Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


DRAMATURGİYA
 

ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


 

BİRİNCİ HİSSƏ

BİRİNCİ ŞƏKİL

Səhnə qaranlıq və sükut içindədir.

Pauza.

Zala tuşlanmış əl fənəri yanır. Bir az arxa planda nisbətən zəif daha iki əl fənəri yanır. Fənərlər səhnə boyu hərəkət edir. Qaranlıq içində üç nəfər NKVD işçisinin silueti güclə sezilir: bir nəfər - görünür, daha yüksək rütbəli zabitdir - qabaqda, iki nəfər onun ardınca irəliləyirlər. Fənərlərin işıqları səhnənin dibində itir.

Pauza.

Qaranlıq içində qəflətən müxtəlif qışqırıq səsləri eşidilir.

QADIN ÇIĞIRTISI. Yox!.. Yox!..
KİŞİ SƏSİ. Mən xalq düşməni deyiləm!..
QADIN ÇIĞIRTISI. Buraxın onu!.. Aparmayın!..
QADIN ÇIĞIRTISI. Qoymaram!..
KİŞİ SƏSİ. Mən heç vaxt Stalin yolundan dönməmişəm!..
KİŞİ SƏSİ. Mənim vətən qarşısında, partiya qarşısında, yoldaş Stalin qarşısında həmişə alnım açıq olub!..
QADIN ÇIĞIRTISI. Vay!..
KİŞİ SƏSİ. Mən təqsirsizəm!..
KİŞİ SƏSİ. Qorxmayın!.. Mən qayıdacağam!..
QADIN ÇIĞIRTISI. Aparmayın onu!..
KİŞİ SƏSİ. Mən heç vaxt partiyaya xəyanət etməmişəm!..
QADIN ÇIĞIRTISI. Yox!..Aparmayın!..
KİŞİ SƏSİ. Bu, səhvdir!..
QADIN ÇIĞIRTISI. Aparmayın!..
KİŞİ SƏSİ. Mən qayıdacağam!..
Və qaranlıq səhnədə bir müddət o son sözlərin əks-sədası eşidilir:
- Mən qayıdacağam!..
- Mən qayıdacağam!..
- Mən qayıdacağam!..

İKİNCİ ŞƏKİL

Beşinci mərtəbədəki mənzilin qonaq otağı. Gecə düşüb.

Bir küncə qoyulmuş küknar ağacı Yeni il münasibətilə bəzənib. Divarda İosif Stalinin gülümsəyən böyük portreti, başqa kiçik ailəvi fotoşəkillər asılıb. Qabaq planda miz və iki kürsü, bir az kənarda isə arxası zala tərəf olan kreslo var.

Q a d ı n, K i ş i, Q o n a q.

Qadın cürbəcür yeməklər, boşqab, çəngəl-bıçaq düzərək, mizin üstünü səliqəyə salır.

QADIN (divar saatına baxaraq). Saat on oldu!.. Harda qaldı belə?.. Yəqin yenə iclas çağırıblar... (Dərindən köks ötürür.) Eh... Nə deyim, vallah...
Eşikdən hay-küy, qışqırtı eşidilir.
QADIN ÇIĞIRTISI (səhnə arxasından). Yox!.. Yox!.. Onunla işiniz olmasın!.. O, Allah adamıdır!..
Qadının əlindəki boşqab yerə düşüb, sınır.
QADIN ÇIĞIRTISI (səhnə arxasından). Qoymaram!..
KİŞİ SƏSİ (səhnə arxasından). Qorxma, Allah qoysa, məlum olar ki, səhv ediblər...
Qadın həyəcanla qapıya tərəf gedir.
QADIN (pıçıltı ilə). Namərdlər!.. Yeni il gecəsi də gəlib, adamları aparırlar... (Qulağını qapıya dirəyib, qulaq asır.)
QADIN ÇIĞIRTISI (səhnə arxasından). Hara aparırsız onu? Onun yetimlərini kim saxlayacaq?.. Onun namazı sizə qənim olar!.. Aparmayın!..
KİŞİ SƏSİ (səhnə arxasından). İnşallah, yaxşı olar... Sakit ol, uşaqlar qorxur...
QADIN (pıçıltı ilə). Yazıq Axund Seyid Rza...
QADIN ÇIĞIRTISI (səhnə arxasından). Mən qoymaram!.. Mən qoymaram onu aparasız!..
QADIN (pıçıltı ilə). Bədbəxt Zeynəb...
QADIN ÇIĞIRTISI (səhnə arxasından). Yox!.. Yox!.. Aparmayın!..
KİŞİ SƏSİ (səhnə arxasından). Qorxma... İnşallah, qayıdaram... Məndən nə xalq düşməni?..
Kobud addım səsləri eşidilir.
(Bərkdən qışqırır.) Özünüzdən muğayat olun!.. İnşallah, tez qayıdaram!..
Addım səsləri əvvəlcə yaxınlaşır, sonra uzaqlaşmağa başlayır..
QADIN (pıçıltı ilə). Apardılar...
Addım səsləri tamam uzaqlaşıb, itir.
(Doluxsunur.) Apardılar... Ay Allah, bu nə müsibətdi belə?.. (Səhnədən çıxır və tez də süpürgə-xəkəndazla qayıdaraq, boşqab qırıntılarını süpürüb xəkəndaza yığır.) Bədbəxt Zeynəb... (Divar saatına baxır.) Nə oldu? Tez gəl... Sən Allah, tez gəl... Adamın ağlına yüz cür fikir gəlir... Uzaq olsun!.. Bütün dərd-sər, bütün xata-bəla 37-də qalsın!.. 38 bütün aparılanların qapısını açsın!.. (Süpürgə-xəkəndazı apararaq, səhnədən çıxır.)
Qapı yavaşdan döyülür.
(İti addımlarla səhnəyə daxil olub, qapıya tərəf gedir.) Gəldi... (Qapını açır.) Axır ki, gəldin!.. İclas çağırmışdılar?
KİŞİ (içəri girib, əlindəki portfeli yerə qoyur.) Hə...
QADIN. Yenə ifşa idi?
KİŞİ (şlyapasını asılqandan asıb, paltosunu çıxara-çıxara). Hə... (Paltosunu da asılqandan asır.)
QADIN (qeyri-ixtiyari bərkdən). Ay aman!.. Bu müsibət nə vaxt qurtaracaq? Yeni il gecəsi də ifşa iclası keçirirlər!.. İnsaf yox, mürvət yox...
KİŞİ (qapıya tərəf baxaraq). Yavaş...
QADIN. Gəl... (Pencəyini çıxarmağa kömək edir.) Gəl, yuyun, rahatlan bir az...
KİŞİ. Acından ölürəm...
QADIN (dərindən köks ötürür). Gəl, gəl, hər şey hazırdır... Yuyun, gəl.
Kişi səhnədən çıxır. Qadın mizin üstünü səliqəyə salır.
QADIN (bərkdən). Kimi ifşa elədilər?
KİŞİ (məhrəba ilə əl-üzünü qurulaya-qurulaya səhnəyə daxil olur). Bir az yavaş... Mürsəli...
QADIN. Mürsəli? Hansı Mürsəli?
KİŞİ. Əbilovu...
QADIN (sarsılmış halda). Mürsəl Əbilovu?
KİŞİ. Hə...
QADIN. O yazıq ki, sakit, dinməz-söyləməz bir adam idi...
KİŞİ. Kimdi indi dinməz-söyləməzə baxan?..
QADIN. O da xalq düşmənidi?
KİŞİ. Hə...
Qadın başını bulaya-bulaya məhrəbanı ondan alır.
QADIN. Ona nə ad qoydular?
KİŞİ. Dedilər ki, İspaniya əksinqilabçılarının casusudu...
QADIN (heyrətlə). İspaniya əksinqilabçılarının?
KİŞİ. Hə... Frankonun...
QADIN. Frankonun?
KİŞİ (başı ilə təsdiq edir). Dolores İbarruriyə sui-qəsd hazırlayırmış...
QADIN. O kimdi elə?
KİŞİ. İspaniya kommunistlərinin lideri...
QADIN. Mürsəl müəllim bədbəxt hara, Franko hara, Dolores İbarruri hara?
KİŞİ. 23-cü ildə bir ispan kommunisti Bakıya gəlib, Mürsəl də onu burda müşayiət edib...
QADIN. 23-cü ildə?
KİŞİ. Hə...
QADIN. Onda Lenin sağ idi ki...
KİŞİ. Nə olsun? (Yavaşdan.) Lenin sağ olsaydı, elə bilirsən NKVD onun özünü tuta bilməzdi? (Elə bil ki, özü öz dediklərindən qorxaraq, o tərəf-bu tərəfə baxır, dərindən köks ötürür, sonra mizə işarə edərək.) Gəl, gəl, oturaq...
QADIN. Hə... Oturaq... Ancaq... Ancaq o kommunist idi axı...
KİŞİ. Kim? Mürsəl? Nə olsun kommunist idi? O biriləri kommunist deyil bəyəm? Dedilər ki, İspaniya faşistlərinin maskalanmış casusudu...
QADIN. Yox... İspanı deyirəm... 23-cü ildə Bakıya gələni... Demirsən o kom­munist idi? Yəqin tapşırıblar, Mürsəl bədbəxt də onu müşayiət edib də...
KİŞİ. Nə olsun? Dedilər ki, yəqin o da maskalanmış faşist agenti imiş... Faşistlər elə o vaxtdan Mürsəl müəllimi ələ alıblar...
QADIN. Hamı Mürsəl müəllimi ifşa etdi?
KİŞİ. Hə...
QADIN (ürkmüş halda). Sən danışmadın ki?
KİŞİ. Mən? Yox...
QADIN (onu qucaqlayaraq). Nə yaxşı ki, sən varsan bu dünyada... Yoxsa adam dəli olar... Bəs Mürsəl müəllim özü danışmadı? Demədi ki, mən hara, İspaniya hara?

Kiçik pauza.

Hə?

KİŞİ. Tribunaya qalxdı, amma danışa bilmədi...

Kiçik pauza.

QADIN. Niyə?
KİŞİ. Ağladı...
QADIN (doluxsunur). Ay bədbəxt...
KİŞİ. Bu bir burulğandı... Ehtiyatlı olmaq lazımdı...
QADIN (yavaşdan). Qəribzadənin güllələnməyi xəbəri düz çıxdı?
KİŞİ (yavaşdan). Hə...
QADIN. Arvadını da?
KİŞİ. Hə, onu da güllələyiblər... Rəsmi xəbər verildi... (Daha da yavaş­dan.) Guya o da qadınları ərinin terrorçu təşkilatına cəlb edirmiş... Sabah qəzetlərdə troykanın qərarı və icrası barədə məlumat olacaq...
QADIN. Ay aman!.. Gör, yurdlarını necə viran elədilər!.. O cür savadlı adamı!.. Arvadı da elə mədəni, mehriban!.. Yadına gəlir... (Kövrəlir.) Yadına gəlir, bir dəfə bizə gəlmişdilər, ikisi də... (Barmağı ilə İosif Stalinin portretini göstərir.) Onun... yoldaş Stalinin sağlığına necə təsirli sağlıq dedi? O cür adam da "xalq düşməni" olar?.. İki uşaqlarını da yetimxanaya veriblər...
KİŞİ. Böyüyü, oğlan idi də, yadındadı?
QADIN. Əlbəttə!.. Ona da nəsə ediblər?
KİŞİ. Yox... Onu Pioner Evində izhari-nifrət iclasına aparıblar, atasını, ana­sını "xalq düşməni" kimi lənətləyib... Deyib ki, mən atamla anama nifrət edi­rəm!.. Onlardan imtina edib... Deyib ki, mən böyüyəndə əsl sovet vətəndaşı olacağam...
QADIN (mat qalır). Cəmi on iki yaşı var e-e-e...
KİŞİ. Nə əzbərlədiblər, onu da deyib də... Deyirlər, indi onu bütün Azərbaycan rayonlarına izhari-nifrət iclaslarına aparırlar, çıxış edir...
QADIN (ağlamsınır). Ay Allah, bu necə zəmanədi?.. Bu nə şeytan əməlləridi belə?.. Hə, nə şeytan əməlləridi?.. Bayaq Axund Seyid Rzanı da gəlib apardılar... Yeni il gecəsi!..
KİŞİ. Axund Seyid Rzanı?.. Bədbəxt oğlu bədbəxt!.. Yəqin kimsə şeytanlayıb də... Yoxsa, o, kimin yadına düşürdü? Axundluq etdiyi məscidi beş il bundan qabaq bağlayıblar, indi orda ayaqqabı təmir edirlər...
QADIN (sidq-ürəkdən yana-yana). Qoca kişi... Bədbəxt özü indicə deyirdi ki, məndən nə xalq düşməni? Allah necə dözür bu müsibətə?
KİŞİ. Sakit ol... Həmişə belə olmayacaq ki... Bu 37-dən salamat çıxaq, sonra yaxşı olar... Həmişə belə davam etməyəcək ki?.. (Divar saatına baxır.) Yeni ilə nə qədər qalıb? Düz... bir saat qırx dəqiqə... (Yavaşdan.) Bir saat qırx dəqiqədən sonra 37 qurtaracaq? Adam heç inana bilmir...
QADIN. Sənin canında bu ayların, illərin yorğunluğu var... Mən bilirəm...

