Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


DÜNYAYA PƏNCƏRƏ
 

Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


 

Seyidbəyli Elçini geyim üzrə rəssam kimi "Nəsimi" bədii filminin yaradıcı qrupuna dəvət edir. Xəyyamdan Nəsimiyə yetmək üçün Nişapurdan Hələbə iynəyarım yol getmək gərəkir. Və Elçin də bunu əla bacarır, cəmi bir kentavr addımı ilə düşür Nəsimi dünyasına. Oxşarlıqlar çoxdur: şair ruhu və saçma yalanlar; filosof həqiqəti və haqsızlıq; yaradıcı xislət və dağıtmaq, viran qoymaq ehtirası; təmənnasız eşq və məqsədli nifrət. Elçin "Xəyyam"dakı pal-paltarların, papaqların, əbaların forma və biçimlərindən burada da bəhrələnir. Hərçənd ruh adamlarının, xüsusilə də, hürufilərin geyimlərində ağ rəngin (təmizlik, paklıq əlaməti kimi) nisbətini xeyli artırır. "Nəsimi" filminin məkanı təkcə hürufilər və şeyxlərlə məskunlaşmır: burada dərvişləri, müxtəlif hökmdarları, döyüşçüləri, bəzəkli xanımları, kütləvi səhnələrdə qaynaşan qara camaatı da görmək mümkündür. Busa kostyumlar bolluğu və kostyumlar fərqliliyi deməkdir. Əgər hesaba alınsa ki, Ortaçağ islam mədəniyyətində sosial və dini status, yaxud ruh adamlarının vardığı kamillik mərhələsi onların geyimlərində öz ifadəsini tapırdı, Elçinə həvalə edilmiş işin çətinliyi həməncə aşkarlanacaq. Yəni "Nəsimi" kimi bir filmin geyim üzrə rəssamı olmaq üçün gərək əvvəlcə yaxşı tədqiqatçı olasan; dövrü, bölgəni, konkret sosial zümrəni araşdırıb görəsən ki, zamanın diktə elədiyi dəb kontekstində kim harada necə geyinib.
Xəyyamdan, Nəsimidən sonra Füzuliyə yaxınlaşmağa nə var ki... 1976-cı ildə Opera və Balet Teatrında Elçini "Leyli və Məcnun" gözləyirdi. Ü.Hacıbəylinin muğam-operasının yeni quruluşunu 18 ildən sonra bir daha rejissor Mehdi Məmmədova tapşırmışdılar. O da əlüstü kəsdirmişdi ki, bu tamaşada səhnəqrafiya məsələsini Elçindən yaxşı heç kim həll edə bilməz və fikrində yanılmamışdı. Mən bugündən dünənə boylananda belə düşünürəm ki, Elçin Muxtar Elxanın "Leyli və Məcnun" operasına verdiyi tərtibat onun teatr rəssamlığı hüdudlarında gördüyü işlərin zirvəsidir. Elçin öz içinə, öz bilgilərinə, öz üslubuna sadiq qalaraq, bu dəfə də operaya simvolik bir tərtibat vermişdi. Səhnə önündə kulislərdən çıxan yerdəcə sağ və sol tərəflərdə iki bəzəkli minbər qoyulmuşdu. Ştangetlərdən paralel və qabaq-qənşər simmetriyada dörd iri çıraq asılmışdı. Səhnə ortasında isə ornamentlə haşiyələnmiş qara örtüklü monumental tablo ölçülərində bir lövhə görünürdü. Lövhənin üzərinə qalxan formatında iki ornamentli çevrə çəkilmişdi və ərəb qrafikasına bənzər şəkildə, amma kiril hərflərilə bu çevrələrdən birinə "Leyli", o birinə "Məcnun" sözləri yazılmışdı. Tamaşanın davamı boyunca lövhənin böyürləri içəri qatlanırdı və konstruksiya müqəddəs Kəbənin modelinə çevrilirdi. Sovet dönəmində belə bir tərtibat, belə bir tamaşa üstündə insanı Dövlət Təhlükəsizlik Komitəsinə də çağıra bilərdilər: axı Kəbə dünya müsəlmanlarının səcdəgahıdır, qibləgahıdır. Bunu Mehdi Məmmədov da, Elçin Aslanov da yaxşı başa düşürdülər. Amma onların alibisi vardı: quruluşçu rejissor və quruluşçu rəssam deyirdilər ki, bizim Kəbə, yəni səhnədə ucaldılan Kəbə modeli sevgi ehramıdır, aşiqlərin məbədidir və insan eşqi bütün dinlər fövqündədir, ən ali müqəddəslik mərtəbəsindədir. Təbii ki, bunun özünəməxsus sovet küfrü kimi də şərh edilməsi mümkündür. Rəssam Elçin Aslanovun tərtibatı rejissorun mizanlarını mobilləşdirmişdi, tamaşaya ilginc bir lakonizm gətirmişdi. Operanın digər epizodlarında isə simvolik Kəbənin örtüyü qaldırılırdı və bu oyun məkanı gah məktəb, gah gərdək, gah da səhra olurdu. 