Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

VAQIF BƏHMƏNLI
DIAQNOZ

Roman


SEYRAN SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


CAMAL YUSIFZADƏ


QILMAN İLKİN
Xalqinin müztərib oğlu


Sabir SARVAN


Etibar BABAYEV
YALANA HEYKƏL
(“Tarix - ibrət alanlar üçün dərsdir” silsiləsindən)­


SƏRVAZ HÜSEYNOĞLU


Nizami MURADOĞLU


İrina NİKİTİNA
POSTMODERNİST SƏNƏT


TARİXİN QARANLIQ SƏHİFƏLƏRİ
 

Etibar BABAYEV
YALANA HEYKƏL
(“Tarix - ibrət alanlar üçün dərsdir” silsiləsindən)­


 

Bir vaxtlar Bakının ən yüksək nöqtəsində ölkənin ən böyük abi­dəsi ucalardı. Onu hər yerdən görmək mümkün idi. Dünyanın yeddi mö­cü­zə­sindən sayılan əfsanəvi İsgəndəriyyə mayakı kimi, o da Xəzər sahilinə yan alan irili-xırdalı gəmilərin diqqətini cəlb edər­di. Əsli­nə baxsan, bu heykəl də məcazi mənada mayak idi - siyasi ma­yak. Uzun illər Azər­baycanın ic­ti­mai-siyasi həyatında hökm sürən ab-havanın ger­çək ba­rometri də demək olardı ona. Kiro­vun əli Domokl qılıncı kimi şəhərin başı üzə­rin­də yel­lə­nirdi. Bir növ siyasi nəzarət rəmzi olan uydurma sovet bütü elə bil gələ­cə­yə aparan yolu­ göstərir, istiqamə­timizi müəyyən­ləş­di­rirdi. Hey­kəlin təməlatma, eləcə də açılış mərasimləri ki­no len­tinə çəkilib. Həmin tədbirlərdə iyirmi il Azərbaycana rəhbərlik edən Mircəfər Ba­ğı­rovun çıxışından müəy­yən görüntülər dövlət arxi­vində saxlanılır. Abidənin ha­­zırlıq prosesinin xro­nikal kadrlarından mə­lum olur ki, şəhərin mər­­­kə­­­­zində yerləşən möhtəşəm ibadət evi mühüm dövlət sifarişini yerinə yetirən heykəltəraş P.Sabsayın ixti­yarına verilmişdi. Beləliklə, ateist Kirov ikinci dəfə Kirxada “doğu­lub” Bakıya qalacaqdı. Çənbərə­kənd qəbiris­ta­nlı­ğının yerində salınan mə­d­ə­niyyət və istirahət parkına da “unu­dul­maz” insanın adını ver­dilər. Abidəni dənizə ba­xan geniş sey­rən­gahda qu­raş­­dırdılar. Azərbaycan xalqı Ser­gey Miro­noviçə öz dərin “mə­həb­bətini”, sonsuz “minnət­darlığını” ifa­də etmək üçün bu­nun­la ki­fa­yətlənmədi. Yeliza­vet­pollu olmaqdan yenicə qurtulan Gəncə­ əhlini indi də ki­ro­vabadlı elədilər. Bakı Dövlət Uni­­versitetinin quru­cuları barədə xa­­ti­rə­lər ha­fi­zələrdən silinən vaxtlarda ilk ali təd­ris ocağımıza və daha bir ali məktəbə Ki­ro­vun adı verildi. Rayon­lar, müa­licə və isti­rahət ocaqları, pros­pekt­lər, kü­çə­lər, kolxozlar, sov­xozlar, teatrlar, mədəniyyət evləri, neft mə­də­n­ləri, muzeylər, park­lar, zavodlar, fabriklər, elmi-təd­qi­qat ins­titutları, si­yasi maarif ev­ləri, kitab­xa­nalar, idman sa­rayları, sta­dionlar onun adı­nı daşıdı. Hətta, Pa­razi­to­lo­giya elmi-tədqiqat inst­itutu da Kirovun adıyla “şərəfləndi”. Para­zito­lo­giya və Kirov... Mə­ca­zi mənası necə də uyğun gəlir bu təyinatın (indi həmin binada Rusiyanın Azər­bay­candakı sə­firliyi yerləşir - E.B.). SSRİ üz­­­rə Sergey Miro­no­viçin xatirəsini əbə­di­ləş­dirən obyektlərin hamısı saya alınsa, qalın cildə ancaq sı­ğar­dı. Bu cür dərin hörmət sahibi, bir qədər dərinə getsək, axı kim idi? Ailə­sinə vəfasız çıxan Miron adlı əyyaşın sovet döv­ründə fi­ron­­­la­şan oğlu hansı xidmət­lərinə görə milyonların əziz-xələ­fi­nə çev­ril­mişdi? Onun təsviri ilə poçt markaları buraxılır, ek­ran­da, səh­­nə­də müxtəlif dillərdə danışan bədii obrazı canla­nır­dı. Bir qə­lib­dən çıxan özbək, qazax, azərbaycanlı, ukraynalı, ta­cik, gürcü bən­zərli heykəl kirovların hamısı eyni məfkurəyə xidmət edir, sovet­lərin güclü təbliğat maşınında eyni vəzifəni daşıyırdı. Görən, qəf­lət yu­xu­sun­dan ayılmaq nədən bu qədər çə­tin olur? Zaman ölçüsünə gö­rə bu yuxu neçə meşə ayısının qış mür­­gü­sünə tən gələr? Qəflət yuxusuna dalmaqmı xoş, erkən oyan­ma­q­mı şirin? Ayılmaq üçün münasib zəngli saatı hardan tapa­san?.. Sovetləş­mədən son­ra mil­lə­tin ya­­tan­ oğullarına dəy­­­məyib, ayıqları, ay­dın­ları ge­cələr evlərin­dən apardılar. Sür­gü­nə göndər­dilər, zindanlara sa­ldılar. Bəhanə tapıb tez-tələsik qur­­­­şun­­­­ladılar ki, başqalarına dərs olsun. Lay-laysız ya­tan­ları­mız oyanmasın, əksinə, daha möhkəm uyusun. Qış yuxu­sun­dan yayda da qalxmasın. Dörd fəslin hamısı onun təsəvvüründə uzun qış olsun. Amma mürgü­ləyən insan­lardan, süst düşən cə­miy­yətlə­r­dən, toplumlardan fərqli olaraq, Za­man hər zaman oyaq­­­dır. Ətalət, əsarət, mütilik zəncirini qırma­ğa tarixi imkan ya­ranan günlərin bi­rin­­də, ana torpağı­mız Kirov heykəlinin mə­nə­vi tapdağından qurtul­du. Hamı gördü ki, başı bədə­nindən ayrı­lan, qolları kəsilən Mironıçın şəhərdə izi-tozu da qalma­dı. Ki­ro­­va­bad­lıların poçt ünvanı yenə dəyişdi. Şə­hərin tarixi adı özü­nə qay­ta­rıldı. Çox şükür ki, Nizami­nin məq­bə­rə­si Yeliza­vet­pol­da, Kirovabadda de­yil, Gəncə­də­dir! Ba­kının mərkə­zindəki Kirovun ev-muzeyi də ləğv edilib. İndi heç Balaxanı çöp­lü­yü­nə də zatıqırıq Miron oğlu­nun adını ve­r­məz­lər. Bundan sonra Kirov kimin yadına düşəcək?
Mən bə­zən dəbdə, gündəm­də olan mövzu­lar­dan, qəhrəmanlardan ­vaz keçib, yaxın keçmişimizdə baş verən ha­di­sələri, bir zamanlar vətən­daşı ol­du­­ğumuz ölkənin fövqəlgüc sa­­hiblərinin aqibətini qələmə alıram ki, tarixdən ibrət dərsi almağı öyrə­nən­lər çoxalsın.

O, NECƏ KİROV OLDU

Sergey Kostrikov 1886-cı il mart ayının 27-də do­ğu­­lub. Ailədə yeddi uşaqdan dördü erkən vəfat edib. Sergey övladlar sırasında altıncı və sağ qalan yeganə oğul idi. 1894-cü ildə içki düşkünü Miron Kostrikov üç körpə övladını xəstə arva­dı Yekaterina­nın ümi­dinə buraxaraq həmişəlik ev­dən getdi. Az sonra yalqız və köməksiz ana dünyasını dəyişdi. Başsız qalan ba­laca qızlara nə­nələri sahib çıxdı. Sergeyi də uşaq evi­nə əmanət etdilər. Ye­tim­çilik ada­mı müs­təqil həyata tez alışdırır. Az-çox təhsil görən yeni­yet­mə işə düzəlmək arzusuyla Tomsk şəhərinə gəlir. Özünə münasib iş tap­mayan bir çox işsizlər kimi o da siyasətə meyil göstərir. Ru­si­­ya sosial-de­mok­rat fəhlə par­ti­ya­sının üzvü Sergey, 1905-ci ildə nüma­yiş­lərdə işti­rakına görə qı­sa müddətə həbs olunur. Eyni səbəbdən ikinci dəfə göz altına alı­nan­da məhkumluğu il ya­rım sü­rdü. Azad­lığa buraxılandan son­ra bir müd­dət İrkutskda, Vla­di­qa­f­qaz­da başını girlədi. Nəhayət, xe­yirxah adamların köməkliyi ilə “Terek” qəze­tinə işə düzəldi. İlk yazılarını “Sergey Mironov” imza­sıyla oxuculara təq­dim edirdi. Gələcək həyat yoldaşı Mariya Mar­kus­la da həmin dövrdə şəfalı Qaf­qazın səfalı ətə­yində tanış oldu. “Kirov” im­zası isə 1912-ci ildən sonra qəzetlərdə gö­­rün­məyə başladı. Elə o vaxtdan gənc jur­nalist soyadı ilə biryol­luq vi­da­laşdı. Bəs, yeni ad onun hardan ağ­lına gəlmişdi, mə­na yükü nə idi?
De­yilənə görə, günlərin birində re­daksiyada stolüstü təqvimin vərəqində onun gözü “kir” sözünə sataşıb. Latın dilində kir - sahib, hökm­­­­­­dar de­mək­­dir. Am­ma, təqvimdəki qeyd İran hökmdarı Key­ka­vus haq­qında yığcam məlu­mat da ola bi­lərdi. Axı, ruslar onu Kir deyə tanıyırlar. Tarixi şəx­siyyət ba­rədə məlumat xarakterli yazının jur­na­listin diq­­­qətini çəkməsi təbiidir. Bu­rada bir məqam da var: məhrumiyyət içində böyüyən bəzi adamların ürə­yində nə vaxtsa hökm­dar olmaq ar­zusu qaynayır. “Niyyətin hara, mənzilin ora”, deyib­lər. O da bir gün Kir kimi qüdrətli olmağı niyyət etməkdə azad idi. Kir adına “ov” şəkilçisi ca­lamaqla xəyallarının gerçəkləşəcəyinə inamı bir az da gücləndi. Elçiyə zaval olmadığı kimi, arzu­lar da bağlı qapı tanı­maz. Dün­yanı lərzəyə sal­mağa ha­zırlaşan inqi­lab­çılara qoşulan Ser­geyin könlünə şahlıq sev­dası elə o vaxtdan düşmüşdü. Amma bütün bunlar mə­nim şəxsi qənaətimdir, həqi­qət olmaya da bilər. Həqi­qətsə odur ki, əyalət qə­ze­tində dərc olu­nan bir sıra uğurlu mə­­qalənin müəllifi Oktyabr inqilabına kimi par­tiyada xü­susi xidmət­ləri ilə heç vaxt fərqlənməyən sıradan biri olub. Hətta, müəyyən dövrlərdə men­şe­viklərə meyil gös­tərib, müvəqqəti höku­mə­­ti dəstək­ləyib. Sergey iş-işdən keçəndən, yəni Oktyabr çevril­i­şindən son­ra bol­şe­vikləşib.
“Avrora” kreyserindən açılan top atəşinin qulaq batıran sə­­­sin­­dən ayılan kimi menşe­vik­lərdən biryolluq ayrıldı. Bolşevik­lər­­­­lə eyni plat­­formanı pay­la­şan Kirov “millətlər ata­sı” ilə ilk dəfə 1917-ci il­də, Sovetlərin İkinci Ümum­rusiya qurul­ta­yında qarşılaşdı. Stalin o zaman Siyasi Büro üzvi kimi, ən yük­­­­sək partiya rəhbər­li­yin­də təm­­sil olunurdu. Qafqazdan gələn nü­­­­mayən­dələrlə görü­şəndə, Ser­­geyin danışığı, davranışı Ko­ba­ya xoş təsir bağışladı. O, yeni ko­mandanı, məhz bu cür adam­lardan ibarət təsəv­vür edir­di. Belə­liklə, orta boy­­lu, mavi göz­lü, boğaz yırtan komissarlardan natiqlik qabiliy­yəti ilə yaxşı mənada fərq­lə­nən gü­lə­r­üz inqilabçının əsl ha­misi Stalin ol­du. Hətta, 1918-ci ildə özəl zə­­manət vəsiqəsi im­zalayıb ona verdi ki, bər­kə-boşa dü­şən­də daşdan keçən bu sə­nəd işinə yarasın.
1919-cu ildə Kirov Həş­tər­xan Müvəqqəti İnqilab Komi­təsinin rəh­bəri tə­yin edilir. Onun təşkilatçılıq qabiliyyəti, bacarığı, bol­şe­vik qəd­darlığı bu­rada özünü daha geniş büruzə verdi. Əks­­in­qi­labçı qiyamın qar­şısının alınması üçün gördüyü sərt təd­bir­lər Le­ninin diqqətindən ya­yınmadı. Həştərxan əmə­­­liyyatından sonra onu XI Qızıl ordunun Hərbi İnqilab Şu­ra­sına üzv seç­dilər. 1920-ci ilin ap­re­­lində Ba­­kıya hücum çəkib Azər­baycan Xalq Cüm­hu­riy­yə­ti­ni devi­rən ordunun rəhbərlərindən biri də Kirov olub. 1921-ci ildə Vla­dimir İliç Azərbay­ca­n kom­mu­nistlərinə (fak­ti­ki ola­raq Azər­baycana - E.B.) rəhbərliyi ona etibar edir. Sovet­ləş­mə­nin ilk illərində bizim el-obada nə pis­lik varsa, bilavasitə onun və Ser­qo Orconikidzenin adı ilə bağlı­dır. Nəri­man Nərimanovun fəa­liy­yətinə əngəl törədənlərin siyahısına baş­çılıq edən­lər on­lar­dır. Azərbaycanın müstəqilliyini qoruyub saxla­maq istəyən vətən­pər­vərləri millətçi adlandırıb qurşunlayan, qılınc­dan keçirən XI Qızıl ordu­nun əməlləri Kreml sahi­bi­nin ürəyincə idi. Vladimir İliç həmin dövrdə Kiro­vun qətiy­yətli möv­­qeyini dəs­tək­ləyir, xidmətlərini yüksək qiy­mətləndirirdi. Le­nin Kirovun yeni təyinatından öncə regiona yaxşı bələd olan və partiya­da milli məsələlər üzrə mütə­xəssis kimi tanınan Stalinin rə­yini, Sergeyə rəğbətini nə­­zərə almışdı. Azərbaycan Kommunist Par­ti­yasının birinci katibi olsa da, əslində respublikanı Kirov idarə edirdi. Bütün stra­teji mə­sələləri öz nəza­rətində saxlayırdı. Onun Leninə, Sta­linə və Orco­nikidzeyə göndərdiyi xid­məti məlumatlar, məxfi sənədlər buna dəlalət edir. Hökumət başçısı Nəriman Nə­ri­ma­novun təq­dimatların­dan da­ha çox ortabab siyasətçinin cızma-qaraları Bakı­dakı vəziy­yət barədə Mərkəzdə fikir for­ma­­laşdırardı. Kirov çox vaxt reallığı, milli mentaliteti, yerli şəraiti nə­zərə almayıb, bəlkə də heç bu işlərin mahiyyətini yetərincə anlamayıb, inqilabçı fəhminə güc verərdi. Siyasi kar­yerasında bir baş ucalmaq, gündəmdə qalmaq üçün hər cür çir­kin manevr­lərə əl atardı. Həmin illərdə “təmizləmə” əməliyyatı yeni vüsət alırdı. “Kon­tra” adını ( yəni, əksinqilabçı - E.B.) kimin üzərinə qoy­saydın, beli bir­yolluq sınardı. Kütləvi həbs­­lərin, sür­günlərin, güllələnmələrin ardı-arası kə­silmirdi. Rusi­ya ilə ilk İt­tifaq müqaviləsini bağ­la­yan Azər­baycanda “xalq düş­mənləri”nin sayı qon­şu res­pub­lika­lara nisbətən çox idi. Odlar diyarı qır­mı­zı­ların alo­vunda dərddən, qəm-qüssədən getdikcə daha bərk kö­zə­rirdi...
Stalin Baş katib olandan sonra uğur cığırları ilə addım-addım irəliləyən Kirovun bəxt ulduzu bir az da parladı. Azərbaycan kommunist­lə­rinə Mosk­vadan göndərilən rəhbər 1923-cü ildə partiyanın XII qurul­tayında bol­şe­vik­lərin Mərkəzi Komi­tə­­sinə üzv seçildi. Le­ninin vəfatından sonra hakimiy­yət uğ­runda daha ge­niş vüsət alan mübarizə şiddət­lə­nəndə inqilabın beşiyi ad­la­nan Peterburq yenə çalxalanmağa başladı. Zi­­novyev və Kamenev siya­si iddiaları fövqəladə yüksək olan Trotski ilə bir­lə­şib, Stalinə ciddi prob­lem­lər yaratmağa başlamışdı. 1925-ci ildə XIV qu­rul­taydan sonra partiyada möv­qeyi möh­­kəm­lə­nən Baş katib da­xildə qayda-qanun ya­ratmaq, müəy­yən etdiyi part­iya xət­tinə zidd çıxan ünsürləri ifşa etmək məqsədilə Mo­lo­tov, Vo­ro­şilov, Ka­li­nin, Orconikidze ilə bərabər, Kivoru da Neva sa­hil­lərinə göndərdi. Görünən sərt tədbirlər nəticəsində şəhər­dəki vəziyyət nisbətən sabit­ləşsə də təhlükə tam sovuşma­dı. İrili-xırdalı proseslərə nə­za­rət etmək, Le­nin­qradı Stalin sa­yağı bolşevikləşdirmək məsələsi artıq birmənalı şə­kildə gün­də­mə gəl­di. Koba Smolnıda baş kür­süyə şəxsən inandığı və güvəndiyi Kirovu oturtmağı qərara al­dı. 1926-cı ildə qüd­rət­li hamisi Sergey Mironoviçi Siyasi Büro üz­v­lü­yünə na­mi­zəd edərək, düşmən yu­vasına çevrilən Lenin­qradı Trot­skinin, Zinov­yevin, Ka­menevin tör-töküntülərindən təmizlənməyi bilavasitə ona tapşır­dı.

