Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zəlimxan YAQUB
“PEY­ĞƏM­BƏR”
Poema


Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


Fikrət QOCA
DÖRD ADDIM
Poema


Haynrix BÖLL (Almaniya)
Hekayələr


Əşrəf VEYSƏLLİ


İnqilab İSAQ


Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


NƏSR
 

Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


 

Bir ilimiz neçə gündü?.. Üç yüz altmış beş... Hər günün içində günəvərli, yaxud tutqun, küləkli, yaxud mərmər kimi sakit və tərpənməz bir səhər vaxtı olur, o səhər vaxtının qırımına uyğun bir günorta vədəsi gəlib yetişir və nəhayət, gün deyilən zaman çevrəsində səhər vaxtıynan günorta vaxtının başını bağlayan bir şər çağı da var ki, ona uzun və qaranlıq gecənin qapısı ağzında dayanan keşikçi də demək olar...
... Bizim bu hekayətimiz sübh tezdən, səhər-səhər baş verir. Bu səhərin ilk sevgi kimi paklığı, yamyaşıl, gülü-çiçəyi daşan çəmənliklər üzəriynən uçub gedən quş kimi yüngüllüyünü ifadə etməkdə qələm acizdi... Təsəvvür edin, nəhəng dünyanın tozuna, tüstüsünə bulaşmış səhər... Qırmızı güllərin qulağında sırğalar kimi bərq vuran şeh damlaları, topa-topa ağ güllər ağ köpüklü fəvvarələr sayaq yer səthindən fışqıraraq yuxarı can atır...
Ecazkar səhər mənzərəsi öz yerində, amma, kim nə deyir desin, bir çox hallarda havanın necəliyini insan ovqatı təyin edir... Ola bilər ki, ən qızmar gün belə kiminsə qəlbini üşütsün, yaxud şaxtalı hava adamın canına yaz hərarəti daşısın... Bəzən lap üçüncü variant da olur...
Məsələn, quş qanadları kimi havalı və yüngül, gülü-çiçəyi daşan, az qala daşı, divarı, döşəmə səkiləri də pöhrələmək istəyən bu yaz səhərinin içindən ötüb-keçən Ağır Cinayətlər Məhkəməsinin qocaman və təcrübəli hakimi Adil Hüseynlinin qəlbində ömründən keçib gedən əlli beşmi, əlli altımı yazın heç birində duymadığı məlhəm, həm də hardasa, həyəcanlı, qüssəli bir hiss qərar tutmuşdu. O, 40 il günbəgün, saatbasaat gedib-gəldiyi yolu sanki ilk dəfə keçir, ətrafda gözə dəyən nə varsa, adi haldakından bir az iri açılmış bəbəklərinə, bütün duyulub hiss olunanları köksünə yığmaq istəyirdi. Həyatın bu anına həqiqətən də fövqəladə demək olardı. Sözsüz ki, bu belədir... Çünki o, məhz bu gün, 40 il ərzində alışdığı, əslində onun varlığının mənasını təşkil edən bir işə nöqtə qoyacaq, sonuncu dəfə ədalət kürsüsünə qalxıb məhkəməyə sədrlik edəcəkdi. Onun təsəvvürünə görə işlək ömür qatarı sonuncu dayanacağa çatıb duracaqdı. Ovqatı o qədər kövrək və həzin idi ki, o, hətta xatirələr selindən yaxa qurtara bilmirdi. Sinli hakim ehmal addımlarla küçələrdən gedir, doğma şəhərin və özünün keçmiş günlərini yada salırdı və qəribədir ki, xatirələr onun ürəyinin ən gizli tellərini tərpədirdi. Adətən adam ilk dəfə vurulanda da bu hala düşür... Hakimin yeriməyində yaşına uyuşmayan coşqun bir gümrahlıq vardı, məna dolu gözləri ətrafı seyr etməkdən yorulmur, çallaşmış başı addımlarına münasib asta-asta yırğalanırdı. Qıraqdan qəfil nəzər yetirənə elə gəlirdi ki, pənbə, ağappaq gülü yaz yelləri tərpədir...
Görünür, hər küçəsinə, tininə qədər bələd olduğu bu şəhərdə nələrsə dəyişib. Necə ki o özündə tamamilə fərqli bir ovqat duyur, deməli, bu şəhərdə də hansısa yeniliklər baş verib. Sanki indi görür... Bəlkə də, onunla yaşıd olan qocaman ağaclar alabəzək dekorativ işıq zolaqlarına sarınıblar ki, cavan görünsünlər, səhərin gül qoxulu havasına yaraşsınlar. Ya da ki heç belə deyildi...
Amma dəniz... Dəniz heç dəyişməyib, min il, milyon il necə vardısa, indi, bu yaz səhəri də elədir. Qız Qalası da əzəlki qədim görkəmindəydi... Qala məğrur-məğrur dayanmışdı. Ona baxanın ürəyi qürurla dolurdu. Şəhərin bu hissəsində yerləşən, qoca hakimin uzun zamanlardan bəri çalışdığı qədim və əzəmətli məhkəmə binası da əvvəllər, buralar boşluq olanda, qalaya bənzəyirdi. Di gəl ki, son vaxtlar əzəmətli binanın böyür-başında nəhəng göydə­lənlər tikməyə başladılar, onda bu qədim-qayım qala qorxunc inşaat bumunun zıppıltısına tab gətir­mə­yib silkələndi, divarları içəridən - çöldən çat verdi, bayırdan alman istehsalı olan, par-par parıldayan rəngli şüşə üzlüklər çəksələr də görkəmi əvvəlki kimi bir o qədər də diqqəti cəlb etmədi. Elə bil binanı şüşə qəfəsə salmışdılar ki, düşdüyü hal, çəkdiyi əziyyət örtülü qalsın...
Elə bir yönnü səsi olmasa da, istəyirdi boğazının qalın yerinə salıb oxusun. Yəqin ki, o avaz retro ola bilərdi, bir az özünün, daha çox da bu şəhərin cavanlığından qopub gələrdi o səs.
Sahildə iki nəfər balıq azarkeşi bir kəlmə dinib-danışmadan yanaşı əyləşib gözlərini xırda ləpələrin yırğaladığı tilovlara zilləmişdi. Hər ikisi yaşlı idi. Görünür, insanlar həyat ləzzətlərindən heç zaman vaz keçmirlər. Ömrün qürub çağında dəryadan balıq ovlamaq sevdası da elə bu mənanı ifadə edirdi. Allah bilir, bir-biri ilə kəlmə kəsmədən əyləşən bu qocalar, bəlkə də ürəklərində tilova yaxınlaşan balıqları əzizləyir, onlara kəf gəlmək üçün ürəklərində arzu, niyyət tuturdular. Qağayılar isə havadan dənizi seyr edə-edə sevinir, dəcəl uşaqlar kimi haray-həşir qoparırdılar. Yəqin onlar suyu neft qoxuyan dənizin səthindən başlarını çölə çıxarıb yem qapan, yaxud doyunca nəfəs almaq istəyən balıqları görüb sevinirdilər. Bu yaz səhəri sular da məlahətli idi. Dəniz övladlarına şirin nağıl söyləyən mehriban, mərhəmətli ana kimiydi. Bu an qocalardan biri tilovun dəstəyini özünə sarı dartdı. Qarmağa ilişən balıq sudan çıxar-çıxmaz var gücüylə çırpınmağa başladı. Üstünə su zərrələri sıçrayan qoca titrək əlini uzadıb balığı ovcuna almaq istədi. Bu zaman gümüş pullu balıq qocanın ovcundan sürüşüb suya düşdü. O biri kişi tilovundan gözünü çəkmədən gileyləndi:
- Heyif, gərək tam qırağa çəkib sonra qarmaqdan çıxaraydın...
- Düz deyirsən, fikrim özümdə deyildi...
- Balıq ovçusunun ki fikri ayrı yerə getdi, daha heç... Soruşmaq ayıb olmasın, fikrin hara uçmuşdu?..
- O xarabaya...
İkinci qoca, görünür, ovçu dostunun həyat tarixçəsindən xəbərdardı. Dedi:
- Həbsxananı deyirsən?..
- Hə... Mən də o balıq kimi, fələyin zalım əlindən sürüşüb çıxa bildim... Yaxşı adamların sayəsində...
Birdən hər ikisi yaxınlıqda səssiz dayanıb onlara baxan qoca hakimi gördü. Köhnə tanışlar kimi salamlaşdılar, sonra yenidən tilovlarla əlləşməyə başladılar...

***

Həmin gözəl yaz günü, səhər tezdən Avropa stilində, incə zövqlə süslənmiş qədim Şərq sarayının ifrat bər-bəzəkdən sanki daralan dəhlizində lal bir sükut hökm sürürdü. Bu kar bir sükut idi, ya uğultulu dünyanın dili, ya da canlı aləmin qulağı batmışdı. Üzərinə otuz doqquz rəqəmi yazılmış hakimlər otağının qarşısında ayaq saxladı. Ağbaş kişi qapıya, otuz doqquz rəqəminə baxdı, baxdı, Allah bilir, nələr barədə düşündü. Qıraqdan baxana elə gəlirdi ki, qapını açıb, içəri girməyə ürək eləmir. Bura, bu bina, daha doğrusu, önündə durduğu qapının o üzü onun gənclik illərindən bəri çalışdığı ilk və son iş yeriydi. Bu gün - vur-tut bir neçə saatdan sonra ömrün uzun bir mərhələsinə yekə bir nöqtə qoyub təqaüdə çıxacaqdı... Dərindən, sinədolusu nəfəs aldı və nə fikirləşdisə, başını buladı.
Qırx il bir göz qırpımında gəlib keçmişdi; gah tutqun duman içində yol getmişdi, gah da qarda-çovğunda. Aydan arı, sudan duru, halal ömür yaşamışdı... Bütün gücünü hüquq işinə sərf etmişdi, çox sirli işlərdən agah olmuşdu, amma bu qırx ildə aça bilmədiyi sirlər də az olmamışdı. Əlbəttə, bağlı sirlərin elələri vardı ki, indinin özündə də qəlbini göynədirdi.
Stalin rejimi zamanı onun ehtiyatda olan hərbçi atasını bu sarayın divarları arasında xalq düşməni adıyla mühakimə etmişdilər. Bəlkə atasını şaxtalı-boranlı Sibir çöllərinə sürgünə göndərən hakim də vaxtilə, elə indi qapısını açdığı bu kiçik otaqda əyləşib? Ya da elə qonşuluğundakı - geniş, işıqlı qırx nömrəli otaqda?! Kim bilir, bəlkə o zaman - köhnə əsrin barıt qoxulu otuzuncu-qırxıncı illərində burada nə otuz doqquzuncu otaq olub, nə də qırxıncı?! Hər dəfə işə gəlib-gedəndə ürəyindən keçən bu suala cavab düşünür, dönə-dönə atasının son məktubunu xatırlayırdı: "Oğlum, mən sənin adını Adil qoyanda, dünyanı ədalətsizlik bürümüşdü. Yaşıdlarımın çoxunu məhkəməsiz-filansız ölümə məhkum edib, Sibir sürgününə yollayırdılar. Əziz balam, insanları məhv edən yalnız müharibələr, təbii fəlakətlər, aclıq-susuzluq deyil, həm də tez-tələsik, ədalətsiz qərarlar çıxaran qanun keşikçiləri, insan taleyinə laqeyd olan dövlət məmurlarıdır... Belə adamların xəyanəti ilə dinsiz-imansız şahidlər tapıldı, divan quruldu; o yalançı şahidlər nahaqdan günahsız insanların üzlərinə durdu, millətin düşünən beyni, görən gözü olan say-seçmə oğullar məhv edildi...
Nə bilim, bəlkə də məktubum sənə heç çatmayacaq. Amma onu yazmaq mənim borcumdu. Mən bu sözlərin üzünü köçürüb, dönə-dönə sənə göndərəcəm. İstəyirəm biləsən ki, bizim heç bir günahımız yoxdur. Düşünmə ki, hansısa bir xəyanət etmişik, şərəfsiz iş tutmuşuq... Yox, oğlum, biz laqeydliyin, xəyanətin qurbanıyıq. Bilirəm, körpəsən... Amma böyüyəcəksən. Mənə söz ver ki, heç zaman ədalətsiz iş tutmayacaqsan. Elə buna görə də adını Adil qoydum, oğul... Unutma ki, ədalət koması yıxılan yerdə, rəzalət sarayı ucalır!"
Qoca hakim qəfildən üşüdü. Yoxsa, birdən-birə Sibirin qarlı-çovğunlu qışına düşdü? Ömür sayğacı ən azı əlli il geri fırlandı. Ucqar dağ kəndində, kasıb daxmada, yüz illərin tozu hopan ocaq başında anasının ağuşuna sığınmış körpə oğlan uşağı soyuqdan tir-tir əsirdi:
- Yəqin... indi orda... atam da üşüyür, hə... ana?..
O, pəncərədən soyuq qış yağmuruna baxırdı. Ana qəlbinin qüssəsi, pəncərə şüşəsinə çırpılan üşüntülü qış geylabına dönüb yanağından axır... Dodaqlarını tərpədir, amma səsi çıxmır.
İndi qışın soyuğu, çölün dəhşətli qorxusu, bunlardan daha pisi ata həsrətiynən baş-başa qalan sümükləri bərkiməmiş bu uşağa nə cavab versin ana? Nə desin ona? Sibir necə yerdi? Ora soyuqdumu, orda qar yağırmı? Nə bilsin axı? Sibirin ab-havası barədə onun bildiyi Adilin bildiyindən elə də çox deyil. Ortada olan budur ki, Sibir deyilən o qara əjdaha on minlərlə ailə sırasında bu iki nəfərlik kasıb və günahsız ailənin də dirəyini dibindən qopardıb, damını başına uçurdub. Nə fərqi var, Sibir istidi, yoxsa soyuq? Nə fərqi var, orda gün çıxıb, yoxsa yağış yağır, tufan cövlan edir? Ora heç sevəni sevəndən, atanı oğuldan əbədi ayıran məzar da demək olmaz. Ora əsl cəhənnəmdi! Dirilər üçün əziz ölülərinin cəhənnəmə düşməyinin bircə adı ola bilər: əcr, əzab...
... Ocağın üstündə nəsə bişir. Bayırda külək əsir, sulu qar yağır. Ana Sibirin adını eşidib yalnız... Qarıların-qocaların danışdığı o uzaq yer haqqında bildiyi bircə bu idi: gedər-gəlməz...
Sonralar Adil orta məktəbdə oxuyanda tarix dərsindən bildi ki, anası Dilbərin gözünü yolda qoyan, ona it zülmü verən soyuq, xaraba Sibir çar Nikolay əyyamından zindan imiş...
Adilin atası Həmid otuz səkkiz illik ömründə üç müharibə görmüşdü. Şübhəsiz o, müharibələrin heç birində sürgün əzabı çəkməmişdi. Bunu da, Adil çox-çox sonralar bildi ki, zamanın əzazil adamlarının əliylə Sibirin qara bataqlıq və sıx meşələri insan əti yeyən amansız quzğun olub. Ağ kəfənə oxşayan qara bürünmüş meşə... O meşənin cığırları ağac budaqları kimi dörd yana şaxələnib. Cığırlarda həyatla ölüm əkiz qardaş kimi qol-boyundu, qoşa addımlayır. Burda geri dönən cığır yoxdu... Üstüynən minlərlə insanın qorxa-qorxa ötüb-keçdiyi bu cığırların bircəsi də geri dönmür. Və bütün cığırlar nəhəng və dibsiz bir bataqlığa çatıb qırılır... Babalardan, atalardan nə bir başdaşı var, nə qə bir... Son dərin, dibsiz bataqlıq. Heç elə bil insan olmayıb, yaşamayıb...

***

... Müharibə qələbə ilə başa çatmışdı; dünya faşizmdən xilas olmuşdu. Di gəl ki, Böyük məmləkətdə şər hələ də bir göz qırpımında insanları əzir, ömürləri puç edirdi. Ağır müharibədən sonra uçuq-söküyünü yamayan ölkənin quruculuq dövründə də adamları ölüm-itim qorxusu, sürgün əndişəsi tərk etmirdi. Hər gecə qapılar qəfildən döyülür, divarlarından şəhid əsgər şəkilləri asılmış evlərin çardaqlarında, zirzəmilərində, mal-qara saxlanılan tövlələrin, toyuq-cücə hinlərinin künc-bucağında axtarış aparılırdı. Bu, əsl insan ovu idi.
Qadınların ürəkparçalayan fəryadları ərşə çatırdı, doğma övladlarının gözləri qarşısında alçaldılıb, təhqir oluna-oluna qollarına qandal vurulan kişilərin faciəsi müharibənin məxmər davamı idi. Od-alov içindən orden-medalla qayıdan insanlar yağışdan çıxıb yağmura düşmüşdülər.
Adil hələ balaca idi. O, heç vəchlə anlaya bilməzdi ki, niyə dövri-zəmanə Berlinə qədər gedib Hitler kimi zalımın anasını ağlar qoyan oğulların ana-bacılarını indi əkində-biçində, dəzgah başında, çörək növbəsində zülüm-zülüm ağladır?
Adil balaca ağlıyla dərk edə bilmirdi ki, o zaman niyə hər kənd-kəsəkdə Stalin, Beriya kimi siyasət adamlarının adını çəkmədən, qocalar ovurdlarını yastıladıb qəlyan tüstülədə-tüstülədə, həm də ehtiyatla zülümkar padşahlardan, Firondan, Nəmruddan qəribə rəvayətlər danışıb, dərindən köks ötürürdülər?!
Adil Hüseynlinin uşaqlıq həyatını qorxulu nağıl da adlandırmaq olar. Əksər yeniyetmələr kimi əvvəl o da eşitdiklərinə inana bilmirdi; axı, təbiətin insanlara verdiyi düşünmək haqqını - sosializmin tam və qəti qələbəsindən danışıb, işıqlı kommunizmi arzulayan cəmiyyətdə necə tapdalamaq olardı?
Belə çıxırdı ki, birinin hər şeyi olması üçün digərlərinin azadlığı boğulmalı, haqqı tapdalanmalıydı. Niyə fitrətən istedadlı adamların haqqı vəzifə gücünə, rütbə zoruna ədalətsizcəsinə məhv edilirdi?!.
Hamı bir nəfər kimi şərə qarşı mübarizə imkanından və hissindən məhrum olmuşdu... Ölkə "xalq düşmənləri"nin ov meydanı idi: böyük imperiyanın şimal-şərqinə sarı uzanan dəmiryolları ilə istidə-soyuqda ləngər vura-vura şütüyən yük qatarları - eşalonlar gecə-gündüz, heyvan qoxusundan nəfəs tıncıxdıran taxta vaqonlarda uzaq Sibirə "vətən xainləri"ni daşıyırdı. Ovçunun gözünü qan örtmüşdü, ov isə kölgəsindən qorxurdu!
... Qırx altıncı ilin payızında Adil doqquz yaşına çatdı. Tutqun, buludlu bir gün idi. Zəhlətökən bir yağmur qoxusu adamın hövsələsini daraldır, qurğuşun kimi ağır və nəm hava onsuz da ehtiyac, fikir-xəyal içində itib-batan insanların qafasını bir az da qarışdırırdı. Atasıyla vidalaşanda anası, digər yaxın simsarlarla birgə qatar dayanacağına qədər gələ bildilər.
Hər necə olsa, atalar demişkən, elnən gələn qada-bala toy-bayramdı. Taxta vaqonlarda sonu bilinməz səfərə göndərilən yalnız Adilin atası Həmid deyildi. Başqaları da vardı, həm də çox... Həmidin tək aparılmamağı, böyründə başqalarının da olmağı Adili və ananı bir qədər təskin edir, sakitləşdirirdi. Açıb-ağartmaq, əlbəttə, ayıb olardı, onlar bunu çox dərindən anlayırdılar, bununla belə ürəklərinə rahatlıq gətirən bir hiss də vardı; nə yaxşı, Həmidi tək aparmırlar... Ayrılıq anı hamının gözünü qanlı yaşa boyamışdı, qoca nənələrin əli qoynunda qalmışdı, içində ufuldayan, fəryad edən adamlar gedənlərin qəlbini parçalamamaq üçün nə qədər özlərini tox tutsalar da dərd üstün gəlirdi. Doğrudan da, xata-bala ellikcə yaxalamışdı onları. Bilinmirdi, kim kimin üçün sızıldayıb ağlayır... O, anasına qısılıb atası minən vaqona sarı baxırdı.
- "Allah tifağınızı dağıtsın, belə zülm olar?" - kimə qarğadığı bilinməyən qoca dəmiryolçu dodağının altında mızıldanır, dediyini özündən başqa eşidən olmasa da, elə bil xoflanırdı. Ayrı sayaq mümkün də deyildi. Bir kəlmə sözün güdazına gedən minlərlə insan vardı. Özü də adamı ora basanda baxmırdılar ki, qocadı, yaxud cavan...
Bəzən taleyin elə anı olur ki, uşaq bir göz qırpımında böyüyür, müdrik, hətta mənasını tam dərk etmək mümkün olmayan sözlər deyir. Adil dəhşətli vida anında qoca dəmiryolçu eşidə-eşidə anasına söylədiyi qəribə sözləri indi də xatırlayır. Taxta vaqona sarı boylanaraq anasına sığınıb belə demişdi Adil:
- Ana, gərək mənim adımı Sovet qoyaydınız, onda atamı aparmazdılar...
Anası gözünün yaşını silə-silə:
- Bu hardan sənin ağlına gəldi?
- Odur ey, sinif yoldaşımın adı Sovetdi, heç kim onun atasına dəyib-dolaşmır...
- Sənə "xalq düşməninin oğlu" dəyən o qırmızıbaş, çil-çil gədəni deyirsən?
- Hə, ancaq mənə elə deyən tək Sovet deyil ki..., ana!
- Allah özü haqsızların cəzasını verəcək, - dedi ana. - Sən, hər sözə fikir vermə. Atan Həmid bizim obanın ən namuslu, halal adamıdı. Atan hələm-hələm sınan adam deyil, inşallah, qayıdıb gələr, onda bilinər ki, kim dostdu, kim düşmən...
Qoca dəmiryolçu lap yaxına gəlib Adilin başını sığalladı, guya söhbətin hansı Sovetdən getdiyini bilirmiş kimi sakit, xırıltılı səslə dedi:
- Bir də heylə eləsə, o Sovet köpəkoğluna deyərsən ki, atam nemeslərlə döyüşəndə, sənin pişikgöz atan anovun tumanı altında gizlənirdi, - bildinmi? Deyərsən ha...
Qoca dəmiryolçunun deyinə-deyinə onlardan aralanıb eşalona tərəf gedərkən için-için göynəməyi də Adilin gözü önündədi:
- Bezmişəm, vallah, bu bədbəxt uşaqlarının havayı yerə güdaza getməklərinə nə qədər sakit-sakit baxmaq olar. Əlac ona qalıb ki, özümü atım vaqonun təkəri altına.
Və o qoca dəmiryolçu bir anlıq yerində mıxlanıb nəfəs dərdi, göy üzünə baxdı, sonra cibindən üzərinə "Avrora" yazılmış papiros qutusunu çıxardıb qapağını açdı, ordan iki barmağı ilə dartıb çıxartdığı papirosu damağına qoyub yandırdı. Sinəsinə çəkdiyi boz tüstü ağzından və burnunun dəliklərindən çıxıb dağınıq halda havaya qalxdı. İndi kişi, həqiqətən, gözgörəti yanır, tüstüsü az qala təpəsindən çıxırdı.
- Bu zəhrimara çox fikir vermə bala, "Avrora"dır, gurultulu atəşi atamızı yandırdı, əyri-üyrü tüstüsündə də özümüz boğuluruq. Neynim, mən də içimin dərdini belə tüstülədirəm. Hərəmiz bir cürə yanırıq, a bala.
Kişi danışır və doğrudan, tüstülənirdi. Adil xatırlayır: kişinin içinə sümürdüyü barmaq boyda papirosda o qədər tüstü hardan idi? Elə bil o içində qiyam ocağı qalamışdı. Həmin ocağın tüstüsü Adili də boğurdu. Sonra Dilbər lal-dinməz Adili özünə sıxdı, qolundan bərk-bərk yapışıb evə apardı. Və evə çatar-çatmaz Adil:
- Sabahdan məktəbə getməyəcəyəm, - dedi.

***

... Görəsən, ona "xalq düşməninin oğlu" deyən Sovet indi hardadır? Ölübmü, qalıbmı, necədir? Bəlkə, o da təqaüdə çıxıb?
Nədənsə, son zamanlar Adil Hüseynli doqquz yaşında gördüyü qoca dəmiryolçunu tez-tez yada salırdı. Elə bil o indi də Adilin bir addımlığında dayanıb papiros çəkə-çəkə içinin tüstüsünü bayıra çıxarırdı.
"Hə, mən də o balıq kimi fələyin zalım əlindən sürüşüb çıxa bildim... yaxşı adamların sayəsində", - səhər tezdən dəniz sahilində balıq ovlayan qoca da ona tanış gəlirdi. Deyəsən, o da Adil Hüseynlini tanıyırdı...

***

- "Mən öz insanlıq vəzifəmi yerinə yetirmişəm", - qoca hakim özündən cavan görünən atasının şəklinə baxa-baxa qəlbinin səsini dinləyirdi, - "Cəmiyyət həyatında elə vəzifələr var ki, adamdan insanlıq, mədəniyyət və cəsarət tələb edir. Mənəviyyata, insani dəyərlərə hörmət etmək isə bütün peşələr üçün əsas şərtdir. Adamlar həmişə ədalətli cəmiyyətdə yaşamağı arzu edirlər. Hansı quruluş olursa olsun, insanın özünü müdafiəsiz hiss etməyi dəhşətdir..."
- "Səncə, rəhmdillik inkişafa, tərəqqiyə yol açan bəşəri dəyərdir?"
- "İndi çox şeylər dəyişib. Zaman ağuşunu onun nəbzini tutanlara daha geniş açır..."
- "Yəni, belə çıxır ki, hətta rəhmsiz-insafsız adamlara da?!"
- "Hə, elədir! Bəzən haqqı-ədaləti axtaran adamlar üçün zamanın nəbzi sürüşkən balıq kimidir", - səhərçağı dənizin sahilində gördüyü mənzərəni - balıq ovu edən qocaların söhbətini xatırladı: "Rəhmli insanlara rast gəlməsəydim, sümüklərim çoxdan çürümüşdü..." - nəhayət, o qocanı yadına sala bildi. Bəli, o idi. İyirmi il əvvəl onu məhkəmə zalından şərti azadlığa buraxmışdı. İyirmi il... Ya iyirmi beş, ya da otuz il əvvəldi?
- "Qanunlar isə öz-özlüyündə həyatın ritmini qoruyur, insanların yaşam tərzində ahəngdarlıq yaradır. Dünyada heç bir cəmiyyət qanunları pozmağa meyilli adamlardan sığortalanmayıb..."
- "Qanun cəmiyyətin güzgüsüdür, hava kimi, su kimi hamıya lazımdır, bu gündən sabaha uzanan körpünün təməlidir. Qanunsuzluq tüğyan edəndə ədalətsizlik şüuru yaralayır, adamları qorxaqlığa, ikiüzlülüyə, riyakarlığa sövq edir. Əzəldən Xeyir və Şər qüvvələrinin bir-biri ilə çarpışdığı dünyanı qanunlar idarə edib, əgər qanunlar və qanun keşikçiləri olmasaydı..."
- "Bəs görəsən, niyə, zalım fələk ədalətli adamlarla çox vaxt ədalətsiz davranır, onların ömrünü puç edir, arzularını yarı yolda qoyur? Ədalət hissindən məhrum olanlarsa kefi kök, damağı çağ yaşayırlar".
- "Fələyi necə qınayasan, bəzən ətri ilə ruhu təzələyən, adam boyu qalxmış güllər-çiçəklər də bal arılarından şikayətçi olurlar..."
- "Desənə, bu əhvalat ədalətli hökmdar Həzrəti-Süleymanın zamanında olub! Bəs bitkilərin, heyvanların dilini bilən ədalətli hökmdar güllərin bu qəribə şikayətinə necə baxdı?!"
Adil Hüseynli bu əhvalatı uzun illərdən bəri idi ki, yadında saxlamışdı:
- "O, hər şeyin dilini bilən bir neçə saray qazısına məsələni dərhal ay­dın­laş­dırmağı tapşırdı. Qazılar arıların nümayəndələrini, hətta heç vaxt pətəyi tərk etməyən bir çox ana arıları bir yerə yığıb, güllərin şikayətini araşdırdılar. Be­lə məlum oldu ki, arılar günlərlə, aylarla dağlarda, dərələrdə, çə­mən­liklərdə dolaşa-dolaşa çox böyük zəhmətlə topladıqları şirə damlalarını bala çe­virdikdə, hazır məhsuldan faydalana bilmirlər. Onların pətəkləri şəffaf, tə­miz bal şanıları ilə dolan kimi hazıra nazirlərin əli ilə boşaldılır. Uzağa get­mək lazım deyil, elə Süleymanın öz sarayındaca arıların saf balı necə gəldi israf olunur.
Qazılar Süleymanın yanına gəlib yoxlamanın nəticəsini şərh etdilər. O, xeyli fikrə daldı. Dedi:


- Qoy məsələyə güllərin iştirakı ilə mənim hüzurumda baxılsın!
Ədalət divanı quruldu. Əvvəlcə şikayətçi güllər "danışdı", sonra arılar... Məsələ uzandı. Qazıların dərin təhlili nitqindən sonra baş qazı guya bitərəf mövqedən qəribə bir əda ilə ədalət divanını yekunlaşdırdı:
- Ya Həzrəti-Süleyman! Bu işdə arıları heç cür təqsirləndirmək olmaz. Güllərin şikayətindən onların nə qədər çalışqan, intizamlı, əməksevər, fədakar, sədaqətli, xeyir verən, kara gələn olduqları aşkara çıxdı. Təzə tərtib etdiyimiz qanun məcəlləsinin filan bəndinin... filan.., filan... maddəsinə görə arılar bəraət qazanır, öz fədakar səylərində azad buraxılırlar.
... Güllərin yanıqlı nalələri eşidildi:
- Bu da ədalətli Süleyman! Siz hamınız öz xeyrinizi güdənsiniz. Axı arılar balı sizdən ötrü hazırlayırlar! Onları necə, nədə təqsirləndirə bilərsiniz?! Biz isə hər gün sinəmizə iti neştərlər sancıla-sancıla səhər günəşinə göz açırıq. Hüsnümüzə məftun bülbülləri də sinəsi yaralı-yaralı dinləyirik. Balın şirəsi gözünüzü qapayıb. Onun zərrə-zərrə, damla-damla bizim varlığımızdan sorulmasından xəbərsizsiniz. Ancaq bizə elə gəlirdi ki, Həzrəti-Süleymanın bunlardan xəbəri vardı... Bizə toxunmayın, qoyun əvvəlki halımızda qalaq!
Deyirlər, bu hadisədən sonra Süleyman peyğəmbər Bilqeyis xatun ilə birlikdə Baqi-İrəmdə və başqa səfalı yerlərdə seyr-səyahət edərkən sehirli üzüyünü (peyğəmbərlər bu üzüyü taxanda quşların, güllərin, divlərin dilini bilirmiş) ehmalca barmağından çıxarırmış ki, bir də güllərin ətirli nəsimə çevrilmiş səsindəki şikayəti, giley-güzarı eşidib narahat olmasın".
Qoca hakimin qəlbi intizarla döyündü: - "Bu rəvayətdən belə çıxır ki, əzəldən ədalət axtaranlar, həqiqəti söyləyənlər, vicdanla yaşamaq istəyənlər nəyisə qurban verməyə məhkumdurlar, - deyə düşündü. Yəni mənim, qırx il ədalətli çalışmağımın zərrə qədər də xoşbəxtliyə dəxli yoxdur?"
- "Bu dünyada arzu edilən şeyi əldə etmək hələ xoşbəxtlik deyil".
Atasının ruhu sanki bir parça işıq zolağı kimi pəncərədən otağa kölgə salmışdı. O işıqlı kölgədə pıçıltını xatırladan tanış səs Adil Hüseynliyə təsəlli verirdi:
- "Sən hər şeydən əvvəl, öz insanlıq vəzifəni yerinə yetirmisən!"

***

Yorğun gözlərinin dikildiyi nöqtə, gözün görmə imkanından, Allah bilir, neçə min metr aralıda idi... düşüncəsi şəhərdən çox-çox uzaqda, yamyaşıl dağ döşündə dolaşırdı. Orada başına qoyun dərisindən olan papağını gözünün üstünə basmış balaca oğlan uşağı özündən yekə çoban çomağına söykənib, qoyun-quzunun otlamağına tamaşa edirdi. Yamacda al lalələrin ləçəklərinə göz yaşı kimi düzülən şeh damlaları gün işığında parıldayırdı. Adil dərələrin dərinliyinə, dağların ucalığına, suyu bir-birinə qarışan çeşmələrin birləşib bir ahəng yaradan zümzüməsinə heyran idi. Lalələr qızaran yamaclarda bal arıları vızıldaşırdı. Yasəmən ətri adamın ağlını başından alırdı.
Doğrudan da, yaz təbiətin şahanə çağıdı. Elə ki, ilin bu fəsli yetişir, milyon illərlə soyuq sükuta dalan qayaların alnını isti tər basır, çayın qara daşı quş olub qanad taxmaq istəyir. Yaz nağıldı, yaz təbiətin qırxıncı otağıdı, milyon illərdi qapısı döyülür, içindəki sirri çözələnir, di gəl ki, qatbaqat ecazkarlıq sona qədər bilinmir ki, bilinmir. İndi balaca Adil heyrətdən böyümüş gözləri ilə təbiətin min bir ilməsinə dönüb-dönüb baxanda, saf havanı yaşına yaraşmayan bir acgözlüklə sinəsinə çəkəndə, elə təsəvvür yaranır ki, dünyanın bu nəhayətsiz gözəlliyi onun balaca könlünə yerləşməyəcək, yerləşsə də, o nəhayətsiz gözəllik bir əlcə uşağa, ağır bir yük olacaq. Amma yaxşı ki, yaz tərpənməz sərvətdi. Onu ordan bura, burdan ora daşımaq mümkün deyil.
Orta məktəbdə gözünün ağı-qarası olan oğluna tay-tuşlarının "xalq düşməninin oğlu" deməsi ananı bərk incitmiş və o, narahat olub uşağı şəhərdən alaraq uzaq dağ kəndində yaşayan qohumlarıgilə aparmışdı... Hər halda sonrakı fəlakətdən yaxa qurtarmaq, balasını qorumaq üçün belə eləmişdi. Ağlı belə kəsmişdi.
Sonra... Stalin öldü. Bulanıq sular durulmağa başladı. Atası bəraət aldı. Həmid bunu bilmədi. Çünki ağır və iztirablarla dolu sürgünlük yazığın ömrünü qırxıncı pillədə yeyib-bitirdi! Güllü-çiçəkli bir yaz axşamı dünyasını dəyişdiyi ünvandan son məktubu gəldi. Hər dəfə üz-gözündən əskik olmayan təbəssümlə onu bağrına basıb: "Adil, mənim əziz balam, atan tezliklə qayıdacaq!" - deyən Dilbərin acı göz yaşları əvvəl Adilin boyun-boğazını, sonra isə atasından yadigar qalan ağ-qara şəkli islatdı... Ola bilsin ki, əslində də beləydi, başqaları üçün nimdaş ağ-qara foto idi. Lakin hər dəfə o retro fotoya baxanda iki ən təzadlı zəngin və fotonun saralmış fonunun qarışığında o şəklin lentə alındığı uzaq yaz havasını, ata ömrünün bahar çağlarını, sümükləri sızıldadan Sibir soyuğunu, bir də anasının gözlərindən axıb əvvəlcə onun boyun-boğazını, sonra isə bu fotonu isladan acı yaşları bütün dərinliyi ilə duyurdu...

***

... İş-güc yoranda, ya ürəyi darıxanda, əlçatan yerdə tapıb çəkildiyi guşə adi bir dincəlmək məkanından çıxıb onun içinin və xəyallarının dünyası olurdu. O dünyanın birinci mənzərəsi çox zaman həmin o bənövşəli qayalıqların qoynunda büllur bulaqlar çağlayan dağlar idi. On beş il irəli quduz yağı yığnağı dədə-baba yurdunu basmışdı... Və təbii ki, bu on beş ildə o cənnətməkanın ziyarətinə yalnız yuxularda gedə bilirdi. Gülü-çiçəyi daşan baharda, yağmurlu payızda, qarlı qış gecələrində yuxusuna dağılmış evlər, batmış körpülər, çox yerdə məcrasını dəyişən dağ çayı gəlirdi. Deyilib yazılanlara, həm də özünün sadə fəhminə görə bilirdi ki, uşaqkən yadında saxladığı budağından yelləncək asılan köklü-köməcli palıd ağacına od vurub külə döndəriblər... Qara yellərin bir cizgisinə belə toxuna bilmədiyi qədim məzarların daş sinəsi doğma, diri adamların həsrətindən partdaq-partdaq olub. Dağ döşündə, dərə dibində, meşə qoynunda, bulaq başında qaralan mərmi, atəş yerləri müharibənin sağalmaz yaraları deyil, bəs nədi?!
İlahi, axı deyəsən xırda qarışqanın heyfini azman fildə qoymayan Təbiətin də qaraçuxası yatıb? İndi oralarda yollar, cığırlar, bulaqlar yaman günə qalıb... Səni yanasan, parça-parça olasan, fələk, bir belə insanın dərdinə çarə qılmadın, barı daşa, torpağa, yola, ağaca, selə, suya qıyma... İlahi, axı sən hansı haqla, əvvəl yaratdığın gözəl cənnəti cinlər-şeytanlar yallı gedən qorxunc nağıl məkanına döndərdin. Bu qədər qorxulu nağılların varkən, yenisini və daha dəhşətlisini yaratmaq sənin nəyinə gərək idi?!.
Biri var idi, biri yox idi... Yağılar yağmalayan bir yurd vardı, havası təmiz, suyu can məlhəmi... Sən demə, bu dünyada təkcə insanlar deyil, doğma ocaqların istisi, dağların qarı, meşələrin gül-çiçəyi, çayların göz yaşı kimi dupduru suyu da itkin düşərmiş, yerindən qalxıb canını qurtarmağa gücü çatmayan didərginə dönərmiş...
"O cürə gözəl yerləri kor qoyublar dəyyuslar. Televizorda göstərdilər. İt gününə salıblar Qarabağı. Əl içi kimi düzləyiblər şeytan köpək uşağı. Cənnətə ki, şeytanın ayağı dəydi, daha onun cəhənnəmdən nə fərqi... Ümid yenə Allaha qalıb..." Həmin kadrlara baxanda uşaq vaxtı qarış-qarış gəzdiyi yerlər gözünə göründü. Bir anda gəzib-dolaşdığı doğma yerlərin təmiz dağ havası xəyalına sığal çəkdi. Burnuna yasəmən ətri doldu. İş yerinin qapısı ağzındaca atasının unudulmaz şəkli gəlib dayandı gözünün qabağında. Və bu dəfə də inandı ki, yurd yerinin şəkli ilə ata şəkli elə eyni şeydi. "Mənim otağım çox balacadır! Yox, ata, səni - müharibədən qələbə ilə qayıdan bir zabiti - "vətən xaini" adı ilə damğalayıb Sibirə göndərən hakim burada otura blməzdi. O qansızın iddiası, iblis əməlləri bu darısqallığa yerləşməzdi... Axı, bu sarayın hansı otağında otururmuş o? Çox təəssüf ki, soyuq divarlarına sənin sonuncu dəfə baxdığın həmin otağı görmək mənə nəsib olmadı. İş-güc başımı o qədər qatdı ki... İndi mən səndən xeyli qocayam ata, bu gün təqaüdə çıxacağam... Amma heç özüm də bilmirəm, niyə indidən darıxmağa başlamışam?"
Aramsız taqqıltı səsi gələn qırx nömrəli otağın Avropa üslubunda, palıd ağacından olan qırmızımtıl iki tay qapısının bir tayı açıldı. Əlində bir neçə SD diski və üzqabığında yarıçılpaq qız şəkli olan rəngli "Moda" dərgisi tutan, boynu qızıl zəncirli cavan hakim qoca həmkarını görüb dərhal salamlaşdı. İndiki cavanlara məxsus qətiyyətli ərklə qoca hakimi qınadı:
- Adil müəllim, deyirəm, indiki zamanda işdən aralanmaq, koması yıxılmaq kimi bir şeydi elə. Üzr istəyirəm ha, lətifəsi sizdən uzaq, nə fərqi var, tısbağanı ya öldürdün, ya arxası üstə çevirdin. Vallah, sizin bu yaşda, bu enerjidə təqaüdə çıxmağınızı eşidib-bilən məəttəl qalır. Yəni doğurdan, əminsiniz ki, bu yaşda hardasa rahatlıq tapıb, Nuh əyyamından qalma yazı makinasında xatirələr kitabı yazacaqsınız? - sualına cavab gözləmədən sözünə davam etdi. - Axı, indi texnika əsridir canım, camaat sevgi məktubunu da internetə soxur, cib telefonu ilə dünyanı bir-birinə vurur. İndi kitab oxuyan nə gəzir. Heç kim başqasının kitabının arasını açmır. Məndən olsa ərizənizi geri götürərsiniz. Yox, əgər fikriniz qətidirsə, onda gedin vəkilliyə. İşi sərbəst, dolanışığı da ki, dolanışıq...
Adil Hüseynli gümüşü sağanaqlı çeşməyini çıxarıb, şıx geyinmiş, hərdən zarafatla "atalı-analı bəxtəvər" deyə müraciət etdiyi Şahin Verdiyevi diqqətlə süzdü.
O, qazdan ayıq oğlanın həyasızlığına heyran idi. Adətən özünün xırda mənfəətlərini, şəxsi mənafeyini dünya əhəmiyyətli məsələ sayanlar belə qırsaqqız olur, böyüyə-kiçiyə fərq qoymadan ağızlarına gələni danışırlar. O, Adil Hüseynlinin təmiz adam olmağını bəyənmədiyini çəkinmədən, açıq-aşkar bildirir və bu məsələdə özünü yüz faiz haqlı sanırdı. Nədənsə, məhz bu cavan oğlanla söhbəti düşəndə Adil müəllimin içində onu bir az da danışdırmaq, həm də özü bu əbləhin cavabını verib yerində oturtmaq istəyirdi.
Bu dəfə də cavan həmkarının ağır atmacasını yüngül qarşılayıb uzun bir nitq söylədi:
- Malades! Deyirsən texnika əsridir, hə?.. Ay Şahin, hərdən deyirəm elə mən özüm də maşın kimi bir şeyəm, nə yorulub-usanıram, nə də eyni işləri görməkdən bezirəm. Maşın daha nə təhər olar. Qırx ildir hökm oxuyub, insanları basıram qoduqluğa - birini on il, birini on beş il... Bilmirəm, səndə necədi, hərdən ömürlük cəza kəsdiyim adamların gözləri yuxuma girir. Nəlbəki kimi iri açılmış o göz sahibləri mənə belə deyirlər: "Ey Adil, ey ədalət timsalı! Əcəba, verdiyin hökmün ədalətli olduğuna inanırsanmı?!. Yox, axı sən maşın deyilsən, bizim kimi insan oğlu insansan... Bəs niyə anadan əmdiyimiz südü burnumuzdan gətirirsən? Bir zamanlar dilsiz-ağızsız qoyun-quzunu vəhşi canavarlardan qoruyurdun, indi bəs qoyun-quzu kimi dilsiz-ağızsız və günahsız insanları dəmir barmaqlar arasına - ikiayaqlı canavarların qabağına itələyən hakimlərin dəhşətli əməllərinə necə göz yumursan?!." - bu sözləri deyəndə o, Verdiyevdən bir an belə gözünü çəkmədi. Həmkarı hələ ki, susurdu.- Hə, cavan oğlan, bir də onu deyim ki, mən kompüterlə işləməyi də bacarıram. Sən heeeç narahat olma! "Heç" kəlməsini qəsddən uzada-uzada nitqinin ön hissəsini bitirdi.
Şahin bu ağbaş adamın az qala ruhi xəstə olduğunu düşündü. İndi bu adama həm dəhşətli dərəcədə acıyır, həm də nifrət bəsləyirdi:
- Hə, kişi, adam yatanda ölülərlə, duranda dirilərlə görüşür, siz isə həbsxanaya göndərdiyimiz canilərlə gecələr yuxuda çaşqa-loşka olursunuz, gündüzlər aşkarda... Adil müəllim, eşitdim bu gün son məhkəmənizdir, - dedi - bax, mən dediyim sözün ağasıyam ha... Heç olmasa, son şansı əldən buraxmayın. Məsələni həll edin, elə bilin ki, əmanət cibinizdədi...
Adil Hüseynli anadan "deles" doğulan bu nadanın nəyə işarə etdiyini yaxşı bilirdi. İki gün əvvəl özünü mərhəmətli adam kimi qələmə verib: "Bu işi təkrar istintaqa qaytarsanız, yaxşı xeyrimiz olacaq", - demişdi.
- Sən hələ cavansan, bala. Çox şeyin fərqinə varmırsan. Necə deyərlər, Araz aşığındandı, Kür topuğundan. Dünyaya hələ pərdəli gözlərlə baxırsan. Çünki atalı-analı bəxtəvərsən. Mən, Şahin, Şahin bala, uşaq vaxtı atadan, gəncliyimdə anadan, ahıl çağımda elimdən-obamdan yetim qalmışam. Atasızlığa vərdiş elədim, anasızlığa dözdüm, amma vətənsiz - o dağlarsız yaşaya bilmirəm. Elə bil böyüdükcə daralan bu şəhərdə havam çatışmır. Məni böyüdən torpaq - ağaclar, yamaclar, çaylar, bulaqlar... indi məndən imdad istəyir. Əcdadlarımın, əqrəbalarımın saldığı qalın kölgəli bağları düşmən oda qalayıb. Orda yanan, saxlanıb qırılan ağacların naləsi məni burda boğur, bala. Sən anlayırsan nə dediyimi? Kim inanardı ki, başımıza belə müsibət gələcək? Kim bilər ki, bu işlərin axırı necə qurtaracaq? Ona görə də, oğlum, yava-yava danışma. Sən dediyin son məhkəmə isə indi yox, qiyamət günü olacaq!
Şahin istehzalı bir görkəmlə lap həyasızlıq etdi:
- Deyəsən axı, siz təzə kitabınızdan fəsillər oxuyursunuz?
Qanmazı qandırmaq nə qədər çətin olsa da, Adil müəllim fikirlərini davam etdirməyə sanki borclu idi. Əlbəttə, Verdiyevi indən sonra kamil insan eləmək mümkün deyil. Amma nəyi başa salsa elə bu da qənimətdi. Ona görə də davam elədi:
- Hə, sən deyirsən ki, heç kim kitab-zad oxumur?! Bir bax, gör, "Hüquq" seriyasından olan kitablarımı oxuyanlar nələr yazırlar, - deyə əl çantasını açdı, ordan çıxartdığı bir dəstə məktubu göstərdi. - Al, oxu! - Şahinin tərəddüd etdiyini görüb: - bağışla, - dedi. - Az qala unutmuşdum, axı sənin nəinki kitab, əl boyda məktubları oxumağa da hövsələn yoxdu. İnanmıram ki, kompyuter, internet dediyin insanın hüdudsuz və təbii düşüncələrini, duyğularını əvəz etsin. Əslində, bizi digər canlılardan fərqləndirən içimizdə olan bəşəri hisslər, duyğulardı... Yaxşı bilirsən ki, min illərdən üzü bəri məhkəmədə hakim hökmü ilə məhkum qoluna qandal vurulur. Qolu qandallansa da, insan bu dünyadan qopmur. Hərdən gərək adam özünə kənardan nəzər salmağı da bacara. İnsan gərək özündən xəbərsiz içində qandallanan ədalət hissini, Tanrı sevgisini, azadlıq duyğusunu az, lap azca da olsa anlaya. Məgər qandaldan xilas olmaq istəyən içimizə özümüz hakim deyilikmi? Düzü, birinci kitabımı yazanda inanmırdım ki, gördüyü iş adamı bu qədər dəyişər, təmizləyər, ruhu aram-aram sərbəstlik duyar, azadlıq havası udar...
- Bu hikmətli sözlərə görə, çox sağ olun, - bu dəfə Şahin lağ eləmirdi, ciddi danışırdı - amma Adil müəllim siz həmişə nağdı qoyub, nisyə dalınca qaçırsınız. - Üzr istəyirəm, Adil müəllim, belə çıxır ki, siz işdən çıxıb, gedib evinizdə rahat oturub kitab yazmaqla günahlarınızı yuyacaqsınız.
Yenə də ironiya... qoca hakim bunu başa düşsə də əhəmiyyət vermədi. Axı belə bir boşboğaza nə desin? Belələrinə insanların taleyini tapşırmaq olarmı? Bədii ədəbiyyat bir tərəfə, o, heç qanun kitablarının arasını açmayıb. Hələ bir utanmaz-utanmaz qırxıncı otağın qapısına yekə, qızılı hərflərlə adını, atasının adını, familiyasını yazdırıb. Stolunu otağın başına çəkib. Onun-bunun hesabına gəlin otağı kimi bərli-bəzəkli kabinet düzəltdirib. Özündən müştəbehin biridir. Əlacı olsa, hamının cibini töküb töküşdürər, pul verməyəni sonuncu nəfəsinə qədər barmaqlıq arxasına basar...
- Verdiyev, günahları yumaq və ya sənin dediyin kimi, ürəklərdən silib-atmaq, onu qazanmaq qədər asan iş deyil, əzizim, bax, səndən çoxdandı ki, bunu soruşmaq istəyirdim, yəni akademik Qaraxanlının ölümündə təqsirli bilib, on beş il azadlıqdan məhrum etdiyin o xanım-xatın qadının taleyi bir dəfə də olsun yuxunu qaçırmayıb? Axı, ifadə verəndə, onun dili bir söz, gözləri isə başqa şey deyirdi... İşdə bir nəfər də olsun həqiqi şahid ifadəsi yox idi. Bəs vicdanın səni narahat etmir?
Şahin hikkəli-hikkəli qoca hakimin üzünə baxdı:
- Vallah, sizə qalsa, məni inandırarsınız ki, Allahın cənnətdən qovduğu qadın Həvva deyil, dediyiniz o qadındı - Cahan... Əvvəla, o öz ayağı ilə polisə gəlmişdi, həm də ortada külli miqdarda dəlillər vardı. Bəlkə yalan deyirəm? Rəhmətlik kişinin kürəyinə saplanan Samuray qılıncındakı barmaq izləri qadına aid deyildi? Əslində, akademik Qaraxanlını qətlə yetirdiyinə görə, onu ömürlük həbs cəzasına məhkum etməliydim. Allahına şükür etsin ki, Qaraxanlının adamları bu günəcən onu öldürtməyiblər. Aşur Qaraxanlı bu günə qədər yaşasaydı bizim ölkədə Nobel mükafatı alan ilk alim olacaqdı...
Adil Hüseynlinin qaşları çatıldı, başını bulayıb dedi:


