Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


POEZİYA
 

Musa YA­QUB


 
O tay, bu tay

Arxın o tayında yarpızlar əsir,
Bu tayda yuyunur qum dənələri.
Qovub bir-birini sular tələsir,
Fırlanır ağzında dəyirman pəri.

Fırlanır başıma o tay, bu taylar,
Duz yükü gözümün civə yaşları.
Kəsildi qismətlər, bölündü paylar,
Göyərdə bilmədik qara daşları.

O tayda eşqimin sönən ocağı,
Çox belə ocaqlar kül eyləmişik.
Bu tayda yol gəlir ikindi çağı,
Biz də yol üstündə qoca dərvişik.

O tayda gündoğan, bu tayda qürub,
Üz-üzə dayanıb ömrün çağları.
O tayda yamyaşıl bağça-bağ durub,
Bu tayda yer tutur köhnə bağları.

Daha o sellərin alındı köpü,
Bu günüm o haya, haraya çatmaz.
Mən kiməm, bu arxda bir saman çöpü
Dəyirmana çatar, dəryaya çatmaz.


Mahnı

Bu sevda, ah, bu sevda!
Canımı saldım oda.
Ömrümü etdim fəda,
Bağladım sevdalara.

O yolu bağlamadım,
Yasda yas saxlamadım.
Anama ağlamadım,
Ağladım sevdalara.

Bu alqı, ya satqımı?
Mən aldım eşq haqqımı.
Alışdım, can yanğımı
Saxladım sevdalara.

Ələndim, ha ələndim,
Dolaşdı bəndə-bəndim.
Duruldum, çeşmələndim,
Çağladım sevdalara.

Yaranış həyatımdan,
Əl çəkdim rahatımdan.
Kəsib hər saatımdan
Caladım sevdalara.


Tamaşa

Baxın mikrofonda o titrəyişə,
Məddahlar yenə də düşdülər işə.
Yenə bir-birini vururlar dişə;
Yenə ortalığa bütü çəkdilər,
Yenə sözlərinə ütü çəkdilər,
Sözləri yerbəyer etsin çapçılar -
Buraxın, qabağa keçsin gapçılar,
Əlləri havada bu “şap-şap”çılar.
Bu adlar, titullar, bu ali qullar,
Göyçək söz danışan göyçək oğullar...

Gözəl tamaşadı, əcəb sərgidi,
Bu da nökərlərin şaha ərkidi.
Saqqız ağacında şirə bərkidi.
Verin yaltaqlara bir də çeynəsin.
Havada, efirdə, yerdə çeynəsin.

Bu çənə söhbəti, boğaz udumu,
Siz arı şanından çıxarın mumu,
Verin dərəmumu, rahathulqumu,
Verin bu yaltaqlar bir də çeynəsin,
Havada, efirdə, yerdə çeynəsin –
Ağzı şirin olsun elin, obanın.

O aldı, bu verdi, o da götürdü.
Yaman bəhsəbəhsdir, ötür-ötürdü,
Yaxşı, bu tar-kaman nədən ötürdü?
Verin zurna, verin, balaban verin,
Təzə xoruzlara təzə ban verin,
Verin bu yaltaqlara mahnı çeynəsin,
Gəlsin rəqqasələr tufan eyləsin.

Dəstənin gəlişi hay-harayladı,
Bu da millət üçün yaxşı layladı.
Yenə qalayçılar qab qalayladı,
Köhnə dəyirmanın təmirçiləri,
Elin medal döyən dəmirçiləri,
Verin onlara da xəmir çeynəsin,
Qoy çəkic-zindan da dəmir çeynəsin.

Buraxın, qabağa keçsin gapçılar.
Əlləri havada bu “şap-şap”çılar,
Gəlsin rəqqasələr tufan eyləsin.
Verin dərəmumu, rahathulqumu,
Verin mahnıçılar mahnı çeynəsin,
Ağzı şirin olsun elin, obanın...


