Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zəlimxan YAQUB
“PEY­ĞƏM­BƏR”
Poema


Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


Fikrət QOCA
DÖRD ADDIM
Poema


Haynrix BÖLL (Almaniya)
Hekayələr


Əşrəf VEYSƏLLİ


İnqilab İSAQ


Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


NƏSR
 

Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


 

QARANLIQLAR IÇINDƏ

O, İstiqlaliyyət küçəsi ilə üzüaşağı addımlayırdı. Qarşıdan gələnlərin ona fikir verdiyini, cavan ikən ağappaq ağarmış saçlarına, əynindəki qara plaşa, əlindəki kiçik çamadana baxdığını hiss etsə də, çox etinasız görünürdü. Bir neçə saat əvvəl Moskva-Bakı reysi ilə uçub gələn təyyarədən düşəndə özünü necə hiss edirdisə, indi də elə idi. Özü taksidən tez düşmüşdü ki, şəhərin mərkəzi ilə bir az piyada gəzsin. İri bir vitrinin qarşısında ayaq saxladı. Qardaşıgilin yaşadığı evə bir tin qalırdı. Tələbə olarkən bu yolu o qədər gedib-gəlmişdi ki, onun hər tininə yaxşı bələd idi. Bax, burada şirniyyat mağazası vardı. Burada isə oyuncaqlar satılırdı. Hər dəfə qardaşıgilə gedəndə uşaqlara nəsə alırdı. Üç il əvvəl tərk etdiyi şəhər çox dəyişmişdi. Hündür, müasir binaların sayı xeyli artmış, köhnə binalar bərpa olunmuş, yeni parklar, bağlar salınmışdı. Hiss olunurdu ki, şəhər qaynar həyatla yaşayır, nəfəs alır. Hər şey dəyişir; şəhər də, küçələr də, insanlar da, təkcə bir şeydən başqa... Yenə qardaşıgil yadına düşdü. Qarşıdakı görüş onu həyəcanlandırdı, bədəni titrədi. Neçə gün idi ki, o, bu görüş barədə fikirləşir, gecələr də rahat yata bilmirdi və indi yuxusuzluqdan başında bir uğultu hiss edirdi. Bir qədər özünə gəlmək, fikirlərini cəmləşdirmək üçün yolu keçib Fəvvarələr meydanında bir qədər oturmağı qərarlaşdırdı.
Günün birinci yarısı olduğundan, Fəvvarələr meydanında adam o qədər də çox deyildi. Skamyaların birində cavan oğlanla qız qucaqlaşıb oturmuşdular. Bir az aralıda meydançada bir neçə uşaq oynayırdı. Qonşu skamyada baş-başa verib astadan söhbət edən yaşlı qadınlar hərdənbir başlarını qaldırıb uşaqlara nəzarət edirdilər. O, köksünü ötürüb nəzərlərini uzaqlara yönəltdi. Üç il bundan əvvəlki o müdhiş yay gününü - onun həyatını dəyişən, alt-üst edən o günü, neçə vaxtdan bəri birinci dəfə olaraq, təfərrüatı ilə yadına saldı...
...O il Bakıda yay xüsusilə isti keçirdi. Adamlar imkan tapan kimi şəhərin tozundan, bürküsündən uzaqlaşmağa çalışır, təbiətin qoynunda bir az dincəlmək fürsətini əldən vermirdilər. Xüsusilə şənbə və bazar günləri səhər tezdən maşın karvanları şəhərdən kənara çıxan yollara düzülürdü.
Gün hələ qalxmamış bir-birinin ardınca şütüyən üç avtomobil şəhərdən çıxıb Quba yoluna buruldu. Hər üçü uşaq və böyüklə dolu idi. Onlar vaxtaşırı yanbayan gedir, bir-birini siqnalla salamlayır, uşaqlar şüşədən bir-birinə əl edirdilər. Arxada gedən ağ "Mersedes"in sükanı arxasında oturmuş Vüqar uşaqlıq dostu Zakirlə zarafatlaşmaqdan yorulmurdu:
- Adam təzə evlənəndə bəyəm evdə oturar? Yaxşı ki, mən də varam, sizi evdən çıxarmışam.
- Düz deyirsiniz, vallah, lap savab iş görmüsünüz,- Zakirin həyat yoldaşı Nigar Vüqara "siz",- deyə müraciət etdi.
Arxadan qabaq oturacağa dirsəklənmiş altı yaşlı Cavid əlindəki fotoaparatı qabağa uzatdı:
