Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Bilal ALARLI
Zülmə şərik olanlar
(hekayə)


İbrahim İLYASLI


Təyyar Salamoğlu(Cavadov)

«RUHUN DİNDİYİ YERDƏ…»
yaxud MƏTLƏB NAĞI LİRİK ŞAİR KİMİ


Məcnun GÖYÇƏLİ


Mübariz CƏFƏRLİ
ŞAHİD QATAR
Povest


İbrahim İlyaslının təqdimatında
Oqtay DOLĞUN
Feyziyyə HACIZADƏ


Teyyub MƏNSİMOĞLU
TÜRK DİLLƏRİNİN ANALOJİ TƏDQİQİ


Zəka VİLAYƏTOĞLU
ŞƏKİ PİTİSİ
hekayə


Hicran HÜSEYNOVA 
MUĞAM DÖVRÜ


Binnət ƏSGƏR



 

Mübariz CƏFƏRLİ
ŞAHİD QATAR
Povest


 

Heç vaxt yuxuyozmalara-filana inanmamışam. Çünki adına yuxu deyilən sirli-sehrli dünyanı çərçivəyə salmağın özü ağlasığmazdı. Həm də külli Adəm övladlarını ümumiləşdirib bir fərd kimi götürmək düzgün deyil, yəni eyni vaqeəni iki adam görmüş olsa, həmin yuxuya müxtəlif yuxular tək yanaşılmalıdı. Məsələn, tulaq ki, Əhmədlə Səməd yuxuda qapı görübsə, oyananda Əhmədin «qapı»sı Səmədin «qapı»sından hökmən fərqlənməlidi, çünki Əhmədlə Səməd ayrı-ayrı adamlardı, ən azı onların yaddaşı fərqlidi. Gördüyümüz yuxu yadımıza düşəndə bizimki olur. Günorta yediyini axşam unudan, qayğısı başından aşıb yan-yörəsini bürüyən adamın yuxuda gördüklərinin mühüm detallarını xatırlamayacağı şəksizdi. Deməli, yuxunu yozub adi həyata calamaq səyinin özü əbəs, yersiz olmaqla bahəm, həm də natamamdı. Burada yaddaşı əsas götürmək də səhvlərə apara bilər. Guya, yuxunu dəqiqliklə, tamam-kamal xatırlamaq mümkün olsaydı digər qapılar öz-özünə açılacaqdı. Xeyr! İnsanların eyni qəlibdən çıxdığını götürdükdə, ən asan yolla getdikdə, məsələni həddən artıq sadələşdirdikdə – misal üçün yuxu tərsinə yozulmalıdı – bu belə görünür. Nyutonun, Eynşteynin yuxusuyla papuasların gördüklərini eyniləşdirmək ağlabatan deyil axı… Bəs hardadı çıxış yolu? Bax budur əsas məsələ!.. Kələfin ucunu necə tapaq, nədən başlayaq? Neçə milyardlıq əhalinin yuxusuna fərdi yanaşma gözgörəsi xaosdu. Nisbət, çoxluğun azlığı üstələməsi də yerinə düşmür. Düzünə qalsa, Qərb alimlərinin, xüsusən Freydin və ardıcıllarının yuxuyozmaya girişmələri, yuxunu hissiyyatla bağlamaları ilğımdan başqa bir şey deyil. Yəni o cavablar işləri lap dolaşdırır, hər cavabın içindən yeni suallar meydana çıxır. Əlbəttə, tarixin ayrı-ayrı kəsiklərində alimlərin bu sahəyə müraciəti təqdirəlayiqdi. Qaranlığa zərrəcə öləzik işıq sızdırmaq cəhdinin özü alqışlanmalıdı. Lakin etiraf eləməliyik ki, hər dəfə oxları daşa dəyib axtaranların. Çünki sirrin açılma məqamı yetişməyib. Əsrlər boyu zamanı qabaqlamaq istəyənlərin, gizlidən örtüyü vaxtından əvvəl aralamağa çalışanların aqibəti məlumdu. Ya daş-qalaq olunublar, ya da diri-diri yandırılıblar. Ən yaxşı halda Qalıleysayağı üzdə özlərini məğlub kimi göstərib geriləyiblər. Bir addım dala çəkilsələr də için-için gülümsünüblər; mənim bildiklərimi almağa acizsiniz, bunun üçün özümü məhv eləməlisiniz, amma təəssüf ki, bəhanə tapmayacaqsınız məni öldürməyə, çünki əllərimi qaldırıb sizə təslim olacam. Əsl gülən axırıncıdı. Hayıf ki, ömür çatmır ürəkdən gülməyə. Əsassa gülmək-filan deyil, hər şeyin özəyi, nüvəsi irəli-geri atılan addımlardı. Qəribədi ki, hərdənbir yuxuda adamın qulağına səs də gəlir. Addım səsi…
…Sonra fikirləşirsən ki, görəsən ins-cins gözə dəyməyən meşəliyin ortasındakı yola necə düşmüşəm? Hava qaraldığından göyün üzündəki qaramtıl buludlar sezilmir. Narın yağış yağır. Paltonun yaxasını qaldırsan da nə üşüyürsən, nə üşənirsən. Ürəyində şükür eyləyirsən ki, palçıqda-zadda yerimirsən, ayağının altındakı şüşə kimi düpbədüz asfaltdı. Asfalt bərq vurur, nədisə, ətraf işıqlıdı. Nurun mənbəyi müəmmalıdı, əslində aysız-ulduzsuz gecə, üstəgəl çoxillik meşə ağaclarının sıx yarpaqları hər yanı zülmətə döndərməliydi. Deyəsən göydən yağış əvəzinə tozabənzər nur çilənirdi. Yox, toz üst-başı islatmaz, amma onun panaması yaş idi. Bəs onda işıq hardan gəlirdi, zərrəcikli damcılar niyə parıldayırdı? Bunlar bir qırağa, ən çaşdırıcısı, ən mat qalmalısı – onun buralarda nə iti azmışdı? Bu haqda baş sındırmağa dəyərdi. Ancaq çox düşünmək lazım gəlmədi. Olanlar kino lenti tək gözünün qabağından keçirdi. Di gəl lent köhnə idi, tez-tez qırılırdı. Bəzi məqamlar itib getdiyindən qaranlıq döngələri üstüörtülü addayırdı. Lakin xatırladığı burasıydı ki, deyəsən o qatarla hansısa rayona gedirdi. Kiçik bir stansiyada aşağı düşmüşdü nə səbəbəsə. Nə üçün getdiyini anlamadığı kimi, niyə qatardan düşdüyünü də kəsdirmirdi. Əlqərəz, başı qarışmışdı bir də özünə gələndə görmüşdü ki, qatar gözdən itib. Qəribədi ki, qatar səssiz-səmirsiz getmişdi. Beləcə, ya vəlvələdən, ya zəlzələdən olan olmuşdu, keçən keçmişdi, qatar gözdən itmişdi. Hardan biləydi ki, olanlar bununla bitməyəcək, hər şey irəlidədi? Qəfil aclıq özünü büruzə verməyə başladı, mədəsi mən ölüm, sən öləsən bilmirdi, aclığın dalınca dəhşətli ağrılar gəlməliydi. Buna yol vermək olmazdı. Ehtiyat igidin yaraşığıdı. İgidlikdənsə keçmişdi, əvvəlcə bəzi məsələləri aydınlaşdırmalıydı. Hələ ki, doğrudan-doğruya aydınlıq idi. Hava tutqun, buludlu olsa da qaralmamışdı. Ətraf lal, sakitdi. Üstünə taksi etiketi yapışdırılmış maşınlar ard-arda dayanmışdı. Sürücülər sükan arxasında tənbəl-tənbəl mürgüləyirdilər. Yəqin ondan gözləri su içmədi, heç birisi qımıldanmadı. Və yəqin onun da qatarda yükü, çamadanı yoxmuş, quş yüngüllüyü ilə maşınların yanından ötüb üstünə iri hərflərdə «Stansya» yazılmış balaca birmərtəbəli, divarları əhəglənmiş tikilinin pəncərəsini ehmalca döydü. Tikilinin başındakı yazı özündən böyükdü, içəridən işıq gəlirdi və aydınca görünürdü ki, darısqal otaqdakı stolun arxasında tosqun bir qadın əyləşib. Qadının əynində ağ xalat vardı. Kassirdən çox həkimə, tibb bacısına bənzəyirdi.
- Nə lazımdı? – qadın pəncərəni açıb xırıltılı səslə soruşdu, səsində şəfqətdən əsər-əlamət yox idi.
-Mənə bilet verin. Bakıya… – mənzil başına çatmayıb yarı yolda qalmışdısa, daha axıracan getməyə dəyməzdi, geri qayıtmaq məsləhətdi, həm də hara getdiyini bilmirdi. – Kuneyə, Es Beyə…
- Mümkün deyil… – qadın soyuq-soyuq dilləndi.
- Onda hansı bilet olur-olsun.
-Mümkün deyil, – qadın robot kimi təkrarladı.
- Niyə?
- Biz Bakıya bilet satmırıq.
- Səbəbi?
-Çünki qatarlar bizim stansiyada dayanmır.
O, çaşqın-çaşqın çiyinlərini çəkib başını irəli uzatdı:
- Necə dayanmır, axı mən qatardan indicə düşmüşəm.
- Elədi, – qadın səbrlə cavab verdi. – Tiflisə gedənlər burada beş dəqiqə dayanır, Bakıya qayıdanlarsa yox…
O, köksünü ötürdü:
- Aydındı… Heç nə eləyə bilməzsiniz?
- Yox, – qadın azca ara verib əlini birçəkləri ağarmış saçlarına çəkdi. – O biri stansiyaya gedə bilərsiniz, Bakıya gedən qatarlar orada beş dəqiqə dayanır.
- Ora buradan çox uzaqdı?
- Hara?
- O biri stansiya…
- On beş kilometr…
- Bəs necə gedim?
Qadın maşınlara işarə elədi:
- Odey, taksilər yan-yana düzülüb…
- Sağ olun.
Qadın:
- Xoş getdiz… – deyib pəncərəni örtdü.
Amma taksiyə minmədi. Əvvəlcə yaxındakı iri, gözəgəlimli restorana girdi. Ora necə getdiyini unutsa da içəridəki, cah-cəlal könlündəndi. Salonda rəngbərəng işıqlar yanıb-sönürdü, estrada musiqisi çalınırdı, saksafon səsi gəlirdi. Ətrafdakı təmizlikdən, müğənninin peşəkarlığından əyalətdə olduğunu ağlına gətirməzdin. Ağ kostyumlu ofisiantın səliqə-səhmanı öz yerində… Yaşı əlliyə yaxın olsa da stolun başında əmrəmüntəzir dayanmışdı.
- Nə buyuracaqsınız?..
Hər şey qaydasındaydı, ancaq yenə nə isə çatışmırdı. Həmin «nə isə»nin nədən ibarət olduğunu meşəliyin ortasındakı asfaltda addımladıqca anlayırdı. Orda, bər-bəzəkli, səliqəli restoranda canlılıq, duyum yox idi. Ordan, içəridən soyuqluq, quruluq yağırdı. O soyuq, o sazaq sümüyə işləsə də adamı üşütmürdü, içəri girən ordakı ab-havaya göz qırpımında uyğunlaşırdı. Musiqi də adi deyildi, adamın ağlını yerindən oynadırdı, lakin gərək diqqətlə qulaq asaydın, ritmi ötürsəydim ilahi ləzzətdən məhrum olacaqdın, çünki xarici effekt yox dərəcəsindəydi; musiqiçilər yerindən tərpənmirdilər, deyəsən müğənni də ağzını açmırdı. Müştəri adına içəridə bircə o idi. Hörmətə bax, müğənni onun üçün oxuyurdu, musiqiçilər onun üçün çalırdılar. Müğənninin sözlərini başa düşməsə də – deyəsən xarici dildə oxuyurdu – ritmik musiqi canına yağ kimi yayılırdı.
- Nə buyuracaqsınız? – yaşlı ofisiant təkrarladı.
- Nəyiniz var?
Ofisiant kəpənək qalustukunu sığallaya-sığallaya:
- Nə istəsəniz… – dedi. – Bizdə quş südü də tapmaq mümkündü…
- Bəs niyə müştəriniz yoxdu? – O, yan-yörəsinə boylanıb iri pəncərələrin ağ pərdələrinə göz gəzdirdi, guya adamlar gəlib boş stolların arxasında deyil, pəncərələrin qırağında oturacaqdılar.
Ofisiant arın-arxayın əlini yellədi:
- Onlar gecəyarısı təşrif buyururlar. Tezdi hələ…
Söhbətin kimlərdən getdiyini anlamasa da üstünü vurmadı.
- Onda əvvəl sulu yemək gətir, – azca fikrə getdi. – Bozbaş… Qoyun ətindən… Xalodnıy necə lazımdı… Balıq kababı… Yüz əlli qram araq…
Ofisiant:
- Baş üstə, – deyib gedirdi ki, o, iki barmağıyla ehmalca kişinin ağ köynəyindən tutdu.
- Dayan görüm…
Ofisiant ayaq saxlayıb diqqət kəsildi.
- Yeməkləriniz min ildən qalma olmasın. Keyfiyyət üçün başınla cavabdehsən. Mənim mədəm barometrdi. Geydirmə xörəkləri ilk tikədən tanıyıram…
- Ooo!… – Ofisiant özünü heyrətlənən kimi göstərdi.
Bir kasa bozbaşla yüz əlli qram arağı vurub balıq kababına girişməmişdən ofisiantı çağırıb yenə içki gətirtmək istəyirdi ki, arxadan güllə səsi eşidildi. O, dik atıldı, musiqi kəsildi, muğənni və musiqiçilər səssiz-səmirsiz, izsiz-tozsuz yox oldular. Qalxıb divarın küncündə sərələnib qalmış kişiyə yaxınlaşanda ayağı yumşaq stula ilişdi…
…Sonra yenə lentdəkilər pozulmuşdu. Dazbaş, donbagöz müstəntiqin darısqal, yarıqaranlıq otağı gəlirdi birdən-birə kadra.
- …Demək istəyirsiniz ki, mən qatiləm?


