin ki, mənim şəkərim var?
Yusif - İndiki zamanda hamının şəkəri var, elə mənim də.
Uzun pauza. Əcaib-qəraib maşın siqnalları eşidilir.
Məhəmməd - (narazı). Yenə də zır-zur başladı. Hər uşağın altında bir maşın var.
Yusif - Eh, zəmanə dəyişib. İndi hamı işə maşınla gedib-gəlir. Belə getsə, arvadlar maşın doğmağa başlayacaqlar, ya da doğduqlarının ayaqları təkərli olacaq.
Məhəmməd - Elədir. Bizim ailədə hamının maşını var. Bircə mən­dən başqa. Mənə maşın vermirlər. Deyirlər ki, hara ürəyin istəyir, qoy sürücü aparsın.
Yusif - Mənimkiləri demirsən. Dəqiqəbaşı zəng vururlar: - Ata, bir şey lazımdır? Mən də cavab verirəm ki, yox. Ayaqyoluna maşınla getməyəcəm ki, hamısı evin içindədir.
Məhəmməd - Mənim xoşuma gəlməyən də elə budur də. Özü də köpüm var... Heyif deyildi kənd. Özünü verəsən kolluğa...
Yusif - Mənim də köpüm var. Nəvələrim, bilirsən, mənim adımı nə qoyublar? (gülür).
Məhəmməd - Deməsən də bilirəm. Eyni gündəyik.

Pauza

Məhəmməd - Səndən bir şey soruşum. O zəhrimar səndə də var?
Yusif - Nə?.. (Məhəmməd başını aşağı salır və məlum istiqamətdə baxır) Hə, başa düşdüm. Yox, yoxdur. Mən kəsdirmişəm.
Məhəmməd - (paçasının arasını tutur. Həyacanla). Hamısını?!
Yusif - Hamısını niyə, artıq olanı. Onsuz da heç kimə lazım deyil.
Məhəmməd - Mən də elə bilirəm ki, hamısını kəsib götürürlər.
Yusif - O əvvəllər idi. İndi hər şeyi texnika əvəz eləyir.
Məhəmməd - Onu da?
Məhəmməd - Yox, əşi. (Pafosqarışıq qürurla) Onu heç nə və heç kim əvəz eliyə bilməz. Məsələn, mənimki indi on səkkiz yaşlı uşağınkı kimidir...
Bu zaman 60-65 yaşlı Məryəm adlı bir qadın gəlib oradan keçir, dönüb ədalı-ədalı qocalara baxır və soruşur:
Məryəm - Siz mənim pupsikimi görmədiniz?
Qocalar bir-birilərinin üzünə təəccüblə baxırlar.
Məhəmməd - Bu nə deyir ə? Ərin soruşur?
Məryəm - (əli ilə göstərir). Bapbalaca...
Yusif - (gülür). Yəqin, əri o qədər balacadır ki, adını «Pupsik» qoyub.
Məryəm - Pupsik bapbalaca bir küçükdür. Bapbalaca bir küçük.
Məhəmməd - (narazı). Mən də elə bilirəm, ərini axtarır. Ərini axtaran qadınlardan zəhləm gedir.
Yusif - Yox, görmədik.
Məryəm - Görsəniz, mənə xəbər verərsiniz. Koriçnevi rəngi var. Mən o de o evdə yaşayıram. Pəncərəmdə də gül var. Edelveys gülü. Onlar heç zaman qurumurlar. Adım da Məryəmdir. Amma hamı mənə Meri deyir.
Qocalar qadın göstərən səmtə baxırlar və heç nə demirlər. Məryəm oğrun-oğrun qocaların baxdığı şəklə baxır, gülür, xəlvətcə onlara qaramat atır (yəni ki, cavan qızların şəklinə baxmaq sizin haranıza yaraşır), ədalı-ədalı uzaqlaşır.
Məhəmməd - (narazı). Meri! Yox bir Zeri! (acıqlı-acıqlı züm-zümə edir). Yeri ha, yeri...
Yusif - Asta yeri, kəmər düşər belindən...Ay dili...
Məhəmməd - (acıqlı, onun sözünü kəsir). Oxumaq bizim hansı günümüzə yaraşır?!
Yusif pərt halda səsini kəsir...Pauza.
Yusif - O gülün adı nə idi? Nə “veys?”
Məhəmməd - Mən hardan bilim. Heç qurumayan gül görmüsən? Güllərin hamısı əzəl-axır quruyur, yəqin, yalançı güllərdir. Yalançı gül­lərin adı da yalançı olur. Olsaydı, lalə, ya elə qızılgül, bu başqa mə­sələ...
Yusif - Öz aramızdır, o, sənə baxırdı.
Məhəmməd - (narazı). Mənə niyə?
Yusif - Çünki sən də ona baxırdın. Hər halda mənə belə gəldi. Küçük də bəhanəydi. Mərc gələrəm ki, o, bizi pəncərədən görüb, indi özünü bizə sırımaq istəyir.
Məhəmməd - Hə, cavanlığı gur keçib.
Yusif - Gur nədi, ondan da betər. Mərc gəlməyə hazıram.
Məhəmməd - Mərc nəyə lazım. Üz-gözündən qəhbəlik yağır.