- Əmi, bax, aparat götürmüşəm. Hər şeyi çəkib atama göstərəcəyəm.
- Lap əla! Sənin atan indi Türkiyədə kef eləyir. Qoy gələndə görsün ki, biz də burada boş oturmamışıq.
- Arif dünən zəng vurmuşdu,- deyə Aidə qaynının sözünü kəsdi,- deyir Bodrumda 38 dərəcə isti var, çimərlikdən çıxmaq mümkün deyil.
- Gördün, dostu, simpozium-zad bəhanədir, elə istirahətə gediblər. Sən də bizimlə gəlmək istəmirdin. Baxarsan, yaxşıca dincələcəyik.
- Üç günə Arif gəlir. Dedim yəni birlikdə...
- Birlikdə də gedərik! Əlimizdə deyil?
- Sənə nə var ki, subay adamsan, öz əlin, öz başın,- Aidə anasına söykənərək mışıl-mışıl yatmış qızının saçlarını sığalladı,- evlənəndə, uşaqların olanda görəcəksən nə qədər problem olur.
- O gün uzaqda deyil,- Zakir sözə qarışdı,- mənə söz verib ki, otuz yaşı tamam olmamış evlənəcək. Üstəlik, namizəd də var.
Niğar arxadan Zakiri dümsüklədi. Aidə qaynının dodaqaltı güldüyünü görüb sevindi:
- Doğrudan nəsə var? Vüqar, onsuz da elçiliyə özüm gedəcəm.
- Əmi, evlənirsən? Mən də qıza baxmaq istəyirəm!
Gülüşdülər.
- Budur, baxın, Beşbarmaq dağına yaxınlaşırıq. Bura Bakıdan, təxminən, 90 km məsafədədir.
- Əmi, niyə bu dağa Beşbarmaq deyirlər?
- Dağın başındakı o qayaları görürsən? Bir əlin beş barmağına oxşadığı üçün el arasında bura Beşbarmaq deyirlər. Bu barədə Zakir yaxşı bilər, axı o, Dəvəçidəndir.
Zakir boğazını arıtladı:
- Bu yerə Xıdır Zində də deyilir. Orada, yuxarıda bulaq və Xızır peyğəmbərin adı ilə bağlı pir də var. Niyyət eləyən orada nəzir paylayır, qurban kəsir.
- Zakir əmi, bəs Xızır peyğəmbər kimdir?
- Deyirlər ki, dünya yaranandan bəri insanlara yol göstərmək üçün Allah onların arasından 124 min peyğəmbər seçib. Xızır peyğəmbər onlardan biridir. O, indi də insanların arasında, haradasa yaşayır və çətinə düşənlərə kömək edir.
Maşınlar şosse yoldan burulub meşəyə tərəf dönəndə, artıq gün xeyli qalxmışdı. Kələ-kötür torpaq yolla getdiklərindən sürəti xeyli azaltmalı oldular. Bir neçə dəfə dayanıb harada düşərgə salacaqlarını məsləhətləşdikdən sonra meşənin nisbətən qalın yerində dayandılar. Daha içərilərə yol yox idi. Maşınlardan tökülüşüb ətrafı gözdən keçirdilər. Təmiz və sərin havanı ciyərlərinə çəkərək, yarpaqların xışıltısından, quşların səsindən, meşənin uğultusundan xoşhallandılar. Seçdikləri yer hamının xoşuna gəldi.
- Görəsən, buralarda vəhşi heyvanlar olur?- deyə Nigar maraqlandı.
- Olsa da, yəqin ki, tək-tükdür, - Aidə meşənin qalınlığına nəzər saldı,- Azərbaycanın faunası çox kasadlaşıb. Hər ehtimala qarşı, çox uzaqlara getməyək. Burada mobil telefonlar da tutmur.
Hərə öz telefonuna baxdı; doğrudan da, heç bir əlaqə yox idi.
Hamı bir yerə yığışanda Vüqar dedi:
- Ağsaqqalımız Həbib müəllimdir. Əla da kabab çəkir. Onun sözü hamı üçün qanundur; kimə nə tapşırdısa, dərhal yerinə yetirməlidir.
- Güllü xanımı niyə gətirməmisiniz, Həbib müəllim? Onsuz qadınların işi çətin olacaq.
- Bir az nasazdır deyə gələ bilmədi, amma öz nümayəndəsini göndərib: qızım Nərmin də elə anası kimi qoçaqdır!
- Yox-yox, Nərminə qıymarıq. Onun hələ uşaqlarla oynayan vaxtıdır.