Kişi onu daha da bərk qucaqlayıb, öpür.

(Yavaşdan). Deyirsən bir saat qırx dəqiqədən sonra hər şey yaxşı olacaq?..
KİŞİ (yavaşdan). Bir saat qırx dəqiqədən sonra 37 qurtaracaq? Adam heç inana bilmir... (Daha da yavaşdan.) Gəl, gəl, otur, bu başabəla 37-ni yola salaq... Elə yola salaq ki, bir də heç vaxt qayıtmasın...
QADIN. Yadıma gəlir... Biz uşaq olanda, Yeni il gecəsi çox istəyirdik ki, köhnə il təzədən qayıtsın... Bilirsən niyə? Təzədən köhnə ildəki kimi oynayaq, gülək...

Kiçik pauza.

Saat on ikidən düz beş dəqiqə keçən kimi, -- təzə ilin beşinci dəqiqəsində -- qapımız döyülürdü, babam bizə bir fayton qıpqırmızı qızılgül göndərirdi,-- qışın eləcə oğlan çağında e!-- içində də hərəmizin öz hədiyyəsi...

KİŞİ. Bunları yaddan çıxar...
QADIN. Bunları yaddan çıxarmaq mümkün deyil...
KİŞİ. Eşidərlər, gedib xəbər verərlər ki, Nikolay vaxtını tərifləyirsən...
QADIN. Mən özümçün onlardan qorxmuram!..
KİŞİ. Sən onları tanımırsan...
QADIN. Mən gecə-gündüz səninçün qorxuram... Hər dəfə ürəyimi qorxu bürüyür ki, işdən qayıdacaq, yoxsa, yox?.. Gözüm elə saatla qapı arasında olur!.. Gecə bir tıqqıltı gələndə diksinirəm ki, səni aparmağa gəliblər...
KİŞİ. Yox. Məni apara bilməzlər! Mənim alibim var!.. Gəl, gəl, oturaq...

QADIN (əlindəki məhrəbanı kreslonun üstünə ataraq). Hə, gəl, oturaq!.. Hər şeyi yaddan çıxaraq!.. Uşaqlığımızı da yaddan çıxaraq!..

Mizin arxasında üzbəüz əyləşirlər.
Şampanı saat 12-ni vuranda partladacağıq!..

KİŞİ. Onda bu gözəl qırmızı Hadrut çaxırından vuracağıq!..
QADIN. Sən bu sözləri elə dedin, elə bil ki, əvvəlki illərdi!.. Dostlar, qohumlar, yenə bir yerə yığışıb, Yeni ili qarşılayırıq...
KİŞİ (qədəhlərə çaxır süzür). Gəl, bunu indidən Yeni ilin şərəfinə qaldıraq!.. Hər şey yaxşı olacaq!..
QADIN. Yox!.. 37 hələ qurtarmayıb ki!.. (Qədəhi götürür.) Mən bunu sənin sağlığına qaldırıram!.. Nə olsun ki, sən heç nə demirsən? Mən bilirəm ki, sən içində nə çəkirsən!.. Qapını döyəndə də yavaş döyürsən ki, mən qorxmayım... Bilim ki, sənsən... Sənin sağlığına, mənim əzizim!..
KİŞİ (mütəəssir). Bizim sağlığımıza!.. Sən bayaq dedin ki... dedin ki, onlardan qorxmursan... Mən də özüm üçün onlardan qorxmuram... Mən ona görə qorxuram ki... (Daha artıq bir mütəəssirliklə.) Sən... sən xalq düşməninin arvadı kimi tək qalarsan... Səni də çöllərə salarlar...

Kiçik pauza.

(Əli ilə gözlərini silir.) Bağışla...

Qadın sövq-təbii qədəhi mizin üstünə qoyub, ona baxır. Kiçik pauza.

QADIN (həyəcanla yerindən qalxıb, onu qucaqlayır). Mənim əzizim!.. Mənim sevimlim!.. Sən ki bu sözləri deyirsən...
KİŞİ. Bağışla...
QADIN. Yox... Yox... Sən ki bu sözləri deyirsən, bu dünyada mənə başqa heç nə lazım deyil!.. Heç nə!.. Təkcə bir şey məni yandırıb-yaxır ki, bu illər ərzində sənə bir övlad bağışlaya bilmədim... (Onun başını döşlərinə sıxır.) Sən bununla da barışdın, mənim əzizim!.. Mənim bir dənəm!.. Hayıf!.. Hayıf ki, sənə sənin özün kimi bir övlad verə bilmədim!..
KİŞİ. Mənə səndən başqa heç kim lazım deyil... (Ayağa qalxaraq İosif Stalinin divardan asılmış şəkilinə baxaraq, yavaşdan.) Onsuz da biz hamımız onun övladlarıyıq!.. Hamımız bir atanın övladlarıyıq!..

Pauza.

QADIN. Biz çaxırı içmədik ha... (Öz qədəhini götürür.) Gəl, gəl qaldır!..

Kişi qədəhi götürür. Qapı bərkdən döyülür və onların ikisi də əllərində qədəh, yerlərində donub qalırlar.

QADIN (pıçıltı ilə). Onlardı... Mən dedim ki, 37 hələ qurtarmayıb... Mənim ürəyimə danmışdı...
KİŞİ. Qorxma... Mənim alibim var!..

Qapı bir də döyülür.

(Əsəbi və bərkdən.) Kimdi?

Pauza.

Kimdi orda?

Pauza.

(Qapıya yaxınlaşır.) Kimdi?

Pauza.

QADIN. Açma!..

Qapı yenidən döyülür.

KİŞİ (əsəbi). Niyə səsinizi çıxarmırsız? (Qapını açır.) Kimdi?

Heç kim yoxdur.

(Qapıdan eşiyə addımlayaraq.) Kimdi qapını döyən? (İçəri qayıdır.) Heç kim yoxdur... Yəqin uşaqlardı, Yeni il qabağı xuliqanlıq edirlər...
QADIN (həyəcanla). Yox...
Kişi qapını bağlayıb, geri qaymaq istəyəndə qapı yenə bərkdən döyülür.
KİŞİ (qapıya tərəf çevrilərək, əsəbi). Kimdi orda?
QADIN (isterika ilə). Kimdi? Kimdi?
KİŞİ (qapını açaraq). Kimdi? (Eşiyə çıxır.) Bu nə oyundu belə? Kimdi? (Geri qayıdır.) Heç kim yoxdu...
QONAQ. Necə heç kim yoxdu? (Kresloda rahat oturmuş halda onlara tərəf fırlanaraq təəccüblə.) Bəs mən nəyəm?

İşıq sönür.


ÜÇÜNCÜ ŞƏKİL

Eyni məkan. Gecə.

Q a d ı n, K i ş i, Q o n a q.

QONAQ. Görmürsüz məni? Niyə qışqırırsız?

Pauza.

Səhərdən qışqırırdılar, indi də yerlərində donub qalıblar...

KİŞİ (güclə özünə gələrək). Siz kimsiz? Siz bura necə gəldiz? (Qadına.) Sən bunu gördün?
QADIN (dəhşət içində). Yox...
KİŞİ. Kimdi bu, belə?
QADIN (çiyinlərini çəkir). Bilmirəm...
KİŞİ. Siz səhərdən burda gizlənmisiz?
QONAQ. Mən gizlənmişəm? Niyə gizlənirəm? Kimdən gizlənəcəyəm mən?.. Nədən gizlənəcəyəm?.. Mənim gizli bir işim yoxdu... Heç vaxt da olmayıb!..
KİŞİ (Qadına). O... O, NKVD-dən gəlib... (Hiddətlə Qonağa.) Sən NKVD-dən gəlmisən?
QONAQ. Nə?
KİŞİ. Sən NKVD-dən gəlmisən!.. (Onun yaxasından yapışır.)
QONAQ (yaxasını onun əlindən qurtarmaq istəyir). Burax məni!.. Burax!..
KİŞİ (onu silkələyir). NKVD-dən gəlmisən sən!.. NKVD-dən!.. Hə?!
QONAQ. Burax!..
KİŞİ. Gəlib, gizlənmisən burda!..
QONAQ. Burax məni!..
KİŞİ (onu eləcə silkələyərək). Nə istəyirsən sən? Niyə gizlin gəlib, gizlənmisən burda?
QONAQ (Qadına.) Kömək edin də! Görmürsüz, boğur məni!..
KİŞİ (onu daha da bərkdən silkələyir). Yox!.. Yox!.. NKVD casusu!..
QONAQ (yaxasını Kişinin əlindən çəkib, ayağa qalxmağa çalışır). Burax məni!.. Demirəm, burax?!. (Yamsılayır.) "Hardan gəlmisən? Hardan gəlmisən?" Mən sizə hesabat verməliyəm ki, hardan gəlmişəm? Bəlkə mən ordan gəlmişəm? (Əli ilə tavanı göstərir.)
KİŞİ (birdən-birə süst düşərək tavana baxır, sonra Qadına). Bu, nə deyir?
QADIN (uçuna-uçuna). Mən qorxuram...
QONAQ (kreslodan qalxaraq yaxasını düzəldə-düzəldə yamsılayır). "Bu, nə deyir?" "Mən qorxuram..." Sizə nə olub? Adam kimi danışa bilmirsiz? (Ətrafa baxa-baxa var-gəl edir.) Hə... Pis yaşamırsız... Sonra da narazılıq edirsiz... Başqaları on nəfər bir kommunal otaqda yaşayır, beş ayrı-ayrı ailənin bir tualeti olur, amma siz cəmi iki nəfər, bu cür də mənzil?.. (Mizin üstünü göstərərək.) Yeyib-içməyiniz də ki, əla!.. Daha nə istəyirsiz? (Kişiyə.) Qapını açıq qoymusuz, gedin, bağlayın.
KİŞİ. Siz burdan rədd olun, sonra!..
QONAQ (Qadına). Bu da sizin ərinizin mərifəti! (Başını bulaya-bulaya qapıya yaxınlaşıb, bağlayır.) O qədər müftə yeyib-içmək istəyən var ki, bir də gördün, biri girdi içəri... Siz gərək sərhesab olasınız!..
KİŞİ (sərt). Siz burdan çıxıb gedəcəksiz, ya yox?!
QONAQ. Pah!.. Qorxdum!.. (Qadına.) Siz belə adamla necə yaşayırsız?
QADIN (diqqətlə ona baxaraq, vahimə içində). Yox!.. Siz insan deyilsiz!.. Sizin gözünüz insan gözü deyil!
QONAQ. Nə olub mənim gözümə? (Cibindən balaca güzgü çıxarıb, baxır.) Mənim gözümün nəyi sizin gözünüzdən fərqlidi? Hə? Nəyi?
QADIN (eyni vahimə içində). Siz... Siz nəsiz? Şeytansız, iblissiz, cinsiz, məlun mələksiz, əcinnəsiz, nəsiz? Nəsiz siz?
QONAQ (gəlib Qadına baxır, sonra Kişinin qabağında dayanaraq, təəccüblə). Bəyəm bunlar hamısı eyni şey deyil?
KİŞİ. Sən nə üçün bura gəlmisən?
QONAQ. Heç qonaqdan da soruşarlar ki, niyə gəlmisən?
KİŞİ. Kim səni qonaq çağırıb?
QONAQ. Qonağı elə ancaq çağırarlar? Çağırılmamış qonaq olmur? Mən də çağırılmamış qonağam!.. (Narazı.) İmkan vermirsiz e, oturub, normal söhbət edim...
QADIN. O, şeytandır!..
QONAQ (Qadına). Siz deyirsiz ki, mən şeytanam. İndi mən də boynuma almalıyam ki, hə, şeytanam? Buna görə də deməliyəm ki (Tavanı göstərir), doğrudan da oradan gəlmişəm? Ya da sübut eləməliyəm ki, yox, mən şeytan deyiləm? (Yamsılayır.) "Hardan gəlmisən?" "Hardan gəlmisən?" Mən heç kimə heç nə sübut etmək fikrində deyiləm!.. (Yenə yamsılayır.) "Hardan gəlmisən?" "Hardan gəlmisən?" (Tavanı göstərir) Mən ordan yox e, bax, burdan gəlmişəm! (Barmağı ilə Kişinin ürəyini göstərir.) Bax, burdan gəlmişəm! (Yaxınlaşıb barmağını Qadının ürəyinin başına toxundurur.)
KİŞİ. Mənim arvadımın döşünə əl dəymə! (Onun üstünə cumur.)
QONAQ (kənara çəkilərək, Qadına). Doğrudan da, siz bu adamla necə yaşayırsız?

