Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

VAQIF BƏHMƏNLI
DIAQNOZ

Roman


SEYRAN SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


CAMAL YUSIFZADƏ


QILMAN İLKİN
Xalqinin müztərib oğlu


Sabir SARVAN


Etibar BABAYEV
YALANA HEYKƏL
(“Tarix - ibrət alanlar üçün dərsdir” silsiləsindən)­


SƏRVAZ HÜSEYNOĞLU


Nizami MURADOĞLU


İrina NİKİTİNA
POSTMODERNİST SƏNƏT


POEZİYA
 

SƏRVAZ HÜSEYNOĞLU


 
Adam

Gülü-çiçəyi tapdayıb,
Namaza tələsən adam...
Düşünüb cavab tapmadım -
Sən niyə beləsən, adam?

Getmək həvəsi bol ola,
Nə sağ ola, nə sol ola,
Tanrı göndərən yol ola,
Düşəsən, gələsən, adam.

Qıvrılıb qında yatırmı,
Doğulmağa can atırmı,
Rəbbim, gümanın çatırmı
Mən səndən diləsəm adam?!

Yollar çox, azmaq asandı,
Altını qazmaq asandı,
Bu şeiri yazmaq asandı,
Kimə göndərəsən, adam?

* * *

                             Musa Ələkbərliyə

Qəfil gəlişlərə, vaxtsız zənglərə
Qapımı təlaşla açıram, Musa...
Hər gün ürəyimdə ana istəyi,
Balamın yanına qaçıram, Musa...

Hal-əhval tutursan:
- Necədi anan?
Hər gün qadasını al-ala bilsən.
Quru nəfəsini, quru cismini
Arxanda alınmaz bir qala bil sən!

Təşəkkür edirəm diqqətin üçün,
Sənin də üstündə Tanrı yar olsun.
Məni bala fikri aparan yerdə
Anamı soruşan dilin var olsun.

Qaraca Çobana məktub

Hər gün tövbə edib yenidən pozan,
Nə ki pisliklər var - yaxşıya yozan,
Bir küskün aşiqəm, bir dəli ozan,
Bu bəxtlə, bu yurdla, bu Vətənlə mən.

Ələyi ələnib ələkdə gedən,
Ahı bülənd olub fələkdə gedən,
Ağzının ləzzəti bələkdə gedən
Cocuğam, neyləyim bu sitəmlə mən?

Yurdun ağrıları sinəmdə qat-qat,
Məni dustaq edib bari-ehtiyat,
Daşam, sapandının gözünə qoy at -
Səni xatırlatsın bu həmlə mənə.

Qorxu

Nədən qorxuramsa - yol yoldaşımdı,
Nədən çəkinirəm - məndə yaşayır.
Məsələn, nəfəsim, məsələn, canım...
Hərəsi bir məzhəb, dində yaşayır.

Birinə doğmayam, mininə yadam,
Bir doğma imzayam, bir qərib adam.
Tanrı elə çaşıb, bilmir ki adam
Kimdə unudulub, kimdə yaşayır...

ÖLÜM QORXUSU

Xəstəxanada
Çarpayının baş tərəfinə,
Küncə, küncə, lap küncə
Basılan çəkmələr, oy...

Altında "sözsüz" yazılan
Şəkillər kimisən indi.
Ölüm qoxusu gəlir -
Sükutun nə dərindi?!

Düşüncə

El köçəli ürəyimi
İllərin qəhəri oyub...
Kim dönəcək, təzə yurdda
Salınan şəhəri qoyub?

Zaman ötür, yenə, yenə
Davam edir bu ənənə,
Vəd verər daş göyərənə -
Kim "səhər-səhər"i qoyub?

Görmədim sərvətdən doyan,
Oyan, atam oğlu, oyan,
Kimdi sənə xətir qoyan -
Gül kimi yəhəri qoyub?

Son qənaət

Qoç Koroğlu, bu hay-həşir
Başqa nərə, başqa qıydı.
Özünə düşən rəhmətdən
Qılıncına nahaq qıydın.

De, qalıbmı bircə oğul
Qıratı kələ verməmiş?
Dünyadan köçərdilərmi
Qılıncı ələ verməmiş?

Suyumuz uzaq düşübmü -
Gəl-gələ qanımız çəkmir.
Ürəyimiz çəkənləri
Yəhərdə yanımız çəkmir.

Qoç Koroğlu, sözüm anla,
Sonuncu qənaət budu:
Yumayınca qanı qanla
Həmin qandı, həmin sudu.

Əsgər qardaşıma

Sən sərhəd başında oyaq qalmısan,
Gör hansı duyğular yatır içində.
Dolanıb yurdumun sərhəddi, səddi
Təbrizə, Göyçəyə çatır içində.

Gör kim süfrəmizdə yeyib, yallanıb,
Qəlbimdə həsrətin odu qalanıb.
Ölkəm yağmalanıb, yurdum talanıb,
Bir belə qəhrəman batır içində.

Niyə parçalandı bu el, danış, din,
Bir olan dərdimin sərhədləri min.
Kəsilən, doğranan sərhədlərimin
Nəbzi qımıldanıb atır içimdə.

Oğluma

Mələklər var çiynimizdə, hesabı yazır,
Yaxşılığın biri itsə, biri qalacaq.
Sənin atan İlahinin əmrinə hazır,
Qəm eləmə, ümidləri diri qalacaq.

Üz gəlmir ki, üz üstünə qoyaq üzləri,
Zaman sürtüb, süzgəc edib boyaq üzləri,
Ürəyiylə yol gedənin ayaq izləri,
Ürəksizin ayağının kiri qalacaq.

Sən qorxma ki, şəkk gətirir bəşər tarixə,
Neyləsələr yapışmayır bu şər tarixə,
Hökmdarın hökmlüsü düşər tarixə,
Şairlərin, mənim balam, piri qalacaq.

Necə yaşayım

Gündüzüm gündüz olmadı,
Göz yumub, gecə yaşayım.
Sən deyəni, mən deyəni
Almayıb vecə yaşayım.

Kök darıxar nəmdən ötrü,
Dağ darıxar çəndən ötrü,
Ölməmisən məndən ötrü,
Səninlə necə yaşayım?