- Yox, yox, nə danışırsınız, başqa şahidlər də var, – müstəntiq çar-naçar qalmışdı. – İlk baxışdan hər şey göz qabağındadı. Hövsələdən çıxmağa dəyməz. Adi intihara da bənzəyir bu…
- Bənzəyir neyçün? Tapança mərhumun əlindəydi. Öz gözlərimlə görmüşdüm…
- Orası elədi, intəhası, bəzi məsələlər aydınlaşdırılmalıdı…
- Məsələn?..
- Bunu mən açmalı deyiləm, – müstəntiq səsini yavaşıdıb pıçıltıya keçdi. – Ancaq siz şəhərdən gələn qonaqsınız, gözümüz üstə yeriniz var, – əlindəki qələmlə balaca vərəqin üzərinə uyarsız xətlər cızdı. – Sizə bəzi məsələləri anlatmaq olar. Adətən intihar eləmək istəyən adam gülləni ürəyinə sıxmır. Gicgah, ağız daha əlverişlidi. İkincisi restoranda müğənni, musiqiçilər dediyiniz adamlar yoxdu, heç vaxt da olmayıblar. Rəngbərəng işıq-filan da sizin fantaziyanızdı. Orda işıq nə gəzir, gümüşü rəngdədi oralar.
- Deyirsiniz mən yalan danışıram?
- Yox, yox, o barədə düşünməyin. Ancaq özünüz dediniz ki, içmişdiniz…
O, müstəntiqin sözünü kəsdi:
- Yüz əlli qram…
- Noolsun? – müstəntiq vecsiz-vecsiz əlini yellədi.
- Adamlar cəhənnəm, musiqini qulaqlarımla eşitdim axı…
- Musiqi, oxucu, çalğıçı qəsdən quraşdırılmış səhnə də ola bilər. Bu hadisədə dolaşıq yerlər çoxdu. Biz mərhumun evində axtarış aparacağıq. O yazıq tək yaşayırmış. Arvadı beş il qabaq ölübmüş. Özü də sakit adamdı. Restoranın gözətçisiydi, aşpaza da kömək eləyirmiş… Nə isə, bəlkə kələfin ucunu axtarışdan sonra tapdıq.
- Deyirsiz bu qətldi?
Müstəntiq ayağa qalxıb çiyinlərini çəkdi:
- Hələ heç nə deyə bilmərəm. İndi axtarışa gedəcəm. Səhər danışarıq.
O, çar-naçar durdu:
- Elə gecə ilə mərhumun evini axtaracaqsınız?
Onun sözləri müstəntiqə ləzzət verdi:
- Gecə-gündüz nədi, ay qardaş, biz iş başındayıq, yuxu nədi bilmirik…
- Bəs mən neyləyim? – O, çaşqın-çaşqın soruşdu.
- Heç nə, çıxın gedin. Sabah görüşərik.
Daha: «Hara gedim?» – xəbər almağa utandı.
Bayıra çıxandasa ağlına gəldi ki, dəmiryol stansiyasına gedib ordakı taksilərdən birinə əyləşsin və elə gecəykən şəhərə qayıtsın.
Tərs kimi stansiyadakı maşınlardan əsər-əlamət yox idi. Təkcə bayaqkı balaca pəncərədən öləzik işıq gəlirdi. Yenə pəncərəni ehmalca döydü. Bu dəfə yaşlı bir kişi pəncərəni açdı.
- Salam.
- Əleyküməssalam.
- Mən şəhərə qayıtmaq istəyirəm.
- Hə… – kişi içini çəkdi.
-Buradakı maşınlar hanı bəs?
- Bu vaxt səni heç kəs aparmaz…
- Niyə? Puluna minnət…
- Məsələ pulda deyil, bala. Pul şeytan tələsidi…
- Heç olmasa gecəni qalmağa bir yer tapacam, ya yox? – Özü öz səbrinə heyran qalmışdı, tamam sakit danışırdı.
- Niyə tapmayacaqsan, Allah qonağı evə bərəkət gətirər. Bu asfalt yolu görürsən? – Qoca əlini irəli uzatdı.
O, gözlərini qıyıb:
- Görürəm, – dedi.
- Yavaş-yavaş gedərsən. Amma nəbadə yoldan çıxasan. Azarsan… İndi oğluma zəng vuracam, səni qarşılayacaq.
Qocaya «sağ ol» deməyi unudub soruşdu:
- Çox gedəcəm?
- İki kilometr. Qonşumuz da şoferdi. Gecəni qalarsan, səhər aparar səni şəhərə. Qorxmazsan ki?
- Yox, ay kişi, narahat olma…
- Özüm aparardım səni, buranı yiyəsiz qoya bilmərəm, – qocanı öskürək tutdu. –Səhərəyaxın qatarlar keçəcək burdan.
- Sağ ol, kişi, ehtiyac yoxdu. Tək gedərəm.
- Oğlum çıxacaq qabağına. Amma asfaltdan düşmə, yolu əlinə al, get…
- Yaxşı.
…Burda lent bitirdi, hardan-hara yol aldığı bəlli olurdu, qalanların lentə düşüb tarixə çevrilməsi üçün bu yolu axıracan getməliydi. Hələliksə yolun ortasında idi, bir azdan qocanın oğlu onu qarşılayacaqdı…
Vaxtsız qonaq öz kisəsindən yeyər. Onunsa kisəsi-zənbili yoxdu, ancaq ev sahibi gülərüz və ehtiyatlı adamdı, sanki bütün biş-düşü hazırlayıb onu gözləyirmişlər. Ev dəbdəbəli, ikimərtəbəli olmasa da sahibinin – stansiyada işləyən qocanı nəzərə almasaq – toppuş, balacaboy, danışdıqca sol yanağındakı yekə, ətli xalı titrəyən və sağ gözü çəp kişinin ürəyi genişdi, elə arvadının, ev sahibəsinin də çöhrəsinə istiqanlılıq tülü çəkilmişdi, on-on iki yaşlı sarısaç, göygöz oğlanınsa – uşaq valideynlərinə qətiyyən bənzəmirdi – bayaqdan gözü qonaqda idi.
- Elə bilirsən haçansa qayıdacaqsan? Səni gətirən gətirib bura… – yox, bu sözləri balaca deyə bilməzdi, düzdü, oğlanın ağzı tərpənirdi, ancaq səs yoğun və yorğun, aram və zabitəli kişi səsiydi, elə bil o kəlmələr işıqlı otağın içində deyilmirdi, lap uzaqlardan qulaqlarına, beyninə-şüuruna dolurdu. Elə o da qeyri-ixtiyari, sövq-təbii eşitdiklərinə inanmaya-inanmaya yaşından çox-çox böyük danışan oğlanın söylədiklərinin qarşısında büzüşə-büzüşə və çəkingən-çəkingən:
- Deyirsən əcəl gətirib məni?… – soruşdu.
Oğlan əlini yellədi:
- Yox, əcəl yaşayanlara aiddi…
Daha heç nə soruşa bilmədi. Ev sahibi içəri girdi, əlində də bir butulka araq. Ardınca da arvadı yemək gətirirdi, qucağı dolu idi. Kişi otağa girən kimi oğluna:
- Ə, qırışmal, – dedi, – get yat, gecdi.
Uşaq da dinməz-söyləməz çıxıb getdi.
Amma uşaq gedəndən sonra o, yeyib-içdiyini bilmədi, iştahı tamam küsmüşdü, güc-bəla ilə çeynədiklərinin dadı-tamı yoxdu, ev sahibinin danışdıqlarısa sanki onun alnına dəyib qayıdırdı, ayrı-ayrılıqda kəlmələri ayırd eləsə də söhbətin nədən getdiyini anlamırdı. Qəfil ayağa qalxıb:
- Mən yatmaq istəyirəm, – deyəndəsə ev sahibi çaşıb qaldı və key-key altdan-yuxarı müsahibinə baxaraq seyrək kirpiklərini tez-tez qırpa-qırpa:
- Sən əməlli-başlı içməmisən axı… – dedi. – Nədən narahatsan?
- Kefli-zad deyiləm, qardaş. İntəhası, işlərim dolaşıb… Mən hökmən şəhərə qayıtmalıyam.
- Otur sən allah! Annıyıram, qəfil yaxalayıblar səni, öyrəşməmisən düşdüyün şəraitə. Ancaq gecənin xeyrindən gündüzün şəri yaxşıdı. Səhər tezdən özüm yola salaram səni. Qonşum taksi şoferidi, düz şəhərə gedərsən. Puluna minnət…
O, müsahibinin uzun-uzadı izahına qulaq asa-asa əyləşəndə kəmsavad şagird kimi gözlərini bərəldib:
- Kim yaxalayıb məni? – xəbər aldı astaca.
- Heç kim, adamın özünə elədiyini min düşmən yığışa törədə bilməz, – filosofluqdan adi söhbətə döndü. – Burdan gecəyarısı getməyin mənim üçün, bizim ocaq üçün yaxşı deyil. Hələ atamın yüngülsaqqal düşməyini açıb ağartmıram. Səhər işdən qayıdanda soruşmaz ki, ay oğul sən nəkarəsən mənim qonağımı elə gecəykən yola salasan, kimsən axı sən? Allah qonağına qul ola bilməyən bəndə qarşısında xəcil olar. O ki qaldı bizim uşağın şıltaqlığına, sən ona bənd olma, – kişi boynunu irəli uzadıb pıçıltıya keçdi. – O Allah saxlamış yəqin səni də incidib, yaman nadincdi, keçən yay atdan yıxılıb möhkəm əzilmişdi, üz-gözü qan içindəydi, beyni də silkələnmişdi. Qolu çıxmışdı, topuğu sınmışdı. Hələ də bir ayağını çəkir yüngülcə. Öyrəşmişik ona, mehr-məhəbbətimizi salmışıq, – kişi anicə tərəddüd elədi. – Amma o, bizim uşaq deyil. Bizim uşağımız olmurdu. Əlimizi hər yerdən üzmüşdük. Di gəl, günlərin birində mən o oğlanı meşədən tapdım. Mauqli kimi bir şey idi o, mən tapanda. Yerimək əvəzinə iməkləyirdi, düz-əməlli danışa da bilmirdi. Çox sevinirdim. Təkcə ona görə yox ki, oğul tapmışdım. Həm də onun üçün ki, Tanrı dualarımı eşidib mənə övlad göndərmişdi. Nə fərqi hansı yolla… Deməli, mən əməlisaleh adamam. Deməli…
Arvadı otağa girəndə kişi sözünü yarımçıq kəsib yalandan bir-iki ağız öskürdü və çaşqın-çaşqın ətrafa boylanıb soruşdu:
- Harda qaldım?
Arvadı yerin altından-üstündən agahkar təbəssümlə bic-bic gülümsünüb yumşaq stulda oturdu və qonağa yüz ilin tanışları kimi göz vurub xəbər aldı:
- Yenə kimin qeybətini qırırdı?
Qonaq oğurluqda yaxalanmış təki yöndəmsizcəsinə əl-ayağa düşüb tələsik cavab verdi:
- Heç kəsin.
- Ay arvad, qoy oturmuşuq sən canın. Qonağa təntənəli xoşgəldin eləyirəm. Arzu eləyirəm ki…
Arvad ərinin sözünü kəsdi:
- IUzun danışma, qonaq üçün araq süz…
Əri dinməz-söyləməz qədəhləri doldurdu, deyəsən içmək üçün ürəyi gedirdi. Ərindən qabaq arvad qədəhi götürüb ayağa qalxdı və üzünü qonağa tutub:
- Xoş gəlmisiniz, – dedi. – İçək sizin gəlişinizin şərəfinə, – arağı bir udquma içib sir-sifətini turşuda-turşuda əyləşdi.
O, çar-naçar içib yeməyə girişdi. Araya sükut çökdü. Kişi susmuşdu. Elə bil bayaqdan dil-dil ötən adam deyildi. Məsələ məlumdu; arvadın indi dəbdə olan demokratiya hay-küyündən qandığı qrafa yoxdu. Simasındakı həlim, mehriban, xoş təbəssümsə böyük siyasətin nişanəsiydi.

II
- Başa düşürsən, bir şeyi ki, Allah sənə çox görür, sən də razılaşmaq əvəzinə gecə-gündüz dua, yalvar-yaxar eləyib yaradanın zəhləsini tökürsən, dolayısıyla işinə qarışırsan Tanrının, başından yekə qələtlər eləyirsən, axırda O da mərhəmət göstərib: «Qoy sən istəyən olsun» – deyir. Sondasa, lap sonda anlayırsan ki, gözəgörünməz öz işini hamıdan yaxşı bilirmiş… Onda da gec olur. Çox gec olur, – arvadı bir-iki qədəh araq içib bayıra çıxandan kölgəli otaq yarıqaranlıqlaşmışdı. O, müsahibinin üzünü güclə sezirdi, daha doğrusu, sir-sifətini görməsə də hiss eləyirdi ki, ağzı tərpənir. – Əvvəl-axır çanaq diləyənin başında sınır. Elə bilirsən arvadım elə binadan hökmlü idi? Yox, canım, min kərə yox! O uşağı talandan, o uşaq bizim evə ayaq basandan dəyişib o. Səbəbini hələ də anlamıram, bəla burasındadı ki, heç özü də bilmir yüz səksən dərəcə dəyişdiyini. Heç nə hiss eləmir. Bunlar öz yerində, amma mən bircə şeyi ovcumun içi kimi bilirəm, – kişi pıçıltıya keçdi, – o uşaq böyüyüb mənim başımı kəsəcək…
Əstəğfürullah, deyəsən müsahibi əməlli-başlı keflənmişdi, beləsinə baş qoşmaq quyudan xəlbirlə su götürməkdi.
O, üzrxahlıq elədi:
- Bəlkə yataq?… Gecdi… Mən də yorğunam, yəqin elə siz də, – kişinin boynuna qoydu. – Sabah söhbətləşərik. Süfrəniz bol olsun, yeyib-içəndən sonra yuxu basır adamı…
Kişi çənə-boğaz eləməyib könülsüz-könülsüz ayağa durdu:
- Yataq deyirsən yataq, amma sabah söhbət eləyə bilməyəcəyik…
O, yerindən qalxıb diqqət kəsildi:
- Niyə?
- Çünki ertədən qonşum səni şəhərə aparacaq.
O, sevindi, deməli, bu qat-qarışıq hadisənin sonuna bir gecə qalırdı. Qoy o şəhərə qayıtsın, burdakılar da baş sındırıb qaşınmayan yerdən qan çıxarsınlar. Öldürübsə, kim-kimin axırına çıxıb və niyə çıxıb? Öldürməyibsə, bu yersiz çək-çevirin səbəbi nədi? İndi əsas məsələ kəlləni yerə atıb yumşaq yorğan-döşəkdə şirin yuxuya getməkdi. Qalanı sabah bəlli olacaq. Yaşamadığımız gün bizim deyil…
Sübhdənsə yatdığı otağın qapısı bərk-bərk döyüləndə əvvəlcə elə bildi yuxu görür. Sonra gözlərini açıb ətrafa boylandı yerinin içindəcə. Pərdəsiz pəncərələrdən süzülən ay işığı ağappaqdı, bir azdan ay yekəlib-yekəlib göy üzünün işığında əriyəcəkdi. Əriməkdən ötrü ay balacalaşmamalıydı, böyüməliydi. İlahi, bu necə yerdi, bu necə məkandı, burda səs-küylü, rəngli, hay-haraylı yuxular görür adam. Yox, bu yuxu, vaqeə-filan deyildi, qapı doğrudan-doğruya elə döyülürdü ki, az qala çarpayının üstünə vurulmuş iri çərçivəli şəkil – yarıqaranlıqda şəkildəki sifətləri ayırd eləyə bilməsə də cavan gəlin, yanında da bığıburma kişi olduğunu elə dünən gecə sezmişdi – divardan qopub düşəcəkdi onun kəlləsinə.
- Kimdi? – yorğanı boğazınacan çəkib yuxulu və əzgin səslə xəbər aldı.
- Mənəm, canım, oyan… Tez ol… – ev sahibinin səsini tanıdı.
- Nolub? Qonşun məni şəhərə aparmağa gəlib? – ilk ağlına girəni narazı-narazı dilinə gətirdi.
Zalım uşağının həqiqətən gecə-gündüzü yoxdu. Yatıb yuxunu almağa da imkan vermirlər. Ev sahibi – dədəsi işdə olanda ona bu vəzifəni rəva görmək olardı, hərçənd arvad gözünün odunu yaman almışdı – qapını azca aralayıb iniltiyə bənzər səslə yazıq-yazıq:
- Yox, e, – dedi. – Paqonlular gəlib dalınca. Səni aparmağa… – ya qonşu otaqdan işıq düşürdü, ya da kişinin canını qorxu aldığından rəngi avazımışdı. – Nə məsələdi ki? – çəkinə-çəkinə soruşub cavab gözləmədən qapını örtdü. Deyəsən yazıq özünü tamam itirmişdi.