Kiçik pauza.

Bu, dəlidi ki!..

KİŞİ. Dəli sənsən!
QONAQ. Yaxşı, yaxşı sakit olun!.. (Deyinə-deyinə var-gəl edir.) Şeytan, İblis, Dyavol, Satana, Əcinnə, Velzevul, Mefistofel, Cin, nə bilim, nə?.. Özünüzdən bu qədər ad uydurmusuz... İllər, yüz illər, min illər bir-birini əvəz edir, siz elə öz uydurmalarınızın içindəsiz... Bir-birinizi Şeytanla qorxudursuz... Əgər doğrudan da Şeytan varsa, o nədir? Kimdir? Cəhənnəm hökmdarı!.. Bunu siz deyirsiz də! Siz deyirsiz ki, Şeytan cəhənnəm hökmdarıdır!.. Cəhənnəm hökmdarı nə edir? Günahkarlara əzab-əziyyət verir! Onları odda yandırır, qaynar tiyanlara salır, məlun mələklərə tuş gətirir!.. Özümdən uydurmuram ki, siz özünüz deyirsiz!.. (Ayaq saxlayır.) Hə?

Pauza.

Bir tərəfdən də deyirsiz ki, Şeytan ilan cildinə girir, Həvvanı şirnikləndirir ki, günah işləsin... Həvva bəyəm bəbə idi? (Yenə var-gəl edir.) Allah Adəmi yaratdı, onu tək qoymamaq üçün də Həvvanı yaratdı. Kim idi Həvva? Yetişmiş yekə qadın idi!.. İstəməsəydi, almanı yeməzdi də!.. Şeytan nə qədər şirnikləndirirdi, şirnikləndirsin!.. (Yamsılayır.) "Şeytan insanları yoldan çıxarır..." Hər kəlmə başı da “lənət Şeytana” deyirsiz!.. Bəs, bu necə olur? Şeytan həm özü şirnikləndirir ki, günah iş görsünlər, həm də günaha görə onları cəzalandırır? Mat qalmalı işdir!.. Bu əbləh Şeytan özü deyir günah işlə, özü də cəzalandırır? Nə olur o, kim olur? Mazoxist olur, sadist olur, nə olur, hə? Nə cəfəngiyyat quraşdırmısız özünüzdən? Hə? (Gəlib Qadının çənəsindən tutur.) Cavab ver də mənə, ey gözəl məxluq!..
KİŞİ (yerindən sıçrayıb, onu itələyir). Arvadıma əl vurma, NKVD casusu! Sən mənə heç nə edə bilməzsən!.. Səni bura nahaq göndəriblər!..

QONAQ (güclə müvazinətini saxlayır). Az qalmışdı yıxılım e... (Kişiyə.) Özünüzü adam kimi aparın, eşidirsiz?! Yekə kişisiz! O boyda komissarlıqda idarə müdirisiz! Kommunistsiz! (Yamsılayır.) "Səni bura kim göndərib?" Məni bura heç kim göndərməyib!.. Mən özüm gəlmişəm!..
QADIN (taqətsiz stulda əyləşir). Bilmirəm, siz şeytansız, nəsiz, amma... amma niyə bizi seçmisiz? Niyə bura gəlmisiz?
QONAQ. Sizin də qonaqpərvərliyiniz belədi, hə? (İncik halda.) Özü də Yeni il gecəsi!.. (Başını bulayır.)
QADIN. Nə üçün? Nə üçün bizi seçmisiz?
KİŞİ. O, NKVD-dən gəlib!.. Düz demirəm, NKVD siçovulu?
QONAQ (gəlib, onun qarşısında dayanır). NKVD siçovulu, hə?
KİŞİ (bir az şaşırmış). Bəs mən nə deməliyəm? Gecənin yarısı qəfildən peyda olursuz...
QONAQ. Ancaq NKVD-də şahidlik edəndə, Qəribzadənin üzünə duranda ki, kontrrevolyusion pantürkist təşkilatı yaradanlardan biridir, yoldaş Stalinə sui-qəsd hazırlayırdılar, onda NKVD işçiləri siçovul deyildi, Allahın bacısı oğlu idi, hə?

Pauza.

QADIN (sarsılmış). Necə yəni Qəribzadənin üzünə duranda?
KİŞİ. Onun dediyi səfsəfəyə qulaq asma!.. O, yoldan ötənin biridi!.. Təxribatçıdı!.. Şantajistdi!

Kişi yerindən qalxıb, Qonağa hücum etmək istəyir.

QONAQ (əlini onun qarşısında qaldırır). Dur!
Kişi, elə bil, bir anın içində hipnoz olubmuş kimi, dayanır.
Mən təxribatçı da deyiləm, heç vaxt da olmamışam! Şantajist də deyiləm, heç vaxt da olmamışam! Yoldan ötən birisi də deyiləm!.. (Çox ciddi.) Bunu sırğa eləyib, ikiniz də qulağınızdan asın! Oldu?

Pauza.

Heç vaxt da yalan deməmişəm! Bunu da bilin! Bir də ki, mənim yalan danışmağıma nə ehtiyac var? Bəyəm sizin bütün işləriniz yalan üzərində qurulmayıb?

Kiçik pauza.

(Kişiyə.) Mənim üstümə atılmaq, qışqırmaq da lazım deyil... Siz NKVD-nin zirzəmisində Qəribzadənin üzünə durmamısız? Üzünə durmamısız ki, kontrrevolyusion pantürkist təşkilat yaradıblar? Hə? Təşkilatın yaradıcılarından biri Qəribzadədir? Üzünə durmamısız ki, yoldaş Stalinə sui-qəsd hazırlayırdılar? Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmaq istəyirdilər? Daha üstümə niyə atılırsız? Bəlkə səhv salmışam ünvanı? Bəlkə siz heç bilmirsiz ki, NKVD harda yerləşir? Hə? Deyin də!..

Pauza.

QADIN. Sən... Sən onun üzünə durmusan?..
KİŞİ (özünü ələ almağa çalışaraq). Mən nə etməliydim? O, özü... Qəribzadə özü etiraf etmişdi ki, kontrrevolyusion təşkilat yaradıblar...
QONAQ. Guya siz bilmirsiz ki, ondan ifadəni necə alıblar? Dırnaqlarının arasına iynə yeridə-yeridə? Bilmirsiz? NKVD-nin işlərindən belə xəbərsizsiz?
KİŞİ. Mən bilirəm!.. Nə olsun ki, mən bilirəm! NKVD ilə NKVD-lik etmək olar?
QONAQ (Qadına). İndicə mənə NKVD siçovulu dedi e-e-e!.. (Kişiyə.) Siz nədən qorxurduz? Sizin ki, alibiniz var!.. Siz ki, sığorta eləmisiz özünüzü!..
KİŞİ (şaşırmış). Siz hardan bilirsiz?
QADIN. Sən özün də deyirsən ki, alibin var...
KİŞİ (Qadına). Sən heç nə başa düşmürsən... Dedim axı, bu bir burulğandır, bu dövrün içindən salamat çıxmaq lazımdı... Gərək özünü müdafiə edəsən!.. Bu dövrdə özünü müdafiə etməsən, özün özünü qorumasan, heç kim səni müdafiə etməyəcək!.. Kim qoruyacaq səni? Heç kim!.. Hərə öz canının hayındadır!..
QADIN (hələ də özünə gələ bilmir). Sən Qəribzadənin üzünə durmusan? Yox, ola bilməz, ola bilməz ki, sən belə edəsən!.. Ola bilməz!..

Pauza.

Niyə dinmirsən?

KİŞİ (qışqırır). Nə etməliydim mən? Mən özümü qorumayım, tutub, məni də "xalq düşməni" kimi, ingilis agenti, Türkiyənin, nə bilim, Monqolustanın cəsusu kimi aparıb güllələsinlər?
QONAQ. Monqolustan sosialist ölkəsidir! SSRİ-də Monqolustan cəsusları yoxdur!
KİŞİ. Polşa olsun, Almaniya olsun! NKVD-nin zirzəmisində o bədbəxt Qəribzadə kimi üz-gözümü qana bulaşdırsınlar, dişimi çıxarsınlar, bir-bir bığlarımı yolsunlar, boynuma qoysunlar ki, cəsusam! Terrorçuyam! Millətçiyəm! Pantürkistəm! Gedib, Moskvada yoldaş Stalini öldürmək istəmişəm! Hə? Mən də bunların hamısını təsdiq edim? Sonra da məni divara dirəyib, güllələsinlər, sən də küçələrə düşəsən?

Pauza.

QADIN. Deməli, mənə görə Qəribzadənin üzünə durmusan?
KİŞİ. Bəli!.. Bəli!.. Bəli!.. Mən Qəribzadənin düşməni idim? Mən istəyirdim ki, onu mal kimi döyə-döyə o günə salsınlar? Mən istəyirdim ki, onu güllələsinlər? Mən nəyəm? Şeytanam? İblisəm? Nəyəm mən? Ancaq mən nə edə bilərdim? Qəribzadəni NKVD-nin cəngindən qoparmaq olardı? NKVD-nin zirzəmilərində minlərlə qəribzadələr var!.. Bütün SSRİ doludu dişləri sındırılmış, qabırğaları sındırılmış, onurğaları sındırılmış qəribza­dələrlə!.. Mən nə edə bilərdim? NKVD udduğunu, təzədən qarnından diri çıxarmır!.. Bəyəm sən bunu bilmirsən?
QONAQ. İndi də belə deyir!..
QADIN (get-gedə səsini qaldıraraq). Yox!.. Sən mənə görə Qəribzadənin üzünə durmamısan... Sən... sən bunu özünə görə etmisən... Sən onlardan ürkmüsən!.. Sən özün... özün işgəncələrdən, güllələnməkən qorxmusan...
KİŞİ. Nədi? İstəyirsən ki, mənə də işgəncə versinlər? Məni də güllələsinlər? Sən bu... (Qonağı göstərir.) bu avantüristin...
QONAQ. İndi də avantürist oldum...
KİŞİ. ... bu avantüristin sözü ilə məni ittiham edirsən? Kim istəmir öz canını? Kim gedib boynunu cəlladın qabağında kötüyə uzadacaq ki, kəs mənim başımı? Kim? Mən sənin gözünün qabağında gecə-gündüz işləyirəm! Xalq naminə, vətən naminə, partiya naminə əlimdən gələni əsirgəmirəm! Mən yalançı kommunistlərdən deyiləm!.. Sən ki, bunu bilirsən!.. Mən partiyaya karyera üçün girməmişəm! Mən o şəkili (Barmağı ilə İosif Stalinin portretini göstərir) qorxub, ora asmamışam!.. Mən ürəyimin dediyi ilə onu ora asmışdım... Asmışam!.. Mən kommunizm ideallarına inanıram! Ancaq kimdi bu gün buna baxan? Bu gün bir dəyyusun danosu ilə məni Trotskinin silahdaşı, yaxud Türkiyə cəsusu kimi güllələməyə nə var ki?! Mən kimə sübut edə bilərəm ki, əslində, Trotskiyə nifrət edirəm? Kimə sübut edə bilərəm ki, mən Trotski ilə mübarizədə həmişə yoldaş Stalinin mövqeyini müdafiə etmişəm? Pantürkizmi heç zaman qəbul etməmişəm, qəbul da etməyəcəyəm -- bunu mən kimə sübut edə bilərəm?! Kimə?! Lap sübut etdim! Kimdi bu sübuta baxan? (İroniya ilə.) Niyə Qəribzadəyə qarşı şahidlik etmişəm? Bəs nə edəydim? Məni çağırıblar NKVD-yə, öz xoşumla getməmişəm ki!.. Getməyəydim, gəlib, məni qoyun kimi maşına basıb, aparaydılar!? Sənə nə var ki? Səhərdən axşamacan evdə oturursan, hər şey hazır, dünyadan da xəbərin yox!.. İnsani ideallarla yaşayırsan... İndi insani ideallara tüpürən də yoxdur!..
QADIN. Sən də tüpürmürsən?!
QONAQ. Bəsdirin, sakit olun!.. (Gileylənir.) Bunlar necə adamlardır, canım? Bay!.. (Kişiyə.) Siz yavaş-yavaş danışa bilmirsiz?
QADIN (yavaşdan Kişiyə). Sənin ürəyin dolu imiş ki... Bütün bu illər ərzində belə olub, yoxsa...yoxsa, axır vaxtlar beləcə dolub?
KİŞİ. Mənə bax... Bağışla... Mən özümdə deyiləm... (Qonağı göstərir.) Bu böhtançı... bu... (Söz tapa bilmir.) Bu... bu yaramaz məni tamam özümdən çıxarıb... Heç bilmirəm ki, nə deyirəm?!.. Bağışla məni...
QONAQ (sidq-ürəkdən yanıb-yaxılır). Yaramaz? Mənə deyir e!.. Böhtançı? Mənəm böhtançı? (Kişinin qarşısına gələrək protest edir.) Xeyr! Mən böhtançı deyiləm! Heç vaxt olmamışam! Heç vaxt da olmayacağam!.. Mən heç vaxt insanlara böhtan atmamışam!..

