İbrahim İlyaslının təqdimatında Oqtay DOLĞUN
1982-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetini bitirib. Ə.Kərim adına Sumqayıt şəhər Poeziya klubunda fəaliyyət göstərən «Dəniz» ədəbi birliyinin üzvüdür. QƏLBİNƏ ƏKİN İstərəm bir eşqi sonsuz yaşayım, Təki həsrət yükü daşımayım mən. Qanadsız yaşayım, qolsuz yaşayım, Bircə məhəbbətsiz yaşamayım mən. Keçim sınağından dumanın, çənin, Düşüm pəncəsinə çovğunun, qarın. Ya bəxtim sevgimi göyərtsin mənim, Ya solum əlində o gözəl yarın. Ölsəm, vücudumu bükməyin ağa, O ipək telləri üstümə çəkin. Dostlar, basdırmayın məni torpağa, Aparın o qızın qəlbinə əkin! UNUDA BİLMƏZSƏN XATİRƏLƏRİ…
Sevgi əbədidir ruhumuz təki, İnsan bu dünyaya gəldi-gedərdi. Ayrılıq ölümdən betər deyil ki, Ürəyi yaşadan xatirələrdi. Çalış dərdlərinin dönmə yasına, Ağlama gedənin dalınca qəti. Dəyməz göz yaşının bir damlasına, Dünyanın yüz illik acı həsrəti. Yaşa gəncliyini, yaşa doyunca, Hələ çırpınırsa sinəndə ürək. Eyləmə ömrünü əldə oyuncaq, Həyatın qədrini biləsən gərək. Qoy şirin arzular qovsun səni də, Qəlbində kədərin olmasın yeri. Unuda bilərsən bəlkə məni də, Unuda bilməzsən xatirələri… Feyziyyə HACIZADƏ 1982-ci ildə Beyləqanda anadan olub. Sumqayıt Dövlət Texniki Kollecini bitirib. Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunda metodist işləyir. «Dəniz» ədəbi birliyinin üzvüdür. NAĞIL Bir nağıl-yuxuydu gördüm elə bil, Yarı yuxuluydum, yarı da oyaq. Hər şey duman kimi çəkildi qəfil, Sən mənə arxaydın, mən sənə dayaq. Bəlkə də sən yoxsan, xəyallarımda, Səni uydurmuşdum bilə-bilə mən. Əgər belədirsə necə olub ki, Girib ürəyimdə uyuyur kölgən? Varsanmı, yoxsanmı? – çaşıb qalmışam Ölümlə olumun arasında mən. Olsaydın qədrini bilməzdim bəlkə, Yoxsan ki, bu qədər əzizdi kölgən. Ey mənim nağılım, ey mənim xülyam, Bəlkə nə zamansa yoxdan var oldun. Bəlkə çıxıb gəldin xəyallarımdan, Könlümün taxtında tacidar oldun… Qönçələr açanda güllər solurlar, Sən mənə ümidsən, duyduğum xəyal. Əlçatmaz istəklər gözəl olurlar, Nakam arzular tək ürəyimdə qal. QƏRƏNFİL Səni kimdir sevən bica qərənfil, Sənə mən aşiqi-şeyda qərənfil. Xurşudbanu Natavan Həsəd aparırdı bir zaman güllər, Toy-nişan keçməzdi sənsiz, qərənfil. Qana-qan söyləyib, qana boyandın, Səni şəhid etdi qansız, qərənfil. Nə solğun baxırsan güllər içində?.. Qalmısan qan dolu göllər içində. Şəhid axınında, şəhid köçündə, Ah necə ağladın səssiz, qərənfil?! Qanlı tariximdə qaradı yazım, Şəhid ruhları var, çəkirlər nazın. Əsirdir aşiqi-şeydan – Xan qızı, Açılmır səhəri, elsiz, qərənfil.
|