Yusif - (tamaşaçılara işarəylə). Ayıbdır, eşidib eliyərlər.
Məhəmməd - Guya indiyə kimi eşitməyiblər. Eşitməsələr də, gözlərilə gördülər ki...İt axtarandan nə istəsən gözləmək olar. Onlar...
Yusif - İt bizdəydi e. Kənddə. Hərənin qapısında biri vardı. Hürən­də oğruların bağrı yarılırdı. Mən itimizi tövləmizin yanında bağla­yır­dım.
Məhəmməd - Eh, kənddə çox şey vardı. Hərənin bir eşşəyi.
Yusif - Biçənəyi...Bağ-bağatı. Toyuq-cücəsi. İndi toyuq var? To­yuq­lar rezin tamı verir. Qoyun əti balıq iyi verir.
Məhəmməd - Hardan alasan Qarabağın qara qıvrım quzusunu. İndiki kababı dartdıqca uzanır.
Yusif - Sən kababı öz dişlərinlə dartırsan?
Məhəmməd - Nədi, inanmırsan?
Yusif - Yox, niyə ki, mənimki də özümündür.
Məhəmməd - Rəhmətlik atam deyirdi ki, mən sovet hökümətini üç dəfə yemişəm: bir dəfə ana dişimlə, iki dəfə protezimlə. Sovet hökü­mətini onun dişləri yıxdı. Ona görə də protezə pis baxmaq lazım deyil. Məsələ ətdədir.
Yusif - Bir də qadınlarda. Mən çoxdandır onlarla dostluq eləmirəm.
Məhəmməd - Düz də eləyirsən. Onların dostluğuna bel bağamağa dəyməz.
Yusif - Mən inişil biriynən tanış olmuşdum. Belə, orta mənzərəli birisiydi (əli ilə göstərir). Sonra köçüb getdi... xaricə.
Məhəmməd - Hə, indi hamı xaricə gedir.
Yusif - Mən ancaq öz kəndimizi istəyirəm. Heyif deyil kənd? Səhərdən axşama kimi Arazda çiməsən. Sudan çıxmayasan. Yorulanda da Tək tutun dibinə uzanıb xumarlanasan.
Məhəmməd - Təəccüblə. Nə tək tut, ə!? (Zəndlə ona baxır, başdan ayağa Yusifi süzür) Sən haralısan? Danışığın bayaqdan bizimkilərə oxşuyur. Xüsusən də o... (söz tapmır deməyə) arvad barədə dediklərin.
Yusif - (Zəndlə Məhəmmədə baxır). Vallah, bayaxdan mən də sən­dən soruşmaq istəyirəm, çünki danışığın mənə şirin gəlir.
Məhəmməd - Mən Qarabağdanam.
Yusif - (sevincək). Mən də.
Məhəmməd - Mən Arazboyundanam.
Yusif - Mən də.
Məhəmməd - Bəlkə, deyəsən, Mahmudludanam?
Yusif - Həzrət Abbas haqqı Mahmudludanam. Özü də xalisindən!
Məhəmməd - Əyə, sən keçəl Usub dəyilsən?
Yusif - Ayə sən, sırtıq Mamed dəyilsən?
Məhəmməd - Həzrət Abbas haqqı sırtığın yekəsindənəm.
Yusif - Ay qağa, səni xoş gördük.
Qocalar ayağa durub qucaqlaşırlar.
Məhəmməd - (tamaşaçılara tərəf). Belə yerdə deyirlər e, oğlumu axtarırdım, dostumu tapdım. Biz dost-doğmaca eloğluyuq, uşaqlığımız da bir yerdə keçib. Usub, sən məndən bir iki-ay böyüksən da.
Yusif - Mən yox, sən məndən böyüksən. Mən ilin axırındanam, sən əvvəlindən.
Məhəmməd - Əşi, fərqi nədir. Bir ildənik ki...
Yusif - Mən də bayaxdan şəhərlilər kimi danışıram. Hayıf dəyil, öz dilimiz. Hə, ay qağa, bir danış görək, nə var, nə yox? İşlərin nətə­hərdi?
Məhəmməd - İş deyəndə ki, səhərdən axşama kimi adamın evdə bağrı çatdıyır. Oğlumnan gəlin gedir işə, uşaqlar məktəbə, mən də qa­lıram televizorun qabağında, ha gözləyirəm ki, bəlkə, kəndimizdən bir xəbər verələr, amma heç nə vermirlər. Bir qulağı kar, bir qulağı kor kimi oturmuşam bu xarabada. Burda da gündə sökürlər, tikirlər, tikirlər, sökürlər, yenə də tikirlər.
Yusif - Mən də sən gündəyəm, Qələmzər rəhmətə gedəndən sonra əlsiz-ayaqsız kimiyəm.
Məhəmməd - Sənin arvadının adı Qələmzər idi?
Yusif - Bay, sağ olmuş. Sənin qabağına o qədər çay qoyub ki, nə tez yaddan çıxartdın?!
Məhəmməd - Bizim arvad inişil ölənnən sonra arvadların hamısının adı yadımnan çıxıb.
Yusif - Mərc gələrəm ki, bayaqkının yox.
Məhəmməd - Yenə də başladın? Özünnən məni qarışıq salma.
Yusif - Mənnən olsa, bir o qədər də pis dəyil. Heç olmasa hərdən...
Məhəmməd - Nə hərdən?
Yusif - Hərdən adama çaydan-zaddan verərdi...
Məhəmməd - Sən çaya qane olan köpəyoğlu dəyilsən. Sizinkilər elə uşaxlıxdan tuman altı güdəndilər.
Yusif - Sizinkilərdən ayıb ola. Dayın yeddisin almışdı, bibin də yeddisinə ərə getmişdi. Özü də ərlərinin hamısını çərlədib öldürmüşdü.
Məhəmməd - Bəsdi çərənlədin, sən çaydan danış.
Məhəmməd - Eh, indi oturmuşduq çayın qırağında.
Yusif - Çayı yaman hortadırdın, ha!
Məhəmməd - Çim ki, çiməsən!
Yusif - İç ki, içəsən. İndi adama bir qurtum su da vermirlər.
Məhəmməd - Bəs bayaxdan deyirdin ki, nəvələrim ayağımı quru yerə dəyməyə qoymurlar.
Yusif - Orası elədir. Heç qoyurlar ki, çarpayıdan yerə düşüm. De­yirlər ki, sən bizə mane olursan. Yat qal öz yerində. Eh! Açıb-ağardı­lası dəyil.
Məhəmməd ağlamsınır.
Yusif - Niyə ağlıyırsan. Şükür ki, bir-birimizi tapdıq.
Məhəmməd - Mən kədərdən ağlıyıram. Kənddən çıxanda eşşəklə iti açıb buraxmadığıma görə xəcalət çəkirəm. (Yusif də ağlamsınır) Bəs sən niyə ağlayırsan?
Yusif - Mən sevincdən. Çünki kənddən çıxanda hər ikisini açıb bu­raxmışam.
Məhəmməd - İndi bizi tanımazlar...
Yusif - Qan qaraldan söhbətlərdən danışma. Sən kəndçilərimizdən danış. De görüm kimi görürsən, kimi görmürsən? Oğlanlar evlənibmi, qızlar köçübmü?
Qocalar danışa-danışa səhnə qaranlıqlaşır.