Kiçik pauza.

Axı buna heç ehtiyac da olmayıb!.. Böhtana nə ehtiyac var?.. (Kişiyə.) Düz demirəm?
KİŞİ (nifrət ilə). Sənin bütün varlığın böhtan və yalandan ibarətdir!.. Tfu sənə!.. (Qonağın üstünə tüpürür.)
QONAQ (kreslodan götürdüyü məhrəba ilə üz-gözünü, yaxasını silə-silə). Daha sizə sözüm yoxdu!.. Çox tərbiyəsiz adamsız!.. (Qadına.) Bu, çox tərbiyəsizdir!.. (Yamsılayır.) "Sənin bütün varlığın böhtan və yalandan ibarətdir!.." Əvvəla, "sən" yox, "siz"!.. İkincisi, siz nə bilirsiz ki, mənim varlığım nədir? Hə? Üçüncüsü... Üçüncüsü, mən yalançıyam, hə? Baxaq, görək, mən necə yalançıyam! (Qadına.) Bayaq sizə nə dedi?
QADIN (hələ də sarsıntı içindədir). Mənə?
QONAQ. Bəli, sizə.
QADIN. Nə dedi?
QONAQ. Demədi ki, idarələrində Mürsəl müəllimi ifşa iclası keçiriblər?
QADIN. Dedi... Nə olsun? Bu saat hər yerdə ifşa iclasları keçirilir də...
QONAQ (narazı). E-e-e!.. Olmadı ki!.. Mən bunların hamısını yaxşı bilirəm, qulaq asın, tələsməyin!.. Siz soruşduz ki, Mürsəl müəllimin ifşa iclasında bu çıxış edib, ya yox?
QADIN. Soruşdum.
KİŞİ. Bəsdirin! Qurtarın bu oyunu!
QONAQ. Necə yəni, bəsdirin? (Barmağını onun gözlərinin qabağında oynadır.) Yox!.. Bu, oyun-zad deyil!.. Demirsiz ki, mən böhtan və yalandan ibarətəm? Hə?
KİŞİ. Bəli!.. Siz başdan-ayağa şərsiz!.. Sizin nəfəsiniz maqnit kimi, adamı şərə çəkir!..
QONAQ (son dərəcə incik). Pah!.. Mənim nəfəsim bunu şərə çəkir!.. Özü də, bax e, maqnit kimi!.. Amma bunun nəfəsi ancaq xeyirdən xəbər verir!.. (Qadına.) Bu sizə nə cavab verdi?
QADIN. Nə cavab verdi?
KİŞİ (qışqırır). Bəsdir!.. Kifayətdir!..
QONAQ (ona fikir vermədən). Demədi ki, yox, Mürsəl müəllimin ifşa iclasında çıxış etmədim? Dedi, demədi, sizdən soruşuram?

Kiçik pauza.

Hə?

Qadın başı ilə təsdiq edir.

Siz də ona demədiz ki, nə yaxşı ki, bu dünyada sən varsan, yəni (Əli ilə Kişini göstərir.) bu var?
KİŞİ (Qadına). Mən sənə nə deyirdim!.. Bu gizlincə bura soxulub, gizlənib burda... Pusub bizi!.. Gizlincə qulaq asıb bizə!..
QONAQ (ona fikir vermədən Qadına). Hə? Dedi, ya yox?
QADIN. Dedi...
QONAQ (Kişinin qarşısında dayanaraq). Bayaq siz Mürsəl müəllimin ifşa iclasında çıxış etmədiz? Hə? Demədiz ki, Mürsəl də Qəribzadənin kontrrevolyusion təşkilatının üzvüdür? Demədiz? İclas başlayandan əlinizi qaldırmamışdız ki, çıxış üçün sizə də söz versinlər?..

Kiçik pauza.

KİŞİ (taqətsiz). Siz insansız, şeytansız, hər nəsiz, hər kimsiz, nə vaxt çıxıb gedəcəksiz burdan? Nə vaxt?
QADIN. Sən... Sən Mürsəl müəllimi də ifşa etdin?
KİŞİ. Onsuz da onu tutacaqdılar!.. Bu məlum məsələ idi!.. Mən özümü qoruyuram!.. Mənim özümü qorumaq hüququm var, yoxsa yox? Mən ailəmi qorumalıyam, yoxsa yox? Mən... mən səni qorumalıyam, yoxsa yox?
QONAQ. Siz ki, özünüzü sığortalamısız! NKVD-dən niyə qorxursuz?
KİŞİ. Bəsdirin!
QONAQ. Nə bəsdirin? (Yamsılayır.) "Sənin bütün varlığın yalan və böhtandan ibarətdir..." (Ciddi.) Onda bu sözlərinizi geri götürün!
KİŞİ (nifrətlə). Xeyir! Mən sözlərimi geri götürmürəm! Siz yalan, böhtan, şər soxulcanısız!

Kiçik pauza.

QONAQ (pərişan). Daha sizə sözüm yoxdur!.. (İki əli ilə də Kişini gös­tərə­rək, Qadına.) Gördüz ki!.. Mən yalan, böhtan, şər soxulcanıyam... (Başını bulayır.) Ay-yay-yay!.. (Qadına.) Bu deyirdi ki, onun alibisi var? Bax, bunu düz deyirdi!
KİŞİ (Qadına). Sən ona qulaq asma!..
QONAQ. Niyə qulaq asmasın? Bu çox ideyalı məktubdur!
KİŞİ (hiddətlə). Yox!.. Lazım deyil!..
QONAQ. Niyə lazım deyil? Siz kommunist deyilsiz? Bu da partiyalı məktubdur də!.. Doğrusunu deyim ki, hətta mənim xoşuma da gəldi!.. (Qadına.) Elə bilirsiz, hər şey mənim xoşuma gələ bilər? (Barmağını qaldırıb, tərpədir.) Yox... Hər şey mənim xoşuma gələ bilməz!.. Ancaq bu məktub xoşuma gəldi!.. Bax, indi görəcəksiz!..
KİŞİ (qışqırır). Siz nə vaxt bizim evimizdən rədd olub, gedəcəksiz!?
QONAQ (ona əhəmiyyət vermədən). Bu məktub əsl kommunistə layiq bir prinsipiallığın göstəricisidir! Sovet vətəndaşının sayıqlıq nümunəsidir! Siyasi şüurun... (Sözünü yarımçıq kəsib, Kişiyə baxır.) Hə?

Kiçik pauza.

Siyasi şüurun ən yüksək məqamıdır!.. Ancaq elə-belə siyasi şüurun yox, partiyalı siyasi şüurun!.. Qulaq asın! (Stulun üstünə hoppanaraq, pafosla əzbərdən söyləməyə başlayır.) "Əziz yoldaş Stalin! Mən bu məktubu şəxsən Sizə yazıram. Bu məktubu mənə Sizə olan sonsuz sevgim, ehtiramım və kommunist vicdanım diqtə edir..."
KİŞİ. Bəsdir! (Qadına.) Sən ona qulaq asma!.. Bunu NKVD göndərib!.. Yüz faiz, NKVD göndərib!..
QONAQ. Qulaq asın!.. (Əzbərdən oxumağı davam edir.) "Əziz rəhbər! Sizə bildirmək istəyirəm ki, xain trotskiçi düşmənlər mənim çalışdığım komissarlıqda da özlərinə yuva qurublar. Bu qəddar düşmənlər, Komissar başda olmaqla, gizlin kontrrevolyusion pantürkist terrorçu təşkilat yaradıblar və bu istiqamətdə gizli fəaliyyət göstərirlər... (Elə bil ki, əzbər dediyi bu sözlərdən ekstaza gələrək, birdən mizin üstünə hoppanır və mizin üstündə dayanıb davam edir.) Şəxsən Komissarın özünün və onun müavinlərinin rəhbərlik etdikləri bu kontrrevolyusion qruppa Azərbaycanda zəhərli pantürkizm ideyalarını yaymaqla, Azərbaycanın müstəqil dövlət kimi SSRİ-nin tərkibindən çıxmasını hazırlamaqla, sevimli rəhbərlərimiz haqqında..." (Bir anlıq nəfəsini dərərək Qadına.) Bu yerdə yoldaş Stalinin adını çəkməyə cürət etməyib! (Əzbərdən oxumağı davam edir.) "... sevimli rəhbərlərimiz haqqında əclaf şayiələr yaymaqla, Trotskini, eləcə də şəxsən sizə yaxşı məlum olan Rəsulzadə, Xoyski, Yusifbəyli kimi mənfur və satqın burjua millətçilərini təbliğ etməklə məşğuldurlar. Onlar faşizmə açıq-aydın hüsn-rəğbət bəsləyirlər. Əziz İosif Vissarionoviç! Mən bilirəm ki, proletariatın dahi rəhbəri kimi Sizin işiniz həddən artıq çoxdur. Ona görə də bu məlumatı qısaca şəkildə Sizin yüksək diqqətinizə çatdırmağı özümə borc bildim. Kommunist salamı ilə..." (Əli ilə Kişini göstərir.) Bunun imzası!.. İş yeri!.. Ünvanı!.. (Mizin üstündən hoppanıb yerə düşür.)


Pauza.

QADIN. Bu... Bu həqiqətdir?

Pauza.

Sən bu məktubu yazıb, göndərmisən?

QONAQ. Tarixi də var. Yeddi ay bundan qabaq yazılıb!..
QADIN. Sənin bu məktubundan sonra komissarlıqda tuthatut başladı?
KİŞİ (qızğın). Xeyr!.. Mən bu məktubu göndərəndə artıq komissarı həbs etmişdilər...

Pauza.

QADIN. Doğrudan belə bir gizli təşkilat var idi?

Pauza.

