Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


RÜSTƏM İBRAHİMBƏYOVUN 70 YAŞI
 

İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


 

Əsərləri dünyanın onlarca dilində işıq üzü görmüş Rüstəm İbrahimbəyovun Azərbaycan dilində ilk və son iri kitabı, yanılmıramsa hələ keçən əsrdə, 1987-ci ildə nəşr olunmuşdu. Yazıçının doğma dılimizdə cap olunan yeni kitabina onun povestləri, hekayələri daxil edilib.
Rüstəm rus dilində yazır, bu bəzən mübahisələr doğurur: Başqa dildə yazıb-yaradan müəllifi nə dərəcədə milli sənətkar saymaq olar? Ən radikal mövqedə duranlar ümumən yalnız doğma dildə yaradan yazıçını öz xalqının sənətkarı sayır. Məncə bu, kökündən yanlış mövqedır. Əlbəttə, bunu mən də dəfələrlə demişəm, yazmışam, hər bir ədəbiyyat ilk növbədə dogma dildə yaranır, nəsrin, şeirin əsas magistral yolu ana dilindən keçir. Amma müəyyən tarixi, ictimai, hətta, ailə, şəxsi tale səbəblərindən başqa dildə təhsil almış, başqa dili mənimsəmiş adamları milli ədəbiyyatımızdan ayırsaq, çox böyük itkilərimiz olar. Onda gərək bütün əsərlərini fars dilində yazmış Nizamini, Xaqanini, Məhsətini ədəbiyyat tariximizdən çıxaraq. Füzuli necə? Türkcə yazdığı şah əsərlərində Azərbaycan şairi, ərəbcə yazdıqlarında ərəb, farsca divanında fars sənətçisidir? Mirzə Fətəli Axundzadə Puşkinin ölümünə yazdığı "Şərq poeması"yla fars şairi, "Hacı Qara"sıyla Azər türk dramaturqudur? İyirminci əsrdə yetişmiş, rus dilində təhsil almış və rus dilində yazan neçə istedadlı şairi, nasiri ədəbiyyatımızdan xaric etməliyikmi? Yaxud kim rus dilində yazdıqları üçün Çingiz Aytmatovun qırğız yazıçısı, Oljas Süleymenovun qazax şairi olmadığını iddia edə bilər? Yenə də təkrar edirəm, dil ünsürü ədəbiyyatda ən mühüm, ən vacib, ən əsas ünsürdür, amma yeganə ünsür deyil. Müəllifin milli mənsubiyyəti, əsərlərinin məzmunu, mövzusu, ruhu, qaldırdığı milli problemlər, yaratdığı milli xarakterlər onun hansı ədəbiyyata mənsub olduğunun dəqiq göstəricisidir.
Hər hansı bir ədəbiyyatın fəxri sayıla biləcək Rüstəm İbrahimbəyovun beynəlmiləl mövzularda pyesləri, ssenariləri də var, bu və başqa əsərlərinə görə o keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının, bir çox Avropa ölkələrinin və ABŞ-ın ən yüksək mükafatlarını, o cümlədən "Oskar" ödülünü qazanıb. Amma Azərbaycan Xalq yazıçısı, Azərbaycanın Dövlət mükafatı laureatı Rüstəmin Azərbaycan həyatından yazdığı povestləri, hekayələri sırf milli və hətta məhəlli koloriti ilə, dedikləri rus kəlmələriylə ifadə olunmuş personajların dilindəki Azərbaycan özəllikləri hər xarakterin milli səciyyəsi, əsərlərin ümumi ovqatı, ab-havası bu dəyərli sənət örnəklərini milli ədəbiyyatımızın qızıl fonduna daxil etmişdir. "9-cu Xrebtovıda", "Unudulmuş avqust", "Park", "Ad günü", "Nəğmə dərsi", "Ezamiyyətdə" mənim fıkrimcə, çağdaş nəsrimizin şah əsərlərındəndir.