İkinci şəkil

Həmin yer. Məhəmməd skamyada tək-tənha oturub. Yerində narahat-narahat qurcalanır. Ətrafa baxır. Kimisə gözləyir. Hiss olunur ki, dilxordur. Hərdən durub gəzinir və qarşıdakı binanın pəncərəsinə baxır. Məryəm orada yaşayır. Tamaşaçıya elə gəlməlidir ki, o, Məryəmi izləyir və güman ki, Yusif oradadır. Bir azdan Yusif tövşüyə-tövşüyə gəlib çıxır. Hiss olunur ki, bərk tələsiyirmiş, özünü skamyaya salır. Məhəmməd ona əhəmiyyət vermir və üzünü əks istiqamətə çevirir, yanpörtü oturur. Onların bu davranışı küsülü sevgililəri xatırladır. Tamaşaçıda yanlış və müxtəlif yozumlara rəvac verən bir səhnə yaranır.
Yusif - (təəccüblə). Bıy, izdrasti. Mən bundan ötrü o boyda yolu qa­çıb gəlmişəm. Bu, mənə dalını çevirir!
Məhəmməd - (dinmir). Mamed, sənə noolub, qaşqabağını niyə sal­lamısan?
Məhəmməd - Sa-a nə var?
Yusif - Nə təhər nə var ə? Sən həm mənim dostumsan, həm kəndçim. İndi deyirsən ki, saa-a nə var?!
Məhəmməd - Sənnən küsmüşəm.
Yusif - Niyə?
Məhəmməd - (qeyzlə). Necə, yəni, niyə!? Üç gündür ki, itmisən. Öldüyünnən-qaldığınnan xəbərim yoxdur. Adresini də (ünvanını da) bilmədim ki, gəlib sənə bir şıllağ atam.
Yusif - Uşaqlar məni kəndə aparmışdılar.
Məhəmməd - Kəndə? Hansı kəndə ə? İndi kənd var?
Yusif - Nə bilim, vallah, kənd kimi səslənir. Deyirlər ki, mədəni adamların hamısı həftənin sonunda ora getməlidir.
Məhəmməd - Hə bildim, hansı kəndi deyirsən. Sən, yəqin, onun yanına (Məryəmin pəncərəsini göstərir) gedibmişsən.
Yusif - Mən!? Onun yanına?! Sən nə danışırsan?! O hara, mən hara. Bir də ki, indi bizim bazlıq eliyən vaxtımız dəyil.
Məhəmməd - Mən səni cavanlıxdan tanıyıram, sən kimə desən tamah salansan...
Yusif - O cavanlıxda idi. İndi hanı o cavanlıx. Səhərdən axşama, axşamdan da səhərə kimi çırağnan axtarıram, tapmıram. Ə, düzünü bilsən, mən peşova gedəndən-gedənə o andır yadıma düşür.
Məhəmməd - Onda bəs niyə hara getdiyini xəbər vermirdin?
Yusif - Necə xəbər verəydim?
Məhəmməd - Telefonla. İndi hamıda telefon var.
Yusif - Mən getdiyim yerdə telefon tutmur.
Məhəmməd - Deyirəm də. Yəqin, o qancıx sənə icazə vermiyib
Yusif - (gülümsəyir, dostunun dediklərini zarafata salmaq istəyir). Bəlkə, onun yanına getmək sənin ürəyindən keçir?
Məhəmməd - Mən məişət pozğunu dəyiləm.