Əvvəldən hazırlaşıb tədarük etdikləri hər bir şeyi maşınlardan götürdülər. Bir tərəfdə yerə döşəklər salındı. Quru ağac, çör-çöp yığılıb ocaq qalandı. Ət, kartof, badımcan, pomidor şişə çəkildi. Şişlərdən ocağa düşən damcılar cızıldayıb yandıqca, kababın ləzzətli iyi ətrafa yayılırdı. Qadınlar elə yerdəcə, otların üstündə süfrə açdılar, döşəkçələrin üstündə oturub, söhbət edirdilər. Uşaqlar bir az aralıda gizlənpaç oynayırdılar. Onların səsi meşəni başına götürmüşdü. Bəzisi yoğun gövdəli ağacların arxasında məharətlə gizlənirdi. Başına yarpaqlı budaqlar taxıb yerə uzananı, ağacın başına çıxıb gizlənəni də vardı. Vüqar ilk şişləri götürüb iri qazana sıyıranda qadınlar uşaqları çağırdılar. Həbib müəllimin böyük oğlu Orxan onlara hay verdi:
- Beş dəqiqə gözləyin, hamını tapım, oyunu qurtaraq!
20 dəqiqə keçdi. Qadınlar bir-iki dəfə yenə uşaqları çağırdılar. Kababın soyuduğunu görən Həbib müəllim özü uşaqları çağırmağa getdi. 10 dəqiqə də keçdi. Yemək tədarük edənlər narahat olmağa başladılar. Uşaqların yaxınlaşdığını görüncə uzaqdan soruşdular:
- Nə olub orada? Niyə gəlmirsiniz?
Cavab verən olmadı. Orxan adamların arasından keçib düz Aidənin qarşısına gəldi:
- O yoxdur,- dedi,- mən Cavidi tapmadım!
...Aləm bir-birinə qarışdı. Meydançada velosipeddən yıxılan oğlanın ağlamaq səsi, qadınların qışqırtısı onu ağır düşüncələrdən ayırdı. O, gözlərini açıb yıxılan oğlana baxdı: necə də için-için ağlayırdı. Elə altı yaşı olardı. Lap Cavidə oxşayırdı... Amma yox, Cavidin indi doqquz yaşı olmalı idi...
...Kişilər uşağı axtarmağa getdilər. Orxan da onlarla idi. Gedəndə Vüqarın rəngi kağız kimi ağarmış Aidənin qarşısında durub dedi:
- Mən onu mütləq tapacağam, arxayın ol! Əliboş qayıtmayacağam.
Saatlar il qədər uzun çəkirdi. Qadınlar sanki ayaq üstə ölmüş Aidəni sakitləşdirməyə çalışırdılar:
- Uşaq çox uzağa gedə bilməz, hökmən tapılacaq.
- Al bir az su iç. Məndə dərman da var.
Aidə əlinin hərəkəti ilə əsəbi halda onları özündən uzaqlaşdırdı, "heç nə deməyin, danışmayın",- dedi. Anasının halının pis olduğunu hiss edən dörd yaşlı qızı da ondan əl çəkmir, elə hey ağlayırdı...
Qaranlıq düşənə yaxın axtarışa gedənlərdən biri Orxanla birlikdə qayıdıb gəldi, intizarla onlara baxanlara izah etdi:
- Buradan bir neçə kilometr aralıda hərbi hissə var, onlardan kömək istəməyə gedirik. Qaranlıq düşənə kimi uşağı tapmalıyıq.
Maşınlardan birinə oturub tələsik getdilər.
- Qaranlıq..,- Aidə başını qaldırıb göylərə baxaraq pıçıldadı,- İlahi, mənim balamı mənə qaytar. O körpə, məsum uşağa yazığın gəlsin. O, indi məni çağırır, bilirəm... Mən də səni çağırıram...
Birdən onun köksündən dəli bir qışqırtı qopdu. Bu tükürpədici qışqırtı bütün meşəni lərzəyə gətirdi, yerin bağrını yardı, hər kəsin ürəyini, beynini titrətdi. Ağacların zirvələri, budaqları bir-birinə qarışdı, Aidə kökündən qopmuş palıd kimi yerə sərildi...
Üç gün uşağı axtardılar. Hərbi hissənin əsgərləri meşəni müxtəlif istiqamətlərdə qarış-qarış gəzdilər. Axtarış itləri də gətizdirildi. Uşağın nə özü, nə də bir izi tapıldı. Dördüncü gün səfərdən qayıtmış Arif də güvəndiyi adamları, könüllüləri yığıb, axtarışı davam etdirənlərə qoşuldu. Gecə maşınlarda yatır, hava işıqlaşan kimi yenə axtarırdılar. Daha iki ağır gün keçdi, ümid hər yerdən üzüldü...
