|
Gözlərinin içindəki hiyləni gizlətməyi bacarır, buna görə də ondan heç kim şübhələnmir, üzünə gülə-gülə bağaca qoyduqları, hələ bir, onu özlərinə dost bilir, işlərini əyən bu adama «dərin» təşəkkür edib gedirlər. Onun arıq, sərv kimi tarıya çörək aparan boyuna aşağıdan yuxarı boylanıb canına dua eləyənlər də olurdu, etmədiyi yaxşılığa görə nə qədər belə «sağollar» almışdı, əlini öpmüşdülər, nə qədər qarşısında baş əymişdilər… Boynunu yana əyib fağır görkəm alar, təşəkkürə «Borcumuzdur» deyərdi. Üzünə güldüyü adam bir az aralanan kimi yağlı söyüşləri qarasınca daş kimi atar, haqqında bildiyi ən iyrənc sözləri ətrafdakılara eşitdirməkdən qalmazdı. Bu onun iş metodu idi: üzünə gül, şənqərəsini bəzə. Tanıyanlar ehtiyatlanırdılar, çəkinirdilər ki, gözünə pis dəyib güdaza gedərlər. Biri deyirdi ki, kaftarkısı var, adamları tilsimləyir, o biri deyirdi ki, zəmanə adamıdı, girib-çıxmağı bacarır, kimə timənmək, kimə təpinmək lazım olduğunu yaxşı bilir. Gözəgəlimli adam deyildi, işinə görə baş girləyir, külfətini saxlayırdı. Yorğun baxışları, sakit təbiəti, qız səsi kimi məlahətli danışığı onu tabeçiliyində olanlara sevdirə bilmiş, işgüzar adam təəssüratı yaratmışdı. Ona etibar edənlərdən yaxşı bəhrələnirdi, ustalıqla adamı dolaşdırır, istədiyini əldə edib bağladığı düyünü özü açırdı. Kimsədə şübhə yeri qoymurdu. Yan-yörəsində işləyənlər deyirdilər ki, zalımın adını da bəndə deyil, tarı qoyub. Doğrudan da şahanə addır: Məlik. Orta yüzilliklərdə məliklər yarımmüstəqil hakimiyyətə malik idilər, böyük dövlətlərin yedəyində olsalar da, hökmləri çatan oylaqlarda camaatın başında qoz sındırır, şum vururdular. Bizim Məliyin də buna oxşar bir səlahiyyəti var, bu kiçik dağətəyi rayonda icra başçısının köməkçisi işləyir, bəxtindən köməkçisi olduğu başçılar havalı olur, rahat kresloda gün ərzində bir-iki saat oturmağa hövsələ tapmır, obyektlərə baş çəkmək adıyla aradan çıxırlar, Məliyin əlinə girəvə düşür, başçının adından rayonu əməlli-başlı idarə edir. Məliyin adına layiq soyadı da var, babası Şəkər əməli saleh adammış, nəvəsinin onun şirin-şəkər adına şöhrət gətirəcəyi gün uzaqda deyilmiş, indi rayonda pəpə yeyəndən məmə deyənədək hamı Şəkərli soyadını yaddaşına birdəfəlik yazıb. Məlik Şəkərli rayonda elə əməl sahibi olmayıb ki, onu asanlıqla unutsunlar, o, hamının taleyinə soxulub, evinə dürtülüb, süfrəsinə əl gəzdirib, cibini qurdalayıb. Bunu elə eləyib, kimsənin ruhu inciməyib, əksinə, baş əyə-əyə qulluğunda dayanıblar. Məlik Şəkərlinin qaraçuxası ayaq üstə imiş, işlədiyi 25 ildə bu rayona ağlı başında olan bir başçı göndərilməyib, göndərilənlər ya öz başlarının hayında olublar, ya da tənbəllikdə ad çıxarıblar. Məlik Şəkərli onların ayıblarını ört-basdır etmiş, örtüb basdıra-basdıra 7-8 belə «rəhbəri» yola salmışdı, ancaq öz Məlik adına və Şəkərli soyadına xələl gətirməmiş, yalançı nüfuzunu qoruyub saxlamışdı. İcra başçılarından biri atdım-tutdum adam idi, bir yerdə duruş gətirə bilmirdi, sənəti qəzetçilik idi, ancaq nə qəzetçilikdən, nə də idarəçilikdən xəbəri vardı, onun başçılığı hökumətin pis vaxtına düşdü, İranla sərhəd söküldü, bu tayda mal-qara qalmadı keçirildi o taya, o taydan saqqız, bəkuş, təsbeh, cır-cındır gətirib camaata sırıyırdılar. Məlik Şəkərli həmin maygülünün başçılığından o ki var, faydalandı, aranı qatıb, başçının başını tovladı, özünə Bakıda ev aldı, qohum-əqrəbasını ağ günə çıxardı. Məlik qəzetçi icra başçısının axırına asanlıqla çıxdı, onun yerinə keçmiş icrakomun sədri, qız kimi ətirlənməyi sevən, yeniyetmə vaxtlarından ara vurub faydalanmağı özünə peşə eləmiş tarix müəllimi dişini qıcıtmışdı, o da Məliklə iki ay işlədi, çıxarıb atdılar, amma Məliyə dəymədilər. Tarix müəlliminin yerinə ibtidai sinif müəllimi göndərdilər, cəbhəçiydi, rayonda hay-küy qopartmış cəbhəçilərin əli ətə çatmadı, vəzifə bölgüsündən onlara pay düşmədi, buna görə də şaiyə yaydılar ki, ət iylənib, yəni cəbhəçi icra başçısı kommunistlərə satılıb. Təzə başçı kol-kos dibində gizlənmiş qoca qurdları üzə çıxardı, onların gözünə bir-iki cəbhəçi vurdu, nədi, nədi, deməsinlər haqq-hesab itib, bununla da özünü yuxarılardan sığortaladı. Yenə də Məliyin məlikliyinə dəyən olmadı, kişi anadangəlmə köməkçi doğulubmuş, onunçün kimin icra başçısı olmasının fərqi yoxdu, dünən kommunistlərə aftafa gəzdirirdi, bu gün cəbhəçilərə, sabaha da Allah kərimdi… Uğunub getməlisi isə bu oldu ki, rayona Əlikramın talış respublikasının nümayəndəsi başçılıq edəndə də Məlik köməkçi olaraq qaldı, cəbhəçi icra başçısını gizlicə dal qapıdan yola salıb, lüləsini giriş qapısına söykəmiş tankın üstündə gələnləri çiçək dəstələri ilə qarşıladı, bu yol-yolaq bilməyənlərə yol-yolaq göstərdi, zəng eləyib icra nümayəndələrini topladı, «yeni» icra başçısının təqdimat mərasimi keçirməsinə şərait yaratdı. İki ay sonra bu sərəncamsız icra başçısının kəmərini qurşayıb yola saldı, kabinetin açarlarını təzədən tarix müəlliminin qədəmlərinə atdı, düz on il rayonu tarix müəlliminin adından idarə elədi. Tarix müəllimi yerli adamdı, hamıyla ünsiyyət saxlayır, ancaq şikayətləri qəsdən yarıtmırdı ki, adamlar icra hakimiyyətindən əllərini üzsünlər. Məlik onun bürokratik idarə üsulunu xoşlayırdı, belə yaxşıdı, deyirdi, adamlar gəlib-getməkdən bezir, nıxtları vurulur, daha gəlmirlər, nə sənin başını ağrıdırlar, nə də sən baş ağrıdırsan. Tarix müəllimindən öyrənməli çox şey vardı, üzünə güldüklərinin ipini çəkmək də onun xasiyyətiydi. Müəllim rayonda olmayanda onun ağ Nivasında Məlik gəzərdi, özünü müəllim kimi dartıb oturar, stəkan-nəlbəki çayxanasının yanından Məşədi Məhəmməd bağınadək bir neçə dövrə vurandan sonra maşını icra hakimiyyətinə sürdürər, keçib başçının kreslosunda oturardı, televizoru açıb kresloda yırğalana-yırğalana son xəbərləri dinlərdi. Arabir dəstəyi qaldırıb kimlərəsə zəng edib başçının adından tapşırıqlar verərdi. On illik kef sürətlə gəlib keçdi. Son bir neçə ildə rayona göndərilən başçılar Məliyin ürəyindən olmasa da, Məlik onların ürəyinə yatırdı. Onun bir göz qırpımında rayonun möhür gəzdirənlərini bir yerə yığması başçıların xoşuna gəlirdi. Rayona göndərilən bütün başçılarda bir ziyalı görkəmi, ziyalı davranışı vardı. Axırıncı icra başçısını isə, elə bil, cəngəllikdən tutub gətirmişdilər, nə mədəniyyəti, nə ağıllı-başlı görkəmi, nə də insan kimi danışığı vardı, bazarda böyümüş adamdı, yazı-pozuynan arası yoxdu, latın əlifbasını heç cür öyrənə bilmirdi; atası ilə birlikdə rayondan Bakıya noxud daşıyıb satan bu alverçinin ayağı daşa dəymiş, daşın altından küp çıxmışdı- imkanlı bir tacirin şirkətinə soxulub özünü tutmuşdu, himayədarı da hökumətdə möhkəm mövqeyi olan bir tacir idi. Məlik əvvəl başçıdan çəkinirdi, qorxurdu ki, öz şirkətinin işçilərindən ipləmənin birini köməkçi gətirib, onun təlağını verər, ancaq belə olmadı, tacir başçı idarəetməni bilmədiyi üçün Məliyə möhtac idi. İcra hakimiyyətinin yazılmış qanunları ilə yanaşı, yazılmamış qanunları da var, yazılmış qanunları öyrənmək asandır, yazılmamış qanunları bilmədən başçı işləmək çətindir. Hər tində başçıyla dil tapan Məlik Şəkərli nahaq yerə baş ağartmamışdı, tacirin boş damarını tutub qılığına girdi, dişinə vurub lax olduğunu gördü, yerini bərkitdi, az keçmədi ki, icra hakimiyyətində nüfuzlu şəxsə çevrildi, başçını ovsununa salıb öz istədiyi kimi durğuzub-otuzdurdu, şəxsi düşmənlərini ona hökumətin düşmənləri kimi tanıtdı, aşnalarını canıyanan, dövlətsevər kimi qələmə verdi. Rayon yenə Məliyin məlikliyinə çevrildi, hər şeyin altı alt, üstü üst qaldı, yəni altdakılar üstdəkilərə həsrətlə boylana-boylana yaşadılar, üsdəkilər isə şah divanı qurdular. Tacir başçının başı rayonda öz biznesini qurmağa qarışdı, Məlik siçovul kimi kisə dibi deşməyində oldu, yavaş-yavaş topdağıtmaz əmlaka yiyələndi, əndazəni aşdı. Get-gedə sözünün qabağına