Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

VAQIF BƏHMƏNLI
DIAQNOZ

Roman


SEYRAN SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


CAMAL YUSIFZADƏ


QILMAN İLKİN
Xalqinin müztərib oğlu


Sabir SARVAN


Etibar BABAYEV
YALANA HEYKƏL
(“Tarix - ibrət alanlar üçün dərsdir” silsiləsindən)­


SƏRVAZ HÜSEYNOĞLU


Nizami MURADOĞLU


İrina NİKİTİNA
POSTMODERNİST SƏNƏT


NƏSR
 

SEYRAN SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


 

                                                                             Nəvəm Həmidə və onun dünyadakı bütün yaşıdlarına

Hörmətli Adam!

Nə vaxt yeməkdən doyub pəndam olsan, başın açılsa, gəl mənim yanıma, ərinmə, bir az da mən baxan tərəfdən bax Dünyaya - özü də qorxma, mən adamyeyən deyiləm. Diqqətlə baxsan görəcəksən ki, mən də sənə oxşayıram - gözlərim var, ağız-burnum, qulaqlarım, ayaqlarım, əllərim var.
Gəl, Qorxma. Mən adam əti yemirəm. Orasını da bəri başdan deyim ki, mənim yanımda dayansan peşman olacaqsan. Fikirləş!
Gözləyirəm.
Mən elə həmişəki yerimdəyəm...
Ancaq əsnəmə, əsnəsən səni qovacam!

Müəllifdən

- Qalxın, Gələn gəlir!!!
Bütün bəşəriyyət dik qalxdı.
Qəbirlər də dikəldi, baş daşları ilə üzbəüz dayandı.
Zaman da dikəlib dayanan kimi Gələn gəldi, Yer kürəsi sətəlcəm olmuş adam kimi ölü sükuta büründü, bu sükut ağappaq idi, kəfənə oxşayırdı. Bu ölü sükutu Gələndən başqa bir kimsə dirildə bilməzdi və O da diriltdi:
- İnsan Adəm və Həvva deyilən saatdan sizlərin dik qalxdığınız saata qədər çooox uzun bir yol keçib və Sizin qiymət almaq saatınız yetişib, qulaq asıııınn...
- Sülh - iki.
- Müharibə - beş.
- Gözütoxluq - iki.
- Nəfs - beş.
- Allah xofu - iki.
- Allahsızlıq - beş.
- Həqiqət - iki.
- Yalan - beş.
- Könüllülük - iki.
- Zor - beş.
- Hippokrata sədaqət - iki.
- Terror - beş.
- Əl tutmaq - iki.
- Əl kəsmək - beş.
- Vətənpərvərlik - iki.
- Özünüsevərlik - beş.
- Halal - iki.
- Haram - beş.
- Təbiətə sevgi - iki.
- Təbiəti xaraba qoymaq - beş.
- Səmavi həzz - iki.
- Narko həzz - beş.
- Alnıaçıqlıq - iki.
- Üzüqaralıq - beş.
- Sivilizasiya - iki.
- Yerində saymaq - beş.
- Mərdlik - iki.
- Yaltaqlıq - beş.
- Mərhəmət - iki.
- Qaniçmə - beş.
- Mənəvi quraqlıq - iki.
- Zina - beş.
- Söz - iki.
- Boşboğazlıq - beş.
- Səs - iki.
- Həvəs - beş.
Sükut yenə çabalaya-çabalaya Öldü və Gələn bu ölünü təzədən diriltdi:
- Bütün bunları əsas götürərək qərara alıram: - Bütün Bəşəriyyət haqqında həbs qətimkan tədbiri seçilsin və haqqında cinayət işi qaldırılsın. Bu hökmdən bir ay müddətində Allahdan yuxarı bir kimsə tapsanız, quşların vasitəsilə ona şikayət edə bilərsiniz...
Sükut təzədən partdam-partdama düşdü, çabaladı, çabaladı və öldü - bu dəfə onu dirildən olmadı.
Gələn necə gəlmişdisə, eləcə də getdi - nə gələndə görən olmuşdu, nə də gedəndə görən oldu.
Bəşəriyyət ayaq üstə donmuşdu, heykələ dönmüşdü - axır ki, Bəşəriyyətə də heykəl qoyan tapıldı...
Dünyanın bütün saatları çıqqıldaya-çıqqıldaya, taqqıldaya-taqqıldaya, şaqqıldaya-şaqqıldaya və nəhayət, hıqqıldaya-hıqqıldaya dayandı - Zaman dayanmışdı...

* * *

Dünyanın insan əli, ayağı, nəfəsi dəyməyən cənnət bir guşəsində mələklər körpələri əmizdirirdilər - doğum evinə oxşayırdı buralar, uşaqları da nömrələmişdilər, adları yox idi...
Uşaqlar harda olduqlarını bilmirdilər, elə mələklər də. Onları Allah yerbəyer eləmişdi. Bu məkanda, demək olmazdı ki, Zaman dayanmışdı və yaxud dayanmamışdı, bu məkanda Zaman yox idi.
Bu uşaqlar nə heykəlləşmiş valideynlərin balaları idilər, nə də Zamanın - bu uşaqlar Allahın balaları idilər.
Allahın körpələrə bir az rəhmi gəlmişdi, yəni əslində körpələr Allahı bir az rəhmə gətirmişdilər. Və bu rəhm Allahın nə zamansa adamlara elədiyi rəhmə oxşamırdı və bu rəhmin özü də körpə idi, sanki körpələr üçün idi...
Mələklərdən biri necə qışqırdısa şeytanlar dünyanın hər yerindən tökülüb gəldilər, bu məkanı mühasirəyə alıb təəccüblə bir-birlərini süzəndən sonra pıqhapıq başlandı, davam elədi və sonda xorla yer üzünü başına götürən uzun-uzadı bir qəhqəhə çəkdilər və çıxıb getdilər. Məlum oldu ki, mələklərdən biri körpəni əmizdirərkən uşaq onun döşünü dişləyib və onun döşündən süd əvəzinə ağappaq qan tökülüb...
Şeytanların qəhqəhəsi mələklərin qulaq pərdəsinə tərəf sürünməkdə idi...
Şeytanlar çıxıb getsələr də nəfəsləri bu məkana toxunmuşdu, indi bu məkan toxuntulu idi. Bu toxuntunu isə Allahdan başqa heç kəs götürə bilməz.

* * *

Özünü Axtaran Adam rast gəldiyindən soruşdu:
- Məni görməmisən, ay Adam?
- Dəlisən?
- Hə...
- Çoxdan dəli olmusan?
- Yadıma gəlmir...
- Sən özünü çoxdan axtarırsan?
- Doğulduğum gündən.
- Kimlərdənsən?
- Tanımazsan...
- Tanış gəlirsən eee... gözümə şirin dəyirsən...
- Sən gözünün dadını bilmirsən, mən zəhər tuluğuyam... zəhər tuluğu...
- Sən İlansan?
- Vallah, yox. İlanın zəhəri dişinin dibində olur.
- Bəs sənin zəhərin hardadı?
- Dilimin altındadı deyillər.
- Sən Adamı da zəhərləyirsən?
- Ancaq adamları... Heyvanlarnan, quşlarnan işim yoxdu.
- Bəs yaxşı, elə sən özün də Adamsan, niyə zəhərləyirsən adamları?
- Zəhərləmirəm ee... Bax, o adamlar bir də görürsən ki, məni də Adam hesab eləyib, soruşurlar ki, qatıq nə rəngdədi...
- Həəə... hə... başa düşdüm.
- Sözümü kəsmə də - sözümü kəsəndə elə bilirəm başımı kəsirlər.
- Axı, çox uzadırsan ee... Ay Adam, ay kişi, demirlər ki, qatıq qaradı, lap yaxşı, sən də yerini şirin salmaq üçün deginən ki, qatıq qara deyil eee, qapqaradı.
- Axı, ağdı...
- Sən kimdən eşitmisən ki, qatıq ağdı?
- Ata-babamdan... Ata-babam da öz ata-babasından... Onlar da öz ata...
- Deməli, siz nəsillikcən, - şəhadət barmağını gicgahına dirədi, - o söz...
- “O söz” nədi?
- Qısa desək, dəli, ipləmə.
- Dəli-ipləmə Sənsən, sənin ata-babandı, ata-babanın ata-babasıdı, ulu babanın ulu babasıdı, bildiiiiin?! - Gözləri az qalırdı hədəqəsindən çıxsın.
- Bildim... bildim... - dedi və qaçdı, yüz, yüz əlli metr aralanandan sonra dayandı, çevrilib arxaya baxanda gördü ki, Özünü Axtaran Adam əllərini göyə qaldırıb Allaha nə isə deyir. Nə qədər qulaq kəsilsə də onun dediklərini eşitmədi. Özünü Axtaran Adamın Allahla söhbəti xeyli çəkdi və onu darıxdırdı, o bir az da aralanıb dayandı, üzünü Özünü Axtaran Adama tutub ucadan dedi:
- Eybi yoxdu, bir də əlimə düşərsən, - dedi. Onun dediyini özündən və Özünü Axtaran Adamdan başqa heç kəs eşitmədi, çünki bu düzəngahda onlardan başqa heç kəs yox idi.
Bir az da yoluna davam eliyəndən sonra dayandı, irəliyə baxa-baxa dedi:
- Oğraş, - Özü dedi, özü də eşitdi.
Arxadan kiminsə ona tərəf qaçdığını hiss eləyən kimi geri çöndü, Özünü Axtaran Adam sürətlə ona tərəf qaçırdı. Bərk qorxdu, qorxudan qanad taxdı, qaçdıqdca qaçdı və taqətdən düşdü, yıxıldı və yıxılmaq ona ləzzət elədi - dincəlirdi. Uzandığı yerdə başını qaldırıb qoltuğunun altından geri baxdı ki, görsün Özünü Axtaran Adam onu nə vaxt tapdalayacaq, ancaq görmədi. İki əlini yerə dirəyib bir az qalxdı və böyrü üstə çönüb başını qaldırdı: Özünü Axtaran Adam yox idi; başını silkələyib gözlərini bir neçə dəfə döyəndən sonra yenə o səmtə baxdı: Özünü Axtaran Adam təxminən yüz, yüz əlli metr ondan aralı üzü üstə düşüb qalmışdı. Ürəyində onu da hesabladı ki, eyni sürətlə qaçırmışlar, çünki aralarındakı məsafə elə əvvəlki qədər olardı. Ancaq mübahisə elədikləri yerdən xeyli uzaqlaşmışdılar.
O uzandığı yerdə çevrildi, bir az dincini almışdı. Başını qaldırıb Özünü Axtaran Adama baxanda gördü ki, o da buna baxır. Ayağa durub üst-başını çırpdı. Özünü Axtaran Adam da onu təkrar elədi. Özünü Axtaran Adam sağ əlini göyə qaldırıb silkələdi, üzünə təbəssüm qondu. Bu da onun hərəkətini təkrar elədi və Özünü Axtaran Adamın üzündəki təbəssüm qanadlandı və uça-uça gəlib bunun üzünə qondu. Onlar bir-birinə tərəf ağır-ağır addımlamağa başladılar. Aralarında əlli metrə qədər məsafə qalmışdı. Əvvəlcədən danışıblarmış kimi, ikisi də durduqları yerə mıxlandılar, sanki onları dizə qədər torpağa basdırmışdılar, elə bil ağac kimi yerə əkmişdilər ki, burdan tərpənə bilməzsiniz. Xeyli bir-birinə baxandan sonra Özünü Axtaran Adam dedi:
- Sənin adın nədi?
- Füsunkar.
- Nə?! - Birinci dəfədi belə adam adı eşidirdi.
- Füsunkar! - O bir az da ucadan dedi.
- Bu adı kim qoyub sənə? - İstehza üz-gözündən tökülürdü.
- Anam.
- Bəs ananın adı nədi?
- Qələmkar.
- Nə?!
- Qələmkar! - O bir az da ucadan dedi.
- Anana bu adı kim qoyub?
- Babam...
- Babanın adı nədi?
- Səhlənkar...
- Babana bu adı kim qoyub?
- Atası, - təəccübünü azacıq da olsa gizlətmədi.
- Babanın atasının adı nədi?
- Minnətdar.
Özünü Axtaran Adam qəşş elədi, o qədər güldü ki, gülüşü tükəndi, bir azca qalmışdı, o da gözlərinin bulağından damcıladı yaxasına və sakitləşdi. Aralığa çökən sükut hər ikisini qorxutdu. Bu sükut xeyli davam elədi və ikisi də bərk qorxdu. O, boğazını arıtlayıb Özünü Axtaran Adama dedi:
- Bəs sənin adın nədi?
- Mənim adım yoxdu.
- Necə yəni, bəs səni necə çağırıllar?
- Məni heç kəs, heç vaxt, heç hara çağırmır.
- Sənin heç əvvəldən adın olmayıb?!
- Adım olub... Məni, dedim ki, çağıran yoxdu... ona görə də adım yadımdan çıxıb.
- İndi sənin adını heç kəs bilmir.
- Mən özüm bilməyəndən sonra... kimin nəyinə lazımdı.
Füsunkarın sağ əlinin barmaqları daraqlanıb qalın saçlarına keçdi, bu daraqla bir neçə dəfə saçını arxaya daradı, qeyri-iradi Özünü Axtaran Adama tərəf bir addım atan kimi qarşısındakı bir addım geriyə çəkildi və aralarındakı məsafə yenidən bərabərləşdi.
Özünü Axtaran Adam bir addımın törədə biləcəyi təhlükəni aradan qaldıran kimi dedi:
- Nəslinizdə-kökünüzdə şairdən-zaddan olmayıb ki?
- Bu hardan gəldi ağlına? - Onun sualını bir az da suallandırdı.
- Elə belə... Füsunkar, Qələmkar, Səhlənkar, Minnətdar... Hamınız qafiyələnmisiniz, ona görə... Babalarından şair olanı var?
- Allah eləməsin, nə danışırsan, bircə elə şairimiz kəmdi. Mənim babalarım hamısı tacir olub, elə bu gün də hamımız tacirik, biznesmen...
- Nə alıb-satırsınız?
- Hər şey...
- Hər şey?
- Hər şey...
- Hər şeyi alıb satanlar, axırda, sən deyən kimi, elə hər şeyi satırlar... Əllərinə bir şey keçməyəndə satqınlıq eliyirlər, bu da bir növ elə sən deyən kimi tacirlikdi, biznesdi. Dünyada bir bazar var... orda hər şey satmaq olar; dostu, torpağı, əqidəni, namus-qeyrəti... ölkələri...
- Sizinkilərin o bazarla əlaqəsi var? - Bu dəfə qeyri-iradi Özünü Axtaran Adam irəli bir addım atıb dayanan kimi Füsunkar bir addım gerilədi və məsafə yenidən əvvəlki həddinə yetişdi.
- Sən nə danışırsan... O bazar dünyanın böyük dövlətlərinin başçılarının nəzarətindədi. Ora girərsən... ancaq çıxa bilməzsən... - Bir an fikrə dalıb soruşdu: - Bəri bax, - Özünü Axtaran Adam elə onsuz da ona baxırdı, - bəri bax, sən o qədər də alçaq adama oxşamırsan... Niyə palaza bürünüb elnən sürünmürsən? Hə? Atalar misalı var, də... o misalı sənin kimilər üçün deyiblər...


- Nə deyiblər? - Hövsələsi daraldı.
- Deyiblər ki, palaza bürün, elnən sürün.
- Sən bu misalı kimdən eşitmisən?
- Ata-babamdan... Ata-babam da öz ata-babasından... onlar da öz ata-babasından... Onlar da...
Füsunkar iki addım irəlilədi, Özünü Axtaran Adam yerindən tərpənmədən dedi: - Deməli, siz nəsillikcən, - şəhadət barmağını gicgahına dirədi, - o məsələ... o söz...
- O söz nədi?
- Qısa desək, deməli, siz nəsillikcən oğraşsız.
- Mənnənsən? - Füsunkar yersiz təmkinlə soruşub sağ əlini göydə oynatdı.
- Burda sənnən başqa adam var?
- Yox...
- Deməli, burdan belə çıxır ki, mən bu sözləri sənə deyirəm, bir də təkrar eliyirəm, - səsini ucaltdı, - nəsillikcən oğraşsız! - dedi və Füsunkara tərəf cumdu. Füsunkar da öz növbəsində ona tərəf cumanda necə bağırdısa, Özünü Axtaran Adam vahiməyə düşdü və var gücü ilə geriyə qaçmağa başladı. İndi hər şey tərsinə idi; Özünü Axtaran Adam qaçırdı, Füsunkar qovurdu. Qaçan qovandan bərk qaçar deyiblər. O, Füsunkardan xeyli aralanmışdı. Füsunkar ona çata bilmirdi, hərdən bağırtısı çatırdı Özünü Axtaran Adama və onu çox qorxudurdu. Birdən Özünü Axtaran Adam dayanıb geri çöndü. Füsunkar başını aşağı salıb gəlirdi; başını qaldıranda isə, onun dayanıb gözlədiyini görən kimi özü də dayandı. Qanlı-qanlı bir-birlərinə baxdılar, baxdılar; burda qanlı-qanlı baxmaqdan daha çox bir dincəlmək məsələsi vardı.
- Bəlkə oturaq dincimizi alaq? - Özünü Axtaran Adam soruşdu.
- Oturaq...
- Otur də...
- Qabaqca sən otur.
- Yox, sən otur.
- Yox, sən...
- Sən...
- Sən...
Özünü Axtaran Adam səmərəli bir təklif irəli sürdü:
- Gəl belə eliyək... Mən sayacam; bir... iki... üç deyəndə ikimiz də oturaq, oldu?
- Oldu... di başla...
Özünü Axtaran Adam bu düzəngahda onlardan başqa bir kimsənin olmadığını dəqiq bilsə də, ətrafı özünməxsus olan bir sayıqlıqla nəzərdən keçirdi, belə deyək də, tam arxayın olandan sonra gözünü Füsunkara zillədi:
- Hazırlaş!
- Hazıram!
- Bir! İki! Üç!
İkisi də çökdü, əllərini müvafiq olaraq yerə dirəyib, ayaqlarını uzatdılar, dincəlmək üçün bundan ideal şəkil almaq qeyri-mümkün idi.
Xeyli dincəldilər. Sükut onların arasına girmişdi, harayçılıq eləyirdi ki, dalaşmasınlar. Sükutdan və aralarındakı əlli metr məsafədən başqa onların arasına girəcək bir zad yox idi. Gözləri danışırdı, qulaqları gözlərinin səsini eşitmirdi, ancaq gözləri bir-birini eşidirdi. Füsunkarın gözləri deyirdi:
- Əlimdə əlacım olsaydı səni dəli inək balasını tapdalayan kimi tapdalayardım...
Özünü Axtaran Adamın gözləri deyirdi:
- Əlacım olsaydı balaca tikəni qulağın boyda eliyərdim.
Bunların ikisi də əlacsızdılar ki...
Füsunkarın gözləri deyirdi:
- Yoox... məndən it kimi qorxur...
Özünü Axtaran Adamın gözləri deyirdi:
- Nə döyərdim səni... Kasıb itini döyən kimi.
Füsunkarın gözləri deyirdi:
- Sən öləsən, o dəli-ipləmə nəslinin başı haqqı sənnən qorxmuram.
Özünü Axtaran Adamın gözləri deyirdi:
- Sən öləsən, o oğraş nəslinin canına and olsun ki, səndən qorxub eləmirəm.
Füsunkarın gözləri deyirdi:
- Ancaq ipləmə kopoyoğlu heyvərədi ha...
Özünü Axtaran Adamın gözləri deyirdi:
- Pəzəvəng oğlu pəzəvəng...
Onların dili gözlərinin sözünü kəsdi. Birinci Füsunkar dilləndi:
- Sən öl sənin başını kəsəcəm, - dedi və ehtiyatla dik qalxdı. Özünü Axtaran Adam da dikəldi, bu qəfil "qərar"dan bərk qorxdu və elə qorxa-qorxa da dedi: - Nəynən?
Füsunkar cibindən bıçaq çıxardı:
- Baax, bunnan, - dedi.
- Nə vaxt?
- Qoy qaranlıq düşsün.
Özünü Axtaran Adam başını qaldırıb göyə baxdı, gün günortadan əyilmişdi, təsəllisi bu oldu ki, hələ qaranlıq düşməyə çox var, bir az toxdayıb dedi:
- Heç ömründə bir toyuq başı kəsmisən, sən o ulu babanın ruhu?
- Mən?
- Hə, sən...
- Toyuq nədi ə, mən fil başı da kəsmişəm.
Özünü Axtaran Adam yalandan qəhqəhə çəkdi:
- Sənin əslin Hindistannandı ki... Mera Cuppa hi copana... - oxudu və Hind kinofilmindən eşitdiyi bu mahnının sözlərini bir neçə dəfə təkrar elədi, qollarını göyə qaldırıb rəqs elədi də; onu qorxu beləcə oynadırdı.
Füsunkar müəyyən üstünlüyə malik idi, özü də bunu hiss elədi və hiss eliyən kimi dedi:
- Sənin başın yeddinci olacaq.
- İndiyənəcən altı baş kəsmisən ki?
- Bəli, - ədəb-ərkanla cavab verdi və Özünü Axtaran Adam bu ədəb-ərkanı qətiyyən başa düşmədi və indiki halda bunu başa düşmək doğrudan da çətin idi. O, dedi:
- Nə üstə kəsmisən o adamların başını?
- Şərəf və ləyaqətimi təhqir etdiklərinə görə.
Özünü Axtaran Adamın varlığına gözlənilməz və qəribə bir arxayınlıq hopan kimi dedi:
- Sən onların başını nahaq kəsmisən...
- Bəs neyləyəydim... şərəf, ləyaqət...
- Məhkəməyə verəydin.
- Bizim nəsildə heç kəs hökumətə, polisə şikayət eləməyib... Bir şey olanda məsələmizi özümüz həll eləmişik, şikayət eləmək bizə yaraşmaz...
- Mənim başımı kəsmə də... - Özünü Axtaran Adam süni yalvarışla dedi.
- Bəs neyləyim?
- Qoy sənnən üzr istəyim...
- Yoox, sən nə danışırsan, bu şərəf və ləyaqət məsələsidi, üzr istəməklə başa gələn şey deyil.
- Yaxşı, onda məni məhkəməyə ver.
- Nə?
- Məhkəməyə...
Füsunkar yarırazılaşan kimi oldu və soruşdu:
- Yaxşı, tutaq ki, mən səni verdim məhkəməyə, məhkəmə də sənnən soruşdu ki, bu kişinin şərəf və ləyaqətini niyə təhqir eləmisən, nə cavab verəcəksən?
- Ona kimi bir şey fikirləşərəm... Doğrudan ee, nə deyəcəm? Bəlkə boynuma almayım, hə?
- Boynuna almazsan, qoyallar boynuna.
- Həəə...
- Sənin vəziyyətin çətindi...
- Çox çətindi...
Elə bil Füsunkar rəhmə gəlmişdi, hər halda, Özünü Axtaran Adama elə gəldi.
- Mən sənə kömək eləyə bilərəm. - Füsunkar dedi.
- Necə?
- Mənə elə gəlir ki, sənin bir çıxış yolun var, məhkəməyə get-gəl, şahid-sübut, uzun məsələdi... Gəl razılaşaq, elə başını kəsim, sənin də canın qurtarsın, mənim də... - Füsunkar öz humanist təklifini verdi... Əlavə də elədi, - sənin xətrini istədiyimdən deyirəm.
- Razıyam, - dedi Özünü Axtaran Adam, - ancaq bir xahişim var, kinolarda da görmüşəm ki, adamı dar ağacından asanda onun son xahişinə əməl edirlər.
- Eşidirəm, utanma, de...
Özünü Axtaran Adamın belə gözlənilmədən razılaşması Füsunkarı çaşdırmışdı: "Birdən, o axıracan sözünün üstündə durdu, onda mən neyləyəcəm, hə, mənnən baş kəsən olar? Ancaq söz də ağızdan çıxıb axı... İşə saldım də özümü..."
Özünü Axtaran Adam kədərli və bu dünya ilə vidalaşmağa hazır olan adam görkəmi almışdı - güzgüyə baxsaydı özü özündən qorxardı. "Doğrudan yəni bu oğraş altı adamın başını kəsib?! Hə?! Olmadı elə, oldu belə... Hə?! Əşi, o məni tuta bilər? Heç yanımdan yel də olub ötə bilməz..."
Füsunkar özünü sındırmadı, deyəsən heç sındırmaq fikri də yox idi, dedi:
- Nə xahiş eləmək istəyirdin, de, utanma, kişi deyilik...
- ...
- Bəlkə arvad-uşağa nəsə çatdırmaq lazımdı.
- Arvad-uşaq var ki... hamısı atıb məni...
- Niyə?
- Məni dünyanın ən fərsiz kişisi hesab eliyirlər, ona görə...
- Niyə fərsiz?..
- Bu, çoox uzun bir məsələdi, sənə baş ağrısı verməyəcəm.
- Onda xahişini elə, bizim də özümüzə görə nəslimiz-kökümüz var, biz də...
Özünü Axtaran Adam özünü güclə saxladı, gülmək onun boğazında tıxanıb qalmışdı.
- Xahişin nədi? - Füsunkar təkid elədi.
- Xahişim odur ki...
- Hə... de...
- Xahişim odur ki... Mən bir qaşıq qandan qorxmuram.
- Səndə bir qaşıq yox, aşağısı vedrə yarım qan var, təcrübəmdən bilirəm... Sözünü de...
- Xahişim odur ki, başımı kəsəndə üzü qibləyə kəsərsən, İsmayıl qurbanı kimi...
Füsunkar öz aləmində ona elədiyi bir belə yaxşılığın qabağında elə bil bir balaca əsəbiləşdi:
- İndi mən nə bilim bu düzün ortasında qiblə hardadı?
- A qibləsiz!
- Nə?
- Heç nə...
- Bax, ona söz vermirəm, çünki qibləni gərək düz tapasan, səhv eləsən günahdı, mən günaha batmaq istəmirəm, əgər sən qibləni tapa bilərsənsə, gözüm üstə...
- Gözün var olsun...
- Sən qibləni göstərə bilərsən?
- Sən bilməyəndən sonra mən hardan bilim... - Özünü Axtaran Adam Füsunkarın qoltuğuna verdi və deyəsən onun qoltuğu bir az da şişdi və bunu Özünü Axtaran Adam da hiss eləyib zəhmətinin itmədiyindən məmnun oldu.
- Yox, mən başımın qibləsiz kəsilməyinə razı ola bilmərəm, günaha batmaq istəmirəm.
Özünü Axtaran Adamın qəfil qərarı Füsunkarın ürəyindən olsa da, özünü o yerə qoymadı:
- Bax, gördün ki, sən kişi deyilsən!
- Vallah, heç səndə də kişiyə oxşayan sifət yoxdu.
Füsunkarın üstündən dağ boyda yük götürülmüşdü...
Özünü Axtaran Adam deyəsən bunu bir balaca hiss eləmişdi:
- Gəl məhkəmədə ayırd eliyək məsələni.
- Olsun. - Füsunkar daxilən rahatlıq tapsa da, özünü narazı kimi göstərdi, ancaq Özünü Axtaran Adam bu narazılığı görmədi və nəticədə, Füsunkarın "özünü başqa cür göstərmə" hikkəsi məğlubiyyətə uğradı.
- Deyəsən, məni dolamısan. - Füsunkar səsinin yoğun yerini işə saldı.
- Kompasın vaaar?
- Yox.
- Onda bəs nə deyirsən... Mən sənin yerinə olsaydım bilirsən neylərdim?
- Neylərdin?
- Rast ki, belə işnən məşğulsan... yəqin ki, nəslinin şərəf və ləyaqətini qoruyursan, cibinə kompas qoy də... Bıçağın var, kompasın yoxdu...
- Yaxşı, məhkəmədə danışarıq. - Ucadan və əsəbi dedi.
- Danışarıq. - Özünü Axtaran Adam də eynən onun kimi cavab verdi.
Füsunkar bir-iki addım ona tərəf gəldi, o bir-iki addım arxaya çəkildi. Füsunkar dedi:
- Yaxşı, məhkəmə soruşsa ki, bu kişinin şərəf və ləyaqətini niyə təhqir etmisən, nə cavab verəcəksən?
- Ona kimi bir şey fikirləşərəm... Doğurdan ee, nə deyəcəm? Bəlkə boynuma almayım, hə?..
- Boynuna alsan cəzan yüngül olar, almazsan qoyallar boynuna...
- Yaxşı, - Özünü Axtaran Adam dedi, - şərəf və ləyaqətinizi təhqir etdiyimə görə məndən nə qədər pul tələb edəcəksən?
- Əgər sən tək məni təhqir etsəydin bu sənə ucuz başa gələrdi, - ani fikir onu çəkib harasa apardı və qaytarıb öz yerinə qoyandan sonra dedi: - Sən bizim bütün nəslimizin, şəcərəmizin şərəf və ləyaqətini təhqir etmisən, - səsini bir az da ucaltdı, - bəli, bütün şəcərəmizi...
- Yaxşı, tək səni təhqir etsəydim, bu mənə neçəyə başa gələrdi?
- Əgər mən tək olsaydım, - fikirləşdi, fikirləşdi, - əgər mən tək olsaydım təxminən min dollara.
- Min?
- Min... Çoxdu ki?
- Yoox, bir söz demirəm... İndi Sizin o şəcərənizdə neçə adam olar?
- Ulu babamdan bu yana şəcərimizdə sayılan, hörmətli-izzətli qırx yeddi adam var, hamısı da say-seçmə...
- Qırx yeddi?
- Bəli... çoxdu ki?
- Yox, yox... yəni demək istəyirəm ki, böyük nəsilsiniz...
- Böyük nəsilik, özü də çox böyük.
- Qırx yeddini minə vuranda neçə eləyir, - özü bu vurmanın cavabını dürüst bilsə də, Füsunkardan soruşdu. O da öz növbəsində yalandan fikirləşib dedi:
- Qırx yeddi min, o qədər də böyük pul deyil...
- Əvvəla, mənim bütün şəcərəm yığışa, qırx yeddi il gecə-gündüz işləyə, o pulu yığa bilmərik, bu bir; ikinci, de görüm sizin nəslin, şəcərənin qırx yeddi min dollar dəyərində olduğun kimi təyin eliyib, maliyyə nazirliyi, yoxsa hesablama palatası, hə?!
- Mən təyin eləmişəm!..
- Sən kimsən axı?!
- Mən o şəcərənin ən şərəfli və ləyaqətli nümayəndələrindən biriyəm.
- Mənim buna heç bir şübhəm-filanım yoxdu, ancaq yaxşısı budur ki, sabah, bax, elə bu vaxtdan bir az sonra, qaranlıq düşəndə gəl bura, kompas da götür, başımı kəs, qurtarsın getsin... Vəssalam.
- Bu, sənin axırıncı sözündü?
- Axırıncıdan da axırıncı.
- Bəlkə məbləği azaldım?
- Məsələn, nə qədər?
- Əlli faiz. - Füsunkar uzaqdan gözlərini qıyıb ümidlə ona baxdı, əməlli-başlı alver gedirdi.
- Əlli faiz nə qədər eləyir?
- İyirmi üç min beş yüz dollar...
- Yox, gücüm çatmaz.
Füsunkar lap əsəbiləşsə də, özünü o yerə qoymurdu:
- Yaxşı, əlli faiz də keçirəm...
- Əllisi nə qədər eləyir?
- On bir min yeddi yüz əlli dollar.
- Gücüm çatmaz...
- On bir min...
- Gücüm çatmaz.
- Altı min beş yüz...
- Vallah gücüm çatmaz.
- Üç min iki yüz əlli.
- Gücüm çatmaz ee... Min dollar düzəldə bilərəm...
- İki yüz də qoy üstünə...
- Billah, mümkün deyil...
- Yaxşı, əlli də...
- Min dollar!!! Min! Onu da görüm hardan tapıram hələ...
Şərəf və ləyaqət alveri təzəcə sona yetmişdi ki, Özünü Axtaran Adam dedi:
- Bax, tutaq ki, bu min dollardı, ala, ala qoy cibinə... verdim sənə, hə?
- Bəli...
- Qurtardıq bu məsələni?
- Bəli.
Özünü Axtaran Adam tələsə-tələsə dedi:
- Min dolları verdim, sən də aldın, qurtardıq, heləmi? - Cavab gözləmədən əlavə etdi, - sonra da əlimi atdım qoltuq cibimə, min dollar da ordan çıxartdım, bax, görürsən əlimdədi, görürsən də məsəl üçün deyirəm.
- Hə, görürəm.
- Bax, əgər sizin nəsil-kökün, şəcərənin qiymətini min dollara razılaşmışıqsa, söz danışıqdan keçər də, mən sizin şəcərənin şərəf və ləyaqətini təzədən təhqir edib bu min dolları da sənə versəm necə olar?
Füsunkar xeyli fikirləşdikdən sonra şəhadət barmağını alnının ortasından çəkdi, üzünü ona tutub dedi:
- Mən bu məsələni təkbaşına həll edə bilmərəm, gərək məsləhətləşim, mənim də ləyaqətli ağsaqqallarım var... məsləhətləşib bir söz deyərəm.
- Tapdım! Tapdım! Tapdım! - Özünü Axtaran Adam çırtıq çala-çala yerində fırlandı, - tapdım, tapdım!
Füsunkar təəccübləndi: - Nəyi tapdın?
- Tapdım, tapdım...
- De, biz də bilək də nəyi tapdın?
- Məhkəməyə verəcəyim cavabı, cavabı tapdım... Məhkəmə məndən soruşanda ki, sən bu kişinin özünün və nəsil-kökünün, şəcərəsinin şərəf və ləyaqətini niyə təhqir eləmisən, bilirsən nə deyəcəm?
- Nə?
- Deyəcəm ki, möhtərəm hakim, bu suala cavab verməzdən qabaq arzu edərdim ki, bu kişinin nəsli-kökü özü də başda olmaqla yığışsın gəlsin bu məhkəmə salonuna, qoy əvvəlcə mənə və sizə sübut eləsinlər ki, onların doğrudan şərəf və ləyaqətləri var, bax, ondan sonra mən sizin sualınıza cavab verərəm - olmayan şeyi mən necə təhqir eliyə bilərəm, ay möhtərəm hakim, necə?! Möhtərəm hakim də görəcək əə, sən öləsən burda fil kimi güclü, pələng kimi çevik bir məntiq var, bunu görəndən sonra məhkəməni təxirə salacaq, sabah saat on ikiyəcən. Sabah saat on ikidə hamı yığılacaq, sənin bütün nəslin-kökün, yeddi arxa dönənin hamısı yığılıb gələcək məhkəməyə, möhtərəm hakim məndən soruşacaq:
- Sən necə sübut eliyə bilərsən ki, bu tayfanın şərəf və ləyaqəti yoxdur?
- Eliyərəm möhtərəm hakim, eliyərəm. İcazə versəniz on dəqiqəyə sübut edərəm, istəyirsiniz lap saata baxın. İcazə verirsiniz?
- Buyur, buyur.
- Möhtərəm hakim, bu yaxınlarda mən zərərçəkən İnadkarov Füsunkarla bir çölün düzündə, duelə çıxan adamlar kimi, əlli metr məsafədə üz-üzə, göz-gözə dayanıb bu məsələ ilə bağlı söhbət elədik. O, qırx yeddi min dollar pul istədi məndən. Mən beş dəqiqənin içində o məbləği min dollara qədər yendirdim... Eşidirsən əəə, Füsunkar...
- Eşidirəm... - Füsunkar yerində donmuşdu...
- Sonra hamısını danışaram bitdə-bitdə... Bundan sonra bilirsən səni nə gözləyir?
- Nə?
- Bundan sonra bütün qohum-əqrəban sənin cəmdəyinə tüpürəcək, səni mal kimi döyüb, çıxıb gedəcəklər, ay şərəfsiz.
Füsunkar necə bağırdısa, bu düzəngahın sağ tərəfindən, xeyli aralıda bir dəstə quzğun diksinib havaya qalxdı.
- Sən məni rüsvay eləmək istəyirsən, oğraş... Aaaaaa!!! - Bağıra-bağıra onun dalınca qaçırdı. Özünü Axtaran Adam ondan bərk qaçırdı və bu qaçışla Füsunkar yüz il də ona çata bilməzdi. Bunu onun özü bilsə də qaçırdı, bəlkə ona belə sərf eliyirdi, - Dayan, başını kəsəcəm, şərəfsiz, dayan!
Özünü Axtaran Adam ondan xeyli aralandığına görə arxayın dayandı, dərindən bir nəfəs aldı, bir nəfəsalma müddəti dincələndən sonra ona tərəf qaçan Füsunkara dedi:
- Başımı kəsəssən?!
- Hə, şərəfsiz.
- Qibləni tapdın?
- Sənin başını erməni qibləsinə kəsəcəm.
- Erməni qibləsinin yerini bilərsən.
- Həəə! - Füsunkar dedi və üzü üstə yıxıldı.
- Ha! Ha! Ha! Haaa! - Bunu da Özünü Axtaran Adam dedi.
- Aaaaaa!!! - Bunu da üzü üstə yerə uzanmış Füsunkar sağ əlini yerə çırpa-çırpa dedi. - Şərəfsiz!
- Mənə deyirsən şərəfsiz? - Özünü Axtaran Adam Füsunkara tərəf cumdu. Füsunkar yerindən dik qalxıb qaçmağa başladı. Özünü Axtaran Adam onu qovurdu - bu dəfə də, qovulan qovandan bərk qaçırdı; həmişə belədi...
Bunlar haqq-hesab çürüdən adamlara oxşamırdı, ancaq bir-birindən əl də çəkmirdilər. Onların arasında əməlli-başlı bir cığır doğulmuşdu, bu cığır onların ikisininkidi, şərikdilər. Bu cığırın uzunluğu iki yüz əlli-üç yüz metr olar. Cığırın nə o başı, nə də bu başı heç bir yerə gedib çıxmırdı - o başı o başda qırılırdı, bu başı da bu başda; elə bil bu cığırı göydən yerə atmışdılar...
Qovanın ayaqları bir-birinə dolaşdı və bu dolaşıq vaxtında açılmadığından bədən üzü üstə yerə çırpıldı. Qaçanın isə qorxudan ayaqları bir-birinə dolaşa bilmirdi, dolaşmadı da, o arxadan tappıltı eşitdi, artıq o bu tappıltını yaxşı tanıyırdı, ona görə də dayandı, geriyə çönmədən xeyli irəli baxdı, əvvəlcə yavaş-yavaş oturdu, sonra isə ədəb-ərkanla arxası üstə uzandı, yorğunluq onun da, elə o birisinin də bədənindən buxar kimi çıxırdı - onlar buxarlanırdılar, ancaq tükənən deyildilər...
Torpağın üstündə uzanmaq ikisinə də ləzzət verirdi - elə bil qu tükünün üstündə uzanmışdılar, bircə yorğanları çatmırdı. Hava yavaş-yavaş qaraldıqca dünyada yeganə olan, heç bir ünvana tuşlanmayan bu ikibaşlı cığır yavaş-yavaş öləziməkdə idi.
- Axı ona demişdim ki, qaranlıq düşən kimi sənin başını kəsəcəm... Qaranlıq düşməyib ki, hələ... - Füsunkar fikirləşdi.
- Füsunkar!!!
- Eşidirəm!
- Sabah bu vaxtlar səni burda gözləyirəm, gəl haqq-hesabımızı çürüdək.
- Gələrəm... - Füsunkar fısıldadı.
- Gələrəm yox, mütləq gəl... Füsunkar!
- Eşidirəm.
- Mənim mobil telefonumun nömrəsi 313-13-28-dir.
- Mənimki də 313-13-28-dir, bu necə şeydi.
- Mənimki sıfır əlliynəndi. - Özünü Axtaran Adam onun təəccübünün yersiz olduğunu sübut etdi.
- Hə... - Füsunkar ağır-ağır, - mənimki sıfır əlli beşnəndi...
- Zəngləşərik...
- Zəngləşərik...
- Füsunkar.
- Həəə... - bu "hə" əvvəlkilərdən bir az uzun oldu.
- Füsunkar, məni görməmisən?
- Dəlisən?
- Hə...
- Çoxdan dəli olmusan?
- Yadıma gəlmir...
- Sən özünü çoxdan axtarırsan?
- Doğulduğum gündən...