Pauza

Yusif - Yaxşı, bəsdir mısmırığını salladın. Sənə deyirəm ki, uşaxlar məni özləriynən aparmışdılar. Sən bilirsən ki, onlar məni çox istiyirlər. Mən də onların xətrinə dəymək istəmirəm.
Məhəmməd - Bu dəfə dəyə bilərdin. Deyə bilərdin ki, mən əziz dostumu tək qoya bilmərəm. Allah bilir, o mənim haqqımda nə fikirləşər. Məyər kənddə beləydi? Heç elə şey olardımı ki, dostun sənə deməmiş harasa gedə!?
Yusif - Sən məni özünə dost sayırsan?! Kənddə mənə heç salam da vermirdin. Bir-iki dəfəni çıxmax şərtilə.
Məhəmməd - Biz uşaqlıqdan bir yerdə böyümüşüksə, üç gün sə­hərdən axşama kimi bir yerdə oturub-durmuşuxsa, deməli, dostuq. Özü də bu taleyin işidir. Əgər belə olmasıydı, onda görüşməzdik. Taleynən oturub çiling-ağac oynamıyacıyıx ki?
Yusif - Düz deyirsən. Mən bu barədə gərək əməlli-başlı fikirləşəm.
Məhəmməd - Fikirləşməyə başın olsaydı, belə eləməzdin. Mənim ağlıma yüz cür fikir gəlib. Dedim, bəlkə, ölüb elədi, xəbərim olmadı. Sənin təzyiqin var axı...
Yusif - Düzdü, bu yaşda hamının təzyiqi olur. Söz verirəm ki, bir də heç yerə getmiyəcəm. Uşaxlar nə qədər eləsələr də, onların sözünə baxmıyacam.
Məryəm gəlir. Dostlara sataşır.
Məryəm - A, köhnə sevgililər kimi nə xosunlaşırsınız burda?
Məhəmməd - Onun sənə dəxli yoxdu. Sən get...nəydi ə...o?
Yusif - Porsux.
Məryəm - (özünü cavan qız kimi apaırır). Çuşki! Porsux yox, Pupsik. O, mənim itimin adıdır. Özü də sizdən fərqli olaraq, mehriban və sədaqətlidir. Məni heç yerə qoyub getmir.
Yusif - Hə əşi, yəqin, keçən dəfə səni qoyub qaçan ayrı şeymiş.
Məhəmməd - Mən sənə deməmişdimmi, o, ayrı şey axtarır.
Yusif - (çoxmənalı). Get, o ayrı şeyi ayrı yerdə axtar.
Məryəm - Öz aramızdır, mənim siz boyda oğlanlarım var.
Məhəmməd - Amma ərin yoxdur.
Məryəm - Ərim vardı, onu it apardı.
Məryəm gülə-gülə onlardan uzaqlaşır.
Yusif - (fikirli). Rəhmətlik Zalxıya oxşuyur. Məmmədalının bacısı­na. Mən onu cavanlıxda sevirdim. İndi sevməmiş olum.
Məhəmməd - Məmmədalı dedin, yadıma düşdü, görən, Məmməd­alı indi durmuş olar?
Yusif - Rəhmətliyin oğlu biz kənddən qaçanda onun bir ayağı gor­daydı. Heş kənddən çıxmadı da.


Məhəmməd - Noolsun. Onların nəsli uzun ömürlüdür. Bəlkə də indi kənddə üzümlüyün qarovulunu çəkir.
Yusif - Nədi... genə də onun üzümlüyü yadına düşdü? Heç kənddən çıxsaydı da indiyə sağ qalmazdı. Bu basabasda adam çərliyər. Hamını kəndin dərdi çərlədib öldürdü.
Məhəmməd - Gecə-gündüz kəndi fikirləşirəm. Heç yadımnan çıx­mır. İndi kənddə olsaydıq, Küdrünün altına gedərdik, Arazın qırağında oturub balıx tutardıx, elə oradaca kabab eliyib, Yaşarın tut arağından vurardıx.
Yusif - Mənim ürəyim payız armudunun yarpağını istəyir: qıp­qır­mızı.
Məhəmməd - Mən fəsəli istiyirəm.
Yusif - Neçə dəfə uşaxlara qandırmışam, amma hamı istədiyimi qulağ ardına vurub.
Məhəmməd - Uşaxlar belədilər də. Özləri istiyəni alıb yeyirlər, heç bizi fikirləşmirlər.
Yusif - (köks ötürür). Eh!
Məhəmməd - Eh!

Uzun sürən pauza.

Yusif - Ağlıma bir fikir gəlib. Neçə gündür ki, gecələr yatmıram. İlan vuran yatır, mən yox!
Məhəmməd - İlan nədi, mən əcdaha udan kimiyəm, elə bil, yekə bir qarındayam. Bəlkə də əcdaha mənim qarnımdadır. O tərəf, bu tə­rəfə çevrilməkdən uşaxlar da bezar olub. Gecə səhərə kimi fikirləşi­rəm. Ancağ nə fayda! Yüz fikir, bir borcu ödəməz!
Yusif - Mən hər gün yuxu görürəm. Görürəm ki, yenə də Tək tutun dibində oturub, pürrəngi çay içirik. Bəndiyalıgilin həyətində domino oynuyurux. Yuxudan duran kimi peşiman oluram. İstəmirəm ki, yuxum qurtarsın. Onda istiyirəm ki, hər şeyə tüpürəm, qaçam kəndə.
Məhəmməd - Sən də!? Mən əvvəlcədən bilirdim ki, sən də bu fikirdəsən.
Yusif - Mən hər gün bu barədə fikirləşirəm. Amma bir yol tapa bilmirəm.
Məhəmməd - Yol məndə. Gəl qaçax. Hamıdan xəlvət. (Dostuna sınayıcı nəzərlə baxır).
Yusif - (fikirli-fikirli). Qaçax deyirsən? Bəs bu tifilləri neyniyək?
Məhəmməd - Sənin o tifil dediklərin çoxdannan böyüyüblər. İndi onların kənd-kəsək vecinə dəyil.
Yusif - Ancax gərək uşaxlar bilməsin. Bilsələr, bizi buraxmazlar. Çünki biz ölsək, onlar pensiyamızı ala bilmiyəcəklər.
Məhəmməd - Niyə ölürük ki?! Kəndə gedib yenə də qayıdarıq. Mən gədələrin kinoaparatını da götürərəm, kəndin şəklini çəkib gəti­rərik.
Yusif - (əlini-əlinə vurur). Ay kef olacax ha!
Məhəmməd - Fısqırıx! Mən pensiya kartımı da çırpışdırmışam.
Yusif - Gör nə günə qalmısan ki, özünün pensiya kartını oğurla­mısan.
Məhəmməd - Mənə oğru demə. Oğru sözündən acığım gəlir.
Yusif - Yaxşı-yaxşı, mısmırığını sallama, o qədər oğurluq eləmişik ki...Mən də pensiyamdan bir az yığmışam. Ona hər şey alarıq. Bilet də, yemək-içmək də...
Məhəmməd - (sevinclə). Getdik e!

Yusif - Getdik!

Onlar hər ikisi balaca uşaqlar kimi atılıb-düşür, əl-ələ tutub fırlanırlar. Və hər ikisi də yerə yıxılır. Gülüşürlər...Qaranlıqlaşır.