söz qoyan olmur, prokuror, polis rəisi onun qabağında ştık-noj kimi dayanırdı, kimi asdırmaq lazımdı asdırır, kimi basdırmaq lazımdı basdırırdı. Məliyin atının şahə qalxdığı vaxtda Doktor Məzlumun quzusu ölmüşdü, əslində Məzlumun quzusu-zadı yoxdu, ölən onun ruhuydu, adına cəbhəçi damğası vurub hər şeydən məhrum eləmişdilər, bir qalmışdı həkim diplomunu əlindən almaq… Doktor Məzlum da az aşın duzu deyildi, yuxarılara şikayət məktubunu necə yazmağı öyrədirdi, Məlik demişkən, demaqoqluq kursu açmışdı, yuxarılar onun ərizələrini icra hakimiyyətinə göndərir, icra hakimiyyətində Məlik bu ərizələri dəstələyib oxumaq üçün tualetə gedir, qayıdanda mürdarlayıb oradakı zibil yeşiyinə atırdı, başçının kabinetinə qalxanda mizin üstündə Məzlumun acı bağırsaq kimi uzun-uzadı cümlələrlə yazılmış yeni məktublarını görüb qəzəblənirdi. Yuxarıda sanki tutuquşu oturmuşdu, Məzlumun məktubunu alan kimi üzərinə əzbərlədiyi bir cümləni muncuq kimi düzürdü: «Tədbir görülmək üçün rayon icra hakimiyyətinə göndərilir». Məzlumun məktubunu yuxarılarda heç kim oxumurdu, bu şərəfli vəzifəni rayonun başçısına həvalə edirdilər. Rayonda isə bütün kağız-kuğuz əməliyyatı Məliyin əlinin altından keçirdi. Məliyin əlinin altındakı sənədin göyərməsi üçün onun olmayan bığının altından keçmək lazımdı. Məzlum Məliyin bığına da, saqqalına da tüpürmüşdü, gedib bu tüpürcəyi yalamaq istəmirdi. Qərəz, Məzlumun məktub əhvalatı uzun bir hekayənin mövzusudur. Əvvəl ondan başlamaq lazımdır ki, Məzlum yuxarılardan nə istəyir və niyə cavabı məlum olan məktubları yazmağından qalmır?! Məzlumu tanıyanlar ona «cəbhəçi» deyirdilər. Məzlum isə özünü hərəkatçı sayırdı. Bu sözləri qarışdıranlara səbrlə izah edirdi ki, hərəkatçılıq 90-cı illərdə qaldı, cəbhə isə partiyadır, atam balası, mən bu partiyada yoxam… Amma kimsə Doktor Məzlumun dinlə təriqəti ayıran bu izahına əhəmiyyət vermir, yenə onu cəbhəçi çağırırdılar. - Meydanda yaxanı yırtan sən deyildin?- Son anda Məzlumu guya fakt qarşısında qoyan həmsöhbəti qalibiyyət təntənəsi ilə soruşur, ətrafdakılara da nümayişkaranə bir göz basırdı. Hər nə idisə, Məzlumun qara günləri də elə bu meydandan başlamışdı, tutub damladılar, buraxılandan sonra isə dinc qoymadılar. Dəfənbədəfən polisə, prokurorluğa çağırıb profilaktik tədbir adıyla, hədə-qorxu gəldilər, o ki, var təpindilər. Ağlamalı günlər seçkiqabağı başlayırdı, seçki günü səsverməyə getməsə də, müxalifəti dəstəkləməsi haqqında icra hakimiyyətinə «təkzibedilməz» faktlar daxil olurdu. Məzlum and-aman edirdi ki, vallah-billah, evdən çölə çıxmamışam, deyirdilər ki, evində gizli fəaliyyət göstərmisən. Yazıq kişidən qondarma bir düşmən obrazı yaratmışdılar, rayonda hansı qarışıq hadisə olurdusa, bir ucunu gətirib Məzlumun ayağına bağlayır, çağırıb sorğu-sual eləyir, qorxuzur, gözümçıxdıya salırdılar. Məzlum bu izləmələrdən, nahaq qınamalardan bezmişdi, onsuz da şikayətinə baxmırdılar, adını qara siyahıya salmışdılar, bəlkə də haqqında anket-filan tərtib edib, hüquqi terminlə desək, «dosye» açmışdılar. Bütün bu işlərdə Məlik Şəkərlinin xidmətləri danılmazdı, o kişinin bir prinsipi vardı: Əyilən düzəlməz! Şüuru «korlanmış» adamın islahı mümkün deyil, necə deyərlər, qozbeli qəbir düzəldər. Doktor Məzlum isə bunun əksini düşünürdü, yəni təmiz adam olduğu üçün onu ləkələməyə, gözdən salmağa çalışırlar. Məzlumu ləkələyənlər onun təmizliyindən qorxurlar. Məzlumun əyalət axtarışına baş qoşan yox idi, Məliyin iftirası isə ayaq tutur, hətta yeriyirdi. Məzlumu da yandıran bu idi. Alverçi rayona icra başçısı göndəriləndən bir neçə həftə sonra Məzlumu polisə çağırdılar, getmək istəmədi, sahə müvəkkili başının üstünü kəsdirib and-aman elədi ki, qorxulu bir şey yoxdu, söhbət eləyib buraxacaqlar. Məzlum əlacsız qalıb paltarını dəyişdi, necə deyərlər, olan-qalan bəyliyinə doldu, nimdaş qalstukunu taxıb islahatdan düşmüş köhnə tuflilərini geydi, evdən çıxanda hər ehtimala qarşı arvadını çağırıb xəbərdarlıq etdi ki, gəlib-eləməsə, özünü çaşdırmasın, bu gün-sabah aylığı verəcəklər, gedib baş həkimdən onun maaşını götürər ki, çətinliyi olmasın. Hərəkat vaxtı da onu elə-belə, səssiz-səmirsiz aparmışdılar, dalıyca gələn olmamışdı, tərs kimi pulu da cibində getmişdi, alıb seyfə qoymuşdular,sənədlərini-filanını öz cib dəsmalına büküb akt tərtib eləmişdilər. Məzlum həbsdən çıxanda sənədləriylə bir yerdə pulunu da qaytardılar, evdə isə arvadı olmazın çətinliyini çəkmiş, qənd-çay üçün qonşulara möhtac olmuşdu. Məzlum indi bu səhvi təkrarlamaq istəmirdi, hər şeyi yerbəyer tapşırandan sonra dedi ki, işi çətinliyə düşsə yazıçı Məmmədoğluna zəng elətdirib, vəziyyəti ona danışarsan, başqa heç kimə heç nəyə görə ağız açmazsan. Məmmədoğlu hərəkat vaxtı rayona tez-tez gələrdi, mitinqlərdə çıxış eləyib gedərdi. Məzlum yazıçı ilə o zaman tanış olmuşdu, dostları naxələf çıxanda, Məmmədoğlundan etibar görmüş, ona ürək qızdırmışdı. Məzlum sahə müvəkkilinin jiqulisinə oturanda arvadının gözləri yaşla doldu, dilucu, xətrinə dəyməsin deyə pıçıltıyla dedi: «Sənə dedim axı, qurtar bu yazmağı…» Sonra qulplucanı götürüb suyla doldurdu, istədi jiqulinin dalıyca atsın, əl saxladı, fikirləşdi ki, görəsən, polisə gedənin dalıyca su atırlar, yoxsa yox?! Əlindəki qulpluca əyildi, su ayağını islatdı, arvadı Məzlumun gözlərinin içinə baxa-baxa qaldı, ona elə gəldi ki, jiquli uzaqlaşdıqca Məzlumun gözləri böyüyür.
Polis rəisi Doktoru xeyli gözlətdi, kimlərsə rəisin yanına girib-çıxır, kağız aparıb-kağız gətirirdilər. Rəisin köməkçisi içəri məlumat verdi ki, bəs Doktor Məzlumu gətiriblər, rəis prokuroru çağırmağı tapşırdı, köməkçi prokurora zəng çalıb, «Doktoru gətiriblər» dedi. Xeyli sükutdan sonra arıq vücudlu, qartal baxışlı, ikilik taxta kimi qamətini şax tutub yeriyən prokuror gəlib çıxdı, sonra iki mülki geyimdə olan silahlı adam gəlib gözləmə otağında Məzlumun sağında və solunda oturdular. Məzlum ayağa durub sahə müvəkkilinə «Sənə sözüm var» deyib gözləmə otağından çıxmaq istədi, köməkçi onu saxladı: - Bayıra çıxmaq olmaz, indi sizi qəbul edəcəklər, sözünüzü burada deyin. Məzlum, sahə müvəkkilini küncə çəkib dedi: - Səndən bir xahişim var, əgər məni tutacaqlarsa, kişi kimi tutsunlar, cibimə şey atmasınlar. Mən həkiməm, nə siqaret çəkirəm, nə içki içirəm… Bu şeylər mənə yamaq olacaq… Sahə müvəkkili onu sakitləşdirdi: - Narahat olma, o şeylər səninçün deyil, belə hala imkan vermərəm, səni gətirdiyim kimi aparıb arvadına təhvil verəcəyəm. Məzlum eşitdiklərinə inanmaq istəmirdi, onun aləmində polis işçilərinin çoxu təmiz adam deyil, əllərindən ən murdar iş gəlir. Ehtiyatlanırdı ki, mülki geyimli polislər onun cibinə qaradan-filandan atıb şərlərlər. - Bax, sözümü dedim ha, hər şeyi kişi kimi eləyin, söhbəti də, həbsi də… Sahə müvəkkili Məzlumu anlayırdı, ancaq onu inandıra bilmirdi ki, adamı belə həbs eləmirlər, bu siyasi profilaktikadı… Köməkçi çağırış siqnalı ilə içəri girib-çıxandan sonra dedi: - Keçin, Doktor. Məzlumun çiynindən dağ götürüldü, demə rəislə prokuror onu tək qəbul edəcəkmişlər, bu iki mülki geyimli pəzəvəng hələ nəyisə gözləyirdi. Məzlum gözucu sahə müvəkkilinə baxdı, sahə müvəkkili razılıqla gözlərini yumub-açdı, yəni görürsən, mən deyən kimidi, narahat olmağa dəyməz. Polis rəisi nə qədər sərt adam olsa da, Məzlumla söhbətdən sonra yumşalır, «Özünü qoru» tövsiyəsini verirdi. Məzlum öz nitqinin gücünə inanırdı, nahaq yerə iki institut qurtarmamışdı ki… Onun öz taleyinə oxşar bir məsəli vardı, yeri düşəndə danışardı. Bir adamı haqsız həbs edirlər, arvadı-uşağı ağlaşır. Adam onu tutub aparanlardan soruşur ki, məni kim dindirəcək, deyirlər, şah. Onda adam arvad-uşağına toxtaqlıq verir ki, darıxmayın, çətini dilim şahın dilinə dəyincədi. Doğrudan da şah günahsız adamı dinləyəndən sonra dediklərinə inanıb onu buraxır. Polis rəisi uzaqdan başladı, fikrini