- Sən də onun barəsində qəzetlərin yazdığı uydurma sözlərə inanırsan? Fəxri titulları daşımaq, elmi dərəcələri almaq hələ alimlik deyil, bala! Həm də alimlik ayrı, insanlıq, şəxsiyyət ayrı. Bu sözü uşaqlar da əzbər bilir, alim olmaq asandı, insan olmaq çətin... Qaraxanlı kimi alimlər həyatda olduğu kimi, elmdə də çox həlləm-qəlləm işlərlə məşğul olur. Tanış-tunuşun səsini alıb akademik seçilmək hələ elmin zirvəsini fəth etmək deyil. O, elmdə yox, biznesdə irəli getmişdi... Hətta həmin uğurlarına görə ilin adamı seçilmişdi. Qaraxanlı biznes aləmində uğurlar qazanmaq üçün "Cinayət məcəlləsi"nin elə bir maddəsi qalmamışdı ki, onu pozmamış olsun! Eh, cavan oğlan, sənə nə deyim daha? Mən onu qırx ildir ki, tanıyırdım. Necə deyərlər, dabbağda gönünə bələdəm. Arvadı müğənni idi. Səksəninci illərdə xarici ölkəyə getdiyi qastroldan geri qayıtmadı.
Cavan və qoca hakim üz-üzə, göz-gözə dayanmışdı, Şahin açıq-aşkar məğlub olurdu, amma bununla belə lovğalığından əl çəkmirdi:
- Onda rəhmətliyin köklü-köməcli hansı tayfadan olduğunu da bilməmiş deyilsiniz? Arvad məsələsi taleyin işidir. Ondan rəsmi şəkildə boşanmışdı. İndi neyləyək, tale seçiminə, qismətə görə bunları təqsirlimi bilək?! Mən Qaraxanlını ən səhih məlumatlarla tanıyırdım...
... Şahin Verdiyev qoca hakimin axırıncı "müdrik kəlamlarını" dinləyəndə qırxıncı otağın parıltılı qapısına söykənmişdi. Nə təhər oldusa qapı cırıldayıb açıldı. Arxada onun bərli-bəzəkli kabineti idi...
Dünən içəridə - lüks otel nömrəsinə bənzəyən yan otaqda onunla kef çəkib, əylənən, özündən on beş yaş böyük iş ortağı ehtiraslı sözlər demişdi Verdiyevə: - "Şahım, buranı lap gəlin otağı kimi bəzətmisən ki?!." O da üzünü az qala anası yaşında qadına tutub:
- Buranı bəyəndiyinə sevindim. Bu kabinet həm də bir növ bizim ofisimizdir, bura yolun düşəndə darıxmayasan deyə, bomba şərait yaratmaq istədim, hələ yuxarıya miniatür pilləkən də qoyduracağam... Bu gün, sabah üst qatdakı kabinet də ixtiyarımızda olacaq! Təzə bina hazır olanda, yuxarı mərtəbəni tamam alacağam.
Qadın onu çılğınlıqla qucaqladı: - Canım mənim, unutma ki, nə qədər canımda can var, sənin yuxarılara gedən bütün yolların açıq olacaq! Hər anın öz ləzzəti var. Bizim vaxt itirən vaxtımız deyil, elədirmi, əzizim, - deyib soyundu, sonra da Şahinin köynəyinin, şalvarının düymələrini aça-aça pıçıldadı: - Aman canım, sən lap sütül oğlansan ki!.. Sənə bir qadının barmağı toxunsa, özümü odlayaram... - dedi.
Şahin onun dodağını dodağına sıxdı, sinəsini öpüşlərə qərq edə-edə, iki daşın arasında, guya, cananla zarafatlaşdı:
- Bəs o?
- O kimdi?
- O də... Sənin köhnə şefin? Deyirlər dəliymiş səndən ötrü, həm də eşitmişəm yaman şorgöz kişi olub.
Qadın sinə dolusu nəfəsini dərib:
- Of, canım, sən elə düşünmə ki, Qaraxanlıyla aramda belə yaxınlıq olub, - dedi və jurnal stolunun üstündən yarımçıq içilmiş şampan şərabından bir udum aldı, - mən ona heç vaxt əsl kişi kimi baxmamışam... rast gəldiyim gündən hər cür kaprizinə dözürdüm, çünki dolanışığım ondan idi də, şirkətin maliyyə işlərinə baxırdım. Onu qısqandıra biləcək sevgi macəralarından uzaq olmağa çalışırdım... - Qollarını yenə Şahinin boynuna dolayıb:
- Sən isə mənimsən. İstəyirəm sənin olum, sənin...
Qadının səsi get-gedə lap yavaş pıçıltıya çevrilib sonra da eşidilməz oldu.
Sonra... Sonra Şahin gənc qadınlardan bu vaxta qədər ala bilmədiyi həzzi ondan aldı... Və qadın paltarını geyinə-geyinə ona dedi:
- Sən bu gündən mənim ortağım yox, kişimsən. Fransa, Rusiya, Türkiyə, İsraildəki ticarət əlaqələrimizi işə salarıq, sən bu dünyanın ən varlı kişilərindən biri olacaqsan. Pul var, deməli, kişilik də var... Bəlkə düz demirəm?.. İstəsən, sən də elmlər doktoru, professor, lap akademik olarsan!.. Deyirlər, ən böyük kəşf insanın özünü tanımasıdır. Biz isə bu gün həm də bir-birimizi tanıdıq. Mən qaçdım, Şahin, o qoca hakimlə yenə danış, yola gətir, nə istəsə boyun ol, ola bilməz ki, indiki zamanda puldan imtina edən adam olsun!
- Var, əzizim, var, çox təəssüf ki, belə axmaqlar hər zaman olur. Ən yaxşı variant - indiki halda o aptek müdirini susdurmaqdı. İnsan ölümü ilə nəticələnən pereparatları bizim şirkətdən aldığını israr etsə...
- Odur ki, təcili surətdə - lap elə bu saat, Ədliyyə Nazirliyində yeni şirkəti qeydiyyatdan keçirməliyik. Məsələn, "Qara Xan" dönüb "Qara Şahin" ola bilər! Qaldı belə xırım-xırda şeylərə görə canını sıxma, lazım gəlsə sənin o qoca hakimini itirməyə gücümüz çatar!
- Mən ömrümdə belə fanatik adam görməmişəm, Sevacan! Bu adam ömrü boyu quruca maaşla yaşayıb! Bədbəxtin ailə-uşağı metro qəzasında həlak olub! Bir dəfə dedim ki, əgər maşının olsaydı, ailənin harasa metroyla getməyə ehtiyacı qalmazdı... Mənə elə qəzəblə baxdı ki! Nə isə. Hə, bəs niyə sən şirkətə "Qara Şahin" adı qoyursan?
Seva onu uşaq kimi bağrına basıb öpdü:
- Şahin həm də mənim ovladığım quşun adıdır. Quş isə tək qanadla uçmur, əzizim. "Qara Şahin" şirkətinin bir qanadı mənəm, bir qanadı sən. Biri vəzifə, digəri pul. İkisi birləşəndə istənilən məsafəyə uçuş mükəmməl olacaq...
...Şahinə elə gəldi ki, qoca hakim onun bütün əməllərindən xəbərdardı, hətta akademik Qaraxanlıdan miras qalan saxta dərman preparatlarının istehsalı ilə məşğul olan şirkətə himayədarlıq etdiyini belə bilir. "Nə olsun? Biləndə nə olacaq ki, istər halal yolla olsun, istərsə haram - indi kim kommersiya fəaliyyətilə məşğul olmur ki?! Pul qazanmağın, var-dövlət sahibi olmağın nəyi pisdir, canım?! Seva demiş, pul vəzifə, vəzifə isə pul deməkdir... İndi kapital zamanıdır, adamları var-dövlətinə görə qınamaq sosializm cəfəngidir.
Özünü qınadı: "Mənə deyən gərək, başına iş qəhətdir? Axı, bu köhnəlik qalığıyla niyə bu qədər çəm-xəm edirsən? Bəlkə o gün ağzımdan nəsə qaçırmışam? Madam ki, rüşvət almaq əlindən gəlmir, onda bu ayrı cür adamdır, beləsi altdan-altdan iş görür, adama arxadan elə zərbə vurur ki, illərlə özünə gəlmirsən. Birdən o, şübhəli fikirlərin içində, qətiyyətlə xəbər aldı:
- Adil müəllim, nahaq yerə özümüzü mənasız söhbətlərlə yoruruq. Siz Allah, təzə yazdığınız kitabın adı nədir? Kaş ki, kompüterdə yazılmış olaydı... Söz verirəm mən onu mütləq oxuyacağam...
- Bu, müəllif sirridi. Amma sənə deyərəm. İstəyirəm kitabı belə adlandırım: "Qırxıncı otağın sirri"... Hə, necədir? Xoşuna gəlir?
Şahin yuxuda sayıqlayan adam kimi pıçıldadı:
- Hmm, heç uydurma ada oxşamır!
Bayaq geniş açılan qapı indi, deyəsən, öz ətaləti ilə geri qayıtmaq istəyirdi. Şahin diksinən kimi oldu, ürəyində "demək yanılmamışam, deyə düşündü: - bu kişi mənim kimisi hazır gözünün qabağındaykən, gedib Amerikada-zadda kitabına obraz axtarmayacaq ki, görəsən, niyə pul qazanmağın yolunu bilən hər kəs belələrinə görə mənfi adamdı?!" Özünü toxtaq tutmağa çalışdı.
- Deyəsən, bayırda bərk külək əsir, içəridə isə pəncərələri açıq qoymuşam, "külək, niyə belə əsirsən, külək!" - dedi, - Gedim pəncərələri bağlayım...
- Mən də çəkilim öz hücrəmə, pəncərələri açım ki, o gözəl küləkdən bir topa da mənim qismətimə düşsün. Moskvadan əla kitablar gətirmişəm. Yaxşı kitablar adamla ən sakit, həm də qərəzsiz həmsöhbət olurlar. Verdiyev, sənə söz verirəm ki, növbəti kitabımı kompüterdə yazacağam... Görüm onda nə deyəcəksən...
Bayaqdan bəri davam edən söhbətdən pərt olan cavan hakim özünü heç yaxşı hiss etmirdi. Amma sonuncu güllənin də rəqibinin kəlləsinə çaxmağı özünə borc bildi. Dedi:
- Eşitdiyimə görə kitaba aludəçilik də bir cür xəstəlikdi, adına da biblioman deyirlər...
- Hər halda bu, psixi cəhətdən adamı zədələyən kompüter aludəçiliyindən qorxulu xəstəlik deyil, - bunu Adil Hüseynli dedi.
... Və sonra ikilaylı qapı hikkəli səs çıxarıb, bağlandı.
Qapının üzərindəki qırx rəqəminin altında yazılmış "Ağır cinayətlər üzrə Ali Məhkəmə Kollegiyasının üzvü, hüquq elmləri namizədi, hakim Şahin Xanverdi oğlu Verdiyev" lövhəsi bərq vurdu. 40 rəqəmi həmişə onun içində qəribə təəssüratlar yaradırdı. Düz qırx il əvvəl aran rayonlarının birində açıq havada, girdə meydançada məhkəmə istintaqına ilk dəfə dövlət ittihamçısı kimi qatılmışdı. Qırx il idi ki, şəhərdən kəndə, kənddən şəhərə canlı cəza maşını kimi şütüyürdü. Bu qırx ildə çox qorxulu, sirli-soraqlı işlərin üstünü açmışdı. Zəmanəsinin div kimi güclü adamlarıyla üzə-üzə, diz-dizə gəlmişdi, qorxmamışdı, qanunun aliliyini həmişə uca tutmuşdu. Üstəlik haqqı nahaqqa verən həmkarlarına qarşı da mübarizə aparmışdı. Di gəl ki, indi sanki gücü, qüvvəsi tükənmişdi, beş addımlığında yerləşən qırxıncı otaqda oturan gənc həmkarının oyunlarından baş açmağa həvəsi belə qalmamışdı. Əslində, Verdiyevin bura qədəm basdığı günəcən bu binada nə təmir işləri görülmüşdü, nə də qırxıncı otaq olmuşdu. Varlı-karlı adamların köməyi ilə cavan hakim enli dəhlizin bir hissəsini kiçik iclas zalına qatıb, çox geniş kabinetə sahib olmuşdu. Təmir vaxtı burda Şahini ilk dəfə görəndə, qoca hakim onun tikinti mühəndisi olduğunu düşünmüşdü. Biznes fəaliyyəti ilə məşğul olan, şəhərdə ən böyük holdinqin, ölkədə ən bahalı maşının sahibi bu ərköyün cavan bir az da kənardan idarə olunan robota bənzəyirdi... Onun üz-gözündən rəhimsizlik yağırdı, amma özünü mələk kimi göstərməyə çalışırdı. Tutuquşu kimi əzbərlədiyi bu sözləri təkrar-təkrar söyləməkdən sanki xüsusi zövq alırdı:
- A kişinin oğlu, puldan imtina edən adam arxivlikdir, tem boleye, indiki zamanda.
- Kim ağlı, zəhməti ilə nə qazanıbsa, halal xoşu olsun. Amma kələklə gələn küləklə gedir, bax bunu gərək hamı yadında saxlasın, ay bala! - deyə vəzifəyə ancaq pul qazanmaq vasitəsi kimi baxan həmkarını Adil Hüseynli bəri başdan ayıq salmaq istəmişdi. "Belələrinə əməlli-başlı qulaqburması vermək lazımdır. Onun kimi vəzifəyə təsadüfi gələn adamlar hüquq orqanlarının nüfuzuna böyük zərbə vururlar". Elə ilk tanışlığından ondan ağlı bir şey kəsməmişdi. Və qoca hakimin qəlbini ağır kədər bürümüşdü...
...Pəncərəni açdı, əvvəllər burdan baxanda dəniz görsənirdi; o hərdən macal tapan kimi şax dayanıb dənizə baxardı, mavi dalğalardan əsən meh sarı yağ kimi canına yayılardı. İki il irəli yaxınlıqda tikilən göydələn bina dənizin də, dənizdən gələn mehin də qarşısını kəsdi. Düzdü, üzü dənizə təzə ev alanlar xoşbəxt olub sevinirdilər. Köhnə məhkəmə binası isə o göydələnin dizinin dibində itib-batırdı. Göydələnin uzundraz kölgəsi məhkəmənin iclas salonlarına qara yaylıq kimi sərilirdi. Məhkəmə üçün tikilən yeni bina bu günə - sabaha istifadəyə veriləcəkdi. Amma Adil Hüseynli bu gün hakimlik fəaliyyətinə vida edirdi: "Qoy, yeni məhkəmə binasında cavan hakimlər haqqı nahaqdan ayırsınlar, Allah hamısına yar osun!" - deyə düşündü...

***

...Doxsan üçüncü ilin martında onun ailəsi qanlı terror aktının qurbanı olmuşdu. Bir az əvvəl Şahinlə qadın barədə danışanda, birdən-birə ömür-gün yoldaşını, oğlunu-qızını xatırladı... Sinəsi göynədi. Son dəfə meyitlərini qucaqlayanda - qollarını hərəkətsiz qalan oğlunun, qızının, arvadının boynuna dolayanda içinin darmadağın olduğunu hiss etmişdi. Simlərinin birdən-birə qırılması tarı necə quru odun parçasına döndərirsə, ailəsinin ondan və dünyadan qopmağı da onun belini qırmışdı. Uzun zaman özünə gələ bilməmişdi... Gözlərinə qaranlıq çökmüşdü, günlərlə yataqda hərəkətsiz uzanıb qalmışdı. Özünə gələndə isə dünyanın üzləşdiyi böyük bəlalar barədə düşüncələrə dalmışdı. Hanı ailəsi? Uşaqları nəyin badına getdilər? Onların nə günahı vardı? Bu cinayəti törədən əzazil adamlar hardan peyda olurlar? Cəngəlliklərdə yaşayan vəhşi heyvanlar da körpə uşaqlara toxunmurlar; hətta onlara döşlərindən süd verib bəsləyirlər. Yer üzündə yaşayan insanların hamısı Tanrının bəndəsidir, bəs elə isə niyə insan təbiət və cəmiyyət qanunlarını pozub, günahsız insanları terrora düçar edir? Bəlkə doğurdan cinayətkarlığın nə dini olur, nə də məzhəbi?! Onlar can almaq, qan tökmək əmrini yerinə yetirən canlı robortlardı. İstər Bakı olsun, istər London; ya Şərq, ya Qərb - onlar üçün fərqi yoxdur, təki yer-yurd insan qanına boyansın. Onlar günün günorta çağı toy şənliyində, axşam ibadətində, güllü-çiçəkli xiyabanda, dünyanın gözəlliklərindən zövq almalı hər yerində törətdikləri qəfil partlayışlarla yüzlərlə insanın ömrünə son qoyurdular. Görəsən, niyə bəşər övladı bir-birinə bu qədər yad, bir-birinin taleyinə bu qədər laqeyddir? Zülmün, zalımlığın kökü hardadır, İlahi, göydəmi, yerdəmi?!.
İnsan nifrəti zəlzələ kimi, qasırğa kimi qarşısıalınmazdır, adam qəzəbi vəhşi heyvanların yırtıcı xislətindən də dəhşətlidir...

***

Adil Hüseynli ədalət sarayındakı kiçik hücrəsinə çəkilib dərin düşüncələrin içində çırpınarkən qapı açıldı, ümumi şöbədə işləyən qız gətirdiyi məktubu ona verdi:
- Adil müəllim, bu məktubu sizə Qadınlar həbsxanasından göndəriblər. Buyurun, bura imzanızı atın!
Qəribədir, - düşündü, gözlüyünü taxıb, daxil olan məktublar barədə məlumat jurnalına imza etdi, sonra alnını ovuşdurub, dərindən köks ötürdü. "Qadınlar həbsxanası! Bu qırx ildə, axı mən heç bir qadını ora göndərmədim... Əcəba, kimdən olar? Nə məsələdir?"
Məktubun üstünü bir də gözdən keçirdi:
"Cahan Axundova! Dayan, dayan, yoxsa bu qadın Verdiyevin dediyidi? Neçə vaxtdan bəri peşman olub ki, nəyə görə ona ömürlük cəza verməyib". Adil müəllim bir-birini əvəz eləyən sürətli və qarışıq fikirlərdən bir təhər qopub poçtu gətirən qızın hələ də getmədiyini, kabinetdən çıxmaq üçün onun icazəsini gözlədiyinin fərqinə vardı. Dedi:
- Hə, Aynur, qızım, sağ ol, sən gedə bilərsən... amma dayan, səndən bapbalaca bir xahişim var.
- Eşidirəm, Adil müəllim! - Aynur tez cavab verdi.
- Bax, məni toya çağırmağı unutma ha, demə ki, burada işləyirəm, ya yox. Lap zənglə də olsa xəbər ver...
- Baş üstə, Adil müəllim, heç sizi unutmaq olar? Burada hamı sizi çox istəyir.
- Bir ricam da var, qızım,- deyə Adil Hüseynli stolun üzərindəki kompüteri göstərdi, - kompüterdən çox az istifadə edirəm, düzü elə dərindən başım çıxmır bundan, uzun zamandı makinada yazmağa vərdiş eləmişəm. Amma hiss eləyirəm ki, öyrənmək çox vacibdi. Necə bilirsən, bir şey alınar?
- Adil müəllim, gündə yarımca saat məşğul olsaq, bir həftəyə öyrənəcəksiniz, sürətlə yazacaqsınız, internetə qoşulacaqsınız...
- Təşəkkür edirəm, qızım, Allah yardımçın olsun!
Qız otaqdan çıxıb gedəndən sonra qalın zərfi açdı. Oradan üzərinə heç nə yazılmayan otuz, ya qırxmı vərəqlik dəftər çıxdı. Damalı dəftəri vərəqləyib yazılanları nəzərdən keçirməyə başladı.
Bir çox hüquqşünaslara həyəcan, qorxu, coşqunluq hissi, sadəlövh maraqlara aludəlik, demək olar ki, yaddır. O, həyatın hər üzünü görmüş adamdı. İnsan taleyini həll edən sənədlərə qol çəkib. Ən gərgin dartışmalarda belə soyuqqanlılığı qoruyub saxlamaq bir növ peşə borcu kimidi.
Amma nədənsə bu dəfə orada nədən bəhs edildiyini oxumadan, məktubu yazan adamın adını görən kimi, içini qəribə bir nigarançılıq bürüdü, nə idi səbəb, özü də dərk etmədi. Bir az da hövsələsi daralmışdı sanki, dərhal əl xəttini gözləriylə su kimi içməyə başladı...
- "Həyatda elə insanlar var ki, ömrü boyu möcüzə ilə rastlaşmaq istəyi, arzusu onu tərk etmir. Bəlkə nə vaxtsa, möcüzə deyə soraqladığımız hadisənin yanından saymazyana ötüb-keçmişik, heç ona fikir verməmişik. Kim bilir, bütün təsəvvürlərimizi dəyişən o möcüzəni görmək üçün yalnız gözlər kifayət etmir?! Onun fərqinə varmaq, möcüzə olduğunu dərk etmək üçün həssas ürək, duyğulu qəlb gərəkdir..."
Adil Hüseynli ayağa qalxdı, istədi durub pəncərəni açsın, amma o an da fikrindən vaz keçdi; oxuduğu sətirlərdən eşitdiyi səs ona məlhəm gəlirdi, o tənha səsin bayırdan gələn səslərin içərisində əriyib yox olmasını istəmirdi. "Həssas ürək, duyğulu qəlb..." Bir anlıq atasının divardakı şəklindən ona sarı zillənmiş gözlərinə baxdı. Cavan yaşda çəkilməz bəlalara düçar olmuş o şəklin sahibi də, yəni o şəkildə donan adam da sanki diriydi, ayrı yerdə yox, elə bu otaqdaydı və məktubdan, sətirlərdən sıyrılan doğma səsi o da dinləmək istəyirdi:
- "Hə, hə, qoy danışsın! Əyləş, mənim balam... Bu qadın doğrudan da dərd anlayacaq bir adama möhtacdı, o, ədələt axtarır. Sənin adilliyinə ehtiyacı var. Oxu, tələsmədən oxu və o səsi dinlə, oğul..." - deyirdi şəkil.
Qəribədir, əl xətti ilə dama-dama dəftərə yazılan sözlər, o sözlərdən eşidilən səs bir yana, Adil müəllimin gözü önünə məktub göndərən qadının xəyali şəkli də gəlirdi. O, əzabkeş qadını həm də görürdü. Divardakı şəkil kimi, əlində tutduğu dəftər kimi, lap elə özü kimi o qadın da bu otaqda idi:
- "Mənimçün ən böyük, sirli-soraqlı möcüzə həyatda tanıdığım, hər an birlikdə olduğum, özümə yaxın, doğma insanların mənə yadlaşması, fəqət heç tanımadığım, üzünü görmədiyim, adi bir təsadüf nəticəsində kitabını oxuduğum bir Allah bəndəsinin uzaqdan-uzağa doğma hissləri, düşüncələri oldu... Bu, Allah bəndəsi Sizsiniz! İndi burda - sizin xəyalınızla söhbət etdiyim anlarda mənə elə gəlir ki, doğulduğum gündən tanıdığım, həmişə sözümü-sirrimi anlatdığım ən əziz adamımsınız. Sizə bəri başdan açıq etiraf edim ki, indiyəcən özümü tənha, yalqız hiss etməyə öyrəncəli olmuşam. Bəzən ən gözəl məclislərdə, qohum-əqrəba arasında olanda belə özümü kimsəsiz, qərib bilmişəm. Tənhalıq hissi həyatım boyu qəlbimi didib, ovuq-ovuq edib... Nə isə, kitabınızı oxuyandan sonra, sizin xəyalınızla həmsöhbət olanda, birdən-birə içimdə rahatlıq duydum, sanki ağır bir yükü daşımaqdan qurtulmuş kimi hiss etdim özümü... Sizdən nə gizlədim, bəzən ürəyim içinə hava üfürülmüş şar kimi şişir: ötənləri, çəkdiyim iztirabları, üzləşdiyim qorxunc fəlakəti yada saldıqca, qəlbim ağır yükə tab gətirə bilmir. İllərdən bəri ürəyimin şirəsini çəkən dərdimi məni duyan, insan kimi sevən, qadın kimi hörmət edən, ana adını uca tutan, halalı haramdan seçən müdrik bir adama danışmaq, başımı onun köksünə qoyub doyunca ağlamaq, həsrətimi ovundurmaq, könlümü yandıran oda-alova su çiləmək istəyirəm:

...Su varmı?
Göz yaşlarım suvarmır,
Bu həsrətin odunu -
Söndürəcək su varmı?

...Neçə vaxtdır ki, içimi göynətsə də, öz dərdimə yad adam kimi kənardan baxıram, dərddən heç kəs sığortalanmayıb.
Hörmətli Adil müəllim, məhkəmədən sonra həmişə düşünürdüm ki, keşkə məni başa düşən bir aqil insan, bir yazıçı olaydı, başıma gələnləri bir dəftərə yazıb, məktubla ona ünvanlar, dərd-sərimi o yazıçı-insanla bölüşərdim. Bəlkə o mənim həyatımı bir roman, ya da səhnə əsəri kimi qələmə alardı. O zaman həmin romanı oxuyub, ya da tamaşaya baxanlar məni anlardı; həqiqətə, ədalətə göz yuma-yuma cəmiyyətdə kök atan bəlaları görüb onların sadə və günahsız adamları hansı uçuruma, faciələrə sürüklədiklərinə şahid olardılar. Bəlkə hissiz- duyğusuz, mənəvi dəyərlərdən uzaq, min bir hiyləylə cəmiyyət arasında özünə mövqe tutan, vəzifəsinə, puluna güvənərək köməksiz və təmiz insanları çirkaba sürükləyən qansızlar, qurd basan arxalı köpəklər, az da olsa, ibrət götürüb tutduqları bəd əməllərdən əl çəkərdilər.
Nə yaxşı ki, Tanrım gec də olsa, bu dar qəfəsdə məni Sizin varlığınızdan agah etdi. Bilmirəm, bu da taleyin bir oyunudur, yoxsa alın yazısı?! Görəsən, Sizə ürək qızdırmaqda yanılmıram ki? Son dəfə özümə bu sualı verib, içimdəki boşluğu dolduran əminlik hissiylə qələmi əlimə aldım. Şübhəsiz, bu məktubu yazmağa məni vadar edən bir səbəb də Sizin əsəriniz oldu. Sanki Siz mənim qəribə taleyimdən xəbərdarsınız. Bilmirəm, əsərinizdə mənə taleyimi, acı həyat yaşantılarımı xatırladan günahsız qadın obrazını özünüz uydurubsunuz, yoxsa həyatda beləsi var?! Hər halda, vicdanın hökmüylə, azad ruhunuzun tələbiylə, haqqın səsiylə yazıbsınız.
İnsanları daxilən cılızlaşdıran, kiçildən saxta münasibətlərin böyük topluma vurduğu sağalmaz yaraların kökünü göstərməyə çalışmısınız.
(Onu da deyim ki, bu günlərdə kitabın müzakirəsi barədə təşəbbüsümü Qadınlar həbsxanasının rəisi də bəyənib...). Düşünürəm ki, işdi-şayəd, bundan sonra əsərin davamını yazmaq istəsəniz, bəlkə Sizə bu məktubumda açıqlayacağım bəzi məqamlar yardımçı ola bilər!


Bir zamanlar oxuduğum kitablardan xoşuma gələn fikirləri səliqə ilə dəftərçəmə köçürür, sonra onu dönə-dönə oxumaqdan yorulmurdum. "Əlacım olsaydı, qatillərdən və cinayətkarlardan əvvəl yoxsulluğu və nadanlığı məhkəməyə verərdim. Çünki bir çox bədbəxtliklərin baisi bunlardı" - müdrik kəlamını gənc yaşlarımdan əzbərləsəm də, ömrümdən ayları, illəri oğurlayıb, məni bəlaya düçar edən də, o iki şey oldu-yoxsulluq və nadanlıq. Həyat səhnəsində mənim qəddar, amansız, əzəli və əbədi düşmənimə döndü. Həyat kitabımızın səhifələri bizə qabaqcadan bəlli olmayan gözlənilməz hadisələrlə doludur.

Bir ömürdə iki tale yaşadım,
Hansı tamdır, hansı kəmdir bilmirəm.
Bir ürəkdə iki duyğu daşıdım,
Hansı sevinc, hansı qəmdir bilmirəm...

Bəli, mən bir insan ömründə iki qəribə tale yaşamış qadınam. Bir gecənin gəlini və iyirmi beş ilin sevib-sevilməyə möhtacı olan, tənha bir qadın! Görəsən, qadınlıq dünyasına qədəm basdığım o bir gecəlik həyatım uzundu, yoxsa iyirmi beş illik tənhalıq? Hərdən mənə elə gəlir ki, hər şey ömrümün bahar çağında, on səkkiz yaşımın tamam olduğu bir payız gecəsi əriyib yoxa çıxdı; sevincim, səadətim, bəxt ulduzum o payız gecəsinin qaranlığında itib, görünməz oldu.
...Sonrakı illərim o gecə itirdiklərimin həsrəti, sorağı ilə keçdi və sən demə, bütün ömrüm elə o bir gecəlik həyatıma əsir düşəcəkmiş.
Orta məktəbi bitirəndən sonra oxumaqdan savayı heç bir amalım, istəyim yox idi; eşq, məhəbbət başıma batmırdı. Amma ətrafa, gözəlliyə də laqeyd deyildim. Çantamda gəzdirdiyim güzgüdə özümə baxıb şirin xəyallara dalırdım. Özümdən uydurduğum hündürboylu cəngavəri bəzən yuxularımda da görürdüm. O, məni atının tərkinə mindirib yamyaşıl meşə yoluyla harasa aparırdı. Ötüb-keçdiyimiz cığırlar yaşıl tunelə bənzəyirdi. Aşkarda isə sevib-sevilmək mənə hələ oxumadığım kitab, görmədiyim kino, eşitmədiyim nağıl kimiydi. Nənəm deyərdi ki, adam var ki, məhəbbətlə Məhəmməd arasında fərq qoymur. Amma vurulmaq ən böyük cəzadır, eşq əbədi əzabdır. - "Qoy sənə aşiq olsunlar, qızım, sənsə çalış heç kəsə aşiq olma, çox vaxt ilk sevgi ağılsızlığın əlaməti olur, sən dərslərinə fikir ver! Sevgi vədəsiz qonaq kimidir, gec-tez qəlbinin qapısını döyəcək..."
Nənəmin öyüd-nəsihətinə əməl etdim. Fikrim-zikrim dərslərimi yaxşı oxumaq idi. Həsrətində olduğum, arzularımın başı sandığım tələbə adını çox asanlıqla, on altı yaşımda qazanmışdım. O yaşda gənc bir qızın dərdi-səri nə ola bilərdi ki!.. Gəncliyimin o qayğısız çağlarında dünya gözlərimdə min rənglə naxışlanmış bahar kimiydi. O güllü-çiçəkli baharın bir göz qırpımında ötəcəyi, ömrümə yağmurlu-küləkli payızın erkən gələcəyini, şaxtalı-çovğunlu qışın yetişəcəyini ağlıma gətirmirdim. Sevinc atına minib, gələcək arzularımın səmasında dördnalla çapırdım. Xoşbətlik deyilən şey mənim üçün qırmızı don kimiydi. Hamı deyirdi ki, qırmızı rəng sənə çox yaraşır. Ona görə geyim-kecimimdə həmişə qırmızıya üstünlük verərdim.
Xətrimi dünyalar qədər istəyən Xoşavaz nənəm məni qırmızı donda görəndə belə deyərdi:

Bülbüllər qonub budağa,
Gül qırmızı geyinibdi.
Bir gözəl başdan ayağa,
Düm qırmızı geyinibdi.

Haşa, sevdiciyim, haşa,
Deyilənlər gəldi başa,
Al yanaqda qoşa-qoşa,
Xal qırmızı geyinibdi.

Sonra əllərini göyə qaldırıb dua edirdi:
- Ey yeri-göyü yaradan ulu Tanrı, bu balamı heç vaxt gözü yaşlı qoyma, qismətini halal süd əmmiş insana urcah elə, nəvəmə yar ol, qoy ağbaxt olsun!..
Allah dərgahına səsi çatsın deyə, nənəm həmişə xeyir-dualarını ucadan oxuyurdu. İçimdə nədənsə yəqinlik hissi vardı: əmin idim ki, Allah nənəmin bütün dualarını eşidir, yalvarışlarını dinləyir... Və ulu yaradan gec-tez o qoca, sadiq bəndəsinin xatirinə mənə yardımçı olacaq!
Hə, o illərdə lap nağıllardakı kimi - qırmızı donlu, suyuşirin, bir az dəcəl, bir az da kövrək, Allaha güvənib, özünə arxayın olan sarışın bir qız vardı. O qız da, onun geyindiyi qırmızı don da, sinədəftər nənəsi də elə o illərdə qaldı... Sonra o qız bir daha qırmızı don geymədi. Nənəsi ona bir daha o aşıq mahnısını oxumadı...
Bir gün mən öz sevimli güzgümə baxıb qaş-gözümə sığal verirdim. Xəyal məni yenə çəkib başqa yamyaşıl aləmə aparmışdı. Ətrafımda rəngbərəng kəpənəklər uçuşurdu. Gül gülü, bülbül bülbülü çağırırdı. Əllərində qızılgül çələngi tutmuş cavan mənə yaxınlaşırdı. O, - bu ormana xoş gəldin, - deyib gül çələngini mənə verirdi. İlahi, mən həyatımda belə çələng görməmişdim.
- "Bu ormanda vəhşi heyvanlar da çoxdu, burada tək-tənha seyrə çıxmaq təhlükəlidir..." - dedi həmin oğlan.
Birdən güzgü əlimdən sürüşüb yerə düşdü, iki bölündü, diksindim. Elə bil xəyalımda canlandırdığım cəngavərin üzü parça-parça olmuşdu. Ağlıma qara-qura fikirlər gəldi. Bəlkə bu, taleyimin ağır sınaqlarla üzləşəcəyinə işarə idi?! İlahi, bu yupyumru ayna ilk dəfə, necə deyərlər, qızlar bulağından su içəndən sonra əksində özümü görüb, özümü bəyəndiyim güzgüydü. Bu güzgünü ona görə sevirdim ki, orada qəlbimin evində şahlıq edən xəyali sevgilimi görə bilirdim. Nədənsə elə düşünürdüm ki, başqa bir güzgüdə mən o sevimli xəyalı görməyəcəm. Pərişanlıq içində güzgünün ayparaya bənzər qırıq parçasını götürdüm. On dörd gecəlik gümüşü ay elə bil göydən enmişdi ovcuma. Elə bil o cansız əşya dil açıb mənimlə danışırdı. Dərindən köks ötürüb, onu çantama qoydum...
Çox sonralar məni qınayanlar: "Nənənin nağılları sənin başını xarab edib!" - deyirdilər. Heç kimi inandıra bilmirdim ki, o nağıllar tələbəlik illərində mənim çörək ağacım olub; nənəmin yaddaşı dadıma çatıb, onun danışdığı rəvayətləri, bayatıları, söyləmələri o vaxt radioda xalq yaradıcılığı verilişinə göndərərdim. Əvəzində mənə pul yollayırdılar. Amma bunlar irəlidə olacaq, mənimçün qısa sürən xoş günlər idi, eyzən nağıl kimi şirin, əlçatmaz, ünyetməz olan günlər.
...Görünür, el arasında "aşıq gördüyünü çağırar" kəlamını əbəs yerə deməyiblər:
"Cahan tökər qanlı yaşın", - qanlı-qansız axan göz yaşlarım bağrımın başını yandırırdı. Həyat yollarımda bitən tikanlar qəlbimi qanatmışdı. O qanlı göz yaşlarımı tökə-tökə bir gün mən qırmızı rəngə nifrət etdim.
Qəlbim bu qədər sevgi, eşqlə dolu olduğu halda uşaq ağlım uduzdu, havayı yerə ailə həyatı qurdum, heç bir il keçməmiş, ailə ocağının nə olduğunu anlamağa macal tapmadan onu itirdim... Üçüncü kursda oxuyanda, nənəmin ürəyiyanmışlığına uyub, ərə getdim, cavan gəlinkən düz on ay ağır yataq xəstəsi olan bir adama qulluqçu oldum. Demə, elə nənəmdən və məndən savayı hamı bilirmiş ki, ağır xəstəliyə düçar olmuş ərimin ayağa qalxması mümkün deyilmiş. Qayınatam da, özünü nənəmə uzaq qohum kimi qələmə verən qayınanam da qəm-qüssə içində ərimin ölümünü gözləyirdilər, mənsə ilk meyvəsi xəzana uğrayacağından xəbərsiz ağac kimi xoşbəxtliyi - analıq səltənətinə çıxacağım günü...
"Cahan tökər qanlı yaşın, yandırar bağrımın başın...", - bu aşıq mahnısını da yazıq nənəm söyləyirdi.
Aşığın, nənənin nə günahı. İnsanın başına nə gəlirsə, Allahın əmridir. Aşıq gördüyünü çağırar... Olanlar aşıq çağırana qədər olur... Hər dəfə çətinə düşəndə əl çantamda yuva quran güzgü qırığına baxıb uydurduğum ucaboy cəngavərdən mədəd umurdum. O isə daha heç yuxularıma da gəlmirdi.
Mən əsl sevgiyə, sevincə möhtac idim. Körpəmin atası ruhunu Tanrıya təslim edən gün məndən başqa heç kəsi yanına qoymadı; o gün yalnız özü danışdı, sonra vəsiyyətini etdi, əvvəl məndən dönə-dönə üzr istədi. Niyə? Bilə-bilə məni bədbəxt etdiyi üçün! O, ailənin tək oğlu idi və özündən sonra ata-baba nəslinin soyadını daşıyacaq bir nişanə saxlamaq üçün belə idbar hərəkətə yol verdiyini etiraf etdi. Dedi ki, son yeddi-səkkiz ayda çəkdiyi işgəncə Tanrı cəzasıdır. Mənə elədiyi namərdliyə görə çəkir bu cəzanı. Peşmandır. Ölməyib sağ qalsa, günahını yuyacaq...
O istəyirdi övladımız olsun, özü də oğlan. Amma bala üzü görmək nə ona, nə də mənə qismət oldu... Bədbəxt dünyadan köçəndə ayın-günün içindəydim, ağrılarım şiddətlənmişdi, məni xəstəxanaya aparanda huşum özümdə deyildi, dünyaya gətirdiyim körpəmiz nəfəs almırdı, ölü doğulmuşdu. Ağlar gözlərimin, yanan ürəyimin cəfası özümə qaldı. Doqquz ay dar köynəkdə çəkdiyim zülm özümə qaldı. Gözümdə dünya boş və mənasız bir cəhənnəmə çevrildi. Bunları xatırlayıb təzədən yaşamaq çətindir, çox çətindir!.. Mən bədbəxt və kimsəsizəm!

***

Gözü sətirlərdən ayrıldı. Barmaqları tərləyib dəftərə yapışmışdı. Görünür, hədsiz mütəəssir olmuşdu. O, ömrünün heç bir vədəsində nə belə məktub almış, nə də oxumuşdu. Romanlarda rast gəldiyi sevgi məktublarını, yazışmaları isə yazıçı fantaziyası sayırdı. Adətən elə belə olur... Bunun bədii vasitə olduğunu o çox gözəl bilirdi. Amma indi, əlində tutduğu bu dəftər - məktub onun yazıçılıq haqqında illərdən bəri qərarlaşan qənaətini darmadağın edirdi. Bu məktub deyildi, hazır roman idi. Həm də həyatın bir parçası, həqiqi, bəzək-düzəksiz roman...
Divarlar arxasından ürək dağlayan bir musiqi səsi gəlirdi. Balaban yandırıb yaxırdı. "Zəminxarə" çalırdılar... Yazılmayan bir roman teatr səhnəsində olduğu kimi, dipdiri, bütün mizanıyla gözünün qarşısında durmuşdu. O ucaboylu, sarı gəlini, onun xəstə ərini, dünyaya gəlmədən, ana bətnindəykən, cənnət quşuna dönərək ayrı bir dünyaya uçub gedən günahsız tifili... görürdü... Bu nə olacaqdı, İlahi?

***

Səksən ikinci ilin payızında ikimərtəbəli həyət evinin xalı-xalça döşənmiş geniş otağında əyninə qırmızı xalat geymiş ucaboylu, sarışın gəlin xəstə ərinin yatağının böyrünü kəsdirib, qəmgin gözləri ilə divardan asılmış toy rəsminə baxırdı. Bir il öncə ərə gedəndə rəfiqələri ona yarızarafat, yarıciddi bəxtəvər demişdilər:
- "Bəxtəvər başına, on səkkiz yaşında ana olacaqsan. Qırxa çatmamış nənə. Bu hesabla əllidə nəticə görəcəksən, altmışı ötəndə kötücə..."
- "Ay qız, sarı saç sənə çox yaraşır, gəlinlik paltarını al-qırmızı seçərsən, ayaqqabıları da..."
Qırmızı gəlinlik paltarı... qırmızı ayaqqabı, qırmızı tor əlcəklər, qırmızı muncuqla naxışlanmış balaca əl çantası...
Ağ pambıqla "Toyun mübarək !" yazılmış xalça da qırmızı idi. O gün göy üzünün günəşi də, toy çadırı da elə bil qəsdən qırmızıya boyanmışdı...
İndi isə bər-bəzəyini itirməyən gəlin otağının bəxtəvər qoxusuna dava-dərman iyi qarışmışdı. Qoşa çarpayıda ölümə məhkum olan gənc ər onunla yanaşı uzanmışdı. Xəstənin başının altına qoyulan ağ üzlü qoşa balışın biri sarı gəlinə aid idi; bu balışa o yalnız bir dəfə... o gecə... baş qoymuşdu. Əri də elə bil bütün gücünü, yalnız o gecə üçün toplamışdı. Yengə toy gecəsinin yatmaq qaydalarını ehtiyatla, eyhamlarla, bəzən zarafata sala-sala təzə gəlinə başa salsa da, o, dərin bir utancaqlıq içində bütün məsləhətləri unutmuşdu. Bəs görəsən yataq qaydalarını təzəbəyə kim başa salmışdı? Məsələnin ürəyi istəyən kimi başa çatdığını görcək, ərin çiçəyi çırtladı, çapıb yorğun düşən at sayaq tövşüsə də, içdən gələn razılığını gizlədə bilmədi, gəlinə "üzün ağ olsun" dedi və bəylik libasının cibindən çıxartdığı şax yüzlükləri balışın üstünə səpdi. Pullar yengəyə çatacaqdı, nə qədəri, halallığı bu gəlinin qərarından asılı idi. O gecə yengə gəlinə yuyunmağı, əlini soyuq suya vurmağı qadağan etmişdi. Sonra xəstə cavan gəlinlə bir daha həmin gecədə olduğu kimi yata bilmədi. Qoşa balışı başının altına qoyub, gah xoruldayırdı, gah da zarıyırdı...
Dörd aydan sonra həkim gəlinin oğlan uşağı gözlədiyini xəbər verəndə, ər sevincindən uşaq kimi ağladı, sonra toxtayıb, qəfil sevindiyi kimi, qəfil də qəm dəryasına batdı. O, günah iş tutmuşdu. Elə bir günah iş ki, bunu dünyanın rəzil, pis adamları eləyə bilərdi. Axı dul qadınla da izdivac bağlamaq, ailə qurmaq olardı, amma o, bətni kirlədilmiş ayrı bir qadının doğmağını istəmədi, buna görə də sarı gəlini seçdi. Qanını təmiz qana qatmaq, saf, bakirə bətndə yetişən uşaq istədi. Ana bətni uşağın vətənidir, amma o... indi gəlinə necə pislik etdiyinin fərqindəydi. Gərək buna qol qoymayaydı. Kaş ata-anasının nəvə görmək istəyinə göz yumaydı.., bəlkə də... hə, hə, bəlkəsiz, ömrü bir az da uzanardı. İndi onu ölümə sürükləyən həm də sarı gəlinin gözlərindəki dərin kədər idi. Tanrı möhlət versə, körpə dünyaya gələndən sonra arvadını... bir an nəfəsini dərib, bir gecəlik gəlinə baxdı.
Gəlinin gözəl üzündə xəfif sarı çillər vardı. Əllərini qoynuna qoyub səssiz-səmirsiz durmuşdu, sanki xəstə ərinin ürəyindən keçənləri duyurdu və göz yaşları yanağına süzülürdü...
Zifaf gecəsi "hər şey" baş verəndən sonra gəlinlərin ağlamağı bir növ adət kimidi. Ən qiymətli saxlancını itirən ağlamazmı? Fərqi yoxdu, qarşıdakı uzun, yaxud qısa ailə həyatında qadını nə gözləyir. Amma sarı gəlinin ağlamağı itirilmiş qiymətli sərvətə görə deyildi. Bu ağlamaq ayrı ağlamaq idi. O, darmadağın olan bütöv bir dünyanın xarabalığı önündə göz yaşları tökürdü.
Xəstə də kövrəldi, payız yarpağı kimi saralmış titrək əllərini uzadıb hamilə gəlinin barmaqlarını tutdu, buz kimi soyuq və hərəkətsiz barmaqları solğun dodaqlarına yaxınlaşdırıb öpdü. Nəsə demək istədi. Ancaq heç nə deyə bilmədi. Sözlər boğazında kilidlənib qalmışdı. Susdu...
Gəlin otağı bər-bəzəyini, təravətini saxlasa da, buranın sakinlərinin sonrakı həyatının bər-bəzəyi yoxdu, ailə dünyasının bircə rəngi vardı; qara...
Kişi hər gün soyuq odun parçası kimi, yatağa uzanan, yaxud büt kimi çarpayının böyründə bitib qalan gəlinin üzünə baxmağa xəcalət çəkirdi. Onun sağlam bədənini istəyincə oxşayıb-əzizləməyə, incə belini bərk-bərk qucaqlamağa, püstə dodaqlarından, yupyumru döşlərindən doyunca öpməyə heyi-hərəkəti yox idi. Zifaf gecəsi son dəfə gördüyü gənc sarışın qadının çılpaq bədənini - mərmər sinəsini, yaraşıqlı ağ baldırlarını, incə belini gözü önünə gətirəndə, alnını soyuq tər basır, əlacsızlığından ölmək istəyirdi.
Yataqda əyninə ətəyi qısa, qırmızı gecəköynəyi geyinmiş gənc qadının sarı saçlarını hərdənbir tumarlasa da, qoynundan gələn, odlu ehtiras oyadan qoxunu duysa da, ondan kam almağa iqtidarı çatmırdı. Gənc qadın xəstə ərindən heç nə ummurdu. Ancaq iç dünyası od tutub yanırdı. Ola bilsin ki, o hələ çox şeyi başa düşmürdü, təcrübəsiz idi. Mexaniki olaraq ərinin böyrünə uzanıb sakitcə vəzifə borcunu yerinə yetirirdi.
Gül solurdu. O, dərilib atılmışdı...
Xəstə ər düşünürdü: "... Cahanın ona bu münasibətinə, bu sədaqətinə dözmək ədalətsizlik deyilmi? Axı, Tanrı kişiylə qadını yaradanda həm də onlara bir-birindən həzz almaq iqtidarı bəxş edib. Bəs onda gənc bir qadını bu ləzzətdən, bu həzdən məhrum etmək insafsızlıq deyilmi? Bəs onda mən onu niyə bədbəxt etdim?"
Mənzildə əsən acı küləyin qorxunc səsi buz baltası kimi sağlam adamın da qəlbini didib parçalayırdı. Üzüntülü günlər onun qəlbinin tək-tük qığılcımlarını da söndürüb kül edirdi.
- Söz ver ki, mənim vəsiyyətimə əməl edəcəksən! - Əri bu sözləri deyəndə evlənməklərindən artıq ay yarım keçmişdi.
Onun solğun çöhrəsində qəribə bir işıq görən Cahan çaşıb qaldı. Tanrı sanki ona bu işığın içində yenidən güc vermişdi. Səsi də, elə bil, ölüm ayağında olan xəstə bir candan çıxmırdı:


- Sən qədirbilən insan üçün bir xəzinəsən. Mən öləndən sonra kimə qismət olsan, o şəxs Allahın xoşbəxt bəndəsidir. Sən bunu etməlisən, Cahan. İlim çıxan kimi özünə gün ağlamalısan. Mənə tük qədər ehtiramın varsa, sözümü yerə salma. Yoxsa, gorum yanar, Cahan... Məni bağışla, hər anı zəhər də olsa, birgə yaşadığımız ayları halal et.
Danışdıqca dirilirdi, dirçəlirdi, içindən üzünə-gözünə düşən işıq artırdı. ...xəstənin bu sözlərini dinləmək, yataq dustağı olub o sözləri deməkdən min qat ağır idi...
Zahid, məni aldatma, cəhənnəmdə od olmaz.
Orda ki yanırlar, odu burdan aparırlar...
Xəstəni nəsə ayrı bir sirr, ayrı bir sehr danışdırırdı. O, dil boğaza qoymadan ən axırıncı sözlərini, dünyanın ən iti qayçısıyla doğrayıb tökürdü.
- Cahan, bütün günahlarıma görə bağışla məni... Bu işıqlı dünyadan mənimlə ora... bir yanğı gedəcək. Bu sənin yanğın, sənin həsrətin olacaq... Qurban sənə, Cahan, keç günahımdan...
Xəstənin son piçıltıları Cahanın iliyini üşüdür, onun bütün varlığını dondururdu.
Xoflanırdı Cahan... Qorxurdu Cahan... Hamını köməyə çağırmaq istəyirdi...
Aradan günlər ötdü. Qaranlıq bir gecədə qəfil şiddətli, soyuq külək qapı-pəncərəni taybatay açıb, içəri soxuldu. Bu payız küləyi evə sarı bir kədər və pərişanlıq gətirdi. Əvvəlcə pərdələr yelləndi, sonra o pərdələr nəhəng bir quşun qanadları kimi açılaraq tavana qədər qalxdı. Qəzəbli payız ruzigarı aylardan bəri bu otağın canını boğazına yığan zillət və əzabı silib-süpürüb özüylə aparacaqdı, yoxsa onsuz da it günü yaşayan gənc ailənin həyatına, bir az da olsa, acı qəm və qüssə gətirmişdi?
"Gəldilər!" - xəstə əvvəl pəncərəyə, sonra kip bağlanmış qapıya sarı baxdı. Qapı açılana oxşamırdı. Görünür, külək pəncərədən gəldiyi kimi, pəncərədən də geri dönəcəkdi...
Əslində elə hamı dünyaya bir əlçim külək topası kimi gəlir, son nəfəs deyilən, son əsinti ilə də kainatın boşluğuna çəkilir.
Həmin payız gecəsi əri keçinəndə Cahan huşunu itirdi, yalnız ona görə yox ki, ərinin ölümündən şoka düşdü. Qonşu arvadların vay-şivəni altında əri canını tapşıranda, elə o an Cahanın dombaq qarnına elə bil əli bıçaqlı girdi, sarı saçlarından tutmuş qırmızı yun corab taxılmış ayağına, dabanına qədər doğrandı. Gözü böyüyüb hədəqəsindən çıxdı, rəngi kağız kimi ağardı. Müvazinətini saxlaya bilməyib xovlu xalçanın üstünə yıxılaraq tərpənməz qaldı. Onu qonşu Qaçayın "Jiquli"sinin dal oturacağına uzadıb xəstəxanaya apardılar. O doğmayacaqdı. Onun doğmağa gücü nə gəzirdi? Onun bədənindəki ölü uşağı iri bir qəlpə kimi dartıb çıxaracaqdılar. Özü salamat qalsa, buna da min şükür.
...Daşlı-kəsəkli kənd yolunda "Jiquli"ni bərk sürmək də xəstə üçün qorxulu idi...
...Acı bir yuxu içində o qalın qaranlıq meşədə azmışdı. Hörümçək torları tutmuş dərinliklərdən çağa səsi gəlirdi. Çağa çığırırdı. Səsin səmtini tapmaq üçün quru budaqları qıra-qıra meşənin içinə soxulur, çör-çöplər sarı saçlarını yolub-yolmalayırdı. Sonra səs söndü. Boğulub sönən səsin tüstüsü meşənin içinə yayıldı. Tüstü içində tərpənən qadının silueti küləkdə tərpənən qurumuş ağac kölgəsinə oxşayırdı...