Meşəni ən axırda Vüqarla Zakir tərk etdilər. Bu günlər ərzində saçları ağappaq ağarmış Vüqar özünü maşına yıxaraq, ikiəlli başını tutdu: "Bundan sonra mən necə yaşayacağam? Qardaşımın, qardaşım arvadının üzünə necə baxacağam?"- dedi. Sükan arxasına keçən Zakir dostuna deməyə söz tapmadı...
O, ağır düşüncələrdən ayrıldı. Saata baxdı. Getmək lazım idi. Olub -keçənləri yaddaşından silərək yaşamaq mümkün deyildi. Qardaşı ilə, Aidə ilə görüşməli idi, başqa yolu yox idi.
...Qapını üzünə tanımadığı, orta yaşlarında bir qadın açdı. Özünü təqdim edən kimi onu içəri dəvət etdi, otaqlardan birinin qapısını açaraq: "Yanınıza gələn var",- deyə əli ilə ona "buyurun" işarəsi verdi.
Əlil arabasında oturmuş bu ağ saçlı qadının Aidə olduğuna inanmaq çətin idi. Onun heç bir məna ifadə etməyən bulanıq gözləri çökəyə düşmüşdü, üzünün azacıq əyildiyi hiss olunurdu. Bir neçə dəqiqə sakitcə dayanıb bir-birinə baxdılar. Sükutu Aidənin titrək səsi pozdu:
- Saçların ağappaq ağarıb, Vüqar. Lap bir-birimizə oxşayırıq.
Danışmaq qabiliyyətini sanki itirmiş Vüqar yaxınlaşıb onun əllərindən öpdü.
- Haralarda idin bu neçə ili? Hərdən heç olmasa zəng vuraydın də.
- Soruşma, dostu, sənə danışılası o qədər sözüm var ki...- o, qəhərini boğaraq udqundu.
İki saata yaxın astadan söhbət etdilər. Vüqar Moskvadakı işlərindən, yaşayışından danışdı. Qohum-əqrəba, dost-tanış haqqında məlumat aldı. Hər şey barədə danışdılar, yalnız bir mövzuya toxunmağa cürət etmədilər. O mövzunun adı "Cavid" idi.
Vüqarı qarşılayan qadın onlara çay verdi, sonra yemək süfrəsi açdı. Məktəbli formasında içəri girən Fidanı görəndə Vüqar ilk dəfə bərkdən güldü, onun qarşısına gedib qızı bərk-bərk qucaqladı:
- Ay mənim ceyranım, nə yaman böyümüsən! De görüm tanıdın əmini?
Uşaq matdım-matdım onun üzünə baxdı. Gülümsəyərək başı ilə "hə" dedi.
- Vaxt necə tez keçdi, daha məktəbə gedirsən. Neçənci sinifdə oxuyursan?
- 190 saylı məktəbin ikinci sinfində.
- O, mənim məktəbimdir! Mən də orada oxumuşam. İbtidai sinif müəllimim Şamama müəllimə idi.
- Mən də Şamama müəllimənin sinfində oxuyuram.
Vüqar əllərini bir-birinə vurdu:
- Gör bir, təsadüfə bax! Danış bir az Şamama müəllimədən...
Şirin-şirin söhbət etdilər. Vüqar uşaq kimi sevinirdi. Nəhayət, Aidə söhbətə qarışdı:
- Di yaxşı, qızım, get paltarını dəyiş, yeməyini ye. Bir azdan İlahə xala səni musiqi məktəbinə aparacaq.
Uşaq gedəndən sonra sakitlik çökdü. Vüqar Aidəyə tərəf dönəndə onun üzünün dəyişdiyini sezdi. Sükutun uzanmasına yol verməmək üçün araya söz qatdı:
- Maşallah, yekə qız olub. Allah saxlasın, atalı-analı böyüsün.
- Onun anası yoxdur, - Aidə birdən başını qaldırıb sərt nəzərlərlə ona baxdı,- anasız böyüyür. Onun anası üç il bundan əvvəl ölüb.
O, üzünü çevirib, jurnal stolunun üstündəki çərçivəyə salınmış şəklə baxdı. Bu, üç il bundan əvvəl meşənin kənarında çəkdirdikləri kollektiv şəkil idi. Hamı çox xoşbəxt görünürdü; qucaqlaşaraq dayanmışdılar. Cavid ortada durmuşdu, başını yana əyib gülümsəyirdi. Vüqar qeyri-ixtiyari yaxınlaşıb şəkli sığalladı. Nəhayət, hər ikisinin ürəyinə hakim olan, danışmaq istədikləri, lakin cürət etmədikləri mövzu açıldı. Onlar bayaqdan bəri sanki bu anı gözləyir, ürəklərini boşaltmaq üçün bəhanə axtarırdılar.
