Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zəlimxan YAQUB
“PEY­ĞƏM­BƏR”
Poema


Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


Fikrət QOCA
DÖRD ADDIM
Poema


Haynrix BÖLL (Almaniya)
Hekayələr


Əşrəf VEYSƏLLİ


İnqilab İSAQ


Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


POEZİYA
 

Fikrət QOCA
DÖRD ADDIM
Poema


 
Mənim ömrüm ağır yükdü,
Çünki cəzam ömürlükdü.
Daş divarlar arasında bir əsirəm,
Bu dünyaya gəldiyimə müqəssirəm.
Heç özüm də düşünmürəm
acam, toxam.
Yəqin heç kəs soruşmur ki,
varam, yoxam.
Gündə yüz yol ölçürəm mən,
Bu otağın uzunluğu dörd addımdı.
Enini də çox ölçmüşəm,
dörd addımdı.
Burda yalnız ikimizik,
Bir özüməm, bir adımdı.

* * *

Adım burdan əkilir,
Görürsən orda-burda
Hərdən adım çəkilir.
Adım tez də qayıdır
Bostanına, tağına,
Quru can otağına.
"Quru" dedim, haqsızam,
Burda nəm bəs qədərdi.
Burda daş-divar ağlar,
Əridər qəmi, dərdi.
Dərdim burda qalacaq,
Məhbus gəldi - gedərdi.
Mən ruhuma qəfəsəm,
Qəfəs içində qəfəs.
Məni bura gətirdi
Böyük eşq, böyük həvəs.
Seçilmək istəyənlər
Bilsinlər ki, mənim tək
Bir gün seçilə bilər.
Uzun bir ömür yolun,
Dörd addımlıq otaqda
Qalıb, keçilə bilər.
Bu boyda, bu biçimdə,
Bu daş qəfəs içində
Ömrün yüz ili yaşar,
İlin dörd fəsli yaşar.
Dünyanın dörd cəhəti
Bu kiçik otaqda var;
Şimal, cənub, qərb və şərq.
Mənim kimi yaşayır
Dünyada bütün bəşər.
Dörd addımlıq otaqda
Haqq, nahaq, xeyir və şər.
Ağlım, qəlbim "hə" desə,
Bu kiçik qəfəsimə
Bütün dünya yerləşər.
Bir şeytan ürəyimin
İçini qurdalayır.
Bir şeytanın sözləri
Qulağımı dalayır.
Deyəsən yer üzündə
İnsandan çoxdu şeytan.
Hara diqqətlə baxsan,
Hər yerdən və hər şeydən
Üzünə baxır şeytan.
Evdə qanmaz uşağım,
Çöldə qəzəbli şahım,
Ac qarnım, dinc qulağım.
Zindanımın daşları
Yastığıdan yumşağım,
Baş qoyub yatmalıdı...
Məni ağır yuxumdan
Ölüm oyatmalıdı,
Ömürlük məhkumam mən...
Düzü, hələ bilmirəm
Nəçiyəm mən, kiməm mən?
Mən anamın bətnində
Doqquz ay məhkum oldum.
Məhkumluğa dözmədim,
Bu dünyaya doğuldum!
Doğuldum, bəs kim oldum?

* * *

Mən indi anlayıram
Canlı ömrü, ölümü
Allaha aid işdi.
Yaradandan verilmiş
Müqəddəs göstərişdi.
Qədərini, vaxtını
Yalnız yaradan bilir.
Hətta Əzrayıl özü
Can aldığı an bilir,
Haçan, kimin vaxtıdı.
Əmr Allah əmridi,
Taxt Allahın taxtıdı.
Hardaydı bəs bu ağlım,
Bu fikirlər, bu başım.
Hardaydı məni sevən
Doğmam, dostum, yoldaşım.
Hər gün oda yaxanda
Nifrət, qəzəb, kin məni,
Şam kimi əridəndə
İçimdə dərdim məni.
Cəhənnəm odlarına
Alışanda, yananda,
Axşam kinlə yatanda,
Qəzəblə oyananda
Sevgiylə, məhəbbətlə
Məni anan olmadı.
Öz alnımı sıxmağa,
Bulud kimi yağmağa,
Əriməyə, axmağa
Tapmadım doğma sinə.
Amma bunun tərsinə
Altımda ocaq çatan,
Od atan, odun atan
Qurama xəbər satan...
(Qurama olduğunu
Hələ indi bilirəm.
Heç kəs də bilən deyil,
Mən azad olmayacam,
Onlar dirilən deyil)

