Əgər desəm ki, yeknəsəklik, yaxud nəyinsə - fərqi yoxdur nəyin – aramsız təkrarı sonda bir bezginlik ovqatı yaradır, yəqin ki, Amerika açmayacam. Amma deməliyəm, ən azı ona görə ki, əlimdən başqa heç nə gəlmir.Yəni, məhz bu situasiyada əlimdən heç nə gəlmir.Bu situasiya da ibarət ola nədən? - Muğamın şirin çaya dönməyindən. Nəyinsə şirin çaya dönməyinin, yaxud döndərilməyinin nə demək olduğunu da açıqlamağa ehtiyac yoxdur. Ən azı «Ulduz»un oxucularını erudisiyalı kəslər şaydığımçün. Bəs nədən bu gün muğamı şirin çaya döndəriblər: axşam muğam, səhər muğam, günorta muğam?.. Mən muğamsevər deyiləm, amma zövqlər haqqında mübahisə etməzlər deyə, bu xüsusda heç kimin «nədən?» sualına cavab verməyəcəm. Muğamın bütün kanalları zəbt etməyinin səbəbini isə çox düşündüm. Axırda bu qənaətə gəldim ki, nəyəsə zaman-zaman aludəçilik də bizim xarakterik xüsusiyyətlərimizdəndir.Yaddan çıxaranlar üçün kiçik bir ekskurs edim ötən onilliklərə: Bir vaxtlar saqqız dövrü idi- İranla sərhədlərin təzə-təzə açıldığı vaxtlarda.Hamı saqqız çeynəyirdi – elliklə. Sonra krassvord dövrü oldu; küçədə, bayırda, evdə, iş başında hamı krassvord həll edirdi – elliklə. Sonra siyasi hadisələr dövrü oldu; başı çıxan, çıxmayan- hamı siyasi şərhçi olmuşdu- elliklə. Daha sonra Avropa standartlarına uyğunlaşma cəhdləri başladı.Hamı qərblilər kimi düşünməyə, danışmağa, geyinməyə başladı – elliklə. Daha sonra şou- biznes yarandı, yarıçılpaq müğənnilər evlərini, mətbəxlərini, yataq otaqlarını, bir sözlə, istedaddan başqa nə vardısa, təqdim etdi millətə – elliklə. Bizim günləri isə şərti olaraq muğam dövrü adlandırmaq olar.Olsun, amma qorxuram ki, muğamın bu cür ifratçılıqla təbliği də yaxşı nəticə verməyə. Çünki muğam pərəstişkarı olmasam da yaxşı müşahidəçiyəm və bu qənaətdəyəm ki, muğamın aludəçiləri belə, bu təkrarçılıqdan bezib. Sonda ulu Nizaminin qəzəllərini başdan-ayağa əzbər bilən ifaçılara, müəllimlərə, ustadlara şairin bu məşhur misralarını xatırlatmaq istərdim: Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar. …Təbliğatçı sözü idarə edir, sənətkarı isə söz idarə edir. - Bunu da Karl Kraus deyib…
|