- Bu üç ili mən necə yaşamışam, onu bir Allah bilir. Buna yaşamaq demək olarsa? Mən yalnız mövcudam, beynim, ürəyim isə bomboşdur. Heç nəyə yaramıram. Ölmək istəyirəm- onu da bacarmıram. Sənsə belə bir vaxtda bizi tərk etdin, çıxıb getdin! Bizi bu dərdlə tək qoydun!- o, məzəmmətlə Vüqara baxdı.
- Səhv edirsən, dostu. İnsan özü-özündən qaça bilməz. Hara getsən də ürəyin, yaddaşın, fikirlərin səninlə olur. Baş götürüb getməklə heç nə dəyişmədi. İndiyə qədər onu axtarıram. Hər il o yerlərə gedir, ətrafdakı yaşayış məntəqələrini gəzib-dolaşır, uşaqları, böyükləri sorğu-sual edirəm ki, bəlkə nəsə öyrəndim,- Vüqar Aidənin gözlərinin dolduğunu görüncə, onu daha artıq yaraladığını zənn edərək dediklərinə peşman oldu,- sənə söz vermişdim, onu tapacağam, əliboş geri qayıtmayacağam, amma sözümün üstündə dura bilmədim. Budur, gəlmişəm: əliboş, üzüqara. Bağışla məni, əgər bacarırsansa, bağışla... İnsanın üzü bərk olurmuş, dözürəm. Məni nə cür ittiham etsən də yenə dözəcəyəm.
- Heç kimi ittiham etmirəm. Sənin nə günahın var ki? Məni yandıran başqa şeydir. Bəlkə balamın ölüsünü gözümlə görsəydim, taleyimlə barışar, bu qədər əzab çəkməzdim. Şübhələr, qaranlıqlar məni didib-parçalayır. Görəsən bizim bilmədiyimiz nələr var, nələr? Görəsən o gün nələr baş verib? Mənim balam haralara gedib çıxıb, kimə, nəyə rast gəlib? Onun taleyi necə olub? Yırtıcı heyvanlaramı yem olub, yoxsa uşağın qorxudan bağrı çatlayıb? Bəlkə gecənin soyuğunda donub, axı o, çox üşüyən idi. Elə isə bəs niyə cəsədi tapılmadı? Bəlkə pis adamlara rast gəlib, onu oğurlayıb aparıblar? Daha nələr-nələr fikirləşirəm. İlahi, görəsən bu dünyada məndən bədbəxt insan varmı?!
Vüqar göz yaşlarını saxlaya bilmədi. Yaşından çox-çox böyük görünən bu zəif, xəstə qadının qarşısında diz çöküb hönkür-hönkür ağladı. Aidə onun başını dizlərinə sıxdı: "ağla,- dedi,- ağla, ürəyin boşalsın. Mənim göz yaşlarım artıq quruyub".
İnsan nə qəribə məxluqdur. Dərdini danışanda, ürəyini boşaldanda sakitləşir. Bəlkə bu, insanın eqoistliyindən irəli gəlir? Başqalarının da bu dərdi səninlə bölüşdüyünü, əzab çəkdiyini görəndə yüngülləşirsən.
O axşam da hər ikisi bir qədər sakitləşdiyini, yüngülləşdiyini hiss etdi. Axşam işdən qayıdan Arif qardaşını çox mehriban qarşıladı, bərk-bərk qucaqladı. Birlikdə oturub şam yeməyi yedilər. Əvvəllər olduğu kimi danışıb güldülər də. Gecə Vüqar başını yastığa qoyan kimi yuxuya getdi, daş kimi yataraq, yuxusuz keçirdiyi son bir neçə günün əvəzini çıxdı. Sabahı gün onun Moskvaya qayıdacağını eşidəndə təəccübləndilər, "qayıt gəl, evlən, oğul-uşaq sahibi ol",- dedilər. Vüqar güldü, heç vaxt evlənməyəcəyini, uşaq istəmədiyini onlara demədi. Əgər o uşağı qoruyub saxlaya bilməsə, böyüdüb boya-başa çatdıra bilməsə, onda necə olsun? O, daha bir dərdə dözə bilməz. Bəlkə, nə vaxtsa fikrini dəyişəcəkdi, amma hələlik bu qənaətdə idi.
Təyyarə havaya qalxanda Vüqar dərindən nəfəs aldı, elə bil ki, çiyinlərindən ağır bir yük götürülmüşdü. Aşağı baxdı- bütün şəhər görünürdü. Getdikcə uzaqlaşır, kiçilir, arxada qalırdı.