* * *

Mən doğulanda altı yaşım vardı...
Bu, mənim əsl doğuluşum idi; birinci doğuluşum isə altı il qabaq olmuşdu... Deyəsən, bir az qəliz oldu; sadədi, qəlizdi, hər nədisə - budu. Ancaq hövsələnizi basa bilsəniz, hər şey gün kimi aydın olacaq...
Kəndimizə yaz gəlmişdi - gördünüz ki, necə sadə cümlədi, mən əhdimə vəfa qıldım, indi qaldı Sizin hövsələnizi basmağınız; hövsələnizi basın də, elə bilin ki, bir nəfəri fitə basırsınız... Nə isə...
Kəndimizə yaz gəlmişdi. Mənə elə gəlirdi ki, yaz hamıdan əvvəl bizim kəndimizə gəlir, sonra Yer üzünə yayılır, ilkin yaz ilk dəfə bizim kənddən keçir, ən yaxşı çiçəklərini, qaranquşlarını, sığırçınlarını - yaxşı nə varsa, bizim kənddə qoyub gedir.
İki mərtəbəli daş evimizin sağ, yan divarına söykənib özümü günə verirdim. Günəşin nəfəsi bütün balaca varlığıma hopub bədənimə ilahi bir rahatlıq gətirəndən sonra gözlərim yumulurdu ki, bu rahatlıq bədənimdən çıxa bilməsin, canımda qalsın.
Evimizlə üzbəüz Qobudakı arxın ayda-ildə bir dəfə, elə bu vaxtlar səsi gəlirdi. Bu Qobu elə bizim evdən bir az yuxarıda başlayıb üç-dörd kilometr uzanırdı, Çirişli Dərənin ayağında paytaxtdan rayon mərkəzinə gələn asfalt yola dirənirdi və Qobunun nəfəsi burdaca kəsilirdi...
Evimizlə Qobunun arası on beş-iyirmi metr olardı. Qobunun o üzündə isə kəndimizin qəbiristanlığı idi və mən ona heç fikir verməmişdim. Qəbiristanlıqdan bir az o tərəfdə isə Arazölən deyilən yerin sağ tərəfində bütün əzəməti ilə Qaraquzey dayanmışdı. Mən burda evimizin divarına söykənib özümü günə verəndə, dizlərimi qucaqlayıb xumarlananda da, ondan bir-iki ay sonra da, lap elə yayın cırcıramasında da Qaraquzeyin başında qar əskik olmurdu. Hərdən yayın istisində tay-tuş bir-birimizə qoşulub Qaraquzeyin təpəsinə çıxıb qar yeyirdik, sərinləyirdik, ancaq o qardan evimizə gətirə bilmirdik, yolda əriyirdi. Bir dəfə köhnə kişilərdən biri bizi qar yediyimiz yerdə görüb dedi:
- Ay uşaq, o qarı yeməyin.
Uşaqların böyüyü və təşkilatçısı mən olduğuma görə əlimdəki qarı yumrulaya-yumrulaya irəli çıxıb dedim:
- Niyə yemiyək?
- Qara qurd düşüb, - dedi.
- Sən Allah düz deyirsən?
- Vallah.
O vaxtdan biz Qaraquzeyin başındakı qardan iyrənsək də bir şeyi başa düşə bilmədik ki, bəs qurd o qarın içində niyə donub ölmür...
Sonra mən o köhnə kişini çox axtardım ki, bunu ondan soruşam, ancaq gördüm deyən olmadı - gah dağda olurdu, gah da aranda... Sonra da unutduq getdi...
Evimizin böyründə əməlli-başlı yuxuya getmişdim - bal kimi yuxuya, elə bil gözlərimə bal sürtmüşdülər.
- Nə yatıb eee, nənəm qurban...
Əvvəlcə Yetimi yuxuda gördüm.
- Nə yatıb eee... Nə yatıb eee...
Gözümü açanda gördüm Yetim durub qabağımda; elə bil Yetim yuxumdan çıxıb gəlib durmuşdu qabağımda.
- Xəbərin var, xəbərin var?
- Nədən?
- Ölü ölüb.
- Ölü?..
- Hə dayna, ölü... gədə elə bil kardı...
- Kimdi ölən?
- Nə bilim...
- Onda yalan deyirsən...
- Dədəmin goru haqqı, düz deyirəm... - Yetim tələsik dedi.
- Ölü hanı?
- Nə bilim...
- Onda yalan deyirsən.
- Dədəmin goru haqqı, düz deyirəm.
Mən inanmadım: - Məni alladırsan...
- Yalançı özünsən.
Evimizin altından keçən yol bulaqdan gəlirdi. Çiynində dolu səhəng olan bir qadın ağır-ağır yoxuşu qalxırdı.
- Gəl gedək ondan soruşaq.
- Gedək... - Yetim razılaşdı.
Mən əlimi gözümün üstünə qoyub səhəngin altında irəli əyilmiş arvaddan soruşdum:
- Xala, ay xala, ölü ölüb?
- Ölü? - Arvad təəccübləndi.
- Hə... Ölü ölüb?
- Nə bilim ay bala, görmürsən bulaqdan gəlləm.
- Gördün? - Mən üzümü Yetimə tərəf çevirdim, - gördün, aldadırsan.
- Dədəmin goru haqqı allatmıram... Allatsam gedib ayrısın alladaram dayna, səni niyə alladıram.
Ürəyim yumşaldı; ona görə ki, o məni kimdənsə üstün tuturdu. Yetim də bunu hiss eləyən kimi əlini köynəyinin qoltuğuna atdı: - Təndir çörəyiynən dəyişək? - Əlində tutduğu əl boyda cadı - darı çörəyini mənə göstərdi.
- Daş kimidi, - dedim, - dişimi sındırar.
- Qağan evdədi?
- Yox.
- Bajın evdədi?
- Yox, heç kim yoxdu.
- Onda get maa bir az çörək gətir, bunu yeyə bilmirəm.
Alt evə girib təknədən para təndir çörəyi gətirib Yetimə verdim, keçib evin böyründəki yerimdə rahatlandım. Yetim gözünü yumub çörəyi qoxuladı, ora-bura baxa-baxa çörəyi elə yeyirdi ki, elə bil kimsə bu dəqiqə böyürdən çıxıb çörəyi onun əlindən alacaq. Tələsdiyindən yaxşı-yaxşı çeynəmirdi də, çünki udanda onun uzun, arıq boğazından tikənin necə keçib getdiyini görmək olurdu - elə bil hinduşka qoz udurdu. Lap axırıncı tikə isə boğazında qaldı, çeçədi, sonra da gözündən yaş gələnə qədər öskürüb dayandı, keçib böyrümdə oturdu, kürəyini divara sıxıb əllərini göyə qaldırdı, ürəkdən gərnəşib dedi:
- İstəyirsən gedək Qobuya...
- Qobuda nə var?
- Gedək saa bənövşə yığım.
- İstəmirəm.
O, məndən iki-üç yaş böyük idi. Ancaq ikimiz də birinci sinifdə oxuyurduq; o, üç il gec getmişdi məktəbə, mən bir il tez. Anam müəllim idi, ona qoşulub gedirdim məktəbə, gördülər ki əl çəkmirəm, götürdülər birinci sinfə, dedilər ki, zehinli uşaqdı; heç o vaxt bilmirdim ki, zehin nədi, çünki kəndimizdə bu sözü eşitməmişdim, hesab müəllimi var idi, o demişdi.
Yetimin əsl adı Dətəl idi; keçən il birinci sinifə gedəndə eşitmişdim: Şirinov Dətəl - Sona müəllim jurnalda uşaqların adını oxuyurdu, Şirinov Dətəl deyəndə gördüm Yetim ayağa durub dedi:
- Mən.
Sona müəllim də dedi: - Əyləş.
Mən müəllimdən soruşdum: - Sona xala, yox ee, Sona müəllim, "əyləş" nədi? O da dedi ki, yəni otur.
- Onda deynən otur dayna. - Mən dedim.
- "Əyləş" yaxşıdı.
Onda belə başa düşdüm ki, "otur" pisdi, "əyləş" yaxşı; ancaq başa düşə bilmədim ki, "əyləş" niyə yaxşıdı və dərinə getmədim.
- Hamma nə doyunca yedim... - Dətəl həmişə belə deyəndə mən hirslənib onun təpəsinə bir qapaz ilişdirirdim, o da çörəyi yediyi kimi qapazı da yeyirdi, mənim xətrimə yox, çörəyin xətrinə...
Dətəl kürəyini divara sıxıb əllərini yenə göyə qaldırdı, yəqin bildiniz də sonra neylədi, bəli, gərnəşdi və bu dəfə bayaqkından da çox ləzzət aldı, üzümə baxıb sol əlini çiynimə qoydu.
- Gəl gedək Çirişli Dərəyə, - dedi.
- Çirişli Dərədə nə var?
- Gedək saa çiriş yığım.
- İstəmirəm.
Bayaq dediyim kimi, Dətəl məndən üç yaş böyük idi və bu qətiyyən mənim ürəyimcə deyildi, "bir sinifdə oxuyuruq, ancaq o mənnən böyükdü". Hər dəfə onun məndən böyük olması yadıma düşəndə əsəbiləşirdim, bunu özümə sığışdırmırdım.
- Dətəl.
- Hıı.
- Dətəl, sabah gəl, genə saa çörək verəjəm.
- İstəyirsən indi ver, evə gedəndə aparım gizlədim, səhər-səhər yeyim.
- Yox, - dedim, o da çevirmədi.
- Dətəl.
- Hıı.
- Dətəl, kim sənnən soruşsa ki, sən böyüksən, yoxsa o, deynən ki, o...
- Mən sənnən böyüyəm ee...
- Onda dur cəhənnəm ol xarabanıza.
- Yaxşı... yaxşı... kim soruşsa deyərəm...
- Nə deyəzsən?
- Deyəjəm ki... deyəjəm ki, sən mənnən böyüksən. - Sol əlini çiynimə qoyub məni özünə çəkdi, heç mən də etiraz eləmədim və bu anda hiss elədim ki, deyəsən mən doğrudan da ondan böyüyəm və ondan böyük olmağımın ləzzəti Günəşin ilıq, məstedici nəfəsi kimi bütün canıma yayıldı. Bir şeyi də lap sonralar başa düşdüm; başa düşdüm ki, Dətəl sol əlini mənim çiynimə qoyub özünə tərəf çəkməklə mənə qısılırmış... Əgər bunu sonralar yox, elə o vaxt duysaydım yerə-göyə sığışmazdım.
- Onda gedək Qaraquzeyə... - Qəfil növbəti təklif irəli sürdü.
- Qaraquzeydə nə var?
- Gedək saa tubulqu yığım.
- İstəmirəm...
- Ordan da düşək Mərəçöyüd çökəyinə...
- Mərəçöyüd çökəyində nə var?
- Saa mərəçöyüd yığım, beş-altı qom, götür ver bajına, bişirsin, ye...
- İstəmirəm.
Dətəl əl çəkmirdi:
- Onda gəl löpük - çoj oynayaq.
- İstəmirəm.
- Onda gəl qığmərə oynayaq.
- İstəmirəm.
Dətəlin bütün təşəbbüsləri boğulduqca elə bil özünün də havası çatmırdı, nəsə girinc olmuşdu, tez-tez ətrafa boylanırdı, çox narahat idi, elə bil oğurluq eləmişdi. Birdən dik qalxdı:

- Mən gedirəm, - dedi.
- Hara?
- Bilmirəm...
- Otur, - dedim.
Necə qalxmışdısa, elə də çökdü böyrümə, fərq burasında idi ki, bu dəfə bir az da yaxın oturdu. Əlini şalvarının torbalanmış cibinə salıb bir ovuc yumru, hamar, fındıq boyda daş çıxartdı:
- Köndələnnən yığmışam, - dedi, - istəyirsən?
- Yox.
Dətəl şalvarının o biri cibindən silahını çıxartdı - "raqatka"sını:
- Atmaq istəyirsən verim.
- Yox, - dedim.
- Onda gedək Mətinin toyuğunun təpəsindən vuraq, aparaq Orta Yalın çökəyində bişirək yeyək.
- Qağam bilsə məni doğruyar, - dedim, - bəs Məti sənin əmin dəyil?
- Noolsun əmimdi... O günü girdim pəyəsinə üç yumurtasını oğurladım, getdim Orta Yalın çökəyinə, yumurtaların təpəsini dəlib içdim.
- Bəs görmədi?
- Yox...
- Görsə saa nağayrardı?
- Mal kimi buduyardı.
- Gərməşov ağacıynan buduyardı?
- Hə... onnan başqa ağacı yoxdu ha...
Mən elə bil ki, bir az vahimələndim:
- Bəs qorxmursan?
- Nədən?
- Səni gərməşov ağacıynan döyüb öldürər dayna.
- Döyməyinə döyər, hamma öldürməz... Əmimdi...
- Dətəl.
- Hıı...
- Ona niyə kor Məti deyillər?
- Kordu dayna.
- O, niyə kordu?
- Nə bilim əəə, Allah qoymasa kordu dayna.
- Axı yeriyir... - Mən təəccübləndim.
- Əəə, gözünün biri kordu eee... biri... Davada olub...
- Davada?
- Hə... Nemesin cavabın qaytarıb, nemes də barmağın salıb gözün çıxardıb dayna... mayıf eliyib qoyub ora...
- Nemes kor Mətidən böyük imiş?
- Hə dayna, böyük olmasa... neynirsən ee onu?
- Heç... Adam orda olsaydı...
- Harda?
- Davada.
- Nağayrardın.... - Dətəl soruşdu və səbrsizliklə cavab gözlədi.
- Heeç... Mətinin yanında olsaydım ona qahmar çıxardım... Nemesi doğanın lap...
- Mən də... - Dətəl mənim mövqeyimi dəstəklədi və beləliklə biz Mətinin intiqamını nemes kopoyoğlundan alıb onun qanını yerdə qoymadıq...
Dətəl sakitləşmək bilmirdi, o raqatkanın "darağına" yumru bir daş qoydu, rezini iki-üç dəfə çəkdi, ancaq atmadı, dedi:
- Onda istəyirsən gedək quş vuraq?
- Qağam bilsə məni doğruyar.
- Niyə?
- Qağam deyir ki, indi quşu vurmaq olmaz, bala üstədi.
Dətəl raqatkasının rezinini balaca haçasına dolayıb cibinə qoydu və təslim oldu: - Qoy yekəlsinlər, sonra vurarıq, zılqa balaları var, - öz aləmində həmsöhbəti ilə həmrəylik nümayiş etdirdi və özü də bu hərəkətindən məmnun oldu, - cəvçiləri də sapsarı.
- Nəyin cəvcisi, - mən soruşdum.
- Quş balasının dayna... görməmisən?
- Niyə görməmişəm əəə. Dətəl...
- Hıı...
- O günü artırmadan durub baxırdım, bir sərçə var, tanıyıram onu, əri də var, dədə sərçə... qoşulublar bir-birinə, elə hey daşıyıllar yuvalarına...
- Nə daşıyıllar?
- Çəyirtgə... balalarına daşıyıllar... örüşdən daşıyıllar... gətirib qoyullar balalarının ağzına, onnar da yeyib yekəlillər, bir azdan pərvazdıyacaqlar...
- Bax, onda vurarıq.... - Dətəl girəvəni əldən vermədi.
- Vurarıq.
- Bəs sənin raqatkan hanı?
- Qağam tutub əlimdən aldı, cərçənək eliyib tulladı küllüyə... yaxşı ki, sapandımı tapmadı.
- Niyə?
- Niyə nədi, dəftərimə baxdı, gördü hesabdan üç almışam, ona görə. Maa deyir ki, yaxşı oxu dərsini, get, instituta gir... Dətəl, institut nədi?
- İnstitut?
- İnstitut.
Dətəl kənd yerində, bu yaşda uşaq necə dahiyanə görkəm ala bilərdisə, o görkəmi aldı və alan kimi də dedi:
- İnstitut... - ani olaraq ilişdi və tez də qopdu, - institut... çoxlu tut ağacı olan yer, toxmacarlıq.
- Mən toxmacarlıqda nağayrajam ki?
- Nə bilim, - dedi və gördü ki, mən bikefləmişəm, "çıxış yolu" tapdı, - istəyirsən qağannan soruş, - dedi.
- Soruşa bilmərəm.
- Niyə?
- Nə bilim... Dətəl.
- Hıı...
- Hesabdan üç alanda adamı toxmacarlığa qoymullar ki?
- Yox! - Dətəl qəti öz fikrini bildirdi.
- Niyə?
- Qağan deyir dayna... yekə kişidi, səni allatmıyajax ha...
- Düzdü, - mən heç nə anlamasam da razılaşdım. - Dətəl.
- Hıı...
- Dətəl, dədən niyə ölüb?
- Dədəm? - sual gözlənilməz və yersiz olsa da Dətəl bunun üstünü vurmadı.
- Hə, dədən.
- Nə bilim əə, ölüb dayna... Nənəm deyir ki, qarnı ağrıyırmış, ölüb.
- Bəs ölənnən sonra dədən nağayrıb?
- Heç nə... ölüb, aparıb basdırıblar.
- Basdıranda sən ordaydın?
- Nənəm deyir ki, mən onda cıqqılı olmuşam.
- Dətəl.
- Hıı...
- Adam öləndə niyə basdırırlar, yazıqları gəlmir?
- Yox.
- Dətəl.
- Hıı...
- Sən niyə bajına nənə deyirsən?
- Bəs sən niyə dədənə qağa deyirsən?
- Bilmirəm.
- Mən də bilmirəm, - Dətəl qısa cavab verdi.
- Dətəl.
- Hıı...
- Ana dili kitabın var?
- Kitabım nə gəzir...
- O kitabın adı səfdi, - mən qəfil dedim.
- Heç kitab səf olar?
- Olar.
- Bəs nətəhər olmalıdı kitabın adı? - Dətəl maraqlandı.
- Kitabın adı səfdi, ya nənə dili olmalıdı, ya da ki, bajı dili; bax, sən nənənin qarnından çıxmısan, mən də bajımın... Düz deyirəm?
Dətəl heç nə başa düşməsə də əlüstü razılaşdı, ancaq öz fikrini deməkdən də çəkinmədi: - Qağa dili də yaxşıdı, mən də sənnən soruşaram ki, qağa dili kitabın vaar?
Mən və Dətəl dilçilik elmi sahəsindəki mülahizələrimizlə bölüşsək də, qəti bir qərara gələ bilmədik, çünki başımız girməyən yerə bədənimizi pərçim eliyib qalmışdıq çapalaya-çapalaya.
Çapalaya-çapalaya da dedim: - Dətəl, yekələndə nəçi olazsan?
- Bir az yekələndən sonra quzu otaran olajam, bir az da yekələndən sonra qoyun otaran olajam, bir az da yekəlib yekə kişi olandan sonra da gamış otarajam, naxırçı... Bəs, sən nəçi olazsan?
- Mən?
- Hə, sən...
- Mən... mən ya Umud müəllim kimi olajam, ya Osman əmim kimi doxdur, ya da ki... hesabdar...
- Qağan kimi?
- Hə qağam kimi...
Dətəl dilləndi: - Nətəhər olub heylə, mənim dədəm ölüb, sənin qağan hesabdar olub, hıy?
- Qağam məktəbdə oxuyanda hesabdan beş alıb, onçun.
Dətəli maraq götürdü:
- Dədəm hesabdan beş alsaydı, ölməzdi?
- Yox, - dedim.
- O da hesabdar olardı?
- Hə, dedim.
- Sənin hesab kitabın var?
- Hə...
- Onu ver oxuyum.
- Sonra verrəm.
- İndi ver dayna.
- Yox...
Dətəl razılaşdı və dedi:
- Gedirəm, - ancaq bu dəfə ayağa durmadı, özü də gedənə oxşamırdı.
- Hara?
- Bilmirəm.
- Otur, - Dətəl onsuz da oturmuşdu.
Dətəl hardasa ürəyinin dərin yerində duyurdu ki, "Gedirəm" deyəndə mən qoymayacam, ona görə arxayın-arxayın deyirdi ki, "mən gedirəm". O getsəydi mən darıxardım və o, özünün dediyi kimi getsəydi, bir su içim saatda hərlənib-fırlanıb qayıdacaqdı; "gedirəm" məsələsinin mahiyyəti belə idi; bunu Dətəl bilirdi, mən duyurdum, sadəcə, bir-birimizi yola verirmişik...
Birdən bizdən beş-altı metr qabaqda bir anın içində ildırım sürətilə iki sərçə peyda oldu, onların arasında bir döyüş başladı ki, gəl görəsən - bir-birini dimdikləyir, öz dillərində olmazın söyüş və qarğışlarını yağdırır, bədənlərini bir-birinə çırpmaqdan belə çəkinmirdilər. Heç vaxt sərçələrin belə bərkdən ciggildəməyini eşitməmişdim. Dətəl də, mən də tamaşa eləyirdik. Necə qızışmışdılarsa, bizi də saymırdılar; saymırdılar deyəndə ki, bizdən qorxmurdular, bu qədər yaxın olsalar da. Bir dəqiqəyə yaxın şiddətli döyüş getdi. Sərçə nə idi ki, döyüşü də nə olsun; ancaq bir-birləri üçün təhlükəli idi - burda qan düşə, hətta ölüm də ola bilərdi. Əlbəyaxa döyüşdə çəkinin rolu böyükdür. İkisi də eyni çəkidə olardı - orta yüngül çəkidə. Ancaq hərənin öz çəkisi, öz döyüşü olur. Sərçələrin bu döyüşü peşəkar boksçuların on beş raunduna bərabər bir şeydi - yenə deyirəm çəkilərini nəzərə alsaq. Dəqiqənin son saniyələrində sərçələrdən biri gerilədi. Heç birimiz başa düşmürdük ki, bunlar nə üstə bir-birini qırırlar. Mənə elə gəldi ki, bu dava namus üstədi, çünki hər ikisi dədə sərçə idi. Ancaq mən yanılmışdım. Geriləyən sərçə tam əldən düşəndən sonra uçub getdi. Qalib sərçə ətrafa boylandı, hətta bizə tərəf də baxdı, üç-dörd sərçə addımlığında hələ canını tam tapşırmamış "halalca" çəyirtkəsini dimdiyinə alıb yuvasına tərəf pırıldadı. Sən demə, dava yem davası imiş. Qalib sərçənin dimdiyindən yerə düşən çəyirtkəni görən məğlub sərçə yemin dalınca yerə şığıdı, amma heç nə əldə edə bilmədi, əvəzində başı qalib sərçənin dimdiyindən bir deşik də aldı.
Biz xeyli susduqdan sonra eyni vaxtda bir-birimizə tərəf çöndük, Dətəl dedi:
- Gördün?
- Gördüm.
- Görən onlar barışacaq, hıy?
Mən cavab vermədim, çünki Dətəl bu neçə ildə mənə belə sarsaq sual verməmişdi.
Gün günortadan əyilmişdi. Torpaq qoxusu, körpə yuxusu, suyun, toyuq-cücənin, it-pişiyin, quşların, kəl arabasının, qarışqa kimi qaynaşan adamların, cırcıramaların, sığırçınların, böcəklərin səsindən əmələ gələn bir xor yaranmışdı - bu, Yazın səsi idi. Və birdən Yazın səsinin ahəngi pozuldu, orta yaşlı bir qadın Yazın səsini batırıb onu uddu:
- Ay dədə oooooyyy... ay dədə ooooyyy... ay dədə bizi qoyub hara gedirsən ooooyyyyy...
Bu səs Yazın beyninə işlədi və Yazın da, kəndin də bütün nizam-tərəzisini pozdu; belə qışqırtıya, belə hönkürtüyə Yaz dözərdi? Yaz kövrək şeydi, cilik-cilik oldu Yaz töküldü kəndin içinə, dərələrə-təpələrə, adamların üst-başına, quşların yuvasına, Əsgərxan bulağına, Arazölənə, Yelligədiyə, Çirişdi Dərəyə... Qaraquzeyin təpəsinə də...
- Ay dədə heeeeeey, bizi qoyub hara gedirsən, hara gedirsən, hara gedirsən, ay dədə, ay dədə....
Bu başqa səs idi, bayaqkı səs deyildi; bayaqkı buna baxanda yoğun idi və adamın beyninə sancılırdı gülmıx kimi.
İkimiz də dik qalxdıq, Dətəl lap ilk sözünə qayıtdı:
- Ölü ölüb, - dedi, - gördüüün? - uzada-uzada bayaq ona inanmadığıma görə baxışları ilə ürək eləyib məni bir danladı da...
- Nağayrım... sudan gələn arvad dedi dayna, - mən günahımı yumaq istədim, ancaq deyəsən yuya bilmədim.
Qobunun o tayında kolxoz həyəti tərəfdən gələn yolla qəbiristanlığa doğru tabut irəliləyirdi, dalınca da bir topa adam.
- Gedək? - Dətəl dedi, - qəbiristanlığa gedək?
Düzü, getmək istəmirdim, mən qəbiristanlıqdan qorxurdum...
Dətəl elə bil ürəyimi oxumuşdu:
- Qorxursan?
- Yox! - dedim, - gedək.
Bir su içim saatdan sonra biz də tabutun dalınca gedən adamların arxasınca gedən uşaqlara qoşulduq. Qəbristanlığa girhagirdə gördük ki, uşaqlar qayıdıb geri, elə ikimiz qalmışıq. Mən də qayıtmaq istədim, amma qayıtmadım.
Yoğun səsli qadın səsini başına atdı:
- Ay dədə ooooy... ay dədə ooooy... ay dədə bizi qoyub hara gedirsən, ooooyyyy.... - Və başladı özünü döyməyə, saçlarını yolub üz-gözünü cırmağa.... Sağ əli ilə sinəsini elə şappıldadırdı ki, əks-sədası Qaraquzeydən gəlirdi; əməlli-başlı özünü döyürdü.


