Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

VAQIF BƏHMƏNLI
DIAQNOZ

Roman


SEYRAN SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


CAMAL YUSIFZADƏ


QILMAN İLKİN
Xalqinin müztərib oğlu


Sabir SARVAN


Etibar BABAYEV
YALANA HEYKƏL
(“Tarix - ibrət alanlar üçün dərsdir” silsiləsindən)­


SƏRVAZ HÜSEYNOĞLU


Nizami MURADOĞLU


İrina NİKİTİNA
POSTMODERNİST SƏNƏT


POEZİYA
 

VAQIF BƏHMƏNLI
DIAQNOZ

Roman


 

Bu silsilə­yə daxil olan yazıla­rın hər biri, əslində, ayrıca yaranıb. Amma bir-birinə yaxın müd­dət­lər­də; 2008-ci ilin on-on beş qızmar yay gü­nün­də. Təqribən eyni zaman içində doğulan bu silsilə məhz indiki zaman haqqındadır.

Yazıla­rı qaynar vaxt ocağı­nın qış­qır­tı­sı da adlandırmaq olar.

Bu şeirlər min illər boyu cəmiyyət həya­tı ilə bağlı olan sadə həqi­qəti bəl­kə də mininci də­fə təkrarlayır: insanların amansız zaman sınaqlarına dö­zə­rək, yaşayaraq kamilləş­məsində hər dür­lü idarəet­mənin payı olduqca cüzidir. Halbuki bü­tün dünyada əsas qarşıdurmalar idarəet­mə hök­mün­dən tö­rəyir, məhz idarəet­mə olimpinə qalxmaq istəyi peşəkar siyasi elitanı, eyni zamanda, yeniləş­mə­yə sonsuz ümidlər bəs­lə­yən xalqı ifrat də­rə­cə­də məşğul edir.

Bu şeirlər­də isə deyilir ki, yalnız insanın özü­nü idarə etdiyi cəmiyyət idarə olunan cəmiyyət­lərin ən mü­kəm­məli ola bilər...

Bu, bə­şəriyyətin qədimdənqalma məq­sədidir.

Vəssalam. Və güma­nımca, ideyanı ən geniş miqyasda davam etdirmək olar. "Diaqnoz" romanı siyasi traktat deyil, romanda, əgər varsa, poetik məziyyət­ləri, bir az da cəmiyyət qarşı­sında məhz idarə­edən siyasi, ekonomi, mə­dəni elitadan və xalq küt­lə­lərindən deyil, məhz fərd­lər­dən ası­lı olan borcu hiss etsəniz kifayətdir...

Üz qabığı
Söz deyil, yan-yana dərdi düzürəm -
Dərin dəryalarda gəmim üzüldü.
Sən mənə deyirsən uzun yazıram,
Mən uzun yazmıram, dərdim uzundu...

1. Ürək Çatışmazlığı

Birisi neçə ildi
Dərd əlindən naçardı,
Çöldə qalıb...
keçirdir
mərək çatışmazlığı.

Birisi ev dikəldir -
bunun da zikri bəlli;
qəfil meydana gəlib
dirək çatışmazlığı.

Nə ki ac var, xəstədi,
Əcəl deyil, bəs nədi?-
Yalavacı əsnədir...
Çörək çatışmazlığı.

Yetər, dedik yavaşdan -
Keçdik qurudan-yaşdan...
Gərək biz bəri başdan
Görək çatışmazlığı.

Çatdı sözün qatarı -
Baxma səthi, ötəri...
Hamısından betəri
Ürək çatışmazlığı,
Ürək çatışmazlığı...

Hirsdi, kindi, qəzəbdi,
Həyəcandı, əsəbdi,
Hər ölümə səbəbdi
Ürək çatışmazlığı.

Ovqatını pərt etmə,
Heç özünə dərd etmə
qoturluğu, dazlığı.
Bir elə də fərq etməz
canda qanın azlığı...

Hövsələni bir az bas -
Odur canlar alan kəs...
Başqa söz ola bilməz:

Ürək çatışmazlığı!
Baxmır boldu dənləri,
Baxmır xoruz, fərədi.
Özündən deyənlərin
Anasını mələdir
Ürək çatışmazlığı.

Çöldə-düzdə çiçəyi,
otu öldürən nədi?
Qarışqanı, dəvəni,
Kəpənəyi, birəni,
Biti öldürən nədi? -
Ürək çatışmazlığı!
Sağ çıxmayıb bir insan:
Keçilməz bir bərədi.
Sinələrə sancılan
Qəfil oxlar törədir
Ürək çatışmazlığı.

Yeri, xəbər al kənddən
Cavanca köçmədimi
Atan da eyni dərddən?
Kövşəndə çökmədimi
Atın da eyni dərddən?
Mətin də eyni dərddən,
Satqın da eyni dərddən...
Budur əcəl yastığı,
budur haqqın yazdığı -
ürək çatışmazlığı!

Birinin damarını
yabı kimi bururlar -
itirir oğlanlığı...
Birini bəyirdirlər,
heç vermirlər qanlığı -
ilişib kolda qalır
qızıl kimi qızlığı...
Nə məhkəmə, nə hakim? -
nə ayıb varsa, sonda
üstünə mala çəkir
ürək çatışmazlığı...

Dərd nə idi olsaydı
dağda, daşda, küçədə -
Onu anamız doğub
bizimlə bir gecədə.
Evimiz, eşiyimiz,
beşiyimiz bir olub,
Bizimlə bir yekəlib,
döşəyimiz bir olub.
İndi də hər baxışda,
indi də hər gözdədi;
Səhər-axşam bizdədi...
Biz nədi, biz azdı, az
Bizim içimizdədi
ürək çatışmazlığı!