1976-cı il mayın 14-də dərc elətdirdiyi "Leyli və Məcnunla yeni görüş" məqaləsində yazıçı Anar da səhnə tərtibatının tamaşa üçün böyük önəm kəsb etdiyini vurğulamışdı: "Rejissorun və rəssamın maraqlı tapıntısı olan bu "Kəbə" tamaşanın səhnə yozumunda mərkəzi yer tutur: ifaçılar, xor, balet onun ətrafında qruplaşır, ona tapınır, yaxud ondan qaçır, ondan gizlənirlər. Mərkəzində bu qara qurğu dayanmış səhnə isə rəng verib rəng alır. Əlvan boyaları ilə, parlaq çalarları ilə Şərq miniatür sənətinin nəfis nümunələrini yada salır. Mizanlarda, ifaçıların duruşlarında, xorun, baletin kompozisiya quruluşunda da miniatür rəsm sənətilə yaxınlıq, uyarlıq, kök, rişə bağlılığı hiss olunur. Adama elə gəlir ki, canlı ifaçılar orta əsr rəssamlarının - Təbriz, Herat miniatürçülərinin əsərlərindən çıxıb səhnəyə təşrif gətiriblər və indicə dayanıb, donub yenidən incə bir rəsm nümunəsinə çevriləcəklər. Zənnimcə, səhnədə xeyir və şər qüvvələrinin qütbləşməsi, ehtirasların açıq, çılpaq şəkildə gərginləşdirilməsi, tamaşaçı hisslərinə birbaşa, müstəqim müraciət, bir növ, bizə teatr tarixindən az-çox tanış olan "Şəbih" xalq tamaşa ünsürlərinə əsaslanır".11
Söz "şəbih"dən düşmüşkən... Elçin Aslanov 50 yaşında ikən "El-oba oyunu - xalq tamaşası" kitabında bütün Azərbaycan ziyalılarına rəsmi şəkildə sübut elədi ki, İmam Hüseyn təziyələrində göstərilən tamaşa iştirakçılarının doğru-dürüst adı "şəbeh" yox, şəbihdir: yəni "şəbeh" və ya "şəbi" kəlməsi "şəbih" sözünün Azərbaycanda dialekt variasiyalarıdır. Lap gözəl. Mən bununla razı. Söz ərəblərdən gəlmir məgər? Onlar da təziyə mərasimində şəhid şiə qəhrəmanlarının obrazlarında görünənlərə "şəbih" deyiblər. Beləliklə, məsələ çox aydıncana xətm olunurdu. Amma yox... Elçin Muxtar Elxan 75 yaşında ikən 50 yaşlı Elçin Aslanovun yazdığından imtina edir və 2008-ci ildə çap olunmuş "Şəbeh: epik teatrımız" adlı kitabçasında bildirir ki, gəlin, təzədən "şəbeh" variantına qayıdaq. Neyçün ki, azərbaycanlılar bunu belə qavrayıb, belə anlayıb, belə tələffüz eləyiblər. Mən Elçin Muxtar Elxanla qətiyyən razı deyiləm. "Şəbih" bir termindir, istilahdır: kökündə necəsə, eləcə də elmdə saxlanılması gərəkir. Hərçənd buna görə Elçin məndən inciyə bilər, amma fikrini heç vədə dəyişməz: hətta... bəlkə əksinə... bir az da dediyində israrlı olar. Çünki 80-ci illərdən üzü bəri onun şəxsiyyətində etnoqraf-alim rəssamı zaman-zaman üstələyib və Elçin indi özünü bir tədqiqatçı statusunda qəbul eləyir, özünə hədsiz dərəcədə inanır.
Bir teatr rəssamı kimi onun son işləri 1988-ci və 1989-cu illərdə olub. 7 illik fasilənin yekununda Elçin bir də qayıdıb rejissor Mərahim Fərzəlibəyovla "Bizim qəribə taleyimiz" (İ.Əfəndiyev) tamaşası üzərində çalışıb. 1989-cu ildə isə rejissor Bəhram Osmanovun "Qızıl teşt" (Seyran Səxavət) tamaşasının quruluşçu rəssamı olub. Odu-budu, teatra yaxın durmur.
Keçən əsrin 80-ci illərində (bəlkə də daha tez) onun teatr sevgisi miniatür sevgisinə transformasiya olunur.
Axı miniatürdə də bir filan qədər teatr var!
Miniatür simvolik, teatral illüstrasiyadır; səhifəni bəzəmək üçün çəkilmiş apriori qəşəng illüstrasiyadır, moskvalı intellektual Şərəf Şükürovun fikrincə, "müsəlman ikonaqrafiyası"dır.
Elə buradaca mən qayıdıram 10 il bundan öncə Elçin barəsində yazdığım essevari bir yazıya. Onda məqaləmi belə adlandırmışdım: "Miniatürə bənd olmuş sufinin nağılı". Heç məqalə də deyildi bu: rəssam haqqında fəlsəfi-şairanə eskizlər idi. Həmin yazını Elçinin ruh dünyası haqqında çağdaş Azərbaycan mədəniyyətinə ünvanladığım informasiya kimi də xarakterizə etmək mümkün.
Lakin bununla belə...
O zaman mən Elçinə "Peykər" qrupunun Mövlanəsi12 demişdim. İndi də sözümü danmıram. Hərçənd Mövlanə ilə kentavr Xironun hətta fərziyyə müstəvilərində qarşılaşmaq ehtimalı sıfır. Kentavr miniatürdən qaçır: topallığı onu zəriflik qarşısında acizləşdirir. Mövlanə isə daima miniatür içindədir: neyin və rübabın səsini dinləyə-dinləyə əbru sənətilə məşğul olur, səma eləyir.