İkinci hissə

Üçüncü şəkil

Yusif səhnədə əsəbi-əsəbi gəzişir. Çiynində boğçası da var. O, Məhəmmədin qarasınca deyinir.
Yusif - Bu harda qaldı, görən!? Bir iş çıxmasa yaxşıdı. Mən ona yüz dəfə dedim ki, elə elə ki, heç kim duyux düşməsin. Kimə lazımdı onun cındır pensiya kitabçası. Heç ağlı da kəsmir ki, orada pul yoxdur. Ayın ortasında pensiya olar? Tutdular onu. İndiki zamanda kim pensi­yanı əldən verər. Bilsələr kəndə gedir, qoymazlar. Birdən getdi kəndə, qayıtmadı!? Bəs nə? Gedənlər həmişə qayıtmır ki!? (Tamaşaçılara). Düz demirəm!? Məsələn, Simsim qalası... müharibə... Ancaq siz bu sözləri özünüzə götürməyin. Bu teatrdı. Teatr da parlament kimi yerdi, aktyor ağlına gələni danışa bilər...
Məhəmməd tələsik addımlarla içəri girir. Həyacanlıdır.
Yusif - Yaxşı ki, gəlib çıxdın. Day, mən əlimi səndən üzmüşdüm. Dedim, yağın, səni tutdular.
Məhəmməd - Ay tutdular ha! Məni e. Ə, məni heç Əzreyilin özü də tuta bilməz. İşimi əvvəlcədən bərk tutmuşdum. Səhər hamı evdən çıxan kimi şələ-şüləmi götürüb, ya allah... o məsələ.
Yusif - Görən-zad olmadı?
Məhəmməd - Yox. Heç kim. Heç kim görmədi.
Yusif - Hə, burası yaxşı oldu. Ay axtaracaqlar ha bizi (əlini-əlinə vurur)!
Məhəmməd - Özü də necə? Ən çox də kürəkən narahat olacax. Sənə deməmişdim, axı. Pensiya kitabçam onlardadır.
Yusif - Əvvəlcə milisə zəng eliyəcəhlər.
Məhəmməd - Milisə yox, polisə, indi milis yoxdu.
Yusif - Mənimçün ikisi də bir... nədi o?...nəysə ondan.
Məhəmməd - Hə, ondan...
Yusif - Sonra ölüxananı ələk-vələk eliyəcəhlər. Ölülər də ki, hamı­sı bir-birinə oxşuyur. Di tap görüm, necə tapırsan. Onlar axtarırlar. Am­ma biz yoxuq! Onlar axtarırlar, biz yoxuq! Varıq e? Ancaq həm də yoxuq...
Məhəmməd - Əcəb olur, bəs məni qocalar evinə verəndə yax­şıy­dı!? Mənim haram qocadı, sadəcə yaşım çoxdu.
Yusif - Qocalar evinə?! Bəs mənə niyə deməmisən?!
Məhəmməd - (başını aşağı salır). Utanırdım deməyə.
Yusif - Nə vaxt?
Məhəmməd - Keçən dəfə sən mənnən küsəndə. Yalannan demiş­dim. Biz istirahətə-zada getməmişdik. Məni xəstəxanaya aparmışdılar. Adını da qoymuşdular «Qocalar evi». Guya ki, mən orda qalıb isti rahət eləməliydim. Ay qaldım ha!. Bilirsən, kürəkənim mənə nə deyirdi: (ağ­zın əyir) Məmiş dayı. Məmiş e! El-oba mənə gül kimi ad qoyub: Mamed. Bu da deyir: Məmiş!
Yusif - Desin da!
Məhəmməd - Necə yanı desin! Qələt eliyir...
Yusif - (fikirləşir). Doğrudan e! (gülür. Məhəmmədin əsəbişədiyini görüb, söhbətin mövzusunu dəyişir). Əşi, addan yox, qocalar evindən danış, ürəyim partladı. Mənə də əsgərlikdə ruslar «Quska» deyirdilər. «Qus» bilirsən da nədi?
Məhəmməd - Hə, bilirəm, «quş» nədi.
Yusif - Ə, «quş» yox e, «qus», yəni qaz.
Məhəmməd - Hə, qaz da pis deyil.
Yusif - Səni başa salana kimi, adam qocalar.
Məhəmməd - Qocalar evindən danışsam, lap dəqiq ürəyin partlı­yar. Ora qocalar evi yox e, ölülər evidi, ən pis xəstəxanadı. Sağ adam da orda xəstələnər. Gündə bir adam ölür. Biri vardı, indi yoxdu. Mə­nim səndən əvvəlki dostum kimi.
Yusif - Dostuna nə olmuşdu ki?
Məhəmməd - Səhərdən axşama kimi mənimnən bankomatları gəzirdi. Kartı da o, aparata soxub-çıxarırdı və hər dəfə də deyirdi ki, pul yoxdur. Sən demə yalan deyirmiş.
Yusif - Niyə?
Məhəmməd - İstiyirmiş ki, axşama kimi mənimlə bir yerdə gəzsin. Evə gedəndən sonra darıxırmış. Ona görə də məndən ayrılmaq istəmir­miş. Mən onun yeganə dostuydum axı. Özü demişdi. Bir gün o, gəl­mədi.
Yusif - Niyə?
Məhəmməd - Çünki ölmüşdü.
Yusif - Dostun?
Məhəmməd - Dostum yox, arvadı.
Yusif - Hə, şükür allaha ki, özü ölmüyüb. Arvad heç, arvada olar. Arvad ölər, gedib birini də alarsan, amma özün ölsən, arvadın ərə gedər. Bax burası dözülməzdi. Ona görə də bizim arvad mənnən qabağ öldü.
Məhəmməd - Təkcə arvadı ölsəydü yaxşıydı. Səhərisi günü o, özü də gəlmədi.
Yusif - Gəlmədi?
Məhəmməd - Gəlmədi. Çünki bu dəfə özü ölmuşdu.
Yusif - Hə. Elə bu da yaxşıdı.
Məhəmməd - Niyə?
Yusif - Çünki o, ölməsəydi, onun yerinə sən ölməliydin. Əzrayıl əzəl-axır dostlardan birini aparır da. Əvvəlcə pəsətliyir, sonra aparır. Onda mən də sənə rast gəlməzdim.