O, qalxıb geyindi.
Qapını döyən yəqin gələnləri tanıyırdı, bəlkə də zəhmli polis maşınından – «RAF»-dan – xoflanıbmış, yoxsa ona dinməz-söyləməz əl verib görüşən üç bazburutlu, yekəpər kişinin heç biri polis formasında deyildi.
O, gizlənməyə yer axtarırmış kimi büzüşüb yumağa dönmüş ev sahibiylə xudafizləşməyi unutdu. (Əslində unudub eləməmişdi, intəhası, ev yiyəsinin dindiriləsi halı qalmadığından onu çox incitməyib maşınına minəndən sonra pəncərədən razılıqla başını tərpətmişdi, ev sahibisə lal-mat maşının arxasınca baxaraq karıxmışdı).
Maşında da heç kəs dillənməmişdi, yox, lənət şeytana, bir xeyli gedəndən sonra onunla üzbəüz əyləşən nazik, uzun ağ plaşının ətəkləri yerə dəyən qarayanız kişidən soruşmuşdu ki, siqaret çəkmək olar?
Kişi qurcalanıb:
- Hə, – demişdi, – əlbəttə, – cibindən siqaret qutusunu çıxarıb ona uzatmışdı.
O, isə qutudan siqaret götürməmişdi, öz siqaretini yandırmışdı, qarayanız kişi də pərt-pərt gülümsünüb qara panamasını gözünün üstünə basaraq mürgüləmişdi. Salondakı o biri kişisə lap dərinə getmişdi; arxa oturacağa uzanıb əməlli-başlı xoruldayırdı. Sürücü də ki, öz işindəydi…
Müstəntiqin darısqal, alaqaranlıq otağına girəndə hava işıqlaşsa da içəri yenə həmən-həməndi, bu otaq gecə-gündüz eyni, bozumtul rəngdəydi. Pəncərələri xırda olduğundandı yəqin. Divarboyu uzanan iri rəflər kitablarla, qalın qovluqlarla dolu idi. Hansı kitabın, yaxud qovluğun harda olduğunu tapmaq üçün gərək qollarını çırmayıb əldən-ayaqdan düşəydin. Burası da var ki, peşəkarlardan ötrü heç bir hədd keçilməz deyil, naşının bir aya görə bilmədiyini usta onca dəqiqəyə düzüb qoşur. Deməli, peşəkarlar naşılardan bir neçə ömür çox yaşayır. Deyəsən iş stolu küncdə qoyulmuş, stolüstü lampanın gur işığında başının kölgəsi qapının ağzınacan yekələn müstəntiq də uzunömürlülərdəndi. Ən azı gecələr gözünə yuxu getmədiyindən… İntəhası, onun hamını öz arşınıyla ölçərək adi adamların yuxusuna haram qatması yekəxanalıq əlamətiydi. Vacib məsələnin bir-iki saat sonraya saxlayıb ayıq başla həll etmək mümkündüsə, sübhün gözü açılmamış onun dalınca üç bığıburma kişi göndərib sətiraltı güc-qüvvə nümayişinə nə hacət? Bəlkə müstəntiq inanmırdı ona, elə bilirdi aradan çıxacaq?
- Hə, gəlmisiniz, – müstəntiq üzbəüzdəki stulda ona yer göstərdi. – Əyləşin, – qəribədi ki, yuxulu-filan deyildi, səsi anaydındı.
O, irəli yeriyib otaqdakı yeganə boş stulda oturunca müstəntiq qabağındakı kağızları eşələyib nə isə axtardı. Müstəntiq darısqal otaqla müqayisədə həddən ziyadə uyarsız görünən iri kresloda əyləşmişdi, önündəki stulda o, büzüşüb oturmuşdu, qapının ağzındakı kətildəsə kitablar üst-üstə qalaqlanmışdı. Daha otaqda ayrı stul-kətil-filan yoxdu. Nə boşu, nə dolusu…
Deyəsən «gəlmisiniz»i «sabahınız xeyir» əvəzinə demişdi, amma sabah-sabah buralarda hansı xeyirdən söhbət gedə bilərdi? Üstəlik özünəməxsusluqla salamlaşan ayrı heç nə deməyib qarşısında əyləşənə fikir vermədən masadakı kağız-kuğuzları eşələməkdəydi. Önündəkinin üzünə də baxmırdı. Nəhayət, qızıldan qiymətli daz başını qaldırıb:
- Necə yatmısınız? – bəzək-düzəksiz soruşdu.
O, kəsəsinə cavab verdi:
- Pis.
- Niyə? – müstəntiq vacib bir söz eşidəcəkmiş kimi diqqət kəsildi.
- Gələnlər qoymadılar yuxumu alım.
- Sizi narahat elədiyimə görə üzr istəyirəm.
O, əlini yellədi:
- Eybi yoxdu. Yəqin nəsə ciddi bir səbəb var.
- Şübhəsiz.
Bu dəfə o, müstəntiqin ağzını marıtladı:
- Məsələn…
Müstəntiq ayağa qalxdı:
- Qoy deyim bizə çay gətirsinlər… – və otaqdan çıxdı.
Çayı özündən qabaq gəldi. Sarışın qadın dinməz-söyləməz otağa girib sinidəki iki fincan çayın birini müstəntiqin boş stuluna tərəf qoydu, birini onun qabağına. Otaqdakının təşəkkürünə zərrəcə əhəmiyyət vermədi, guya qulaqları kardı. Və sinini yüngülcə döyəcləyə-döyəcləyə otağı tərk elədi. O, bir az sakitcə əyləşəndən sorna çayını içmək üçün qənddən-şirniyyatdan tapmaq üçün əvvəlcə stola göz gəzdirdi, gözləri axtardığını sezməyəndə əlilə kağızları eşələdi. Yəqin müstəntiqin şəkəri vardı. Çayı şirniyyatsız içirmiş… Tərs kimi dikəlib masadakı kağızları eşib-eşmələməyə başı qarışanda müstəntiq içəri girdi.
O, pərt-pərt stola yayxansa da özünü itirmədi, fincandakı çaydan bir qurtum alıb fincanı nəlbəkiyə qoydu.
- Səhər durandan çay da içməmişəm… – dedi sərbəstliklə.
Müstəntiq onun sözlərini qulaqardına vurub yerində əyləşdi, masadakı qatmaqarışıq kağızlara ehtinasızlıqla baxaraq:
- Biz mərhumun evində axtarış apardıq, – dedi. Uzunsov sifətinin bircə qırışı da tərpənmədiyindən simasından heç nə oxumaq olmurdu. Gözləri ölgün və soyuqdu.
- Maraqlı nə isə tapa bildiniz?
Müstəntiq cavab əvəzinə masanın siyirtməsini açıb kağız çıxardı və ona uzatdı:- Sizcə kimdi bu?
Demə, müstəntiqin verdiyi kağız yox, şəkilmiş…
O, şəklə uzun-uzadı baxıb ağır-ağır dilləndi:
- Mənəm, – sanki neçə ilin yorğunuydu, bütün bədəni birdən-birə süstləşmişdi.
Müstəntiq süni inamsızlıqla:
- Fotomontaj ola bilməz ki? – soruşdu gülümsünə-gülümsünə.
O, çiyinlərini çəkib:
- İnammıram, – dedi. – Mənim şəklimi montaj eləmək kimə lazımdı axı?..
Hələ də gözlərini şəkildən çəkə bilmirdi. Nadir şəkildi, ağ-qara… Təxminən yeddi, səkkiz il öncə çəkilmişdi. Meşədə, bulaq başında… O idi, arvadı, bir də qızı. Ancaq naşı fotoqraf çəkmişdi şəkli. Həvəskar olduğu işindən bəlliydi. Çox solğun şəkildi, bir əsrdən qalma fotolara bənzəyirdi, az-maz onun sir-sifəti aydınca görünürdü, arvadıyla qızının surəti isə xəyalında gerçəkləşirdi, özgəsi bu şəklə baxsaydı onların cizgilərini gözünün qabağına gətirə bilməzdi. Bu şəklin bərpaya ciddi ehtiyacı vardı, yoxsa şəkildəkiləri tanıyanı da mat-məəttəl qoyardı. Onun xatirələrindəki, xəyallarındakı adamlar bu şəkildəkindən qat-qat diriydi, qat-qat canlıydı. Əksinə, baxdığı şəkil onun xəyallarına öləzik, nazik kölgə salırdı, tül pərdə çəkirdi.
- Hə… – müstəntiq fincandakı çayı yarıyacan içib bic-bic mızıldadı.
- Nə hə?.. – O, gözünü şəkildən çəkib çaşqınlıqla müstəntiqə baxdı.
- Nə deyə bilərsiniz?
- Nə deməliyəm ki?
- Necə izah eləyə bilərsiniz bunu?
- Nəyi? – O, qeyri-ixtiyari şəkli müstəntiqə uzatdı.
Müstəntiq şəkli alıb:
- Biz bu fotonu mərhumun evindən tapmışıq. Axtarış vaxtı… Bu necə… Necə izah eləyə bilərsiniz bunu, – kəlməsini yarıda kəsib təkrarladı.
- Heç necə… Baş açmıram…
Müstəntiq şəkli masanın üstünə qoydu:
- Arxasında yazı-zad da yoxdu.
- Nə yazı?
- Kələfin ucunu tapmaq üçün ilişki… Şəklin çəkilmə tarixi yadınızdadı?
- Hə, xatırlayıram…
- Deyirsiniz öldürüləni tanımırdınız?
- Onu öldürüblər yəni?..
- Hələ sübut olunmayıb. Ancaq çox güman ki…
- İnanırsınız inanın, inanmırsınız öz işinizdi, mən o rəhmətliyin üzünü ilk dəfə o zəhrimara qalmış restoranda, kişiyə güllə dəyəndən sonra görmüşəm. Nitqi tutulmuşdu, güllə yerindən qan selləmə axırdı. Niyə yalan deməliyəm axı, mən qatil-zadam bəyəm?
- Əsəbiləşməyin, sizə inanıram.
- Çox sağ olun… – O, dərindən köks ötürdü.
- Heç kəs sizdən şübhələnmir. Amma sizin vasitənizlə həqiqəti aşkara çıxarmaq istəyirik. Namuslu bir vətəndaş kimi siz istintaqa kömək eləməlisiniz. Borcunuzdu bu…
O, yerində qurcalanıb:
- Əlbəttə, – dedi. – Mən hazıram.
- Deməli, mərhumu tanımırdınız?..
- Tanımırdım.
- Şəkil məsələsinə nə deyə bilərsiniz?..
- Heç nə. Möcüzədi… Qısası, cavab tapmıram…
- Allaha inanırsınız?.. – Müstəntiq qəfil söhbəti dəyişdi.
Qımışıb fincandakı soyumuş çayı birnəfəsə başına çəkdi və fincanı nəlbəkiyə qoyub:
- Hərdən inanıram, hərdən şübhələnirəm, – dedi.
- Bu məsələyə sizin qətiyyən aidiyyatınız yoxdu?
- Hansı məsələyə?
- Restorandakı ölüm işinə.
- Yox, – o, anicə fikrə getdi. – Yoxdu…
- Bəs onda niyə səhər tezdən şəhərə qayıtmaq istəyirdiniz?
- Bunu sizə kim dedi? – o, tutuldu.
- Nə dəxli var, – müstəntiq tərəddüd elədi. – Nə isə, burda gizlədiləsi bir iş yoxdu, evində gecələdiyiniz adam…
Daha üzə durub məsələni tündləşdirməyə dəyməzdi.
- Mən neyləyim, kim ağrımaz başına dəsmal bağlayar? Siz də qaşınmayan yerdən qan çıxarırsınız. Yəni mən caniyə, qatilə oxşayıram? Kimisə öldürmək üçün səbəb, motiv olmalıdı.
Müstəntiq stolun üstündəki qələmi götürüb nə isə cızma-qara eləməyə başladı və yaza-yaza ona baxmadan dodaqaltı mızıldandı:
- Qatilin qatil olduğu alnına yazılmayıb. Kstati, təkrar eləyirəm heç kəs sizdən şübhələnmir. Biz sizə rayon mərkəzindəki mehmanxanada yer də düzəltmişik, bütün şəraiti yaratmışıq ki, narahat olmayasınız. Gedin dincəlin, yuxunuzu alın, sürücü aşağıda sizi gözləyir. Amma əvvəlcə bu kağıza qol çəkin, – müstəntiq ehmalca kağızı onun qabağına sürüşdürdü.
O, gözucu kağıza baxıb:
- Nədi ki, bu? – soruşdu.
- İltizamnamədi. Rayonu tərk eləməmək haqqında…
- Əgər imzalamasam?..
- Onda gərək biz sizi həbs eləyək. Hər ehtimala qarşı…
Araya sükut çökdü.
«Bu dünyada hər şey olur…»
Harda, nə vaxt oxumuşdu bu cümləni xatırlamırdı, ancaq bilirdi ki, ən dolaşığı içəri keçməkdi, hadisəni dərinləşdirməkdi, bir də ki, məhbəsdən qurtuldun, qurtulmadın, ömür boyu yandırar ki, bircə günlük də olsa haqsızlıqla üzləşmisən. Deyirlər rəhmətlik Sokratın arvadı həbsxanaya əriylə görüşə gəlir və yana-yana ona deyir ki, hayıf, sabah səni nahaqdan edam eləyəcəklər. Filosof etinasız-etinasız arvadına baxıb dillənir ki, sən istəyirdin məni haqqına edam eləsinlər? Amma haqq, nahaq anlayışı kifayət qədər nisbi olduğundan çox çək-çevirə ehtiyac yoxdu. Labirintdən çıxmaq olmur. Əsas bu bozumtul, gümüşü, günəş görünməyən bölgədə işləri birtəhər yoluna qoyub sağ-salamat evə qayıtmaqdı. Kişinin başı qalda gərək, deyiblər. Ancaq qaldan kişi kimi qurtulmağın özü də kişi işidi. Dərd-bəlaya oğul, ər kimi sinə gərmək də, sinə gərib üzüağ çıxmaq da hünərdi. İndisə əsl hünər göstərmə dəmiydi. Lakin ehtiyatla… Ehtiyat igidin təkcə yaraşığı yox, həm də yaraq-yasağıdı. Yaraq-yasaqsız igidin nə yaraşığı?.. Qılınc-qalxan zamanı öz yerində, indi stolun üstündəki qələmi götürüb sakitcə, dava-dalaşsız kağıza qol çəkmək lazımdı. Amma kağızı imzalayandan sonra dilini dinc qoya bilmədi:
- Mən prokurorla görüşmək istəyirəm…
- Siz gedin mehmanxanaya, dincəlin. Sonra prokurorla görüşərsiniz…
- Mümkündü bu?
- Əlbəttə … Bu sizin haqqınızdı… Bizim qonaqlara böyük hörmətimiz var.
«Hörmətin gözünə girsin», – O qəfil ağlına gələnləri deməməkdən ötrü xeyli əziyyət çəkməli oldu. Üstəlik gülümsünüb:
- Nə vaxt görüşə bilərəm? – xəbər aldı.
Müstəntiq anlamadı:
- Kiminlə?
- Prokurorla.
- Dəqiq deyə bilmərəm, – kağızı qabağına çəkib onun imzasına diqqətlə baxa-baxa mızıldadı. – Tezliklə…
- «Acı bağırsaq kimi uzanacaq…»
- Uzanmaz, – müstəntiq yorğun-yorğun gözlərini ovuşdurdu. – Narahat olmayın…
O, qulaqlarına inanmadı, deyəsən bu dəfə beynindən keçənləri dilinə gətirmişdi, ancaq qəribəydi ki, özü eşitməmişdi dediyi kəlmələri. Pencəyinin cibindən dəsmal çıxardıb alnının tərini silmək istədi, amma yadına düşdü ki, dəsmalı çirkli və ütüsüzdü, elə yan cibindəcə yumurlanıb.
- Gedə bilərəm? – soruşub cavab gözləmədən qalxdı, daha doğrusu, müstəntiq gec dilləndi.
- Yaxşı yol, aşağıda sürücü gözləyir sizi…
- Sağ olun, – əyilib görüşmək üçün sağ əlini irəli uzatdı, lakin müstəntiqi fikir götürmüşdü, gözü kağızlarda idi, siqaret yandırıb baxışlarını stola, stolun üstündəkilərə dikmişdi.
O, dilxor-dilxor havada qalan əlini saçlarına çəkib otaqdan çıxdı.


Mehmanxananın birinci mərtəbəsindəki kafedə yüngülvari səhər yeməyi yeyib nömrəsinə qalxdı. Otaq səliqəli idi. İçəridə televizor da vardı. Hayıf ki, işıqlar sönmüşdü. Yoxsa, ən azı paytaxtda, dünyada baş verənlərdən xəbər tutmaq mümkündü. Özünü narahat və əzgin hiss eləyirdi. Gündəlik xəbərlərdən qəzet-jurnallardan ayrı düşməyi də bir qüsura çevrilməkdəydi… Pəncərənin qabağına gəlib bayıra göz gəzdirdi. Narın yağış qurtarmaq bilmirdi. Küçədə ins-cins yox idi. Soyunub çarpayıya uzandı. Yorğanı sinəsinə çəkib kirpiklərini bir-birinə pərçimlədi. İndi onun dərmanı rahat, dərin yuxu ola bilərdi. İştah diş altındadı, yuxu qaş altında… Bir şərtlə ki, səbrlə yuxu məqamını gözləməyə gücün çata…

