Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Musa YA­QUB


ELÇİN
CƏHƏNNƏM SAKİNLƏRİ


İNSANDA İNSANLIĞIN TƏ­RƏN­NÜ­MÜ


lqar FƏHMİ
SƏNDƏN NİGARA­NAM...


Məhəmməd ASTANBƏYLİ


Haynrix BÖLL (Almaniya)
MÜHARIBƏ QURTARANDA
Hekayə


Fəxrəddin ZİYA


XURAMAN
BIR TOPA AÇAR
Hekayə


İB­RA­HİM­XƏ­LİL


AZƏRBAYCAN TEATRININ EPİK QƏHRƏMANI
(Kentavr və Şərq)


Nəsir ƏHMƏDLİ
CON MİLTON VƏ ONUN "AREOPAGİTİKA" ƏSƏRİ


«YE­NƏ O BAĞ OLAY­DI...»


RAHID S. ULUSEL
AZƏRBAYCAN VƏ DÜNYA KLASSIKASI
İmadəddin Nəsimi və Nikolay Kuzanlı


ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


Sənətkarlıq məsələləri
 

ŞÖHRƏT BƏDƏLOV
"EY XƏTAI, AFƏRIN QILMAQ GƏRƏK IDRAKINƏ"
Xətai yaradıcılığının xəlqi xüsusiyyətləri haqqında qeydlər


 

Xətai yaradıcılığının böyük qismi qəzəllərdən ibarətdir. Onun qəzəl yaradıcılığı özündən əvvəl və sonra yaşamış şairlərin qəzəllərindən xalq dilinə yaxınlığı ilə fərqlənir. Xətai qəzəllərinin dili klassik ədəbi dillə xalq danışıq dilinin sintezindən yaranıb. Bu xüsusiyyət Azərbaycan klassik poeziyasında folklor intibahının xüsisi bir mərhələsi idi. Onun qəzəllərində baş verən vəzn dəyişiklikləri də milli heca vəzninə doğru başlanan inqilabi dinamikadan doğurdu. Ona görə Xətainin qəzəllərində bəzən vəzn ölçüləri pozulur. Bu əsl Azərbaycan sözlərinin daha çox istifadə olunduğu qəzəllərdə özünü daha qabarıq büruzə verir.

Neyləyim, neyləyim, yar yad olubdur,
Ahımdan, zarımdan fəryad olubdur.

Yarın məhəbbəti könlüm evində,
Yuca dağlar kimi bünyad olubdur.

Apardı könlümü, verməz muradım,
Əvvəl iqrar, şimdi inkar olubdur.

Xorasan elində xərac verənlər,
Bağdada varınca azad olubdur.

...Pirə xidmət eylə sultan Xətai,
Pirə xidmət edən ustad olubdur.

Qəzəl quruluşunda olsa da, bu şeir qoşmanı xatırladır. Təsəvvüf rəmzlərindən istifadə olunmasına baxmayaraq, nağıl ifadələrinin çoxluğu onu klassik qəzəl dilindən ayırır. Xətainin qəzəllərində, ümumən, ərəb-fars tərkiblərinə az təsadüf olunur. Xətaişünas alim M.Abbaslı yazırdı: "Şah Xətai yazılı ədəbiyyatla olduğundan daha artıq, şifahi ədəbiyyatla, ozan - aşıq şeirləri ilə bağlıdır. Belə ki onun əruz vəzni ilə yazdığı əsərlərinin əksəri də əruzla hecanın qatışacağı bir şəkildədir. O, əruzun " həcəz" tək oynaq bəhrlərində elə sadələşdirici, nümunəvi formalar seçmişdir ki, bunları cüzi əlamətlərlə yalnız mütəxəssislər qoşmalardan ayıra bilərlər."
Xətai təsəvvüf məzmunlu qəzəllərində folklor ənənələrindən sufi-qızılbaş ideyalarının təbliği məqsədilə istifadə edir və bu zaman xalq arasında məşhur olan dini hadisə və obrazlara üz tutur. Nəsimi istisna olmaqla, Xətaiyəqədərki qəzəl janrında təsəvvüf rəmzləri özünün sistemli ifadəsini, demək olar ki, tapmamışdı. İstər Molla Qasım, istər Mövlana Cəlaləddin Rumi, istərsə də Yunus İmrənin qoşma və gəraylılarında təsəvvüfün şiəlik nişanları Xətai qəzəllərindəki qədər ardıcıl və sistemli deyil. Sufizmin ən güclü inkişaf dövrləri şiəliklə bağlıdır. Xətai qəzəllərində şiəliyin təbliği ideoloji mahiyyət daşıyır və folklorlaşmış hədis nümunələrinin çoxluğu ilə xarakterizə olunur. Bu özünün ən parlaq ifadəsini şiəliyin ən böyük şəxsiyyət kimi qəbul etdiyi Həzrət Əlinin təbliği və mədhində tapır:

