Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


POEZİYA
 

Fəxrəddin ZİYA


 
Gözəllik

Günüm gözəllərin vəsfində keçər,
şeirimdə dilimin söz gözəlliyi.
Ürəyim sevməyə bir sənəm seçər,
gözümdə dünyanın yüz gözəlliyi.

Gözəllik məst edir bizi, nə gözəl,
tükənmir qəmzəsi, nazı, nə gözəl.
Ömrün qışı nə xoş, yazı nə gözəl,
hər fəslin, hər ayın öz gözəlliyi.

Yenə gül qoxuyur çölün nəfəsi,
ləçəyin şəbnəmi, bülbülün səsi.
Qoy öpsün üzündən düzün laləsi,
əyilib ahəstə üz gözəlliyi.

Ürək də bir gözdür, göz də bir ürək,
baxışdan odlanaq, duyğudan ölək.
Tökülsün bəbəyi, kor olsun gərək,
heyrətlə görməsə göz gözəlliyi.

Fəxrəddin, bu nə ah, bu nə sızaqdı,
gözəllər gözünün giləsin sağdı.
Guya ki, baxmaqla nə olacaqdı,
ha durub qıraqdan süz gözəlliyi.

Mərdİ qova - qova namərd edənlər

Bilərəkdən
qara ilə ağa,
təpə ilə dağa,
ayran ilə yağa
fərq qoymayanlar
mərdi qova - qova namərd edirlər.

Özlərinkidir deyə
əyrini düzdən,
astarı üzdən,
eynəyi gözdən
dəyərli sayanlar
mərdi qova - qova namərd edirlər.

Dünya malından gözləri doymayanlar,
xeyri gələn yeri əldən qoymayanlar,
Dövlətinə qıyıb, sərvətinə qıymayanlar
mərdi qova - qova namərd edirlər.

Ömür - günümüzə zəhər qatanlar,
hər yerdə hamıya "atanlar",
vicdanın hərraca qoyub satanlar
mərdi qova - qova namərd edirlər.

Bu, Stalin dövrünün
beriyaları, mikoyanları,
indi də nə bilim nə əyanları,
dövrümüzün "çoxbilmiş" nadanları
mərdi qova - qova namərd edirlər.

Böyüyüb biznesmen olmuş baqqallar,
şəxsi minik, mülk kolleksiyası yığan naqqallar,
canavar tinətli sümsük caqqallar
mərdi qova - qova namərd edirlər.

Daha özündən müştəbeh "ərənlər",
həyatının mənasını rüşvətdə görənlər,
nütvəsində də haram əkib - dərənlər
mərdi qova - qova namərd edirlər.

Qocalar evi

                                      Övladları onları yola vermədikləri
                                      üçün qocalar evini öz od - ocağından üstün
                                      tutub ömrünün sonunacan orada yaşamağa
                                      qərar verən bu zavallı, pənahsız insanları
                                      sakit, emosiyasız dinləmək olmur.
                                      Nə qədər ağrılı və acı görüş!
                                      Başın batsın, nankor övlad!
                                      Ölümün olumundan daha əfzəl!

Salam verib - hər vaxtınız xeyir - söylədim.
Aqibətin xeyir olsun, oğul - dedilər.
Mənə ömrün qürubunda xeyir dilədi
aqibəti qara gəlmiş bu nisgillilər.

Aqibəti xeyir olmaq, nə uğurlu yol,
hansımıza qismət olar, qalıb bəxtəbəxt.
Od - ocaq qur, övlad böyüt, sonra da qovul,
sən həyatın təzad dolu min üzünə bax!

Qırış kəşmiş çöhrələri xiffətdən solar,
nurdan düşmüş gözlərində qəm yuva salar.
Hər gün qüssə, qəhər ilə oyanar - yatar,
yuxusunda övlad, nəvə görən qocalar.

Bu ixtiyar yaşlarında sərgərdan olub
doğmalardan uzaq düşmək nə qədər ağır.
Nə arabir bir günlüyə qayıda bilir,
nə yurd - yuva, nə qonşular yadından çıxır.

Gecə - gündüz lənətləyib qara bəxtini,
kimlərisə yada salar, səssiz ağlayar.
Hələ hərdən nəyəsə sərf edər vaxtını,
hələ hərdən kimə isə ümid bağlayar!

Lakin gəlməz övladlardan quru təklif də,
göz yaşıyla dərdlərini yayındırarlar.
Boş arzuyla, xam xəyalla qalıb təklikdə,
bu tənhalar bir - birini ovundurarlar.

Daha daim fikri məchul, qaşı catılar,
günü - günə, ayı - aya satar qocalar.
Sanki kədər ümmanına lövbər atarlar,
dəryalarda gəmiləri batan qocalar.

Aman Allah, nə sitəmdir qocalar çəkir?
bu cür dərdə nə baş dözər, nə ürək dözər.
Qaçqınların, köçkünlərin gününə şükür,
övlad, nəvə didərgini olmaqdan həzər.