Sən xəbər tutmuşdun ki, onlar, həqiqətən, belə fəaliyyət göstərirlər? Komissar da onlara başçılıq edir? Müavinləri... Qəribzadə də müavin idi də... Doğrudan belə idi, onlar belə təşkilat yaratmışdılar?
KİŞİ. Nə doğrudan? İndi doğrudan olanla, yalandan olanın fərqi var?
QADIN. Deməli... sən... yalandan siqnal vermisən?
KİŞİ. Nə fərqi varıydı ki, bizim komissarlıqda belə bir təşkilat yaranmışdı, ya yaranmamışdı? Heç bir fərqi yox idi!.. Ancaq axmaqlar hiss edə bilməzdi ki, bizim komissarlıqda da tuthatut başlayacaq... Yejov təmizləməsi bütün SSRİ-ni başına götürməyib?.. Bizim özündən müştəbeh, gözü ayaqlarının altını görməyən komissardan, onun axmaq müavinlərindən başqa, bunu bilməyən var idi?.. Bizim komissar partiya stajına, inqilabi fəaliyyətinə arxalanırdı!.. Sadəlövh insan!.. Kimdir indi partiya stajına, inqilabi fəaliyyətə baxan? Yoldaş Stalinlə şəxsi tanışlığına arxalanırdı!.. Guya ki, Yejov gedib, hər şeyi yoldaş Stalinə məruzə edir?.. Qarşıdan nəhəng repressiya dalğası gəlirdi, onun qarşısını almaq mümkün deyildi, bu, hamıya gün işığı kimi aydın bir məsələ idi...
QONAQ. Bax ha, gün işığından dəm vurur!..
KİŞİ (Qonağa). Sən sus! Sənin kimilərin törətdiyi işlərdi bunlar hamısı!.. Sənin kimilərdir inqilab qəhrəmanlarını, Sovet İttifaqını yaradan təmiz və vicdanlı kommunistləri yalandan "xalq düşməni" edənlər, onları beynəlxalq imperializmin nökəri elan edənlər, özlərinin, ailələrinin başına min bir müsibət açanlar!.. Sənin kimilərdir! Günahsız insanları güllələyənlər, işgəncə verənlər sənin kimilərdir!
QONAQ (Qadına). Gör nə alovlu danışır? Elə bil ki, idarələrində ifşa iclasıdır... (Kişiyə.) Bu məktubu yoldaş Stalinə mən yazmamışam, siz yazmısız!..
KİŞİ. Bəli, mən yazmışam! Bu məktubu mən yazmışam!.. Ancaq nə olsun ki, mən yazmışam? Bunun nə əhəmiyyəti var? Mən yazdığım üçün 37-nin kabusu bütün SSRİ-nin başının üstünü alıb? Mənim yazıma görə şairləri güllələyirlər, alimləri Sibirə göndərirlər? Mənim yazıma görə Moskvada partiya rəhbərlərini tutub, sərçə kimi bir-bir güllələyirlər? Marşalları, generalları, Nikolayla ölüm-dirim mübarizəsi aparan köhnə bolşevikləri mənim məktubuma görə güllələyirlər? Xeyr! Mənim məktubum təkcə məni xilas edir! (Qadına yaxınlaşır.) Bizi xilas edir! Bu məktub heç kimə pislik etmir! Məhkum insanlara məhkumluqdan artıq nə pislik etmək olar? Əgər cəlladın baltası kötüyün üstünə gəlirsə, sən də bunu gözlərinlə görürsənsə, heç olmasa, öz başını kötüyün üstündən qaçırtmalısan də!.. O biri başların kəsilməsi məndən asılı deyilsə, mən ancaq öz başımı xilas edirəmsə, öz ailəmi xilas edirəmsə, nə günah işlədirəm?..
QONAQ (onun sözünü kəsərək). Buna elə gəlir ki, bu məktub əhvalatını dahiyanə fikirləşib!..
KİŞİ. Mənim nə fikirləşməyimin sənə dəxli yoxdur!..
QONAQ. Sadəlövh insan!..
KİŞİ (barmağı ilə Qonağı göstərərək, Qadına). Bu hardan bura gəlib, bunu kim bura göndərib, bilmirəm!.. Ancaq bu, bizi qorxutmaq istəyir, bizi bir-birimizin yanında ifşa etmək istəyir!.. Bu, kimdir, nədir, bilmirəm, ancaq şərdir! Sən bunun şər olduğunu görmürsən?
QONAQ (incik). Mənim haqqımda ağzına gələni deyir də... (Qadına.) Mən bəyəm elə bir söz dedim ki, həqiqət olmasın? (Kişiyə.) Belə çıxır ki, həqiqət sizin hisslərinizə toxunur, sizi incidir...
KİŞİ. Sənin kimilər mənim hansı hisslər keçirdiyimi başa düşə bilməzlər! (Get-gedə qızışaraq.) Cəlladlar!.. Nə cavan bilirsiz, nə qoca! Nə qorxaq bilirsiz, nə cəsur! Nə yaxın bilirsiz, nə uzaq! Heç nəyi vecinizə almırsız! Məhkəmə yox, vəkil yox, vicdan yox! Allahsızlar!
QONAQ (Kişini göstərərək, təəccüblə Qadına). Bu necə kommunistdi ki, Allaha inanır?
KİŞİ. Mənim necə kommunist olmağımın sizə dəxli yoxdur! Siz bəyəm kommunist qoymusuz? Kommunistləri siz güllələyirsiz! Onlara siz işgəncə verirsiz!.. Onlar ölüm ayağında da yoldaş Stalinə sədaqətlərini itirmirlər!..

İşıq sönür.

DÖRDÜNCÜ ŞƏKİL

Qaranlıq səhnədə cürbəcür addım səsləri, hənirti eşidilir.

Müxtəlif səslər:

- Mən xalq düşməni deyiləm!..
- Mən heç vaxt partiyaya xəyanət etməmişəm!..
- Eşidirsənmi, Koba? Məni, səninlə birlikdə bolşevik mübarizəsi aparan bir kommunisti güllələyirlər!..
- Verin, nə deyirsiniz, qol çəkim, ancaq mənim ailəmlə işiniz olmasın!
- Mən sovet hökuməti qurulanda bu əllərimlə onlarla əksinqilabçı güllələmişəm! Mən özüm necə əks-inqilabçı ola bilərəm!?
- Mən həmişə partiyaya, yoldaş Stalinə sədaqətli olmuşam!..
- Yaşasın yoldaş Stalin!..
Atəş səsi eşidilir və səhnə bir anlıq atəşin parıltısı ilə işıldayır.
- Yaşasın yoldaş Stalin!..
Atəş.
- Yaşasın yoldaş Stalin!..
Atəş.

Və səhnə bir müddət qaranlıq və sükut içində qalır.

İKİNCİ HİSSƏ

BEŞİNCİ ŞƏKİL

Həmin mənzil. Gecə.

Qadın, Kişi, Qonaq.

Kişi stulda oturub və iki əli ilə də başını tutub. Qadın pəncərənin qarşısında dayanıb, eşiyə baxır. Qonaq kresloda oturub və gah Kişiyə, gah da Qadına baxır.
KİŞİ (başı ilə Qonağa işarə edərək, Qadına). Sən düz deyirdin... Bu, insan deyil... (İkrah hissi ilə Qonağa.) Sən şeytansan!..
QONAQ. Mən? (Əli ilə Qadını göstərir.) Bəs, o boyda şeytan dayanıb orda! Onu niyə görmürsən?

KİŞİ. Nə?

Qadın çönüb onlara baxır.

Sən mənim arvadıma şeytan deyirsən? (Yerindən sıçrayıb, onun üstünə atılmaq istəyir.)

QONAQ (əlini onun qabağına tutaraq). Dur!.. Dur!..
Kişi yerində dayanır.

(Sakit halda başa salır.) Sadəcə, onun özünün bundan xəbəri yoxdur... Təbii, sizin də bundan xəbəriniz yoxdu...

Pauza.

(Yenə gah Kişiyə, gah da Qadına baxa-baxa sidq-ürəkdən.) Canım, heyrətlənmək, donub qalmaq lazım deyil!.. İnsanların hamısı haçansa şeytan olur... Ya əvvəlki həyatda, ya da sonrakı həyatda!.. Bu mütləqdir! Demirsiz, dialektika? Hə? Bax, bu həmin o dialektikanın qanunudur!..

Pauza.

QADIN (sakit). Şeytan olmayan insan yoxdu?
QONAQ. Onda o insan deyil, mələkdi!..

Kiçik pauza.

Hərçənd... hərçənd mələklərin də arasında şeytan az deyil... (Yerindən qalxıb, var-gəl edir.) Deyəsən biz gedib, tamam fantastika aləminə girmişik, hə? (Bir anlıq dayanıb, çiyinlərini çəkir.) Nə bilim?.. (Yenə var-gəl edir.) Öz işlərimizdən, əməllərimizdən danışmaqdan, Allahdan, Şeytandan danışırıq!.. Bizim onlarla nə işimiz var?.. Yaxşısı budu... (Gəlib, Qadının qarşısında dayanır.) Yaxşısı budu, sizin NKVD-yə getməyinizdən danışaq...
KİŞİ (dəhşət içində). Nə?

Pauza.

QADIN (özünü ələ almağa çalışaraq). Mən özüm getməmişdim, məni çağırmışdılar!..
QONAQ (Kişiyə). Düz deyir, onu çağırmışdılar, öz xoşuna getməmişdi...
KİŞİ (tamam sarsılmış). Bəs mənə niyə heç nə deməmisən?
QADIN. Mənə orda tapşırdılar ki, heç kimə heç nə deməyim...
KİŞİ (qışqırır). Mən heç kiməm?
QADIN (qışqırır). Bilmirəm, sən kimsən? Bəs sən niyə mənə yalan deyirdin? Niyə deyirdin ki, heç kimi ifşa etməmisən? Niyə deyirdin ki, heç kimin üzünə durmamısan?
KİŞİ. Mən istəmirdim ki, sən daha çox iztirab çəkəsən!.. Mən istəmirdim ki, evimizdə qayğılar üstünə təzə qayğılar gəlsin! Nə deyəydim sənə? Deyəydim ki, məni məcbur ediblər, Qəribzadənin üzünə durmuşam? Xoş olacaqdı sənə?
QADIN. Bilmirəm, xoş olacaqdı, yoxsa yox?.. Sən hər şeyi məndən gizlətmisən!.. Mən axmaq da ürəyimdə səninlə fəxr edirdim!.. Səninlə təskinlik tapırdım!.. Qorxurdum ki, birdən sən bundan... bundan xəbər tutarsan!..
QONAQ (Kişiyə). Başa düşürsüz də, nə üçün qorxurdu? Çünki...
QADIN (Qonağın sözlərinə məhəl qoymadan davam edir). Niyə o məktub barədə mənə heç nə deməmisən?
QONAQ (deyinir). Qoymurlar sözümü deyim...
QADIN. Niyə aldadırdın məni? Niyə deyirdin ki, sənin vicdanın təmizdir?
KİŞİ. Mənim vicdanım təmizdir!
QADIN. Gördüm, necə təmizdi!..
QONAQ. Sakit olun!.. Sakit olun!.. Yekə adamlarsız e!.. Nə olub sizə? (Qadına.) Mən bilirəm, əriniz evdə olmayanda sizə telefonla zəng etdilər, sizi çağırdılar, siz də səhərisi gün, əriniz işdə olmayanda, yəni onların çağırdığı vaxtda NKVD-yə getdiz... Onlar bilirlər nə vaxt çağırırlar də!.. Nə vaxt zəng edirlər, bilirlər!.. Sakit danışmaq olmaz bəyəm?.. Sakit danışın də...
KİŞİ. Səni... səni mənə görə çağırmışdılar?
QADIN. Xeyr!
QONAQ. Onu Qəribzadənin arvadına görə çağırmışdılar.
KİŞİ. Qəribzadənin arvadına görə? (Qadına.) Niyə?
QONAQ. Deyirdilər, təsdiq edin ki, Qəribzadənin arvadı sizin evdə olanda Sovet İttifaqının, yoldaş Stalinin əleyhinə danışıb...
KİŞİ (Qadına). Sən də təsdiq elədin?
QADIN. Bəs mən nə edəydim? Dedilər ki, təsdiq etməsən, səni də, ərini də "xalq düşməni" kimi həbs edəcəyik!.. Mən nə etməliydim? Hara çatacaqdı harayım? O sifətlər... o sifətlər gözlərimin qabağına gələndə, indi də bütün bədənim uçunur!.. Yazdılar, mən də qol çəkdim...
KİŞİ. Nə yazdılar?
QADIN. Nə yazacaqlar? Yazdılar ki, guya həmişə bizə qonaq gələndə kontrrevolyusion sözlər deyirmiş... Sovet hökumətinin əleyhinə... Məni də ərinin terrorçu kontrrevolyusion təşkilatına cəlb etmək istəyirmiş...
KİŞİ. Sən də təsdiq etdin?
QADIN. Bəli!..
KİŞİ. Fikirləşmədin ki, soruşacaqlar, bəs niyə bizə vaxtında xəbər verməmisən?
QADIN. Mənə söz verdilər ki, bizimlə işləri olmayacaq.
KİŞİ. Onların sözünə etibar etmək olar, ay axmaq?
QADIN. Axmaq sən özünsən!
QONAQ (narazı halda başını bulayır). İndi boşanacaqlar e-e-e!..
QADIN. Üç zırpı kişi!.. Mənə elə baxırdılar, elə bil, məni lüt soyundurub, vücuduma közərən şiş basacaqlar, özləri də ləzət alacaqlar!.. Nə etməliydim mən?
QONAQ. Buna görə, ikinci dəfə də çağıranda üzünə durdu! (Qadına.) Düzdü?
KİŞİ (Qadına). Sən ikinci dəfə də ora getmisən?
QONAQ. Bəs nə edəydi? Çağırdılar ki, təsdiq etdiyiniz ifadələri üzünə deyin.
KİŞİ (Qadına). Sən də onun üzünə durdun?

Pauza.

Onu sənin birinci ifadəndən sonra tutmuşdular?

QADIN. Onsuz da onu tutacaqdılar... Sən ki, bunu məndən yaxşı bilirsən...
KİŞİ. Üzünə durdun ki, bizim evdə əksinqilabi sözlər danışıb? Səni ərinin gizli terrorçu təşkilatına cəlb etmək istəyib?
QADIN (iztirab və həyəcan içində). Onu o qədər döymüşdülər ki... Güclə tanıdım... Heç bilmirəm, o məni tanıdı, yoxsa yox?.. Kaş tanımayaydı!.. O gündən bəri gözümə yuxu gəlmir, səhərə kimi Allaha yalvarıram ki, kaş məni tanımayaydı...
QONAQ (Kişiyə). Görürsüz? Amma siz elə bilirsiz ki, yuxudadı, yatıb!..
QADIN (ona fikir vermədən davam edir). Kaş bilməyəydi ki, üzünə kim durur...