...Şəha, bu doğru yola varmaq üçün,
Sənin tək rəhnüma istər Xətai.

Yezidü kafirü Mərdanə hər dəm,
Qazilərdən qəza istər Xətai.

Məhəmmədü Əlinin hörmətiçün
Yəqin bilgil, xuda istər Xətai.

Sufilər Əlini ilk öncə bir imam kimi mədh etsələr də, sonralar onun adı batini rəmzlərin əsas göstəricisinə çevrilmişdi. Xalq təsəvvüf ədəbiyyatında Həzrət Əlinin bütün görüntülərindən ən ümdəsi onun elmi-fürqana (Quran elminə) müstəsna vaqifliyidir. Bunun əsasında İslam dini peyğəmbərinin Əli barədəki "Mən elmin şəhri, Əli isə onun qapısıdır" hədisi dururdu.
Xətai öz dövrünün Əlisi sayılır, təriqət başçısı kimi müqəddəsləşdirilir, onun sərkərdə kimi məğlubedilməzliyi də bu müqəddəsliklə əlaqələndirilirdi. Şair hökmdarın bu mənada öz nəsil xəttini Əliyə bağlaması tamamilə məntiqi və məqsədəuyğun idi:

...Səfi nəsli Cüneydi - Heydər oğlu,
Əliyyəl - Mürtəzaidir Xətai.

Həsən eşqinə meydanə gəlibdir,
Hüseyni Kərbəlaidir Xətai.

Yorulmaz dövlət və təriqət başçısı olan Xətai istər qılınc, istərsə də söz sahibi kimi Həzrət Əlinin " iti qılınc" rəmziyyətinə, əlbəttə ki, böyük önəm verməliydi. Göründüyü kimi, şeirlərinin digər formalarından daha çox qəzəllərində Xətai dini - mifoloji süjetlərdən istifadəyə üstünlük vermişdir. Lakin digər orta çağ təsəvvüf şairlərindən fərqli olaraq, Xətai qəzəllərindəki dini-mifoloji süjetlər Qurani-kərimin xalq arasında məşhur hədisləri ilə bağlıdır. Belə folklorlaşmış süjetlərə müraciət Şərq ədəbiyyatında bir ənənə olsa da, bu xüsusiyyət hər qələm sahibinin baş vura biləcəyi bir iş deyildi. Təsadüfi deyil ki, klassik Azərbaycan ədəbiyyatı tədqiqatçıları elmi dünyagörüş baxımından zəngin qələm sahiblərini xüsusi fərqləndirmişlər. M.Ə.Rəsulzadə "Azərbaycan şairi Nizami" tədqiqatında yazırdı:" Nizaminin fikrincə, özünü az qala qiblə sayan xudbin qətiyyən allah adamı və ya allahsevər ola bilməz. Xudbinlik və allahsevərlik, şairə görə, bir araya sığmayan şeylərdir. Allahsevərlik, onun fikrincə, özündən keçmək deməkdir. ...Allah yalnız onun yolunda özündən keçən abidləri seçər. Məşhur ifadə ilə desək, Nizami "fəna fillah"dır. O " əvvəllərin əvvəli və sonların sonu olub", "heç bir şey yox ikən var olan" yaradana etiqad edir."
Ümumiyyətlə, sufi xalq ədəbiyyatının rəmzləri ilə bağl ürfani məsələlərə müraciət edən qələm sahibləri "fəna fillah" sayılmalıdır - hürufi Nəsimi və sufi-qızılbaş Xətai kimi. Nizami yaradıcılığından gətirilmiş "heç bir şey yox ikən var olmaq" fikri üç yüz il sonra Xətai poeziyasında orijinal biçimdə, dini-folklor koloriti ilə, daha vüsətli şəkildə belə təzahür edir:

Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən iləri pərgar idim.