Yoxdu heç bir əlacı,
Milyon ildi beləcə
Əzrayıl tək əl açıb
Əmini də aparır,
dayını da aparır,
Bacanağı, baldızı,
qayını da aparır.
Qoçağı da aparır,
mitili də aparır,
Dahini də aparır,
qatili də aparır
ürək çatışmazlığı.

Nahaq zəvzəyirəm mən
bayaqdan qozu-qozu,
bu sirli diaqnozu
söylə çıxıb başa kim? -
Fərmanı Allah verib,
altdan yazıb: Baş həkim!

2. Telefon

Qız qalası qızlar, qalaça qızlar
Telefon xəstəsi olub, ay nənə!
Sifətdə qanmı var, başda tükmü var
üz cırım, saçımı yolum, ay nənə?

Oğlan heç... qızlar da unudub əsli-
Necə deyim:
-Allah kərimdi, nənə?
Bakıda nə qədər qız var,
Xan Əsli,
O sayda telefon...
Kərəmdi, nənə!

Telefon söyləmək ona, azdı, az-
fanardı,
oyundu,
şəkilçəkəndi.
Daha tarlamıza dən əkən olmaz;
Əkinçi millətim mesaj əkəndi!

Him-cimlər, göz-qaşlar -
telefon ilə,
xəlvəti görüşlər -
telefon ilə,
əttökən öpüşlər-
telefon ilə,
görülür hər işlər...
telefon ilə!..
Haçan ki telefon dindi, elə bil
qurbağa ilanın gözünə baxır.
Atanı, ananı eşidən kimdi?-
Hamı telefonun sözünə baxır...

...Balaca əllərdə balaca qızlar
Elə bil balaca can gəzdirirlər.
Haçan ana oldu halalca qızlar? -
Körpə telefonu əmizdirirlər...

"Salam",
"eşidirəm",
"baş üstə",
"bəli"...
Gör nəyə əsirdi can üzən qızlar?!
Telefonla gəzir qumlu sahili,
Telefonla girir dənizə qızlar...

Nahaq ümidvarıq,
hər məlaikə
Yurddan qanadlanıb murad doğacaq.
Dəniz ayğırına zəng edib bəlkə? -
Qızlar sudan çıxıb Qırat doğacaq!

Söz dilə yerləşmir,
üyünür ton-ton,
Allah adamları qarğa eləyib.
Ana öyüdüdü bəlkə telefon,
Qızlar qulağında sırğa eləyib.

Qıza mesaj gəlir...
alışır qanı
O ordan sallaşır, bu burdan düşür.
Həris tünlüyündə marşurutkanın
"Sevirəm" kəlməsi abırdan düşür!

Çoxdan iş üstədi cibəgirənlər-
Üzünü çalarlar ağız qarışıq...
"Sevirəm" sözünü əlləşdirirlər
Telefon qarışıq, o qız qarışıq.

Bu da dayanacaq...
qızlar səs-səsə...
Sevən oğlan hanı?
Görünmür sevən.
Telefon yollayır qızları dərsə,
Elə telefon da...
ötürür evə.

Qucur telefonu, çəkir yorğanı
İşıldaq düymələr,
boş otaq,
divar...
Hələ qurumayıb çarmıxda qanı,
Yoxsa Məryəm qızın İsa fikri var?

Mobildən göndərir şeirini çapa
Şairlər
can atır kəlam tutmağa.
Qutuda ilan tək baxır kitaba,
Tüpürür birdibli qələm tutmağa.

...Beləcə şığıyır əsrin gülləsi-
Nədən çox sevirik yad çıxardanı?
Girsin bəbəyinə Eyfel qülləsi,
Ürəyi çatlasın "çat" çıxardanın!

Qız qızdı, düz sözü çətin ki, anlar...
İçimdən dərd adlı mesaj sallaşır.
Xarab telefon tək susur oğlanlar,
Qızlar bala-bala qloballaşır...

3. TISBAĞA

1.

Düzdü,
tısbağa
əruz vəznindədi,
qlobal sürəti
qəhr etmək əzmindədi,
yeniliyi
məhv etmək qəsdindədi.
məziyyəti üstündədi...
Çox da ki, üfunət qoxuyur,
Çox da ki, pis gündədi -
Bununla belə, tısbağa
qəzəldi,
müxəmməsdi,
qəsidədi...
Nə bilək, bəlkə o,
yoxluqla varlığın arasıdı,
uçmayan yarasadı?..
Hələ bu harasıdı, qağa,
Misir ehramıdı tısbağa -
bir milyon qul tər töküb
onu başa yetirincə,
tanrılar gör nə çəkib
qağamız tısbağanı
boya-başa gətirincə.
Misir ehramıdı tısbağa -
hörülüb daş-daş,
divarı şirli-şirəli,
Hərdənbir şir bədənli
Sfinks kimi
irəli,
irəli,
irəli çıxır baş -
qorxa-qorxa,
yavaş-yavaş!

Keçmişin
ən qorxduğu şey
indidi, qardaş!
Amma mən bu şeiri
azadlıq,
insaf,
cəsarət,
sürət üstündə yazım gərək.
Bu şeirin içindən
ilan-qurbağamı,
lap elə tısbağamı,
və yaxud
nə çıxar görək?..
Ürəyim partladı,
canım tısbağa,
tez elə, tez elə
başını çıxart görək!

2.

Ən ləng heyvandı o!