GÖYLƏRDƏN GƏLƏN SƏS

Səhər yenicə açılırdı. Yataq otağının pəncərələrindən düşən günəş şüaları otağı tamam işıqlandırmışdı.Carpayının yanında hərəkətsiz oturan Lətafət dərmanların təsirindən dərin yuxuya getmiş anasının iztirabla dolu xəstə simasına baxırdı. Ömrünün son illərini, demək olar ki, yataqda keçirmiş bu qadının ağappaq saçları, solğun bənizi, çökəyə düşmüş gözləri vardı. İncə cizgiləri vaxtilə çox gözəl olduğuna dəlalət edirdi. Gözəlliyi heç indi də itməmişdi, lakin bu, canlı həyatdan çox uzaq, göylərdə gəzən mələklərin gözəlliyini xatırladırdı.
Birdən Lətafətə elə gəldi ki, anası nəfəs almır.Onun gözləri alacalandı, anasının surəti gözü önündə ikiləşdi. Başını silkələyib diqqətlə baxdı - yox, səhv edirdi. Anasının burun pərləri yüngülcə titrədi. O, üzünü yana, işığa tərəf çevirdi. Üzündə qəribə bir təbəssüm əmələ gəldi. Lətafət anasının oyaq olduğunu yəqinləşdirib ona tərəf əyilərək əlini sığalladı:
- Ana, necəsən?
Anasının üzündəki təbəssüm yox oldu. Üzünü o biri yana çevirərək əlini çəkdi:
- Deməmişəm, mənnən “necəsən” soruşmayın. Mən həmişə pisəm. Axı necə yaxşı ola bilərəm?
Xəstəliklə əlaqədar anasının əsəbləri çox pozulmuşdu. Lətafət onun belə cavablarına artıq çoxdan alışmışdı və qətiyyən incimirdi. Qapı yavaşca aralandı. Ağ xalatlı qız səssizcə əlindəki təzyiqölçəni göstərdi. Lətafət əli ilə hələ gözləməyi işarə etdi. Bir azdan anası zəif səslə soruşdu:
- Bu gün işə getməmisən?
- Yox, bu gün bazar günüdür.
- Uşaqlarınla məşğul olaydın, mənim yanımda oturmaqdan nə çıxar?
- Uşaqları Rüfət gəzməyə aparacaq. Həm də ki sənin yanında oturmaq mənim üçün xoşdur.
- Hə, sizə əziyyət vermək də mənim üçün xoşdur.
- Ana, burada əziyyət çəkən varsa, o da sənsən. Biz sənə baxıb narahat oluruq.
- Bir iynə vursaydınız, mənim də canım qurtarardı, sizin də...
- Ana!
Anası gözlərini yumdu. Lətafət onun solgun üzünə bir daha diqqətlə baxdı. Sanki onun bütün cizğilərini yadında saxlamağa çalışırdı. Ürəyindən keçdi ki, anasını qucaqlasın, bağrına basıb üz-gözündən öpsün, ağ saçlarını sığallasın, ancaq bu arzusunu birtəhər bogub özünü saxladı: əvvəla anasının necə reaksiya verəcəyini bilmirdi. Həm də kövrəlib aglayacagından qorxurdu. Anasının həzin səsi onu fikirdən ayırdı.
- Bayaq yuxudan ayılanda gözlərimə işıq düşdü. Bu qızılgüllərin də qoxusu bir yandan... Elə bildim artıq o dünyadayam. Sonra sənin səsini eşitdim, bildim ki, yox, hələ buradayam.