***

...Sonra balaban "Sarı gəlin" çalmağa başladı. Nədən qoca hakim indiyədək bu nəğmənin bu qədər yanğı ilə dolu olduğunun fərqinə varmayıb? "Aman Allah, bu nə yanğıdı, ayrılığı, eşq hicrini bundan gözəl necə vəsf etmək olar?" Bəlkə balabançı da qoca hakimə namə göndərən o sarışın qadını lap çoxdan tanıyırdı, ona görə dillə deyə bilmədiklərini bağrı dağlanmış quru qamış parçasıyla söyləyir. Yox, bu nəğmə təkcə sarı gəlinin qəmli hekayətini anlatmır. O, dünyada bütün sevən insaların nakam sevgisindən, içindən-çölündən didərgin düşənlərdən dibsiz qaranlıqlarda azanlardan, gəlin, ana, övlad nisgilindən danışır. Balaban ağlamaqdan boğazı qovuşub səsi batan uşaq kimi hıçqırır, qaynara düşən samovar yanğısıyla dızıldayır, həm də qəribədir ki, bu boyda dərdləri açıb göstərə-göstərə ən dərin yaraların üstünə məlhəm qoymağı da unutmurdu.
...Qoca hakim neçə il öncə metroda törədilmiş qanlı terror hadisəsi barədə düşünür. Bu qorxunc olay da onun püşkünə düşmüşdü, taleyini qana bələmişdi. Adil müəllim vaqon dolusu yaralı və ölü adamların içindədir, meyitlərin arasında dəli kimi dolaşır, vurnuxurdu, gözü dörd olub, həyat yoldaşını, oğlunu, qızını gəzir... Burda - o ölüm stansiyasında - onlar "Gənclik" stansiyasında düşüb toya gedəcəkdilər. Vaxtında əlinə-ovcuna düşəni topalayıb təzədən-köhnədən bir minik alsaydı... Nə minik canım, Allahın göndərdiyi faytonda getsən belə fələk adamı yaxalayanda yaxalayır. Onun isə taleyində iki ölüm qatarı şütüyür, o qatarın biri atasını içinə alıb qarlı-çovğunlu Sibir cəhənnəminə aparmışdı. Bu biri andır qatar isə dünyanın düz vaxtı, şəhərin içində, daha doğrusu, şəhərin altında bomba kimi partlayıb insanları diri-diri odun-atəşin istisində yandırıb külə döndərmişdi. O zaman, atası sürgün ediləndə, heç olmasa anası yanındaydı, böyrünə qısılıb dayanmışdı. İkinci faciədə isə o tam tək qalmışdı. Bu boyda dərdə dözəcəkdimi? Kaş elə o da partlayış vaxtı ailəsinin yanında olaydı. Bu dünyadan heç olmasa bir-birini son dəfə görüb ayrılaydılar... Birinci cəhənnəm qatarının sonsuz səfərə çıxdığı o gündən gör neçə il keçir...
... Sonra şıdırğı yağış yağdı. Dərdli-ələmli camaat o yağışda islana-islana yavaş-yavaş dağılışdı.
... Sonra gecələr çıraq işığında anası bir məktubu dəfələrlə oxuya-oxuya ağladı.
Sonra çoxlu kişili-kişisiz, tanıdığı bütün qadınlar Stalin öləndə ağladılar, balaca Adil elə bilirdi ki, o gün anasından başqa hamı ağlayır, bilmək olmurdu ki, sevincdən ağlayırlar, yoxsa kədərdən.
O günlərin birində anasına kimsə xəbər vermişdi ki, gözün aydın, ay Dilbər, sürgünə gedənlər qayıdıb gəlir, sabahda, birisi gündə ərin də qayıdacaq!.. Və o günlərlə anasına qoşulub vağzala getdi. Hər dəfə perronda əzizlərini qarşılayan insanları görəndə ana-bala ürəkləri sevincdən atlanırdı. Yanlarından ötüb-keçən adamlara dörd gözlə baxırdılar. Heyıf ki, atasından xəbər verən bir kimsə yox idi. Ta ölüm xəbəri gələnədək ana-bala yol gözlədilər...

***

...Sonra dünya Adilin nəzərində dəyişdi. Keçdiyi yollar, yaşadığı evlər, gözlədiyi vağzallar, gördüyü adamlar da dəyişdi, başqalaşdı. Dəyişməyən Adilin içinə dolan dərdin özü idi, bir də bütün ailənin qəhr olduğu günün dəhşəti. Ömür bitir, insan dünyasını dəyişir, di gəl ki dərd deyilən şey miras, ölü soyxası kimi qalır, qorxulu ailə nağılları bitmir. Hərçənd ki nağılları da, arzuları da reallıq kimi qəbul etmək illüziyadan başqa bir şey deyil. Amma bu gündüzlü-gecəli dünyada ya həddən artıq duyğulu, ya adi, ya da dəhşət püskürən həqiqət olur.
Boğazınacan yığılmış dərdin adını nağıl qoyub, danışmaq üçün adam gərək ozan ola, aşıq Cunun ola.
Sözlə səsin sərhəddi iç-içədi. Bəzən bu sərhəd itir. Belə görünür ki, ən anlaşılmaz səs ən ibtidai sözdü. Adil müəllim uzun illərin hakimi, hüquqşünas idi. Neçə illərdi hökmlər çıxarmaqla yanaşı, duyub-düşündüklərini, əsasən də şahidi olduğu təsirli həyat hadisələrini qələmə alırdı. Amma ilk dəfə məhz indi, xəstə yatağında bir cavanın onunla birlikdə içi, içindəki balası ölən sarı saçlı qadının faciəsində qərq olduğu, qədim uşaqlıq illərində körpə gözlərini nə baş verdiyini anlamadan döyə-döyə doğma atasını Sibir cəhənnəminə yola saldığı, terror bəlasıyla bütün ailəsini itirdiyini xatırladığı bir zamanda söz səsi, nəinki səsi, insan zehninin anlaya biləcəyi hər şeyi uddu, susdurdu, yoxluğa çevirdi...
Səbəb bu idi ki, Adil müəllim məktub-dəftərin yeni rəngini çevirmişdi. İndi o, nə məhz bu məktubun diqtə etdiyi zamanın, nə uzaq Sibir çöllərinə günahsız qurbanlar daşıyan eşalonun, nə də yerin dərin qatında cani qərarıyla parça-parça olan qatar sərnişinlərinin fərqində idi.
Balaban səsi də gözü tutulmuş bulaq kimi yerin çox dərin qatıyla axıb gedirdi. Qoca hakim bu səsi daha eşitmirdi: əl xətti ilə yazılmış dəftər-məktubun cümlələri onun bütün varlığına hakim kəsilmişdi.

***

"...Nənəm bizə gəldi. Ərimin valideynləri ilə danışıb, onları razı salandan sonra məni özüylə apardı. Bir il qara geydim. Sonra Folklor İnstitutunun bir şöbəsində işə düzəldim, başımı aşağı salıb, lal-dinməz yazı-pozumla məşğul olurdum. Bir gün, sonrakı həyatımı məhv edən o adamla üzləşdim. Sözün bütün mənasında işim ondan keçirdi. Hazırladığım materiallara baxırdı, rəy verirdi, daha yuxarı instansiyalara təqdim edirdi. İşdən sonra isə... arxamca sürünür, şirin dillər töküb, məni özünə bağlamağa çalışırdı. O, Allah-taalanın seçmə bəndəsi və dahi olduğuna inanırdı. Mənə isə ilk gündən ədəbsiz və nadan təsiri bağışlamışdı. Mənə "Sarı gəlin" deyirdi. Guya bütün həyatımı bilirdi. Dərdimi unudar-unutmaz göz verib, işıq verməyən bu adam bir dəfə mənə xaricdən sarı rəngli paltar gətirdi. "Sənə sarı yaraşır, çox yaraşır, - dedi. Hər dəfə "Sarı gəlin" oxunanda yadıma düşürsən... Gəl, daşı tök ətəyindən. Arvadım həftə səkkiz, mən doqquz xaricə qastrola gedir, mənə ev qadını lazımdı, canım, sənə ayrıca mənzil alım, gəl birlikdə yaşayaq, istədiyin vaxtı işə gəl, istədiyin vaxtı da get, - dedi. Mən varam heç kim sənə gözün üstə qaşın var deyə bilməz!.." Sarı paltara ikrahla baxıb: "Get tayını tap!" - dedim.
Ondan yaxa qurtarmağın yolunu ailə həyatı qurmaqda görürdüm. Düşünürdüm ki, bəlkə məni başsız görüb, arxamca sürünür, başımda yiyəm olsa, heç bu qələti eləməz. Rəhmətlik nənəm deyirdi ki, "Cahan, gözümün işığı, mən dul qalıb, tək-tənha qadın həyatı yaşamışam, bilirəm bu nə deməkdir. Bax, yeyin yeriyəcəksən dəli deyəcəklər, asta gedəcəksən ölü... Nə qədər gec deyil, ailə qur, başında yiyən olsun, mənə baxma qızım, mənim həyatım müharibəyə düşdü, babandan qara kağız alsam da yolunu gözlədim. O vaxt qara kağızı gələnlərin çoxunun qəfil sorağı çıxır, tək-tük də olsa, geri dönənlər olurdu... Başsız qalsaq da, əsgər ailəsiydik deyə pis gözlə baxan olmurdu. Namusa sataşanı hökumət cəzalandırırdı, hökumətin hər yerdə gözü-qulağı vardı, gözdən yayınan namussuzu camaat yığışıb tənbeh edirdi, bəd ayaqda obadan qovub çıxarırdı. İndi qızım, sənin bir üzün qız, bir üzün gəlindir, nənən ölsün, nə yaşın var axı?"
...Nənəm ölən günəcən məni uşaq bilirdi. Nənələr belə olur. Yaşa dolsaq da onların gözündə hər vədə uşağıq. Nənəm həqiqəti də deyirdi:
- Canım ölsün, bala, səni mən bədbəxt etdim.
Səhər-axşam arvadın üz-gözündən qüssə yağardı. İlk evliliyimdən yarımadığıma görə nənəm özünə qarğış edəndə özümə yer tapa bilmirdim. Arvad gündən-günə şam olub əriyirdi. O, dünyasını dəyişəndən sonra tənha qaldım. Kimsəsizlik insanın bədbəxtliyini qatbaqat artırır. Təkliyin nə olduğunu tək-tük adamlar bilər.
Dünya bir güzgüdür. Fərqinə varıb-varmamağından asılı olmayaraq bütün insanlar güzgü önündədir. Amma kollektiv yox, təkbətək, tənha... Biri kefsiz, biri vurğun, biri qaçaraq, biri yorğun. Sən nəsənsə dünya güzgüsünə şəklin elə düşəcək. Amma mən bədbəxtəm. Əzablarımın, çəkdiklərimin sifətimdəki, ürəyimdəki izlərini onsuz da özüm görürəm. Görmək yox, bəlkə də bilirəm. Bədbəxtlik burasındadır ki, tənha qadının önündə durduğu, adına dünya dediyim, o əbədi, əzəli, fövgəl güzgü sınıqdır! Mənim ayrı bir çarəm yoxdu; bir halda ki, dünya sınıqdır, onun bir parçasını, mənə düşən parçasını çantama qoyub özümlə gəzdirirəm. Güzgü qırığında baxıram özümə... Heç olmasa, dünyadan mənim qismətimə düşən güzgü qırığını salamat saxlamaq istəyirəm...
Bilirəm ki, o aynanın canında işıq tükənməyib. Lap sınıq da olsa, mən orada özümü görəcəyəm, yarımcan canımı, sınıq canımı... "
Adil müəllim dili ilə barmağını yaşlayıb o biri səhifəni çevirdi:
"Təbiətin qanunlarına tabe olmayan insanı Allah cəzalandırır. Qorxdum, tabe oldum, nənəmin vəsiyyətinə əməl etdim. Simsar bir oğlanla evlənməyə razılıq verdim. Qorunmaq üçün ayrı yol görmürdüm. Yox, bəlkə də vardı. Mütləq başqa yol olmalıydı. Düzü, qadın taleyi ilə əylənmək üçün məni hədəf seçənləri susduracağımı zənn edib, düşünmədən tez addım atanda özümü haqlı bilirdim. Həm də düşünürdüm ki, kimnənsə ailə qurmaq, mənim üçün dövlət qurmaq kimi çətin bir şeydi. İllər keçsəydi, arxayın qərar verib kimisə sevərək ailə qursaydım, şübhəsiz, həyatım başqa cür olardı...
Böyük sevgidən danışmaq yersizdi. Ümumiyyətlə, o varmı? Hələ indiyəcən bir kimsə bu suala bitkin cavab verə bilməyib. Başıma gələnlərdən sonra atdığım addım, daha doğrusu, ikinci seçimim ürəyimdən daha çox ağlımın məhsulu idi. Ailə qurmağım bayaq dediyim kimi, həm məni dedi-qodulardan, zəhlətökən təkliflərdən qoruyar, həm də bəlkə həyatdan aldığım dərin yaralara məlhəm olardı. Başım qarışardı, lap qarşısına oyuncaq atılan uşaq kimi olsa da...
Evlənməyimə görə özümü kiminsə özü, yaxud ruhu qarşısında günahkar saymırdım. Qətiyyən. Axı nə yatmışdım ki, nə də yuxu görüm. Mən sözün həqiqi mənasında bircə gecəlik gəlin idim. O isə... bir gecəlik ərim isə ölərkən vəsiyyət etmişdi. O vəsiyyət yeni bir addım atmağıma təkan verirdi. O ilan adam ərə getdiyimi biləndə quduza döndü, mənimlə vəhşi kimi davranmağa başladı; hər dəfə məni görəndə fısıldayıb "quyruğu üstə qalxdı", necə deyərlər, iş yerində günüm göy əskiyə büküldü.
O vaxtlar gənc mütəxəssislərə növbəsiz mənzil verirdilər. Mən də bu gün-sabah mənzil alacaqdım. Sənədlərimi verib səbirsizliklə gözləyirdim. Başqa söz ola bilməzdi. İnstitutun rəhbərliyi ailə qurmağımı da nəzərə alıb, mənə ikiotaqlı mənzil vermək üçün qərar qəbul edəcəkdi. Lakin o ilan hardansa xəbər tutub mənim orderimin talağını geri oxutdurdu. Adıma yazılan order arxivin dərin küncünə düşdü. Mənzil isə ilanın evinə get-gəl edən laborantkaya qismət oldu. Bu, Qaraxanlının mənə vurduğu ağır və sarsıdıcı zərbə idi...
Təmizlik, saflıq deyilən dəyər o gündən gözlərimdə kirli əskiyə döndü. Düşünürdüm ki, yalnız əxlaqa sığınmaqla insan özünü əzab məngənəsindən xilas edəcəyini düşünürsə, yanılır.
Adına alim deyilən bir insanın nəyin xatirinə murdar işlərə baş qoşduğunu dərk etdikcə, sanki içimə acı zəhər hopurdu. Fikirlər beynimi yorur, məni əldən salırdı. Özümü tələyə düşmüş şikar kimi hiss edirdim.
Cahil adamlar öz səfeh əməllərindən, pisliklə qazandığı ən bəsit qələbələrindən manyak kimi həzz alırlar. Buna görə də onların hücumunu dəf etmək, abır-həya gözləyən insançün müşkül işə dönür. Dərdimi heç kimə deyə bilmirdim. İş yerimi itirəcəyimdən qorxurdum. Digər tərəfdən, həmkarlar komitəsinin yeni sədri məni sakitləşdirib növbəti dəfə mənzillə təmin olunacağımı vəd etdi. Beləcə susub, Qaraxanlı kimi əclafın ucbatından illərlə kirayələrdə süründüm. Mən çörəyin kilosunun 30 qəpik olduğu vədələrdə aclığın nə olduğunu bildim, xəstə uşağına aptekdən dava-dərman ala bilməməyin ağrı-acısını yaşadım, amma qürurumu sındırmadım. Başımı dik tutdum, səbrli olmağa çalışdım... Heç kimə vəziyyətimdən söz salıb şikayətlənmədim. Pişik balasını daşıyan kimi körpəmi qucağıma alıb, ev əşyalarımı bu evdən o evə, bu məhəllədən o biri məhəlləyə daşıdım. Qaraxanlıya isə boyun əymədim. Dərd, ehtiyac məni daha da bərkitdi. Bu ağrı-acıların gələcəkdə üzləşəcəyim bəlalara sinə gərmək üçün mənəviyyatımı səfərbər etdiyini düşündüm. Ana, bacı, qız-gəlin... bir sözlə, namus anlayışı isə o ilan adamın lüğətində yox idi. Bir dəfə hamilə bir qadını ağır söyuşlərlə təhqir etdi. Bəli, daim qadınları yalançı lovğalığı, süni təkəbbürü ilə ovsunlayan bu insafsızın təhqir kimi öldürücü silahı da varmış. Məncə, bütün bunlar onun nadanlığından irəli gəlirdi. Həmin qadın ona edilən mənəvi işgəncələrin üzündən körpəsini dünyaya ölü gətirdi. Düzdü, qadını təhqir etdiyinə görə o gözlüklü ilana şiddətli partiya töhməti verildi, lakin ulu Tanrının ona verdiyi cəza lap dəhşətli idi. Aşur Qaraxanlının oğlu həmin vaxtlarda anasının hədiyyə verdiyi avtomobili sürətlə qovarkən qəzaya düşüb həlak oldu. Elə bilməyin ki, mən bu hadisəyə sevinirdim, əsla! Amma qəlbimin ən dərin qatlarında bir səs mənə pıçıldayırdı ki, elə bu ilahi cəza ona görk olacaq, etdiyi pis əməllərdən ibrət dərsi götürəcək, arxasız adamları incitməkdən əl çəkəcək... Yox, içimdəki səs məni yanıltmışdı. Düşünürdüm ki, dərd normal insanları daha mülayimləşdirir, mərhəmətli edir, amma deyilənlərə görə vəhşi xislətliləri də bir o qədər qəddarlaşdırır, rəhm­sizləşdirir... Çox sonralar eşitdim ki, o bəxtikəm oğlan Qaraxanlının öz uşağı deyilmiş. Bəlkə öz övladı olsaydı can acısının nə demək olduğunu anlayar, heç olmasa bir balaca sınardı. Zorla istədiyinə nail olmaq, amansızlıq, ərli-ərsiz qadınları öz tələsinə salmaq, o qadınlardan yeri gələndə öz maraqları üçün istifadə etmək xislətində olan insandan bunu gözləmək ağılsızlıqdı.
Tale yollarımda nəhəng dərd divinə dönən bu adam məni öz arzu və istəklərinin qolubağlı köləsinə çevirmək üçün çox planlar cızırdı, hərdən mənə elə gəlirdi ki, sadə və gücsüz adamları qarışqa kimi uf demədən əzib məhv etməyə qadir olan bu adam ya məni incitməkdən zövq alıb əylənirdi, ya da hər dəfə Allah məni onun şər-xətasından qoruyurdu. Son vaxtlar Moskvaya tez-tez get-gəl elədiyindən başı bərk qarışmışdı, deyəsən, mən də yadından çıxmışdım. Amma sevincim uzun sürmədi. O, Moskvanın ən məşhur restoranlarının birində elmlər doktoru dərəcəsi almağının şərəfinə ziyafət təşkil etdiyi gün sovet qoşunları Bakıda dəhşətli qırğınlar törədib, şəhərin küçə və meydanlarını qan gölməçələrinə döndərdi...

***

Adil Hüseynlinin şəhadət və orta barmağı dama-dama dəftər vərəqlərinə ilişib dondu. Sanki bu dəftərdə yazılanlar başqa adamın başına gələnlər deyildi. Lap elə olsa da, sanki bütün bu olaylar onun gözləri qarşısında baş verirdi: pərdə-pərdə, səhifə-səhifə. Sanki bu həyatı o özü öz əliylə yazmışdı, o bu kədərli nağılı əzbər bilirdi.
...O gün şəhər tanınmaz hala düşmüşdü; qədim binaların divarlarını, eyvanlarını iriçaplı silahlardan atılan güllələr dəlik-deşik eləmişdi, televiziya qülləsində partlayış olduğundan translyasiya dayanmışdı. Qanlı fəlakətdən sonra şəhərdə elan olunan komendant saatından adamlar xəbərsiz idi. O zaman adamlar psixoloji gərginlik girdabına düşmüşdülər. Fikrini cəmləməyə çalışan Cahan da bir müddət hara üz tutub gedəcəyini bilmirdi. Şəhərin dünya ilə əlaqəsi kəsilmişdi, xalqın gözü qarşısında hərbçilərin törətdiyi qanlı cinayətləri, vəhşilikləri hamı kimi o da ağlına sığışdıra bilmirdi.
Divarlara qısıla-qısıla yol gedirdi, həyatla ölüm əllərindən tutub onu harasa aparırdı.
...Cahanın həyat yoldaşı Şahmar ağır yaralı halda meyitlərin arasından tapıldı. Onu xəstəxanaya aparanda təcili yardım maşınını belə əsgər qiyafəsi geymiş adamlar bir neçə dəfə gülləyə tutdular. Cahan inana bilmirdi ki, böyük bir ölkənin əsgərləri silahsız adamlara divan tutub, xəstəxana maşınlarına atəş açır.
Ərinin huşu özünə gələndə ona dedi ki, mənə atəş açan saqqallı əsgəri yaxından gördüm. Gözlərindən amansızlıq yağırdı. Danışığı onun gəlmə və muzdla tutulmuş döyüşçü olduğunu faş edirdi, elə bil ingilis, ya da fransız güclə rusca danışmağa çalışırdı. Əlindəki avtomat silahın lüləsini alnıma söykəmişdi. Mən ömrümdə belə silah görməmişdim. Bu silah da onun gəldiyi hansısa əcnəbi ölkədə istehsal olunmuşdu. Yaralı olduğuma baxmayaraq, var gücünü toplayıb avtomatının dəmir qundağını başıma çırpdı. Guya Azərbaycanı xilas etməyə gəliblər. Elə xilaskar əsgərmi olar, ay qardaşlar?! Onlar vəhşi idilər. Yalnız qatil, qatı düşmən o sayaq zalımlıq eləyər...
...Cahanın əri sağalandan sonra könüllü dəstələrə qoşulub Şuşanın müdafiəsinə yollandı.


***

Adil Hüseynli diqqətini topladı. Bayaqdan bəri gözünün önündən silinib itən sətirlər yenidən bərpa olunub oxunmağa başladı. Cahan məktubda daha sonra yazırdı:
"Şahmar təkcə özü üçün yaşayan adam deyildi. O qeyrətli əsgər idi. Azərbaycanın düşdüyü vəziyyət onun, elə bizim təzə ailəmizin də dincliyinə son qoymuşdu. Şahmar özünə yer tapa bilmirdi. Elə bil onun bu canatmağının sonunun nə ilə bitəcəyini əvvəlcədən bilirdim. Ağlıma gələn başıma gəldi. Şahmar şəhid oldu. O məzara köçdü, mənsə oğlumla, onun yadigarı ilə yeni mənzilimizə... Uzun müddət gənc mütəxəssis kimi mənzil növbəmi təxirə salan idarələr elə bil indi məni görmüşdülər, şəhid ailəsi kimi bircə günün içində ikiotaqlı mənzil ayırdılar.
Gecələr tez-tez yuxumu qarışdırırdım: gah yuxumda "Sağlam, qədir-qiymətini bilən adama ərə gedərsən..." - deyə əyninə ağ kəfən geymiş xəstəni, gah da son gülləsinədək düşmənlə döyüşən, yaralı bədəninin qanı torpağa axan əsgəri görürdüm. Qəlbimdə qaysaq bağlamayan yaraların göynərtisini artırmaq üçün sanki sehirli bir əl qara torpağın qoynunda uyuyan iki kişi ilə keçirdiyim ömrümün anlarını gözlərimin önündə kitab kimi vərəqləyirdi.
Mən təklik əzabını gecələr dərdimi yaza-yaza yüngülləşdirmək istəyirdim.
...Həmin vaxtlar özümə yaxşı bəlli olan həyat hadisələrindən bəhs edən balaca kitabım çıxdı. Deyəsən axı uşaq çağımızda nənələr danışan nağıllar, əslində bizi həyatın mübarizələrlə dolu çətin sınaqlarına hazırlayırmış. İlk kitabımda yer üzündəki fəlakətlərin sevgisizlikdən baş verdiyini demək istəmişdim.
Məncə, bəxtiyarlıq insanın insana həqiqi sevgisinin nəticəsidir.
- Kitabını çox diqqətlə oxudum, - bir cümə günü, nahar fasiləsi zamanı Aşur Qaraxanlı məni şöbəmizdə yalqız görüb dedi: - Amma mənim barəmdə orada heç nə yazmamısan, eh, ay sarı gəlin, ölənə yas tutub, elegiya həsr edincə, bir az da gələcəyini düşün! Cavan ömrünü əzab-əziyyət içində nə vaxta kimi əridib puç edəcəksən? Heç fikirləşmirsənmi, bu dünya beş günlükdür, sənə bir demişəm, bir də deyirəm: gəl, bu inadkarlığından biryolluq əl çək, daşı tök ətəyindən! İnan, sən şahlara layiq qadınsan, bir "hə" de, səni yağ-bala tutum, süd gölündə üzdürüm.
Mən onu dinləyəndən sonra təmkinlə cavab verdim:
- Siz mənim taleyimə görə nahaq yerə narahat olursunuz, inanın, mənim həyat yoldaşım öz kasıblığı və sadəliyi ilə şahlardan da yüksəkdə dayanan bir insan idi, çünki şahlar susanda o, sözünü dedi... Ölməyi də sevmək kimi bacarmaq gərək. Ölüm həyatın sonu deyil. Əgər kitabımı diqqətlə oxusaydınız, siz də özünüzü mütləq orada görərdiniz... Axı insan heç nəyə məhəl qoymadan necə yaşaya bilər?
O mənim nəyə işarə etdiyimi, deyəsən, başa düşdü, sözümü kəsdi:
- And olsun, o müqəddəs Qurani-Şərifə ki, sarı gəlin, mən sənin düşündüyün yepyekə, div boyda adam deyiləm ki, mənzil məsələsini həll etməyə gücüm yetsin! Amma Aypara xanım həyəcanla yanıma gəlib mənə deyəndə ki, əgər şirinlik verməsə, onun adına olan orderi dəyişib başqasına verəcəklər, mən də bacardığım qədər bir dost kimi ona yardım etdim. Axı, mənim elmi yaradıcılığımdan monoqrafiya üzərində işləyən bir xanımdan öz köməyimi əsirgəməyə mənəvi haqqım yox idi. Qaldı, sənə də kömək edə bilərəm, ürəyin istədiyi vaxt oğlunu da götürüb, mənim bağ evimə köçə bilərsən. Zərərin yarısından qayıtmağın özü də...
Bu dəfə də mən onun sözünü kəsməli oldum:
- Aşur müəllim, siz ki Allaha inanmırsınız, bəs onda niyə müqəddəs kitaba yalandan and içirsiniz? Sizin kimi adamlar üçün abır-həya köhnəliyin qalığıdır, düz deyilmi? Aspirantınız Aypara xanımsa çox müasirdir, ona görə də əri sürücünüzdür, özü isə...
O mənim sözümü kəsib, təəssüf hissiylə başını bulayaraq dedi:
- Məni ölkədə xeyriyyəçi-alim kimi tanıyırlar, sənsə yardım elədiyim xanımlarla gizlin eşq macərası yaşadığımı zənn edirsən, bu qədər qəlbiqara olduğunu güman etməzdim.
- Aypara gözəl qadındır... Üstəlik, sizin kimi şorgöz xeyriyyəçilərin xoşuna gəlmək üçün Bakının dükanlarında ənlik-kirşan qoymayıb qalsın. Kişilərin ağlını başından çıxarmaq onun peşəsidi. Şeytan da Həvvanın əliylə Adəmi günaha batırmışdı.
- Nağıllarla, miflərlə məşğul olmaq sənin başını xarab edib, vallah...
O hirslənib getdi. Bilirdim ki, dediyim sözlərin bəlasını çəkəcəyəm. "Nağıllar aləmi" jurnalının baş redaktoru ara-sıra yanıma gələr, mənə baş çəkərdi. Sakit, elmli, yaxşı bir insan idi. Söhbətimiz tuturdu. Şöbəyə gələndə hərdən-bir mən onun qarşısına bir stəkan çay da qoyardım. Ümumiyyətlə, hamıya, hətta heç tanımadığım adamlara qarşı da diqqətciləm, bacardığım köməyi heç kimdən əsirgəmirəm. Həmin jurnalda yazılarım çap olunurdu deyə, özümü baş redaktora mənən borclu bilirdim. Həm də buna görə ona daha çox isti yanaşırdım. Açığı onun subay, yaxud evli olduğunu bilmirdim. Bir gün özünü baş redaktorun nişanlısı kimi təqdim eləyən qarabuğdayı qadın iş yerimə gəlib, hay-küy saldı ki, bəs sən mənim adamımı yoldan çıxarıbsan, onunla gəzib-dolaşırsan. İnanın ki, onun bu ittihamını eşidib dəli oldum. Allah adamı şərdən, quru böhtandan qorusun! Bərk sarsıldım. Mikroinfarkt keçirdim. İki ay xəstə yatdım. Mənə baş çəkmək üçün iş yoldaşlarım gəlirdilər. O ilan bir dəfə palataya gül, bir də zərfin içində pul göndərmişdi. Gətirən onun öz adamlarından idi. Gülü də, pulu da geri qaytarıb:
- Aparsın, versin arvadına, - dedim.
Sonralar öyrəndim ki, o nişanlı qız məsələsi də ilan adamın mənə qurduğu tələ olub. Özünə "Qarasevda" soyadı götürmüş Mənzər adlı o qarabuğdayı qadın, ifadəmə görə sizdən min dəfə üzr istəyirəm, əxlaqsızın biridir. İmkanlı, vəzifəli kişilərə yol tapmaq üçün hər alçaqlığa gedən, bir sözlə, kişi ovuna çıxıb böyük qazanc götürən mənəviyyatsız bir məxluqdur. İndi şou-biznes aləmində estrada ulduzu kimi tanınan həmin qadın, bir vaxtlar o ilanın təhrikiylə çox evlər yıxıb, ailələr dağıdıb, gözəl-gözəl qızları yolundan çıxarıb. Sonradan eşitdim ki, xəstəxanaya düşdüyü gün mənə atdığı böhtana görə şöbəmizin qızları onu yaxşıca döyüb, yola salmışdılar..."

***

Qoca hakim dəftərin yeni vərəqini çevirməyə tələsmirdi. Məktubda xəsisliklə, yığcam şəkildə təsvir edilən hadisənin təfərrüatını xəyalında canlandırmaq istəyirdi...
(Cahanın heç vaxt ağlına gəlməzdi ki, tale Mənzər adlı o məkrli qadını təkrar onun rastına çıxaracaq... Amma çıxartı, özü də harda? Həbsxanada!..)
...Amma o gün xəstəxanada göndərdiyi pulu, gül dəstəsini adamının üstünə atıb, geri qaytarandan sonra Qaraxanlı bərk əsib-coşub, zəng edib ki, mən Mənzər adlı adam tanımıram. Amma eşidib-bildiyimə görə, Cahan xanım, bir qadını möhkəm əzişdiribsən!
- Bir yox, beş-on Mənzər kimi pozğunu üstümə göndərsən də, xeyri yoxdur!
Onlar telefonda bir xeyli mübahisə eləmişdilər, atmacalar da olmuşdu, özünə haqq qazandırmaq cəhdləri də. Bütün hallarda qadın elmlər doktoru, ilan oğlu ilana nifrət bəslədiyini açıq-aşkar hiss etdirmişdi.
Cahan telefonun dəstəyini qoyub, pəncərə önündə dayanaraq, əllərini sinəsinin üstündə çarpazladı. Dənizdən əsən meh xəstəxananın həyətindəki çinar ağacının yarpağını, nazik budaqlarını əsdirirdi.
Ürəyindən dəniz qırağına çıxmaq, coşqun dalğaları seyr etmək keçdi. Axşamlar sahildə dayanıb dənizin qoynunda bərq vuran rəngbərəng işıqlara baxmaq necə də xoşdur.
...Onun gözlərinin qabağında indi burda - palatanın pəncərəsində gah Aşur Qaraxanlının, gah Aypara Kamalzadənin, gah da Mənzər Qarasevdanın surətləri bir-bir canlanırdı. Rahatlığını, xoşbəxtliyini əlindən alan bu üçlüyə şər sacayağı, böhtan ocağı deyirdi. Və bir də belə deyirdi: "İlahi, məni bu insanların şərindən qoru!"

***

Adil müəllim növbəti səhifəni çevirib oxumağına davam elədi:
"...Məni incitmək, iradəmi sındırmaq üçün əlindən gələni beş qaba tökən Qaraxanlının nə qədər insafsız olduğunu açıqlamaq üçün o qədər faktlar deyə bilərəm ki... Bir dəfə mənə zəng edib dedi ki, sən uşaq çağında çoxlu konfet yeməmisən ki?! Dedim mən sizin tanıdığınız o bəxtəvər uşaqlardan olmamışam. Soruşdu ki, bəs niyə elə şirinsən? Dedim, mən kənardan şirin görünürəm, əslində isə zəhərdən də acıyam. Mənə yaxınlaşan mütləq zəhərlənib ölür. Bu sözümə görə, altı saat dərs deyib, ayda 60 dollar maaş aldığım işimlə vidalaşmalı oldum. Dəfələrlə adım xarici ölkələrə ezamiyyətə gedəcək adamların siyahısından çıxarıldı. Akademiyanın qabaqcıl işçilərə verdiyi mükafatlardan məhrum edildim. İş yoldaşlarımın çoxu mat qalırdı ki, axı sən kimə neynəmisən? Niyə sənə zülm edirlər? Nə danışaydım, kimə deyəydim dərdimi, necə anladaydım ki, əgər o dərdə çarə tapan bir Allah bəndəsini görmürdümsə?!. "

***

Adil Hüseynli Cahanın Qadınlar həbsxanasından göndərdiyi "Könül dəftəri"ni bura qədər oxuyub, dərindən köks ötürdü, yorğun gözlərini dalbadal bir neçə dəfə açdı. Elə bil kabinetində onunla üzbəüz əyləşmiş qadının xəyalı da ayağa qalxıb, çıxıb getmək istədi:
- "Deyəsən, mən sizi yordum, qəlbinizin bu qəmli söhbətdən necə sıxıldığının fərqindəyəm... "
Qoca hakim otaqda var-gəl edə-edə düşünürdü. Uzun müddətdi ki, siqareti tərgitmişdi. Birdən-birə ürəyi siqaret istədi, kabinetdən çıxıb qırxıncı otağa sarı boylandı, ordan taqqa-tuq səsi gəlirdi. Yəqin indi Şahin Verdiyev bahalı siqaret çəkə-çəkə divara nəsə vurdurur, ya da haranısa sökdürür, bu əlavə otaq yaranandan bəri təmir işləri bitib-tükənmirdi ki... Adil Hüseynli heç vaxt bu otağa girməmişdi, istədi ki, indi siqareti bəhanə edib, qırxıncı otağın qapısına yaxınlaşsın, içəridə nələr olduğunu gözləri ilə görsün, desin ki, "ustadına rəhmət, bu nə dəsgahdır?". Amma bayaqkı naqolay söhbətlərini, bir də Cahan xanımın məktubunu xatırlayıb dayandı. "Allaha acıq getməsin, Qaraxanlı kimi əbləhin birinə heç rəhmət də düşmür!"
40 rəqəmini qəribə nəzərlərlə süzüb, geri dönəndə dəhlizin o başında kiminsə siqaret çəkə-çəkə pəncərədən şəhəri seyr etdiyini görüb yaxınlaşdı.
- Qonşu otaqdan gələn taraq-turuq səsləri adamın lap beyninə işləyir, - deyə gileyləndi və sonra siqaret çəkən adama üzünü tutub, - bala, ondan birini də mənə ver, içimin tüstüsünü qovub, bayıra çıxarım, - dedi. Və bu gün ikinci dəfə idi ki, doqquz yaşındaykən gördüyü qoca dəmiryolçunu xatırladı.
- Buyurun, ağsaqqal, - cavan oğlan alışqanı çıxarıb, ona verdiyi siqareti yandırdı və elə bil ürəyini boşaltmaq üçün özünə əməlli-başlı həmsöhbət tapdığına sevindi, - o ustaları bura mən gətirmişəm. Deyirlər, təmir işi gedən o otaqdan vaxtilə arxiv kimi istifadə olunurmuş. Repressiya illəri orada Qaraxan Şubayev adlı çox zalım bir xalq hakimi "sürgün dəzgahı" qurubmuş... Otuz yeddidən əlli üçəcən məhkəməsiz-filansız sayılıb-seçilən ziyalıları o "dəzgahdan" xalq düşməni kimi çıxarıb, göndərirmiş cəhənnəmin Sibir adlı filialına... El arasında adına Qaracan deyərmişlər. Qaracanın sürgünə yolladığı adamların biri də ordan sağ qayıtmayıb...
Adil Hüseynli təəccüblə:
- Sən bunları hardan bilirsən, ay bala?
- Bu ustaların biri yaman savadlı adamdır, zalım oğlunun danışanda ağzından dürr tökülür, amma yazıq xəstədir, tez-tez başı gicəllənir. Bir çətən külfətini dolandırmaq üçün kənddən şəhərə gəlib, nə iş düşsə işləyir. Mən də sürücü babayam, onları burdan ora, ordan bura daşıyıram.
Adil Hüseynlinin üz-gözündə narahatçılıq ifadəsi vardı:
- Yəqin ki ona ağır işdə çalışmaq olmaz! Bu vəziyyətlə o öz həyatını təhlükəyə ata bilər, deyinən ağlını başına cəm eləsin! Mən burda, irəlidə, otuz doqquzuncu otaqda oluram, xahiş edirəm, o ustanı mənimlə tanış edin, bəlkə ona aid bir yüngül iş tapdım... Həm də o Şubayev məsələsini bir ətraflı öyrənərəm, - dedi və sonra xudahafizləşib otağına dönmək istədi. Dəhlizdə sədrin qəbul otağının rəhbəri onu görcək uşaq kimi sevindi:
- Adil müəllim, sədr sizi gözləyir. İndicə daxili telefonla otağınıza zəng edirdim.

***

...Orta yaşlı, ciddi görkəmli sədr onu mehriban qarşıladı. Kabinetində başqa hakimlər də vardı. Hamısı hakim mantiyası geyinmişdi.
- Bu gün Adil müəllimin məhkəmə hakimi kimi fəaliyyətə başlamasının qırx ili tamam olur, - deyə sədr söhbətə başladı. - O, son dəfə məhkəməyə çıxacaq. Proses, demək olar ki, başa çatıb! Amma yenə hamınızın adından ona bu son işində uğur diləmək istəyirəm... Bilirsiniz ki, Adil müəllim yaradıcı adamdır. Məhkəmə hüququna aid sənədli-bədii əsərlər yazır. Bu gün Adil müəllim bizdən ayrılır, təqaüdə çıxır. Hamınızın burda olmasından istifadə edib, sizin icazənizlə fəxri fərmanı ona təqdim edirəm. Və bir də qırx il qüsursuz fəaliyyətinə görə bu kompüteri hədiyyə edirəm...
Alman markası olan noutbuku ona təqdim edəndə sədr zarafatla dedi:
- Arzu edirəm ki, bundan sonra əsərlərinizi bu kompüterdə yazasınız.
Bu zaman Adil Hüseynlinin baxışları ona diqqətlə baxan gənc hakim Şahin Verdiyevə dikildi. Aralarında kompüter dartışması olmuşdu axı. Şahin də ona baxıb bic-bic qımışdı.
Sədr dərhal ayrı mövzuya keçib dedi:
- Möhtərəm hakimlər! Bu gün də sədrlik etdiyiniz məhkəmə işlərində ədalətli olun. Buyurun, gedə bilərsiniz. Siz isə, Adil müəllim, zəhmət olmasa qalın. İki-üç dəqiqəlik söhbətim olacaq sizinlə.
Hamı çıxandan sonra sədr büro stolunun üstündən götürdüyü mineral suyu iki stəkana süzdü, stəkanın birini Adil müəllimə uzatdı. Sonra nəzakətlə soruşdu:
- Sizi bu son işə görə narahat etmirlər ki?
Adil Hüseynli suyu alıb:
- Sağ olun, - dedi, - ara-sıra anonim zənglər olur... - əlavə elədi.
- Baxın, Adil müəllim, sizin yaxşı hakim olduğunuza zərrəcə şübhəm yoxdur, yeganə nigarançılığım özünüzə görədir.
- Qırx ildə belə hədələrə alışmışam...
- Yenə də diqqətli olun...
- Narahat olduğunuza görə təşəkkür edirəm.
- Tabirisi gün Strasburqa yola düşürəm. Orada bir həftəlik insan haqları ilə bağlı beynəlxalq konfransa dəvət almışam. İstəsəniz birlikdə gedərik...
Qoca hakim sədrin bu təklifinin səmimi olduğunu zənn etməsə də, üzündə elə bir ifadə yarandı ki, guya bu günlərdə təxirəsalınmaz işi var.
- Sağ olun, keşkə bir həftə qabaq biləydim, əlimdə çox vacib işim var.
Sədr gülümsündü, onun xasiyyətinə yaxşı bələd olan adam kimi qayğıkeşliklə:
- Necə istəyirsiniz, elə də olsun, - dedi. - Təqaüdə çıxırsınız, əgər bir ehtiyacınız olsa, mənə müraciət edin, qapım hər zaman üzünüzə açıqdır...
- Allah köməyiniz olsun!..

***

Bir azdan kabinetinə dönüb "Könül dəftəri"nin davamını oxumaq istədi. Bu vaxt telefon zəng çaldı. Dəstəyi götürüb: "Eşidirəm", - dedi.

Zəng edən ondan son məhkəmə iclası ilə bağlı nəsə xahiş edirdi.
- Xeyr, işə qanun çərçivəsində baxılıb. Bu gün saat on ikidə hökm oxunacaq, - danışa-danışa gözucu divar saatına baxdı. - Buna gərək yoxdur. Qanun çərçivəsində bacardığım qədər güzəşt edərəm. Xahiş-minnət gərək deyil. Sağ olun! - deyib ayağa qalxdı, dolaba yaxınlaşıb oradan hakim geyimini çıxartdı.
Telefon yenə zəng çaldı. Dəstəyi götürüb dinlədi, sonra:
- Bura ali məhkəmədir, canım-gözüm, bazar deyil, - əsəbiləşdi. Dəstəyi qoyan kimi telefon təkrar zəng çaldı. Bir an telefona baxıb, başını buladı. Dəstəyi qaldırıb cavab vermədən otaqdan çıxıb vaxtından qabaq iclas zalına getdi. Dəhlizdə Şahin Verdiyevlə qarşılaşdı. Gənc hakimin sifətində bayaqkı bic təbəssümündən əsər-əlamət yox idi. O, ayaq saxlayıb az qala pıçıltıyla:
- Hələ gec deyil, - dedi.