Gözümlə görmüşəm bunu mən -
Quş quşluğuynan
lələk sala bilməyən
dörd yanı daş hasarlı
bağımın içində
bir tısbağa yaşayır...
Nə Spartaq,
nə Babək,
nə Teymur Ləng...
Bu ləng oğlu ləng
pəncəsində
yol ölçməkdən daşlaşan
çatlaq çarıq daşıyır,
Qabarlı kürəyində
tarixdən öncəki
tarix daşıyır...

Yeriyir asta-asta -
Qobustandı, Qobustan!
Ya da Qız qalasıdı,
Alınmaz qalaçadı...

Vallah, billah, yaşayır,
vecinə almır heç nəyi,
elə bil şah yaşayır!
Elə bil
ona tikmişəm
bu boyda mülkü...
Özüm kimi dazdı,
yoxdu dərmana tükü.
Özüm kimi yaramazdı
bəlkə nədi, nə bəlkə
Küydü-kələkdi yükü...
Tülkünün biri tülkü
qum eşir,
torpağı qalaq-qalaq eliyir.
Allah qoymasa babamdı;
dombalıb bostanda
alaq eləyir.
Qələt eləyir;
alaq-malaq cəhənnəm,
yazıq nəvələrimi
bağırdalaq eləyir.

Biri:
- Baba,
tısbağa məni yedi, - deyir.
Biri:
- Baba,
tısbağa
başını çıxardıb
mənə söz dedi, - deyir.
- Buna bax,
yeriyə də bilmir,
çağadı, - deyir biri.
- Babamın başına bax,
elə bil
tısbağadı - deyir, biri...
Vəlvələ düşür bağa,
uşaqlar gülür,
qoşulub uşaqlara
gülür tısbağa...
Amma, qağa,
adam yeyən deyil ki, tısbağa,
dil açıb
söz deyən deyil ki, tısbağa,
çağa deyil ki, tısbağa...
Əlbəttə,
hamısı uşaq ağlı,
uşaq nağılı,
hamısı gop...
Amma bu antilop,
yaşayır!
Milyon illərin sirrini
taxta sandığa yığıb
mənim bağıma daşıyır,
Mənim bağımdan ayrı bağa,
ordan da,
Allah bilir
harasa daşıyır...

3.

İçinə sıxıla-sıxıla,
dura-dura,
yıxıla-yıxıla yeriyir.
Yeriyir bağa-bağa,
özünü boğa-boğa...
Qağa, nə bağ,
nə bağban, qağa -
Dünyanın
sonuncu
cəhənnəminə gedir insan...
Bu isə
yanını basa-basa,
ən birinci
cəhənnəmdən gəlir!
Ən dərin kədərdən,
Şübhəsiz, ən dərin
qəmdən gəlir.

At ilə, it ilə, payi-piyada,
nə bilək,
bəlkə də gəmiynən gəlir,
Adəmlə Həvvanın yanından gəlir,
ən azı
Nuh əyyamından gəlir...
gəlmir e... can çəkir,
dirilir, ölür...

4.

Bir hikmətdi tısbağa yerişi -
uzun zırıltıdı Yer işi...
Dünya
qara,
dombaq bir kürə -
Kim bilir qarnının altında
nə var?

Kim bilər qarnının altında
nə var
cəhənnəmin
birinci qatından gələnin,
torpağın altından gələnin,
tarixin zatının
zatından gələnin?

5.

Ləng,
Ləng olmalıydı
onun adı...

6

Bağımı
təsvir edim bir az,
Yoxsa fikrim tısbağa kimi
örtülər qapaq-qapaq,
anlaşıqlı olmaz!
Bax burda,
tısbağanın burnunun ucunda,
durduğum yerdə mənəm,
orda nardı,
orda iydədi,
əncirdi,
yastı-yapalaq meynədi,
Küknar heç,
kefi kökdü,
uca başı göydədi.
Qağa,
hamısı qalsın bir qırağa,
Bizim tısbağa
o iydədən
o əncirə çatınca
bir həftə ötür.
İndi nə bilək ki,
yazığın yolu daşa dirənir,
ya günü kefdə ötür?
Düzdü,
qaynar qumun üstündə
nökərçilik eləyir,
nə padşahdı,
nə ağadı...
Di gəl ki,
dünyanın əvvəlindən yol alıb
dünyanın sonuna çatan
yeganə diri, dediyim kimi,
tısbağadı!


7.

Nərçə gedir, nər gedir -
üstdən bilinməsə də
Allah bilir, içinə
neçə litr tər gedir!
Cılğa yetimdi mağmın,
Elə bil əsgər gedir...

8.

Zarafat bir yana,
Mən onun qağasıyam,
o da mənə qağadı.
Özüm də tısbağayam,
oğlum da tısbağadı,
qızım da tısbağadı...
Qapım, bacam, həyətim,
Qara günüm, həyatım,
evim də tısbağadı;
arvadım bizdən betər!..
Tısbağa sürətinə
yetsə bir sürət yetər,
fikrimdi qəti -
nağıl qanadına, ata, qatara,
ən iti yerişli uçağa minib,
kəndirdən sallaşıb, bıçağa minib
həqiqət axtaran
insan sürəti!
Əgər gözünüzlə
görmək istəsəniz bu həqiqəti,
tısbağa qardaşlar,
tısbağa dostlar,
tısbağa-tısbağa
maşınlara doluşun,
ilan-qurbağa yollardan
tısbağa sürətiylə ötüşün,
yetişin
bizim bağa...
Qardaşım tısbağa,
dostum tısbağa,
Boynunda qalstuk,
əynində
kostyum tısbağa!
Müvəkkil tısbağa,
gizir tısbağa,
imkanlı tısbağa,
yesir tısbağa,
dünyanı udmağa
hazır tısbağa...
Mən də tısbağayam,
siz də tısbağa;
yığışaq bizim bağa.
Bizim bağ əl verməsə,
yığışaq sizin bağa...
Burda da var tısbağa,
Orda da var tısbağa...