yarmaladı, yoğurdu, Məzlumu eydirdiyinə əmin olandan sonra açdı sandığı, tökdü pambığı: - Doktor, sən savadlı adamsan, maşallah, yerin altını da, üstünü də bilirsən. Zəmanədən də az-çox başın çıxır, niyə bu dünyanın nəbzini tutmursan? Məzlum qamətini düzəltdi, rəisin doqquz qatlı sualına doqquz qatlı cavab verdi, buna cavab da demək olmazdı, ancaq deyilən söz rəisin istədiyi, Məzlumun deyə biləcəyi şəkildə idi: - Demək istəyirsən ki, sən dünyanın nəbzini tutmusan?! Rəis mücərrədçilikdən endi: - Deyirəm, başını sal aşağı, camaat necə dolanır, sən də elə et, nə düşmüsən kağız-kuğuzun üstünə, həkim olanda nə olar, bir işin qulpundan yapış, mağazadan-çayxanadan bir şey aç, dolan özüyçün, əl-ayağına dolaşan olsa, özüm sinəmi qabağa verib səni qoruyaram… Rəis danışdıqca Məzlumun əti tökülürdü, ürəyindən keçirdi ki, hələ gör, bu böyüklükdə rayonu kimlərə tapşırıblar, hansını dindirirsən, alverdən, alıb-satmaqdan danışır, nə ziyalılıq qalıb, nə də ziyalıya hörmət. Rəis danışdıqca Məzlum yerində qurcalanır, səbrini basmağa, hirsini boğmağa çalışırdı. Rəisin söhbətin ucun tutub ucuzluğa getməsi xoşuna gəlmirdi, belə gic-gic təkliflər eşitməsin deyə onun sözünü kəsməli oldu: - Rəis, mən həkiməm, alverçi deyiləm, əgər alverçilik iddiasına düşsəm, sənin oğlunun-qızının sağlamlığı keşiyində kim dayanar? Heç bunu fikirləşmisən? Həkimə də çayçılıq təklif edərlər? Deyirsiniz, mən gedim bəkuş satım, iştahı iy verənlərin qabağında mizin üstünü silim? Bunu üçüncü sinif səviyyəsində savadı olanlar da edə bilər, axı, mən zəhmət çəkib iki institut bitirmişəm, elmi məqalələrim çap olunub… Bütün bunlar onunçünmüş ki, axırda gəlib çayçılıqla çörək qazanım? Yox, rəis, bu, çıxış yolu deyil, səhiyyənin şöhrətini qaytarmaq lazımdır. Rəis söz altında qalmaq istəmədi: - Rəhmətliyin oğlu, sovet hökumətini üzvü olduğun Cəbhə yıxdı da… Sən deyən xətir-hörmət yıxdığın quruluşda qaldı, onu bəyənmədin, indi buyur, pulun at oynatdığı cəmiyyətdə əxlaqdan, mənəviyyatdan danış! Elə bilirsən mənim ürəyim ağrımır? Özümə gün ağlamışam, övladlarımçün narahatam. Mən neyləyə bilərəm, seldi gəlir, məni də, səni də aparır, çalışaq, boğulmayaq… Mənə nə, sən qənd-çay pulu tapa bilmirsən!... Guya mən quru maaşa baxsam, günə çıxaram?! Yaxşı, mən deyənləri qoyaq bir qırağa, ağlına nə gəlir, istə, mən də əlimdən gələni edim. Hə, de… Bayaqdan Məzlumun hərəkətlərini izləyən prokuror söhbətə qarışdı, onun rəislə növbəti dəfə söz güləşdirməsinin qarşısını aldı: - Doktor, sənin o xəstəxananda layiqli həkim yoxdur. Hərə bir işin qulpundan yapışıb, biri mal-qara saxlayır, biri yer icarələyib, biri ət kəsib satır, biri qoyun alveri edir, hələ üstəlik sələmə pul verənlər, xaltura eləyənlər də var. Sənin müqəddəs səhiyyə ocağın budur! Bəlkə dediklərim yalandı? Bir sən şəbbüdün eləmisən? Biz də sənin halına yanırıq. Deyirik ki, başına çarə qıl, özünü yandırıb külə çevirməklə bir şey qazanmayacaqsan. Məzlum prokurorun ittihamlarını qəbul etmək istəmirdi, ancaq söhbətin tündləşməsinə də yol vermək olmazdı. Bir az yumşaq danışdı, ancaq mövqeyindən dönmədi: - Mən də elə bunları yazmışam, Doktor Ağanəzər baş həkim olandan sonra mərkəzi xəstəxana dağılıb gedir, laboratoriyanı boşaldıb mağaza açıb, xəstəxananın həyətində şadlıq sarayı tikir… Mən də deyirəm ki, səhiyyənin imkanları özünə qaytarılsın. Ağanəzər 35 ildir ki, baş həkim işləyir, gözləri görmür, ayaqları tutulub, əvəzinə oğlu gəlib xəstəxanada atamanlıq edir, kompüter otağını videoklub eləyib, gecələr işlədir. Bu qədər cinayətə göz yumursunuz, mənə də çıxış yolu kimi çayxana açmağı təklif edirsiniz! Bəs canını götürüb xəstəxanaya əlac dalınca gələn, yeganə ümidi ağ xalatlı həkimlər olan yüzlərlə xəstə neyləsin? Allah eləməsin, bəlkə elə günlərin bir günü özünüz dağılmasına göz yumduğunuz xəstəxanaya möhtac oldunuz, bu vəziyyətdə xilasınız mümkündür?... Rəis mizin üstündəki gerbli-möhürlü vərəqi yuxarı qaldırıb dedi: - Doktor, burada başqa şeylər yazılıb, icra başçısının təqdimatıdır, şəxsən Məlik Şəkərli özü gətirib. Tanıyırsan da Məlik Şəkərlini? Bax, onda sənin kor hesab elədiyin baş həkimin öz əliylə yazdığı akt var, torbanı elə tikib, fələk də gəlsə, sökə bilməz. Şərəfini qoruduğun həkim yoldaşların öz mübarək qolları ilə təsdiq edirlər ki, Doktor Məzlum müstəqil dövlətçiliyimiz üçün təhlükədir, xəstəxanada müxalif təbliğat aparır, həkimlərdə müstəqilliyimizin əbədiliyinə şübhə oyadır və sair və ilaxır. Necədi, şərəfli doktor? Başçı təqdimatında sənin təcili həbs olunmağını istəyir. Gör necə adamsan, rayona təzə gəlmiş başçı da qara siyahısının başına sənin adını yazıb. İndi mən nə eləyim, Hippokrat andı içmiş xalq həkimini həbs edim? Tutmağa nə var, qandalı qollarına salıb KPZ-yə atacağam. Amma mən bilirəm, sən tutulmalı adam deyilsən, tutulmalı adamlar səni tutdurmaq istəyənlərdir. Vərəvurd eləyirəm, görürəm, yox, sənə xilas yolu yoxdur. Doktor Məzlum rəisi dinlədikcə uçunur, həyəcandan boğazı quruyurdu. Ancaq nəsə demək lazım idi, özünə haqq qazandırmaq, böhtançılara tutarlı cavab vermək asan deyildi: - Rəis, mən bütün böhtanları qəbul edirəm, lap üstümdən qara da çıxara bilərsən, ancaq qəti inkar edirəm: Mən müstəqil dövlətimizə təhlükə deyiləm. Bu dövləti qurmaq üçün həbsdə yatmışam, mən üçrəngli bayrağı ürəyimin başında gəzdirəndə indi onun kölgəsində rüşvət yığanlar haradaydılar? Bax, elə o aktı yazdıran Doktor Ağanəzər xəstəxananın üstünə qaldırdığım bayrağı qoparıb şırğaladı, yerə atıb tapdadı… Ağanəzər kommunist biletini indi də saxlayır ki, sovet hökuməti qayıdıb-eləsə karına gəlsin. Bu gün məni ittiham edənlər doxsanın yanvarında Moskvaya teleqram vurub dinc əhalinin üstünə qoşun çəkməyi xahiş edirdilər. İndi noldu, onlar müstəqilliksevər, mənsə xalq düşməni çıxdım?... Rəis, Doktor Məzlumun ürəyini boşaldıb qurtarmasını gözlədi, elə ki, sakitlik çökdü və Məzlum sualına cavab almaq üçün gözünü rəisin üzünə dikdi, cavab vermək əvəzinə ayağa duran rəis arxa divarda başının üstündən asdığı iri rəngli portireti sığalladı, cib yaylığını çıxarıb portiretin üzündəki tozu sildi. Portret yağlı boy ilə işlənmişdi, çala-çuxurlarındakı kir getmədi. Rəis portretin yanında fəxri qaraulda dayanmış əsgər kimi başını dik tutub Məzlumun intizarına son qoydu: - Doktor, mən səni həbs elətdirib özümü günaha batıra bilmərəm, ancaq rayonda polis idarəsindən də başqa tutucu orqan var, onun kəsdiyi başa sorğu yoxdu, özünü qoru, arvad-uşağına yazığın gəlsin, yox yerdən gedib dörd divar arasında canını çürütmə, gözü əlində olanlara insaf elə, onların günahı nədir ki, sən dinc oturmursan?! Qəbuluma gələndə qapının ağzındakı pəzəvəngləri gördün də, onlar polisdilər, ona görə çağırıblar ki, səni polisə müqavimət maddəsi ilə həbs etmək üçün protokola qol çəksinlər. Sənin hərəkat dediyin başıpozuqluq gözlərimin qabağında baş verib, irad elədiyin nitqləri də xatırlayıram, ay nə bilim, suverenlik belə gəldi, milli istiqlal elə getdi, daha nə bilim, hökumət bunu bacarmır, onu eləmir… Çox yuxarıdan danışırdın, guya sovet hökumətini sən yıxırsan, daha düşünmürdün ki, balam, türkmən, özbək, qazax heç inqilab eləmədi, bəs onlar niyə müstəqil oldular? Sənə dəyən zərbə heç onlara dəymədi axı?! Qurduğun müstəqil dövlətin aqibətini gördüm, bir-birinizi yeyirdiniz, Qarabağdakı uğursuzluqlar da sizin boynunuzda qaldı. Hesabnan, sənin danışmağa dilin olmamalıdı, qaşıyıb, qaşıyıb qan çıxarırsan, qələm təkcə səndə deyil… Qaradinməzliyi ilə seçilən prokuror, Məzlumun qazlı su butulkası kimi fısıldadığını görüb rəisə havadarlıq elədi, Məzlumun danışıb vəziyyəti tündləşdirməsinin qarşısını aldı: - Sənin at oynatdığın günlər keçdi, ay Doktor, indi camaat dinc yaşamaq istəyir, hərə öz başının hayındadı, bir tikə çörəkçün çöllərə düşüblər, iş yox, güc yox, daha alver də qazanc gətirmir, özünü