Adil Hüseynli:
- Məncə, əsl kişilər sözü bir dəfə deyirlər, - dedi və ürəyindən, nədənsə, o an "Aldın payını, çağır gəlsin dayını!" - fikrini də söyləmək keçdi. Söz Şahinə güllə kimi dəydi. Zorla da olsa, gülümsünüb fikrini dəyişdi və cır səslə dilləndi:
- Siz məni başa düşmədiniz, Adil müəllim, mən məhkəmə işini nəzərdə tutmuram, bayaq sədrin sizə hədiyyə etdiyi noutbuku deyirəm, yəni onu öyrənmək hələ gec deyil...
- Məncə, bu barədə söhbətimiz olmuşdu. Mən kompüter xəstəsi deyiləm, amma onda az-maz işləməyi bacarıram,- dedi və gedə-gedə düşünürdü: "Deyəsən, bu cavan oğlan öz həddini mənim gözlədiyimdən də çox aşır, bəlkə ona əməllicə qulaqburması vermək gərəkdi? Belə hakimlər bir şəhərin, bir ölkənin deyil, bütün dünyanın hüquq sisteminə ləkədirlər..."
...İki saatdan çox davam edən məhkəmənin nə ilə qurtaracağı artıq çoxlarına məlum idi. Cinayətin səbəbi aydınlaşdırılmışdı. İşin təkrar istintaqa göndərilməsini tələb edənlər hökmün elan olunmasına hər vasitə ilə mane olmağa çalışsalar da, qoca hakim israrla öz mövqeyindən əl çəkmədi:
- Bura Azərbaycandır, əgər bu ölkənin vətəndaşısınızsa, onun qanunlarına hörmət etməlisiniz! İstər kimyəvi olsun, istərsə də bioloji aktivə əlavə, qanunsuz yolla bu preparatların satışı narkotik maddələr kimi təhlükəlidir...
Şahin isə əsəbi halda otağına döndü. "Cındırın biri cındırmış bu, kimi başa salasan ki, onun xəmiri belə yoğrulub, sonra da adımı bacarıqsız qoyurlar ki, bir qoca hakimin öhdəsindən gələ bilmirəm... Beləsinin öhdəsindən ancaq ölüm gələr..."
Seva içəri daxil olanda o başını əlləri arasına alıb fikrə getmişdi.
- Şahım, görürəm ki, o qocanı yola gətirə bilməmisən. Heç vecinə alma, mən o dərman alverçisini susdurmaq üçün arvadını ələ almışam. Pul hər şeyə qadirdir. O, bioloji qida həblərini bizdən yox, "Uçan Şir" kompaniyasından aldığını söyləyəcək.
- Nə danışırsan? Uçan şir nədi?
- Tibet, Çin təbabəti adı altında xəstələrə Rusiyada və Qazaxıstanda istehsal olunan yararsız bioaktiv preparatlar satan xarici şirkətin adıdır. Bizimlə rəqabət aparır. Nəticədə, bizim məsullarımız anbarlarda tığlanıb qalır.
- Axı zərərçəkən anasının ölümünə səbəb olan preparatın "Qara Xan" firmasından aldığını iddia edir.
- Artıq "Qara Xan" deyilən bir şirkət yoxdur, "Qara Şahin" var! Bax, bu da bizim kompüter texnologiyamızın müqaviləsi. Yalnız Pentaqonun ən müasir elektron avadanlıqları ilə müqayisəyə gələ bilər. Məhsullarımıza beynəlxalq keyfiyyət sertifikatı alandan sonra qalır güclü reklamlar...
Şahin onu diqqətlə dinləsə də, fikri Adil Hüseynlinin yanında qalmışdı:
- Seva, məncə, o bizim haqqımızda çox şey bilir.
- Sən nə danışırsan?..
- İnsanı tanımaq üçün səncə, onun planlarını öyrənmək yetərli deyil?
- O zövqsüz, ağzının ləzzətini bilməyən, hazır puldan imtina edən qocanın nə planı ola bilər ki?
- Bu gün ondan yeni yazdığı kitabın adını soruşdum. İroniya ilə mənə "Qırxıncı otağın sirri", - deyə cavab verdi.
- Məgər bu dünyada yalnız bir dənə qırxıncı otaq var? Boşla getsin, canım...
Şahin ayağa qalxıb qəddini düzəltdi, donuq sifətindəki qorxu ifadəsini Sevadan gizlətməyə çalışdı. Gözlərini pəncərədən bayıra zillədi:
- Deyirdin ki, lazım gəlsə, onu lap aradan götürmək mümkündür.
- Buna zərrə qədər şübhən olmasın! Amma, sevgilim, nigahımızdan qabaq görüləsi daha vacib işlərimiz var.
Şahin dönüb əlini Sevanın çiyninə qoydu:
- Sevacan, əgər o, mənim Qaraxanlının mirasına sahib olduğumu bilsə, susmayacaq.
Seva ona canıyananlıq edib, boynunu qucaqladı:
- Sənə öz əmlakını, şirkətini Qaraxanlı özü vəsiyyət edib. Burda qorxulu nə var ki? Əgər öz karyerana görə narahatsansa, hər şeyi özüm həll edərəm. Sən hələ bilmirsən ki, analar necə qəhrəmanlar doğub...

***

... Məhkəmə başa çatandan sonra qoca hakim kabinetinə dönüb, "Hər şey qurtardı, zənglər, hədələr, tikanlı sözlər bitdi, daha heç kim məni narahat etməyəcək", - deyə düşündü, yenə gəlib Cahanın "Könül dəftəri"ni götürdü. Amma bir kəlmə də oxuya bilmədi. Fikirləri bir-birinə qarışdı. Bu qırx ildə məhkəmə işində rast gəldiyi ən qəribə hadisələr bir-bir yadına düşdü. Xəyalında gənc məhkəmə hakimi Adil Hüseynli də canlandı.
...Yetmişinci ilin ortaları idi. Külli-miqdarda dövlət əmlakını mənimsəyən bir kişi müttəhimlər kürsüsündə əyləşmişdi, onun öz adında bir qəpiklik də şəxsi əmlak yox idi. Qanuna görə arvadının adına olan maşını, evi, bağı müsadirə etmək olmazdı. Çünki dünənəcən bir yastığa baş qoyduğu arvadı ilə rəsmi nigahı yox idi. Bəlkə, qadın keçmiş xan, bəy qızı idi, atasından ona küpnən qızıl miras qalmışdı? Bunlar bir yana qalsın, qadın məhkəmə istintaqında müttəhimi tanımadığını, hətta dünyaya gətirdiyi uşaqlarının belə başqa kişidən olduğunu dilə gətirdi. "Yox! Bu ola bilməz!" - deyə o zaman Adil Hüseynli düşünmüşdü ki, nə kasıb qızı, nə də bəy, xan qızı bu qələti edə bilməzdi. İlahi, doğurdan da, qadın təpədən-dırnağacan müəmmadı, tilsimlənmiş, sirlərlə dolu qırxıncı otaq kimidi. Sonra elə o qadın bir axşam geyinib-kecinib onun evinin qapısını döydü...
O, zərxara, daş-qaşlarla bəzədilmiş ahu ceyran balası kimi həyəcanlı görünürdü, elə bil zalım ovçudan canını qurtarıb, özünü zorla dəhlizə atmışdı. Uşaqlar içəridə qurdla dovşanın sərgüzəştləri haqqında cizgi filmini seyr edirdilər. O gün həyat yoldaşı axşam növbəsində idi.
Adil o an düşünmüşdü ki, qadın, yəqin ki, ərinə yüngül cəza verilməsindən ötrü xahiş-minnətə gəlib! Amma çantasından ağ kağız parçasına bükülmüş bir dəstə yüzlük çıxardıb hakimə uzadanda, ilk sözü:
- O dəyyusa ən ağır cəza verin,- oldu,- elə cəza ki, getdiyi türmədən bir daha geri dönməsin!
Adil Hüseynli qadının əlində qorxunc bir şey görübmüş kimi diksinib geri çəkildi. Qadın bir addım da irəli gəldi:
- Bu pulla nə istəsəniz ala bilərsiniz!
- Allah xatirinə susun! - dedi və əli ilə qapını göstərdi,- bu evə indiyəcən haram pul girməyib! Çıxın gedin!
Qadının üzünün rəngi əvvəl bozardı, sonra da qaraldı. Qəzəbi gözəlliyinə kölgə saldı, pulu çantasına qoyub: - Arvadınızın yerinə olsaydım, evə pulsuz gələndə qapını üzünüzə açmazdım, - dedi...
Adil Hüseynlinin həyat yoldaşı uşaq evində böyümüşdü. Atasının cəbhədən ölüm xəbəri gələndən sonra xəstə anası onu götürüb qəsəbədən şəhərə köçmüşdü. Aclıq illərində əziyyət çəkən zavallı qadın vərəmdən ölmüşdü...
Leyla xanım ata-ana tərbiyəsi görməsə də, qadınlıq borcunun nə demək olduğunu yaxşı başa düşürdü. Yaşı otuzu ötmüş Adilə ərə gələndə gənc qız idi. Oxuyub, təhsil almışdı, indi bir cüt övladının xoşbəxt gələcəyi naminə o da işləyirdi. Qənaətcil idi. Ərinin də, özünün də qazandığı ruziyə görə həmişə Allaha şükür edirdi.
- Allah mənə rəhm eləyib, qapım həmişə üzümə açıq olub! - düşünürdü Adil Hüseynli və ona rüşvət təklif edən qadını qınayaraq soruşdu:
- Sizin ki əriniz kalan pul gətirirdi, bəs niyə ondan imtina edirsiniz?
Qadın:
- O məni qadından çox, var-dövlətini qoruyan zəncirli köpək sanıb! İndi-indi zəncirdən qurtarıb, azadlığa çıxmışam, onun cəzası nə qədər uzun sürəcəksə, mən də bir o qədər azad olacağam, - deyib, geri döndü...
Bir az keçəndən sonra qapının zəngi yenə çalındı. Həmin qadın idi; "bəlkə tutduğu əməldən peşman olub, üzr istəməyə gəlib?" - deyə Adil Hüseynli düşündü. Amma qadının üzündə zərrə qədər də olsun xəcalət hissi sezilmirdi, işvəkarlıq göstərib, gülümsündü:
- Eşitmişəm ki, sizin şairliyiniz də var. Bəlkə şəhər kənarında ikilikdə görüşək? Mənim bağ evimdə...
- Qulaq asın, xanım, sizin hər belə cəhdiniz ərinizin cəzasını bir il azalda bilər.
O gündən sonra qadın məhkəmə zalında gözə dəymədi. Adil Hüseynli hansı səbəbdənsə məhkəmə zalına gəlib çıxan çoxlu insanla rastlaşmışdı, əksəriyyətin xahişi, umacağı bu idi ki, nə təmənnan var, de, yerinə yetirək, amma xilas et, qıyma ki, balamız, ərimiz, lap elə qızımız dəmir barmaqlıqlar arxasında çürüsün. İndi hakimlik təcrübəsində o adət etdiyinin əksini görürdü. Qadın ona rüşvət təklif edirdi ki, halal ərinin cəzasını artırsın. O qədər artırsın ki, bədbəxt ömrü boyu dünya işığına həsrət qalsın. Daha nə istəyirsən?! Bu da sənə yeni bir "qırxıncı otaq". Qadın dünyası başdan- ayağa sirr və müəmmadır. Buna özgə bir ad vermək olmaz!
Hər şey bir yana qalsın, bu onun işidir. Bəs yaxşı, ümumiyyətlə, o, həyatını dürüstmü yaşayırdı? Kimi inandırmaq olar ki, hakim quru maaşa göz dikib və bütün ömrü boyu başına yağan topa-topa pulların altından qaçıb. Halbuki, indi evinin dirəyi də qızıldan ola bilərdi. Dünyanı gəzib kef eləyərdi. Bəlkə, Şahinin iradları, neştərli atmacaları haqlıdır? Palaza bürünüb, ellə sürünmək yaxşı olmazmı? Bir adam, əstəğfürullah, Allah deyil ki, dünyanı düzəltsin. Bu, sadəcə, Don Kixotluqdur.
Kim nə düşünür düşünsün, Adil Hüseynli ömrünü belə yaşayıb, belə də yaşayacaq. Şahin düz deyir ki, qozbeli qəbr də düzəldə bilmir. İndi də bu Cahan xanım qəfil böyürdən çıxıb. İddia edir ki, həyatını namusla yaşayıb. Lap yaxşı, o namus, o sən, o da dəmir barmaqlıq. Maşallah, indi onun namusunu dövlət qoruyur. Həbsxananın qapısından ilan nədi, heç soxulcan da içəri adlayıb sarı gəlinin namusuna toxuna bilməz. Gözünü yeyim, maral dünya, hər məsələni elə gözəl nizamlayırsan ki, adamın nitqi batır!

***

Məktub-dəftərin püskürən vulkanı aşıb-daşır, buğlayan lava ətrafı bürümüşdü. Qadının ürək çırpıntıları Adil müəllimə əzab versə də, dözüb, oxumağına davam edirdi.
"... Oğlum pullu məktəbə girdi, eşidib, zərfdə təhsil haqqına çatan məbləği göndərdi. O pula demək olar ki, möhtac idim. Amma götürməyib geri qaytardım.
Zəng edib deyirdi:
- Özünü qaragün elədin, heç olmasa, oğlunu düşün! Arxasız-köməksiz nə edəcək? Bu zəmanədə arxasızın, kəlləli də olsa, yolu bağlıdı. İnan, Cahan xanım, səni dünyalar qədər sevirəm. Nə eləmişəmsə bu sevginin təsirindən olub, səhvlərimi unut. Axı sən niyə qismətinə dirsək göstərirsən.
Onun idbar səsini eşidən kimi bozarıb dünyanın ən tərs adamına döndüm. Bu məndən asılı deyildi. Dedim:
- Professor, siz bu yaşa çatmısınız, az qala dünyanın yarıdan çoxunu gəzmisiniz, təəssüflər olsun ki, hələ də sevginin təmənnasız olduğunu anlamırsınız. İnsan da sevdiyi qadına bu qədər zülm edərmi?
Yenə özündən çıxıb, hirsləndi:
- Elə bilmə ki, mən kef çəkirəm. Eşit, mənə nə qədər əzab verəcəksənsə, ikiqat artığını da özün çəkəcəksən. Unutma ki, ölüncə səni rahat qoymayacağam, bir gün öz ayağınla gəlib böyrümdə duracaqsan...
Bir yay məzuniyyətdə idim, oğlumla Buzovnadakı kiçik bağ evinə əl gəzdirib, səliqə-sahman yaratdıq. Günortaüstü idi. Üzüm çardağının kölgəsində oturmuşdum. Birdən radioda eşitdim ki, Aşur Qaraxanlını işdən azad ediblər. Sevincimdən az qala huşumu itirəcəkdim. Allaha çox şükürlər olsun dedim, gec edir, güc edir. Bir vaxtlar mən instituta qəbul olanda nənəm sevincindən halva çalıb, yeddi qapı qonum-qonşuya paylamışdı. İndi də mən nənəmin döydüyü qapıları bir-bir döyüb, halva payladım. Güman edirdim ki, canım qurtardı bu ilandan. Amma... zalım fələk, sanki mənim qəsdimə durmuşdu. Heç demə, işdən çıxarılsa da, yenə onun sözü hər yerdə ötürmüş, çünki əli böyüklərin ətəyində idi, bəzən mənə elə gəlirdi ki, yuxarılarda da ondan qorxub-çəkinirlər, çünki belə adamlar istənilən vaxt istədiyi adama pislik edə bilər, ya da heç olmasa, başağrısı verdirər. Məzuniyyətdən qayıdandan sonra mənim vəzifəyə gəlmək şansım vardı. Bu, hər şeydən öncə tələbə oğlumun təhsil ehtiyaclarını ödəmək demək idi. Yenə o ilan hardansa xəbər tutub, qabağıma şərt qoydu. Təbii ki, onun şərtini qəbul etmədim. Və o, özünün sözü ilə desəm, evinin nəlbəki daşıyanı, qapısının tulasını həmin vəzifənin başında əyləşdirdi. Qara günlərim yenidən başladı, indi təkcə özü deyil, həm də vəzifəyə gətirtdiyi xanım da mənə qənim kəsilmişdi, hər an mənliyimi alçaltmaq üçün dəridən- qabıqdan çıxırdı. Daha usanıb, təngə gəlmişidim. Bu dünyada ən çətin şey nadanın, namərdin sözünü götürmək, təhqirinə dözmək idi.
Mənim səbrimə, təmkinimə heyrət edən iş yoldaşlarımdan biri başıma ağıl qoymaq istədi:
- Ay qız, özünə də, ciyərparana da zülm edənəcən, nə istəyir ver, soxsun gözünə də o dəyyus. Teleseriallarda olur ey, qadın ya övladını, ya öz həyatını xilas etmək üçün iki yol ayrıcında qalır. Ona aşiq olan varlı kişinin dediyini eləyir. Bir anda iş düşür yoluna. Haçanacan içini yeyəcəksən...
Sözümü kəsə dedim:
- Bacarmıram, bacı, mən də belə bədbəxtəm...
Haqlı inadımdan təsirlənən iş yoldaşım Qaraxanlı barədə bildiklərini danışdı, necə deyərlər, açdı sandığı, tökdü pambığı:
- Arvadı, qızı pozğun olan kişilər elə bilir ki, bütün qadınlar pis yoldadırlar... Sənin arxanca sülənən bu ilan adamın xalq artisti, balerina arvadı vardı, cavanlığında karyera naminə evlənibmiş... Günlərin bir günü cavan bir oğlana qoşulub qaçdı xaricə. Deyirlər ki, Qaraxanlı hələ də o qadınla xaricdə tez-tez görüşür. Qaraxanlı onun sayəsində şəhərdə fransız ətriyyatı mağazaları, apteklər açıb. Gözü doyur bəyəm, indi də girişib göydələn tikintisinə... Burdakı arvadı da öz kef-damağındadı. Qaraxanlının evinə yiyələnib, malına-puluna şərik çıxandan sonra restoranlarda sütül oğlanlarla oturub-durur.
***

Deyirlər, hərə bir cür bədbəxtir, bəlkə məni də bədbəxt edən nənəmin "məktəbi" olmuşdu. Hələ də dünyaya açıq gözlə baxmaq istəmirdim, bəlkə iş yoldaşım haqlıydı? Özümü bir kərə Qaraxanlının ixtiyarına verməklə nə itirəcəkdim axı?..
...Xoşavaz nənəm "Namus öyün güzgüsüdür",- deyərdi, özü "ər evi, gor evi" deyib, müharibəyə gedən ərinin yolunu ömür boyu gözlədi, belə şeylər ancaq nağıllarda olmuşdu. Mən birinci dəfə ailə quranda dedi: "Ərin aş yesə, aş yeyəcəksən, daş yesə, daş yeyəcəksən", bir də "duvaqla girdiyin evdən, kəfənlə çıxarsan". Amma elə bil bu sözü dediyinə görə özü də peşiman olmuşdu. Həyatın müqəddəs adət-ənələrinə kölgə salan arzuedilməz qanunları az deyil! Uşaq vaxtı köhnə komasında mənə danışdığı nağılların qəhrəmanı olan gözəl qızlar varlı-karlı oğlana deyil, onu tilsimləmiş qırxıncı otaqda saxlayan divin əlindən xilas edən igidə ərə gedərdilər. Yurdu dara düşəndə, el-oba susuz qalanda, o igid yaraq-yasağına qurşanıb, düşmənlə döyüşə atılar, suyun qabağını kəsən yeddibaşlı əjdahaları öldürərdi. Bəlkə mən hələ də o nağıllar aləmindəydim, iki dəfə ərə gedəndən sonra da "ağ atlı oğlan"ın yolunu gözləyirdim. Deyəsən, gərdişi-zəmanə yenə "... atın qabağına ət, itin qabağına ot qoyub"...
Varlı-karlı kişilərdən imtina etsəm də, hələ də məni qapısı tilsimlənmiş qırxıncı otaqda saxlayan divdən xilas edəcək o qoçağın sorağındayam.
...Nənəmin öyüd-örnəkləri həyatımın bünövrəsiydi, mənə uşaq çağlarımdan yedizdirdiyi tikə o qədər halaldır ki, məcburiyyət qarşısında qalsam belə, onun ruhuna xəyanət eləyə bilməzdim.
...Mən ömrüm boyu kasıb olmuşam. Necə deyərlər, birini tapanda beşini tapmamışam, amma utanmamışam da. Bəzən bir paltarı beş-on il geymişəm, buna görə sıxılmamışam, halallığı üstün tutmuşam. Xahiş edirəm, sizə dediklərimi, gəlişi gözəl sözlər kimi qəbul etməyin! Səmimiyyətimə inanmağınızı istərdim, vaxt olub ki, süpürgəçilik də etmişəm, ehtiyac üzündən koftalar, jaketlər toxuyub satmışam, utanmamışam, əllərimin qabarı, alnımın təri ilə qazandığım o quru çörək cücə-plovdan da ləzzətli gəlib mənə. Çünki belə tərbiyə almışam. Atam müəllim olub, anam evdar qadın, yeddi qız ovladının yeddisinə də ali təhsil verib, ev-eşik sahibi ediblər. Əkin-biçinlə, mal-qara saxlamaqla böyük ailəni dolandırıblar. Amma məni ayağım yer tutandan nənəm saxlayıb, anamın anası, hətta məni uşaq bağçasına, sonra da birinci sinfə nənəm aparıb. Nənəm onlara yük olmasın deyə, Xızı dağlarının ətəyindəki kəndimizdən Buzovnaya köçüb. Ona elə öyrəşmişdim ki, öz dərd-sərimi doğma ata-anama, bacılarıma belə deməzdim. Atam-anam dünyalarını çox erkən, nənəm öləndən bir neçə il əvvəl dəyişiblər. Bacılarımınsa öz qayğıları, dərd-sərləri başlarından aşır. Bir-birimizlə o qədər gec-gec görüşərdik ki, mənim həbs olunmağımdan indiyədək xəbərsizdilər.
Belə yaxşıdır, qoy heç bilməsinlər. Qoy qonum-qonşu onlara qatil bacısı kimi baxmasınlar.

***

...İkinci dəfə ailə qurduğum adam, mənim Şahmarım çox sakit, ağıllı oğlan idi. Maşınqayırma zavodunda fəhlə işəmişdi. Zavodda fəhlələr tətil etdiyinə görə işlər dayandırılmışdı. Özünü oda-közə vuran, pul qazanan adam deyildi. O günlər ailənin bütün ağırlığı mənim çiynimdə idi... Şahmar könüllülər dəstəsinə qoşulub müharibəyə gedəndən sonra düşünürdüm ki, görəsən, onu da itirsəm, mənim cavan həyatım necə olacaq? Qırx il cəhbədən geri dönməyən ərinin yolunu ölən günəcən gözləyən nənəmin sözləri yadıma düşürdü: "Bizim vaxtımızda əsgər namusuna göz dikəni, sataşanı çox ağır cəzalandırırdılar..."
Sanki evimiz olsun deyə Şahmar şüurlu surətdə özünü ölümün qoynuna atmışdı. Və onun məzarının üstündə əsgər yoldaşlarının havaya atdığı yaylım atəşlərinin tüstüsü çəkilməmiş bizə təzə mənzilin orderini gətirdilər. Kaş sağ qalaydı, mən yenə evsizliyə dözərdim. Ondan sonra qara libasımı əynimdən çıxarmadım. Bu qara rəngli libası zəmanə adlı amansız və insafsız hakim biçmişdi əynimə.
Çəkdiyim dərdlərinsə rəngi bilinmirdi, yox idi.
Hərdən öz-özümə Xaqaninin bir rübaisini pıçıldayırdım:

İki itən dürdən ürəkdə dağ var,
Ciyərim kababdı, ürəyim yanar.
Qoy deyim, eşitmək qüdrətin varsa -
İtən cavanlığım və ölən dostlar...

Köməyim isə göydə Allahım, yerdə öz əməyim olub. Heç vaxt, heç kimin qapısını döyməmişəm, hətta şəhid ailəsi olanda da. Heç kəsdən heç nə ummamışam. Döydüyüm ulu dərgahın qapısı olub, umacağımsa böyük Yaradanımızın mərhəməti. Həmişə tapdığım aza qail olub, "şükür Xudanın kərəminə" demişəm. Odur ki, nə dərgaha uzanan əllərim boş qalıb, nə də umacağımı ucalardan uca, bir olan mərhəmətli Allah məndən əsirgəyib!
Bircə arzum var, kaş ölməyəydim, haqqın-ədalətin zəfər çaldığı günü görəydim... Bir namərdin ucbatından qalan ömrümü həbsxana hücrəsində keçirmək istəməzdim. İndi yəqin sizi bir sual düşündürür, məni bu addımı atmağa kim və ya nə vadar etdi? Etiraf edim ki, bu qəmli hekayəti dinləmək sizin bir xeyli vaxtınızı alacaq.
Mənim namizədliyim irəli sürülmüş vəzifəni zəbt edəndən sonra evimə zəng edib, növbəti mənəvi zərbəni vurdular. Haqqımı tapdalayan adam telefonda gülə-gülə mənə yanıq verdi:
- Necəsən, ay namus, qeyrət dağarcığı? İndi təmiz namusunu quru çörəyinə yavanlıq elə ye, görək, doyacaqsanmı?
- Bilirsiniz nə var, mən ac deyiləm ki, qarnımı doyurmaq fikrində olam. Yemək hər yerdə var, qəlb aclığını doydurmaq müşkül məsələdir. Şükür olsun ki, könlüm də, gözüm də toxdur.
- Özünü sındırmırsan, bilirəm, amma yadında saxla, təkəbbür səni hər şeydən məhrum eləyib. İstəyirəm, gözün açılsın sənin, Cahan...
- Abırlı adam belə eləməz, professor. Məni rahat buraxın. Onsuz da dərdim özümə bəsdi. Yalvarıram sizə, məndən əl çəkin. Sizin ucbatınızdan əlacım ona qalıb ki, od vurub özümü yandırım...
Deyəsən, daha söz tapa bilməyib, çarəni telefonu qapamağda gördü.
Kaş ağlını başına yığıb məndən əl çəkəydi...
...İnanın, mən kobud, acıdıl deyiləm. Hamı ilə "qadan alım"la, "başına dönüm"lə danışıram. Ürəyim yuxadır, heç kəsin dərdinə, ağrı-acısına biganə deyiləm. Amma o ilan adamı əlimlə parçalayıb tikə-tikə doğrayardım... Uf demədən... və inanıram ki, bir gün o, əməllərinin hesabını verəcək, mütləq verəcək. Başqa cür ola bilməz... "
Birinci hissənin sonu.


İ K İ N C İ H İ S S Ə

Hə, biri vardı, biri yox... Biri vardı, biri yox... Deyəsən, axı bu qadın nağıl danışır mənə, - düşündü Adil Hüseynli, - amma bu dəftər lap yerinə düşdü, pensioner adamam, bu gündən belə heç nəyim olmasa da, vaxtım bol olacaq. Elə bu cür dəftər-düftərdən oxuyub günün ağzını boza verərəm, çıxıb gedər. Şahin Verdiyev demiş, fərasətim olsa, Cahanın "Könül dəftərinə" bədii don geyindirərəm, olar roman. Mənə daha nə lazımdı ki... Elə bil Adil Hüseynli özü-özü ilə məzələnirdi. Düşüncəsini qıdıqlayan yumor açıq-aşkar görünürdü. Və yəqin elə buna görə də dodağı qaçdı. "Könül dəftəri"ni məmnuniyyət hissi ilə əl çantasına qoydu ki, gedəndə evə aparsın. Mabədini oxumaq üçün...

***

Hə, biri vardı, biri yoxdu, bu dünyada Cahan adlı qadın vardı... "Nağıl olan yerdə, ağıl da olar" demişlər. Belə bir deyim, yaxud söz varmı, ya elə indicə ağlına gəlir? Kəsdirə bilmir... Cahan hərdən özünə çəkiləndə, axıb beynini dolduran düşüncələr seli ona uzaq illərdə əbədi yuva salan uşaqlıq nağıllarının sehrini də gətirir. Həmin o sehrli nağıllar uzaq illərdən yaddaşına daşınanda gah sehrlənir, gah sevinir, gah da elə uşaq vaxtında olduğu kimi, qorxub üşənirdi. Amma bütün hallarda nağıl adamlarının yerinə qoyurdu özünü və məhz onlar kimi güclü, ən keçilməz məqamlardan salamat çıxmaq gücündə olmaq istəyirdi.
Yeddi-səkkiz, bəlkə də on yaşı olarkən Xoşavaz arvadın düzüb-qoşduğu cinləri, şeytanları, divləri, xortanları yuxusunda görərdi. Onu qəribə məxluqlar dövrəyə alıb, zurna-balaban çalır, qəhqəhə çəkir, rəqs edirdilər. Onlar Cahanla adam dilində danışırdılar. "Bu gün sənin həm toyundur, həm də vayın, biz sənin qanını içəcəyik..." Biri deyirdi: "Mən isə sənin ruhunu boğacağam..." Divsə - bəlkə bu heç adına div deyilən o əcaib heyvan deyildi, özgə planetdən gəlmiş təpəgözün biriydi, tünd qırmızı qiyafəyə bürünmüşdü - hərdən nərə çəkib, vahiməli səslə: "Mən sənin ürəyini şişə çəkib bişirəcəyəm. Elə başını-döşünü də ləzzətlə yeyərəm..." - deyirdi. Cahan vurnuxurdu, qaçmaq istəyirdi, di gəl ki əcinnələrin əhatəsindən qopa bilmirdi. "Kömək edin!" deyə qışqırsa da, səsi çıxmırdı. Elə bil dili tutulmuşdu. Bədənindən soyuq tər axırdı, belə anda bəzən diksinib, yuxudan oyanırdı, bəzən də ağsaçlı nurani bir kişi peyda olub onu adamyeyənlərdən xilas edirdi.
Böyüyüb yaşa dolandan sonra da hərdən o yuxuları təkrar görürdü. İçərisini bürümüş müdhiş qorxu canından çıxmırdı. Ən qəribəsi də bu idi ki, Cahanın gündüzlər öz çevrəsində gördüyü adamlar gecələr əcaib-qəraib şəkildə yuxusuna girirdilər. Bir dəfə də yuxusunda qırmızı sifətli bir div onu lüt-üryan bərli-bəzəkli yatağa uzatmışdı. "Demə, sənin ürəyindən də, başından da ləzzətli yerin varmış... sən gözəlsən, elə bil bədəninə insan əli toxunmayıb, sən hələ korlanmayıbsan, gəl mənim arvadım ol!"
Cahansa göz yaşı tökə-tökə ona yalvarırdı:
- Mən üçüncü dəfə ərə gedə bilmərəm... Divdən div törəyər, mən isə insanlara zülm edən div doğa bilmərəm. Gedin, özünüzə başqa kölə axtarın!.."
Sonra qırmızı div hirslənib yeddi başlı əjdahaya dönürdü. İlan kimi onun çılpaq bədəninə sarmaşırdı. Cahan ona müqavimət göstərmək üçün güc axtarırdı:
- İnanın, bu iş sevgisiz mümkün deyil!"
- Yalan danışırsan, iki dəfə ərə gedibsən, ikisində də ortada sevgi-filan deyilən şey olmayıb.
- Sən bunları hardan bilirsən?
- Çünki ikinci dəfə məndən qorxduğun üçün tələsik ailə qurdun!
- Pərvərdigara, özün mənə rəhm elə! Demək yenə də sənsən, bəs niyə bu kökdəsən, sən adamsan, yoxsa heyvan?
- Mən insan övladıyam, canım, bu dünyadan istədiyim kimi zövq almaq üçün hər dona girirəm... Sən isə məni cin atına mindirdin, buna görə də ömürlük qəsrimdə əsir olacaqsan! Bax, yaxşı bax, buranın Tac-Mahaldan nəyi əskikdir ki?
Cahanın qorxudan səsi titrəyirdi, amma birdən dəli kimi qəhqəhə çəkib güldü, sonra dedi:
- Canım, sən bu dünyadan zövq almağı yaxşı bacarırsan. Amma mən... mən bir az üşüdüm, bu mərmər saray məgər yay-qış belə soyuq olur? Axı sən mənə bir dəfə Parisdən sarı paltar gətirmişdin. Əvvəl ver, mən onu geyinim, sən də... sən də bir bax, sonra, gedib duş qəbul elə, bədənindən çox pis tər iyi gəlir... Ondan sonra baxarıq məndən necə zövq alacaqsan!
- Haa, ha, sən gülməli söz danışırsan, mən hər gün iki dəfə çimirəm, hələ bir mənim saunama bax, beləsi dünyanın heç yerində yoxdur...
- Bəlkə bu çürümüş iy sənin içindən gəlir? İçini Tanrı sevgisiylə doldur, o zaman o pis qoxu çəkilib gedəcək...
- Baxıram sən hələ də düzəlməmisən, köhnə Cahansan! Öyüd verməyi, namusdan, vicdandan danışmağı tutuquşu kimi əzbərləmisən... Sanki bu dünyaya ikinci dəfə gələcəksən. Səni üşüdən bu soyuq divarlar deyil, içində hər gün, hər saat haqq-hesab apardığın yoxsulluqdur.
Sonra o, qarnının tüklərini qaşıya-qaşıya paltar dolabına sarı addımladı. Toyuq zibillikdə eşələnən kimi orada qurdalandı.
Cahansa durub barmaqlarının ucunda pəncərəyə yaxınlaşdı, tül pərdəni çılpaq bədəninə bürüyüb, özünü bayıra atdı və quş kimi göydə bir pərvaz elədi.
Onun içi, doğrudan da, hava ilə doluydu. Göydə şar kimi fırlanır, hara düşəcəyini bilmirdi. Daha qorxu-hürküsü canından çıxmışdı. Düşünürdü ki, uzaqbaşı bu hündürlükdən yerə çırpılıb öləcək. Amma nə yaxşı ki, bətnini murdarlanmaqdan xilas etdi. Ruhunu məğlub olmağa qoymadı. Birdən yaşıl çəmənlikdə qollarını göyə açıb onu gözləyən ağsaçlı nurani kişini gördü. İlahi, bu onun gənclik illərində xəyallarında canlandırdığı ucaboy cəngavər idi; görəsən, niyə belə qocalıb? Axı bu kişini xeyli vaxt əvvəl yuxusunda cavan görmüşdü... Cahan qollarını quş qanadı kimi geniş açıb nurani kişinin ağuşuna qondu. Yuxudan oyananda içində qəribə bir peşimançılıq və təlaş vardı.
Onu öldürəydim gərək, yuxuda ilan öldürmək düşməndən qurtulmaqdı. Demək, düşmən yaşayır... Aman Allah, mən bu ilanın fitnə-felindən necə qurtarım? Necə?..

***

Cahanın ömrü qorxulu nağıldı ki durub. Belə kədərli həyata (hər halda onun dəftərindən belə anlaşılır) qorxulu nağıldan özgə nə ad vermək olar?...
Qoca hakim çənəsini ovcuna alıb, əhvalatın davamını həyəcan və sonunu səbirsizliklə gözləyirdi. Düşünürdü: "Cahanı cinayətə təhrik edən təkcə Qaraxanlıya olan nifrəti idimi?" Axı hər bir qadın kimi o da bu dünyaya sevib-sevilmək üçün gəlmişdi. İşgəncələr içində yaşamaqdan bezmək, ya da kimisə öldürmək üçün deyil! Bu dünyada əsl fədakarlıq nədir, görəsən? Yaxşı ad qazanmaq xatirinə ömrün sonunacan əzaba qatlaşmaqmı?.. Özünü unudub, özgənin xoşbəxtliyi naminə çalışmaqmı? Bəlkə elə özünü kortəbii şəkildə zamanın ixtiyarına vermək, axınına buraxmaq hər şeydən daha yaxşı olardı?
O oxuyub çevirdiyi vərəqlərə dönə-dönə sığal çəkir, elə bil həyatın dibinə sürüklənmiş tənha qadının saçlarını sığallayıb ona ürək-dirək verirdi. Qadın sonra belə yazırdı:
- "Mən uşaq ikən uzaq qohumlardan gözəl bir qadın tez-tez nənəmə baş çəkməyə gələrdi. Uşağı olmadığı üçün əri onu boşamışdı. Bir müddətdən sonra qonşuluğumuzda arvadı rəhmətə gedən, dörd uşaqla dul qalan bir kişiyə ərə getdi. Xətri mənə çox əziz olan qadını ərə gedəndən sonra dindirmək belə istəmirdim. O zaman mənim aləmimdə hər qadın həyatında bir dəfə ərə gedirdi, yalnız bir kişi üzü görürdü... İki kişiyə ərə gedən qadına pis baxırdım. Elə bil o gözəl qadın barədə belə düşündüyümə görə Allah mənə cəza verdi. Sonralar onun necə fədakar, qeyrətli qadın olduğunu görüb utandım. O dörd südəmər körpəni doğma balası kimi böyütdü, yurd-yuva sahibi etdi. İndi həmin uşaqlar bu fədakar qadını başlarının tacı bilirlər, doğma anaları kimi sevirlər.
Bəs, görəsən, özünü doğma övladının səadəti naminə qurban verərək, təkrar ailə həyatı qurmaqdan vaz keçən bu zavallı qadını ciyərparəsi niyə arayıb-axtarmır?
Hər şeydən küsmüşdüm, hamıdan küsmüşdüm... Yalnız tək-tük yaxşılıqlar həyat tutalğacı kimi məni yaşadırdı.
Mən bu dünyanın adamı ola bilmədim, dünya da məni qəbul etmədi, qəriblik duyğusu içində yaşayıram. Bəzən oğluma da yazığım gəlir, onun da bu dünyada qərib olacağından qorxuram. Qəriblik duyğusu şər qarışan vaxtın darlığı kimidir. Günün şər qarışan vədəsinin gətirdiyi sıxıntını yəqin ki siz də yaşamısınız. Fikirləşin ki, bütöv bir insan ömrünü həmin sıxıntı altında yaşayan bir qadın var. Mənim sizdən umacağım, daha doğrusu, insan kimi qəlbinizdən, yazıçı kimi qələminizdən yeganə umduğum şey - ŞƏR pəncəsində əzilən bir ömür haqqında təsirli bir əsər yaratmanızdır. Mənə ömrümdə ən gözəl təsəlli həmin kitab olacaq. Bu barədə az sonra sizə söhbət açacağam...
İnsan həyatının hər anı bir yaşantı parçasıdır. Ən dəhşətli an, ən qorxulu yaşantı haqsızlığa qarşı gücsüz olduğunu görməkdi. "Dünya elə bir gimnastika zalıdır ki, biz ora güclü olmaq üçün gəlmişik", - hərdən hind filosofuna aid olan bu kəlmələri təkrar edə-edə özüm-özümü güclü olduğuma inandırmağa çalışırdım. Bu yalançı, bəlkə də süni ovqatın dərinliyində gizlənmiş faciəni ağlıma belə gətirmirdim.
Həyatım mənəvi vuruşmalarda, yaşamaq uğrunda mübarizələrdə keçsə də, məni qatilə çevirəcək bu dəhşətli ovqatı o günə kimi yaşamamışdım. Yaşadım və məğlub oldum, həm də özümü məhv etdim. İndi yaşayan mən deyiləm, əvəzində başqa mən yaranıb, sizə məktub yazan da mənim təzə yaranmış mənimdir... Hərdən düşünürəm ki, bəlkə mən səhv elədim, başqaları kimi mən də firavan, rahat yaşaya bilərdim, əgər boyun əysəydim, şəxsiyyətimi alçaltsaydım. Mənim yerimə akademik Qaraxanlının təyin elətdirdiyi o kök qadının heç vaxt maddi sıxıntısı olmamışdı. Təkcə o vəzifəni ələ keçirməkdən savayı heç nə barədə düşünmürdü. Məgər bir vəzifəyə görə qadınlıq ləyaqətini o cür alçaltmağa dəyərdimi? Məncə, yox!
Ən maraqlısı və dəhşətlisi odur ki, bu cür qadınların hansı yuvanın quşu olduğunu bilə-bilə, kişilər onlara hörmət bəsləyir. Hətta ölkənin mətbuatı onları müxtəlif pozalarda çəkilmiş şəkilləri ilə gündəmə gətirir. Mənim kimilərini isə gah yel dəyirmanı ilə döyüşən Don Kixotun, gah da tək-tənha uzaq bir adada yaşayan Robinzon Kruzonun qadın variantına bənzədirdilər.
Görəsən, təmiz, namuslu yaşamağın nə mənası var? Təmiz ad naminə bu qədər əzab-işgəncə çəkməyə dəyərdimi? Necə fikirləşirsiniz, bu barədə düşünməyin vaxtı deyilmi?
...Bəzən böyük cinayət əməli edənlər öz cinayətini "filosof soyuqqanlığı" ilə pərdələyirlər. Öləcəyini bilən adamın yaşadığı cəmiyyətdə naqisliklə ad-san qazanması yaxşılıqları ölümə məhkum edir.
...Bəlkə adına vicdan deyilən o gözəgörünməz içimizdə olmasaydı, yer üzündə təmizlikdən, saflıqdan zərrə qədər əsər-əlamət qalmazdı. Baxın, məncə daxili azadlıq eşqi adamın ruhunu alınmaz qalaya çevirir, hücuma məruz qalanda zədələnsə də uçulub-dağılmır, qəbahət sahibləri başlarını onun sərt divarlarına vurub, sındırırlar.

***

Bu dünyada yalnız heyvan xislətli adamlar öz talelərindən söz açıb danışmırlar... Onlar üçün adamı keçmişlə bağlayan, ömrümüzün-günümüzün ötüb gedən anlarına ayna tutan acılı-şirinli heç bir xatirənin dəyəri yoxdur.
...Mən taleyə inanan və ona qane olan insanam. Çünki bəlkə bu dünyada məndən çox tale ilə döyüşən olmayıb. Amma həmişə o qalib gəlib. Görünür, taleyə hökm etməyi bacarmaq adamdan fitri istedad tələb edir. Desəm ki, taleyim həmişə bəd gətirib, nainsaflıq olar. Amma bu da bir həqiqətdir ki, mənim könül dəftərimin səhifələrinə kədərli anlarım sevincimdən daha çox yazılıb. Kələ-kötürü hamarından çox olan ömür dolanbaclarında qarşıma çıxan, büdrəyəndə qolumdan tutan, ağlayanda gözlərimin yaşını silən, dar günümdə mənə mənəvi dayaq olan yaxşı insanlara minnətdaram.
Hər bir insanın həyatda borclu olduğu müqəddəs varlıqlar mövcuddur. Mən ilk öncə Tanrıma borcluyam: məni yaratdığına, ağıl, düşüncə, ürək verdiyinə, həmişə səsimi eşidib yar olduğuna görə. İkincisi, məni dünyaya gətirən valideynlərimin və uşaq çağlarımdan tərbiyəmlə məşğul olan nənəmin əziz ruhlarına borcluyam. Uşaq çörək təknəsində gəlməmiş xəmir kimidir. Onu necə yoğursan, necə kündələsən, təndirə necə yapsan, elə də bişəcək. Kütə də gedə bilər... Ya yumşaq, ya da bərk çıxa bilər. Mayamın saflığına, südümün təmizliyinə görə özümü xoşbəxt hesab edirəm. Sonra müəllimlərimə borcluyam, həm orta məktəbdə, həm də universitetdə böyük ləyaqət sahibi olan, xeyirxah ziyalılardan dərs almışam. İNSAN həyatı yola bənzəyir, biz özümüz də bilmədən bu yolla finiş xəttinə doğru tələsirik. O son məqama çatanacan qırmızı və yaşıl işıqlardan keçməli oluruq. Elə insan həyatının pisini, yaxşısını da bu işıqlar həll edir. Yaşıl işıqları qırmızılarından çox olan yollar daha hamar, maneəsiz olurlar. Qanqırmızı işıq seli ömür yolunu nahamar, çala-çuxur edir, həyat üçün təhlükəli uçqunlar yaradır. Mənim ömür yolumu bir qırmızısifət əjdaha kəsərək sonumu fəlakətə caladı. Ömrümün əsas hissəsi səhər-axşam Allahdan səbir diləməklə keçib və bir vaxt ayılmışam ki, yaşım qırxı ötüb...

***

...Demə qorxduğum şey bu ərəfədə başıma gələcəkmiş və mən əlli yaşımı həbsxanda qarşılayacağammışam.
Hər şey bir anda, bir göz qırpımında baş versə də, içində zəhər tuluğu gəzdirən o qara gözlüklü ilanın - akademik Aşur Qaraxanlının pis niyyəti, murdar nəfəsi ucbatından uzun müddət ona qarşı bəslədiyim nifrət hissim öz məcrasından çıxmışdı...
Yeganə oğlum - Taleyim hərbi xidmətə yola düşməzdən qabaq sevdiyi qızı - Nərgizi mənimlə tanış etmək üçün iş yerimə gətirmişdi. Nərgiz ali təhsilini başa vurub, öz bacarığı ilə aspiranturaya qəbul olmuşdu. Gözəl qız idi, elə bil Tanrı onu oğlum Tale üçün yaratmışdı. Biz üçümüz yumşaq divan- kreslo qoyulmuş foyedə söhbət edirdik. Oğlumun əsgərliyə yollanmasından bir ana kimi kədərlənsəm də, onun sevgilisi ilə yaxından tanış olmaq qəlbimi fərəh hissiylə doldurmuşdu.
Birdən kənardan kiminsə bizə baxdığını hiss etdim. O idi, daş pilləkənin üstündə dayanıb gözlərini bizə zilləmişdi. Bədənimdən gizilti keçdi, oğlum mənim nə hala düşdüyümü hiss etmədi, Nərgizi isə qadın intiusiyası aldatmamışdı. Taleyi harasa getmək bəhanəsi ilə tələsdirdi.
- Gəldik ki... - ilk andan gözəçarpan utancaqlığından abırlı-həyalı qızın üzü daha da qızardı.
- Başa düşürəm, siz yəqin harasa getməyə hazırlaşıbsınız?- dedim və onları çıxıb-getməyə tələsdirdim.
Axı bu cavanlar hardan biləydilər ki, o ilan adamın soyuq baxışları iyirmi ildən çoxdur ki, məni təqib edir, bəli, bu sizin artıq yaxşı tanıdığınız Aşur Qaraxanlı idi. Daha öz imzasının altından fəxrlə "Akademik" yazan bu rüsvayçı alim hər zaman olduğu kimi insitituta tez-tez gəlir, yerli-yersiz direktorumuzun işinə müdaxilələr edirdi.
Qocalsa da yenə gözü məndəydi. Onun bu inadkarlığı məni hiddətləndirirdi.
Oğlumu iki-üç gün idi ki, hərbi xidmətə yola salmışdım, o yenə həyasız baxışlarıyla kabinetimə soxulub başımın üstünü kəsdirdi:
- Hə, deyəsən, oğlun o gün səni gözəl-göyçək bir qızla tanış etmək üçün bura gəlmişdi. Göz dəyməsin, o suyuşirin qız da sənin kimi gözəldir. Düz deyirlər, gəlin ocağa çəkər. Allah xoşbəxt eləsin! Deməzsən kimlərdəndi, valideynlərini tanıyırsanmı?
- Nəyinizə gərəkdir, Aşur müəllim, anket-zad doldurmursuz ki? - adətim üzrə onunla acıqlı danışdım, istədim ki, pərt olsun, tez çıxıb getsin, amma gördüm ki, o həyasızcasına mənə baxıb gülümsünür, qəzəbimi cilovlaya bilmədim, dedim:
- Mən bura işə düzələndə, kiçik elmi işçiydiniz, elmlər namizədi, elmlər doktoru oldunuz, professor adı aldınız, indi də guya akademiksiniz. Amma heç bir titul ixtiyar vermir ki, şəxsi işlərimə qarışasınız.
O gözü hədəqədən çıxa-çıxa dedi:
- Elə bu xasiyyətlə iki kişini bədbəxt edib, o dünyaya yola salmısan. Amma üzünə baxan adam elə bilir ki, göy üzündən enmiş mələksən, qulağını aç, yaxşı dinlə, Cahan xanım, sən özün elmdə də irəli gedə bilmədin, həyatda da, heç olmasa qoy oğul-uşaq bir yana çıxsın. Ona görə soruşuram ki, bəlkə ailənizə nəsə bir köməyim dəydi.
- Axı siz kimsiniz? Nə haqla bu fikrə düşübsünüz? - deyə çığırdım. Bir az duruxub gözümün içinə baxdı:
- Deyirəm, səndən bir şey çıxmadı, nə olar, gənclərə kömək edərik, əl tutarıq. İndi gənc alimlərə ehtiyac var. Axı heç kim elm dalınca getmir. Gəlinimiz necədi, maraq göstərir elmə? Yaxşısı budur, bu barədə düşün, yoxsa sənin quraşdırdığın romanın arasını açan kimdi...
Səbrim tükənmişdi, daha səsimi başqalarının eşitməyindən də çəkinmirdim:
- Nə özümün, nə mənə bağlı bir kimsənin əldəqayırma akademik köməyinə ehtiyacı yoxdu. Xahiş edirəm, məni dinc buraxın!
- Sən mənə əldəqayırma akademik deyirsən? Yaxşı, Cahan xanım, sənə buracan dözdüm, bundan sonra özünü gözlə!
Onun qarşısından geri çəkilmək istəmirdim. Buna baxmayaraq beynimdə dolaşan təhqiramiz sözləri boğub dilləndim:
- Hədə-qorxu gərək deyil, əlindən gələni beş qaba çək.
- Çəkərəm, çəkərəm. Onsuz da acın birisən. Beş qabın hamısını özün yeyərsən, bir tikə də verərsən təzə gəlinə...
- Həddinizi aşmayın, - dedim, - illərlə ac qalaram, sizin kimisinə əl açmaram...
O, fısıldaya-fısıldaya çıxıb getdi. İnsan bu boyda ömür yaşaya, üzündə bir damcı abır-həya suyu olmaya...
- Dəhşətdi, vallah...

***

İşdən tələsik çıxıb dəniz kənarına getdim. Hirsim soyuyunca gəzib dolaşdım. Bir neçə gündən sonra oğlum - Taleyin xidmət etdiyi hərbi hissəyə, andiçmə mərasiminə getdik, Nərgizlə birlikdə. Fürsət düşdü, qızla xeyli dərdləşdik. Şəhərə qayıdanbaş ona təklif etdim ki, gəlib mənimlə qalsın, indi kirayədə yaşamaq çətindi, günü-gündən qiymətlər kəlləçarxa çıxır. Yəqin rayonda yaşayan ata-anası boğazlarından kəsib Nərgizə göndərdiyi kirayə pulunu asan qazanmırdılar. Həm də şəhər mühitidi, gözümün qabağında olması yaxşıdı. Təklifim Taleyin də ürəyindən olmuşdu. Beş-altı aydan sonra ongünlük məzuniyyətə gələndə "Göy məscid"ə gedib mollaya kəbinlərini kəsdirdim. Payızda Tale hərbi xidməti başa vuracaqdı, əməlli-başlı toy edəcəkdim. Deyəsən, yaradan məni darlıqdan qurtarır. Balamı ev-eşik sahibi etsəydim, qəlbim rahat olardı. Nəsə, Allah Kərimdi. Nərgizin ata-anası cehiz almaq üçün pul gətirəndə almadım, dedim mənim gəlinimdən başqa iki qızınız var, Nərgiz mənlikdi, siz o biri qızların gələcəyini düşünün...