MARKSA SƏDAQƏT, MARKUSA XƏYANƏT

Vaxtilə bataqlıqlar içində böyük çətinliklər hesabına yaşayış məs­­­­kəni salanda çar Pyotrun özündən başqa bəlkə heç kim bu şə­­hərin gələcəkdə necə olacağını təsəvvür etmirdi. Zaman öt­dükcə Rusiyanın yeni paytaxtı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Neva sahi­lində tari­xi-me­marlıq baxımın­dan dəyər qazanan bina­ların sayı bir deyil, beş deyil. Belə tikililərdən biri də 1910-14-cü illərdə Kamennoostrov prospektin­də Rusiya Sığorta Cəmiy­yə­tinin sifarişi ilə Benua qardaş­larının (onlar üç qardaş olub­lar - E.B.) ucaltdığı kompleksdir. Mə­həl­lənin yaraşığı isə 26/28 nöm­rəli bina sa­yı­lırdı. İnqilabdan əvvəl bu evlərdə sayı­lan-seçilən za­də­ganlar, zəngin sa­hib­karlar, böyük tacir­lər, çar üsul-idarəsinin yük­sək səviyyəli mə­murları, tanınmış ziyalılar, gene­rallar yaşayırdı. Şa­hanə girişi olan bina müxtəlif özəllikləri və üstünlükləri ilə fərqlənirdi. Hət­ta, müs­­təqil elektrik tə­mi­natı da nəzərə alınmışdı. Birinci mərtə­bədə ti­­carət obyektləri, camaşir­xa­na, müx­təlif xidmət sahələri, ofislər yer­lə­şirdi. Alt qatda fayton və av­to­mo­billər üçün dayana­caqlar, tövlə, həyətdə mərkəzi isitmə sis­temi, məişət tul­lantılarını yan­dır­maq üçün xüsusi sobalar qu­raş­dırılmışdı. Am­ma, bəxtəvər sakin­lərin rahatlığı uzun sürmədi. 1917-ci ildə Rusiyada döv­ran dəyişdi, hər şey alt-üst oldu və “yersiz gəldi, yerli qaç” deyilən qiyamət günündə cəmiyyətin bir təbəqəsi yuva­sından didərgin düşdü. Pros­pek­tin köhnə adı­nı də­­yişib, səhv etmirəmsə, Qırmızı şəfəq qoydular. Qarışıq za­man­da çox kişi öz ailəsini götürüb mü­ha­cir oldu. Vəd edilən işıq­lı gələ­cəyə inanıb pay­taxtda qərar tutanlar az sonra ev-eşiklərindən zorla çı­xarıldı. Çünki, bü­tün fabrik-zavodlar kimi, binalar da mil­li­ləşdir­il­mişdi. Xü­su­si mülkiyyət mü­sadirə edilib dövlət mülkiy­yə­tinə keç­mişdi. Dövlətsə fəhlə və kəndlilərin idi. Bundan sonra Benua qardaşlarının yüksək zövq və məha­rətlə ucaltdıqları evlərdə yeni hökumətin nü­ma­yən­də­ləri yerləşməyə başladı. 1926-cı ildə Kirova həmin bina­da 20 nöm­rəli mənzili ayır­dılar. 5 otaqlı geniş mənzildə Mironıç düz səkkiz il, başqa sözlə desək, ömrünün sonu­na kimi, Ma­­­ri­ya Mar­­kus­la bə­rabər yaşadı. Stalin dəfələrlə onlara qo­naq olmuş­du. Kuy­bı­şev, Orconikidze, Mikoyan bu ailəyə yaxın adamlar kimi, tez-tez Ser­­gey gildə yığışardılar. Ma­riyanın səhhətində müəyyən prob­lem­lər olduğundan evin bü­tün səliqə-sahmanına xa­dimə Yevdokiya Aqapova ba­xır­dı. Yev­do­kiya İliniçna ilə bərabər çalışan iki nəfər təcrübəli aşpaz evə təşrif buyuran adlı-sanlı qonaqların ya­nında ev sahiblərinin üzü­nü ağ eləyirdi.
Bilmirəm nə­dən, hər hal­­da düşünürəm ki, bu boyda da təsa­düf olmaz, partiya-sovet rəhbərliyində, ordu ko­man­danlığında təm­sil olunan kişilərin əksəriyyətinin xanımı milli­ mən­subiyyətinə görə yə­hudi idi. Bir neçə misal çəkim: Po­lina Semyo­novna Kar­povskaya (1897-1970) Mo­lotovun, Yeka­te­rina Davi­dov­na Qorb­man (1887-1959) Voroşilovun, Dora Moiseyevna Xa­zan (1894-1961) Andreyevin, Mariya Lvovna Markus (1885-1945) Kiro­vun, Yekaterina İvanovna Lorberq ( 1882-1960 ) Ka­li­ninin qəl­binə hakim kə­silmişdi. Bu si­yahını bir qədər də uzat­maq olardı. Mə­­sələn, Rı­kov Nina Sem­­yo­novna Marşakla ailə qur­­muşdu. Bu­xa­ri­nin birinci xa­nımı İsfir İsa­yev­na Qurviç, ikincisi An­na Mixay­lovna Lurye idi. Yejov - Sulamif İzrailevna, Poskrebışev - Bro­nislava Solo­monovna ilə əhd-peyman kəsmişdi. Amma, Sta­linin qə­zəbinə dü­çar olanda mötəbər ərlər tələyə düşən xa­nım­larına sa­hib çıxa bil­mirdi. Stalinin oğlu Ya­kov Cuqaş­vilinin ar­vadı Yuliya Meltserin də milli mənsubiyyəti ha­mıya bəlli idi. Yakov mü­haribə­də əsir dü­şüb həlak olandan son­ra Stalinin gəlini Yuliyanı da həbs etdilər. Sən işə bax ki, onun da da­dına yetən tapılmadı. Ba­kıda Şors küçəsinin harada oldu­ğunu kim­dən soruş­san, də­qiq yerini deyər. Adı çoxdan dəyişilsə də, şə­hərin dağlıq his­sə­sindən mərkəzə qədər uzanan bu küçəni hələ də keçmiş adıyla xa­tır­la­yırlar. Amma, sual versəniz ki, Şors kim olub, inanmıram doğ­ru-dürüst cavab eşidəsiz. 1938-ci ildə Sta­linin tapşırığı ilə Ni­kolay Dovjenko­nun çək­diyi bədii film ekran­a çı­xan­dan sonra Vətəndaş müha­ribə­si­nin qəhrəmanı, So­vet dövrünün diviziya ko­man­diri Niko­lay Şors bütün ölkədə məşhurlaşdı. Am­ma, sonrakı illərin araş­dırmaları, yeni aş­kar­la­nan tarixi faktlar gös­tərdi ki, bu dəfə də ekrandan deyi­lən­lərlə reallıq arasında ol­duq­ca böyük fərq və ziddiyyət vardı. Dov­jen­konun filmində Me­yer­xold məktəbinin istedadlı akt­yoru Yev­geni Samoylo­vun yarat­dığı baş qəhrəman portret oxşarlığı baxı­mın­dan Nikolay Şorsa bənzəsə də, zama­nın ideoloji tələblərinə, partiya­nın qarşıya qoy­duğu vəzi­fələrə ca­vab vermək məqsədilə tarixi hadisələr fonun­da tamaşaçıya təq­dim olunan sosial sifarişli bədii obraz idi. Başqa söz­lə de­sək, ekranda canla­nan yeni qəh­rəman Ukray­na­nın Ça­pa­­yevi idi və film sovet xalqını düşmənə qarşı mü­ba­rizəyə səfər­bər etmək məqsədi daşıyırdı. Yet­miş il ön­cə çəki­lən kino əsərinin yaranma tarixi, ekran həyatı, ya­radı­cı­lıq prose­sində meydana çı­xan müəmma və sarsıntılar nəticəsində gör­kəm­li kino xadimi Dov­jen­konun səhhə­tin­də yaranan prob­lemlər ayrıca ya­zının möv­zu­­sudur. Şor­su ona görə xatırladım ki, yeni ekran qəh­rəmanı da vaxtilə Frume Xay­kina adlı yəhudi qadınla ailə qur­muşdu. Oktyabr inqilabı­nın əksər sima­ları rus soy adı ilə ictimaiyyətə tanıdılsa da, başqa mil­lət­lərin nümayəndələri idi. Kamenev kimi bildiyimiz Lev Borisoviç əslin­də Ro­­zen­feld, Zinovyev - Rado­mılski, Trotski - Bronşteyn, Ya­qo­da - İye­qoda, Radek - Sobelson, Lit­­vi­nov - Val­lah fami­li­yası ilə dün­yaya gəlmişdilər. Bir maraqlı faktı da diq­qətinizə çat­dır­ım: 1934-cü ildə Siyasi Büronun tərkibinə daxil olan on nəfərdən dör­dü (Stalin, Orconikidze, Kaqanoviç, Kosior - E.B.) başqa xalq­­ların nümayəndələri idi. Amma, bu tərkibə daxil olan ruslar da, o cüm­lədən Sergey Mironoviç Kirov taleyini yə­hudi xa­nımlara əma­­­nət etmişdi. Burda qəbahət olmadığı kimi, bə­raət də yoxdur.
Ser­gey ailə həyatında Mariya Markusla o qədər də xoşbəxt de­yil­di. İyirmi ildən artıq bərabər ya­şa­ma­larına rəğmən övladları ol­mur­du. Təhsilsiz, emo­­si­o­nal təsirsiz, amma təkəbbürü yerə-göyə sığmayan bu qadın həmi­şə nəsə et­məyə cəhd göstərər, amma uğur qazanmazdı. Bakıdan sonra Leninqradın birinci xa­nımı kimi cə­miy­­yətdə fərqlən­mək, önə çıxmaq istəyi bir qədər də güc­ləndi. So­si­al zid­­diy­yətlərin kəs­kinləşdiyi, güzəranın ağırlaş­dığı, inflya­si­yanın son həddə çatdığı yerlərdə, əxlaqsızlıq, qadın alveri hə­mi­şə ge­niş yayılır. 1928-ci ildə Mariya Marku­sun tə­şəb­büsü və rəh­bər­liyi ilə Leninqradda müalicə-profilak­tika mər­kəzi yaradıldı. Küçələr­də do­laşan yün­gül əxlaqlı qadınları burada sağ­lıq kontrolundan keçirib, zöhrəvi xəstəlik­lərdən müali­cə edir, sa­vad­sız­lığın ləğvi kur­sla­rın­da oxudurdular. Mərkəzin rəhbərliyi qızları qrup halında muzey­lərə, teatrlara, konsertlərə aparmaq, qiraət saat­ları təşkil etmək, siyasi mövzularda mütə­madi müha­zirələr oxu­maqla mə­nə­vi aləm­­lərini, həyat tərz­lərini dəyişmək, onlarda inqi­labı roman­tika hissi oyatmaq fik­rin­də idi. Meyli çəkən­lərə tikiş kurs­ları təklif edi­lirdi, ay­rıca evdarlıq dərsləri ke­çi­lirdi. Dar­­vin nəzə­riyyəsi ba­rədə müəyyən tə­səv­­vürü olan Markus ümid edirdi ki, meymunu adam eləyən əmək fa­hi­şə­ləri də fəal kommu­nizm qu­rucularına çevirə­cək. Fahişələrin mütəşəkkil şə­kildə küçə yürüşləri hər kəs­də gü­lüş və istehza doğuraraq birmənalı qar­şılanmırdı. Mariya bu sa­hə­də mütəxəssis deyildi. Amma par­ti­ya liderinin xanımının iddi­a­ları özündən bö­yük oldu­ğundan yenilik adıyla hər işə israrla, inad­la can atırdı. Fəqət, növbəti düşü­nül­mə­miş hərəkəti ilə özü­nü lap nü­fuzdan saldı. Hadisə 1929-cu ildə zəhmətkeşlərin 1 May nü­mayişi zama­nı baş verdi. Əmək-İslah pro­­filaktika mərkəzində nəzarət altında müalicə olu­nan qadınlar dəstəsinin önündə xanım Markusun şəhərin kü­çə­lərindən ke­çərək, hökumət tri­bunası qar­şı­sından qabaqcıl əmək kollek­tiv­lərinin, elm-təhsil ocaqlarının nü­ma­­yəndələri ilə bə­­ra­bər addım­la­ması heyrət doğu­rurdu. Marku­sun bu cur təsirsiz, əhəmiyyət­siz tər­biyə və nəsi­hətlərindən mə­nən ağırlaşan yün­gül qadınlar günlərin birində onun özünə dərs ver­mək qərarına gəldilər. Qaş qaralanda gözətçi oğlan­ları otağa salıb mümkün olan və olmayan oyunlardan çıxaraq məzələndilər. Bu rüsvayçılığın sə­dası Moskvaya ça­tanda Kreml­dəkilərin səbir kasası artıq çat verdi. Markusu din­məz-söyləməz vəzifə­sindən kənar­laşdırdılar. Ona daha ağır partiya cəzası vermək məsələsi gün­dəmdə dayanmışdı. Ailə dostu Orconikidze qa­nının arasına gir­mə­sə, yəqin ki, yarıtmaz müdirin aqibəti faciəli olacaqdı. Az sonra müəssisə biryol­luq bağ­landı. Markus əsəb gərginli­yin­dən xəs­tə­xanaya düşdü. Onun azarındann çox ədalarında bezən Sergey “yastığın yüngül olsun” diləyini başının bəla­sına bil­dir­ıb, həmi­şə olduğu kimi rahat­lı­ğı və təskinliyini başını başqaları ilə bir yastığa qoymaqda tapdı. Kiro­vun müəmmalı ölümü onun gizli eşq macərala­rının üzə­ri­nə pərdə çəkdi. Alovlu tribunun şəxsi həyatının qaranlıq məqam­ları hələ də tarixin aydınlıq işı­ğın­dan kənarda qalmaqdadır. Qəribədir ki, vəfatından dörd il sonra Kirovun muzeyi Lenin­qrada gəldiyi gündən yaşadığı mənzildə deyil, Kşesin­skaya­nın malikanəsində açıldı. İndi bu ad əmi­nəm ki, çoxlarına heç nə ifadə et­mir. Bir vaxtlarsa rus teatr səh­nəsinin bu parlaq ulduzu dünya baletinin primadonna­ların­dan sayılırdı. Yeri gəldiyi üçün əsas mövzudan bir az kəna­ra çıxıb gözəl Matilda barədə danışsam, məncə Kirovun ruhu bizdən inci­məz. Füsun­kar gözəl­liyi, ecazkar rəqsi, səhnə mədəniyyəti, işvə-na­zı qar­şı­sında qarşılıqsız dayan­maq imkansız sayılan Matilda öz dövrünün ən mahir könüllər fa­te­hi idi. Bir ara şah­zadə Nikolayın qəlbini ovsunlayan xa­nım az qala Rusiyanın so­nun­cu imperato­runun birinci xanımı olacaqdı. Hər tamaşadan qu­caq-qu­­caq çi­çəklərlə evə qayıdan pri­ma­don­na tezliklə ya­şadığı ün­va­­nı də­yiş­di. Gələcək hakimi-mütləq onun üçün “Niki” olandan sonra şə­hərin İngilis pros­pek­tin­də­ki yeni malika­nəyə gön­dərilən hədiy­yə­lərin sayı bir az da ar­tdı. Zati-aliləri tərəfindən Ma­til­daya ba­ğış­lanan ilk qiy­mətli hə­diy­yə sapfir və brilyant qaş­larla bə­zə­dilmiş qızıl bilərzik oldu. Get-gedə xanımın mücrüləri bahalı zi­nət əşya­ları ilə dolmağa baş­ladı. Onun mina gərdəni mahir zərgərlə­rin nadir əl işlə­rinin səyyar sərgisinə dönmüş­dü. Bu daş-qaşlar ehtiraslı baxışları ilə daş qəlbləri də asanlıq­la əridən gözəllik ilahəsinə necə də yaraşırdı. Fəqət taxt-tacı balerina ilə paylaş­maq üç yüz illik sülaləyə yaraşmazdı. Ailənin qəti etirazı, mövcud ənənələrə bağlılıq gənc Ni­kolayın qəlbində çox da dərin kök salmayan məhəb­bəti­nə güc gəldi. Amma im­pe­rator teatrı səh­nə­sinin kraliçası ilə gələ­cək monarxın sevgi macərası xeyli müddət da­vam etdi. Bəzən sevgililər arasında gizli tellər aşkar bağ­lan­tı­lar­dan da­ha möhkəm olur. Səbəbsiz ayrılıq, ayrılıqsız sevgi, sevgisiz tale olmur. Tale­siz sevgi isə hər zaman acıdır. Bir müddət sonra Kşe­sin­ska­ya taleyi ilə barışıb, Çar ailəsinin nüfuzlu nümayəndəsi Böyük knyaz Sergey Mixayloviç Roma­novun sayəsində təkliyinə son qo­ydu. Sağlam düşüncəsi və doğru seçimi ona zəngin həyat, mürəkkəb də olsa maraqlı ömür payı qazan­dırdı. Sonralar Fransada məs­kunla­şan Matilda Feleksovna ömür karvanını axıra­dək sürüb 1971-ci ildə Parisdə vəfat etdi.