Məhəmməd - Deyirsən, yəni?...
Yusif - Yox! Əzrayıl bizim heç birimizə dəyməz. Çünki səfərdəyik. Bəlkə elə onun ağzının içinə gedirik. Nə bilmək olar?
Məhəmməd - Bəd-bəd danışma. Mən ölmək istəmirəm. Adam öl­mək istəmiyəndə Əzrayıl da yan keçir.
Yusif - Amma dostlar gec-tez ölür.
Məhəmməd - Qocalar evində lap tez-tez ölürlər. Ordan ölü iyi gəlir... Mənim kürəkənim də deyir ki, Məmiş dayı, ora elə gözəldir, elə gözəldir, qulağın sakit, gündə üç dəfə yeməyini verirlər, hamama aparırlar. Ay apardılar ha! Hamama e! Heç burda mənə növbə çatmır. O da ola qocalar evində!
Yusif - Deyirsən, yəni, çox dözülməzdir? (Məhəmməd başı ilə təs­diqləyir). Desəydin, gəlib sənə baş çəkərdim. Səni ordan qaçırdardım.
Məhəmməd - Elə də oldu da.
Yusif - Qaşdın?
Məhəmməd - Yox, qaçırtdım... Yerimi islatdım. Qəsdən... ­Şikayət elədilər, gəlib məni apardılar. Mən day öyrəncəkli olmuşdum. Hər axşam yerimi isladırdım. Həm də qəsdən eliyirdim. Onlardan acıx çı­xır­dım. Düzü o gündən bəri hər gün kəndə qaşmaq istiyirdim. Nə yaxşı ki, səni tapdım. Biz indi iki nəfərik, bizim qabağımızı heş kim ala bilməz... (qəfildən nəsə yadına düşür). Bileti aldın?
Yusif - Aldım.
Məhəmməd - Göstər görüm?
Yusif - Mənə inanmırsan? Özü də «es-ve». Əvvəlcə vermək istə­mirdilər. Deyirdilər ki, burda böyük adamlar gedir, qocalar yox. Mən də cavab verdim ki, cavanlıxda mən də böyük adam olmuşam, indi büzüşməyimə baxma. Bizimkiləri bilmirsən, qınışqanın arasına lazım olanlardan qoydum, aldım. (Cibindən biletləri çıxarır).
Məhəmməd - (bileti iyləyir). Çoxdandır, qatar bileti iyləməmişəm. Vaxt var idi, tez-tez qatarla Bakıya gələrdim. Heş bir gün qalmamış darıxardım və tez də geri qayıdardım. Qaşqın düşənnən bəri qatara minməmişəm. Qatar gözəldir. Tıq-tıq-tıqıdıt-tıq...
Yusif - Hə, indi yenə də minərik qatara.
Məhəmməd - Bilet Horadizə qədərdi?
Yusif - Mahmudluya olmuyacax ki. Horadizdən o tərəfə qatar işləmir. Düşmənlərin acığına. Biz Arazın qırağı ilə piyada getməliyik. Özü də qaranlıxda.
Bu zaman Məryəm gəlir. Onlara şübhəli nəzərlərlə baxır. Qocalar özlərini tox tuturlar və dilxordurlar ki, Məryəm yenə böyürdən çıxdı.
Məryəm qocaların ona şübhə ilə baxdıqlarını görür, özünü o yerə qoymur.
Məryəm - Mən itimi axtarıram. Siz onu təsadüfən görməmisiniz ki?
Yusif - (Məhəmmədə). İtini axtarır. Gözüm aydın! (Məryəmə). Təsa­düfən niyə? İndicə burdan keşdi. Yanında da özünə oxşar birisi.
Məhəmməd - Bağışlıyın, sizin itiniz tez-tez itir?
Məryəm - Tez-tez niyə? Hərdən gəzməyi tutur. Məsələn, sizin kimi...Soruşmaq ayıb olmasın, hara hazırlaşmısınız belə?
Yusif - Sənə nə, hara hazırlaşmışıq. Bazlığa!
Məryəm - (kinayəli). Bazlığa?! Ha...ha... (gülür). Bazlığa!..
Məhəmməd - Balığa gedirik.
Məryəm - Burda balıq var?
Yusif - Balıx var, yoxdu, özümüz bilərik.
Məryəm - Pupsik, hardasan? (itini axtarmaqda davam edir)
Yusif - O, şpiondur. Onu əvvəlcədən bizim üstümüzə nəzarətçi qoyublar.
Məhəmməd - Düzü, mən də elə əvvəldən ondan şübhələnmişdim. Bu cür sarısaç arvadlara mənim etibarım yoxdur.
Yusif - Ona heç kim etibar eləmir ki, bir İtin umuduna qalıb da.
Məhəmməd - Evdən qaçanda qazandakı ətlərin hamısını yedim. Başqa vaxtı mənə ət də vermirdilər. Elə bil, qəsdən ətləri supun için­dən çıxarırdılar.
Yusif - Cücələrin budlarını da həmişə pişik aparırdı. Mən budsevə­nəm axı.
Məhəmməd - Cücələr ordadı (Kəndə işarə edir). Yubanmağ olmaz. Yubanmağ ya ölümə, ya da qocalar evinə bərabərdir. Bizə kənd la­zım­dır.
Yusif - Bir də azadlıq.
Məhəmməd - (astadan). Yaşasın azadlıq!
Yusif - (astadan). Vətən də yaxşıdır! Orda hər şey var.
Məhəmməd - Balıq da!
Yusif - Mən armud yarpağı istiyirəm. Özü də qızılı rəngli.
Məhəmməd - O payızda olur, indi yazdı. Amma fəsəli olar...
Yusif - (qəfildən xatırlayır). Qatarın yola düşməyinə az qalıb! Tələsmək lazımdı.
Məhəmməd - Hə, hə...yubanmağ olmaz.
Yusif - Vağzalda nə soruşsalar, cavab vermə!
Məhəmməd - Uşax-zadam?
Qocalar gedirlər.
Qaranlıqlaşır. Qatar səsi. Sonra qatar dayanır. Sərnişinlər, o cümlədən də qocalar düşür.