tutan tutub, bazarda sənə-mənə yer yoxdu. Bizim istədiyimiz sənin başının salamat qalmasıdır. Ancaq belə getsə, öz başını yeyəcəksən, dilinə həs demirsən. Rəhmətliyin oğlu, naxır yeri itib, sən tırıxlı dana gəzirsən… Məzlum axır ki, «bişirdiyini» ağzından çıxarmağa fürsət tapdı, prokurorun sözünə ara verib gülümsəyə-gülümsəyə rəisin üzünə baxması Məzlumun boğazına tıxanmış sözləri deməyə cəsarətləndirdi: - Hər şey siz düşündüyünüz kimi deyil, zülmə dözən zülm edənə şərikdir, Allah yanında zülmkarla mütinin günahı bərabərdir. Haqsızlığa etiraz etmək mənim vətəndaşlıq borcumdur, əgər mənim kimi adamlar susdurulsalar, ölkəni bazara çevirənlər hər şeyi talayıb satarlar. Haqsızlıq etməyin, halal zəhmətiylə dolanan adamı rüşvətxorun təkidiylə tutmazlar. Siz sağlamlığınızı bizə etibar edirsiniz, biz də sizdən hüquqlarımızı qorumağı istəyirik, başqa heç nə… Bu gün mənim kəmərimi qurşayanlara kömək etsəniz, sabah onlar sizin övladlarınızın başında qoz sındıracaqlar. Rəis portretin yanından keçib mizin siyirtməsini çəkdi, ordan götürdüyü qovluğu açıb içərisindəki vərəqləri eşələdi, prokurorun da, Məzlumun da onun əlinin altındakı qovluğa diqqətlə baxdıqlarını görüb dedi: - Danış, danış, Doktor, sonra fürsətin olmayacaq. Məzlum nitqinin rəisdə xoşagəlməz ovqat yaratdığını görüb susdu, rəisin təkidindəki aşkar kinayə onu düşünməyə vadar etdi, düşündükcə həyəcanı artdı. - Niyə dinmirsən, Doktor? Səndən bir söz soruşum: Deyirlər, Koroğlu döyüşdən qabaq saz çalıb oxuyurmuş, bu, belədi, yoxsa belə deyil? Məzlum çəkinə-çəkinə dedi: - Dastanda belə yerlər var… Rəis qovluğun içərisindən kompüterdə səliqə ilə yazılmış üç varaq çıxarıb mizin üstünə atdı, Məzlumdan istədiyi cavabı aldığına görə sevinə-sevinə soruşdu: - Bəs Koroğlu sazın düşmənə təsir etmədiyini görəndə nə edirdi? - Misri qılınca əl atırdı- deyə prokuror söhbətə qarışdı. Rəis döyüşdən qalib çıxmış pəhləvan kimi qəddini düzəltdi: - Səninki qılınclar oynayanda araya girib saz çalmağa bənzəyir. Məzlum bugünkü taleyinin nəyi necə deyəcəyindən asılı olduğunu anlayırdı, rəisin mərhəmətinin tükənəcəyindən ehtiyatlanırdı, buna görə də burov-burov deməkdən çəkinirdi. Rəis mizin üstünə atdığı varaqlardan birini götürüb oxudu: - Qorxmaz Məzlum oğlu, Texniki Universiteti bitirib, əsgərliyi Naxçıvanda çəkib, avtomobil təmiri şirkətində işləyir. Yasamalda bazarın arxasında kirayədə yaşayır. Sonra rəis ikinci varağı qaldırıb oxudu: - Dönməz Məzlum oğlu, şərqşünaslığı bitirib, tərcüməçi işləyir, Yasamalda qardaşının yanında kirayədə qalır. Üçüncü varağın məzmunu artıq Məzluma bəlliydi, bu varaqda onun kiçik oğlu Qayıtmazın oxuduğu institutun adı yazılmışdı, hələ üçüncü kursda oxuyan Qayıtmaz ara-sıra şeirlərini mətbuatda çap etdirir, ata-anasını kiçik uğurları ilə sevindirirdi. Rəis varaqları dəstələyib qovluğa qoydu, Məzlum boylanıb baxanda qovluğun üstündə uşaqlarının mobil telefon nömrələrinin yazıldığını gördü. Uşaqlarının bu işə qatılmasını istəməyən Məzlumun qanı qaraldı, arvadının hər mübahisədən sonra «Uşaqların başını yeyəcəksən!» xəbərdarlığı yadına düşdü, canından gizilti keçdi. Rəisin amiranə səsi onu fikirlərinin əsiri olmaqdan qurtardı: - Neçə yaşın var, Doktor? Məzlumun sidqi sıyrıldığından rəisə cavab vermək istəmədi, ancaq nə isə demək vacib idi, buna görə də kinayə ilə dilləndi: - Görürəm, şəxsi həyatımı siz məndən gözəl bilirsiniz, maşallah, yaxşı işləyirsiniz… «İşləyirsiniz» ifadəsi Məzlumun dilində çoxmənalı söz şəklində səsləndi. Rəis söz altda qalmadı: - Təkcə biz işləmirik, sənin güvəndiyin, hüququnu qoruduğun həkim kollektivi də əməyini yaxşı «qiymətləndirib», zəhmət çəkib kompüterdə yazdırıblar, qovluq alıblar, görürsən, onlar sənin uşaqların üçün səndən çox narahatdılar. Allah eləməmiş, sabah avtomobil təmir eləyən oğlun maşının altına girəndə danqırat qaçsa, bu ancaq ehtiyatsızlıqdan başqa bir şey olmayacaq. Prokuror da yerində dinc oturmadı, çoxbilmişliyini nümayiş etdirdi: - Ya da polis şərqşünas oğlun Dönməzi İran casusu kimi damlayıb, cibindən də iranlıların verdiyi 5 qram marixuana çıxardanda bizim heç nəyə gücümüz çatmayacaq. Rəis sözü prokurorun ağzından aldı: - Yeri gəlmişkən, tələbə oğlun var ha, Qayıtmazdı, nədi, müxalif partiyaların icazəsiz mitinqlərinə gedir, müxalifətdən olan deputatların vəkilliyi iddiasına düşüb. Bilməmiş olmazsan, ötən il üç belə tələbəni institutdan qovublar… Prokuror əlavə etdi: - Yaşını, bilirsən, niyə soruşuruq? Rəis demək istəyir ki, sən yaşda adamlar bundan sorakı ömürlərini uşaqlarının xoşbəxtliyinə sərf edirlər, amma sənin əməllərin bunu demir, özün cəhənnəmə, uşaqlarını uçuruma aparırsan… Məzlum təpimiş dodaqlarını diliylə isladıb udquna-udquna dedi: - Deyəsən, Ağanəzər mənim təsəvvür etdiyimdən də kəmfürsətdir. Mən dedim, bəlkə onun əl-ayağını ipə-uluğa yığaram, demə, o məni noxtalayıb-çullayıbmış, bir qalıb minməyi… Rəisə elə gəldi ki, Məzlum peşmançılıq hissi keçirir, daha da məzlumlaşıb, fağırlaşıb, göstərdiyi psixi təsirin nəticəsinə əminliklə dedi: - Bəs sən nə güman eləmişdin? Ağanəzərə hörmətin hardan gəldiyini bilmirsən? Gör, onun qudası Qəfilağa harda işləyir! Aç da gözünü, ay həkimlərin məzlumu!... Prokuror bayaqdan qabağında səliqəyə saldığı, yəni qovluğa tikilmək üçün qırağını qatladığı varağı Məzluma tərəf itələyib üstünə qələm qoydu: - İki çıxış yolun var, birincisi odur ki, şikayət məktublarından xəbərin yoxdur, onlar anonimdir; ikincisi odur ki, hirsli olmusan, səhv etmisən… Məzlum qabağından yeyən deyildi, uşaqlarının başına gətiriləcək oyunları da yadından çıxardı, qəzəblə qələm-kağızı geri itələdi: - Bu yaşımadək kimsəyə xəyanət etməmişəm, onda ki ola özümə… Görünür, məni yaxşı tanımırsınız! Bundansa, ölüm yaxşıdır! Qandallayıb dama salın, sürgün edin, neyləyirsiniz edin, ancaq mən heç nə yazmayacağam… Rəislə prokuror bir-birinin üzünə baxdılar, ikisi də birdən dilləndi: - Sürgün?! Rəis ayağa durub yeni ideya kəşf edibmiş kimi barmağını gicgahına söykədi: - Mənə bax, gör, heç bu, ağlıma gəlib?! Rəis, Məzluma «Get, biz səninlə söhbətimizi qurtardıq!» deyib telefonun dəstəyini qaldırdı:
- Məlik müəllim, Məzlumu əyməklə düzələn deyil, əritmək lazımdı! Telefonun o başından səs gəldi: - Əyə bilmirsən, ərit, ancaq səsi çıxmasın, başçının istəyi belədir, bu iş sənə tapşırılıb. Rəis işin məsuliyyətini anlayırdı, bilirdi ki, Məzlumu həbs eləmək ona başucalığı gətirməyəcək, demaqoq kimi tanınmış bu «dilbilməzi» qəhrəmana çevirə bilər, o biri yandan da başçının adından göstəriş verən Məlik Şəkərlinin tapşırığını icrasız qoya bilməzdi, çulunu sudan quru çıxarmaq üçün Məzlumu işlədiyi kollektivin əliylə cəzalandırmaq yeganə çıxış yoluydu… … Sahə müvəkkili dil boğaza qoymur, Məzlumun həbs edilməməsinə sevinir, gah döşünə döyüb özünü tərifləyir, gah da lətifə danışıb gülürdü. Onun sürdüyü maşın, kəndçilər demişkən, ala itdən məşhurdu, o qədər zır-zınqırov asılmışdı bəzəkli gəlinə oxşayırdı, faralarını dəyişib Mersedes faraları qoymuşdu, arxa bağacın üstünə təyyarə quyruğuna oxşar bir şey bağlamışdı, həm qabaqda, həm də arxada uzun antennaları vardı, təkərləri enli olduğundan tısbağa ayaqlarına oxşayırdı. - Gördün, inanmırdın… Dedim axı, səni arvadına sap-sağlam təhvil verəcəyəm. Sahə müvəkkilinin çörəyi yerli camaatdan çıxırdı, kimsəylə münasibətinin pozulmasını istəmirdi, bir yandan da Məzlumun qələmindən qorxurdu, polis işçisindən şikayət yazılanda məktubu bağlamaq baha başa gəlirdi… Məzlum nə baş verdiyini başa düşmürdü, rəislə prokurorun ondan asanlıqla əl götürməsi ağlına batmırdı, qorxurdu ki, uşaqlarına nəsə edərlər, fikirləşirdi ki, belə haqsız adamlardan nə desən gözləmək olar, nanəcibliyin dərəcəsinə bax ki, onun özünə gücləri çatmır, uşaqlarına ziyan vurmaq istəyirlər. Məzlum fikirləşirdi ki, necə olur-olsun, gərək söhbətin