***

Bir dəfə Nərgiz institutdan evə çox məyus döndü. Mobil telefonuna tez-tez zəng gəlirdi. Amma o, ürkək gözlərini mənə dikib, zənglərə cavab vermək istəmirdi. Dedim, ay qızım, bəlkə Taledir zəng edən, niyə cavab vermirsən? Dedi, yox, Cahan ana, bu zəng edən hər kimdirsə, nömrəsini gizlədir.
Oğlumla gəlinimin bir-birinə sevgisi, sədaqət və etibarı mənə intəhasız bir inam, güc bəxş etmişdi. Axır ki nömrəsiz zənglərin sahibinin kim olduğunu bilib çaşdım, əlim-ayağım yerdən üzüldü, damarımda qanım dondu:
- Hə...Necəsən, ay Cahan xanım, əldəqayırma akademik dediyin adam istəsə, sənin o təzə-tər Nərgiz gülünü kolundan qoparıb, bircə anın içində istədiyi büllur güldanın içinə qoya bilər?
- Yooox! - dedim, - bu ola bilməz!
- Bir az səbir et, mən sənə Parisdən - Eyfel qülləsinin təpəsindən zəng edirəm. Növbəti dəfə burdan Nərgizin səsini eşidəcəksən! Neynim, sarı gəlin, axı mən sənə dünyanı vermək istədim, sənsə nağıl oxudun, dünya elə mən özüməm deyib, rişxənd elədin. Bu dünyada nə mey gördün, nə meyxanə... Nərgiz çox cavandır, gəl sən onu da özün kimi tərkidünya etmə!
- Kəs səsini, alçaq, bir də onun adını tutma! Yoxsa...
- Yoxsa nə? Məni də cəhənnəmə vasil elədiyin ərlərinin yanına göndərəcəksən? Sənə bir söz deyəcəm, alimlər sübut eləyib ki, iki əri özündən qabaq ölən qadının mütləq əlacsız bir xəstəliyi var... Özünü hazırla, bu dəfə sənin dərdinin dərmanını tapıb, gətirəcəyəm.
O gün qərara gəldim ki, Nərgizə hər şeyi açıb danışım. Örtülü bazar, dostluğu pozar... Qoy hər şeyi bilsin - İblisin soyundan dönüb, guya adam olub, adamlar cərgəsinə qoşulan murdardan özünü qorusun!
Qız məni dinləyib:
- Arxayın ol, ana, akademik lap şah olub, mənə dünyanı versə belə Taleyə dönük çıxmaram. Bir də sən mənə analıq etmisən, bu haqqı-sayı itirən nankor olar. Sizi itirmək fikrim yoxdu. Amma bu gün... - deyib kövrəldi,- bu gün mən ən yaxın rəfiqəmi itirdim.
Mən ondan "niyə", deyə xəbər alanda, yanağına süzülən göz yaşlarını silib, özünü ələ aldı və titrək səslə dilləndi:


- Neçə gün idi deyirdi, mən müasir həyatla ayaqlaşmıram, köhnə fikirli olduğuma görə qınayırdı. Bu gün hər şey aydın oldu, demə o zəng eləyən kişi xaricə yola düşməzdən qabaq rəfiqəmlə görüşüb... O mənə: -Nərgiz, bacım, sən böyük bir xəzinə tapmısan, xanım ömrü sürəcəksən, belə xəzinəni əldən çıxarmazlar, bu gün-sabah başını qoyacaq yerə, ağlını işlət, evin, maşının, qızılın-brilyantın, banklarda pulun olandan sonra istədiyinə ərə gedərsən... Təki bircə hə de... - deyəndə elə hala düşdüm ki, ətrafdakı adamları da görmürdüm. Dedim: "Ay qız, sən ağlını itirmisən, yoxsa məni ələ salırsan? Əgər könlündən keçirsə, özün get!.." Qayıdıb mənə nə desə yaxşıdır? "Nərgiz, o məni aparmaq istəsəydi, dərhal gedərdim, gözü səni tutub. Sən hə de, peşman olmazsan". Ona dişimin dibindən çıxanı dedim.
- Əcəb eləmisən! Sən çox fikir çəkmə, qızım? Dünya çaqqal-çuqqalla doludu. Onlara görə biz öz namusumuzu itə ata bilmərik ki... Amma gərək bu söz-söhbətdən, hərəkətdən Tale xəbər tutmasın. Cavandı, beyni qandı. Eşidər, əlindən xata çıxar. Bir dəyyusa görə niyə gül parçası kimi oğlan türmədə çürüsün. Yəqin Allah bir yol göstərər...
- Yaxşı ana, - Nərgizin son sözü bu oldu. Nəsə qəhərləndim. Ürəyimdə: "kərəminə şükür, İlahi. Nə yaxşı ki, balamın ürcahına belə təmiz mələk çıxartmışan..."- dedim.
Nərgizdən arxayın olsam da, ancaq şübhələr qurd kimi ruhumu gəmirirdi...

***

Adil Hüseynli dəftəri bükdü, eynəyini çıxarıb stolun bir kənarına qoydu. Alışan gözlərini ovuşdurub uca səslə:
- Atana lənət sənin, - dedi, - xırda bir təqsir üzündən yetim-yesirin boynunun kökünə on il nallayırıq gedir. Halbuki, dünyada məhkəməsiz-filansız uf demədən güllələnməli nakəslər var... - Və oxuduğu əhvalatın təsirindən xırman öküzü kimi yorulmuş bədənini divana yıxıb gözlərini qapadı. İndi o oxumasa da kədərli hekayəti gözüylə görür, bütün duyğuları ilə hiss edirdi.
...Cahanın içində hər şey alt-üst olmuşdu. Ona elə gəlirdi ki, bəlkə elə beləydi, Nərgiz qəfəs quşu kimi çırpınır, imdad diləyir. Cahan çıxış yolu axtarır. Fikir əlindən dərya qırağına qaçır. Budur, o yenə sahildədi, dəniz qırağında. Bura necə gəldiyini, nə vaxt gəldiyini özü də bilmir. Coşqun dəniz üfüqə qədər uzanıb gedir. Tələbə vaxtı seçib-bəyəndiyi müdrik kəlmələri, demək olar, hər gün gündəliyinə yazırdı. İndi tənha bir guşəyə çəkilərək, boş oturacaqların birində əyləşib, cildi çoxdan köhnəlmiş dəftərçəsini çantasından çıxarıb vərəqləyir. Sanki axtardığı çıxış yolu oradaydı: "Dəniz - hətta sahilində gəzib-dolaşan adamlar üçün cəsarət tərbiyəçisidir". Bunu hansı kitabdan köçürmüşdü? Xatırlamırdı. Dənizə, şahə qalxıb sahilə çırpılan dalğalara baxdı. Dəftərdəki dəniz haqqındakı şeiri sonuncu dəfə bəlkə on il bundan qabaq oxumuşdu...

Danış, dəniz dostum, sahil qardaşım,
sən də qağayı bacım, uç yaxınıma!
Dərdimi-sərimi siz bilirsiniz,
Mənə öyüd verin, təsəlli verin.
Ruhuma güc verin, qəlbimə qüvvət...
Əzəldən taleyim qara yazılıb,
poz, alın yazımı, ana Təbiət,
payızda hər şeyi pozduğun kimi...
(küləyinlə süpür, yağışınla yu...)
Sonra da təzədən, təzə səhifədən
bəxtimi ağappaq kağıza yaz, sən
qışın uğuruna qar yazdığın tək,
yaz arzum, istəyim göyərsin mənim,
baharda torpağı göyərtdiyin tək.

Mən də bir qadınam taleyim qərib,
Bəlkə taleyimi Tanrım göndərib,
onun yazdığını pozmaq çox çətin!
Bəlkə Tanrı elə bu dərdi-səri
mənim kimilərə məlhəm göndərib?!
Nə edim? Səbrim tükənib daha!
Ümidimin şamı qalmaz sabaha,
Əriyib hədər... bitər,
Daha bu acı həyat, yetər -
Əzabı ölümdən betər.

Dəniz dostum, sahil sirdaşım,
qağayı bacım, mənə cavab verin,
Mənə ...yol göstərin!"

Cahanın kədərinin sərhədi yox idi: "Kaş düşüncələr, xəyallar maddi olaydı, onda mən hamıdan varlı olardım..." "Bu nədi belə? Deyəsən axı, başıma hava gəlir?!" Ayağa durdu. Küləyin qoparıb atdığı xan çinar yarpağı ayağı altında xışıldadı. Sanki yarpaq ona təsəlli verir, yer üzündə tamamilə tənha olmadığını qadının yadına salırdı. Qəribədir, at ayağının tappıltısını eşitdi. Diksindi. Fayton keçirdi. Faytonda oturmuş oğlanla gənc qız bir-birinə qısılıb, gözlərini irəlidəki sonsuzluğa zilləmişdilər.
Elə bil dünyanın onlara dəxli yoxdu. Nəyi xatırladısa, çantasını qurdaladı.
Nərgiz səhər evdən çıxanda telefonunu evdə qoymuşdu, unutmuşdumu, yoxsa ona edilən zənglərdən bezib usanmışdımı? Gəlinin telefonunu götürüb çantasına qoymuşdu, bəlkə institutda görüb verər. Əli telefona toxunanda üşənən kimi oldu. Birdən o şərəfsiz zəng etsə... Allah, sən özün xeyirə cala... Telefon zəng çalırdı... Qıza SMS göndərmişdilər...
"Nərgiz xatun, səni rəfiqənlə barışdırmaq istəyirəm. Şənbə günü "Gənclik" metrosunda "MakDonalds"ın qarşısına gəl. Gəlsən hədiyyən qəttəzə "Leksus" olacaq. Qərar ver, sonra mənə zəng et!"
Cahan nə edəcəyəni bilmirdi. "Bu əbləhin cavabını özün ver, İlahi. Yenəmi abrını ətəyinə büküm. Abrı varmı? İyirmi ildi üzünə itin sözünü deyirəm... Abır-həyası olsaydı, əl çəkərdi... Bəlkə ondan şikayət edim. Bu müsibətin sonu olacaqmı?! Başıma haranın külünü töküm?"
Dəniz on addımlığında kükrəyirdi, sahilə çırpılan dalğalardan qopan duzlu damcıları külək Cahanın durduğu yerəcən sıçradırdı. Damcılar tək-tək onun alnına, üzünə toxunur, elə bil onu yuxudan ayıldırdı. "Axı niyə, nə üçün siz mənə belə qiymətli hədiyyə vermək istəyirsiniz, mənim həyat yoldaşım əsgərdir, vətənin keşiyində dayanıb. Sizə ayıb deyilmi..." - Cahan bu sözləri yazıb göndərdi. Bir azdan yenə Nərgizin telefonu zəng çaldı. Yanılmamışdı, qəlbinin künc-bucağında bir fikir baş qaldırmışdı: "Bəlkə, Qaraxanlının son məqsədi Nərgizi toruna salmaq deyil, bu minvalla mənə yol axtarır?" Qaraxanlı yazırdı: "Məncə, sən daha qiymətli hədiyyələrə layiqsən!.. Mənimsə umduğum nə sənin gözəlliyindi, nə də cavanlığın, inan mənə quzum, gəldiyin kimi də gedəcəksən!" Şübhələrində haqlı idi. Daha hər şey gün kimi ona aydındır. "Demək, yanılmamışam, onun məqsədi məni ram etməkdir... Əgər bilsəydim, mənim bu gün "ağ bayraq" qaldırmağım hər şeyi həll edəcək, bu addımı atmaq barədə düşünərdim... Bəs sonra vicdan əzabıyla yaşaya biləcəyəmmi? Oğlumun, gəlinimin üzünə dik baxa biləcəyəmmi? Bəlkə Qaraxanlı illərin heyfini almaq, məni əsarətdə saxlamaq üçün planlar qurub. Yox, heç bir kişi sevdiyi qadını bu qədər ucuz tutmaz... Qaraxanlının mənə münasibəti sevgidən çox qisasa bənzəmirmi? - deyə düşünən Cahanın fikrindən keçdi: bəlkə, indicə gedib onu tapsın, yaxasından tutub, üzünə tüpürsün: "Baxın, yaxşı baxın, bu qansız əbləhə. O, əsgər namusuna sataşmağı özünə necə rəva görə bilir?!."
Kimin nə borcuna qalıb axı? İctimai qınaq əxlaqsızlığı qəbul etməsə də, indi Qaraxanlı kimi çoxu oğraşlığa, dəyyusluğa adi şey kimi baxır. İnsanların bir-birlərinin dərdinə laqeydliyi son həddə çatıb. Məqsəd əgər Nərgizi bu əbləh adamın pəncəsindən qurtarmaqdısa, onda...
Cahan sorğu yazdı: "Görəsən, gənc bir qadının gözəlliyindən savayı, sizi daha nə maraqlandıra bilər?"
O da bir azdan cavab yazıb göndərdi ki, "qoy bu, bizim sirrimiz olsun! Sevdiyim bir qadını qısqandırmaq üçün mənimlə birlikdə olduğunu ona telefonla deyəcəksən. Sonra dediyim kimi, necə gəlibsən, elə də gedəcəksən! Hər halda mənimlə münasibət qurmağa peşman olmayacaqsan, inan kraliçalar kimi yaşadacam səni".
Cahanın içində sanki gənc Nərgizin qəlbi həyəcanla döyündü:
"Bəs, bir zəngə görə itirdiklərinizə peşman olmazsınız ki?" sualına: "Yox, mən kağız-kuğuz içində eşələnən akademiklərdən deyiləm, bu şəhərdə "QARA XAN" adlı ən iri holdinqin sahibiyəm".
Cahan çox fikirləşdi, sonra bu mətni yazıb yolladı: "Yoxsa, o qadın sizi tərk edib? Mən o xanımı tanıyırammı? Siz onu çoxmu sevirsiniz? Əgər mənim zəngimə qədər, birdən o qayıdıb gəlsə, sizə indiyədək verdiyi iztirabları məhəbbətlə əvəz etsə, onda necə olacaq?"
Deyəsən, Qaraxanlı da hardasa dərin fikrə gedib, düşünmüşdü. Bəlkə də sadəlövh bildiyi Nərgizin bu cür sual verəcəyini gözləmirdi. Cavab gəldi: "Nərgiz xanım, əbəs yerə narahat olmayın, o gəlməyəcək, hər halda onu mən səndən yaxşı tanıyıram, əgər gəlsə belə, sənə verdiyim vəd qüvvəsində qalır".
Ayağa qalxıb var-gəl elədi. Daha gözləməyin nə mənası vardı. Qəti qərar qəbul etməyin zamanı çatmışdı. İnsan yalnız özü üçün yaşayanda xoşbəxt ola bilmir. "Qız qalası"na sarı boylandı. Qala əzəmətli görkəmiylə ona heyranlıqla baxanların qəlbinə xoş duyğular bəxş edirdi. Qala əyilməzliyi, vüqarı, basılmazlığı qərinələr boyu qoruyub təcəssüm etdirən bütövlük kompleksinə bənzəyirdi. Son dəfə tələbəlik vaxtı ən uca qata çıxıb dənizi, şəhəri seyr etdiyi qala onu özünə sarı çəkdi...
Bir saatdan sonra Cahan özü Qaraxanlıya zəng etdi, səsinə sakit ton verməyə çalışdı:
- Mən sizə xəbərdarlıq etmişdim axı, uzaq durun, bizi narahat etməyin, nə istəyirsiniz? Heç utanmırsınız, Allahdan qorxmursunuz, axı o əsgər ailəsidir, özü də hamilədir?
- Ooo, Cahan xanım, gün hayandan doğub belə, sən də mənə zəng edərmişsən! Əslində məsələ sən düşündüyün kimi deyil, mən sizə kömək etmək istəyirəm. Əgər pis niyyətim olsaydı, rəfiqəsinin əliylə sərxoş edib, çılpaq şəkillərini çəkdirib göndərərdim sənə, sən də göndərərdin əsgər oğluna, amma mən bunu etmədim, ya da aspiranturadan qovdurub, sənə dağ çəkərdim. Düzü, ona kömək etməklə sənin mənə bəslədiyin nifrətindən əl çəkəcəyini düşünürəm... Bir də niyə utanım axı, meylim sənə düşübsə, könlüm səni istəyirsə, nədən utanmalıyam?
- Ondan əl çəkin, adını tutmayın! Mən... mən hara istəsəniz ora gələrəm!.. - az qala kəkələyəcəkdi.
Qadında baş verən dəyişikliyin səbəbini bilsə də, Qaraxanlının sevinci səsindən duyulurdu:
- Hə, bu, başqa məsələ. Onda ünvanımı yaz. Cahan xanım, sən gözəlsən. Bədəni gözəl qadının malik olduğu ən qiymətli sərvətdir. Onu gərəkli məqamda, gərəkli adama açıb çılpaq göstərməyi bacarmağın özü də incəsənətdir, estetikadır, həyatdır. Gözləyirəm... Gözlərim üstündə yerin var!..
Deyəsən, gəldiyi yolla geri döndü. Düşüncələri yenə bir-birinə qarışdı. "Səni görüm tezliklə gəbərəsən, murdarın biri, arzun gözündə qalsın, gözləri üstə yerim varmış... gözlərin kor olsun görüm..."
Yenə at ayaqlarından qopan səslər sahil parkında əks-səda verdi.
"Arsız alim barsız olar",- deyə qəlbində düşündü.
"Arsız olsun, ya da barsız olsun, mənimçün nə fərqi var. O məni tələyə salmağı bacardı..."
"Bu nədir, Cahan? Yoxsa sən o ilanın yuvasına gedib, təslim olmaq istəyirsən?" At boynunu irəli uzadaraq fınxırdı. Faytonçu bayaqdan dayanıb müştəri gözləyirdi.
O tək-tənha, içində daşıdığı ağır düşüncələrlə faytona əyləşdi:
"Dayan görüm, sən bir söylə, məgər mənim başqa yolum varmı?"
"Eh, bilsəydim, soruşmazdım ki..."
İçindəki iki doğma səs bir-biriylə danışırdı. İçində iki Cahan dil açmışdı. Faytonda sanki iki Cahan əyləşmişdi. Faytonçu bir nəfərin pulunu qabaqcadan almışdı, kefi kök idi, atı yeyin getməyə məcbur etmirdi. Qamçısını şaqqıldatmırdı, siqaretinə dərin qullab vurub, asta-asta cilovu tərpədirdi. Müştəri onu maraqlandırmırdı.
"Sən tək-tənha öləcəksən, Cahan! Tənhalıq sənin ərindi".
"Bu mənim taleyimdir..."
"Sənin faciənə səbəb keçmişdən dördəlli yapışmağındı".
"Yox, yox mən öz xəyallarımla, xatirələrimlə gəlib bu yaşa çatdım".
"Guya, bu dünyada onlardan əziz bir şey yoxdu, xəyalpərəstliyin qəlbindəki boşluğu doldururmu? Tənhalığına əlac edirmi? Çeynənmiş, mənasız ifadələr dar ayaqda əlindən tuturmu?"
"Tutaq ki, mən bu addımı atdım... o deyənə razı oldum, (axı mən bunu iyirmi il əvvəl də edə bilərdim!..) sonra nələr olacaq?.. Qıraq heç, bəs doğma balamın, gəlinimin üzünə necə baxaram... Kaş bütün bunlar iyirmi il əvvəl baş verəydi".
"Demək günahı cavanlığın üstünə yıxmaqla canını qurtaracağını zənn edəcəkdin. Düşün, Cahan xanım, özünə haqq vermək üçün gör daha nə uydura bilirsən, illər uzunu sənə iztirab verənə sən həzmi verəcəksən? Yəni bu səni iztirablardan xilasmı edəcək?.."
"Yox, bunlar heç biri olmayacaq! Bəlkə ondan yaxamı qurtarmaq üçün ölüm ən yaxşı çıxış yoludur. Ölməlidir!!! Bunu bacara bilərəmmi? Bu yaşda məni, necə çətin işə məcbur edirsən, Allah?
- Xanım, ay xanım, bulvar bitdi, düşə bilərsiniz! - faytonçunun səsi onu dəhşətli fikirdən yalnız bircə an qopara bildi...


***

O gün dalğaları kükrəyə-kükrəyə şahə qalxan dənizin başı üstündən lay-lay asılmış nəhəng bulud topası da aləmə meydan oxuyan qara divə bənzəyirdi. Göy üzünün təmizliyindən əsər-əlamət qalmamışdı. Günəşin qabağını kəsib göy üzünü qara qapı kimi örtən lay-lay buludların saxladığı sirr hər nə idisə, dəniz də, torpaq da, adamalar da xəbərsizdi...
Birdən şiddətli göy gurultusu eşidildi. Dənizə ağ yağışlar yağırdı. Cahan dayanacağa tələsdi. Külək gücləndikcə dənizin ləpədöyənindən qalxan və üzü bozarmış asfalta hopmuş neft qoxusunu şəhərin canından qovub uzaqlara aparmaq istəyirdi. Küləklə yağış əlbir olsa da, neft qoxusu şəhərin ruhu kimiydi. Onları bir-birindən ayırmaq mümkün deyildi. Yağışa düşmüş adamlar dayancaqlarda daldalanmışdılar.
Cahan Talehi düşünürdü. İndi əsgərlərin dayandığı səngərlərə təkcə yağışlar deyil, həm də düşmən güllələri yağırdı.
...Hər axşam televizorda cəbhə xəttində düşmən tərəfin atəşkəsi pozması barədə xəbərlər verilirdi. Snayperlə vurulub ölümcül yaralanan və ya şəhid olan əsgərin hansı ünvandan hərbi xidmətə yollandığı sadalananda Cahan xanımla Nərgizin ürəyi yarpaq kimi əsirdi. Lənətə gəlmiş, dünya birliyi isə Qarabağ düyününü açmaq istəmirdi, BMT Təhlükəzlik Şurası öz qətnamələrinin icrasıyla maraqlanmırdı. Yurdun gözəl parçası nağıllarda olduğu kimi qara divlərin tilsiminə düşmüşdü. O qara divlərin canı şüşədə deyildi, Qarabağın (təkcə oranın deyil, bütün dünyanın) yeraltı, yerüstü sərvətlərini yaxından-uzaqdan sümürən bu qara divlərin gücü siyasət adlı məkrli oyunda idi. Bu oyunun ucbatından Cahanın cavan əri şəhid olmuşdu və bu təhlükəli oyunda o yeganə oğlunu da itirə bilərdi...
Bu bəxtlə, möcüzəylə bağlı olmayan acı hekayət idi...
Orada - təmas xəttində Tale kimi oğullar cırtan boyda düşmənin, ölüm saçan güllələri ilə üz-üzə dayanıb vətəni qoruyurdular. Burda isə kasıb, namuslu ana abırlı-ismətli gəlini Nərgizə qısılıb yeddibaşlı (bəlkə də yeddi arxalı?) əjdaha ilə üzbəüz qalmışdı, namusunu, ailəsinin şərəfini biznesmen-akademik Aşur Qaraxanlının təcavüzündən qorumaq üçün yol axtarırdı.
"Pərvərdigara, sənə yalvarıram, bizə kömək ol, oğlumu düşmən gülləsindən, gəlinimlə məni zalımın zülmündən qoru!"
...Pilləkənlərlə qalxa-qalxa çantasından açarları çıxardanda aypara şəkilli güzgü parçası əlinə keçdi.
Sınıq güzgü parçası iti, əyri xəncər kimiydi...
"Namus öyün güzgüsüdür..." - nənəsinin səsi qulağında əks-səda verdi.
Qapı açıq idi, Nərgiz çoxdan dönmüşdü, fikir və çaşqınlıq içində oturub onun yolunu gözləyirdi.

***

"Dünyada insanları izzət və şərəfdən qoparan, ayrı salan o qədər naqislik var ki... Kim deyir ki, divlər, əjdahalar yalnız nağıllarda olur? Həssas insan, ən çox da bütün həyatı haqsızlığa qarşı mübarizədə keçən adam cildini dəyişmiş ilan, əjdaha xislətli insanların yuvasını yaxşı tanıyır. Fürsət düşən kimi o zəhərli, xəbis, qorxunc ilanların günahsız qurbanları necə zəhərləyib məhv etdiyini də yaxşı bilir.
"Könül dəftəri"ndə az qala bütün dünyanın yaxasından tutub silkələyirdi Cahan. Və sanki yanıqlı bir səslə qoca hakimə üz tutub soruşurdu: "Deyin axı, əjdaha sayaq qanlı caynaqları ilə mənim ailəmi dağıtmaq istəyən, əfi ilan kimi həyatımı zəhərləyən o əclafla necə rəftar etməliydim?
Nərgiz evə gözü yaşlı qayıtmışdı. Həmən o "damazlıq" rəfiqəsi bu dəfə yazılı, guya görüşməyə üzü gəlməyib, mağmının balasına namə göndərib, yazıb ki: "O adamın təklifini qəbul etməsən, başın bərk ağrıyacaq..."
Soruşdum ki, qızım, kağızı o həyasız nə vaxt yazıb? Dedi ki, "Dünən, ancaq mənə bu gün çatdırıblar".
Dedim, ürəyini sıxma, o qansız yel olub sənin yanından da ötə bilməyəcək!
Bir anlığa nəfəsimi dərib:
- Heç vaxt!.. - deyə təkrar etdim.
Nərgiz mənim nə demək istədiyimi anlamadığından hələ də ağlayırdı. Sevimli, məsum Nərgizimin acı göz yaşlarına dözə bilmirdim. Axı bu həyatda o nə görmüşdü?
Qəlbimi intiqam odu parçalayırdı.
O ilanla görüşə getməyə məni təhrik edən təkcə Nərgizin göz yaşları deyildi. Həm də, nəhayət ki, iyirmi illik təcavüzə qarşı canımda baş qaldıran üsyanın hökmü idi. Qisasdan savayı çıxış yolu yox idi.
Qulaqlarımda Aşur Qaraxanlının sözləri əks-səda verirdi:
- "Özün bilirsən ki, mən ehtiramlı adamlara arxa durmağı bacarıram, bax, gör sözümü tutduğuna görə Ayparanın sorağı indi haralardan gəlir... Halbuki, o sənin əlinə su tökməyə yaramaz. O qadın sən olacaqdın, Cahan, sən... Sənsə bir dəli keçi olub dırmaşdın dağın kəlləsinə..."
Doğru sözə nə deyəsən? İndi səsi yüksək kürsülərdən gələn Aypara yer nədi, göylə əlləşir. İyirmi iki il əvvəl həmin ilan adamın köməyilə mənə verilən ikiotaqlı mənzili ələ keçirən də o idi. Haqqım tapdalanmışdı.
İndi deyin, bütün doğmalarını - qohum-əqrabasını yaxşı vəzifələrə yerləşdirən bu qadının "qızlıq fiqurasını" qorumaq naminə ana südünə həsrət qoyduğu oğlu sizcə, mənim kimi insanların taleyinə acıya bilərdimi? Soruşa bilərsiniz, bu ana südü məsələsini tez-tez təkrar etməklə nə demək istəyirəm axı? Məncə, insanın insana, vətənə, vətəndaşa olan segisinin mayası ana südünün hikmətindən, halallığından qaynaqlanır. Halal süd içən oğullar doğma anasından üz döndərə bilər, amma vətənə xəyanət etməz... Vətən belə oğullar üçün anadan irəlidir.
(Bir də ana qəlbim hərdən dilə gəlib deyir ki, mənə son soz vermədən azadlıqdan məhrum edən, soyadı Verdiyev olan o cavan hakim də körpəliyində ana südü əmməyib... Kim bilir, bəlkə anasının döşlərində süd olmayıb? Ya da valideynləri onu uşaq evindən övladlığa götürüblər... Doğrusunu Allah bilir.)
Bəlkə siz bu barədə daha çox məlumata maliksiniz. Deyirlər, türmələrə atılan məhkumların əksəri ana südü ilə qidalanmayıb. İndi görün bu dünyada qanundan yayınan nə qədər quldur, insan qanına həris cani var. Elə canilər də var ki, öz zəmanəsində qəhrəman kimi etimad qazanıblar. Götürək, elə iyirminci əsrin ən dəhşətli Xocalı faciəsini törədənləri... Məgər əlləri yüzlərlə günahsız insanın qanına bulaşan, körpələri tonqallarda yandıran yalançı millət qəhrəmanlarının əməllərinə göz yuman beynəlxalq qanunların dəyəri qalıbmı? Cinayət var, cəza yox. Bəzən ağır cinayətlərə görə "cəzalar" mükafata bənzəyir.
Sizcə... Dünyanın maddi nailiyyətləri insanın ruhi nailiyyətlərini inkar etmirmi? Ya texniki tərəqqinin cəmiyyətə və təbiətə aqressiv münasibəti gözümüzün qabağında baş vermirmi? Məni antihumanist düşüncələrə dalmağa vadar edən səbəb uzun müddət nəticəsiz qala bilməzdi...
Bu dünyada görünür insanın Həqiqət və ya Ədalət axtarışı xülyadan savayı bir şey deyil. Biz gözəl zənn etdiyimiz, öz zövqümüzə uyğun bər-bəzək vurub, haqqında təmtəraqla danışdığımız bu şeyləri axtara-axtara özümüzü yeyib-bitiririk.
Bəzən sübhədək anlaşılmaz, gərəksiz suallarla özüm-özümü yorub əldən salırdım. Yenə nağıllar aləminə dönürdüm. Orda mənə mərhəm olan qəhrəmanlarla görüşürdüm. Mən fantaziyasız yaşaya bilmirdim: Bəlkə də nağıllar dünyasında yaratdığım öz qəribə fantaziyalarım olmasaydı, inanın, bağrım çatlayardı.
...Nərgizlə baş-başa qalanda, ona hərdən nənəmin söz boxçasını açardım. Birlikdə dərdləşirdik. Xoşavaz nənəm keçmişdə xan, bəy zülmü görənlərdən eşitdiyi bir bayatını həmişə qəmli ovqat üstündə söylərdi:

İşim düşdü divana,
Axır gəldim mən cana,
Heç vaxtı bel bağlama
Bir ilana, bir xana.

Nadürüst adamı nişan verəndə isə: "Filankəs heç elə bil, sünnət olunmayıb!" - deyərdi... Sağ olsaydı, üzünü görmədiyi Qaraxanlının başımıza gətirdiyi müsibətlərdən xəbər tutsaydı, şəksiz ki, eynən belə deyərdi: "Bala, day desənə, bu zalım oğlu, zalım sünnət olunmayıb..."
Dərd yükü göz açmağa imkan verməsə də, səbrli olmağa çalışırdım:
- Nərgizim, gözlərinin yaşını sil, o ilanın başını əzən bir Allah bəndəsi tapılar! Hər kəsin yazdığı kağıza, dediyi sözə inanıb, özünü üzmə! - Nərgizin başını köksümə sıxıb toxtaxlıq verməyə çalışırdım, həm də başına pis-pis fikirlər dolurdu. O an ruhumda baş verən növbəti zəlzələ bir həqiqəti üzə çıxarmışdı. Düşünürdüm: "Deyəsən axı, mən ömrüm boyu ədalət axtara-axtara dönüb cinayətkar olacağam..." Hardasa oxumuşam, insanın qeyri-məhdud iradə azadlığı onu antihumanist hərəkətlərə təhrik edir. Bax, beləcə mən özümə əminliklə təlqin edirdim: " O əfi ilanın başı mütləq əzilməlidir. Onun xətasından qurtulmaq üçün məqam yetişmişdi..."

***

Adil Hüseynli dərindən köks ötürəndə hiss etdi ki, sinəsi ağrıyır. Buna baxmayaraq, dəftəri büksə də özündən aralı qoymadı. Görünür, bir qədər dincəlib davam edəcəkdi. Amma bu boyda dərdli bir insanla üzbəüz olub dinclik tapmaq mümkün idimi?
...Gecələr Cahan qatmaqarışıq yuxular görürdü. Bir dəfə yuxusuna çılpaq qarağac meşəsi girmişdi. Ağacların budaqlarına elə bil qır sürtmüşdülər. Çığırları toz-torpaqlı meşənin dərinliyindəki qübbəsi ağaran sarayın yanından keçəndə, qəfil kimsə onun adını çağırdı. Səs sarayın içinə düşüb divarlarda əks-səda verdi. O, dəli kimi ətrafa göz gəzdirdi. Yeraltı yolla saraya keçib daş pilləkənlərlə yuxarı qalxdı. Hər yandan iztirab, qorxu dörd gözlə ona baxırdı.
Səsi sanki qaranlıq udmuşdu, hardansa əlinə keçirdiyi məşəllə sarayın içini ələk-vələk eləyib axtardı. "Aman Allah, bu sarayın nə qədər otağı varmış!" - deyə heyrətləndi. Divar şamdanları ilə işıqlanan böyük sarayın qırxıncı otağında yeddibaşlı əjdaha Nərgizi ağuşuna almışdı. Bu əjdaha insanlara kömək edən Zümrüd quşunun balalarını yeyən əjdaha kimi qorxunc idi, qıllı əlləriylə Nərgizi tumarlayıb, əcaib bir səslə:
- Əgər məni ürəkdən sevsən, bu saray sənin olacaq! - deyirdi.
Nərgiz çığırıb haray-həşir qoparırdı:
- Heç nəyin mənə lazım deyil, mən sevgilimi, öz evimi istəyirəm...
Bu zaman onun ağlar gözləri əli yalın Cahana sataşır və fəryad edir:
- Cahan ana, heç olmasa bətnimdəki uşağın xatirinə məni xilas et, axı o Talehin oğludur!..
Cahan sehirli qüvvələrin köməyi ilə əjdahanı məğlub etmək üçün Allahdan imdad diləyib:
- Qorxma qızım, - dedi,- indi mən onun başını bədənindən üzəcəyəm.
Onun əlində aypara şəkilli güzgü parçasını görən əjdaha qəhqəhə çəkib güldü, o güldükcə sarayın divarları, daşları titrəyirdi.
- Budur sənin silahın? O ki, heç diş qurdalamağa yaramır...
Cahan çox gözlədi, nəyi, kimi gözlədiyini özü də bilmirdi, gözlərindən yuxu tökülürdü. Əjdaha hələ də onu ələ salıb gülürdü. O güzgü parçası ilə barmağını yarıb, ora bir çimdik duz basdı.
Bu zaman qəribə bir quş dimdiyində ona sehirli qılınc gətirirdi. Deyəsən, Zümrüd quşu idi. Cahan qılıncı quşdan alan kimi əjdahanın başına endirirdi. Di gəl ki kəsdiyi hər başın yerindən yeni başlar çıxırdı, get-gedə gücü tükənirdi, yorulub əldən düşürdü.
- İlahi,- dedi - sən bu Əjdahanı neçə başlı yaratmısan?
Bu zaman Əjdahanın səsi yenə sarayın divarlarını titrətdi:
- Mən Əjdaha deyiləm, insanam, sənin düşməninəm, içində qoruduğun o təmiz ruh mənim işlərimə əngəl olur. Mən səni göydə axtarırdım, yerdə əlimə düşübsən. Özün öz ayağınla gəlmisən. Səni qəfəsə salmaq üçün Nərgiz ətrini çığırlara çilədim, mən sənin ruhunu qandallayacağam. Gözlərin dünyaya baxa-baxa, sən ruhsuz qalacaqsan... Nərgizi isə elə indicə qara daşa çevirəcəyəm.
Sonra elə bil möcüzə baş verdi. Uzaqdan - yaşıl meşənin qoynundan tanış ucaboy, qaraşın cəngavər qılıncını siyirib atını irəli çapırdı. Çılpaq ağaclar hərəkətə gəlib onunla döyüşür, saraya yaxınlaşmasının qarşısını alırdılar. Qılıncı budaqları kəsib doğradıqca yerə qır tökülürdü. Qaraşın, ucaboy cəngavərin atının ayaqları sürüşürdü. Div-insan ucadan qəhqəhə çəkib gülürdü. Cahanı ələ salıb:
- Sən bu zavallıdan mədəd umursan? Mənim ovsunladığım ağaclar indicə onun axırına çıxacaq.
Cahan diz üstə çöküb, göz yaşları içində:
- Sizə yalvarıram, onu öldürməyin! Mən onsuz yaşaya bilmərəm!
Div qəzəbləndi:
- Mən sənin xəyallarını çilik-çilik edib bütün nağıl qəhrəmanlarını məhv edəcəyəm... Sənə gücü də, ağlı da o nağıl qəhrəmanları verir.
Cahan "Yoox!" - deyə qışıqıranda yuxudan ayıldı...
Nərgizin otağına sarı boylandı, yəqin ki, qışqırtısına o da yuxudan oyanmışdı.

***

Tər içində yataqda dikəlib, dərindən ah çəkdi:
- O ilanın başını əzəcəyəm... - deyə pıçıldadı, - başqa yolum yoxdu!.. Allahın düz-əmməlli yuxusunu da bizə haram edib. Özüm, özüm, buna son qoyacağam... Yox! Dəli olumuşam, nədir? Axı mən bunu necə bacaracağam? Məndən soruşan gərək, ay zavallı, sən heç ömründə qarışqa tapdalamısan? Ya da bir quşa daş atmısan? Bəs bu fikir mənə hardan hakim olub? Tutalım, onu öldürməyi bir an belə yubatmaq olmaz. Bəs mən bunu hansı yolla edəcəyəm? Yox, istəsəm də bunu bacarmaram...
- Ən əsası odur ki, gərək özünə inanasan... - bunu içindəki başqa bir Cahan söyləyirdi.
...Elə bil ayılandan sonra Cahan başqa adam olmuşdu. Yatağından qalxıb son dəfə gəlininə, oğlunun əsgər paltarında çəkilmiş şəkillərinə, nənəsinin və şəhid ərinin divardan ona boylanan portretlərinə baxıb güzgü qabağına keçdi, üz-gözünə əl gəzdirdi, bəzənib-düzəndi. Güzgüdə gördüyü Cahan geyinib-kecinib, üz-gözünü qaydaya saldıqca xoflanırdı. Güzgüyə baxa-baxa iyirmi ildən çox özüylə gəzdirdiyi sınıq güzgü parçasını çıxarıb gözdən keçirdi. Sınıq güzgü parçası soyuq silaha bənzəyirdi. Həmişə onu əl çantasında gəzdirirdi... İndi bir daha çantasından çıxarıb baxdı.