MARKUSUN BUZ DOLABI

1904-cü ildə Peter­bur­qun mərkə­zində xanım Kşesinskayanın sifarişi və Nikolayın səxavəti ilə inşa edilən malikanədə Oktyabr inqi­lab­ından sonra bir müddət Leninlə Krupskaya ya­şadılar. Ayrı-ayrı vaxt­larda Siyasi-maarif evi, Köh­nə bolşe­vik­lərin Cə­miy­yəti, Bö­yük Oktyabr So­si­alist İnqilabı muzeyi, poliklinika, hətta İctimai-ia­şə institutu da Matilda Feleksov­nanın imarətinı eybəcər kökə sal­dı. Bu bina Leninqradda yeni sahibi-ixtiyar olan Sergey Miro­no­vi­çin bir çox məxfi və məhrəm görüşlərinin ünvanı idi. Görü­nür, bu da taleyin bir oyunudur ki, ölü­mün­dən 4 il sonra, 1938-ci ilin no­yabr ayının 8-də Kirovun gizli sevdalarının aşkar ünvanında mu­zey açıldı. 1955-ci il­də muzey Benua qar­daş­ların binasında Ki­rovun yaşadığı 20 nömrəli mən­zilə köçürüldü. Dox­sa­nın­cı il­lər­də Sovet İt­tifaqı və sovet məfku­rəsi dağıdılsa da, qətlə yetirilmiş bol­şevikin xanimanı Lenin­qrad Dövlət Tarix mu­ze­yinin filialı kimi fəa­liyyətini davam etdirdi. Aparılan təmir-bər­pa işləri nə­ticə­sində ev əşyaları, me­bel dəstləri, otaqların interyeri ilkin gör­kə­mi­ni almaq­la, otu­zun­cu il­lərin ab-ha­va­sını canlandıra bildi. Kirovun iş otağı, kitabxa­na­sı, qo­naq salonu, ya­taq otağı, ev xadi­mə­sinin gecə­lə­diyi oda və geniş mətbəx muzeyə gə­lənləri So­vet rəhbər­lərindən biri­nin ya­şam tərzi ilə ya­xından ta­nış edir. İş otağın­da yerə gözəl Şərq xalısı sərilib. Kim bilir, bəlkə də bu qə­dim əl to­xuması Azər­bay­candan köçər­kən “xatirə” adıyla aparılan çox­saylı qənimətlər­dən biridir. Ayaq altına salınan ağ ayı dərisi diqqəti cəlb edir. Bu da şimal qüt­bündən ona gətiri­lən hədiy­yə­dir. Yazı masa­sının al­tında buna bənzər baş­qa bir dəri də soyuq qış günlərində Kiro­vun ayaq­la­rını isidərmiş. Odun so­basının üzə­rinə tülkü müqəv­vası qoyulub. O tülkü ovçunun gül­lə­sinə tuş gə­lənə qədər Lenin­qrad meşə­lərin­də asudə do­laşar­mış. Di­var­larda çox­saylı fotoşə­kil­lər ası­lıb. Ki­ro­va verilən hədiyyələrin bir qismi də digər otaq­larda, dəh­lizdə sər­gi­lənir. Ən çox diqqəti cəlb edən zən­gin ki­tab­xanadır. Rəflərdə yüzlərlə kitab sax­lanılır. Onla­­rın içəri­­sin­də na­dir nəşr­lər var. Ola bilsin ki, kitab­la­rın əksəriyyəti mənzilin keçmiş sa­hibindən qal­ma­dır. Bəlkə elə ona görə çoxu­nun qatı da açıl­mayıb. Nəşr­­lər arasında kom­mu­nistlərin ya­saqladığı ədə­biy­­yat nü­munə­lə­rinə rast gəlinir. Hitlerin “Many kamf” kitabı, Ni­kolay pad­şahın yazışmaları da gözə çarpır. Burda de­yibər ki, “Biz deyilik rəiyyət, bizlərə nə şəriət?” O illərdə başqası­nın evindən Hitlerin, Niko­layın kitabları çıxsaydı, canı zi­n­danda çürüyərdi. İş ota­ğı­nda Ki­ro­vun iri qlobusu, radioqə­bule­dicisi necə var­sa eləcə də sax­­lanılıb. Qo­naq otağına ovda vurulan quşla­rın mü­qəvvası xü­susi yaraşıq verir. Ev sahibi akvariumda qızıl ba­lıq sax­la­mağı xoş­larmış. Çox­dan bəri süfrəsi açılmayan ye­mək masasının arxa­sında bir vaxtlar adı sovet tarixinə düşən ünlü kişilər ye­yərdi, içər­di. İn­di muzey ekspo­na­tına dön­müş Lenin­qrad qrammafon zavo­dunun ­pa­tefo­nu, al­man ra­dio­qə­buledicisi, “Radist” markalı radi­o­la o döv­rün ən müasir məişət cihazı sayılardı. Kirov qonaq ota­ğında samo­var çayı içib ya­zı-pozuyla məşğul olmağı xoşlardı. 1934-cü il de­kabr ayı­­nın ilk günündə Uritski sa­rayında nə­zər­də tu­tulan çıxışının mətnini də bu masanın üzə­rin­də yazmışdı. Qətl günü Ni­kolayevin atəş aç­dığı odlu silah əvvəllər muze­yin ekspo­nat­ları sıra­sında nümayiş etdirilirdi. 1951-ci ildə Milli Təhlü­kə­sizlik Nazirliyi səbəb bildirmədən silahı muzeydən gö­tü­rüb. Yataq ota­ğında çarpayıların önündə iki xalı sərilib. Stalinin tapşı­rığı ilə Kirov 1934-cü ilin payızında Qa­zaxıstana ezam olu­nan­da evdə yalqız qalmaqdan canı sıxılan Mariya Lvovna nadir ağac növ­lərindən hazırlanan bu yataq dəstini ərindən xəbərsiz alıbmış. Bunun üstündə aralarında xo­şa­gəlməz söz-söhbət də olmuşdu. Kirov evdə özü üçün kiçik emalat­xana yaratmışdı. İşlətdiyi alətlər olduğu kimi orada sax­lanılır. Ov pal­tarları, di­gər ləvazi­matlar gös­tərir ki, Le­ninqrad meşə­lə­rin­də dincəlməyi xoş­layan Ki­rov evə heç vaxt əli­boş qayıtmazmış. Şikarının ətini yeyib, dəri­sin­dən mü­qəv­va düzəldər­miş. Mətbəxdə istifadə edilən buz dolabının isə eksponat­lar ara­sında özəl yeri və maraqlı tarixçəsi var. Gün­lə­rin birində Ma­riya Lvovna ailə dostları Mikoyangilə qonaq ge­dib. Anas­ta­sın həyat yol­da­şı Axşen La­zerevna mətbəxinin bəzəyi olan buz do­labının inanılmaz üstün­lük­lərindən, rahatlığından da­nışır. Markus Axşe­nin bu söz­lə­rindən necə hə­vəs­­­lənirsə, evə qa­yıdan kimi, Sergeyə nə deyirsə, necə təsir edirsə, bu ba­rədə mə­lumatım yoxdur. Amma, onu bilirəm ki, çox qısa müddətdə coğ­rafi ba­xı­mdan uzaq olan Ame­rikadan Ce­neral Elek­trik fir­ması­nın son model buz do­labı xanım Markusun mətbəxinə gə­tirilir. İçi də ən bahalı ər­zaq­la dol­du­rulur. Onların istifadə etdikləri qida məh­­sullarının əksəriyyəti Fransadan gə­ti­rilərdi. Onu da deyim ki, hə­min vaxt Amerikada yeni satışa çıxarı­lan elek­trikli buz dolabı Ford avtomobilindən baha qiymətə satılırdı. Həqiqətən, var­lığa nə darlıq? 1934-cü ildə ölkədə aclıq hökm sürürdü, əsas qida məh­sul­ları kartla paylanardı. İn­san­lar yarıac, yarıtox dolanırdı. Am­ma, bu gərgin­lik rəh­bər işçilərin ailələrində hiss olunmurdu. Ən yüksək kate­qoriyalı ər­zaq kartı ilə leninqradlılara bir ayda 1 kilo ağ un, 5 ədəd yumurta, 200 qram kə­rə yağı verilirdi. Əldə etdiyim məlumatlara inansaq, 1932-ci ildə namen­kla­tur işçilərə xidmət gös­tərən xüsusi mağaza­dan bazarlıq edən ərköyün xa­nımlar ay ərzində az tapılan məhsul­lardan görün nələr və nə qədər ala bi­lərdi:

1. Balıq 8 kilo
2. Kolbasa 4 kilo
3. Balıq kürüsü 1 kilo
4. Kərə yağı 1,5 kilo

Odur ki, bolşeviklərin “bərabərlik”, “qardaşlıq”, “həmrəylik” kimi reallıq­dan uzaq olan şüarlarının Rusiyada təntə­nəsindən danışanda bişmiş toyu­ğun da gülməyi gəlir. Daha öncə demişdim ki, Markusun mətbəx işləri ilə arası olmazdı. Evlərində bir xadimə, iki peşəkar aşpaz çalışırdı. Onlar­dan biri vaxtilə çar Nikolayın ailə üzvlərinə yemək hazırlayırmış. Fransadan gəlmiş aşpaz üçün çar olma­sın, katib olsun, nə fərq edərdi? Yetər ki, vax­tın­da yük­sək maaşını ödəsinlər, vəssalam. Digər aşpaz Kuz­min dadlı ye­məklər bişirməyi bacardığı kimi, duzlu qələmə də sahib idi. Sonralar yazdığı xatirələrdə səfər zamanı Kirovu necə müşa­yiət etdiyindən, onun sifarişi ilə bişirdiyi xörək­lər­dən, xüsusi qonaq­la­ra özəl xidmət göstərməyindən geniş danışır. Bəzi qırmı­zı komis­sarların kite­linə, uzun­­boğaz çəkmələrinə, dəri gö­dəkcə­lə­rinə al­dan­mayın. On­­la­rın hə­­yat tərzi sıravi kommunist­lərdən kəs­kin su­rət­də fərqlə­nirdi. 1930-cu ildə Sergey Mironoviç artıq Siyasi Büro üzvü seçil­mişdi. Bir vaxtlar trotskizmi necə vəsf etdirdisə, indi də eyni od-atəş­lə keçmiş həmfi­kirlərini lənətləyirdi. Zinovyevi, Kamenevi və­tən xainləri adlandırırdı. Trotski siyasi xadim kimi heç vaxt ona də­yər verməzdi, “yarımçıq adam”, “ortabab kəmsavad” ad­lan­dırardı. Amma, siyasi riyakarlar , gözü kölgəlili komissar­lar Sta­linin işinə daha çox yarıyırdı. Koba hər şeyi əvvəlcədən yüz dəfə öl­çüb-biçərdi. Kostrikovun milli mən­şəyi, insan­larla ümumi dil tapma, tez ün­siyyət qurma baca­rığı, “partiyanın sevimlisi” rolunu məharətlə ifa et­məsi, Baş katibə və onun siyasi kursuna nüma­yişkaranə sədaqəti, koman­dadan ayrı qol-budaq atmaq fikrindən qətiyyən uzaq olması, ailə-məişət zəminində müəyyən problem­lərinin mövcudluğu, qadın düşkün­lüyü kimi xüsusiyyətlər ha­mını daim itaətdə, əmrə mün­təzir vəziyyətdə saxlamağı bacaran Sta­lini tam qa­ne edirdi. Yoxsa, Qır­mızı impe­riya sarayının qapılarını uc­qar əyalət­dən gələn kimsəsizin üzünə kim açardı? XX əsrin iyir­minci illərinin ortala­rın­da Qırmızı impera­tora hakimiyyətdə güc­lən­mək üçün hər sahədə kirovlar lazım idi. O, partiya üzvləri ara­sından belələrini axtarıb tapır, orta eşalonda yerləşdirib, istiqa­mətləndirib, nəzarət altında yetiş­dirəndən bir müddət son­ra daha yüksək vəzifələrə təyin edirdi. Lazım gə­lən­də bir az da ucaldır, vaxtı bitəndə acı­madan məhv edir­di. Bir çox­ları kimi, Mo­lotov, Jdanov, Ma­lenkov, Yaqoda, Ye­jov, Kirov, Xruş­şov, Beriya da Stalinin kadrları sayı­lırdı. Həmin dövr­də Kirov Stalinin ən yaxın müna­sibətdə olduğu adam­lar­dan biri, bəlkə də birincisi idi. Bu yaxınlıq az sonra qıs­qanclıq doğura­caq dərəcəyə yüksələcəkdi. Sergey Mosk­va­ya gələn­də Sta­linin evində gecə­­lə­yir­di. Koba öz çar­pa­­yısında ona yer salar­dı. Gecə yarıya­dək şirin söhbət­lə­şərdi­lər. Keçmiş gün­ləri yad edər, gələcək işlə­rin­dən danışardılar. Şə­rab masası arxasında Bakı gecələri də yada düşərdi. Axı, Bakıyla bağlı hər iki­sinin qəlbində unudulmaz xati­rələr vardı. Maraqlıdır ki, Koba və Kirov ad­larının eyni mənşəli olduğu da güman edi­lir. Yəni, hər ikisinin Keykavus ismin­dən yaranma ehtimalı var.