Dördüncü şəkil

Ehtimal olunan vağzal.
Məhəmməd - Gecəni gözləmək lazımdı. Ona qədər elə eləməliyik ki, bizdən şübhələnməsinlər.
Yusif - Mənnən şübhələnməzlər, amma sən özünü elə aparırsan ki, guya oğurluğa gedirik. O dey, o paqonnu gədə elə hey bizə baxır. Yaxınlaşıb soruşsa, deyərik ki, peşov eləməyə gəlmişik.
Məhəmməd - Vağzala?
Yusif - Vağzala niyə? Ayaq yoluna. Sadəcə indi yorulmuşuq, bir azdan gedəciyik.
Məhəmməd - Birdən soruşsa ki, peşoyu niyə evdə eləmirsiniz?
Yusif - Deyərik ki, qaşqınıx. Qaşqın hara gəldi peşov eliyə bilər. Çünki vətəni hər yerdir... Biz, bax indi ora getməliyik. O ağacın dibiy­nən. Elə eliyərik ki, guya... o məsələ...
Məhəmməd - Mənə elə gəlir ki, susmaq hamısınnan yaxşıdı. Onda elə biləcəhlər ki, ya dəliyik, ya da lal-kar.
Yusif - Birdən erməniyə oxşatdılar?
Məhəmməd - Onda deyərik ki, erməni özünüzsüz.
Yusif - Bax belə!
Qaranlıqlaşır.

Beşinci şəkil

Alaqaranlıqda qocaların səsi.
Məhəmməd - Yorulmamısan ki?
Yusif - Quş kimiyəm. Hələ ömrümdə özümü belə yüngül hiss elə­məmişdim.
Məhəmməd - Mən də.
Yusif - Bu yolnan getsək yaxşıdır. Mənim dəqiq yadımdadır ki, araba yolu burdandır.
Məhəmməd - Bizi görə bilərlər.
Yusif - Mən özüm heç səni görmürəm. Kimdi bizi aralıdan görən.
Məhəmməd - Mərcanlını gördün də. Evlərin heş birində işıx yoxdu.
Yusif - Elə işıx olmasa yaxşıdı, yoxsa ki, itlər bizi parçalamışdı. İndi, yaqın, itlər yatır.
Məhəmməd - Hə, onların yaman çoban itləri olur.
Qeyd. Bu dialoqlarda qocalar elə danışırlar ki, sanki Mərcanlıda yaşayış var. Onlar unudurlar ki, bura işğal olunub və adamlar çoxdan bu yerləri tərk eləyiblər.
Məhəmməd - Ə, bu, Maralyandan heç səs-səmir gəlmir.
Yusif - Ə, kiri, duyux düşən olar.
Uzun pauza. Qocalar dinmir.
Məhəmməd - Çatdıx. Tək tut ağacı burdadır.
Yusif - Hə, mən də hiss eliyirəm. İnanırsan, elə bil gözlərim açılıb. Şəhərin adlı-sanlı həkimləri yığışıb gözlərimə əncam çəkə bilmədilər, amma kəndimizin havası gözlərimi aşdı. Mən Tək tutu əməlli-başlı görürəm.
Məhəmməd - Yazıq, Tək tut. Qocalıb.
Yusif - Yox, çərliyib, ona görə də quruyub. Adamsızlıqdan quru­yub. Kölgəsində adam oturmayan ağac quruyar da.
Məhəmməd - Ora Alı xəndəyidir. Yadındadı, Əhlimanla orada tutaş­mağımız? Hə, sohra da Rəhiləni Vaqif qaçırtdı. Elə pambıq yığdığı yerdə.
Yusif - Eh! Vaqifgilin pəyəsindəki cöngənin böyürtüsü kəsilən kimi, bildim ki, sabah toydu.
Məhəmməd - Ə, heyliydi dana. Bir adamın ki, qapısında çöngə bağlanırdı, bilirdin ki, toya hazırlaşırlar.
Yusif - Məmmədalı kişinin əvi, bir az o yanda olmalıdı...Bıy, ə, bəs bu əvlər hanı?
Yusif - Mən də elə onu deyirəm dana! Əvlər görühmür axı.
Məhəmməd - Deyirsən, yanı, səhf eləmişik. Dünyada o qədər Tək tut ağacı var ki...
Yusif - Mən kəndimizin havasını nəinki qaranlıxda, hətta gözübağlı da hiss eliyirəm. Bura dəqiq bizim kənddi.
Məhəmməd - Bu Araz hanı, ə!? Quruyub ki! Bıy, ə, bəs balıx tut­muyacıyıx?! Bəs onda biz bura niyə gəlmişik?! Ay bu ermənilərin...
Yusif - Ə, dalın demə! Onsuz da hamı eşitdi.
Məhəmməd - Ə, bəs bizimkilər deyirlər ki, yüz il də keçsə, Qara­bağ bizimdi. Hansı Qarabağ ə? Hanı bizim qonşular, hanı qohumlar, hanı dədələrimizin qəbirləri, baş daşılarını da çıxardıb aparıblar ə?! Ə, bəs bu camahat hanı?
Yusif - Havalanmısan, nədi, ə, nə camahat, camahat salmısan?! Ha­mı iş-gücündədi.
Məhəmmədin ayağı ilişib yıxılır və durmaq istəmir. Yusif özünü ona yetirir.
Yusif - No-oldu, ə, sa-a!? Yıxıldın?
Məhəmməd - Yox, uzandım. Oy, torpax nə istidi!? Heç adam dur­maq istəmir. Yuxum gəlir.
Yusif - Ə, dur. Dur gedək, o uçux damların birində yıxılıb yataq.
Məhəmməd - Ə, orda ilan-çəyən olar.
Yusif - Öz ilanlarımızdı bizə dəyməzlər. (Yusif Məhəmmədə qalx­mağa kömək eləyir. Gedirlər). Bax bura yaxşıdır.
Məhəmməd - Hə, yaxşıdı. Ə, bura bizim kümdü. İyindən tanıdım. Yazıx nənəm həmişə orda çörək salırdı. Gəl elə ocax yerində yatax. Ora isti olar. Gəl, ə. Gəl, burda uzan. (uzanır). Oxay, canım qızdı. (sevinclə). Ə, ocağımız hələ istidi e! Çoxdandı bədənim qızmırdı, elə bil, belimə buz bağlamışdılar.
Yusif - Heş məni demirsən, banka qoyan da tapılmırdı.
Məhəmməd - Mən, elə bil, cavan oğlanam.
Yusif - Mən də.
Məhəmməd - Görən, sabah no-olacax?
Yusif - Nə olacax-olsun. Qorxursan?
Məhəmməd - Heş bir qram da. Kimnən qorxacam, ə, əvimin içində?
Yusif - Ə, bilirsən, kim yadıma düşdü?
Məhəmməd - Kim?
Yusif - İtini axtaran arvad.
Məhəmməd - Meriydi - nəydi o?
Yusif - Düz tapmısan.
Məhəmməd - Mən bilirdim ki, sənin onda gözün var.
Yusif - Ə, qulax yoldaşımızın biri də artardı dana, çayımızı-zadımızı verərdi. Soyuxluyanda banka qoyardı. Yazıx tək qalmışdı. Ona da bir hayan olan lazımdı, ya yox?!
Məhəmməd - Ə, arvaddarnan qurtardıx. Onlar hər yerdə bizə mane olurlar. Bizə kəndimiz lazımdı.
Yusif - Ə, arvadların nə günahı. Vallah, mən arvad xaylağı olsay­dım, bizim kişilərin heş birinə könül verməzdim. Ə, qaşqının da arvadı olar? Torpaxsız da kişi olar?