Arvadlardan biri özünü döyən qadının bir addımlığında olsa da, qadınların üstünə qışqırdı:
- Aaz, aaz... görmürsünüz özünü öldürür, qoymayın dayna, nə təhər adamsınız aaz siz...
- Dəyməyin, qoyun ağlasın, döysün özünü, səbbi alınsın, - bunu başı tırnalı, arxalıq geymiş bir arvad dedi. Dedi... dedi də, hamı gözlədi ki, qadın ağlasın, özünü döysün, səbbi alınsın.
- Ay dədə, bizi qoyub hara gedirsən, ay dədə, ay dədə, ay dədəəə, - yenə özünü döyməyə başlayanda başı tırnalı arvad necə him elədisə arvadlar başladı, nə başladı:
- Şaxsey!
- Vaxsey!
- Şaxsey!
- Vaxsey!
"Şaxsey"i tırnalı qadın deyirdi, "vaxsey"i isə yerdə qalan arvadların hamısı. Bir anlıq mənə elə gəldi ki, bütün dünya bu mərasimə qulaq kəsilib. O qadın daha özünü döymürdü, qoşulmuşdu "vaxsey" deyən arvadlara və onun səsi bu əzəmətli gurluqda itib batmışdı, mənə elə gəlirdi ki, onun səsini bir də eşitməyəcəm; əslində, mən belə də istəyirdim.
Dətəl ağzını qulağıma dirəyib dedi:
- Gəl gedək o tərəfdən üzünü cıran arvada baxaq.
Getdik və gördük ki, arvadın üzündə sağ-istahat qalmayıb, sifəti başdan ayağacan dırnaq yeridi - cırıq-cırıq. Üzündəki qan ləkələri onu qorxulu və qeyri-adi göstərirdi. Təbii, hamı kimi bu cavan qadın da öz atasını çox istəyirdi və sakitləşmək bilmirdi, durduğu yerdə sağa-sola yellənirdi. Sonralar anladım ki, yanmaq öz yerində, ancaq bütün bunlar ondan ötəriymiş ki, sabahda, birisigündə Əsgərxan bulağının üstündə qız-gəlin danışsın ki, filankəsin yası yaman urvatdı keçib, qızı özünü öldürürmüş... onu da mütləq desinlər ki, qızı özünü qızıl-al qana boyamışımış - bax, bundan sonra qızı özünə gəlib rahat olacaqmış...
Kəndin gözünün ağı-qarası Molla Cavad Quran oxuyurdu, hamı ona qulaq kəsilmişdi. Hamının üz-gözündən kədər tökülürdü. Kədər tökülürdü deyəndə ki, ən azı kədərə oxşayan bir şey idi. Mən tərəfdən görünən bütün kişi sifətlərini bir-bir nəzərdən keçirdim və ağzımı Dətəlin qulağına yaxınlaşdırıb pıçıldadım:
- Dətəl, heç kişilərdən üzü cırıx yoxdu...
Dətəl də ağzını mənim qulağıma yapışdırıb pıçıldadı:
- Kişi üzün cırmaz.
Molla Cavad Quran oxuyub qurtaran kimi amiranə şəkildə dedi:
- Götürün.
Yekə kişilərin ayağının arasından qəbrə baxdım. Qəbir ağzını açıb gözləyirdi, bir azdan onun ağzını yumacaqdılar. Belə də oldu, meyidi Üç gül xalçanın arasından çıxarıb böyrü üstə qəbrə uzatdılar. Ağappaq geyinmiş meyid təzəcə qazılmış qara torpağın içində uzun bir işıq kimi apaydın görünürdü. Meyidin başının altına bir çim də qoydular ki, başı yastıqdan düşər, boynu ağrıyar - mən o vaxt belə başa düşmüşdüm. Kişilərdən biri lap qəbrin içinə girmişdi; fikirləşdim ki, dünyada o kişidən güclü kişi yoxdu, tez-tez də ona-buna əmr verirdi: ordan tut, yox, yox, ordan, bu tərəfini də bir az qaldır... qaldır... bax, heylə... yaxşıdı... indi ağacları düzün...
Qol yoğunluqda, bərabər doğranmış çəkil ağaclarını qəbrin eninə düzüb qurtaran kimi, meyid də görünməz oldu, sonra ağacların üstünə böyürtkən və qaratikan kolu düzüb yaprıxana qədər tapdaladılar, yabanın arxası ilə çırpıb hamarlayandan sonra torpaqlamağa başladılar. Torpaqlamaq məsələsində hamı iştirak eləyirdi, Dətəlinən mənnən başqa. Özü də biri torpaqlayırdı, beli yerə atırdı, o birisi yerdən götürüb davam eliyirdi və axıracan belə oldu. Bu, məni çox təəccübləndirdi, istədim Dətəldən soruşum, ancaq fikrimdən vaz keçdim.
Molla təzə ölünün və burda yatanların hamısının ruhuna dua elədi, camaat da dedi amin.
Son sözü yenə molla dedi:
- Allah rəhmət eləsin, Allah səbr versin, Allah yerdə qalanların saxlasın... Camaat, Allah da sizdən razı olsun. Hə. Getdik.
Molla qabaqda, camaat da onun arxasınca uzaqlaşırdı. Dətəlinən ikimiz qalmışdıq. Dedim:
- Dətəl, o qəbir kimindi heylə? - Barmağımla dəmir barmaqlıqların arasındakı qəbri göstərdim.
Dətəl tələsik dedi:
- Qəbri barmaqla göstərməzlər, pis olar, tez ol barmağını dişlə.
Qorxumdan tez barmağımı dişlədim, özü də lap bərk dişlədim ki, qoy pis olmasın:
- Genə dişləyim?
- Bir dəfə bəsdi.
- Bəyax göstərdiyim qəbir kimindi?
- Bəy qəbridi, - Dətəl ağır-ağır dedi.
- Bəyin adı nədi?
- Əsgərxan bəy.
- Sən onu görmüşdün?
- Yoox... - təəccübləndi, - hardan? Nənəm deyir ki, Əsgərxan bəy öləndə Dədəm cıqqılı uşaq imiş...
- Dətəl.
- Hı...
- Bəs, dədənin qəbri hansıdı?
- Bilmirəm.
- Niyə bilmirsən?
- Bilirdim ee, yadımdan çıxıb.
- Dətəl.
- Hı...
- Sən öləzsən?
- Yox...
- Bəs mən?
- Sən də ölməyəzsən.
- Nə bilirsən?
- Bilirəm.
Mən Dətəlin dediyinə inandım, ancaq...
- Dətəl...
- Hı...
- Eşitdin bəyax molla nə dedi?
- Nə dedi?
- Dedi ki, camaat hamımızın axırı buradı, özü də qəbri göstərdi.
- O camaatı deyirdi, bizi demirdi.
- Bəs biz də bu camaatdan dəyilik?
- Yoox.
- Niyə yox ee, ay Dətəl?
- Ona görə ki, onlar camaatdı, amma biz uşağıq.
İstədim deyəm ki, biz də yekələndə camaat olacağıq axı, demədim, qorxdum - qorxdum ki, bu sualın cavabı mən istəyən kimi olmasın və susdum.
Qəbiristanlıqdan çıxıb Qobuya yenəndə Dətəldən soruşdum:
- Goreşən görmüsən?
- Hə...
- Bəs səni yemədi?
- Yemək istəyirdi, üstümə cumanda çomağnan nə təhər qoydumsa, orda da qaldı.
- Öldü?
- Öldü...
Bəlkə də inanmazsınız, Dətəl gözümdə böyüdü, böyüdü, böyüdü, bayaq qəbrin içinə girib meyidi rahatlayan o kişidən də güclü adam oldu, əlimi onun çiyninə qoydum, o da məni təkrar elədi.
Birinci dəfə idi ki, qəbiristanlıqda ölünü basdıran görmüşdüm, gözümün qabağından getmirdi, gözümü yumurdum, yenə görürdüm.
- Dətəl, beyjə bizdə qalarsan?
- Qoyallar?
- Nə bilim...
- Qağan qoysa qalaram.
- Dətəl.
- Hı...
- O qəbiristanlıqda çoxlu gül bitmişdi, onları gördün?
- Hə...
- O gülün adı nədi?
- Nərgiz.
- Nə?!
- Nərgiz dayna... bııy...
- Ayazxanın nənəsi Nərgiz.
- Hə... O güllərin adını Ayazxanın nənəsinin adından götürüblər.
- Sənin nənənin adına gül var?
- Yox... Olsa da gülməli çıxar ee... - Dətəl güldü.
- Niyə?
- Sərəndaz gülü, - Dətəl yenə güldü.
Sonralar mən həddi-buluğa çatandan sonra Ayazxanın nənəsi Nərgiz haqqında xeyli fikirləşdim və bu qərara gəldim ki, Nərgiz gülü ancaq insanla torpağın qarışdığı yerdə bitir, əgər heylə olmasaydı, bəs onda bu gül niyə ancaq qəbiristanlıqda bitirdi, hə?! Özü də mal-heyvan qəbiristanlığa girəndə oranın otunu, tikanını da yeyirdi, Nərgiz gülünə (nə bilim, vallah, Dətəl onun adını belə deyib) çatanda isə eləcə burnunu sürtə-sürtə qoxulayıb keçirdi...
- Dətəl.
- Hı...
- Beyjə bizdə qal, tezdən çıxıb gedərik məktəbə.
- Qağan qoysa qallam...
- Bəylər dədəm desə qoyar.
- Hə... İsmayıl oğlu Bəylərin sözündən çıxmaz.
- Dətəl.
- Hı...
- Bilirsən?
- Nəyi?
- Qağam Bəylər dədəmnən qorxur ee.
- Nə bilirsən? - Dətəl dedi, - döyüb onu?
- Yox, döyməyib...
- Bəs nə bilirsən?
- Bilirəm... qağam Bəylər dədəmnən qorxur, Zülfiqar əmim də qorxur...
- Camaat hamısı qorxur İsmayıl oğlu Bəylərdən.
- Dətəl.
- Hı...
- Camaat Bəylər dədəmdən niyə qorxur?
- Mənim ona yaşım çatmır...
İsmayıl oğlu Bəylərin məsələsi də gündəlikdən çıxdı. Onlar bayaqkı kimi evin böyründə oturmuşdular.
- Dətəl.
- Hı...
- Məti əmin də qəbiristanlıqdaydı, gördün?
- Hə... Qəbri o qazır dayna hamıya.
- Axı onun gözünün biri görmür?
- Noolsun, gözüynən qazmır ha, əliynən qazır.
- Dətəl.
- Hı...
- Mətinin ağladığın görmüsən?
- Mən görməmişəm, amma nənəm deyir ki, qardaşı öləndə yaman ağlayırmış... Hamı yığışıb onu kiridə bilmirmiş.
- Mətinin qardaşı var?
- Əə, dədəmi deyirəm dayna, qardaşı dədəmdi.
- Dətəl.
- Hı...
- Görən Məti ağlayanda gözünün ikisindən də yaş gəlir?
- Hə...
- Kor gözündən də.
- Bilmirəm...
- Dətəl.
- Hı...
- Dətəl, ölən kim idi?
- Poruğun əri.
- O kimdi heylə?
- Kolxoz həyətinin qarovulçusu.
- Neçə yaşı vardı?
Dətəl məni süzəndən sonra dedi:
- Yüz.
- Yüz?
- Hə, yüz, - Dətəl təəccüblə üzümə baxdı.
- Mənim altı yaşım var, - bir əlimin beş, o biri əlimin bir barmağını ona göstərdim, - bir, iki, üç, dörd, beş... bax, bu da altı.
- Mənim də on yaşım var, - Dətəl iki əlini də havaya qaldırıb bir-birinə çırpdı, şappıldatdı, bizdən bir az aralıda gəzən çil toyuq bizə tərs-tərs baxıb dibək daşına tərəf getdi, deyəsən su içmək istəyirdi. Bığ yeri təzəcə tərləmiş cavan bir xoruz, xoruzlana-xoruzlana sağa-sola gərdiş eləyib qanadlarını ağır-ağır yanına çırpdı, deyəsən gərnəşirdi; ora-bura boylanandan sonra nənəsi yaşda bir toyuğun belinə mindi. Gənc xoruz xoruzluğunu göstərmək istəyirdi ki, buralara nəzarət eliyən ları xoruz bütün gücü ilə banlayıb qanadlarını şappıldada-şappıldada irəli cumdu, gənc xoruz elə bilirdi ki, üstünə mindiyi toyuqdan və onun özündən başqa bu boyda həyət-bacada bir başıpapaqlı, daha doğrusu, bir başıpipikli yoxdu; ları xoruzun ona yaxınlaşması ilə təpəsinə bir dimdik vuraraq pipiyindən yapışıb bir tərəfə atması bir oldu. Gənc xoruz atıldığı yerdən durub pərt olmuş halda küllüyə tərəf qaçanda ları xoruz atılıb mindi toyuğun belinə, dimdiyi ilə başına döyə-döyə xoruzluğunu ona göstərib düşdü. Toyuq yerindən tərpənmədi, elə bil kürt düşmüşdü. Ları xoruz onun həndəvərində bir-iki dəfə dövrə vurandan sonra qaqqıldaya-qaqqıldaya toyuqları bir-bir nəzərdən keçirdi; ları xoruz sanki deyirdi ki, özünüzü yaxşı aparın haa, bura uşaq-muşaq, gədə-güdə meydanı deyil, burda bir xoruz var, o da mənəm. Qaqq-qaqq, qaqq, qaqq - yəni başa düşdünüz, yoxsa...
Bizim evdən on-on iki metr aralı, böyür-böyürə, Bəylər dədəmin ikimərtəbəli daş evi durmuşdu və elə bil Qaraquzeyə tərəf baxırdı. O vaxt kəndimizdə daş ev tək-tük idi. Bəylər dədəmin evinin böyründə də Zülfüqar əmimgilin eviydi, o da ikimərtəbəli, özü də daşdan - o ev də Qaraquzeyə baxırdı. Kəndimizdə xeyli çovustan da vardı, yayda elə sərin olurdu ki... bu evləri civirdən tikirdilər. Sonralar, təxminən qırx ildən sonra mən İspaniyada turistlər üçün tikilmiş kiçik bir qəsəbə gördüm, evlər hamısı çovustan idi.
Axşama hələ xeyli qalırdı. Tükəzban nənəm yun çırpırdı, Sərəncam nənəm cəhrə əyirirdi. Bəylər dədəmin iki arvadı vardı, bizim də iki nənəmiz. Bu günülərin cıqqırı da çıxmırdı, üzdə çox mehriban idilər, əslində isə bir-birinin qanını içməyə hazır idilər. Bəylər dədəm əvvəldən məsələni elə qoymuşdu - nənələrimin ikisi də Bəylər dədəmdən üyüdürdülər, silirdilər - qorxurdular ki, Kişi eşidər dünyanı dağıdar, dünya da dağılandan sonra nənələrimə nə qalır ki? Bəylər dədəmin bacısı Səkinə mama da İrənşəlli obasından qonaq gəlmişdi, o da dədəmin evinin ikinci mərtəbəsinə qalxan daş pilləkanın ayağında, qalın, yun döşəyin üstündə oturub nehrə çalxayırdı. Tez-tez əl saxlayıb nehrənin üstündəki deşikdən tıxacı çıxardır, nehrənin köpünü alırdı, əgər almasaydı nehrə əlindəcə partlayıb dağılardı.
Səkinə mama həmişə deyərdi:
- Hər şey belədi... vaxtında köpünü almasan partlayır.
Tükəzban nənəmin səsi gəldi:
- Ay uşaq, gör o təndir ağarıb.
Dətəl də, mən də dik qalxdıq.
- Mən gedirəm, - dedim, - sən otur.
- Qoy mən də gedim, noolar.
- Sən otur, - dedim, - nənəm maa dedi.
Mən təndirə tərəf getdim, təndir qaratikan kolunun çırtıltısı ilə alovlanıb yanırdı. Əgər təndirin ağarmaq xəbərini Tükəzban nənəmə Dətəl desəydi, bəlkə də nənəm ona bir məməli kökə verəcəkdi. Mən təndirin başına getməklə Dətəli bu gözlənilən məməli kökədən məhrum etmiş olurdum. Yəqin bilirdim ki, Dətəl dalımca danışdı, ən azı:
- Səni görüm xayın yarası tökəsən... - dedi.
Təndirin başından qayıdıb gəldim, nənəmin başı yun çırpmağa qarışmışdı, məni görmədi, Dətəlin yanında oturub ona dedim:
- Get Tükəzban nənəmə deynən ki, təndir ağarıb.
Yerindən dik qalxan Dətəl özüynən bərabər yerinən sürünən mısmırığını da qaldırdı. O, təndirin başına qaçıb təndirin içinə baxdı, bir az da təndirə tərəf əyildi, alov onun üzünü qarsılayan kimi dikəlib nənəmin yanına qaçdı:
- Tükəzban xala, təndir ağarıb.
- Sən də burdasan? - Tükəzban nənəm ona fikir verməmişdi. Nənəmin bu sualı Dətəlin xoşuna gəlmədi. Çünki Dətəlin aləmində nənəmin bu sualı onun məməli kökə ümidini alt-üst edirdi.
O vaxtlar təndirdə çörək bişirmək, özü də Yağlıvəndin kəhrəba kimi buğdasından, doqquz mərtəbəli şəhər evinin eyvanında kabab bişirmək kimi bir şey idi, qoxusu hər tərəfə yayılırdı, camaatın ağzı sulanırdı, pis vaxtlar idi, müharibənin ağrı-acısı hələ camaatın da, torpağın da canından çıxmamışdı.
Bir azdan Dətəl oturduğu yerdən Tükəzban nənəmə dedi:
- Gedib genə təndirə baxıım?
- Baxdın dayna, neçə dəfə baxazsan... - Nənəm buz kimi cavab verdi.
Dətəl hiss elədi ki, çox artıq sual verdi nənəmə və üzünü mənə tutdu:
- Nənən kökə bişirəjək?
- Bilmirəm.
- Soruş dayna.
Mən dinmədim, Dətəl də çevirmədi.
- Nənə, Bəylər dədəm hanı? - Mən soruşdum.
- Örüşdədi. - Nənələrimin ikisi də birdən cavab verdi.
- Nə vaxt gələjək? - Bu dəfə nənələrimin heç birisindən səs çıxmadı, yəqin bir-birinə arxayın olmuşdular.
- Hııyyy? - yəni ki, nə vaxt gələcək. Bu dəfə ikisi də cavab verdi, deyəsən bir-birinə arxayın olmadılar.
- Bir azdan... - Dedilər.
Dətəl mənə dedi:
- Bəylər dədəni neynirsən?
- Qağama desin ki, qoysun sən bizdə qalasan.
- Qağan gəlib? - Dətəl ətrafa boylandı.
- Bilmirəm.
- Qağan qoymasa nağayrazsan?
- Bilmirəm.
- İstəyirsən sən gedək bizdə qal.
- İstəmirəm.
- Niyə?
- Qağam məni doğrayar...
Mənə elə gəlirdi ki, o gecə mən mütləq Dətəlinən bir yerdə yatmalıyam, çünki meyidi bir yerdə görmüşdük.
Bəylər dədəm, qısa desəm, dağ boyda kişi idi. Kəndimizdə onun qolunu qatlayan kişi yox idi. Əgər bizim kənddə ona bab kişi yox idisə, deməli, dünyada da yox idi, çünki kəndimiz də yarımdünya idi. Nə qədər güclü, heykəlli kişi olsa da, o qədər də kövrək idi; adətən kövrəklik və güc bir canda qərar tuta bilmirdi.


Tükəzban nənəm sir-sifətdən Bəylər dədəmə oxşayırdı, zarafat deyil, yüz ildi bir yastığa baş qoyublar, ancaq Sərəncam nənəm gələndən sonra Tükəzban nənəmin yasdığı tən ortadan bölündü, balacalaşdı və nənəmin yasdığı yarı bölünəndən sonra özü də olmuşdu yarımnənə və nənəm hamının gözünün qabağında əriyirdi, yarıcanı qalmışdı, canının yarısı yasdığın o üzündə qalmışdı... Yastığın o üzündə qalan canından xəbər tuta bilmirdi, nigaran qalırdı... Nənəmin yastığının parçalanması mənə "Gülüstan" müqaviləsini xatırladırdı - nənəmin Azərbaycanı baş qoyduğu yastıq idi, Bəylər dədəm müqaviləsiz-filansız o yastığı iki yerə bölmüşdü və hərəsi qalmışdı ortasından tikanlı məftillər keçən yastığın bir tərəfində - bu, nənəmin içindəki həqiqət idi və bu həqiqət sözün əsl mənasında, sir-sifətdən böyük həqiqətə çox oxşayırdı, bəlkə də bir alma idi, nənəmin yastığı kimi yarı bölünmüşdü...
Çox qəribəsi bu idi ki, İsmayıl oğlu Bəyləri heç kəs qınamırdı, yaxud qınamaq istəmirdi və yaxud qınaya bilmirdi və yaxud qınasaydı nələrin baş verə biləcəyindən qorxurdu və yaxud nələrin baş verəcəyindən sonra onun qabağında duruş gətirə bilməyəcəyindən qorxurdu hamı. İsmayıl oğlu Bəylər bu qərarı təkbaşına qəbul eləmişdi və bu tək başdan bir tük də əskik olmamışdı.
Bir dəfə məktəbdən qayıdanda gördüm ki, səsli-küylü qapı-bacamız elə bil ki, qurbağa gölünə dönüb və kimsə ora daş atıb. Sükut qaratikan kolu kimi qapı-bacaya döşənmişdi və əl-ayağımı, üz-gözümü didirdi; həyət-bacada hara getdimsə, elə bil qaratikan meşəsinə düşmüşdüm. Dətəl yadıma düşdü, necə darıxdımsa elə bil heç indicə ayrılmamışdıq. Birdən Bəylər dədəmin alt evindən hənirti gəldi; qaratikanı ayaqlaya-ayaqlaya alt evin qapısına yaxınlaşdım, nənəm zümzümə eliyirdi:
- Yaşıldı başın ördək,
Neçədi yaşın ördək?
Həmişə cüt gəzərdin
Hanı yoldaşın ördək? İhi... İhi... - Deyəsən nənəm ağlayırdı.
Nəfəs çəkmədən qulaq asdım, mənə elə gəldi ki, bu şeiri nənəm yazıb, Bəylər dədəmə həsr eləyib və "hanı yoldaşın ördək?" deyəndə nənəm özünü nəzərdə tutur. Poruğun kolxozun həyətindəki hovuzda gecə-gündüz qanadlarını suya şappıldada-şappıldada üzən ördəkləri yadıma düşdü və nənəm bu ördəklərin heç birisinə oxşamırdı.
Nənəm yenə zümzümələdi:
- Bu bağda ilan olmaz,
Dərdimi bilən olmaz,
Özüm deyib ağlaram -
Göz yaşım silən olmaz... Tüstüm təpəmdən çıxır, Allah.
Nənəm öz vəziyyəti haqqında Allaha məlumat verdi, dedi ki, təpəsindən tüstü çıxır. Mən təəccübləndim: "Nənəm ocaq-zaddı ki, tüstü çıxa". Bu təəccübdən sonra bayatının axırıncı misrasını xatırladım, axı, məktəbdə deyirdilər ki, mən zehinli uşağam:
Göz yaşım silən olmaz...
İstədim içəri girib pencəyimin qolu ilə nənəmin gözünün yaşını siləm, ürək eləmədim, qorxdum və nədən qorxduğumu bu günə qədər də bilmirəm. Bir dəfə bacımdan mürəbbə istədim, o da vermədi, dedi ki, qonağın payıdı; mən də naməlum qonağın ünvanına yağlı söyüşlər yağdırandan sonra başladım ağlamağa, gözümdən Yağlıvənd buğdası boyda yaş tökülürdü. Bax, onda məndən balaca bacım Zümrüd doluxsuna-doluxsuna gəlib donunun ətəyiynən gözümün yaşını silib dedi:
- Bir az da ağla, verəjək...
Və özümün bu "ağır" vəziyyətimdə, iki daşın arasında fikirləşdim ki, görəsən Tükəzban nənəm bir az da ağlasa, Bəylər dədəm Sərəncam nənəmi qovar?!
Və qərara gəldim:
- Qovmaz!
Heç mən də istəməzdim; qoy iki nənəm olsun. Bir də eşitmişdim ki, Sərəncam nənəm sonsuzdu (bu sözün mənasını bilmirdim), nəfəsi ağırdı, kim onu incitsə vurğun təpəsindən vurar və mən istəmirdim ki, dəli vurğun Bəylər dədəmin təpəsindən vursun, niyə vursun eee...
Tükəzban nənəm ər davası eləyirdi, ancaq o, bu davanı sakitcə, öz-özüynən, nənəsindən eşitdiyi bayatılarnan eləyirdi - bu da belə müharibə eləyirdi. Nənəmin belə kürrük eləməyi mənim xoşuma gəlmirdi, elə bilirdim ki, onun heç kəsin xəbərdar olmadığı bu hərəkəti Bəylər dədəmə baş ucalığı gətirmir və bu məndə, altı yaşlı uşaqda təəssüf hissi doğururdu. Sonralar isə... laap sonralar başa düşdüm ki, yazıq nənəm ər davası eləmirmiş, bu yaşda heç ona ər də lazım deyildi - o, sadəcə olaraq ləyaqət davası eləyirmiş - özü də elə bir dava ki, bunu açıb-ağartmaq olmazdı; işin çətinliyi, qəlizliyi də, bax, burası idi.
Kənddə danışırlar ki, müharibədən qabaq Tükəzban nənəm bərk azarlayır. Sabaha qalmağına ümid yox imiş, bütün Muradxanlı tayfası onun başına yığışıbmış. Yaşlı adamlar deyirmiş ki, qara qızdırmadı. Ömür boyu çox şeylər görmüş bu yaşlı adamlar həkim olmasalar da, çox vaxt qoyduqları "diaqnoz" düz çıxır, özünü doğruldurdu. Ancaq dünyagörmüşlərin nənəm haqqında dedikləri yalan çıxdı və bu yalan bu günə kimi nənəmi yaşadır; odeey, nənəm oturub orda yun çırpır və bir azdan durub təndirə çörək yapacaq.
Sözüm onda deyil, nənəmin ağırlaşdığı o gün tayfamız onun başına yığışır, yaxınlarına vəsiyyət eləyir, bu zaman gözünün midiyini tökənlər də olur; hətta dünyagörmüş qarılardan biri ağlayanların üstünə qışqırır:
- Adamı diri-diri ağlamayın, günahdı. Kəsin səsinizi. Əgər Allahdan ipi üzülməyibsə, qalacaq. Tökməyin gözünüzün midiyini, çıxın çölə.
Ağlayanları çölə çıxardıblar, ağlamayanlar isə içəridə qalıb. Çölə çıxardılmış ağlayanlar bu dəfə pəncərədən baxırmışlar...
Belə bir vəziyyətdə nənəm deyir:
- Bəylər, irəli dur. - Bu boyda kənddə İsmayıl oğlu Bəylərə "Bəylər" deyə biləcək yeganə qadın, Tükəzban nənəm qalxıb oturmaq istəyir, ancaq təzədən başı yastıqda rahatlanır:
- Bəylər...
- ...
- Bəylər, mən ölürəm... İlim çıxan kimi arvad alarsan... sən... arvadsız qala bilməzsən, Bəylər... - Nənəm deyib, gözlərini yumub, hamı qışqırışıb, çöldəkilər də içəri doluşub, ancaq nənəm ölməyib.
Nənəmin balalarına elədiyi vəsiyyətlərin heç birisi hələ yerinə yetməyib; çünki nənəm demişdi ki, mən öləndən sonra... nənəm də ki, gözünüzün qabağında; dünyada yaşayan adamın tələsib elədiyi vəsiyyət, vəsiyyət hesab olunmur. Ancaq Bəylər dədəm nənəmin vəsiyyətinə əməl etdi, nənəm vəsiyyət eləyəndən on beş-iyirmi il sonra, nənəmin gözü baxa-baxa özünə arvad aldı, nənəmin vəsiyyəti sağlığında çin oldu...
İndi nənəmin iyirmi üç nəvəsi, dörd də nəticəsi var, nəticə... bəli nəticə var, nənəm, idman dilində desək, dörd dəfə nəticə göstərib, qanı və geni öz yerindədi və nəticə göstərmək uğrunda mübarizə davam eləyir, biz də bütün Muradxanlı tayfasının adından uğurlar arzulayırıq... Nənə, irəliii!!!
Kündələri təndirin başına Dətəlnən ikimiz daşıdıq. Nənəm kündələri əli ilə yayıb üzünə küncütlə qarışdırılmış yumurta sarısı çəkib təndirə yapırdı. İkimiz də təndirin başında oturub gözləyirdik ki, kündələr küt getməsin.
- Bu ərsini kim gətirib bura? - Teştin içini göstərdi, - qıyığı maa ver.
Dətəl maa macal vermədən qıyığı gətirib nənəmə verdi, gülümsədi, nənəm isə heç onun üzünə də baxmadı.
- Aaaz... Bəridən gəlin çörək yeyin. - Nənəm bulaqdan gələn beli səhəngli, çiyni cürdəkli qız-gəlinə dedi.
- Bərəkətti olsun, ay Tükəzban xala, sağ ol.
Nə nənəmin yoldan keçənlərə elədiyi təklif, nə də Dətəli adam yerinə qoymaması onun xoşuna gəlmədi. Nənəm bunu hiss eləmədi, hiss eləsəydi də fərqinə varmazdı...
Dətəl kündələrin arasında məməli kökə görməyəndə bütün ümidləri qırıq-qırıq oldu və təmiz ruhdan düşdü...
Təndirdə bir-iki çörək qalmışdı, nənəm onları təndirin divarına söykəyib qızardırdı. Dətəl özü də bilmədən ağzını marçıldadıb udqundu, ağzının suyu dizindəki yamağın üstünə töküldü və nənəm iki daşın arasında bunu görən kimi dedi:
- Dətəl, çörək kəs ye... - Və üzünə də baxmadı, elə bil bu sözləri başqa adama deyirdi, neyliyəsən xasiyyəti beləydi, ancaq ürəyi təmiz idi.
- Sağ ol, evimizdə yeyib gəlmişəm...
"Evimizdə yeyib gəlmişəm..." - Mən fikirləşdim, düzünü desəydin dilin quruyardı, yoxsa canın çıxardı? Sonra da fikirləşdim ki, Dətəl nə təhər desin ki, günorta nəvən yedizdirib, indi də nənəsi... adama nə deyəllər, deməzlər ki, niyə dədənin xarabasında çörəyini yemirsən? Yoox... Dətəl düz elədi.