İNSANLIĞIN UCUZLAŞAN GÜNLƏRİ

Allahı inkar edən bolşeviklər Kremlin timsalında özlərinə yeni qibləgah yaratmışdılar. Belə olan halda səcdə və itaət ediləcək yeni fövqəlqüvvə sahibi də olmalıydı. Lenin dünyasını dəyişən­dən sonra Stalin öz müəllimini bütləşdirməyə başladı. Fəqət, tək­al­lahlığı qəbul edə bilmədiyindən, ona da qısqandı. “Proletar al­lahı”nın şöhrətini sələfiylə paylaşmaq fikrinə gəldi. Le­ninizm-Sta­linizm ifadəsi, görünür məhz bu məntiqdən yarandı. Baş katib son­ralar Lenini Mav­zoleydə də yalqız qoymadı. Xeyli müddət müəl­limi Ul­ya­nova yol­daşlıq elədi. Mavzoleyin üzərindəki yazı da təzələndi: LENİN - STALİN. Öz yetirməsi olan Nikita Xruşşov şəxsiyyətə pərəstiş adıy­la alə­mi qatıb-qarışdırmasaydı, yəqin ki, Koba indiyə kimi İliçə qulaq yoldaşı ola­raq Mavzoleydə qalacaq­dı. Lakin, Süleymana qal­mayan dünya, Stalinə də qalmadı... Sta­linə qalmayan dünya Kirovu da qoynunda çox tutmadı. Onun da ömür kitabı yarımçıq qapandı...
Təqvimdə artıq 1934-cü il idi. Varlı kəndlilərin kələyini çox­dan kəs­miş­dilər. Ad­la­rını “qolçomaq” qoyub var-yoxlarını əllə­rin­dən alıb, bu qəniməti yalan-doğru, gu­ya aclıq çəkənlərə payla­mış­dılar. Evində bir-iki kisə taxıl giz­lədənin anası mələr qa­lırdı. Qol­ço­maqların mal-mülki bir yana, səsini də almışdılar. Da­ha ay­dın ifadə etsəm, onları səs­ver­mə hü­qu­qundan məhrum etmişdilər. Otu­zuncu illərin “ profilaktik ” təd­birlərindən sonra yazıçı­la­rın, sə­nət adamlarının xəyalları əvvəlki tək cilovsuz at kimi hara oldu, ne­cə gəl­di çapmırdı. Çünki, başı daşdan-daşa dəyən­ ziyalıların əksə­riy­yəti artıq “ağıl­lan­mışdı”. “Ağıllanmayanlar”a heç başdaşı da qis­­mət olmurdu. Partiya sı­ra­­la­rın­da aparılan kütləvi “ təmizlik ” pro­sesi dilsiz-ağızsızların sayını artır­mış­dı. Məsul vəzi­fələrə ipə-sapa ya­tan­lar təyin edilirdi. Kadr­la­rın seçilib yer­lə­ş­dirilməsində bu prinsip, əsas me­­yara çevrilmişdi. Ümu­miy­yətlə, fikir müx­­təlifliyinə ən yük­sək səviyyədə bir dəfəlik “yox” deyil­­mişdi. Rəhbərlə fikir ayrılığı partiyaya xəyanət kimi məna­landırılırdı. Hətta, Siya­si Büroda mü­ba­­hisə, qal­maqal doğura bilə­cək şəxsin varlığı arzu olun­maz­dı. Dünən­ki xid­mət­lərini tez-tez yada salan bolşevikləri siyasi are­na­da yavaş-yavaş oyundankə­nar vəziyyətə salır­dı­lar. Özəl keç­mişi olmayan, gələcək ümid­lə­rini yal­nız ulu rəhbərə ba­ğlayan gənc­lə­rin irəli çə­kilməsi üstünlük təş­kil edir­di. Kimsənin ictimai fikirdə əsaslı yer alması, cəmiy­yətdə böyük nüfuz sa­hibinə çev­rilməsi məqsədəuy­ğun sayılmırdı. Bu ya­naş­ma tərzi təkcə yük­sək vəzifə sahiblərinə deyil, ayrı-ayrı təş­kilatlara mü­na­­sibətdə də özünü bü­ru­zə verirdi. O illərdə tez-tez idarələrin, qurumların da adları dəyişir, biri başqasıyla əvəz olu­nurdu. Ölkədə Baş katibdən başqa dəyiş­məyən kimsə, nəsə qal­mamışdı. Sabitliyin, stabilliyin, əldə edilən bütün uğurların ilha­m­vericisi yalnız o idi. 1923 -cü ildə yaradılan OQPU on bir illik fəa­liy­­yətin­dən sonra 1934-cü ildə yeni yaranan NKVD-nin (Daxili İşlər Xalq Komis­sar­lığı-E.B.) tər­kibinə salındı. Çoxsaylı əmək-islah düşər­gələrini də bu struk­tu­ra qat­dı­lar. QULAQ-lar, SLON-lar, ALJİR-lər (həbs düşərgələrinin qısal­dıl­mış adları - E.B.) getdikcə artırdı. Axı, yüz minlərlə “xalq düş­mə­ni”ni xalq­dan ayırıb təcrid­xa­nalarda saxlamaq lazım gə­lirdi. Tutu­lan­ların hamısını gül­lələsəy­dilər, ba­­taq­lıqların qurudul­ma­sında, Tayqa meşələrində taxta-şal­ban tə­da­­rükündə, yolların, ka­nal­ların çə­kilişində canı bo­ğazından çıxana, ruhu bədəndən ayrılana qə­dər kimlər çalı­şa­caq­dı? Dün­ya­­nın hansı yerində bu cür ucuz və hü­quq­suz işçi qüv­vəsi tapı­lardı? İlk beşillik planın yüksək gös­tə­ri­ciləri sevindirici idi. Amma, onun bütün ağırlığı, əsasən dustaq­ların üzərinə düş­müşdü. 1934-cü ildə artıq bir çox dövlətlə diplo­matik əlaqələr yarandı, azsaylı xalqlara muxtariyyət verildi. Xarici ölkələr SSRİ ilə sağlam iqtisadi-ticari əla­qələr qurmağa başladı. Yeni iri sənaye müəs­sisələri işə sa­lınırdı. Stalin bir ölkə daxi­lin­də sosializm cəmiyyətinin mövcud­luğunu dün­ya­ya nümayiş etdirdi. Həmin dövrdə ilk dəfə “Sovet İttifaqı Qəh­rə­manı” fəxri adı tə­sis edildi. Memarlıq Akademiyası yaradıldı. So­vet yazı­çı­larının birinci qurultayı keçirildi. Bir sözlə, bütün sahə­lərdə canlanma hiss olu­nurdu. Fə­qət, rəhbər hələ də daxilən nara­hat­lıq keçirirdi. Ətraf­da çox şey öz yerini tutma­mışdı. Leninin yazılı vəsiy­yə­tin­dən xəbərdar olan bol­şeviklərin fiziki varlığı belə Baş kati­bin əsəb­­lərini qı­cıq­lan­­dırırdı. Partiyanın XVII qu­rultayında nü­ma­­yən­dələrin ayağa qalxaraq iki nəfəri gurultulu alqış­larla sa­lam­laması bu qıcığı dözülməz həddə çatdırdı. Xüsusi hörmətlə qar­şı­la­nan­­lardan biri, təbii ki, Stalin idi. İkincisi isə gərək heç olmayaydı...
1991-ci ildə Sovetlər dağılana kimi, bütün rəsmi tədbirlərdə, nüma­yiş­lərdə isti­fadə olunan digər əyani-təşviqat vasitələri ilə ya­naşı, mütləq qay­da­da Siyasi Büro üzvlərinin şəkilləri asılardı. Portretlərin ardıcıllığı partiya rəhbərliyində nüfuz dairəsinə görə kimin hansı yer aldığını bəlli edərdi. 1934-cü ildə portretlərin dü­zü­münü yada salaq: Stalin, Molotov, Voroşilov, Kaqanoviç, Kali­nin, Orco­ni­kidze, Kuy­bışev, Kirov, Andreyev və Kosior. Am­ma, XVII ayaq üstə gurultulu al­qışlarla salamlanan ikinci şəxs, şəkil dü­zü­münə istinadən sırada səkkizinci idi. Onun adı əsas məru­zə­çi­lərin si­ya­hısına da daxil deyildi. Ara­da söz gə­zir­di ki, gu­ya nü­ma­yən­dələ­rin bir qismi Baş katib vəzi­fəsinə Kirovun na­mi­zəd­liyini irəli sürmək istəyib. Deyilənə gö­rə, əhva­latı olduğu kimi, Ki­rov özü Stalinə danışıb və rəh­bəri əmin edib ki, yanına gələn si­yasi elçilərin təklifini qəti su­rətdə rədd edib. Stalin onun sözlərini so­yuq­qanlıqla dinləsə də da­mar­larındakı qaf­qazlı qanının qay­na­madığına kimsə zəmanət ve­rə bilməzdi. Beş il əv­vəl Kirovun ucadan bə­yan etdiyi ikibaşlı sözləri də Stalin heç cür unutmur­du. Alovlu tribun çıxış­larının bi­rində de­mişdi ki, Leninin və­fatın­dan sonra onun yolunun, əməl­lə­rinin ye­ga­nə varisi bolşe­vik­lərin Kom­munist Partiyasıdır! Başqa kimsə bu yük­sək şərəfə göz dikə bilməz. Yəni, Kirovun 1929-cu ildə xi­ta­bət kür­sü­sün­dən söy­lə­di­yi sözlərdən belə çı­xırdı ki, heç kim, o cüm­lədən dekabr ayında 50 yaşı tamam olacaq Koba Le­ninin siya­si varisi ola bilməzdi. İndi kim­lərinsə ürəyindən keçən­ləri gəlib onun qula­ğına pıçıl­damaqda Kirovun qəsdi nə idi? Bəl­kə, Stalinə minnət qoymaq istə­yirdi? Məgər Baş katibin dik­ta­tor­luq meyil­lərinə açıq şəkildə eti­ra­zını bildirən Ryutinin partiyadan xa­ric edilməsi və güllələnməsi təklif olunanda, rəhbərin qərarına qar­şı çıxıb müstəqil mövqe nümayiş etdirən Kirov deyildi? Həmin vaxt Buxarin, hətta Orconikidze Sergeyin cəsarətindən ürəklənib, onunla həmfikir olduqlarını söylə­mişdilər. Sta­lin o an hirsini birtəhər ci­lov­layıb güzəştə getsə də, hər üçü­nün müqəd­dəratı ba­rədə yenidən düşünməyə eh­tiyac olduğunu anla­mış­dı. Tə­sa­dü­fi deyil ki, ölkənin inki­­şaf et­miş stalinizm mərhələsini gör­mək on­la­rın heç birinə nəsib olmadı. Yaranmış vəziyyətdə Koba müəy­yən su­al­­­lara təcili cavab axtarmalıydı. Məsələn, Baş katibin əvəz­lənməsi fikri kimin beyninin məhsulu idi? Bəlkə Nadejda Krup­ska­yanın? Axı, Leninin vəsiy­yə­t­na­məsinin qurultayda oxun­ma­sını təkidlə is­tə­yən o idi. İkincisi, Baş katibin dəyişdirilməsi təkli­fi­ni di­lə gətirən, bu barədə gizli məsləhətləşmələr aparan, partiya da­xilindəki qruplaşmanı dəstəkləyən daha kimlər kölgədə qal­mış­dı? Üçüncüsü, demok­ratik çev­riliş planının arxasında Sta­li­nin ən ya­xın çevrəsin­dən kimlər vardı? Həmyerlisi və dostu sa­yılan Serqo bu mur­dar oyu­na bu­laş­mışdı, ya yox? Yə­ni, belə şey mümkün ola bilərdi, yox­sa inqi­labi ro­mantika havası hələ də başında dolaşan jurnalist Artyom (Ki­­ro­vun partiya ləqəbi - E.B.) liderin yanında yerini daha şi­rin sal­maq üçün bun­­ları uydurmuşdu? Mə­gər o, bilmirdi ki, iki qo­­çun başı bir qa­zan­da qay­namaz? Əgər belə bir sevda kiminsə ba­şından keç­miş­disə, baş dediyin o gərəksiz yükü öz üstündə hansı sağlam çiyin sax­layacardı? Əgər belə bir rəy pərdə arxa­sında for­ma­laşırdısa, de­mək partiyadaxili təşkilat məsə­lələ­rində, kadrların seçilib yerləş­dirilməsində, dövlətin təhlükəsizliyini təmin et­məli orqanların fəa­liyyətində ciddi səh­və yol verilmişdi. Bəs, gü­nah­kar kim idi? Axı, 1922-ci ildən təşkilati məsələlər bila­va­sitə Baş katibin nəza­rətində idi. Bütün səla­hiyyətlər onun əlində cəm­ləşmişdi. Demək, diq­qət­dən ya­yın­malar vardı. Öz səhvini taleyin ümi­dinə bu­rax­­madan özü dü­zəltməli idi. Amma necə?
Mühüm hadisələrlə əla­mət­dar olan 1934-cü il başa çatmaq üzrə idi. Həmin il Kiro­vun tərcü­meyi-halına yazı­la­caq hadisələr də az olmamışdı: Leninqrada və SSRİ-nin Şimal-Qərb bölgə­lə­rinə rəhbərliklə yanaşı, Mər­kəzi Ko­mitəyə katib seçildi. Neft səna­yesinin bərpası və ye­ni­dən qurul­ması sahəsində xidmətlərinə gö­rə Lenin ordeni ilə təltif edildi. Ki­ro­­v hər­dən şikar dalınca şəhər kəna­rındakı meşələrə gedərdi. Am­ma, daha çox həmvətənləri arasında xain ovuna çıxmağa meyil göstərərdi. O vaxt Rusiya Elmlər Akademiyası Le­nin­qradda yerləşirdi. Otu­zun­cu illərin “təmizlik” əmə­liyyatlarının fəal iştirakçılarından olan Kirov elm xa­dim­lərinə özəl sürpriz hazır­la­mış­dı. Bilavasitə onun təşəbbüsü ilə görkəmli akade­mik Sergey Fyodo­ro­viç Platonova qarşı uydurma ittihamlar irəli sürülərək, cina­yət işi açıldı. Xü­susi yaradılan hökumət komissiyasının sədri Fiqatnerlə bə­ra­bər Sta­linə və Orco­nikidzeyə təcili teleqram vurub çekistləri elm xa­dim­lə­rinin ifşası üçün hazırlanan əməliyyata cəlb etmək barədə icazə istədi. Alim­­­ləri elm aləminə vurduqları ziyanla yana­şı, So­vet qu­ruluşunu yıxıb əvə­zində konstitusiyalı monarxiya qurmaq məq­sədilə əksin­qi­labı təşkilat ya­rat­maqda suçladılar. Çox keçmədi ki, omların bir qismini tutdular, bəzilərini gül­lələdilər. Yetmiş yaşlı Pla­tonovu isə Samaraya sürgün etdilər. O, hər həf­tə OQPU-nun yerli şöbə­sində qey­diyyatdan keçməli idi. Ahıl ça­ğın­da bu zülmə səbri nə qə­dər dözsə də, səhhəti tab gətir­məyib ürək ça­tışmazlığından 1933-cü ildə vəfat etdi. Minlərlə günahsız insa­nın müqəd­də­ratı ilə oyna­yan, ailələr vi­ran qoyan Miron oğlunun özünə də tale qə­ribə sür­priz ha­zır­­la­mış­dı. 1934-cü il dekabrın 21-də İosif Stalinin 55 yaşını qeyd etmək ona nəsib olma­ya­caqdı.


SOÇİDƏ SON İSTİRAHƏT

Soçidəki yay iqamətgahını Stalin çox bəyənirdi. Ürəyi istəyən dostları yanına çağırıb, lazım gələndə elə oradaca müəyyən mə­­sə­lələri müzakirə edərdi. Bu baxımdan Kirovu Soçiyə dəvət et­məsi kimsəyə qeyri-adi gö­rünmədi. Həmin günlərdə Jda­novu da ora çağırdı. Neçə vaxt idi ki, Koba Andrey Aleksandroviçi Kirova əvəz ha­zırlayırdı. Mənim diqqətimi çəkən başqa şey oldu. Avqust ayında rəhbərə mehman olan Kirov Smolnıya qayıdıb öz yerində qərar tut­mamış onu Qazaxıstana taxıl təda­rü­künə gön­dəriblər. O böyüklükdə vəzifə sahibini bu işə cəlb etməklə, Leninqrad kimi mü­hüm və mürəkkəb vilayəti bir aydan çox başsız qoymaq çoxmu vacib idi? Sentyabrda Orta Asi­yadan qayıdan kimi Kirov yenə Moskvaya çağırılır. Belə düşünmək olar ki, Stalinin adamları bu müddət ərzində keçmiş pay­taxt­da Kirovun xəbəri və iştirakı ol­ma­dan hansısa tədbirlər həyata keçi­rir­dilər. Kim­səyə sirr deyil ki, özün­dən xəbərsiz heç mənzil-istismar kon­to­ru­nun müdirinin kabi­netinin yerini dəyişməzlər. Smolnıda olma­dığı gün­­lərdə Kirovun iş otağını başqa yerə köçürmüşdülər. Gö­rən nə baş verirdi?