III

Nə qədər yatdığını bilmədi, havanın tutqunluğu gözəyarı vaxt-vədəni dəqiqləşdirməyə də çətinlik törədirdi. Gözlərini yenicə açmışdı ki, telefon zəng çaldı. Yerindəncə əl atıb dolabçanın üstündəki aparatın dəstəyini götürdü.
- Alo…
- Mənəm… Eşidirsiniz?..
Müstəntiqin səsini tanıdı.
- Eşidirəm.
- Məşğul deyilsiniz ki?
- Yox, dincəlirəm…
- Bekarsınız?
- Hə, hə, – tələsik dilləndi, deyəsən «dincəlirəm» kəlməsi yerinə düşməmişdi. – Nə məsələdi?
- Yarım saata aşağı düşün, maşın gələcək arxanızca…
- Niyə? – hövsələdən çıxdı birdən-birə. Yerinin içində dikəlib: – Mən nə bilirdimsə demişəm, dediklərimə heç nə əlavə eləyə bilməyəcəyəm! – səsini qaldırdı.
Müstəntiq təəccübləndi:
- Axı siz özünüz prokurorla görüşmək istəyirdiniz… Bəlkə fikrinizdən dönmüsünüz?..
- Xeyr, xeyr! Qətiyyən!
- Onda görüşə hazırlaşın. Yarım saata dalınızca maşın gələcək. Danışdıq?
- Danışdıq…
Müstəntiq dəstəyi asdı, xətdə ritmik siqnallar eşidildi.
Dəstəyi yerinə qoyub ayağa qalxdı. «Otaqda saat yox, qolumdakı işləmir, mən nə bilim yarım saat haçan ötüşəcək?» – fikirləşib yuyundu və tez-tələsik geyinib birinci mərtəbəyə endi. Belə ucqar bölgə üçün sanballı mehmanxanaydı. Yəqin sərhəd rayonu olduğundan xüsusilə diqqət yetirmişdilər ki, ölkənin adına layiq görünsün. Həm də yayda buralar qonaq, turist əlindən əcnəbi bir diyara bənzəyirdi. İndisə lələ köçmüşdü, yurdu qalmışdı, kimi dindirsəydin deyərdi ki, bura cəhənnəmin orta göbəyidi, Allahın qəzəbi tutmuş yerdi. Cəhənnəmdəki odu, atəşi burdakı narın, sonu görünməyən tozabənzər yağış əvəz eləmişdi. Sanki orda od-alovdan yananlar burda nəmə, rütubətə urcah olurdular ki, mizan-tərəzi pozulmasın.
Prokurorun qəbul otağında çox gözləmədiyindən özü-özünə böyük göründü, hələ kabinetdəki hörmətli-izzətli qarşılanma, kabinet sahibinin az qala kandaracan onun qabağına yeriməsi… Çöhrəsindəki həlim, mehriban, istiqanlı uşaq təbəssümü… Ancaq bütün müsbət görüntülərin əksinə, prokurorun sifətinə baxan kimi başından yüngülvari bir ağrı qopdu. «İlahi, mən bu adamı harda görmüşəm? Yaman tanış gəlir». Arabir adi əşyanın adı adamın yadından çıxır, yaxud əlindən təzəcə qoyduğun qələmi tapa bilmirsən. Qalırsan gic-gicələk… Hərdən də qəfil yuxudan oyanırsan və bir anlığa öz evinin içindəcə özünü tamam yad hesab eləyirsən, mat-məəttəl fikirləşirsən ki, xudaya bura haradı, mən bura necə gəlib düşmüşəm? Yaxşı ki, tez ayılıb dərinə getmirsən, o biri qata keçsən olarsan dəli…
Prokurorun məhrəmliyini sübut üçün kiçik bir impulis, alovabənzər bir qığılcım lazım idi. Di gəl kişinin ad-familyası da ona heç nə demirdi. Belə məqamda adi kibrit çöpü, prokurorun havaya buraxdığı halqavari siqaret tüstüsü yeddi arxa dönəninin adından daha dəyərli açar ola bilərdi. Özgə vaxt fikir vermədiyin adi bir hərəkət sonsuz dərinliklərə apara bilər adamı. Amma gərək o hərəkəti tutma məqamını ötürməyəsən…
Kişi həddən ziyadə qanacaqlıymış, öz yerində əyləşmədi, elə onunla üzbəüz oturub gözlərini qonağa dikərək siqaretini tüstülətdi. Bu gombul, balacaboy, xoşsifət kişi bayaqdan qımışıb eləmirmiş, təbəssüm onun sifətinə həmişəlik hopubmuş. Seyrək və qıvrım saçları namütənasib bədəni yəqin ki, stuldan döşəməyə çatmayan ayaqları – hayıf ki, o, prokurorun ayaqlarını görmürdü, aralarında uzunsov stol vardı – onu polisə, prokurora yox, artistə, özü də komik rollar oynayan komediya artistinə bənzədirdi. Bir sözlə, sənətiylə görkəmi uyuşmurdu. İntəhası, nə bilmək olar, bəlkə ilk görünüş aldadıcıydı? Qapısına gələni elə bəri başdan, heç ağzını açmamış aldada bilirdisə, deməli, sadə adam-zad deyildi. O ki, qaldı boy məsələsinə binayi-qədimdən balacaboylar uzundurazlardan uca görünüblər. Çünki həmişə onların ayaqları uzunların çiyinlərində olub…
- Görüşümüzə şadam… Ağıllı adamlarla söhbətləşmək ləzzət verir mənə… – Prokuror sözə başlayanda o, istədi desin hardan bilirsiniz ki, mən ağıllı adamam? Amma dinmədi. Bəlkə o da prokurora tanış gəlirdi? Hər nə isə susmağın həqiqətən qızıl olduğu məqamlardandı. – Nə içəcəksiniz? Çay, kofe?.. Bağışlayın ki, spirtli içkilərlə birdəfəlik qurtarmışam. Həkimlər icazə vermir. Qara ciyərim şıltaqlıq eləyir. Əvvəldən işdə vurmaqdan zəndeyi-zəhləm gedir… İşə xəyanət ailəyə, arvad-uşağa xəyanətdi, vətənə-torpağa xəyanətdi! – birdən-birə coşub yeddimərtəbəli kəlmələrə keçdi. – Biz hamımız müstəqil respublikamızın əsgəri olmalıyıq! Özü də dildə yox, işdə, əməldə! – Yumruğunu yüngülcə stola vurdu. Yumruğunun zəif, ahəngdar səsi ilə həmahəng hirsi-hikkəsi də soyudu. Deyəsən bir atımlıq barıtı varmış…
- Çay, kofe əhəmiyyətli deyil, insan yemək-içməyə görə yaşamır, yaşamaq üçün yeyir, – prokurorun «ağıllı» statusunu doğrultmaqdan ötrü haçansa eşitdiyi kəlamı dilinə gətirdi. – Ayrı vaxt olsaydı mən qəbulunuza gəlib başınızı ağrıtmazdım. Onsuz da işiniz çoxdu yəqin…
Prokuror onun sözünü kəsdi:
- Yox, buyurun, buyurun… – divardakı iri portretə işarə elədi. – O kişi bizi vəzifəyə qoyub ki, xalqa xidmət göstərək, vətəndaşların problemlərini aradan qaldıraq…
O, dinməsə də dalağı sancdı. Prokurorun şirin, mədəni-mərifətli danışığından gözü su içmirdi. «Deyəsən bu məni kiminləsə dəyişik salıb…» – fikirləşdi. Lapdan başı hərləndi, stuldan yıxılacaqdı az qala, yaxşı ki, bu anicə ötüb keçdi.
Prokuror onun susduğunu görüb mətləb ətrafında hərləndi:
- Nə probleminiz var?
O, sözləri robot kimi kəlmə-kəlmə tələffüz elədi:
- Siz mənim başıma gələnlərdən xəbərdarsınız?..
Prokuror özündən razılıqla:
- Mən hər şeydən xəbərdaram, – dedi. – Restoranda o qocanı öldürüblər…
- Öldürüblər, ya özü-özünə qəsd eləyib?
- Yox, öldürüblər, – prokuror dəqiqləşdirdi. – Ancaq bu, Allah eləməmiş, sizin başınıza gələn iş deyil axı…
O, sevincək çığırdı:
- Hə də!
Prokuror diksindi.
- Nə hə də?
- Tutaq ki, qocanı öldürüblər, bunun mənə nə dəxli?..
- Amma indicə deyirdiniz ki, qoca özünə qəsd eləyib? – prokuror bic-bic gülümsündü.
- Axı siz özünüz belə dediniz…
- Mən çox söz deyə dilərəm…
- Siz də müstəntiq kimi məni dolaşdırmağa çalışırsınız, – o, narahat-narahat qapıya baxdı, guya, bu saat içəri girib, əllərini qandallayıb aparacaqdılar. – Ancaq mən sizi ümid yeri bilib müstəntiqdən şikayətə gəlmişdim.
- Əcəb eləmisiniz, amma… – prokuror kəlməsini yarıda kəsib içəri girən katibənin çıxmasını gözlədi. Sarışın katibə gətirdiyi stəkanları onların qabağına düzüb getdi. Çay buğlanırdı, iri büllur stəkanlardan buxar qalxırdı. – Amma o müstəntiq çox işgüzar adamdı, ən bacarıqlı işçimizdi. Peşəkardı… Sizi anlayıram, ancaq siz də bizi başa düşün. Biz bu rayonun, rayondakıların təhlükəsizliyi üçün cavabdehik. Ölkəmiz müstəqillik yoluna təzəcə qədəm qoyub, rayonumuz da sərhəd rayonu… Atəşkəs olsa da, müharibə vəziyyətindəyik. Düzdü, bizim tərəflər cəbhə bölgəsi deyil, intəhası, sərhəd – sərhəddi, müharibəni də bütün ölkə aparır, ayrı-ayrı bölgələr yox… Hansı sahə axsasa da biz işimizdə ayıq-sayıq olmalıyıq. Elədi? – Prokuror susub ona baxanda o, çar-naçar başını tərpətdi. Deməli, müstəntiqdən şikayətlənməyiniz əbəsdi, o, öz işini görür. Vicdanla gördüyünəsə mən zəmanət verirəm, – prokuror sağ əlini sinəsinə qoydu.
O, gerilədi:
- Müstəntiqin vicdanına şibhəm yoxdu, məsələ onun şəxsiyyətindən getmir, ancaq qatillə namuslu vətəndaşı ayırmaq onun vəzifəsidi, borcudu, peşəsidi…
- Deyirsiniz qatillərin alnına yazılıb cinayətkar olduqları?
O, duruxsa da kürəyini yerə vermədi:
- Orası elədi, sözüm yox, ancaq peşəkarlıq məsələsi də var axı arada. Bax siz deyin, mən qatilə bənzəyirəm, ya yox?
- Birincisi heç kəs sizi qətldə suçlamır… İkincisi isə, – Prokuror qısaca ara verdi. – Hamımız içimizdə bir az qatilik. Onu büruzə verib verməmək, üzə çıxarıb çıxarmamaq ayrı söhbətdi. Hər şey situasiyadan asılıdı, elə bir məqam gələ bilər ki, ən məzlum, ən həlim adam qəddar, amansız qaniçənə çevrilər. Məsələn, yeniyetməlikdə mən çox dalaşqan idim, pis yollara da düşə bilərdim. Yadımdadı, qonşumuzda cavan, göyçək bir gəlin vardı. Alagöz, şümal, yoğun hörüklü… Əri hər gün döyürdü onu, elə döyürdü ki, yazığın iniltisi bizim həyətdə aydınca eşidilirdi. Bax, onda mən özümə söz vermişdim ki, onun ərini öldürəcəm. Plan-zad da qurmuşdum. Hayıf ki, imkanım olmadı, gecikdim… – prokuror yenə siqaret yandırdı. – Çəkirsiniz… – qutunu ona uzatdı.
O:
- Yox, – dedi, – tərgitmək istəyirəm siqareti, ona görə az çəkirəm…
- Hə, zəhərdi, zəhrimardı, – siqaret qutusunu stola qoydu. – Tərgitsəniz yaxşıdı. Mənə də ziyandı, tərgidə bilmirəm.
- Sonra nə oldu?
Prokuror siqaretdən dərin bir qullab vurub əlini yellədi:
- Heç nə… Gəlin özü ərini yatdığı yerdə öldürdü, sonra da bıçağı öz boğazına çəkdi. Yazığın iki balaca yetimi qaldı. Bu da sizə real fakt! Gəlin özünü qurban verib məni qatillikdən qurtardı, yoxsa indi Allah bilir mən haralardaydım.
Prokuror susanda o, tavana baxdı, çünki yersiz bir gülmək tutmuşdu onu, qarşısındakı balaca, tosqun kişinin haçansa adam öldürmək xəyalına düşməyi qarışqanın filə hücumuna bənzəyirdi. Qəribədi, görəsən prokuror o vaxt arvadını döyən kişini öldürmək üçün necə plan qurubmuş? Əslində əsas boy-buxun yox, ürəkdi, qorxmazlıqdı… Uçurumun kənarında son addımı atmaqdan çəkinmirsənsə qalanı düzələn məsələdi. Sıldırımdan heçliyə yuvarlanmırsan, yerə dəyəndən sonra ağlasığmaz qapılar açılır, yuxarı qalxırsan. Yaradanın varlığı haqqında deyilənlər ona görə qeyd-şərtsiz qəbul olunmalıdı ki, insan ağlı onu dərk eləməyə qadir deyil. O sirlər hökmən öz-özünə açılmalıdı. Yoxsa məxluqat qiyamətəcən əks qütblərdə dayanacaq…
- Deyin görək kim inanardı o cavan gəlinin ərini qətlə yetirəcəyinə, hə? – prokuror stəkanı ağzına aparıb çayla dodaqlarını islatdı.
- Cənab prokuror, əslinə qalsa, o gəlinin ərini öldürməyinə səbəb vardı, düzdü?
Prokuror stəkanı nəlbəkiyə qoydu, siqareti külqabına basıb söndürdü və başını tərpətdi:
- Düzdü…
O, uğurdan ürəkləndi:
- Yaxşı, ömrüm boyu üzünü görmədiyim, tanımadığım adamı tutaq ki, öldürüblər. Mən neyləyə bilərəm? Günahkar deyiləm ki, mən o lənətə gəlmiş restoranda bir tikə çörək yemək istəmişəm…
- Yenə təkrarlayıram, mən sizə qatil kimi baxmıram. Siz ziyalı adamsınız, bizim yerlərə qonaq gəlmisiniz, gözümüz üstə yeriniz var. Sizə kim nə deyir ki?.. – prokuror burnunu çəkdi. – Halbuki sizin ilkin istintaqda verdiyiniz ifadədə dolaşıq, anlaşılmaz şeylər çoxdu…
- Məsələn? Siz mərhumun evindən tapılan şəkli nəzərdə tutursunuz?..
- Təkcə şəkli yox… Hərçənd o şəkil də ciddi faktdı… Bu barədə sonra… Bu heç… Siz heç adi hadisələri doğru-düzgün danışa bilmirsiniz… Misal üçün bizim rayona niyə gəlmisiniz, kimə gəlmisiniz, gəlişinizin səbəbi nədi, stansiyada qatardan niyə düşmüsünüz? Sizin hərəkətlərinizin heç bir cavabı yoxdu. «Elə-belə», «könlüm istədi», – bunlar cavab sayılmır. Başdansovduluq, başdan eləmək deyilir buna. Belə qeyri-ciddi sözlərə kim inanar? Hanı səbəb, alibi? – prokuror boğazını arıtladı. – O ki, qaldı şəkil məsələsinə burda iş tamam qarışıqdı.
O, nəsə demək istədi, prokuror sağ əlini qaldırıb:
- Sözümü kəsməyin, – dedi. – Biz o şəkli bütün qonşulara göstərmişik, soruşmuşuq kimdi şəkildəki, tanıyırsınız, ya yox? Bilirsiniz nə deyiblər?
O, key-key gözlərini döydü:
- Yox…
- Düzdü, cavanlar tanımayıb, yaşlılarınsa bir neçəsi qətiyyətlə bildirib ki… təkrar eləyirəm, qətiyyətlə bildirib ki, şəkildəki mərhumun oğludu…
Onun boğazı qurudu, nəsə demək istəsə də səsi çıxmadı.
- Müstəntiqin göstərdiyi şəklin sizin olduğunu danmırsınız ki?
- Yox, mənim şəklimdi.
- Yaxşı, bütün bunları necə izah eləyək?
O, çiyinlərini çəkdi:
- Bilmirəm…