Tısbağa papağımızı
qabağımıza qoyub
tısbağa başımızı
işlədək bir az,
Heyvərə uşaq kimi
körpə barmağımızı
tısbağa ağzına dürtüb
dişlədək bir az!
Heç olmasa bircə səhər
paxmeldən çıxmaq üçün
yüz əlli vurmayaq,
ağrıdan ayılaq,
ayılmaq deyilmiş ayılmağımız...
ayılaq, ayılaq,
ayrıdan ayılaq!

9.

Məni qəhər boğur, tısbağa qardaş,
Tısbağa həyatı yaşayırıq biz.
Hər işə gedirik ehmalca, yavaş
Tısbağa kimi də düşünürük biz!

Canın candan xəbəri yox,
qanın qandan xəbəri yox,
qının qından xəbəri yox,
bunun ondan xəbəri yox,
onun bundan xəbəri yox...

Dünya sandıqçadı, dörd yanı bağlı,
Kimin tısbağacan var isə ağlı
Bilir, yaxşı bilir antik nağılı...

Həqiqət qutudu, içində yalan...
Açın sandıq-sandıq darvazaları!
Düzün süfrələrə qədimdən qalan
Enli siniləri, dar vazaları...

Tanrıdan izinsiz çəkilənləri,
Tısbağa tək top-top bükülənləri
dolduraq tısbağa kasalara,
yığaq tısbağa masalara...
Məndə də çıxartmağa
bir şey tapılar, dostlar,
O mənim ürəyimdi -
min ildi daşa dönüb,
kürəyi cadar-cadar!
Bu halət, bu hal ilə
yeriyib hara çatar?
Bir miskin gora çatar!

10.

O yanar tısbağadı -
Sən xalis qızıl teşt de,
sən Günəşə Günəş de -
mən tısbağa deyirəm.
Ayıya ayı de,
Aya da ki, Ay -
mən tısbağa deyirəm.
Gecə-gündüz alışır
bala-bala tısbağa.
Dağ, ana tısbağadı,
təpə, bala tısbağa!
Vallah, qoymuram lağa,
Billah, belədi, qağa!

Qalanır üst-üstə...
illər tısbağa,
Son anda açılan ümid adına
sonra da bükülən əllər -
tısbağa!
İnsan da sürünür tısbağa kimi -
yaxına,
uzağa
o bağdan bu bağa kimi,
arandan dağa kimi...
Kasıba kasıb demə,
avara tısbağadı -
özünə çəkilib,
içinə çöküb!
Tısbağa qəsrlər,
tısbağa qalalar,
sümük kimi bitmə daş hasarlar
içində xoşbəxtlik;
guya kef, guya damaq...
Hasardan o yana, çöldə
alkaş Həsən,
bomj Elik -
dabanı çatlaq,
şalvarı yamaq...
Tısbağa çanağı kimi
quru, taqqanaq çörək diliminə
möhtac adamlar,
Canavar kimi
ac adamlar...
Səfil tısbağalar,
Çölçü tısbağalar...

...Demə ki, mətləbi böyütdüm, qağa,
Siyahı həddindən böyükdü, qağa!
Evlərin künəsi çanaq-çanaqdı,
Ekranın sinəsi qanaq-qanaqdı.
Orda cövlan edir tısbağa tanklar
yağdırır torpağa tısbağa daşlar,
göydən ölü düşür tısbağa quşlar...
Canı şüşə qəfəs içində, fəqət,
Azadlıqdan dəm vurur
tısbağa başlar...
Bəlkə mavi göldü mavi ekranlar
biz də
o göl qırağında göl tısbağası!
Həyətdə tığlanıb zibil qalağı
Ovulan burunlar, qaralan ciyər,
Hələ bədbəxtlərin şişən dalağı...
Nə gəldi həzm edən dombaq qarınlar,
Hələ soyuducu -
sandıq-sandıq ət...
Tısbağa, tısbağa, atana lənət!
Tısbağa, tısbağa, zatına lənət!

11.

Canım tısbağa,
Gözüm tısbağa,
Daha yoxdu sənə
Sözüm tısbağa...

12.

Sandıqdan çıxın, tısbağalar,
İnsafa gəlin, bağa ağalar!
Sındırın, ağalar, dar divarları,
Yerlə yeksan edin dər-divarları!
Allah necə sevsin qəlbi darları!
Dirəyin divara nərdivanları,
qalxın yuxarı...
Bəlkə Allah görə, amma ki, görmür
Hər tərəf qapalı, hər tərəf bağlı...
Hansı cəhənnəmdə gizlənib adam? -
Allah adam gəzir əliçıraqlı...

Yer şarından iri tısbağa hanı -
Başdan ayağa kef, məzə tısbağa.
Biz ki, içindəyik köhnə bir qının
Nəyimizə gərək təzə tısbağa?

Tısbağa dünyaya, bağa dünyaya
Nə qalır, nə qalır tısbağalardan?
Tısbağa-tısbağa səbrlər qalır,
Tısbağa-tısbağa colma-cocuqlar,
Tısbağa-tısbağa kinlər, acıqlar,
Tısbağa-tısbağa malikanələr,
Tısbağa-tısbağa QƏBİRLƏR qalır...

13.

Dostlar, inciməyin bu zarafatdan;
Yetər nağılımız şığıyan atdan,
Yetər ki, yeritdik su altdan-altdan,
Yetər göydən yazdıq, yeddinci qatdan...