SMOLNIDA ONU GÖZLƏYƏN VARDI

Noyabrın 30-da Moskvada keçirilən növbəti plenumdan ye­nicə qa­yıdan Kirov günor­ta­dan sonra şəhərə başmaq sey­rinə çıx­mışdı. Bazar gü­nü tək­ba­şına Leninqrad küçələrini gəzib do­la­şırdı. Ətrafa sahib ədasıyla nəzər salsa da, şəxsən tanımadığı adam­lar­la doğ­malartək hal-əhval tutur, mehriban davranır, sə­mimi söh­bət­ləşirdi. Axı, bir gün son­ra Uritski adı­na saray­da keçi­ri­lə­cək yı­ğıncaqda par­tiyanın Noyabr ple­nu­mu­nun nə­ticələri barədə danışacaq, Mər­kəzi Komitənin, şəx­­sən Stalin yoldaşın qar­şıya qoyduğu yeni vəzifə­ləri fəallara çatdıracaqdı. Ne­çə vaxt­dan bəri hamı­nı narahat edən müx­təlif suallar getdikcə çoxalırdı. Yığın­caqda sorğu-sual atə­şi­nə tutula­ca­ğını Kirov qa­­­­baq­ca­dan bilirdi və ona gö­rə də növ­bə­ti görü­şə ciddi hazırlaşırdı.
Hə­min gün evdə zəhləsini tö­kə­cək kimsə yox idi. Mariya Lvovna müa­licəxana­da tə­davi gö­rürdü. İsti­ra­hət günü oldu­ğundan xidmətçi dincəlirdi. Dörd yaş özündən böyük olan həyat yoldaşı Markusla araların­dakı soyuq­luq zaman ötdükcə buz bağladığından o, kö­nül rahatlığını evdə deyil, baş­qa yuvalarda axtarırdı. Bu barə­də söz düşəndə Matilda Kşesin­skayanın keç­miş malikanəsi, elə­cə də Opera və Balet teatrı yada dü­şər­di. Ki­rov təkcə tamaşa seyr etmək üçün deyil, həm də göz və könül ox­şa­yan səhnə ulduzları ilə görüşmək üçün teatra gedərdi. Onun pə­rəs­tiş et­diyi və yaxın əlaqədə olduğu aktrisalar sırasında əsasən Aqre­pina Vaqa­nova, Tatyana Ve­çeslo­va, Natalya Dudinskayanın ad­ları çəkilərdi. Birin­ci katibin özgə qa­dınlarla əylənməyi xoşlaması Neva sahi­lində kim­səyə sirr deyildi. Milda Draule ilə olan əlaqələri isə neçə vaxt­dan bəri dedi-qodu möv­zusuna çev­rilmişdi. Amma qadınlarla əylənmək təkcə onun şakəri de­yildi. Sovet rəh­bərl­əri keçmiş şah­lardan fərqli ola­raq, hərəmxana saxla­ma­salar da, eyş-işrətlə məşğul olmağa xüsusi diqqət ayırardılar. Hətta, ən qəd­dar və zalım adam kimi tanınan Lavrenti Pavloviç Beriyanın da ən zəif damarı çoxlarına məlum idi. Sovetlərin gizli xidmət idarəsinin rəh­bəri özəl həyatının gizli mə­qamlarını tənzim­lə­məyi, başqa söz­lə desək, hacəliyi mil­liyyətcə erməni olan Sarkisov familiyalı NKVD əmək­­daşına həvalə edərmiş.
Şəhər gəzintisindən sonra evə qayıdan Kirov yazı masası ar­xa­­sın­da otu­rub sabahkı mə­­ruzə mətni üzərində çalışdı. Əməlli-başlı yu­xu­­sunu almamış ömrünün so­nuncu sə­həri üzünə açıldı. Ruslar de­­yərlər ki, bazar ertəsi ağır gün­dür, la­kin Sergey həmin gün ca­nında heç bir ağırlıq və ya narahatlıq hiss etmədən rahat yorğan-döşəyindən qalxıb özünə çay süfrəsi hazırladı. Elə şeyləri yaxşı baca­rırdı. Axı ovçu idi. Meşədə saat­larla pusquda durma­ğın, şi­ka­rını ala-çiy də ol­sa, tonqalda qızardıb yeməyin ləzzətini dad­mışdı. Qəhvəaltıdan sonra işə zəng vurdu ki, gör­sün nə var, nə yox. “Hamı öz yerində, hər şey qaydasındadır, narahat olma­yın, yoldaş Ki­rov”, - deyə vi­layət partiya komitəsinin ikinci katibi M. Çu­dov məlumat verdi. Mi­ronı­­çın sözlə­rin­dən ikinci katib belə nəticə çı­xartdı ki, onlar bir də axşamkı iclasda görüşəcəklər. Kirov evdən birbaşa Saraya getsəydi, bəlkə də həmin gün o qanlı hadi­sə baş verməyəcəkdi. Fəqət, Mironıç nədənsə iş yerinə baş çək­mək is­tədi. Saat 16.00 - da qaraja zəng vurub ma­şın çağırdı. Ev­dən çı­xıb küçəylə aramla ad­dım­layırdı. Maşın arxasınca imək­lə­yirdi. Qo­rumaları nə­zər cəlb etmədən onu təqib edirdi. Son bir ildə, qorumalarının sayı xeyli artmışdı. Mərkəzi Komitənin qəra­rıy­la rəhbər işçilərin mühafizəsinə cavab­deh olan yeni qurum yara­dıl­mışdı. Təsdiq edilmiş təli­mat­da hansı vəzifə sahibinə neçə nəfər qoruma ayrılması konkret göstəri­lirdi. Kirovun şəxsi müha­fizə xid­məti 15 nəfərdən ibarət idi. Troitski körpüsü­nə ça­tan­da Ser­gey maşına minərək sürücüyə göstəriş verdi: “Birbaş Smolnıya”.
Mühüm inzibati binalarda, adətən bir neçə giriş-çıxış qapısı olur. Smol­nıda da yüksək rəhbərlər özəl qapıdan istifadə edər­dilər. Amma, hə­min gün birinci katibin maşını ümumi girişin önün­də da­yandı. Çün­ki o, belə istə­miş­di. Mərtəbələri qalxdıqca, dəh­liz­lər­dən keçdikcə Mi­ro­nıça salam verən kim, kefini xə­bər alıb söz soruşan kim... Ser­gey sanki kimsəni görmür, heç nə eşitmir, xəya­lı göylərdə do­laşırdı. Elə bil harasa tə­ləsirdi. Olmaya onu göz­lə­yən vardı? Həmin vaxt aparat iş­çiləri Çu­dovun otağında iclasa toplaş­mış­dı. Bəlkə, onlara deyiləsi sözü, tapşı­rığı olacaqdı? Yox, o, kabinetinə tə­ləsirdi. Kələfin ucu deyəsən elə orada gizlə­n­mişdi...

VİDA ZƏNGİNİN NƏ VAXT ÇALINACAĞI
KİMSƏYƏ BƏLLİ OLMAZ


Əgər deyilənlər doğrudursa, yəni qısqanclıq zəminində neçə vaxt­dan bəri qəlbi qisas hissi ilə döyünən Leonid Niko­la­yev Ki­rovla məhz bu yerdə qarşılaşıb onu qətlə yetiribsə, demək, dün­­ya­nın ən bö­yük təsadüflərin­­dən biri 1934-cü il dekabrın 1-də Smol­nıda baş vermişdi. Lap Yuli Sezar söy­ləyən kimi: “gəldim, gördüm, qə­ləbə çaldım”. Kirovun müəmmalı qətliylə əlaqədar ya­zılan­ları oxu­yan­da eyni hadisəni hərənin bir cür təsvir etməsi diqqətimi çəkdi. Kirovun hansı qapıdan binaya daxil olması haq­­­­­da olan fikirlər belə haçalanır. Hal­buki birinci şəxslərin gəliş-gedişi xüsusi dəf­tərxana kitabında mütləq qaydada qeyd olu­­­nub arxivdə saxlanılır. Nə isə... Görək, Le­ninqrad İcra Komitəsinin əməkdaşı M.Roslyakov dekabrın 1-də baş verənləri necə xatır­layır. O, ikinci katib M. Çu­dovun otağında ke­çirilən iclasda iştirak edirmiş. Sözlərindən belə məlum olur ki, gül­lə sə­sinə təşkilat şöbəsinin müdiri A. İvçenko ilk olaraq dəhlizə atılıb. Çıxmağı ilə geri dön­mə­yi də bir olub. Üzündə qeyri-adi ifadə varmış, dili söz tutmur, yerində do­nub qal­mış­dı. Roslyakov özü dəhlizə çıxanda qəbul otağının qapısında Kirovu ye­rə yıxılan vəziyyətdə görüb. Üzüqoylu uzanan katibin səs-səmiri çıxmırdı. Sol qoltuğu­nun arasındakı qovluq necə varsa, eləcə də qalmışdı. Bir mülahi­zə də var ki, guya Kirov iş otağına məruzə mətninin dalınca gəl­mişdi. Şahid isə qovluqdan yerə səpələnən kağızların məhz mə­ruzə mətni olduğunu söy­ləyir. Roslyakov Kirovun ba­şı­nı qaldı­ra­raq haylayıb ki, bəl­kə səs verə. Cavab gəlməyib. Sonra Nikola­ye­vin əlindən tapan­çanı alaraq ba­şının üstünü kəsdirən Leninqrad şəhər partiya komitəsinin katibi A.İ.Uqa­rova təhvil ve­rib. Kirovun sağ tərəfində arxası üs­tə uzanıb qalmış şübhəli şəx­sin ciblərini arayanda par­tiya bileti və cib dəftəri tapıb. Onları da Uqa­rov gö­türüb. Bu məqama da diqqət yetirin: şübhəli bilinən ada­mın əlin­dən silahı mühafizəçilər deyil, Roslyakov alıb. Niko­laye­vin cib­lə­rini o axtarıb. Belə çıxır ki, hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşlarından, qo­rumalardan kimsə yox imiş. Şəxsi mü­hafizə­çi Borisov izahatında yazır ki, atəş səsini eşidib hadisə yerinə özünü yetirəndə Kirovu yerə sərilən görüb və dərhal şüb­hə­li şəxsi tərk­s­­ilah edib. Şahid ifadələrində bunu öz adına çıxa­ran başqa adam­lara da rast gəldim. Kirovun qətli ilə bağlı aparılan yoxla­ma­­ların hamısında qətlin baş vermə epizodu təsvir edilib. Əsas şa­hid qis­mində adı çəkilən kapitan Borisov həmin gün həbs edilir. Bir gün sonra, yəni dekabrın 2-də onun NKVD-nin təcridxa­na­sından Smolnıya yük maşınında gətirilməsi də təlimata uyğun deyildi. Ötən əsrin otuzuncu illərində küçələri avtomobilə həsrət qalan Leninqrad­da yük maşının istiqamətini itirərək qar­şı­dakı bi­naya çırpılması sağlam məntiqə sığmır. Borisov aldığı kəllə-beyin zədə­sin­dən yerindəcə həlak olur. Maraqlıdır ki, istiqamətini itirən yük ma­şınının çırpıldığı 50 nömrəli binada NKVD-nin əmə­liyyat şöbəsi yerlə­şir­miş. Çox sonralar məlum olacaq ki, Borisovu mü­şa­yiət edən çekistlərin heç biri öz əcəliylə ölməyib. Sağ qalan sürücünün otuz ildən sonra qəzayla bağlı xatirələri də il­ginc­­­­dir. Sürücü deyir ki, iki çekist kuzovda dustağa göz qoyurdu, biri də onun yanında oturmuşdu. Gözlənilmədən əməliyyatçı sü­kandan yapışıb maşının istiqamətini də­yiş­­məyə cəhd edəndə ma­şın az qala aşacaqmış. Sürücü son anda güc işlədib sü­kana hakim olsa da qəzanın qarşısını ala bilməyib. Bu «təsadüfdən” ölən yalnız kapitan Borisov olub. Cavabsız qalan daha bir sual: nəyə görə qətl hadi­səsindən sonra ilk dindirilən məhz Mil­da Drau­le idi və nə üçün dindirilmə protokollarından bəzi vərəqlər çı­­xa­rılıb? Bu səhifələrdə onun harada, saat neçədə, hansı şəraitdə saxlanıldığı, sorğu-sual edilməsinin səbəbi açıq­lanırdı. Əllinci il­lərin ikinci yarısında (yəni, Xruşşovun rəh­bərliyi dövründə - E.B.) həmin vərəqlər ci­nayət işinin material­larından rəsmən çıxarılaraq akt üzrə məhv edilib. Niyə?

1 DEKABR, 1934-CÜ İL

Hadisə yerinə ilk yetişən yaxınlıqdakı tibb məntəqəsinin işçiləri ol­ub. İyirmi dəqiqə sonra təcili yardım xidməti gəlib. Smol­nıya şə­hərin ən görkəmli tə­bib­ləri çağırılıb. On­ların arasında məşhur cər­rah İ. Canelidze də var idi. Fəqət, bir aləm ağ xalatlının bir ara­ya yığışması “toydan sonra nağara”nı xa­tırladırdı. Çünki, yaxın mə­sa­fədən açılan atəş öz işini gör­müş­dü. Me­­yidi diriltməksə insan əməli deyildi. Sar­sıntı için­də olan hə­kim­lər hər ehtimala qarşı, nəb­­zi susan, nə­fə­si kəsilən Kirovun üzərində xeyli əlləşdilər. Am­ma, ölünün heç qıdığı da gəlmədi. Bütün bun­lar Kirovun iş ota­ğın­da cə­rə­yan edir­di. NKVD-nin Lenin­qrad idarəsinin rəisi Filip Med­ved, İdarənin baş həkimi Ma­mu­şini də özüylə gətirmişdi ki, bəl­kə bu çıxılmaz vəziyyətdə işə yarasın. Ümumi çaşqınlıq hiss olu­nurdu. Filip Med­ved bura gəl­məzdən öncə Moskvaya zəhg edib Smol­nıda baş verən terror aktı barədə öz rəisinə məruzə et­mişdi. Hadisə yerində tərtib olunan ilk xidməti məlu­matı imza­la­yıb te­leq­rafla xalq komissarı Yaqodaya göndərdi. Məlumatda de­yilirdi:
“1 dekabr saat 16.30 radələrində Smolnı binasının 3-cü mərtə­bə­sin­də iş otağının 20 addımlığında naməlum şəxs tərəfindən Kirov yoldaşın baş nahiyəsinə atəş açılmışdır. Şəxsiyyəti tam məlum olun­mayan saxlanılan şübhəli, cibindən çıxan sənədlərə görə, 1904-cü il tə­vəl­lüdlü, 1924-cü ildən partiya üzvü Leonid Vasilyeviç Ni­ko­layevdir. Yoldaş Kirov kabinetindədir. Həbs olu­nan Ni­ko­layev dindirilmə üçün NKVD-yə göndəril­miş­dir. Onun həyat yoldaşı Milda Draulenin həbsi barədə sərən­cam verilmişdir. Smolnıda əmə­liy­yat-axtarış işləri da­vam edir.”
Med­ved məlumatı saat 18.30 da imza­lamışdı. 16.30-da aldığı güllə yarasından iki-üç dəqiqə sonra dünyasını dəyişən Kirov iki saat öz kabinetində niyə qalmalı idi? Məgər, Medved bilmirdi ki, Kirov qış yuxusuna getməyib? Onun bioloji həyatı tükəndiyindən həkimə ehtiyacı qal­ma­yıb? Belə vəziyyətdə yanında keşikçi deyil, keşişin olması daha münasib idi.
Qanlı olaylar barədə Kaqanoviçə Vilayət Partiya Komitəsinin ikinci katibi Çu­dov məruzə etmişdi. Bəd xəbəri Stalinə ilk çatdıran deyəsən Kaqanoviç ol­muşdu. Axşam saatlarında Baş katib kö­mək­­­çisinə Çudovla telefon əla­qə­si yaratmağı tapşırdı. Stalinlə bir­başa xəttə olduğunu bilən Çudovun dili kəkələyir, ağ­zı söz tut­mur­­du. Onun cavabların­dan qane olmayan Stalin dəs­təyi həkim­ə verin dedi. Ayaq üstə farağat duran Çudov Canelidzeyə te­lefona çağırıldığını de­yən­də həyə­canın­dan əsirdi. Axı, xəttin o başında yoldaş İosif Vissa­ri­o­­no­viç şəxsən gözləyirdi. Bir anda ortalıq sü­kuta qərq oldu. Sta­linin İustin İllivanoviçə xüsusi ehtiramı və eti­ba­rı vardı. Vəziyyəti onun məruzə edəcəyini biləndə artıq sual ver­məyib professoru din­­lədi. On­ların öz aralarında gürcücə da­nış­ması hər kəsin diq­qətini çəkdi. Kirovun aldığı güllə yarasından dərhal keçindiyini bil­dirən həkim ölümün dəqiq sə­bə­blərini aydın­laşdırmaq üçün me­yiti tibbi müayinədən ke­çirməyə icazə istədi. Rəh­bərin razılığını alandan sonra cəsədi xəstəxanaya apardılar. Müa­yinə zamanı yəqin ki, ilk növbədə ən mühüm məsələ güllənin han­­sı isti­qa­mətdə beyni zə­də­lədiyini təyin etmək idi. Baş nahiyə­sində yeganə dəlik vardı. De­mək, güllə ağız boşluğundan bayıra çıx­mış­­­dı. Boyu 1 metr 68 san­ti­metr olan Kostrikovu (Kiro­vun ger­çək soyadı - E.B.) güllə­lə­di­yi güman edilən Nİkolayevi Al­lah qəd­di-qamətdən də məh­rum etmişdi. Onun boyu Kirovdan gö­dək idi. Metr yarımlıq Nikolayev ayağının altına stul qoyma­lıydı ki, ta­pançadan atılan güllə belə istiqamət alsın. Bunu bizdən də yax­şı məşhur cər­rah bilməliydi. Amma, dinib-danışan olmadı. Ha­zır­­la­nan arayışa o da yazıldı ki, mədəsində cüzi qastrit əla­məti is­tis­na olmaq­la, 48 yaşlı Ki­rovun soyumuş əndamı tam sağlam imiş. Güllənin hansı tapançadan açıl­ması, əldə edilən gilizlərin Niko­la­ye­vin si­la­hına aid olub-olmaması kim­səni maraqlan­dır­madı. Axı, dəh­­lizdə Mironıça bir baş­qası, lap elə ar­xasınca gələn ka­pitan Bo­­ri­sov, yaxud yaxınlıq­dakı mühafi­zəçilərdən Auzen, Dudeyko, Bal­kovski də atəş aça bilərdi...
Qəribədir ki, cinayət işində hadisə yerinin planı da yoxdur. Hə­min axşam Nikolayevi ruhi xəstələr üçün nəzərdə tutu­lan 2 say­lı şə­­hər xəstəxanaya aparsalar da psixi eksperti­zadan ke­çir­mə­yib­lər. Cinayətin törədilməsində istifadə olunan odlu silah, elə­cə də Smolnıda açılan hər iki güllənin gilizi üzərində ballistik eks­pertiza aparılmayıb.
Hadisə yerində şübhəli şəxs qismində saxlanılan Nikolayevin din­di­ril­məsi davam edirdi. Gecə yarıya kimi onunla bilavasitə NKVD - nin Lenin­qrad idarəsinin rəhbəri Medved, mü­a­­vini Fomin, iqtisadi şöbənin müdiri Moloçnikov, məxfi-siyasi şöbə­nin rəis müa­vini Stromin işləyirdi. Nə qədər sorğu-sual etsələr də Leonid bir­mə­­­nalı şəkildə israrla təkrarlayırdı, deyirdi ki, qətli təkba­şı­na dü­şü­nüb həyata keçirmişəm. Heç bir köməkçim olmayıb. Kim­sə mə­ni bu işə təhrik etməyib. Səbəb 8 aydan bəri işsiz qal­ma­ğım, rəh­bər par­ti­ya orqanlarına göndərdiyim yazılı müraciətlərimə vax­tın­da ba­xılma­ması, bir də ailə-məişət zəminində yaranan prob­lemlər olub.
Səkkiz aydan bəri partiya işindən uzaq­laş­dı­rılan Ni­ko­laye­vin əl-qolu sallana-sallana, tapança belində şə­hərdə sərbəst do­laş­ması, istədiyi vaxt Smolnıya rahat girib-çıx­ması məgər şüb­hə doğur­mur? Diqqət çəkən daha bir məqam. Oktya­brın 15-də Smol­nının ətraflnda Nikolayevi şübhəli şəxs kimi tutub saxlamış­dılar. Onun üzərində silah aşkar edil­miş­di. Cib dəf­tə­rində Kirovun ev istiqamətində hərə­kət marşrutunu əks etdirən qrafik qeyd­lər var­dı. Bu barədə operativ şəkildə NKVD rəh­bərliyinə məlumat verilib. Az keçmədən Daxili işlər ko­missar­lığı Lenin­qrad vilayət ida­rəsinin rəis müa­vini İvan Zaporojets Mərkəz­dən göstəriş alır: “Saxlanılan şəxs sorğu-sual edilmədən dərhal azadlı­ğa bura­xıl­sın”.