- İstəyirsiniz şəkildə sizi tanıyanların adlarını çəkim? Lap görüşünüzü də təşkil eləyə bilərik…
Səbəbini anlamasa da qəfil süstləşib:
- Ehtiyac yoxdu, – dedi və stəkandakı çayı yarıyacan içdi, içdikcə susuzluğu artırdı, demə, ciyərləri yanırmış. – Siz doğrudan-doğruya məndən şübhələnirsiniz?
- Gəlin hələlik bu məsələni açıb ağartmayaq. Mənim şübhələrim qoy elə içimdə qalsın.
- Yox, xahiş eləyirəm mənimlə açıq danışın. Axı mənim ad-familim, atam, nəsil-köküm çoxdan məlumdu, mən kimin oğlu olduğumu yaxşı bilirəm. Bəs bu rəhmətlik kişi, restoranda öldürülən hardan çıxdı?
- Elə suallar var ki, onları siz cavablandırmalısınız. Amma indi ki, məndən açıq danışmağı xahiş eləyirsiniz, mən də öyrəndiklərimi deyib sizə yardımçı olmağa çalışacam. Ancaq söz verin ki, düzünü deyəcəksiniz…
- Söz verirəm…
- Yaxşı fikirləşin, bax, özünüz xahiş elədiniz açıq danışmağı…
O, ciddiliklə təkrarladı:
- Dedim ki, söz verirəm!
Prokuror qalxıb otaqda gəzişdi və sonra keçib küncdəki kresloya yayxandı. O, çar-naçar qanrılıb yumşaq stulda çəpəki oturdu ki, arxası prokurora tərəf əyləşməsin. Həm də müsahibinin üzünü görə bilsin.
Prokuror uşaq kimi ayaqlarını yellədə-yellədə soruşdu:
- O şəkildə sizin yanınızdakı arvadınız idi?
O, başını tərpətdi:
- Hə, arvadımla qızımdı…
- Mən sizin köhnə yaralarınızı qopartmaq istəmirəm, amma inanın ki, işlə bağlı həyatınızdan çox şeylər öyrənmək məcburiyyətində qalmışam… Bəlkə bəzi dəqiqlikləri siz özünüz də unutmusunuz… Arvadınızla qızınızın ölümünü də təsadif saymaq olar…
O, əl-qolunu ölçüb:
- O, təsadüf deyildi! – Prokurorun sözünü kəsdi. – Bədbəxt hadisəydi.
- Üzdən baxanda ölümlə bağlı bütün olayları bədbəxt hadisə hesab eləmək mümkündü, – prokuror ayağını-ayağının üstünə aşırmaq istəsə də boyu balaca olduğundan bacarmadı və ona baxıb pərtliyini gizlətmək üçün qımışdı. – Amma yadınızda saxlayın, həyatda təsadüfi heç nə baş vermir.
- Gülməyin, burda gülməli nə var ki? Tormoz tutmadı, maşın yoldan çıxıb ağaca dəydi…
- Sonra nə oldu?
- Heç nə, – o, çaşqın-çaşqın boynunu bükdü. – Arvadımla qızım rəhmətə getdi. Heç xəstəxanaya da çatdıra bilmədik.
- Bəs sizə nə oldu?
«Bu nədi, xudaya?» O, baş verənləri tamam dumanlı xatırlayırdı, o dumanlıqların içindən düz-əməlli heç nə ayırd eləmək mümkün deyildi. Təkcə iri söyüd ağacına dəymiş qırmızı maşın dumanlıqlar arasında çəhrayı rəngə çalırdı. Bir də sir-sifəti qan içində olan qadının ölgün səsi xırıldayırdı…
- Mən çiçəklənən dövrünü yaşayan…
Ancaq qatı dumanda özünü görə bilmirdi, deyəsən zərbə onu maşından, lap dəqiqi, yerindən qopub çilik-çilik olmuş qabaq şüşədən bayıra tullamışdı. Hərçənd bu onun ehtimalı idi, öz cismini görə bilmirdi. Ağlına gələn fikirdən xoflana-xoflana beynindəkiləri dilinə gətirdi:
- Deyəsən elə mən də öldüm…
Prokuror onun dediklərinə zərrəcə təəccüblənmədi:
- Olur elə şeylər… Dur gəl bura, bura rahatdı, – əli ilə yanındakı yumşaq kresloya işarə elədi.
O, mütiliklə qalxıb prokurorun yanındakı kresloda əyləşdi. Oturan kimi elə bil həqiqətən canına xoş bir rahatlıq yayıldı.
- Çörək yemisən? – prokuror ərklə «sənə» keçib köhnə tanışlar kimi soruşdu.
- Ac deyiləm, iştahım yoxdu…
- Yaxşı, sən bilən, «mən çiçəklənən dövrünü yaşayan» nə deməkdi?
O çiyinlərini çəkdi:
- Başa düşmədim…
- Deyəsən sənin arvadının son kəlmələriydi bu…
- Bunu da bilirsiniz? – qıyqacı prokurora baxıb yersiz sözlər dediyini başa düşdü. – Maşında arvadım qızıma nağıl oxuyurdu. Damda yaşayan Karlsondu-nədi onu. Yəqin zərbə vaxtı heç nə anlamayıb kitabı oxumağındaymış. Amma qəzadan sonra o kitabı tapa bilmədik ki, heç olmasa xatirə üçün, təsəlli üçün saxlayaq… – O, susub dərindən köksünü ötürdü və dalğın-dalğın əlavə elədi. – Nahaq o hadisəni yadıma saldınız. İndiyəcən həyəcansız xatırlaya bilmirəm… Göz qırpımında yaxınlarını itirmək ağır işdi. Adamın ayağının altından yer qaçır.
- Üzr istəyirəm, bizim işimiz belədi. Axı şərtləşmişdik ki, açıq danışaq…
- Eybi yoxdu, anlayıram sizi. Ancaq başa düşmürəm o qəzanın, arvadımla qızımın ölümünün restorandakı ölüm işinə nə dəxli?..
- Qızım dediyiniz uşaq sizin öz qızınız deyildi, – prokuror sığalsız-filansız sözünü kəsəsinə deyəndə o, səntirləyən təhər oldu, stulda otursaydı mütləq yıxılacaqdı. Prokuror uzaqgörənmiş, onu yanındakı kresloda əyləşdirməklə bəri başdan işini ehtiyatlı tutubmuş. Kresloda əyləşəndə, oturduğun yerin möhkəm olduğunu biləndə özünü ələ almaq da qat-qat asanlaşırmış.
O, sövq-təbii çal saçlarını sığallayıb gözləmədiyi yüngüllüklə:
- Noolsun? – dedi. – Bizim uşağımız olmurdu. Baldızımın qızını qızlığa götürmüşdük. Rəsmi… – «Rəsmi» kəlməsini xüsusi vurğuladı. – Mən o uşağı öz balam kimi sevirdim. Burda cinayət yoxdu ki?
Prokuror onun səsindəki kinayəni duysa da üstünü vurmadı. Üstəlik gülümsündü də. Deyəsən kefi yuxarıydı.
- Yox, yoxdu. Bu heç… İşdəki cavan qadından danış…
Onun dili dolaşdı:
- Nədən… e… kimnən?
Prokuror gülümsünməkdə davam eləyib:
- Yaxınlıq elədiyin qadından, – dedi.
«Bu belə şeyləri hardan bilir, ikicə günün içində kimdən öyrənib bunları? Axı elə məhrəm işlər var ki, onları öyrənmək mümkün deyil. Bu kimdi, adamdı, cindi, şeytandı»…
Prokuror onu uzun-uzadı düşünməyə qoymadı:
- Hə, cəsarətli ol!.. Mən çox şey bilirəm, ancaq istəyirəm özün danışasan. Şərti şumda kəsmişik, elədi?
- Mən arvadımı çox istəyirdim…
- Söhbət bundan getmir, işdəkindən danış…
- Onun uşağı olmasa da ayrılmadıq…
- O birinə keç…
- Çalışırdım ki, övladı olmadığını ürəyinə salmasın…
- Ayrı əlacım yoxdu, gərək sənə kömək eləyim. Qəzadan bir həftə qabaq aşnanla – bu sözə görə üzr istəyirəm, özün məcbur elədin açıq danışmağa – söhbətin necə olmüşdü?
- Heç nə yadımda deyil…
- Onda xatırladım. O gözəllər gözəli elə yataqdaca arzulamışdı ki, kaş sənin arvad-uşağın – o uşağın sənin olmadığını bilmirdi – olmayaydı. Kaş yer üzündə bizdən başqa heç kəs olmayaydı. Son kəlmələr əvvəlkiləri gücləndirib məhəbbət duvağına bürümək üçündü. Bəs sən nə dedin?
O, az qala dik atıldı, daha doğrusu, altına tikan batmış təki dikəlib yenidən əyləşdi:
- Mən heç nə demədim!..
- Düzdü… Deməli, yadındadı… Sən heç nə demədin… Elədi… Ancaq susmaq razılıq əlamətidi, hə? – Prokuror baxışlarını önündəki naməlum nöqtəyə zilləmişdi, üzündəki təbəssümsə silinmirdi ki, silinmirdi.
- Susmaq razılıq əlamətidi? Kim uydurub bunu? Kim?! – O, özündən çıxıb qanrılaraq rahat-rahat əyləşən prokurora baxdı və əl-qolunu namünasib şəkildə ölçə-ölçə davam elədi. – Bilirəm, bilirəm məsələni hara gətirmək istəyirsiniz… Guya, mən qəzanı qəsdən törətmişdim. Ağlı başında olan bu fikri yaxın buraxmaz. Niyə hamıya cinayətkar kimi baxırsınız, hə? Peşənizdən irəli gəlsə də hər şeyin həddi-hüdudu var. İnsanlara şeytan övladı kimi baxmaq mərdi qova-qova namərd eləməkdi! Nə qazanırsınız bununla, səbəbi nədi Adəm övladlarına inamsızlığın? Hamıya oğru, cani, qatil damğası vurmaqla nəyə nail olursunuz?
Prokuror ayağa qalxdı, otaqda gəzişə-gəzişə sağ əlini yuxarı qaldırdı və müsahibinə baxmadan:
- Bəsdi, özündən çıxma, Adəm övladı… Əgər mən pis adam olsaydım, səni basardım dama, – dedi.
O, udqundu: «Bu nə danışır?»
Prokuror davam elədi:
- Sənin dediklərinin, deyəcəklərinin mənim üçün zərrəcə əhəmiyyəti yoxdu. Çünki mən hər şeyi bilirəm. İstəyirsən özüm danışım? Nolar, qoy sən deyən olsun. Qəza vaxtı zərbə səni tullamayıb, sən zərbədən qabaq, qəzadan əvvəl maşından tullanmısan. Hardan biləydin ki, aqibətin lap pis olacaq…
- Yox səhviniz var, – o, ayağa qalxanda prokuror əli ilə «otur» işarəsi verdi və o da mütiliklə əyləşdi. – Maşından atılmağımın səbəbi özümü qoruma instiktiylə bağlıydı…
- Nə bilirdin ki, maşın ağaca dəyəcək?..
- Görürdüm…
- Bəs niyə qarşısını almadın?
- Əyləc sistemi sıradan çıxmışdı. Vaxt az idi. Saniyələr qızıla bərabərdi. O dəm yalnız qapını açıb maşından tullanmaq olardı. Ayrı heç nəyə imkan yoxdu…
- Bəs maşındakılar?..
- Daha mən aciz idim. Heç nə eləyə bilməzdim…
- Heç nə?
- Heç nə…
- Sonra da sübut eləməyə çalışırsan ki, arvadını sevirdin, nə bilim, ondan ötrü dəli-divanə idin…
- Yaxşı, mən neyləməliydim, neyləyə bilərdim?..
- Heç nə…
O sevindi:
- Çox sağ olun.
- Niyə?
- Düzünü dediyinizə görə…
- Həqiqəti deyirəm, sən heç nə eləməməliydin, – prokuror onun qarşısında ayaq saxladı. – Özünü maşından atmamalıydın. Üçünüz də eyni şəraitdə keçməliydiniz tale yazısını. Bu olardı qəza… Qurmasız-filansız… Kapitan qasırğa, tufan zamanı gəmini birinci tərk eləməz. Çünki onsuz da onu cəza gözləyir…
- Maşından atılmaq məndən asılı olmadı. Qeyri-ixtiyari…
Prokuror əlini yelləyib onun sözünü kəsdi:
- Onda nağıldı dediklərin… Arvadımı sevirdim, mən nə bilim, Məcnundum, Kərəmdim…
- Yaxşı, əgər dedikləriniz həqiqətdisə, onda mən qəzadan sonra o qadınla niyə evlənmədim, hə? Sizin sözünüzə görə qəza qurama idi, əsl səbəb – əstəğfürullah – arvadımla qızımı aradan götürməkdi. Bəs nəticə? Hanı nəticəsi? – O, qalib ədasıyla ayağa qalxanda prokuror yenə əlini qaldırıb, «əyləş» işarəsi verdi.
- Bəsdi, bəsdi… Heç olmasa özün yadıma salma… Qəzadan sonra o qadının ayaqlarına düşüb yalvarmaq istəyirdin. Ancaq gec idi, qadın başqasına qoşulub xarici ölkəyə köçmüşdü. Bax, onda sən əsl Məcnuna dönmüşdün. Gecə-gündüz ahu-zar eləyirdin. Başa düşmürdün ki, aşnan səninlə əlaqələri birdəfəlik kəsməkdən ötrü ailə-filan məsələsini atmışdı ortaya. Çünki ayrı adam çıxmışdı yoluna. Qadın da ailə məsələsini açıb ağartmaqla sənin özxoşuna arvad-uşağının yanına qayıtmağını istəyirdi, inanmırdı ki, sən ailənə arxa çevirib həmişəlik onun olasan. Bu, qadına sərf də eləmirdi. Yoluna çıxanla səni tərəziyə qoyanda o biri səndən qat-qat ağır gəlirdi. Ancaq neyləyəsən, gərək elə hərəkət eləyəydi ki, araya hay-küy düşməsin. Nə şiş yansın, nə kabab… Səndəki özünəvurğunluğunsa həddi-hüdudu yox idi. Cavan bir qadın məni dəlicəsinə sevib ömrünü mənə həsr eləmək istəyirsə, demək əvəzolun¬ma¬zam…
- Siz prokuror-filan deyilsiniz, – o, bayaqdan fikirləşdiyini dilinə gətirdi. – Cinsiniz, şeytansınız, nəsiniz bilmirəm. Bura da haradı baş açmıram. Küçədə günəş görünmür, aramsız yağış yağır. Otağınızdakı çıl-çıraq ətrafı işıqlandırmaq əvəzinə bozumtul gümüşü rəngə boyayır. Bura gələndən iştahım-zadım da kəsilib, düz-əməlli çörək də yeməmişəm.
- Yemisən, – prokuror yenə onun önündə ayaq saxladı.
- Harda?..
- Dəmiryolçunun evində, restoranda… Bizim camaat qonaqpərvərdi…
- Olmaz o restorandan. Ora getdiyim yerdə qıçım sınaydı. Yeyib içdiklərim piltə-piltə burnumdan gəlir…
- Allah eləməsin…
- Allah, bəndə nə fərqi… Restorandakı hadisələrlə başlayıb ailəmin faciəsinə keçdiniz. Bu işlərin bir-biriylə nə əlaqəsi?
- Sübut elədim ki, içi siz qarışıq bəndələrdən heç biri ətəyində namaz qılınası deyil. Mübahisənin yeri yoxdu, razılaşmasan da özün bilərsən, ancaq əminəm ki, qəza zamanı aşnanın dedikləri yadına düşüb beynini məşğul eləməsəydi qəzadan qaçmaq olardı. Amma təkrar eləyirəm mübahisəyə girişməyəcəm, bu söhbəti qutardıq… – Prokuror təslim olurmuş kimi əllərini yuxarı qaldırdı. – Onsuz da hər kəs əməlinə görə cavabını verir…
- Guya siz aydan arı, sudan durusunuz? – Prokuror otaqda gəzişdikcə onun başı hərlənməyə başlayırdı.
Bu dəfə prokurorun üzündəki həlim, mehriban təbəssüm silindi:
- Əlbəttə yox… Min dəfə yox!.. Dərd burasındadı ki, bəşər xəlq olunandan günahlılar günahlıları, suçlular suçluları ittiham eləyirlər. Yaxşı ki, heç olmasa təsəllimiz var…
- Nədi təsəllimiz?
- Deyirlər müdrik bir müəllim qocalmışdı, yeddi müridindən birini öz yerinə qoymaq istəyirdi. Axşam onlara tapşırdı ki, səhər gələndə hərəniz bir toyuğun başını üzüb mənə gətirərsiz. Ancaq elə eləyin ki, heç kəs görməsin toyuğun başını kəsəndə. Ertəsi şagirdlər canfəşanlıqla hərəsi iri bir toyuq gətirir. Biri deyir aparıb çöli-biyabanda üzdüm toyuğun başını, digəri deyir evdəkiləri yuxuya verib, sübhdən oyanıb toyuğun başını kəsdim. Növbə yeddinci şagirdə çatanda deyir ki, mən əliboş gəlmişəm. Müəllim təəccüblənir: «Niyə?» Mürid cavab verir ki, toyuğu basmarlayıb zənbilimə soxdum, ancaq hansı gizlinə çəkildimsə, hara getdimsə, ha xəlvət aradımsa gördüm Allah ordadı…
- Allah hər şeyi biləndisə, niyə insanı şeytana ürcah eləyir, niyə hər şeyi özü yoluna qoymur?
- Bayaq sənin ağlına yaxşı fikir gəlmişdi. İnsan zəkasıyla Tanrını dərk eləmək müşküldü. Hökmən dolaşığa düşəcəksən…
- Siz mənim fikirlərimi də oxuyursunuz? – O, heyətqarışıq maraqla xəbər aldı.
Prokuror zarafata saldı:
- Neçə ildi prokurorluq orqanlarında can çürüdürəm, fikir oxuma-filan nədi ki…
- Axı mən adi məişət hadisələrini düşünmürdüm…
Prokuror ciddiləşdi:
- Mən istintaq sirrini açmağa borclu deyiləm…
- Fikir oxumaq istintaq sirridi?
- Necə istəyirsən başa düş…
- Onda qayıdaq restorandakı olaylara…
Prokurorun çöhrəsinə əvvəlki təbəssüm qondu:
- Bilmirəm prokuror sənsən, ya mən… Heç yerə qayıdıb eləyən deyilik, – qısaca ara verdi. – Kstati, restoranı yaxşı yadıma saldın, dur gedək çörək yeyək. Maşın aşağıda gözləyir…

IV

Ancaq həyətdə maşın-zad gözə dəymirdi. Prokuror bunun fərqinə varmayıb heç nə olmayıbmış kimi soruşdu:
- Səhhətin necədi?
O, əvvəlki narın yağışın yağıb-yağmadığını yoxlamaqdan ötrü ovcunu irəli uzatdı. Buralarda gözlə görünənə etibar eləməyə dəyməzdi.
- Nə mənada?
- Bəlkə piyada gedək? Cana xeyri var…
O, paltosunun yaxalığını qaldırıb:
- Etirazım yoxdu, – dedi. – Mən cavanlıqda idmançı olmuşam. Futbolist… Amma sizin əyniniz nazikdi, – prokurorun plaşına baxıb ayaq saxlamaq istədi.
Prokuror güc-bəla ilə onun qoluna girib – yazıq yaman balacaydı – əlini yellədi:
- Əşi, gəl görüm. Mənə heç nə olmaz. Öyrəncəliyəm…
Deyəsən buralarda prokuroru sayan yox idi. Doğru deyiblər ki, vəzifəni vəzifə eləyən o stulda əyləşəndi. Düzdü, küçə-bacada adam azdı – belə cansıxıcı havada ürəyiyuxa adam öz itini bayıra buraxmazdı – görənlər, üzbəüz gələnlər, rastlaşanlar onlarla ağızucu, sakitcə elə salamlaşırdılar ki, sanki, qarşılaşdıqları prokuror deyildi, elə onların birisiydi. Əksinə, prokuror özü salamlaşanları xeyirxahlıqla, təbəssümlə, mehribanlıqla dindirirdi. Qərəz, vəzifə-filan mizan-tərəzisi itmişdi. Sakinlərin hərəsi özünə görə bir prokurordu. Bəlkə boy-buxununun sısqalığı prokuroru üzüyola eləmişdi? Yox, bu aldadıcı gediş də ola bilərdi. Yerin altından-üstündən agahkar, müsahibinin fikrini asanlıqla oxuyan məxluqat boy-buxun məsələsinə dırnaqarası baxmalıydı, daha doğrusu, qüsuru olduğunu ağlına gətirməməliydi.