Ağ gül, qımızı gül, bir də sarı gəlin

Həmişə növcahan, həmişə bahar,
Həmişə sevdalı, həmişə xumar,
Ruhumda sığaldır, saçımda tumar,
Bülbül mahnıları, gül mahnıları,
Bu xalq mahnıları, el mahnıları.

Sevgidə heç zaman qocalmaz olan,
Kəməri qaşında üç almaz olan,
Xınası barmaqda, özü bulaqda,
Məhəbbət bəndləri açılmaz olan
O nazik, o incə bel mahnıları
Bu xalq mahnıları, el mahnıları.

Yağsın pəncərədən başıma daşlar,
Baxım, xumar gözdən axsın o yaşlar.
O ipək köynəklər, minrəng qumaşlar,
Daşır pəncərədən tül mahnıları,
Bu xalq mahnıları, el mahnıları.

Gizlim el içində, adam içində,
Yarın qadasıdır qadam içində.
Dilim bal içində, badam içində,
Sözümün şipşirin dil mahnıları,
Bu xalq mahnıları, el mahnıları.

Bu el qatarıdır, ellər aparır,
Bu nar çiçəyidir, “Qaragilə”dir.
Hələ də Saranı sellər aparır,
Çobanın yolları Saragilədir,
Bu coşan, bu daşan sel mahnıları,
Aranlı, yaylaqlı el mahnıları.

Sevgi soraqlığım, eşq gərəkliyim,
Bir də qaçıb durdu daşda kəkliyim.
Bir payız gölündə sona təkliyim.
Havada üçtelli tel mahnıları,
Pərişan payızlı el mahnıları.

Bir də tar-kamanı gətir oxusun,
Bülbül gül iyləsin, ətir oxusun.
“Sona bülbüllər”i Qədir oxusun,
Ucalsın göylərə zil mahnıları.
Mixəyi ləyəndə bitir yenidən,
Bu mixək, bu xına, hil mahnıları,
Bu xalq mahnıları, el mahnıları.

O sevgilərdən heyf!

Vallah, sevgi deyil bu,
Bu, beynimin huşudu,
Gözlərimdə yuxudu,
Bu, İsgəndər quşudu.
Nə yanğılı oxudu
Sığınıb boz daşlara,
Heyf o sevgilərdən,
Çevrildi yaddaşlara.

Ürəkdə od püskürən
İndi o vulkan hanı?
Günəş atəşiylə də
Daha isinmir canı.
Baxma gözlərimdəki
Köhnə, donuq yaşlara,
Heyf o sevgilərdən,
Çevrildi yaddaşlara.

Payız yağışlarında
Batan səsdi, yatan sirr.
Beynin qırışlarında
Yanıb-sönür arabir.
Mən nə deyim somsoyuq
O işıldaquşlara,
Heyf o sevgilərdən,
Çevrildi yaddaşlara.

Bir bax o pəncərədən,
Çıx eyvana, düş bəri,
Necə aldadır məni
Yaddaşımın gözləri.
Əl uzatdım əl tutum,
Əlim getdi boşlara;
Heyf o sevgilərdən,
Çevrildi yaddaşlara.

O boyda eşq sarayı,
Necə yanıb töküldü!
O boyda sərv ağacı -
Beli necə büküldü.
Durnaya bax, durnaya!
Uçur üzü qışlara,
Heyf o sevgilərdən,
Köç etdi yaddaşlara.

Dəryada ən dərində,
İtib qalan incidi.
Göylərdə lap uzaqda
Soyuq ulduz bürcüdü.
Baxma, dalınca baxma,
Ömürlərə, yaşlara,
Baxma, daha göyərməz,
Baxma, qara daşlara.
Heyf o sevgilərdən,
Çevrildi yaddaşlara!!!