STALİN YENƏ SMOLNIDA

Həmin axşam Stalin hökumətin rəhbəri Vyaçeslav Molo­tov, Müdafiə məsələləri üzrə komissar Kliment Voroşilov, Da­xili işlər komissarı Yenox Yaqoda, MK yanında Partiya nəza­rəti komis­si­ya­sının sədr müavini Nikolay Yejov, Baş prokuror And­rey Vışinski və digər yüksək vəzifəli məmurlarla birlikdə qatarla Le­ninqrada yol­landı. Fəqət, bu barədə kütləvi informasiya vasi­tələrində rəsmi mə­lumat verilmədi. Hərdən düşünürəm ki, 1934-cü il dekabrın 1-də Stalinin gecəylə Le­nin­qrada yollanmasının əsl səbəbi nə idi? Yal­nız yaxın dos­tunun, silahdaşının faciəli ölümü? Axı, əziz-xə­ləf anası Ketevan vəfat edəndə dəfndə iştirak etmək üçün Gür­cüs­­­tana get­mə­di. Stalin kimi bərkdən-boşdan çıxan, inqilab alov­la­rı­nın içində püx­tə­­ləşən, duyğularını, istəklərini siyasi ma­raq­­la­rı­nın quluna çe­vir­məyi bacaran bir li­derin bu addımı atmağına da­ha ciddi sə­bəb olmalıydı. Əgər o, təcili qata­ra minib hadisə ye­ri­­nə tələ­sir­di­sə, demək onun siyasi maraqlarına real təh­lükə ya­ran­mışdı. Nə imiş nigarançılığın gerçək səbəbi? Hadisələri izlə­mə­yə davam edək.


2 DEKABR

Qə­zet­lər­də dərc olu­nan rəs­mi mə­lu­mat­lar­da par­ti­ya və hö­ku­mət rəh­bər­li­yi adın­dan də­rin hüzn­lə bil­di­rir ki, 1934-cü il de­kab­rın 1-də sa­at 16.37-də fəh­lə sin­fi­nin düş­mən­lə­ri tə­rə­fin­dən gön­də­ri­lən qa­ti­lin əliy­lə Si­ya­si Bü­ro üz­vü, Mər­kə­zi Ko­mi­tə­nin ka­ti­bi, Le­ninq­rad vi­la­yət par­ti­ya ko­mi­tə­si­nin bi­rin­ci ka­ti­bi Ser­gey Mİro­no­viç Ki­rov hə­lak olub. Sə­bəb hə­lə gös­tə­ril­mir. Dəf­nin təş­ki­li ilə əla­qə­dar xü­su­si döv­lət ko­mis­si­ya­sı ya­ra­dıl­dı­ğı, mə­ra­si­min ayın 6-da, sa­at 15.00-da Qı­zıl mey­dan­da ke­çi­ri­lə­cə­yi bil­di­ri­lir. Rəs­mi mə­lu­mat­da vur­ğu­la­nır ki, sin­fi düş­mən­lə­rin kö­kü bir­yol­luq kə­sil­mə­li­dir. Müt­tə­fiq res­pub­li­ka­la­rın möv­cud ci­na­yət-pro­ses­sual ko­dek­si­nə tə­ci­li su­rət­də edi­lən əla­və­lər qüv­və­yə mi­nir. Bu də­yi­şik­lik­lər­dən son­ra ter­ro­rizm nə­ti­cə­sin­də baş ve­rən ci­na­yət­lə­rin is­tin­taq müd­də­ti mak­si­mum 10 gün müəy­yən edil­di. Müt­tə­him it­ti­ham­na­mə ilə yal­nız məh­kə­mə­dən bir gün ön­cə ta­nış ola bi­lər­di. Pro­se­sin tə­rəf­lə­rin iş­ti­ra­kı ol­ma­dan da ke­çi­ril­mə­si qa­nun­la müm­kün sa­yı­lır. Əhv ba­rə­də ka­sa­si­ya şi­ka­yə­ti­nə bax­maq ya­saq­la­nır. Məh­kə­mə qə­ra­rı­nın dər­hal ye­ri­nə ye­ti­ril­mə­si­nə tap­şı­rıq ve­ri­lir.
Le­ninq­ra­da ça­tan ki­mi, də­mir­yo­lu vağ­za­lın­dan bir­ba­şa Smol­nı­ya yol­la­nan Sta­lin ha­di­sə­nin ne­cə baş ver­di­yi­ni araş­dır­ma­ğa baş­la­dı. Onun Nİko­la­yev­lə gö­rü­şü Ki­ro­vun iş ota­ğın­da keç­di. Bu haq­da ya­zı­lan­lar müx­tə­lif­dir. Rəs­mi sə­nəd­lər ol­ma­dı­ğın­dan hə­rə eşit­di­yi­ni bir cür qə­lə­mə alıb. Bə­zi­lə­ri de­yir ki, gu­ya Ni­ko­la­yev rəh­bə­ri gör­cək ürək­lə­nib. Ayaq­la­rı­na yı­xı­la­raq eti­raf edib ki, onu ci­na­yə­tə təh­rik edən çe­kist­lə­ri idi. Açıq­la­ma ve­rib ki, 4 ay ər­zin­də NKVD-nin 4 əmək­da­şı bu ci­na­yə­tin döv­lət ma­raq­la­rı­na xid­mət et­di­yi­nə onu inan­dı­rıb. Din­dir­mə­də Ki­ro­vun müa­vi­ni Çu­dov şə­hər pro­ku­ro­ru Pal­ça­yev də iş­ti­rak edir­di. Pal­ça­yev təc­rü­bə­li hü­quq­şü­nas idi. Dər­hal dərk et­di ki, Leo­ni­din ağ­zın­dan qan püs­kü­rən ifa­də­lə­ri eşit­mək hər iki­si­nə ba­ha ba­şa gə­lə­cək. Odur ki, tez­lik­lə in­ti­har edə­rək üzü­su­lu bu dün­ya­dan köç­dü. Am­ma, son mə­qam­da Çu­do­vu xə­bər­dar et­miş­di ki, ka­bi­net­də Ni­ko­la­ye­vin eti­ra­fı­na şa­hid ol­du­ğu­muz üçün bi­zi sağ bu­rax­maz­lar. Ki­ro­vun müa­vi­ni mə­sə­lə­nin nə də­rə­cə­də cid­di ol­du­ğu­nun fər­qi­nə var­ma­dı, bəl­kə heç pro­ku­ror dos­tu­nun təş­vi­şi­ni əsas­sız say­dı. Gün­lə­rin bi­rin­də göz­lə­mə­dən onu həbs edən­də vax­ti­lə dos­tu­nun xə­bər­dar­lı­ğı­na eti­na­sız ya­naş­dı­ğı­nı özü­nə ba­ğış­la­ma­dı...
Smol­nı­da din­dir­mə­lər apa­ran Sta­lin mü­ha­fi­zə­çi­si Bo­ri­so­vun ya­nı­na gə­ti­ril­mə­si­nə gös­tə­riş ver­di. Az son­ra eh­ti­yat­la ona mə­ru­zə et­di­lər ki, ka­pi­tan təc­rid­xa­na­dan Smol­nı­ya gə­ti­ri­lər­kən yol - qə­za ha­di­sə­sin­də al­dı­ğı zə­də­dən ye­rin­də­cə hə­lak olub. Bu xə­bər onu bərk qə­zəb­lən­dir­di.
Da­ha bir sürp­riz: hə­min gün Sta­lin NKVD Le­ninq­rad ida­rə­si­nin rəh­bə­ri Fi­lip Dem­ya­no­viç Med­ve­din həbs olun­ma­sı ba­rə­də gös­tə­riş ver­di. Bir müd­dət son­ra onu da “xalq düş­mə­ni” ki­mi gül­lə­lə­yə­cək­di­lər.

3 DEKABR

Moskvaya yola düşməzdən əvvəl Leninqraddakı vəziyyətin qarışıq və gərgin olduğunu öz gözüylə görən Baş katib cinayət işinin yubanmadan hərtərəfli araşdırılmasının labüdlüyünü hər kəsin diq­qə­tinə çatdırdı. Daha sonra Yejovu qatardan endirərək, istintaqın gedişinə şəxsən nəzarət etməyi və bu barədə mütəmadi olaraq ona məlumat verməyi tapşırdı.
Mənim təxminimə görə, Stalini Smolnıda baş verən hadisədə bir insan, yaxın iş yoldaşı, silahdaş, məsləkdaş itkisindən daha çox, Mərkəzi Ko­mi­tə katibi, Siyasi Büro üzvünün mənəviyyat düş­künü kimi dünyasını dəyişməsi na­ra­hat edirdi. Axı, inqilabın be­şi­yi sayılan tarixi binada eyş-işrətlə məşğul olan partiya liderinin qıs­­­qanclıq zəminində qətlə yetirilməsi dünya ictimaiy­yətində bol­şe­vik rəhbəri obrazı ba­rə­də mənfi fikir yaradar, onun kadr siya­sətinə kölgə sala, xələl gətirə bilərdi. Əxlaqsızlıq çanağı Kirovun öz başında çatlasa da, hadisəni olduğu kimi ictimaiyyətə çatdır­maq iqtidar nümayən­də­lərinə müəyyən mənada mənəvi zərbə endirə, xa­ricdən so­vetlərə qarşı əks-təbliğatı gücləndirə bilərdi. Bütün bun­la­rı birmənalı şəkildə yolverilməz sayan Stalin mövcud xətanın qar­şısını almaqla, ma­­hir ovçunu - Kirovu, Nikolayevin şikarı kimi deyil, əks-­inqilabçıların, terror­çuların, zinovyevçilərin mütəşəkkil cinayətkar dəstəsinin qurbanı kimi tarixdə yaşatdı. Məsələyə bu cür yanaşma onun digər gizli və daha ciddi hədəfləri ilə üst-üstə düşürdü. Hər zaman niyyəti gizli, əməlinin nəticəsi aşkar olan Koba, görən bu qəra­ra nə vaxt gəldi? Gecə qatarla Piterə gə­ləndə, yox­sa Smol­nıda keçirdiyi gö­rüşlərdə, toplan­tı­larda, dindir­mələrdə hə­qiqət aydınlaşanda? Bəlkə bu ha­disələr baş verməzdən daha öncə, Kreml­dəki iş otağında növbəti siyasi ge­dişlərini götür-qoy edəndə? Görən, çekist­lərin gizli tapşırığını həyata ke­çirdiyini Kobaya etiraf edəndə Nikola­yev nə­yə ümid bəsləyirdi?

4 DEKABR

Stalinlə görüşündən sonra aparılan dindirmələrdə Nikolayev əvvəlki ifadələrini dəyişərək şəhərdə gizli fəaliyyət göstə­rən əks-inqilabi qruplaş­maya mənsub olduğunu boynuna aldı. Bə­yan etdi ki, indiyədək verdiyi yan­lış ifadələr istintaqı cinayətin əsil səbə­bi­nin, qay­nağının, işti­rakçı­la­rının aşkar edilməsindən ya­yın­dır­maq məqsədi daşı­yıb. Qeyd edib ki, bu aksi­ya­nın So­vet hakimiy­yətinə, bolşeviklər par­tiyasına qar­şı ölkədə artan nara­zılıq dalğa­sı­nı hərəkətə gətirə­cə­yini gözlənilirdi. Leonidin cib dəftə­rində ya­zı­lan bir ünvan əməliy­yatçıların diqqə­tindən yayınmadı: Gertsen küçəsi, 43. Yanında te­lefon nömrəsi də var idi: 196-82. Hə­min ünvanda Almaniyanın Baş konsulluğu yer­ləşirdi. Sən demə, son aylar işsiz-gücsüz dola­şan Niko­layev dəfə­lər­lə kon­sulluğu ziyarət edibmiş. Hər dəfə ora­dan çıxanda Torq­sin mağazasına yolla­nar­mış. Özü də alış-veri­şin pulunu alman markı ilə ödəyərmiş. Onun hansı xidmətlərinə görə cibinə alman pulu qoyulması məlum de­yil. Maraqlı­dır ki, de­kabrın 2-si, yəni hadisə törədilən günün sə­həri, Baş konsul Ri­xard Zommer kimsəyə xəbər vermədən qata­ra minib Finlan­di­yaya yollandı. Halbuki, diplomatik qaydalara gö­rə, Baş kon­sul bu barədə Xarici İşlər Xalq komissarlığına mütləq qaydada mə­lumat ver­mə­liydi. Zommer ömrünün sonuna kimi bir də SSRİ-yə qa­yıt­ma­dı. Bu qaranlıq məsə­ləyə altı komissiyanın heç biri ay­dınlıq gətirmədi.
“Pravda” qəzeti yazırdı ki, Kirovun qətlində günahkar olan ağ qvar­diyaçı terroristlərin böyük bir qrupu həbs olunmuşdur. Bu o demək idi ki, qətli törədən bir nəfər deyil, mütəşəkkil cinayətkar dəstədir. Həbslər davam edirdi.

6 DEKABR

Moskvada keçirilən vida mərasimində Stalinin tabuta yaxınla­şıb meyitin alnından öpməsi diqqət çəkdi. “Pravda” qəzeti yazırdı ki, bu öpüş böyük sovet dövlətinin, qüdrətli sovet xalqının Kirova olan mə­həb­bətinin ifadəsi idi. Mərasimdə çıxış edən V. Molotov bir daha bəyan etdi ki, qətl hadisə­sində fəhlə sinfinin düşmənləri, ağqvar­diyaçı al­çaqlar, xarici agentlər gü­nahkardır. Tezliklə onla­rın ifşa olu­nacaq­larına xalqı əmin etdi. Bir daha xatırladaq ki, ilk ifadələrində Leonid Niko­layev cinayəti qısqanclıq zə­minində tək­başına törətdiyini israrla bəyan edirdi.

7 DEKABR

Dindirmələrdə vəziyyət bir qədər də dəyişdi. Cinayəti tək­ba­şı­na tö­rət­mədiyini etiraf edən Leonid Nikolayev onu təhrik edən­lə­rin və kömək­çi­lə­rinin müxalifət düşərgəsinin təm­silçiləri, da­ha də­qiq de­­sək, zinovyevçilər olduğunu etiraf etdi.

15 DEKABR

Leninqradın yeni rəhbəri Jdanov kommunistlərin plenumunda müxalifət nümayəndələrini kəskin surətdə tənqid etdi və Kirovun qətlində onların iştirakının müəyyənləşdiyini söylədi. Tezliklə ci­na­yətkar dəstə üzvlərinin layiq­li cəza alacaqlarına vətəndaşları əmin etdi.

16 DEKABR

1934-cü ilin yanvarında Zi­novyev və Kamenev partiya sıra­la­rına bər­pa edil­mişdi. Amma, Kirovun qətli­nin əsas təşkilatçı­ların­dan olduqları gü­man edilən Lev Nikolayeviç Kamenev və Qriqori Yevseyeviç Zinovyev dekabrın 16- da yeni­dən həbs edil­di.

18 DEKABR

“Leninqradskaya pravda”nın baş məqaləsində vaxtilə Oktyabr inqilabının beşiyi başında dayanan Kamenev və Zinovyevə birmə­na­lı olaraq “faşist tör-töküntüsü” damğası vuruldu.

19 DEKABR

Nikolayevin dindirmələri davam edirdi. Onu gah qorxudaraq, gah könlünü almaqla dilə tuturdular. Dindirmələr uzun sürürdü. Ondan istədiklərini eşitməyəndə müstəntiqlər hər vasitəyə əl atırdılar. İş­gə­ncələrə dözməyən Nikolayevin intihar cəhdi baş tutmadı. NKVD-nin ssenarisində belə sonluq nəzərdə tutulmurdu. O, hələ lazım idi. İstintaqa verdiyi ifadələri məhkəmədə təsdiq etməli olacaqdı.

21 DEKABR

İosif Vissa­riono­viç Cu­qaşvili 55 yaşını Moskva yaxınlığındakı bağ evin­də yaxın dost­­ları və qohumlarının iştirakı ilə qeyd etdi. Süf­rə­də xüsusi təm­tə­raq nə­zə­rə çarpmasa da, şahidlərin dediyi­nə görə, məclisdə səmimi or­tam şən əhval - ruhiyyə hökm sü­rür­dü. Bud­yon­­nı bayan çalır, Jda­­nov ro­ya­lın şirmayi dillərini səs­lən­­dirirdi. Qonaqlar xalq mahnıları oxuyur, rəqs edir, rəh­bə­rin şə­rəfinə badə qaldırıb sağlıq deyirdilər. O gecə qırxı hələ çıxmayan Kirovu yada salan olmadı.