- Bilirsən hara gedirik? – Prokuror özü öz sualına cavab verdi. – Restorana…
- Nahaq əziyyət çəkirsiniz… Mən ac deyiləm…
- Başa düşmədin, qoca öldürülən restorana gedirik…
- Payi-piyada? Rayon mərkəzindən ora? Əldən-ayaqdan düşərik ki…
- Özün dedin ki, idmançısan, indi də çəkilirsən geri, – prokuror nazik plaşına uyarsız qalın norka papağını gözünün üstünə basdı. – Qorxma, mənim yanımda sənə heç nə olmaz. Kəsə getsək yaxındı. Gərək sən bu döyüşdən də mərd çıxasan…
Bu o deməkdi ki, onun kabinetindəki sorğu-sualı alnıaçıq cavablandırmışdı. Hər halda prokurorun dediyindən belə çıxırdı.
- Neyləməliyəm?
- Heç nə… Bəri başdan əl-ayağa düşmə.
- Ola bilər ki, siz sabah şəhərə qayıtmağıma icazə verəsiniz?
- O xırda məsələdi. Hər şey ola bilər. Bəlkə elə restoranda yeyib içəndən sonra qayıtdın…
- İnanmıram.
- Öz işindi, – prokuror elə vecsiz dilləndi ki, «cəhənnəmə inan», desəydi bundan min pay yaxşıydı.
Onlar qənbərli-çınqıllı yola dönmüşdülər. Rayon mərkəzindən aralanmışdılar, nəydisə, daha ətrafda ins-cins görünmürdü. Göz işlədikcə uzanan otsuz-qanqalsız çöldü irəlidə. Hava qaralmağa doğru getdiyindən torpağın ağımtıl çöhrəsinə qaraltı çökürdü, hava qaraldıqca tozabənzər milyon-milyon yağış dənələri birləşərək işım-işım işıldayırdı, sanki göydən xırım-xırda mirvari dənələri tökülürdü.
Prokuror əllərini plaşının cibinə soxub sağa-sola baxmadan arabir yavaşca fit çala-çala bu yerlərin hər cığırına bələd möhkəm, əmin addımlarla gedirdi. Addımları kiçik olsa da itiydi və beləcə, yanındakıyla ayaqlaşırdı.
- İstəyirsən sənə ağacı göstərim. Burdan on-on beş dəqiqəlik yoldu.
- Hansı ağacı?
- Sən maşınla dəydiyini!..
- Yox, vaxt dardı. Bir azdan hava tamam qaralacaq.
- Hava qaralana çatarıq restorana…
O, iki ayağını bir başmağa dirədi.
- Yox, istəmirəm, gecdi.
Prokuror təkid eləmədi.
- Özün bil… Onda qoy yola nərdivan ataq…
Prokurorun sözləri ona çatmadı.
- Neyləyək?
- Söhbət eləyək, gözümüzü yumub açınca görərik mənzil başındayıq.
O, gülümsündü:
- Nağıl diliylə danışırsınız…
- Dünya özü bir nağıldı… Atam rəhmətə gedəndə…
O, prokurorun sözünü kəsdi:
- Allah rəhmət eləsin.
Prokuror davam elədi:
- Allah ölənlərinə rəhmət eləsin. Atam öləndə üç gecə dalbadal yuxuma girdi. Üçündə də eyni yuxunu gördüm. Səssiz-sözsüz-filansız… Hər dəfə kişi öz motal papağını çıxardıb dinməz-söyləməz mənim başıma qoyurdu. Bir yuxunu üç dəfə görməkdən başqa burda qeyri-adi heç nə yoxdu. Amma mənim iki qardaşım vardı. Boylu-buxunlu, pəhləvan cüssəli… Niyə məhz ağır, çətin işlər cırtdanlara həvalə olunur? O vaxtlar mənə çox qəribə görünürdü, baş açmırdım…
- Axı mən… – münasib kəlmələr axtardı. – Üzr istəyirəm, hündürəm…
Prokuror qəhqəhə çəkdi:
- Napoleonla yavərinin söhbəti yadındadı da?
O, qımışdı:
- Yadımdadı…
- Çox tələsirdin, çatırıq restorana…
O, irəli baxdı, qabaqda taksi, maşın-filan yoxdu, ancaq restoranın işıqları bozarırdı, ağ pərdə arxasından iri kölgələr sezilirdi…

V

Onlar restorana girəndəsə aləm bir-birinə dəydi, hamı əl-ayağa düşdü. Bu dəfə o saat hiss olunurdu ki, restorana rayonun prokuroru təşrif buyurub. Demə, müştəri-zad yoxmuş. Prokurordan soruşanda plaşını, papağını asılqanda işləyən yaşlı qadına verə-verə əməlli-başlı təəccübləndi:
- Müştəri nədi, bilirdilər mən gələcəm, bunların işi uzundu hələ. Müştərini çox gözləyəcəklər, dostum…
Prokuror birinci dəfəydi ona: «dostum» – deyirdi. Amma əvvəlki həlim təbəssüm sifətindən tamam silinmişdi, çöhrəsinə ciddilik çökməmişdi, yox, ciddilik əsl kişiyə xasdı, bir qəbahət yoxdu ciddi görkəmdə, prokurorun üzündənsə əzazillik, lap düzünəsi, qaniçənlik yağırdı. Bu boy-buxunun yiyəsi sifətinin bircə ifadəsiylə onun canına üşütmə salmışdısa, gör-gövdəsi Rüstəm Zal misalı olsaydı, nə fəqanlar törədərdi. Elə cırtdanlığıyla içəri girən kimi restoranın altı üstünə çevrilmişdi. Plaşını tutmaq istəyən pəzəvəng bir kişinin əlini yüngülcə itələməklə yazığı yerindəcə iflic eləmişdi az qala. Kişi quruyub qalmışdı, bilmirdi dayansın, ya çıxıb getsin. Prokuror şəstlə plaşını soyunub asılqandakı qadına verəndən sonra iri aynanın qabağında dayanıb bir xeyli qıvrım saçlarını tumarlayanda da pəzəvəng əvvəlki yerində qımıldanmadan «ölüb» durmuşdu və ən əsası, prokuror yanındakı o boyda «ölünü» sezmirdi. Sanki bu balaca, həlim, aldadıcı görkəmilə hamını çaşdıran kişi rayonun prokuroru deyildi, olsa-olsa elə gəldikləri restoranın ağasıydı. Ağa da ki, necə ağa! Bircə baxışından ətrafdakılar yerindəcə quruyub qalırdı. Ortadakı iri stolun arxasında əyləşəndə də bir müddət yan-yörələrinə heç kəs hərlənmədi. Qorxudanmı, çəkindiklərindənmi hərə özünü bir küncdə gizlədib məşğul kimi göstərirdi. Kim ağrımaz başına dəsmal bağlayar? Özlüklərində: «qoy xata-balası məndən uzaq olsun» – fikirləşirdilər yəqin. Deyəsən prokuror da qorxudan yaranan saymazlığı duyub əsəbləşmişdi.
- Harda ölüblər bular… – deyən kimi masanın yanında kəpənək qalstuklu ofisiant peyda oldu.
- Beşcə dəqiqə gözləyin, o biri stolda hər şey hazırlayırıq, – ofisiant əmrəmüntəzir görkəmlə uca boyundan utanırmış kimi əyilə-əyilə dedi.
Ancaq maraqlı burasıydı ki, prokuror acıqlı kəlmələri dodaqaltı demişdi, o, üzbəüz əyləşsə də həmin pıçıltını güclə eşitmişdi. Restorandakıların qulağı adi dodaq tərpənişini də anlayırmış. Bəlkə də prokurorun hirs-hikkə ilə ətrafa göz gəzdirməyindən paylarını götürmüşdülər…
Prokuror etinasız, saymazyana əlini yellədi:
- Yaxşı, yeri get…
Ofisiant səssiz-səmirsiz mürəxxəs oldu.
- Sən nə istəyirsən? – Prokuror qəfil onun üzünə baxıb birbaşa soruşanda o, çaşdığından mebelli stolun qırağından bərk-bərk yapışdı. Elə bil qorxurdu ki, açıq-saçıq, bəzək-düzəksiz, gözlənilməz sualın «yelindən», «ağırlığından» yıxılar və çaşqınlıqdan özünə gəlməmiş qeyri-ixtiyari, sövq-təbii cavab verdi:
- Burax məni, gedim, – «sən»ə hörmətsizlikdən yox, özünü itirdiyindən keçdi. – Mənim zərrəcə günahım yoxdu. Nəyə desən and içə bilərəm. Düzdü, o qızı mən götürmüşəm işə. Ürək daşdan deyil ki! Zəmanənin üzü qara olsun, iş məsələsi çətindi. O da iş axtarırdı, gəldi dərdini dedi, mən işə götürdüm ki, pis adamların əlinə düşməsin. O qız mənə elə şeylər danışmışdı ki, göz yaşlarımı zorla saxlamışdım. Yoxsa elə bilirsən bizim şirkətə işçi lazım idi? Xeyr! Ölkəyə o qədər xarici yeyinti məhsulları gəlir ki, bizim qablaşdırdığımız malların alıcısı günü-gündən azalır. Bu da o deməkdi ki, şirkətdə ixtisar getməlidi. Mənsə təzə işçi götürürdüm. Adi insanlıq deyərlər buna. Heç indi də peşman deyiləm. O qızın ailəsi çətinlik içindəydi. Atasını uşaq vaxtında itirmişdi. İki qızı, bir oğulu anası ölüm-zülüm saxlamışdı. Aramız açıq olandan sonra danışırdı ki, bir gün çörəyimiz də yox idi. Anam evimizin zirzəmisində qalmış butulkaları yığıb apardı ki, təhvil versin, puluna çörək alsın. Demə, butulkalardan birinin ağzı sınıqmış. O butulkanı heç yerdə götürmədilər, anam o sınıq butulkanı bütün şəhərdə gəzdirdiyindən əldən-ayaqdan düşdü. Belə çətinliklər görən adamın qabağına yaxşılar çıxmalıydı ki, haqq-ədalət bərpa olunsun.
Prokuror bic-bic qımışdı:
- Demək, sən yaxşısan?
O, masaya göz gəzdirəndə gördü süfrə doludu, quş südü istəsən tapılar, ancaq daha təəccüblənməyin yeri deyildi, ya yemək-içmək onların oturduğu masaya gəlmişdi, ya onlar yerlərini dəyişib dolu süfrə arxasında oturmuşdular, nə fərqi? Əsas bu idi ki, prokuroru inandırsın, yoxsa Allah bilir onun sifətindəki hiyləgər təbəssümün arxasında nələr gizlənirdi. Sanki yemək-içməyi də bəzək üçün düzmüşdülər ortaya. Əlini süfrəyə uzatmırdı, elə onun ağzına marıtlamışdı. Gərək fürsəti fövtə verməyəydi. Rəqibi maraqlandırmaq işin yarısını görməyə bərabərdi.
O, düz prokurorun gözlərinə baxıb:
- Pisəm, yaxşıyam, bilmirəm, – dedi, – amma mən o qıza elədiyim köməyə görə peşmançılıq çəkmirəm. Hətta sevinirəm də… O ki, qaldı sənin dediklərinə, aramızda intim münasibət-zad olmayıb, heç ola da bilməzdi.
- Niyə? – prokuror mənalı-mənalı qaş-gözünü oynatdı.
O, dözə bilməyib baxışlarını qaçırtdı:
- Mən bir insan kimi kömək eləmişəm ona. Ayrı məqsədim olmayıb. İnanırsan inan, inanmırsan öz işindi.
- O çox gözəl idi…
- Elədi… Danmıram. Amma əxlaq deyilən bir şey də var axı… İnsanı heyvanlardan fərqləndirən cəhətlər var, din var, insaf var, Allah xofu var…
- Çox şeylər var…
- Burax məni gedim… – təkrarladı.
- Yaxşı… – Prokuror süfrəyə işarə elədi. – Ye…
O, əlini yellədi:
- İştahım yoxdu… – və bilmədi prokuror «yaxşını kef havasına dedi, ya onun yaxasından əl çəkmək fikrindədi. Bircə onu duyurdu ki, nədənsə, beyni ritmik-ritmik uğuldayır. Amma bu uğultu onun başında ağrı-sızıltı yaratmırdı, sanki aramsız uğultunun onun baş-beyninə zərrəcə aidiyyatı yox idi.
- İndi hər şeyi danmağın o deməkdi ki, bayaqdan mənim dediklərim mənasızdı. Qoy elə olsun. Sözüm yox… Ancaq sənə sadə bir sualım var… – Prokuror qısaca susub deyəcəklərini qiymətə mindirdi. Süfrəyə əl uzatmaq bir yana, xörəklərə gözucu da baxmırdı. Ayrı vaxt belə ləziz yeməklərin ağızsulandıran qoxusu ağlı başdan alardı, indisə sanki süfrədəkilər bəzəkdi, şəkildi. Deyəsən bu xörəklər adamı uzaqdan-uzağa doyuzdurmaqdan ötrüydü... Amma xeyr, o başıbəlalı axşam o, burda, bu restoranda bişirilən xörəklərdən dadmışdı. Dadı-tamı damağında qalmasa da hər halda nə isə yemişdi. Onda bu restoran qaynaşırdı, daha doğrusu, restorandakılar qaynaşırdı. Üstəgəl müğənni, musiqiçilər… Daha indiki sakitlik, ölgünlük yoxdu. İri salon onlara qalmışdı. Ofisiantlar lazım olanı süfrəyə gözə görünmədən düzürdülər. Yarıqaranlıq, bozumtul-gümüşü işıqlı iri restoranda açılan şahanə süfrədə spirtli, kefləndirici içki yox idi. Yeməyə gözucu baxmayan içki hayında olar? Yəqin prokuror restoranda da özünü iş başındakı kimi hesab eləyirdi.
Nəhayət, onun dözməyə səbri çatmadı, özünü yığıb-yığmalayıb tarım-tarım:
- Buyur, – dedi. – Mən hazıram, ver sualını…
Prokuror kirpiklərini tez-tez qırpa-qırpa:
- O qızın yerinə, ayrı adam, məsələn, bir kişi xeylağı olsaydı, kömək eləyərdin? – soruşdu.
O, özü də gözləmədiyi qətiyyətlə:
- Yox, – dedi:
Prokurorun qırışığı açıldı.
- Ay sağ ol… Məsələ aydındı…
- Heç nə aydın deyil, – o, arın-arxayın saymazyana boşqabdakı doğranmış xiyarı ağzına atıb xarta-xartla dişlədi. – Qadın, qız yoxsulluğuyla kişi kasıblığını eyniləşdirmək olmaz. Kişi başına çarə qılacaq. Qadınsa sına bilər, pis yola düşə bilər…
Prokuror fikrə getdi, yarıqaranlıq salonda onun çöhrəsi əməlli-başlı kölgələndi. O, prokurorun üzünü güc-bəla ilə görsə də sifətinin cizgilərini sezə bilmirdi. Səsinisə aydınca eşidirdi. Ancaq prokurorun səsi dəyişmişdi, yoğun, ləngərli və yorğun idi. Səsi bir anın içindəcə qocalmışdı.
- Bəs o qız ərə gedəndə niyə ağlayırdın?
- Sevindiyimdən…
- Düzünü de…
- Sevindiyimdən yaşarmışdı gözlərim, ancaq o sevincin içində nisgiləbənzər, həsədəoxşar nə isə vardı. Mənim arxa durduğum, kömək elədiyim adam xoşbəxt olurdu. Daha mənim dayağıma-filana ehtiyacı yoxdu. Mənsə ailəmi itirmişdim, tək-tənha qalmışdım.
- Əksər hallarda belə olur, kömək elədiyin pərvazlanıb uçanda onun qanadını qırmaq istəyirsən. Mən bunu anlamıram.
O, prokurorun sözlərini başa düşdüyü kimi yozub:
- İnanıb inanmamaq öz işindi, – dedi. – Əslində mən bunları danışmaya da bilərdim. Çünki məni bu restoranda baş verənlərə görə çək-çevirə salmısan. Elədi? – O, sualedici nəzərlərlə müsahibinə baxdı.
Prokuror başını tərpətdi.
- Elədi, elədi…
- Burda dolaşıqlıq baş versə də mən aydan arı, sudan duruyam. Kim olduğumu, kimin oğlu olduğumu, valideynlərimin kimliyini yaxşı bilirəm. Hər ikisi çoxdan rəhmətə gedib…
- Allah rəhmət eləsin…
- Ölənləriniz behiştlik… Mənim bu yerlərə ikicə dəfə yolum düşüb… Bir dəfə ailəvi dincəlməyə gəlmişdik. Yayda… Qəza zamanı… Bir dəfə də indi…
- Sənə elə gəlir…
O, prokurorun dediklərini başa düşmədi.
- Nə mənə elə gəlir?
- Qabaqlar mənə də elə gəlirdi ki, dünya yalnız gözlərimlə gördüklərimdən ibarətdi. Atam da savadsız kişidi, fəhlə babadı. Mən sonralar ayıldım. Atam ayıltdı məni. Rəhmətə gedəndən sonra… Əvvəlcə gördüklərimə inanmırdım. Axırıncı kərə yuxuda dediklərindən xoflanıb oyananda tamam dəyişdim. Axı o vaxtacan bir kəlmə də kəsməmişdi mənimlə. Birdən-birə belə ağlasığmaz kəlmələr eşidəcəyimə kim inanardı? Lap belə yuxuda olsun. O kişi heç zaman, heç vədə, heç bir məkanda belə sözləri quraşdırıb deyə bilməzdi. Söz, fikir adamı deyildi o…
O, sövq-təbii yenidən «sizə» keçdi:
- Nə dedi ki, rəhmətlik atanız?
- Dedi ki, gərək gördüklərinə inanasan, çünki mən səndən bir ömür böyüyəm. Ağılınsa yaşda yox, başda olmağına inanma. Ağıl həmişə yaşdadı, onu işlədə bilib-bilməmək bacarığısa ayrı söhbətdi…
- Yaxşı sözlərdi… – nəsə demək xatirinə dillənsə də prokuror razılaşmadı:
- Söhbət sözdən-kəlmədən getmir. Dediyim odur ki, sən demə, mənim iki atam varmış. Dünyadakı, bir də dünyasını dəyişən…
- Əstəğfürullah, – o, çar-naçar başını qaşıdı. – Heç nə anlamadım… Axı dünyasını dəyişənə canlı kimi baxmağın özü anlaşılmazdı, bilə-bilə dolaşıq yollara qədəm basmaqdı…
- Kim deyir onu? O dünyaya bu dünyanın davamı kimi baxırıqsa, deməli, ip qırılmır. Burda əkdiklərini orda biçəcəksənsə, deməli, hansı ilişgilərsə qalmalıdı…
- Mətləbinizi qanmıram…
- Qısası, əgər mənim iki atam varsa, bəs səndə niyə olmasın?
Onun beynindəki ritmik, ahəngdar taqqıltıların sayı artsa da, fikri aydındı, üstəlik özü öz soyuqqanlılığından heyrətlənirdi.
- Necə yəni, iki?
- Elə dediyim kimi!..
- Doğmaca atam?
- Əlbəttə…
- Axı onlar, rəhmətlik atamla bu restoranda ölən, – öldürülən, demədiyinə sevinsə də prokuror bunun fərqinə varmadı, – zahirən bir-birlərinə qətiyyən bənzəmirdilər…
- Mən səni göyə qaldırıram, sən enirsən… – Prokuror gülümsündü. – Axı bayaq dedim zahiri, gözlə gördüklərini qoy kənara. İstəyirsən sənin uşaqlığından yadında qalan hadisələri danışım…