Tənha bir gün

Görəsən, mən niyə tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm;
Əllərim isinsin budaqlarıyla,
Silim gözlərimi yarpaqlarıyla.
Bir az da mehriban, bir az da həlim,
Hamar gövdəsini oxşasın əlim.
Gah mən ağac olum, gah da o insan,
Ömür ağacımla qolboyun olsun,
Bu da ömrümüzdə bir oyun olsun.

Yaşayıb keçdiyim, keçib gördüyüm,
Sevda ağacında yuva hördüyüm,
Ömürlər içində ömür sürdüyüm
O günlər məni tək buraxdı, getdi,
Gülüm həşəm oldu, su axdı, getdi.

O tək qayalıqda bitən vələsim,
Kökü daş içində qırıldı sim-sim.
Qara kovğuşunda ocaq qalanan,
Qabığı üstündə zorla dayanan
Qoca palıdı da bir yel apardı,
Hə, mən də var idim, hə, o da vardı...
Üstümdən cökənin getdi kölgəsi,
Batdı ağacların meşə ölkəsi.

Ən dərin meşənin qucağında sirr,
Ən hündür ağacın budağında sirr,
O gözəgörünməz, yeri bilinməz,
Kol-kosa sığınıb gölə yenilməz,
İldırım qanadlı alabaxtalar
İndi yuva yeri harda axtarar?..
İtdi üstümüzdən meşə kölgəsi,
Getdi ağacların yaşıl ölkəsi.

Bəlkə onunçün də tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm.
Talanın bər-bəzək ağaclarıyla,
Yolların bu dirək ağaclarıyla
Heç cürə ünsiyyət tapa bilmirəm.
Ağaclarda yuva, mühitdə hava,
İnsanda məhəbbət tapa bilmirəm.

Bircə nəfs toxunan, nəfəs toxunan
Ağaclara gəlməz alabaxtalar.
Bəlkə də ruh olub uçdu o quşlar,
Gedib ilahidən başqa taxt alar.

Görəsən, tək durnam harda uyudu,
Kəkliyim yetdimi qaya daşına?..
Sulanan zəminin artıq suyudu,
Buraxdım ömrümü başdı-başına...


Dağınıq bir şeir

                            Bizi erlkən tərk etmiş əziz dostum Xalid üçün

Mənim süfrə daşım, mənim daş masam,
Gəlmişəm bir misra xatirə yazam.

Hədəf seçdiyimiz hədəfimizdən,
Bir görüm nə qalıb qədəhimizdən,
Bir görüm necədir daş meyxanəmiz,
Sağlıq dediyimiz sözdən nə qalıb?
Sən belə qalmısan, bizdən nə qalıb?

Gedən dostlarım var, xoş xatirədir,
Qalan dostlarım var, mənə qalmayıb;
Daha yola gəlib, yoldaşa gəlməz,
Süfrə açdığımız bu daşa gəlməz.

Bu Göyçay çayıdır, o Maydərəsi,
Günüm o günləri çətin görəsi.
Satıldı dərəmiz alqı-satqıda,
Getdi oyunlarım, oyuncaqlarım,
Alındı mərəmiz alqı-satqıda.

Bu Böyük, hə, o da balaca Sığnaq,
Hanı o məclislər, hanı o yığnaq?..
Eləcə alındı Sığnaqlarımız,
Beləcə dağıldı yığnaqlarımız.
Torpağım alındı, daşım alındı,
Başımın üstündən başım alındı.

Baxdım, süfrə daşım mamır bağlayıb,
Üstünə göz yaşım damır, ağlayır.

Nə tonqal qalanır, nə ocaq yanır,
Bizim xəlbirimiz burda ələnir,
Göydə xəlbirimiz burda fırlanır -
Daha söz deməyə tutarım gedib,
Dostları aparan qatarım gedib,
Bu daşı özümə yoldaş eləyib,
Bəlkə elə mən də qurtarım gedim?!

Qalsın süfrə daşım mamır bağlasın,
Üstünə yağışlar yağsın, ağlasın...