- Sən niyə yemirsən? - Nənəm məndən soruşdu.

- Bir azdan sonra yeyərəm... - və Dətələ baxdım, o razı qaldı, ancaq nədən, bilə bilmədim.
Nənəm təndirin başında sərdiyi çörəkləri üzüquylu mis teştə yığıb üstünü örtəndə Dətəlin əli yerdən-göydən üzüldü. Nənəm nə fikirləşdisə teştdən bir çörək götürüb Dətələ verdi:
- Bunu apar ver nənənə, isti-isti yesin, - dedi.
Nənəm teştin içindən götürüb Dətələ verdiyi dünyanı yeyə-yeyə o, evlərinə tərəf diklənəndə, mən onu arxadan çağırdım:
- Tez gəl ha, səni gözləyirəm.
- Bu saat qayıdıram.
Dətəlin arxasınca baxanda elə bildim ki, o, bir də qayıtmayacaq və məni nəsə vahimə basdı. Elə bu vəziyyətdə də qışqırdım:
- Tez gəl ha, gəlməsən vay halına.
- Gəlləm... gəlləm...
Dətəlin gözdən itməyiynən qayıtmağı təxminən bir oldu:
- Görürsən tez gəldim, çörəyin parasını özüm yedim, - əlini qarnına şappıldatdı, gülümsədi.
Keçib həmənki yerimizdə oturduq.
- Dərsini oxumusan?
- Harda oxudum?
Günəş yavaş-yavaş uzaqda görünən Kiçik Qafqaz sıra dağlarının zirvələ­rinə istiqamət götürmüşdü. Kənd yavaş-yavaş çöl-bayırdan içəri yığışırdı. Günün batabat vaxtında, bir də səhər sübhdən kəndin səs-küyü çoxalırdı, çünki mal-qaranın, qoyun-quzunun örüşə ötürülməsi və qarşılanması mərasimi müvafiq olaraq bu vaxtlara təsadüf eləyirdi. Dördayaqlı nə varsa hamısının, bir də adamların səsi bir-birilə qaynayıb qarışandan sonra kənd səhərinin və yaxud axşamının səsini yaradırdı. Sizə deyim ki, kim nə deyir desin, bu səs mənə ləzzət verirdi. Ancaq bu səs uzun sürmürdü və mən məktəbdə olduğumdan o qədər də vecimə deyildi. Axşamlar isə bu kənd səsi kəsiləndə özümə yer tapa bilmirdim, elə darıxırdım ki, elə bil nəsə gözləyirdim və təbii ki, gözlədiyim gəlib çıxmırdı, çünki heç kəsi və heç nəyi gözləmirdim... Kaş elə gözləyəydim və gözlədiyim də gəlib çıxmayaydı - onda daha asan olurdu...
- Bəylər dədən gəldi... - Dətəl qəfil dedi.
- Hanı?
- Odey ha...
Bəylər dədəm kəhər atın belindən yaşına uyğun gəlməyən cəldliklə yerə düşüb atın cilovunu tut ağacına bağladı, işlərini çoxdan qurtarmış nənələrim və Səkinə mamam onu qarşıladılar.
Sərəncam nənəm dedi:
- Gəl keç bura, ayağını yuyum.
Tükəzban nənəm soruşdu:
- Çörəyini alt evdə yeyəzsən, yoxsa yuxarıda, - başı ilə ikinci mərtəbəni göstərdi.
Səkinə mamam da qollarını geniş açıb qardaşının boynuna sarıldı, üzündən - gözündən elə öpdü ki, səsi biz oturan yerə gəlib çıxdı.
Bəylər dədəm bizi görən kimi dedi:
- Xeyirdimi genə cütdəşmisiz?
Biz ürəklənib ona tərəf gəldik, birinci mən açdım söhbəti:
- Dədə...
- ....
- Dədə...
- Sözünü de dayna, nədi, genə yaş odun satmısınız?
Dədəmin altı yaşlı uşaqla odundan danışmağı, açığı heç ürəyimdən olmadı. Ancaq girəvə idi, sözümü deməliydim:
- Dədə... ay Dədə, sənə söz demək istəyirəm, - mən bic-bic nənələrimə və Səkinə mamaya baxan kimi, o dedi:
- Siz keçin içəri, kişi mənə söz demək istəyir.
- Dədə... ay Dədə, qağama denən... qağama denən, qoysun Dətəl qalsın bizdə, onnan qalmaq istəyirəm.
- Qağan evdədi?
- Hələ gəlməyib...
- Gələndə deyərəm.
Təzədən qayıdıb öz yerimizdə oturanda, Dətələ dedim ki, üşüyürəm. O da çox fikirləşmədi:
- Gedək təndirin başına, oturaq, ayağımızı sallayaq təndirə.
Dətəl dediyi kimi də elədik, başladıq qağamı gözləməyə...
Bir azdan təndirin böyründən keçib harasa gedən qağamın əmisi oğlundan soruşdum:
- Qüdrət əmi... Qüdrət əmi...
- Nədi bala?
- Qüdrət əmi, kolxoz həyətindən gəlirsən?
- Yox, örüşdən gəlləm.
- Qüdrət əmi, qağamı görməmisən?
- Neynirsən əə, qağanı?
- İşim var...
- Qağan rayona gedib, iclasa...
- Gec gələr?
- Gecənin yarısına gəlib çıxsa, yaxşıdı... Burda niyə oturmusunuz?
- Qızışırıq.
- Qızışın, qızışın, ancaq qızıxmayın... - Dedi və qaranlıqda yox oldu.
- Dətəl.
- Hı...
- Qızıxmayın nə deməkdi?
- Qızıxmayın? Hə... Qızıxmayın, yəni çox qızışmayın, ayağınızı yandırarsınız.
Qaranlıq düşmüşdü, bu az imiş kimi, bir tərəfdən də kənd susurdu. Qaranlıqla sakitlik bir-birinə qarışanda, adamın az qalır bağrı çatlıya - o vaxt mən belə fikirləşirdim və elə bilirdim ki, elə hamı bu fikirdədi; əgər belə olmasaydı qaçıb evlərinə girməzdilər - qaranlıqla sakitliyin qarışığından qorxurdular. Hərdənbir it hürürdü... Və bu it səsi qaranlıqla sakitliyə heç nə eləyə bilmirdi.
- Dətəl.
- Hı...
- O kimin itidi heylə hürür?
- Nə bilim...
- Dətəl.
- Hı...
- Qorxuram...
- Nədən?
- Nə bilim...
Qaranlıqla sakitlik Dətəlnən mənim də arama girmişdi.
- Dətəl.
- Hı...
- İndi nənən yəqin səni axtarır...
- Neynir məni... Heç yadına da düşmürəm.
- Dətəl.
- Hı...
- İndi o meyid, - başımla qəbiristanlığa tərəf işarə elədim, - orda nağayrır?
- Nə bilim...
- Dətəl.
- Hı...
- Goreşənlər bildi ki, təzə meyid gəlib?
- Yəqin biləllər dayna...
- Bilsələr nağayrajaxlar?
- Nə bilim...
- Meyidə cumajaxlar?
- Nə bilim...
- Bəs, cumsalar meyid nağayrajax?
- Xortduyajax...
- Xortduyandan sonra çıxıb gedəcək evinə?
- Hə...
Elə bil bayaqdan Dətələ verdiyim suallardan aldığım bu cavab xoşuma gəldi.
- Dətəl.
- Hı...
- Tay bir də ora qayıtmayacaq?
- Yox... Orda nə var. Ev hamısından yaxşıdı.
- Dətəl.
- Hı...
- Mən öləjəm?
- Yox.
- Sən də?
- Yox...
- Qağam gəlsəydi gedərdik bizə.
- Gecənin yarısında gəlib çıxacaq ee..
- Dətəl.
- Hı...
- Gejənin yarısı nə vaxt olacaq?
- Eşş... Səhərə yaxın.
- Yaylım vaxtı?
- Bir az tez...
Dətəlin qardaşı qaranlığın içindən qəfil peyda olub bizə yaxınlaşdı, biz ikimiz də ayağa durduq, təhlükəni hiss elədiyimizdən bir-birimizə yaxın dayandıq.
- Xarabanız yoxdu əəə? - İkimizə də dedi, sonra üzünü Dətələ tutdu, - nənən səhərdən bir Dətəl də doğub, hansı cəhənnəmdəsən? Hıy? - Və Dətələ tərs bir şapalaq çəkdi, səsi bəlkə də Əsgərxan bulağına gedib çatdı. Mən əlimi üzümə çəkdim; o məni vurmağa ürək eləməzdi, qağam onu doğrayardı.
Dətəl ağlaya-ağlaya düşdü Qəribin qabağına: - Ay nənə, öldüm oooy...
- Sən də cəhənnəm ol xarabanıza. - Mənim də payımı verdi.
Namərd Qərib Dətəli yaman apardı...
Mən taxta pilləkanlarla ikinci mərtəbəyə qalxdım, göz-gözü görmürdü. Artırmada ayaqqabılarımı çıxardanda pəncərədən gördüm ki, bacım lampanın solğun işığında şagirdlərin dəftərini yoxlayır. O, məni görən kimi əl saxlayıb mehribancasına dedi:
- Hardaydın, ay bala?
- Bəylər dədəmgildə... - Nə isə yalan dedim. Bu yalanı deməyə ehtiyac yox idi; desəydim ki, təndirin başında idim, o yenə məni gülər üzlə dindirəcəkdi.
- Sabaha nə dərsiniz var?
- Nəğmə, əmək, bədən tərbiyəsi, Ana dili...
- Ana dilindən müəllim evə nə verib?
- "Ayı və şir"; əlbir olub bir ayı bir şir ilə, ovladılar dovşanı tədbir ilə...
- Yaxşı, yaxşı, get yat... Çörək yemisən?
- Tükəzban nənəm məməli kökənin üstündə yağ yaxmacı verdi maa... - yenə yalan dedim və yenə də ehtiyac yox idi.
- Di get yat, səhər tezdən durazsan.
- Mən də öləjəm?
Qəfil sualdan diksindi, təəccüblə mənə baxdı:
- Yaxın gəl, yaxın gəl, - mən yaxınlaşan kimi əlini alnıma qoydu, - qızdırman yoxdu, - dedi, - bu nə sualdı verirsən?

- Mən öləjəm? - Təkrar elədim.
- Bunu sənə kim deyib?
- ...
- Bu gün harda olmusan?
Doluxsuna-doluxsuna dedim:
- Qəbiristanlıqda... ölü ölmüşdü, onu ağa büküb qoydular qəbirə, sonra üstünü basdırdılar.


Bacım çox narahat oldu, məni qucaqlayıb başımı sığalladı, üzümdən-gözümdən öpüb sinəsinə sıxdı: - Belə şeylər fikirləşmə, sən hələ uşaqsan, yekələrsən, başa düşərsən... hə.. di get yat.
- Mən sənnən yatajam...
- Mənnən?
- Hə...
- Get yat, dəftərləri yoxluyum, gəlirəm.
- Yox... ikimiz də gedək...
Bacım bir az da narahat oldu:
- Yaxşı gedək, - dedi.
Biz gedib yerimizə girdik. Yuxum ərşə çəkilmişdi. Gözümü yuman kimi ağ paltarlı meyid gəlib gözümün qabağında dik dayanıb mənə deyirdi:
- Mənim paltarımı çıxart, nəfəsim kəsilir.
Mən onun paltarını çıxartmaq istəyəndə o yoxa çıxırdı, az keçməmiş yenidən qayıdırdı:
- Mənim paltarımı çıxart, nəfəsim kəsilir.
Bir dəfə təzədən qayıdıb gələndə isə belə dedi:
- Mənim paltarımı çıxart, nəfəsim kəsilir... Məni apar evimizə, evimizin yeri yadımdan çıxıb.
Mən dedim: - Sizin evi tanımıram.
O, dedi: - Dətəl tanıyır...
Sonra o, hönkür-hönkür ağladı və dedi:
- Əgər məni evimizə aparmasan, gəlib səninlə yatacam...
Elə qorxdum ki... Qışqırdım. Bacım yerindən qalxıb lampanın işığını artırdı, yenə əlini alnıma qoydu. Qağam da gəlmişdi və onun nə vaxt gəldiyindən xəbərim olmamışdı. Bacım həyəcanla qağama dedi:
- Bu uşağa nəsə olub. Deyəsən bərk qorxub.
Qağam da narahat oldu:
- Nədən qorxub?..
- Deyir qəbiristanlığa getmişdim, Azadxan kişini basdıranda hər şeyi gözüynən görüb.
Qağam xeyli fikrə gedəndən sonra dedi:
- Səhər tezdən ojağa aparmaq lazımdı... Özüm apararam...
Meyid yenə ağara-ağara gəldi:
- Məni apar evimizə, burda qala bilmirəm... bura çox qaranlıqdı... bir tərəfdən də goreşənlər...
Dedim:
- Get, sabah gələrəm, Dətəlnən bir yerdə səni apararıq evinizə...
Qağamın səsi titrədi.
- Oğlum, Dətəlnən bir yerdə kimi aparırsan evlərinə?
- Onu... görmürsən?
- Kimi?
- Ağ paltarlı kişini...
- Ağ paltarlı kişi kimdi?
- Azadxan...
- Yat, oğlum, yat, sabah səni... - sözünün dalını gətirmədi, sonra da təəccüblə bacıma baxdı, bacım da çiyinlərini çəkdi.
Əlqərəz, o gecə ilan vuran yatdı, mən yatmadım; qağamla bacım da səhəri dirigözlü açdılar.
Altı yaşlı körpə uşaq - mən Ölüm qorxusunu hiss elədim, ölüm qorxusunu hiss elədiyimə görə onunla üz-üzə gəldim, onunla üz-üzə gəldiyimə görə evimizdən dünyaya gəldim - ana bətnindən evimizə gəlmişdim, dünyaya yox... bax, elə bu gün evimizdən doğuldum...
Gördünüz ki, hövsələli olmaq yaxşı şeydi?
Mən doğulanda altı yaşım vardı...

* * *

Pəncərənin qabağında oturmuşdum, bu pəncərə mənimdi, mən bu pəncərədən Dünyaya baxıram...
Pəncərəmin qabağında bitmiş Sərv ağacı bütün günü, ayı, ili evimizin içinə baxırdı və bizim baxışlarımız tez-tez rastlaşıb toqquşurdu; bizim evə kim gəlir, kim gedir, uşaqlar neyləyir, nə yeyirik, nə içirik, Sərv ağacı hamısını bilir, bizim onnan gizli bir sirrimiz yoxdu, ancaq haqq üçün demək lazımdı ki, o da sirr saxlayandı haaa...
Keçən yazdan bəri bir cüt Qumru quşu mehrini salıb bu Sərv ağacına, sonra da mənə, arvada, uşaqlara... Əslində, belə demək mümkündürsə, bizim ailəni Qumru cütlüyü ilə Sərv ağacı tanış eləyib və indi aramızdan su keçmir.
Bizim ailəmiz beş nəfərdi; Qumru cütlüyünü və Sərv ağacını ailəmizin üzvü hesab eləyəndən sonra olmuşuq səkkiz nəfər - ailəmiz xeyli böyüyüb...
Bu pəncərədən başqa evimizdə on bir pəncərə olsa da, hamımız dünyaya bu pəncərədən baxırdıq. O biri pəncərələrdən heç kəs baxmadığına görə, onlar pəncərədən çox qapıya oxşayırdılar; qapıdan dünyaya baxmaq olmur, axı. O biri pəncərələrimizin üçü polis idarəsinə, üçü qaraja, üçü xəstəxanaya, ikisi də körpüyə baxırdı. Pəncərənin də adam kimi bəxti olur və belə götürəndə bu pəncərələrin bəxti gətirməmişdi; bir pəncərədən ki baxan yoxdu, onun nəyi pəncərədi... Pəncərə də qız kimi şeydi, Allah bəxtlərini versin...
Məni yaxşı tanıyanlar dediyimə şübhə ilə yanaşsalar da deyəcəm: bir gün yazağzı sübh tezdən durdum, pəncərədən Sərv ağacına baxdım, o üzünü çevirdi və mən başa düşdüm; bir dəfə də belə olmuşdu - tez gedib əl-üzümü yudum, saçımı daradım, pəncərəyə yaxınlaşdım:
- Sabahın xeyir, Sərv ağacı.- Vallah, belə də dedim... Axı, niyə inanmırsınız?
Sərv ağacı silkələndi, deyəsən dedi ki, aqibətin xeyir, yaxşı eşidə bilmədim, tez pəncərəni açdım: - Sabahın xeyir... - dedim.
Sərv ağacı silkələndi, sonra pəncərəyə tərəf əyilib üzümə toxundu:
- Nə tezdən durmusan? Sənnən çıxmayan iş...
- Olanda olur, - dedim.
- Yəqin gec yatmısan?
- Hə...
- Yazırdın...
- Hə.
- Yenə adamlardan yazırsan.
- Hə.
İnciyən kimi oldu, küsən kimi oldu, deyəsən lap umacağı da vardı.
- Küsmüşəm sənnən, - dedi.
Bu yerdə dəqiq bildim ki, umacağı var...
- Niyə? - soruşdum.
- Qırx beş ildən çoxdu yazırsan... ancaq bir dəfə də olsun mənnən yazmamısan... heç adımı da çəkməmisən... Bu adamlardan nə qədər yazmaq olar?
- Adamdan xoşun gəlmir? - Mən bu sualı istər-istəməz verdim, çünki necə olsa özüm də adam idim axı...
- Yox! - dedi və təpədən dırnağa silkələnib yavaş-yavaş dayandı.
- Mənnən də xoşun gəlmir? - İçim təpədən dırnağa silkələndi və yavaş-yavaş dayandı.
- Sən adam deyilsən... Sən yaxşısan... Elə sən də Ağac kimi bir şeysən...
- Adamlardan niyə xoşun gəlmir?
- Adamlar ağacların düşmənidi...
- Axı niyə belə deyirsən?
- Sən bunu məndən yaxşı bilirsən, gendən lap yaxşı görükür.
- Bu yaxınlarda təzə bir roman işləmək istəyirəm, orda sənnən də yazaram.
- Lazım deyil! - Bu iki kəlmə sözlə Sərv ağacının bütün boy-buxunun, qəddi-qamətin gördüm: "lazım deyil!".
- Axı, mən yazmasam da başqa böyük sənətkarlarımız sənnən yazıblar, səni vəsf eliyiblər...
- Adamlar qarınquludu... Sizin bir aşığınız var ee, şair, onu tanıyırsan?
- Adını desən bəlkə də tanıyaram.
- Bəlkə niyə, sən hamını tanımırsan ki?
- Hamını ancaq Allah tanıyır...
Sərv ağacı bayaqkı kimi silkələndi, bayaqkı kimi də dayandı; o, iki halda belə silkələnir - bir əsəbiləşəndə, bir də alqışlayanda; indiki silkələnməyi deyəsən ikincidəndi.
- Biz, mən başda olmaqla dünyanın bütün sərvləri o şairi məhkəməyə vermişik, bu yaxınlarda eşidərsən...
- Axı, niyə? Ağac da şairi məhkəməyə verərmi?
- O şair bizim şərəf və ləyaqətimizi təhqir edib.
Birinci dəfəydi eşidirdim ki, ağaclar şərəf və ləyaqət davası eləyir, əlim ağzımda qalmışdı...
- Axı o şair sizə neyləyib?
- Yadıma düşdü, qulaq as, gör təhqir eləyib ya eləməyib:

Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı,
Sərv ağacı hər ağacdan ucadı -
Əsli cırdı, budağında bar olmaz...