22 DEKABR

Stalin hüquq-mühafizə orqanlarını süründürməçilikdə təqsir­lən­dirirdi. Göstəriş verdi ki, Kirovun qətli ilə bağlı məsələyə ayın so­nu­­na kimi yubanmadan baxılsın. Cinayətdə əli olanların hamısı ifşa edilərək cəzalandırılsın. Məhkəmə ərəfəsində Kollegiyanın sədri Ulrix Stalınlə görüşüb onun məsələyə münasibəti ilə maraq­lananda birmə­nalı şəkildə cavab aldı. Baş katibin fikri qəti idi. O, cinayətkar dəstənin bütün üzvlərinin güllələnməsini istə­yirdi. İndi qoy ədalət məhkə­mə­sinin üzvləri nə qədər istəyirlər fikirləşib baş sındırsınlar. Necə olsa, 28-nə kimi vaxtları vardı. Onun mövqeyi Baş prokurorun müavini Andrey Vışinskiyə də məlum idi. Əslən odessalı Vışinski də vaxtilə bakılı olmuşdu. 1908-ci ildə inqilabi fəa­liy­yətinə görə məsuliyyətə cəlb olunanda uzun müddət Bayıl həbsxanasında Stalinlə bir kamerada qalmışdı. Ağır illərdə yaranan dostluq münasibəti ömür boyu davam edirdi. Belə olmasa, siyasi əqidəsini menşeviklərlə paylaşan, hətta 1917-ci ilin iyununda Petroqradda Leninin və Zinovyevin həbsinə göstəriş imzalayan hüquqşünas Vışinski Sovet dövründə nəinki yüksək vəzifə tuta, heç sağ-salamat qala da bilməzdi. Xatırladaq ki, ona partiya sıralarına qəbul olmaq üçün zəmanəti şəxsən Koba verimişdi. Stalinin zəmanət verdiyi ikinci adam, deyəsən heç olmayıb. Kirovun qətli ilə bağlı keçiriləcək məhkəmə prosesində dövlət ittihamçısı Andrey Vışinskinin özü iştirak edəcəkdi.

28 – 29 DEKABR

14.20-də başlayan məhkəmə iclası 16 saatdan çox davam et­di. Dekab­rın 29-u qarlı qış günündə səhərə yaxın oxunan hökm 14 nəfərin üzünə sabahı əbədi qapatmış oldu. SSRİ Ali Məhkə­mə­­si Hərbi Kollegiyasının səy­yar sessiyasının qə­rarı ilə Kirovun qətlində gü­nahkar bilinən müttə­him­lərə güllələnmə cəzası verildi. Nikolayev və digər 13 nəfərin Lenin­qrad­da fəaliyyət göstərən gizli zi­no­v­yev­çi antisovet qrupun fəal üzvləri olduğu xü­susi qeyd edil­di. Nikolayevə guya söz ver­mişdilər ki, 3-4 il həbs düşərgə­sində baş girləyib azadlığa buraxılacaq. Haqqında ölüm hökmü çıxa­rıl­dığını eşidəndə “məni aldatdılar ”, deyə bağırdı. “Bu ədalət­sizlik­dir ”, - de­yib əda­lət məh­kəməsini ədalətli olmağa çağırdı. Digərləri də ittiha­mı etirazla qarşı­layıblar. Amma, bütün bunlara əhəmiyyət verən ol­ma­dı. Həmin gün səhər saat 7.40 - da hökm yerinə ye­ti­rildi.

30 DEKABR

İlin son günlərində statistik rəqəmlərdən məlum oldu ki, məm­lə­kət­də 1 milyon 200 min adam mü­ha­kimə edilib. Bilavasitə NKVD xətti ilə baxılan cinayət işlərinin sayı 79 minə çatır­dı. O illərdə böyük bir zindana, əmək-islah düşərgəsinə çevrilən Sovetlər birliyində dağılan ailələrin, bədbəxt talelərin nə dəqiq hesa­bı­nı aparan vardı, nə də bu faciələrə görə kimdənsə hesab so­ruldu. Onlar da əmin idilər ki, “qaliblər mühakimə olunmur”. Bu yalnış müddəa çoxunu yoldan çıxarıb. Əslində dövran dəyişəndə, ilk mühakimə olunan keçmiş qaliblər olur.

31 DEKABR

Yeni ili məhbəsdə qarşılayan 32 yaşlı Milda Drau­le­nin fikri-zikri sa­hib­siz qalan iki övladının yanında idi. Am­ma, onları bir daha gör­­­mək anaya nəsib olmayacaqdı. Ki­rov­suz ötən ömrü­nün ikicə ayı tamam olanda Smolnıdakı qətlin törədil­məsində onu da mü­qəs­sir bilərək güllələyəcəkdilər. Özü də təkcə onu yox, yaşlı ana­sını, bu məsələlərə heç bir aidiyyatı olmayan bacı­sını, bacısının ərini də eyni aqibət göz­lə­yirdi. Görən da­ha kimlər tutu­lacaq, da­ha kimlərin vətən xai­­ni ol­­duğu aşkarlana­caq­dı? Hələ ki, bu işlərlə bilava­sitə Xalq Komis­sarı Yaqoda məşğul olur­du. Onun səlahiy­yət­ləri böyü­dük­cə, ömür payı özün­dən xəbərsiz kiçilirdi. Sinəsini bəzəyən Qır­­mı­­zı Bay­­­raq ordeni, ”SSRİ-nin Fəxri çekisti” nişanı və ən son layiq gö­rül­­­düyü Lenin or­de­ni yaxın gə­lə­cəkdə onun özünə ünvan­lanacaq ciddi ittihamların qarşı­sı­na sipər ola bilməyəcəkdi. Şərəfinə ucaldılan böyük heykəli də bir gecədə part­la­dacaqdılar. Kirovun qətlindən dörd il sonra Smol­nıda baş verən­lərdə şəxsən Yaqodanı da günahlan­dı­ra­caq­dılar. Nahaq yerə de­mir­­lər ki, “dü­nən fərman verən bu gün can verir”. İnsan və insanlıq ucuz­laşıb dəyərdən dü­şən­də, mənəvi eybəcərlik dəbdə olanda, insan haq­ları, azad söz, azad fikir tapdaq altında qalanda, mizan - tərə­zi­nin tarixən əldən-ələ keçməsi barə­də həqiqət unudulanda bu cür ha­di­sə­lə­rin baş ver­mə­si təbiidir.
Yeni il axşamı hər kəs evinə, ailəsinə, yaxınlarına, əzizlərinə ruzi-bərəkət, əmin-amanlıq diləyirdi. 1935-ci ildə daha nə baş ver­mə­liydi ki, sosializm quran sovet xalqı bir az da “xoşbəxt ” olsun, bir az da “yaxşı” yaşasın?

HƏQİQƏTƏN BAŞ VERƏNLƏR HƏQİQƏT OLMAYANDA

Hə­yat yoldaşı Leonid Nikolayevi 13 nəfər “cinayət ortağı ” ilə birlikdə gül­­lə­lən­mə­­sindən məh­bəsdə saxlanılan xanım xəbərsiz idi. Onun vida zən­gi 1935-ci il martın 9-da çalınacaqdı. Hazırlanan terror aktı ba­rədə bilib, vaxtında xəbər ve­r­­­­mə­­diklərinə görə Mildaya, bacısı Ol­qa və onun həyat yoldaşı Ro­­­man Kulişerə ayrıca cinayət işi açıl­mış­dı. Bu işıq­­­lı dün­­ya­da hər üçü­­­nün vədəsi yaz gələndə bitə­cək­di.
Nikolayev +13 nəfər. Bu nəhs siyahıda kim­lər vardı? Kirovun qət­lində on­ların iştirakı nə­dən ibarət idi? Qalın-qalın qovluqlarda “Le­nin­­qrad mər­kə­zi”nin işi, Mərkəzdən xü­susi tapşırıq almış ter­ror­çu qru­pun əməliyyat pla­nı barədə hər hansı sübut, tutarlı dəlil indiyədək üzə çıxmadı. Cinayət ha­disə­sinin üstündən altmış il keçəndən sonra bəraət alan 13 nəfər keçmiş “terrorçu”nun adları mənə bəlli olan­da mütəşəkkil qrup barədə fikrin siyasi sifariş yeri­nə yetirmək məqsə­dilə meydana gəldiyinə gümanım artdı. Ölümə məhkum edilən “cinayətkar”ların bir neçəsinin adını xatırlatmaq istəyirəm:
1. Leninqrad Sənaye institutunun tələbəsi, Vıborsk rayon kom­so­mol komitəsinin katibi İ. Kotolınov.
2.Leninqrad quberniyasının keçmiş komsomol katibi V.Rum­yant­sev.
3. Mühəndis N.Şatskoy.
4. Leninqrad Sənaye institutunun tələbəsi V.Zvezdov.
5. Leninqrad Sənaye institutunun tələbəsi N.Antonov.
Leninqraddakı məhkəmə prosesinə bir həftə qalmış, yoldaş Sta­­linə təq­dim olunan siyahıda 23 adamın adı yazılmışdı. Koba əlinə qələm alıb öz xəttiylə sənəddə dü­zə­liş­lər aparıb. “S.M. Kiro­vun qətli “Leninqrad mər­kə­zi”nin gizli terror­çu dəstəsinin tapşırığı ilə Ni­kolayev tərəfindən həyata ke­çirilib“ cüm­­ləsini şəxsən mətnə əlavə edib. Daha sonra siyahıya bir də əl gəz­dirərək, cə­mi 14 nə­fərin adını sax­layıb. Bir neçə müxa­lifət­çi­nin, o cüm­lədən Ka­me­nev və Zinov­yevin adlarının üstündən xətt çəkib. On­ların vədəsi bir qədər sonra gə­­ləcəkdi. Bir ay sonra gizli fəaliyyət göstərən “Moskva mər­kəzi”nin üzv­ləri məh­­­kə­məyə çıxarılacaqdı. Beləliklə, Kamenev və Zinov­yev o si­ya­hının bəzəyi ola­caqdı. Onsuz da, Trotskinin təbi­rin­cə desək, “si­ya­si əkizlər” zindanda saxla­nıldıqla­rın­dan tam zərərsizləş­diril­mişdi.
Smolnıda açılan atəş səsinə 3-cü mərtəbənin dəhlizinə çı­xıb nə­sə gö­rən, eşidən, duyan, qanlı olaydan az-çox xəbərdar olan 79 nə­fər canlı şa­hi­di bir-bir dindirib həqiqəti üzə çıxarmaqdansa, səbəb və əsas ol­ma­dan işdən qovdular. Ki­rov muzeyi­nin di­rek­toru Tatyana Suxarnikovanın araş­dır­ma­larına görə, onları müx­təlif bə­hanələrlə azad­lıqdan da məh­rum etdilər. Görünür, icti­ma­iy­­yətdən gizli saxlanılan bəzi məlu­mat­­ların azad qafalarda qal­ması məslə­hət de­yilmiş... Təqvim ili təzələnsə də Smolnıdakı qətl hadisəsi uzun müddət gün­­dəmdə qaldı. Həbslər, soruşdurmalar eyni min­valla davam xeyli etdi.

9 YANVAR 1935-Cİ İL

Leninqradda fəaliyyət göstərən əksinqilabçı zivovyevçi qrup­laşma üzvlərindən Səfərov və Zalutskinin rəhbərlik etdiyi dəs­təsinin cinayət işi ilə əla­qə­dar daha 77 nəfər azadlıqdan məhrum edildi.

15 YANVAR

Başsız qalmış “Moskva mərkəzi”nin üzvlərindən 19 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat yayıldı.


16 YANVAR

SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasının qərarı ilə bir qrup vətən­daş beş ildən on ilə kimi azadlıqdan məhrum oldu. İttiham edilənlərin arasında kimlər vardı?
1.Zinovğev Qriqori Yevseyeviç
2.Kamenev Lev Borisoviç
3. SSRİ Qida Sənayesi Xalq Komissarlığının süd məhsulları idarəsinin rəisi Q.Yevdokimov.
4. “Başelektrikşəbəkə” trestinin rəisi İ.Bakayev
5. Rusiya Yerli Sənaye Məhsulları xalq komissarlığının idarə rəisi Y. Şarov
6. Rusiya Dövlət Plan Komitəsinin bölmə müdiri İ.Qorşenin
Tam siyahı 19 nəfərdən ibarətdir.
Məhkəmə onları görün nədə günahkar bildi:
- Zinovyevin başçılıq etdiyi müxalifətçi dəstəsinin fəal üzvü olmaqda,
- Sovetlərin əleyhinə gizli fəaliyyətlə məşğul olmaqda,
- Əks-inqilabi “Moskva mərkəzi”nin tərkibində çalışmaqda,
- Kirovun qətlinin təşkilatçısı olan “Leninqrad mərkəzi” ilə sıx əlaqə saxlamaqda və cinayət tərkibli iş birliyində.
Nəticədə rəsmən elan edildi ki, mühakimə olunanlar Kirovun qətlində siyasi və mənəvi məsuliyyət daşımaqda suçlu bilinirlər.

17 YANVAR

“Moskva mərkəzi”nin məhkəmə prosesi başa çatan günün səhəri Stalin Mərkəzi Komitə adından yazılan məktubun layihəsini müza­kirə üçün Siyasi Büro üzvlərinə yolladı. Məktub belə adlanırdı: “S.M.Kirovun qəddarlıqla öldürülməsi ilə bağlı hadisələrdən ibrət dərsi”.

18 YANVAR

Heç bir düzəliş edilmədən Siyasi Büroda təsdiqlənən məktub qapalı iclaslarda oxunmaq üçün partiya təşkilatlarına göndərildi. Mətndə deyilirdi ki, özlərini “Leninqrad mərkəzi” adlandıran zinov­yevçilər qruplaşma tərəfin­dən xüsusi qəddarlıqla həyata keçi­rilən qətl hadisəsinin ideya-siyasi rəh­bərliyini “Moskva mər­kəzi” öz üzərinə götürmüşdür. Onlar konkret S.M.Ki­ro­vun qətlə yetirilə­cəyindən bəlkə xəbərsiz olsalar da, orada hökm sürən terrorçu­luq əhval-ruhiyyəsi barədə, görünür xəbərdar idilər və bu emosi­ya­ları daha da qızışdırırdılar. Zinovyevçi müxalifətçilər siyasi riya­karlıqda gü­nahlandırıldılar. Məktubda deyilirdi ki, onlar ağqvar­di­ya­çı ziyanəvərlərlə, casuslarla, satqınlarla bir sıradadırlar. Tək­rar-təkrar vurğulanırdı ki, zinov­yevçilər ağqvardiyaçılar qədər təh­lükəlidir. Onlara qarşı barışmaz mövqe tutmaq tövsiyə olu­nurdu.

26 YANVAR

Zinovyevçilər bir-bir aşkarlanır, ifşa edilirdi. İctimai qınaq, tər­biyəvi iş, partiya cəzası artıq Cinayət Məcəlləsinin müxtəlif mad­­də­ləri ilə əvəz olunmuşdu. Lenin­qrad­­­­dan Sibirin şimalına və Yakuti­ya­ya 3-4 illiyə 663 nəfər “zi­nov­yevçi” sürgün edildi. Sta­tistik məlumatlar göstərir ki, 1935-ci ilin yanvar ayının sonuna ki­mi, NKVD tərəfindən bu məsələ ilə bağlı yalnız Leninqrad vila­yə­tində minə yaxın adam həbs edildi. Tədqiqatçılar Stalinin şəxsi arxivində Leninqrad və Moskva şə­hərlərində fəaliyyət göstərən zinovyevçi “Mərkəz”lə əlaqəsi olan adamların siyahısına rast gəliblər. Onlar yazırlar ki, bu siyahını öz xəttiylə Koba tərtib edib­miş. O vaxtlar ictimaiyyətə həqiqət kimi qəbul etdirilən bir çox şey, əslində həqiqətən baş verənlər deyildi. Sovet hökmdarının istədiyi, məsləhət gördüyü hər nə varsa, həqiqət elə o idi. O, nə yazmışdısa, nə demişdisə, nə etmiş­di­sə düz idi. Çünki, ixtiyar sahibi idi. Çəkməçi Vissarion oğlunun dün­ya­ya meydan oxu­­yacağı günlər bundan sonra da hələ uzun müddət davam edəcəkdi...