- Səncə, o biri dünyada yaxşı olacaq?
- Əlbəttə, yüz faiz.
Lətafət qeyri-ixtiyari ah çəkdi.
- Ana, sən bu dünyada o qədər əziyyət çəkmisən ki. Əgər orada sənə yaxşı olsa, birtəhər xəbər göndər, bilim ki, yaxşısan, mən də rahat olum.
Anası güldü:
- Bacarsam, göndərərəm. Çalışaram...

* * *

Saat doqquzun yarısı idi. Zəng vuruldu. Tələbələr auditoriyalara doluşdular. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri universitetin ikinci korpusunda 308 ¹-li auditoriyada yerlərini tutdular, "Riyazi-fizika tənlikləri" kursundan mühazirə deyən nisbətən cavan, lakin çox ciddi və tələbkar müəllimlərini gözləyirdilər. Bir neçə dəqiqədən sonra Lətafət içəri girdi və vaxt itirmədən mühazirəyə başladı.
Lətafət mövzunu aramla izah edir, ortaya çıxan suallara elə yerindəcə cavab verərək, dediklərini qısaca yazdırırdı. Dərsin sonuna yaxın o, tələbələrə özlərini yoxlamaları üçün test paylayıb masanın arxasına keçdi. Əllərini qoynunda çarpazlaşdıraraq, auditoriyanı müşahidə etməyə başladı. "Bu qıza bax, görünür, çox qayğısız həyat keçirir. Yazısı heç vecinə də deyil, elə hey nəyisə yadına salır, öz-özünə gülümsəyir. O oğlan isə nədənsə narahatdır, tez - tez arxaya baxır. Bunun məişət problemləri yəqin çoxdur; elə üst-başından da görünür, amma savadlı oğlandır, yazdıqlarını necə də diqqətlə yoxlayır. Nə isə... Qəribədir, bu qədər adam var bu otaqda - hərənin də öz aləmi, öz dünyası. İnsan fantaziyasının imkan verdiyi qədər genişdir bu dünyalar, ancaq bu balaca otağa sığışırlar".
Əl çantasındakı telefon Lətafəti fikirdən ayırdı. O, adətən, dərsə girəndə telefonu söndürərdi. Son zamanlar nəsə səsini alıb vibrasiyasını saxlayırdı. Atasının həyəcanlı səsi bir saniyədə hər şeyi alt-üst etdi: "Qızım, tez gəl, anan pisdir!"
...Lətafət universitetin geniş, işıqlı dəhlizi ilə tez-tez addımlayırdı.
Dəhliz boyu salınmış xalçaların naxışları gözü önündə bir-birinə qarışır, ayaqları altından axıb gedirdi. Bir neçə tələbəsi arxadan ona çatdı.
- Lətafət xanım, telefonunuzu götürün.
O, diksinib özünə gəldi, gözləri qarşısında hər şey aydınlaşdı. Özünə yad bir səslə soruşdu:
- Zəngə nə qədər var?
- 15 dəqiqə.
- Sakitcə oturun...
- Baş üstə.
- Bizə görə narahat olmayın.
Lətafət daha dəhlizin o başında yerləşən dekanlığa girməyib, birbaşa pilləkənlərlə aşağı düşdü...