Tarixi bir qeyd və ya "Peykər" qrupunun ictimai-sosial şəcərəsi: 1980-ci ildə sənətşünas Kərim Kərimovun son dərəcə dəyərli "Azərbaycan miniatürləri" adlı, öz dövrünə və Azərbaycanda olan poliqrafiya mədəniyyətinə görə, nəfis bir albomu nəşr olunur. Bu vaxt Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Heydər Əliyev kitab-albomu görüb bəyənir və hətta çıxışlarının birində deyir ki, miniatür sənəti böyük sərvətdir və bu sənətin davam etdirilməsi vacibdir. Çox çəkmir ki, ideologiya üzrə katib Həsən Həsənov Rəssamlar İttifaqına gəlir və burada miniatür bölməsinin açılmasını tövsiyə edir. Bax, elə həmin bölmənin də rəhbəri olur Elçin Aslanov... Bu əsnada Heydər Əliyevi Moskvaya çağırırlar: o, gedən kimi bölmə də qapadılır...
Ol səbəbdən "Peykər" qrupunu həmin bölmənin davamı kimi dəyərləndirmək gərək. Milli mədəniyyət formalarının hüsnündən, təbiətindən öz yaradıcılıqlarında bəhrələnən rəssamların birliyi kimi rəsmiləşdirilmiş "Peykər" coğası (qrup) cəmi dörd il yaşadı: 1987-1991-ci illər arası. Sərgilər, işlərin müzakirəsi, ənənəni müasirlik müstəvisində yenidən dərk etmək cəhdi... Bunların hamısı reallaşdı "Peykər"də: amma davamlı olmadı. Miniatür sənəti 80-ci illərdə Azərbaycanda ayaq açdı, ancaq yerimədi: yalnız bir naqolay kentavr addımı atdı irəli. Ənənəni restavrasiya eləmək, ona can vermək, müasir insanın həyatına "köçürmək" çabaları milli təsvir sənətində kardinal dəyişiklər yarada bilmədi.
Mənim yadıma gəlir: o vaxt Elçin müxtəlif auditoriyalar qarşısında miniatür sənətilə ilişikli çox maraqlı mühazirələr oxuyurdu: fərqli miniatür məktəblərinə mənsub təsvirləri proyektor vasitəsilə ekranda göstərirdi, sonra isə həvəslə danışırdı kitab rəssamlığında şərqli ustadların yararlandığı texnikadan, miniatürün tarixindən, gələnəklərindən, fəlsəfəsindən və rəsm üzərindəki fiqurların simvolik mənalarından: izah edirdi ki, bulud niyə elə yox, belə çəkilib; səkkizguşəli çarhovuz nəyi bildirir; çarhovuzdakı balıq nə deməkdir...
Yəni neomaarifçi işi aparırdı Elçin Azərbaycanda miniatür sənətilə əlaqədar... 80-ci illərdə... yeni nəsillərin diqqətini bu sənətdə fokuslaşdırırdı. Hərçənd hələ 1973-cü ildə Elçinin "Cırtdan" cizgi filminə çəkdiyi eskizlərdən miniatür sənəti boylanırdı.
"Cırtdan" multiplikasiya filminin içi miniatürlə dolu idi.
Və ya... belə də demək caiz... ki, "Cırtdan" cizgi filmi Azərbaycan nağıllarına və Azərbaycan xalçasına müasir bir refleksiya kimi düşünülmüşdü. Lakin, əfsus ki, Elçinin multiplikasiyadakı fəaliyyəti bununla tamamlanır.
Kentavr və Cırtdan... Gərçi mifik təfəkkür Cırtdanı Divin rəqibi kimi görürsə, niyə Kentavr Cırtdanın dostu olmasın?
Elçin Muxtar Elxan Azərbaycan mədəniyyətinin mifik personajıdır. Özxoşuna yazan bir söz pəhləvanıdır, bir az nağılçıdır, bir az dərvişdir; şübhəsiz ki, MİRZƏDİR, fikir meydanının təftişçi komissiyasının sədridir, sənətçilərin respublika senatının müdrik Xironudur...
Və orijinal, özgür bir tədqiqatçıdır... Sözlüklər və lüğətlər sevdiyi bir məşğələ: hədəfində həmişə Novruz, toy, teatr, miniatür, xalq oyunları, dastanlarımız...
Etimologiyadan desən, bilir.
Etnoqrafiyanı da bilir.
Numizmatikanı da bilir.
Sosial-kulturoloji, hermenevtik təhlildən başı çıxır.
Təsvir sənətinin və teatrın şünaslığında pərgardır.
Hər məqaləsindən (sayı 160-dır və bir az da artıq), elmi süsləməsindən, araşdırmasından danışsam əgər, gərəkdir ki, bir bu qədər də yazam. Yazmağına yazaram, amma bunun oxucusunu hardan tapım?
Əbədiyyətə işləmək nə demək?
Elçinin həyatında isə ideya, sənət, fikir hər şeydən üstündür. O, pul üçün, var üçün çalışmayıb. Çünki çox dövlətli adamdır: dövlətli olduğu ondan bəlli ki, heç nədə gözü yoxdur. Güman eləməyin ki, Elçin dünən dəyişib. Əsla! Onun əqidəsi, tərbiyəsi belə olub. Və bu şəxs heç kimdəm heç nə ummaya-ummaya işləyib: hər işində millətin genetik kodu ilə, milli ənənənin özündə qapsadığı informasiya ilə, energetika ilə dialoq yaradıb, təmas yaradıb işləyib, işləyə-işləyə öz xoşbəxtliyini, öz nağıl cənnətini bulub, tədqiqat cənnətini bulub.
İndisə qocalıq vaxtı gəlir, dostlar! Dəxi nə gülüm, necə bayram tutum? Bir adam ki, respublikanın sərvəti ola, onun qocalıqdan nə qorxusu? Sərvət elə həmişə sərvətdir, bu dəfəki adı da Elçin Muxtar Elxan..

