|
Bu, uzun illərin sıx ünsiyyəti nəticəsində gözləri kimi niyyəti də həmişə saf olan Mətləb Nağının yaddaşımda pozulmaz yer alan obrazından ruhlanaraq yazdığım bir yazıdır.
Müəllif
Poeziya həvəskarlarına Mətləb Nağı imzası keçən əsrin 80-ci illərindən tanışdır. 80-90-cı illərdə dövrü mətbuatda seyrək-seyrək görünən bu imza Azərbaycan şeirinə təzə poetik nəfəsin gəlməsi haqqında düşünməyə əsas verirdi. İçindəki sonsuz duyğu və düşüncələri poetik sözə çevirmək ehtiyacı uzun illər ona rahatlıq verməsə də, ilk vaxtlar şeirlərini ancaq bu hissin təsiri altında yazsa da şair kimi tanınmaq istəyindən keçməmişdi. Bir-birinin ardınca nəşr olunan – «Saçın ucun hörərlər…» (Bakı, «Nurlan», 2002), «Ə.Qardaşbəylinamə» (Bakı, «Nurlan», 2005) və «Yüz il yaşamaq olmur» (Bakı, «Nurlan», 2005) kitabları onun sənət aləminə həqiqi poetik istedad sahibi kimi gəlməsinə heç bir şübhə yeri qoymadı. Dövrü mətbuat, ədəbi mühit Mətləb Nağı şeirinə qucaq açdı. «Ulduz», «Aydınlıq», «Azadlıq», «525-ci qəzet» və b. mətbuat orqanlarının onun şeirlərinə və yaradıcı şəxsiyyətinə göstərdiyi maraq Mətləb Nağının özünə, poetik istedadına inamını artırdı, onu bütünlüklə söz dünyasının sehrinə saldı «Yüz il yaşamaq olmur» kitabındakı bu misralar da həmin inamın (tərəddüd, şübhə sindromundan tam xilas olmamış inamın) bədii ifadəsi kimi yaranmışdı: Gec də gəlsə, gəlibdi təb, Tanrım özü salsın səbəb; Deyən şair olub Mətləb Nağı dolana-dolana! Mətləb Nağının bədii istedadı hərtərəfli idi. O, çox qısa bir vaxtda həm lirik, həm də satirik şeir janrlarında uğurlu bir yaradıcılıq yolu keçməyə müvəffəq olmuşdu. «Saçın ucun hörərlər» və «Yüz il yaşamaq olmur» kitabları onun lirik şair, «Ə.Qardaşbəylinamə» kitabı isə satirik sənətkar kimi poetik imkanlarının genişliyini ortaya qoyur. Mətləb Nağının bədii sözünün gücü, ilk növbədə, bu sözün səmimiliyində, həyatiliyində, təbiiliyindədir. O, duyğusal şairdir və bütün şair ömrünü həyati hiss və duyğularla poetik hiss və duyğuların çarpışması, qarşılaşması, birincinin ikinciyə çevrilməsi prosesinin əzablarını daşıyaraq yaşamışdır. Lirika predmetə hissi münasibət tələb edir. Mətləb Nağının şeirlərində təsvir-tərənnüm obyektinə hissi münasibət sox güclüdür; O, çox vaxt predmetin özünü unutdurub, lirik qəhrəmanı öz düşüncələrinin qarışıq, ziddiyyətli, bir az dərk olunan, bir az dərk olunmayan, nə isə qeyri-adi təəssüratlar yaradan, çalpaşıq duyğular burulğanının, selinin içində təsvir edir. O, buna necə nail olur? Fikrimizcə, Mətləb Nağı heç vaxt şeir yazmaq üçün oturmamışdır; ta içindəki qərib bir hal, qeyri-adi