bu hissəsindən arvadı xəbər tutmasın, yoxsa, Allah eləməmiş, arvadının naləsi ərşə dirənər, qiyam-qiyamətəcən Məzlumun üzünə baxmaz… Sahə müvəkkili öz kefindəydi, Məzlumun ürəyini açmaq üçün lətifə danışırdı, danışdıqca şitini çıxarırdı, ancaq Məzlum lətifə dinləməli halda deyildi. Sahə müvəkkili deyirdi ki, dağ kəndlərindən bir yaşlı kişini polisə gətirirmiş, kişi bilir ki, onu həbs edəcəklər, canını qorxu alır, yarıyolda sahə müvəkkilindən xahiş edir ki, bəs maşını saxla, peşovum var. Sahə müvəkkili maşını saxlayır, kişi şalvarının qabağını açıb əliylə sünnətini axtarır, tapa bilmir, görür ki, qorxudan xayalarının arasına çəkilib, sidik güc gəldiyindən özünü isladır. Kişi görür onun bu vəziyyəti sahə müvəkkilinin gözündən qaçmayıb, deyir ki, harda gizlənibsən, kişisən, gəl indi çıx ortalığa, cavanlığımda gözümə girirdin… Sahə müvəkkili danışdığı lətifəyə özü şaqqanaq çəkib güldü, onun öz sözünə gülməsi Məzlumun dodağını qaçırtdı. Məzlumu qabaqda nə gözləyirdi, bax, bundan özünün də xəbəri yoxdu… Arvadı Məzlumun qan dolmuş sifətinə çırtma vurub partlatmaq istəmədi, əvvəl çay dəmləyib qabağına qoydu, qəndqabıda qənd olsa da, çanaxı gətirib mizin üstündə qənd əzə-əzə soruşdu: - Nə dedilər? Məzlum isti çayı piləyə-piləyə bir-iki qurtum içdi, əlini ikinci dəfə qəndə uzadanda dedi: - Bir az söhbət elədilər… Vəssalam. Məzlumun arvadına verəcəyi hesabat bununla da bitdi, ancaq Məzlum bilirdi ki, arvadı polis idarəsində baş verənlərdən çox nigarandır, bildikləri ona bəs eləmir… Məzlum naqqalıq eləyib kimsəyə sirr verməyi, yaxud ağzından gərəksiz söz çıxarmağı xoşlamırdı. Dəfənbədəfən ən yaxınına dediyi sözün faş olduğunu görmüş, dilini dinc saxlamağa çalışmışdı. Bir yastığa baş qoyduğu, dar gündə arxa söykədiyi arvadına da hər şeyi demirdi, həmişə onu şəkdə saxlayır, ağzıbütövlüyünə güvənmirdi. Arvadı yersiz-yersiz donquldanır, onu hökumət adamlarıyla ayaq-ayağa qoymaqdan çəkindirməyə çalışırdı. Məzlumun müxalif qəzetlərinə aludəçiliyi də arvadının xoşuna gəlmir, «Həkimsən, iynəni vur, çörəyini qazan» deyirdi. Məzlum arvadının narahatçılığını başa düşürdü, hərəkat dövründən bu günədək onların evində dinclik tapılmırdı, polis gedir, prokuror gəlir, prokuror gedir, Milli Təhlükəsizlik Nazirliyindən kimsə gəlirdi. İnsan nə qədər həyəcan keçirər, qorxu altında yaşayar? Hər seçki ərəfəsində müxalifət baş qaldırır, Məzlumun da qara günləri başlayırdı. Qohumları, dostları Məzlumu belə gündə itirib-axtarmırdılar. Qohumlarının Məzlumun hərəkatçılığına orjinal münasibəti vardı, atası Xosrov kişi oğlunun bu əməlinə «baş sərkisi» deyirdi, qardaşları Məzlumu «başı dolu, cibi boş insan» adlandırırdılar. Cəbhəçi «dostları» çoxdan ev-eşik olmuşdular, Heydərəli İran bazarında bir neçə qızıl dükanı açmışdı, qardaşları, yeznələri, qayın-qudaları rayonun qızıl ticarətini əllərində möhkəm-möhkəm saxlamışdılar, ən çətin problemlərini bir yerə yığışıb bir anın içində çözürdülər. Cəbhənin maliyyə işlərinə baxan Ağamir həbsdən çıxandan sonra öz peşəsinə sadiq qaldı, rayon bankında, maliyyə şöbəsində əlləşib başını saxlayırdı. Cəbhəçi kimi həbs olunanda yaxşı bir şeir də yazmışdı, məhkəmədə son söz yerinə oxumuşdu, nəsil şəcərəsi imamzadələrə gedib çıxırdı, buna görə də ona xüsusi ehtiram göstərilirdi, bu ehtiramdan yaxşıca bəhrələndi, kürsüdən kürsüyə keçdi, mövqeyi çoxlarının ağzını yumdu, keçmişini üzünə vurmağa cəsarət eləmədilər. Sonralar milli istiqlalçı olan Sahib klinikada ruhi xəstələri müalicə edirdi, bir müddət əyalətin hərbi komissarlığındakı həkim komissiyasının üzvü oldu, amma imkanlarından yararlanmadı, ticarətə girişdi, paltar sabununun alverini elədi, əli gətirmədi, indi öz başını qoruyur. Dadras da eyni yolu tutdu, Sahibdən fərqli olaraq Dadras hərbi komissarlığın həkim komissiyasında qaz vurub qazan doldurdu, maşının birini alıb o birini satdı, hər gün yeyib-içdi, evə sərxoş getdi, elə bu sərxoşluğun bəlasına düşdü: ailə münaqişəsi zəminində cinayətinə görə həbs olundu, həbsdən bir lələ-bir şələ çıxdı, üstəlik nüfuzunu itirdi. Əczaçı Mübariz əvvəl cəbhəçi, sonra sosial-demokrat kimi tanındı, cəbhənin əleyhinə çıxdı, daha sonra isə özünə «Əhmədoğlu» təxəllüsü götürüb Bakıda kimsəni sancmayan miyanə siyasətlə məşğul oldu. Bəxtiyar cəbhə vaxtında Üçtəpənin icra nümayəndəsi işləyirdi, dövran dəyişəndə Bəxtiyar da dəyişdi, necə oldusa, bir-iki il vəzifəsini əlində saxladı, sonra ilişdirib iki-üç il yatırtdılar. İndi xeyli torpaq sahəsi var, necə deyərlər, əkib-tökür. Cəbhə vaxtı, az qala, milli qəhrəmana çevrilmiş Miralim qardaşları ilə birlikdə rayonun siyasət dənizində aysberq rolunu oynayır, üzdə az görünür, o yan-bu yana vurnuxmur, çoxdandır ki, əyalətin sakitliyinə cavabdeh olanlar üçün hürkü yaratmır. Sovet hökuməti dağılhadağılda Moskva Miralimin qorxusundan tük salırdı, buna görə də onun məhkəməsini qaçaq-quldur mühakiməsinə çevirib gözdən salmağa çalışdı, onu sındırmaq üçün atası Mirxubyar kişini ahıl yaşında məhkəməyə çəkdi. Sonralar cəbhə özü də ona etibar eləmədi, damladı, Miralim azadlığa çıxanda cəbhə hakimiyyətinin hayhayı getmişdi, vayvayı qalmışdı. Miralim şəxsi həyatını- ticarətini, siyasi əlaqələrini pərəstişkarlarından gizli saxlamağı bacarır. Bir müddət vətəndaş həmrəyliyi partiyasına meyil elədi, bir dəfə də deputat seçilmək eşqinə düşdü, əlləri boşda qaldı. Miralimin qohumu kimi tanınmış Mirnizami isə cəbhədən getmədi, seçki komissiyalarına nümayəndələr verib alababat bir imic qazanmışdı, Elçibəy öləndən sonra cəbhə parçalandı, mövqelər haçalandı, əyalətin cəbhəçiləri mövqelər arasında cərcənək olub müvazinətlərini itirdilər, nüfuzdan düşdülər. Cəbhə vaxtı «Müvəqqəti hökumətə» başçılıq eləyən Nağı müəllim iqtisad elmləri namizədiydi, işsiz qalıb kimyəvi dərmanlar satan köşk açdı, dolana bilmədi, Bakıya köçüb özəl ali məktəblərin birində işlədi. Onsuz da, rayonda onun alimliyi heç nəyə yaramırdı. Hərəkatda Doktor Əflatun kimi tanınan uşaq həkimi traktor, kombayn alıb yer icarələdi, qollarını çırmayıb taxıl becərməyə başladı. Müsavatçı Akif isə siyasi fəaliyyətinə görə çox əziyyət çəkdi, həbs elədilər, müəllimlikdən çıxardılar, əqidəsindən dönmədi, bir qarnı ac, bir qarnı tox yaşadı, yaxşı siyasi məqalələr yazdı, amma kimsəyə gərək olmayan bir insan kimi çəkilib doğulduğu kəndə getdi, axırda başını aşağı salıb kasıbkarlığını elədi. Hüquqşünas Fəxrəddin tez-tez həbs olunan cəbhəçilərin hüquqlarını nisyə müdafiə eləməkdən yoruldu, Bakıya köçüb özəl ali məktəblərin birində işlədi, məktəb bağlanandan sonra Fəxrəddini gördüm deyən tapılmadı. Məzlumun köhnə dostlarından xətrini istədiyi Səxavət rayon rabitə qovşağında telefonçu işləyirdi. Məzlum uşaqları ilə telefon əlaqəsi saxlamaq istəyəndə onun yanına gedirdi, Səxavət balaca köşkündən çıxır, onu köşkün qarşısında qarşılayır, «Doktor, qulluğunda hazıram!» deyirdi. Məzlum xidmət haqqını ona güclə verirdi, Səxavət «Götürmərəm» desə də, axırda pulu alırdı. Məzlum onunla söhbət eləməyi, hərəkat dövrünü xatırlamağı xoşlayırdı. Mitinqlərdə kürsülərdən düşməyən Səxavət bir dəfə dedi ki, Marqarit Tetçer mənə zəng edib, bizim mitinqi dəstəklədiyini bildirir. Mitinqə yığışanlar əl çaldılar, hətta bu «dəstəkdən» gözləri yaşaranlar da oldu. Amma kimsə soruşmadı ki, ay Səxavət, sən Marqarit Tetçerlə hansı dildə danışırdın, axı o, ingilis, sən türk! Məzlum çox-çox sonralar Səxavətdən buna bənzər bir söz soruşdu: - Səxavət bəy, Marqarit Tetçer sənin telefon nömrəni necə əldə etmişdi? Səxavət gülə-gülə dedi: - Nə Marqarit Tetçer, canım, mən heç Marqarit Tetçerlə danışmışam ki!.. - Bəs niyə camaata yalan deyirdin? Səxavət sarı üzünə işıq salan göy gözlərini qıyıb dedi: - Doktor, yetmiş il kommunistlər bu milləti ələ salıblar, kimsə cınqırını çıxarmayıb, bircə yol mən aldadanda nolacaqdı ki? Məzlum uğunub