Bu nə şeirdi axı? Bir tərəfdən deyir ki, "Sərv ağacı hər ağacdan ucadı", bir tərəfdən də deyir ki, əsli cırdı... Əsli cır olan, elə o şairin özü demişkən, bu boyda ucala bilərmi? Hə? - Sərv ağacı bu dəfə həmişəkindən də bərk silkələndi, silkələndi və dayanandan sonra dedi: - O şair deyil, adamdı, özü də qarınqulu... yeməyə bar istəyir, bəs mənim boy-buxunum, qamətim, gözəlliyim, göz oxşamağım, hə?!
Sərv ağacının başına qonub bizim söhbətimizə qulaq asan Qumru cütlüyü əl çalıb, daha doğrusu, qanadlarını şappıldadıb Sərv ağacını alqışladılar və mən deyəsən təkləndim... Adamlar arasında çox təklənmişdim, amma belə təklənməyim ilk dəfə idi və ağır gəlirdi...
Sərv ağacı Qumru cütlüyünün alqışlarından xoşhallanıb kövrəldi, minnətdarlıqla başını yellətdi - başı oldu yelləncək və elə bil Qumru cütlüyünü balaca uşaqlar kimi yelləncəyə mindirmişdi. Yelləncəyi saxladı, ancaq "uşaqlar" düşmədi, dedi:
- Quşlar adamlardan yaxşıdı?!
- Axı, mən də adamam...
- Sən adam deyilsən.
Mən inciyib qurtarmamış o sözünü təkrarlayıb əlavəsini eləməyə macal tapdı:
- Sən adam deyilsən... Sən Quşsan... Sənin ulu babanın qanadları olub...
Qumru cütlüyü Sərv ağacının bu sözlərini yenə alqışladı, sonra uça-uça gəlib çiynimə qondu; Allahın altında bunu mənnən başqa da görən olaydı - kimə desəm inanmaz... Bu, əsl möcüzə idi, möcüzə...
Özümü elə unutmuşdum ki, deyəsən bir də heç vaxt yadıma düşməyəcəkdim, əgər arvad olmasaydı:
- A kişi, orda kimnən danışırsan?
- Məəən? - Boynuma almadım.
- Vallah səsin gəlirdi... - Arvad etiraz elədi.
- Deyəsən yuxudan kal durmusan? - Mən "hücuma" keçdim.
- Heç yuxudan durmuşam ki...
- Yat, yat, - dedim.
Arvad yatmaq bilmirdi:
- Haqdı deyirsən, vallah səsin gəlirdi... - Arvad dediyinin üstündə bərk-bərk durmuşdu, - onda mənim başıma hava gəlib? Hə?!
- Bu dünyada hər şey ola bilər... hər şey...
- Mənə deyirsən?
- Yoox... Sənnən nə işim... deyirəm dünyada hər şey ola bilər...
- Sən o şairi görüb eləyirsən?
- Yox, görmürəm...
- Niyə, aranız yoxdu?
- Aramız var... aramızda uzun illər var, uzun illər... zaman var...
- O cür demirəm.. - Sərv ağacı dediyimi necə duydu, ilahi, - yəni deyirəm haqq-salamınız varmı?
- Mən onu yaxşı tanıyıram, hərdən görüşürük... Görüşürük deyəndə ki, əsərlərini oxuyuram, belə görüşürük, o isə mənim bir cümləmi də oxumayıb, özümü də tanımır. Dostam kişiynən...
- Bu necə dostluqdu? O heç səni tanımır da...
- Belə dostluğu ancaq adamlar eləyə bilir, bildin, adamlar.
Sərv ağacı yüngülvari silkələnib dedi:
- Onun xəstəliyi nədi?
- Kimin?
- Xəstə Qasımın...
- Məhəbbət, sevgi...
- Yaman dərdə düşüb ki...
- Yaxşı, - mən söhbəti dəyişmək istədim və alındı da, - siz məhkəmədə ondan nə tələb eləyəcəksiniz?
- Çoxlu su... Bir də ondan tələb edəcəyik ki, bizim haqqımızda dastan yazsın. Bu heç fikrimizdə yox idi, bunu ağlımıza vəkil saldı, dedi ki, sizin haqqınıza dastan bağlasa, bu da, bir növ təkzib vermək kimi şeydi.
- Sizin vəkiliniz də var?
- Var.
- Kimdi?
- Palıd ağacı...
Mən Sərv ağacının qılığına girmək istədim:
- Yaxşı mən, dünyanın bütün Sərv ağaclarından roman yazsam, sizləri vəsf eləsəm, o qoca kişini bağışlayarsız? Şikayətinizi geri götürərsiz, hə?
- Yox, - dedi, - dəvənin adı çıxıb, ağaclar çox kinli olur.
- Axı o kişi bu dünyada yoxdu... o dünyadadı...
- Qoy o dünyada yazsın...
- Axı, o dünyada yazmaq olmur...
- Bəs deyirsiniz o dünya var; özü də ordakı şərait burdakından da yaxşıdı, hə? Bəri bax, səhərin gözü açılmamış səni Xəstə Qasım göndərib.
- Yox.
- İnanım?
- Hə...
- Niyə inanım?
- Çünki xəstə Qasımdan birinci sən söhbət saldın.
- Düz deyirsən... Ancaq biz Sərvlər roman istəmirik, dastan yaxşıdı.
- İstəyirsiniz, bir şair var, ona deyim sizdən dastan bağlasın, özü də sinədəftərdi.
- O kimdi?
- O da elə xəstə Qasımın törəmələrindəndi, babasının günahını yusun də...
- Adı nədi? - Sərv ağacını maraqlandıra bilmişdim. - Qoy yazsın, xoşumuza gəlsə mən ağaclarnan danışaram. Ancaq başdan-ayağa tərif olsun haa...
- O, elə tərif üçün yaranıb də.
- Lap yaxşı, yazsın, baxarıq.
- Vallahi, sizə elə tərif vuracaq ki, heç özünüzü tanıya bilməyəcəksiz.
- Lap yaxşı...
- Bəs deyirsən danışmıram, - bunu da bayaqdan bəri boynumun dalında dayanıb mənə qulaq asan arvad dedi, - bu dünyada çox şey ola bilər, a kişi...
Arvad məni, necə deyərlər, hadisə yerində yaxalamışdı, burcutmağa yer yox idi. Utanırdım, elə utanırdım ki, elə bil arvad məni özgə qadınla tutmuşdu, bərk pərt olmuşdum. Bu pərtlik arvadla mənim arama girmişdi, bizə mane olurdu və pərtliyi arvad əl atıb aramızdan götürdü:
- A kişi, gedək, yaxşı çay dəmləmişəm, gedək... Bu gün işim çoxdu, uşaqlarnan ayın-oyun almağa gedəcəm. Ancaq sabah çildağa gedərik.
- Hara? - dedim.
- Çildağa.
- Nə?!
- Çildağa, sən bərk qorxmusan... - qaşlarını çatdı, ani fikrə gedib əlavə etdi, - ancaq onu da bilirəm ki, sən Allahdan başqa heç kimdən qorxmursan, əgər qorxmursansa, deməli, səni Allah qorxuzub, - arvad yüngülvari üzümdən də öpdü, gəl, gəl, gəl çay içək... Ay səni kişi... - Sağ əlini kürəyimdə şappıldatdı, - gəl, gəl...
İstirahət günü idi, arvad uşaqları da aldı yanına, özü demişkən, getdi ayın-oyun almağa. Bayaqdan arvad-uşaq evdəydi, yerimdə oturub çay içirdim, indi hamısı gedib, otaqlar boş, tək özüməm, ancaq özümə yer tapa bilmirəm. Bütün otaqları dolaşdım, təzədən mətbəxə qayıdıb bir stəkan da çay içdim, bir az da dilim yandı, çəçiyə-çəçiyə vanna otağına girib üzümə bir-iki ovuc su vurdum, əl-üzümü silib təzədən öz otağıma keçdim, Xəstə Qasımın kitabını nə qədər axtardımsa tapa bilmədim. Birdən qulağıma səs gəldi, adam səsi yox - Sərv ağacı əlini - budağını pəncərəmə döyürdü, məni çağırırdı. Mən pəncərəyə yaxınlaşan kimi əlini çəkdi və əli budaqların arasında yox oldu. Nə qədər göz gəzdirsəm də, Sərv ağacının pəncərəni döyən əlini tapa bilmədim; hamısı bir-birinə oxşayırdı. Sərv ağacı ayaq üstə yuxulamışdı, elə bil məni çağıran o deyildi. Gözüm Qumru cütlüyünü axtardı, burda idilər, bir az aşağı enmişdilər. Onlar məni görmürdülər. Bir-birinə elə oxşayırdılar ki, seçmək olmurdu, elə bil ikisi də bir yumurtadan çıxmışdı, özü də ikisarılı yumurtadan. Qumrunun biri sağ qanadını o birinin üstünə sərmişdi; adamlar buna: "əlini çiyninə qoymuşdu" deyirdilər. Qumru qanadı ilə onu özünə tərəf sıxdı, o da heç bir müqavimət göstərmədən ona sıxıldı. Qumru rəfiqəsini qanadının altına almışdı, ona himayədarlıq eləyirdi. İndi onlar, toydan beş-on gün sonra təsadüfən kəndə gəlib çıxan fotoqrafın çəkdiyi şəkilə oxşayırdı. Bu şəkilin alt tərəfində bircə şey çatmırdı: qəddarcasına ox keçirilmiş ürək şəkli, vəssəlam. O da olsaydı, sal çərçivəyə, vur ən böyük otağın yuxarı başına...
Birdən şəkildəkilər hərəkətə gəldilər. Rəfiqəsi Qumrunun qanadının altından çıxdı, dimdiyini onun dimdiyinə sürtməyə başlayanda ikisi də gözlərini yumdu, lap insan kimi. Quşların dodağı olmur ha... Mən məəttəl qalmışdım. Sonra boğazlarını bir-birinə sürtdülər, bu xeyli çəkdi, lap axırda isə şəkilin çərçivəsindən kənara çıxmadan üzbəüz uça-uça qanadlarını bir-birinə şappıldadırdılar. Yorulan kimi çərçivənin içindən keçib o tərəfə uzanan budağa, əvvəlki yerlərinə qondular. Qumru yenə rəfiqəsini qanadının altına aldı. Rəfiqəsi başını aşağı salıb yerə baxırdı, elə bil həya eləyirdi, Qumru isə düz baxırdı, özü də, məni qınamayın, deyəsən gülürdü... Gülməsə də gülümsəyirdi... Siz quşun gülməyini, yaxud gülümsəməyini görmüsüz? Yoox? Diqqətlə baxsaz görərsiniz...
Bu minvalla Qumru rəfiqəsi ilə xeyli sevişdi, bircə o məsələ olmadı, o da ona görə idi ki, günün günorta vaxtı idi, hər tərəf adam, quş... qaranlıq da düşməmişdi.
Qumru öz dilində rəfiqəsinə nəsə qırıldadı. Rəfiqəsi isə ona çox uzun cavab verdi - bir xeyli qırıldadı və başladılar budaqların arasında qaçdı-tutdu oynamağa - demə bu oyun quşlarda da varmış.
Dünyasını rahat dəyişən halal-hümmət adam haqqında deyirlər: - Filankəs quş kimi uçub getdi. Hər dəfə tək quş bir ağacdan qopub uçanda nəsə mənə elə gəlir ki, halal - hümmət, əməlisaleh bir adam dünyadan getdi və pis oluram. Göydə isə bunu ulduzlar eləyir; bir ulduz axanda deyirlər ki, kimsə dünyadan getdi, yüz dəfə eşitmişik. Bəli, tək quş, dediyim kimi, bir ağacdan qopub uçanda bu hissin əsiri oluram; ancaq nədənsə iki və daha artıq quş uçanda dediyim kimi fikirləşmirəm.
Sərv ağacı ayaq üstə əməlli-başlı yuxuya getmişdi və mənim gözümlə gördüklərimi o, yuxusunda görürdü. Bəlkə də gördüyü yuxunu elə Qumru cütlüyünün özünə danışacaqdı və quşlar da bir-birinə baxıb bic-bic gülümsəyəcəkdilər...
Qumru cütlüyü qaçdı-tutdudan sonra bir xeyli də gizlənpaç oynadılar və bir-birini tapanda necə sevinirdilərsə, səsləri buraları başına götürürdü, ancaq Sərv ağacı yuxudan ayılmırdı ki, ayılmırdı.
Qumrular gizlənpaçdan yorulan kimi bayaq şəkil çəkdirdikləri yerə gəldilər, yan-yana qonub öz dillərində söhbət eləməyə başladılar; mən qulaq assam da, heç nə başa düşə bilmirdim, ancaq onların nədən söhbət etdiklərini unuyurdum. Dəqiq bilirdim, söhbət eləyirlər, qeybət yox. Ancaq bu çox az idi; yerin görünür, Süleyman peyğəmbər...
Mətbəxə qayıdıb bir stəkan su götürdüm, gəlib pəncərəni açdım, əlimdəki suyu Sərv ağacının üzünə çırpan kimi silkələnib ayıldı və dedi:
- Yuxu görmüşəm, danışım?
- Danış, - dedim.
Və bayaqdan mənim gözümlə gördüklərimin hamısını bircə-bircə danışdı; mən də hövsələmi basıb qulaq asırdım. Qumru cütlüyü isə gülürdü, çünki yuxunun qəhrəmanları onlar idi axı.
Yuxunu danışıb qurtaran kimi Qumru cütlüyü pırıldayıb uçdu, Sərv ağacı da, mən də onların dalınca baxdıq. Birdən Sərv ağacı silkələnib dedi:
- Adam özündən başqa heç kəsi istəmir, - bir də Qumru cütlüyü uçan tərəfə boylandı, tam arxayınlaşıb əlavə etdi, - yadındadı, bir dəfə Nəsiminin dərisini bir az soymuşdular - bütün dünyaya car çəkdiz, kino da çəkib hamıya göstərdiz ki, şairin qanını töküblər. Bəs elə bilirsiz bizim qanımız yoxdu? Var! Bizi kəsəndə qanımız tökülür, siz görmürsüz onu, ört-basdır eləmək üçün bizim qanımıza şirə deyirsiz. Sizin qanınız da sizin şirənizdi; bizim şirəmiz də bizim qanımızdı axı... Bizi doğram-doğram eliyirsiz, yandırıb hindistanlılar kimi külümüzü havaya sovurursuz, nə bilim qapı düzəldirsiniz... dostum, mən Sərv ağacıyam, o birisi Palıddı, bu birisi Çinardı - axı, mənnən qapı olar, həəə? Özü də açırsız, örtürsüz, açırsız, örtürsüz... yorulmursuz da... Yaxşı-yaxşı bax, gör heç mən qapıya oxşayıram? Niyə məni ilkin şəklimdə qalmağa qoymursuz, niyə məni qapıya oxşadırsız? Uzaqbaşı deyəcəksiz ki, bu qapı filan ağacdandı. Sənnən qapı düzəltsək dözərsən? Adamlara deynən, sən onların dilini yaxşı bilirsən, biznən işləri olmasın, yoxsa bizsiz boğulub öləcəksiz hamınız; uşaq əkə bilmirsiz, heç olmazsa ağac əkin də... Niyə bizi vaxtından əvvəl öldürürsüz, qoyun bitək də, quruyanda da quruyacağıq... Siz bizi kəsib-doğrayanda torpağın nizamı pozulur, torpağın mənə verəcəyi şirə qalır torpaqda, torpağın kəhliyi azır, ürəyi qalxır, xəstələnir, kişilikdən düşür, başa düşürsüz... - Bir an pauza verdi, - adamı deyə bilmərəm, ancaq sən başa düşürsən, sən ağacların dostusan... Sən öləndə mən də quruyacam və ölüm qabağı deyəcəm ki, məni doğrayıb sənə tabut düzəltsinlər...
Sərv ağacı axırıncı cümlə ilə mənim könlümü alırdı; ancaq buna ehtiyac yox idi, dedikləri hamısı gerçəkdi. Yer kürəsi enerjisinin böyük bir hissəsini də ağaclara ötürür və bu ötürmə baş tutmayanda, yığılıb, yığılıb, böyük bir şəhərin altından çıxanda şəhərin altı üstünə çevrilir, darmadağın olur, adamlar qırılır. Yer Kürəsinin tükənməz enerjisinin ünvanı səhv düşəndə belə faciələrə gətirib çıxarır, ona görə də ağacları qırmaq, çayın səmtini dəyişmək, dağı partlatmaq - əlqərəz, dəbdə olan bir cümlə ilə desək, ana təbiətə qalib gəlmək olmaz, çünki biz hər dəfə ana təbiətə qalib gəldikcə ona məğlub oluruq, özü də bu məğlubiyyət çox acınacaqlı olur. Torpağın hesablamalarına görə, belə fəlakətlər baş verəndə bir ağaca qırx, qırx beş adam düşür... buyur... Sözümüzlə əməlimizin düz gəlməməyi Allah və Yer Kürəsi qarşısında bir cinayətdir - özü də mütəşəkkil cinayət, dövlət səviyyəsində təşkil olunub həyata keçirilmiş cinayət. Bax, keçən yüzillikdə hətta bu mütəşəkkil cinayəti dövlət səviyyəsində həyata keçirmək üçün beş illik, hətta yeddi illik planlar vardı. Yəni bu cinayəti dövlətin təşkilatçılığı ilə qəhrəman Sovet xalqı həyata keçirirdi. Bir tərəfdən ana təbiət deyirdik, bir tərəfdən də ona qalib gəlirdik - adam heç öz anasına qalib gələr, hə?! Bax, bu da bizik; bu azmış kimi öz anasına qalib gələnlərin sinəsini orden-medallar bəzəyirdi, onları yuxarı başda oturdurdular. Və nəticədə bu cinayəti ölkəyə qəhrəmanlıq, cinayətkarları isə qəhrəman kimi təqdim eliyirdilər. Axırı nə oldu? Ölkə, özü də dünyanın yarısı boyda - yarımdünya bir ölkə çökdü və bu, ana təbiətin qarşısında diz çökmək kimi düşünülməlidir - gecikmiş diz çökmə...
Şəhidlərdən fərqli olaraq, Təbiətin qanı heç vaxt yerdə qalmayıb; elə bu yaxınlarda güclü külək əsdi və yüz min adamın nəfəsini kəsdi. Alimlər də deyir ki, bu küləyin qabağını almaq mümkün deyil; qırmızı yalan deyirlər, elə onların da başı ATƏT-in Minsk Qrupunun başı kimi işləyir. İnsan fəlakəti ilə nəticələnən bu küləyin qarşısını almağın yolu var. Yer üzündə dörd milyard adam var, hər adam ən azı otuz ağacın əhatəsində olmalıdır. Otuz vuraq dörd milyard neçə eləyir? Yüz iyirmi milyard. Bəşəriyyət yüz iyirmi milyard ağacın əhatəsində olsa, külək ona heç nə eliyə bilməz. Düzdür, ağac küləkdən qorxur, ancaq küləyin də ən çox qorxduğu bir şey varsa, o da ağaclardı, nə dağdı, nə dərədi, nə düzəngahdı, nə şəhərdi, nə şah sarayıdı, nə də prezident aparatı - ağacdı, ağac!
- Nə dərin fikrə getdin? - Sərv ağacı məni uzaqlardan qaytarıb evimə, pəncərənin qabağına qoydu.
- Heç... elə belə..
- Mən, - Sərv ağacı xəfifcə titrədi, - adamı, o şairi məhkəməyə vermişəm. Sabah bir də gördün Dağ böyük bir şəhəri verdi məhkəməyə, çaylar adamları verdi məhkəməyə ki, qardaş, sən evinə gedəndə mən sənin qabağını kəsirəm? Bəs sən niyə mənim qabağımı kəsirsən, axdığım yerdə niyə məni axmaza - gölə çöndərirsən? Belə-belə, belə-belə, bir də gördün Yer Kürəsi bəşəriyyəti verdi məhkəməyə ki, qardaşlar, məndən nə istəyirsiz? Məndən əmələ gəlmisiz? Hə... Sizi yedirdib-içirdirəm? Hə... Öləndə sizi, necə deyərlər, son mənzillə təmin eliyirəm? Hə... Bəs onda məndən nə istəyirsiz? Nə vermisiz mənə ala bilmirsiz? Bəlkə də mən boy-buxunumdan uca danışıram, ancaq mənə elə gəlir ki, bütün bəşəriyyət cinayətkardı - körpələrdən başqa... Körpənin nə günahı var ki... Avtomobil qəzası olanda cavan, orta, yaşlı adamlar ölür, ancaq körpə sağ qalır. Deyirlər ki, körpə təsadüfən sağ qalıb, xeyr, körpəni salamat saxlayan onun günahsızlığıdı; onu sağ saxlayan bütün Aləmin yaradıcısı və Ali Baş Komandanı Allahdı. Yaxşı, bu yaxınlarda Çində zəlzələ oldu, binalar uçdu, dağıldı, minlərlə adam qaldı altında. Üç gündən sonra dağıntılar altında qalan bir körpəni sağ-salamat xilas elədilər, adamlar demişkən, heç burnu da qanamamışdı, çünki günahı yoxdu, cinayət eləməyib və yaxud cinayət eləmək üçün, təbiətə qalib gəlmək üçün məqamı yetişməyib. Sinəm, qol-budağım, gövdəm, köküm doludu ee, bilirsən...


Mən onun sözünü kəsdim:
- Bu gün sənə nə olub?
- Heç nə... o şeir məni hədəğadan çıxardıb.
- Axı sən kitab oxuya bilmirsən...
- Qızın oxuyanda eşitdim... əzbərləyirdi... indi o qız mənim haqqımda nə fikirləşəcək... Əsli cırdı budağında bar olmaz... Mənim əslimi tanıyır o şair? Dünən qızın mənə baxırdı, xəcalətimdən başımı saldım aşağı... Heç vaxt o balaca qız mənə belə baxmamışdı, şeiri əzbərləyəndən sonra... Ayaqlarım olsaydı, qaçıb burdan gedərdim, özümə başqa bir pəncərə tapardım...
- Sən çox gözəlsən.
- ...
- Yaraşıqlısan.
- ...
- Əyilməzsən.
- ...
- Ürəyi açıqsan...
- ...
- ... Qumru quşları sənə vurulub.
- ...
- Mən də səni çox istəyirəm.
- ...
- Sən dünyanın hər yerindən görünürsən.
- ...
- Sən küləkdən qorxmursan.
- ...
- Sən... Sən... Sən... Sən...
Sərv ağacı əllərini üzümə sürtüb dedi:
- Ayağım olsaydı, sizə gələrdim.
- Sən elə biznən bir yerdə olursan də...
- Düzdü...
- Dünən pəncərə açıq qalmışdı, evə gələndə gördük ki, Qumru cütlüyü bizə qonaq gəlib. Biz içəri girəndə bir az narahat oldular... Quş həmişə Adamdan qorxub də, neyləsinlər. Ancaq sonra oldular bizim birimiz. Bilirsən niyə? Onlar bilir ki, biz onlara daş atmarıq. Quş adam görən kimi yadına daş düşür və elə bil ki, başına daş düşür, neyləsin?! Quş Allahdan qorxmur, Adamdan qorxur. Quş balaca ürəyiynən duyur ki, Allah onu sevir, sevməsə qanad verməzdi ki... Adama da verəydi də bir cüt qanad, niyə vermir? Dəvəyə də qanad verəydi də... Verməz axı...
- Sən də Quşsan. - Sərv ağacı dedi.
- Mən Adamam, mənə Quş demə, Quş olsaydım qanadlarım olardı və lələyimin birini çıxardıb sənə şeir yazardım... Yaxşı yadıma düşdü, Qumru cütlüyü bizdən çıxıb gedəndə soyuducunun üstündə bir cüt lələk qalmışdı... Qızım götürdü ki, mənimdi, heç kimə verməyəcəm, yadigardı.
Sərv ağacı dedi: - Qızına de ki, nə vaxt Qumru quşlarını görmək istəsə, o lələkləri bir-birinə sürtsün, onlar harda olsalar uçub gələcəklər...
- Deyərəm birdən düz...
- Sən arxayın ol, bunu sənə Sərv ağacı deyir, - silkələndi.
- Yaxşı, - dedim.
- De, qoy sevinsin...
- Yaxşı, yaxşı, mütləq deyəcəm.
- İstəyirsən sənə ağac deyim? - Sərv ağacı bayaqkı söhbətə qayıtdı.
- Bayaq dedim axı... dedim ki, mən adamam... Atam da, babam da, babamın ata-babası da, ulu babam da...
- Sən adama oxşamırsan... adamdan çox quşa, ağaca, dənizə, çaya, dağa-dərəyə oxşayırsan...
- Sən məni nəyə oxşatsan da, mən... elə adamam.
- Adam olmaq səni bezdirməyib?
- Sərv ağacı olmaq səni bezdirib?
- Yox.
- Mən də bezməmişəm...
- Yaxşı. - Sərv ağacı yüngülvari silkələndi, - yəni ki, özün bilərsən.
Canımda yorğunluq hiss elədim və pəncərənin qabağından çəkilmək istəyəndə Sərv ağacı məni çağırdı:
- Getmə, noolar, darıxıram...
- Ağac da darıxa bilir?
- Darıxır... ağac kimi darıxır... Məsələn, sən adam kimi darıxırsan, çünki adamsan, mən də ağac kimi darıxıram, çünki ağacam... Sərv ağacıyam.
Təzədən pəncərəyə dirsəkləndim.
- Aaaa... - təəccübləndim.
- Nooldu? - Sərv ağacı soruşdu.
- Yuva... yuva... - əlimlə Sərv ağacının üç haçalı hündür budağındakı yuvanı ona göstərməyə çalışdım, - görürsən, görürsən?
- Nəyi?
- Yuvanı...
- Sən öz ürəyini görə bilirsən?
- Yox...
- Mən də o yuvanı görə bilmirəm... ancaq canımda hiss eləyirəm; bəlkə mənim də nə vaxtsa ürəyim olub... bilmirəm, ancaq elə bilirəm o yuva mənim ürəyimdi, gecələr Qumru cütlüyü orda bir yasdığa baş qoyur, ürəkləri döyünəndə elə bilirəm mənim ürəyim döyünür. Onu da bilirəm ki, mənim iki ürəyim var - cüt... Onu da bilirəm ki, mənim cüt ürəyimin qanadları var; onlar qanadlanıb havaya qalxanda mən də uçmaq istəyirəm, yəqin bir gün mən də onların dalınca qanadlanacam... İstəsəm uçaram, ancaq qorxuram.
- Nədən qorxursan?
- Qorxuram qanadlansam quruyaram, siz demişkən, ölərəm...
Mən Sərv ağacına baxıb başımı silkələdim, o yenə yüngülvari silkələnib dedi:
- Sizinən bizim fərqimiz çoxdu; ancaq ən böyük, əsas fərqimiz bilirsən nədi?
- Yox, bilmirəm.
- Ən böyük fərqimiz odur ki, sizi öləndə basdırırlar, bizi isə diriltmək üçün, Sizi basdırandan sonra nə siz dünyanı görürsünüz, nə də ki, dünya Sizi - ancaq bizi basdıranda biz dünyanı görürük, dünya da bizi. Siz çürüyüb torpaq olursuz, biz isə böyüyürük, qalxırıq, ucalırıq və sizin qarışdığınız torpağa da, heyvanlara da, adamlara da - quşlardan başqa hər şeyə yuxarıdan aşağı baxırıq. Məni körpə vaxtı gətirib bura basdırdılar, ancaq adamları körpə yaşda basdırmaq olmaz - ölərlər. Sərv ağacı başını yellədi və o onda Sərv ağacından çox saçlı-saqqallı, müdrik filosoflara oxşadı - mən də onu belə oxşatdım...
Siqaret çıxarıb yandırdım, bir qüllab vuran kimi Sərv ağacı öskürməyə başladı, çünki üzbəüz dayanmışdıq. Siqareti söndürdüm, Sərv ağacının başı əyildi, deyəsən mənə sağ ol deyirdi.
Birdən ürəyimdən keçdi ki, evdən çıxım, aşağı düşüm və Sərv ağacına onun öz məsafəsindən baxım, onu bütün boy-buxunu ilə seyr eləyim, ancaq gözümü yumub onun qamətini təsəvvürümdə elə canlandırdım ki, elə bil Sərv ağacı gəlib mənim təsəvvürümdə bitdi, bu, bir adamın oğurluq eləməsiydi və Sərv ağacının bundan xəbəri olmadı... xəbəri olsa da, bir şey deməzdi - qamət Sərv ağacınındırsa, təsəvvür eləmək imkanı da mənimkidi...
- Ey sərvi boylu Sərv, sənin əslin haralıdı?
- Bəs sənin əslin haralıdı?
- Mənim?
- Hə...
- Əslim Qarabağlıdı, bəs sənin əslin...
- Mən göylərdənəm, Allahın ən çox sevdiyi toxumam, Allah məni həmişə ovcunun içində saxlayıb. Yer Kürəsini yaradan kimi məni atıb Yerə... bapbalaca toxum idim, cücərib bu boyda olmuşam. Mən torpağı sevdim, torpaq canını, şirəsini məndən əsirgəmədi, böyüdüm və bu, Allahın xoşuna gəldi; sonra Allah bütün Yer Kürəsinə mənim toxumumdan bir ovuc da atdı; Allahın ovcu sənin ovcun kimi deyil ha, onun ovcuna göy üzündəki bütün ulduzlar yerləşər - indi biz dünyanın hər yerindəyik. Sizlərdən dünyanın hər yerində var?
- Məsələn, harda?
- Məsələn, Meksikada.
- Yalan deyərəm... olsaydı bilərdim.
- Ancaq bizimkilərdən orda çoxdu. Düzdü, quru havaya və soyuğa dözmürlər, ancaq ordakı Sərvlərin qaməti otuz-qırx metrə çatır. Biz dünyanın hər yerindəyik, Sərv diasporu bütün millətlərin diasporundan güclüdü... Planetin ən yaşlı adamı, elə deyəsən sizin ölkədə olub, neçə il yaşayıb?
- Təxminən yüz altmış il.
- Sərv bilirsən neçə il yaşayır?
- Yüz il, - ağlıma gələn rəqəmi dedim.
- Yox, - silkələndi.
- Bəs neçə il?
- İki min il.
Mən məəttəl qaldım:
- Doğurdan deyirsən?
- Ağaclarda yalan olmur ha...
- Mən bunu bilmirdim...
- İki min il, özü də heç vaxt çürümürük. İndi bax gör, adam toxumu güclüdü, yoxsa Sərv ağacının, - özü də cavab verdi, - kimin toxumu güclüdürsə, o da çox yaşayır. Dünyada ən qədim ağac bizik. İbn Sina, Məhəmməd Füzuli də bizim nəsli yaxşı tanıyırlar... Başağrısı vermirəm ki?
- Yoox, yox, çox maraqlıdı.
- İbn Sinadan soruşsan o sənə deyər; bizim iynə yarpaqlarımızın, qozalarımızın güclü büzüşdürücü keyfiyyəti var. Bağırsaq xorası, göy öskürək, astma xəstəliyi olan adamlar, qan qusanlar Sərvin qozalarını çaxırda qaynadıb onun həlimini içsə sağalar. Bir Sərv ağacını kəsmək, onu məhv etmək Yer Kürəsinin ən böyük apteklərindən birini yandırıb kül eləmək kimi bir şeydi. Dünyada, ağaclar arasında heç kəs bizim qədər güclü küləklərin, qasırğaların qabağında duruş gətirib onları zəiflədə bilmir. Əslində, külək böyük sürətlə hərəkət eləyən ağır bir örtükdü. Bu örtük sürətlə bizə çırpılan kimi cırıq-cırıq olur, gücdən düşür, səbbi alınır və sizlərə o qədər də ziyan vura bilmədən əriyib yoxa çıxır. Sizin şəhəriniz küləklər şəhəridi, əgər bizə vətəndaşlıq versəniz - istəsəniz şəhərinizi mühasirəyə alarıq, ən güclü küləyi mehə döndərib şəhərə buraxarıq... Biz də sizin kimi canlıyıq, sadəcə, dilimiz yoxdu, mənə fikir vermə, mən səni görüb dil açmışam. Deyirəm də, nə vaxtsa bizim də ürəyimiz olub, mütləq olub. Bax, sənnən bir şey soruşum.
- Eşidirəm.
- De görüm ürəyi olmayan canlı məxluq ağlaya bilər?
- Yox, ağlaya bilməz.
- Qəti bu fikirdəsən?
- Qəti.
- Onda qulaq as, bizim qohumlardan Çində, Hindistanda da məskunlaşan çoxdu. Onların içində Ağlayan Sərv ağacları da var; o ölkələrdə o ağacları qəbiristanlığın ətrafında əkirlər; təsəvvür eləyin də, qəbiristanlıq və Ağlayan Sərv ağacları...
Məni maraq götürmüşdü, çünki bunların heç birini bilmirdim. Sərv ağacı da mənim heyrətləndiyimi görüb arabir silkələnib davam edirdi. O, bir söhbəti bitirib o birisinə keçirdi və öz nəsilləri haqqında elə həvəslə danışırdı ki... Və dedi:
- Yəhudilər necə millətdi?
Mən güldüm.
- Nəyə gülürsən?
- Heeç... - onun sualını cavablandırmağa çalışdım, - yəhudilər necə millət olacaqlar ki, dünyanın yiyəsidirlər.
- Düzdü, - o təsdiqlədi, - Yəhudilərin bir bayramı var; Tu Be-svat, bax, o bayram günü nə qədər qız doğulursa, onların sayı qədər Sərv ağacı əkirlər...
- Çox maraqlıdı...
- Bizim haqqımızda, - Sərv ağacı yorulmaq bilmirdi, - kitablarda çox yazıblar, yəqin xəbərin var.
- Düzünü desəm, dediklərinin çoxu mənim üçün yenilikdir.
- Adam çox şey bilmir, ancaq elə bilir ki, çox bilir.
Mən dilimə gətirməsəm də, boynuma aldım və razılaşdım. Sərv ağacı da bunu duydu, bir az da ürəkləndi: - Zərdüşt peyğəmbər bizi çox sevirmiş, belə hesab eləyirmiş ki, Sərv onun ağacıdır. Hesab eləyirmiş ki, evlərə, küçələrə, kəndlərə, şəhərlərə ətirli bitki yağları tökməklə şeytanı qovub bu yerləri şərdən qorumaq çox baha başa gəlir və onun əvəzinə Sərv ağacı əkmək daha vacibdir; ətirli bitki yağlarını əvəz etməklə həm də göz oxşayır. Sizin o "Əsli-Kərəm"də Kərəm Əslini kimdən soruşur, Sərv ağacından, çünki Sərv ağacı bütün ağaclardan ucadı və Əslini görsə-görsə, o görər. Bizim toxumumuzda ucalıq var.
- Ancaq klassik şərq şeirində sevgili yarın qaməti Sərv ağacının qamətindən uca tutulur.
- Şairdi də, neyləsin... naəlac qalır, bilmir yarın ürəyini necə ələ alsın, deyir ki, Sərv səni görəndə qamətindən utandı.
- Şairə inanan olur?
- İnanan da olur... inanmayan da...
Mən Sərv ağacıynan zarafat eləmək istədim:
- Deyirsən ki, sənin nəyin varsa min bir dərdin dərmanıdı...
- Bəli... İnanmırsan, İbn-Sinadan soruş.
- Yaxşı min bir dərdə dərman eləyirsiz, bəs nəfsin çarəsi varmı sizdə; bir də məhəbbətin...
Sərv ağacı deyəsən bir balaca çətinliyə düşdü:
- Onların dərmanı yoxdu, olmur. Ancaq bayaq yadımdan çıxdı, bizim təzə yarpağımız şişləri sorur, yaranı qurudur, qanaxmanın qarşısını alır, süstlüyü aradan götürür. Ovxalanmış iynə yarpaqlarımızı arpa unu ilə qarışdırıb müvafiq yerə qoyub sarısanız qan azlığını götürər, yanıqları bərpa eləyər. Sirkədə bişirilmiş yarpaqlarımız isə sifətdə çilləri silir, bədənin hər yerində ağ ləkələri yox edir, dəmrov xəstəsini sağaldır.
- Belə çıxır ki, Sərv ağacı dünyanın ən böyük klinikasıdı.
Sərv ağacı bir-iki dəfə silkələnib öyündü, qəfil dayanıb dedi:
- Qumrular gəldi.
- Bəs deyirsən mən görə bilmirəm.
- Görmədim, hiss elədim.
Başımı qaldıranda Qumru cütlüyünü öz yuvalarının yanında gördüm. Onlar bu ildən Sərv ağacına pənah gətiriblər, yuvaları təzədi, özləri də təzəbinə. Bundan əvvəl Tut ağacında yuvaları varmış; gileylənirmişlər ki, tut yetişən vaxtı tez-tez çırpırdılar, yuvamız silkələnirdi, qorxurduq, bir tərəfdən də, yuvamız ağzına kimi tutla dolurdu, öz evimizdə yatıb-durmağa, istirahət etməyə yer qalmırdı, bir tərəfdən də milçəklər, arılar şirəyə axışıb gəlirdi, yuvamıza doluşurdu. Belə çıxır ki, onlar eldən elə köçüb gəlirlər; tut ağacından Sərv ağacına... Hərdən darıxanda gedib tut ağacına dəyib gəlirdilər.
Sərv ağacının ayağı sayalı oldu, onlara düşdü; neçə ildə fərə Qumru yumurtlaya bilmirdi, bura köçən kimi üç yumurtası olub - bir-iki günə kürt düşəcək və on iki, on üç gündən sonra üç gözəl-göyçək bala yumurtadan çıxıb dünyaya boylanacaqlar. Qumru cütlüyü isə qanad-qanada verib örüşdən, çöl-bayırdan onlara bitki toxumları daşıyacaqdılar, ta ki, pərvazlayana qədər, sonra iki qanad bir başı saxlayacaqdı. Öz növbəsində, ailəmiz böyüyürdü; beş nəfər özümüz, Sərv ağacı altı, Qumru cütlüyü səkkiz və onların üç balası on bir... on ikinci də yoxa çıxıb... qeyb olub...
- Qumruların yuvası ağır deyil ki?
Sərv ağacı başını buladı: - Yox, - dedi, - onlar mənim qolumda yuva salandan bəri xeyli yüngülləşmişəm. Onların nə ağırlığı var ki, hər biri yüz on qramdı, onların nə canı var ki, nə ağırlığı da olsun... Elə bilirəm ürəyimdə üç yumurta var... O balalar yumurtadan çıxandan bir neçə gün sonra ürəyimdən pərvazlanacaqlar...
Məlum oldu ki, Qumru cütlüyü təzə yuva tikəndə, necə deyərlər, əlavə inşaat materialına ehtiyac olmayıb, tut ağacının üstündəki yuvanı bircə günün içində dimdiklərində daşıyıb gətiriblər, yalnız yuvanın içini təzə otlarla bəzəyiblər; indi çox rahatdırlar, orda ağaran üç yumurta isə bu yuvanı isti saxlayırdı, üç gözmuncuğu kimi bu yuvanı bədnəzərdən qoruyurdu, bir neçə gündən sonra isə bu yuvanın hay-küyü uşaq baxçasından gələn səs-küyə oxşayacaqdı, sağlıq olsun... Qumru quşlarının yuvaları, hardasa oxumuşdum ki, yerdən ən azı altı metr hündürdə olmalıdır, məsələn, beş metr yarım yaramaz, gərək altı olsun. Yuxarı ola bilər, ancaq aşağı olmaz. Qumrular elə bilirdilər ki, altı metrdən üzü yuxarı Allaha doğru təhlükəsiz qat hesab olunur. Tut ağacından fərqli olaraq, Sərv ağacında çox rahatdılar, burda heç kəs onların ailəsinin daxili işlərinə qarışmır, məişət məsələlərinə burnunu və əlini soxmurdu. Tut ağacında isə uşaqların biri çıxırdı, biri düşürdü. Hətta bir dəfə arıq, uzun bir uşaq ağaca çıxıb doyunca tut yeyəndən sonra onların yuvasına əl atdı ki, görsün içində nə var; müvazinətini itirdi və ordan bir başa yerə yıxıldı. Həm də Tut ağacında məhlə çox səs-küylü idi, sərçələrin səsindən Qumruların başı şişirdi. Ən qorxulusu isə insana çox yaxın olmağı idi. İnsanla gərək həmişə məsafə gözləyəsən, insana yaxın olmağın həddi var - həddindən artıq yaxın olmaq təhlükəlidir. Elə insanlar özləri çox vaxt bir-birinə çox da yaxın olmaq istəmirlər ki, təhlükəlidi. Burda isə öz əlləri, öz başları, bu məhləyə, demək olar ki, heç kəs gəlib-getmir... Bir-iki dəfə Qaratoyuq gəlmişdi; lap hündürə qonub, "dişlərini" bir-birinə vura-vura öz mahnısını oxuyub getdi. İnsafən, çox yaxşı oxudu, fonoqram-zad eləmədi, "canlı" oxudu; şirin, bal kimi boğazı, xırdalıqları da öz yerində... Qumru cütlüyü istəyirdi ki, Qaratoyuq gəlsin, oxusun... ancaq Qaratoyuq o gedən getmişdi... Qaratoyuğu on iki ağac o tərəfdə Xan Çinarın budağında oxuyan yerdə görən olub... And içirlər ki, "cik-cik"dən başqa heç nə bacarmayan sərçələrnən ağacın üstü doluymuş, cınqırlarını da çıxartmayıblar. Qaratoyuq Yazın gəlişini vəsf eləyirmiş, Sərçələr də elə bilirmiş ki... Görən deyir ki, Qaratoyuğun şirin səsi, zəngulələri indi də qulaqlarında səslənir. Deyirmiş ki, o Qaratoyuq yüz Qaratoyuğun içində oxusa, onu səsindən tanıyaram...
Sərv ağacı bu dəfə silkələnmədən, özü də çox astaca dedi:
- Atəşpərəstlikdə Sərv ağacı odla bərabər tutulub, od kimi müqəddəs sayılıb. Ancaq bir şeyi heç cür başa düşüb qəbul eləyə bilmirəm.
- Nəyi?
- Od bizi necə yandıra bilir?
- Od hər şeyi yandırır də... - Mən Sərv ağacını başa düşmədim və bu barədə onun özünə də dedim, - mən səni başa düşmədim, sən ağacsan, od da oddu - od ağacı yandırar də...
- Sözümün canı odur ki, bir müqəddəs hesab olunan o biri müqəddəsi necə yandıra bilər? Deməli, ikimizdən biri müqəddəs deyil, ikimizdən biri haqqında atəşpərəstlər səhv eləyiblər.
Bu fikir mənə maraqlı görünsə də, susmağı üstün tutdum və Sərv ağacını təəccübləndirdim.
Qumru cütlüyü qonduğu yerdəcə yuxulamışdı, hərəkətsiz idi - elə bil bu cütlüyün özləri yox, şəkilləri idi. Gözəlliyindən asılı olmayaraq tək quş bu qədər qəşəng görünmür - cüt quş daha gözəl görünür...
Mən ömrümdə çoxlu quş görmüşəm, ancaq heç vaxt qoca quş görməmişəm - bəlkə quşlar qocalmır, ya da ki, qocalığı bilinmir?
Adamlar bəzən öz aralarında bir-birinə "quşbeyin" deyirlər. Süleyman peyğəmbər sağ olsaydı adam soruşardı ki, ya peyğəmbər, siz bilərsiniz ee, quşlar öz aralarında bir-birinə "adambeyin" deyirlər, ya yox... Yer üzündəki bütün quşların beyni tək Eynşteynin beyni qədər bəşəriyyətə fəlakət gətirməyib. Quşlar ömründə bir kimsəyə daş atmayıb, Eynşteyn isə bütün bəşəriyyətə fəlakət gətirib. Quşlar ömründə bir kimsəyə daş atmayıb, Eynşteyn isə bütün bəşəriyyətə daş atıb... Adamların dediyi kimi "quşbeyin" olmaq Allaha xoş gedər, yoxsa "adambeyin" - yenə də Allah bilər...
Yer üzündə Adam səsindən ən çox qorxan, diksinən quşlardı; yenə Yer üzündə Adama ən çox yaxın gələn də quşlardı. Yuvasına insan əli dəyəndə Quş oranı həmişəlik tərk eləyir, məcburi köçkün olur; quş quş beyni ilə dərk eləyir ki, insan əli onun yuvasına niyə uzanıb, yuvada nə var ki, bir çəngə otdu, çör-çöpdü... Quş bilir ki, bu əl yuvaya onun özünə görə uzanıb və bir də uzana bilər... ona görə isti yuvasından didərgin düşür və özünə insan əli çatmayan başqa bir vətən seçir... Belə deyənlər də var ki, Quş insan əlini naməhrəm hesab eləyir...