bir yük onu əlinə qələm götürməyə məcbur edənə qədər. Onun estetik anlamında şeir ruhun dindiyi yerdə yaranır və şeirin necə yazılması, şairin yox, ruhun işidir. Ruhun təlqin etdiyi Mətləb Nağının şeirinin poetik mündəricəsidir. Şeirin formasını da, uzunluğunu, qısalığını da, uğurunu-uğursuzluğunu da bu yaradıcılıqda ruhun dinmə dərəcəsi müəyyənləşdirir. Pəncərəmin önündə Bir ağac çiçəkləyib, Ətrindən yatmaq olmur. O qədər gözəldir ki, çiçəklərinin rəngi - ayrı söz, ayrı ahəng, ayrı rəng qatmaq olmur. Pəncərəmin önündə Bir ağac çiçəkləyib, Başqa nə deyim sizə- Ruhun dindiyi yerdə Sözü uzatmaq olmur… Bu şeir şairin üslubunun, onun şeir poetikasının ən əlamətdar cəhətlərini özündə təcəssüm etdirir. Onun yaranmasında M.Nağının sənətin estetikası haqqında nəzəri savadı heç bir rol oynamayıb. Şeir lirik qəhrəmanın ecazkar bir gözəlliyə münasibəti kimi, ya bəlkə də qeyri-adi gözəlliyin insanın ürəyində yaratdığı ehtizazın poetik lövhəsi kimi doğulub. Burdakı bütün nəqşlər-fikrin metaforik ifadəsi də (gözəlin çiçəkləyən ağac şəklində bədii düşüncədə özünə yer etməsi), gözəlliyin öz təbii rəngində təsviri də (bu rəngə ayrı söz, ayrı ahəng, ayrı rəng qatmağın mümkünsüzlüyünün dərki də) hissi yaşantının təlqinidir; burda bütün dərketmə təhtəlşüur gedir. Fikrimizcə, Mətləb Nağı özü də öz üslubunun ahəngini düz tutub. Şeirin «Yüz il yaşamaq olmur» kitabının birinci səhifəsində özünə yer tutması təsadüfi deyil; onun üslubunun, sənət kredosunun açarıdır. Şeirlərdə sənətkarın şəxsiyyətindən qopub misraların ruhuna hopan bir təmizlik, saflıq, təmənnasızlıq pafosu var. Demək olar ki, bütün şeirlər bu pafosun ritminə, ahənginə köklənib. Sənətkar şəxsiyyətinin təmizliyi və təmənnasızlığı lirik qəhrəmanın dünyaya, həyata, yaşadığımız zamana obyektiv və özünəməxsus baxış bucağını formalaşdırıb. Mətləb Nağı dünya haqqında, həyat haqqında «poetik söz» sahibidir. Bədii ədəbiyyatın predmeti insandır. O, insanı öncə təbii, sonra isə sosial varlıq kimi öyrənir. Lirik şair kimi Mətləb Nağı öz içinin- duyğu və düşüncəsinin məzmununu şeirə gətirir. O, özünü dərk edə bilir, içindən gələnə əlavə rəng qatmadan poetik yaşantıya çevirə bilir. Şairin poeziyasının uğurunu şərtləndirən ən ümdə əlamət, bəlkə də, elə bu təbiilikdir, bu təbiiliyə cəmiyyətin sosial sifarişinin heç vəchlə nüfuz edə bilməməsidir: Şeirlərindən birində lirik qəhrəman öz sevgisinin qəribəliyindən, hamının sevə bilməyəcəyi bir tərzdə sevdiyindən, ürəyinə dolan işıqdan söz açır:
Hər kəs bu cür aşiq olmur, Hamı sevə bilmir belə. Hər ürəkdə işıq olmur, Hamı sevə bilmir belə.