Mən bir az bəhs etdim alçaq həyatdan,
bir az yalan, bir az gerçək həyatdan...

Şübhəylə yanaşıb mənim bağıma
Niyə fikir çəkib baş yorursunuz?
Durun, zəhmət çəkib gəlin bağıma
Mən dururam,
tısbağa durur...
siz durursunuz!

4. Ana

Andım canıma qalıb -
and içirəm canıma,
Əlimə çiçək alıb,
molla salıb yanıma,
üç-dörd ağbirçək alıb
anamın qəbri üstə
getmirəm illər boyu...
İstəsən söy, ya pislə,
istəsən gözümü oy!
Adıma töhmət bəzə,
min yol qına, getmirəm!
Üstündə ilan gəzən
o məkana getmirəm...
Orda nə var? Tozlu daş,
məni vur öldür, qardaş,
gedə bilmirəm, anla -
orda nə gəzir anam?!

Hər vaxt ayaqda hazır,
gəlişimə müntəzir,
gedişimə müntəzir
anam, uyuya bilməz,
anam orda nə gəzir?
Yerin altı sükunət -
anam yer üzündədir,
anam göy üzündədir,
anam quyuya girməz!

Onunku ev-eşikdi;
paltardı, dəyişəkdi...
Nə olsun, bağrım başı
param-parça, deşikdi -
Deşik canım beşikdi...
Necə bir zaman mənim
açıq alnımdan öpüb
sərin beşiyə qoydu,
mən də onu qəlbimdə
dərin beşiyə qoydum...

Anam gorda nə gəzir? -
anam məndədi, qardaş!
Anam mənim içimdə -
Həmən ifallı üzdə,
Həmən həlim biçimdə...
Həmən taxta eyvanda,
Həmən çiçəkli donda...

Hər gün onun qabarlı
Əllərini öpürəm,
Tarladan dən gətirən
yollarını öpürəm,
Dərddən ucu qıvrılan
tellərini öpürəm,
Mənə alqış eləyən
dillərini öpürəm...
Anam orda nə gəzir? -
Anam məndədi, qardaş!

Birinə əl tutanda
tərpənir anam orda.
Atamı unudanda
tərpənir anam orda...
Anam mənə deyir ki,
dönə-dönə deyir ki,
namərd üstünə gəlsə
qamətini düz saxla.
Küsdün adam kimi küs,
barışmağa üz saxla.
Mətləbi siftə demə,
son ayağa söz saxla.
Anam mənə deyir ki,
Bunu tut, onu tutma,
Qardaşını, bacını,
kəndini, kəsəyini
heç vaxt, oğul, unutma!

Anama dünya qurban,
Qoymur küsüm dünyadan!
Bətnimdədi, bətnimdə
Sümüyümdə, ətimdə...
Huşumdan nə söz çıxır
mən ondan soruşuram,
Nə zaman payız bitir,
hansı gündə yaz çıxır,
mən ondan soruşuram.

Ruzumu kəsmir bir an,
qızardır kökəmizi
anam təndir başında.
Sürüyür təkəmizi
qəzil kəndir başında...
Süddaş, dovğa bulayır
Pörtmüş kömür peçində
Anam mənim içimdə,
Mən anamın içində...
Şipşirin layla çalır,
Süd də verir arada -
Məni xoşbəxt yaradıb
Vallah, billah, yaradan!

Anamın hesabına
gəlmişəm bu yaşa mən...
Qoca yaşda nə təhər
ana deyib üz sürtüm
torpağa mən, daşa mən?

...orda nə gəzir anam?
gorda nə gəzir anam?
Anam həyat dəftəri,
anam bir xəzinədi,
anam bir dəfinədi!
Siz də onu mənim tək

QƏLBİNİZDƏ

dəfn edin!
Ana deyib çağırın
duranda, yatanda da,
Dinclik verməyin ona
yerin alt qatında da...

5. İynə

Deyirdin:
- İynəni bu sapdan asın...
Yerə düşmədi heç bir dəfə sözün.
Nənə,
görüm sənin gorun çatlasın;
necə də dar imiş iynənin gözü!

İynəni darvaza bilirdim, əşi,
gözünü gen qapı, baca bilirdim.
Özümü hünərli iş bilən kişi,
səni də qocadan qoca bilirdim!..

Bir anda iynəni sapa keçirdib
Dərsimin dalınca qaçırdım sonra.
Dərsdən qayıdanda olurdum keçi,
Qayada min deşik açırdım sonra.

Demə "iynələnib" deyir özündən,
Allah da bəyənir şair gopunu.
Vaxt vardı, ay nənə, iynə gözündən
Rahat keçirdirdim futbol topunu.

İynə ucu boyda deşikdən keçib
Qonşu bostanına yol eləyirdim.
Hallı yaxalara iynələr sancıb
Qızları özümə qul eləyirdim.

İndi sap əlində girincəm özüm,
Deşik gəzə-gəzə gözümü yordum.
Gözümə görünmür iynənin gözü,
Nənə, fələk məni gözümdən vurdu!

Mindilər at oldum, döydülər eşşək,
Qanımı sağdılar, inəyə döndüm!
Məni ehmal-ehmal soydular qəşəng,
Nənə, gorun yansın, iynəyə döndüm!!!

Şığıyır, çözdənir, gəlir yadıma
İynə həvəsləri, sap həvəsləri.
Bəzən iynə canım yetir dadıma;
girirəm gözünə xayın kəslərin!

Haqq kişi hərəyə açır bir qapı -
Qapı dar, həvəs gen, dözüb keçirəm.
İynədən keçirə bilmirəm sapı,
İynənin gözündən özüm keçirəm.