***

Evdən çıxanda: "Allah şeytana lənət eləsin!" - pıçıldadı.
- Yoox... Aman Allah, yəni indi mən... onu öldürməyə gedirəm? Məhv olmuş həyatımın intiqamını almağa, namusumu qorumağa gedirəm. "Namus evin güzgüsüdür, bəs sınıq güzgülər necə? Onlar da ayaqlar altında tapdanmış, sındırılmış insan talelərinə bənzəmirmi?"
O birdən dayandı. "Bəlkə mən yuxudan hələ oyanmamışam?"
İyirmi beş illik nifrətilə silahlanmışdı.
- Ölümün heç kimə faydası olmur .
- Bəs qələbə?! Axı o döyüşsüz mümkün deyil.
- Döyüşdə isə iki savaşçıdan biri ölümə məhkumdur.
- Nə ölmək asandır, nə də öldürmək. Qələbə də, məğlubiyyət də qurban tələb edir. Bəs sevgi necə?..
Şəhər alışıb yanırdı. Gecə əsrarəngiz idi. Bu nurlu gecənin içindən keçib gedən dərdsiz adam elə sanardı ki, dünyanın xoşbəxtidir. Yer üzündə dərdli bir kimsə yoxdur. Amma hər kəsə aydındır ki, şəhər də adam kimidir. Onun içini nə bilmək olar... Dünyanı unudaraq balaca əl çantasını qoluna keçirən, o çantanın içində iyirmi ildən bəri sınıq güzgü parçası gəzdirən Cahanın nə fikirləşdiyini kim duyardı? Həm də axı, onun düşüncələrindən xəbərdar olmaq kimə gərəkdi? Televiziya qülləsi alabəzək nida işarəsi kimi göy üzünün qara çadırına sancılıb. Ətrafında təkəmseyrək buludlar görünür.
Yarım saatdan çox idi ki, piyada gedirdi. İçində tərpənən səs bir an ara vermir: "Yox, sənin cəzan cinayətindən müdhiş olacaq, Cahan! Küləklər bərkdən əsəndə, yarpaq xışıltısı eşidəndə diksinəcəksən. Hər gecə yuxunda kəsilmiş baş görəcəksən. Başsız bədən səni addımbaaddım kabus kimi izləyəcək. Onun tüklü barmaqlarındakı uzun dırnaqları daş divarlara sürtülə-sürtülə böyüyəcək, iti tikana oxşayacaq. Sənsə o tikan batmasın deyə qaçacaqsan... Qaçmaqdan bezəcəksən. Bir gün vanna otağında yuyunanda sakitləşdiyini, yorğunluğunun çıxdığını, rahat nəfəs aldığını zənn edəcəksən. Və birdən o kabus səni orda - vannanın içindəcə yaxalayacaq... Sən çığıra-çığıra vannaya axan qanının içində boğulacaqsan... Allah bilir, cəsədini nə vaxt tapacaqlar? Bilməyəcəklər ki, intihar etmisən, yoxsa səni qətlə yetiriblər... Bəs indi hara gedirsən? Sən nə fikrə gəldiyinin fərqindəsənmi, Cahan?.. Sənin kimi ziyalı bir xanımın bu alaqaranlıq gecənin qoynunda nə işi var? İndiki dünyanın nə başkəsəni bilinir, nə də baş qəhrəmanı... Səni az-çox tanıyanların haqqında nə düşünəcəyi heç vecinə deyil? Cahan fahişənin biriymiş, ya da cəlladın yekəsiymiş deməyəcəklərmi?"
Cahan daxilindəki anlaşılmazlığı duymağa çalışırdı.
...Onun bəzənib-düzənib, iyirmi ildən artıq nifrət etdiyi bir adamı öldürməyəmi, yoxsa qoynuna girməyəmi getdiyi hələ də bəlli deyildi. Sadəcə, dərin xof iliyinəcən işləmişdi. Hər iki qərar ona eyni dərəcədə qorxunc görünürdü. Gəlib çatdığı ünvanacan küçədə rastına çıxan adamların oğrun-oğrun ona baxdığını görəndə ürəyi şiddətlə döyündü: "Nədən bu qədər adamın diqqətini cəlb edirəm? Bəlkə doğrudan da qəribə görünürəm? Özün köməyim ol, İlahi!.. "
O, dalğaların qoynunda tənha ləngərlənən qayıq kimiydi - küləyin hansı səmtə aparacağı bəlli olmayan sahibsiz qayıq... Dənizin bir sifəti var. İsti yay günlərində hamı mavi dalğalara baş vurmaq istəyir. Pis də, yaxşı da, pak da, natəmiz də... Elə dünyanın özünə bənzəyir dəniz. Qoynuna gələnin bircəciyini geri qaytarmır. Çarəsizləri, yiyəsizləri isə tənha qayıq kimi ömür boyu yırğalayır, yırğalayır...
Qəfil külək qopdu. Cahan orda dalğaların tənha qayığa nə divan tutduğunu görmədi. Çünki o dəniz kənarından çox aralanmışdı və indi dəli külək onun özünü boş qayıq kimi atıb-tutur, yüngül bir əşya kimi tərkinə alıb harasa uçurdu... Hara? Cahanın ayaqları az qala yerdən üzülürdü. O hara, nə üçün getdiyini unutmuşdu az qala...
Yenə qorxulu nağıl... yenə təlaş...
Elə bil gur işıqlı tunellə yeriyirdi. Bəlkə də dünyanın bütün qara yelləri bu işıqlı tunelin içindən axın-axın ötüb-keçirdi. İnsan bəzən işıqlı dünyada da azad nəfəs ala bilmir. Evdən çıxdığı heç yarım saat olmazdı, susuzluqdan dili-dodağı qurumuşdu. Tunelin o başında su şırıltısı eşitdi. Səsə tərəf getdi...
Bağçadakı süni şəlalənin səsiymiş. Navalçadan axan su şırnağı şəlalə şəklində axırdı.
- Bu da yolun sonu... Gəlib çatdım!
...Demə, bu qoca şəhərdə ayrı bir şəhər varmış. Villa şəhər... rəngbərəng işıqlar bayram atəşfəşanlığı kimiydi. Deyəsən, o bir dəfə yuxusunda eynən belə ağappaq imarət görmüşdü...
Akademik Qaraxanlının da villası bu məhəllədə idi. Elə bil alınmaz qalaya bənzəyən dəbdəbəli imarəti Qaraxanlı mənəvi kasıblığını, çirkin əməllərini ört-basdır eləmək üçün tikdirmişdi. Geri dönmək istədi. Hə, hə, geriyə... Bütün ciddiyyətilə hər şeydən bir an vaz keçmək istədi. Ölçüb-biçməli hələ çox şey vardı. Bir də ki atalar gecənin xeyrindən gündüzün şəri yaxşıdır deyib. Kiçik zəngli qurğudan səs gəldi: "Buyura bilərsiniz", - sonra qapı açıldı. Artıq gec idi, dönüb geri qayıtmaq olmazdı. Belə villaların hər tərəfini görmək üçün kamera və monitorlardan istifadə olunur. Nə etsin? "Görəsən, o, evdə təkdir? Bircə çıxış yolun var. Onunla üzbəüz dayanmaq. Onsuz da, Qaraxanlı mümkün görünən bütün idbar təklifləri dilə gətirib. Cəhənnəm, nə olar, olar..." Əgər başqa adam olsa, nə edərəm? Düşün Cahan, düşün!.. Sənin çıxış yolun ona təslim olmaqdır, sən bu addımı çoxdan atmalıydın, lap çoxdan..."
Nərgizlər, lalələr, qızılgüllər, qərənfillər düzülmüş mərmər pilləkənlərlə yuxarı qalxanda üzünü görməsə də, səsini eşitdi:
- Gəl, gəl, Cahan xanım,- dedi, - ömrün zay oldu getdi, səni ilk dəfə gözlədiyim andan iyirmi beş il ötür. Heç kim inanmaz, bəlkə mənə axmaq deyənlər də tapılar. Amma inan, bu axmaqlıq deyil, bəlkə prinsip məsələsidir, ya da inadkarlıqdır. Axı vaxtilə ölüncə səni rahat buraxmayacağımı, bir gün özün gəlib mənim ağuşuma atılacağını söyləmişdim. Nə yaxşı ki, ölmədim, bu günü də gördüm.
- ...
- İstəyirsən saunaya keçək, illərin ağrı-acısı canımızdan çıxsın. Bilirsən, bu anı necə həsrətlə gözləmişəm?
- ...
Cahan dərindən köks ötürdü. Adətən adamın havası çatmayanda belə nəfəs alır:
- Hə! Hə! Məni bu sarayda Allahın görə bilmədiyi bir yerə apar...
- Canım, fəlsəfəni kənara qoy görək, gəl sənə bütün otaqları göstərim, hansını bəyənsən orda oturarıq... Nə vaxtdı səni yaxından görə bilmirəm. Vallah, sən əvvəl necə gözəl idin, elə də qalmısan... Həmişəkindən də cavan görünürsən. Bir dön, bu güzgüdə özünə bax! Orta əsr şahzadəsi Cahan xatun...
Onun vücudu titrədi. Süni gülümsəməylə üzündəki gərginliyi gizlətmək istədi.
Başını buladı. Özünü bir an kef və əyləncə üçün yaranmış kübar xanımların yerinə qoydu. Lap bircə anlığa da bədənnüma güzgüyə sarı çönüb baxmaq istəmirdi. O, hər şeyin qəfil alt-üst olacağından, güzgünün sınıb-dağılacağından qorxurdu. Üçüncü dəfə sınan güzgü isə ömrünün ən ağır, çətin mərhələsinin yetişdiyinə işarə ola bilərdi.
Cahan öz qəlbinin içində tüğyan edib, qadınlıq hissini boğan səsi yalnız özü eşidirdi:
"Sən zor-xoş bədənimi kirlədə bilərsən, ancaq caynaqlı quzğuna çevrilib sənin gözlərini deşəcəyəm".
Özünü gülümsəməyə məcbur edib, təbiətinə uyuşmayan süni işvəkarlıqla dilləndi:
- Bilmirəm, niyə bu qədər vaxtı səndən uzaq gəzib-dolaşmaqla özümə zülm etmişəm. Mənə bu fürsəti verdiyinə görə təşəkkür etməliyəm...
Qadının səsindəki titrəyişin səbəbini anlamasa da, sözlər kişinin xoşuna gəldi:
- Bu sözləri sənin dilindən eşitmək mənə çox xoşdur. Təəssüf ki, bir az gec...
Qadın həyəcanını gizlətmək üçün otağın zəif işıq düşən tərəfində dayandı:
- Mən başıboş xəyalımdakı cəngavərə uymuşdum... Tək-tənha keçirdiyim günlərdə xəyalımda, yatanda isə yuxularımda bitirdi.
- Başa düşürəm, elmi işin elədir ki, gecə-gündüz nağıl qəhrəmanları ilə bir arada olursan. Xalq yaradıcılığı ilə nəfəs alırsan... Bu sahədə ixtisaslaşıbsan. Daha həyat gerçəkliyi ilə barış, xəyalın uydurduğuna əlvida deməyin vədəsi çatıb... Mənim xalq təbabəti üzrə fəaliyyət göstərən firmam var. Rəhbərlik elə! Qazanclı sahədir.
O hələ çantasını əlində tutmuşdu.
- Mən... mən öz işimi sevirəm, - dedi, - artıq neçə ildi ki, köhnə əlyazmalar arasında qurdalanmağa vərdiş eləmişəm...
- Yaxşı. İş barədə danışmağa vaxtımız olacaq! - Kişi cavan aşiqlərsayağı səbirsizliklə dilləndi.
- Onda izin verin, özümü bir az qaydaya salım, - Cahan səsinin necə titrədiyini hiss edib, rolunun öhdəsindən gələ bilməyən aktrisalar kimi çaşıb qalmışdı, bilmirdi səsini hansı tempdə saxlasın, gülsün, yoxsa... İşin qəribəliyinə bax ki, balaca əl çantasının ağzı açılmışdı, çılçıraqların işığı oradakı güzgü sınığının üstünə düşüb bərq vurur və o sınıq güzgüdən qayıdan işıq qadının çantadan ayıra bilmədiyi baxışlarına sancılırdı. Bu əlbir cinayət işi idi. Cinayətin iki iştirakçısından biri həmin sınıq güzgü idi. Cahan özündən çox sınıq güzgüyə güvənirdi.
- Bu nə sözdü, canım, əlbəttə, əlbəttə, amma mənim yataq otağımda sənə aid gərəkli şeylər var... Hamısı da fransız istehsalıdır.
- Nəhayət, sən öz istəyinə qovuşdun...
- İncildə deyildiyi kimi: "Qoy göyərçinin mülayimliyi ilə ilanın hiyləgərliyi qovuşsun!.. "
Cahan, nədənsə, bir an duruxdu, nənəsinin dediyi bir atalar sözünü xatırladı: "Heyvanı buynuzundan tutarlar, adamı sözündən". Yenə dili dinc durmadı, akademikin dediyi kimi "kaprizləri" tutdu. Amma bu dəfə ehtiyatla dedi:
- Bu etirafınız mənim xoşuma gəldi, demək ilan olduğunuzu boynunuza alırsınız?
Onun sirli-sirli gülümsünməyi Qaraxanlını ovsunlamışdı.
O, Cahanın titrək əlini bumbuz ovcunun içinə aldı, iyirmi ildən çox sevdiyi qadının "kaprizlər" dalğasına sinə gərən müdrik səyyah görkəmi aldı, sonra dodaqlarına yaxınlaşdırıb öpdü:
- Əgər ilan olmasaydı, Adəm babamızla Həvva nənəmiz "seks" kimi ən böyük həzdən məhrum olacaqdı, buna görə də ilan müdriklik simvolu, ocağın, odun qoruyucusu sayılır, - dedi və illər boyu həsrətini çəkdiyi təravətli qadını içəri dəvət etdi:
- Gəl, Cahan, gəl, - dedi,- gör dünyada nələr var... Sən pulun müqəddəs sayıldığı mühiti inkar etməyinlə çox şey itiribsən.
- İtirdiklərimi geri qaytarmağa qadirsənmi? - Bu sözləri deməklə o öz həyəcanını gizlətməyə, sərbəst olduğuna ilk növbədə özünü inandırmağa çalışırdı.
- Mən nə peyğəmbərəm, nə də Allah... dərdi verən zəmanə, dərman da verər. Zamansa bizim xeyrimizə fırlanır.
Cahan təəccüb və həyəcanla soruşdu:
- Bəs xidmətçilər hanı?
- Sən heç zərrə qədər də narahat olma! Biz bu xanimanda ikimizik. Xan və şahzadə Cahan! Mən özüm sənə xidmət edəcəyəm, ürəyin nə istəyir, əla fransız şərabı, viski... konyak...
Onun içində rahatlıq yaransa da, əlacsız:
- Bir az şərab pis olmaz,- dedi.
- Buyur, canım-gözüm, sən nə dilərsən, dilə məndən... - kişi heyranlıqla onu süzə-süzə bara yaxınlaşdı, iri badələri şərabla doldurub gülümsündü, - burda bütün otaqlarda hər nə istəsən var...
Sonra öz badəsinə sığal çəkə-çəkə Cahana: - gəl, - dedi,- özün də bax! - badəsini birnəfəsə içib yumurtavari jurnal stolunun üstünə qoydu. Qadının əlindən tutub, darta-darta arxasınca apardı, bir-bir otaqları göstərdi. Divar boyu müxtəlif biçimli şəhvət oyadan erotik rəsmlər Cahanın qəlbinin döyüntülərini daha da şiddətləndirdi. Bura nəhəng sərgi salonunu xatırladırdı. Tablolardakı çılpaq rəsmlər kasıbların fəryadını boğan harınlığın, zənginliyin səssiz-səmirsiz qəhqəhəsini dinləyirdi.
Hər otaqda bir cür musiqi səslənirdi. Cahanın gözləri önündə Qərb musiqisinin sədaları altında qoca Şərqin "Min bir gecə" nağılları vərəqlənirdi.
Qan qırmızı rəngli otaqda qədim miniatür xəncərlərdən tutmuş Samuray qılınclarına kimi hər cür soyuq silahlar asılmışdı. Odlu silahları görəndə soruşdu:
- Siz heç ova getmisiniz?..
- Hə. Şirvan qoruğuna ceyran ovuna çox getmişəm. Bax, bu ceyranı özüm vurmuşam, - deyə o Cahana heyvanın qurudulmuş müqəvvasını göstərdi.
Burada yırtıcı heyvanların, quşların rəsmləri, müqəvvaları da vardı.
- Mənim şirkətimdə göydə uçan quşu gözündən vuran bir qadın var. İnana bilmirsən ki, təbiət o zərif qadına nə qədər gözəl ovçuluq istedadı bəxş edib! - deyə akademik iftixarla qu quşunun müqəvvasını göstərdi,- bax bunu gözündən vurub.
- Qu quşuna güllə atıbsa, məncə, o çox zalım qadındır!
- Yox canım, sadəcə, əvvələr idmanla məşğul olub, - birdən elə bil onun Azərbaycanca söz ehtiyatı tükəndi,- voobşe, ona ne zlaya, no oçen metkaya sterolok, - dedi.
İnsan əti yeyən qara qartala tuncdan qoyulan heykəl Cahanın diqqətini çəkdi. Bu nəhəng qartalın gərilmiş qanadlarının kölgə saldığı otağın döşəməsi elə bil aşağı çökmüşdü.
- Nənəmin danışdığı nağıllardakı Zümrüd quşunu mən həmişə səma atı kimi təsəvvür edirdim... Buranı çox bəyəndim, - dedi və səsinin necə titrədiyinin fərqinə vardı. Ömründə ilk dəfə gördüyü bir dəst Samuray qılıncından ən kiçiyini qınından çıxarıb Qaraxanlıya sarı tutdu:
- Deyəsən, Allahın burdan xəbəri yoxdu, eləmi, professor?
- Cahan xanım, əvvəla, mən Allaha inanmıram, o, mənim yeganə övladımı əlimdən alıb! İkincisi, fikrin nədir, məni duelə çağırmaq istəyirsən? - O, qadının əlində tutduğu fransız şərabı süzülmüş iri badəni alıb, bir udum alandan sonra yavaşca ağac heykəllərdən birinin boş qalmış ovcuna qoydu. Və sual dolu baxışlarını qadına dikdi:
- Bədən qadının malik olduğu ən gözəl incəsənət əsəridir. Onu çılpaq göstərməyin özü də bir gözəllikdir, - dedi, - sən məni əsl incəsənətə qovuşdura bilərsənmi?
Cahanın içində elə gərginlik yarandı ki, həyəcanını, əllərinin necə titrədiyini gizlətmək üçün otaqda var-gəl edə-edə gülməkdən ayrı çarəsi qalmadı:
- Yataq da kişi ilə qadının duel səhnəsi deyilmi? Sizin üçün nə fərqi var? İstəyirsiniz gücünüzü orda göstərin, istərsiniz burda! Siz ki, mənə şahzadə dediniz, özünüz də şahzadə kimi də davranın!
Yenə nənəsinin səsi gəldi qulaqlarına: "Qızıldan taxtın olunca, bir quruca baxtın olsun..." Hə, deyəsən onun da bu qılınc məsələsi sarıdan bəxti gətirmişdi, gözləmədiyi fürsəti yaxalamışdı.
Kişi qadının önündə azca geri çəkilib, birdən xalatını çıxardanda lüt-ətcəbala oldu.
- Mənim şahzadəm, Xanın sənə qarşı bir silahı var. Budur, bax!
Qadın özünü itirdi, az qaldı ki, qılınc əlindən düşsün.
- Siz... siz axı niyə belə tələsirsiniz?..
- Mən iyirmi ildir gecikirəm. Bax, bax, utanma canım, demə, şir qocalıb, əldən düşüb, pir olub, Cahan xanım, "məqami cəng olsa, bu qoca şir elə həmişə şir olub!". Bax, mənim bədənimə, yataqda bundan alacağın həzzi sən heç otuz-qırx yaşlı kişilərdən ala bilməzsən. İndi isə sən soyun. Mənə öz bədənini göstər! Hə, soyun görüm, - dedi.
Onun səsinin amiranəliyi Cahanı qorxuya saldı. Bir an döyüküb, ona nə deyəcəyini bilmədi. Doğurdanmı onun sağlam, idmançı kişilərə məxsus bədən quruluşunu, günəşdən qaralmış əzələlərini görüb çaşmışdı? Soyunmadığını görüb o da divardan başqa qılınc alıb Cahana yaxınlaşdı. Cahan ona sarı tuşladığı qılıncı qeyri-ixtiyarı aşağı endirdi:
- Yoxsa, düşündünüz ki, zavallı, gücsüz bir qadın bu qılıncdan sizə qarşı silah kimi istifadə etməyin çəmini bilir? Ağıl, zəka olan yerdə silaha nə hacət, - dedi və çılpaq kişinin üzünə zorla gülümsəməyində davam etdi. - Mən bura özümü sizə təslim etməyə gəlmişəm.
- Ayrı cür düşünmürdüm də...
- Amma mənə söz verin ki, Nərgizlə işiniz olmayacaq.
- Bu səndən asılıdı.
Bunu deyib kişi Cahanın bayaqdan kənara qoyduğu fransız şərabıyla dolu qədəhini təzədən ona uzatdı. O, qədəhi dodağına yaxınlaşdırdı:
- Səninlə bir dəfə yatmağım bəs edərmi? - Cahana bir an elə gəldi ki, daha rola girməyib, o, qadın kimi özünü həqiqətən də kişiylə bir anlıq yataqda təsəvvür etdi. Bədəni süstləşdi. Əllərinin necə keyidiyini hiss etdi. Dodaqları ehtirasdan titrədi. O, bu hissləri uzun zaman idi ki, yaşamamışdı.
- Yox, canım, mən səninlə ömrümün sonuna kimi birlikdə olmaq istəyirəm, - kişi özünü saxlaya bilmədi. - Həmişəlik, - deyib ehtirasla gülümsünən qadına yaxınlaşdı. - Ər-arvad kimi...
Gözəl qadının istər saxta olsun, istərsə də təbii içindən süzülüb gələn təbəssümləri bəzən möcüzə yaradır. O arxayınlıqla Cahanı yavaş-yavaş soyundurmağa başladı, amma nə qadın, nə də o, qılıncları əllərindən yerə qoymurdu.
Hətta bu günəcən nifrət etdiyi kişi iti qılıncı ilə qadının alt paltarını kəsib, bir kənara tullayanda da müqavimət göstərmədi. Cahan ömründə ilk dəfə yad kişinin qarşısında lüt-üryan qalmışdı. Qaraxanlı isə qadın gözəlliyi qarşısında məğlub cəngavərlər kimi dizləri üstə çökdü və birdən onun ayaqlarını öpməyə başladı. Ürəyində "Lənət şeytana!" desə də, Cahanın bədəni kişinin öpüşündən titrəyirdi. Başı qurtum-qurtum içdiyi şərabın təsirindən dumanlanmışdı.
Ağlına nəsə qəribə fikirlər gəldi, sevmədiyi bir kişinin busələri ilk anda onda qıcıq yaratsa da, sonra bir anlıq göz-gözə dayanıb, bir-birlərini xeyli süzdülər. Kişi bic-bic qadının gözlərinin içində bugünəcən anlamadığı mətləbləri oxumaq istəyirdi. Qadınsa uzun kipriklərini tez-tez çalıb, onu çaşdırırdı. Kişinin arzusu-istəyi gözlərinin içində apaydın yazılmışdı, qadın orda nə yazıldığını gözüyumlu oxumuşdu.
- İnsafsız, sən iyirmi ildən artıqdır ki, məni cənnət ətrinə tamarzı qoymuşdun?! - pıçıltıyla danışa-danışa kişi qollarını onun belinə doladı. - Fərsiz qadın ərsiz qalar deyiblər, amma sən fərsiz deyilsən axı...
Cahan gözlərinə inanmırdı, qədim Qarabağ xalçasının üstündə ilan adamla diz-dizə, üz-üzə, qucaq-qucağa idi. O, ilan dili ilə acgözlüklə qadının boyun-boğazını, sinəsini, göbəyini yalayırdı. Qadının xəfif iniltisi kişini vəcdə gətirmişdi. Amma bu hal uzun sürmədi. Birdən Cahanın ürəyi bulandı, ödü ağzına gəldi. Gözləri yaşardı. İlan adam sürünə-sürünə sanki onun bətnini zəhərləmək istəyirdi. Getdikcə bu iyrənc iş qadının səbrini daşdırırdı. Onun öyüməyini hələ də hiss etməyən kişi hərdən bir nəfəsini dərib:
"De, de ki, xoşun gəlir", - deyə onun qulağının dibində fısıldayırdı.
... Özünü Qaraxanlının uzun qolları arasında lüt vəziyyətdə görməsi qara bəxtin Cahana rəva gördüyü ən böyük kinayə idi. O, Qaraxanlı tərəfindən iyirmi beş il ərzində başına gətirilən oyunları bir-bir xatırladı. Bir az bundan qabaq qəbzəsindən bərk-bərk yapışdığı qılınc xalçanın üstünə düşmüşdü. Kişi dizləri üstə çökmüşdü. Onun başı top kimi Cahanın yaraşıqlı, dolu ayaqlarının arasında idi.
Bu işin nə ilə qurtaracağını gözləməyə səbri daralan Cahanın gözləri birdən qarşı divarda Corconenin "Yudif" tablosuna sataşdı. Zərif və incə əlində qılınc tutmuş qadın ayaqları altında kəsilmiş başa baxırdı... Onun dizdən yuxarı çılpaq ayağı, arxada görünən palıd ağacı kimi uca qaməti sağlam və güclü qadın olduğunu büruzə verirdi.
Birdən şəkilli divarlar, çilçıraqlar, heykəllər - hər şey onun gözündən itdi.
Cahan özündən müştəbeh, ona qeyri-bəşəri məxluq təsiri bağışlayan kişinin iyrənc niyyətini heç cür ağlına sığışdırmasa da, vaxt udmaq naminə "Yaxşı, yaxşı!" deyirdi. Sanki yırtıcı heyvanı tələyə salmaq üçün dil tökürdü.
- Allah, özün günahımdan keç, - Cahan bu sözləri ucadan deyəndə xalçanın üstündəki qılınc artıq onun əlində idi. Və qorxulu nağılın içinə necə girdiyini hiss etmədi. Var gücüylə qılıncı əjdahanın kürəyinə sapladı, bu an Qaraxanlıdan dəhşətli bir bağırtı qopdu. Qan hər tərəfi bürüdü. Cahan nağıldan çıxdı.
- Aman Allah, mən nə etdim?!
Bir neçə dəqiqə təəccüb və dəhşət içində dayanıb hələ də qanı axan meyitdən gözünü ayırmadı.
Cahan onun sünnətsiz olduğunu yalnız indi anladı və dəhşətli bir ikrah içində ayağa qalxıb, tələsik paltarını geyindi:
"Onu mənmi öldürdüm? Yox! O, özü özünə qənim oldu".
Cahan özünü ələ almağa çalışırdı.
Cahana bu an elə gəldi ki, sanki başının üstündəki tuncdan tökülmüş qara qartal heykəli indicə hərəkətə gəlib onun üstünə şığıyacaq və gözlərini tökəcək...
Cahan vanna otağına getdi, üzünə su vurdu. Qayıdıb üst-başını bir də qaydaya saldı.
Çantasını götürüb çıxış qapısına yaxınlaşdı. İndi neyləsin, evə, yoxsa ora... Əməlinə görə cavab verməyə?..


Həyət qapısına çatanda onu dəhşət bürüdü. Elə bil bədənini elektrik cərəyanına qoşdular. Qapı kilidliydi. Hasar çox hündür idi. Ona elə gəldi ki, içəridə qoyub çıxdığı meyit hərəkətə gəlib onu incidən adamı axtarır. "Yox, onu mən öldürmüşəm... daha burda yubana bilmərəm. Bu ağıla sığmayan dəhşətli bir işdir, burdan çıxa bilməsəm dəli olacağam, ya da bağrım çatlayacaq!"
Təlaşı dəmbədəm şiddətlənirdi. Qorxudan ölə də bilərdi. Labirintə bənzəyən villadan çıxış yolu tapa bilmirdi. Deyəsən, heç elə bir yol yerli-dibli yox idi.
Bəlkə o artıq polisə gedib, əməlinə görə cavab verib, indi də həbsxananın qaranlıq küncündədir?
Sanki Cahanın həbsxana həyatı o andan başlamışdı.
Belə yerdə dara düşmüş adamın köməyinə səbir etməkdən savayı heç nə gəlmir. Ya da polisi köməyə çağırmaq. Amma cib telefonunu götürməmişdi. Meyit olan otağa qayıtmağı düşünəndə isə dəhşətə gəlirdi, uçum-uçum uçunurdu. Əlini qorxa-qorxa hasarın içində qaranquş yuvasını xatırladan qurğuya uzatdı. Qapı şaqqıldayıb açıldı. "Şükür! Şükür! Xilas oldum! Çıxdı. Geri itələnən qapı necə şaqqıldayıb açılmışdı, eləcə də şaqqıldayıb kip örtüldü...

***

Neçə illərin hakimlik təcrübəsi olan Hüseynli tam əmin idi ki, hadisə məhz belə davam edib. Həm də ki, "Könül dəftəri" qadının xarakteri barədə bir çox mətləbləri ona bəlli eləmişdi. İşdən gələndə sonra cəmi bircə dəfə mətbəxə keçib bir stəkan qaynar su içmək üçün üstündən qalxdığı kürsünün içində bir az da büzüşüb oxumağa başladı:
"... Özümü itirmişdim. Elə bil şoka düşmüşdüm. Qaraxanlının evinə necə getdiyimi, onu nə şəkildə öldürdüyümü xatırlasam da, həyət qapısından çıxıb polisə getdiyim, "adam öldürmüşəm" söyləməyim yadımda deyil.
... Sanki doğrudan da hər şey yuxuda baş vermişdi.
Gənc polis zabiti mənim adam öldürməyimə əvvəlcə inanmaq istəmədi. Əyləşmək üçün yer göstərdi... Həyəcandan dilim-dodağım qurumuşdu. Sonra kiçik elektrik samovarından stəkana çay süzüb, qabağıma qoydu... Və təkrar dinləməyə başladı.
İstintaq zamanı gəlinimin adı hallanmasın deyə, son telefon yazışmaları barədə susdum, akademik Qaraxanlını öldürməyimin əsas səbəblərini söyləsəydim, həm uzun-uzadı vaxt aparacaqdı, həm də... canımdan artıq sevdiyim oğlumun xoşbəxtliyinə kölgə salacaqdım...
Doğma oğlum məndən üz döndərib. Haqqı var. Kim istəyər ki, anası qatil olsun! Nərgiz mənə qulaq asıb, yaxşı ki, əsl həqiqəti bugünəcən ondan gizlədir. Baxın, aylar-illər ötüb keçsə də, mən adına qanunlar toplusu deyilən bir anlayışdan da üstün olan ƏDALƏTin sorağındayam. Elə bir ədalət ki oğlumu, gəlinimi, üzünü görmədiyim nəvəmi qaytarsın.
Bir müddət mənə elə gəlirdi ki, nahaqdan iztirab çəkən qadını anlayan bir Allah bəndəsini indiki zamanda çətin taparam. Buna görə özümü bədbəxt sanırdım, "Olacağa çarə yoxdur", deyib susurdum. Amma sizin əsərinizin mənə bəxş elədiyi inam hissini duymaq, ümid çırağını görmək bir həbsxana guşəsində də xoşbəxtlikdi... Bəlkə bunu xoşbəxtlik saymağım doğru deyil? Axı siz mənim həbsxanada başıma gələnlərdən xəbərdar deyilsiniz. Gələcək kitablarınızda bunun gərəkli olacağını nəzərə alıb, bir-iki kəlmə də bu barədə yazmaq istəyirəm.

***

Mən ilk dəfə bu həbsxanaya qədəm basanda, onun həyət-bacasındakı səliqə-sahmanı görəndə, uşaq vaxtı Xoşavaz nənəmin əllərimdən tutub uşaq baxçasına getməyimi xatırladım. Bir yaz günü o baxçanın həyətində mənim gördüyüm uşaqlar şehli güllərin üstündə uçuşan rəngli kəpənəkləri tutmaq istəyirdilər. Güldən-gülə, budaqdan-budağa qonan o kəpənəklər uzun və xallı qanadlarını kirpik kimi çalırdılar, o vaxt nənəm baxçanı tərifləyib dedi: "ay bala, bax, gör, burada nə qədər balaca uşaq var!.. Hələ sən bu rəngli kəpənəklərə bax, mən ömrümdə bu qədər kəpənək görməmişəm. Maşallah, həyət-baca çiçək kimidi..."
İndi nənəmin ruhuna dua oxuya-oxuya həyəti güllü-çiçəkli olan bu həbsxanada rəngli kəpənəklər kimi gəzib dolaşan qadınları görəndə, öz-özümə dedim:
- Aman Allah, burada nə qədər qadın var?
Bura sanki böyüklər üçün baxça idi. Amma indiyə kimi insan həyatının necə şirin, azadlıqda keçirdiyi vaxtın necə qiymətli olduğunu anlamamışdım. Burdakı yasəmən güllərinin ətrini belə duymurdum. Yəqin bu dünyada həbsxana həyətlərində açan bütün gül-çiçəklərin zərrə qədər ətri-qoxusu olmur.
- Canıyanmış ənliksiz-kirşansız da gözəldi, elə bil gözəllik salonundan çıxıb gəlib, - damağında siqaret tüstülənən, pırpızsaçlı, orta yaşlı, kobud səsli toppuş qadın ehtiraslı baxışlarla mənə baxaraq dilləndi. Sonra ona bir neçə qadın da qoşularaq köhnə bazarın piştaxtasına gətirilmiş təzə əşyanı seyr edən müştərilər tək yan-yörəmdə dolaşmağa başladılar. Kimsə pırpızsaçlı qadına eyhamla:
- Vallah, Sultana layiq candır, adamın lap ağzının suyu axır, - dedi.
Başqa biri:
- Ah, pamadasız dodaqları qız dodağı kimi təravətlidi...
Bu zaman hasarın o biri tərəfindən uçub gələn xallı kəpənək az qala bütün məhkumların diqqətini çəkdi. İki nəfər məhbus uşaq kimi bir-birini itələyə-itələyə kəpənəyin arxasınca cumdu.
Pırpızsaçlı qadın onlara acıqlandı:
- Dayanın! Kəpənəklə işiniz olmasın, - sonra gözlərini qıyıb, məni başdan-ayağa süzərək ciddi tərzdə dedi:
- Baxın, görün, bu dünyada üçcə günlük qonaq olan o kəpənək necə bəxtəvərdi. Özünün seçib-bəyəndiyi gül-çiçəyin üstünə qonur, ətrini alır.
Onun səsi doğrudan da kişi səsi kimi qalın idi. Həm də adama daş kimi çırpılırdı. Qadınlardan biri kənardan ona ehtiyatla söz atdı:
- Eh, sən də söz danışdın da, ay Sultanım, bu kəpənəyin nəyi bəxtəvərdi? Heç bəxtəvər də gəlib həbsxana həyətindəki güllərə qonar?!
Pırpızsaç qadın toyuq-cücə qarşısında var-gəl edən hind xoruzu kimi köksünü qabartdı:
- Səsini kəs, əgər burda mənim yarım qədər otursaydın, sən də alimi-biəməl olardın. Qoy görək, xəstə bir akademiki cəhənnəmə vasil edən bu təzə gözəlçə kəpənəklər barədə nə düşünür? Axı o boyda akademikin şələsini qoltuğuna verib o dünyaya göndərən ən azından özü professor, ya da heç olmasa, dosentdən-zaddan olmalıdır...
Bu sözləri deyəndən sonra pırpız saçlı qadın səsinin tempini və ahəngini dəyişib mənə xoruzlandı:
- Yoxsa, sən də bu kəpənəyin güldən-gülə qonmasını bəxtəvərlik sanmırsan? Gül bülbülə, bülbül gülə dolaşan kimi, istədiyin vaxt bir-birimizdən zövq ala bilərik, qoy mən kəpənək olum, sən də mənim gülüm...
Mən birdən dişi ilan görmüş kimi diksinib kənara sıçradım:
- Yox, - deyə qışqırdım, - mən... mən...
Bu dəfə o doğrudan da xoruz kimi qaqqıldadı:
- Qaaaqq, qaaq, ağəz, dayan bir görüm, bəyəm, sən tutuquşusan? Yoxsa, deyəcəksən ki, gül kimisən, aydan arı, sudan durusan? Təki belə olsun, gözəlim, amma bura türmədir, tirmə deyil bürünəsən, hər şeyin açıq-aşkar ortadadır. Mənə bax, əgər özünü qorumaq, burdan canını salamat qurtarmaq istəyirsənsə, biz bir ailə kimi yaşamalıyıq, yəni sən mənə aid olmalısan. Yoxsa, bu gün-sabah nəzarətçilər səni erkək madyanların altına yıxacaqlar. Onda peşman olarsan. Hə, hə, mən buranın köhnə inventarıyam. Ona görə də hər işə yarayıram, unutma, gözəlim, burda - məhbusxanada yalnız keçmiş günahının cəzasını çəkməyə deyil, həm də bu gününü, sabahını düşünməyə, gələcəyini xilas etməyə məhkumsan.
- Sizin nə istədiyinizi başa düşmürəm.
- Darıxma, səni başa salaram... Mən sənə lazım olacağam, sən də mənə...
- Mənim heç kimə, heç nəyə ehtiyacım yoxdur.
- Ay nənənün çil xoruzu ölsün, sən güya məni başa düşmürsən? Yəni deyirəm, bax bu cür gözəl bədənini məzara aparmaqdansa, gördüyün o kəpənək kimi mənim ağuşuma qon, mənnən otur-dur, azarını da elə mənnən öldür. Yoxsa, erkək madyanların ağuşunda paymal olacaqsan. Xəstəlik-filan tapacaqsan! Ağlını başına topla, get, əməlli-başlı düşün! Burda sənə düşünməyə mane olan kəsin cəngini bez kimi cıraram... - sonra amiranə tərzdə ətrafındakılara acıqlandı, - nə pişik kimi marıttayıbsız? Ay qız Silotkə, apar buna yerini göstər...
O gün axşamacan mənə düşünməyə vaxt verən o qadın gözlərimin önündəcə əl-qolunu yellədə-yellədə var-gəl edirdi.
...Bax, beləcə, demə görəcək günlərim qabaqda imiş. Qəlbimdə "yağışdan çıxıb, yağmura düşdüm", - deyə o gün xeyli düşüncələrə daldım. Görünür, keçmişi inkar etmək olmur, deyəndə, Folkner çox haqlıymış; axı, o, deyirdi ki, keçmiş istəsək də, istəməsək də həmişə bizimlədir, o ölü deyil, hətta, bizim düşündüyümüz kimi bizdən uzaqda da deyil. İndi mən də elə bilirdim ki, akademik Qaraxanlı ölməyib, bir zaman gördüyüm yuxum çin olub. Həmin yuxu barədə yazmışdım, o yuxuda Nərgizə sarılmaq istəyən ilanın başını kəsdiyim yerdən yenidən baş çıxırdı... indi də sanki, Qaraxanlı zühur edib qadın cildinə girmişdi və gəlib məni burda - cəhənnəmi xatırladan bir yerdə tapmışdı.
Adı Silotkə çağırılan nərmənazik qadın qonşu çarpayıda yatırdı. Onun otuz yeddi, otuz səkkiz yaşı olardı, ovurdları çökmüşdü, arıq görkəmindən vərəmli xəstəyə oxşayırdı, amma çox çalışqan idi, səhərdən axşama kimi bir an da olsun hərəkətsiz dayanmazdı. Xırım-xırda xidmətləri ilə hamının hörmətini qazanmışdı. Bilmirəm, məni qorxutmaq üçün, yoxsa xəbərdarlıq etmək məqsədi ilə dedi:
- Qulaq as, bu dişi ilan cibgirlərə və oğrulara xaç analığı eyləyən Klaranın nəvəsidir...
Dedi ki, qadın sinəsinə döyüb, əvvəllər bu barədə özü fəxrlə danışırmış... Həbsxanaya gələn təzə məhbusları sorğu-suala tutanda: "Bilirsən, mən kiməm? Ay bisavad, hardan biləsən? Kitab-zad, qəzet-məzet oxumusan ki?!"
Bir də Silotkə dedi ki, zalım qızının qulağı darı dəlir. Həbsxananın hər künc-bucağından xəbəri var. Mən bir anlıq qəm-qüssəyə qapılıb yenə o qadının Qaraxanlı ilə eyni ağacın meyvəsi olduğunu düşünürdüm:
- İlanın ağı da, qarası da birdi, ağına da lənət, qarasına da...
- Sən bu qadını tanımırsan hələ, Allah elə bil onu alayı cürə yaradıb.
- Burda yəqin hər gün belə nalayiq söhbətlər olur? - deyə ondan soruşdum.
- Söhbət nədi, bacım, sən hələ onun murdar hərəkətinin şahidi olacaqsan.
Mən o gün, tez-tez əllərimi tanrının dərgahına qaldırıb:
- Allahım, məni bu dişi ilanın şərindən qoru!.. - deyə yalvarırdım...
Silotkə yüngülcə köks ötürüb:
- Amin, - deyirdi...

***

...Gecənin bir aləmi qonşu çarpayıya iri bir kölgə yaxınlaşdı:
- Ay qız, Silotkə...
Qadın yatağın içində gözlərini ovuşdurdu, kədərli səslə "nə olub?" - deyə soruşdu. Kölgə onun qulağına nəsə pıçıldadı. Silotkə başını çevirib Cahana baxdı, onun yatdığını zənn edib, dərindən köks ötürdü. Cahan gözlərini yumsa da, oyaq idi. Gecədən xeyli keçmiş soyunub könülsüz çarpayıya uzanmışdı, amma yuxusu qaçmışdı. Yanağına süzülən göz yaşları yastığını isladırdı.
On-on beş dəqiqə keçməmiş çarpayı cırıltısına diksinib gözlərini açdı... Elə bil nərmənazik qadının çarpayısına kimsə ağır kötük kimi sərələndi... Həbsxana hücrəsinin bu tərəfi tutqundu, o tərəfi işıqlı.
Gecə yarısı çarpayıda uzanan qadınların bəziləri səssiz-səmirsiz otaqdan çıxıb, harasa gedirdilər.
Ətraf ölü sükuta qərq olsa da, gecənin bu aləmi Cahana elə gəlirdi ki, onun kimi yuxusu qaçanların çoxu bu müəmmalı yerdəyişmədən xəbərdardı. Yan-yörəsi seyrəlmişdi. Ürəyi təlaş içində, şiddətlə döyünməyə başladı. Anbaan artan həyəcanını zorla boğurdu. Sonra...
Sonra kürəyindən soyuq tər axmağa başladı. Ürəyi hövl elədi, az qala yerindən çıxsın. Kürəyi divara qısılmışdı. Əvvəl qorxusundan qışqırmaq istədi. Səsi çıxmadı... Təngnəfəs olmuş adamlar kimi, ağır-ağır nəfəs almağa başladı. Bu məqamda səsini necə çıxara bilərdi. Zəiflik göstərdiyinə görə özünü qınasa da, sanki qəlbini içəridən sehirli bir qüvvə buxovlayırdı.
- Sevişmək üçün gözəl gecədir! - səs elə bil qeybdən gəldi. Sonra tünd fransız ətrinin qoxusu ətrafı bürüdü.
Pırpızsaçlı qadın alaqaranlıqda onu ağuşuna alıb tumarlayırdı. Elə bil kobud kişi əllərinə bənzəyən əlinə göydən qəfil düşmüş qiymətli büllur qabı salıb sındırmaqdan qorxurdu. Cahanın çılpaq belini qucaqlayıb qulağına əttökən sözlər pıçıldayırdı... O, barmaqları ilə də, dili ilə də Cahanı ovsunlayırdı. Boynundan, boğazından, döşlərindən öpürdü. "Gözəlim", "canım" sözləri pırpızsaçlı qadının kobudluğuna incəlik, zəriflik çiləmişdi. İlk dəfə görəndə az qala iyrəndiyi qadının indi ehtirasdan pıçıldadığı sözlər sanki həzin və zərif səslənirdi. Əli Cahanın döşlərindən göbəyinə, sonra aşağı sürüşdükcə inilti səsləri gecənin qaranlığına qarışırdı. Bir anlığa həqarətli, müti görkəm aldığının fərqinə varmadan qımıldanmadı...
Cahanın içindəki qəzəb ehtirasdan cuşa gəlmiş qadının incə sığalı qarşısında getdikcə geri çəkilən, ram olunan yırtıcı heyvana bənzəyirdi. Daha müqavimət göstərməyə tabı qalmamışdı. Pırpızsaçlı qadının ehtirası ona da keçirdi, onun təmasından bədəni yumşalmışdı, xoşallanmışdı. Uşaq vaxtı isti çayı soyutmaq üçün bir stəkandan digərinə boşaldardı. Beləliklə, çay soyusa da, hər iki stəkan qızardı. Qəribə də olsa o intim anlarda Cahan özünü boş stəkana, onu ağuşuna alan qadını dolu stəkana bənzədirdi. İçərisində daxili qorxu hissi yaşasa da, bədəni ehtirasdan coşurdu.
Son dəfə xəfif, utancaq inilti eşidildi.
- Hədiyyən məndə...
Cahan birdən sivişib onun qucağından çıxdı, yanaqları pörtüb yanırdı:
- Allah xatirinə daha məndən əl çək...
Qadın qalxıb çarpayının bir qırağında oturdu. Koppuş barmaqlarının arasına aldığı siqareti alışqanla yandırdı. Onun gözləri alışqanın işığında bədəni əzginləşmiş Cahana nəvazişlə zillənmişdi.
- Canım, bir siqaret çəksən...
- Yox... gedin, Allah xatirinə! - ağlamsınıb üzünü divara çevirdi.
- Nahaq yerə vicdan əzabı çəkmə. Bu gün də olmasa, sabah...
Kimsə boğazını arıtladı. Pırpızsaç qadın susdu. Elə bil ona gecə seansının başa çatdığını işarə etdilər. Durub getdi. Cahan yerində narahatcasına qurcalandı. Hava işıqlandı. Cahan gözlərini əbədi xəstələr kimi bir nöqtəyə zilləmişdi. "Görəsən, sabah qadınlar mənim barəmdə nə düşünəcəklər?"
Gecəyarı otaqdan gedən qadınlar sakit-sakit yerlərinə uzandılar. Gecənin sükutunu yalnız məhbus çarpayılarının cırıltısı pozurdu.
... Səhər açılanda üzü xəcalətdən qıpqırmızı idi.
Cahan başını aşağı dikmişdi. Elə bilirdi bütün dünya onun gecə yaşadığı macəradan xəbərdardı. Utandığından səhər yeməyinə getmək istəmirdi.
- Özümdən iyrənirəm... - sıxıla-sıxıla pıçıldadı, - sir-sifətim yaman gündədir... - dodaqları səyridi.
Silotkə hardansa yumru güzgü çıxardıb ona uzatdı:
- Al bax, pis görsənmirsən. Yaxşısan. Dur ayağa, gedək.
Güzgüyə baxıb xeyli xəyala getdi. Bu güzgü ilk dəfə məktəbli çantasında gəzdirdiyi kiçik aynaya bənzəyirdi. Keçmiş günləri gözlərinin önündə bir an ilğıma döndü. Uşaq olmaq, başını nənəsinin dizinə qoyub, xumarlana-xumarlana eşitdiyi nağılın sonunu öyrənmək istəyi keçdi içindən. Başına gələnlər sonacan dinləmədiyi nağılların davamıydı yoxsa? Yox, o nağılların ağ atlı qəhrəmanları vardı: adamyeyən divlərə güc gəlib, qırxıncı otağın qapısının tilsimini sındırırdılar, dara düşmüş insanların həyatını xilas edirdilər...
- "Bəs mən bədbəxtin həyat nağılı necə bitəcək?"
O doğrudan da vicdan əzabı çəkirdi: Pırpızsaçlı manyak qadın onun müharibədə şəhid olmuş ərinin xatirəsini təhqir etmişdi. Bəs o, buna necə yol verdi? Get-gedə Cahan içəridən qovrulub hiddətlənirdi.
"İşə bax!" - deyirdi, "yaxamı bir manyakın əlindən güclə qurtarıb, asanlıqla başqa bir manyakın ağuşuna düşdüm..."
İştahasızdı. Səhər yeməyi yeyəndə hamının buz kimi soyuq baxışlarını üzündə hiss etdi. Dilinə bir tikə də vurmadı. Onu yeməyə heç kim təhrik etmədi.
- Bu lənətə gəlmiş yerin həbsxana olduğunu unutma, - Silotkə qulağının lap dibində mızıldandı...
Demək, bu an təkrar-təkrar yaşanacaqdı... Pırpızsaç qadın onunla eşqbazlıq edəcək, ürəyi istədiyi vaxt - gecənin bir aləmi ilan kimi ona sarılacaqdı.
Hər dəfə də ərinin ruhunu incidib, təhqir edəcəkdi.
- "Bəs onda necə edim ki, bu iyrənc qadın qır-saqqız olub gecə-gündüz boyun-boğazıma yapışmasın?!"
"İstər azadlıqda ol, istər türmədə - fərqi yoxdur, hər yan naqisliklə doludur". Beynində dolaşan fikirlər onun ruhunu əzirdi. Ölmək, ya da öldürmək hələ çox şeyə əlac deyil: "Ax, bircə o aypara şəkilli güzgü parçası burada olaydı". Məhkəmədə güzgü parçasını əşyayi-dəlil kimi götürmüşdülər.
- "Siz Qaraxanlını bu əşya ilə öldürməyə getmişdiniz?"
- "Bəli!"
- "Demək, onun ölümünü qabaqcadan planlaşdırmışdınız?"
- "Bəli, mən onu öldürmək barədə saatlarla, günlərlə düşünürdüm".
- "Bəs niyə siz aypara şəkilli bu güzgüdən istifadə etmədiniz?"
- "İti qılınc olan yerdə küt güzgü parçasına nə ehtiyac?"
- "Əminsiniz ki, onu siz öldürübsünüz? Axı zərif, gözəl qadınsınız. Ömrünüzdə idmanla məşğul olmayıbsınız. Bir həmləylə və ya zərbəylə onu necə öldürə bildiniz?"
Cahan bir an fikrə getdi. Bəlkə doğrudan da möcüzə baş verib: xəyalında canlandırdığı cəngavər imdadına yetişib, onu öldürüb? Sanki o qarayanız cəngavər kimi, bütün olanlar da yuxuydu... Bəsdir!
"Bu qədər xəyalpərəstlik yetər, Cahan!" Az qala xəstə bir ehtirasın əbədi əsirinə çevrildiyinin fərqinə varıb özündən çıxdı:
"Qəzəbim, nifrətim mənə güc verdi... İyirmi ildən çox idi ki, qəzəbim vulkan kimi içimdə yatırdı... Mənim qəzəbim Samuray qılıncından da iti idi, kəsərliydi. Əgər qılınc olmasaydı, onu əllərimlə boğacaqdım..."
İndi də özünə nifrət edirdi. Pırpızsaç qadının sifəti bircə an olsun gözünün önündən çəkilmirdi: sanki onun əlləri hələ də Cahanın ağappaq bədənində dolaşırdı. Ötən gecə onunla yaşadığını heç vəclə unuda bilmirdi: "Nahaq yerə vicdan əzabı çəkmə..." - səsi beynində uğuldayırdı. Nahar vaxtı yatağını səliqəyə salanda Silotkənin balıncının altında gizlətdiyi güzgü gözünə sataşdı. Hamı gedəndən sonra ağır fikirlər içində otaqda yubandı. Güzgünü götürüb sığalladı. Cahan özünü ölümə məhkum etmişdi. Güzgünü çarpayının baş tərəfinə vuraraq sındırdı, bütün gücünü toplayıb damarını kəsdi və son dəfə xəyala daldı: Yamyaşıl meşənin seyrək qoynundan bir atlı ona sarı çapırdı. Atın ayaqları yerə dəymirdi. Atlı ona yaxınlaşanda gözlərinin içinə baxıb başını buladı. Əmanət qoyub getdiyi qiymətli bir şeyi qoruya bilmədiyinə görə sanki onu qınadı. At da qoşa ayaqları üstə şahə qalxaraq, az qala onu tapdalayacaqdı. Atlı xəncərə oxşar güzgü parçasını ona tərəf atıb, sonra qeyb oldu. Cahanın qulağına qeybdən səs gəldi: "Güzgü təkcə qadın gözəlliyini əks etdirən əşya deyil, lazım gələndə ondan cəza aləti kimi də istifadə etmək olar".
- Aman Allah! Sən özünə necə qıydın, ay bacı!
Silotkə bu sözləri deyəndə, Cahanı qan aparırdı... Gətirdiyi hədiyyələr, əlində tutduğu gül dəstəsi yerə töküldü.
- Sultan göndərib bu şeyləri, - dedi - səni soruşdu, dedim ki, bir az özünü pis hiss edir. Allahın rəhmi gəlib sənə, bir az gec gəlsəydim, burda qan gölməçəsi yaranardı...
Cəld hardansa pambıqla tənzif tapıb, yarasını bağladı.
- Məndən başqa heç kim nə baş verdiyini bilməyəcək...
Döşəməyə tökülən qan izindən əsər-əlamət qalmadı.
- Bilsələr sorğu-suala çəkib, bezdirəcəklər, - dedi, - bir də Sultan eşitsə, məni boğub öldürər! Kaş tez gələydim...


Bir azdan Cahan özünə gəldi... Silotkə güclə onu yatağına uzatdı. Sonra gedib yeməyə nəsə gətirdi. "Deyərəm ki, xəstələnmisən..."
Cahan döşəmənin bir tərəfinə düşmüş sarı gül dəstəsinə baxdı. Bir vaxtlar infarkt keçirib, xəstəxanaya düşəndə Qaraxanlı da ona eynən belə gül dəstəsi göndərmişdi... Qaraxanlıyla Sultanın oxşar zövqləri onu düşünməyə vadar etdi. "İkisi də bir bezin qırağıdır".
Silotkə tez qayıdıb gəldi:
- Döz, bacım, döz! Bu xarabanın həbsxana olduğunu təkcə barmaqlıqlar deyil, həm də Sultan kimi manyaklar sübut edir.
- Deyəsən, bu xarabada ləyaqət barədə düşünmək də ayıb şey sayılır?..
- Adamın ağlına ən dəhşətli, ən pis fikirlər təklikdə gəlir... Təklik intiqam dərsi keçən müəllimə bənzəyir. Bundan sonra səni tək qoymayacağam.
Silotkə dəmir barmaqlıqlar arxasından sanki dünyanın hər üzünü görmüş yaşlı adamlar kimi danışırdı.
Ona qulaq asa-asa Cahan iki yol ayrıcında qalmışdı: əlinə ilk fürsət düşən kimi ya özünü asmaq, ya da var gücünü toplayıb, pırpızsaçlı qadını öldürmək...

***

Həbsxana həyatı olsa da, bu dünya yaşamalı dünyadı. Can da ki, şirin şeydi. İstər dağın başı olsun, istər dərənin dibi! Ömrün fəsilləri də sonsuz deyildi: bu ömrü Tanrı ona yaşamaq üçün vermişdi... Azadlıqda, ya da zindanda olmağın nə fərqi vardı, özünə qəsd etmək Tanrıya qarşı çıxmaqdı.
Bəlkə pırpızsaç, toppuş qadını əməlli-başlı əzişdirsin? Ancaq bu cür yelbeyin, manyak qadınlara zor göstərmək asan deyildi. Cahan həyatı boyu belə düşkün qadına rast gəlməmişdi. Onun nəzərində gözəl qadınlar burada - həbsxanada yalnız vaxt keçirmək, əylənmək üçündür. Görəsən, Cahan bu ifritənin qoynuna aldığı neçənci qadın idi?
"Yox, bu miskinliyə dözmək axmaqlıqdır".
İki-üç gün keçdi. Özünə gəldi. Cahan düşünürdü ki, artıq o əyyaş qadınla haqq-hesab aparmağın vaxtı yetişib; hətta özündə lap şir gücü hiss edirdi. O, bütün varlığı ilə döyüşə can atan cəngavər kimi bu məqamı səbirsizliklə gözləyirdi.
Həyətdə gəzinti zamanı qadın siqaret çəkə-çəkə ona yanaşdı. Ömründə siqaretin dadını bilməyən Cahan gülümsünə-gülümsünə əvvəl ondan bir siqaret alıb yandırdı. Qadın hiyləgərcəsinə ona baxıb güldü. Bu qadının yeri gəldi-gəlmədi qəhqəhə çəkib yalandan gülməyi, istədiyini çox asanlıqla əldə etməsi Cahana Qaraxanlını xatırlatdı. Bu qadın sanki Qaraxanlının əkiz tayı idi, elə bil bir ananın qarnından çıxmış, damarlarında eyni kişinin qanı axırdı. Ancaq Qaraxanlı ilə onun evində görüşdükləri gecə işvəkar qadın təbəssümünün yaratdığı dəhşətli möcüzəni xatırlayıb daxilən sakitləşdi. Yalançı təbəssümlə, gülə-gülə insan ən qəddar düşmənini belə yox edə bilər. Ancaq bu pırpızsaçlı qadının yanında hiss edirdi ki, süni təbbəssümləri onu müqəssir görkəmində ələ verə bilər. Bəs necə etsin ki, hərəkətləri inandırıcı görünsün?
Sultan şahzadələr kimi iki dəfə əlini bir-birinə vurub, şappıldatdı:
- Bax belə, başlanğıc üçün pis deyil, əvvəl bir az öskürəcəksən, sonra hər şey yoluna düşəcək. Hə, de görüm, mənim gülüm özünü necə hiss edir? Məncə, pis deyil... Bu xarabada böyük zövq almağı yalnız güclülər bacarır. Gülüm, bəs niyə uzunqol kofta geyinibsən? Rəngin-rufun da xoşuma gəlmir.
Cahan yırtıcı heyvanlardan qaçıb canını güclə qurtarmış yorğun maral kimi başını buladı. Onun qara saçları üzünə dağıldı. Köynəyinin qolu əllərini örtmüşdü.
- Bu səhər bir az üşüdüm... - dedi və doğrudan da əsnəyib üşüdü.
- Sənə bir dəstə gül, fransız duxusu, bir də ənlik-kirşan göndərmişdim...
Cahan: - Mən də gəldim ki, sizə... - birdən onu öskürək tutdu.
Sultan: - Başa düşdüm, təşəkkür etməyə lüzum yoxdur, canım, onlar boş şeydir. Sən o gecə təravətli bədəninin ətri ilə məni məst etdin.
Cahan: - Rəhmətlik nənəm kimi dağı arana, aranı dağa aparıb çox düşündüm, keçmişdən üzü bəri ağlı başında olan adamlar nə deyirsə, doğru çıxır: hansı kitabdansa oxumuşdum ki, təbiət bəzən insanı it kimi hürməyə, çaqqal kimi ulamağa məhkum edir, şərait isə məcbur edir ki, pişik kimi miyoldayıb, tülkü kimi quyruğunu bulayasan...
Sultan ağzını açıb heyrətlə ona baxırdı. Cahandakı bu dəyişikliyin səbəbini öz qələbəsi kimi zənn edib fərəhlənirdi.
- Yalan danışan adam ilandan da qorxuludur, - məzəmmətedici səslə özü-özünə, - İlahi, bu fikir hardan gəldi ağlıma? - dedi.
- Hə, bax, indi səndən lap xoşum gəldi, sənə nə it kimi hürmək lazımdır, nə pişik kimi miyoldamaq, burada eşşək kimi anqıran, quzu kimi mələyən təlxəklər az deyil! Amma bir şeyi unutdun, ağılla gözəllik səndədir, güclə hökmüranlıq isə məndə, bunları birləşdirsək həmişə kef çəkəcəksən. Mənim də nənəm deyirdi ki, türmə cəhənnəmlə cənnətin arasındadır. Hansına tərəf getmək sənin öz ixtiyarındadır.
Cahan: - Doğrudan, sən oğru Klaranın nəvəsisən?
Sultan: - Necə bəyəm, sən buna şəkk edirsən? Mənim yatdığım çarpayı onunkudur... Bu həbsxananın hər divarına nənəmin nəfəsi hopub!
Bu zaman Cahan kənardan onlara baxan məhbus qadınların çoxunun gözlərində qığılcım saçan quduz nifrəti, kini görüb ürəkləndi. Qəlbində: "Bu qadın görünür, məndən qabaq çoxunun gününü qara edib..." - deyə düşündü. Cahan yaxşı başa düşürdü ki, indi pırpızsaç qadınla münasibəti çoxunu çaş-baş salıb; gözlərdəki nifrətdən, deyəsən, onun da payı vardı. Demək saxta təbəssüm onlara inandırıcı təsir bağışlayıb.
O, yanaşı dayananda pırpızsaç qadından xeyli qüdrətli görünürdü. Lakin, di gəl ki, içində qorxu vardı. Bu qorxunu, xofu boğmaq güc istəyirdi. Cahan canında belə bir güc tapa biləcəkmi?
Cahan: - Məlahətli qadına zorla özünü sevdirmək arzusu mismarı dəmirə çalmaqdı, - dedi.
Əlbəttə, Sultan - üzü üzlər görən, dünyanın onsuz da həbsxana olduğunu əzəl başdan fəhm edərək, demək olar ki, bütün şüurlu həyatını həbsxanada keçirən bu kişi-arvad, azadlıqda özündən də betər zəlalət çəkən qatil qadının - Cahanın "Mismar - dəmir" söhbətini qulağına da almadı. Cahan isə o fəlsəfi sözlərdən sonra ikrahla əlindəki siqaretin tüstüsünü gözünə dolmasın deyə üfürə-üfürə əlavə elədi:
- İyrənc şeydi, - və istədi ki, tüstülənən siqaret kötüyünü tullasın.
- Dayan, atma, mənə bax, öyrən - deyə pırpızsaç qadın siqaretini sümürdü - nə dediyini başa düşmədim, açıq danış görüm?
Cahan duruxdu və siqaret barmaqlarının arasında tüstülənə-tüstülənə sanki içinə od dolduran qorxudan xilas oldu: "İslanmışın yağışdan nə qorxusu", -məsəli yadına düşdü.
Əyyaş qadın növbəti qullab üçün siqareti ağzına aparanda Cahan cəld onun ağzındakı siqareti qaparaq, öz əlindəki siqaretlə birlikdə pırpızbaşın yanağına sıxıb eşdi. Pırpızsaç çığırdı. Cahan o biri əlindəki güzgü qırığını onun boğazına dirədi:
- Məndən uzaq ol! İstəsəm bu dəqiqə qırtlağını kəsərəm... Burdan meyitin çıxar... Sənin kimi ifritəyə görə ömürlük burada çürümək istəmirəm... Bildin?..
O, Cahana müqavimət göstərmədi. Cahan güzgü parçasını çəkər-çəkməz pırpızbaş əlini Cahanın saçına atdı. Qadınlar bir-birinin saçlarından yapışıb yerə yıxıldılar, haraya gələnlər əvvəl tamaşa etdilər, sonra ayırmaq bəhanəsiylə pırpızsaç qadının əl-qolunu tutub dartışdırdılar, Cahan boş dayanmadı, onu bəs deyincən yumruqladı... Sultanın üzünü güzgü parçasıyla neçə yerdən cızıb qanatdı. Bayaqdan Cahanı qınayanlar, onun gözlənilməz hünərini ağlına gətirməyənlər, qəribə bir həmrəylik göstərdilər.
"Pırpızı" xəstəxanaya, Cahan Axundovanı təkadamlıq kameraya apardılar. O, atıldığı darısqal təcridxanada dizlərini qucaqlayıb doyunca ağladı. "Pırpız" xəstəxanadan çıxandan sonra, görəsən, nələr olacaq? "Eyib etməz, qoy çıxsın, gözünün odunu elə alım ki... Yəqin asanlıqla əl çəkməyəcək. Mübarizə davam edəcək. Allah kimə verər, verər..."
Tələbəlik illərində məhbusların çətin anlarda bir-birlərinə yaşamaq ümidi verməkləri barədə çoxlu kitablar oxumuşdu, filmlər görmüşdü. Burada isə hər şey ayrı cür idi... Həbsxana nağıl deyildi, sərt, amansız gerçəklikdi.
Əsas məsələ ölüm-dirim məsələsidi... amma o, ölmək yox, yaşamaq istəyirdi.