getdi, «oyunun olsun, Səxavət bəy!» dedi. Hərəkat vaxtı Məzlumun ağzına girənlər çox idi, vəzifə uman, iş aşırmaq istəyən, şirkət açan, yer götürən tanışları onun ürəyiyumşaqlığını bilir, minnət-xahişlə götürüb icra başçısının yanına aparır, yaxşıca bəhrələnirdilər. Bəhrələnə-bəhrələnə özlərini möhkəm tutmuşdular, day Məzlumu tanımırdılar. Amma Məzlum bu aşağıdan girib yuxarıdan çıxanları, yuxarıdan girib aşağıdan çıxanları yaxşı tanıyırdı, dini-imanı, əqidəsi pul olan bu divar adamlara işi düşsə də, qapılarını döymürdü, çünki döyməli qapıları yoxdu. Məzlum yaşının əllini haqladığı vaxtda təzədən gedib özünə dost tutan deyildi, dostdu, tanış-bilişdi, yoldaşdı- hər nədisə, budu, bu dostları Məzlum sınağa çəkmədi, zaman ələdi, kəpəyə çıxardı. Məzlum yaxşı bilir ki, kəpək yoğrulmur, kündələnmir, yapılmır, kəpək qurda-quşa yem olur. Məzlumun dostları Məzlumqarışıq yem olmuşdular… Səhiyyə işçilərinin ümumi yığıncağında səhiyyə şöbəsinin müdiri, icra hakimiyyəti başçısının müavini, sahə xəstəxanalarının baş həkimləri, həkimlər, tibb bacıları və sanitar xidmətçiləri iştirak edirdilər. Məzlumun gününü göy əskiyə düyünləyib gedər-gəlməzə atırdılar. Müdirdən sonra növbə ilə hamı bir-bir söz alıb danışdı, Məzlumun şərəfli həkim adına ləkə gətirməsi, həkim kollektivini öz demaqoq məktubları ilə narahat etməsi, daha nələr, nələr söylənildi, amma böhtan yekdil xarakter almadı, vicdanının ayağa durğuzduğu həkimlər də olurdu, Doktor Məzlumun savadlı, qabiliyyətli həkim olduğunu deyənlər də tapılırdı, belələrinin səsini dərhal kəsməyə çalışanların ağzı daha gur idi. Adı yalnız əmək haqqı cədvəlində olan, tibbi əməliyyatlardan başı çıxmayan, hansısa xəstəliyə qalib gəlmək üçün tər tökməyən həkimlər indi dilotu yemişdilər, nədi, nədi, Məzlum onların siyahısını tutub yuxarı göndərmişdi, indi yuxarı tədbir görürdü, Məzlumu əxlaqsız, demaqoq, böhtançı adıyla həkimlikdən uzaqlaşdırırdılar. İclasın protokolunda yazıldığı kimi, Ağanəzərin qardaşı Ağabala əyalət ictimaiyyəti adından Məzlumun həkimə yaraşmayan hərəkətlərini pislədi və onun xəstəxanadan qovulmasını təklif etdi. Ağanəzərin gəlini Gülcənnət Məzlumun üzünə durdu ki, o, tibb bacılarına pis gözlə baxır, söz atır, sataşır. Gülcənnət sözünün sonunda təkid etdi ki, Məzlum haqqında cinayət işi açılsın. Xəstəxananın akt zalı uğuldayır, ağız deyəni qulaq eşitmirdi. Axırda baş həkim, yəni Ağanəzər ayağa qalxıb nitq irad etmək istədi, kimsənin qulaq asmadığını görüb işıqlar sönəndə katibəni çağırmaq üçün istifadə etdiyi zınqırovu cingildətdi, hamı səsini kəsdi. Ağanəzər başını xəstəxanada ağartmışdı və yaxşı bilirdi ki, Məzlumla bu şəkildə vidalaşmaq mümkün deyil, necə deyərlər, sirkəni tünd edib qabı çatlada bilərlər, işi elə qurmaq lazımdır ki, guya Məzlumun boynuna haqq qoyulur, necə olmasa, bugünün sabah, da var, ayaq yeri qoymasan vəziyyətdən çıxmaq çətin olar, buna görə də yumşaldıcı qərarı özü vermək fikrinə düşdü: - Çıxışlardan göründüyü kimi, Məzlum həkim sifətlərini itirmişdir, Hippokrat andına xəyanət etmişdir, böhtançılıq və demaqoqluqla məşğuldur. Mən təklif edirəm ki, bu dəfə onun haqqında sərt tədbir görməyək, məsləhətdi ki, onu özünü doğrultmaq üçün ucqar dağ kəndlərindəki ambulatoriyalardan birinə həkimliyə göndərək. Yenə səs-küy qopdu, Ağanəzərin qərarına etiraz edənlərlə etiraz etməyənlərin qışqırığı xəstəxananı başına götürdü. Bir azdan həkimlərin xeyli hissəsi Məzlumun işləmək üçün ucqar dağ kəndinə göndərilməsi haqqında qərara səs verdi, Məzlumun özünə söz vermədilər, o, əlini qaldırıb hər dəfə söz istəyəndə iclasa sədrlik edən baş həkim «Sənə söz veriləcək» deyirdi. Axırda isə onu dinləmədilər, baş həkim iclasın sonundakı qarışıqlıqdan istifadə edib səsverməni tezləşdirdi. Onsuz da Məzlumun çıxışı heç nəyi dəyişməyəcəkdi, iş elə qurulmamışdı ki, Məzluma çıxış yolu da qalsın… Məzlum qovluğunu qoltuğuna vurub dəhlizə çıxanda güvəndiyi Doktor Firavanla üz-üzə gəldi, ha istədi yadına salsın ki, Firavan iclasda çıxış etdi, ya etmədi, yaddaşı ona əl vermədi, axırda qərara gəldi ki, deyəsən, heç onun əli çıxış üçün söz istəyənlərin yuxarı qalxmış əlləri arasında da yox idi. Ötüb keçəndə Doktor Firavan ətrafa baxa-baxa yalnız onun eşidəcəyi tərzdə pıçıldadı: - Eybi yoxdu, axır qələbə bizim olacaq… … Məlik Şəkərli qəbul otağına qoyulmuş televizorun ekranında Məzlumun pillələri ağır-ağır qalxdığını gördü, bic-bic qımışıb ayağa durdu, qapının ağzında sifəti yaz buludu kimi dolmuş Məzlumu qarşıladı: - Xoş gəlmisən, Doktor, sən hara, bura hara? Nə əcəb unutduqlarını yad edirsən? Məzlum istehzanı başa düşdü, ancaq içəri, başçının yanına keçmək üçün Məliyin razılığının vacibliyini bildiyindən onu çalmadı, dilucu salam verib dərindən nəfəs aldı, pillələr onu yormuşdu, bir yandan da həyəcan keçirirdi, qəzəbini dişinə sıxmışdı, içərisindən püskürən acı sözləri dilinin altında güclə saxlayırdı: - Başçıya sözüm var, de, məni qəbul eləsin. Məlik Şəkərli hələm-hələm güzəştə gedən adam deyildi, elə ilk kəlməsiylə Məzlumun nıxtını vurdu: - Başçı eyli günlərdə şikayətçi qəbul eləmir. Məzlum bilirdi ki, Məliyi aşıb başçı ilə görüşmək bir elə də asan iş deyildi, buna baxmayaraq, bir də cəhd elədi: - Başçını mütləq görməliyəm, vacibdi, sabah-birigün gec olacaq… Məlik Ərəbzəngi kimi qapını kəsib, bir əliylə mobil telefonunu qurdalamağa başladı: - Bilirsən, Doktor, başçı hər şikayətə gələni qəbul eləsə, onda işləyə bilməz ki… Bununçün qəbul günü var, cümə günü gəl, növbədənkənar buraxım, dərdini de, əlimdən ancaq bu gəlir, bir həkimi yola verməyə nə var?! Daş qayaya rast gəlmişdi, Məzlum, Məliyin böyür-başından içəri boylansa da, bu sərv boylu oğlanı aşıb keçə bilməyəcəyinə əmin oldu, bu gün həftənin çərşənbə günüydü, inad eləməkdənsə cümə axşamını ötürüb qəbula gəlmək daha ağlabatandı, oydu ki, üzüsulu sivrişib getdi, day Məliyə bir söz demədi… Qəbula yazılanlar saysız-hesabsızdı, söhbət gəzirdi ki, şikayətçiləri günortayadək başçı, günortadan sonra isə müavini qəbul edəcək, hərə bir dərdlə gəlmişdi, torpaq almaq, dükan açmaq istəyən, icra nümayəndələrindən, bələdiyyə sədrlərindən şikayətlənən adamlar dərdlərini bir-birlərinə söyləyir, ürəklərini boşaldırdılar. Belinə enli yun şal bağlamış sarğılı bir arvad başçının şəninə xoş sözlər danışır, onun ötən cümə oğluna sünnət toyu eləmək istəyən ərsiz qadına min dollar pul bağışlamasını dönə-dönə təkrarlayır, özünün isə nişanlı qızına cehiz almaq üçün başçıdan pul istəyəcəyini az qala hamıya car çəkirdi. Tez-tez güzgüyə baxıb göz-qaşını səliqəyə salan cavan bir qadın başçının şirkətində satıcı işləmək istədiyini heç kimdən gizlətmirdi, onun əyninə geydiyi şalvar isə o qədər dar idi ki, yumşaq əzaları gendən gəl-gəl deyirdi. Məzlum şikayətçilərin arasında vurnuxur, düşdüyü bu mühitdən sıxılır, qəbul uzandıqca darıxır, hətta çıxıb getmək, hər şeyə tüpürüb taleyi ilə barışmaq istəyirdi, elə bu fikirlə əlini boş oturacaqlardan birinin üstünə qoyduğu qovluğa atanda qapıçı bərkdən Məzlumun adını çəkdi, Məzlum «Mən» deyəndə qapıçı onun üzünə gülümsədi: - Doktor, Məlik Şəkərli sizi növbədənkənar çağırır, qəbul otağına qalxın. Məlik Şəkərlinin xüsusi diqqəti Məzlumun arxasınca boylananlarda həsəd hissi oyatdı, kimsə «Bəxtəvərə gör nə qayğı göstərirlər» dedi. Başçının otağında xeyli vəzifəli adam vardı, bir qıraqda səf çəkilib oturmuşdular, rəhmətlik Şükür kişi belələrini «qozdəstə» adlandırırdı, başçı onları qəbula yığmışdı ki, şikayətçilərin bəzi problemlərini «yerində» həll etsin, yəni aid olan adamlara tapşırsın. Məlik Şəkərli başçıya eyham vurdu ki, «Doktor» dediyimiz adam budur, Məzlum eyhamı tutdu, anladı ki, Məliklə başçı arasında onun haqqında qabaqcadan söhbət olub, ancaq özünü o yerə qoymadı, sakitcə dayanıb gözlədi ki, görsün başçı nə deyəcək.