Uzun sürən pauza.

Məhəmməd - Sən gəlməyinə peşiman dəyilsən ki?
Yusif - Nə danışırsan, ə, indi məni burdan heç kim çıxara bilməz. Sabah açılan kimi, bizim kümün üst-başını örtərik, sonra da gedərik, Arazdan balıx tutmağa. Qarmaxları harda gizlətdiyimi bilirəm. Pəyənin çardağındadı.
Məhəmməd - Ə, nə çardax, çardax var? Görmədin, balıx da yox­du? Araz quruyub.
Yusif - Ə, Arazı qurudublar ki, quruyub da. Gedib ağzın açarıx.
Məhəmməd - Bəlkə Sülüşgilin kümündəki araxlardan birini çıxarıb içək. Harda basdırıldığını bilirəm. Özü mənə deyib. Oğlunun toyunda... Başqa vaxt boynuna almazdı. Bu dəfə məni görəndə kövrəlmişdi... (Gülür).
Yusif - Yox, mən araq istəmirəm. Mən hələ kəndimizin havasını doyunca udmaq istiyirəm. Ox ay!

Uzun sürən pauza.

Məhəmməd - Yaxşı ki, gəldik. Yoxsa ürəyim partlıyardı.
Yusif - Sən bilən, o biriləri də gələrlər?
Məhəmməd - Bəlkə də hə, bəlkə də yox. Gəlsələr də, lap sonralar.
Yusif - Sonra mənim nəyimə lazımdı. Onda biz olmıyacıyıx.
Məhəmməd - Kimlərsə olacax...
Yusif - Kimlərsə mənim qonşum, qohumum dəyil.
Məhəmməd - Düz deyirsən, onlarsız kəndimiz həminki olmu­ya­cax...

Uzun sürən pauza.

Yusif - Ə, gəlsənə şəhərə məktub yazax. Yazax ki, burda heş kim yoxdu. Kənd bizi gözdüyür.
Məhəmməd - Yazağ e, amma onu kim aparacax.
Yusif - Ə, göyərçinnən-zaddan taparıx dayna.
Məhəmməd - Göyərçin bizimkiləri hardan tapacax?
Yusif - Tapacax. Öz göyərçinlərimizdi.

Uzun sürən pauza.

Məhəmməd - Sabah açılsın, bir şey fikirləşib taparıx. Adam öz elin­də-obasında huşlu-başlı olur. Yoxsa ki, şəhər olan-qalan ağlımızı da əlimizdən almışdı. Kənd gözəldir.
Yusif - (astadan). Yaşasın kəndimiz!
Məhəmməd - (hündürdən). Yaşasın, Tək tut! Yaşasın Araz!
Yusif - Ə, sakit, eşidərlər!
Məhəmməd - Cəhənnəmə eşitsinlər! Elə mən də istiyirəm eşitsin­lər də. Qoy, hamı eşitsin! Hamı vətənə! Hamı kəndə! Hamı Araza!
Yusif də ona qoşulur və sevinclərindən qışqırırlar.
Həzin musiqi altında pərdə bağlanır. Sonra atəş səsləri...

Son.