Hələ çox illər bundan əvvəl Rüstəmin "9-cu Xrebtovıda" povestini oxuyarkən müəllifin ilk iri əsəri olan bu yazı məni heyran etmişdi: ən ağrılı ictimai və milli məsələlərə toxunan gənj nasirin cəsarəti, məişət səhnələrini bu qədər müfəssəl və yerli-yataqlı təsvir etmək məharəti, insan xarakterlərini bunca ustalıqla açmaq bacarığı qibtəyə layiq idi. İlk yazılarından özünü ciddi qələm sahibi kimi tanıdan müəllif ömrü boyu sadiq qaldığı mənəvi mövqeyi elə ilk əsərlərindən bəyan etmişdi. Mən bu mövqeyi insanda insanlıq axtarışı kimi müəyyənləşdirərdim. Gördüyü, tanıdığı, müşahidə etdiyi hər bir insanda Rüstəm ilk növbədə onun insani cəhətlərini, bəzən ilk baxışda sezilməyən, çox dərin qatlarda gizlənən insanlığını axtarır və üzə çıxarmağa çalışır.
Eyni zamanda o bu insanlığa qənim kəsilən cəhətləri: qəddarlığı, əzazilliyi, zoru nəzərə çatdıra bılir. Adi bir şəhər həyətində, yaxud şəhər kənarında çöllükdə yeniyetmələr arasında baş verən qarşıdurma ("Unudulmuş avqust" povesti), təmənnasız fədakarlıqla zülmün toqquşması ("Yaşıl qapı arxasındakı qadın" pyesi) daha qlobal problemlərin, insanlıqla tutalım elə faşizmin üz-üzə gəlməsinin modelidir.
"Ezamiyyətdə" hekayəsində bəhs olunan hadisələr "9-cu Xrebtovı"da cərəyan edən olaylardan çox uzaqdır. Məkanlar da fərqlidir. Hekayənin qəhrəmanı elmi işçi Mərdanov Moskvada ezamiyyətdədir, "9-cu Xrebtovı"nın sakinləri öz məhəllələrindən kənara çıxmır. Beləliklə, müxtəlif məkanlar, müxtəlif mühit, müxtəlif maraqlar və müxtəlif davranış qaydaları. Amma buna rəğmən hekayə də, povest də dəruni mənəvi bağlarla bir-birinə bağlıdır, bir-birinə calanır, bir-bırini tamamlayır. Onların ümumi cəhəti müəllifin insanda insanlıq axtarışlarının inikasıdır. Yəni mətləb eynidir: insanın həqiqi mahiyyəti, ona təlqin olunan yalançı əxlaq və rəftar ülgülərinə qarşı şəxsiyyətin təbii özlüyü, saxta xətt-hərəkətlərlə pərdələnmiş, zahiri əlamətlərin altında ya arxasında insanın üzvi varlığı, əsl mahiyyəti...
"Ezamiyyətdə" hekayəsinin sadə süjetini açıqlamayacam, hekayəni oxuyub orada nədən bəhs edildiyini bilmək olar. Yalnız ilk oxunuşda da, sonralar yenə bu hekayəyə qayıdarkən də məni həyəcanlandıran sonluqdan danışmaq istəyirəm. Mərdanovun şaxtalı Moskva küçələrində, qarlı qış gecəsində balaca oğlanı çağırması:
"O, gedir və hey oğlanı çağırırdı. Gedir və çağırırdı".
Hekayə bu cümləylə bitir. Soyuq Şimal. Gecə. İki tənha insan – yaşlı kişi və balaca uşaq. Çovğunun uğultusu və bu uğultuda eşidilib itən səs – insanlıq səsi.