* * *

Gecikdi Lətafət, çatmadı. O gələndə anası artıq keçinmişdi. Dünən ürəyindən keçən arzunu bu gün həyata keçirdi. Anasının hələ soyumamış bədənini özünə sıxaraq bərk-bərk qucaqladı, üzündən, gözündən, saçlarından dönə-dönə öpdü. O, sanki eşitmək qabiliyyətini itirmişdi, ətrafda hər şey səssiz filmlərdəki kimi cərəyan edirdi. Qohumlar, tanışlar, yavaş-yavaş evə, həyətə yığışan yaxın-uzaq adamlar... Onlar başlarını tərpədir, nəsə deyir, bəziləri Lətafəti qucaqlayıb öpürdü. Ona tez-tez su, dərman verirdilər. Görəsən, bizim ata-babalar nə üçün dəfn mərasimində qadınların iştirak etməsini məsləhət bilməyiblər? Lətafət atasından, qardaşından xahiş etdi ki, onu da dəfnə aparsınlar. Ancaq onlar da bunu mümkün saymadılar. Sonra ehsan süfrəsi, üçü, yeddisi verildi. Lətafət üçün isə vaxt dayanmışdı. O, bircə dəfə başını qaldırıb uşaqlarını soruşdu. Baldızı dedi ki, uşaqlar bizdədir, hər səhər maşınla məktəbə də aparırıq ki, dərsdən geri qalmasınlar.
Anasının yeddisini verəndən sonra Lətafət evlərinə qayıtdı. Rüfət onu Bir dəqiqə də gözdən qoymur, evin bütün qayğısını özü çəkirdi. İşdə olan müddətdə də tez-tez zəng vururdu. On gündən sonra Lətafət Rüfətin israrı ilə işə də çıxdı, ancaq: "Hələ dərs deyə bilmərəm", - deyə müəllim yoldaşlarından onu bir müddət əvəz etməyi xahiş etdi.
Gecə yarıdan keçmişdi. Lətafət özünə məlum olmayan hansısa səbəbdən gözlərini açdı. Son vaxtlar yatmaq onun üçün müşkül məsələyə çevrilmişdi. O, çətinliklə yuxuya gedir, gecə tez-tez oyanır, yata bilmir, sakitləşdirici dərmanlar qəbul edirdi. Yatağında bir qədər qurcalanıb oturdu. Dərin yuxuya getmiş Rüfətə baxdı: nədənsə ağır-ağır nəfəs alırdı. Ehmalca çarpayıdan düşüb qonşu otağa keçdi, mışıl-mışıl yatmış qızlarını sığalladı, öpdü, yorğanlarını düzəltdi. Sonra mətbəxə keçib korvalol götürdü, suya damızdırıb içdi. Pəncərədən bayıra baxdı: qaranlıq və sakitlik idi. Orda-burda yanan tək-tük işıqlar da qaranlığın əlində aciz qalmışdı. "Ana, haralardasan indi? Sənin yerin də soyuq və qaranlıqdır yəqin... 61 yaş nədir ki, heç olmasa, bu qısa ömrünü də istədiyin kimi yaşaya bilmədin. Bir dəfə də olsun, nəvələrinin əlindən tutub gəzdirmədin - amansız xəstəlik imkan vermədi..." Lətafət otağa qayıdıb yerinə uzandı. Sol böyrü üstə dönüb Rüfətə sığındı. Üşümüş bədənini və qəlbini onun istisi ilə ovundurmağa çalışdı. Gözlərini yumdu.