İynəylə gor qazıb ucaltdığım dam,
qurduğum bu ev də, eşik də qalmaz.
Hökm olar, iynə tək itib-bataram,
Baxmağa bir xırda deşik də qalmaz!..

6. TƏyyarələr

Təyyarələr, keçməyin
Mənim başımın üstdən...
Qollarım odun oldu,
Qulağım batdı səsdən!
Üstümüz su yoludu,
Keçirsiz yoxsa, qəsdən?

Təyyarələr, keçməyin
Mənim başımın üstdən -
Hürkütməyin atımı
Nə gündüz, nə də gecə!
Uçağan ümidimi
Döndərməyin bir heçə!

Təyyarələr, keçməyin
Mənim başımın üstdən -
Doğranır bıçaq-bıçaq,
göyüzüm yaralanır,
Ayağımdan yer qaçır,
qanadım aralanır...

Təyyarələr, keçməyin
Mənim başımın üstdən -
Dartmayın göy üzünə
Canini, başkəsəni,
Süd gölündə üzəni,
Ucalığa qalxanda
Titrəyəni, əsəni...

Təyyarələr, keçməyin
Mənim başımın üstdən -
Yeri, göyü yorurdum,
Həm də uçurdum bir vaxt!..
Qanadlarım qırıldı,
Üzümə gülmədi baxt!

Təyyarələr, keçməyin
Mənim başımın üstdən -
Dönmüsünüz şahinə;
Uçmaq mənim haqqımdı!
Allahın dərgahını
Qucmaq mənim haqqımdı...

Təyyarələr, keçməyin
Mənim başımın üstdən...
Söz içimdə sərgərdan -
Çəkirəm keşiyini...
Pərin yansın, tərpətsən
Balamın beşiyini!

Təyyarələr, keçməyin
Mənim başamın üstdən
sınıq-salxaq sətircə!..
Döşənin ayağıma,
Hünəriniz çatırsa
qonun dar otağıma...

Təyyarələr, keçməyin
mənim başımın üstdən -
Göydə mənim kimim var,
göydən qonaq kim gələr?
Xəyalıma son səfər,
əbədi köçüm gələr.

Təyyarələr, keçməyin
Mənim başımın üstdən -
Yer üzündə birtəhər
Girləyirəm başımı.
Yonuram axşam-səhər
Qanadsız başdaşımı...

Təyyarələr, keçməyin
mənim başımın üstdən -
Nə qədər ki, diriyəm
hündür təpə tutaram,
Mən dəlinin biriyəm,
sizi topa tutaram!

Təyyarələr, keçməyin
mənim başımın üstdən...
Sakit işimin üstdən,
qoca yaşımın üstdən,
dilsiz daşımın üstdən...

7. Rus oğlu

O ayrı məsələ ki,
yalanam ya - doğruyam,
O ayrı məsələ ki,
Halalam ya - oğruyam...
Türkoğullarının
xoşuna gəlsə də,
xoşuna gəlməsə də
deməliyəm ki, mən
bir az
rus oğluyam...
Dərhal:
qulaqlara qurğuşun,- deməyin,-
cinli-şeytanlı budaqlara
qondu quşum,- deməyin!
Proletariatın dahi rəhbəri
Leninin saqqalına,
Ellər atası Stalinin
demisinə və bığına,
Brejnevin tökmə,
qalın qaşına,
Qorbaçovun
təpəsində xalına
və bir sürü medallı-medalsız
imperiya çaqqalına
"tfu" deməkdən
mənim də ağzımda
tüpürcək qalmayıb, düzdü,
Amma
mən deyən ayrı məsələ,
mən deyən ayrı sözdü...
1905-də,
1918-də,
37 adlı keçməkeçdə,
Bunlardan da irəli
babam Pənah xanın
qocalığında,