***

Adil Hüseynli gözünün yuxusunu qovub, növbəti vərəqi çevirdi...
"Burada çılpaq divarlar nə eşitdiyindən utanır, nə də gördüyündən. Lay daşların dili olsaydı, bu acı həyatdan nələr danışmazdı?! Canım elə sıxılır, elə sıxılırdı ki, sanki mənim canımı da doğrayıb soyuq daşlar kimi buranın divarlarına hörüblər...
Nə yaxşı ki, sizə bu məktubu göndərə bildim, ürəyimi az da olsa, boşaltdım. Rəvayət edirlər ki, şeytan ilan cildinə girib, Adəmlə Həvvaya Şər ağacının meyvəsini yedizdirmişdi. Həbsxanada olduğum bu müddət ərzində isə dərk etdim ki, ilanlar bu günün özünə kimi həqiqət, ədalət anlayışını şübhə altında saxlamaqla yanaşı, həm də insanı insanda puç edən, cənnətləri cəhənnəmlərə çevirən Şərin tilsimi, qorxunun, vahimənin simvoludur.
Azadlıqda keçən günlər ömür, burdakı günlər isə müddətdir. İndi burda - həbsxana hücrəsinə çökən gecələr Qara Div kimi üstümə gəlir. Hissimi, duyğumu tilsimə salıb gəmirir, qadın ömrümü öz ehtiraslarının qurbanına çevirir. Gündüzlərsə tənha bir guşəyə çəkilib, sizin xəyalınızla həmsöhbət oluram. Ətrafımda baş verənlərə sizin gözünüzlə baxmağa çalışıram. Məhkəmə hakimləri bir yana qalsın, deyəsən, bu məmləkətdə Qadın həbsxanası adlı bir cəzaçəkmə müəssisəsinin olduğunu yazıçılarımız, şairlərimiz də unudublar. Axı, burdakıların çoxu anadır. Və bu anaların çoxunun məcburiyyət qarşısında qalıb törətdiyi cinayətin müqabilində çəkdikləri cəza çox ağırdı... Məgər o qələm sahiblərini ana doğmayıb? Ərim vətən uğrunda şəhid olub, mənsə dustağam - oğlum məndən üz döndərib, gəlinimin, nəvəmin üzünə həsrət qalmışam. Bu arzuolunmaz taleyi məndən öncə də yaşayanlar çox olub! Əslən türk qızı olan rus şairəsi Anna Axmatovanın ərinin qanlı köynəyini qapısına atıb, oğlu Lev Qumilyovu həbsxanaya göndərmişdilər, tənha qalmış qadın-ana div kimi müdhiş sovet rejiminin təcavüzünə məruz qalmışdı. Amma: "Cavab tələb edən ehtiraslar qoy boğsun sevgiləri, biz ki ruhuq, əzizim!" - deyib ruhuna sədaqətli olan bu qadını ömrünün sonuna qədər idbar div boğub öldürə bilmədi...
Görünür, zaman dəyişsə də, qorxulu nağıllar davam edir, div mifoloji obraz olsa da, nənələrimiz bizi uşaqlıq çağlarımızdan gələcəkdə üzləşə biləcəyimiz ən böyük maneələrlə mübarizəyə hazırlayırmışlar. Xalq nağıllarımızın qəhrəmanları divlərin qırxıncı otaqda saxladığı günahsız qızları xilas etmək üçün vuruşub, təkcə qılınc gücünə deyil, həm də ağlına, zəkasına güvənib sehirli tilsimi sındırırlar. Şər sahibinin xətasından nicat yolu tapmağın qırx yolu varsa, qırxını da sınaqdan keçiriblər.
Mən sizin təzə kitabınıza o tilsimli qırxıncı otağın açarlarından biri kimi baxıram. Axı, siz həm də təcrübəli hakimsiniz. Oğlumu, gəlinimi, üzünü görmədiyim nəvəmi mənə qaytara bilərsinizmi?
Ailə süfrəmizin başında oturmasam da, hər gün gözlərim yolda, qulaqlarım səsdədir. Heç olmasa, bir dəfə ziyarətimə gəlib, nəvəmi mənə göstərəydilər.
Mən öz həyatımın ən gözəl günlərini, gəncliyimi canımdan artıq sevdiyim övladımın xoşbəxtliyi naminə qurban verdim. Allahın nəzərində bir insanın o biri insanın xoşbəxtliyi naminə canını fəda etməsindən artıq qeyrət yoxdur. Düzdür, qan tökülüb, insan ölüb, amma mənim vicdanım təmizdir.
Yəqin, bu məktubumla sizi lap yordum? Şübhəsiz ki, yazdığım məktubdan aldığınız ilk təəssüratla mən də razılaşa bilərəm. Çünki dəmir barmaqlıqlar arxasından dünyaya boylanan hər bir məhbusun düşüncələri həbsxana otaqları kimi dar və soyuq, çılpaq və maraqsız, hətta cansıxıcı görünə bilər. Bura yolu ilk dəfə düşən hər kəs öz daxilində itirilmiş "Mən"i axtarır. Bəlkə bu məhrumiyyətlər ucbatından buradakı qadınlar sayca mənə çox görünür? Hərdən bütün günahları zamanın, dünyanın, ayrı-ayrı zalımların üstünə yıxan bu məhbusları dinlədikcə adamı dəhşət bürüyür. Onlar bu dar qəfəslərdən qurtulmağı azadlıq hesab edirlər. Azadlığın mücəssəməsi məncə ruhdur... O ruh ki qolların qandallansa da, hər zaman səni sevdiklərinin yanına aparır. Sevdiyin meşənin qoynunda gəzir, sevdiyin dənizə baş vurursan, sevdiyin qadına və ya kişiyə qovuşursan. Otuz il sanki buxovlanmış ruhla gəzirdim. İndi cismim dustaq olsa da, ruhum azaddır.
...Sözün düzü, mən sizdən cismim üçün təmənnasız, qarşılıqsız yaxşılıq gözləyirəm. Məni tanımadan, üzümü belə görmədən edəcəyiniz yaxşılığı ömrüm boyu unutmaycağam və ölüncə özümü sizə borclu biləcəyəm. Ömür vəfa eləsə, bu borcunuzu ödəməyə çalışacağam. Nəyə gücüm çatmasa da qələmimə və ürəyimə gücüm yetər.
Mən sizin kitabınızı oxuduqca, qəribə hisslər keçir ürəyimdən. Sanki daxilimdəkiləri duyub, fikirlərimi qələmə almısınız. Bəlkə də sizi mənə doğmalaşdıran elə budur. Hər gün kitabınızı dərin qibtə hissi ilə yenidən əlimə alıram, ayrı-ayrı səhifələrini təkrar-təkrar oxuyuram. İnsan sona qədər dərk edilməyən bir məxluqdur. Əgər biz özümüzü anlaya bilmiriksə, hansı elmi tədqiqat institutları, akademiyalar bizi ifadə edə bilər? Bu an sizə olan hisslərimə, münasibətimə ad verə bilmirəm. Bu hisslərin dostluq münasibətlərindən, doğmalıq duyğusundan da yuxarı olduğuna əminəm. Hətta bu hissi oğluma, gəlinimə, üzünü görmədiyim körpə nəvəmə olan doğmalıq hissindən də böyük və müqəddəs sanıram...
Cəzalar bizim törətdiyimiz əməllərə görə verilir, insanlıq duyğumuza, sevgimizə, nifrətimizə görə yox! Bura bizim azadlığımızı əlimizdən alıb, insanlığımızı, yaşamaq həvəsimizi, geriyə dönmək istəyimizi yox!
İndi daha özümü o qədər də bədbəxt, köməksiz hiss etmirəm. Çünki Sizə inanıram. Məsləyinizə güvənirəm. Bəlkə də mənim uşaqlıq çağları xəyalımda heyran olduğum, yolunu gözlədiyim cəngavar elə Sizsiniz. Bilirəm, xəyalların verdiyi duyğular heç vaxt adama nəsib olmur. Amma içimdə qəribə bir hiss var. Mənə aydın olmayan bu duyğuya nə ad verim, heç özüm də bilmirəm. Siz qəlbimin başında, ürəyimin taxtı-tacında qərar tutan haqq aşiqisiniz. Ömrüm boyu duaçınız olacağam. Həmişə başınızın üstündə kövrək, həssas bir qəlbin duası olduğunu unutmayın!..
İstər kasıb olsun, istər varlı, istər həbsxana həyatı yaşasın, istərsə tam azad olsun - hər bir insanın ömrü yazılmamış kitabdır. Qoy mənim sizə təqdim etdiyim "Könül dəftəri" əsasında yazacağınız roman dillər əzbəri olsun.
Sizdən, çox sevdiyim bir şeir parçası ilə ayrılıram:


Ümidim, pənahım, sevincim otaq!
Düzürəm uc-uca ömür sapını.
Mən sənə gəlirəm, qırxıncı otaq!
Gəlirəm, döyməyə sirli qapını.

Qırxıncı otağa gedir yol gedən,
Əzir boyunları ağır yük samı.
Hamının yeganə pənahı sənsən,
Səninçün yaşayır dünyada hamı...

Allahın ilanı gözlərində qəm
Can verir, ulduzu uçandan sonra.
Fələk,
məni öldür, uf da demərəm
Qırxıncı otağı açandan sonra!

Orda açılacaq ən sirli düyün,
Orda əriyəcək gilə-gilə qəm.
Oada çalınacaq İarafil züyü -
Əgər ölmüşəmsə, diriləcəyəm.

Bəs əgər qırxıncı çeşməyə girsəm,
Bəs əgər görsəm ki, həmən həməndi,
Təzədən yaşasam qəm ilə sərsəm,
Görsəm daşı soyuq, divarı nəmdi,
Bəs onda nə olsun, qırxıncı çeşmə,
tablarmı bu zülmə qan dolu beynim?
Atın qabağında ət görsəm... heç nə...
İtin qabağında ot görsəm, neynim?

Saralmış yarpaq tək ürəyim qopar
Nadanlıq paxıllıq diridi görsəm.
Qalxar çiyinlərim, belim qırılar
Sənin də tərəzin əyridi görsəm,
Bəs onda nə olsun, qırxıncı otaq?

Didir divarını məftil tikanı,
Sinəndə Arazın dağı var görsəm,
Görsəm ki, içilir kasıbın qanı,
Yurduma göz dikən yağı var görsəm,
Bəs onda nə olsun, qırxıncı otaq?

Ağ at ayağını çidar qanadır,
Görsəm ki, nağıldı ağ atlı oğlan,
Onda boğazıma salaram çatı,
Mən səndən intiqam alaram inan,
İntiqam alaram, qırxıncı otaq!

Daş üstə qoymaram, vallah, daşını
Görsəm yenə boğur köhnə qəm səni.
Soyuq divarına vurub başımı
Qanımı üstünə tökərəm sənin!

Onda qurumazmı dünyanın otu,
Görərsən üstümə min lənət yağdı.
Hamı da bilər ki, o otaq yoxdu,
O otaq qəbirdi, qan ocağıdı!

Ümidim, pənahım, sevincim otaq,
Düyürəm uc-uca ömür sapını.
Mən sənə gəlirəm, qırxıncı otaq,
Gəlirəm döyməyə sirli qapını...

Görüşmək ümidi ilə,
Cahan".

Ü Ç Ü N C Ü H İ S S Ə

...Hədiyyəni, kağız-kuğuzlarını götürüb evə yollandı; payi-piyada. Göyün üzü tutqun idi. Dəniz tərəfdə təkəmseyrək ağ bulud parçaları görünürdü. Yollar həmin yollar idi. Maşınların səs-küyü ilə dolu, sürücüləri əsəbiləşdirən uzun-uzun tıxaclar, amma o, əvvəlki kimi sakit, kəsə yolla evinə gedirdi, təkcə qəlbində dolaşan fikirlər başqaydı. Səhərki fikirləri hara, indikilər hara?!
Bir azdan mənzilə çatıb, kostyumunu çıxaracaqdı, yüngül ev paltarını geyinib əl-üzünü yuyub qurulanacaqdı. Sonra da mətbəxtə keçib özünə yaşıl çay dəmləyəcəkdi, yazı masasının arxasında əyləşib, yaşıl çaydan içə-içə işləyəcəkdi. Başı işə o qədər qarışacaqdı ki, qonşu qadının gəlişindən xəbəri olmayacaqdı, qadın da adəti üzrə mətbəxə keçib, süfrə hazırlayacaqdı, sonra sakitcə qonaq otağına gəlib, ona "Axşamınız xeyir!" - deyib, - "Buyurun, Adil müəllim, süfrə hazırdır! Mənə aid qulluğunuz yoxdursa, gedim?" - soruşacaqdı.
Adil Hüseynli də ayağa qalxıb, qonşu qadına səmimi-qəlbdən: "Çox sağ olun, Əsmər xanım", deyəcəkdi. Yəni gedə bilərsiniz...
Qadın yorğun baxışları ilə ona baxıb, lal-dinməz gedəcəkdi. O baxışlar Adil müəllimə "Sən Allah, evlən", ya da "bircə evlənsəydin, mənim də canım bu vaxtlı-vaxtsız get-gəllərdən qutarardı..." - deyəcəkdi.
...Yolda "Dəftərxana dünyası" dükanına baş çəkdi. Qovluq, ağ kağız alıb yoluna davam elədi. Şübhəsiz ki, Cahan xanımın başına gələn əhvalatlar barədə düşünürdü. "Doğrudan da bu qadının hekayəti yazılmamış kitabdır, bir-iki günə vaxt tapıb, Qadınlar həbsxanasına getmək, ona baş çəkmək lazımdır. Mübariz adam olduğu məktubundan bəllidir. Bizim onunla ruh yaxınlığımız var, amma onun üçün təklik əzabı daha çətindir, çünki oğlu, gəlini, nəvəsi ola-ola, bu əzabı daşımaq çox ağırdı, mütləq ona baş çəkəcəyəm, mütləq..."
Açarları çıxarıb qapını açanda birdən fikirdən ayrıldı. Mənzilin qapısı açıq idi. Ehtiyat açarları qonşu qadına verdiyindən arxayınçılıqla içəri keçdi. İçəridə gördüyü mənzərə onu dəhşətə gətirdi, mənzilin altını üstünə çevirmişdilər. İş otağı kimi istifadə etdiyi qonaq otağının ortasında - əli-qolu iplə bağlanmış qonşu qadının gözləri kəlləsinə çıxmışdı, onun ağzını yapışqanlı kağızla bağlamışdılar. Qoca hakim qadının qollarını açıb, ehtiyatla ağzından yapışqanlı lenti qopartdı.
- Onlar məni aldatdılar... - deyərək qadın qorxu içində sayıqlayırmış kimi dilləndi - su sayğacına baxmaq üçün açarı istədilər. Soruşdum, siz axı, haradan bilirsiniz ki, bu mənzilin açarı məndədir? Dedilər ki, birinci dəfə deyil ki, biz bura gəlirik. Sayğacın rəqəmlərini yazıb gedəcəyik... İçəri keçəndən sonra məni süpürləyib, əl-qolumu bağladılar, otaqda nəsə axtarmağa başladılar.
Bir azdan polis idarəsindən gəlib hadisə yerinə baxış keçirtdilər...
- İndi mənzil qarəti adi hal alıb, oğruların çoxu qonşu ölkələrdən gəlir.
Qapı-qonşusu naməlum adamların su idarəsinin xüsusi geyimində olduğunu bildirdi.
- İndi elə geyimləri tapmaq çətin iş deyil, - deyə polis zabiti dilləndi.
- Yəni deyirsiniz ki, oğru istəsə, lap polis qiyafəsi də geyinə bilər?! - qonşu qadının sualı zabiti çaşdırdı.
- Bilirsiniz, xanım, indi əsas şərt tez-tez dəyişdikləri qiyafədə deyil, bu adamların özlərindədir. Adamlar da yaman dəyişib!
- Necə dəyişib axı? Keçmişin adamlarının da bir ürəyi vardı, iki gözü, iki əl-ayağı... indiki adamların da.
Əsmər arvad qaşqabağını salladı.
"Qırxıncı otağın sirri" kitabının əlyazmasının oğurlanması Adil Hüseynliyə böyük mənəvi zərbə olsa da, o özünü təmkinli aparırdı.
Onu ruhdan salmağa çalışan adamların qorxaqlığı qəlbinə nəsə bir toxtaqlıq verirdi.
...Amma getdikcə o toxtaqlıq hissindən əsər-əlamət qalmadı. İtginin ağırlığından ürəyi sıxılmağa başladı. Üzərində gecə-gündüz çalışdığı əlyazmanın oğurlanması onun üçün elə ölmək, ya da öldürülmək kimi bir şey idi...
- Biz oğrunun tapılması üçün əlimizdən gələni edəcəyik, möhtərəm hakim...
Polislər gedəndə zərərçəkmişlərə çoxdan məlum olan, hər cinayət hadisəsinin tədqiqatına başlanarkən təkrarlanan bu sözləri dedilər.

***

... Səhərə qədər işləyib kitabın əsas yerlərini bərpa etməyə çalışdı. Gerçəkdən də gün var bir aya dəyər... Gündüz saat on ikiyə qalmış qonşu qadının mətbəxdə gəzib-dolaşması onu yuxudan oyatdı. Qadın qoca hakimin xəstə olduğunu düşünüb, sarıkök qatılmış südlü aş bişirmişdi. O, yüngüldən ah çəkərək hələ də təzə kompüterin qarşısında gözlərini ovuşdurub fikrə gedən hakimə baxdı.
- Gözləriniz yaman qızarıb... Allah eləməsin, naxoşlayıb yenə yorğan-döşəyə düşərsiniz axı!..
O, əl-üzünü yuyub qurulandı, qadın hələ də ona baxırdı.
- Bu gün bütün günü evdə oturub işləyəcəyəm, - dedi və nə fikirləşdisə, sınayıcı nəzərlərlə qadını süzüb xəbər aldı: - Əsmər xanım, siz evə girən adamları üzdən görsəniz tanıyarsınız?
Qadın günahkar görkəm aldı:
- Nə bilim vallah, o qədər arıq idilər ki, lap Məşdi İbadın hambalına oxşayırdılar.
Adil Hüseynli öz qəlbində Cahanın hekayətini xatırlaya-xatırlaya fikrə getdi. Qonşu qadın mənzildə səliqə-sahman yarada- yarada elə bil özü-özüylə danışırdı:
- Yaş ötür, ömür gedir, məncə, sizə bu gen-bol evdə könül həmdəmi olan bir halal süd əmmiş qadın gərəkdi...
Ev sahibinin fikri-zikri Cahanı görmək idi. Gözlərinin qarşısında onun surəti canlanmışdı. Yəqin orda, dəmir barmaqlıqlar arxasında əlləri qoynunda bir qadın dərdli-dərdli oturub, fikrə getmişdi.
- Bəlkə gözləri həbsxanada yol çəkir, məktubuna cavab gözləyir? - qeyri-ixtiyari dilləndi.
- Demək, yaxşı tanıdığınız bir həmdəminiz var? - Əsmər arvad hərdən ürəklə, həm də ucadan "qonşu" deyə çağırdığı kişinin onun təklifini eşitdiyinə sevindi.
Adil Hüseynli isə pəncərədən çölə baxıb pıçıldayırdı:
- Məncə, yaşı ötmüş bir kişi ilə ailə quracağı qadının arasında sevgidən, məhəbbətdən qabaq dostluq münasibəti olmalıdır. Mənimsə, hələ ki, belə bir könül dostum yoxdur.
Qonşu qadın heyrətlə:
- Rəhmətliyin oğlu, bu iş-güc başınızı elə qatmışdı ki, dönüb ətrafınıza belə baxmırdız. İndi ki təqaüdə çıxıbsız, bekarsız...
- Nə bekar, canım, iş hələ indən sonradır...
Ayağa qalxıb tavana qədər uzanan kitab dolabına yaxınlaşdı. Qalın cildli kitablardan birini götürüb baxdı. Sonra köhnə maqnitafonun düyməsini basıb "Kor ərəbin mahnısı"na qulaq asmağa başladı.

O bu mahnının vurğunu idi. İllərlə bezmədən onu dinləyirdi...
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə şur olaydı, nə mətəm...

Adil Hüseynli dərin fikrə getmişdi.
- "Yəni müəllifin dahiyanə qələmə aldığı bu kəlmələr kor adamın qəlbindən işıq kimi süzülmüşdü nə zamansa... İlahi, görəsən kor o idimi, yoxsa onun yaşadığı zəmanə... Bəlkə öz zəmanəsinin əyər-əskiklərini görüb susan biganə adamlara bu fikirlər kor adamın ədalət dərsi idi:
...Tükəndi təqətü-səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Əsmər arvadsa qəlbində qonşusunu qınaya-qınaya başını buladı:
- "...Mən də sevindim ki, kişi özünə arvad tapıb! O isə yenə bu dərdlə-ələmlə dolu mahnını dinləyir, bəlkə arvadı-uşaqları yadına düşüb?"
Sonra xanəndənin səsi Əsmər arvadı da kövrəltdi.

***

...Ertəsi gün qoca hakim Cahan xanımın "Könül dəftəri"nin surətini çıxarıb Ombudsman Aparatının rəhbəri ilə görüşə yollandı, bu qadını uzun müddət idi ki, tanıyırdı. Hələ tələbəlik illərindən o, qadınların hüquq müdafiəçisi kimi ad qazanmışdı. Ombudsman Adil Hüseynlini diqqətlə dinləyib, onun şəhid ailəsinin başçısı olan bir qadına verilən cəzanın yüngülləşdirilməsinə dair təşəbbüsünü alqışladı.
- Adil müəllim, əmin olun, Cahan Axundovanın adının Novruz bayramı münasibətilə ölkə prezidentinin əfv edəcəyi məhkumların siyahısına salınması üçün əlimdən gələni əsirgəməyəcəyəm...
- Çox sağ olun, inanıram ki, o, əfv olunacaq!
... Elə o gün bu şad xəbəri Cahan xanıma çatdırmaq üçün güllərdən çələng hördürüb, Qadınlar həbsxanasına yollandı.
Qadınlar həbsxanasında Novruz bayramı münasibəti ilə şənlik məclisi qurulmuşdu.
Təzə-təzə estrada ulduzu kimi tanınan, amma ifa etdiyi mahnılardan çox, qalmaqallarla şou-biznes aləminin gündəmindən düşməyən müğənni Mənzər Qarasevda həbsxananın həyətində məhkum qadınlara bayram konserti verirdi. "Bu qadın Cahan xanımın "Könül dəftəri"ndə haqqında bəhs elədiyi həmin qarayanız, böhtançı qadın idi, görəsən, bura gəlməkdə niyyəti nədir? Axı o da Cahanın könlünə acı tikan batıran adamlardan biri idi".
- Dəvət etməyə başqa müğənni tapmadınız? - deyə soruşdu.
Həbsxana rəisi Adil müəllimi tanıyıb, onun da tədbirə qatılmasını xahiş etdi:
- Bilirsiniz, biz onu dəvət etməmişik. Qəfildən özü gəlib, görünür, reklam azarı var. Ancaq mən heç bir çəkilişə icazə vermədim. Dəvət etdiyimiz müğənnilərsə müxtəlif bəhanələr tapıb, hələlik öz konsert proqramlarını təxirə salırlar... Bizim qadınlar özləri gözəl səhnəciklər hazırlayıblar. Sizin gəlişiniz də lap yerinə düşdü. Burda sizi məhkəmə hakimindən daha çox, yazıçı kimi tanıyırlar. Məhbuslar qarşısında beş-on dəqiqəlik çıxışınızın, məncə, böyük tərbiyəvi əhəmiyyəti olar. Bizdə bir oxumuş qadın var - Cahan burda sizin kitabınızın müzakirəsini keçirmək istəyir. Məncə, o şad xəbəri ona, üstüörtülü də olsa, çatdırsaz, əla bayram sürprizi olar...
Müğənninin ayrılıq, sevgi barədə oxuduğu mahnılara qulaq asan qadınların çoxu kövrəlmişdi, ağlayanları da az deyildi.
Adil Hüseynli rəislə bir tərəfdə dayanıb hərdən qadınlara nəzər salırdı. "Cahan yəqin ön cərgədə oturub?" - deyə düşündü. Bir azdan ön cərgədə oturmuş cavan bir qadın səhnəyə çıxıb:


- Biz burda musiqisiz-filansız da kifayət qədər ağlayıb göz yaşı tökürük, siz yaxşı olar ki, şən və oynaq mahnılar oxuyasız, biz də oynayıb rəqs edək, şənlənək, - dedi.
...Sonra rəisin işarəsi ilə müğənni qadın proqramı yekunlaşdırdı:
- Di salamat qalın! Mən sizin hamınızı sevirəm, Allah bağlı qapınızı açsın! Qismət olsa, hər bayramda gəlib burda sizə konsert verəcəyəm: Qurban Bayramı, Qadınlar Bayramı, Yeni ildə... bura gələcəyimə söz verirəm. Hamınız yaxşı bilirsiniz ki, mən şou dünyasında sensasiyalı açıqlamalarımla məşhuram. Odur ki sizə ən xoş arzularımı deməklə yanaşı, həm də bir şok açıqlama verəcəyəm. Çox təəssüf ki, həbsxana rəisi televiziyadan dəvət etdiyim operatorları içəri qoymadı, bəlkə də doğmalarınız sizi televizorda görüb, toxtaqlıq tapardılar!
Qadınların etiraz dolu səsi külək kimi vıyıldayıb keçdi.
Mənzər Qarasevda sözünə davam etdi:
- Amma bu mənim sizə söyləmək istədiklərimin hamısı deyil. Baxın, yaxşı-yaxşı baxın, aranızda mənim çox abırlı, çox imkanlı sponsorumu qətlə yetirən bir qadın əyləşib. Üz-gözündən lap mələyə oxşayır. Əgər o mənim sponsorumu öldürməsəydi, bu il Yevrovijn müsabiqəsində ölkəmizi təmsil edən ilk müğənni mən olacaqdım...
Bu zaman üçüncü sırada əyləşən Cahan dik ayağa qalxıb, uzaqlaşmaq istəyəndə rəis onu saxladı və müğənni qadına tərəf baxıb başını buladı... Yəni "Buna gərək yox idi... Daha bəsdir!".
Amma müğənni dil qəfəsə qoymurdu, az qala bağırırdı:
- Baxın, mənim kliplərimin çəkilişinə kömək edən, dünya şöhrətli böyük bir alimi - akademik Aşur Qaraxanlını qətlə yetirən həmən bu qadındır. Onu da deyim ki, bu qadın bir zamanlar mənim nişanlımı da əlimdən almağa çalışırdı...
Bu zaman rəis mikrofonu ondan alıb, hamını sakitləşdirdi:
- Sakit olun, inanın, bu sözləri Mənzər xanım şou xatirinə deyir, özü də etiraf etdi ki, onu populyarlaşdıran belə dedi-qodulardı. Ona görə də mən bu gün onun özüylə gətirdiyi qəzetçiləri, televiziya əməkdaşlarını içəriyə qoymadım. İndi sizin qarşınızda bu gün müzakirəsini keçirəcəyimiz romanın müəllifi Adil müəllim çıxış edəcək. Xahiş edirəm, ona təkcə məhkum qadınlar deyil, əgər hövsələsi olsaydı, həm də Mənzər xanım da diqqətlə qulaq asardı...
Hamı əl çaldı. Sanki qəzəbdən don geymiş Mənzər kötək yemiş it kimi zingildəyib "səhnənin" kənarına çəkildi. Adil müəllim əllərində tutduğu gül çələngiylə mikrofona yaxınlaşıb dedi:
- Düzü, mən bura gələndə belə bir mənzərə ilə üzləşəcəyimi heç xəyalıma gətirmirdim. Bizdə deyirlər ki, yanlış da bir naxışdı. Ona görə çıxışımın sonunda deyəcəyim bir şad xəbəri əvvəlcədən bildərməyə məcbur oldum. Deyirlər hər bir insan dünyaya gələndə ulu Tanrı onun ömür payını da verir. Amma zaman, şərait ömür adlı o gözəl nemətə bəzən zəhər qatır, insanı ağlagəlməz faciələr, dəhşətlər burulğanına salır. İşıqlı günlərini qaranlığa bürüyür. Allah fədakar insanları iztirabla, ağrılarla, itkilərlə sınağa çəkir, kamilləşdirir və son anda səbrinə, təmkininə görə müjdə verir. Hər şeyə tez və asan nail olan adamlarsa çox insani dəyərlərdən məhrum olurlar. Əsl məhkumluq həyatı da elə budur: kor-koranə risk edib, bayağı ehtirasların əsiri olmaq! İnsanın daxilində qərar tutan vəhşi, qarşısıalınmaz hərislik hissi faciələr törətməkdən sığortalanmayıb. Cahan xanımın qətlə yetirdiyi adam, əslində özü öz faciəsinin səbəbkarı olmuşdur. Və burada Mənzər xanımın dediyi dırnaqarası nişanlı məsələsi də onun tərəfindən uydurulmuşdur. Bu cinayət faktı çox səthi araşdırıldığına görə, bu günlərdə ona yenidən baxılacaqdır. Bilirsiniz ki, Cahan xanımın həyat yoldaşı Allahın vətənimizə cənnət guşəsi kimi bəxş elədiyi doğma Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşlərdə həlak olub. Təbii ki, bu da nəzərə alınacaq. Və üzümü Cahan xanıma tutub demək istəyirəm, bu gün-sabah sizin həsrətlə gözlədiyiniz qırxıncı otağın tilsimi sınacaq. Həyatda o qadın xoşbəxtdir ki, həm analıq, həm də qadınlıq şərəfini uca tutur. Bir az da səbir et. Hələlik isə həbsxana rəhbərliyi sənin yerini dəyişib, burada ibadətlə məşğul olan qadınların binasına göndərəcək... Qoy bu ətirli gül çələngi həyatı həyat kimi yaşamaq istəyinizə bahar təravəti qatsın...
Cahan tərəddüd edə-edə səhnəyə qalxdı...
- Ən böyük cəza ... unutmaqdı deyirlər.
Məhbus qadınlar sanki onu yenidən görürmüş kimi əl çaldılar.
Hamı Mənzər Qarasevdaya həqarətlə baxıb, onu hoydu-hoyduya götürdü.
- Bu əhvalat real hadisədən çox, bu vaxtacan eşitdiyim ən yaxşı nağıllara bənzəyir, - Cahan ikilikdə qonaq otağında söhbət edərkən Adil Hüseynliyə necə təşəkkür edəcəyini bilmidi.
- Mən də uşaq vaxtı sənin kimi nağılbaz idim... Danış, görüm, burda mənim bilmədiyim daha hansı xoşagəlməz hadisələr olur?
- Elə bil burda heç olmamışam, ruhum həmişə azadlıqda-sevdiyim insanların yanında olub!
- Sevdiyin insanların yanında!

***

...Həbsxanadan qayıdandan sonra, axşamüstü Adil müəllim Cahan xanımın evinə gedib, Talehlə də ətraflı söhbət etdi...
O, bütün gücünü toplayıb Talehi anasının ziyarətinə getməyə razı saldı.
İş bununla bitmirdi. Qoca hakimin şəxsi həyatında sözlə ifadə edilə bilməyən gərginlik yaranmışdı: dünənə qədər o, yalnız təqaüdə çıxmaq barədə düşünürdü. Bir tərəfdən də nəşrə hazırladığı yeni kitabına topladığı sənədli materiallar mənzilindən oğurlanmışdı.
"Qırxıncı otağın sirri" onu çox məşğul eləmişdi.
- "Gördünüz, sizə deyirdim axı, indi modern texnika əsridir...", - qulaqlarına Şahinin ironiyalı səsi gəldi.
"Bax, bu fikrində Şahin Verdiyev haqlıymış: əgər vaxtında kompüterdə yaza bilsəydim, heç olmazsa, kitabımda istifadə etdiyim materialların surəti qalardı. Bəlkə onda...
Birdən Adil Hüseynlinin ağlına qəribə fikir gəldi. Son söhbətlərində Şahinə deyəsən axı "Qırxıncı otağın sirri" adlı kitab üzərində işlədiyini söyləmişdi.
Əlyazmanın oğurlanmasının Şahinlə əlaqəsi ola bilərdimi? Ötən gecə, saatlarla düşünsə də bu fikir ağlının ucundan belə keçməmişdi. Görəsən, niyə? Bəlkə düşünmüşdü ki, atalı-analı "bəxtəvər" dediyi bu adam ana uşağıdır, məgər onu şəxsi biznesdən - alverdən savayı bir şey maraqlandırırmı? Qəribədir, həmişə "anam belə dedi", "anam elə etdi" deyən bu cavan oğlan niyə atası barədə heç nə danışmır?
Bəs görəsən Şahinin yanına tez-tez gəlib gedən o qadın kimdir?
- "Mənə elə gəlir ki, onu hardasa görmüşəm? Demək nağıllar içində bir nağıl da var: bu nağılın adı hələlik qoy "Qara Şahinlə naməlum qadının nağılı" olsun!"
Bəlkə də qırxıncı otağın tilsimi elə o naməlum qadınla bağlıdır?
... "Qırxıncı otağın tilsimi sınacaq". Bu fikri qəlbinə hakim olmuşdu, heç cür unuda bilmirdi. Həm də Cahanla elədiyi söhbətin təsiri altındaydı. Qoca hakim yaxşı bilirdi ki, içindən ötüb keçdiyi zaman geriyə dönüşü olamayan uzun yol kimidi. Hər addım bir maneə, hər maneə isə qara divlə döyüşmək qüdrəti tələb edirdi adamdan.
Dünya elə bil düşmən qapısıymış; döydüyün hər qapıdan bir div boylanır, biri sənə soyuq baxır, əsnəyə-əsnəyə başından eləyir, biri yalanlarıyla ömrünü-gününü gəmirir, başqa biri nərə çəkib qeyzlənir, hədə-qorxu gəlir...
"Hər şey yaxşı olacaq...", "Haqq-ədalət gec-tez öz yerini tapacaq!" Kiminə bu, çoxdanın - lap əsrlərdən, qərinələrdən qalma çeynənmiş sözlər kimi görünürdü, kiminə adi təsəlliydi, kimi də sadəcə vərdiş eləmişdi, asqıranda deyilən "sağlam ol" kəlməsi, xəstələnəndə "Allah şəfa versin" duası kimi. Hüquq fakültəsini başa vurandan sonra, yəni qırx ildir ki, o da bu sözlərə inanırdı, özü də deyirdi, hətta dediyinə, inandığına şahid də olurdu.
O gün az qala həbsxanadan it kimi qovulmuş müğənni Mənzər Qarasevdanın rəfiqəsi Qadın Hüququ Mərkəzinin rəhbəri Aypara Kamalzadə Adil Hüseynliyə zəng edib həbsxanada Cahan xanım barədə dediyi sözlərə görə onu qınadı:
- Mən var qüvvəmlə çalışacağam ki, akademik Qaraxanlının qatili olan o qadının cinayət işinə yenidən baxılmasın... Lazım gəlsə lap Avropa Şurasınacan gedəcəyəm.
- Məncə, sizi Qadın Hüququ Mərkəzinin rəhbəri kimi daha çox Cahan Axundovanın taleyi düşündürməlidir.
- Mən onların hər ikisini sizdən yaxşı tanıyıram.
- Buna görə Qaraxanlıya həsr etdiyiniz monoqrafiyada bir çox nüansları unudubsunuz?
- Nə demək istəyirsiz? Bir-iki qondarma kitab yazıb yoxsa dahi olduğunuzu zənn edirsiz?
- Hər halda elmdən çox mafiyaya xidmət edən Qaraxanlı barədə yazmağın nə qədər məsuliyyətli iş olduğunu bilirəm...
- Qulaq asın, Adil müəllim, sizə nə lazımdır? - telefonun o başındakı zəhmli səs mülayimləşdi.
Fikirlər oxundan çıxan yay kimi hədəfə doğru uçurdu.
- Haqqın-ədalətin təntənəsi!..
Aypara xanım "Lənət sənə kor şeytan" deyib dəstəyi asdı.
İki saatdan sonra ona naməlum cavan bir qadın zəng eləyib:
- Sizə qəbrinizin üstündə yasin oxumaq üçün molla lazımdır?
- ... Sən kimsən, qadın mollasısan?
- Məgər siz kişisiniz? Şahin sizin nəvəniz yerindədir. Kişi olan şəxs özündən uşağa pislik etməz!
Birdən onun beyninə elə bil çəkiclə vurdular:
- Kişi olan şəxs öz ailəsinin ölümünə bais olmazdı!
Dəstəyi telefonun üstünə qoydu.
Başını əlləri arasına alıb fikrə getdi.
- Mən onların həyatını necə xilas edə bilərdim, ilahi?

***

...Səhər erkən gənc hakim Şahin Verdiyev onu "vacib işdən ötrü" xahiş-minnətlə öz otağına dəvət etdi. Adil Hüseynli yolboyu düşündü ki, bəlkə bir bəhanə tapıb Şahinlə görüşməsin. Axı bu "vacib işin" nə olduğunu bilirdi. "Heç belə də iş olar? Qırxıncı otağı görmədən "Qırxıncı otağın sirri" adlı kitab yazırsan. Sonra kitab çap olunmamış adını qırxıncı otağın sahibinə söyləyirsən! Demək sayıqlığı əldən vermisən, Adil Hüseynli!".
"Kor ərəbin mahnısı"nı xatırladı. "Bəs o kor öz zəmanəsini görmədən, eşqdən, aşiqdən, haqdan, ədalətdən necə müfəssəl söhbət açırdı?
Bəlkə o kor adamın ruhunun gözləri açıq olub? Gözləri görən adam əgər qaranlıqda nə baş verdiyini dərk etmirsə, ruhunun gözləri kordur...
Demək, işıqlı-yaraşıqlı qırxıncı otağı görmədən də orda nə baş verdiyini təsvir etmək olar. Amma... Yox, axı niyə mən "atalı-analı bəxtəvər" dediyim Şahin Verdiyevi bu qədər şişirdirəm? Düzü, indiyənəcən nə atasını, nə də anasını tanıyıram. Hər bir ata-ana kimi onlar da öz övladlarının xoşbəxtliyi üçün çalışırlar. Amma bir valideyn kimi bilməlidirlər ki, Şahin bəlkə başqa sahədə onlara da, özünə də daha çox fayda verə bilər, məhkəmə sistemində isə cəmiyyətə ziyan vurur. Belə getsə, günahkarlar azadlıqda gəzəcək, günahsızlar isə türmələrdə çürüyəcəklər..."
Fikir içində qırxıncı otağa daxil olanda mat qaldı. Bura məhkəmə hakiminin kabinetindən çox incəsənət muzeyinin bir salonunu xatırladırdı. İstirahət yeri kimi nəzərdə tutulub təmir olunan yan otaqda hələ də iş gedirdi. Ara-sıra taqqa-tuq səsi eşidilirdi. Kabinetin küncündə qaya üstə Qara Şahin quşunun heykəli qoyulmuşdu.
"Qara Şahin?!" Deyəsən axı, bu barədə Cahan öz məktubunda - "Könül dəftəri"ndə nəsə yazmışdı. "Hə, o məktubda hadisənin baş verdiyi yerdə, yəni Qaraxanlının villasında belə bir heykəlin olduğundan bəhs olunur. Əgər bu, həmin heykəldirsə, onda burada nə gəzir?"
Qırxıncı otaqda Adil Hüseynlini ən çox təəccübləndirən şey dünən ona zəng edən, Qadın Hüququ Mərkəzinin rəhbəri Aypara xanımın ölkənin və dünyanın tanınmış adamları ilə çəkilmiş rəngli şəkillərinin divarları bəzəməsi, kitab dolabının, yazı masasının üstündə qoyulması idi. Burda, rus estradasının ulduzu Alla Puqaçovadan tutmuş gənc nəslin sevdiyi müğənni Mənzər Qarasevdayacan, birlikdə çəkdirdiyi foto-şəkilləri görəndə, fikrə getdi. Cahanın "Könül dəftəri"ndə yazdıqlarını təkrar-təkrar xatırladı.
"...Mənə son söz vermədən azadlıqdan məhrum edən soyadı Verdiyev olan cavan hakim də, görünür, körpəliyində ana südü əmməyib, kim bilir, bəlkə anasının döşlərində süd olmayıb. Ya da valideynləri onu uşaq evindən övladlığa götürüblər. Ən doğrusunu Allah bilir!"
İndi doğrusunu o da bilirdi. Cahan bilsə ki, onu azadlıqdan məhrum edən Aypara Kamalzadənin oğludur, Allah bilir, nə hala düşəcək. "Hə, düzdür, ona - Şahinə anası nərmənazik fiqurası pozulmasın deyə döşündən bir damcı da süd verməmişdi... Amma bir şeydə yanılırsan, Cahan, məncə, orda-burda böyüyüb ata-ana tərbiyəsi görməyənlər belə Şahin qədər rəhmsiz ola bilməzlər!"
Şahin üzünə təbəssüm verməyə çalışıb dilləndi:
- Məncə, sizə demişdim, o, mənim anamdır, Qadın hüquqları ilə məşğul olan özəl mərkəzin rəhbəridir.
Adil Hüseynli könülsüz dilləndi:
- Hə, xatırlayıram, cavan oğlan, qohum-əqrəbalarınızın yüksək postlarda işlədiyini demişdiniz, amma Aypara xanımın ananız olduğunu bilmirdim. Söhbətimizin nədən gedəcəyi artıq mənə məlumdur...
- Tam belə düşünmək də olmaz, eşitmişəm ki, otağımı təmir eləyən usta ilə maraqlanmızınız?
- Doğrudur, buranın tarixindən xəbərdar olduğuna görə onunla söhbət edəcəkdim... Bir də fiziki cəhətdən zəif olan o adam üçün yüngül bir iş tapmaq fikrinə düşmüşdüm.
- Çox təəssüf ki, siz onunla nə tarixi mövzuda, nə də iş mövzusunda söhbət edə bilməyəcəksiniz, çünki bu gün o, qonşuluqda tikilən göydələndən yıxılıb ölüb... - Şahin Verdiyev bu xəbəri o qədər biganə söylədi ki, elə bil göydələndən insan yox, kərpic, ya da sement vannası düşmüşdü:
Adil Hüseynli eşitdiyi xəbərdən həyəcanlanmışdı:
- Yazıq, Allah rəhmət eləsin...