"9-cu Xrebtovı"nın iqlim göstəricisi bambaşqadır. Mənə elə gəlir ki, yazıldığı dövrdə amansız və ədalətsiz tənqidlərə məruz qalmış bu əsərin belə müqavimətlə rastlaşması ilk növbədə bu cəhətiylə bağlı idi. Guya ki, milli adətlərimizi təhrif etməsi, xalqımızın mənfi cəhətlərini qabartması, işıqlı həyatımızı qara boyalarla təsvir etməsi kimi ittihamların arxasında rəsmi ideologiyanın və ona xidmət edən tənqidçilərin basqa qorxusu, ayrı xofu vardı - yazıçı, ümumiyyətlə, yaşadığımız cəmiyyətin paxırını açırdı, insan təbiətinə zidd olan ehkamlarını damğalayırdı. Bu povest əsasında çəkilmiş "Bir cənub şəhərində" fılmi də (rejissor Eldar Quliyev, operator Rasim Ocaqov) məhz elə bu baxımdan ideoloji serberləri vahiməyə salmışdı. Amma nə yaxşı ki, elə o dövrdə həm povestin, həm filmin əsl dəyərini anlayan və qiymətləndirən adamlar tapıldı. O cümlədən Azərbaycanda da.
Bu ardıcıl müəllif mövqeyi Rüstəmin ondan sonra yazdığı əsərlərinin əksəriyyətində də izlənir, həm də bütün janrlarda – nəsrdə, dramaturgiyada, kinoda.
SSRİ Dövlət mükafatına layiq görülmüş "İstintaq" filmində də (rejissor Rasim Ocaqov), "Yaşıl qapı arxasındakı qadın" pyesində də, müstəqil Azərbaycan Cümhuriyyətinin faciəvi taleyi haqqında ilk dəfə (əlbəttə, o dövrün imkanları çərçivəsində) gerçəyi səhnəyə gətirən "Ultumatum" pyesində də, "Ad günü", "Nəğmə dərsi" kimi həzin qüssəli hekayələrdə də Rüstəm İbrahimbəyov İnsanda insanlığı tərənnüm edir.
Mən Rüstəm İbrahimbəyov haqqında dəfələrlə çıxış etmiş, yazılar yazmışam – "9-cu Xrebtovı" haqsız hücumlara məruz qalanda "Literaturnaya qazeta"da, "Ultimatum" pyesi haqqında yenə o qəzetdə yazılarım çıxıb, yazıçının 50 illiyi münasibətilə Bakı mətbuatında "Göndərilməmiş məktub"um dərc edilib.
Bu yazımı isə uzun illərin hər sınağından keçmiş dostumun insani keyfiyyətləri haqqında bir-iki kəlmə ilə bitirmək istəyirəm. Adi dillə desək, Rüstəm əsl kişidir – mərd, cəsur, etibarlı, heç nədən qorxmayan, beç bir çətinlikdən çəkinməyən. Təhsili etibarilə kibernetikdir, Allah vergisiylə - sənətçi. Onun yüksək sənətkarlıq istedadına kibernetik dəqiqliyi, hər şeyi kibernetik maşın kimi tez dərk edib, nəticə çıxarmaq bacarığı da əlavə olunanda təkrarsız Rüstəm İbrahimbəyov fenomeni - çağdaş sənətimizin və həyatımızın unikal hadisəsi yaranır. Rüstəmin ömrünün bir qismi təyyarələrdə keçir; bir həftə ərzində şəhərdən şəhərə, ölkədən ölkəyə, qitədən qitəyə uça bilər. Mahir təşkilatçı, iş adamı kimi də fəaliyyət göstərir. Təbii ki, ilk növbədə ən müxtəlif mövzularda və janrlarda dəyərli bədii əsərlər yaradır, amma eyni zamanda heç vaxt bir dost təklifindən, dost məclisinə dəvətdən də imtina etmir. Mən həmişə iki şeyə təəccüb qalıram: bir müddət Bakıda olmayan Rüstəm şəhərimizə qayıdanda görürsən ki, burada baş vermis hadisələr haqqında hamımızdan artıq məlumatı var. Bir də Bakıda olduğu zaman əsər yazmaqla, yaratdığı "İbrus" featrının, rəhbərlik etdiyi Kinoçular İttifaqının fəaliyyətilə bağlı bütün öhdəsinə düşənləri yerinə yetirməklə bərabər, çoxsaylı dostları, tanışlarıyla görüşməyə də vaxt tapa bilir...