* * *

Dedim "yoxdu bir bilən?"
Allah, keç günahımdan
Yenə həmən cahiləm.
Günah yazan mələyin
Dəftəri dolub daha.
Hələ bu günə kimi,
Hər ağzımı açanda
Ağ oluram Allaha.
Vallah, heç bilmirəm ki,
Buna nə deyim daha.
Etdiyim cinayətə,
Törətdiyim günaha
Yenə şərik gəzirəm.
Şükr səbrinə, Allah
Mən özümdən bezirəm.
Mənə necə dözmüsən
Ey Allahım, mən sənin
Ən xoşbəxt bəndənəmmiş,
Yarananlar içində
Ən xoşbəxti mənəmmiş.
Əl, ayaq, burun, qulaq
Hər şeyi düz vermisən,
Sən mənə göz vermisən.
Gözüm görən yeddi rəng,
Dünya kənarda qaldı.
Özüm görmək istəyən
Şeyləri gördüm ancaq.
Qulaq vermisən mənə,
Dünya dolu gözəl səs...
Fitnə, şərə, böhtana
Mən qulaq verdim ancaq.
Əl verdin, əldən tutum,
Əlim silahı seçdi.
"Düşündüm bu iş üçün
Məni İlahi seçdi".
Qan tökməyi iş sandım,
Uydurduğum yalana
Mən özüm də inandım:
"Haqsızlıq olan yerdə
Ölüm olur, qan olur.
Qan tökməklə dünyanı
Düzəldən insan olur.
Tük ülgücə tabedi,
İnsan gücə tabedi.
İnsan çoxdu dünyada,
Bu çoxlardan çoxu da
Əllərdə oyuncaqdı.
Dünya belə yaranıb
Güclü olanlar haqdı".
İndi də düşünürəm
Dünyada insan çoxdu.
Artıq bir adam yoxdu.
Kimə artıq deyəsən
Hərənin öz taleyi,
Öz vaxtı,
Öz baxtı var.
Kimin artıq olduğun
Axı necə deyəsən?
Hansı haqla?
Niyə sən?
Heyif bu sualları
Özümə verməmişəm.
Elə bil mən özümü
Heç zaman görməmişəm.
Elə razı olmuşam
Görkəmimdən, özümdən,
Sözümdən, qaş-gözümdən.
Güzgüyə də baxanda,
Özümü görməmişəm
Baxmışam xəyalıma.
Hikkəm zindan olubdu
Mənim yazıq ağlıma.
Hikkəm öfkəm qəlbimə,
Başıma hakim oldu,
Bax axırda kim oldum.
Mən insan öldürəndə
Heç özüm də bilmədən
Allahlıq iddiası
Keçibdir ürəyimdən.
Elə bil ki insanı
Guya mən yaratmışam
Mən də öldürəm onu.
Allahım, gör nə boyda
Günaha əl atmışam.
Ölüm Allah əmridi
Burda mən kiməm axı.
Allahım, bu günahı
Necə yuyacağam mən?
Üzümü ayağına
Necə qoyacağam mən.
Mən onu öldürəndə
Görməmişdim üzünü.
Baxmışdım, görməmişdim
Sifətini, gözünü.
Gözümü bağlamışdı
Hikkə, nifrət, qəzəb, kin,
Beş ildir o anlara
Qayıdıram mən hər gün.
Hər gün dönüb yenidən
Qatil oluram yenə.
Hələ indi baxıram
Üzünə, gözlərinə.
Heyrətdən bəbəyində
Göz yaşı donub qalıb.
Bir küncdə körpəsiylə
Yoldaşı donub qalıb.
İstədim ki, ağrısın,
İstədim ki, ağlasın.
Bəbəyində göz yaşı
Ərisin, axsın dedim.
Qadınının ölümü
Yandırsın, yaxsın dedim.
Öldürdüm arvadını,
Sonra da övladını.
Hələ onun gözünün
Açılmamışdı donu.
Birdən gəldi üstümə
Dişlərini qıcayıb.
İt kimi mırıldadı,
Yox, deyəsən lap hürdü,
Mən atəşi açanda,
O üzümə tüpürdü.
Mən bir an şoka girdim,
Güllələr qurtarmışdı
Hələ tətik çəkirdim.
Onda bilmirdim ki mən
Bir dəfə ölən insan
Sonra ölümsüz olur.
Yəqin ki, o məqamda
“Ölüm” adi söz olur.
Guya ölü öldürdüm
Döndü ölümsüz oldu
Amma, mən qatil oldum.
Diriykən cəhənnəmdə
Yandım, yandım, kül oldum.