Lirik qəhrəmanın bu etirafı sənətkarın şeirlərində özünə davamlı yer alan böyük Sevgiyə işarə kimi başa düşülür. M.Nağının sevgisi əvvəlcə övladlarına, ailəsinə, sonra qohum-qardaşına, dostlarına, yoldaşlarına, daha sonra elinə-obasına, vətəninə, ən nəhayət, bütün bəşəriyyətə- insanlığa tükəmməz məhəbbəti ilə böyükdür. Bu sevginin məzmununda milli və bəşəri dəyərlərə sağlam münasibət, humanist yanaşma əsasdır. Ata yurdu, bu yurdda qaralan ev M.Nağı şeirində Milli-tarixi varlığın simvoludur; onu el-obaya, doğma yurda, adət və ənənələrə bağlayan, özünün özündən uzaqlaşmasına imkan verməyən və beləliklə, həyatını mənalandıran, yaşamasına stimul verən müqəddəs bir varlıqdır. «Yüz il yaşamaq olmur» kitabında «Anam tək əzizdir bu ev» bölməsində toplanan şeirlərin birində- «Gəldim, yoluxdum, qayıtdım» şeirində doğma ocaq, yurd yerindəki ata evi ilə bağlı nisgilli təəssüratların bədii ifadəsi insanı heyrətləndirəcək dərəcədə canlıdır, həyatidir.Şair ömrün keçən günlərinin şirinli-acılı xatirələrini özündə yaşadan bu evdə sözlə təsvir olunması mümkün olmayan hisslər keçirir. Şeir məhz bu lal duyğuların, qeyri-adi yaşantının bədii tərcümanı kimi doğulur. Şeirin bəndlərinin sonundakı «Doldum, doluxdum, qayıtdım», «Soldum, soluxdum, qayıtdım», «Durdum, duruxdum, qayıtdım» misraları bu yaşantını bütün çalarları ilə əks etdirmək gücündədir. Burada sözlərin düzümündə, müxtəlif səslərin, xüsusən «d» səsinin alliterasiyası sənətkarlıq uğurudur:
Dilsiz səsdə, lal hənirdə, Ötən günlər dönüb bir də Qabağıma çıxan yerdə Durdum, duruxdum, qayıtdım. Amansız xəstəliklə üz-üzə qaldığı günlərdə belə ata yurdundakı evlə bağlı düşüncələr şairin beyninə rahatlıq verməmiş, ürəyindəkiləri poetik sözün gücü ilə bacı-qardaşlarına bir daha çatdırmağı lazım bilmişdir- yurd həsrəti çəkən xəstə şairin vəsiyyəti kimi: Sabah mən olmasam, durmayın bihal, Yoluxun bu yurdu, tutun hal-əhval, Nə azar yandırır məni, nə yığval, Yandırır qalmağım həsrət bu evə… Mətləb Nağıda poetik istedad analitik təfəkkürlə vəhdətdədir. Onun həyat və cəmiyyət hadisələrinə yeni «göz»lə baxışının əsasında bədii təfəkkürünün analitik təbiəti dayanır. Bu keyfiyyət M.Nağı şeirini deyilmişlərin orbitindən çıxarır, həyat faktındakı yeni məzmun qatını görməyə istiqamətləndirir. «Yüz il yaşamaq olmur», «Saçın ucun hörərlər…» şeirlərində bu cəhət daha qabarıq görünür. «Yüz il yaşamaq olmur» O.Sarıvəllinin «Günah onun özündədir» şeiri ilə, «Saçın ucun hörərlər…» isə məşhur xalq mahnısı «Sarı gəlin»lə assosiativ müqayisədə oxunur və dərk edilir. Bu cür oxunuş və dərk etmə posmodernist şeir estetikasını yada