Doxsanıncı il
Yanvar ayının on doqquzundan
İyirmisinə keçən gecə,
və iki il sonra Xocalıda
rusoğullarından
it zülümü çəksəm də belə,
rus oğluyam bir az!..
Belə düşünürəm indi
Qalsam o vaxta
yəqin ki,
düşünəcəyəm
yetmişdə,
səksəndə belə!
Mən bir az
rus oğluyam...
Ata tərəfdən
tər-təmiz
bəy nəsliyik biz-
Aslan bəy,
Salman bəy...
Aslan bəy; atamın babası,
Salman bəy; atamın atası...
Babam,
yəni Salman bəy
axır macallarda
külqabı kimi
yanıb qaralmış
batıq ovurdlarını
bir az da çökürdə-çökürdə
uzun,
sarı müştüyə
filtirsiz papiros taxıb
sümürürvə
qoz-fındıq satırdı
Qaryagin bazarının ortasında.
Bəylikdən
yarımca ədəd neytron,
bircə ədəd atom
qalmamışdı onun
venasında,
aortasında...
Cuvarlı qohumlardan,
bir də
Dilbər nənəmdən eşitmişdim
haçansa onun bəy olduğunu.
Elə buna görə də
hərdən özümü bəy balası sanıb
şişirdirdim qoltuğumu...
Salman bəy -
cavan atamın yası düşəndə
çoxdan bizim babamız deyildi o.
Bir yaşı olar-olmaz
Dilbər xanımın
qucağına qoyub
Məşədi Səfəralının
ocağına qaytardığı
oğlunun öldüyünü
yeddi gündən sonra bildi o...
Məşədi Səfəralının qızı
Dilbər xanımın dost-doğma
xalası oğlu və
ikinci əri
Həsənqulu oğlu Qəbil idi
bizim babamız...
(torpağına xalqım qurban!)
Çəmənlikdəki
tabuta tərəf dartınaraq-
"ata", "ata" deyib ağlayanda
gözümüzün
yaşını silirdi o!
Az-maz
rusca da bilirdi o!
"Dəli" deyirdik adına-
qul idi bizə,
nənəmizə-
Məşədi Səfəralının
hikkəli qızına.
O,
Həsənqulu oğlu Qəbil
Salyanda,
fəallar yığıncağından
qapıb aparmaq rahat olsun deyə
keçici qırmızı bayrağın
sapını qıraraq
zor gücünə gətirmişdi
Sabir adına kolxoza.
Kəndimizdə
qədim tarixdən bizə qalan
bir bağ adıdı Qızılbaş!
O bağdan qoşun-qoşun
ağ itburnu çiçəkləri
öldürsəm də
əlbəttə,
Qızılbaş deyiləm mən.
Mirzə Ələkbər Sabir demiş,
Rusbaş da deyiləm mən -
Rus oğluyam amma bir az!...
Salman bəy
atamın adını
Sovet İttifaqının şərəfinə
İttifaq qoymuşdu -
O vaxta baxanda haqq qoymuşdu,
bu vaxta baxanda
nahaq qoymuşdu...
Çox zamanlar ötüb aradan,
çox küləklər əsibdi,
Şura gəlməzdən öncə
doğulub deyin
böyük əmimin adı
Nəsibdi.
Yaddaşlarda
tarix kimi
əziz qaldı,
Toxumçuluq idarəsinin
müdiri idi,
toxum qədər
təmiz qaldı...
Ondan sonrakı əmim
İnqilabdı,
Atamı dedim;
\İttifaqdı,
balaca əmim İnzibatdı...
Gör siyasət
hardan hara endirib
bəy balalarının ləyaqətini?!
Həyat
belə həyatdı...
Bir dəfə
sinif yoldaşım Siyasətlə dərsə gedəndə eşitdik;
briqadir Sovet
sağıcı Şuraya deyir ki,
cidanı çuvalda gizlətmək olmaz...
Olmaz, olmaz, olmaz...
İndi bildinizmi
nədən deyirəm
mən rus oğluyam bir az?!
Etiraf çətin olsa da,
ana babam
Asiya çöllərindən axan
oğuz nəhrinə məxsus
Məti olsa da
doğrudan-doğruya
mən bir az rus oğluyam.

Uydurmadı bütün dinlər,
Həyatdı ən böyük din!
Bunu mənə kim deyir? -
Dərisiz İmadəddin!
Boşluqlara əl açan
Uzun boylu minarə,
Qorxmuram səndən, bəli,
Mənim ayrı dinim var-
dinsiz Mirzə Fətəli!

Tərkim mənim, dibim mənim,
Haqqa bağlı
Üzülməyən ipim mənim,
Aldanaraq haqqa çatan
Aldanmış kəvakibim mənim!

Nə olsun ki, beşiyim

kənddə qurulub,
məzarım kənddə bitir,
Nə olsun ki,
rusca savadım
"da"-da başlayıb
"net"də bitir -
mən bir az
rus oğluyam.
Nə bəy,
nə İnqilab,
nə İttifaq,
nə İnzibat, canım,
təpədən dırnağa qədər
anamdan almışam
nəyim varsa
Vaqif Diləfruz oğluyam,
bir az da
rus oğluyam...
Dünyanın bu başını
o başına calayırdı
böyrümüzdən ötüb keçən
rus qatarları,
o qatarlar obamıza yetişəndə
görəydiniz necə sevinir
kəndimizin körpə-körpə
oğuzları,
səlcuqları,
tatarları...
İlk dəfə
rus hərfləriylə
rus kağızına yazdım
"ana",

"ata"
"Vətən" sözünü.
Cibimdəki
rus rublunu
sonuncu
qəpiyinə qədər
xərcləmək istədim
rus qızına -
imkan vermədi,
xərcə-xəsərətə batmadan
təmənnasız
sevgilər gördüm.
"Çerez Moskva"-
ölkələr gördüm,
Göz açdım dünyaya;
kimlər gördüm,
nələr gördüm...
Qoqolun şinelinə büründüm
Peredelkino qarında!
Don, Dunay, Kerç sularında
babalarımı qan içində
əmilərimi,
dayılarımı
mələr gördüm...

Bunu deməsəm olmaz,
rus oğluyam mən bir az.

İlk dəfə Peterburqda,
Kazanda,
Qoridə
qara saqqalımı
rus ülgücüylə təraş etdim,
Nadanlığı görüb
partlamaq dərəcəsinə
gələndə
Kefli İskəndərə dönüb
rus şərabı nuş etdim...
Bunu deməsəm olmaz,
rus oğluyam mən bir az.
Üstümə alıram böyük bir risqi -
Sizin xətrinizə, Anton Pavloviç,
Sizin xətrinizə, Blok, Yesenin,
Sizin xətrinizə, Dostoyevski...
Mənə satqın denən, lap gözümü oy,
İçimdə yurd salıb
Qraf Tolstoy!
Xoşbəxt olmuşdum, bəli
ağ köynəyimin boynuna
Kəklik müəllim qumaş
pioner qalstukunu taxanda,
körpə ürəyimin təmiz başında
komsomol nişanı qızaranda.
Diplomum,
komsomol mükafatım kimi
partiya biletini də
zəhmət və
namusa görə qazanmışam!
Bəlkə siz deyəsiniz,
nəyi özümə görə,
nəyi
rusa görə qazanmışam?
Qoy bir söz də deyim
özümüzünkülər də şad olsun:
kürəyimdəki yaraların bir çoxunu
milli
dəyyusa görə qazanmışam...
Allah bilir ki, yaram
bitişər, ya bitişməz?!
Fikrim kamalınıza
Yetişər, ya yetişməz...
İçimdəki tarixdən
qalxıb yüksəlir bu səs;
Türkmən,
qırğız,
qazağam,
Fars boğazı da vurur
hərdən oxuyanda
boğazım.
Ən dəhşətli istilərə
tavanım var
dəvə kimi,
əqrəb kimi,
Haçan ki, canım ağrıyır
qaralıram
ərəb kimi...