Gövhəri ab eylədim, tutdu cahani sərbəsər,
Yeri, gögi, ərşü kürsi yarədən səttar idim.

Gah Hüseynilə belə pustimi soydu qazilər
Gah o Mənsur donuna girdim "ənəlhəq"dar idim.

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu Beytullah içində ta əzəldən var idim.

Sufi xalq ədəbiyyatının dini-əxlaqi simvolikası və təsəvvüf folklorunun batini nişanlarından istifadə edən Xətai insanın başlanğıcı barədə dünyəvi elmlərin gəldiyi nəticələri ortaya qoyur. Məhz buna görə, Xətainin qəzəl yaradıcılığında dini-mifoloji süjetlər Qurani-kərim və xalq təsəvvüf ədəbiyyatı ilə bağlı təhlil edilə bilər. Folklorşünas M.Təhmasib bu məsələ ilə bağlı yazırdı: "Rəngarəng Azərbaycan dastanlarının müxtəlif növləri vardır ki, bunlardan biri də dini təbliğ dastanlarıdır... Bu dastanların süjeti də, kompozisiyası da, təfərrüatı, hətta ən kiçik naxışları, xalları da bu məqsədlə düşünülmüş, qurulmuş, işlənmişdir. Xüsusilə qoşmalar, ustadnamələr, deyişmələr, qıfılbəndlər, bağlama və açmalar ancaq və ancaq Allahın mədhi, Məhəmmədin vəsfi, Əlinin tərifi, Quran ayələrinin təfsiri, namaz, oruc və başqa vacibatın şərhi, xurafatın, ərəb-islam əsatirinin izahı və sair bu kimi məsələlərə həsr edilir ki, biz də bütün bunları nəzərə alaraq bu dastanları belə bir ad altında ( dini-təbliği - Ş.B.) birləşdirməyi daha düzgün hesab edirik."
Əslində, "dini-təbliği" ifadəsini İslam mifologiyası adlandırmaq daha düzgün olardı. "Şah İsmayıl Xətainin poeziyası" adlı monoqrafiyasında professor M.Qasımlı bu termini aşağıdakı şəkildə xarakterizə edərək yazır:"... bu qəbildən olan şeirlərdə (dini-təbliği - Ş. B.) Quran surə və ayələrindən gələn işarə və eyhamlar, islam mifologiyasına məxsus demonik məhfumlar, təsəvvüf simvolikasını ifadə edən rəmzi-məcazi obrazlar mühüm yer tutur".
Göründüyü kimi, Azərbaycan klassik ədəbiyyatında təkcə Xətainin deyil, ümumən klassik qəzəl ədəbiyyatının elmi folklorşünaslıq baxımından təhlili bu aspekt olmadan naqis olardı. Əlbəttə, sovetlər dönəminin elmi metodologiyasının qoyduğu məhdudiyyətlər uzun illər istər folklor, istərsə də klassik ədəbiyyatımızın tədqiqində dini nöqteyi-nəzərə imkan vermirdi. C.C.Frezer "Əhdi-ətiq"dəki folklor" adlı məşhur əsərində böyük epoxaların dini-mifoloji aspektdən elmi təhlilini verməklə, ümumdünya folklorşünaslıq elmi üçün geniş üfiqlər açıb. Belə elmi yanaşma müsəlman mədəniyyətinin filoloji araşdırmaları üçün də çox vacib təhlil mənbəyi olar, bu da çağdaş folklorşünaslıqda Xətai kimi klassiklərin yaradıcılığının araşdırılmasına daha geniş meydan verə bilərdi.
Xətainin qəzəl yaradıcılığında folklor qaynaqları birbaşa İslam mifologiyasının qnoseoloji mahiyyəti ilə bağlıdır. Onun bəzi qəzəllərində dini, tarixi, və bədiilik bir-birini tamamlayır. Xətai yaradıcılığında kifayət qədər bu tipli qəzəllər var. Az qala folklorlaşmış belə qəzəllərdən biri "Doğrusu" rədifli qəzəlidir.
Bu qəzəlin yaranma tarixi Xətainin Bağdad səfəri çağlarına təsadüf edir. Qəzəl Xətainin əmrinə əsasən 1508-ci ilin oktyabr ayında Kərbəla düzündə Hürr Dilavərin qəbri üzərində icra olunanları əks etdirir. Qəzəldə folklorlaşmış sufi-ürfani rəmzlər İslam qissələrindən götürülüb. Yetmiş iki şühədanın biri olan Hürr haqqında əfsanələrin güclü təsirindən bu qəzəl özü də sonralar bir rəvayətə çevrilib. Müsəlman dini ehkamlarına hörmət edən Şərq hökmdarı və böyük təriqət mürşidi kimi Xətai, heç şübhəsiz ki, Hürrün qəbrin açılmasına göstəriş verməzdi. Amma yerli əhali arasında dolaşan şayiələrə görə, guya bu qəbirdə cənazə olmadığı söylənilirmiş. Xətai məhz bu şübhələri aradan qaldırmaq üçün qəbrin açılmasına göstəriş verib. Rəvayətə görə, məzar açıldıqdan sonra dünən dəfn olunmuş kimi təzə görünən cənazə sufi Xətainin özünü də vəcdə gətirib:

Ey müsəlmanlar, əsiri-zülfi-yarəm, doğrusu,
Bu siyəhkarın əlində biqəraram, doğrusu.

Bir quru candan nolur qurban edəm cananimə,
Ol pəri rüxsaridən çox şərmsarəm, doğrusu.

... Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar ilahi, əfv qıl kim tövbəkarəm, doğrusu.

Qəzəldəki süjet barədə "Məad" kitabında oxuyuruq: "Mühəddis Cəzairi "Ənvari-nömaniyyə" kitabında Hürr İbni Yəzidin qəziyyəsini belə nəql edir: "Şah İsmayıl Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, Kərbəlada Yəzid qoşunundan üz döndərib İmam Hüseyn (ə) yoldaşlarına qoşulan Hürrə tənə edib, onun haqqında pis danışanlar var. Onun Allah tərəfindən bağışlanıb sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmayıl qəbrin açılmasını əmr edir. Qəbri açıb cənazənin təravətli qaldığına şahid olurlar. Sanki yenicə şəhid olmuş, başında Həzrət Hüseynin dəsmalı bağlanmışdı ( Tarixi Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmayıl bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb yaranı başqa dəsmalla bağlayırlar, amma qan dayanmadığından həmən dəsmalla bağlamağa məcbur olurlar. Hadisə Hürr haqqındakı pis fikirləri aradan götürür. Şah İsmayıl burada məqbərə tikdirib xidmətçi təyin edir".
Xətainin bu addımı həm də dərin hərbi-siyasi anlam kəsb edirdi. Belə ki, qızılbaşların şahı müxtəlif döyüşlərdə tövbə edib, onun tərəfinə keçənlərə tarixi nümunə göstərirdi. Qəzəldən də göründüyü kimi, dini etalon kimi tövbənin İslam əxlaqında müstəsna müqəddəs əhəmiyyəti var.
Sonralar folklorlaşmış Xətai qəzəlləri istər folklor, istərsə də klassik yazılı ədəbiyyatımıza dərin təsir göstərib. Xətainin qəzəl yaradıcılığındakı folklorizmlər elə biçim və bədiiləşdirmə səviyyəsindədir ki, bu təsir tamamilə təbiidir. Amma digər klassiklərimizdən fərqli olaraq, Xətai yaradıcılığı tədqiqat baxımından uzun illər diqqətdən kənarda qalıb. Buna görə şairin özünəməxsus sənətkarlıq keyfiyyətləri vaxtında öz qiymətini ala bilməyib. Bununla belə, hələ iyirminci əsrin əvvəllərində Xətai yaradıcılığına, səthi və "mövsümi" də olsa, müraciətlər olmuşdu: "Şah Xətai üstündə çox böyük gurultu, parıltılar qopdu və bir çox par-par parlayan fulad qələmlər ikiyə bölündüklərindən dolayı, məsələni cığırından çıxararaq mübahisədən mücadiləyə keçdilər. Nəticədə, Şah Xətai bir tərəfin təqdirinə məzhər olaraq, digər tərəfin də təkdirinə məruz qaldı. "Molla Nəsrəddin" məcmuəsi müdirinin karikaturasına məruz qalan Şah Xətai, eyni zamanda, Leninqrad əncümənidaniş əzasından müstəşriqi-şəhir professor Marrın tarixi məktubu ilə məmcid olundu. Xülasə, müşadimeyi-əfkardan bu bariqeyi-həqiqət parladı və hər kəs Azərbaycan tarix ədəbiyyatında Şah Xətainin ali-əba bir mövqeyi olduğuna gerçəkdən qənaət hasil etdi."
Salman Mümtazın hələ C.Məmmədquluzadənin sağlığında dərc olunmuş bu məqaləsindən aydın görünür ki, akademik Marrın münasibəti olmasaymış, müəllifin təbirincə, nəinki "fulad qələmli" tədqiqatçılar və eləcə də bir mühərrir kimi Mirzə Cəlil də özünün "Molla Nəsrədin" jurnalı vasitəsi ilə oxucularda Xətai barəsində yanılış rəy yarada bilərmiş. 1924-cü ildə "Maarif və mədəniyyət" jurnalında dərc olunmuş həmin məqalənin tarixi-filoloji əhəmiyyəti bir də ondadır ki, S.Mümtaz Xətai irsinin toplayıcılarından olmuş, el ədəbiyyatı nümunələrini qələmə almaqla bərabər, Xətainin "Nəsihətnamə"sini də yazıya almış Dərgahqulu Kirmani barəsində də məlumat vermişdi: "Dərgahqulu Şah Xətaiyə xitabən bir rübai söyləyərək özünün Hüseyni məzhəb, yəni Sadat Hüseynidən və Şah Səfiəddin Ərdəbilinin dərgahı qullarından olduğunu bildirir və bu münasibətlə adının Dərgahqulu qoyulduğunu bədahətən söyləyir:

Mən Hüseyni məzhəbəm, şahın qulu,
Yəni kim mən də allahın qulu.
Ey Xətai, padişahımız kişi,
Olmayınca uş bədrgahın qulu.

Bu fikirlərdən, eləcə də Dərgahqulu Kirmaninin rübaisindən aydın görünür ki, təkcə yaxın dövrlərin tədqiqatçıları deyil, eyni zamanda, Xətai çağlarına yaxın yaşamış təzkirəçilər də şairin xalq dilinə, xalq ədəbiyyatına, səfəviyyənin folklorlaşmış sufi-qızılbaş ənənələrinə və rəmzlərinə sadiqliyini açıq-aydın görmüş və buna öz münasibətlərini bildirmişlər.


Klassik üslubun tələblərindən daha çox xalq ədəbiyyatının üslubuna yaxın olan Xətai qəzəlləri Səfəvi hakimiyyətinin nüfuz dairəsində olan bütün ərazilərdə özünün novator qəzəlçilik ruhu ilə seçilirdi. Təkcə sufi dərvişlərin təbliğ xarakterli ədəbi materialları yox, dil və üslub imkanlarına görə də Xətai qəzəlləri bir örnək sayılırdı. Bu funksiyanı stimullaşdıran əsas amil folklorlaşmış dini-mifoloji mündəricənin klassik qəzəl üslubu ilə birləşməsi idi. Püxtələşmiş qəzəl şairi Füzulinin digər şairlərə deyil, əsasən Xətaiyə meyl etməsinin səbəbi də məhz yeni dil imkanları və xalq ədəbiyyatı prinsiplərini özündə əks etdirən Şah Xətai qəzəlləri idi. Yəqin buna görə Füzulinin bir çox qəzəlləri Xətai qəzəlləri ilə səsləşir:

Gözüm yaşın tökərmən ayağinə,
Bəli, sərv ayağində su gərəkdir.

Xətai

Mərdümi-çeşmim əyağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin əyağinə müdam.

Füzuli

İçi doludur əz abi-heyvan,
Aləmdə nisanı binişandır.

Xətai

Faş oldu ki, sirri-həq nihandır,
Aləmdə nişanı binişandır.