salır. «Postmodernistlərin fikrincə, mətn hç vaxt «avtonom» şəkildə mövcud olmur. Hamıya məlum həqiqətdir ki, hər bir insanın alın yazısı var, adını biz versək də, «yaşını Tanrı verir». Alın yazısına inanmayanlar da yaxşı bilir ki, insan həyatının tənzimlənməsində təbii və sosial proseslər əhəmiyyətli rol oynayır. Mətləb Nağı «Hər kim yüz il yaşamasa; Günah onun özündədir» misralarındakı ritorizmi görür və gerçəklikdən doğan bədii həqiqəti şeirinin ana xəttinə- nəqaratına çevirir: Görürsən haqq basqıda, Meydan sulayır nahaq. Nəmərdlər dövran qurub, Mərdlər yenə baxtabaxt. Gedir əldən el-oba, Qalıb düşmənə torpaq… Baxıram ürəyimi Kədər üzür, dərd sıxır; Yüz il yaşamaq olmur, İçindən yüz iş çıxır. «Yüz il yaşamaq olmur» şeirində M.Nağının lirik qəhrəmanı sosial, siyasi və mənəvi-əxlaqi kataklizmlər burulğanında boğulan insandır. Çəkilməz ağrılarla üz-üzə qalan qəhrəmanın ürəyinin «kədərdən üzülüb, dərddən sıxılması» və bütün bunların nəticəsi kimi «yüz il yaşamağa» inamının itməsi də zamanın ən acı məntiqi kimi səslənir. Sənətkarın bədii düşüncəsi polemik xarakterlidir. Deyilmişlərin məntiqi ilə razılaşmayanda mətləbi baş-ayaq çevirir. Bizə elə gəlir ki, M.Nağı çox vaxt şeir yazmır, özünəqədər yazılanları «oxu»yur. Bu «oxunuş»da sələflərin yazdıqları sanki «yenidən və indi yazılır». Bəlkə də, M.Nağı bunu təhtəlşüur edir, bəlkə də postmodernist estetikanın prinsiplərinə söykənərək? Konkret cavab vermək çətindir.
Saçın ucun hörməzlər, Gülü sulu dərməzlər. Bu sevda nə sevdadır, Səni mənə verməzlər. Mətləb Nağıda bu mahnının «oxunuş»u tamam başqadır, daha doğrusu, tərsinədir: Saçın ucun hörərlər, Gülü sulu dərərlər. Səni mənə verərlər. Sən özün istəmirsən. Bu bənddə xalq mahnısından fərqlənən iki fraza var. Birincisi, «Saçın ucun hörərlər; Gülü sulu dərərlər», ikincisi, «Səni mənə verərlər; Sən özün istəmirsən». Hər ikisi xalq mahnısı ilə müqayisədə tərs «oxunuş»dur. Fikrimizcə, birinci frazanı elə, ya belə (xalqdakı kimi, yaxud M.Nağıda olduğu kimi) oxumağın bir o qədər əhəmiyyəti yoxdur. Çünki saçın ucun hörərlər də, hörməzlər də, gülü sulu dərərlər də, dərməzlər də. Nə xalq mahnısında, nə də şeirdə əsas olan bu deyil. Xalqda da, şeirdə də əsas fikir ikinci frazada əks olunub. Xalq mahnısındakı «Bu sevda nə sevdadır; Səni mənə verməzlər» frazasındakı məntiq ənənəvidir; bütün şifahi və klassik şeirdəki aşiq-məşuq münasibətlərində aşiqin şikayətinin məşuqa yox, ətrafdakılara istiqamətlənmiş məzmununu simvolizə edir. Sənətkar bu frazanı tərsinə «oxu»yur və onun şikayət hədəfi məşuqun ( indiki zamanda sevdiyi qızın ) özüdür:
Səni mənə verərlər, Sən özün istəmirsən.