Kiçik pauza.

Elə bil, orda nə danışılırdısa, ona dəxli yox idi... Nə deyirdilər, o saat təsdiq edirdi... Heç başını qaldırıb, üzümə də baxmadı... Elə hey pıçıldayırdı: "Qoyun, yatım... Qoyun, yatım... Qoyun, yatım..."
KİŞİ. Sən də yazılanları bir-bir onun üzünə dedin?
QADIN. Yoxsa istəyirsən məni də onun gününə salaydılar, hə? Sən gəlib, məni xilas edəcəkdin? Səni məndən əvvəl güllələyəcəkdilər!
QONAQ. Onu indidən nə bilmək olar ki, hansınızı birinci güllələyəcəkdilər? (Divardan asılmış fotoşəkillərdən birinin qarşısında dayanıb, diqqətlə baxır.) O-o-o!.. Köhnə dost!.. Səni görməyimə çox şadam!..
QADIN (sərt). O mənim atamdır! O sizin dostunuz ola bilməz!..
QONAQ. Niyə? Ona görə ki, sizin atanız dünyada ən gözəl insan idi? İdeal idi, hə?.. (Qadına işarə edərək, təəccüblə Kişiyə.) Bu, heç öz atasını da yaxşı tanımır ki!.. (Yenə fotoşəkilə baxaraq.) Bilirsən, bu, nə idi?! (Gülümsəyir.) O-o-o!..

Pauza.

KİŞİ (barmağını Qonağa tuşlayaraq). Bu, bizi məhv etmək istəyir!.. Bu, istəyir ki, biz bir-birimizə nifrət edək!.. Bir-birimizi boğaq, öldürək!..

Divar saatının zəngi vurur.

(Şaşırmış.) Yeni il gəldi? Hə?

Kiçik pauza.

(Qadına.) 37 qurtardı?

QADIN. Bilmirəm, qurtarıb, yoxsa yox?..
KİŞİ. Qurtardı!.. 37 qurtardı!.. (Divar saatını göstərərək.) Bax, saat 12-ni vurdu! Qurtardı 37!.. Qurtardı!.. (Qəflətən Qonağın üzərinə atılaraq, iki əli ilə də onun boğazından yapışıb, boğmağa başlayır.) Bax, belə!.. Belə!.. (Qadına.) Kömək elə mənə! Gəl, kömək elə!..

Qadın ani tərəddüddən sonra, daxildən gələn bir inilti ilə Qonağa hücum edir. Qonaq onlardan qurtulmaq istəyir.

(Var gücü ilə Qonağı boğa-boğa, Qadına.) Sən əllərini tut! Əllərini!..
Qonaq xırıldaya-xırıldaya nə qədər çapalayırsa, onların əlindən qurtara bilmir. Nəhayət, süst düşərək, döşəməyə yıxılır. Qadın çömələrək, dizlərini onun sinəsinə basıb, əllərini döşəməyə sıxır. Kişi hələ də var gücü ilə Qonağı boğur.

Bitdi!.. Qurtardı!..

Əllərini taqətsiz halda yerə sərilmiş Qonağın boğazından çəkərək, döşəmədə oturur. Qadın da onun yanında oturur.

QADIN. İt kimi gəbərdi!.. (Sarkazm ilə.) Atam bunun dostu imiş!.. (Özünü saxlaya bilməyərək, Qonağın üstünə tüpürür.) Mənim atam sənin kimi murdarla dost ola bilməzdi!.. (Kişiyə.) Sənə nə olub, titrəyirsən?
KİŞİ (pərişan). Biz nə etdik?..
QADIN (nifrətlə Qonağa baxaraq). O, nəyə layiq idisə, onu da etdik!..

Pauza.

Yeni ilin mübarək!.. 37 bitdi!.. Ancaq... ancaq 38-dən də gözüm su içmir...
KİŞİ. Səni əvvəllər də NKVD-yə çağırmışdılar?

Qadın başının işarəsi ilə təsdiq edir.

Neçə dəfə?

QADIN. Dörd-beş dəfə...
KİŞİ. Dörd-beş dəfə?
Qadın başının işarəsi ilə təsdiq edir.

Mənim haqqımda da soruşurdular?

QADIN. Yox... Başqa həbs olunmuş tanış-biliş haqqında...
KİŞİ. Səni onların da üzünə durquzurdular?
Qadın başının işarəsi ilə təsdiq edir.
Bəlkə mənim haqqımda da soruşanda, deyiblər ki, heç kimə demə, ona görə demirsən?
QADIN. Qorxma, sənin haqqında söhbət olmayıb...
KİŞİ. Mən qorxmuram...
QADIN. Görürəm...
KİŞİ. Sən də məni başa düşməyəndən sonra, kim məni başa düşə bilər?
QADIN. Hə, bundan sonra gərək biz bir-birimizi başa düşək... Başqa hansı yol var? Biz elə qaranlıq bir tunelin içindəyik ki, qarşıda iynə ucu qədər işıq yoxdu... Yoxdu... Qaranlıqdan başqa, daha heç nə yoxdu...
KİŞİ. Axı... axı... belə baxanda... biz nə etmişik?
Kiçik pauza.
Biz özümüzü xilas etmişik...
QADIN. Yəqin elədi...
KİŞİ. Biz özümüzü xilas etməməliyik?
Qadın çiyinlərini çəkir.
Səni orda incitmədilər?
QADIN. İncitmək nəyə deyirsən? Döyməyi soruşursansa, yox, məni orda döyməyiblər.
KİŞİ. Sənə... Sənə sataşmadılar ki?
QADIN. Yox... Əgər təcavüzü soruşursansa, yox, orda heç kim mənə təcavüz etməyib!.. (Qonağın cəsədinə baxaraq.) Qəribədir!.. Bakıda bu qədər ailə var, bu niyə bizi seçmişdi?
KİŞİ (Qonağın cəsədinə baxır). Bilmirəm... Səni Axund Seyid Rzaya görə də çağıracaqlar?
QADIN. Yəqin... Qonşudu də...
KİŞİ. Bəs sən nə deyəcəksən?
QADIN. Nə desələr, onu...

Pauza.

KİŞİ (gözlərini Qonağın cəsədinə zilləyib). Biz... biz insan öldürdük...
QADIN. O, insan deyildi! O şeytan idi!.. Sən hələ bunu başa düşməmisən? Mən o saat başa düşdüm ki, o, insan deyil!.. Görən kimi, başa düşdüm!..
KİŞİ. Biz kimə sübut edəcəyik ki, o, şeytandı? NKVD-yə deyək ki, gəlin, aparın, şeytan öldürmüşük? Onu gəlib, burda tapsalar, necə olacaq? Nə deyəcəyik?
QADIN. Onu burda saxlamaq olmaz!.. Onu aparıb zibilliyə atmaq lazımdı!.. Siçovullar yesin onu!.. Sən düz deyirdin, o, özü də siçovul idi!..
KİŞİ. Necə aparıb atacağıq? Onu beşinci mərtəbədən aşağı necə düşürdək? Özü də Yeni il gecəsi!.. Sonra nə olsun? Hara aparaq?
QADIN. Onu doğramaq lazımdı!..
KİŞİ (dəhşət içində). Nə?
QADIN. Onu doğramaq lazımdı!.. Sonra da hissə-hissə aparıb atmaq lazımdır!..
KİŞİ. Yox!.. Mən bunu bacarmaram!..
QADIN. Niyə? O ki, adam deyil!
KİŞİ. Nə olsun? O, adam cildindədi...
QADIN. Balta hardadı?
KİŞİ. Yox!.. Yox!..

Qadın qalxıb mətbəxə gedir.

(Onun ardınca bərkdən.) Yox! Yox!.. Mən onu doğraya bilmərəm!.. Mən bacarmaram!..

Qadın əlində bıçaq və balta mətbəxdən qayıdır.

QADIN. Kömək elə mənə!
KİŞİ. Sən? Sən onu doğrayacaqsan? Yox!.. Mən kömək edə bilmərəm!..
QADIN. Qorxaq! Sən həmişə dovşan kimi qorxaq olmusan!

Qadın Qonağın cəsədinə yaxınlaşır. Bıçağı yerə qoyur.

Əvvəlcə başını kəsmək lazımdır...
Qadın iki əli ilə də baltanın sapından yapışıb, yuxarı qaldırır və zərblə endirmək istəyəndə, Qonaq qəflətən onun biləklərindən tutur və sərt hərəkətlə Qadını kənara itələyir. Qadın yerə yıxılır.
QONAQ (belini qaldırıb, döşəmədə oturaraq Kişiyə.) Sonra da deyirsən ki, bu şeytan deyil!.. (Yamsılayır.) "Sən mənim arvadıma şeytan deyirsən?" Gördün? Gördün baltanı necə qaldırmışdı? Tikə-tikə doğrayacaqdı məni!.. O-o-o!.. Bunun içində bilirsən, nələr var?... Atası toya getməliydi!.. (Yamsılayır.) "O, mənim atamdı!.. O sizinlə dost ola bilməz!.." (Başını bulayır.) Ay-yay-yay!..
İşıq sönür.


ALTINCI ŞƏKİL

Eyni məkan. Gecə.

Qadın, Kişi, Qonaq.

Kişi stulda oturub. Qadın da mizə dirsəklənib, başını əlləri arasına alaraq, onunla üzbəüz oturub. Qonaq deyinə-deyinə otaqda var-gəl edir.

QONAQ. Yeni ili yaxşı qeyd elədiz!.. Söz ola bilməz e!.. Əla qarşıladız!.. (Divar saatını göstərir.) Bu saatın zəng çalmağı ilə məni boğmaqları bir oldu e!.. Üstümə elə atıldılar ki, elə bil, insan deyillər!.. Sonra da deyirlər ki, elədi-belədi!.. (Boğazını ovuşdurur.) Hələ də ağrıyır e, boğazım!.. (Dayanaraq cibindən balaca güzgü çıxarıb baxır.) Yeri qalacaq!.. (Başını bulayır.) Bu da bunların əməli!.. (Güzgünü cibinə qoyaraq, yenə var-gəl edir.) Deyirəm də!.. Bunlar adam kimi danışa bilmirlər!.. Oturasan mizin arxasında, sakitcə danışasan, sakitcə də qulaq asasan... Yox! Gərək qışqırasan!.. Gərək təhqir edəsən!.. Gərək boğasan!.. (Boğazını ovuşdurur.) Özləri də ziyalıdır!.. Savadlı adamlardı!.. (Biləklərini ovuşdura-ovuşdura Qadına.) Ömründə deməzsən ki, sizin kimi zərif bir qadının qollarında bu qədər güc var!.. Biləklərimi elə sıxmısız ki, əllərim keyiyib... Baxın, heç tərpədə bilmirəm...
QADIN. Sizdən... yenə... yenə soruşmaq istəyirəm... Ancaq xahiş edirəm, çox xahiş edirəm ki, cavab verəsiniz... Nə üçün?.. Nə üçün bu boyda Bakıda, bu boyda Azərbaycanda, bu boyda SSRİ-də bizi seçmisiz, bura gəlmisiz? Nə üçün? Yəni bu boyda Bakıda, Azərbaycanda, SSRİ-də yaşayanların ən pisi bizik? Bizi cəzalandırmaq lazımdı?
QONAQ. Əvvəla, mən sizə cavab verməyə borclu deyiləm! Ümumiyyətlə, mənim heç kimə heç bir borcum yoxdu, olmayıb və olmayacaq!.. İkincisi də, siz nə bilirsiz ki, mən təkcə burdayam? Mən sizə hesabat verməliyəm? Bəlkə mən indi sizdən başqa da yüz evdəyəm, min evdəyəm, milyon evdəyəm? SSRİ-nin əhalisi 150 milyonu keçib! Düzdü, bir-birinizi güllələyə-güllələyə azalırsız... Doğrusu, bəzən, mən özüm də çaşıb qalıram: qurban kimdi, cəllad kimdi?-başa düşə bilmirəm!.. Bax, səhərdən Qəribzadədən danışırıq... Döyüblər onu? (Ayaq saxlayır.) Qoy mən də oturum, rahat söhbət eləyək... (Kresloda əyləşir.) NKVD-də döyüblər onu? Bəli, döyüblər! Yüz cür işgəncə veriblər ona? Bəli, veriblər! Güllələyiblər özünü də, arvadını da? Bəli, güllələyiblər! Övladlarını bədbəxt ediblər? Ediblər! İndi, kim olur Qəribzadə? Qurban olur də!.. Qurbandır! (Kişiyə.) Elə deyil?