Füzuli

Bir şair kimi xəlqiliyə, xalq ədəbiyyatından gələn süjet və deyim tərzinə ömrü boyu həssas olan Füzuli ustad kimi qəbul etdiyi Xətainin folklor koloriti ilə cilalanmış qəzəllərinə biganə ola bilməzdi. Təsadüfi deyil ki, Xətainin yenilikçi şair kimi klassik ədəbiyyatımızın inkişafına təsir etdiyi dəfələrlə qeyd edilmiş, tədqiqatçılar tərəfindən ayrıca təhlilə cəlb olunmuşdur. Bu mənada professor M.Qasımlı yazır: "...Şairin xalq üslubunda qələmə aldığı şeirlərinin əksəriyyətində folklor mayasının aparıcılığı diqqət mərkəzində dayanır. Folklor ovqatı Xətai şeirini klassik üslub boyunca da izləyir. Onun qəzəllərindəki poetik sistem bir xeyli dərəcədə folklorlaşmış klassik üslubdur."
Göründüyü kimi, folklorlaşmış klassik üslubun yaradıcısı olmaq Xətainin ardıcıl və ciddi bədii orijinallığından xəbər verir. Lakin bütün hallarda Xətai tədqiqatçıları şairin yaradıcılığına belə obyektiv yanaşmamış, əksinə, primitiv müqayisə ilə bir sıra tədqiqi məsələlərə mürəkkəblik gətirmişlər. Bu mənada "Şah İsmayıl Xətai" məqalələr toplusunda "Xətai şeirinin vəzni" adlı məqaləsində tədqiqatçı alim Sabir Əliyev belə bir müqayisə aparır: "Füzuli sələflərindən öyrənməklə bərabər, onların əyər-əskiyini düzəltmək vəzifəsini də yerinə yetirmişdir. Məsələn, Xətainin belə bir beyti var:

Onunçun eyləməz ahı bu canım rəhgüzarında
Həramilər çaparlar karvanı çün tütün görgəc.

Zahirən beytdə hər şey yerindədir, lakin burada iki ciddi qüsur vardır: 1) karvan nədir? Axı bir candan, bir dəvədən karvan olmaz. Bir atdan ilxı olmadığı kimi. Deməli, birinci cümlədəki mübtəda həcmcə ikinci cümlədəki mübtəda ilə həmtəraz deyil; 2) ah, haramıları duyuq salan tüstüyə bənzədiləndə şair qeyri-adi ustalıq göstərir, lakin çapılmaqdan qorxanda onda həqiqi aşiqlikdən əsər qalmır. Bax, məhz bu cür uyğunsuzluqlar, uzlaşmazlıqlar, yarımçıqlıq və namütənasibliklər Füzulini razı salmır, təkrar işləməyə, təmirə təhrik edirdi".
Tədqiqatçı Xətai yaradıcılığının vəzn spesifikasını müxtəlif tərəflərdən təhlil edib, onu "şairləri xəlqi yazmağa həvəsləndirən şair" adlandırır və Xətainin xalq ədəbiyyatına - ümumilikdə folklora bağlılığını məqalədə ön plana çəkir. Lakin Xətai kimi dühanı az qala bir qəzəldə bir neçə dəfə redaktəyə ehtiyacı olan həvəskar qələm sahibi səviyyəsində xarakterizə etməkdən də qalmır. Əvvəla, Xətai qəzəlindən gətirdiyi beytə tədqiqatçının verdiyi təhlilə diqqət edək. Müəllif beytin mübtədaları barədə fikir yürüdərkən nədənsə şeir dilinin özəl poetik sintaksisini unudur. Eləcə də "tütünüm təpəmdən çıxdı" kimi xalq deyim tərzini yaddan çıxarır. Halbuki çağdaş bədii folklor semantikamızda bu ifadənin bariz nümunələri hələ də yaşamaqdadır:

Gəmi gəlir, gəmiçi verir fitini,
Asimana çatır onun tütünü.

O ki qaldı "çapılmaq qorxusu"na, burada da məsələ S.Əliyevin münasibətindən fərqlidir. Bu "qorxu", əslində, lirik mənin özündən çox məşuqunu təhlükəyə salmamaq istəyindən irəli gəlir. Aşiq öz məşuqunun xatirinə ah etmir ki, tüstüyə bənzəyəcək ahın iziylə onları taparlar. Buna görə, S.Əliyevin burdakı "qorxu" anlayəşəna verdiyi təhlil qəzəlin ümumi ruhu və məzmununa uyğun deyil. Digər tərəfdən, Füzulinin özündə də eyni bədii məntiqin anoloji variantı var:

Canı kim cananı üçün sevsə cananın sevər,
Canı üçün kimi ki, cananın sevər, canın sevər.