Şahin özünü şax tutub ayaq üstə durmuşdu, amma narahat idi.
- Adamlar bir parça çörək üçün özlərini oda-közə atırlar. Burada az qazanmırdı, gedib xəstə-xəstə əlavə iş götürübmüş. Hə, belə yerdə deyiblər ki, artıq tamah daş yarar, daş da qayıdıb baş yarar...
Adil Hüseynli onun daş qəlbliliyinə heyrət etdi:
- Bu cür bəsit nəticə çıxarmaq asandır. Şəhərdə göydələnlər göbələk kimi artdıqca, tikintidə baş verən bədbəxt hadisələrin də sayı çoxalır... Özü də şirkət sahiblərinin çoxu fəhlələrlə əmək müqaviləsi bağlamırlar... - sonra qoca hakim özünü ələ alıb, sakit görünməyə çalışdı, nə fikirləşdisə: - Mənim vacib işlərim var... - deyib qol saatına baxdı. Şahin Verdiyev ona:
- Nə isə, Adil müəllim, axı mənim sizinlə çox vacib söhbətim var. Böyük şəhərdi də ölüm-itim olacaq, təbii inkişafdı da. Yox, yox, getməyə tələsməyin, sizi bura mən dəvət etmişəm, mən də yola salacağam. Xahiş edirəm, bu işdən vaz keçəsininz, Aşur Qaraxanlını öldürən o qadın məsələsi... bilirsiniz, mənim gələcək karyerama bu işə yenidən baxmaq çox böyük zərbə vura bilər.
Adil Hüseynli cibindən kəhrəba təsbehini çıxarıb sağa-sola çevirdi:
- Qırx illik təcrübəmdə çox haqsızlıqlara rast gəlmişəm. Beləsini isə görməmişəm. Ona görə bu işə yenidən baxılmasına inanmağım gəlmir. Bir də axı, sən özün mənə təqaüdə çıxanda vəkil kimi fəaliyyət göstərməyi məsləhət bilmişdin. Qoy, bu da mənim vəkil kimi ilk işim olsun!
- Sizə nə qədər pul lazımdı? Bu dəqiqə verim, istəsəniz, təzə tikilən binalardan mənzil də bağışlaram. Üstəlik anam-atam sizi evimizə dəvət edir. Bütün qohum-əqrəbamız narahatdır.
Qoca hakim sakit danışsa da, daxilindəki hirsi boğa bilmədi:
- Axı, bu məmləkət yalnız sənin ailən və qohumlarından ibarət deyil, cavan oğlan. Məgər o qadının ailəsi, qohumları yoxdur. Başa düşmürəm, Prezidentin əfv edəcəyi bir qadın sizi niyə bu qədər qorxudur?
- Siz sakit olun, Adil müəllim, amandır, mənim dörd-beş ildən sonrakı Ədliyyə karyeramı korlamayın!
"Sən bir bunun iştahasına bax! Gör ha, karyeradan dəm vurur..."
Şahin də "Bu adam mənim yoluma hardan çıxdı? Bu kötüyü kökündən çıxarıb, bir kənara atmaq lazımdır, vaxt itirmək əbəsdir. Tərsliyindən bir cüt balasını qurban vermədimi? " - deyə düşündü. Dedi:
- Deməli, xoşluqla bu yalançı dedektivçi rolunu oynamaqdan əl çəkmək niyyətiniz yoxdu?
- Yalançı detektiv? - Qoca hakimin üzünə yayılan təbəssüm müsahibini çaşdırdı. O, bir də "Detektiv nağıl?" - deyə təkrar soruşub başını buladı, - dünən bu sözü anan da dedi, mən heç vaxt bu janrda kitab yazmamışam. Sən isə cavan oğlan, innən belə mənim evimdən oğurlatdığın qovluğumu qaytarsan da xeyri yoxdu...
Onun üzündə çaşqınlıq ifadə edən süni bir heyrət göründü:
- Nə qovluq, hansı qovluq, mən təzə evinizin harada olduğunu belə bilmirəm.
- Bilmirəm, axı "Qırxıncı otağın sirri" adlı kitabım səni niyə bu qədər narahat edir? Əslində mən nə səni, nə də sənin kabinetini düşünərək o adı deməmişdim. Amma elə bura gəlməklə bir daha şahid oldum ki, doğurdan da sənin oturduğun bu qırxıncı otağın da sirri varmış... Necə deyərlər, mövzu gəlib özü məni tapdı. De görüm, sən mənim evimin təzə, ya köhnə olduğunu hardan bilirsən?..
Şahin başını aşağı salıb, mızıldandı:
- İnanın, sizin qovluğunuz məndə deyil.
- Bilirəm səndə deyil, bala, necə deyərlər, səni himayə edən adamdadı... Elə bu qara şahin quşunun heykəlini hardan gətirtdiyini də yaxşı bilirəm, - deyə təsbeh çevirə-çevirə əlini quş heykəlinə sarı uzatdı: - İstəyirsən sənə himayədarlıq edən qadının hansı yuvanın quşu olduğunu da deyim... Hə, hə... səni himayə edən qadını deyirəm.
- Yoxsa, siz mənim anamı nəzərdə tutursunuz?
Adil Hüseynlinin ona yazığı gəlirmiş kimi başını buladı:
- Hərçənd onun da günahı az deyil. Amma mən o qadın "mollası"nı deyirəm. Bəla burasındadır ki, xaricdən idarə olunan mafiya öz adamlarını hüquq- mühafizə orqanlarına yerləşdirir ki, bəd ayaqda onların cinayətlərini ört-basdır eləsin... Bu üzdən də bəzən haqq-ədalət öz yerini tapanacan daş daşdan ayrılır, iş işdən keçir...
Şahin Verdiyevin dili topuq vurdu:
- Ona görə də mən sizə təklif edirəm ki...
Adil Hüseynli ayağa qalxıb, onun sözünü kəsdi:
- Dayan, arifə bir işarə də bəsdi, bala, özünü nahaq yerə yorma! Qoca öküzü öldürmək olar, öyrətmək olmaz. Əvvəllər çətin işə girişəndə, mənə "Allah köməyin olsun!" deyərdilər. İndisə, ya ölümlə hədələyirlər, ya da şeytana xas kömək təklif eləyirlər. Pis dostluq yaxşı əxlaqı pozar. Bu da elə "Şeytan köməyin olsun!" deməkdi... Eh, cavan oğlan, mən öz ailəmi - oğlumu, qızımı, həyat yoldaşımı metroda baş verən o terror hadisəsində itirəndən sonra, bu zalım dünyada yaşamaqdan belə usanmışam. Yurdum düşmən tapdağında, qəlbim dost qınağında, ailəm o biri dünyada... Mənim kimi bir adamı adı Şahin, atasının adı Xanverdi, familiyası Verdiyev olan gənc bir "alim" pulla təslim edə biləcəyini gərək ağlına belə gətirməsin! Səncə, kim güclüdürsə, o da haqlıdır. Sən hələ də əminsən ki, haqq-ədalət həmişə cibində pul olandadır?!.
Şahin çaşqınlıqdan nə deyəcəyini bilmirdi. Düşünürdü ki, indi bu kişini hədələməyin, bəlkə də ağır sözlərlə təhqir etməyin məqamı çatıb! Amma qorxurdu ki, "cındır" deyə təhqir edəcəyi qoca buradaca infarkt keçirsin.
- Boş təkəbbür ucbatından ailəsinə əziyyət vermək sizcə haqq-ədalətdirmi?
Qocanın qəlbinə elə bil od vurdu.
- Bəsdir! - deyə qışqırdı. Sonra nə fikirləşdisə, səsinin tonunu azaltdı, - sən yenə də o bədbəxt hadisədə məni suçlayırsan. Elə bilirsən ki, mənə bunu xatırlatmaqla vicdan əzabı verirsən. Qoy sən deyən olsun, ailəmi öz təqsirim üzündən itirmişəm. Buna görə bəzən vicdan əzabı da çəkirəm. O vaxt maşın üçün pul hazırlamışdım. Oğlum sürücülük vəsiqəsini bir-iki günə alacaqdı. Metroda o hadisə baş verdi. Maşın üçün yığdığım o pullar məzar daşlarına sərf olundu.
Şahin onun yumşaldığını zənn edib, içində rahatlıq duydu. Stəkana su töküb qocanın qarşısına qoydu. Qoca stəkanı götürüb dodaqlarına yaxınlaşdırdı, amma birdən nə düşündüsə onu stolun üstünə qoyub, başını buladı:
- Bəs o hadisədə digər ölənlər insan deyildi? Yoxsa, o terror zamanı ölən bütün insanları maşını olmadığına görə qınayırsan! Bəlkə avtobusla gedib-gələnin sənin nəzərində heç biri insan deyil? Qəlbində zərrə qədər o insanlara mərhəmət hissi olmayan alimə bax! Axı sən də, doğmaların da o qatarda ola bilərdi. Eh, Şahin, Şahin! Əgər haqqı sevirsənsə, gəl haqdan danışaq! Qulaq as, oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər, bala.
Söhbətin bu yerində birdən elə bil otaqda zəlzələ baş verdi, Avropa interyeri ilə göz oxşayan təzə yan divar durduğu yerdəcə uçub töküldü. Divarın bu sayaq uçmağını yalnız möcüzə adlandırmaq olardı. Yuxarı mərtəbənin köhnə divarı aşmışdı. Binanın qədim-qayım divarı çəkici, baltanı əvəz edən yeni texnologiyanın əcaib səs-küyünə sanki qiyam etmişdi, içini çölə çıxartmışdı.Toz-duman qırxıncı otağı bürüyəndə Adil Hüseynlinin yuxarı mərtəbənin divarlarının oyuğundakı rəflərdən, ayağının altına tökülən köhnə qovluqların çürük ipləri qopmuş, məhkəmə işlərinə aid saralmış vərəqlər ora-bura səpələnmişdi. Vərəqlərdən bir topası qoca hakimin əlində idi. O, tozdan boğula-boğula öskürür, vərəqləri az qala gözünə təpirmiş kimi oxuyurdu. Və sanki ikinci, daha ağır bir divar üçub bu dəfə onun başına tökülürdü...
- Bu nədir? Sibirə sürgün olunanların siyahısı?.. Xalq hakimi Qaraxan Şubayev... Dayan, dayan, axı bu adı o gün mənə burda bir nəfər söyləmişdi...
O gün dəhlizdə siqaret aldığı cavan adamın söhbətini xatırladı: "Ustalardan biri savad yiyəsidir. Zalım oğlu, danışanda ağzından dür tökülür..."
Sonra atasını uzaq Sibirə aparan qatarın fit səsi gəldi qulağına... Metroda ailəsini ölüm stansiyasına aparan qatarda bir vaqon insan meyiti gözlərinin önündə canlandı. Çığırtı, bağırtı səsi qəlbini qasırğa kimi çulğaladı, bir an kövrəlib göz yaşlarını saxlaya bilmədi. Nəhayət, özünü ələ aldı:
- Vay, vay, vay, - deyə qoca hakim dilləndi, - demə qırxıncı otaqda təzə divarın söykəndiyi bu köhnə divar özündə daha böyük sirlər saxlayırmış...
Şahinin qolu-qanadı sanki sınmışdı, rəngi qaçmışdı, gözlərində qəmgin bir ifadə vardı. Ümidsiz bir səslə mızıldayırdı:
- Mən... burda nə yazıldığını belə oxuya bilmirəm...
"Sən də elə Qaraxanlının bir parçasısan!" - fikri dilinin ucunacan gəlsə də, Adil Hüseynli bu günəcən xərclədiyi pulların göyə sovrulmasına heyifsilənən gənc həmkarına sanki təsəlli verirmiş kimi pıçıldadı:
- Bu hadisə ilahi ədalətin bir nişanəsidir, bala! Bu dünyada ilahi ədalət deyilən bir gerçəyin olduğuna heç vaxt şəkk etmə!
Şahinin dişi bağırsağını kəsirdi, imkanı olsaydı, elə bu an, burdaca nifrət etdiyi Adil Hüseynlinin qanını içərdi.

***

...Həbsxanada - təzə təmir olunmuş oxu zalında televizora baxan qadınlar qəfildən bir-birinə dəydi, gurultu qopdu. Hamı sevinc içində Cahana gözaydınlığı verirdi. Silotkə isə durub diringi çalıb bir xeyli oynadı. Arxadan kimsə başmağını çıxarıb ona tərəf tulladı:
- Sakit olun, ağəz, bir baxaq görək, bu biri silotkə nə deyir.
... Axşam bütün telekanallar bir-bir köhnə məhkəmə binasında qəfildən peyda olan qırxıncı otağın sirrini aləmə faş edirdi:
- Sən demə, Cahan Axundovanın ailə namusunu qorumaq naminə qətlə yetirdiyi akademik Qaraxanlı elə Adil Hüseynlinin müharibə veteranı olan atasını "pantürkist" damğası ilə xalq düşməni kimi Sibirə göndərən, repressiya illərində Ali məhkəmə kollegiyasının üzvü olmuş Qaraxan Şubayevin oğlu imiş...
- Bəli, doğru söyləmişlər: "Dünyada hansı daşdan hörülürsə hörülsün, elə bir möhkəm divar tapılmaz ki, insan iradəsinin və fikrinin qarşısını alsın!", - braziliyalı yazıçı Jorji Amadunun bu məşhur kəlamını yada salan arıq telerepartyor göydələnlərin əhatəsindəki köhnə divarları uçan "Ədalət Sarayı"nın qarşısında dayansa da, xəyalən keçmişə "qayıtmışdı".
Bu çəlimsiz repartyor iti sürətlə danışırdı, ekranda isə Stalinin ölümündən sonrakı dövrün xronikası göstərilirdi...
...Adil Hüseynli evində televizora baxa-baxa Cahanı düşünürdü. "Görəsən, baxırmı? Baxsa, xeyli xoşbəxt olacaq, sevincək..."
...Cahanın oğlu Taleh ilə gəlini Nərgiz az qala televizorun içinə girmək istəyirdilər. Balaca Şahmar təkərli beşiyində mışıl-mışıl yatmışdı.
- İlk gündən Mir Mövsüm ağanın ocağına nəzir demişdim, Allaha çox şükür, nəzir-nyazım qəbul olundu, - Nərgiz pıçıldadı.
Taleh nəvazişlə onun əllərini ovcuna alıb, yanağından öpdü:
- Əgər Adil müəllim olmasaydı, ömrüm boyu anamın yanında xəcalətli qalacaqdım.
Ölkənin televiziya kanalları akademik Qaraxanlının şəhərətrafı villalarını, xarici markalı maşınlarını göstərib, ona milyonlarla qazanc gətirən "Qara XAN" holdinqin törətdiyi iqtisadi cinayətləri sadalayırdı.
- Bu cür iblis elm aləminə necə soxulubmuş?
- Ağzında iblis deyirsən. Görəsən, yer üzündə Qaraxanlı kimi nə qədər fırıldaqçı adam ədalət məhkəməsindən gizlənir?
- Bəs Qaraxanlının varisi kimdir? Holdinqin işinə kim başçılıq edir?
- Qaraxanlı barədə ən qorxunc fakt onun xarici ölkələrdəki terrorçu dəstələrə dəstək verən mafioz qüvvələrlə əlaqəsidi...

***

... Cahan Axundova günəşli yaz günü sevincək və qüssəli duyğular içində həbsxana həyatıyla vidalaşdı. Əlbəttə, birbaşa evinə gəldi, nəvəsini qucağına alıb, oğlu və gəlini ilə birlikdə Şəhidlər Xiyabanına yollandı. Vətən uğrunda həlak olmuş Şahmarın məzarını ziyarət edib qəbrin üstünə gül qoydu.
Nərgiz qayınanasına kömək edə-edə dilləndi:
- Qəbri nurla dolsun...
Xiyabanda böyük zövqlə görülən abadlıq işləri əbədi qəhrəmanların xatirəsinə göstərilən ehtiramı ifadə edir, qürur doğururdu. Burdan baxanda dənizin sahilinə sığınan şəhər elə bil ovuc içindəydi. Uca göydələnlər bostan içindəki uzunboğaz qarğıdalılar kimi görünürdü.
Cahan özünün də anlamadığı düşüncələrə dalaraq əlini nəvəsinin körpə çiyninə qoyub dedi:
- Balama nənəsi gözəl nağıllar danışacaq... çoxlu-çoxlu nağıllar... - sonra üzünü gəlininə tutub: - Bilirsən, Nərgiz, məncə bu dünyada zalım adamların əksəriyyəti uşaq vaxtı nağıl eşitməyən, nağıl oxumayan, nağıl dünyasından uzaq olan adamlardı, -dedi, - nağıllar, əfsanələr yaddaşı ölməyə qoymur, adamı çarəsiz anlarda yaşadan ümid işığı olur.
- Əslində hər bir şeyin yaxşı-pis cəhəti var, nağılların da... Uşağa elə nağıl danışarsan ki, qorxağın biri olar.
- Allahın adı haqqı, Nərgiz, həbsxanada bəzən susuzluqdan dodaqlarım quruyanda nənəmin nağıllarındakı duru çeşməli bulaq gəlib gözlərimin önündə dururdu. Mən hansısa şəlalənin, ya da çayın səsini eşidirdim, elə bil, susuzluğum keçib gedirdi.
- O vaxt, ana, qəzet yazmışdı ki, on biri sentyabrda Amerikada əkiz binaları terrorçular partladarkən, Corc Buş məktəbdə uşaqların arasındaymış, onlara keçinin nağılını oxuyurmuş...
...Taleh onlara qulaq asa-asa dənizə baxırdı. İxtisasca neft mühəndisi idi.
Hə, həqiqətən də o, anasından dəniz haqqında o qədər maraqlı əfsanələr eşitmişdi ki... Nədənsə indiyə qədər fərqinə varmamışdı...
- Ana, bəlkə biz onu qonaq dəvət edək? - deyə Tale qəfildən dilləndi.
Taleh bu sözləri deyəndə Cahan xanım da qırxıncı otağın tilsimini qırıb, ailəsini ona qaytaran Adil Hüseynli barədə düşünürdü.
- Niyə də çağırmayaq? - Nərgiz söhbətin kimdən getdiyinə əmin olub, - Adil müəllimi evə də dəvət edə bilərik, lap restorana da... Ona hər şey halaldı...
- Baxarıq, əzizlərim. Bu gün o mənə evinin yaxınlığındakı xiyabana görüş verib. Təklif edərəm. Nəsə, Adil müəllim sarıdan nigarançılığım da var. Özünə də bəlkə dedim... Son günlər adı çox dilə-dişə düşüb - televiziya, qəzet..


Cahanın gözlərində qayğıkeşlikdən çox nigarançılıq ifadəsi sezilirdi.
- Hamı ağız-ağıza verib deyir ki, Adil müəllim əjdahadı, cəngavərdi, - bunu Nərgiz dedi.
- Yeddibaşlı əjdahalar isə neçə illər qabaq atasının, sonra ailəsinin başını yeyib, övladlarının qanını içiblər... - Cahan dedi.
- İndi də özünü ölümlə hədələyirlər, - Taleh söhbətə qarışdı.
- Mənzilini qarət edənlərin kimliyi indiyə qədər bilinmir. Allah özü dadına yetişsin. Biz nə karəyik ki... Cahan bu sözü deyəndə onlar Xiyabanın üzlük daşı düzülmüş qapısından çıxırdılar.

***

Onu ailəsinə qovuşduran Adil Hüseynlinin ailəsini daha heç vaxt, heç kim həyata qaytara bilməyəcək! Onun ailəsini əlindən alan qatillər indi bəlkə də uzaqlara çəkilib, təbiət qoynunda - dağlarda, meşələrdə, ya da lap elə yaxınlıqda - o uca mərtəbəli göydələnlərin birinin hansı mənzilindəsə gizlənmişlər. Axı niyə onlar qanlı niyyətlərindən əl çəkmirlər?! Televiziyalar hər gün dünyanın dörd tərəfində terrorçuların törətdiyi cinayətlərdən xəbər verir...
Bu gün bəşər övladının qismətinə orta əsrlərin düşüncəsiylə vəhşiliklər törədən, peyğəmbərləri ələ salan, insanlığı inkar edən, qan tökməkdən həzz alan, ölümlərdən nəşələnən kafirlərlə eyni dünyada yaşamaq düşmüşdü... Bəs niyə antiterror əməliyyatları öz bəhrəsini vermir? Elmin, texnikanın yüksək inkişaf etdiyi dünya insan cəlladlarının əlində nədən aciz qalıb? Bəlkə doğrudan da, siyasətçilərin dediyi kimi, bu insan cəlladlarının nə dini, nə də məzhəbi var? Cahan da bu dünyanın başqa sakinləri kimi insanların canına qənim kəsilən div xislətli bəlanın qanlı izlərini genişekranlı televizorda cizgi filmləri kimi seyr edirdi. Yer üzündə bu bəla ucbatından Adil Hüseynli kimi ailəsini itirən, yurd-yuvasından didərgin düşən nə qədər insan var. Görəsən, insanların faciəsinə səbəb olan bu qanlı əməllərin kökündə nə dayanır?
İndi ən çox Adil Hüseynlinin taleyindən nigaran olan Cahan xanım nəsə yeni bir fəlakətin baş verəcəyi xofundan xilas ola bilmirdi. Bu fədakar adamı qorumaq üçün yollar düşünürdü. İnsan sədaqətinin dəyəri hadisələr öz məcrasından çıxdığı zaman ölçülür. "Allah müqəddəs Quranda buyurur ki, sədaqətli insanlarla bərabər olun! Bəs görəsən o, bizi öz ailəsi kimi qəbul edərmi?"
...Şər qarışırdı. Cahan xanım Adil Hüseynlinin görüşünə tələsirdi. Adil müəllim onu yaşadığı binanın yaxınlığında, təzə salınmış xiyabanda gözləyəcəkdi. "Bəlkə birdən-birə evinə dəvət etməyi müsəlmançılığa zidd saydığına görə burada görüşməyi məsləhət bilib?"
Xiyabanın girişində Xocalı soyqırımı qurbanlarının xatirəsinə heykəl ucaldılmışdı... On beş il əvvəl baş vermiş faciənin epizodlarını yada salan Ana heykəlinə baxanda ürəyindən qara qanlar axdı:
Dünya heç dəyişməyib, amerkanların yaponlara vurduğu Xirosimo boyda yaraya laqeyd dünyaydı elə, dəyişilən insanların vid-fasonudu...
Cahan xiyabanın sağından-solundan sürətlə ötüb keçən maşınlara baxa-baxa qarşıdakı oturacağa sarı addımladı.
... Adil Hüseynlinin beyni köhnə dəyirman kimi uğuldayırdı. Neçə gün idi ki, ürək ağrıları şiddətlənmişdi.
"Mətbuat konfransında öz ailəni o biri dünyaya necə göndərdiyini də açıqlayarsan. Sən - qoca kaftar, öz ailənin qatilisən, onlar sənin ucbatından həlak oldular... Sənin, sənin... Axı sən qoca axmaq bu vicdan əzabıyla necə yaşayırsan, necə?.."
Telefon zəngləri onu təngə gətirmişdi...
"Deyəsən, Cahana aşiq olmusan? Axmaq qoca, o qancıq sənin də başını yeyəcək... Allah o qadını dünyaya ona aşiq olan kişilərin başını yemək üçün gətirib!"
"Əgər Şahinin başından bir tük əskik olsa, özünü ölmüş bil!".
Sakit və ilıq havaydı. Adətən, fevralın ikinci ongünlüyündə gül-çiçəkləri xiyabana xalı kimi döşəyirlər. Ən çox qırmızı rəngdə olan güllərin bir çoxunun adını da bilmirdi. Bəlkə Hollandiyadan, ya da başqa bir ölkədən gətirilmişdi.
Cahan bu gecə pis yuxu görmüşdü. Arıq bir kişi özü özünə qəbir qazırdı. Kişi arada nəfəsini dərir, əlini gözünə günlük edib uzaqlara baxırdı. Bu zaman kimsə tüfəngin qundağıyla onun böyrünə vurub tələsdirirdi. Bu kişi kim idi görəsən? Bəlkə Adil Hüseynlinin Sibirdən, sürgündən qayıtmayan atası idi? Yoxsa, Adil müəllimin özü idi? Axı onu kimsə ölümlə hədələmişdi. Bəlkə qəzetlər uydururdu?
Budur, Adil Hüseynli qoltuğunda qovluq xiyabanın ortasıyla ona tərəf addımlayır.
Sanki o, Cahanın deyil, körpə şəhid balasını başının üstünə alıb göyə qaldırmış ana heykəlinin görüşünə tələsirdi. Birdən dizləri üstə yerə düşdü, köksündən axan qanına bulaşmış əlini irəli uzadıb ağzını açdı, Cahana nəsə demək istədi və şüşələrinə polietilen təbəqə çəkilmiş, nömrəsi-nişanı bilinməyən qırmızı "Hammer" maşınına sarı baxdı, ağır döyüş maşınına bənzəyən avtomobilin pəncərəsindən tapança ilə qoca hakimi hədəf alan maskalı adam ikinci gülləni də hədəfə sərrast vurub iri kabinənin dərinliyində görünməz oldu. Maşın tapancadan çıxan elə o güllə sürəti ilə də uzaqlaşdı. Hər şey bir göz qırpımında baş verdiyindən Cahan çaşıb qalmışdı. Özünü ələ almağa çalışıb meyitə yaxınlaşdı, yerə düşmüş qovluğu götürdü. Üzərində "Qırxıncı otağın sirri" yazılmış kağız qovluğa Adil müəllimin qanı sıçramışdı.
- İlahi, bu nə vəhşilikdir?! Şəhərin ortasında, adamların gözü qarşısında!.. Çəkdiyimi görürdü qansız! Ağacın arxasına girib yerə yatmasaydım məni də vuracaqdı - bu şəhərdə hamının üzdən tanıdığı teleaparıcının səsini eşitcək Cahan göz yaşlarını saxlaya bilmədi. - O bizi bura özü çağırmışdı... Elə bil ürəyinə damıbmış...
- Son nəfəsinə də çatmadıq... vuranın kim olduğunu bilirmiş bəlkə?.. -kəlmələri gözüyaşlı Cahanın dilində fəryada döndü.
- O bizə nəsə vacib bir şey deməyə hazırlaşırdı... Bəlkə onu izləyən adamların kimliyini təyin etmək üçün bu riskə getmişdi? Bəs niyə burda?
Qanlı qətlin ən yaxınlıqdakı şahidi abidə idi. Ana heykəli sükut içində fəryad edirdi.
- Bu əsl soyqırımdı, əvvəl atasını, ailəsini, sonra da özünü qana qəltan etdilər.
Cahanın gözlərinin yaşı soyuq büllur şüşə qırığı kimi yanağında donub qalmışdı. Heykəl kimi hərəkətsizdi. Meyit qan içindəydi. Şər vaxtının toranlığında mərhumun sinəsindən axıb daş pilitələrin üstündə gölməçə bağlamış qanı qapqara idi...
Az sonra hadisə yerinə polislər, təhlükəsizlik xidmətinin əməkdaşları, Adil Hüseynlinin iş yoldaşları gəldilər. Cahan bir ucdan tökülüşüb gələnlər arasında Şahin Verdiyevi də gördü, üzünü çevirdi. Adil Hüseynlinin son anda ona verdiyi qovluğu çantasına qoyub kənara çəkildi.
Polislər hadisə yerinə yığışmış adamları və telejurnalistləri uzaqlaşdırmağa çalışırdılar. Görəsən, Adil Hüseynli bilə-bilə özünü ölümün qucağına atmaqla nəyi sübut etmək istəmişdi?
...Cahan evə dönərkən özüylə üstünə "Qırxıncı otağın sirləri" yazılmış, quş kimi yüngül bir qovluq və çəkilməyi qeyri-mümkün olan ağır bir dərd aparırdı. Əslində, o, dərdi yox, dərd onu aparırdı.

***

Günlər, həftələr ağır-ağır ötüb keçirdi. Televiziyanın kriminal xəbərlərində dönə-dönə göstərilsə də, pəncərələri qara plyonkalı maşından hələ də soraq verən yox idi. Maşın qeybə çəkilmişdi. Cahan ümidsiz halda yatağa düşdü, xəstələnib naçar qaldı, bağrının başı yandı, saatlarla hıçqıra-hıçqıra, nəfəsi yana-yana ağladı. Vicdan əzabı çəkərək gecə-gündüz özünü qınadı.
- "Onu mənim üzümdən qətlə yetirdilər..."
Oğlu, gəlini nə qədər təssəlli vesələr də, hər dəfə Adil Hüseynlinin məzarının qarşısında dayananda, ürəyində öz-özü ilə haqq-hesab aparırdı: "Kaş, o dəftəri heç göndərməyəydim..."
...Qara paltarlı qadını qəbiristanlıqda görən adamlar onu qoca hakimin həyat yoldaşı, bacısı, bir sözlə, əzizi zənn edirdilər.
Dul qadınlar, yaxud əriylə it-pişik kimi dolanan arvadlar ona həsədlə baxırdılar. "Halal olsun, namusla yolunu saxlayır" - tüfeyli ər əlindən yanıqlı bir qadınsa, hətta buranın qəbiristanlıq olduğunun fərqinə varmadan kükrəyib coşmuşdu:
- Hər gün mən bədbəxt, Allaha dua edirəm ki, başı batmışın canını tez alsın. Bəlkə ondan sonra dünyada bir xoş gün gördüm... Boyunu yerə soxum elə. Ölsə, qəbri üstünə gələn nə bir kişi tapılacaq, nə də arvad...
Cahan düşünürdü ki, taleyin-qismətin qara zolağına düşən bu qadın yəqin ki, özünü bədbəxt sanır. Ümidlə, arzuyla yaşayır. Düşdüyü vəziyyətdən çıxmaq üçün yol axtarır. Bu, nağıllardakı qırxıncı otağa cummaq kimi bir şeydi. Çox vaxt adamların gücü-taqəti otuz doqquzuncu otağacan çatır. Qırxıncı otaqda nə olduğunu bilmirlər. Bircə onu bilirlər ki, orda onların könül verib, sevdiyi kimsəni əllərindən alan sehirli bir qüvvə var. O sehirli qüvvənin tilsimini qırmağa ağılla bərabər, güc də lazımdı.
Cahan bir də düşünürdü ki, görəsən, onun kimi dul qalmış bu qarapaltarlı qadınların hansı biri ərinin məzardan qalxmasını arzulamır ki? Bəs yanaqlarından məzar daşlarına süzülən o göz yaşları nədir elə? Yox, əgər doğurdan da belə bir möcüzə baş versəydi, o kimi seçərdi? Adil Hüseynli ilə bərabər onun son istəyi də öldü. O yenə xəyallarının ümidinə qaldı. Bu andır xəyal isə həyatın vermədiyini ona bir anın içində verirdi. "Sən öz şahzadənə gec-tez qovuşacaqsan!.."
Cahan xanımın könlü sınıq saz kimi sızıldayırdı, bu dəfə köksündə tələbəlik illərindən tanıdığı bir şair danışırdı: - "kişilər hamısı bir olmur, atam balası, - qorxağı var, igidi var. ...Bu dünyada hər kişinin öləndən sonra məzarı başında ağlayası bir qara paltarlı gözəl qadına ümidi var..."
Adil Hüseynli üçün o qarapaltarlı gözəl qadın Cahan idimi? Bəlkə ən çox sevdiyi o gözəl qadın o dünyada görüşünə yollandığı qadın idi?!
...Onun qəlbində də arzuları-xəyalları dəfn olunmuş üç məzar vardı.

Qaranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəfəsindən tanıyır.

Mən ayrı quşam, ayrı quş,
Yarı bülbül, yarı bayquş,
Bu dünyada mən boyda quş
Öz qəfəsindən tanınır.

...Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəğməsindən tanıyır...

Adil müəllimin son nəğməsi görəsən nədən bəhs edirdi?
Dolablardakı kitabları töküşdürüb yerlə bir eləmişdilər. Açıq-aşkar görünürdü ki, kimsə Adil Hüseynlinin mənzilində əməlli-başlı axtarış aparıb.
- Buranı, onun işini aparan müstəntiq belə qarışdırıb, - deyə Adil Hüseynlinin qapı-qonşusu Əsmər arvad Cahan xanıma dedi. Özünü mənzilin sahibəsi kimi aparan bu qadın Adil Hüseynlinin son kitabının müsbət obrazlarından biriydi. Üzündən məişət qayğıları əskik olmayan arvadı Cahan artıq yaxşı tanıyırdı; iki qız, bir oğul anasıydı, əri müharibədə əlil olmuşdu. Ehtiyac içində yaşayırdılar. Mənzilləri darısqal olduğundan yaşı otuzu haqlamış oğlunu evləndirə bilmirdi...
Qadın qapının ağzında dayanmışdı.
- Bəzən zarafata salıb deyirdim ki, Adil müəllim, sizə könül həmdəmi - gözəl bir qadın lazımdır, bu təklik qəlbinizə ağır yükdür, vallah... Hər gün makinasının taqqıltısını divarın o üzündə eşitməyə adət etmişdim. Bir gün səs kəsiləndə dedim bəlkə naxoşlayıb? Başılovlu gəldim, gördüm kompüterdə nəsə yazır... Dedim, xeyirli olsun!
Cahan ayrı vaxt olsaydı, onu çox sorğu-suala tutardı. İndi nədənsə bu danışqan qadından tezliklə canını qurtarmaq istəyirdi.
- Əgər icazə versəydiniz, burda bir az tək qalardım, - dedi.
- Bəlkə, sizə çay gətirim?
- Sağ olun, gedəndə qapınızı döyüb xəbər eləyərəm.
- Barı deyin, o son sözünü deməyə macal tapdımı?
Cahan başını buladı:
- Yox, elə bil cani onu dərhal susdurmaq üçün ürəyinin başından vurdu... Özü də iki gülləni üst-üstə...
-Yaxşı, mən gedim... Heç bilmirəm bu evin məsələsi necə olacaq?
Qonşu qadın gedəndən sonra Cahan yazı masasının üstündəki noutbuku açdı. Qəribəydi, qovluğdakı materiallar kompüterdə yazılsa da yaddaşdan silinmişdi... Demək mənzili istintaqçılardan savayı da axtaran olub...
Kitab dolabına, kamodun siyirmələrinə baxdı.
Divardan Adil müəllimin, onun ailə üzvlərinin şəkilləri asılmışdı.
Ona bir an elə gəldi ki, bax elə indi qoca hakimin ruhu da otaqda gəzib-dolaşır, nədəsə yardımçı olmağa çalışır.
"Bağışla məni, Adil müəllim, bağışla, kim bilir, bəlkə cızma-qaramı oxuyub məni dinləməsəydiniz, təqaüdə çıxandan sonra, rahat ömür sürəcəkdiniz".
Adil Hüseynlinin xəyalı: "Sən öz övladının gələcəyi naminə doğru bildiyin addımı atdın... Görünür, bu dünyada haqdan, ədalətdən danışmaq azmış. Adamlarda inam yaratmaq, haqq-ədalətin qalib gəlməsi üçün hərəkət etmək vacib şərtdir..."
Cahan: "Haqqı tapdalayıb, ədalətsizlik edən adamlar qorxunc div - insan başı yeyən zoonimlərdir. Hə, hə, hər gün bir adamın başını yeyən divin yalnız nağıllar dünyasına aid olduğunu sanmaqla çox yanılırıq... Divlər, əjdahalar da bu dünyada adam cildində yaşayırlar...
Nağıldakı görkəmdə deyil, onların qiyafəsi əsla nağıldakına bənzəmir; dəyişib, müasirləşib - savaşları, tutaşları, fəndləri... "
Cahan heç vəchlə Adil Hüseynlinin yoxluğu ilə barışa bilmirdi.
... Yenidən qayıdıb mənzilə gələn Əsmər mənzilin ortasında dərin fikir içində üzülən qadına baxır, yanıb- yaxılırdı. Onun bükülmüş belinə, solub bozarmış bənizinə elə-belə, sakit tərzdə göz yetirmək mümkün deyildi!
Əsmər arıq barmaqları arasında iki qatlanmış kağız tutmuşdu.


- Elə bil hər şeyin sonunu bilirdi. Qaragünlü bu vəsiyyətnaməni ötən şənbə gözümün qabağında, mənimlə zarafatlaşa-zarafatlaşa yazdı. Ayrı vaxt elə ciddi olurdu ki, işi başından aşırdı, kəlmə kəsməyə ürək eləmirdim. Sənin adını birinci dəfə həmən gün çəkdi, bildim ki, sən adda adam var. Dedi ki, bu vəsiyyətnaməni bərk saxlarsan, dünyanın işini bilmək olmaz...
Cahan vəsiyyətnaməni qadının barmaqları arasından ehmalca götürdü, oxudu. Mərhum mənzili qonşu qadına, qiymətli və nadir kitabları Cahana vəsiyyət etmişdi... Yazıq, dəfn və başdaşı üçün ayırdığı pulun miqdarını da göstərmişdi. Vəsiyyətnamədə həm də xahiş olunurdu ki, indiyə qədər işıq üzü görməyən əsərləri bir kitabda cəmlənib nəşr edilsin...
- Bu, kopiyasıdır, - Əsmər əlavə elədi, - əsas nüsxəni müstəntiq özü ilə götürüb. Guya dedi ki, iş yekunlaşandan sonra qaytaracaq. Nə bilim, vallah. İnanmazsınız ey, o kağızın surətini də öz əli ilə çıxartdırıb verdi mənə ki, saxlayım...
Qadın vəsiyyətnaməni ehmalca jurnal stolunun üstünə qoyub xəstəhal addımlarla Adil müəllimin mənzilindən çıxdı. Əsmər qapını qıfıllamaq üçün sağ əlində tutduğu gümüşü açarı hazırladı.

***

...Axşamüstüydü - hava hələ tam qaralmamışdı. Cahan Qaraxanlı yaşayan məhəllədən ötüb keçirdi. O bura nə vaxt, necə, hansı niyyətlə gəlmişdi? Bilmir... Sadəcə, "İlahi, özün mənə güc ver", - imdadıyla özünü toplamağa çalışır, evlərə baxa-baxa addımlayırdı.
... Qaraxanlının villasını tanıdı. O müdhiş gecədə baş verənlər, iyrənc və əzablı mənzərə qəfil şaxta kimi içinə dolub bütün varlığını dondurdu. Bu, ani oldu. Özünə gələndə - sanki yerə mıxlanaraq hərəkətsiz qalan ayağını tərpədib irəli baxarkən canından ildırım şiddətli bir cərəyan keçib donmuş hüceyrələrini oyatdı. Həyət qapısının ağzında qapıları qara, qalan yerləri tünd qırmızı rəngli maşın dayanmışdı. Bu, həmin maşın idi. İndi onun hər yeri qırmızı idi. Şübhəsiz, qapıları plyonka ilə qara rəngə bürümək, izi azdırmaq üçün düşünülübmüş... Bir az da yaxına yeriyib diqqətlə baxdı. Yox, o səhv etmirdi. Həmin maşındır. Deyəsən, haqq Allah bu dəfə Adil müəllimin qatillərini aşkar etmək missiyasını öz üzərinə götürmüşdü! Telefonun kamerası ilə maşının şəklini çəkdi. Onu belə bir sual da düşündürürdü: "Bəs Qara Şahin kimdir? Adil müəllim "Qara Şahin və naməlum qadının nağılı"nı yarımçıq qoyub".
Yaxınlıqdan bir qadın keçirdi. Cahan onu tanıdı. Keçmiş iş yoldaşlarından biri idi. Salamlaşdılar. Qadın utana-utana üzr istədi:
- Bağışla, Cahan xanım, o zaman Qaraxanlının təklifinə razılıq verməyi məsləhət biləndə səhv etmişəm... Həmişə evində-eşiyində!
- Amma o əbləhin yoxluğu pis əməllərinə son qoymadı ki...
- Bilirəm, səni müdafiə edən adamı qətlə yetiriblər, - qadın başı ilə qarşısında qırmızı maşın dayanan villaya işarə edib, - yəqin tanıyırsan da, o gorbagorun xarabasıdı. Bacı, məncə, buralara gəlməklə sən böyük risk eləyirsən.
- Bilmək olar nə üçün?
- İndicə özün dedin ki, Qaraxanlı ölsə də, pis əməlləri qalır. Bu evdə indi onun varisi yaşayır. Heç bilirsiniz onun varisi kimdir?
- Yox!
- Şahin Verdiyev.
Qadın üstəlik, hələ onu da bildirdi ki, Aypara Şahinin anasıdır. Üzünü kafər yusun, fələk! Cahan beş-on dəqiqənin içində üçüncü dəfə sarsıntı keçirdi. Gözünü bərəldib keçmiş iş yoldaşına hədsiz heyrətlə baxdı.
- Demək mənə cəza hökmü çıxaran hakim Ayparanın oğluymuş...
- İndi bu evdə özündən yaşlı bir qadınla yaşayır. Adı Sevadı. Əvvəllər Qaraxanlının adamı olub. Bu maşın da onunkudur, - deyə o Cahanın bayaqdan maraqla baxdığı maşını göstərdi, - əvvəl belə alabəzək deyildi. Toydan sonra görkəmini bu hala salıblar.
Sonra qadın səsinin tonunu xeyli aşağı salıb, pıçıltıdan azca yüksək bir səslə Cahana, Qaraxanlının "Qara Xan" holdinqinin adının dəyişib "Qara Şahin" olmasından, vaxtilə "nişanlımı əlimdən alıbsan", - deyə şər atan müğənni qadının televiziyada bu firmanın məhsullarını reklam eləməsindən danışdı.
Eşitdikləri onun düşüncəsini də, taqətini də sanki yenidən bərpa etdi.
Elə bil içində işıq yandı. Bədənini bürüyən qəribə hərarəti duydu. Sanki aylar uzunu bu dəqiqəni gözləmişdi. Elə bil otuz ildə itirdiyi hər şeyi bircə anda tapdı.
Keçmiş iş yoldaşını qucaqlayıb:
- Sağ ol, Allah köməyin olsun, - deyə həyəcanla pıçıldadı...

***

... O, Adil müəllimin məzarı üstünə bir topa qərənfillə gəldi. Bir də kitabla. Yeni işıq üzü görmüş "Qırxıncı otağın sirri" adlı yaşıl cildli kitabı məzarın mərmər sinə daşına qoyub dərindən köks ötürdü. Kitabın rəngi bir parça çəmənliyi xatırladırdı. Hər yan yaz libasına bürünmüşdü. Adil Hüseynlinin ailəsinin uyuduğu məzardan gözəl bir qadın və bir cüt yeniyetmə boylanırdı iyirmi birinci əsr dünyasına...
Cahan bu qoşa məzara baxa-baxa ürəyinin başından yol alıb kirpiklərinin ucuna gəlib çatmış acı, isti göz yaşlarını saxlaya bilmədi. Çöhrəsini ələm bürümüş bu qarapaltarlı qadın yaşıl çəmən içində dayanmış ruha bənzəyirdi.
Adil Hüseynlinin vəsiyyətinə görə başdaşının bir üzünə qürbətdə dünyasını dəyişmiş atasının şəkli həkk olunmuşdu...
...Ailə haqqın dərgahında bir araya gəlmişdi. Bir vaxtlar Şuşada -dağların qoynunda - yaylaqda olduğu kimi...
Adil Hüseynlinin "Qırxıncı otağın sirri" kitabı böyük əks-səda doğurmuşdu. Kitabın çapı Cahanı sevindirsə də, qəlbini məyusluqdan xilas edə bilmədi.
Onun telefonu susmaq bilmirdi. Tikanlı zənglər də vardı, bir çoxları onu qınayırdılar.
"...Oradakı adlar qondarmadır".
"...Sən dəli olmusan, əcəlin çatıb yoxsa?"
Və yaxud, zəng çalıb belə deyirdilər:
"...Mərdlik və qəhrəmanlıq yalnız nağıllarda olur..."
"...Mən sənin həbsxanada nə oyunlardan çıxdığını yaxşı bilirəm. - Nəvənin taleyini düşün, Cahan xanım, ailəni düşün!"
Səslər bir-birinə qarışırdı, hədəyə-qorxuya çevrilirdi, gülləyə dönürdü, ox kimi bağrının başını yaralayırdı. Səslər beynində əks-səda verirdi:
"...Görünür, Adil Hüseynli üçün çox darıxıbsan..."
"...Necə bilirsən, görən o səninçün yer saxlayıb?"
"...Sən dünyanın ən bədbəxt qadınısan!"
"...Münasibətdə olduğun bütün kişiləri itirmisən!" - Deyəsən, danışanın kimliyi son anda ona aydın oldu...
"... Kaş həmin gün ikinizi də gəbərdəydim..."
Cahanın səsi elə bil quyunun dibində cingildədi:
- Məncə, siz buna hələ çox təəssüf edəcəksiniz!..

***

Allahın işinə bax... Martın son günü oğlu Talehin maşınına əyləşib məhkəməyə yola düşəndə, radioda səhər xəbərləri verilir və aparıcı deyirdi:
- "Görkəmli hüquqşünas və yazıçı Adil Hüseynlinin ölümü ilə nəticələnən qanlı terror aktından yarım il ötüb... Terror aksiyasını planlaşdıran və həyata keçirən kimlərdir? Hüquq-mühafizə orqanları indiyə kimi bu suala cavab axtarsalar da, hələlik heç bir ipucu tapa bilməyiblər... Bəzi ekspertlərin fikrincə, killer başqa ölkənin vətəndaşı olduğuna görə cinayəti törədənin şəxsiyyətini müəyyən etmək müşkülə dönüb. Bu gün Ağır cinayətlər üzrə məhkəmədə müəmmalı aksiyanın şahidi Cahan xanım Axundova ifadə verəcək...
Taleh maşının sürətini azaldıb üzünü anasına tutdu:
- Ana, xahiş edirəm, Şahmarın gözünü yolda qoyma!
Oğlunun nə demək istədiyini Cahan yaxşı başa düşürdü. Səhər evdən çıxanda Nərgiz arxasınca su atıb uğur diləmişdi.
- Mən ədalət naminə bu son addımı atmalıyam, - Cahanın bütün düşüncəsinə hakim kəsilən yeganə cümlə bu idi...
- "Qırxıncı otağın sirri" kitabı çox qapıları üzünə bağlayacaq, ana!
- Bəlkə də açacaq! Nənəm demişkən, dərin suyun dibi var, uzun yolun sonu... Mən bu gün həqiqəti söyləyəcəyəm...
- Adil Hüseynlinin ağzına sıxılan güllə...
- Səncə, o güllə Adil Hüseynlini susdura bildi?
Aparıcı qız Cahan xanımla bağlı xəbəri davam etdirirdi:
- Cahan xanımın redaktorluğu ilə nəşr olunan "Qırxıncı otağın sirri" kitabı ictimaiyyət tərəfindən, xüsusilə, hüquq-mühafizə orqanlarında birmənalı qarşılanmayıb. Bir çoxları belə düşünür ki, kitabda adları çəkilən qəhrəmanlar bu gün yenə öz çirkin əməllərini davam etdirir, ədalətdən yayınırlar... Xatırladaq ki, kitabın təqdimat mərasimi qalmaqalsız ötüşməyib. Orada gedən faktlarla bağlı Ağır cinayətlər üzrə məhkəmənin sabiq hakimi Şahin Verdiyev də bugünkü məhkəmə istintaqında dindiriləcək. Bəzi ekspertlərin fikrincə, Şahin Verdiyev qanunsuz biznes fəaliyyətilə məşğul olaraq, akademik Qaraxanlıdan qalan bank işi, beynəlxalq turizm, parfümeriya, təbii bitkilərdən dərman hazırlayan laboratoriya, mehmanxana təsərrüfatı və başqa obyektlərdə fəaliyyət göstərən holdinqə rəhbərlik edib. Səlahiyyətdən sui-istifadəyə görə beş ay əvvəl işdən kənarlaşdırıb. Əziz dinləyicilər, bilmək istərdik ki, siz bu məhkəmənin sonunu necə təsəvvür edirsiniz? Qısa musiqi fasiləsindən sonra bu mövzuda söhbətimizi davam etdirəcəyik, bizə zəng edin!
Sonra efirdə müğənni qadının səsi eşidildi:

"Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm,
Elə bil əllərim quruyub mənim,
Gözümün yaşını silə bilmirəm".

Halı çox pərişan idi. Fikrini cəmləyə bilmirdi: "Məhkəmədə həqiqəti söyləyəcəyəm... Yalnız həqiqəti... düzü nədi, onu... Əlimdə kifayət qədər sübut var!"
Radio reklam verirdi.
"Mən sizin sevimliniz Mənzər Qarasevdayam. Cavan qalmağıma və qastrol səfərlərimin təşkilinə görə "Qara Şahin" kompaniyasına minnətdaram.
Əziz qadınlar, əgər gözəl görünmək istəyirsinizsə, siz də bu kompaniyanın məhsullarından istifadə edin! Gözəl və güclü olmaq istəyirsinizsə, "Qara Şahin"ə güvənin!
Taleh iztehza edib:
- Əxlaqına bərəkallah! - dedi və radioqəbuledicini söndürdü.

***

Məhkəmə yeni binaya köçüb. Yol və yolla irəliləyən maşın Cahanı bu yeni məhkəmə binasına aparır. Fikri verəcəyi ifadədə olsa da, gözü önündə sürətlə dəyişən şəhər lövhələrinə də laqeyd deyil. Hər görüntü hansısa uzaq-yaxın yaddaşı oyadır. Aşağıda - dənizin sahilində gənclik illərindən gördüyü böyük bina sanki "Titanik" gəmisi kimi suya qərq olmuşdu. Deyirdilər ki, akademik Qaraxanlı tikilidən ətriyyat və dərman pereparatları saxlamaq üçün anbar kimi istifadə edirmiş. Sonralar obyekti Şahin Verdiyev fırlatsa da, bünövrəsi çürüyən bina illərin hökmünə davam gətirə bilməmişdi.
Sahildən bir az aralı daha bir hündür hasar çəkilirdi. Bayaq maşın o hasarın yanından keçəndə dənizə sarı boylanmışdı. Hasar o qədər hündür idi ki, iki-üç addımlıqdan suları görə bilməmişdi.
Ancaq yuxarıda isə şimal-qərbdən əsən küləklərin qovub gətirdiyi bulud topaları sıxlaşmış, Xəzərin başı üzərindən asılıb qalmışdı.
...Anbaan yeni məhkəmə binasına yaxınlaşan Cahana görə bu qədim şəhərin, mavi dənizin başı üstündə yalnız buludlar deyil, həm də onu qəlbən sevənlərin əziz ruhları dolaşır. Bu gün o, əziz, vicdanlı bir insanın ruhunun toxunulmazlığını qoruyacaqdı.

***

... Cahan otuz ildən sonra bəlkə də ilk dəfə qırmızı paltar geyinmişdi. Məhkəmə iclasına gedən qadınlar nadir hallarda qırmızı paltar geyirdilər...
O çoxlu insanların toplaşdığı məhkəmə zalına daxil olanda da, təpədən-dırnağa ruh içində idi, bütün ömrü boyu yaddaşını tərk etməyən sehirli nağıl, qırmızı paltarlı qadının yaddaşında sırğa kimi asılmışdı.
... Biri vardı, biri yoxdu, Səbayel hökmdarının Mərcan xanım adlı azad fikirli, sadə insanları qəlbən sevən gözəl və cəsarətli qızı vardı...
Cahan ilk dəfə bu əfsanəni eşidəndə çox balacaydı və əynində qırmızı don vardı.
Mərcan memarın edamına qarşı çıxmışdı...
Cahan Adil Hüseynlinin qatilinin tapılması üçün bütün gücünü sərf etmiş, bir qaşıq qanından qorxmamışdı...
...Uzun sürən məhkəmə hava qaralanda bitdi. Hökm oxundu...
Hamıdan fərqli olaraq o, məhkəmə zalından xüsusi bir statusla ayrılırdı. Bütün iclas boyu bir an belə əlindən yerə qoymadığı "Qırxıncı otağın sirri" kitabı ədalət haqqında qüdrətli bir dastan idi.
Əlbəttə, o dastanın şərikli müəlliflərindən biri də o idi, qırmızı paltarlı qadın.
...Biri var idi, biri yox idi, bu dünyada Adil Hüseynli adlı mərd, ədalətli, cəsarətli bir hakim vardı...
Məhkəmə binasının girişindəki mərmər döşənmiş meydançaya çıxarkən, yumşaq saçları və qırmızı donunun yaxalığı dənizdən əsən küləyin təsiri ilə tərpənən qadının yeni nağılı başlanırdı.
Heç kim bilməsə də, o özü yaxşı bilirdi ki, bu nağıl ömrünün sonunacan onunla bir olacaq. Və ömür bitənəcən bu nağılı heç bir nağıl əvəz edə bilməyəcək. Necə ki onun həyatında başqa heç bir kəs Adil Hüseynlini əvəz edə bilməz...

                                     Mart- noyabr, 2008-ci il