Aydın TALIBZADƏ

Sitatlaşdırılmış ədəbiyyat və qeydlər:

1 Cəfərov C.H. Əsərləri iki cilddə./ I cild: “Təklik faciədir”. - B.: Azərnəşr, 1968. - s.341.
2 Yenə orada, s.340.
3 İsrafilov İ.R. “Zaman. Rejissor. Poetika”. - B.: Mars-Print, 1999. - s.127.
4 Rumın mənşəli fransız dramaturqu, absurd teatrının ən fəal müəlliflərindən biri.
5 Məmmədquluzadə C. Seçilmiş əsərlər: I cild./ “Komediyalar”. - B.: Azərnəşr, 1936.
6 Bax: Aslanov E.M. “El-oba oyunu xalq tamaşası”. - B.: İşıq, 1984.
7 Bu haqda daha ətraflı bax: İsrafilov İ.R.Göstərilən əsəri, s.122-137.
8 İsrafilov İ.R.Göstərilən əsəri, s.137.
9 Qarayev Y. Əlvan tamaşa,// “Kommunist”. - 14 aprel 1970. - ¹87 (14388). - s.3.
10 Allahverdiyev M. Xəyyam.// “Ədəbiyyat və İncəsənət”. - 11 aprel 1970. - s.10-11.
11 Anar. Leyli və Məcnunla yeni görüş.// “Bakı”. - 14 may 1976. - s.3.
12 Talıbzadə A. Miniatürə bənd olmuş sufinin nağılı. //”Xalq” qəzetinin "Cümə" əlavəsi. - 30 yanvar 1998. - s.10.