Deməli, Füzuli Xətaini redaktə edib yox, Xətai ədəbi məktəbinin ənənələrindən biri olan folklorlaşmış təriqət rümuzatları, folklordan gələn deyim tərzinə sadiq qalıb demək bu məqamda daha doğru olardı.
Füzuli tədqiqaçılarının bir qismi Xətai yaradıcılığının folklorla bağlılığını dönə-dönə qeyd etsələr də, Füzuli xəlqiliyini ön plana çəkmək xatirinə Xətaini ziddiyyətli bir şair kimi qələmə verirlər və bunun səbəbi aydın deyil. Görkəmli füzulişünas alim M.Quluzadə yazır: "Xətai Nəsimi şeirindəki mistik motivləri, hürufilik meyllərini müəyyən dərəcədə davam etdirir, digər tərəfdən, özünəməxsus qızılbaş görüşlərini, şiə müqəddəsatını, imamları, "şahi-mərdan"ı, "şiri-yəzdan"ı əfsanəvi bir qəhrəman kimi tərənnüm edir. Bu dini-mistik motivlər ədəbiyyata mürtəce təsir göstərmişdir... Lakin bu ziddiyyətli sənətkarın (dini folklorizm ümumdünya ədəbiyyatşünaslığında qanuni bir mərhələ olmaqla, artıq yüz ildən çoxdur ki, qəbul edilir - Ş.B.) lirikasında onu gələcəyə, Füzuliyə bağlayan dünyəvi ruh, həyat və insan məhəbbəti üstündür."
Əvvəla, folklorlaşmış ürfan süjetləri, ümumilikdə Islam mifologiyası bütün sufi şairləri kimi Xətainin də yaradıcılığında ilkin və aparıcı qaynaqlardandır. Müəllifin "dini-mistik" motivlər adlandırdığı cəhətlər Xətainin əsasən qəzəl yaradıcılığında tez-tez təsadüf edilən Quranın ayə və surələrindən götürülərək sadə xalq anlayışları səviyyəsində təqdim olunub. Rus, türk, Avropa tədqiqatçıları şairin qəzəllərində təsəvvüf xalq ədəbiyyatının bədii görüntülərinin bu şəkildə inikasını sufi ədəbiyyatında orijinal bir xüsusiyyət, təkrarolunmaz cəhət kimi məxsusi qeyd etmişlər. Xətai xalq şeiri səpgisində yazdığı şeirlərindən fərqli olaraq qəzəllərində təsəvvüf poeziyasının daha dərin qatlarına enə bilmişdir. O, qəzəl ölçüsündə ürfan fəlsəfəsinin folklorlaşmış dini mündəricəli manifestini yaradıb:

Nəfəsi əhli-dilin gövhəri-candır bilənə,
Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə.

Mətifət gövhərinin kaninə mədən ola gör,
Üştə bu gənci-hünər, elmi-nihandır bilənə.

Şərbəti-həqdən içən eşq ara azad olur,
Eylə sərməst olanın küfri imandır bilənə.

Istədi abi-həyat çeşməsi kim, irdi Xızır,
Ol verir doğru xəbər, cümlə əyandır bilənə.

Ələ girməz, xanı ol əsrüki-divanə aşiq,
Leyk məşuqənin ol dərdi amandır bilənə.

Qövli yalançı ilə olma müsahib, çək əlin,
Həmdəm olmaq div ilə külli ziyandır bilənə.

Ey Xətai, tanı sən həqqi özündən sakın ol,
Dəxi söz söyləmə var, bu söz əyandır bilənə.

Qəzəldəki "qüdrəti-həq", "mərifət gövhəri", "şərbəti-həq", "əsrüki-divanə aşiq", "div" kimi ifadələrlə şair sanki sufizmin təsəvvüf rəmzləri ilə işarələnmiş böyük bir dini-mifoloji folklor xəritəsi yaradıb.
İstər özündən əvvəlki Nəsimi qəzəlləri, istərsə də özündən sonra Füzuli qəzəllərində xalq ədəbiyyatının ürfani kodeksləri Xətai qəzəliyyatındakı tarixilik və təriqi dürüstlüyə malik deyil. Belə ki "Böyük ideallar şairi" adlı əsərində görkəmli alim M.Quluzadə yazır: "...Nəsimidə sufizm meylləri olduğunu qeyd etmək heç də kafi deyildir. Bu meyllərin məzmun və mahiyyətini də aydınlaşdırmaq lazımdır... Sufizmdə Nəsimini cəlb edən cəhət onun İslam dini ehkamlarına tənqidi münasibəti, allahın insanda təcəssümü və insanın daxili təkamül nəticəsində allah dərəcəsinə yüksələrək "ənəlhəq"deməsi idi."
Lakin Xətaidə sufizm bir sənət kredosu, bir dini-bədii sistem kimi təzahür edir:

Həqi könüldə sir saxla, özündən bixəbər sufi,
Bu dəryadan dərin sirri nə bilsin dəngəsər sufi.