* * *

Beş ildir ki, hər gecə
Bu səhnə təkrar olur.
O vaxt eşitmədiyim
Güllələrin səsindən,
İndi, indi hər gecə
Qulaqlarım kar olur.
O vaxtdan gündə yüz yol
Üzümü yuyuram mən.
O tüpürcəyi hər an
Üzümdə duyuram mən.
Uzaqlaşdıqca illər,
Yaxınlaşır o anlar.
Gözümdən pərdə qalxır,
Aydınlaşır olanlar.
Körpə bu olanları
Oyun bilib sevindi.
Gözləri parıldadı
Körpə dodaqlar güldü...
Gülüşü həmin anda
Çilikləndi töküldü...
Fitnə-fəsada görə
Niyə töküldü bu qan.
Körpənin də üstünə
Tətik çəkərmi insan.
Atasını yandırıb
Atəşə yaxmaq üçün.
Bu qisas öc almaqdı,
Öc alıb ucalmaqdı
Mən kimi axmaq üçün.
Güllələnmə versələr
Bundan yaxşı olardı.
Yox, yox bu bir qatilin
Cəza çəkmə yerindən
Bir qaçışı olardı.
Mən insan deyiləm ki
Fəlakətəm, bir qəza.
Bu günahı yumağa,
Azdır mənə, çox azdır
İki ömürlük cəza.
Güllələnsəydim əgər,
Qəlbi kor, gözləri kor
Gedəcəkdim dünyadan.
Qatil, cahil və nadan
Gedəcəkdim dünyadan.
İndi ağıllanmağın,
Düşünməyin, qanmağın
Nə xeyri var ki daha.
Hansı ümidim qalıb
Gələcəyə, sabaha.
Geriyə də yol yoxdu
Olub, nə olubdusa.
Allahın səbri böyük,
Bizim ömrümüz qısa...

* * *

Onu bəyəndi, getdi
Qızların ən gözəli.
Daha niyə gizlədim
Mən də sevirdim, bəli.
Onun gətirdi baxtı,
Onun gətirdi əli.
O biznes adamıydı,
Həm də lap mükəmməli.
Mən polis mayoruydum
Həm də ağırdı daşım.
Onun pulu çox idi,
Mənim dava-dalaşım.
Neçə yol ilişdirdim,
Hər sudan quru çıxdı.
Ən bulanıq sudan da
Çıxdı, dupduru çıxdı.
Mənim polis yoldaşım
Yanında oğru çıxdı.
Bu varlı adamların
Külün eşəni çoxdu.
Qorxa-qorxa yığdığı
Puldan düşməni çoxdu.
Yaman yeyəni də var,
Yaman deyəni çoxdu.
Kölgəsini, adını
Gürzlə döyəni çoxdu.
Hər yandan tanış-biliş
Məni hey firitlədi,
Səndən yaxşı yaşayır
Qapısında it dedi.
Dalaşsanız döyərsən,
Güləşsəniz yıxarsan.
Dirəşsəniz sən onun
Axırına çıxarsan.
O sarayda yaşayır,
Sən də bir it damında.
Görürsən saya salmır
Hökumət adamın da.
Onu da yəqin belə
Qaynadırdılar hər gün.
Bizi ortaya salıb
Oynadırdılar hər gün.
Bir gün xəbər göndərdi,
"Deyin keçə bilmirəm
Köhnə salam-kəlamdan.
Birinə pul verərəm,
Üzünə şahid durar,
Şahid durar yalandan.
Qurana da and içər,
Ömrü türmədə keçər.
Özünü yığışdırsın,
Quzu olsun, dinc dursun".

* * *
İnamıma qəsd oldu,
Həyatım alt-üst oldu.
Aləm başıma uçdu
Bu aləm heçdi, boşdu.
Bu dünya bir qoz imiş
Onun da içi puçdu.

* * *
Sözünün bir haqqı var
Təki pul verən olsun.
Yüz-yüz şahid tapılar,
Pullar ilə açılır,
Pullar ilə qapanır,
Zindanlarda qapılar.
Geymim əynimdə - polis,
Rütbəm çiynimdə - polis,
Silahım belimdədi,
Bu gün, bu saat, indi
Qanun öz əlimdədi.
Mən haqq keşikçisiyəm
Qoymaram haqqı ölsün.
Mən qalib gəlməliyəm
Sabah nə olur, olsun!

* * *

Dörd addım sola, sağa,
Dörd addım arasında
Bir ömür yaşamağa,
Məhkum olunmuşam mən.
Divarın o üzündə,
O həyatın özündə
Haqsızlıqlar doludu.
O da insan ömrüdü,
O da insan yoludu.
O haqsızlıq içində,
Ömürlük cəza çəkən
Yenə insan oğludu.
Əli qanlı qatiləm,
Bu bəla azdı mənə
Allah nə bəla versə,
Deyim yenə, ver yenə.
Rəhm diləməyə də
Nə qibləm, nə üzüm var.
Özümə demək üçün
Bir ömürlük sözüm var.
Ömürlük məhkumların
Zindanı daş qəbirdi.
Bu dörd divar daş deyil,
Daşa dönmüş səbirdi.

                            15.XI.2008