- Bilirəm siz ekstrasens kimi bir şeysiniz…
- Bu dəfə səhvin var. Mən o hadisələri səni şəkildən tanıyan qonşulardan öyrənmişəm. Restoranda öldürülən kişinin qonşularından… Ehtiyac varsa bir-ikisini danışım… – Prokuror yorğun-yorğun köksünü ötürdü.
Onun gözlərinin qabağı qaranlıq çaldı, bir andaca ətraf zülmətləşib yenidən bozumtul-gümüşü işığa büründü.
- Yox, ehtiyac yoxdu, – dedi pıçıltıyla, elə bil dediklərini kiminsə eşidəcəyindən qorxurdu. – Amma o kişi öz əcəliylə dünyasını dəyişib…
Prokuror vecsiz-vecsiz əlini yellədi:
- Ölüb-öldürülüb daha bunun əhəmiyyəti yoxdu. Onsuz da sən bura gələndə qoca getməliydi. Necə deyim… – susub uyarlı kəlmələr axtardı. – Daha sənlikdi məsələlər…
- Necə yəni?
- Yəni, çıx get…
O, döyükdü:
- Hara gedim?..
- Bayaqdan demirdin burax gedim? Buyur, yol açıqdı…
O, tamam özünü itirib təkrarladı:
- Hara gedim?
- Hara xətrindi…
- Day sizə lazım olmayacam? – sevindiyindən səsi titrədi.
Prokuror saymazyana:
- Yox, – dedi.
- Bəs işin bağlanması-filanı? – əslində ayağa dura bilmədiyindən uzunçuluq eləyirdi, sanki qıçları tutulmuşdu.
Prokuror yenə gülümsündü:
- Orası mənlikdi. Sən arxayın get. Yaxşı yol…
Ancaq prokurorun gülümsər çöhrəsi tamam kölgələnmişdi, ona fikir verməyib yeməyə girişməklə deyəsən sir-sifətindəki kədəri gizlətməyə çalışırdı.
O isə qalxıb qorxaq-qorxaq, ürkək-ürkək qapıdan çıxdı, bayıra çıxanacan heç kəslə rastlaşmadı. Bayırdasa aylı-ulduzlu gecəydi. Yağış, narın, üzücü, adamı bezikdirən, darıxdıran, qüssələndirən yağış kəsmişdi. Amma yağış kəssə də, qaranlıq səmada ulduzlar saysız-hesabsız ağ xallar kimi görünsə də ayın, ulduzların işığı yeri bəyazlaşdırmırdı. Yan-yörəsi zülmət idi. Gözü qaranlığa alışanacan ətrafda heç nəyi ayırd eləyə bilmədi. Birdən-birə beynindəki taqqıltı ilə bahəm içinə qorxuyabənzər xof doldu. «Bu nədi ilahi, hardayam mən? Ayın, ulduzların işığı niyə tutqundu. Niyə kölgəlidi?» Əslində gözü qaranlığa alışıb ətrafı az-maz sezəndən xoflanmışdı. Çünki bayaq qapısından çıxdığı restorandan əsər-əlamət yox idi…

VI

Əvvəlcə aylı-ulduzlu, lakin qaranlıq küçədən qorxuya düşüb – əslində küçə-filan nağıldı, yan-yörəsi boş, ölü çöldü, ayağının altı qumlu-çınqıllı torpaq, sanki dəniz sahilindəydi – yerindəcə mıxlanıb qaldı. İrəli-geri addım atmadı, çünki haranın irəli, haranın geri olduğunu anlamaq müşküldü. «Bir yandan bağlayan, bir yandan açar», – beynindəki taqqıltıyla həmahəng bu kəlmələri ürəyindən keçirəndə qəfil qürrələnib özündən razılıqla hər şeyə yuxarıdan aşağı baxdı. «Adi adamlar yüngül bir başağrısına dözə bilmir, gör mən beynimdəki taqqataraka necə sinə gərirəm…» İçində lapdan qaynaşan yekəxanalığın səbəbi özü üçün də anlaşılmazdı. Axı yuxarıdan baxmağa da heç nə yoxdu. Xeyr… Varmış… Gözünün qabağındaca durduğu məkan dəyişirdi. Sanki tamaşaçı zalında əyləşmişdi, önündə, səhnədəsə şəkil dəyişirdi və eşidilməz bir səs onu irəli, səhnəyə itələyib seyrçidən oyunçuya çevirirdi. Demə, yerində mıxlanıb qalmaqla da mənzil başına, daha doğrusu, harasa çatmaq mümkünmüş. Daha heç yerə getməyə ehtiyac qalmamışdı, tamaşaçı zalı özü də fırlanırdı və o, dayandığı yerdəcə güllü-çiçəkli bir həyətin ortasına düşmüşdü. Elə bil özündən xəbər-ətərsiz onu götürüb zənbillə bu bağ-bağatlı həyətə atmışdılar. Yox, qoymuşdular. Elə qoymuşdular ki, ruhu da inciməmişdi. Gördüklərinə də zərrəcə heyrətlənib eləmirdi və əgər həyətdəki gül-çiçəyi, ağacların yarpaqlarını sezə bilirdisə – mer-meyvəni yarpaqlardan seçmək, ayırmaq çətindi – deməli, burda, səmanın bu kəsiyində ayın, ulduzların işığı canlıydı. Hələ desən uzaqdan ikimərtəbəli ev də görünürdü. Görəsən kimin həyətindəydi? Hər halda, qonaqla elçiyə zaval yoxdu, gecəni birtəhər ertələyib üzüsulu şəhərə qayıtmaq ən yaxşı çıxış yoluydu. Səhəri açmaq üçün yatmağa yer tapmaq gərəkdi, yatacaq tapmaqdan ötrü istər-istəməz evə getməliydi, evə getmək üçün ayıq-sayıqlıqla ayağının altına baxa-baxa – yarıqaranlıqda büdrəyə bilərdi – ətrafındakı budaqların sıx yarpaqları arasından özünə yol açmalıydı. Ağacların gövdəsi iri yarpaqlar içində itdiyindən bütöv bir həyət iri, yekə bir ağacın qoltuğuna sığınmış kimi görünürdü. Evə sarı addımladıqca əlləri ayaqlarından çox işləyirdi, sanki balaca bir qayıqda oturub avar çəkirdi, çəkdiyi «avar»lar ləpələri yox, budaqları, yarpaqları «yarırdı». Yarpaqlar «yarıldıqca» qulağına qəhqəhə səsi gəlirdi. Səs uzaqdan gəldiyindən anlamırdı kişi gülüşüdü, ya qadın. Səsdən o tərəfdəsə fit eşidilirdi. Ölgün, öləzik… Bilinmirdi qatar fitidi, gəmi fitidi, ya bəridəki qəhqəhə ənginliklərdən gələn ahəngdar uğultuya qarışıb fitəbənzər səs yaradır. Amma evə yaxınlaşdıqca qarışıq səslər kəsildi, təkcə budaqların gəriltisi və yarpaqların xışıltısı eşidilirdi. Nəhayət, budaqların arasından çıxıb ikimərtəbəli evin qabağında dayanandasa ətrafı lal-mat sükut bürüdü. Bir anlığa beynindəki ahəngdar, sonu görünməyən taqqıltı da itib getdi. Əvəzinə fikirləri qat-qarışıq düşdü, pərən-pərən oldu, şüuru göz qırpımında bir neçə dalğanı birdən tutdu. Atası öləndə falçı Xeyransa onlara gəlib demişdi ki, dalbadal üç gecədi rəhmətliyi yuxuda görürəm, acıqlı-acıqlı tapşırır ki, evdəkilərə de, mənim pal-paltarımı ortaya töküb ağlamasınlar.
O biri tərəfdəsə arvadı ağaca dəyib əzik-üzük olmuş maşının içindəcə kitab oxuyurdu qeyri-ixtiyari, deyəsən nə baş verdiyini kəsdirməmişdi. Hələ ağrı canına yayılmamışdı. Yaxşı ki, yazığın buna macalı olmadı. Qanlı kitab lapdan əlindən düşdü və qadın cümləsini bitirə bilmədi.
Bitirmək istəyirdi yəqin, ağzı açıq qalmışdı, ancaq səs əvəzinə ağzından qan axırdı. Gözlərindəsə heyrət, təəccüb donmuşdu, boynu arxaya qanrıldığından donuq baxışları yuxarı zillənmişdi. Kitab oxuyan baxışlarını yuxarı necə zilləyə bilər? Deməli, qəza məqamı gözdən dilə çatan məsafə qədərmiş. Arvadı kitab oxumurmuş qəzadan sonra, gördüyü sözləri dilinə gətirməyə çalışırmış. O, maşındaca canını tapşıran qadına yaxınlaşa bilmədi, qəfil varlığını çuğlayan hissdən-duyğudan – o hissin-duyğunun qorxumu, xofmu, üşəntimi olduğunu indiyəcən dəqiq bilmirdi – dəli kimi qaçmağa başladı.
Üçüncü qatda şümal, gözəl bir qız buz kimi soyuq, qar kimi ağ əlləri ilə onun göz yaşlarını silirdi:
- Siz yaxşı adamsınız, ağlamayın, görərsiniz, siz də xoşbəxt olacaqsınız.
Qız belə dedikcə o, uşağa dönürdü, qızın yumşaq ovcunu öpə-öpə özünü ələ almağa çalışırdı. Göz yaşlarısa dayanmırdı ki, dayanmırdı.
İndisə göz yaşı-filan yox, o, özü dayanmışdı, elə bil ayaqları yerə mıxlanmışdı. Gecənin bu vədəsi tanımadığı ev yiyəsini necə narahat eləsin? Evdəkilər qorxuya düşüb onu oğru da hesab eləyə bilərdilər. Bir də gördüm tüfəngin lüləsi çıxdı, artırmadan bir güllə atıldı, ona dəyməsə belə aləm bir-birinə dəyəcəkdi. Haraydı bura, o, hara gəlib çıxmışdı? Özü düz-əməlli bilmirdisə, çaşıb qalmışdısa başqalarını suçlamağa nə hacət?
Amma önündə durduğu ev ona yaman tanış gəlirdi. Zaman onu şəhərə gətirsə də kənddə doğulmuşdu, kəndinsə nəinki evləri, hətta kənd adamlarının ger-geyimi, əyin-başı bir-birinə bənzəyir. Əyin-baş məsələsinə yetişəndə diskindi. Paltosunun, panamasının restoranda qalmağı bir yana, deyəsən əynindəki kostyum da özgəsinindi. Deyəsən-zad yox, yüz faiz! Onun ömründə ağ kostyumu olmamışdı, kəpənək qalstuk taxmağının özü möcüzəydi. İş ki, belə dolaşıb irəli yeriyib qapını döyməkdən başqa çarə yoxdu. Dümağ kostyumla həyətin bir küncündə mürgüləmək insafdan deyil. Qənaət imandandı, deyiblər. Təmizlik özü də imandı. Qoy gedib qapını döysün, ev sahibini savab yiyəsi eləsin. Hər kimindisə geydikləri təzə və təmizdi. Bir az artistə də oxşayırdı. Artistə-müğəniyyə yox, elə restorandakı ofisiantlara. Özü də bir azsız-filansız, ikiyə (bəlkə üçə, beşə, doqquza?) bölünmüş alma kimi… Gərək ki, ev sahibini narahat eləməyəcəkdi, çünki evdən, lap dəqiqi, artırmadakı tünd pərdələrin arasından işıq gəlirdi, deməli, çəkinməyə dəyməzdi. Pərdələrin arasındakı işıq süzülüb-süzülüb həyətə düşürdü və sanki çaşqın qonağa ürək-dirək verərək: «içəri buyur» – deyirdi. İndi bircə dolaşıqlıq qalırdı; alt mərtəbədəki bağlı qapını döysün, yoxsa ikinci mərtəbəyə qalxsın? İşığı seçsin, ya qaranlığı? Əslində çaşmalı, fikirləşməli iş yoxdu ortada. O, öz seçimini düşünmədən eləmişdi; taxta pillələri yavaş-yavaş, aram-aram qalxıb səssiz-səmirsiz işıqlı artırmaya daxil oldu. Çünki artırmanın taxta, üstü naxışlı qapısı taybatay açıqdı. Artırmaya başdan-başa xalı-gəbə döşənmişdi, döşənəyin üstünə dövrələmə mütəkkə, döşəkçə düzülmüşdü. Döşəkçələrin birində orta yaşlı bir kişi bardaş qurmuşdu, başında da araqçın. Kişinin başı çiyninə düşmüşdü, kirpikləri bir-birinə pərçimlənmişdi. Qabağında iri çamadan vardı. Çamadanın ağzı bağlı idi. İndi şəhərdə belə qədim çamadanlar yoxdu. Kənddəki hər bir evdə qədim əşyalar olardı və qədim əşyalar həmin evin əzəmətindən, möhkəmliyindən, daimiliyindən xəbər verərdi. Elə onların evində də eynən bu cür çamadan var idi. Rəngi getmiş, taxta, dördkünc, iri çamadan. Qıfıl yeri də paslanmışdı.
Əgər kişi ilə üzbəüzdəki döşəkcədə rahat əyləşib mütəkkəyə dirsəklənə bilsəydi, səhəri heç kəsi narahat eləmədən açmağa ən münasib yerdi. Hayıf ki, bardaş qurub oturunca çox çətinə düşdü, bir neçə dəfə sağa-sola səntirlədi, qəfil dirsəyi divara dəyəndəsə kişi gözlərini açıb yüz ilin tanışları kimi sakit, lakin ayıq səslə:
- Gəldin, oğul? – soruşdu.
Kişinin yuxulu gözlərindən arxayınçılıq yağırdı, təəccübdən, heyrətdən əsər-əlamət yoxdu. O isə mat qalmışdı, təxminən kişiylə yaşıd olardılar, kişisə özünü ahıl tək aparırdı, ona uşaq kimi baxırdı. Hər nəydisə kişiyə cavab vermək lazımdı, qonaq ev sahibinin quludu.
- Gəldim… – başqa söz tapmadı.
- Allah rəhmət eləsin, – kişi əlini tüklü sifətində gəzdirdi. – Sakit adam idi, dindirməsən danışmazdı. Kim inanardı ki, restoranda başına belə iş gələcək? Allah şeytana lənət eləsin, – kişi qısaca ara verib söhbəti dəyişdi. – Yorğunsan yəqin?
Hara gəldiyini anladığından çaşıb qalmışdı və elə çaşqın-çaşqın:
- Hə, yox… – əvvəlcə «hə» dedi, sonra «yox…»
- Yatmaq istəsən içəri otaqda yerin hazırdı…
- Bağışlayın… – bilmirdi necə və hardan başlasın. – Bağışlayın, siz məni kiminləsə dəyişik salmısınız. Mən bura təsadüfən gəlib düşmüşəm.
Kişi onun sözlərinə ip atmayıb əlini yellədi:
- Sən yorğunsan, bala…
«Bala» nə isə demək istəyirdi ki, gözü divardakı böyüdülmüş şəklə sataşdı. Bax buna şəkk-şübhə ola bilməzdi. Divardakı on beş il bundan qabaq onun gözünün qabağındaca infraktdan yataqda dünyasını dəyişən atasının, rəhmətlik anasının şəkliydi. Atası üç gün, üç gecə bu dünya ilə o dünyanın arasında var gəl eləmişdi, dördüncü gün gözlərini açanda qohum-qardaş sevinmişdi ki, kişi üzü bəridi, çünki kişinin yanaqlarına xəfif qızartı çökmüşdü, rəng-ruhu özünə qayıtmışdı, xırda, qonur gözlərində bir dünyalıq işıq vardı və elə həmin gün kişi gözlərindəki işığı o biri dünyaya aparmışdı. Demə, o işıqla, o parıltıyla bəridə qalmaq olmazmış. Gur işıq ruhu bədənindən çıxmayanı, canını tapşırmayanı kor eləyər.
Ancaq bu yerlərdə heç nəyə, heç kəsə etibar yox idi. Yüz faiz əmin olduğunu da dəqiqləşdirib rahatlanmaq lazım idi. Divardakı şəklə işarə elədi, köntöy-köntöy:
- Bəs o kimdi?.. – soruşdu.
Kişinin gözləri kəlləsinə çıxdı, seyrək qaşları dartıldı, bir neçə dəfə ağzını yumub-açsa da səsi eşidilmədi, deyəsən boğazı qurumuşdu, nəhayət:
- Rəhmətliyə hörmətsizlik niyə eləyirsən, bala? Ruhu təzəcə göylərə uçub. Yəni öz atanı da tanımadın? Kim, nə girib aranıza?..
O, köksünü ötürdü:
- Tanımağına tanıdım, ancaq restorandakı bu deyildi axı, – sağ əlini şəklə sarı uzatdı. – Restorandakı qoca kişiydi… Şəkildəki atamdı, restorandakı ayrı adam idi…
Kişi için-için güldü:
- Sən yorğunsan, fikirlərin qarışıb…
- Mənim atam on beş ildi rəhmətə gedib… – Səsini azca qaldırdı.
Kişi yerində qurcalanıb:
- Nə danışırsan, bala, – dedi. – Sən mənim gözümün qabağında böyümüsən…
- Biz yaşıd olarıq…
Kişi başını buladı:
- Yox, bala, yox… Annıyıram ata itkisi ağırdı, adamın beli qırılır. Amma neyləyəsən? Dözmək gərəkdi.
Başa düşdü ki, daha söz güləşdirməyin xeyri yoxdu, məqsədi bir az yuxusunu alıb səhəri açmaqdı. Amma dilini də dinc saxlaya bilmədi, səbəbini anlamadığı hirs-hikkəsini güclə boğub çımxırdı:
- Bəs sən kimsən?
- Mən qonşuyam… Gör şəhər sizi nə kökə salır, dünən yediyiniz bu gün yadınızdan çıxır. Elə hamınız beləsiniz…
- Necə hamımız?
- Bütün şəhərdəkilər… Amma mən sənin atanla təkcə qonşu olmamışam, dost-qardaş olmuşam onunla, – kişi dikəldi. – Day mən gedim. Sən də yat dincəl, sabah el-camaat çox gələcək…
- Sən hara gedirsən? – Nədənsə, süstləşib çəkinə-çəkinə xəbər aldı.
Kişi ayağa qalxıb çamadandan yapışdı:
- Evə…
- Qalsan yaxşıdı…
- Yox, bala, day sən gəldin, mən rahatlandım. İstəmirdim evin çırağı sönsün.
- Bəlkə xətrinə dəydim?..
- Yox, bala, annıyıram səni, ata itkisi ağır dərddi.
- Bəs mən neyləyim?
- Heç nə, – kişi çiyinlərini çəkmək istəsə də bacarmadı, görünür çamadan çox ağırdı. – Yat dincəl, gecənin xeyrindən gündüzün şəri yaxşıdı. Gör nə danışıram, ağlım itib, özümü-sözümü bilmirəm, dərd hülqumumu sıxır, mənsə xeyir güdürəm.
- Bəs o nədi?
Kişi söhbətin uzandığını görüb çamadanı döşəməyə qoydu:
- Nə?
- Çamadandakı?
- Rəhmətliyin pal-paltarıdı…
- Hara aparırsan?
- Basdırmağa… Üç gecədi rəhmətlik yuxuma girir ki, bəs mənim paltarlarımı evdə qoyma. Qonum-qonşu tökür onları ortalığa oxşayır. Adətdi bizlərdə bu…
Dəliliklə dahilik arasında həqiqətən bircə addım dururmuş. Dahiliyi deyə bilməzdi, ancaq dəlilikdən az-maz xəbəri vardı, qəzadan sonra, lap düzünəsi, o qız ərə gedib ölkəni tərk eləyəndən sonra əsəbləri pozulmuşdu. Gözünə qara kölgələr görünürdü. Qaranlıq otaqda qara kölgəni sezməyin özü sirr-xuda idi, ancaq o, nəinki ayrı-ayrı kölgələr görürdü, kölgələrlə danışırdı da… Düzdü, ağzını açmırdı, səsi gəlmirdi danışanda… Elə gözünü tavana zilləyərək sakitcə uzanırdı, guya, ətrafında qaynaşan kölgələrin ona dəxli yoxdu, kölgələr ona zərrəcə mane olmurdu, o, kölgələrə öyrəşmişdi. Hayıf ki, kölgələrlə elədiyi söhbətlər dərində gizlənmişdi, gizlinləri aşkara çıxarmaqsa ömür bahasına başa gələ bilərdi. Ram olub hər şeyi zamanın öhdəsinə buraxmaq ən sərfəli çıxış yoluydu. Zaman axarını dəyişməsə…