Bu məqam aşiq-məşuq münasibətlərini klassik şeir və folklor ənənəsindəki daşlaşmış müstəvidən çıxarıb yeni müstəviyə keçirir; münasibətlərdə səmimilik, təbiilik, real yaşantı çalarlarını gücləndirir, romantik sevgini real və həyati sevgi əvəz edir. M.Nağı məhz bu məqamda, əsrdən əsrə keçən, çox vaxt eyni cür oxunan «mətni» özünəməxsus şəkildə oxumaqla zamanın- yaşadığı anın şeirini yazır; bu şeiri həqiqətin bədii ifadəsinə çevirdiyi zaman şair olur. Postmodernist estetikaya görə, sənətkar mətn yaradır və «hər bir deyim öz-özlüyündə yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə bir yerdə həqiqəti ortaya qoyur» (H.Gadamer). «Yüz il yaşamaq olmur» və «Saçın ucun hörərlər…» şeirlərində həqiqət, öncə, «mətnin öz mətnöncələrinə münasibəti» kontekstində (metatekstuallıq) bədii ifadəsini tapır. Hər kim yüz il yaşamasa, Günah onun özündədir- misralarındakı fikir insanı əbədi və əzəli olandan- Mütləq Başlanğıcdan ayırır. İnsanın varlığının, mövcudluğunun kökünü və səbəbini maddi dünyaya bağlayır. Tənqidçi Ə.Cahangir yazır: «O, (Allah- T.S.) nisbi yox, mütləq anlayışdır və heç vaxt məhvə məhkum deyil. Onu «dağıtmağa» çalışmaq ən azı absurddur. O, varlığın kökü, mövcudluğun əsasıdır və ona qarşı çıxmaq üstündə dayandığın ağacın kökünə balta vurmağa bənzəyir». Güc pələngin biləyində, Pəhləvanın dizindədir- misralarındakı həqiqət nisbidir. Burda həqiqət axıra qədər dərk olunmayıb. Çünki pələngin biləyinə, pəhləvanın dizinə güc verən qüvvə- Mütləq Başlanğıc unudulub. Mətləb Nağının özündən əvvəlki mətnə tənqidi münasibəti bu məntiqdən qidalanır:
Yüzə çata bilməsəz, Günah sizin dedilər. Əvvəl səbəbsiz deyil, Səbəbsiz gəlmir axır. Son iki misra Allahı mütləq anlayış kimi qəbul etməməyin absurdluğunu və cəmi varlığın taleyinin Allaha bağlılığı həqiqətini təsdiqləyir. M.Nağının şeirlərinin xeyli hissəsi müxtəlif yaradıcı insanlara, klassik əsərlərdəki obrazlara müraciətlə və yaxud onlara ithafla yazılıb. Şairin Məhəmməd Füzuliyə, Xəlil Rza Ulutürkə, Məmməd Nazimoğluna, Mahir Kərimə, Yaşara, Alisa Freyndlinkə, Sofiya Rotaruya, Məmməd İsmayıla, Həsən Mirzəyə, Sabir Sarvana, Akif Səmədə, Hüseyn Əfəndiyə, İlham Abbasa, Əzizxan Tanrıverdiyə və başqalarına yazılmış şeirləri var. Yaradıcı insanlara-klassiklərə və müasirlərə bu çoxsaylı müraciətlər təsadüfidirmi? Sualı başqa cür də qoymaq olar: bu ithaf və müraciətlərin hər hansı bir estetik «yük»ü varmı? Sualın axıradək dərk olunmamış cavabı belədir ki, bu müraciətlər müxtəlif dövrlərin sənət adamlarına və ya onların yaradıcılığına simpatiyadan irəli gəlir. Bu, şübhəsiz ki, belədir, lakin müəllifin estetik priyomunun sona qədər açılışı deyil. J.Janetin mətnlərarası münasibətlərdə önə çəkdiyi bir cəhət də var: paratekstuallıq-mətnin öz hissəsinə (epiqrafa, sərlövhəyə) münasibəti. M.Nağı şeirlərinin ideya-estetik yükü həm müasirlərinin, həm də klassiklərin yaradıcılığı ilə polemikada, dialoji münasibətdə müəyyənləşir. «Akif Səmədə», «Alqış sevməz, ura bilməz» şeirlərində Akif Səmədin şəxsi və insani keyfiyyətləri ilə bərabər, sənətkar portreti də cızılır. Lakin bu portret M.Nağının öz portretinin də həmin şeirdə əks olunmasına gətirib çıxarır. Müxtəlif rəssamların çəkdiyi rəsm əsərlərinin qarşılaşdırılmasından alınan təəssüratda keyfiyyət fərqi daha aydın müəyyənləşdirilə bildiyi kimi, bu şeirlərdə Akif Səmədin və M.Nağının poetik qüdrəti də müqayisənin predmetinə çevrilir və bu zaman son sözə ehtiyac qalmır. Son söz artıq oxucunundur: Sısqa sular axar, doyar, Dəli çaylar dağlar oyar. Bir gün dünya çələng qoyar Başına Akif Səmədin.