Bunu deməsəm olmaz,
Mən rus oğluyam bir az -
Fikirlər üst-üstə
düşüncə eyni,
bir azca dərindən
düşünsək eyni;
əl-əldi,
göz gözdü,
çənə - bənzəyir,
Göylər bir,
kitab bir, din də ki,
dinə bənzəyir-
mən rus oğluyam bir az!
Lap sonda
bunu da deməsəm olmaz:
Rus oğlu da bir az
mənə bənzəyir...
8. Sən

Cümlə - sələflərin zəhməti hədər,
Əziz-xələflərin zəhməti hədər...

Göylər qapısında qul kimi durma,
Atam, anam deyib,
özünü yorma -
Sevib-sevənlərin qisməti kədər...
Adamı kim sevər Allahı qədər?!

Adamı kim sevər Allahı qədər? -
Amma O...
ən dərin bətnində fərşin!
Ona yol çox uzaq...
həm də bir arşın!

Onun gözlərində qoca kainat
Yiyəsi çarəsiz bir uçuq damdı,
Möhürü basılı paslı bir camdı...

Adamı kim sevər Allahı qədər? -
Adamdan Allaha bircə addımdı...
Adam Allahdı,
həm Allah adamdı!

İşıqlar, küləklər, yağışlar kimi,
Qaş kimi, göz kimi, qırışlar kimi
Allahın möhrü var Adam alnında,
O həm uzaqdadı,
həm də yanında...

...Lap səbri güc elə, dizinə cala,
Lap boş xəyalların yüzünə can at;
Sonda son nəfəs də yük olur cana!

Yolların hamısı gedən yol deyil,
Sənə gələn də bir Ilahi yol var!
Yollar düzü sevir, düzünə can at,
Allah üzündədi, üzünə can at!

Kimsə qopardımı bu yerdən Yeri,
Niyə dayanmısan, di tərpən, yeri!
Yeri, bəxt axtaran biçarə, yeri,
Çölün tərkini qıl, içəri yeri!

Elə ki, gözündən içəri girdin,
Elə ki, üzündən içəri girdin,
Elə ki, özündən içəri girdin,
Elə ki, çiynində kəsilmiş hana
Birtəhər yetişdin haqq qapısına,
Nur saçan qapını elə ki, gördün,
Düşünmə ki, fəndgir fələyi gördün!

O qapı ağzında dağca, ya qumca,
Sulanmış meyvəcə, dişbatmaz tumca -
İntizar içində
dayanıb kimsə
Yolunu gözləyir...
anan deyil o,
Nə baban, nə də ki, atan deyil o!

Heç sən də göylərə çəkilməmisən,
Nur olub dərgaha tökülməmisən!
Baxma, od içində, toz içindəsən;
Sən öz bətnindəsən, öz içindəsən!
Budur istədiyin baxtının taxtı -
İçində bulduğun o kəs... Allahdı!

Umduğun uzağın yolu bir arşın,
Sən özün Allahsan, dinsən, əfəndim.
Ən dərin bətnində ərş ilə fərşin
Səni qarşılayan ...sənsən, əfəndim!

Son qoyub min ilin həsrətlərinə,
İçinin, çölünün qürbətlərinə,
Beyninin, sinənin daş sədlərinə,
Hökm edib ağlının sərhədlərinə
Gəlib yetişmisən ürfan evinə,
Gəlib yetişmisən öz can evinə...

Gəlib yetişmisən, bir bax, əfəndim,
necə də qədimdən qədimdi için,
onçun da didimbədidimdi için...

Qoy olsun...
o altun açarı buldun,
İçində ayrı bir içəri buldun!
Bildin...
o kimsənin kimsəsi sənsən,
Haçandan gəzirdin o kimsəni Sən!

Üzü sular kimi, saçları yosun,
Həm də ki, o kimsə -
məsumdan məsum...
Uçmağa qanaddı çiynində yükü -
Bəmbəyaz lələyi bükümbə-büküm.
Sirli tumurcuq tək körpədən körpə,
Elə bil dikəlir qanından pöhrə.
Onu körpə sanma...
Çəkinmə, sən ona Allahım söylə!
Onu pöhrə sanma,
Çəkinmə, sən ona Allahım söylə!

Sonsuz bir istəklə gözlərini ört,
Onun işıq saçan dabanından öp.
Onun əllərini duz kimi yala,
Min dəfə şükr elə gəldiyin yola.

İlahi bənziyiş gəlir ilikdən -
Sən elə Allahsan...

isbat Allahın!
Gözündən leysan tök bəxtəvərlikdən

Qızıl saçlarını islat Allahın!..
De ki,
yetirdim mənzilə ağır köçümü -
Milyonda bir düşür bu fürsət ələ!
Göyün üzü qədər böyüt içini,
İçini göy qədər hüdudsuz elə...

Xoş gəldin, əfəndim, can otağına
Özün öz canını al qucağına,
Al qucağına!..

Kim olar Allaha bu qədər yaxın,
Kim çatar qəflətdən həqiqətəcən?
Köksünə sıxdığın körpə Allahın
Qulu, nökəri ol qiyamətəcən!