İndisə birdən-birə ağlına elə şeylər gəlmişdi ki, kölgə-işıq məsələsi tamam mənasını itirmişdi. Baş-beynindəki taqqıltı get-gedə güclənsə də ağlı üstündəydi, hələ desən, heç vədə indiki kimi ayıq-sayıq olmamışdı. Restoranda ölən, yaxud öldürülən, fərqi yoxdu, canını tapşıran kişi divarda şəkli asılana bənzəyirdi. Demək olmazdı ki, bir almaydılar. İntəhası, oxşar çalarların varlığı danılmazdı. O, restorandakı hadisəni bir də gözünün önünə gətirməyə çalışırdı, ancaq bu dəfə məqsədi ətrafda baş verənlər deyildi, əsas ölənin sir-sifətini yada salmaqdı. Düzdü, çətinlik çəkirdi cəmi-cümlətanı bircə kərə gördüyü adamın çöhrəsini xatırlamağa, ancaq özünü yığıb-yığmalayıb yaddaşının xəzinəsini diqqətlə eşələyəndə nələrsə aşkarlanırdı. Söz yox, ölən yaşlıydı, amma əgər atası indiyəcən sağ qalıb on beş il də yaşasaydı, yaşının üstünə on beş il də gəlsəydi müqayisə daha yerinə düşərdi, sifətin, üzün, çöhrənin cizgilərindəki oxşarlıq, bənzəyiş artardı, yad elementlər azalıb minimuma enərdi. Hardandı ondakı inam? Bilmirdi. Ancaq bədənini soyuq tər basmışdı. Çünki müstəntiqin yazıb ona oxutduqlarını xatırlayırdı. Necə olmuşdu ki, o vaxt buna fikir verməmişdi? Qorxudanmı, xofdanmı, çəkingənlikdənmi, çaşqın qalıb özünü itirdiyindənmi? Yox, o, səhv eləyə bilməzdi. Demə, atasının ad-famili, restoranda canını tapşıranınkı ilə eyni imiş… Hətta babasının adıyla restoranda öldürülənin atasının adı düz gəlirdi. Bəs görəsən niyə müstəntiq buna fikir verməyib? Müstəntiq onun babasının adını bilmirdisə, başa düşmək olardı, bəs ad-familiya? Prokuror da bu köklü, hərtərəfli adaşlığın üstündən sükutla keçmişdi. Elə boş-boşuna özünü dartırdı ki, mən hər şeyi bilirəm. Hər şeyi Allah bilir… İnsan ağlıyla fikirləşəndə Allahlıq darıxdırıcı görünür. Əstəğfürullah… Çünki hər şeyi bilməyin özü adilikdən, maraqsızlıqdan xəbər verir. Hər şey məlumdusa gələcək, zaman, məkan anlayışı öz mənasını itirir və beləliklə, böyümə, müqəddəsləşmə prosesi başlayır. Yaradan haqqında fikirləşəndə dolaşıq, ziqzaqlı düşüncələrdən uzağa getmək olmur. Əlbəttə ki, hələlik… Vaxtı-vədəsi-məqamı yetişəndə nələrisə öyrənmək asanlaşacaq. Öyrənəcəklərimiz aşağıdan yuxarı yox, yuxarıdan aşağı baş verəcəyindən indi bizə qəribə, ağlasığmaz görünən möcüzələri rahatlıqla həzm eləyəcəyik. Hələliksə filosofluğu bir kənara qoyub başı araqçınlı qonşudan nələrisə öyrənməyə çalışaq. Qoy göylərin sualları sonraya qalsın…
Amma gecdi… Gecikmişdi. Qonşu çıxıb getmişdi. Çamadanı da aparmışdı. Hayıf! Gör nələr öyrənə bilərdi. Görəsən burda da falçı Xeyransa, qarmonçu Sadıq, alverçi Xalidə vardı? Əgər atası on beş il öncə ölüb hardasa, hansı formadasa yaşayırmışsa, ətrafı da, qonum-qonşusu da həmin məkanda peyda olmalıydı. «İlahi, gör ağlıma nələr gəlir, dəli oluram deyəsən», – fikirləşsə də baş-ayaq, kəlləmayallaq düşüncələrindən yaxa qurtara bilmirdi. Dayan, dayan… Həmin kəlləmayallaq fikirləri dərinləşdirəndə belə çıxırdı ki, o, başına araqçın qoyan qonşunu da tanımalıydı. Tanışlığa qapı açıqdı, bir az baş-beyninə əziyyət verməliydi. Orta boylu kişiydi, gözləri xırda, qaşları seyrək… Elə onun özü yaşda… Deyəsən sağ ayağını yüngülcə çəkirdi. Ya əlindəki çamadanın ağırlığındandı? Hər nəydisə, qonşunun kimisə xatırlatdığı şübhəsizdi. Kələfin ucunun açılmağına az qalırdı. Gözlənilən uğurdan başı gicəlləndi. Yaxşı ki, yeri möhkəmdi, döşəkçənin üstündə oturub mütəkkəyə dirsəklənmişdi. Uşaqlıqdan yadına düşən qonum-qonşuları xəyalından keçirdi. Falçı Xeyransa, alverçi Xalidə, Cavanşir müəllim, çəkməçi Mahmud… Bəs ayağını yüngülcə kim çəkirdi? Kim? Başına araqçın kim qoyurdu? Yox, ger-geyimə bel bağlamaq adamı azdırar. Onun əynindəkilərə baxanda tanıyanlar ağlına nə gətirərdi? Kim tanıyardı onu? Dümağ kostyum, ağ köynək, kəpənək qalstuk… Qarmonçu Sadıqgildən o yana kim olurdu? Hə, hə… Durna gözündən vuruldu. Molla Məmmədəli… Oğlu da vardı Məmmədəlinin, Əhmədəli… Əhmədəli onunla yaşıddı. Məmmədəli ayağını yüngülcə çəkirdi. Zərrəcə şübhə yoxdu. Çamadanı götürüb gedən Məmmədəliydi. Molla Məmmədəli… O Məmmədəli ki, o, on beş-on altı yaşında olanda qışın oğlan çağında avarlı qayıqdan Kürün düz ortasına düşüb boğulmuşdu. Qonşunun sir-sifəti gözünün önündə canlandıqca düşündüklərinin doğruluğunu, sirli-sehrli qapını azca araladığını zənn elədikcə ayrı bir düyün düşürdü kəndirə. Əgər ölüb gedənlər bu məkanda «qocalırdısa» molla Məmmədəli niyə saç-saqqalını ağartmamışdı? Bəlkə gördüyü Əhmədəliydi? Oğul atasına bənzəyər, ancaq Əhmədəli ayağını çəkmirdi axı… Bəlkə əvvəlkilər yalandı, nağıldı, falçı Xeyransa, molla Məmmədəli ölüb eləməyib? Atası bir dəfə ölmüşdüsə ikinci kərə hara gedirdi? Hər halda, yanını yerə basıb bardaş qurmaqla heç yerə gedib çıxmaq olmazdı. Hərəkətə gəlmək lazımdı. Bəs neyləməli, nədən başlamalı? Sözsüz ki, əvvəlcə ayağa durmaq gərəkdi. Lakin elə qalxa-qalxa bacardıqca dərinliklərə gedirdi; evə gəldiyi həyət də, artırmasında bardaş qurduğu – yox, artıq durmuşdu – ev də ona tanış gəlirdi, bu onların eviydi, onların həyətiydi. O, bu evin sahibiydi. Bir balaca fikirləşsəydi hansı otaqda nəyin hara qoyulduğunu deyə bilərdi. Ortadakı otağa girəndə, çarpayının üstündə divara iri şəkil vurulmalıydı. Atası ilə anasının birgə fotosu. Qədim şəkildi, orda anası on səkkiz-on doqquz yaşında olardı, utancaq çöhrəsi, qara, qəmli gözləri vardı. Sanki əri xətrinə dəyəndən sonra könlünü almaq üçün şəklini çəkdirmişdi, qadının çöhrəsini təbəssüm bürüsə də gözlərindəki kədər silinməmişdi. Ər-arvad arasındakı inciklik elə ilk baxışdan duyulurdu. Yaman aralı oturmuşdular, yalan olmasın ikisinin arasında bir nəfər də əyləşə bilərdi. Bir şərtlə ki, gör-gövdədən münasib adam olaydı… Obyektivə baxmağa çalışsalar da baxışlarını əks istiqamətə yönəltmişdilər. Bəsdi, şəkli gözünün önünə gətirdiyi. Qaşınmayan yerdən qan çıxarıb rəhmətliklərin ruhunu incitməkdənsə otağa daxil olub o şəklə diqqətlə baxmaq yaxşıdı. Qapını açıb otağa girdi, amma irəli addımlamadı, içəri qaranlıq idi. Əlini divara sürtə-sürtə axır ki, işığın düyməsini tapdı. İşığı yandıranda gözləri qamaşdı, otaqdakı elektrik lampası həddən ziyadə böyük idi, otaq çox işıqlıydı, işığın gücündən otaqdakı əşyalar öz-özünə bərq vururdu. Bəlkə buna görə otaqda heç nə ona tanış gəlmədi, heç nə ona keçmişi xatırlatmadı? Amma şəkil əvvəlki yerindəydi. Bir xeyli otağın ortasında dayanıb key-key şəklə baxdı, lakin deyəsən fikri uzaqlardaydı, baxdığını görmürdü. Qəfil: «Bu şəkli burda, bu işığın altında, bu otaqda qoymaq olmaz, – düşündü. – İt-bata düşər…» Çarpayıya qalxıb şəkli divardakı mıxdan qoparmaq istəyəndə hardansa: «Qayıt…» – səsi eşitdi. Səs yavaş, pıçıltılı gəlsə də hökmlü idi, birnəfəsə deyilmişdi, birbaşa beyninə işlədiyindən ilikləri gizildədi. Şəklə uzanan əlləri havada qaldığından müvazinətini saxlaya bilməyib səntirlədi. Dəmir çarpayının vəfası yoxmuş, daşa-dəmirə bel bağladın belin qırıldı. Çarpayı şıltaq-şıltaq yelləndi və o, daş kimi yerə dəydi…

VII

- İndi başa düşdüm qardaşlarım dura-dura rəhmətlik atam papağını niyə mənim başıma qoyub… – bu sözləri eşidəndə gözlərini açıb yan-yörəsinə boylandı.
Qatardaydı. Kupedə dörd nəfərdilər. İki kişi elə paltarlı-çəkməli uzanıb xoruldayırdı. Önündəsə prokuror əyləşmişdi. Qabaqlarındakı, pəncərənin çərçivəsinə bərkidilmiş qatlama stolsa boşalmış araq şüşələri, açılmış konserv qutuları, kolbasa və pendirlə doluydu. Süfrədə çörək gözə dəymirdi.
- Niyə qoyub atan papağını sənin başına? – elə ürəklə soruşdu ki, guya, bunun ona dəxli-zadı vardı.
- Qəribədi, qardaşlarım pəhləvan cüssəli, lay divar, atamın papağısa balaca qardaşın, cırtdanın başında…
Baş-beyni apaydındı, əvvəlindən xəbəri olmasa da söhbət ona maraqlı görünürdü.
- Səbəbi?
- Çünki qardaşlarım araq içə bilmirlər, mən həmişə onları yarı yolda qoyuram. Özün bax, bu meydan, bu şeytan…
O, yuxarı yatacaqlarda xoruldayanlara işarə elədi:
- Sənin qardaşlarındı…
Prokuror başını tərpətdi:
- Hə…
O, baxdı ki, yuxarı yatacaqda xoruldayanların biri müstəntiqdi. O biri kişi üzü divara uzandığından sifətini görə bilmədi.
- Bəs sən kimsən? Prokuror?..
Önündəki qəhqəhə çəkə-çəkə:
- Elə sən də keflənmisən, – dedi. – Neçə vaxtdı yol gəlirik, demişəm axı, mən həkiməm…
Müsahibinin cavabını eşidəndə əməlli-başlı rahatlanıb ayaqlarını irəli uzatdı.
«Həkim» qədəhləri doldurdu:
- Vuraq?
O, başını buladı:
- Yox, bəsdi, içmirəm.
Araya sükut çökdü, deyəsən «həkim»in kefi pozuldu. Təkcə qatarın yeknəsəq, ahəngdar taqqıltısı səssizliyə qənim kəsilmişdi. Bir də yatanların xorultusu…
«Həkim» baxışlarını pəncərədən bayıra zilləmişdi. Bayırsa qatı qaranlıq idi. Çətin nəsə sezə biləydi.
- Elə bil bu qatar dövrələmə fırlanmağındadı, – nəhayət, «həkim» gözlərini bayırdan çəkmədən pıçıltıyla sükutu pozdu. – Heç vaxt da mənzil başına çatmayacaq…
O, vecsiz-vecsiz əlini yelləyib nədənsə, acıqlı-acıqlı dilləndi:
- Cəhənnəmə çatsın…
…Bu dəm qatar bərkdən, uzun-uzadı bir fit verdi.



İyul – oktyabr, 2002.