Qumru cütlüyü günorta yuxusunu aldı, ikisi də eyni vaxta qonduqları yerdə qanadlarını göyə açıb gərnəşdilər; quyruqları kübar xanımların əllərindəki yelpiyə oxşadı, sonra qanadlar yendi və kübar xanımların yelpiyi çevrilib yenidən quyruq oldu.
Quşlar arasında Qumrunun ən yaxın qohumu göyərçindir. Qohum olsalar da, soyuqdular, Göyərçinlə Qumrunu heç vaxt bir yerdə görən olmayıb. Bu qohumlar bilsəydilər ki, adamlar qızlarına onların adlarını verib, bəlkə də onlardan qorxmazdılar, bir az da yaxına gəlib ünsiyyətdə olardılar; ancaq onlar bunu bilmirdilər və bu informasiya heç vaxt onlara çatmayacaqdı, çünki onların hamısının bir adı var: Yer üzündəki bütün göyərçinlərin adı Göyərçin, qumruların da isə - Qumrudur. Bizim adımız isə həm Adamdır, həm də Əlidir, Vəlidir, Pirvəlidir, Condur, İvandır və s...
Qumrunun qohumlarının böyük əksəriyyəti avropalıdır. Şimali Afrikada, Asiyada, Hindistanın şimal-qərbində də diasporaları güclüdür. Rusiyanın orta və cənub qurşaqlarında yaşasalar da, “öz dillərində"danışırlar. Qumrular köçəri quşdur - öz təbirimizcə desək, tərəkəmədilər. Qışlamaq lazım gələndə Ekvatorial Afrikaya uçurlar. Ovçularla düşməndirlər və heç cür atəşkəsə nail ola bilmirlər. Ağızlarının dadını da yaxşı bilirlər; bitkilərin özü ilə yox, toxumu ilə qidalanırlar - bitki toxumu da ki, balıq kürüsü kimi bir şeydi...
Birdən Qaratoyuq uçub gəldi, Sərv ağacının ən hündür, təxminən bənövşə boyda kövrək bir budağına qondu, yerini güclə rahatladı. Qaratoyuğun qonduğu budaq bu Yaz zühur eləmişdi və onun budaq olmasına hələ çox vardı, nanə yarpağı kimi zərif idi, quş nəfəsindən də titrəyərdi. Qaratoyuğun orda dayana bilməsi məni çox təəccübləndirirdi, mənə elə gəlirdi ki, o tər budaqcıq heç kəpənək ağırlığına da tab gətirə bilməzdi.
Qaratoyuq özünə məxsus çeviklik və diqqətlə Sərv ağacının budaqlarını nəzərdən keçirdi, yuvanı da, onun yanında qoşalaşmış qumruları da, hətta məni də gördü. Bir an duruxdu, sonra qanadını atdı qulağının dibinə, uzaqdan yaxşı görə bilmirdim, deyəsən gözlərini də yumdu, elə cəh-cəh vurdu, elə şövqlə oxudu ki, elə bildim Sərv ağacı bu saat od tutacaq, alışıb yanacaq, Sərv ağacının özü kimi Sərv boylu bir alov onu bürüyəcək. Qumru cütlüyünün yuvası da, yuvanın içindəki göz muncuğuna oxşayan yumurtalar da yanacaq. Özümün Sərv ağacından da, Qumru cütlüyündən də daha hörmətli, daha güclü və daha məşhur olduğumu nəzərə alıb bu qərara gəldim və fikrimin üstündə möhkəm dayandım ki, Qaratoyuq bu dəstgahı mənim üçün oxudu. Sərv ağacı da, Qumru cütlüyü də elə bilirdi ki, Qaratoyuq onlar üçün oxuyub. Hamımız közü öz qabağımıza eşib belə fikirləşirdik, ancaq, deyəsən, Qaratoyuq özü üçün oxuyurdu, çünki başqaları üçün belə oxumaq qeyri-mümkün idi.
Qaratoyuq da quşların zəncisi idi; zənci mahnıları bütün Dünyanı həmişə silkələyib... Ancaq bu zənci quş Dünyanın bütün zəncilərindən yaxşı oxudu. Səsin sehrindən ayılan kimi əvvəlcə gözlərimə inanmadım, Sərv ağacı qapqara qaralmışdı, yaşıllığından heç nə qalmamışdı - çaşıb təzədən ayıldım; sən demə, bu həndəvərdə nə qədər Qaratoyuq vardısa hamısı gəlib Sərv ağacının yaşıllığına doluşmuşdu və min illər həmişə yaşıl geyinən Sərv ağacı indi qara geyinmişdi - həmişəqara olmuşdu.
Qaratoyuq təxminən on beş dəqiqə birnəfəsə oxudu; elə bizdə "Mirzəhüseyn segahı"nı da xanəndələr təxminən on beş dəqiqə oxuyurlar...
Qaratoyuq dəstgahı oxuyub qurtaran kimi onun uçub gəlmiş qohum-əqrəbası pırıltı ilə uçub getdilər, Sərv ağacı təzədən yaşıl paltarını geyinib qamətləndi. Sərv ağacından toz qopurdu...
Gözümün qabağında möcüzə baş verdi; gedib kimə danışasan? Arvadıma danışacam, o da diqqətlə qulaq asandan sonra deyəcək:
- Sabah tezdən səni çildağa aparacam.
El-obada danışırlar ki, Qaratoyuq dərddən oxuyur, dərdini oxuyur; onu da deyirlər ki, Qaratoyuq bir fərə Qumruya vurulur, nə qədər onun qılığına girmək istəyirsə istəyinə çata bilmir. O vaxt Qaratoyuq hələ oxuya bilmirmiş, bütün günü də tək-tənha dolanırmış. Qumru isə heç vaxt tək olmurdu. Axırı bir gün onu qanad-qanad izləyən Qaratoyuq Qumrunu tək tutur:
- İstəyirəm bir yerdə uçaq, - deyir.
Qumru fikirləşmədən deyir:
- Get oxu, tayını tap...
Bundan sonra Qaratoyuq qonduğu budaqda yeddi saat, quş iliynən ölçsək, donub qalır. Quşun yeddi saatı adamın yeddi dəqiqəsinə bərabərdi. Özünə gələndən sonra görür ki, ondan bir az aralıda Bülbül cəh-cəh vurur. Qanadlanır və gəlib təpənin başında özbaşına bitmiş bir ağacın zirvəsinə qonur, ətrafa boylanır, bir kimsənin olmadığını yəqinləşdirəndən sonra fərə Qumrunu gətirir gözünün qabağına və o gündən başlayır oxumağa... Uzun müddət təkliyə çəkilir, oxuya-oxuya düşür çöllərə, olur çölquşu. Bu çöllərdə uzun-uzadı veyillənir, qanadlanır, təklik-tənhalıq ona əl verir, Qumru tez-tez gəlir gözünün qabağına və bütün bunlar bir yerdə onu əməlli-başlı quşların xənəndəsi eləyir. Bir gün oxumayanda halı dəyişirdi, oxuyan kimi özünə gəlirdi, yüngülləşirdi; oxuyandan sonra elə yüngülləşirdi ki, babat bir külək əssəydi, onu götürüb aparardı. Qaratoyuq təxminən qəm-qüssənin bu yerindən oxuyurdu:
- Get, ey Qumru, sən Qumru deyilsən...
Lap, Füzuliyanədir...
Bu Qaratoyuğa baxa-baxa o biri qaratoyuqlar da oxumağa başladılar və dəbdə olduğu kimi desək, sənətin sirlərinə yiyələndikcə, quşlar arasında ad çıxardıb hörmət sahibi oldular. İndi oxumayan və səsi olmayan Qaratoyuq yoxdu, hamısı oxuyurdu; lap bizim tayfaya - Muradxanlılara oxşayırdılar... Bir fərə Qumru qaratoyuqların hamısını oxuyan elədi, belə demək mümkündürsə, onlara təxminən bülbül statusu verdi:

Nədən hər yerin əlvandı,
Köksün altı sarı, Bülbül?..

Və bu gün Qaratoyuq oxuya-oxuya tayını axtarır - fərə Qumrunun tapşırığı belə idi... Nə vaxt Qaratoyuğa Sarıtoyuq desələr, bilin ki, Qumrunun həsrətindən, qumrusuzluqdan saralıb, Bülbülün köksünün altına oxşayıb...
Qaratoyuq çox istərdi ki, özü qapqara olsa da, heç olmazsa köksünün altı sarı olaydı; ancaq bu məsələyə birbaşa Allahın özü baxırdı və ondan başqa heç kəs qərar verə bilməzdi...
Qaratoyuğun rənginə baxıb adını qoyublar; bu adı ona adamlar verib, qohum-əqrəbası yox. Və hərdən Qaratoyuğa elə gəlirdi ki, əgər o qara, özü də zil qara olmasaydı, bəlkə də fərə Qumru onu bəyənərdi. Ancaq onun rəngi qara idi və fərə Qumru da onu bəyənməmişdi.
Deyilənlərə görə, ilkin Yazda Bülbül Qızılgül bağında oxuyurmuş. Qaratoyuğun qulağı Bülbülün səsini o saat alır. Qaratoyuq hayıl-mayıl olur, uça-uça gəlib Bülbülün iki qanadlığında Qızılgül kolunun zirvəsinə qonur. Bəli, Qızılgül kolu balaca olsa da, hər balacanın da öz zirvəsi var. Bülbül öz oxumağına necə uyubsa, Qaratoyuğun uçub gəldiyini hiss eləmir və sarı köksünü Qızılgülə o qədər çırpır ki, qəribə bir rəng alır, rənglər bir-birinə qovuşur, rənglər qovuşanda Bülbül də gülə qovuşur və Bülbül ömür boyu gülə belə qovuşa bilib - gülün rəngi köksünün altındakı sarıya qovuşanda - vəssalam; buna da rəngqovuşan deyirlər, təxminən suqovuşan kimi... Suqovuşan da gözəldi; Dünyanın bütün qovuşmalarının sonunda bir qaynayıb-qarışma durur, qaynayıb qarışan hər şey isə təzə-tərləşir, güclü, uzunömürlü, həm də gözəl olur... Və bütün gözəlliklər Allahın şəxsi nəzarətindədir və bəndələrə heç bir dəxli yoxdur.
Bülbül qan-tərə necə bata bilərsə, bax, eləcə qan-tərə bata-bata nəğməsini sona yetirib rahatlanmışdı ki, başına bir damcı düşdü, elə bildi ki, Gülü kövrəldə bilib, ancaq bu damcı ətirli yox, kədərli idi, yuxarı baxanda Qaratoyuğu gördü, o, ağlayırdı, Bülbül hoppanıb onun yanına qondu, sağ qanadının xırda və zərif lələyi ilə onun gözünün yaşını sildi və elə bildi ki, onun oxumağıdı Qaratoyuğu kövrəldən; sonra sol qanadını yüngülcə Qaratoyuğa toxundurdu. Qaratoyuq vəcdə gəldi, bir an Bülbülün gözünün içinə baxdı, sanki bu böyük sənətkardan icazə istədi və rüsxət ona verildi. Qaratoyuq başladı nə başladı, özü də Bülbülün repertuarından... Oxuduqca oxudu... oxudu... İlahi, Qaratoyuq Bülbülü necə yamsılayırdısa, Bülbül elə bilirdi ki, oxuyan özüdü - Bülbül xeyli "özünə" qulaq asdı, ancaq bircə şeyi başa düşə bilmirdi ki, bu oxuyan həm ondan bədəncə iridi, rəngi qapqaradı, köksünün altında da sarısı yoxdu, hətta aradabir əyilib Qaratoyuğun köksünün altına baxdı da...
Qaratoyuq susan kimi Bülbül başladı, hörmət əlaməti olaraq, o da öz növbəsində Qaratoyuğu yamsılamaq istədi, ancaq alınmadı; balacalar böyükləri yamsılayanda, onlara oxşamaq istəyəndə azdan-çoxdan alınır, ancaq böyük sənətkarlar heç vaxt balacaları yamsılaya bilməyib. Qaratoyuğun gülməyi tutmuşdu, quş ağıllı-başlı gülürdü. Bir anın içində Bülbül özü oldu və özü olan kimi Qaratoyuq əvvəlcə özünü yığışdırdı, sonra da özünü unutdu. Bülbül də özünü unutdu - o özünü unutmasaydı Qaratoyuğa da özünü unutdura bilməzdi; elə bil ki, bu Qızılgül kolunun üstündə nə bülbül vardı, nə də Qaratoyuq... Əslində isə ikisi də orda idi, diqqətlə baxsaydınız, görərdiniz...
Bülbül çox gözəl oxudu; Qaratoyuq ağappaq ağarmışdı ki, belə də oxumaq olar? Ancaq Bülbül bayaqkı kimi oxumadı, oxuya da bilməzdi - bayaq Gül üçün oxuyurdu, indi isə Qaratoyuq üçün. Qaratoyuqla Gülün fərqi nə boydadırsa, bayaqkı oxumağı ilə indiki oxumağının fərqi də o qədər idi; ancaq oxuyan bülbül idi...
Qaratoyuq Bülbüllə Gülü ikilikdə qoyub oradan uçdu, necə deyərlər, üçüncü artıq idi.
Qaratoyuq səhərin gözü açılandan qaranlıq düşənə qədər oxuyurdu. Qaranlıq düşən kimi səsini xırp kəsirdi və öz iqamətgahına çəkilib olurdu lal quş. O, qaranlıqdan həm qorxurdu, həm də qaranlığı sevmirdi. O, heç nə görmürdü, onu da görmürdülər - gecə qara, cücə qara. Ona görə də səhəri dirigözlü açırdı. Belə çıxırdı ki, Qaratoyuq görməyəndə oxuya bilmir, o ancaq gündüzün şəninə oxuyurdu və onun oxuduqları nəğmələrin içində qaranlığa hərs olunmuş bir nəğmə də yox idi.
Qumru cütlüyü ayrılmışdı, biri kürt düşmüşdü, yuvasında yumurtaların üstündə yatmışdı, o biri isə öz köhnə "marşrut"u ilə tək-tənha dolanırdı.
Qaratoyuq yenə səhərdən axşama səhnədən düşmürdü; insan insandı, o da fasiləsiz bu qədər oxuya bilməzdi.
Sərv ağacı gözlə görülməsi mümkün olmayan bir sürətlə boy atmaqda idi; o boy atdıqca Qumru yuvasını da özü ilə göylərə yaxınlaşdırırdı...
Rəvayətə görə bir Qırqovul can verirmiş. O sürünə-sürünə Sərv ağacının dibinə yetişir və çox çəkmir ki, canını tapşırır. Qırqovul bilmir ki, onu öldürən onun bütün varlığı ilə sevdiyi Sərv ağacının ətridir. Heç Sərv ağacının da bundan xəbəri olmur...
O gün Dünyada, Sərv ağacının dibində bir pişik xoşbəxt olur...
İstədim bu rəvayəti Sərv ağacına danışam, ürəyim gəlmədi.
Səhər tezdən arvadın səsi məni yuxudan elədi:
- A kişi, qalx də, qalx.
- Xeyirdimi? - Könülsüzcəsinə soruşdum.
- Dur, dur... dur, gedirik çildağa.
Yerimdən elə ağır qalxdım ki, elə bil bir gecənin içində yüz kilo kökəlmişdim...
* * *

Bu uzunluqda adam görməmişdim. Armudu stəkanın ağzı boyda iri gözləri vardı. Qalın qaşları, üst dodağı ilə burnunun arasında olsaydı, bığ da demək olardı. Nəlbəki boyda qulaqları yuxarı tərəfdən bir balaca sallanmışdı. Udqunanda xirtdəyi gedib-gəlirdi və bu, əməlli-başlı nəzərə çarpırdı. Çiyninin biri o birisindən az-maz aşağı idi. Boyuna görə də ayaqları vardı. Saçlarına elə bil ki, ilk gündən daraq dəyməmişdi, indi heç ora daraq da girməzdi. Alnı səkkiz barmaq enində olardı. Onun üzü gördüyüm sifətlərin ən enlisindən iki dəfə böyük olardı. Gözlərinin rəngi hər dəqiqə dəyişirdi və oynayırdı, bir an da olsun bir nöqtəyə zillənə bilmirdi. Əynində o qədər də nimdaş olmayan, bu günə qədər heç kəsin əynində görmədiyim qəribə kostyum vardı, bu paltar həm də onun əyninə böyük idi, cibləri yox idi ki, əli üşüyəndə cibinə qoysun. Sağ biləyi nə qədər yoğun idisə, sol biləyi nazik idi. Barmaqları adi adamın əli uzunluqda idi, əli də barmaqlarına müvafiq olaraq, böyük idi. Sağ əlində altı, sol əlində isə dörd barmağı vardı; hesablayanda hamı kimi onun da on barmağı vardı, ancaq... Əgər şəhərin gur yerində görünsəydi, hamıya yuxarıdan aşağı baxmalı olacaqdı, necə ki, indi mənə baxırdı. Əgər mən başımı qaldırıb göyə baxmasam, o, mənim üzümü görə bilməzdi, ancaq başımın ortasını görə bilərdi. Mən onun üzünü görmək istəsəm və başımı qaldırsam onun ancaq çənəsini görə bilərdim; üzünü görmək üçün gərək ondan xeyli aralanıb ona uzaqdan baxaydım. Ya da bir at olaydı, minəydim belinə, başımı qaldırıb onun üzünü görəydim...
Mən onun dörd bir yanına hərləndim, diqqətlə onu nəzərdən keçirdim, o, bir dəfə də mənə fikir vermədi. Uzunluğu bir yana, mən heç vaxt bu şəkildə canlı görməmişdim; ancaq adam olmağına adam idi. O, otursaydı, mən də ayaq üstə dayansaydım, o, məndən bir-iki baş hündür olardı, ya olmazdı.
Atım yox idi ki, belinə minəm, o da ki, oturmamışdı, mən ona yaxınlaşdım, üzbəgöbək dayandıq - mənim üzüm onun göbəyinə güclə çatırdı - altdan yuxarı çənəsinə baxıb dedim:

- Sən kimsən?
- Adam.
- Ay Adam, adın nədi?
- Veyil.
- Bəs atanın adı?
- Veyil...
- Deməli, sən Veyil oğlu Veyilsən?
- Hə...
- Lap yaxşı, - onun çənəsinə baxıb dedim, - hara gedirsən?
- Heç hara! - dedi.
- Bəs hardan gəlirsən?
- Heç hardan.
- Belə olmur axı...
- Olur... olur... - dedi, - sən buralara hardan gəlib çıxmısan, nə itirib axtarırsan?
- Axtarmağına axtarıram, ancaq sən onun yerini bilməzsən...
- Nə bilirsən?
- Bilirəm, bilirəm...
- Özün bilərsən...
Onun mənim nə axtardığımla maraqlanmadığını görən kimi dedim:
- Özümü axtarıram.
- Özünü?! - Təəccübdən onun cəvciləri qulağının dibinə gəlib çıxdı.
- Bəli, - dedim, - nədi ki, ömür boyu başqalarını axtarırıq, bir dəfə də özümüzü axtaraq... Sən heç özünü axtarmamısan?
- Özümü?.. Özüm ,budey, durmuşam abağında...
- Dəqiq bilirsən ki, bu, özünsən?
- Sən nə danışırsan? Özüməm ki, var! - deyib məni hündürdən başdan-ayağa süzdü. Gözləri yerindən oynayırdı. - Doğrudan, sən özünü axtarırsan? - Dinmədim.
- Yaxşı, mən sənə kömək eliyərəm... ancaq de görüm, Özünü tapsan, ona nə deyəcəksən?
- Uzun məsələdi, Özümnən işim çoxdu.
- Onda mən sənə kömək eləməyəcəm.
- Niyə?
- Qorxuram.
- Axı, sən nədən qorxursan?.. - mən təəccübləndim.
- Qorxuram da...
- Axı, nədən? - Onun pəzəvəngliyini nəzərə almayıb səsimi ucaltdım.
- Qorxuram ki...
- Hə... hə...
- Qorxuram ki, Özünü tapan kimi onu öldürəsən.
Mən yalandan gülüb “doğrudan” dedim:
- Məndə heylə kişilik hardandı?
- Yox... yox, sən qorxulu adama oxşayırsan... Evinizdə bədənnüma güzgü var?
- Gorum var ki, kəfənim də ola?
- Zarafat eləmirəm.
- Heç mən də zarafat eləmirəm.
- Çöllərdə yaşayırsan?
- Hə...
O sevindi:
- Mənim günümdəsən ki... - Deyəsən, cəhənnəmə gedən özünə yoldaş tapmışdı. - Bəs, Özünü çöllərdə niyə axtarırsan ki... adam arasına çıx, bəlkə Özünə rast gəldin.
- Mənə xəbər veriblər ki, Özüm adamlardan qaçır... çöllərə düşüb... amma bir dəfə Özümə rast gəlmişəm, tanımamışam.
- İndi görsən tanıyarsan?
- Bilmirəm.
- Bəs onu necə tapacaqsan?
- Bilmirəm.
- Sənin işin Allaha qalıb.
- Allah kömək eləmir.
- Niyə?
- Lazım bilmir.
- Niyə?
Mən əsəbiləşdim:
- Onu Allahdan soruş.
O, həlimxasiyyət adam kimi dedi:
- İncimə... ancaq doğrudan da sənin işin Allaha qalıb, bütün dünyanı veyil-veyil gəzib-dolanmışam, bu ayaqlarıma dinclik verməmişəm, ancaq sənin kimi adamı birinci dəfədi görürəm... necə yəni Özümü axtarıram... bir dəfə Özümə rast gəlmişəm, tanımamışam. - Çox maraqlıdı, - yaxşı, Özün necə, o səni görsə tanıyar, tanısa sənə yaxınlaşar, hə... - O uzunluqda pəzəvəngin səsi titrədi, - hə?..
- Bilmirəm...
- Yaxşı, üstün-başın niyə bu gündədi? - Onun mənə yazığı gəldi.
- Nə gündəyəm ki, - üst-başıma baxıb baxışlarımı onun çənəsinə zillədim, - nə gündəyəm ki, - təkrar elədim.
- Sənin cındırından cin hürkür ki...
Dinmədim, düz deyirdi.
- Bəri bax, ola bilər ki, Özün də Səni axtarsın?
- Yox.
- Niyə?
- Çünki mən onu axtarmalıyam, o məni axtara bilməz - o, axtara bilmir...
- Bəs çöllərə niyə düşüb?
- Deyirmiş ki, adamlardan zəhləm gedir.
- Adamlardan?
- Hə...
- O adamların içində sən də varsan?
- Hə...
O ətrafına boylandı, başını o yan-bu yana quş başı kimi cəld və çevik tərpədirdi, bu mənə qəribə gəlirdi.
- Gəl oturaq, - dedi və oturdu.
- Sən otur.
O oturan kimi mən boyda oldu və mən onu başdan qurşağacan süzdüm. Dərin bir dərənin dibindəydik. Yuxarı baxanda dərə nə boydadırsa, göy də o boyda görünürdü. Özümü çox pis hiss eləyirdim. Birdən ağlıma gic-gici bir fikir gəldi, "görəsən dalaşsaq, mən bu pəzəvəngi təpiyimin altına sala bilərəm?" İçimdə doğulan bu sualdan bədənim buz kimi oldu. Və inanın mənə, qəfil ağzımdan çıxdı, ağına-bozuna baxmadan ona dedim:
- Deyillər uzunun ağlı topuğunda olar, düzdü?
Siz gözləmədiyiniz kimi, o da bu sualı gözləmirdi.
- Düz deyiblər... - dedi.
Mən də ondan bu cavabı gözləmirdim. Mən ona niyə belə sual verdim, axı, onun şərəf və ləyaqətini təhqir elədim... Onun isə vecinə də deyildi. Bəlkə, istəyirdim ki, bu yiyəsiz dərədə o, məni başına alıb çırpsın yerə, hə... birdibli canım qurtarsın? Nə qədər fikirləşsəm də, bu hərəkətimə başqa cavab tapa bilmədim - elə deyəsən qanımı almışam ağzıma...
Durduğu yerdə əməlli-başlı ilişirdim də bu kişiyə. Dedim:
- Bu nə addı sənə qoyublar - Veyil, heç bilirsən nə deməkdi?
- Bilirəm.
- Adından utanmırsan?
- Niyə utanıram, atamın adıdı.
Maraq məni götürdü:
- Sizə niyə belə ad qoyublar, axı...
- Biz tərəflərdə adam doğulan kimi, ona ad qoymurlar.
- Niyə?
- Adam doğulur, sonra yavaş-yavaş böyüyür, baxıllar onun halına-xasiyyətinə, ona uyğun da ad qoyurlar... Mənim adımı yeddi yaşım olanda qoyublar.
- Doğrudan? - Mən təbii ki, buna təəccübləndim, çünki bizdə uşağın dünyaya gəlməsinə beş-altı ay qalmış danışıqlar gedir: oğlan olsa adını filankəs qoyacağıq, qız olsa bəhmənkəs...
Pəzəvəng əlavə elədi:
- Mənim adımı hələ çox tələsik qoyublar, yeddi ildən sonra; bizim bir qonşumuz vardı, adını otuz ildən sonra qoydular; ona baxanda mən şükürlüyəm.
- Siz tərəflər haradı?
- Xəritəyə düşməyib.
- Niyə?
- Nə bilim.
Doğrudan da, onun dediklərinin nəinki şahidi olmamışdım, heç kitabda da oxumamışdım, ona dedim:
- Otuz ildən sonra da adama ad qoyallar?
- Qoyallar. Bayaq dedim axı, o adam bizim qonşuydu, düz otuz il heç kəs onun xasiyyətindən baş açmadı ki, ona uyğun da ad qoysunlar. Biz tərəflərin qanununa görə isə, ən geci otuz il müddətində ad qoyulmalıdı, yaş kağızı alınmalıdı, ona görə də məcbur olub ona ad qoydular.
Mən təxminən onun sözünü kəsdim:
- Onun adını nə qoydular?
- Xasiyyət...
- Axı, deyirsən onun xasiyyəti yox idi, bilinmirdi.
Onun cəvciləri təzədən qulağının dibinə qədər dartıldı:
- Xasiyyəti olmamaq da bir cür xasiyyətdi də, niyə başa düşmürsən?
- Deməli, sizdə hər kəsə adı doğulandan bir neçə il sonra, əməlinə görə qoyurlar də, eləmi?
- Hə...
- Onda mənə de görüm oğurluq eliyən adamın adını nə qoyursunuz?
- Oğru... - təəccübləndi.
- Rüşvətxorun adını?..
- Rüşvətxor.
- Bu, qadınlara da aiddi?
- Bizdə qadınlarla kişilərin hüququ bərabərdir.
- Onda ayağı sürüşkən qadının adını nə qoyursunuz?
- Onun adını ərəbcə qoyuruq: fahişə.
- Bəs arvadı ərəbcə... olan kişinin adı?..
- Oğraş.
- Bəs, pasportda onların adını necə yazırsınız?
- Necə varsa, elə.
- Bəs onların şərəf və ləyaqətini təhqir etmirsiniz?
- Heç veclərinə deyil, xoşlarına gəlir.
- Ola bilməz!..
- Od haqqı!
- Onda olar bu barədə bir-iki sual da verim?
O, yekə başını tərpədib razılıq verdi.
- Yaxşı, bəs tutaq ki, birinin adı rüşvətxordu, ona qarşı bir cinayət işi-zadı qaldırmısız?
- Yox.
- Niyə, axı deyirsiniz ki, adı əməlinə, xasiyyətinə görədi?
- Biz tərəflərdə qanunlar çox humanistdir, hər kəsə xasiyyətinə görə ad qoyduğumuz kimi, xasiyyətinə görə də şərait yaradırıq ki, öz istedadını göstərsin, cəmiyyətdə yerini möhkəmləndirsin; Öz işini görə bilsin; biz bilirik ki, o, rüşvət almasa yaşaya bilməz, ölər. Bir rüşvət nədir ki, ona görə Yer üzünün əşrəfi insan ölsün?.. Bizim qanunlar buna yol verməz.
Mən onu ruhlandırmaq üçün dedim:
- Sizin tərəflər haqqında bir roman yazacam.
- Roman nədi?
- Kitab də, kitab yazacam, özü də sənə həsr eliyəcəm.
- Onda biz tərəflər haqqında sənə heç nə demiyəcəm, bizi dilə-dişə salarsan...