Kiçik pauza.

Ancaq bir dəqiqə!.. Bir dəqiqə dayanın!.. 6 il bundan əvvəl, 1931-ci ildə Qəribzadə harda işləyirdi? (Gah Kişiyə, gah da arvada baxır.)

Kiçik pauza.

Yaxşı!.. Mən sizin yadınıza salım. Qəribzadə 1931-ci ildə doqquz ay Azərbaycan Sovet Sosialist Respublikasının Baş Prokuroru vəzifəsində işləyib. Cəmi doqquz ay... Ancaq bu doqquz ayda düz 34 nəfərə əksinqilabçı kimi ölüm hökmü tələb edib və onları güllələyiblər!.. Doqquz ayda neçə gün var? Doqquzu otuza vuranda neçə eləyir? 270. Bəzi aylar 31-dəndir, yaxşı, 5 də üstə gələk, eləsin 275. (Qadına) Düz hesablayıram?

Kiçik pauza.

275-i də 34-ə böləndə neçə eləyir? Bu saat... Bu saat... 275-i 34-ə böləndə eləyir 8-dən bir az çox... Deməli, Qəribzadə hər 8 gündən bir -- bir nəfəri gül­lələməyə göndərib! Bəs indi kim olur Qəribzadə? Belə çıxır ki, cəllad olur də...

KİŞİ. O vaxt güllələnənlər həqiqətən əksinqilabçı idilər!..
QONAQ. Həqiqətən əksinqilabçı olanlar bəyəm adam deyil, ay mənim əzizim?
KİŞİ. Mən sənin əzizin deyiləm!..
QONAQ. O-o-o!.. Sizin özünüzdən xəbəriniz yoxdu!.. Mən sizi çox sevirəm! Siz mənə doğmasız! (Qadına.) Siz də!.. Nə olar ki, məni balta ilə doğramaq istəyirdiz? Həqiqət budur ki, sizin ikiniz də mənim üçün əzizsiniz... (Barmağı ilə ərkyana Qadını hədələyə-hədələyə.) Sizin atanızın da xətrini mən çox istəyirdim...
QADIN. Siz... siz bizimlə müqavilə bağlamaq üçün gəlmisiz?
QONAQ. Müqavilə? Mən gündə cəmi bir dəfə gülürəm, ona görə də gözləyirəm ki, yerinə düşsün. Bax, indi əsl məqamı gəldi! (Gülür.) Özünüzdən bir doktor Faust uydurmusuz!.. Ruhunu Şeytana satır!.. Şeytanın nəyinə lazımdı sizin ruhunuz? Nə qiyməti var sizin ruhunuzun? Ruhunuz da elə özünüz kimidi də!.. Əfsanə uydurmusuz ki, Şeytan müqavilə bağlayıb, ruhunuzu alır... Sokratdan tutmuş Bekonacan, Nostradamusdan tutmuş Cordano Brunoyacan, kiminiz var, mif yaratmısız ki, ruhlarını Şeytana satıblar!.. Sizin ruhunuzu neyləyəcək Şeytan? Günaha batıracaq ruhunuzu? Onsuz da siz başdan-ayağa günah içindəsiz də!..

Kiçik pauza.

Deyəsən mən çox danışdım, hə? Nə qədər söz verirəm ki, az danışım, yenə özümü saxlaya bilmirəm... (Qalxıb var-gəl etməyə başlayır və mizin qarşısında dayanır.) Şərabları tökdüz, ancaq eləcə qaldı, içmədiz...
QADIN (yorğun). İçmək istəyirsiz?
QONAQ. Mən? Yox. Mən alkoqollu içkilər içmirəm! (Var-gəl edir.) Yaxşı... (Saata baxır.) Gecdi daha... Hərənizin yadına bir hadisə salacağam, bununla da mən öz missiyamı bitirirəm! Ancaq bir xahişim var: bir-birinizlə dalaşmayasınız! Bir-birinizi təhqir etməyəsiniz! Oldu?
KİŞİ. Nə? (Qadına.) Bu nə deyir?
QADIN. Deyir ki, hərəmizin yadına bir hadisə salacaq, amma o hadisəni eşidəndən sonra biz bir-birimizi təhqir etməyək...
KİŞİ. Təhqir etməyək? (Ayağa qalxıb qışqırır.) Biz indiyə qədər sakit, mehriban yaşayırdıq!.. Nə istəyirsən bizdən? Sənin heç kimə borcun yoxdu, bəs bizim sənə nə borcumuz var? Niyə əl çəkmirsən bizdən? (Get-gedə daha artıq qızışaraq.) Axı... Axı sən özünü nə hesab edirsən? Sən nəsən, Allahın vəkilisən, bizi ittiham edirsən? Sənin hansı hüququn var, bizi ittiham edəsən? Bizə qiymət verəsən? Hə? Rəzalətin yiyəsi sən deyilsən? Qoy, məndən yaxşısı məni ittiham etsin!.. Qoy, məni ittiham edənin ittiham haqqı olsun! Bildin?! Sən başdan ayağa üfunət içində deyilsən? Sən hansı haqla bizi ittiham edirsən?! Biz sənin gözəl əməllərinə baxıb, mənəvi əzab çəkməliyik? (Sağ əlinin baş barmağını iki barmağı arasına salıb, Qonağa göstərir.) Ala!..

Kiçik pauza.

QONAQ. Day sizin mədəniyyətinizə heç sözüm yoxdu!.. (Tamaşaçılara.) Yekə kişidi, gör özünü necə aparır e?!.. (Əli ilə Kişini göstərərək, Qadına.) Bu harda tərbiyə alıb, belə? (Başını bulayır.) Ay-yaya-yay!.. Gör necə qorxuya düşüb e!.. (Kişiyə.) Hələ heç bilmirsiz ki, nəyi yadınıza salacağam, indidən belə qorxursuz? Onda qulaq asın! (Qəfildən Qadına sarı çönür.) İstəyirsiz, sizdən başlayım?
QADIN. Xeyr! İstəmirəm! (İsterika içində.) Əl çəkin bizdən! Siz nəsiz, ölməz məxluqsuz?! Sizi öldürmək mümkün deyil? Sizi məhv etmək olmaz?
KİŞİ. Olar!.. Olar!.. (Vəhşi bir ehtirasla Qonağın üzərinə atılır.) Bu dəfə bizim əlimizdən qurtara bilməyəcəksən!.. Murdar goreşən!.. (Yenə də iki əli ilə Qonağın boğazından yapışıb boğur.) Bu dəfə hər şey qurtaracaq! Bu məsxərə bitəcək!

Qadın onun köməyinə gəlir. İkisi bir yerdə Qonağı qamarlayıb, yerə yıxırlar. Qonaq var gücü ilə müqavimət göstərir. Kişi ona zərbələr endirir.

Al!.. Al!.. Al!..

QADIN. Onu boğmaq lazımdı!.. Boğ onu!.. Boğ!..
QONAQ (qışqırır). Neyləyirsiz? Buraxın məni!..
KİŞİ. Yox!.. Yox!.. Yox!..
QONAQ (xırıldaya-xırıldaya). Siz dəli olmusuz?! Buraxın!..
QADIN. Buraxma onu!.. Bərk sıx!.. Bərk sıx!..
QONAQ (qışqırır). Vay!.. Gözüm!.. Gözüm çıxdı!..
QADIN. Bərk sıx!.. Buraxma!..

Qonaq bərkdən inildəyir və susur, daha müqavimət göstərmir. Cansız halda döşəməyə sərilir.

Nə oldu? Gəbərdi?

KİŞİ (qulağını Qonağın sinəsinə dirəyir). Ürəyi vurmur.
QADIN. Bəlkə onun heç ürəyi yoxdu?

Kişi Qonağın əlini qaldırıb, buraxır. Qonağın əli cansız halda yerə düşür.

KİŞİ. Yox, bu dəfə gəbərib!.. Murdar olub bu dəfə!.. Olub!..
QADIN (ikrah hissi ilə əlini silkələyə-silkələyə). Gözünün qanı bütün əlimi bulayıb...
KİŞİ. Sən onun gözünü çıxardın?
QADIN. Gərək o biri gözünü də çıxaraydım!..

Kiçik pauza.

KİŞİ. Barmağını basıb gözünü çıxardın?
QADIN. Bəs nəylə çıxaraydım? Qoy, gedim, əlimi yuyum... (Ayağa qalxaraq nifrətlə Qonağa baxır.) İyrənc qurbağa!.. (Səhnədən çıxır.)
Səhnə qaranlıqlaşır. Pauzadan sonra işıqlananda Qadın səhnəyə daxil olur və yerində donur.

QADIN. Hanı o?

Döşəmədə Qonağın cəsədi yoxdur.

KİŞİ (əvvəlki kimi döşəmədə oturmuş halda dəhşət içində). Yoxa çıxdı!
QADIN. Necə yəni yoxa çıxdı?
KİŞİ (eyni dəhşət içində). Gözümün qabağında birdən-birə yoxa çıxdı!..
QADIN (isterika ilə). Yox! O, buradadı!.. O, gizlənib!.. (Ora-bura qaçaraq, səhnəni alt-üst edir.) Onu yenə boğmaq lazımdır! Onu məhv etmək lazımdır. Onu tikə-tikə doğramaq lazımdır!..
Kişi qalxıb, Qadını qucaqlayır.
KİŞİ. Sakit ol!.. O, yox oldu!.. O, mənim gözümün qabağında birdən, elə bil, əridi, yox oldu... Bir göz qırpımında...


Pauza.

QADIN (uçuna-uçuna). O, nə idi? O, kim idi?
KİŞİ. Sakit ol!.. O, daha burda deyil!.. (Qadını qucağına sıxıb, saxlamaq istəyir.) Bu da, görünür, bir sınaq idi, bizim baxtımıza düşmüşdü...
QADIN (uçuna-uçuna daha da bərkdən qışqırır). Nə idi o? Nə idi? Kim idi? Niyə bizi seçmişdi o? Niyə?.. Niyə?..
KİŞİ (onu sinəsinə sıxaraq). Sakit ol!.. Yoxdu daha!.. O, əridi... Getdi... Yox oldu... Hər şey yaxşı olacaq!..

Qadın onun əlləri arasından çıxıb, İosif Stalinin portretinin qabağında dayanır.

QADIN (barmağını İosif Stalinin portretinə tuşlayaraq). Bəlkə o, bu idi?! Hə? Bəlkə bu idi?

Kişi cəld əli ilə Qadının ağzını yumur.

KİŞİ (dəhşətlə). Sus!.. Sən tamam dəli olmusan?!

İşıq sönür.

YEDDİNCİ ŞƏKİL

Yenə həmin məkan. Gecə.

Qadın, Kişi, NKVD zabiti, iki nəfər NKVD əməkdaşı.

Qadın ilə Kişi mizin arxasında üzbəüz oturublar.

KİŞİ. Bəlkə bunlar hamısı yuxu idi? Bəlkə bizi qara basırdı?
QADIN (çiyinlərini çəkir). Bəlkə də...
KİŞİ. Sən... sən həqiqətən NKVD-də olmusan?
QADIN. Hə...

Pauza.

Sən də (Əli ilə İosif Stalinin portretini göstərir.) ona məktub yazmısan...

Pauza.

KİŞİ. 38 də belə gəldi... Yəni 37 heç vaxt qurtarmayacaq?

Qadın yenə çiyinlərini çəkir.

Şampanı açım?

QADIN. Özün bil...

Pauza.

Görəsən, yenə qayıdacaq?

KİŞİ. O, əridi... Yox oldu...

Pauza.

Sən... sən deyirsən ki, səhərə kimi gözünə yuxu getmirdi... Elə bilirsən, mən gözümü yuman kimi yatırdım?.. Mən bəyəm daş parçasıyam?.. Özümü söyürdüm... Lənətləyirdim özümü!.. Yer tapa bilmirdim özümə... Sən mənə inanmırsan?
QADIN. Niyə inanmıram? İnanıram...

Kiçik pauza.

KİŞİ. Gəl, elə bilək ki, heç nə olmayıb...
Pauza.

Adamın ürəyi partlayır!.. Bu cür biz necə yaşayacağıq?

QADIN. Bilmirəm...

Qapı bərkdən döyülür.

QADIN (gərgin). Gəldi?
Qapı yenə bərkdən döyülür.

Odur!.. Odur!..

Kişi qalxıb qapıya tərəf gedir.