Bir yerdə ki, valideynə ehtiram olmaz,
batsın o yurd, uçsun o ev, sönsün o ocaq.
Vətənə də vətəndaş yox, ləkədir ancaq,
anasına, atasına xor baxan alçaq!

Bu gərəksiz vücuduna de, nə ad verək,
gözümüzdə cılızlaşan, ay arsız oğul?
Südünümü, zatınımı, nəyini deyək,
nankor övlad, naqis xələf, qürursuz oğul?

Övlad gərək kəfəninə bürünüb gedə,
valideyni ölümə də onu çağırsa.
Ulu Tanrım, sənin səbrin nə vaxt daşacaq,
oğlu qoca anasını evdən qovursa?!

Cahil insan, düz yolundan sapdığın yetər,
şərafət san valideynə diz çökməyi sən.
Tanrı - əcəl körpüsündən keçməzdən əvvəl
öz övladlıq borclarını ödəməlisən!

Təsəlli

Güzgüdə baxdım özümə,
sınıxmış dəydim gözümə.
Sən demə, cox yorduğumçün,
can daha baxmır sözümə.

Dirəşmiş illər üzümə,
xəstəlik düşmüş izimə.
Yaş öz işini görübsə,
ha döyüm indi dizimə.

Söz ki deyilir düzünə,
dəyər yalanın yüzünə.
Nə söyləsəm təsəllidir
daha özümdən - özümə.

Bütövlük - sınmazlıq

təkəbbür eyləyən görsəm,
namərdəm bir yol onlara
əgər qulaq asaramsa.
Qudurğan, nakəs önümdə
haqqı nahaqqa verəndə
lal olsun dilim ağzımda,
sakit baxıb susaramsa.
Gündə bir məclis qursa da,
çörəyi minnətlə verən,
yediyim qoy haram olsun
ora ayaq basaramsa.
Mənə bir sadə dost gərək,
daim qəlb həmdəmim olsun,
"neyləyirəm qızıl teşti",
içində qan qusuramsa"!

Təzad

Qışda büzüşürük yorğan altında,
soyuqdan donuruq, qardan bezirik.
Yayın cırhacırlı, isti vaxtında
sərin yer axtarır, soyuq gəzirik.
Yayın istisində tövşüyən insan,
qışın soyuğunda üşüyən insan
nə yayı bəyənir, nə qışı sevir.
Bir yol bu hikməti anlayıb demir,
bu qədər təzada, heyrətə şükür,
Tanrım, yaratdığın qüdrətə şükür!

Güzəştim-suçum

Övlad sözümdən cıxdı,
bir nadana tay oldu.
Səhvini gec anladı,
həyatı "ah-vay" oldu.

Gözümdə dan söküldü,
qəlbimdə dərd əkildi.
Yuxum ərşə çəkildi,
hər gecəm bir ay oldu.

Verilsin həm mənimçün
qoy cəzası bu suçun.
Güzəştə getdiyimçün
ömrüm-günüm zay oldu.

Sizif zəhməti

Çiynimdə ağır yük, çəkdiyim əzab,
yox bir anlayanım, köməyim, Allah.
Mənim hər işimin sonu iztirab,
"Sizif zəhməti"ymiş əməyim, Allah.

Bizi müxalifət sayan gədələr...

Siz ey düz sözümü şərə yozanlar,
bu cür düşünməniz kökündən qələt.
Şeirimdə gəzməsin kimsə siyasət,
mən nə iqtidaram, nə müxalifət.

Siz ey ömrü boyu yalaq olanlar,
mələz əsillilər, calaq olanlar.
Əlində "ingilis bayrağı" tutub,
daim ona - buna yaltaqlananlar.

Mən nə "Musavat"çı, nə "Cəbhə"çiyəm,
nə "Ana Vətən"də , nə "YAP"da varam.
Mənim müxalifim öz vicdanımdır,
sözümdə, işimdə düz iqtidaram.

Mənimçün həqiqət hər şeydən uca,
xalqın dərd-sərini yazmaq şərəfdir.
Siz isə, maşallah, diribaş, qoçaq,
sizə ikiüzlü olmaq sərf edir.

Hərdən zəmanəyə etiraz sözüm
kiminsə heysinə toxunmaq deyil.
Ətrafda bir qüsur görürsə gözüm,
bu əsla ittiham oxumaq deyil.

Şair təhrif etməz öz zamanını,
əyrini - necə var, düzü düz yazar.
Tanıtmaz mədh ilə öz ünvanını,
acı həqiqətə acı söz yazar.

Şairi xalqına müxalif sayan
ən azı, nadandır, ayrı adı yox.
Yurdunda ədalət görən şairsə
xoşbəxtdir, uçmağa bir qanadı yox.

Odur əlahəzrət sözün memarı,
dövrünün fövqündə durmuş hər zaman.
Sındıra bilməmiş əsl şairi,
nə cəllad kötüyü, nə soyuq zindan.

Sözü sərt, eyhamı incə şairin
ömrü də minnətsiz ötsə yaxşıdır.
Şair məddahlığa rəvac verincə,
Biryolluq intihar etsə yaxşıdır.