- Məzlum sənsən? Heç məzluma oxşamırsan, gözlərindən cin çıxır. Belə baxanda normal adam kimi görünürsən… Məzlum icra başçısından bu şəkildə təhqir gözləmirdi, ona görə də nə deyəcəyini bilmədi, eşitmişdi ki, bu alverçi balası nadanın biridi, onun gədəlik edəcəyini ağlına gətirməmişdi, açığı bu cür aşağı səviyyəli söhbətə hazır deyildi: - Mən həkiməm, iki institut bitirmişəm… Məzlum yalnız bu sözləri deyə bildi, icra başçısı ağzına od aldı: - Görürəm necə həkimsən! Dinc oturmursan, məktubların, teleqramların canımızı böğaza yığıb. De, görüm, indi kimdən şikayətə gəlmisən?! Məzlum bu dramatik səhnəni həvəslə izləyən kabinet üzvlərinə tərəf dönüb baxışları ilə onlardan kömək istədi, ancaq onların soyuq simasında Ağanəzərin boz sifətini gördü, Məzluma elə gəldi ki, bu adamların çiyinlərinin üstündəki öz başları deyil, Ağanəzərin tirajı çoxaldılmış mürdəşir başıdı, yaranmış vəziyyətdən razı-razı enib-qalxır… - Barəmdə haqsız qərar çıxarıblar, iş yerimi dağ kəndinə dəyişiblər. Başçı sifətini turşutdu: - Əcəb eləyiblər, dinc otur, dəyib-dolaşmasınlar. Sən orda başqa-başqa işlərlə məşğulsan. Sən cərrahsan, yoxsa cəllad? Hippokrat andı içmisən ki, rayonun adamlarını bir-birinə vuracaqsan, ara qatacaqsan?! Məzlum özünü müdafiə etməyə söz tapmadı: - Sizə yanlış məlumat veriblər, xahiş edirəm, əvvəl vəziyyəti araşdırın, sonra məni günahlandırın… Başçı söhbəti bitmiş hesab elədi: - Araşdırarıq, get… Məzlum başa düşdü ki, başçı heç nəyi araşdırmayacaq, bu qədər sadəlövh olub onun ədalətli qərar qəbul edəcəyinə inandığına görə özünü qınadı. İstədi başçının ölüb-itənlərini gordan çıxarıb sulasın, hirsini söyüşlə soyutsun, sonra düşündü ki, işləri onsuz da dolaşığa düşüb, düşünülməmiş hərəkətiylə vəziyyəti dərinləşdirə bilər, söyüşdən vaz keçdi, ürəyində özünə təsəlli verdi ki, söyüş acizlik əlamətidi, bu səviyyəyə düşmək ona yaraşmaz. Məlik Şəkərli, Məzluma elgözünə ürək-dirək verəndə o, özündə-sözündə deyildi, hər kəlməbaşı «Bu qədər də haqsızlıq olar?» deyirdi, ancaq bu sözləri kimə, nə üçün dediyini özü də bilmirdi. Çıxacağı düşə-düşə fikirləşirdi ki, bütün bunlar Məlik Şəkərlinin hiyləsidi, ayrı kimsə başçını bu qədər dəmləyə bilməzdi, Məzlumu bağaca qoysa-qoysa, Məlik qoya bilər. Kabinet üzvlərinin ağzına su almaları Məzluma yaman yer eləmişdi, bu daş adamlardan bircəsi də buzu sındırmağa cəhd eləmədi. Məzlum düşünürdü ki, özündən aşağılarla amansız rəftar eləyən bu əyalət «qaymaqları», deyəsən, çoxdan turşuyublar, üz-gözləri vaxtı keçmiş qatıq kimi acıyıb, acların ümid elədikləri halda deyillər. Məzlum fikirləşirdi ki, icra başçısının indiki vəziyyəti peyğəmbərlik iddiasına düşən «çoxbilmişin» əhvalatına oxşayır. Əhvalatda deyilir ki, şaha bir əyalət haramzadasının özünü peyğəmbər elan etdiyini xəbər verirlər. Şah onu yanına çağırır, «çoxbilmiş» xəbər göndərir ki, mən peyğəmbərəm, o ölkə başçısı, məni istəyirsə, zəhmət çəkib özü bura gəlsin. Şah hirslənir, «çoxbilmişə» çatdırır ki, gəlməyinə gələcəyəm, ancaq peyğəmbərliyini sübut eləməsən, səni edam etdirəcəyəm. «Çoxbilmiş» bir dəstə adamı başına yığıb deyir: - Sabah şah mənim ayağıma gələcək, yarınız məndən sağda, yarınız solda oturarsınız, mən sağa dönəndə sağdakılar «moo» deyər, mən sola dönəndə soldakılar «məə» deyər. Şah «çoxbilmişin» ayağına gəlir, qəzəblə deyir: - Peyğəmbərliyini sübut elə. «Çoxbilmiş» deyir: - Mən əsl peyğəmbərəm, inanmırsan, bax. «Çoxbilmiş» başını sağa döndərəndə sağdakılar «moo» deyirlər, sola döndərəndə soldakılar «məə» deyirlər. Şah bu vəziyyətə xeyli gülür, «çoxbilmiş» soruşur: - Hə, noldu, buna nə deyirsən? Şah deyir: - Peyğəmbər olmağına peyğəmbərsən, elə camaatın belə də peyğəmbəri olur. İbrətamiz əhvalatdı. Hər nadan qalır, dəymə: ətrafına özü kimi nadanlar yığışır. Başçılar gəldi-gedərdi, ona züytutanlar isə bu camaatın çiynində torpağa tapşırılacaqlarını bilirlərmi? Məzlum bu fikirlə yolu keçirdi, sağdan gələn Mersedesin onu nə vaxt haqladığını görmədi. Rezin təkərlərin cikkildisi icra hakimiyyətindəkiləri diksindirdi, pəncərənin ağzında dayanıb Məzlumun məzlum yerişini izləyən Məlik Şəkərli bərkdən şaqqanaq çəkdi, gözlərindən yaş çıxınca güldü, sonra pəncərəni açıb Məzlumun arxasınca tüpürdü, onun özü də eşitsin deyə qışqıra-qışqıra dedi: - Hanı şah yerişin, ayə, gözün ayağının altını görmür… Belə kor olarsan!... Ancaq Məzlum, Məliyin dediklərini eşitmədi, çünki Mersedesin sürücüsü başını maşının pəncərəsindən çıxarıb Məzlumu yağlı söyüşlərlə qınayırdı. … Məzlumun arvadı canını qoymağa yer tapmırdı, həftənin beş gününü tək-tənha yatdığı yorğan-döşəyin içində oyan-buyana qıvrılır, gözlərinə yuxu getmirdi. Şənbə-bazar günlərində kənd ambulatoriyasının feldşeri Məzluma evə baş çəkməyə imkan yaradırdı, xəstə-filan olanda yola verir, hələ ki, Məzlumla hörmətlə davranırdı, feldşer əvvəl kolxozun fermasında baytarlıq etmişdi, üçaylıq baytarlıq kursunu bitirməsi haqqında arayışı da vardı, kolxoz dağılandan sonra bekar qaldı, ambulatoriyaya təyinatla gəlmiş həkimlər qayıdıb şəhərə getdilər, kənd ambulatoriyasının dəyirmanı sovuldu, bağlamaq istədilər, sonra nə fikirləşdilərsə, bu cöngəsifət baytarı feldşer kimi işə götürdülər. Kəndə həkim-filan göndərilmədiyinə görə, feldşer arvadını, bacısını, qızını, gəlnini ambulatoriyaya işə götürdü, kağız üzərində əməlli-başlı bir tibb müəssisəsi yaratdı. Ən mühüm sənəd isə əmək haqqı cədvəliydi, ona da yalnız bir nəfər, cöngəsifət feldşer qol çəkirdi. Göngəsifət baytar-feldşer savadlı olmasa da, «ağıllı» adamdı, Məzlumu da yaxşı tanıyırdı. Məzlum da elə-belə Məzlum deyildi, həm cərrah kimi, həm də haqqı tələb edən «demaqoq» kimi ad çıxarmışdı. Tibb Universitetini fərqlənmə ilə bitirmişdi, müasir tibb avadanlıqlarından başı çıxırdı. Rayona gələn kimi ad çıxardı, həyatdan əlini üzmüş bir xəstənin öd yolundan daşı təmizləmiş, qarın nahiyəsindən güllələnərək bütün bədən üzvlərinə əldəqayırma seçmə dolmuş yaralıya həyat vermiş, şöhrətlənmişdi. O zaman rayonda belə əməliyyatları aparmağa ürək eləyən cərrah yox idi. Rayonun baş həkimini də Məzlumun şöhrəti qorxuzurdu. Məzlumun hərəkata qoşulması baş həkim Ağanəzərə «kozır» vermişdi, cəbhəçiliyini əlində təstəvuz eləyib onu gözümçıxdıya salmışdılar. Cöngəsifət baytar-feldşer Məzlumun başçıyla dıxlaşmağını, polis rəisi ilə atılışmağını, prokurorla çəkişməyini də yaxşı bilirdi, o böyüklükdə adamlarlı vətən müharibəsinə çıxan bir cərrahla ayaq-ayağa qoymaq çətindi. Ona görə də həmkarını özünə tərəf çəkmək, ağzını yummaq üçün əmək haqqı cədvəlini Məzlumun qabağına atmış, «Arvadının da adını yaz, maaşı sənin» təklifini vermişdi. Məzlum bu əhvalatı arvadına gülə-gülə danışsa da, arvadı başa düşürdü ki, Məzlum üçün ağır günlər başlayıb. Soyuqlar düşəni yollar qapanmışdı, kənd adamları dağlara piyada qalxırdılar. Sovet hökumətinin çəkdiyi yol dağılmışdı, çala-çuxurdakı lehmələrdə çömçəquyruqlar üzürdü, Məzlum da ambulatoriyaya gedən palçıqlı yolu piyada qət eləyirdi, cümə günü axşam rayon mərkəzinə enən cığırı qaranlıqda düşür, adna günü alatoranda dikdiri sivrişə-sivrişə qalxırdı. Qış düşdüyündən günün ömrü qayçılanmışdı. Məzlum ambulatoriyada açılıb-yığılan çarpayıda yatır, soyuq olduğu üçün üst paltarını da əynindən çıxarmırdı. Cərrah ahıl yaşında ikinci subaylıq ömrünü yaşayırdı, biş-düşünü özü edir, çox vaxt quru yeməklərlə kifayətlənir, yeralması, yumurta qaynadır, şor-çörəklə nahar edirdi. Ütüsüz şalvar-pencəyi, tüklü üzü onu özündən yaşlı göstərirdi. Evə dönəndə arvadı qabağına ləziz yeməklər düzür, Məzlumu kürəyini ova-ova hamamlandırır, o yatıb dincələndə əzik-üzük olmuş paltarlarını ütüləyirdi. - Yazmışam, nazirlik hər şeyi bilir… Haqq yerini tapacaq, belə getməz!