KİŞİ. Kimdir?
SƏHNƏ ARXASINDAN SƏS. Açın!..
QADIN. Səs gəldi...
KİŞİ (yavaşdan Qadına). Bəlkə...
SƏHNƏ ARXASINDAN SƏS. Açın!.. Açın qapını!..
KİŞİ. Bəlkə NKVD-dir?..
Qadın çiyinlərini çəkir. Kişi qapını açır. NKVD forması geymiş zabit və onu müşayiət edən iki nəfər içəri girir. Zabitin bir gözünün üstündən qara bağlanıb.
ZABİT. Azər Ayaz oğlu?
KİŞİ. Bəli...
ZABİT. Siz bizimlə getməlisiz!
KİŞİ. Nə üçün? Niyə?
ZABİT. Niyəsini NKVD-də başa salarlar! (Müşayiətçilərə.) Axtarın evi! Bu kontrrevolyusionerin nəyi var, hamısını çıxarın üzə!

Qadın Zabitə yaxınlaşaraq, diqqətlə ona baxır.

KİŞİ. Kimdir kontrrevolyusioner?
ZABİT. Kimdir? Siz!
KİŞİ. Mən?
QADIN (eləcə diqqətlə Zabitə baxaraq pıçıltı ilə). Bu odur!..
ZABİT (Qadına fikir vermədən müşayiətçilərə). Axtarış aparın!

Orqan işçiləri səhnə boyu oranı-buranı axtarmağa başlayırlar.

QADIN. Bu odur! Odur!..
ZABİT (ona fikir vermədən Kişiyə). Özünüzlə kiçik çamadan götürə bilərsiz!
KİŞİ. Axı niyə?
ZABİT. Demədim, niyə? Elə mütləq sizi təzədən başa salmaq lazımdı? (Kişiyə yaxınlaşaraq, az qalır burnunu onun gözlərinin içinə soxsun). Ona görə ki, siz işlədiyiniz komissarlıqda gizli pantürkist kontrrevolyusioner terrorçu təşkilatın rəhbərlərindən birisiniz!
KİŞİ. Mən? Mən o təşkilatın rəhbərlərindən biriyəm?
ZABİT. Bəli!.. Yoxsa belə deyil?
KİŞİ. Əlbəttə, belə deyil!.. Mən o təşkilatı ifşa etmişəm! O təşkilat haqqında ilk siqnalı mən vermişəm! Sizi mən duyuq salmışam, mən xəbərdar etmişəm! Yoldaş Stalinə mən məktub yazmışam!
ZABİT. Çünki qorxurdunuz ki, tezliklə sizi ifşa edəcəyik! Bizi qabaqlamaq istəyirdiz! Hə? Maymaq adam!.. Bizi qabaqlamaq olar?
Axtarış aparanlar əllərinə keçən qəzeti, jurnalı, kitabları, məktubları, başqa kağız-kuğuzu gətirib səhnənin ortasına tökürlər.
KİŞİ. Mən bunu belə qoymayacağam!.. Mən yoldaş Stalinə şikayət yazacağam!.. Mən...
ZABİT (onun sözünü kəsir). Bura bax, maskalanmış düşmən ünsür, bilirsən, nə var? (Kişinin yaxasından yapışıb, silkələyir.) Sən o kontrrevolyusioner nəfəsinlə yoldaş Stalinin müqəddəs adını tələffüz etmə! Eşitdin? Eşitdin məni, xalq düşməni!
KİŞİ. Mən xalq düşməni deyiləm!
ZABİT. Mən hələ indiyə qədər bir nəfər də xalq düşməni görməmişəm ki, öz xoşuna bunu etiraf eləsin!.. Öz xoşuna boynuna alsın ki, bəli, mən xalq düşməniyəm!.. (Yamsılayır.) "Mənim alibim var!.. Mənim alibim var!.."
QADIN. Dedim ki, odur!.. Bu, odur!..
ZABİT (Qadına fikir vermədən). Ancaq sonra maskaları yırtılır! Etiraf etməyə məcbur olurlar! Çünki sizdə namus, vicdan yoxdur! Var?

Kiçik pauza.

Var səndə vicdan?

KİŞİ. Mən xalq düşməni deyiləm!
ZABİT. Sən vicdansız, namussuz bir adamsan! Sən partiyaya, xalqa, vətənə, sadə sovet zəhmətkeşlərinə xəyanət etmisən! Sən yoldaş Stalinə xəyanət etmisən!.. Sən kommunizm ideallarına xəyanət etmisən! Bildin?.. Sən Yaponiya xüsusi xidmət orqanlarının cəsususan!
KİŞİ (qışqırır). Mən ömrümdə Yaponiyada olmamışam! Mən ömrümdə bir nəfər yaponla da danışmamışam!
ZABİT. Gedək! Biz sənin yadına salarıq! Yaponiyada yox e, boynuna alacaqsan ki, Marsda da olmusan! Hazırlaş!
KİŞİ. Mən ora getməyəcəyəm!
ZABİT. Gedəcəksən, əzizim, gedəcəksən!
KİŞİ. Mən sizin əziziniz deyiləm!
ZABİT. Orda ayaqlarıma yıxılıb mənə yalvaranda, soruşaram səndən, əzizimsən, yoxsa, yox?..
KİŞİ (nifrət və qətiyyətlə). Mən sənin iylənmiş ayaqlarına yıxılıb, yalvarmayacağam!..
ZABİT. Lap yaxşı! Baxarıq... Baxarıq, görək, kimin ayaqları iylənib?!. Tez elə, səni orda səbrsizliklə gözləyirlər!..

Kişi qorxudan bərəlmiş gözləri ilə Qadına baxır, sonra yenə Zabitə baxır və qəflətən pəncərəyə tərəf qaçır.

(Axtarış aparanlara.) Tutun onu! Qoymayın!

Kişini tutub saxlamağa macal tapmırlar. O, özünü pəncərədən atır və çiling-çiling olan pəncərə şüşəsinin səsindən sonra, Kişinin küçədə yerə dəyməyinin tappıltısı eşidilir.
QADIN (qışqırır). Siz onu məhv etdiz!.. Siz onu öldürdüz!..
ZABİT (müşayiətçilərə). Axmaqlar! Onu saxlaya bilmədiz! (Pəncərəyə yaxınlaşıb, aşağı boylanır.) Ay-yay-yay!.. (Başını qaldıraraq müşayiətçilərə.) Gedin, onu maşına atın! Gedin! Mən də gəlirəm!..
Müşayiətçilər tələsik səhnədən çıxırlar.
QADIN. Nə üçün? Nə üçün siz onu öldürdüz?!
ZABİT (yavaşdan). Qorxma!..
İşıq yanlız onların ikisinin üzərinə düşür.
O, bizim yanımıza gələcək!..

Pauza.

QADIN (pıçıltı ilə). Bizim yanımıza? Yəni hara?

ZABİT (pıçıltı ilə). Hara?.. Ora... (Barmağı ilə tavanı göstərir.) Ora!.. Orda bizim yanımıza!.. O, artıq yoldadı...
QADIN (pıçıltı ilə). Sən... Sən osan?
ZABİT (pıçıltı ilə). O? Yəni kim?
QADIN (pıçıltı ilə). Bayaqkı qonaq?
ZABİT (təəccüblə). Nə qonaq?
QADIN. Qonaq də!.. Bayaq bizdə olan qonaq... O... O, sənsən?
ZABİT. Heç nə başa düşmürəm...
QADIN (səsini daha da yavaşıdır). Qorxma... De... Sən osan?..
ZABİT (gülümsəyir). Qorxma? Nədən qorxacağam? Mən heç Allahdan da qorxmamışam!.. Qorxaq sizsiz!.. İstədiyinizi edirsiz, sonra da ordan (Barmağı ilə tavanı göstərir), cəhənnəmdən qorxursuz!.. Siz hamınız axmaqsız də, gecə-gündüz Allaha yalvarırsız ki, atanızı, ananızı, bacınızı, qardaşınızı, oğlunuzu, qızınızı, istədiyiniz adamları cənnətlik eləsin!.. Özünüz də -- hər biriniz -- cənnətə getmək istəyirsiz... İbtidadan bəri, yalandan özünüz üçün Xeyir ilə Şərin mübarizəsini uydurmusuz... Hər şeyi qoyursuz Allahın boynuna!.. O qədər günahınız var ki, Allah neyləsin? Sizi cənnətə necə qəbul eləsin? Allaha kömək etmək lazımdır də!.. Özünü ən günahsız hesab edəninizin də o qədər günahı var ki!.. Allahı qoyursuz pis vəziyyətdə!.. Bir-birinizin başına it oyunu açırsız, sonra da deyirsiz ki, lənət Şeytana! Niyə? Niyə, nə üçün lənət Şeytana? Hamınız da cənnət eşqinə düşürsüz!.. Ode, cənnət bomboşdu... Mənim informasiyama görə, son üç min ildə cənnətlik cəmi iki nəfər tapıblar, o da güzəştlə... Hamınız mənim yanıma gəlirsiz!.. Ancaq... Ancaq bunların sənə dəxli yoxdu... (Yavaş-yavaş Qadını qucaqlayaraq, artan bir ehtirasla.) Hamınız mənim yanıma gəlirsiz, yaxşı da edirsiz... Çünki mənə gətirib çıxaran yol -- əsl həyat yoludu... Bu yol sizin həyatınızın bünövrəsidir, mayasıdır... Bütün həyatınızın, varlığınızın mənası, əslində, elə bu yoldu!.. İndicə dediklərimə fikir vermə... Sözdü... Sözün heç bir əhəmiyyəti yoxdu... Söz - yalan deməkdən ötrüdür... Bəzən bunu heç özünüz də başa düşmürsüz... Sonra başa düşürsüz... (Əli ilə tavanı göstərir.) Orda yetişəndən sonra... Bunu sənə min illərin təcrübəsindən deyirəm... (Açıq-aşkar bir şəhvətlə.) Baltanı yaman qaldırmışdın a-a-a... Xoşuma gəldi... (Qadını daha da bərk qucaqlayaraq, qara sarıqlı gözünə işarə edir.) Bunu da əla elədin... Pırt - barmağını soxdun içinə!.. Əla idi!.. Narahat olma, düzələcək... Milyonlarla dəfə belə işlər gəlib mənim başıma... Düzələcək... Özün görəcəksən... Səndən xoşum gəlir... Gözlərindən, əllərindən, bədənindən... Səni görən kimi bildim ki, mənimçün yaranmısan... Özün də bunu görəcəksən!.. Döşlərindən mənə elə enerji gəlir, elə bil... elə bil, uşaq əmizdirirsən...
QADIN (başını o tərəf-bu tərəfə çevirərək, ətrafa nəzər salır). Deyəsən, məni qara basır... Hə?
ZABİT (eynilə ətrafa nəzər salaraq, çiyinlərini çəkir). Qara basır?

Kiçik pauza.

QADIN (gizli bir ehtirasla pıçıldayır). Deyirsən... Deyirsən, o, bizim yanımıza gələcək?
ZABİT. Başqa hara gedə bilər ki? (Qadını sinəsinə sıxır.) O, artıq çatıb, ordadı... (Pəncərəyə tərəf işarə edir.) Onu da özümə şagird götürəcəyəm!.. İstedadlıdı!.. Onun gələcəyi var!..
QADIN. Bizim yanımıza?
ZABİT. Hə...
QADIN. Bizim? Axı... Axı mən burdayam...
ZABİT. Nə olsun? Həmişə burda olmayacaqsan ki? Əvvəl-axır, gələcəksən... (Qadının dodaqlarından öpmək istəyir.)
QADIN (əllərini Zabitin sinəsinə sıxıb, ondan aralanmağa çalışaraq). Yox!.. Yox!..
ZABİT. Nə üçün yox?..
QADIN. Yox!.. Yox!..
ZABİT. Niyə?
QADIN. Mən... Mən qorxuram!..
ZABİT (barmağı ilə tavanı göstərərək, ehtiraslı bir pıçıltı ilə). Ordan?
QADIN. Hə...
ZABİT. Nahaq yerə!.. Elə bilirsən, ora burdan qorxuludur? Yox!.. Ora burdan qorxulu deyil!.. (Yenə Qadının dodaqlarından öpmək istəyir.)
QADIN. Yox...
ZABİT. "Hə" de!.. Hə... Hə...
QADIN (ehtiras və həyəcan, nigarançılıq dolu bir pıçıltı ilə). Hə?..
ZABİT. Əlbəttə...

Səhnənin işığı yanır. Zabit tələsik Qadından aralanıb, pəncərəyə yaxınlaşaraq, aşağı boylanır.
(Bərkdən.) Nə oldu? Onu atdız maşına? (İti addımlarla qapıya tərəf gedərək, Qadına.) Hələlik!.. Özünüz də heç hara getməyin!.. Yəqin sizi də çağıracağıq!..

Zabit səhnədən çıxır. Qadın səhnənin ortasında donub qalıb.

İşıq sönür.

11 dekabr, 2007

Bakı