KAMANÇA Qəməsi Kərəmin külündə Köksünə yol salıb! Habilin ürəyidi vallah! Dünyasından asılı qalıb. Açarsız aləmdə Zəmanəsi bəndə düşüb, bədləşən. Məğrurluğa kişiliyi kilidləşən! Mənliyinə, məsləkinə Haqsızlığın oxu süzən kişilərin İç harayı, iç səsidir kamança! Əsrlərin haqqa həsrət Fəryadıdır, Şah İsmayıl hikkəsidir kamança! Nənələrin qəm sığallı Hörüyündən bənd olubdu Sinəsinə ağ telləri! Şəhidlərin nakam-nakam Vətən ötən dilləri! İniltisi İnir-inir inildəyən Babəkimin Doğram-doğram qollarının Damar-damar sızıltısı! Ürəkləri göz yaşına çəkə-çəkə, Yerin-göyün nəşəsini Ələmlərə çökdürən ah! Sandığında sevgisinin ölümünə «Qara kağız» yasa batan! Qara yaylıq gəlinlərin Qarımayan hönkürtünün nəqarəti: «Of, Allah!» Təzə xalı: Şuşa adlı bir gözəlin Natəvana ağı deyən zümzüməsi! Xan əminin əsir düşən şikəstəsi! Qarabağın şikəst səsi! Xocalının ürəklərdə Şırım-şırım don bağlayan Kimsəsizlik üzüntüsü! Daş-torpağın qarış-qarış, Aha dönüb, ərşə qalxan Min ocağın, min tüstüsü! Köhnə xalı: Nəsiminin qürubundan qopan üsyan! «Ənəl-həqq»i damcı-damcı Xəncər-xəncər tarixlərə həkk edən qan! Ağlar zaman, yanar dövran! Aman Allah! Səfi göylərdə Ölüm qatarına düzülmüş, Mavi qaqqıltılı, Göz yaşları qanadına çırpınan qərib durnaların Harayı içimdə qanadı! Kamança Ana südü qoxumayan Nəvazişi sazaq-sazaq, çılpaq-çılpaq! Qınaq-qınaq! Danlaq-danlaq! Körpələr evinin Qocalmış dərdinə hopub, Qapısına övlad əli toxunmayan! Pəncərəsi xoş ovqata, mərhəmətə açılmayan qocalar evində, Sitəm-sitəm qəm oxuyan anadı! Kamança Qəriblik qoxuyan dünyada Qəriblərin tel-tel yanan, obasıdır, elidir! Şəhriyarın daş altında körpüləşən əlidir! Qurbaninin, Ağ Aşığın Fanilikdən şikayətkar dilidir! Kamança Göyçə deyib, sızıldayan Türklüyümün mərsiyəsi, Təziyəsi, ağısıdır! Dünya boyda diləyimin Vətən boyda yarasıdır! Kamança Zindanların qapısını ağladan! Haqsızlığa açılan Dəmir çarpayıların Dəmir yaddaşını yadan! Şər-böhtana boyun bükən Neçə-neçə günahsızın Puçur-puçur, pöhrə-pöhrə Arzusunu, diləyini Naləsiylə qanadan! Harda ötürsə, ötsün Dərdimizdən yuxarıdı kamança! Canımızda köklənibdi, elə bil Qanımızın axarıdı kamança! Babaların qəlyanında Ötən günü tüstülədə-tüstülədə, Nənələrə şərq dastanı söyləyir. Ələmin dizinə baş qoyub, Özünə neyləyir? Neyləyir, bizə eyləyir! KİMİYƏM Bir az atam, bir az anam, Bir az da özüm kimiyəm. Dərdimin qanadı sınıb, Aləmdə sözüm kimiyəm. Qalib boyda zəfərsizəm! Səngərimdə nəfərsizəm! Yurda sarı səfərsizəm, Ocaqsız gözüm kimiyəm. Qarabağda vətən ölür! Ah yanır, aman tökülür. Papağım başıma gülür!!! Nizamsız düzüm kimiyəm. Məni məndə yoğurdular, Dil-ağızdan qovurdular, Qürbət boyu sovurdular! Birim yox, yüzüm kimiyəm. Tüstüm qalxır burum-burum, Hislənir əzmim, qürurum. Heykələ zarıyır xorum! Sınmış gündüzüm kimiyəm. Məcnun ömrü qəmdən alıb, Fərəhini bəndə salıb! Bir ünvansız gorum qalıb! Dözürəm,dözüm kimiyəm.
|