“QATİL OVU” BİTMİRDİ

“Leninqrad mərkəzi” və “Moskva mərkəzi” işi üzrə cinayət məs­u­liyyətinə cəlb edilənlərə doxsanıncı illərdə ölümlərindən sonra bə­raət verildi. Deyir­lər ki, ikinci həyat yoxdur. Yoxdursa, onda ge­­cik­miş bə­raət­ kimə lazım? Xəritələrdən silinən bir dövlətin si­nə­lər­dən silin­məyən dərdlərini milyonlarla adam özünə yük edib na­məlum ölülər səltənətinə apardı.
Stalinin siyasi rəqibləri Ki­rovun qətlində günahkar bi­linərək si­ya­si are­nanı növbə ilə tərk edir­di. Müttəhimlərin dilindən ina­nıl­maz etiraflar səs­lənirdi. Kütləvi həbs­lər baş alıb gedən vaxtda dü­nən yüz­lərlə adamı azad­lıqdan məh­rum edənlərin özlərinə bir müd­dət sonra məhbus paltarı gey­di­rərək cəzaçəkmə yerlərinə gön­də­rir­dilər. Le­nin­­qradın daxili işlər ko­missarı Medved, onun müa­vini Za­parojets, hətta Sovet İtti­faqı Daxili İşlər Xalq Ko­mis­sarlığının rəhbəri Yaqoda da Smolnıdakı cinayətdə təqsirkar bili­nərək həbs edilmişdi. 1938-ci ildə Yaqoda məhkəmə qarşısında ən ağır cə­zaya məhkum olundu. Onun şəxsi katibi P.Bu­lanovun məh­kəmədə səsləndirdiyi fikirlərə diq­qət yetirin: “Yaqoda mənə dedi ki, NKVD-nin Leninqrad idarə­si­nin əməkdaşı Borisov Kiro­vun qətlinin iştirakçısı olub. Leninqrada gələn hökumət rəh­bərləri hadisənin şahidi kimi, onunla görüşüb bəzi mə­sə­lələri aydınlaş­dır­maq istəyi məlum olanda, Zaporozets bundan ən­dişələndi. Ya­qo­da­nın göstərişilə Zaporo­zets elə etdi ki, Borisovu təcrid­xanadan Smol­nıya apa­ran vaxt baş verən yol qəza ha­di­səsində Mixail öldü. Bunu bədbəxt hadisə kimi rəsmiləşdirdilər. Heç ci­nayət işi də açılmadı.”
Tarixçi alim Y.Jukovun araşdırmalarına görə Nikolayevin cinayət işi ilə bağlı 17 nəfər güllələnmə cəzası aldı. 106 nəfər iki ildən on ilə kimi müxtəlif müddətə azadlıqdan məhrum oldu. Məh­kəmə qərarı olmadan 663 nəfər sürgünə göndərildi. 325 nəfər məcburi surətdə Leninqraddan başqa yaçayış yerlərinə kö­çü­rüldü. Kimin ağlına gə­lər­di ki, Kamenev, Zinov­yev, Medved, Za­parojest, Yaqoda, Yejov, Yenukidze Kirovun qət­lində günah­kar bilinəcəkdilər?
Kirovun 1938-ci ildə dərc olunan rəsmi tərcümeyi-halında cina­yətlə bağ­lı deyilənlər diqqətimi çəkdi: “1934-cü il dekabrın 1-də Leninqrad bolşe­vikləri Uritski adına saraya toplaşaraq, Kirov yoldaşın Mərkəzi Komitənin son Ple­nu­munun yekunları barədə çıxışını dinləməyə hazırlaşanda o, Smol­­nıda öz kabinetinin qapısında arxadan oğrun-oğrun ya­xın­laşan mən­fur muzdlu faşıst qatilin, trotskiçi banditin gül­lə­sin­dən hə­lak oldu .”
“Faşist qatil”, “trotskiçi bandıt” ifadələrinə diqqət yetirin. 1938-ci ildə Zi­novyev daha yada düşmür, “Zinovyev-Kamenev qrup­laş­ma­sı” ifadəsi işlə­dilmir. Hədəfdə indi Trotski və Avropada baş qal­dı­ran, bəzi ölkələrdə artıq hakimiyyətə gələn faşistlərdir.
Qırxıncı, əllin­ci, altmışıncı, hətta dox­sanıncı illərdə də əli Kirovun qanına bula­şan­­ların axtarışı davam edirdi. NKVD general-ley­te­nantı Pavel Sudop­latov qır­xıncı illərdə Litvanın dövlət təhlükəsizlik nazi­rin­dən eşitdiyi bir he­ka­yəti xatirələrində qələmə alıb. Müha­ribədən sonrakı dövrdə na­zir tap­şı­rıq almış ki, Litvanın əyalət şə­hərlərindən birində gizlə­nən Kiro­vun qatilinin həbs edilməsi üçün tədbirlər görsün. Sual olu­nur: bir hal­da ki, Nikolayev əlbir olduğu 13 nəfər dəstə üzvü ilə 1934-cü il dekabrın 28-də məhkəmə qə­­rarı ilə Kirovun qatili kimi gül­­lələn­miş­disə, qırxıncı illərdə Litva me­şə­lərində axtarılan kim olacaqdı? Bəl­kə həmin ölülər təkrar xortlamışdı? Mən hələ bu hadisəylə bağlı di­gər zərərçəkənlər barədə təkrar söz açmaq is­tə­mirəm. Sudoplatov litvalı həm­karının sözlərinə əsasən yazır ki, əmə­liyyat axtarışları tez­liklə nə­ti­cə verdi. Tutulan da oldu. Amma, həmin adam qatil yox, Mosk­va­ya ya­lan məlumat göndərən bir alkoqol düşkünü çıxdı. Ano­nim olmasına baxmayaraq, Mərkəzi Komitədə həmin məktub xüsusi nəzarətə gö­tü­rülmüşdü. Axı söhbət Kirovun “qatilindən” gedirdi...

BÖYÜKLƏRİN GÜNAHI DA BÖYÜK

S.M.Kirov sovet rəhbərliyində yeganə adamdır ki, ölümü ilə bağlı söz-söhbət Tanrının ona bəxş etdiyi ömür payı 1934-cü ildə ya­rımçıq tamam­lanandan ta indiyədək davam edir. Bu günə kimi qə­tlin necə və nə sə­bəb­dən baş verməsi tam dəqiq məlum deyil. Bu məsələ üzərində müx­təlif vax­tlarda nəinki hüquq-mühafizə or­qanları, hətta ölkə baş­çılarından Stalin, Xruş­­şov, Qorbaçov da şəxsən baş sın­dırmışlar. Ayrı-ayrı vaxtlarda bir neçə səla­hiy­yət­li ko­mis­siya yaradılıb, araşdırmalar apa­rılıb, ümumilikdə altı fərq­­­­li səbəb irəli sürülüb. Nəha­yət, 1990-cı ildə Ru­siya Fede­rasi­yasının Məh­kəməsi cina­yətin Nikolayev tərəfindən qıs­qanc­lıq zəmi­nində törə­dildiyini təsdiq edərək, ay­rıca qərar çıxarıb ki, bu mə­sələ bir daha məhkəmə araşdırması predmeti olmasın. Beləliklə, 75 bundan öncə çıxarılmış səs-küylü cinayət işinə 1990-cı ildə biryolluq xitam verən məh­kəmə Marksın atası Leonid Nikolayevi Kirovun qatili kimi tanındı. Bəs, ata-ana­dan yetim qalan Marksla kiçik qardaşı Leonidin taleyi necə oldu?
“Millətlər atası” Stalinin dillər əzbəri olan məşhur ifadə­si o illərdə tez-tez səslənərdi: “oğul atasına görə cavabdehlik da­şı­mır”. Nə böyük riya­karlıq, İlahi. “Xalq düşməni” adıyla həbs olu­nan insanların ailə üzvlərinin, qohumlarının acı taleyi hamıya mə­lumdur. Övladlar “düşmən” valideyn­lər­dən imtina etməyə təhrik olunurdu. Bu hə­rəkət yeni insanın inkişaf etmiş yüksək siyasi şüurunun göstəricisi kimi qiymətlən­dirilirdi. Ağlı kəs­mə­yən kör­pələri başqa adla sənədləşdirib uşaq evlərinə göndərirdilər ki, keçmişlə əla­qə biryolluq kəsilsin. Leonid Nikolayev və həyat yoldaşı Milda Draule Kiro­vun qətlində günahkar bilinərək güllələnəndə böyük oğlu Marksın cəmi 5 yaşı vardı. Güman edilir ki, onu və kiçik qardaşını başqa adla əyalət şə­hər­lərindən birinin körpələr evinə yerləşdirmişdilər.
Smolnıda baş ve­rən qətl ba­rədə yazılar mətbuat səhi­fələrində dərc olunmaqda hələ də davam edir. Hər dəfə yeni məqam­lar üzə çıxmasa da, məlum faktlar yeni dövrün gö­züylə incələnir, on­la­ra müna­si­bət bildirilir, ta­rixi həqiqəti olduğu kimi üzə çıxar­mağa növbəti cəhd gös­təri­lir. 2005-ci ildə bir rus vətəndaşı Kiro­vun qət­liylə bağlı televi­zor­da filmə baxandan son­ra rəsmi orqanlara müraciət edərək repressiya illərində po­zulan hüquq­ları­nın bər­pa­sına çalışıb. 70 yaşlı ixtiyar iddia edib ki, o, Leonid və Mildanın oğlu Marks­dır. İndi heç Karl Marksa da sahib çıxma­yan Rusiyada o qo­ca­nın hansı Marks olması xüsusi diqqət çək­məsə də, Baş pro­kurorluq araş­dırma apardı və müraciət edənin həqiqətən rep­res­siya qur­banı olduğunu təsdiq­lədi. Yetimçiliklə keçən həyatının vida anı yaxınlaşanda qatil Leonid Niko­layevin oğlu kimi özünü cəmiyyətə təqdim edən qoca Marks bəlkə də bu­nunla öz tər­cümeyi-halına üsyan edib qara bəxtini gec də olsa oyatmaq və yalnız bun­dan sonra gözlərini əbədi qapatmaq istəyirdi. Bir sual or­taya çı­xır: əsl xalq düşməni kimdir? Əli minlərlə günahsız ada­mın qa­nına bula­şan Kirov, yoxsa qatil olub-olmadığı hələ də şüb­hə doğuran za­val­lı Marksın al­dadılan, alçaldılan və “Leinqrad mərkəzi” nin tap­şırığını yerinə yetirən ter­rorçu kimi qəbir evinə gön­dərilən atası Leonid?
Belə bir məsəl var: “Açaram sandığı, tökərəm pam­bığı”. Tarix göstərir ki, günü gələndə, saatı yetişəndə irili-xırdalı bü­tün qapalı sandıqlar açılır və içində nə varsa ortaya qoyulur. Kimin ağlı­na gələrdi ki, həmin gün Kirovun əynindən çıxarılıb ev muzeyin an­barında istifadəsiz qalan ge­yim əşyaları, 70 il sonra sa­hibi barədə gizli mətləb­lə­rin üzə çıxmasına səbəb olacaq. 2004-cü ilin dekab­rında Rusiya Federasiyası Müdafiə nazirliyinin 111 saylı Məhkə­mə -Tibbi ekspertizası Kirovun qəllinin hansı şərait­də baş veridi­yi­ni yenidən araşdırdı. Tədqiqata ekspertiza sahəsində görkəmli mütəxəssis kimi ta­nınan professor S. Zosimov, Müdafiə Nazirli­yi­nin Baş məh­kəmə-tibbi eksperti V.Kolkutin, S.Kirovun ev-muze­yinin direk­toru T.Su­xar­nikova da cəlb edilmişdi. Mütə­xəs­sislərin səyi nəti­cəsində ma­raq­lı faktlar üzə çıxdı. Apa­rılan tra­soloji araş­dır­ma­lar göstərdi ki, kəl­lə sümüyündəki güllə dəliyi ilə onun pa­pa­ğındakı deşik düz gəlmir. Yəni, baş ayrı, papaq ayrı dəlinib. Bu isə qətllə bağlı yeni mü­la­hizənin mey­da­na gəlməsinə əsas ver­di. Belə məlum oldu ki, Ser­geyin kəllə-be­yin nahiyəsinə üzü­qoylu uza­­nan vəziy­yət­də ar­xadan atəş açılıb. Papaq çox güman ki, son­radan dəlinib. Yetmiş il son­­ra bir ma­raqlı məqam da aş­kar­landı. Ki­rovun muzeydə sax­lanılan alt palta­rın­dakı ləkələrin bio­loji ana­lizi nəticəsində müəy­yən edildi ki, həmin gün Sergey Miro­novıç məşu­qəsi ilə cinsi əla­qədə olub. Bəlkə, kabi­netdə baş ve­rən bu iyrənc hadisənin şahidi olmaq və təbii ki, qisas almaq üçün Leo­nid “xeyirxah dostları” tərəfindən məqsədli şəkildə Smol­­­nıya yö­nəldil­mişdi? Ona görə silahı təhvil vermədən da­xil olduğu höku­mət bi­na­sında arxayın hərəkət edirdi. Gözüylə gör­düklərindən dəhşətli sarsıntı keçirən aldadılmış və alçaldılmış kişinin qıs­qanc­lıq zəminində cinayət əməli kənar­dan hər kəsə təbii gö­rü­nəcəkdi. Bəlkə də üzbəüz otaqdan güllə səsinə özü­nü yetirən qorumalar yarımcan Ki­ro­vu kabinetdən dəhlizə çıxarıblar ki, rüs­­vayçılıq ol­ma­sın? Təsadüfü deyil ki, hadisədən 15 dəqiqə sonra Smol­nı­dan birbaşa NKVD-yə gətirilən Mildanı məx­fi-siyasi şöbəsinin 4-cü böl­məsinin rəisi Koqan özü sorğu-sual edirmiş. Yoxsa, ilk din­di­rilən niyə Ni­ko­layevin arvadı olma­lıy­dı? Dəhliz əməliyyatı əv­vəlcədən dü­şünülmüş pla­na ox­şayır. Bütün bunları ekspromt şəkildə düzüb-qoşmaq ağlası­ğan iş deyil. Hər atılan addımı yüksək səviyyədə razılaşdırmadan bu cür incə və iri miq­yaslı məx­fi əməliyyatı nə Medved, nə onun müavini Zapa­ro­jets öz­başına həyata keçirə bilməzdi. Odur ki, cinayətin qabaq­ca­dan hərtərəfli şəkildə hazırlanmış plan əsasında baş ver­mə­si ba­rədə müəyyən şübhələr, fərziyyələr yaranırdı. Amma, siyasi motivlər əsasın­da ağır ittihamlar, həbs­lər, edamlar baş alıb getdikcə, Ki­rovla Draulenin intim müna­si­­­bətləri, cina­yətin qısqan­clıq zə­mi­nin­də törədilmə ehtimalı gündəmdən bir dəfəlik si­li­nirdi. Sergeylə Mil­da arasında nə baş vermişdi? Deyilənlərin, danı­şı­lan­ların, göz­lə görülənlərin müəyyən əsası vardı, yoxsa bütün bunlar Lenin­qrad bolşeviklərinin liderini ləkə­ləmək istəyən siyasi rə­qib­lərinin növbəti uydurması idi? Kirovun ölümü bir qığılcım oldu və aləmi od bürüdü. Bu odun tüstüsünə boğu­lan­lar da oldu, istisinə qızınan yox, köz kimi qızaran, alışıb yanan da vardı. Güllə səsi qulaqlar­dan getməmiş, yə­­­ni da­­­ha dəqiq de­sək, hadisədən 15 də­qiqə son­ra keçmiş gimnazist Milda Draule artıq çe­kistlərə ifa­də verirdi. De­mək ki, üç əsas iştirakçı - Ser­gey, Leonid və Milda - ola bilsin mə­­ha­rətlə qurulan qanlı tamaşanın final səh­nə­sində işti­rak et­mək üçün eyni vaxtda Smolnıda qurulan tələdə idilər. Pərdə arxa­sında qalan müəllifin, quruluşçu rejis­sorun isimləri indiyədək na­­mə­lum­dur. Bir şey birmənalı şəkildə ay­dındır ki, baş ve­rən olay­lar­dan son­­ra ölən Ki­rov, faydalanan Stalin oldu. Amma tamaşa bu­nun­la bitmədi. Stalin - Trotskini, Zinovyevi, Kamenevi və onların əlaltı­la­rını, Xruşşov - Stalini və onun rep­ressiya maşını olan NKVD-ni cina­yətin təşkilatçısı kimi cəmiyyətə tanıt­mağa çalışırdı. Qorba­çov­sa bu mə­sə­lədə daha çox Xruşşovla həmfikir olduğunu nüma­yiş edirdi. Kiro­vun qətli ilə bağ­lı bir çox sənəd indi də məxfi şə­ra­it­də saxlanılır, on­larla ta­nış olmaq qəti qada­ğandır. Bu isə o deməkdir ki, məsə­lə ilə bağlı qarşıda növbəti sürprizlərlə rast­laş­maq mümkündür.
Tarix boyu, şair Hüseyn Arif demişkən, “hərə bir tor atıb, bit tələ qurur”. Tələyə düşənlərin hamısı suçlu olmadığı kimi, çox suç­lu da ömür boyu tə­ləsiz ötüşür. Kənardan seyrçi möv­qeyindən ha­di­sələri izləyənlər haqsız­lığın dünyada ən ağrılı-acılı dərd ol­du­ğunu bilməzlər. Sovet­lərdə milyon­lar­la ailə bu əzabla, bu dərdlə zə­hər­lənən günlərini, aylarını, illərini yaşama­lı oldu. Tarixin çəkə bilmə­diyi ağır yükü ailələr öz talelərində, ki­şilər çiyinlə­rində, qadınlar ürəklərində daşıyıb son mənzilə özləriylə apar­dılar. Rəh­bərlərə ucal­dılan çox­saylı heykəllərin kölgəsi başsız qalan ailələri payızın soyuq səmum yellərindən, qışın ayazlı şaxtasından, yaz yağ­mur­la­rından, yayın qızmar günəşindən qo­ru­madı. Bəlkə elə ona görə bir ada­ma kölgə qədər xeyri dəyməyən yalançı bütlərə ucaldılan abidələr Zama­nın əda­lət mizan-tərəzisi ətalət yuxusundan ayılıb, işə düşən kimi, kəllə-ma­yallaq aşırlar? Milyonlarla insa­nın təsəl­lisi bundadır ki, tez-gec Əda­lət zəfər çalır! Dəniz sinəsi tə­miz­lənsin deyə, özündə güc tapıb suyun üzündəki çirkabı sahilə atdığı ki­mi, Zaman da qaranlıq mətləblərə işıq salır ki, gizlilər aş­kar­lansın, həqiqət üzə çıxsın, insanların mənə­viyyatı saflaşsın, haq­­qın varlı­ğı­na inam artsın. Bütün sirlərin öm­rü üstü açılan gün tükənir. Yalançı bütlərin dövranı daha qısa olur: bir vaxtlar Bakının ən uca nöqtəsindən hamıya mey­dan oxuyan Kirov kimi!