Tanımamış o nəfsini, necə bilsin ki, rəbbini,
Qalıbdır ladə, illadə görün nə zikr edir sufi.

Sevibdir sin ilə zəri, qoyubdur vəsli-didari,
Əgər doğrusini dersən olur xəşm ilə nər sufi.

Özüni bilən ər sufi, həm oldur sufi ya safi,
Desən rəva durur anə, gəl ey sahibnəzər sufi.

Xətai, mürşidi pirlər ərini tutub ar etmə,
Əgər arif isən anla, kərəm qıl olma xər sufi.

Qəzəldə "ladən", "illadən" keçib "özüni bilən ər sufi" mərhələsinə qədər yüksələn sufi, dastan qəhrəmanını xatırladır. Bu isə Şah Xətai ilə şair Xətaini qovuşdurur, birləşdirir və bir edir. Bu qəzəlin bədii məntiqində mürşidi-kamil deyilən sufi Xətai dayanır. Bu cəhətlərinə görə, Xətai ürfani xalq folklorunun təkümülündə sələf və xələflərindən daha ardıcıl, daha monolit görünür.
Bu mənada M.Qasımlı şairin qəzəllərindəki ürfani-mifoloji koloritə belə aydınlıq gətirir: "Vəhdəti-vücud fəlsəfəsindən gələn haqqa qovuşma uğrundakı mənəvi-ruhani mübarizə Xətainin sufiyanə qəzəllərində öz qabarıq əksini tapır. Şair təsəvvüf aşiqinin haqqa qovuşmaq üçün dörd mərhələdən keçməsini vacib sayır. Bu mənada şair Xətai həm də dərviş Xətaidir".
Şair xalq ədəbiyyatına bağlılığın fərqində olduğunu qəzəllərində qeyd etmiuş, bununla fəxarət duyduğunu belə dolayısı ilə qeyd etmişdir:

Bu Xətai şerinə eyb etmə, ey nakəs həsud,
Cümlə üşşaq əhlinə həmdəm onun divanıdır!

Yaxud

Nəzmi-əşarın Xətai, hər biri dürdanədəndir,
Söyləgil ta şahların guşində olsun guşivar.

Mən eyləmə Xətai kəlamini, ey rəqib,
Yaz dəftərinə sözləri nəzmü nizamdır.

Eləcə də

Xətai, nəzmi-əşarinə yüz min afərin gəlsin,
Ki, aqillər xəyalindən deyil, divanələrdəndir!

Ey Xətai, afərin qılmaq gərək idrakına,
Böylə tər sözləri məgər kim, Sədiyi-Şiraz edər?

Beytlərdəki müəllif fəxarətinin mənası aydındır. Özünə qədər təxminən altı əsr yol gəlmiş qəzəl sistemində dəyişiklik və yenilik cəhdləri böyük yaradıcılıq cəsarəti tələb edirdi. Şah Xətai bu cəsarəti xalq ədəbiyyatının bulağından su içmiş istedadında və təsəvvüf xalq ədəbiyyatının bədii folklor məntiqində tapa bildi. Bu xüsusiyyət bir tendensiya olaraq orta çağ anadilli şeirimizdə Nəsiminin də yaradıcılığında özünü büruzə vermiş, fars şeirinin adət-ənənələrinə Xətai kimi Nəsimi də tənədarlıq etmişdir. Xətai "Sədiyi-Şiraz" ifadəsi ilə əslində fars qəzəliyyatının anadilli şeirimizin müqabilində gücsüzlüyünü nəzərdə tuturdu. Nəsiminin aşağıdakı beytindən də göründüyü kimi, anadilli şeir təəssübkeşliyi Nəsimi və Xətaidə birbaşa səsləşir:

Nə kişidürür Şirazi ki, bəyan edə bu razı,
Düzübən bu sözü sazı mən uş zəbanə gəldim.