- deyə özünə təskinlik verən Məzlum arvadını inandırmağa çalışırdı ki, Ağanəzər kimilərinin yeri türmədi, gec-tez baş həkimin arvadı barmaqlıq arxasına çörək daşıyacaq. Məzlumun arvadı söhbəti qəsdən yayındırır, qonum-qonşuda baş verən gülməli əhvalatlardan danışırdı ki, ərinin ürəyi açılsın, fikri dağılsın… Məzlumun işlədiyi ambulatoriya rayon mərkəzindən uzaqda olan kəndlər üçün nicat yerinə çevrilirdi. Bir dəfə kor bağırsağı partlamış gəlini əyalət mərkəzinə çatdırmağın mümkün olmadığını görən Məzlum onun qaynatasına demişdi ki, yollar bağlı olduğu üçün xəstə mənzil başına çatmamış keçinə bilər, gəlinin qaynatası Məzlumun ayağına düşmüşdü ki, xəstəni xilas elə, Məzlum da onu ambulatoriyada əməliyyat etmiş, sağaltmışdı. Məzlumun şöhrətindən cöngəsifət baytar-feldşer təzyiq tapmışdı, dərdini baş həkim Ağanəzərə deyəndən sonra, Ağanəzər qərar vermişdi ki, ləkələ getsin. Məzlum arvadına danışırdı ki, son vaxtlar feldşerə nəzarət edə bilmir, o, gah xəstələr üçün ayrılmış dərmanları dəyişir, gah da farendeskopun rezin borusunu deşir, əlqərəz, istəyir ki, Məzlumun əlində bir bədbəxt hadisə baş versin, təzədən adı hallansın, dilə-dişə düşsün, kənddə nüfuzu azalsın… Arvadı Məzlumu dönə-dönə xəbərdar edirdi ki, ehtiyatlı ol, o cöngəsifətdən özünü qoru, yeməyinə bir şey atar. Dağ kənlərindən rayon mərkəzinə xəstə axını kəsiləndə Ağanəzər narahat olmağa başladı, əməliyyatlara ən çox pulu dağlılar verirdi, görən, bu arxın qabağını kim kəsdi? Deyəsən, Məzlumun hoqqaları həkimləri ac qoyacaq. Cöngəsifət baytar-feldşer Ağanəzərə simsar gəlmişdi ki, bəs nə yatmısan, ay evi yıxılmış, Məzlum ambulatoriyanı klinikaya çevirib, sərhəddən üzübəri bütün kəndləri ovsunlayıb, başı ağrıyan, döşü yanan, dalağı sancan, quluncu düşən, barmağı çıxan bir kimsə dağdan əyalət mərkəzinə enmək istəmir, Məzlum ambulatoriyanın olan-qalan dərmanını ehsanat verir, nə özü haqq alır, nə də cöngəsifətə dolanmaq üçün şərait yaradır. Cöngəsifət ağzından qaçıranda ki, nə qazanıram, şənbə-bazar günləri qazanıram, Ağanəzərin qulaqları peyk antennası kimi şəkləndi: - Şənbə-bazar günləri qazancınızı bölüşürsünüz? Cöngəsifət indiyədək elədiyi ibadəti batil elədi, yəni Məzluma istirahət üçün yaratdığı şəraiti ağartdı. Ağanəzər bu faktı gizlətdiyinə görə əvvəl cöngəsifətə şifahi töhmət elan elədi, sonra telefonunun dəstəyini qaldırıb Məlik Şəkərliyə zəng vurdu, uzun-uzadı kef-əhval tutdu, axırda dedi ki, bəs Məzlumu sürgün əvəzinə kurorta göndərmişik. Açdı sandığı, tökdü pambığı, Məzlumun Dağkənddə qeyri-rəsmi klinika açdığını, şənbə-bazar günlərində isə öz evində keçi qəzilindən döşəyin, qu tükündən balışın üstündə arvadıyla qucaqlaşıb Ağanəzərin də, Məliyin də yeddi arxadönənini söydüyünü dedi. Məlik Şəkərli, Ağanəzər kimi cırtqoz deyildi, əksinə, başqalarının özündən çıxması ona ləzzət eləyirdi, yaxşı bilirdi ki, hirsli başda ağıl olmur, ona görə də rəqiblərini yerli-yersiz təbdən çıxarıb məğlub edirdi. Ağanəzər gördü, sözləri Məlik Şəkərlini yerindən oynatmır, daha ağır silaha əl atdı: - O gün nazir mənə zəng eləmişdi ki, bəs Məzlumu yaxşı sındırmamışıq, hüquqlarını bərpa etmək üçün məhkəməyə-zada müraciət eləyib, sizi də günahkar bilir bu işdə… Bu tər xəbər Ağanəzərin çini dişlərinin arasında xırçıldadıqca Məlik Şəkərli doğrudan-doğruya hirsləndi, ancaq özünü o yerə qoymadı: - Dedin, evinə nə vaxt gedir? Ağanəzər birinci sinif uşağı kimi sanki ibtidai sinif müəlliminin suallarına cavab verirdi: - Cümə günü axşam. - Piyada? - Piyada! Məlik Şəkərli bir az götür-qoy eləyəndən sonra dedi: - Yollarda ac canavarlar şaxa gedir, nə əcəb, onlardan biri Məzluma rast gəlmir? Məlik Şəkərlinin sözündən heç nə anlamayan Ağanəzər təəccüblə dedi: - Nə bilim… Məlik Şəkərlinin şaqqanağı Ağanəzərin qulağını deşdi: - Bilmək üçün öyrənmək lazımdır, gücnən deyil ki!.. Söhbət qurtardı, cöngəsifət əyalətdə iki at oynadanın deyişməsindən bir şey qanmadı. Cöngəsifət ambulatoriya üçün ayrılmış dərmanları sellefon bağlamalara yığıb Dağkəndə qalxanda Məzlum ambulatoriyanın qapısını kilidləyib rayon mərkəzinə tələsirdi. Əcaib heyvanlara bənzəyən buludlar get-gedə sıxlaşır, hava qaralırdı. Məzlum altı kilometr yolu piyada getməli, gecəyarısınadək evə toxtamalıydı. Xəstə çox olduğundan ambulatoriyanı gec bağlamışdı, yola hərdəfəkindən yarım saat gec çıxmışdı. Dənizdən dağlara doğru can ürpəşdirən, sümük sızıldadan külək əsirdi… Arvadı ətli əndamıyla soyuq yatağı qızdıra bilmirdi, canını gizli titrəyiş almışdı. Məzlum belə gecikən deyildi, əvvəlki şənbələrdə evə tələsir, çatan kimi arvadını qıdıqlamağı, yumşaq yerlərini əlləməyi unutmurdu, həftələr keçdikcə qış havası kimi Məzlum da soyuyur, arvadıyla kişi kimi yaxınlıq eləmirdi. Arvadı düşünürdü ki, bu kişiyə noldu belə, bəlkə yorğun olur, bəlkə stress keçirir, bəlkə də dilim-ağzım qurusun, Dağkənddə bir moynaya rast gəlib?! Yuxu onu təzəcə qapmışdı ki, qəfil qışqırtıdan diksindi, dikəlib yerin içində oturdu, gözlərinin zılığını silə-silə künc-bucağa göz gəzdirdi, qışqırığı yuxuda, yoxsa aşkara eşitdiyini avarmadı, soyuqdan divarlar kişnəyir, çöldən həzin vıyıltı səsi gəlirdi. Bəlkə Məzlum gəlib? Bəlkə küləyin səsidi onu oyadan? Ertədən qapını kilidləməyib ki, onu yuxu qapanda Məzlum evə girməyə çətinlik çəkməsin. Arvadı gözünün çimirini almışdı, Məzlum hələ də gəlib çıxmamışdı. Rayonun işıqları əzəl axşamdan söndüyündən divardakı saatın əqrəbləri görünmürdü, Məzlumun arvadı neçə vədə yatdığını bilmirdi, gecənin hansı vədəsində oyandığını da dəqiqləşdirməmişdi. Ötən adna Məzlum nigaran getmişdi, kiçik oğlu Qayıtmazın qış imtahanlarını necə verəcəyindən xəbərsizdi, bu şənbə zəng eləyib oğlundan əm qardaşlarının kefini, həm də imtahanların nəticəsini soruşacaqdı. Bir yandan da xəbər gəlmişdi ki, ortancıl oğlu Dönməzi Xarici İşlər Nazirliyinə çağırıblar, Məzlum da, arvadı da narahat idi ki, görəsən, nə baş verib, uşaq hansı əməli törədib ki, onu nazirliyə çağırıblar, tərcümə mərkəzində problem var, yoxsa işə dəvət edirlər? Bəlkə Dönməzin tərcümələri, təhlili yazıları maraq doğurub? Oğlanlarının taleyinə onların özündən çox Məzlum narahatlıq keçirirdi. Məzlumun arvadı düşünürdü ki, bir az pul toplayıb, uşaqların heç olmasa birini evləndirmək lazımdır, nənə-baba yaşları çatıb, ancaq nəvə təbəssümündən məhrumdular. Məzlum evə gələndə uşaqların evlənmə məsələsini ciddi müzakirə etmək istəyirdi, onların tay-tuşları çoxdan ailə həyatının şirinliyini dadıblar. Arvadı yerin içində oturduğu yerdə huş apardı, gördü ki, Məzlum leysana düşüb, yol azıb, Dağkənddən aşağıdakı dərəlikdə ayağı necə sivrişibsə üzüaşağı qışqıra-qışqıra yumbalanır. Məzlumun arvadı yuxunun dəhşətindən qışqırdı, öz səsinə özü oyandı, atılıb yerindən durdu, qapıya cumdu, qapı taybatay açıldı, külək Məzlumun arvadının üzünü yaladı, saçlarını sir-sifətinə yaydı. Arvada elə gəldi ki, bir az aralıda dayanıb ona tərəf baxan Məzlumun üz-gözü qanın içindədi, paltarları didilib, taqətdən düşmüş dizləri əsir, sonra Məzlum əlini qaldırıb arvadına tərəf uzatdı, sanki kömək istəyirdi, arvadı ona tərəf gedəndə Məzlum kölgəyə döndü, uzaqlaşdı, uzaqlaşa-uzaqlaşa dönüb arvadına əlini uzadır, «gəl» işarəsini verirdi. Daş yolun aşağısında köhnə körpu vardı, Məzlumun arvadı dumanlı şəkildə xatırlayırdı ki, körpü buz bağlayanda onu keçmək çətin olur. Ərinin körpünün yanından rahatca ötməsi onu çay dərəsinə enməyə həvəsləndirdi. O yeridikcə ayağının altında torpaq xırçıldayırdı, bir azdan Məzlumun arvadı ayaqlarının islandığını hiss etdi, əyilib aşağıya baxanda çayın ortasında çökməkdə olan buz parçasının üstündə dayandığını gördü, canının üşütməsi artdı. Məzlumun arvadı hələ də avarmırdı, bütün bunlar aşkarda baş verir, yoxsa yuxu görür. Göy üzü sanki qaranlıq otağın tavanıydı, buludların arasından üzü gah görsənən, gah da itən ay pəncərədən süzülən soyuq işıq parçasına oxşayırdı. Onun yuxusu da yatağı kimi bumbuz idi, üşüyən düşüncələr və buz bağlamış körpü kimi… 1 aprel 2007
|
|