Təbiətin belə möcüzələri də var və bu da bir göstərmədir - bu göstərmələr insan üçündür, gör, nəticə çıxart və Allahın yaratdıqları ilə işin olmasın; görsən ki, əlin dinc durmur, öz tikdiyin evi dağıt, yaşadığın şəhəri dağıt, geydiyin paltarı cırıq-cırıq elə... Görsən ki, yenə səbbin alınmır, başını döy divara... Divara döy ki, bəlkə ağlın başına gəldi; gəldi gəldi, yox, gəlmədi, onda vay sənin halına, ölünü yadından çıxart, başla dirini ağlamağa...
Bir-birindən qaçan adamlar bir-birini yola vermədikcə, bütün canlılar insanlardan qaçır, onlardan uzaq olmaqla "ac qulağım, dinc qulağım" prinsipiylə yaşamağa üstünlük verirlər. Adamlar bir-birini o qədər bezdirib və iyrəndiriblər ki, Allahın yaratdıqları ilkin, bakir adamlara oxşayanların özləri də müxtəlif heyvanlara: itə, pişiyə, quşa can atırlar. Fransa kimi bir ölkədə göz oxşayan villalarda, mənzillərdə, adamlarla birgə iki milyon yarımdan artıq it yaşayır ki, bu da təxminən qonşu Ermənistanın əhalisinə bərabərdir. İki milyon yarım hələ rəsmi qeydiyyatda olanlardı, hələ emiqrasiya qaydalarını pozub qeyri-rəsmi, necə deyərlər, "vətəndaşlığı" olmayan itləri demirəm. Dünyada isə hər il otuz min uşaq acından ölür; mən fransızları qınamıram - insanlararası münasibətlər elə yerə gəlib çıxıb ki, insan insandan çox itə, pişiyə, quşa etibar eləyir, daha çox onlara mehrini salır. Mehr isə Allahın verdiyi əmanətdi və başqasına ötürmək üçündür; Mehri içində çox saxlayarsan, asanlıqla çevrilib kin olar və səni içindən yeyər. Bütün canlılar Allahın verdiyini bir-birinə ötürməklə, bir şəbəkədə birləşməklə vahid orqanizmə çevrilir ki, bu da Allahın nəzərində çox vacib keyfiyyət hesab olunur. Xilas və işıq yolu isə Allahın vacib keyfiyyət hesab elədiyidi. Xilas və işıq yolu isə, Allahın vacib bildiyini vacib bilməkdir və bu vacibdən başqa vacib yoxdur!
...Özümü məcbur eləyib qurtaran kimi Qaratoyuq üslubunda səs çıxardım:
- Cırrrrı... cırrıı cır...
Bu cəhdim nəticəsiz qaldı. Sonra dodaqlarımı "o" hərfi şəklinə saldım, dilimi içəridən dodaqlarıma döyəcləyə-döyəcləyə fışdırıq çalmağa başladım, barmaqlarımı da tez-tez çöldən dodaqlarıma toxundurmağa başlayıb heç vaxt eşitmədiyim səslər çıxartdım - Qaratoyuğu yamsılamaq istədim. Qaratoyuq necə qəşş elədisə, özündən getdi; mənim beş-on addımlığımdakı qaratikan kolunun başına qonub gülürdü. Onun gülməyi oxumağına da oxşayırdı. Onu görəndə elə sevindim ki, elə bil dünyanın ən azı yarısını mənə verdilər və mən yarımdünyanın yiyəsi kimi, böyük ərklə Qaratoyuğa tərəf getdim, iki-üç addım qalmış Qaratoyuq qonduğu yerdən bir qarış hündürlüyə qalxıb təzədən öz yerinə qondu, yəni ki, çox yaxına gəlmə, nə olsun ki, bir-birimizi tanıyırıq, yaxına gəlsən uçub gedəcəm. Mən də onun bu hərəkətini olduğu kimi duyub hələ bir-iki addım geri də çəkildim, dayandım. Qaratoyuq yerini rahatladı, əvvəl yerə, sonra da mənə baxıb oxumağa başladı. Bu quşa mən çox qulaq asmışdım, feyziyab olmuşdum: ancaq bu dəfə çox kədərli oxuyurdu; qanadlarını özünə çırpa-çırpa oxuyurdu, elə bil məndən Fərə Qumrunu soruşurdu. Mən nə deyəydim? Deyəydim ki, çoxdan cütləşib, özü də bu yaxınlarda kürt düşəcək? Mən bunu ona deyə bilməzdim, heç vaxt...
Ürəyimdə Fərə Qumrunu xeyli qınadım, sonra da fikirləşdim ki, onlar başqa "millət"ə qız vermirlər də, neyləsin - Fərə Qumruya bəraət qazandırırdım və istər-istəməz bir neçə il qabaq ağappaq rus qızının zilqara zəncidən bic doğduğu, saçları qıvrım zənci körpəsini xatırladım. "Görəsən Fərə Qumru Qaratoyuqla cütləşsəydi, onların ağ yumurtasından çıxan bala nə rəngdə olardı, kimə oxşayardı?.. Kimə oxşayacağını demək çətin olsa da, onu demək olardı ki, yeni bir metis dünyaya gələrdi... Metislər də çox qəşəng olur və Dünyanın qəşəngliyi yumurtadan çıxan o quş balası boyda bir az da böyüyüb insanların gözlərini oxşayar, çox istedadlı bir quş olardı və bu minvalla yeni bir nəslin bünövrəsi qoyulmuş olardı... Çox təəssüf...
Ürəyimdə Fərə Qumruya da, Qaratoyuğa da acığım tutdu; hərəsinə də bir cür: Fərə Qumruya ona görə əsəbiləşdim ki, ay zalım balası, bu Qaratoyuğun nəyi sənin xoşuna gəlmədi axı?.. Niyə ona "hə" deyib onunla bərabər uçmağa razılıq vermədin? Qaratoyuğa da ona görə hirsləndim ki, ay zalım oğlu zalım, Dünyada o qədər gözəl-göyçək, rəngarəng quşlar var ki, hamısı da bir-birindən qəşəng, nə görmüsən ee, o Fərə Qumruda? Sonra bu sualın cavabını məşhur kəlamların birində tapdım: "Fərə Qumrunun gözəlliyini duymaq üçün ona Qaratoyuğun gözü ilə baxmaq lazımdır..."
Durduğum yerdə oturub Qaratoyuqla üzbəüz qalmaq istəyirdim ki, o nəğməsinə nöqtə qoydu, sonra pırıltı ilə havaya qalxdı, üzünü biz tərəflərə tutdu, mən gözümü ondan çəkə bilmirdim - o, isə uçdu, uçdu, uçdu, sonda Qaratoyuq qara bir nöqtəyə dönüb əridi. Yalnız bundan sonra mən ayağa qalxıb Pəzəvəngin yanına qayıtdım. O, göy otun üstündə süfrə salıb, yol çantasındakı azuqənin hamısını ora düzmüşdü. Elə iştah nümayiş elətdirirdi ki, elə bil Dünyanın axırıdı və Dünya dağılıb qurtarana qədər o da süfrədə düzdüklərini yeyib qurtarmalı idi. Bu, adam yeməyinə oxşamırdı, heyvan balası kimi yeyirdi və mən ondan iyrənib üzümü çöndərmək istəyəndə o dedi:
- İstəyirsən sən də ye.
- Yox, - dedim.
Daha bərkini tutmadı, mən özüm də hiss eləmişdim ki, o, elə-belə, quşquntəklifi eləyir. Beş-on dəqiqədən sonra çevrilib ona baxanda gördüm ki, qarşısında çəmənlikdən və çəmənliyə saldığı süfrədən başqa heç nə qalmayıb. O süfrəni burmalayıb qoltuq cibinə qoydu, sonra ordan çıxarıb əl çantasına atdı:
- Susunnan ölürəm, - dedi.
Mən çiyinlərimi çəkdim. O, pencəyinin qolu ilə ağzını-burnunu silib, göy çəmənlik üstündə uzandı:
- İstəyirsən sən də uzan, - dedi.
- Yox, - dedim, - sağ ol...
- Sabah bu vaxt məni durğuzarsan.
Gün günortadan təzəcə əyilmişdi, öz-özümə fikirləşdim ki, "bu heyvan oğlu heyvan" nə qədər yatmaq istəyir ki?!
- Sizdəki oğrular nə oğurlayır? - Mən onun yatmağını heç istəmirdim.
- Əllərinə nə keçsə... qabaqlarına nə düşsə.
- Məsələn?..
- Məsələn, mal-qara, tikinti materialı, ideya, toyuq-cücə, adam, torpaq... hər şey... adamın gözündən tükü çəkirlər, heç xəbəri də olmur...
- Sən də oğurlayırsan?
- Yox... bu mənim xasiyyətimə uyğun gəlmir.
- Bəs bunları hardan bilirsən?
- Bütün günü veyil-veyil gəzirəm, kor deyiləm ha, görürəm də...
- İşləmirsən?
- Belə... başqa yerlərdəki kimi işləmirəm... ancaq götürəndə işləyirəm.
- Bəs nəynən dolanırsan?
- Gördüklərimdən göz kirəsi istəyirəm... dolanıram.
- Verirlər?
- Niyə vermirlər, ağızları nədi? Bax, tutaq ki, sən oğurluq eləyirsən, çalış ki, görməyim, gördümsə, haqqımı verməlisən. Bu bizim humanist qanunlarla çox dəqiq tənzimlənir. Bizdə hamı bir-birindən dolanır, başçımız da hamıdan... Sizdə belə deyil ki?
- Yox...
- Yəqin sizin də özünüzə görə qanunlarınız var da, - deyib uzandığı yerdə arxasını mənə çevirdi, - istəyirsən gəl sən də yat... sabah söhbət eləyərik, - dedi və bir su içim saatda xorultusu buraları götürdü başına. "Heyvan oğlu heyvandı də... gör nə tez yuxuya getdi? Mən qırx dəfə yumşaq yorğan-döşəyin arasında o tərəf-bu tərəfə çevrilməsəm gözümə yuxu getməz, o da səhərə yaxın. Bəxtəvərin oğlunu gördüz, əsəb adlı şey yoxdu da, zırrama oğlu zırrama, onun yeməyini görmədiz?.. Quzu budunu toyuq budu kimi bir-iki dəqiqəyə məhv elədi. Heylə yeyənin belə də yatmağı olar da..."
- Bayaq bir quş oxuyurdu, eşitdin? - mən onun arxasınca dedim.
Təbiətin belə möcüzələri də var və bu da bir göstərmədir - bu göstərmələr insan üçündür, gör, nəticə çıxart və Allahın yaratdıqları ilə işin olmasın; görsən ki, əlin dinc durmur, öz tikdiyin evi dağıt, yaşadığın şəhəri dağıt, geydiyin paltarı cırıq-cırıq elə... Görsən ki, yenə səbbin alınmır, başını döy divara... Divara döy ki, bəlkə ağlın başına gəldi; gəldi gəldi, yox, gəlmədi, onda vay sənin halına, ölünü yadından çıxart, başla dirini ağlamağa...
Bir-birindən qaçan adamlar bir-birini yola vermədikcə, bütün canlılar insanlardan qaçır, onlardan uzaq olmaqla "ac qulağım, dinc qulağım" prinsipiylə yaşamağa üstünlük verirlər. Adamlar bir-birini o qədər bezdirib və iyrəndiriblər ki, Allahın yaratdıqları ilkin, bakir adamlara oxşayanların özləri də müxtəlif heyvanlara: itə, pişiyə, quşa can atırlar. Fransa kimi bir ölkədə göz oxşayan villalarda, mənzillərdə, adamlarla birgə iki milyon yarımdan artıq it yaşayır ki, bu da təxminən qonşu Ermənistanın əhalisinə bərabərdir. İki milyon yarım hələ rəsmi qeydiyyatda olanlardı, hələ emiqrasiya qaydalarını pozub qeyri-rəsmi, necə deyərlər, "vətəndaşlığı" olmayan itləri demirəm. Dünyada isə hər il otuz min uşaq acından ölür; mən fransızları qınamıram - insanlararası münasibətlər elə yerə gəlib çıxıb ki, insan insandan çox itə, pişiyə, quşa etibar eləyir, daha çox onlara mehrini salır. Mehr isə Allahın verdiyi əmanətdi və başqasına ötürmək üçündür; Mehri içində çox saxlayarsan, asanlıqla çevrilib kin olar və səni içindən yeyər. Bütün canlılar Allahın verdiyini bir-birinə ötürməklə, bir şəbəkədə birləşməklə vahid orqanizmə çevrilir ki, bu da Allahın nəzərində çox vacib keyfiyyət hesab olunur. Xilas və işıq yolu isə Allahın vacib keyfiyyət hesab elədiyidi. Xilas və işıq yolu isə, Allahın vacib bildiyini vacib bilməkdir və bu vacibdən başqa vacib yoxdur!
...Özümü məcbur eləyib qurtaran kimi Qaratoyuq üslubunda səs çıxardım:
- Cırrrrı... cırrıı cır...
Bu cəhdim nəticəsiz qaldı. Sonra dodaqlarımı "o" hərfi şəklinə saldım, dilimi içəridən dodaqlarıma döyəcləyə-döyəcləyə fışdırıq çalmağa başladım, barmaqlarımı da tez-tez çöldən dodaqlarıma toxundurmağa başlayıb heç vaxt eşitmədiyim səslər çıxartdım - Qaratoyuğu yamsılamaq istədim. Qaratoyuq necə qəşş elədisə, özündən getdi; mənim beş-on addımlığımdakı qaratikan kolunun başına qonub gülürdü. Onun gülməyi oxumağına da oxşayırdı. Onu görəndə elə sevindim ki, elə bil dünyanın ən azı yarısını mənə verdilər və mən yarımdünyanın yiyəsi kimi, böyük ərklə Qaratoyuğa tərəf getdim, iki-üç addım qalmış Qaratoyuq qonduğu yerdən bir qarış hündürlüyə qalxıb təzədən öz yerinə qondu, yəni ki, çox yaxına gəlmə, nə olsun ki, bir-birimizi tanıyırıq, yaxına gəlsən uçub gedəcəm. Mən də onun bu hərəkətini olduğu kimi duyub hələ bir-iki addım geri də çəkildim, dayandım. Qaratoyuq yerini rahatladı, əvvəl yerə, sonra da mənə baxıb oxumağa başladı. Bu quşa mən çox qulaq asmışdım, feyziyab olmuşdum: ancaq bu dəfə çox kədərli oxuyurdu; qanadlarını özünə çırpa-çırpa oxuyurdu, elə bil məndən Fərə Qumrunu soruşurdu. Mən nə deyəydim? Deyəydim ki, çoxdan cütləşib, özü də bu yaxınlarda kürt düşəcək? Mən bunu ona deyə bilməzdim, heç vaxt...
Ürəyimdə Fərə Qumrunu xeyli qınadım, sonra da fikirləşdim ki, onlar başqa "millət"ə qız vermirlər də, neyləsin - Fərə Qumruya bəraət qazandırırdım və istər-istəməz bir neçə il qabaq ağappaq rus qızının zilqara zəncidən bic doğduğu, saçları qıvrım zənci körpəsini xatırladım. "Görəsən Fərə Qumru Qaratoyuqla cütləşsəydi, onların ağ yumurtasından çıxan bala nə rəngdə olardı, kimə oxşayardı?.. Kimə oxşayacağını demək çətin olsa da, onu demək olardı ki, yeni bir metis dünyaya gələrdi... Metislər də çox qəşəng olur və Dünyanın qəşəngliyi yumurtadan çıxan o quş balası boyda bir az da böyüyüb insanların gözlərini oxşayar, çox istedadlı bir quş olardı və bu minvalla yeni bir nəslin bünövrəsi qoyulmuş olardı... Çox təəssüf...
Ürəyimdə Fərə Qumruya da, Qaratoyuğa da acığım tutdu; hərəsinə də bir cür: Fərə Qumruya ona görə əsəbiləşdim ki, ay zalım balası, bu Qaratoyuğun nəyi sənin xoşuna gəlmədi axı?.. Niyə ona "hə" deyib onunla bərabər uçmağa razılıq vermədin? Qaratoyuğa da ona görə hirsləndim ki, ay zalım oğlu zalım, Dünyada o qədər gözəl-göyçək, rəngarəng quşlar var ki, hamısı da bir-birindən qəşəng, nə görmüsən ee, o Fərə Qumruda? Sonra bu sualın cavabını məşhur kəlamların birində tapdım: "Fərə Qumrunun gözəlliyini duymaq üçün ona Qaratoyuğun gözü ilə baxmaq lazımdır..."
Durduğum yerdə oturub Qaratoyuqla üzbəüz qalmaq istəyirdim ki, o nəğməsinə nöqtə qoydu, sonra pırıltı ilə havaya qalxdı, üzünü biz tərəflərə tutdu, mən gözümü ondan çəkə bilmirdim - o, isə uçdu, uçdu, uçdu, sonda Qaratoyuq qara bir nöqtəyə dönüb əridi. Yalnız bundan sonra mən ayağa qalxıb Pəzəvəngin yanına qayıtdım. O, göy otun üstündə süfrə salıb, yol çantasındakı azuqənin hamısını ora düzmüşdü. Elə iştah nümayiş elətdirirdi ki, elə bil Dünyanın axırıdı və Dünya dağılıb qurtarana qədər o da süfrədə düzdüklərini yeyib qurtarmalı idi. Bu, adam yeməyinə oxşamırdı, heyvan balası kimi yeyirdi və mən ondan iyrənib üzümü çöndərmək istəyəndə o dedi:
- İstəyirsən sən də ye.
- Yox, - dedim.
Daha bərkini tutmadı, mən özüm də hiss eləmişdim ki, o, elə-belə, quşquntəklifi eləyir. Beş-on dəqiqədən sonra çevrilib ona baxanda gördüm ki, qarşısında çəmənlikdən və çəmənliyə saldığı süfrədən başqa heç nə qalmayıb. O süfrəni burmalayıb qoltuq cibinə qoydu, sonra ordan çıxarıb əl çantasına atdı:
- Susunnan ölürəm, - dedi.
Mən çiyinlərimi çəkdim. O, pencəyinin qolu ilə ağzını-burnunu silib, göy çəmənlik üstündə uzandı:
- İstəyirsən sən də uzan, - dedi.
- Yox, - dedim, - sağ ol...
- Sabah bu vaxt məni durğuzarsan.
Gün günortadan təzəcə əyilmişdi, öz-özümə fikirləşdim ki, "bu heyvan oğlu heyvan" nə qədər yatmaq istəyir ki?!
- Sizdəki oğrular nə oğurlayır? - Mən onun yatmağını heç istəmirdim.
- Əllərinə nə keçsə... qabaqlarına nə düşsə.
- Məsələn?..
- Məsələn, mal-qara, tikinti materialı, ideya, toyuq-cücə, adam, torpaq... hər şey... adamın gözündən tükü çəkirlər, heç xəbəri də olmur...
- Sən də oğurlayırsan?
- Yox... bu mənim xasiyyətimə uyğun gəlmir.
- Bəs bunları hardan bilirsən?
- Bütün günü veyil-veyil gəzirəm, kor deyiləm ha, görürəm də...
- İşləmirsən?
- Belə... başqa yerlərdəki kimi işləmirəm... ancaq götürəndə işləyirəm.
- Bəs nəynən dolanırsan?
- Gördüklərimdən göz kirəsi istəyirəm... dolanıram.
- Verirlər?
- Niyə vermirlər, ağızları nədi? Bax, tutaq ki, sən oğurluq eləyirsən, çalış ki, görməyim, gördümsə, haqqımı verməlisən. Bu bizim humanist qanunlarla çox dəqiq tənzimlənir. Bizdə hamı bir-birindən dolanır, başçımız da hamıdan... Sizdə belə deyil ki?
- Yox...
- Yəqin sizin də özünüzə görə qanunlarınız var da, - deyib uzandığı yerdə arxasını mənə çevirdi, - istəyirsən gəl sən də yat... sabah söhbət eləyərik, - dedi və bir su içim saatda xorultusu buraları götürdü başına. "Heyvan oğlu heyvandı də... gör nə tez yuxuya getdi? Mən qırx dəfə yumşaq yorğan-döşəyin arasında o tərəf-bu tərəfə çevrilməsəm gözümə yuxu getməz, o da səhərə yaxın. Bəxtəvərin oğlunu gördüz, əsəb adlı şey yoxdu da, zırrama oğlu zırrama, onun yeməyini görmədiz?.. Quzu budunu toyuq budu kimi bir-iki dəqiqəyə məhv elədi. Heylə yeyənin belə də yatmağı olar da..."
- Bayaq bir quş oxuyurdu, eşitdin? - mən onun arxasınca dedim.
- Nə quş, əə?
- Quş də, quş... Qaratoyuq.
- Qaratoyuq hansıdı, o heç yüz qram da gəlməz ki... əti yox, qanı yox... Mənim xoşuma hinduşkanın oxumağı gəlir: qaqq-qaqq-qaqq-qaqq... Bəh-bəh-bəh... Gör nə deyir ee... Kababına da ki, söz ola bilməz... yoxsa, nədi, sənin o Qaratoyuğun... heç olmazsa toyuq boyda olsaydı yenə dərd yarıydı... Yox, Qaratoyuğun oxumağını eşitməmişəm, yenə bülbüldən-zaddan olsaydı, cəhənnəm... - bir su içim saat keçməmiş yenə tanış xorultu buraları başına götürdü...
Ürəyim qəfil bir yağış istədi, elə bil yerikləyirdim. Elə yağış istəyirdim ki, ürəyimə yağsın, sonra da lap aftafanın lüləyindən töksün, yatdığı yerdə bu Zırramanı sel aparsın, mən də humanistlik və qəhrəmanlıq göstərib onu xilas eləyim, sürüyə-sürüyə bir təhər qırağa çıxardım, ona ilk təcili yardım göstərim, hərbi dərsdə necə keçmişdiksə elə, o ayılsın, başının üstündə məni görən kimi desin:
- Sən mənim həyatımı xilas etmisən, mən ömür boyu sənə borcluyam.
Və qəfil ruhdan düşüb fikrimdən döndüm:
- Neynirəm onun mənə borclu olmağını, ondan borc qaytaran olar, oğraşın biridi; lap qaytarsa da, nə qaytaracaq ki, uzaq başı yemək yeyəndə mənə deyəcək ki, istəyirsən sən də ye, yaxud da deyəcək ki, istəyirsən gəl sən də yat, vəssalam.
"Onu xilas etmək" fikrindən daşınan kimi darıxdım, nə edəcəyimi bilmədim, başımı qaldırıb bayaq Qaratoyuq uçub yox olan tərəfə gözümü zillədim. Elə istəyirdim bayaq yox olan o qara nöqtə mənə tərəf gəlsin, gəldikcə böyüsün, böyüdükcə çönüb Qaratoyuq olsun və bayaqkı qaratikan koluna qonub oxusun...
...Nə ürəyimə yağış yağdı, nə də bu Pəzəvəngi sel apardı...
Yağmasa da qəfildən göy necə guruldadısa elə bil göylərin təkindən nəsə qopub bizə tərəf gəlirdi. O, yerindən dik atılıb əvvəlcə öz-özünə dedi:
- Qoymazlar da gözümüzün acısını dərək, - sonra da üzünü mənə tərəf çevirdi: - istəyirsən sən get, mən tək yatmaq istəyirəm.
"Yəni bu boyda dərə sənə azlıq eləyir, yatırsan yat da". Bir-iki addım aralandım.
- Sən yatma hələ... - Ona dedim.
- Niyə?
- Göy yenə guruldayacaq.
- Nə bilirsən?
- Görmürsən, - başımı qaldırıb göyü ona göstərdim. O, mən göstərən tərəfə baxdı, üz-gözündən zəhər-zəhrimar tökülürdü.
- Sən bilən gec qurtarar? - Başı ilə göyü göstərdi.
- Nə bilim, beş dəqiqə də çəkə bilər, beş saat da... - Mən də başımla könülsüz halda göyə işarə elədim, - yəqin tez qurtarar... darıxırsan?
- Yox. Mən darıxmıram ha... yatmaq istəyirəm. Biz tərəflərdə darıxmaq yoxdu, heç kəs darıxmır, darıxmaq axmaq şeydi, bircə dəfə ömrümdə darıxdım... sonra tez tərgitdim.
- Niyə tərgitdin ki?
- Darıxmaq cana ziyandı.
Qara buludlar başımızın üstündə sıralanıb Qaratoyuq gedən səmtə sürünürdü. Qabaqda gedən qara bulud adama oxşayırdı, adama oxşayırdı deyəndə ki, bu Pəzəvəngə oxşayırdı - elə bil buludları arxasınca aparan bu idi - dartırdı...
- O qabaqda gedən qara buludu görürsən? - Qara buludu ona göstərdim.
O, əlini gözünün üstünə qoyub baxdı və dedi:
- Gördüm...
- Sənə oxşayır? - Gözümü ona zillədim.
O, bir də diqqətlə tamaşa eləyəndən sonra, deyəsən bir az da sevincək dedi:
- Oxşayır, oxşayır... ona bax, elə bil ki, mənəm, - deyən kimi, Pəzəvəngə oxşayan qara bulud dayanan kimi oldu, arxadan gələn buludlara qarışıb onların içində əridi. Hiss elədim ki, bu onu bir az əsəbləşdirdi, - ancaq mənə yaman oxşayırdı, ha...
Mən başımla təsdiqləsəm də, bununla kifayətlənmədim.
- Hə. Oxşayırdı, - dedim.
Bayaqkı gurultu eyni ilə təkrar oldu; elə bil lentə yazıb, təzədən efirə buraxdılar.
- Deyəsən, yağacaq... - Mən dedim.
- Nə bilirsən?
- Yağış iyi gəldi.
İndi də Pəzəvəng "guruldadı", necə güldüsə cəvçiləri qulağının dibindən də keçdi o tərəfə və bu eybəcər gözlərimin önündə necə eybəcərləşdisə vahimə məni basdı; gözəl adamın eybəcərləşməsi başa düşüləndi, ancaq eybəcərin eybəcərləşməsi təsəvvür olunmaz bir eybəcərlikdir. İki daşın arasında fikirləşdim ki, insan güləndə sifətində içinin şəklini çəkir...
Pəzəvəng beləcə xeyli guruldadı və öz ilkin eybəcərliyinə qayıdıb başını bulaya-bulaya mənə dedi:
- Sən çox maraqlı adamsan!
- Niyə?
- Əəə, niyə nədi, yağış kabab-zaddı ki, iyi gəlsin... ay sənin... yağış iyi gəlir... - istehza elədi.
Onun bu istehzası məni bir az özümdən çıxartdı, açıqdan-açığa ona ilişmək üçün dedim:
- Bayaq dedin ki, hinduşkanın oxumağını xoşlayırsan?
- Hə. Demişəm.
- Bayaq dedin ki, sözündən belə çıxdı, hinduşkanın oxumağını ona görə xoşlayırsan ki, ətli-canlıdı.
- Hə. Demişəm.
- Sənin dediklərinə inanmaq olar də?
- Ömründə yalan danışmamışam, bu, mən bacaran iş deyil, mənimki veyillənməkdi... Yalan işinə ayrıları baxır.
- Deməli, sən ətli-canlı oxuyanları xoşlayırsan?
- Hə...
- Tapdım... tapdım...
- Nəyi?
- Sənin ən çox sevdiyin oxuyanı.
- Kimdi? Tapsan, səni aparacam biz tərəflərə...
- Dur, dur gedək...
- Hara?
- Siz tərəflərə... tapmışam...
- Yox, əvvəlcə de, sonra.
- Lyudmila Zıkina.
O yenə guruldadı, bayaqkı şeylər təzədən təkrar oldu, yalnız bircə şey əlavə elədi - mənə yaxınlaşıb əlləri ilə belimdən yapışdı, körpə uşaq kimi havaya qaldırıb üzümdən öpdü və atdı yerə.
Mən ayağa durub üst-başımı çırpandan sonra dedim, özü də canımı ağzıma alıb dedim:


- Nə quş, əə?
- Quş də, quş... Qaratoyuq.
- Qaratoyuq hansıdı, o hez yğz qram da gəlməz ki... əti yox, qanı yox... Mənim xoşuma hinduşkanın oxumağı gəlir: qaqq-qaqq-qaqq-qaqq... Bəh-bəh-bəh... Gür nə deyir ee... Kababına da ki, süz ola bilməz... yoxsa, nədi, sənin o Qaratoyuğun... hez olmazsa toyuq boyda olsaydı yenə dərd yarıydı... Yox, Qaratoyuğun oxumağını eşitməmişəm, yenə bğlbğldən-zaddan olsaydı, cəhənnəm... - bir su izim saat kezməmiş yenə tanış xorultu buraları başına gütğrdğ...
Ğrəyim qəfil bir yağış istədi, elə bil yerikləyirdim. Elə yağış istəyirdim ki, ğrəyimə yağsın, sonra da lap aftafanın lğləyindən tüksğn, yatdığı yerdə bu Zırramanı sel aparsın, mən də humanistlik və qəhrəmanlıq güstərib onu xilas eləyim, sğrğyə-sğrğyə bir təhər qırağa zıxardım, ona ilk təcili yardım güstərim, hərbi dərsdə necə kezmişdiksə elə, o ayılsın, başının ğstğndə məni gürən kimi desin:
- Sən mənim həyatımı xilas etmisən, mən ümğr boyu sənə borcluyam.
Və qəfil ruhdan dğşğb fikrimdən dündğm:
- Neynirəm onun mənə borclu olmağını, ondan borc qaytaran olar, oğraşın biridi; lap qaytarsa da, nə qaytaracaq ki, uzaq başı yemək yeyəndə mənə deyəcək ki, istəyirsən sən də ye, yaxud da deyəcək ki, istəyirsən gəl sən də yat, vəssalam.
"Onu xilas etmək" fikrindən daşınan kimi darıxdım, nə edəcəyimi bilmədim, başımı qaldırıb bayaq Qaratoyuq uzub yox olan tərəfə güzğmğ zillədim. Elə istəyirdim bayaq yox olan o qara nüqtə mənə tərəf gəlsin, gəldikcə büyğsğn, büyğdğkcə zünğb Qaratoyuq olsun və bayaqkı qaratikan koluna qonub oxusun...
...Nə ğrəyimə yağış yağdı, nə də bu Pəzəvəngi sel apardı...
Yağmasa da qəfildən güy necə guruldadısa elə bil güylərin təkindən nəsə qopub bizə tərəf gəlirdi. O, yerindən dik atılıb əvvəlcə üz-üzğnə dedi:
- Qoymazlar da güzğmğzğn acısını dərək, - sonra da ğzğnğ mənə tərəf zevirdi: - istəyirsən sən get, mən tək yatmaq istəyirəm.
"Yəni bu boyda dərə sənə azlıq eləyir, yatırsan yat da". Bir-iki addım aralandım.
- Sən yatma hələ... - Ona dedim.
- Niyə?
- Güy yenə guruldayacaq.
- Nə bilirsən?
- Gürmğrsən, - başımı qaldırıb güyğ ona güstərdim. O, mən güstərən tərəfə baxdı, ğz-güzğndən zəhər-zəhrimar tükğlğrdğ.
- Sən bilən gec qurtarar? - Başı ilə güyğ güstərdi.
- Nə bilim, beş dəqiqə də zəkə bilər, beş saat da... - Mən də başımla künğlsğz halda güyə işarə elədim, - yəqin tez qurtarar... darıxırsan?
- Yox. Mən darıxmıram ha... yatmaq istəyirəm. Biz tərəflərdə darıxmaq yoxdu, hez kəs darıxmır, darıxmaq axmaq şeydi, bircə dəfə ümrğmdə darıxdım... sonra tez tərgitdim.
- Niyə tərgitdin ki?
- Darıxmaq cana ziyandı.
Qara buludlar başımızın ğstğndə sıralanıb Qaratoyuq gedən səmtə sğrğnğrdğ. Qabaqda gedən qara bulud adama oxşayırdı, adama oxşayırdı deyəndə ki, bu Pəzəvəngə oxşayırdı - elə bil buludları arxasınca aparan bu idi - dartırdı...
- O qabaqda gedən qara buludu gürğrsən? - Qara buludu ona güstərdim.
O, əlini güzğnğn ğstğnə qoyub baxdı və dedi:
- Gürdğm...
- Sənə oxşayır? - Güzğmğ ona zillədim.
O, bir də diqqətlə tamaşa eləyəndən sonra, deyəsən bir az da sevincək dedi:
- Oxşayır, oxşayır... ona bax, elə bil ki, mənəm, - deyən kimi, Pəzəvəngə oxşayan qara bulud dayanan kimi oldu, arxadan gələn buludlara qarışıb onların izində əridi. Hiss elədim ki, bu onu bir az əsəbləşdirdi, - ancaq mənə yaman oxşayırdı, ha...
Mən başımla təsdiqləsəm də, bununla kifayətlənmədim.
- Hə. Oxşayırdı, - dedim.
Bayaqkı gurultu eyni ilə təkrar oldu; elə bil lentə yazıb, təzədən efirə buraxdılar.
- Deyəsən, yağacaq... - Mən dedim.
- Nə bilirsən?
- Yağış iyi gəldi.
İndi də Pəzəvəng "guruldadı", necə gğldğsə cəvziləri qulağının dibindən də kezdi o tərəfə və bu eybəcər güzlərimin ünğndə necə eybəcərləşdisə vahimə məni basdı; güzəl adamın eybəcərləşməsi başa dğşğləndi, ancaq eybəcərin eybəcərləşməsi təsəvvğr olunmaz bir eybəcərlikdir. İki daşın arasında fikirləşdim ki, insan gğləndə sifətində izinin şəklini zəkir...
Pəzəvəng beləcə xeyli guruldadı və üz ilkin eybəcərliyinə qayıdıb başını bulaya-bulaya mənə dedi:
- Sən zox maraqlı adamsan!
- Niyə?
- Əəə, niyə nədi, yağış kabab-zaddı ki, iyi gəlsin... ay sənin... yağış iyi gəlir... - istehza elədi.
Onun bu istehzası məni bir az üzğmdən zıxartdı, azıqdan-azığa ona ilişmək ğzğn dedim:
- Bayaq dedin ki, hinduşkanın oxumağını xoşlayırsan?
- Hə. Demişəm.
- Bayaq dedin ki, süzğndən belə zıxdı, hinduşkanın oxumağını ona gürə xoşlayırsan ki, ətli-canlıdı.
- Hə. Demişəm.
- Sənin dediklərinə inanmaq olar də?
- Ümrğndə yalan danışmamışam, bu, mən bacaran iş deyil, mənimki veyillənməkdi... Yalan işinə ayrıları baxır.
- Deməli, sən ətli-canlı oxuyanları xoşlayırsan?
- Hə...
- Tapdım... tapdım...
- Nəyi?
- Sənin ən zox sevdiyin oxuyanı.
- Kimdi? Tapsan, səni aparacam biz tərəflərə...
- Dur, dur gedək...
- Hara?
- Siz tərəflərə... tapmışam...
- Yox, əvvəlcə de, sonra.
- Lyudmila Zıkina.
O yenə guruldadı, bayaqkı şeylər təzədən təkrar oldu, yalnız bircə şey əlavə elədi - mənə yaxınlaşıb əlləri ilə belimdən yapışdı, kürpə uşaq kimi havaya qaldırıb ğzğmdən üpdğ və atdı yerə.
Mən ayağa durub ğst-başımı zırpandan sonra dedim, üzğ də canımı ağzıma alıb dedim:
O sözümü kəsdi, bir az əvvəlki kimi iki əli ilə ortamdan yapışdı, sifəti bərabərinə qaldırıb üzümdən öpdü, ordan da atdı yerə:
- Sağ ol, - dedi, - atamın da adını salmısan, dalını de.
- Pul ver, deyim.
- Nə?
- Deyirəm pul ver, deyim.
- Bu yiyəsiz dərədə pulu hardan alım, bilirsən xırdam yoxdu...
- Onda demirəm.
- Gəl sənə bir hinduşka qızartması verim, ötür içəri, - o özündən bir az kiçik yol çantasına tərəf baxdı.
- Ancaq pul... mən bir qarın çörəyə işləyən şairlərdən deyiləm.
- Xırdam yoxdu.
- Mən xırda pula işləyən şairlərdən deyiləm.
- Puldan başqa nə deyirsən verim, - Pəzəvəng əl çəkmirdi.
- Dünyanın yaraşığı puldu, yerdə qalan hamısı əl çirkidi.
- Milli pul versəm olar? - Pəzəvəng mənə tərəf gəldi, az qaldım ayağının altında qalım.
- Ancaq Avro... olmasa, dollar da götürərəm.
- Axı, bizim milli pula it dəyib?
Yenə qanımı ağzıma aldım:
- Ay heyvərə, sizin milli pulu xərcləmək üçün gərək siz tərəflərə gedəm, coğrafiyanın sizdən xəbəri yox, xəritədə adınız yox, neynirəm sizin pulu...
Onun üzü dəyişən kimi oldu, hətta, səhv eləmirəmsə, bir az da kövrələn kimi oldu; dəqiqləşdirmək çox çətin idi, dedi:
- Bir hinduşka verim də, noolar.
- Stalin demişkən: mən sözü hinduşkaya dəyişmərəm! - Nə vaxtsa özümə məxsus olmuş fəxrlə, qürurla dedim.
O susdu, deyəsən mənə yol axtarırdı; onun axtardığı yol mənə çox uzaqdan gəlməliydi, o da gələ bilsə, yetə bilsə.
"Doğrudanmı bu Pəzəvəng şeir-sənət vurğunudur?" fikirləşdim və qərarımı da verdim:
- Ola bilməz! "Eybi yox, bu saat öyrənərəm..."
Birdən o, uzun əllərini ölçə-ölçə dedi:
- Ora bax, ora bax...
- Ay Allah, bu yiyəsiz dərədə uşaq hardandı?
O tərəfdə, dağın döşündən bir uşaq bizə tərəf gəlirdi. Mən dəhşətə gəldim; bu dərə ilə ən yaxın yaşayış məskəninin arası əlli-altmış kilometr olardı. "Bu nədi belə?" Gözlərimə inanmadım. Yanımdakı Pəzəvəng yadımdan çıxdı. Mən uşağa tərəf qaçanda o da qayıdıb geriyə qaçırdı. Mən dayanan kimi uşaq dala baxdı, o da dayandı. Əlini yellədib bizə tərəf gəlməyə başladı. Mən məəttəl qalmışdım, bunun nə demək olduğunu anlaya bilmirdim, anlaya bilmədikcə əsəbiləşirdim, əsəbiləşdikcə də - vahimə məni basırdı, xoflanırdım. Pəzəvəngin isə vecinə deyildi, bu da məni lap cindən-dondan çıxarırdı.
Uşaq gəlib bizimlə üzbəüz dayandı, əvvəlcə Pəzəvəngə təpədən-dırnağa nəzər saldı, mənə də elə-belə, ötəri baxıb dedi:
- Bu sənin atandı? - Pəzəvəngi göstərdi.
- Yox, - dedim.
Mən Pəzəvəngin göbəyindən olardım, uşaq da mənim... Bu da mənə qəribə gəlirdi.
Pəzəvəng soruşdu: - Sənin neçə yaşın var?
- Qoy bu soruşsun... - O, məni göstərdi.
Mən dedim:
- Sənin neçə yaşın var?
- Altı, - barmağının altısını mənə göstərdi, dördü isə yumulu qalmışdı.
- Sən buralarda neynirsən? - Pəzəvəng soruşdu.
- Qoy bu soruşsun... - O, məni göstərdi.
Mən dedim:
- Sən buralarda neynirsən?
- Məni azdırıblar ki, bir də olduğum yerə qayıda bilməyim.
- Sən harda olursan? - əlimi onun saçına çəkmək istədim, qoymadı.
- Mən burdan çox uzaqda oluram...
- Əlinlə göstərə bilərsən hansı tərəfdə olursan?
- Göstərərəm... ya orda, ya orda, ya orda, ya da ki, orda... - O, dörd tərəfi göstərdi.
- Səni kim azdırıb? - Pəzəvəng özünü saxlaya bilmədi.
- Qoy bu soruşsun... - O, məni göstərdi.
Mən dedim:
- Səni kim azdırıb?
- Şeytan...
- O şeytanı görsən tanıyarsan?
- Yox...
- Bəs onda nə bilirsən ki, səni şeytan azdırıb?
- Bilirəm...
- Acmısan? - Yenə Pəzəvəng soruşdu.
- Qoy bu soruşsun... - O, məni göstərdi.
Mən dedim:
- Acmısan?
- Yox. Bir az acmışam...
- Nə istəyirsən? - Pəzəvəngin yol çantasına baxdım.
- Sizdə mələk südü var?
- Yox...
- Onda heç olmazsa bir az quş südü verin içim.
İkimiz də quruyub qaldıq, ikimiz də qorxduq; ancaq bir-birimizdən soruşsaydıq, heç birimiz qorxduğumuzu boynumuza almayacaqdıq. Boynumuza almasaydıq da, üz-gözümüzdə aydınca yazılmışdı ki, qorxuruq və bunu oxumağa elə bir dərin savad-filan lazım deyildi.
- Mən sənə tərəf yüyürəndə niyə qayıdıb dala qaçdın?
- Kimsə mənim üstümə gələndə qorxuram... ancaq mən kimin üstünə getsəm qorxmuram... Süd yoxdu?
- Od haqqı, yoxdu.
- Qoy bu cavab versin.
- Yoxdu, - dedim.
- Bəs onda niyə soruşdunuz ki, acsan?
- Elə-belə...
- Heç nəyi elə-belə soruşmayın!
- Oldu... - Elə bil ki, bu uşaq məni sehrləmişdi.
- Başqa nə var yeməyə?
- Hinduşka qızartması. - Pəzəvəng cavab verdi, çünki hinduşka onunkuydu.
- Qoy bu desin.
- Hinduşka qızartması...
- O nədi?
- Hinduşka... böyük quşdu, biz onun başını kəsdik, tükünü yolduq, odda qızardıb bişirdik.
- Hinduşkanın başını sən kəsmisən?
- Yox... O... - Mən Pəzəvəngi keçi qiymətinə satdım.
- Alçaq! - O, Pəzəvəngə dedi.
- Mən alçaq deyiləm, hündürəm, görmürsən alçaq odu, - məni göstərdi, əlini göbəyinin üstünə qoyub uşağa dedi, - görmürsən mənim haramnandı?
- Alçaq! - O yenidən üzünü Pəzəvəngə tutdu, o da, uşaqla söz güləşdirmədi, özü də, deyəsən, qorxusundan.
- Bəs səni niyə azdırdılar?
- Məni əmizdirən mələyin döşünü dişləmişdim, ona görə.
- Qəsdən?
- Yox...
- Çox dişləmişdin?
- Mələyin döşündən ağappaq qan axdı.
- Gərək Mələkdən üzr istəyəydin.
- İmkan vermədi... Dedi ki, südüm sənə haram olsun... sonra da... - Uşaq bayaqdan bəri ilk dəfə başını qaldırıb gözlərimin içinə baxdı, mən gözümü yayındırırdım, əgər bir az da baxsaydı, gözləri ilə məni sorub öz içinə salacaqdı. Onun gözündən ürəyinə gedən balaca cığırı da gördüm; bu cığır Dünyanın bapbalaca, tərtəmiz, göz yaşı kimi dumduru axan arxına da oxşadı.
- İmkan vermədi... Dedi ki, südüm sənə haram olsun... Gecə-gündüz burnumun deşiklərindən süd gəlib tökülür...
Mən yenə əlimi onun saçlarına çəkib mehribanlığımı göstərmək istədim. O, bir addım geri çəkildi, azacıq pərtliyimi biruzə vermədim, soruşdum:
- Bəs, necə oldu ki, mələyin döşünü dişlədin? - düzü indiki halda bu sualdan başqası ağlıma gəlmədi. Bu sualım qətiyyən uşağın ürəyincə olmasa da, dedi:
- İyirmi bir ildir ki, altı yaşım var, mən böyümürəm; deyirlər zaman dayanıb. Doyunca əmdim, yoruldum, ancaq mələyin döşünü buraxmırdım, hərdən bir sortuq alırdım ki, yəni hələ qurtarmamışam. Birdən bədənim gizildəməyə başladı, bu elə xoş bir gizilti idi ki, ömür boyu məndə olmamışdı - bu, mənə ləzzət verirdi. Qəfil mələyin döşü xoşuma gəldi, bir əlimlə o biri döşündən bərk-bərk yapışdım, döşünün giləsini dişlədim... - Başını aşağı saldı, üçümüzün arasında sacayağı bir sükut yerbəyer oldu, mən sükutu qovdum:
- Bəs sonra?
- Sonra mələk necə qışqırdısa, şeytanlar dünyanın hər yerindən tökülüb gəldilər, biz olduğumuz yeri mühasirəyə alıb bir-birini süzəndən sonra pıçhapıç başlandı, sonra isə şeytan xoru... yer üzünü başına götürən uzun-uzadı bir qəhqəhə çəkdilər. Adam bu mənzərədən dəhşətə gəlirdi; yaxşı ki, bu, çox davam eləmədi; yoxsa... Sonra da getdilər, biz mühasirədən çıxdıq.
- Bəs sonra nooldu?
- Sonra özümdən getdim. Ayılanda gördüm ki, o dağın başındayam. Hiss elədim ki, ağzımda nə isə var, mələyin döşünün giləsi ağzımda qalmışdı.
- Bəs sonra?
- Sonra məni necə yuxu tutdusa, neçə gün, neçə həftə yatdığımdan xəbərim olmadı. Yuxuda gördüm ki, bir boz qurd üz-gözümü yalayır. Ayılanda gördüm ki, bu, yuxu deyilmiş, boz qurd dayanmışdı başımın üstündə.
- Bəs qorxmadın?
- Yox.
- Niyə?
- Boz qurd bir addım aralıda durub məhəbbətlə üzümə baxırdı. Gülümsəyirdi.
- Nə bildin ki, məhəbbətlə baxırdı?
- O, adam kimi baxmırdı...
- Həəə... Bəs sonra nooldu?
- Sonra da quyruğunu belinə atıb getdi, bir də onu görmədim.
Yenə üçbucaq sükut aramıza girdi...
Pəzəvəng heykəlləşmişdi, nə dinirdi, nə danışırdı, həm də bu heykəl çox soyuq idi, bu heykəlin yalnız gözləri ilk dəfə gördüyüm kimi bir an belə dayanmadan yerində oynayır, rahatlana bilmirdi. Hətta mən onu da fikirləşdim ki, görəsən, bu Pəzəvəng qaynar və oynayan gözlərini bir nöqtəyə zilləyə bilər, yoxsa yox və qərara gəldim ki, yəqin yox.
Üzümü Pəzəvəngə tutdumsa da, uşaqdan soruşdum:
- Sənin adın nədi?
Uşaq cavab vermədi.
- Sənin adın nədi, niyə dinmirsən?
- Söz soruşanda adamın üzünə baxarlar, - uşaq dedi.
Mən onun gözlərindən qorxurdum, odur ki, üzünə baxıb dedim:
- Sənin adın nədi?
- Adım yoxdu... Olubsa da, yadımdan çıxıb... Bəlkə də itirmişəm.
- Nəyi itirmisən?
- Adımı.
Sözü çevirmədim, ancaq üzümü Pəzəvəngə çevirdim:
- Siz tərəflərdə bu uşağa nə adı qoyardılar?
- Yüz il də belə qalsa, buna ad qoymaq çətindir. Bizdə, sənə demişəm də, adı xasiyyətə görə verirlər... Bunun xasiyyəti isə təzə şeydi, mən heç harda rast gəlməmişəm. Adam bundan qorxur, eee...
Uşaq onun dediklərinə qətiyyən fikir vermədi, elə bil milçək vızıldayırdı, elə bil bu boyda Pəzəvəng burda yox idi; bir az da dərinə getsək, deyəsən Pəzəvəng uşağın xoşuna gəlmirdi. Uşaq dedi:
- Dağın başında boz qurddan qabaq Allahı yuxuda gördüm.
- Allahı? - Mən tələsik bir maraqla onun sözünü kəsdim.
- Allahı... - uşaq yaşından böyük bir təmkinlə dedi.
- Allah necə idi, nəyə oxşayırdı? - bütün sualları mən verirdim, uşaq Pəzəvəngin soruşmaq hüququnu əlindən almışdı.
- Necə deyim sənə... - uşaq gözlərini yumdu, elə bil Allahın surətini xatırlamaq istəyirdi.
- Necə görmüsənsə elə...
Uşaq gözlərini açmadan dedi:
- Allah yuxuya oxşayırdı... yuxuya... - Hələ gözlərini açmamışdı, mən qorxmadan onun yumulu gözlərinə baxırdım, - hə... yuxuya oxşayırdı... Allah dağın başında olanda mənə dedi ki...
- Nə dedi? - O gözüyumulu və qırıq-qırıq danışırdı.
- Allah mənə dedi ki, bəndələr yazdıqları kitablarda, çəkdikləri filmlərdə Dünyanı çoxdan dağıdıblar. Bu ixtiyar isə ancaq məndədi... Qoy onlar mənə Dünyanı necə dağıtmağın yolunu göstərməsinlər... bu, məni qəzəbləndirir, vaxtı gələndə özüm dağıdacam!!! - Uşaq susdu, gözlərini açdı.
- Başqa nə dedi?
Uşaq təzədən gözlərini yumdu, bu, mənə çox qəribə gəldi. O, cavab verdi:
- Bir də mənə dedi ki, adamlar qudurub! - Uşaq asta-asta gözünü açdı və mən tez gözümü ondan çəkdim.
- Sonra nə dedi?
- Lap axırda dedi ki, Adamlar itlərin işinə qarışmasın!.. Mən qudurmağı itlərə vermişəm!..
- Bəs, sonra...
- Sonra da yuxu kimi çəkilib getdi... Mən yuxudan ayılıb oturdum, dizlərimi qucaqlayıb fikrə getdim.
- Nə fikirləşirdin?
- Nəsə çox dərin fikirləşirdim... Ancaq nə fikirləşdiyimi bilmirdim... Heç indi də bilmirəm...
- Səndən bir-iki şey soruşmaq olar? - Ehtiyatla dedim.
- Olar... ancaq çox yoruldum, dincəlim, sonra.
Uşaq aralıdakı mütəkkəyə oxşayan daşı gətirib başının altına qoydu, uzanıb mışıl-mışıl yatdı, nə az, nə çox - düz yeddi gün. Mən də nə az, nə çox, düz yeddi gün onu gözlədim və bu yeddi gün yeddi il kimi çəkdi...
Uşaq yuxudan ayıldı, daşı aparıb yerinə qoydu:
- Bir az yatdım... dincəldim.
Mən belə uşaq görməmişdim; bu uşaq gözümün qabağında olsa da, elə bil yuxu görürdüm. Pəzəvəng o tərəfdə, kalafada özü üçün, deyəsən bir az da bizim üçün xoruldayırdı.
Mən dedim:
- Bəs Allahdan niyə soruşmadın ki, Amerika niyə Yaponiyaya atom bombası atdı? Niyə soruşmadın ki, Amerika Vyetnamdan nə istəyir? Niyə soruşmadın ki, Əfqanıstanda nə iti azıb... İraqı niyə xarabazara çevirdi? - İndi İrak Nuşirəvanla bayquşların meydanına çevrilib... Hə?
- Soruşdum...
- Doğrudan soruşdun? - mən heyrətləndim. - ikimiz də bir adamıq ki... - Elə bil oxşarlığımızdan sevincək oldum, - bəs nə dedi?
- Dedi ki, mən siyasətlə məşğul olmuram...
- Demədin ki, Corc Buş bu dünyaya nə verib ki, ala bilmir?
- Dedim...
- Nə dedi?
- Dedi ki, mən Corc Buşu tanımıram... - Uşaq yumulu gözlərini əllərilə örtüb davam elədi, - dedim Buşu niyə tanımırsan? Dedi çünki, o, məni tanımır, mən ancaq məni tanıyanları tanıyıram...
- Gərək qorxmayaydın, soruşaydın ki, axı Buşu da sən yaratmısan...
- Dedim...
- Bəs nə dedi?
- Dedi ki... dəhşətli söz dedi.
- Nə dedi axı?
Uşaq bayaqdan bəri açmadığı gözlərini təzədən iki əli ilə bərk-bərk örtüb dedi:
- Dedi ki, kainatda bir yalançı Allah peyda olub... Buş kimiləri o yaradır... Dedi ki, Buş geydirmədi... mənim ondan xəbərim yoxdu - onu geydirmə Allah yaradıb.
Uşağın səsi qırıldı, xeyli beləcə dayandıq... o, səsinin qırılan yerini uca-uca tutub düyünləyən kimi dedi:
- Soruşdum ki, o cür geydirmə adamlar Yer Kürəsinə necə gəlib çıxıblar? Dedi ki, o cür adamları kitab kimi çap eləyirlər, atırlar yer üzünə, torpağa dəyən kimi çevrilib olurlar adam... Soruşdum ki, o cür kitabların tirajı böyükdü? Dedi ki, yüz əllidən bir az çoxdu.
- Görəsən, niyə yüz əlli?


- Bilmirəm, - uşaq gözlərini açmışdı.
Mən xeyli fikirləşdim, cavabını dəqiq bilmədiyim sualı uşağa verdim:
- Dünyada neçə dövlət var?
- Bilmirəm, - dedi.
- Hər halda, yüz əllidən çox olar.
- Bilmirəm, - təkrar elədi.
Əlimi dizimə vurdum, dizimdə barmaqlarımın şəklini çəkdim, dizim göynəyə-göynəyə dedim:
- Kaş, qurban olduğum mənim yuxuma girəydi... Ondan o qədər şey soruşardım ki...
- Allah ancaq uşaqların yuxusuna girir, yüz ildə bir dəfə...
- Nə bilirsən?
- Özü dedi...
Fikirləşdim ki, Dünyadakı bütün uşaqlarının yuxusuna girmək üçün Allaha nə qədər vaxt lazımdı; vurdum, çıxdım, üstə gəldim, böldüm-dörd əməliyyat apardım bir rəqəm ala bilmədim. Görünür, dörd əməliyyatın buna gücü çatmırdı, səkkiz əməliyyat isə hələ yox idi, kəşf olunmamışdı.
- Kaş, qurban olduğum mənim yuxuma girəydi...
Uşaq üzümə baxdı.
- Kaş, qurban olduğum mənim yuxuma girəydi...
Uşaq elə bil ki, dediklərimi eşitmədi.
- Kaş, qurban olduğum mənim yuxuma girəydi...
Uşaq gedib mütəkkəyə oxşayan daşın üstündə oturdu, dizlərini qucaqlayıb fikrə getdi. Mən onsuz elə darıxdım ki...
Hava qaralmışdı. Təbiət çəmənliyi min bir çiçəklə elə bəzəmişdi ki, bu bəzəyi bu çəmənliyə min bir gecəyə vurub qurtarmaq olmazdı. Burda çiçəklərin boy-buxunu elə çiçək boy-buxunu idi - ən balacası iynə boyda, ən uzunu isə qələm uzunluqda olardı; bu kövrək "iynələr, qələmlər" Pəzəvəngin kalafadan baş götürüb gələn xorultusundan titrəyirdi.
Kalafada uzanıb yatan Pəzəvəng mənim üçün ölmüşdü, bircə üstünü torpaqlamaq qalırdı. Mən fikrimdə onu basdırdım ki, üçümüz qalaq: təbiət, uşaq, bir də mən...
Uşaq Pəzəvəngi çoxdan unutmuşdu, təbiət isə onu tanımırdı; bircə mən...
- Kaş qurban olduğum mənim yuxuma girəydi... - Ürəyimdə dedim, nə uşaq eşitdi, nə də mən.
Uşaqdan ötrü bərk darıxdım, aramız on-on iki metr olardı, durub onun yanına getmək istədim, ancaq özümə sığışdırmadım: ...qoy o gəlsin mənim yanıma, gör mən ondan nə qədər böyüyəm... Əgər ondan böyüksənsə, bəs niyə Allah sənin yox, onun yuxusuna girir, hə? Bu sualın cavabını tapsaydım heç onun yanına getməzdim, gözləyərdim ki, özü gəlsin...
Ona yaxınlaşıb əlimi çiyninə qoydum, elə diksindi ki... Buna diksinmək demək olmazdı. Uşaq dikələn kimi əlim onun çiynindən düşdü.
Mən dedim:
- Düzünü de, məndən iyrənirsən?
O, təəccübləndi:
- Başa düşmədim, - dedi.
- Deyirəm məndən iyrənirsən?
- İyrənmək nədi?
Mən onu başa düşdüm:
- Bayaq başını sığallamaq istəyəndə niyə qoymadın, indi də...
- Başı sığallamaq nədi?
- İstəyirsən göstərim.
- Göstər...
Mən ona yaxınlaşıb onun başını sığallamaq istəyəndə qoymadı:
- Əlini çək, - dedi, - baş sığallamaq budu?
- Hə...
- Olmaz, - dedi, - adamlar bir-birindən uzaq dayanmalıdı.
Mən qeyri-iradi bir-iki addım arxaya çəkildim və hiss elədim ki, bu, onun xoşuna gəldi.
- Görəsən, - dedim, - dizimi yerə qoyub gecə-gündüz dua eləsəm, yalvarsam, qurban olduğum yuxuma girər?
- Yox, - dedi.
- Niyə?
- Gecdi..
- Vallah, mən də uşaq kimi adamam.
O, etiraz elədi:
- Uşaq kimi olmaq ayrı şeydi, uşaq olmaq ayrı...
- Ümidi itirmirəm, dizimi yerə qoyub gecə-gündüz yalvaracam, bəlkə...
- Yalvar,- soyuq-soyuq dilləndi. Bu soyuqluq məni elə üşütdü ki, yalvarmağa başlamaq üçün aşağısı beş-altı gün keçməli idi.
- Bir az aralı dura bilərsən? - Uşaq məndən soruşdu.
Mən incik-incik bir-iki addım da çəkildim. O, sağ əlini qaldırıb dedi: - Bir az da... bir az da... Bax, indi yaxşıdı, həmişə belə dayan.
- Belə?
- Hə...
- Niyə?
- Sən belə aralanan kimi başımın ağrısı kəsir, yanıma gələndə...
- Oldu, oldu, - dedim, - başa düşdüm, - onun dediyindən çox. onu başa düşdüm ki, bu, çox qəribə uşaqdı.
- Sənin quş tanışın var? - Uşaq ani göyə nəzər salıb soruşdu.
- Var, - dedim.
- Kimdi?
- Qaratoyuq.
- O məni əmizdirər?
- Onun döşü yoxdu axı...
- Var... tay kimi tanıyırsan?
- Bir cüt Qumru var, tanıyıram.
- Məni əmizdirər?
Mən çaşıb qalmışdım. "Bu nə danışır, ay Allah, bu nə deyir belə?" Bayaqdan gözlərinə baxa bilmirdim, indi isə heç o tərəfə baxa bilmirəm.
- İnək-camış südü, qoyun südü, at südü... tapa bilərəm...
Uşaq qəribə hal keçirdi, mən birinci dəfə belə vəziyyətlə üzləşirdim, iki-üç dəfə yerində atılıb düşdü, sağ əli ilə havaya bir yumruq ilişdirdi, üzümə baxmadan dedi:
- Diz çök!
Mən diz çökdüm.
- Əllərini göyə qaldır.
Mən əllərimi göyə qaldırdım.
- İndicə günah elədin.... Allaha yalvar ki, bilmədim, qoy günahından keçsin.
Başladım Allaha yalvarmağa. Neçə müddət beləcə dizüstə, əlləri göydə qaldım; dizlərimin altında quş yuvası boyda bir cüt çala əmələ gəlmişdi.
- İndi qalx!
Qalxan kimi soruşdum:
- Mənim günahım nədi?
- Heyvan südü adam üçündü.
- Sən də adamsan də...
- Mən adam deyiləm.
- Bəs sən kimsən? - Gözlərimi döyə-döyə dedim.
- Mən uşağam...
- Ay sənə qurban olum, sən də böyüyüb adam olazsan də...
- Mən böyüməyəcəm... Sənə demişdim axı, iyirmi bir ildi, cəmisi altı yaşım var, Allaha dua elə, yalvar...
Mən tez dizüstə çöküb əvvəlki vəziyyəti aldım, dərəni əhatə eləyən dağlar hər tərəfdən gözünü mənə zilləmişdi, mən isə gözəgörünməzdən başqa heç nəyi görmürdüm. Bədənim tərdən tumurcuqlamışdı, deyəsən bitmişdim; ağac kimi...
Uşaq əli ilə qalxmaq işarəsi verdi, mən bitdiyim yerdən qalxdım.
- Gedək çiçək yığaq, - dedi.
- Çiçək?
- Hə...
- Çiçəyi neynirsən? - Elə belə, xalaxətrin qalmasın soruşdum.
- Acmışam, - dedi.
Təəccübdən gözlərim böyüyüb Pəzəvəngin gözləri boyda oldu. O da bunu hiss eləyib duyuq düşdü:
- Nooldu sənə?
- Heç...

                           (Ardı gələn sayımızda)