Alqış sevməz, ura bilməz, Şeri qara-qura bilməz. Mətləb Nağı dura bilməz Döşünə Akif Səmədin. Mətləb Nağı şeirini oxuyan oxucu həmin anda Akif Səməd şeirini də yaddaşında bərpa edərək fikir arsenalına daxil edir və müəyyən qənaətə gəlir. Həmin qənaət M.Nağı şeirində əks olunan həqiqətin obyektivliyini təmin edir. Şeirlərdə mətnlərarası dialoji münasibətlər mövzu kontekstində də təzahür edir. Dünya, dünyaya sosial-fəlsəfi münasibət mövzusunda bu meyl daha qabarıq görünür. Azərbaycan şeirində dünya mövzusu əhəmiyyətli yer tutur və əksər şairlərin yaradıcılığında özünəməxsus bədii həllini tapır. Çağdaş şeirdə bu təmayül S.Vurğunun və M.Arazın yaradıcılığı üçün daha çox səciyyəvidir. Bu mənada, fikrimizcə, M.Nağının «Taledən yoxdur gileyim», «Bu isticə yay günü də», «Dünya, sən məndən cavansan», «Könül, dedin dünya heçdi», «Aşıq, hava o havadı», «Dünya, deyən, dizin gedir» və b. Azərbaycan şeirindəki «Dünyanamə»lər silsiləsindən olub, bu silsiləyə daxil olan şeirlərlə polemika kontekstində oxunur. Əlbəttə, M.Nağının bu silsiləyə aid şeirlərində heç bir sənətkarın şeirinə açıq tənqidi, nə də təqdiredici münasibət yoxdur. Lakin həmin şeirlərin dünyanın ünvanına deyilmiş ən tutarlı «söz»lərlə polemikada yarandığı danılmaz həqiqətdir. Aşıq, hava o havadı, Oxuyan, çalan təzədi. Davamız köhnə davadı, Öldürən, qalan təzədi – misraları bu həqiqətin estetik dərkinin bədii faktıdırsa: Düz elə gördüyün düzdü, Sər təzə, yalan təzədi.
Neyləyim bu dərdi, qəmi, Bu dünyanın yoxdu cəmi. Könlümü verdiyim həmin, Canımı alan təzədi – misraları dünyaya çağdaş zaman və sosial, mənəvi-əxlaqi münasibətlər kontekstində təzə baxışın bədii təcəssümüdür. Həyatın mənası, dünyanın gedişi haqqında çox deyilib, çox yazılıb; onun bədii-fəlsəfi təfsirini, bir qədər əvvəl qeyd etdiyimiz kimi, çox sənətkarlar bədii sözün predmetinə çevirib. Ancaq Mətləb Nağı həyatın əbədiliyi, bu həyatda insanın yeri ilə bağlı öz «söz»ünü-bədii-fəlsəfi mövqeyini içdən gələn təbii bir yaşantı kimi aşağıdakı şeirdə predmetləşdirə bilib: Çıxıb getdim əcəl gəlcək, nə peşimanam, nə sevincək, Min il əvvəl olanlartək Doğuldum, yaşadım, öldüm.
|
|